Kitabı oku: «Beton evdən qeydlər», sayfa 2
Belə gözəl, amma nakam sevgi əhvalatını oxuduqca bircə onu arzulayıb illah edirdim ki, təki sonda Ələkbərin tək qaldığı sahildəki meyit onun gəncliyində rastlaşdığı qız, Xədicə olmayaydı. Biz axı ciddi adamlarıq, ədəbiyyata münasibətimiz də ciddidir, belə zövqlə yazılan əsəri axırda "indiyski kino" ya çevirmək haqsızlıq olardı. Amma təəssüf, belə də oldu, Ələkbər eşidəndə ki, boğulan qadının adı Xədicədir, etmədiyi cinayəti bəhanə gətirib, özünü hüquq-mühafizə orqanlarına təhvil verir, qadını suda boğub öldürdüyü barədə yalan ifadə verir.
Amma mətnə bir daha qayıdanda, – adətən müəmmalı əsərləri oxuyandan sonra ən azı onu götürüb bir daha vərəqləmək, bəzi epizodları təkrarən nəzərdən keçirmək istəyirik, – "indiyski kino" sonluğunun büsbütün dəyişib tamam başqa bir finalla əvəz olunduğunu görürsən. Sən demə, Xədicə adlı qız və Ələkbərin onunla eşq macərası həqiqətdə olmayıb. Bu, sadəcə olaraq, yuxudur, vəssalam. Suda boğulanı diriltməyə çalışdıqları vaxt bu qadının şəhərdə dağlı məhəlləsində qaldığı, qardaşının vərəm xəstəsi, adının da deyəsən Xədicə olduğu barədə Ələkbərin qulağı qırıq-qırıq sözlər alır, sonra da tək qalıb mürgüləyəndə dağlı məhəlləsində kirayənişin qalan, qardaşı vərəm xəstəsi, adı da Xədicə olan gənc qız haqqında yuxu görür. Ya da onu ruh tutur. Əbəs yerə demirlər ki, ölü ilə tək qalanda yatmazlar. Hətta Freyd "Yuxuların yozulması" kitabında bir bədbəxt xəstənin başına gələn əhvalat barədə qeydlər edir. Gənc kişinin körpə balası ölür. Onu gecə bir otaqda qoyurlar və üstünə xristian mollası gətirirlər ki, bütün gecəni dualar oxusun. Yorulub əldən düşmüş kişi isə gedib qonşu otaqda kresloya oturur və dərhal yuxuya gedir. Yuxuda görür ki, körpə oğlan tabutdan qalxıb gəlir düz onun yanında durur və tənə ilə deyir: "Ata, bəs görmürsən ki, mən yanıram?". Ata hövlnak kreslodan sıçrayıb ayağa qalxır, o biri otağa keçib görür ki, molla yatıb, şamlardan biri isə tabutun üstünə düşüb uşağın bir hissəsini yandırıb. Bundan havalanan kişi dəfndən sonra uzun müddət bir sualı tutub elə hey təkrarlayır: "Yanğın olub-olub, bəs uşağın gəlib mənə tənə etməsi nə demək idi?". O elə bir sualın əsirinə çevrilib ki, bunun cavabı yoxdur. Kim axı yuxu ilə gerçəkliyin arasındakı əlaqəni təyin edə bilər?
"Çərxi-fələk" əsərində nəql olunan hadisə yay günü günorta vaxtı, Abşeronun qızmarında dəniz kənarında baş verən fantasmaqoriyadan başqa bir şey deyil. Bu mənim mütaliə versiyamdır. Əsəri başqa versiyalarda da oxumaq imkanı var. Amma ucuz melodramatik finalı fantasmaqoriya ilə əvəz etdikdə daha gözlənilməz, daha ciddi fəlsəfi-psixoanalitik və bir-birindən daha fərqli yozumlar üçün perspektiv açılır.
Yozumlardan ən çox irəli çıxanı birinci növbədə Lakanın "qadın yoxdur" fikri ilə bağlıdır. Daha doğrusu, qadın var, amma yalnız kişinin nəzərində. Buna etiraz oluna bilər, biz hamımız, istər qadın, istər kişi əgər heç kimin nəzərində yoxuqsa, deməli, doğrudan da, yoxuq. Kənardan nəzər olmasa insan da olmaz. Ətrafda əgər heç kim yoxdursa, tək-tənhayıqsa, onda güzgüdən özümüzə oxşayanın gözündə özümüzü var edirik. Mənim mən kimi doğuluşum güzgüdən mənə oxşayanın mənə baxmasından sonra baş verir. Bu belədir, amma söhbət istək obyekti kimi nəzərdən gedir. Qadın istək obyekti kimi özünü kişiyə görüntüləyir, bəzənir-düzənir, cəlb edir, naz eləyir, özünü qaçırır, uzaqlaşdırır, bununla da daha artıq özünə bağlayır, yaxud da nəzərə doğru gedir, onun dustağına çevrilir. Bunlardan kənarda qadın yoxdur. Ələkbərin meyitin yanında yuxuya getməsi taktiki gediş idi, bununla o, bayaqdan heç cür ayılda bilmədikləri qadına təzədən nəfəs verdi, təzədən bütöv bir ömür yaşatdırdı ona. Xədicə kişi nəzərində doğuldu, həyatın gözəlliyinə ağuşunu açdı, sevildi və bununla da yoxa çıxdı.
Lakin mən öz versiyamın üzərində dayanıb-dursam belə, yenə də kişi nəzərini qəti qəbul etməyən Xədicənin qəribə inadkarlığı, fanatik dərəcədə özünün toxunulmazlığına bağlılığı ilə əlaqədar əvvəldə qoyduğum sual qüvvədə qalır və elə bu suala cavab sorağıyla kitabdakı digər povestləri də təkrar nəzərdən keçirirəm.
Kitabı açan "Ümid işığı" povesti birinci şəxsin, dediyimiz kimi, əsərin yazıldığı vaxt təxminən qırxdan yuxarı yaşı olan, sona qədər adsız saxlanılan qadının dilindən yazılıb. Bu qadın oxucunu, sıravi deyil, əsər haqqında fikir deyəcək, ya da rəy yazacaq potensial tənqidçi oxucunu qabaqlayıb təkcə insanların deyil, hər şeyin, əşyaların, geyimlərin, evlərin, küçələrin, məhəllələrin və hətta göydəki ulduzların, Ayın, Günəşin (onları kim necə görürsə), ən vacibi isə arzuların, istəklərin də sosial siniflərə bölündüyünü bildirir. Zəlzələdən sonra yaşadıqları evin damı uçulan ailənin qadını, qəhrəmanın anası əl açıb göylərə yalvarır ki, bircə yağış yağmasın. Dualar da, sən demə, siniflərə bölünür, varlıların və kasıbların duaları yer-göy qədər fərqli olur. Kasıblar güzəranları ilə bağlı duaların müstəcəb olması üçün hətta uşaqlarının arzu-istəklərini də qurban verməyə hazırdırlar. Qəhrəmanın anası göydən ulduz dərən qızının piano udmaq arzusuyla aldığı lotereya biletinin uğurlu olacağı təqdirdə musiqi aləti əvəzinə pul götürüb evin damını düzəltdirməyi planlaşdırır. Qəhrəman arzusuna xilaf çıxmaq, pianonu güzərana dəyişmək istəmədiyi üçün bileti aparıb ağlaya-ağlaya çaya tullayır. Biletin nömrəsinə, doğrudan da, piano düşəndə hamı təəccüblənir, o isə tulladığı uğurlu lotereya biletinin dalınca ağlamır, çünki bu zaman uşaq ağlıyla anlayır ki, qismət də sosial siniflərə bölünür. Əlli əlliyədir, Zoluşkanın büllur ayaqqabıları kimi, bir tayı ayağındadır, o biri tayını isə arzular aləmində itirib, onun dalınca şəhərə gedir, həyətində, döşəməsinin altında siçovullar qaynaşan köhnə məhəllənin köhnə evində bacılarıyla birgə kirayənişin qalır, müəllimlik oxuyur, yaşının keçməsinə baxmayaraq, onu fortepiano dərsinə qəbul edirlər, amma pulu çatmadığından oxuya bilmir, kirayə tutduğu evdəkindən qat-qat çox, saysız siçovulların, siçanların elədən-belə, belədən-elə bir-birini qovub qaçan şəhər dəyirmanında işə düzəlir, amma yenə gündəlik qayğılardan, kiçik bacılarına köməklik etməkdən, kənddə qalan ata-anasına əl tutmaqdan imkan-macal tapmır ki, musiqi dərsi alsın, qarşısında lal, kor dayanıb duran aləti dilləndirsin nəhayət, alət gözünü açsın, qabağındakı Zoluşka-Sinderella-Göyçək Fatmanı görsün, onun əlindən tutub xoşbəxtlik sarayına aparsın. Bunun üçün hər şey var. Hətta Sveta adında dilli-dilavər katibə-feya da qəhrəmana hər işində köməklik eləyir, lazım gəlsə sehrli çubuğunu ayaq altda qaynayıb-qaçışan siçan-siçovullara toxundurmaqla onları qanadlı atlara çevirər, qızıl faytona qoşar, qəhrəmanı geyimli-kecimli edib faytona oturdaraq şah sarayına yola salar. Gəl ki, piano susub dayanıb. Royal tərcümədə kral, yəni şah deməkdirsə, onda ondan bir az kiçik olan piano şahzadədir. Gerçəyin nağıla çevrilməsi üçün hər şey var, bir şeydən savayı – şahzadə laldır, kardır, kordur, gözlərini ona zilləmiş qəhrəman xanımı görmür, onu eşitmir, onunla danışmır. İllər keçəcək, günlərin bir günü yaşı qırxı adlamış qəhrəman artıq dəyirmanda direktor katibəsi işindən çıxıb daha böyük yerdə, daha böyük vəzifədə işləyən Svetanı küçədə görüb onunla hal-əhval tutur, Sveta ondan nə işlə məşğul olduğunu soruşanda deyəcək: elə dəyirmandayam, bu yaxınlarda hazırlaşıram piano üzrə musiqi dərsinə gedim.
Doğrudanmı dünyada yaşı ötüb-keçməkdə olan belə gözəl-göyçək qəhrəmanımızı görə biləcək bir dənə də şahzadə tapılmır? Əsərdə sualın əksini təsdiqləyəcək cavab var. Qəhrəmanın özünün görüb bəyənəcəyi şahzadə yoxdur, çünki o özünü kişi nəzərindən kənarda elan edib, şahzadəni isə, yəni royaldan-kraldan bir pillə aşağıda dayanan pianonu dilləndirməyi daim təxirə salır və yəqin ki, bu heç vaxt baş tutmayacaq. Kişi qadının əlində alətdir, onu istədiyi kimi çala bilər, amma bizim qəhrəmanımız aləti daim özündən aralıda saxlayır, onu çalıb dilləndirməyi ya təxirə salır, ya da ondan tamamilə imtina edir. Sara Nəzirovanın povestləri ilk baxışda xalis feminizm ideyaları ilə yoğrulmiş kimi görünür, əslində isə "qadının varolma şərti kişi nəzəridir" haqqında Lakan təliminə tam uyğun gəlir.
Sovet illərində adamların iki əsas məşğuliyyəti vardı: vəzifədə olan, ad-san, karyera qazanmış insanlar özlərinə bioqrafiya uydurub yazırdılar ki, atam, babam kəndli, fəhlə sinfinin nümayəndəsi olub, min bir əzab, kasıbçılıqla bizi böyüdüb, vəzifəsiz, dövlət qulluğundan uzaq, sosial pillənin aşağısında duranların isə əksinə, işləri-gücləri atalarını, babalarını bəy-xan nəslinə aid etmək olardı. Mənim müşahidəmə görə, inqilaba qədər həqiqətən də varlı-karlı ailələrdən olanlar inqilabdan sonra, ələlxüsus otuzuncu illərdən etibarən müxtəlif yollarla, əsasən də irsi keyfiyyətlərinə minnətdar olaraq yenə də cəmiyyətin yuxarı mərtəbələrində özlərinə yer edir, marksizm-leninizm təliminin alovlu carçısına çevrilirdilər, necə ki, sonradan quruluş dağılan kimi yenidən hardansa biznes əldə edib çönüb oldular burjua sinfinin görümlü nümayəndələri və indi də işləri-peşələri mənfur sovet quruluşunun antihumanist mahiyyətindən danışmaqdır.
Ücretsiz ön izlemeyi tamamladınız.