Kitabı oku: «Zindan xatirələri »

Yazı tipi:

Seyid Cəfər Pişəvəri

Zindan xatirələri

“Xatirə Ədəbiyyatı” silsiləsindən 41-ci kitab

TƏRTİBÇİDƏN

Həqiqi həyatda yaşanmış hadisələrin əksi olan memuar və xatirələr müəyyən bir dövrdəki durumu (siyasi, iqtisadi, mədəni, məişət və s.) öyrənmək baxımından ilk mənbə kimi çox önəmli və dəyərlidir. Bu baxımdan, oxuculara təqdim olunan Seyid Cəfər Pişəvərinin “Zindan xatirələri” kitabı 20-30-cu illərdə İrandakı siyasi mühitlə, “Qəsr Qacar”1 adlanan zindanda baş vermiş dəhşətli olayların bir qismi ilə tanış olmağımıza imkan verir.

Rza şah Pəhləvinin Qanlı diktaturasının tüğyan etdiyi illərdə (1925-1941) “Qəsr-Qacar” zindanı demokratik düşüncəli, vətənpərvər və milli qüvvələrin liderləri üçün cəza və ölüm düşərgələrindən ən amansızına çevrilmişdir. İranda və Güney Azərbaycanda demokratik və azad düşüncənin öndər daşıyıcılarından olan Seyid Cəfər Pişəvəri çoxda uzun olmayan 55 illik ömrünün 3920 gününü (10 il 6 ayını) məhz bu cəza və ölüm düşərgəsində – “Qəsr-Qacar” zindanının divarları arasında keçirməli olmuşdur.

S.C.Pişəvəri “Qəsr-Qacar” zindanında həbsdə olduğu illərdə bu dəhşətli cəza məkanının içərisində baş vermiş ağlagəlməz ağır və qanlı olayların bir qismini qeydə almış, azadlığa çıxdıqdan sonra onları “Zindan dəftərindən xatirələr” başlığı altında çap etdirmişdir.

Araşdırmalar, dostlarının2 onun haqqında yazdıqları və xatirələri göstərir ki, S.C.Pişəvəri təbiətcə sadə və təvazökar adam olmuşdur. O, yoldaşları və ictimaiyyətin nümayəndələri tərəfindən yerli-yersiz təriflənməyi, haqqında yazılar verilməsini istəmirmiş. Ona və yoldaşlarına zindanda verilən işgəncə və əzabları, şahidi olduğu haqsızlıq və zorakılıqları sonra qələmə alıb, oxuculara təqdim etməyin şəxsiyyətinin abardılması kimi qiymətləndirilməsini istəməyən S.C.Pişəvəri zindan xatirələrini bir müddət çap etdirmək istəməmişdi. Bu iş onun çoxdan tanıdığı “Dad”3 qəzetinin naşiri Ümüd Nurinin təkidi və məsləhəti ilə baş tutmuşdur. Zindan xatirələri əvvəl hissə-hissə “Simruq” imzası ilə “Zindandan Kaşanadək” başlığı altında “Dad” qəzetində, sonra isə “Ajir” də çap edilmişdir.

S.C.Pişəvəri özü haqqında yazmışdır ki, hansı vəzifə və məqamda olmasına baxmayaraq o, “özünü ağır və əzablı günlərin adamı”4 kimi hiss etmişdir. S.C.Pişəvərinin təvazökarlığından söhbət açan Azərbaycan Milli Hökumətinin zabiti, hərbi qərərgahın işçisi mərhum Bağır İmrani S.C.Pişəvərini xatırlayarkən deyirdi: “Bir gün bizə xəbər verdilər ki, sabah saat 11-də Pişəvəri Baş Hərbi Qərərgaha gələcəkdir. Biz təbii olaraq otaqlarda səliqə-səhman yaratdıq.

Səhəri saat düz saat 11-də ağaye Pişəvəri Qərərgaha gəldi. Onu qarşılayanlarla səmimi salamlaşdı. Divara vurulmuş üç portret: Səttarxan, Xiyabani və bir də Pişəvərinin öz portreti onun diqqətini çəkdi. O, bu otaqda kimin çalışdığını soruşduqda mən hərbi qaydada “Mən çalışıram, cənab Baş Ali Komandan”, – deyə cavab verdim. O, barmağı ilə Səttarxanın portretinə işarə edərək dedi: “Səttarxan Məşrutənin sərkərdəsi olmuşdur. O, İrana azadlıq gətirmək istəyirdi və bunun uğrunda da canını fəda etdi. Xiyabani isə mütəfəkkirdir, milli qiyama ləyaqətlə başçılıq etmiş və millətimizin azadlığı yolunda şəhid olmuşdur. Bəs bu sonuncu (o, öz portretinə işarə edərək) nə etmişdir? Sonra əlini çiynimə qoyaraq dedi: “Oğul, hər şey nəticə ilə ölçülür. Biz son nəticəyə çatanda mənim də portretimi asarsan. Xahiş edirəm, mənim portretimi oradan çıxart”. Mən isə onun buyuruğuna tabe olmaya bilməzdim".

S.C.Pişəvərini yaxından tanıyan, onun mübarizə və zindan yoldaşları olmuş Salamulla Cavid, doktor Ənvər Xamei, eləcə də “Ajir” qəzetinin çapında S.C.Pişəvərinin yaxın köməkçisi olmuş Kərim Kəşavəzr və bir çoxları S.C.Pişəvəri haqqında xatirələrində onu zəkalı, bilikli, mətin və mübariz olmaqdan əlavə, sadə, səmimi və təvazökar şəxsiyyət kimi xarakterizə edirlər.5

* * *

S.C.Pişəvəri (Cavadzadə) Azərbaycan xalqının keçən yüzillikdə yetirdiyi görkəmli siyasi xadimlərdəndir.

Onun həyatının bütün mərhələləri xalqının azadlıq və inkişafına həsr olunmuşdur. O özü bunun haqqında yazmışdı: “Məni bu böyük və şərəfli yola çəkib gətirən azadlıq istəyim və birdə millətim haqqında düşüncələrim olmuşdur”. XX əsrin əvvəllərində mübarizə meydanına əvvəl bir maarifçi, sonra istedadlı jurnalist kimi qədəm qoymuş S.C.Pişəvəri sonrakı illərdə millətinin nicatı üçün ideoloji-siyasi yol axtarışına çıxaraq, əvvəl maarifçi-demokrat, sosial-demokrat, kommunist və sonda milli-demokrat, olmuşdur. O, ömrünü demokrat kimi də başa vurmuşdur. S.C.Pişəvəri istintaqa verdiyi izahatda kommunistliyi, onun ideologiyasını 10 il öyrənib, mütaliə etdikdən sonra bu ideologiyanın prinsiplərinin İranın milli zəmininə tətbiqinin mümkünsüzlüyünü dönə-dönə etiraf etmişdir.

S.C.Pişəvərinin başçılıq etdiyi firqəninin I qurultay (1945-ci il) materiallarında və qəbul edilmiş məramnanədə heç bir “izm”dən söhbət açılmır. Proletar diktaturasından, “Bütün ölkələrin proletarları birləşsin!” ənənəvi kommunist şüarından, sosializm, kommunizmdən, sinfi mübarizədən heç bir yerdə bəhs edilmir. S.C.Pişəvəri xatirələrində yazır: “… Bizim firqəmiz kommunist firqəsi deyildi… Biz elə edə bilməzdik ki, milli bir firqə olduğumuz halda birinci qədəmdə təbəqati (sinfi – Ə.R.) mübarizəni alovlandıraq. Bizim o günkü hədəfimiz Azərbaycanda milli-demokratik bir rejim vücuda gətirmək, dərəbəylik rejiminin rişəsini ortadan qaldırmaq və xalqı müasir mütərəqqi yola çəkməkdən ibarət idi. Ona görə kommunist və ya sosialist adını üstümüzə qoya bilməzdik.

S.C.Pişəvərinin dünyagörüşünün formalaşmasında və sabitləşməsində keçdiyi mübarizə yolunun təcrübəsi ilə yanaşı, onun 10 ildən çox “Qəsr-Qacar”dakı zindan həyatının, buradakı siyasi mühitin xüsusi rolu olmuşdur. Zindanda siyasi məhbus olarkən o, 10-15 ildə keçdiyi mübarizə yoluna tənqidi nəzər salır, olmuşları götür-qoy edir və çox ehtiyatla bu nəticəyə gəlir ki, onun vətəni üçün Arazın o tayındakı Sovet rejimi, kommunist rejimi yararsızdır. Onun bu haqda fikir və düşüncələrini təkcə istintaq materiallarından yox, həm də “Ajir” qəzetində çap etdirdiyi məqalələrdəki sətiraltı fikirlərdən, sonralar öz əli ilə yazdığı xatirələrdən, ən nəhayət, onunla bir zindanda (hətta bir il bir kamerada) yatmış və məsləkcə o zaman kommunist olan Ənvər Xameinin yazılarından da görmək olur. Sonralar S.C.Pişəvəri “Qəsr-Qacar”da keçirdiyi zindan illərini bir “məktəb” adlandırmışdı. S.C.Pişəvəri ağır zindan günlərində də qələmi yerə qoymamışdı. O, “Ədalət firqəsinin tarixi”, “Zindan xatirə dəftərindən”, “Cəngəl hərəkatı” və başqa bu kimi siyasi-tarixi səpkidə olan kitablarını, bir sıra başqa elmi, bədii, tənqidi yazılarını, həmçinin, “Nadirə” və “Məhinbanu” adlı romanlarını zindanda yazmışdı.

Onun “Zindan xatirələri” adlı yazı toplusunda Pəhləvi rejiminin amansızlığı, “Qəsr-Qacar” zindanındakı insan qatillərinin siyasi məhbusları dirigözlü məhv etməyə yönəldilmiş alçaq əməlləri məharətli jurnalist-yazıçı qələmi ilə qeydə almışdı. S.C.Pişəvəri zindan xatirələrinin6 müqəddiməsində yazır: “…Qəsrin dastanı kədərli, dəhşətli, eyni halda oxunmalıdı. Təəsüflər olsun ki, mövcud vasitələrlə bu dastanı bütövlükdə təsvir etmək mümkün deyil7. Biz bu xatirələrdə, onların bəzi yerlərini nəzərə çatdırmaqla qənaətlənmişik. Eyni halda hadisələri hekayə kimi şərh etsəydik, çox uzun və yorucu ola bilərdi. Buna görə də müvəqqəti həbs və istintaq günlərini qeyd olunan tərzdə qələmə alıb, qalan məsələləri isə ayrı-ayrı mövzular kimi qeyd edəcəyik. Bizcə, bu üslub ilə həm xatirələr yorucu olmaz, həm də oxucu istədiyi bölməni asanlıqla tapıb istifadə edə bilər. Buna görə də, qeyd etdiyim yazıdakı səpki və eləcə də, yeri gəldikcə qədim lüğət və ibarələrdən istifadə etmək müəllif üçün məcburi bir hal olmuşdur. Çünki qədim lüğətlərin yerinə yaxşı adət etmədiyim təzə sözləri işlətmək üçün lüğət kitabına baxsaydıq, ehtimal ki, cümlələrin yazılmasında süni hallar meydana gələrdi və xatirələr dəyərsiz bir hala düşərdi. Hər halda, mən bu yazını kitab hesab etmirəm. Müntəzəm bir xatirə və ya qeydlər də deyil. Bu yazılar, sadəcə olaraq gördüyüm hadisələrin təsvirindən ibarətdir. Burada yazılmış imla və mətləbləri olduğu kimi şərh etmək sahəsində də bir çox nöqsanlara yol verildiyini etiraf etməliyəm. Oxucu da yaddan çıxarmamalıdır ki, o, on bir il zindanda qalmış bir adamın yorğun və sarsılmış beyninin məhsulunu nəzərdən keçirir”.

S.C.Pişəvərinin yuxarıdakı sözləri bizə əsas verdi ki, xatirələrin orijinalına bir daha nəzər salaq və oradakı imla səhflərinə, çətin anlaşılan sözlərə, cümlələrə diqqət yetirək. Bu zaman müəllifin yazı üslubuna, zindandakı olaylara münasibətinə, şəxsi fikir və mühakimələrinə azacıq belə toxunmamağa çalışdıq.

On il 6 ay “Qəsr-Qacar” zindanında siyasi məhbus kimi yatan S.C.Pişəvərinin ilk istintaqı 1930-cu ilin yanvarından başlasa da 1940-cı ilin martın 3-dək davam etmişdir.

O, “dövlət əleyhinə olan və ona qarşı təbliğat aparan partiyaya üzv olmaqla, rejim əleyhinə məqalələr yazıb, cəmiyyətdə narazılıq yaratmaqda təqsirləndirilmişdir”. S.C.Pişəvəri isə ona qarşı qurulmuş çoxsaylı “Divan məhkəməsində” irəli sürülən heç bir ittihamı boynuna almamışdır.

Ölkənin təhlükəsizliyinə və istiqlaliyyəti əleyhinə fəalliyyətdə suçlanan, Cinayət Məcəlləsinin 1-ci və 5-ci maddələri ilə 10 il həbsə məhkum edilmiş S.C.Pişəvərinin son istintaqı 1318-ci ilin isfəndin 12-də (1940-cı il martın 4-də) olmuşdur.

Son istintaqda ittihamçı Əhməd Asim, Təhlükəsizlik İdarəsindən Həsən Səmii, Polis idarəsindən Məhəmmədəli Aştiyani, “vəkil” Hüseyin Şəhidi iştirak etmişlər. Əvvəl müttəhimə (S.C.Pişəvəriyə) özü haqqında danışmağı əmr etmişlər (kimdir, nəçidir, harada anadan olub, ailə tərkibi, savad dərəcəsi, keçdiyi həyat yolu, həbsə alınma səbəbləri və s.). S.C.Pişəvəriyə son sözünü demək icazəsi verilir. O, üzünü onu istintaqa çəkənlərə tutaraq deyir8:

“Heç bir dəlil sübut olmadan mən günahsızı 10 ildir həbsdə saxlayırlar. Gördüyünüz kimi mən bu müddətdə bu günə düşmüşəm… cavanlığımı əldən verdim!…”.

Özümü müdafiə etmək niyyətim yoxdur. Fəqət ədalətli hökm çıxarmağınızı istəyirəm”. Sonra yenə vərəqdəki əvvəlki sorğu-sual təkrarlanır:

– Adın?

– Mir Cəfər.

– Soyadın?

– Pişəvəri.

– Atanın adı?

– Mir Cavad.

– Doğulduğun il?

– 1313 (hicri).

– Hazırda neçə yaşın var?

– 47.

– Yaşadığın mənzilin sahibi?

– Moid Əl-Məmalik.

– Yaşadığın son adres?

– Tehran, Bəxşe Həsənabad, Çaharrahe Vezarəte Cəng, İntixabiyyə küçəsi(nömrə yoxdur).

– Ailə həyatın?

– Həyat yoldaşım Məsumə Rəhmani, oğlum Dariyuş Mircəfər oğlu.

– Həbsə alındığınız tarix?

– 6 dey, 1309-cu il (dekabr 1930).

– Həbsə alınma səbəbi?

– Kommunistlik, rejim əleyhinə olmam, İran əleyhinə xaricilərlə əlaqə, dövlətə qarşı olanlarla əməkdaşlıq etmək və s…

Həbs müddəti qurtarmasına baxmayaraq istintaqın müddəti yenidən uzadılır.

Növbəti son istintaq isə 1 ordibeheşt 1319-cu ildə (aprel 1940) yenidən davam etdirilir.

Həbsin müddəti artıq qurtardığına görə S.C.Pişəvəri 2 ordibeheşt 1319-cu ildə (1940-cı il 23 iyun) həbsdən azad olsa da, 3 il müddətinə Kaşan şəhərinə sürgün edilir.

S.C.Pişəvərinin istintaq zamanı onu mühakimə edənlərə ideoloji xətt haqda verdiyi cavabları diqqəti cəlb edir. Bu sual-cavabdan bəzi parçaları oxucuların da diqqətinə çatdırmağı vacib saydıq.

“Sual:

– Siz yenə kommunist əqidəsində qalırsınızmı?

Cavab:

– Əvvəlcə demişəm, indi də deyirəm, xeyr, daha mən bu əqidədə deyiləm.

Sual:

– Səbəbi nədir?

Cavab:

– Əvvəllər kommunistlər və onların əqidəsi haqda mən yetərincə məlumata malik deyildim. Bu haqda 7-8 il mütaliə etdim və mənə sübut oldu ki, bu əqidənin İranda ayaq tutması çox tezdir. Kommunistlər fəhlə sinfinə arxalanırlar, onların dayağı bu sinifdir, bu sinif isə İranda yox dərəcəsindədir. Təsəvvür etmirəm ki, heç 100 il bundan sonra da fəhlələr bir sinif kimi formalaşıb ortaya çıxsın və cəmiyyətimizin əksəriyyətini təşkil edə bilsin. Digər tərəfdən, kommunistlər ateist olmalıdırlar, İran isə dindar və müsəlman ölkə olduğundan burada ateist olmaq mümkünsüz işdir.

Daha sonra mən Bakıda olarkən oradakı kommunist rəhbərlərin çoxunun Arazın bu tayından gələnlərə yaxşı münasibət bəsləmədiklərini, bizə inanmadıqlarını gördüm. Mühüm işlərdən və vəzifələrdən bizi kənar saxlayırdılar. Yeri gələndə təhqirdən belə çəkinmədiklərinin şahidi oldum. Bu yanaşma onların əvvəl dediklərinə zidd hərəkətlər idi. Bu, məni məyus etdi və tədricən onlardan uzaqlaşdırdı… Moskvadakı rəhbərliyin soyuq münasibəti məni lap ruhdan saldı…”

S.C.Pişəvəri 1319-cu il ordibeheştin 1-də (22 aprel 1940) son istintaqdan sonra həbsdən azad edilsə də, Kaşan şəhərinə sürgün olunur. Onun Kaşana sürgün olunması ilə bağlı doktor Salamulla Cavid xatirələrində yazır:

“…S.C.Pişəvəri, Məmi Nünəkərani (Dehqan) və mənim tanıdığım başqa yoldaşlarım uzunmüddətli həbsdən sonra Kaşana sürgün edilmişlər. Onları sağ-salamat görməyimə çox sevindim. Bizi burada da izləyirdilər…9”

Mərkəzdən göstəriş alan Kaşan polisi və Təhlükəsizlik İdarəsinin rəisi S.C.Pişəvəri və onunla həmfikir olanlara burada da rahatlıq verməmişdi. Onları vaxtaşırı idarəyə çağırtdırır, sorğu-suala tutur, və onlardan şübhələndiklərini bildirir. Kaşandakı sürgün həyatı haqda S.C.Pişəvəri sonralar yazırdı: “…1319-cu ildə 10 illik həbsdən sonra Kaşana sürgün edildim. Bu sürgün mənə həbsxanadan da pis oldu. Lakin ruhdan düşüb məyus olmurdum. Bir xaraba həyəti olan evdə gün keçirirdim. Kimsə ilə söhbət etmək belə mənə qadağan olunmuşdu. Sürgün olunmuş yoldaşımın 10 yaşlı uşağı ilə belə salamlaşmağa, danışmağa icazə vermirdilər. Sürgündəki 22 nəfər yoldaşımla birgə məni yenidən həbs etdilər10. Yalnız Şəhrivər hadisəsindən (müttəfiq qoşunlarının İrana daxil olmasından) sonra azad olub Tehrana yollandım”.

ZİNDAN XATİRƏLƏRİ DƏFTƏRİNDƏN

Hadisələr və təsadüflər selinin yüksəkliklərə qaldırdığı “qəhrəman” gözlənilməz bir fırtına nəticəsində batıb aradan getdi. O, əvvəldən tərəqqipərvər olmamışdır. Bulanıq suda balıq tutan və boşqab dibi yalayan bəzi adamların iddiasının əksinə olaraq, bir çox siniflər ilk gündən onun səmimiyyətinə və işlərinə şübhə ilə bədbin nəzərlərlə baxmış, əllərinə fürsət düşən zaman müxalif olduqlarını bəyan etməkdən çəkinməmişlər.

Kütlə və tərəqqipərvər adamlar yanılmamışlar. Ziyalı təbəqə və təcrübəli şəxslər də işin nə ilə qurtaracağını və bu saxta islahatın mahiyyətini qabaqcadan bilirdilər. Onlar müxtəlif yollarla diktatorun qarşısını almaq istəyirdilər. Lakin təəssüflər olsun ki, qüdrət və hərbi güc mütərəqqi qüvvələrin əlindən çıxmışdı. Digər tərəfdən isə bir dəstə məqampərəst ziyalı özlərini diktatora yapışdıraraq, bir sıra aldadıcı işlər görürdülər. Əməldə isə bu işlər diktatorun adına tamam olurdu. Buna görə də onun hakimiyyəti və qüdrəti gündən-günə artırdı. İranlıların böyük bədbəxtliyi də həmin zəmin üzərində yaranırdı. Çünki diktatorun11 nüfuzu artdıqca, tamahı da artıb sırtıqlaşırdı. Buna baxmayaraq, o öz vəziyyətindən xəbərdar idi. İran xalqlarını yaxşı tanıyırdı. Ətrafındakı adamların yaltaqlığını da hamıdan yaxşı başa düşmüşdü. Onların yalan satdığını bilirdi. O bilirdi ki, ətrafındakıların hamısı riyakarlıq edir və istəyirlər ki, onun nüfuzundan, əmirlərindən faydalansınlar. Buna görə də o, hamıya qarşı şübhəli və bədbin idi. Öz səltənətini və var-dövlətini itirmək qorxusundan gözünə yuxu getmir və narahat idi. Qabağa çıxa biləcək hər hansı bir hadisənin qarşısını almaq üçün bütün qüdrətini işə salaraq, şübhəli adamları öz yolu üzərindən kənar edirdi. O hiss edirdi ki, nüfuzlu düşmənini ortadan aparmaqla, özü üçün yüzlərlə başqa nüfuzlu düşmən yaradır. Onun əxlaqını yaxşı öyrənmiş leş yeyən yaltaqlar bu odu daha da yelpikləyirdilər. Şübhəli dairələr genişləndikcə, axıdılan qanların sayı da artırdı. Bu iş müxtəlif şəkillərdə təzahür edərək böyük bir yanğın kimi yaş-qurunu öz ağuşuna çəkir və onların hamısını yandırıb məhv edirdi. Bu dəhşətli işlərdən xalq az-çox xəbərdar idi. Biz isə on bir il zindanda qaldığımız müddətdə onun daha şiddətli kötəyinə məruz qalmışdıq. Qəddarlıqların bir çoxu bizim gözümüzün qarşısında həyata keçirilirdi.

Bizi mərkəzi zindanda12 saxlayırdılar. Böyükdən tutmuş kiçiyə qədər siyasi məhbusların hamısını oraya gətirdilər. Zindandan xaricdə baş verən hər hansı pis hadisənin təsiri dərhal zindanda özünü göstərirdi. Biz edam olan şəxslərə məxsus intizar otağında mənzil salmışdıq. Nüsrətüddövlə, Teymurtaş, Fərruxi, Bəxtiyarilər, Mazandaran mülkədarları, Çahkutahi xanları, kürdlər, lor xanları, siyasi partiyalara mənsub olan dəstələr və şəxslər bizim qarşımızdan gəlib keçirdilər.

* * *

“Qəsrin” dastanı kədərli, dəhşətli, eyni zamanda oxunmalıdır. Təəssüflər olsun ki, mövcud vasitələrlə bu dastanı bütünlükdə təsvir etmək mümkün deyil. Biz bu xatirələrdə onların bəzi qabarıq yerlərini nəzərə çatdırmaqla kifayətləndik. Həmdə hadisələri hekayə kimi şərh etsəydik, çox uzun və yorucu ola bilərdi. Buna görə də müvəqqəti bəhs yerlərini bə istintaq günlərini qələmə alıb, qalan məsələləri ayrı-ayrı mövzular kimi qeyd edəcəyik. Bizcə bu üslub ilə həm xatirələr yorucu olmaz, həm də oxucu istədiyi bölməni asanlıqla tapıb istifadə edə bilər. Buna görə də qeyd etdiyimiz yazı üslubu, eləcə də yeri gəldikdə qədim lüğət və ibarələrdən istifadə etmək müəllif üçün icbari bir hal olmuşdur. Çünki qədim sözlərin yerinə, yaxşı bələd olmadığım təzə sözləri işlətmək üçün lüğət kitablarına baxsaydım, çox güman ki, cümlələrin yazılmasında sünilik meyddana gələrdi. Beləliklə də xatirələr dəyərsiz bir hala düşərdi. Hər halda, mən bu yazını kitab hesab etmirəm. O, təkmil bir xatirə və ya qeydlərdən ibarət deyil, sadəcə olaraq, zindanda gördüyüm hadisələrin müxtəsər təsviridir. Burada yazılış, imla və mətləbləri olduğu kimi şərh etmək sahəsində də bir çox nöqsanlara yol verildiyini etiraf etməliyəm. Oxucu da yaddan çıxarmamalıdır ki, o, on bir il zindanda qalmış bir adamın yorğun və sarsılmış beyninin məhsulunu nəzərdən keçirir.

Bu xatirələrin müəyyən hissəsi əziz dostum ağayi Əmid Nurinin təşəbbüsü ilə çap olan “Dad” qəzetində “Simruğ” imzası ilə “Zindandan Kaşanadək” sərlövhəsi altında çap olunmuşdu. İndi redaksiya heyəti üzvlərinin təsdiq və məsləhəti ilə həmin bu xatirələrin digər hissəsini bu nömrədən etibarən ardıcıl surətdə çap edəcəyik. “Fərruxu zindanda” və “Doktor Əraninin matəmi” adlı məqalələr də xatirələrə daxil edilmişdir. Hörmətli “Nahid” qəzetinin bir və ikinci nömrələrində ardıcııl surətdə çap olunmuş “Zindan qurbanları” başlıqlı kədərləndirici yazı da həmin xatirələrdən götürülmüşdür.

1339-CU İL DEY AYININ ALTISI

On bir il bundan əvvəl dey ayının altıncı günü (27.XII.1930-cu il) mənim üçün bir tarixi gün hesab olunur. Mən, 6. 10. 9 tarixini (6 dey, onuncu ay, 1319-cu ili nəzərdə tutur) bu gunədək bir saat da olsun yaddan çıxarmamışam. Həmin gündə olan hava şəraiti də lap bu gün kimi nəzərimdədir. Yerlər buz bağlamışdı, bala-bala qar yağırdı. Şimran dağları uzaqdan ağ yumurta kimi görünürdü. Məhəmməd Ənzabi13 ilə nahar etdikdən sonra mənzildən çıxdıq. O günlərdə biz Qəvamüssəltənə xiyabanındakı Entexabiyə küçəsində yaşayırdıq. Ənzabi məndən ayrılıb öz evinə qayıtdı. Mən isə dostlardan biri ilə işim olduğu üçün onun evinə getməli idim. Beləliklə, qapının yanında bir-birimizdən ayrıldıq. O, Qəvamüssəltənə xiyabanına tərəf getdi, mən isə sağa döndüm. Həmin dəqiqələrdə nəyin haqqında fikirləşdiyim yaxşı yadıma gəlmir. Lakin həmişə olduğu kimi, başımı aşağı salıb, paltonun yaxasını qaldıraraq sürətlə irəliləyirdim. Küçə xəlvət və soyuq idi. Küçənin başında, sol tərəfə dönmək istədikdə qəflətən tanımadığım bir adam qarşıma çıxdı. O, yöndəmsiz libas (paltar) geyinmişdi. Əlində əsa var idi. Bu yöndəmsiz adamı görən kimi fikrimdə ona qarşı şiddətli nifrət oyandı. Onun xoşagəlməz səsi bu nifrəti daha da artırdı.

– Ağa sizin adınız filan… deyil? – deyə bu şəxs mənə müraciət etdi.

– Nə üçün, özüdür ki, var? – deyə cavab verdim.

Zahirdə ədəbli rəftar etmək istəyən, lakin ədəbsiz baxışları və gülüşləri ilə xəbis niyyətini göstərən bu adam əlavə etdi:

– Ağa şəxsən bəndənin sizə deməli sözü yoxdur. Məni göndəriblər ki, bir neçə dəqiqəlik Ettelaat İdarəsinə (Təhlükəsizlik İdarəsinə) təşrif gətirməyinizi xahiş edim. Zənnimcə, sizdən kiçik bir söz soruşmaq istəyirlər.

Mən işin bu qədər də sadə olmayacağını başa düşdüm. Axı indiyədək Ettelaat İdarəsi ilə mənim azacıq belə işim olmamışdı. Bu idarəyə girən adamlar heç də asanlıqla ordan çıxa bilməmişdilər. Əlacsız qalaraq dedim:

– Belə olduqda, qayıdaq mən evə xəbər verim.

O dedi:

– Buna ehtiyac yoxdur. Tezliklə qayıdacaqsınız.

Mən başa düşdüm ki, o polis dərsini əzbərləmişdir. Qaçmaq haqqında da əslən fikirləşə bilməzdim. Yəqin ki, o, tək deyildi. Digər tərəfdən mən özümü günahsız hesab edirdim. Buna görə də mənzilə qayıtmaq haqqında israr etməyərək polis ilə birlikdə yola düşdüm. Bu sadə, səssiz-səmirsiz bir dəvət ilə həyatımda yeni dövrün başlamasını hiss etdim və bildim ki, bir daha öz meylimlə könlüm istəyən yerə gedə bilməyəcəyəm. Artıq ixtiyarım başqalarının əlinə keçmişdi. Buna baxmayaraq, bu işin aqibəti haqqında hələlik məlumatım yox idi. Ayağımın altında birdən-birə açılmış uçurumun haraya gedib çıxacağını bilmirdim.

Pəhləvi dövrünün nəzmiyyəsi14 çox təhlükəli bir təşkilat idi. Qatil Mahmudun günahını işgəncə altında öz boynuna almış Əkbər Sallaxın macərası yadımda idi. Hacı Məhəmmədbağır Gülpayqaniyə basılmış dağ və biz yerlərini məhkəmə mövqeyində öz gözümlə görmüşdüm. Ondan zorla iyirmi neçə`nəfəri öldürmək haqqında etiraf alındığını eşitmişdim. Bağşahda15 həyata keçirilən qırğınlar nəzərə sığışmayıb şişirtmə kimi görünsə də, hər halda, həqiqət idi. Azərbaycan və Xorasandakı kütləvi edamları, saysız-hesabsız siyasi şəxslərin yox olmasını heç də əfsanə hesab etmirdim. Yaxın dostum Hicazinin faciəli ölümünü yaddan çıxarmamışdım.

Süpəh xiyabanında Ənzabi arxadan gəlib bizə çatdı. O, cəmiyyətin izdihamından istifadə edərək qabağa keçib, polisi tanıdığını və onun məqsədindən xəbərdar olduğunu müəyyən işarələrlə mənə başa saldı. Polisin gözləri yalnız mənə dikilmişdi. O, mənim qaça biləcəyimdən qorxurdu.

Buna görə də Ənzabinin hərəkət və işarələrinə fikir vermirdi. Biz isə bu vəziyyətdən istifadə edərək Təminat İdarəsinin qapısınadək işarə ilə bir-birimizlə söhbət etdik.

Biz isə bu vəziyyətdən istifadə edərək Təminat İdarəsinin qapısınadək işarə ilə bir-birimizlə söhbət etdik.

Orada isə məcburi olaraq təəssüflü təbəssümlə vidalaşdıq.

Mən bilirdim ki, o, necə olursa-olsun, tutulmaq xəbərimi bizim evə çatdıracaqdır. Buna görə də sakit ürəklə Təminat İdarəsi binasının pillələri ilə yuxarı qalxdım. Orada polis məni kiçik bir otağa apardı.Üç böyük miz və bir sadə qəfəsə ilə bəzədilmiş bu otaqda polis məni gənc bir kişiyə tapşıraraq çıxıb getdi. Sonralar həmin gəncin adının Rüfət Ehtişami olduğunu bildim. Məni gətirən polisi isə bu günədək ikinci dəfə görməmişəm.

İLK İSTİNTAQ

Gün batanadək heç kəs mənimlə danışmadı. Otağın xəlvət olmasını gözləyirdilər. Ehtişami başını aşağı salaraq qarşısına qoyulmuş kağız və qovluqları vərəqləyirdi. O, avtomatik maşın kimi daim hərəkətdə idi. Gedir-gəlir, oturur-qalxır və tez-tez diqqətlə mənə baxırdı. Ehtişami çimçəşdirici gülüşü ilə mənə istehza edirdi. Mən isə fikrə dalmışdım. Bu intizar iki-üç saat çəkdi. Mən büsbütün yorulmuşdum. Gecənin başlaması ilə əlaqədar beynimdə qara düşüncə və xəyallar qüvvətlənirdi. Nəhayət, saat 6 radələrində alçaq boylu və sarıbəniz olan arıq bir kişi özünü şən göstərmək üçün süni təbəssümlə qapıdan içəri girdi. Rüfət işarə ilə məni ona tanıtdırdı. O, salam verdikdən və bir çox səmimi təriflər etdikdən sonra mizin arxasında əyləşərək, mənə də öz qarşısında əyləşməyə icazə verdi. Bizim danışıqlarımıza heç kəs qulaq asmırdı. Həmin şəxs dərhal qiyafəsini ciddiləşdirib, mizin siyirtməsindən bir neçə vərəq rəsmi kağız çıxardaraq adımı, soyadımı, nə işlə məşğul olduğumu soruşdu. Sonra o, artist kimi başını qaldırıb, gözlərini üzümə zillədi. Öz fikrincə istəyirdi ki, gözlərimin içini oxusun. Mən çox çətinliklə gülməyimin qarşısını aldım. Çünki o, sadə bir məsələni sirli bir şəklə salmaq istəyirdi.

İlk vaxtlarda soyuqqanlılıq göstərdim. Lakin sonra yavaş-yavaş əsəbiləşməyə başladım. Öz-özümə deyirdim ki, daha istintaq üçün məzhəkəbazlıq lazım deyildir. Yəqin bu gənc də polis və cinayət işlərindən bəhs edən bəzi romanların təsiri altına düşmüşdür. O, hər şeyə şübhə ilə yanaşır, bütün bu məsələləri öz xəyal və təsəvvürləri ilə həll etmək istəyirdi. Sonralar həmin fikrimin də yalnış olduğunu başa düşdüm. Mənə məlum oldu ki, soy adı Füruzeş olan bu ağa, hətta polis əməllərindən bəhs edən adi yazıları belə oxumamışdır. Onun hərəkətləri düşdüyü alçaq mühitin məhsulu idi. Buna baxmayaraq, o, özünü ədib kimi göstərməyə çalışırdı. Sözarası deyirdi: “Bir şey yazmaq üçün vaxt tapa bilmirəm”.

O, Xuzistandan təzə gəlmişdi. Zahirdə hazırlıqlı adam kimi görünürdü. Lakin hamı onu fırıldaqçı, şarlatan kimi tanıyırdı.

İstintaq mənimlə Əli Şərqinin arasındakı tanışlıq arasındakı tanışlıq üstündə gedirdi. Füruzeş istəyirdi ki, onu adam öldürən, terrorçu, məni isə onu təhrik edən bir adam kimi göstərib, bu yol ilə hər ikimizin edam olunmamız üçün əsas hazırlasın. Şərqini məndən bir həftə qabaq tutmuşdular. Füeuzeş onun günahlarını boynuna aldığını iddia edirdi. Mən dedim ki, bizi üzləşdirin, o, nə desə mən qəbul edərəm.

Bu üzləşdirmə çox gülünc bir vəziyyətdə həyata keçirildi. Məlum oldu ki, hər ikimizi sadə bir anlaşılmazlıq üzündən həbs etmişlər. Buna baxmayaraq, qeyd etdiyimiz ağa öz təsəvvürlərini həqiqi bir hadisə şəklinə salıb böyük məqamda raport vermişdi.

Daha gülünc məsələ bundan ibarət idi ki, cavablarımı oxumadan altına qol çəkməyimi tələb edirdi. O deyirdi: “Adam “Molla Nəqti” kimi nöqtələr üzərində israr etməməlidir. Mən ki, sizə papış tikmək istəmirəm. Burada iki kəlmənin artıq və ya əskik olmasının nə əhəmiyyəti vardır?”

Mən isə bilirdim ki, iş yoxlanılan zaman təqsiri bir kəlmə ilə də sübut etmək olar. Məsələn, “xeyr” əvəzinə “bəli” sözünün yazılmasını götürək. Lakin mənim bütün bu xəyallarım tamamilə yersizdir. Çünki məhkəmədə, hətta Ədliyyədə belə işlər yoxlanılmadı. Yalnız Füruzeşin raportu əsasında hökm çıxarıldı.

Tədqiqat sona çatdıqdan sonra o, ciblərimi axtararaq qoltuğumdan qələmi və kağız parçalarınının hamısını götürdü. Bu, həbsə alınmaq əlaməti idi. Birlikdə otaqdan çıxdıq. Yolda mənə dedi: “Ağa, hamama gedin, tərləməmiş kir çıxmaz”. Mən onun məqsədini başa düşmədim. Müstəntiqin pul umacağını xəyalıma belə gətirə bilmirdim. Lakin o, həmin məsələ üzərində israr edirdi. Ona görə də daha bir addım irəli ataraq aydın şəkildə dedi: “Ağa siz bizə kömək etməlisiniz”. Təəccüblə dedim: “Sizə nə kimi kömək göstərə bilərəm? Mən də sizin kimi azacıq maaş alıram və bununla öz əhli-əyalımı idarə etməliyəm. Mənim pulum haradadı?”

Fikir edirdim ki, bəlkə də o, məni sınamaq istəyir. Yaxud da istəyir ki, həmin vasitə ilə müəyyən sübut əldə etsin. O, təcrübəli və məharətli idi. Mənim mənfi cavabımı eşitdikdə gülüb dedi: “Siz mənim məqsədimi yaxşı başa düşmədiniz. Mən istəyirdim ki, məsələnin üstünün açılmasında bizə yardım edəsiniz”. Bu zaman biz müvəqqəti həbsxananın qapısına çatmışdıq.

İKİ NÖMRƏLİ MÜVƏQQƏTİ HƏBSXANA – BEŞİNCİ OTAQ

Nəzmiyyənin (polis idarəsi) məhşur dalanı altında yerləşən bu qapının dəhşətli bir görünüşü var idi. O, alçaq, qaranlıq və sehrli görünürdü. Füruzeş qapının zəngini çaldı. Kök və enlikürək bir pasban (polis) ilk olaraq qapının ortasındakı kiçik deşikdən başını çıxararaq Füruzeş ilə salamlaşdı, sonra qapını açaraq məni təhvil aldı. Qapı bağlandı.

Polis yaşlı bir adam idi. Sonralar onun soyadının Dəbir olduğunu bildim. Savadı yox idi. Deyirdi ki, düz 25 ildir ki, həbsxanada qulluq edir. O, qorxmaz, inzibatçı və tam dindar bir adam idi. Özündən dörd qat kiçik olan arvadını həddindən artıq sevir və ona az qala sitayiş edirdi. Uşağı yox idi. Söz düşəndə deyirdi ki, arvad mənim həm atam, həm uşağım, həm dostum, həm tanışım, bir sözlə hər şeyimdir.

Məhbuslar onu incitmək istəyəndə arvadına nifrin edirdilər. Dəbir hər sözünün əvvəlində “əstəğfürullah, la ilahə illəllah” deyirdi.

Müvəqqəti saxlama dəhlizində o, ilk dəfə ciddi bir baxışla başdan-ayağa məni süzdü və bu yol ilə məni başa saldı ki, daha azadlığa, müstəqilliyə göz yummalıyam. Bura zindandır, buraya gələn hər bir adam öz təklifini anlamalıdır, iradəsini, meylini və ixtiyarını bir kənara tullamalıdır. Sən də mənim əlimə tapşırılmısan. Başa düşməlisən ki, səninlə könlüm istədiyi kimi rəftar edəcəyəm. Bundan əlavə, mən özüm də başqalarının göstəriş və poladdan möhkəm qayda-qanunlarına tabe edilmişəm. Mən onların göstərişlərini iradəsiz, bir maşın kimi həyata keçirirəm. Əgər ürəyim, hissiyyatım, vicdanım və kişiliyim varsa da, onların hamısını zindandan xaricdə qoymuşam. Məndən kişilik gözləməməlisən.

Beşinci otağın qapısına çatdıq. Çox dar və qaranlıq dalana açılan bu qapının dəmir məhəccərləri və dəhşətli görünən böyük bir qıfılı var idi. Dəmir qapını açdıqdan sonra onun üzbəüzündə qoyulmuş dəmir çarpayını göstərərək dedi: “Bu sənin çarpayındır, yerindən tərpənməməlisən. Elə oturmalısan ki, mən qapının deşiyindən baxanda səni görə bilim. Tualet isə arxada yerləşir. Su istəyəndə qapını döyərsən gətirərlər”.

Bu sözdən sonra o, fanosu (əl çırağı) götürüb dəmir məhəccərli qapını bağladı. Qıfılı vurub, çıxıb getdi. Qaranlıq və pis qoxu gələn bu sayuq otaqda tək qaldım. Otağa girən zaman fürsətdən istifadə edərək öz təzə “mənzilimi” və oradakı əşyaları diqqətlə nəzərdən keçirmişdim. Nə çarpayıdan, nə də onun üzərindəki yorğan-döşəkdən istifadə etmək olmazdı. Çirkli yorğan-döşəyin iyindən adamın ürəyi qalxırdı. Adam, hətta onun üstündə əyləşməyə belə çimçəşirdi. Əlacsız qalaraq otaqda gəzişməyə başladım. Otağın uzunluğu beş addım, eni isə təqribən üç addım idi. Bu isə dolanmağım üçün kifayət edirdi.

Çarpayı haqqında iki kəlmə də olsa yazmaq lazımdır. O, elə düzəldilmişdi ki, istirahət əvəzinə insana əziyyət verirdi. Yoğun dəmirləri adamın bədənini əzirdi. Lakin hər halda çarpayı idi. Üstündə də qeyd etdiyim yorğan-döşək var idi. Bunlar isveçrəli müşavirlərdən yadigar qalmışdı. Mövcud üsuli-idarənin cəlladları hələ də onlardan istifadə edirdilər. Lakin son vaxtlarda, yəni mənim tutulduğumdan on il sonra, biz mərkəzi zindanın zahirdə çox yaxşı görünən binasının otaqlarında çürümüş kilimlərdən başqa bir şey görmədim. Məhbuslara hətta kuzə və su qabı da vermirdilər. On nəfər məhbus bir çürümüş adyalın altında yatırdı.

Buradakı ağcaqanadlar daha ağır vəziyyət yaradırdı. Onlar lap qışın çiləsində belə adamı rahat qoymurdular. Pıspısalar, siçanlar da rahat oturmayaraq lazımi “xidmət” göstərirdilər. Ağcaqanadlar yeksənək və yorucu səsləri ilə sanki qarışıq bir “orkestr” təşkil edirdilər. Pıspısalar və siçanlar isə atılıb-düşüb oynayırdılar. Bu haqda mənim fikirləşməyə kiçik imkanım belə yox idi.

Dəbirin çıxıb getməsi ilə başıma min cür xəyal və dəhşətli fikirlər hücüm etməyə başladı. Daima gəzişir və öz düşüncələrimi müəyyən nöqtədə toplamağa çalışırdım. Bu tərsə quyuda nə vaxtadək qalacağım barədə düşünürdüm. Fikirləşirdim ki, ailəm nə vəziyyətdədir? Görəsən, Ənzabi evimizə xəbər çatdırdımı? Mənimlə dostluq onun üçün gələcəkdə çətinlik törədəcəkmi? İndi bir çox məsələ onun üçün aydın deyildir. Bəlkə də çoxlu yeni şeylər kəşf edibdir. Axı o, çox məğrur idi. Məndən başqa heç kəsin sözünü qəbul etməzdi. Yazıq yəqin ki, indi qüssə edəcəkdir. Bəlkə də korlanıb aradan gedəcək. Bu qış fəslində o, haradan kömür və azuqə tapacaqdır. Beləliklə, fikirlər məni get-gedə bədbinliyə doğru yönəldirdi. Hər an daha qorxulu hadisələr gözümün qarşısında canlanırdı. Çünki Hecazini öldürmüşdülər. Mahmud Qatilin əvəzinə Əkbər Sallaxa işgəncə vermişdilər.

Məni nə üçün altı aydır zindandan buraxmırlar? Axı məndən nə istəyirlər? Yazıq Əli Şərqini nə üçün toqif (həbs) etmişlər? Deyirlər ki, hamı casus olmuşdur. Adamlar, hətta öz arvad-uşaqlarına da etibar etmirlər. Bəlkə bəzi adamların yanında ağzımdan müxtəlif söz qaçırmışam? – deyə düşünürdüm.

Dəqiqəbədəqiqə artmaqda olan bu müxtəlif fikirlər məni incidirdi. Hava çox soyuq idi. Bir tərəfdəndə külək əsirdi. Zindanda bədbəxt məhbusların naləsindən uca və həmahəng səslərdən başqa əyrı bir səs eşidilmir. Mən çox əsəbləşmişdim. Hətta öz həyatımdan belə doymuşdum. Bu əzabverici fikirlərin pəncərəsindən yaxamı necə xilas etmək haqqında düşünürdüm. Birdən-birə neçə illər bundan qabaq oxuduğum siyasi məhbuslardan birinin xatirələri yadıma düşdü. Bu xatirələr zindan dövrünün sonunadək tam mənasında mənə təskinlik verən və yol göstərən oldu. Həmin xatirələri təsadüfi olaraq oxumasaydım və ya onlar mənim yadıma düşməsəydi, bəlkə də digər dostlar kimi mənə də zindan mühiti qalib gələrdi. Onlar kimi məni də öldürüb, aradan aparardı…

Ehtiyac qəribə bir şeydir. O, hər hansı bir mövqedə öz təsirini göstərir. Məhbuslar da ehtiyac üzündən özlərinə xüsusi qayda-qanunlar düzəltmişdilər. Həmin qayda-qanunları da ciddi surətdə gözləyirdilər. Məsələn, beşinci otağa gəldiyim saatda dərhal məndən papiros və ya tiryəkə ehtiyacım olub-olmadığını soruşdular. Mən isə bu cəhətdən çox rahat idim. Ona görə ki, ömrümdə heç bir şeyə adət etməmişdim.

Üçüncü gecənin əhvalatını heç vaxt yadımdan çıxara bilmirəm. Təxminən gecəyarısı idi. Bir nəfər sanki pişik ilə danışırdı. Səsi eşidən kimi dayandım. Səs düz otağın qapı arxasından gəlirdi. O deyirdi: “Ey pişik, səninləyəm! Bilirəmki yuxun gəlmir, ayıq ol. Gözlə, başına papaq keçirməsinlər. Təminat işçiləri çox pis adamlardırlar. Ey heyvan, səninləyəm. Sən gözə çox fəqir görünürsən. Bunlar vicdan, allah və peyğəmbərin nə olduğunu bilmirlər. Gözlə, onların yalan andiçmələrinə birdən inanarsan ha… Ey pişik, səninləyəm! Sədinin bu hekayəsini yəqin ki, dəfələrlə eşitmisən. Orada deyilir: “Səndən soruşulmayan suala cavab vermə. Səndən istənilməyən şeyi göstərmə”. Pişikciyəzim, səninləyəm! Gözlərini yaxşı aç. Nəzmiyyədə söhbətlər “yox” ilə başlanır. “Bəli” dedikdə daha xilas ola bilməyəcəksən”.

Bu sözləri deyən adam həmin vasitə ilə mənə yol göstərmək istəyirdi. Bu adam zindanı təmizləyən idi. O, məşhur və zirək oğrulardan biri sayılırdı. Buna baxmayaraq, məhbusluq təəssübünü yaddan çıxartmayır və iki-üç saat müddətində pişik adı ilə mənə nəsihət verirdi.

Şübhə yoxdur ki, adi məhbusların hamısı bu cür deyildi. Onların arasında nacins, zərərli və mərdiməzarlar da tapılır. Belə adamların bir çoxu casusluq və xəbərçilik edərək azacıq tiryək yanığı, iki yumurta və s. əhəmiyyətsiz şeylər almaq xatirinə digər məhbuslara kələk düzəldirdilər. Bunlardan başqa, bir çox pallarda Polis idarəsi öz işçilərini də müxtəlif bəhanələr altında zindana göndərirdi.

Məhbuslar bir qayda olaraq əsəbi, yorğun, cana gəlmiş və dünyadan bezmiş adamlardırlar. Onları məşğul edən və başlarını qatan bir şey yoxdur. Ürəkləri darıxır. Onlar istəyirlər hər hansı yol ilə olursa-olsun öz başlarını məşğul etsinlər. Nifrət və kədər hislərini söndürsünlər. Buna görə də əlacsızlıqdan çoxlu danışırlar. Adamların dalınca pis sözlər deyirlər, söyüş söyürlər, nifrin və nalə edirlər. Həbsxanada çox qalmaq istəməyən müfəttiş isə həmin fürsətdən istifadə edərək məhbusların əsəbilik üzündən dedikləri sözləri sənəd kimi göstərərək, onlara min cür rəng verir və ali rütbəli rəislərinə çatdırırdı. İstintaqçılar isə bu cür yalançı raportları özləri üçün böyük kəşfiyyat hesab edərək onu daha yüksək rütbəli rəislərə yetirir və bütün bunların nəticəsində yazıq məhbus heç bir təqsiri olmadan dərin bir quyuya düşürdü. Fərruxinin ölümü buna parlaq misaldır. Bu barədə sonra ətraflı surətdə bəhs edəcəyik. Bir gün mən gecə gördüyüm yuxunu məhbuslara danışmışdım. Bunu, dərhal Füruzeşə çatdırmışdılar. Polis idarəsinin məmurları yuxu görmək məsələsini məndən gizlətmədilər. Əksinə, onlar həmin vasitə ilə məhbusların gözünü qorxutmaq və bununla da bir ox ilə bir neçə nişan vurmaq istəyirdilər. Polis idarəsinin məmurları bu yol ilə məhbusları dərindən öyrənir, onları daha da qorxudub aralarına təfriqə salaraq bir-birinə qarşı şübhə yaradırdılar.

AXTARIŞ VƏ TƏFTİŞ

Zindanın birinci gecəsi müxtəlif qorxulu və yorucu düşüncələrlə başa çatdı… Dəbir gəlib mənə dedi: “Sizi istəmişlər”. Kamerada tək yatan məhbusları, bir qayda olaraq, adları ilə yox, kameranın nömrəsi ilə çağırırdılar. Buna görə də mənim adımı “Beşinci otaq” qoymuşdular.

Zindan qapısının xaricində Ettelaat İdarəsindən göndərilmiş iki polis dayanıb məni gözləyirdi. Dəbir məni onlara təhvil verib rəsid (qəbz) aldı. Nəzmiyyənin böyük qapısından çıxıb evə tərəf yola düşdük. Ağalar mərhəmət göstərərək mənim hesabıma fayton çağırdılar.

Mənə məlum oldu ki, Ənzabi tutulmağımı evə xəbər vermişdir. Evdə Daryuşu (oğlumu) çox nigaran, qorxulu vəziyyətdə gördüm. O, bəzən mənə, bəzən də mənimlə gəlmiş adamlara baxırdı. Ağalar axtarışa gəlmişdilər. Onların içərisində nisbətən gənc görünən polisin farsca savadı var idi. Nisbətən ağıllı və adəbli idi. Digəri isə tam savadsız idi. Hər yeri nəzərdən keçirdilər. Hər bir deşiyə dəfələrlə başlarını soxdular. Əllərinə keçən şeyləri yüz dəfə yoxlayır, sonra isə tam etinasızlıqla bir kənara atırdılar. Hətta uşaq oyuncaqlarını belə yoxlayır, uşağın gözü qarşısında sındırır, yerə tökür və təpik altına salırdılar. Uşaq isə mat-mat baxır və danışmırdı. Sanki o, heyrət, təəccüb dənizində qərq olmuşdu. Hər zaman olduğu kimi, dil uzunluğu etmirdi. Oyuncaqlarının sındırılıb yerə tullanmasına mane olmurdu. Polislər deyirdilər ki, fars dilindən başqa ayrı dillərdə yazılmış kitabları yığıb aparmaq haqqında onlara göstəriş veriblər. Bu işdən nə məqsəd güddükləri məlum idi. O vaxt Ettelaat İdarəsində xarici dilləri bilən məmur yox idi. Buna görə də başqa dillərdə olan kitabları nəzmiyyəyə aparmalı olurdular.

Evdə axtarış aparılan zaman altı yaşlı uşaq və ona baxan qoca dayəsindən başqa evdə heç kim yox idi. Mən son dəfə olaraq oğlumla miz arxasında əyləşmək istədim. Uşağın dayəsi çay gətirdi. Uşaq bir az cəsarətlənərək mənə tərəf əyilib anasının evdə olmaması səbəbini yavaşca bildirdi. Mən belə xəyal etdim ki, o, anasının göstərişi əsasında mənimlə bu cür ehtiyat ilə danışır. Sonralar isə məlum oldu ki, bu haqda uşağa heç bir tapşırıq verilməmişdi. O, özü anlamışdı ki, atasını evə qayıtmağa qoymayan, sevimli oyuncaqlarını sındırıb, dağıdan biganə adamların yanında uca səslə danışmamalıdır. Qüssə və kədərin şiddətindən istər mən, istərsə də uşaq heç bir şey yeyə bilmədik. Yalnız bir fincan çay içdikdən sonra mən verilən əmr əsasında ayağa durdum. Vidalaşma zamanı uşağın gözləri dolmuşdu. O, məni kədərləndirməmək üçün ağlamaq istəmirdi. Eyni zamanda, həmişə dediyi “Atacan, evə tez qayıt” cümləsini də təkrar etmədi. Sanki o, kədərli və məhzun bir həyatın başlanmasını, öz atasının əldən getməsini hiss etmişdi.

Axtarış qurtardıqdan və kədərləndirici vidalaşma sona çatdıqdan sonra, uşaq işin gedişini hiss etdi. Polislər kitabları daşıyaraq faytonun içinə tökdülər. Onları Ettelaat İdarəsinə gətirdik.

Füruzeş bizi tam səbirsizliklə gözləyirdi. Kitabları gördükdə onun gözləri parıldadı. Bəlkə də onların hamısının “zərərli” kitablar olduğunu güman edirdi…

Biz gələn kimi dərhal işə başlandı. Füruzeş yanında oturmuş zabitə üz tutaraq dedi: “Buyurun, sizin növbəniz çatmışdır”. Mən qoşun və nəzmiyyə işçilərinin dərəcələrini (rütbələrini) hələ də ayırd edə bilmədiyim üçün müraciat olunan zabitin nə rütbədə olduğunu deyə bilmərəm. Fəqət onu bildim ki, o, rəştli idi.

Füruzeşin özü də bekar dayanmayaraq, kitabları alt-üst etməyə başladı. Hərəkətindən onun xarici dilləri bilməməsini anladım. O, yalnız şəkillərdən və tablolardan bir şey anlamağa çalışırdı. Təsadüfən kitablarımın içərisində fars dilində yazılmış çox kiçik bir kitabça var idi. Bu, Tolstoyun çox adi kitabçalarından biri idi. Seyid Əbdürrəhim Xalxalinin xarici dildən tərcümə etdiyi həmin kitabçanın başlığında “Bir-Birinizə yaxşılıq edin” cümləsi yazılmışdı. Onun üstündə Tolstoyun adı olduğuna görə polis şübhələndi. Bu hərəkət nəticəsində məni gülmək tutdu. Zərərli kitaba baxın! Nə qədər də təhlükəli cümlə idi?! “Bir-birinizə yaxşılıq edin”!!.. Ağa üzdən getmədi. O, kitabçanı axıra qədər yoxladı. Öz qəlbimdə dedim, şükür olsun ki, ağa xarici dilləri bilmir. Yoxsa Darvinin “İnsanın mənşəyi” kitabına, rus ensiklopediyasının müxtəlif cildlərinə, tarix və fəlsəfəyə aid digər kitablara görə nələr edərdi…

Polis zabiti isə nəzərə sadə bir adam kimi görünürdü. Onun fransız və ingilis dilində yazılmış kitablarla işi yox idi. O, fəqət rus dilində yazılmış kitablara baxırdı. Zabit rus dilinin ancaq əlifbasını bilirdi. Daha çox şübhələndiyi rus kitablarını ayır d edə bilmirdi. Bu isə yaxşı hal idi.

İlk növbədə, xarici dillərdə yazılmış kitabları ayırıb bir kənara qoyduq. Mən rahat bir nəfəs aldım. Sonra rus kitablarına başladılar. Zabit heç nə başa düşmürdü. Bu məsələ təhlükəli idi. Çünki, kitabların hamısını zərərli hesab edə bilərdi. Mən qərara gəldim ki, onun ovcunu açam (ifşa edəm) və rus dilini bilməməsini isbat edəm. Lakin o, mənimlə razılaşmağı özü üçün əlverişli hesab etdi. Buna görə də mənim dediklərimin hamısını təsdiq edirdi. Bundan başqa, işi asanlaşdırmaq üçün çox sadə bir yol tapdıq. Mən dedim ki, zərərli kitablar Risiyada baş vermiş Oktyabr inqilabından sonra, yəni 1917-ci ildən sonra nəşr olunmuşdur. Belə olduqda həmin tarixdən qabaq nəşr edilən kitablar zərərli sayılmamalıdır. Bu sözlərimi onların hər ikisi təsdiq etdilər. Beləliklə, rus dilində 1917-ci ilə qədər nəşr edilən kitabları seyr etsələr də, zərərli saymadılar. Çünki saxladığım kitabların çoxu, hətta “Siyasi-iqtisadiyyat” kitabı da 1917-ci ildən qabaq çap edilmişdi. Bir sıra kiçik kitablar qaldı ki, onların da roman olduğunu bildirdim.

Kitabları yoxlamaq mənim hansı adamlarla üz-üzə gəldiyimi, harada olmağımı bilmək üçün imiş. Demək, mənə də siyasi töhmət atılmışdı. Bu məsələyə yetişməklə müqəddəratım təyin olunmalı idi. Mən yaxşı bilirdim ki, bu işlər heç də kitabları yoxlamaq kimi sadə və üzdən keçmə olmayacaqdır…

* * *

Axşam kitabların yoxlanılması işindən xilas olaraq müvəqqəti həbsxanaya qaytarıldım. Həddindən ziyada yorğun və taqətsiz olduğumu hiss edirdim. Aclıqdan, yuxusuzluqdan başım şiddətlə ağrıyırdı. Dəbir dəyişilmişdi. Onu Məhəmmədxan Yəzdi adlı başqası əvəz etmişdi. Onun heykəli, surəti, burnu və gözləri bütünlükdə keçmiş şaha (Rza şaha) oxşayırdı. Bir gün həmin məsələni özünə də dedim. O, sözümü təsdiq edərək dedi: “Şahın özü ilə bir-iki dəfə rastlaşmışam. O, mənə əyri-əyri baxıb, bu isə məni çox qorxudub”. Adyutant Yəzdi çox qarunqulu və acgöz bir adam idi. On səkkiz nəfər məhbusun xörəyini bir oturuma yeyirdi. İndi onun iştahasından xəbərim yoxdur. Hər halda, çox diqqətli adam idi. Yuxarıdan verilən göstərişləri son nöqtəsinədək yerinə yetirirdi. Deyirdi ki, o, iki nömrəli müvəqqəti həbsxanada işə başlamış ilk polisdir. Həqiqətən də o, müvəqqəti həbsxananın canlı tarixi idi. Savadı yox idi. Lakin çox yaxşı huşu və hafizəsi var idi. Müvəqqəti həbsxanaya düşmüş adamları yaxşı tanıyırdı. Az danışan və ciddi adam idi. Səhərdən-axşamadək dəridən-qabıqdan çıxardı. Zindan otaqlarının nəzarətinə və təmizliyinə böyük diqqət göstərirdi. Müvəqqəti həbsxananın böyük işləri onun əlində idi.

Dəbir dindar bir adam idi. O, heç kəsə qəsdən mərdimazarlıq etməzdi. Lakin Məhəmmədxan Yəzdi belə deyildi. O istəyirdi ki, müvəqqəti həbsxananı həmişə öz əlində saxlasın. Oradan çörəyini çıxarsın, uşaqlarının həyatını təmin etsin. Bundan başqa, o, cəlladlıq da edirdi. Məhkumları dara da çəkirdi. Bu iş onun üçün başqa gəlir yolu idi. Deyilənə görə, Əsgər Qatili də o, dara çəkmişdi. Bu işə görə ona adyutantlıq rütbəsi vermişdilər. Adyutant Yəzdi tam mənasında polis idi. Qayda-qanundan başqa heç nəyi bilmirdi. Vəfalı bir it xasiyyətində idi. On ildən sonra da məni yadından çıxarmamışdı.

Bir qayda olaraq, Qəsr zindanında saxlanılan adamları müvəqqəti həbsxanadan Ədliyyəyə apardılar. On bir il qəsrdə qaldıqdan sonra Ədliyyəyə aparılan zaman bir gün yolum yenə də müvəqqəti həbsxanaya düşdü. Müvəqqəti həbsxananın məmuru bir neçə saat eyvanda dayanmağım haqqında göstəriş vermişdi. Pilləkənlərin yanında adyutant ilə rastlaşdım. İrəliyə gəlib salam verdi. Sonra ciddi bir qiyafə tutaraq dedi: “Ağa, inanmıram ki, sizi eyvana qoyalar. Buyurun, buraya”. “Bura” sözünü deyərkən müvəqqəti həbsxananın ən pis koridoru hesab edilən üçüncü koridoru nəzərdə tuturdu. Buna baxmayaraq, o, iş başında olmayan zaman mənə çox hörmət edərdi. Çünki onun uşaqlarının müəllimi olmuşdum. Bilmirəm nə üçün, hansı mülahizə üzündən o, ilk günlərdə özünü mənə tanıtdırmamışdı. Mən də onu şəxsən tanımırdım.

Xülasə, istintaqdan qayıtdıqdan sonra o vaxt adi polis olan bu adam məni beşinci otağa gətirdi. Mənimlə yumşaq danışırdı. O dedi: “Çox təəssüf edirəm ki, burada qalmalı oldunuz. Bəs uşaqlar nə edəcəklər?”

Mən belə xəyal etdim ki, o, mənim uşaqlarımın qayğısına qalır. Dedim: “Allah kərimdir. Bir təhər dolanarlar”. Lakin sonra başa düşdüm ki, o,uşaqlarının dərs məsələssini nəzərdə tutmuşdu. Sonra məndən nahar yeyib-yemədiyimi soruşdu. Dünən gecədən bəri heç şey yemədiyimi bildirdim. Gedib bir kasa ilıq süd və bir taftun çörəyi gətirib dedi: “Ye”!

Bu səmimi qonaqpərvərlikdən xoşum gəldi. Belə xəyal etdim ki, bütün məhbuslarla bu cür rəftar olunur. Mən bilmirdim ki, o, yalnız öz uşaqlarının xatirinə mənlə, istisna olaraq belə rəftar etmişdi. Bundan başqa, mənə ayrı bir yaxşılıq da etdi. Mən bu yaxşılığı heç vaxt unutmaram. Çarpayım narahat olduğu üçün gedib bir qədər yumşaq və nisbətən təmiz yorğan-döşək gətirdi. Onları büküb çarpayının ortasına qoydu. Sonra üzünü mənə tutaraq dedi:” Bu çarpayı çox narahatdır. Onun qabarıq dəmirləri sənin qabırğalarını əzər”. Sonra isə mənim üçün bir çay qabı da gətirdi.

Görürsünüz! Cəlladın da öz uşaqlarına əlaqəsi vardır. O da istəyirdi ki, övladlarının tərbiyəsi yolunda müəyyən addım atmış bir adama yaxşılıq etsin. Qeyd etdiyim kimi, mən o günədək Məhəmməd yəzdini tanımırdım. Belə xəyal edirdim ki, bu mehribanlıq onun xoş niyyətindən doğmuş və ya yuxarıdan verilmiş göstəriş əsasında olmuşdur. Çörəyi yedikdən sonra soyuğa, otağın iyrənc qoxusuna, pıspısalar, siçan və ağcaqanadlara etina etməyərək, paltarlarımı soyunmadan çarpayının üstünə düşüb çox şirin yuxuya getdim. Sabahı günü günortaya iki saat qalmış, keşikçi dəyişən zaman Dəbir məni yuxudan ayıltdı…

DİGƏR MƏHBUSLARLA ƏLAQƏM

Qeyd etdiyim kimi, Purafər ilə tanış olduğuma görə ilk günlərdən etibarən başqa məhbuslarla rabitə tapa bildim. Həsəndən başqa, R. ilə də uşaqlıq dövründən tanış idim. O da gündə iki-üç dəfə qapının deşiyindən halımı soruşur, zarafat və gülüşləri ilə məni ruhlandırırdı. Purafər ilə aramız daha açıq idi. Deyirdi ki, bizi yeddi-səkkiz aydan artıq burada saxlaya bilməzlər. Onun bu qabaqgörənliyindən mənim çox acığım gəlirdi. Deyirdim ki, sən çox fal açırsan. Burada yeddi-səkkiz ay qalmaq olar?

Bir gün otağı təmizlətmək məqsədilə Dəbir məni otaqdan çıxardı. Məhbuslar kiçik həyətdə dolanırdılar. Mən üzümü həyətə çevirib dayanmışdım. Dəbir isə mənim qabağımda durmuş və öz fikrincə, istəyirdi ki, başqa məhbuslar ilə əlaqə saxlamağımın qarşısını alsın. Mən isə hərəkətsiz dayanmışdım. Məhbuslar ardıcıl surətdə həyəti dövr edərək mənim qarşımdan keçirdilər. Onların hər biri müxtəlif işarələrlə öz salamlarını mənə çatdırırdılar.

Dəbir fars dilindən başqa ayrı bir dil bilmirdi. 1310-cu ilin deyin sonu (1931-ci il, yanvar ayının əvvəli) idi. Xristian məhbuslar təzə libas geyinmiş, üzlərini qırxmış və görüşlərinə gələcək adamlarını gözləyirdilər. Mən yalnız təbəssümümlə onların salamına cavab verib, bayramlarını təbrik edirdim. Purafər yaxşı geyinmiş centlmen bir adamı mənə göstərərək dedi: “Boynu yoğunu görürsən, dörd ildir ki, zindanda saxlanılır”. O, məhşur Lapidus idi. Sonralar bəlkə də onun adını çəkdik. Mən onun dörd il müddətində, bu cəhənnəmə oxşar deşikdə yaşayıb, hələ də diri qalmasına təəccüb edirdim. Öz-özümə dedim ki, burada bir il də qalsam ölərəm.

On iki gün olardı ki, üzümü qırxmamışdım. Özümdən heç xəbərim yox idi. Lapidus təcrübəli adam idi. O, məni görən kimi tez otağına qaçıb, kiçik bir ayna götürərək qayıtdı. Dərhal dəbirin arxasına keçərək aynanı mənim üzümə tutdu. Öz saqqalımı görəndə bərk güldüm. Həsən Purafər azərbaycan, rus və fransızca cürbəcür zarafatlar etdi. Ayrı bir vüqarlı saqqallı adam da rusca və azərbaycanca ürək-dirək verərək məni ruhlandırdı. Bu adam məhşur Yefremin müavini Sərhəng Giqo idi.

Purafər və başqaları məni başa saldılar ki, havaya çıxarılmağım haqqında xahiş etməliyəm. Dəbir xahişi dərhal qəbul etdi. Lakin havaya çıxarılan yer elə bir vəziyyətdə idi ki, mən iylənmiş beşinci otağı oradan daha yaxşı hesab etdim. Məhbuslar oradakı üçbucaqlı və yalnız adamın gəzişməsi üçün kifayət edən həyətin adını “qazanca” qoymuşdular. Bir və iki nömrəli müvəqqəti həbsxananın, ümumi həbsxananın və başqa binaların tualetlərinin quyuları həmin həyətdə yerləşirdi. Beləliklə, birinci gündən başlayaraq ikinci, üçüncü, dördüncü, beşinci, onuncu və s. … günləri sayaraq, hər bir dəqiqədə Ettelaat İdarəsi tərəfindən çağırılıb, təklifimin məlum ediləcəyini gözləyirdim. Lakin oradan heç bir xəbər çıxmırdı. Get-gedə məyus olub müxtəlif fikirlərə dalırdım…

Gündüzlər də gecələr kimi qaranlıq və yorucu idi. Səhərdən gecəyarısınadək otaqda dolanır, sonra isə çarpayının üstünə uzanaraq cürbəcür fikirlərə dalırdım. Hətta yavaş-yavaş məhbus dostlarımın təskinverici sözlərindən də acığım gəlirdi. Evdən və ailədən xəbərim yox idi. Onların nə vəziyyətdə yaşamalarını bilmirdim. Hava təmiz olan gecələrdə tavandakı kiçik deşikdən ulduzları seyr edərək bununla fikrimi məşğul edirdim. Günəş gündüzlər üçün mənim saatım idi. Günləri divara xətt çəkməklə sayırdım. Robinzon kimi özüm üçün cizgilər kalendarı düzəltmişdim. Hətta Purafər və digər məhbuslar belə məmnuniyyətlə mənim təbii saat və kalendarımdan istifadə edirdilər. Ulduzlarla vaxtı, günəşdən daha dəqiq müəyyənləşdirə bilirdim.

On səkkizinci gün səhər tezdən sərçələrin cikkiltisi diqqətimi cəlb etdi. Başımı qaldırıb sərçələrin həmin deşık üzərindən dəstə-dəstə uçub getdiyini gördüm. Bunu yaxşı bir fal kimi yozub sevindim. Təsadüfən, həmin gün günortaya yaxın ilk dəfə ailə üzvlərimlə görüşdüm…

GÖRÜŞ

Zindan yaxşı məhəkdir. Oradan insan öz səmimi dostlarını və ən uzaq qohumlarını daha yaxşı tanıyır. Onların səninlə nə kimi münasibətdə olduqlarını müəyyənləşdirir.

İlk görüşüm çox gözlənilməz idi. O dəqiqəyədək zindandan xaric ilə əlaqə tapmaq imkanına inanmırdım. Öz arvad-uşağımı gördüyüm üçün çox sevindim. Daryuş görüş yerini, polisləri və oradakı qaydaları görüb mat qalmışdı. O, görüş vaxtının sonunadək bir kəlmə də danışmadı. Başqa görüşə gələnlər isə adi halda halımı soruşurdular. Görüşə gələnlər içərisində tanış olmadığım bir gənc diqqətimi cəlb etdi. Təəssüf ki, mən onu həmin günədək görməmişdim. Onun mərhəməti qarşısında minnətdar olduğumu bildirdim. Sonralar isə onun həyat yoldaşımın uzaq qohumlarından biri olduğunu bildim. Mərdlik, xeyirxahlıq və fədakarlıq yalnız ağır günlərdə müəyyən edilir. Bu təmizürəkli gənc mənə nicat vermək, məni zindandan xilas etmək yolunda dörd ay çalışdı. O, bu yolda hər cür fədakarlıq göstərməkdən çəkinmədi. Füruzeş deyirdi ki, mən bu qədər fədakar adam görməmişəm. Kölgə kimi ardıma düşüb hər gün, hər saat mənimlədir. Heç kəsin əli çata bilməyən yüksək rütbəli adamlardan səni buraxmaq haqqında tövsiyənamə gətirir. Belə bir səmimi qohumunuz olduğu üçün sizi təbrik edirəm.

Bu fədakar adamın fəaliyyəti və çalışqanlığı nəticəsində vəziyyətim bir az yaxşılaşdı. Evdən mənim üçün yorğan-döşək gətirilməsinə, xörək və kitab göndərilməsinə icazə verdilər. Mənim üçün müstəsna şərait yaradıldı. Mənə çıraq, çaynik və s. verdilər. Bundan başqa, zəmanətlə buraxılmaq barədə mənə verilən hökm də həmin adamın sayəsində düzəlmişdi. Bu barədə sonra ətraflı bəhs edəcəyəm. Lakin bu hökm həyata keçirilmədi. Ettelaat İdarəsi məmurları deyirdi ki, biz bu hökmü həyata keçirə bilmərik. Lakin əgər siz bir gün həbsdən azad olsanız, məhz həmin hökmün əsasında azad olacaqsınız…

Polis idarəsi işçilərinin böyük cinayətlərindən biri ittihamları yaymaqdan ibarət idi. Onlar bu yol ilə öz pis hərəkətlərini ört-basdır etmək istəyirdilər. Onların digər metodu hədə-qorxu gəlmək idi. Belə ki, günahsız bir adamın zindandan xilas edilməsi yolunda təşəbbüs edən hər hansı bir adamı çağırır, hədələyir, qorxudur və beləliklə, zindan haqqında bir daha danışmayacağı, belə işlərə qarışmayacağı barədə ondan iltizam alırdılar. Mənim dostum haqqında da həmin qaydaya əl ataraq, ona demişdilər ki, əgər ailəni, həyatını və kəsbkarını istəyirsənsə filankəsin ardına düşməkdən çəkinməli, onun sorağını tutmamalısan. Əks təqdirdə bir çox təhlükəli işlər görmüş həmin şəxslə əlbir olmaqda ittiham ediləcəksən. Lakin bütün bu hədə-qorxulara baxmayaraq o, mənim haqqımda imkan qədər çalışmışdı.

Digər işlər kimi görüş işi də gündən-günə çətinləşirdi. Birinci ildə deyirdilər ki, siyasi məhbuslar yalnız müstəntiqlərin və ya Siyasi İdarənin digər qulluqçularının yanında öz adamları ilə görüşə bilərdilər. Biz uzun müddət bu xoşagəlməz hərəkət əleyhinə mübarizə etdik. Həsən Purafər ilk görüş zamanı etirazını bildirərək həyat yoldaşına tapşırmışdı ki, o, bir daha bu cür görüşə gəlməsin, uşaqları da gətirməsin. Füruzeş isə onun bu hərəkətini qayda-qanuna uyğun olmayan hərəkət hesab edərək Həsən Purafəri istintaqa çəkmişdi. İstintaq zamanı Həsən Purafər ona daş sındırıcı cavablar vermişdi. O, demişdi: “Bəlkə də siz öz namus və abırınıza əlaqə bəsləməyirsiniz, bu, sizin öz işinizdir. Lakin sizin haqqınız yoxdur ki, başqalarını da özünüzə tay hesab edərək, adamların şərəf və namusuna toxunasınız. Biz öz adamlarımızı görmək xatirinə sizə icazə verə bilmərik ki, bizim abırımızla və namusumuzla oynayasınız”. Füruzeş bu sözləri Polis idarəsi rəisinə raport verdikdən sonra onu iyirmi dörd saat tək kamerada saxladılar. Sonra onun yanına vasitəçi göndərərək istintaq kağızlarını cırıb aradan apardılar.

Qısa sözlə desək, zindanda olduğum birinci və ikinci illər ərzində görüş məsələsi üstündə Zindan idarəsi ilə Siyasi İdarə arasında çəkişmələr davam etdi. Zindan idarəsi özü də yoxsul məhbusları həftədə bir dəfə Siyasi İdarəyə göndərmək istəyirdi. Əvvəllər görüşlərimiz Siyasi İdarədə də çox az-az təşkil olunurdu. Belə görüşlər Qəsr zindanında, eşik bağın içərisində yalnız bir polisin nəzarəti ilə keçirilirdi. Lakin getdikcə işlər çətinləşdi. Yeni təyin olunan rəislərin hər biri təzə qaydalar qoyurdular. Daha bağda görüşə icazə verilmədi. Görüş yeri daxili zindanın qapısı arxasına köçürüldü. Sonralar isə dəmir məhəccərli görüş otağını təşkil etdilər.

Burada məhbuslarla görüşə gələnlər arasında fasilə o qədər uzaq idi ki, onların səsi çətinliklə bir-birinə çatırdı. Adam iki dəmir məhəccər arxasından görüşə gəlmiş şəxsləri az qala tanıya bilmirdi. Qapıdakı yoxlama daha iyrənc idi. Çox çirkin bir qarı buraya görüşə gəlmiş qadınların bütün bədənini yoxlayırdı. Abbas Kəndxudanın icazəsi olmadan zindan rəisi siyasi məhbuslara görüş verə bilmirdi. Bundan başqa sərhəng (polkovnik) Rasixin də öz xüsusi siyasəti var idi. Onlar istəmirdilər ki, cinayətkar işlər zindanın uca divarlarını və dəmir qapılarını keçərək xaricə yayılsın. Buna görə də öz meylləri ilə məhbusların görüşünü məhdudlaşdırır və bəzən qadağan edirdilər. Həbsdə olduğum yeddinci ildə bir neçə dəfə mənə görüş icazəsi vermədilər. Görüş qorxulu bir işə çevrilmişdi. Adam onu incəlikləri ilə şərh etməyə utanır. Zindan məmurları bu yoldan çox çirkin şəkildə istifadə edirdilər. Hətta bir çox namuslu məhbuslar özlərini bu yeganə ümid yolundan da məhrum edərək, öz ailələrinə tapşırırdılar ki, bir daha görüşə gəlməsinlər. Onlar bu yolla öz abırlarını qorumağa çalışırdılar. Məhbus üçün görüşsüz qalmaq, adamsız olmaq çətindir. Lakin qeyd etdiyimiz vəziyyətdə görüş bundan daha ağır idi.

XAİNLƏR

Məhbuslar üçün xainlər həqiqətəndə Siyasi İdarənin işçilərindən və zindandakı casuslardan daha təhlükəli idilər. Deyə bilərəm ki, biz uzun müddət ərzində həmin xəyanətkar tiplərin əli ilə böyük əzab və əziyyətlərə məruz qaldıq. Bu əzab və əziyyətlər polis idarəsi məmurlarının bizə etdiyi əziyyətdən daha ağır idi.

Görək xəyanətkar nə cür adamdı? O, nə istəyir? Məhbusa hansı yol ilə zərər verir? Şübhə yox ki, zindana yolu düşməyən adamlar həmin suallara asanlıqla cavab verə bilməzlər. Zindanda xəyanətkar qardaşını öldürmüş, öz yoldaşının kəsilmiş qanlı başını satmış, yeganə və səmimi dostlarının evini bərbad edib, həyatını dağıtmış adama deyilir. Xəyanətkar özünü xilas etmək, neçə günlük alçaq və iyrənc həyat sürmək xatirinə, öz yoldaşlarını və dostlarını satıb polis və zindan rəisləri ilə əməkdaşlıq edənlərə deyilir. O, yalan sözlər toxuyur, vurduğu töhmət və iddiaları ilə guya sirləri açır.

Zindanda olduğumuz on bir il müddətində gördüyüm məhbusların çoxu istisnasız olaraq öz həmkarlarının xəyanəti nəticəsində tutulmuşdular. Polisin təklikdə əlindən heç bir iş gəlmir. Bir nəfər çox sadə bir iş üstündə təsadüfən tutulduqda nadanlıq, xudbinlik və yaxud iradəsizlik üzündən polisə aldanır, özünü xilas etmək üçün bir çoxlarını da ələ verir. Bəhanə ardınca gəzişən polis isə bu vəziyyətdən istifadə edərək, gizli təşkilatlar, geniş və təhlükəli özəkləri kəşf etməsi barədə raport düzəldir.

Həmin cinayətkar tipləri bir neçə yerə bölmək olar. Siyasi idarənin məmurları bir çox məhbusları müxtəlif yollarla əzab-əziyyət vermək, şallaq altına salmaq, qaranlıq otaqlarda saxlamaq və hədələməklə xəyanətkarlığa məcbur edirdilər. Heç kəsə əziyyət verməyən adamlar kimi tanınmış və ilk addımlarından tələyə düşmüş bu qəbil məhbuslar daha geri çəkilə bilmirdilər. Hiylə və fırıldaqlar yolu ilə alçaq işlərə düşən bəzi yazıq qadınlar kimi bunlarda öz istəklərinin əksinə olaraq hərəkət edir, günü-gündən daha abırız vəziyyətə düşərək rüsvay olurdular. Şəban Kəvə həmin tipin nümayəndələrindən biri idi. İsfəndiyari deyirdi ki, siz Kavənin işlərindən hədər yerə əsəbiləşirsiniz. Mən onu üç gecə-gündüz yatmağa qoymamışam. Nəhayət o, aldandı və üzləşməyə razılıq verdi. Onun ayrı bir çarəsi qalmadı. Bizim üçün işləməsəydi, necə deyərlər, bu tərəfdən qovulmuş, o tərəfə isə əli çatmamış adam çevrilərdi. O, istər-istəməz işə qarışıb Siyasi İdarənin göstərişinə əsasən, Şayəqan, Abdulzadə, Seyid Həmzə, Ağazadə və sairlərin həbsə alınmasının müqəddiməsini hazırladı. O, olmasaydı, şübhəsiz ki, Təbriz təşkilatı girə keçməzdi və siyasi məhbusların vəziyyəti bu mərhələyə çatmazdı.

İkinci tip Tacbəxş və ona yaxın olan adamlardan ibarətdir. Bunlar əzab-əziyyət, işgəncə, qaranlıq otaq və s. olmadan da polisin etimadını qazanmaq xatirinə öz yoldaşlarının ayağı altında dərin quyu qazırdılar. Tacbəxş lap ilk gündən etibarən, polkovnik Paşa xan ilə sazişə girdi. Onu Şəban, Musa və digərləri ilə müqayisə etmək olmaz. O, düşüncəli, dünyagörmüş, siyasi bir adam idi. İkitərəfli işləyən polis oğruları kimi öz yaxın tanışlarını girə vermək üçün xəfiyyə polisi ilə birlikdə zindandan çıxıb gedirdi. Dadizadə Ənzabi deyirdi ki, Tacbəxş “Ruzi nəvar” kafesinin yanında bizi tanıdı və polisə göstərdi.

İranbanın dəstəsinə daxil olan adamların bəzilərini də həmin təhlükəli tiplər sırasına daxil etmək lazımdır. Bunlardan bəziləri çox çirkin hərəkətlər etmişlər. Hətta öz yoldaşları bunların haqqında nələr danışırdılar…

İranban və Şahzadə Xaqani dəstəsinin tutulduğu birinci gün mən iki nömrəli müvəqqəti həbsxanada idim. Bu hadisə mən tutulandan bir il sonra baş vermişdir. Onların sayı çox idi. Mən casusluq ittihamı ilə tutulmuş bu siyasi adamların rəftar və davranışlarına diqqət yetirirdim. Doğurdan da məəttəl qalmalı idi. Onlar çalır, oynayır, bir-birlərinin otağına gedib, biri-digərini təbrik edir, zarafatlaşır və hay-küy salırdılar. Onlar bir-birlərinə deyirdilər ki, qalib gəlmişik, polis ilə razılaşmışıq,öz hökumətimiz ilə əməkdaşlıq edəcəyik, bizə böyük işlər və vəzifələr tapşıracaqlar.

Hətta onlardan bəzisinə məhkəmə qurtardıqdan sonra dərhal polis idarəsində işə başlamalarına dair hökmlərdə verilmişdi. İranbanın özünə “birinci polis” ləqəbi və rütbəsi verilmişdi.

İstintaq və müvəqqəti həbs dövründə onlara araq, tiryək gətirilir, və digər çirkin hərəkətlər üçün şərait yaradılırdı. Kamran onların hamısı ilə dost olmuşdu. Onlar gecə-gündüz xalqa quyu qazırdılar. Axmaqcasına belə düşünürdülər ki, öz təşkilatlarını polisə daha geniş göstərdikləri təqdirdə, günahlarıda bir o qədər az olacaq. Onlar belə xəyal edirdilər ki, siyasi ittihamlar adi xəyanətlər kimidir. Ədliyyə tərəfindən müəyyən olunan cəza guya bütün müttəhimlərin arasında bölüşdürüləcəkdir.

Bu boş xəyallarla onlar özlərinə çox dərin bir quyu qazmışdılar. O quyuya isə hamıdan əvvəl özləri düşdülər. Göstərdikləri “böyük” xidmətlər əvəzinə edam və ağır həbs cəzalarından ibarət mükafat aldılar. Onlar iş-işdən keçəndən, işləri hərbi tribunalara göndərildikdən sonra polisi tanıdılar.

Bu dəstəyə daxil olanlardan bir-iki nəfəri istisna etmək şərti ilə qalanları məhkəmə zamanı çox zəlil və alçaq hərəkətlərə yol verərək prokurora acizliklə yalvarıb və iltimas etməkdən belə çəkinmədilər. Məhkəmə müttəhimlərdən heç də yaxşı olmadığına görə onlara özlərini müdafiə etmək haqqı, danışmaq icazəsi də vermədi. Onlar yalnız son müdafiələrini yazılı surətdə məhkəmə rəisinə təqdim edə bildilər. Bu yazılar isə əsla oxunmadı. Məhkəmə rəisi demişdi ki, bütün qüvvələrin baş komandanlığının əmri hər hansı qanundan yüksək sayılır. Müttəhimlərin mühakiməsi, onların məhkəməyə aparılması və zindana qaytarılması işləri həqiqətən dəhşətli idi. Altmış-yetmiş nəfər müttəhimi yüz əlli nəfər əsgərin mühafizəsi və müşayiəti ilə məhkəməyə aparırdılar. Hərbi nazirlik binasının ətrafını qoruq etmişdilər. Hərbi məhkəmə tam dəbdəbə ilə təşkil olundu. Prokuror isə könlü nə istəyirdi, onu deyirdi. Vəkillər məhdudlaşdırılmışdı. Onlar müvəkkillərinin müdafiəsi haqqında artıq danışdıqda, məhkəmə rəisi dərhal sözü kəsir, mövzudan kənara çıxmasını bəhanə edərək danışığa son qoyurdu. Müttəhimlərin arvad-uşaqları hərbi nazirliyin ətrafındakı küçələrdə ürək döyüntüsü ilə dayanıb, qollarına zəncir vurulmuş adamlarını görmək və məhkəmənin nəticəsindən xəbərdar olmaq istəyirdilər.

Məhkəmə çox kəskin qərar çıxartdı. Qırx nəfər edama, qalanlar isə üç ildən on beş ilədək həbs cəzasına məhkum olundular. Haqqında edam hökmü çıxarılan adamlardan iki nəfəri hökmü eşidən kimi dəli oldu. İranban və Şahzadə Xaqani hökm həyata keçirilən zaman təbii vəziyyətdən çıxmışdılar. Zəndini dəlilər evinə göndərdilər. Digərləri isə təqribən qeyri-adi hala düşdülər. Buna baxmayaraq, onların əməllərini davam etdirənlər, yenə də öz hərəkətlərindən əl götürməyərək zindanda polisə yaxınlaşır, yerlərini şirin salmaq üçün casusluq və xəbərçilik edirdilər.

Xainlərin digər tipi ikitərəfli işləyənlər idi. Onlar həm Polis idarəsini əldə saxlamaq, həm də məhbuslar daxilində özlərinə hörmət qazanmaq istəyirdilər. Bu tip mühafizəkar olduğu üçün, çox təhlükəli idi. Çünki açıq və aydın surətdə polis tərəfinə keçmiş adamların təklifi məlum idi. Lakin bunlar ikiüzlülük edir, özlərini başqalarına yaxınlaşdırır və adamların etimadından istifadə edərək həssas vaxtlarda bəzi məsələləri Siyasi İdarəyə çatdırırdılar.

ZİNDAN CASUSLARI

Mən mərkəzi zindanın yeddinci koridorunda yaşayırdım. İki nömrəli müvəqqəti həbsxanadan əlavə mərkəzi zindanın ikinci, dördüncü və yeddinci koridorlarında da yaşamışdım. Bu koridorlar keçmiş üsuli-idarənin siyasət mərkəzinin ən həssas nöqtəsi idi. Biz siyasi məhbusların başlıca nümayəndəsi hesab edilirdik. Hətta Teymurtaşı, hərbi nazir Sərdar Əsədi və digər hökumət müttəhimlərini bizim yanımıza gətirməyə cürət etmirdilər. Polis məqamları tərəfindən göstərilən hər hansı təzyiq və işgəncə tədbiqləri ilk dəfə bizə tətbiq olunurdu. Zindanda işləməyə gələn hər hansı yeni qulluqçu öz iqbal və taleyini bizim müqəddəratımız üzərində sınaqdan keçirirdi. Siyasi İdarə işçilərinin heç biri bizim işlərimizə qarışmadan tərəqqi edə bilmir, rütbə və dərəcə əldə etməyə nail olmurdu. Zindan rəisi Rasix sərhəng Giqoya belə demişdi: “Bu qapıların arxasına qanlı əllər basılmışdır. Mən onlara yaxınlaşıb orada yaşayan adamlarla danışa bilmərəm”.

Beləliklə, üzərimizə qoyulmuş həmin siyasi ad nəticəsində biz polislər və bəzi məhbuslar üçün bir növ dükana (alverə) çevrilmişdik. Görüşünün xüsisi şəklə düşməsini, tək kamerada yaşamaq, azad tiryək çəkmək, bütün koridorları azad dolanmaq, bir kasa süd və ya iki yumurta almaq, zindan daxilindəki müəssisələrdə işləmək, heç olmasa nəzarətçi və ya xörək paylamaq vəzifəsinə keçmək, çayçılıq edib məhbusları soymaq, bir sözlə başqalarının bədbəxtliyindən istifadə etmək istəyən bütün adamlar üçün ancaq bir vasitə, bir sadə yol var idi ki, o da bizə göz olmaqdan ibarət idi. Zindan məmurları məhbusların zindana gəldikləri birinci gündən bu yolu onlara göstərirdilər. Qısa sözlə desək, alış-veriş vasitəsinə çevrilmişdik. Hamı yalnız bizə əzab-əziyyət vermək yolu ilə zindan məmurlarından müəyyən güzəştlər ala bilirdi. Hətta sonralar iş o yerə gəlib çatmışdı ki, biz ikilikdə bir-birimizlə danışa da bilmirdik. Fərruxini demək olar ki, əxlaqsız və cəfəng qoca, ərbab Güdərzi ölümə verdi. Bədbəxt şair öz həmyerlisinə inanaraq təzə şeirlərini onun vasitəsi ilə kiməsə çatdırmaq istəmişdi. O isə namərdcəsinə uzun-uzadı bir raportla birlikdə həmin şeirləri zindanın rəisinə çatdırmışdı. Şeirlər məzəli, ciddi, eyni halda təsirli və kəskin idi. Bu şeirlər əldən-ələ keçərək, nəhayət, şahın əlinə çatmışdı. Beləliklə, Fərruxinin öldürülməsi haqqında fərman verildi.

Mötəbər bir adamın dediyinə görə, məhbusların son ümümi aclıq elan etmələri haqqındakı xəbəri Lapidus və ayrı bir tanınmış məhbus polisə raport vermişdi. Lapidus göstərdiyi həmin xidmətə görə zindan çayxanasına başçı təyin edildi. Digərinin haraya aparıldığından isə xəbər tuta bilmədim.

Məhbusların kitab, qələm, kağız və s.-dən istifadə etmələrinin qadağan olunması “…” nin raportunun nəticəsi idi. Bir sözlə, qeyd etməliyik ki, zindandakı casus tipləri kəmfərasət, zərərli və təhlükəli idilər. Məhrumiyyətlərimizin çoxu həmin tiplərin əli ilə törənirdi. Zindanın rəisi açıqcasına deyirdi: “Füzul olmasa şah qalanın içində nələr baş verdiyini haradan biləcəkdir”.

Zindanda füzul çox idi. Onlar isə hamıdan artıq məhz bizə əzab və əziyyət törədirdilər.

ZİNDANDA QALMALI OLDUM

Neçə ay davam edən istintaqın sona çatmasından sonra məni nisbətən təmiz olan səkkiz nömrəli otağa köçürdülər və onun qapısını açıq qoydular. Lakin başqa məhbuslarla əlaqə yaratmağımı qadağan etmişdilər. Bu zahiri bir hədə-qorxu idi. Bu işin əməli olmadığını özləri də, yəni zindan məmurları da yaxşı başa düşürdülər.

Casuslar hər gün ardıcıl surətdə öz raportlarını verirdilər. Bundan başqa, otağımı dəyişənlər özlərinin gizli bir casusunu da məhbus kimi qələmə verərək, ona tapşırmışdılar ki, məni gözdən qoymasın. O, qəribə bir adam idi. Boyu uca, üzü arıq, sifəti sarı və çimçəşdirici, dişləri isə qurt yemiş və qaralmış idi. O, oruc tutur və namaz qılırdı. Mən isə onu ilk gündə tanımışdım. O, öz pis təbiətini gizli saxlaya bilmirdi. Mənim üçün o, böyük bir maneəyə çevrilmişdi. Nəhayət, onu tanıdığımı özünə başa salmaq qərarına gəldim. Bununla özümü əzab və əziyyətdən xilas etmək istəyirdim. Çünki Siyasi İdarə polis özünü gizlədə bilmədikdə, dərhal onu əvəz edirdilər. Buna görə də mən ona açıqca dedim: “Gözümün qabağından get, əgər səni Siyasi İdarə göndərmişsə, döş nişanını mənə göstər ki, öz təklifimi başa düşüm”.

Digər bir casus həmin məsələni dərhal Siyasi İdarəyə çatdırmışdı. Buna görə də həmin gün axşam çağı Təhmasibi adlanan bu ağanı zindandan çıxarıb apardılar. Deyilənə görə, 1304- cü ildə (1925-1926-cı illər) ağayi Müsəvinin dəstəsini də həmin adam girə salmışdı. Az qalmışdı ki, onları da edam etsinlər.

1310-cu ilin fərvərdin və ordibeheştini (1931-ci ilin aprel və may ayları) intizarla keçirdim. Bir tərəfdən, taleyimlə barışaraq digər məhbuslar kimi öz mühitimin kiçik və məhdud hadisələri ilə başımı qatıdım. Digər tərəfdən isə hər saat zindandan azad olacağımın intizarını çəkirdim. Hətta Füruzeş özü də demişdi: “Bu haqda saraydan məktub yazmışlar. Biz müxalif olmasaq sizi buraxmaq olar. Hələlik biz də müxaliflik göstərmirik. Yalnız nəzmiyyə rəisinin Gorgandan16 qayıtmasını gözləyirik.

Bu, heç də yalan deyildi. Keçmişdə etdiyi yaxşılıqlarından danışdığım adam mənə buraxılmağım üçün müqəddimə hazırlanması haqqında sifariş də göndərmişdi. O, Ayrum gələndən sonra zindandan buraxılmağımı bildirmişdi. Hətta bir gün Nəsrullah İsfəndiyari həmin hökmü mənə göstərərək dedi: “İş qurtarmışdır. Ancaq heç bir siyasi işə qarışmayacağın haqqında iltizam verməlisən”.

Bütün bunlara baxmayaraq, mən şübhə edirdim. Belə sadəlikdə həbsdən buraxılacağıma inana bilmirdim. Ayrumun qayıtması qurban gününədək uzandı. Keçmiş adətim üzrə həmin gün səhər tezdən otaqdan çıxıb həyətdəki hovuzun kənarında idman etmək istəyirdim. Purafər hələ yatmışdı. Dəbir dəstəmaz alırdı. Sərhəng Giqo primusu yandırıb çay qoymaq istəyirdi. Zahirdə məhbusların həyatı adi vəziyyətdə davam edirdi. Baharın havası yüngül və ruhu oxşayan idi. Adam zindanın məhdudiyyətlərini az qala unutmaq istəyirdi. Qış fəslindən fərqli olaraq günəşin şüaları zindanın dərin həyətinin divarları üstünda oynayır, qəmgin ürəkləri sevindirirdi. Həmin günün mənim üçün ağır saatlardan biri sayılacağını hələlik bilmirdim. Hələ əl-üzümü yuyub qurtarmamışdım ki, “D” əl-ayağını itirmiş bir şəkildə yanıma gəldi. O günlər biz bir-birimizlə danışmırdıq. Lakin ciddi işlər zamanı bu cür müvəqqəti küsülü hallarının təsiri ola bilməzdi. O, “bilirsən nə olub, xəbərin var?” – deyə həyəcanla mənə müraciət etdi.

– Nə xəbər var? Nə olmuşdur?

– Gecə yarısından təxminən bir saat keçmiş neçə nəfər təzə məhbus gətirdilər. Deyilənə görə, onlar da siyasi motivlə təqsirləndirilmişlər.

– Burada pis bir iş yoxdur. Siyasi müttəhimləri olmayan bir ölkə nəyə lazımdır. Siyasi müttəhimin olması özlüyündə millətin siyasi şüurunun yüksəldiyini göstərir. Məlumdur ki, ölkədəki işlər adi qayda ilə cərəyan etmir. Xoşagəlməz hadisələr çoxdur və günü-gündən artır. Bunun əksi baş versə idi, onda təəccüblənmək olardı.

“D” dedi:

– Axı bu işin sənin və mənim zindandan buraxılmağımızda təsiri ola bilər?

Mən dedim:

– Bu təsir kimlərin nə kimi ittihamlarla tutulmasına bağlıdır.

Söhbətimiz hələ qurtarmamışdı ki, birdən-birə zəng çalındı. Polkovnik Paşa xan gözlənilmədən daxil oldu. O, digər otaqlara diqqət yetirmədən birbaşa təzə gətirilən məhbusların otağına girdi. Azacıq fasilədən sonra, təzə məhbuslara bir qədər siqar və kibrit gətirilməsi haqda göstəriş verdi. Biz isə keçmiş adət üzrə dağıldıq. Hər kəs öz otağına gedib qapıları bağlayıb oturaraq gələcəkdə hadisələrin necə olacağını gözləməyə başladı. Biz belə xəyal edirdik ki, keçmişdə olduğu kimi yenə də gedəcəkdir. Lakin bu fikir düzgün çıxmadı. Ağayi polkovnikin həmin otaqda dayanması bir saatdan artıq çəkdi. O, kağız və karandaş da tələb etmişdi. Biz təqribən öz vəziyyətimizi başa düşmüşdük.

Polkovnik otaqdan çıxıb getdikdən sonra, mən maraqlanaraq özümü bir təhər təzə məhbusların saxlanıldığı kameraya çatdırdım. Orada ağayi Tacbəxşi gördüm. Biz bir-birimizi yaxşı tanıyırdıq. Paşa xan isə həmin kamerada yubanmışdı.

Mən dedim: “Tacbəxş, nə var nə yox? Paşa xan səndən nə istəyirdi? Səni nə üçün həbs etmişlər? Nə hadisə baş verib?”

Onu öz bacısı oğlu ilə birlikdə, müəyyən qonaqlıqda tutub, ev sahibi və onun başqa dostları ilə bir yerdə zindana gətirmişdilər. Çox əl-ayağa düşmüşdü. Nəzərə xoflu görünürdü. Bəlkə də özünü bu şəkildə göstərmək istəyirdi.

Mən Paşa xan haqqındakı sualımı təkrar etdim. O, cavab vermək istəmirdi.

Dedim:

– Tacbəxş, axı Paşa xan bu qədər dayanan adam deyildi. O, belə işlər görməz. Bütün zindanda cəmi beş-altı dəqiqədən artıq dayanmazdı. De görüm, nə hadisə baş verib, gözlə, nahaq yerə camaat üçün narahatlıq törətməyəsən.

– Yox baba, məgər uşaqsan? Mən sizi nə üçün zəhmətə salım? Paşa xanın mənimlə ailəvi qohumluğu vardır, əhvalımı soruşurdu… – dedi.

– Tacbəxş, mən səninlə öz tanışlıq borcumu yerinə yetirdim. Şübhəsiz ki, hər kəs öz işini daha yaxşı bilir.

– Onların haqqında nigaran olma. Bəlkə də indiyədək onları buraxmışlar. Gözlə, elə bir iş görməyəsən ki, adamları səbəbsiz olaraq tutub, zəhmətə salsınlar.

Tacbəxş çoxlu and-aman içib sən öl, mən ölüm deməklə söz verdi ki, adamların haqqında əsası olmayan və mənasız sözlər dilinə gətirməyəcəkdir.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺67,51
₺135,03
−50%