Kitabı oku: «Ana ürəyi»

Yazı tipi:

ANA ÜRƏYI
(Xəyalpərvər qatilin ifadəsindən seçmələr)

I hissə

Sənətin gücü içində gizlənmiş əzabla ölçülür. Həqiqətən də, kim ki, əzab çəkməyib, onun deməyə sözü yoxdur.

Con Apdayk

Onunla universitetin kitabxanasında tanış oldum. Mən kitabxanadan çıxırdım, o, kitabxanaya girirdi. Qapının ağzında möhkəm toqquşduq. Deyəsən, ikimizdə tələsirdik. Qucağımızdakı kitablar yerə töküldü. Eyni vaxtda ikimiz də yerə əyildik. Paltarının ətəyi mənə toxundu. Bu təmas, qızın nəfəsi qəlbimin dərinliklərinə nüfuz etdi. Onun uzun, hamar saç-larından bir neçə şıltaq tel ayrılıb taleyin əmri ilə mənim köynəyimin düyməsinə dolaşdı. Nə dərəcədə həyəcanlı olduğumu demək yəqin ki, artıqdır. Əllərim əsir, ürəyim şiddətlə döyünür, yanaqlarım və qulaqlarım od tutub yanırdı. Buna baxmayaraq, o həyəcanlı dəqiqələrdə qızın hansı kitabları oxuduğunu da görə bildim. Yerə tökülmüş kitabların arasında Hötenin “Gənc Verterin iztirabları” əsərinin yeni nəşr olunmuş nüsxəsi var idi. Bu kitabı görməklə həyəcanım daha da artdı. Nəhayət ki, mən romantik bir qıza rast gəlmişdim. O mənə çox yaxın dayanmışdı. Nəfəsi sifətimə toxunurdu. Mən onun dərisinin, saçının qoxusunu hiss edir, ürəyinin döyüntüsünü eşidirdim. Hər ikimiz bir-birimizə “lütfən bağışlayın, çox-çox üzr istəyirəm” deyə-deyə, kitabları yerdən götürürdük. Qız məndən daha tez ayağa qalxdı. Bu zaman köynəyimin düymələrinə dolaşmış saçları dartıldı. Xəfif, amma gözlənilməz ağrıdan onun sifətində elə gözəl ifadə yarandı ki, mən bu gözəllik qarşısında az qala huşumu itirəcəkdim. Elə bil yuxu görürdüm. Yox, heç yuxuda da ağlıma gəlməzdi ki, “Gənc Verterin iztirabları” əsərini oxuyan bir qızın nəfəsi mənə toxunacaq, onun saçları köynəyimin düyməsinə dolaşacaq. Mən o vaxta qədər heç bir qadınla bu qədər yaxın olmamışdım. Bu o deməkdir ki, mən qadınlarla heç danışmaq qaydasını da bilmirəm. Gəncliyimin ən enerjili illərini xəyallar qurmaqla keçirirdim. Ancaq bir arzuyla yaşamışam, bəlkə, nəhayət, mənim də bəxtimə bir qadın düşəcək. Bu arzuyla yaşaya-yaşaya neçə dəfə aşiq olduğumu bilsəydiniz!


-Kimə?

–Heç kimə. Öz-özlüyümdə uydurduğum xəyal pərisinə. O pəriyə ki, gecələr yuxuma girir… Mən öz aləmimdə saysız-hesabsız romanlar yaradıram. Mən xəyalpərəstəm. Həqiqi həyatdan o qədər uzağam ki, o xoşbəxt anları ömrümün ən nadir, ən gözəl anları hesab edirəm. Hər bir ürək arzu etdiyi şeyləri əhatə olunduğu aləmdən almalıdır. Mən isə ətrafımla zəruri olan əlaqəyə heç cür girə bilmirdim. Tək qalmaq, başa düşürsünüzmü, tamamilə tək qalmaq, qadınlarla bağlı hətta ən kiçik arzulardan belə məhrum olmaq, hər şeydən əlini üzmək, doğrudanda, dəhşətlidir…

Mən hər şey haqqında xəyal qururam. Məsələn, əvvəlcə cəmiyyət tərəfindən rədd edilən, sonra isə böyük şöhrət qazanan bir şair xəyalımda canlanır. Daha sonra bu şair qış gecəsində isti, rahat bir evdə, yumşaq yataqda knyaginya Şerbatskaya üçün təzə yazdığı şeirini oxuyur. Mən xəyallarımı istədiyim rənglərlə boyaya bilirəm. Bu zaman gözlərim yaşarır, sifətim od tutub yanır, ürəyim şiddətlə döyünür. Səhəri gün yorğun, əzgin halda yataqdan qalxıram. Bu cür xəyallardan sonra həyatın reallıqları ilə qarşılaşmaq dəhşətli dərəcədə çətindir.

Bir dəfə mən yenə də öz xəyallarımı əlvan rənglərlə boyamaqla məşğul idim. Mən özümü gözəl bir çəmənlikdə təsəvvür edirdim. Həmin çəmənlikdə o qədər gözəl kəpənək vardı ki, uçanda qanadları bir-birinə toxunurdu. Mən öz sevimli pərimə çələng hörmək üçün gül-çiçək yığırdım. Bu zaman qapı möhkəm döyüldü. Az qala dəli olacaqdım. Qapını döyən su pulu yığan idi. Sonuncu dəfə xəbərdarlıq etdi. Dedi ki, borc üç günə ödənilməsə, suyumuzu kəsəcək…

Mən anadangəlmə qorxaq, utancaq, çəkingən idim. Zaman eybəcər olduğumu mənə sübut etdikcə, ildən-ilə daha çox utancaq olurdum. Zahiri görünüş önəmli məsələdir və onun qədər həyat yolumuza təsir edən ikinci bir məfhum yoxdur. Xarici görkəmimdən narazılığım, öz yaraşıqsızlığıma olan inamım məni real həyatdan uzaqlaşmağa, öz xəyal dünyama daha da dərindən baş vurmağa vadar edirdi. Yaraşıq mənə başqalarının qəlbini asanlıqla ələ almaq üçün lazım deyil, ona görə lazımdır ki, yaraşığın özündə bir qürur var. Yaraşıqlı olmasan, qadınlar qarşılarında kimin olduğunu əsla başa düşməzlər. Bir tərəfdən də, belə düşüncələr məni sevindirirdi. Mən günahkar deyildim, sadəcə doğulduğum gündən taleyimin belə gətirdiyinə görə bədbəxt idim. Halbuki, təbiət və yaxud tanrı məni bir balaca yaraşıqlı, bir balaca cəsarətli yarada bilərdi. Mənim məşğuliyyətim tək oturub birbiriylə rabitəsi olmayan arzu və düşüncələrə dalmaqdan, heç bir məqsədsiz küçələri gəzməkdən, güzgüdə özümə baxmaqdan ibarət idi. Güzgüdən həmişə ağır kədər hissi ilə uzaqlaşırdım. Mən bir daha, növbəti dəfə xarici görkəmimin bərbad olduğuna əmin olurdum…


Mən çox vaxt özümü bütün bəşəriyyətin rifahı üçün yeni həqiqətlər kəşf etmiş böyük bir adam kimi təsəvvür edirdim.Mənim həyatım zahirən adi keçirdi, lakin daxilən bir dəqiqə rahatlığım yox idi. Həmişə təşviş içərisində yaşayırdım. Bununla belə, nədənsə gözləyirdim ki, sabah yer üzündə fövqəladə gözəl çiçəklər açılacaq, hardansa çox mədəni, gülərüz insanlar gələcək, xoş hadisələr baş verəcək. Mən özümü yaşıdlarımdan ağıllı hesab edirdim, ona görə də mənim yoldaşlarım yox idi. Yaşıdlarımın arzuları, istəkləri mənə çox bayağı görünürdü. Onların qadınlar haqqında söhbətləri mənə dözülməz və iyrənc gəlirdi. Yaşıdlarım hər addımda mənə sataşır, məni bakir adlandırırdılar. Bir neçə dəfə məni özləri ilə saunaya, gecə klubuna, əxlaqsız qadınların yığışdıqları digər məkanlara aparmaq istəmişdilər. Heç cür razı olmamışdım. O cür yerlərə qətiyyən gedə bilməzdim. Ümumiyyətlə, qadınla fiziki yaxınlıq edə biləcəyim haqda düşünməyin özü belə mənim üçün həddən ziyadə ağır idi. Mən bu prosesə hazır deyildim. Bu cür davranışlarıma görə yaşıdlarım mənə daima gülürdülər. Onlar əllərinə pul düşən kimi əxlaqsız qadınların yanına qaçır, səhərisi gün universitetin bufetində bütün prosesi ən xırda detallarına qədər bir-birilərinə nəql edirdilər. Bütün bu söhbətlərlə onlar mənim xəyal dünyamı təhqir etməkdə idilər. Mən məhəbbətin kitablarda olduqca şirin və cazibədar şəkildə təsvir olunan gözəlliklərini duymaq istəyirdim. Buna görə öz xəyal dünyamı, düşüncələrimi, bədənimi təmiz saxlamağa, şəhvətdən qorumağa qəti söz vermişdim. Mənim qəlbim məhəbbətlə o qədər dolu idi ki, bu məhəbbətin çölə çıxması üçün kiçik, real bir yaxınlıq kifayət idi. Qarşıma çıxacaq qadın üçün hər bir fədəkarlığı etməyə özümü çoxdan hazırlamışdım. Mən özümü təmiz sevgi, ilahi eşq üçün yaranmış bir insan hesab edirdim. Mən öz xəyal dünyamı ötəri əyləncələrlə ləkələyə bilməzdim. İlahi eşq üçün yaranmışlar özlərini şəhvətin qurbanına çevrilməkdən qorumalıdırlar…

Mən heç cür real dünyayla zəruri əlaqəyə girə bilmirdim. Belə olduqda kədərlənir, depressiyaya düşür, təkliyə qapanır, heç kimlə danışmırdım. Qadının, sevginin mənimçün yaranmadığını, arzumun gözümdə qalacağını, ömrümün sonuna qədər özgələrinin səadətinin tamaşaçısı olacağımı düşünürdüm. Həqiqi, real həyatı əvəz edən xülyalarla yaşayırdım. Xülyalar dünyasında hər şey mənimçün asan və rahat idi. Orda heç kim məni incitmirdi. Heç kim mənə gülmürdü. Xülyalar dünyasında mən asanlıqla istədiyim adama çevrilirdim. Təkcə özümə aid olan hisslər, fikirlər, xəyallar dəryasında ağ yelkənli gəmimlə boşluqlara qədər üzürdüm. Bütün gücümü itirirdim. Mən xəyalsız yaşaya bilmirdim. Hər fürsətdə, sakit bir yer tapan kimi gözlərimi yumur, öz zövqümə uyğun planlar cızır, gələcəyin gözəl rəsmini çəkirdim. Orada hamı mehriban, şən, qayğısız idi. Heç kim heç kimi incitmirdi. Heç kim heç kimin xətrinə dəymirdi. Heç kim tək deyildi. Hamının öz zövqünə uyğun sevgilisi vardı. Bir adam belə intihar haqqında düşünmürdü. Bütün xəstəliklərin dərmanı tapılmışdı. Özü də bu dərmanlar heç də acı deyildi. Bütün dərmanlar şirin idi. Polislər rezin dəyənəklə gəzmirdilər. Onların əlində həmişə gül dəstəsi olurdu. Şıltaqlıq edən adamın kürəyinə gül dəstəsiylə yavaşca vururdular, bununla da həmin adam səhv etdiyini başa düşərək, hamıdan üzr istəyirdi. Mənim xəyal dünyamda terror, uşaq evləri, tətillər, aclıq, edam cəzaları yoxdur. Hamı hər şeydən razıdır. İnsanların ən böyük məqsədi yaxşılıq etməkdir. Mənim xəyal dünyamda heç kim xəz palto geyinmir. Heç kim timsah dərisindən hazırlanmış çantayla gəzmir. Birləşmiş Millətlər Təşkilatı, Qırmızı Xaç, Sərhədsiz Reportyorlar, heyvan hüquqlarını qoruyan bütün təşkilatlar ləğv olunub. Çünki mənim dünyamda bu təşkilatlara bir qram da ehtiyac yoxdur. Mənim dünyamda ev heyvanları prezident, parlament, bələdiyyə seçkilərində iştirak edirlər. Hər bir ev heyvanının seçkilərdə iştirakı vacibdir. Heyvanların rahat və təhlükəsiz şəkildə nəsil artırmaları üçün xüsusi doğum evləri tikilir… Bəzən mənim xəyallarım bütün sərhədləri aşaraq absurda çevrilirdi. Bunun isə yalnız bir səbəbi vardı – mənim xoş niyyətim. Mən istəyirdim ki, xəyal dünyamda hər kəs özünü xoşbəxt, qayğısız, şən hiss etsin. Bir canlı belə diqqətdən kənarda qalmasın. Hər bir canlı öz istedadını ifadə edə bilsin. Bütün arzular vaxtında həyata keçsin. Gələcəyin rəsmini çəkmək nə qədər xoş olsa da, o qədər də asan deyil. Mən çoxlu enerji itirirdim. Bəzən oturduğum, uzandığım yerdən qalxa bilmirdim. Xəyallar bütün gücümü alıb aparırdı. Daha sonra real həyatın dağ boyda kədəri yavaş-yavaş üstümə çökərək məni əzirdi. Mən real dünyanın nəhəng kədəri altında sınan bel sümüyümün, ayaq, çiyin, qol sümüklərimin səsini öz qulaqlarımla eşidirdim. O cür əlvan xəyallardan sonra kobud, qəddar, əzməyə, alçaltmağa, təhqir etməyə fürsət axtaran adamların arasına qayıtmağa məcbur idim. Həyat özü bunu diktə edirdi. Bütün hallarda mən bu dünyada yaşayırdım. Bu məcburiyyət bir xəyalpərvər kimi məni təhqir etməkdə idi. Mən bütünlüklə özümü xəyal dünyama həsr etmək istəyirdim. Mən yalnız gələcəyin rəsmini çəkdikdə rahatlıq tapa bilirdim. İzdihamlı şəhərin tən ortasında, saysız-hesabsız tələbələrin arasında düçar olduğum tənhalığın ən şiddətli, ürəksıxan anlarında yalnız gələcəyin rəsmini çəkməklə bir az nəfəs ala bilirdim. Mən tez sakit bir yer axtarıb tapır, gözlərimi yumub öz xəyal dünyama girirdim. Sakit yer tapmadıqda isə elə adamların arasındaca gələcəyin rəsmini çəkirdim. Məni real dünyaya qayıtmağa məcbur edən təbii ehtiyaclarım idi. Nə etməli, mən mələk deyildim, insan idim. Təəssüf ki, mən yemək yeməli, su içməli idim. Təbii ehtiyaclarım məni insanlarla ünsiyyətə girmək məcburiyyəti qarşısında qoyurdu. Tualetə getdikdə isə özümü dərindən təhqir olunmuş hesab edirdim. Tualetə nifrət edirdim. Çünki ayaqyolu mənə mələk deyil, insan olduğumu gündə bir neçə dəfə birbaşa sübut edirdi. Mən öz təbii ehtiyacımı ödəyərkən başımı dik tutmağa, qasıq hissəmə baxmamağa çalışırdım. Cinsi orqanımı görmək istəmirdim. Cinsi orqanımı görmək xəyal dünyama rahatlıqla girməyə mane olurdu. Mən hətta çiməndə də bədənimin biədəb yerlərini görməməyin yolunu tapmışdım. Alt paltarımı əynimdən çıxarmırdım. Düzünü bilmək istəsəniz, mən mələk olmaq istəyirdim. “Dovşan” uşaq malları mağazasından özümə ağ, yumşaq mələk qanadları almışdım. Evdə tək olduqda mən bu qanadları geyinir və kitab oxuyurdum. Əsərlərdə oxuduqlarıma oxşayan şəxslərə heç bir yerdə rast gəlmədikdə, bir an olsun belə şübhə etmirdim ki, onlara hardasa, nə vaxtsa mütləq rast gələcəm. Vasvası bir adam təbabət haqqında kitab oxuyub mümkün olan bütün xəstəliklərin əlamətlərini özündə tapdığı kimi, mən də hər bir romanda təsvir olunan bütün müsbət xarakterlərin, qəhrəmanların mənə oxşadıqlarını düşünürdüm. Oxuduğum əsərlərin təsiri ilə mən özümü insanlara azadlıq bəxş edən sərkərdə, yetimləri, dulları, bakirə qızları, kasıbları zalımlardan qoruyan cəngavər, gözəl mənzərələr çəkən yaraşıqlı bir rəssam kimi təsəvvür edirdim. Belimdə yumşaq, ağ mələk qanadları kitab oxuyarkən mən özümü tamam unudur, bütünlüklə özümü əsərdə cərəyan edən hadisələrin içində hiss edirdim. Bu zaman mən sevimli qəhrəmanlarıma görə bərk həyəcan keçirir, ürəyim döyünür, tərləyirdim. Əsərin içinə girib sevimli qəhrəmanlarımı, əsərdəki müsbət insanları onları gözləyən bəlalardan, təhlükələrdən xəbərdar etmək istəyirdim. Ağ, yumşaq qanadlarımla kasıb, kədərli otağımdan ən ağlasığmaz yerlərə uçurdum. Orta əsrlərə qayıdıb gözəl saraylarda, ətirli bağlarda gəzirdim, yelkənli gəmilərdə üzürdüm, cəngavər yarışlarında iştirak edirdim. Mən daha çox cəngavərlərdən bəhs edən əsərləri, bir də nağılları sevirdim. Andersenin, Qrimm qardaşlarının nağıllarını o qədər oxumuşdum ki, hamısını əzbərləmişdim. Nağıllardakı dünya mənim xəyal dünyama çox bənzəyirdi. Mən nağıllardakı itləri, atları, ördəkləri, pişikləri özümə dost elan etmişdim. Onlar mənim üçün ən yaxın, ən doğma canlılar idilər. Yenə də deyirəm: nağıllar dünyasından ayrılıb real dünyaya qayıtmaq mənim üçün dəhşətli dərəcədə əzablı idi. Təhqir olunmaqdan daima qorxduğum üçün mən adamlarla əlaqə saxlamağı yadırğamışdım. Yaşıdlarımın təşkil etdikləri şənliklərdə, universitet tədbirlərində, bayramlarda heç cür iştirak edə bilmirdim. Bir neçə dəfə cəhd etdim. Alınmadı. Hamı üçün xoş bir gündə,hər kəsin sevindiyi, şənləndiyi anlarda öz varlığımın əhəmiyyətsizliyini xüsusən kəskin hiss edirdim. Bu böyük faciədir. Hami şənlənir, söhbət edir, sən isə heç kimə qoşula bilmirsən. Mən səs-küydən, bayramlardan, şənliklərdən qorxaraq evə qaçırdım. Otağıma girərək qanadlarımı belimə taxıb sevimli nağıllarımı oxumağa başlayırdım. Ünsiyyətə girə bilmədiyim, qorxduğum adamlardan uzaqlaşaraq nağıllar dünyasında rahatlıq tapırdım. Nağıllar dünyasındakı dostlarımla söhbət edirdim.

–Siz çox gözəl danışırsınız. Elə bil kitab oxuyursunuz. Belə bəlağətli danışmayın. Qayıdaq geriyə. Siz universitetin kitabxanasında tanış oldunuz…

–Bəli, mən kitabxanadan çıxanda, o, qapıdan içəri girirdi. İkimiz də tələsirdik, möhkəm toqquşduq. Qucaqlarımızdakı kitablar yerə töküldü. İkimiz də eyni vaxtda aşağı əyildik. Onun uzun, hamar, ipək kimi yumşaq…

–Aydındır. Sonra nə baş verdi?

–Sonra baş verənlər sanki yuxu idi. Kim öz yuxusunu başqasına danışa bilib? Hadisələri danışa bilərsən, hissləri, duyğuları isə ifadə etmək mümkünsüzdür. Sevginin elə qiyməti bundadır ki, hər kəsi- qatili də, diktatoru da, qəhrəmanı da, mənim kimi qorxaq, yaraşıqsız, çəkingən adamı da mükafatlandırır. Sevgi bir çiçəyə bənzəyir. Bu çiçək zibilxanada da, xaraba qalmış binanın damında da, gölməçə kənarında da bitə bilər. Mən onu çoxdan gözləyirdim. Taleyimin məni mükafatlandıracağına, bu dünyada məni sevən bir qadınla qarşılaşacağıma əmin idim. Yerə tökülən kitabların arasında “Gənc Verterin iztirabları” əsərini görməyim, onun uzun, hamar, ipək kimi yumşaq saçından bir neçə tükün mənim köynəyimin düyməsinə dolaşması əminliyimi artırdı. Biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss edirik. Tənha adamlar da belədir. Başqalarının tənhalığını hiss edirlər. Mən onun sifətinə baxdım. Bəli, o da mənim kimi tənha və romantik idi. Tale bizi görüşümüzdən əvvəl, hər birimizi ayrı-ayrılıqda kifayət qədər incitmişdi. İndi isə mükafat olaraq bizi görüşdürmüşdü. Özü də necə, xəyal dünyamıza uyğun olaraq. Kitabxanada, romantik bir abu-havada. Mən bizim toqquşmağımızı, kitabların yerə tökülməsini taleyin əmri hesab etdim. Ayağa qalxdıqda heç vaxt edə bilməyəcəyim bir hərəkət etdim. Mən özümü unudaraq onun tənhalıq, romantiklik yağan çöhrəsinə baxaraq dedim: “Bu sizsiniz, mən sizi çoxdan gözləyirdim”. Bu sözləri necə dediyimi hələ də anlaya bilmirəm. Bu sözləri demək mənim iradəm xaricində idi. Bu sözləri bir qızın çöhrəsinə baxaraq demək, mənim həyatda atdığım ən cəsarətli addım idi. Bəzən mən öz-özümə düşünürəm, doğurdanmı mən o sözləri söyləmişəm? Bəlkə heç belə bir şey olmayıb. Özümü dərindən tanıyan birisi kimi bəyan edim ki, elə bir sözü söyləməyim mümkünsüzdür. Amma doğrudan da, mən “Bu sizsiniz, mən sizi çoxdan gözləyirdim” sözlərini demişəm. Bunu sonralar o, dəfələrlə təsdiq edib. Biz ayaq üstə dayanmışdıq. Onun nəfəsi mənim sifətimi oxşayırdı. Nə fiziki, nə də ruhi olaraq, heç vaxt, heç bir qadını bu qədər yaxından və dərindən hiss etməmişdim. Nə isə baş verməli idi. Bütün bu olanlardan sonra biz səssiz-səmirsiz ayrıla bilməzdik. O, gözlərini yerə dikmişdi. Sonra mənə baxmaq istədisə də, bacarmadı. Üzünü yana çevirdi və titrək səslə dedi: “Mən də sizi gözləyirdim”.


İlahi, mən həmin an xoşbəxtlikdən ölə bilərdim. Deməli, həyatda həqiqətən də xoşbəxtlik varmış. Bu, şairlərin, yazıçıların uydurması deyilmiş. Əgər həmin anda əlimdə iti bıçaq olsaydı, mən damarlarımı doğrayıb universitetin divarlarına qanımla “mən hədsiz dərəcədə xoşbəxtəm” yazardım. Özümü pəncərədən aşağı atmamaq üçün bütün iradəmi səfərbər etmişdim. İçimdəki sevinc məni hər cür dəliliklər etməyə səsləyirdi. Mən bir anda o qədər xoşbəxt oldum ki, ölmək, gözümü əbədi olaraq yummaq istəyirdim. Daha mənə həyatda heç nə lazım deyildi. Rahat ölə bilərdim. Mən məsum, uzun saçlı qızın dilindən “mən də sizi gözləyirdim” sözlərini eşitmişdim. Bir romantik, xəyalpərvər gənc üçün bundan böyük səadət ola bilməz. Mənim ayaqlarım qəlbimin təlatümlərinə tab gətirməkdə çətinlik çəkirdi. Soyuq sudan çıxmış adam kimi titrəyirdim. Bununla belə, mən özümdə elə bir qüvvə hiss edirdim ki, yerin altını üstünə asanlıqla çevirə bilərdim. Mən yerin dayaq nöqtəsini tapmışdım. Həmin an mənim üçün yerin dayaq nöqtəsi qadın məhəbbəti idi. Əgər kişini ürəkdən təpədən dırnağa qədər sevəcək qadın varsa, o asanlıqla yerin altını üstünə çevirə bilər. Bəndin bir yerində deşik əmələ gələn kimi su böyük bir qüvvətlə ora hücum edir. İllərlə sinəmizdə yığılıb qalmış sözləri bir-birimizə demək üçün universitet binasını tərk edib birbaşa bulvara getdik.

Hisslərimiz aşıb daşırdı. Bir-birimizin sözünü kəsə-kəsə danışırdıq. İllərlə yığılıb qalmış sözləri bir anda ürəkdən çıxarmaq mümkündürmü? Biz nə danışdığımızı bilmirdik. Gah səki ilə gedir, gah da maşınların arasıyla küçənin o tərəfinə keçirdik. Özümüzü uşaq kimi aparırdıq. Biz tüstüyə, dumana bürünmüş kimi, ətrafımızdan xəbərsiz danışa-danışa gəzirdik. Min cür rabitəsiz, mənasız söz deyirdik. Vulkan kimi püskürən hisslərimiz bizi gah gülməyə, gah da ağlamağa məcbur edirdi. Beləliklə, ilk tanış olduğumuz gün, həyatımın ən xoşbəxt günündə biz gəzə-gəzə dayanmadan yeddi saat danışdıq. O, evə qayıtmaq istəyirdi. Mən də onun bu istəyinə etiraz etməyə cürət göstərməyərək, onu evlərinə qədər ötürməyi qət etdim. Amma o, yarıyolda fikrini dəyişdi və biz təzədən bulvara qayıtdıq. Vaxt onun yanında o qədər sürətlə keçirdi ki, havanın qaralmağını belə hiss etməmişdim. Mən sevincimdən özümü dənizə atmaq istəyirdim. Bu vaxta qədər həmişə üzümə solğun görünən ay üzümə gülümsəyir və bir az da bicliklə mənə göz vururdu. Mən dənizdə şən mahnılar oxuyan balıqların səsinin eşidirdim. Hər kəsə yaxşılıq etmək, hamını bir-bir qucaqlayıb bağrıma basmaq, hamını bir-bir öpmək, əzizləmək istəyirdim. Qəlbimdə gözəl hisslər yaz bulağı kimi qaynayırdı. Buludlar mənə çox yaxın görünürdü. O qədər yaxın ki, əlimi göyə uzadaraq istənilən buluda toxuna bilərdim. Özümü ələ ala bilmirdim. Başımı divara çırpıb partlatmaq, özümü maşının altına atmaq, ölmək, yalnız ölmək istəyirdim. Həmin gecə mən xoşbəxtlikdən yata bilmədim. Səhərə qədər o tərəf, bu tərəfə çevrildim. Sağa-sola çevrilməkdən gücdən düşsəmdə, hisslər göz qapaqlarımın yumulmasına imkan vermirdi. Səhəri gün biz dərsə getmədik. Səhər tezdən bulvarda görüşdük. Mən görüşə gecikmək qorxusundan, görüş yerinə təyin olunan vaxtdan iki saat əvvəl gəlmişdim. İlahi, necə gözəl, al-əlvan, möcüzəli günlər idi. Uşaqlıqdan, yeniyetməlikdən intizarını çəkdiyim əfsanəvi məhəbbət aləminə qədəm basmışdım. Əsl, real, həqiqi gənclik həyatının başlanması münasibəti ilə özümü xoşbəxtlərin xoşbəxti hesab edirdim. Daha heç kim mənə gülə bilməz. Daha heç kimin məni lağa qoymağa haqqı yoxdur. Yanımda məni sevən bir qız var idi. Bu yuxu, bu xəyal deyildi. Mən bu qızın sevimli çöhrəsinə, mehriban gözlərinə tamaşa edə-edə beş gün, beş saat, beş il sakitcə otura bilərdim. Bu çöhrə bu vaxta qədər yaradılmış ən gözəl çöhrə idi. Mənə elə gəlir ki, indiyədək hələ heç bir şair, heç bir yazıçı sevgini düzgün təsvir etməmişdir. Bu zərif, fərəhli, həm də iztirab verən hissi, çətin ki, təsvir etmək mümkün olsun. Sevgini heç olmasa bir dəfə dadmış adam onu sözlə ifadə edə bilməz. Məndə həm şiddətlə yaşamaq, həm də ölmək ehtirası yaratmış məlahətli, cazibədar, məsum baxışlara davam gətirmək, dözmək mümkün deyildi. Bu baxışlara davam gətirə bilmək üçün qüvvəni hardan ala bilərdim? Onun çox alicənab duruşu vardı. Mən onu qeyri-adi xilqət, demək olar ki, məleykə hesab edirdim. Onun bir sözüylə hər bir hərəkəti etməyə hazır idim. O əmr etsəydi, bir an da tərəddüd etmədən özümü Qız qalasından aşağı atardım.

Onu hər gün görmək, onun sevimli səsini hər gün eşitmək mənim üçün zərurətdən də artıq bir şey olmuşdu. Tək-tük günlərdə, hava çox pis olanda, biz görüşmədikdə mən özümü pərişan, həyatımda ən əsas, ən mühüm şeydən məhrum olmuş kimi hiss edirdim. Hər bir məşğələ mənə sıxıntılı, artıq bir iş kimi görünürdü. Bütün varlığım qəlbimi isidən, könlümə nur saçan onun sevimli simasına tərəf can atırdı. Mənim heç bir istəyim yox idi, mən sakitcə oturub onun xoş simasına baxmaq istəyirdim. Onunla görüşdən evə qayıdanda insanın ürəyini çəkən, ürək parçalayan acı bir kədər hiss edirdim. Biz başqa sevgililərdən fərqli olaraq, bir-birimizə məhəbbətimizi tez-tez etiraf etmirdik. Bəzən saatlarla sakitcə oturub bir-birimizin gözünün içinə baxırdıq. Onun gözləri məhəbbətlə işıq saçırdı. Hər şey mənə gözəllikdən, xoşbəxtlikdən, xeyirxahlıqdan danışırdı. Hər şey asan və mümkün görünürdü. Mən özümdən soruşurdum: necə olub ki, mən bunu əvvəllər anlaya bilməmişəm? Qabaqlar necə də səfeh olmuşam. Həyat necə də sadə və gözəl imiş. Məhəbbət mənim həssaslığımı artırmışdı. Asfaltın yarıqlarından qalxan sırtıq otların, yanımdan ötüb keçən adamın ayaqqabı boyasının qoxusunu hiss edirdim. Sevginin həyəcanlı və intizarlı arzusu mənəviyyatıma günü-gündən hakim kəsilirdi. Arzuma çatıb-çatmayacağımı, ona qovuşub-qovuşmayacağımı tez-tez yoxlayırdım. “Ağ çiçəyim” gül mağazasından aldığım çobanyastığının yarpaqlarını bir-bir qoparmaqla, buludların formasına baxmaqla, dəmir pulu havaya atmaqla özümə fal açırdım. Mənim həyatda yalnız bir arzum vardı: ömrümün sonuna qədər onunla bir yerdə yaşamaq. Elə hey onun haqqında düşünürdüm. Bəzən düşünməkdən halsızlaşır, taqətdən düşürdüm. Mənim xəyallarımın süjeti tamam dəyişmişdi. İndi gələcəklə bağlı bütün xəyallarımın əsas qəhrəmanı o idi. Onun xoşbəxt olması, qayğısız yaşaması üçün hər bir fədakarlığa hazır idim…

Biz görüşəndə həyat, incəsənət, ailə, uşaqların tərbiyəsi haqqında danışırdıq. Hər bir sadə hadisə, hər bir söz bizi düşünməyə vadar edirdi. Məhəbbət bizim gördüklərimizə, eşitdiklərimizə əlavə məna qatmışdı. Mən onun gülməyini çox sevirdim. O, güləndə özümü hədsiz dərəcədə xoşbəxt hiss edirdim. Onu güldürmək üçün mən özümü axmaq vəziyyətlərə salırdım. Özümdən lətifələr quraşdırırdım. Hətta bir dəfə bulvarda balaca bir itin üstünə it kimi hürmüşdüm. Bu hərəkətim qızı xeyli güldürmüşdü. Nəticədə mən özümü xeyli məsud hiss etmişdim. Bəzən biz bulvarda sakit bir yer tapır, heç bir səbəb olmadan hönkürərək ağlayır, göz yaşlarımızı bir-birinə qatırdıq. Onunla birlikdə ağlamaq mənim üçün sevinc idi. Tez-tez teatra tamaşaya baxmağa gedirdik. Tamaşadan aldığımız təəssüratı sözlə deyil, bir-birimizin əlini gah zəif, gah da bərk sıxmaqla ifadə edirdik. Coşub daşan sevinclər, gələcək səadət üçün şirin vədlər verirdi. Bulvarda məhəccərə söykənib dənizə baxanda onun isti nəfəsi boynumu sığallayırdı. Saçlarının ucları yanağımı qıdıqlayırdı. Günəş bizə göz vurur, bizi bu xoşbəxt dəmləri əldən verməməyə çağırırdı. Məni dinlərkən təbəssüm onun dodaqlarından əskik olmurdu. Bu zaman qara xallı ağ boynunu azacıq sağ tərəfə əyirdi. Bu, o dərəcədə gözəl bir mənzərə idi ki, mən heç nəyə baxmadan yerə sərilib gəbərmək istəyirdim. Həyatda belə dəqiqələr olur.

Bir dəfə biz bulvarda gəzərkən bir qaraçı qadına rast gəldik. Qadının bir əlində balaca bülbül, o biri əlində qutu vardı. Quşu elə öyrətmişdilər ki, quş fala baxdırmaq istəyənlər üçün qutudan içərisinə gələcək haqqında cürbəcür kəlamlar yazılmış kağızlar çıxarırdı. Biz də falımıza baxdırmaq qərarına gəldik. Quşun qutudan çıxardığı kağıza bu sözlər yazılmışdı: “hər şey qarşıdadır”. Mən hədsiz sevindim. Balaca bir quş adamı necə sevindirə bilərmiş. Elə həmin gün biz dənizə baxa-baxa öz gələcək övladlarımıza hansı adları qoyacağımızı müəyyən etməyə çalışdıq. Düzü, bu söhbət bir az məni utandırırdı. O, daha cəsarətlə və həvəslə danışırdı. Uzun müzakirədən sonra biz gələcək övladlarımızın adını müəyyən edə bildik. Bizim iki qızımız, iki oğlumuz olacaqdı…

Onun yanında vaxt çox sürətlə keçirdi. Bir dəfə biz hər şeyi unudaraq, səhərdən qaranlıq düşənə qədər söhbət etmişdik. Qəfildən ayıldıq, vaxtın gec olduğunu dərk etdik. O, evə getməli idi. Dəniz limanı tərəfdə sınıq-sökük, salxaq bir taksi tapdıq. Bu cür köhnə taksilər şəhərdə ancaq qaranlıq düşəndən sonra gözə dəyir. Gündüzlər onlar öz görkəmlərindən xəcalət çəkərək, küçəyə çıxmırlar. Biz maşına əyləşən kimi şıdırğı yağış yağmağa başladı. Sürücü qoca bir kişi idi. Köhnə maşınına cütlüyün minməsinə hədsiz sevinmişdi. Yağışlı havada sevən adamların köhnə taksidə gəzməsi necə xoş olurmuş. Biz bu gözəl anları bir az da uzatmaq üçün şəhərdə daha bir dövrə vurmağı sürücüdən xahiş etdik. Sürücü bizim xahişimizə gülümsəməklə cavab verdi.

O, mənim keçmişimlə maraqlanır, başıma gələnləri öz dilimdən eşitmək istəyirdi. Məni məcbur edirdi ki, həyatımı ona danışım. Qısa vaxtda mən çox şey danışdım. O hər dəfə hekayətimdən sonra mənə qarşı daha da nəvazişkar olurdu. Mənim bədbəxt uşaqlığım onda mərhəmət hissi doğururdu. Mənim etiraf-larımdan, hekayətlərimdən sonra biz adətən oturub uzun-uzadı söhbət edirdik. Bu söhbətlər zamanı o mənim keçmişimi özümə izah edirdi. Buna görə də mən öz həyatımı təzədən yaşayır və özüm haqqında bir çox təzə şeylər öyrənirdim.

–Üzr istəyirəm, siz cinsi əlaqədə olmuşdunuz? Ümumiyyətlə, cinsi əlaqə müstəvisində vəziyyət necə idi? Əgər siz utanırsızsa, fikirlərinizi terminlərlə ifadə edə bilərsiz. Narahat olmayın, mən sizi başa düşəcəm.

Zəruri müdaxilə:

Müəllif xəyalpərvər qatilin ifadə verdiyi otağın təsvirini oxumaqdan oxucunu məmnuniyyətlə xilas edir. Qısaca onu deyə bilərik ki, otaqda çoxlu kitablar var . Divarlara Qandinin, Volterin, Russonun, Nizaminin, Çexovun portretləri vurulub. Dahilərin portretləri müstəntiqin işinə xeyli kömək edirdi. İfadə verənlər başının üstünə dahilərin portretlərini vurmuş müstəntiqə vaxtından əvvəl inanırdılar. Portretlər müstəntiqin ən güclü təsiretmə vasitələrindən biri idi. Bundan başqa, biz şkafdakı kitab sıralarını bir az diqqətlə nəzərdən keçirsək, orda Tolstoyun “Dirilmə”, Dostoyevskinin “Karamazov qardaşları”, Hüqonun “Səfillər” , Turgenyevin “Atalar və oğullar”, Çexovun “6 nömrəli palata” kimi insanda vicdan və mərhəmət hissi oyadan əsərlərə rast gələ bilərik. Təbii ki, bu kitabların da öz təyinatı vardı. Müstəntiqin arzusuna uyğun olaraq, bu kitablar ifadə verənlərə mütləq öz təsirini göstərirdi. Hər şeylə maraqlanan oxucuların tələbatını nəzərə alaraq, müstəntiq haqqında bir az məlumat vermək məcburiyyətindəyəm. Həqiqətən də, bu müstəntiq bizim ölkənin ən xeyirxah, vicdanlı müstəntiqlərindən biri idi. Bütün hallarda ətrafındakı adamlarla müqayisə edildikdə, bizim müstəntiqə asanlıqla, heç tərəddüd etmədən mələk adı vermək olar. Bu zaman biz heç bir şişirtməyə və mübaliğəyə yol vermiş olmarıq.

Atası rəhmətə gedəndə onun cəmisi on yaşı vardı. Anası beş uşağı geyindirməyi və yemləməyi bacarmadığına görə qohumların köməyinə möhtac qaldılar. Qohumların nə vaxt kömək edəcəyi isə onların ovqatından asılı idi. Beləliklə, bizim müstəntiq hələ lap uşaqlıqdan qorxa-qorxa, minnətlə çörək yeməyə alışdı. Dərslərini yaxşı oxuyurdu. Universitetin filologiya fakültəsinə asanlıqla daxil oldu. Universitetə daxil olana qədər o artıq xeyli kitab oxumağa vaxt tapmışdı. Kasıbçılıq, qohumların minnətlə verdiyi çörək, qorxaqlıq, çəkingənlik və sadalaya biləcəyimiz bir xeyli digər səbəblər onu hələ lap uşaqlıqdan kitablara doğru itələyirdi. Bizim müstəntiq yalnız kitabların arasında özünü bir balaca rahat hiss edirdi. Oxuduğu əsərlərin təsiri ilə xəyallar qurmaq bizim müstəntiqin xoşuna gəlirdi. Onun xəyal qurmaqdan savayı əlindən başqa bir iş gəlmirdi. Universitetdə oxuyanda çox pis geyinirdi. Şənliklərdə iştirak etmirdi. Çünki şənliklərdə iştirak etmək üçün onun nə pulu vardı, nə də normal bir paltarı. Üzündə daima sızanaqlar olurdu. Qışda soyuqdan tir-tir əsirdi. Universiteti bitirənə qədər bir dəfə də olsun əyninə təzə palto, təzə gödəkçə geyə bilmədi. Paltarının köhnə olması müstəntiqi daha da qorxaqlaşdırırdı. O, adamların ona heç bir diqqət göstərməməsini açıq-aşkar görürdü. Ətrafdakılar üçün maraqsız adam olduğunu dərk edirdi. Heç kim onunla söhbət etmək istəmirdi. Onun fikirləri kimsə üçün maraqlı deyildi. Müəllimlərin ondan zəhləsi gedirdi. Qızlar onu dolayırdılar. Geyimini, danışığını lağa qoyurdular. Müstəntiq həmişə ac olurdu. Kafelərin yanından keçərkən yeməklərin iyi onun xəyal gücünü daha da qıcıqlandırırdı. Müstəntiq nə vaxtsa bu kafelərdə oturub xoşbəxt adamlar kimi doyunca yemək yeyəcəyini xəyalında canlandırırdı. O, başqalarının xoşbəxtliyinə, yaraşığına kədərlə baxırdı. Bədbəxt olmaq əsl faciə deyil, əsl faciə öz bədbəxtliyini dərk etməkdir. Müstəntiq öz bədbəxtliyini dərk edən adamlardan idi. Zəmanəmizin ədəbiyyatında bədbəxt sözü yersiz və həddindən artıq işləndiyindən öz etibarını itirmiş olsa da, bu söz bizim müstəntiqə, doğrudan da, çox yaraşır. Onun daxili aləmini sökülmüş bir tikintiyə bənzətmək olardı. O, həyata tənbəl-tənbəl, yuxulu bir halda baxırdı. Yer üzündə onun üçün xoşbəxtlik olmadığına özünü inandırmış, taleyilə barışmışdı. Ümumiyyətlə, onun bütün görünüşü qaranlıq yuvasından başını çıxardıb qulaqlarını şəkləyərək bığlarını tərpədə-tərpədə baxan, yaxınlıqda pişiyin gizlənib-gizlənmədiyini bilmək istəyən, şübhəli bir halda havanı qoxlayan siçanı xatırladırdı. O, bu cür görünüşlə adamlarda istər-istəməz ikrah doğurardı. Elə adamlar var ki, onların sifəti başqasının qəlbində pis duyğular oyadır. Müstəntiqin sifəti də adamlarda pis duyğular oyadan sifətlərdən biri idi. O, gənc əyalət aktyorları kimi bəlağətlə və nəzakətlə danışmağa üstünlük verirdi, amma nə etməli, bu cür danışıq da adamlarda ikrah hissi doğururdu. Nədən ki, dabanı əyilmiş ayaqqabısı, boynu kirli köynəyi, qırışıq şalvarı bəlağətli danışığına və nəzakətli davranışına uyğun gəlmirdi. Bu cür danışıqla adamlar onun geyimindəki bərbad vəziyyəti daha aydın görürdülər. Hardansa tapıb boğazına doladığı qırmızı ipək şarf onu bir balaca da dəliyə oxşadırdı. Bizim qara camaat, adətən, belə adamlara “oxumaqdan başı xarab olub” möhürü vururlar. Yaxşı qidalanmadığına görə daima özünü əzgin hiss edirdi. Elə bil, çiyninə ağır yük götürmüşdü və həmin yükü daşımağa gücü çatmırdı. Geyim mağazasının qarşısında dayanıb kədərlə manekenlərə geyindirilmiş paltarlara baxır və ümid edirdi ki, həsədlə baxdığı bu geyim əşyalarını gələcəkdə ala biləcək.

Universiteti bitirənə qədər müstəntiq belə yaşadı. Universiteti bitirəndən sonra xeyirxah bir müəlliminin köməyi ilə “Venera” ədəbiyyat jurnalına korrektor vəzifəsinə işə düzəldi. Müstəntiqin geyimi bir balaca dəyişdi. Şairlər ona araq içməyi öyrətdilər. Müstəntiq saqqal saxlamağa başladı. Elə bir saqqal ki, o gülümsünəndə saqqalı bütün sifətini örtürdü.

32 yaşı tamam olanda diribaş xalası qəfildən ona varlı bir qız tapdı. Qız müstəntiqdən beş yaş balaca olsa da, böyük həyat təcrübəsi qazanmağa müvəffəq olmuşdu. Xeyli ölkələri gəzmişdi. Müstəntiq 32 yaşa qədər cəmisi bir-iki dəfə qadınla yüngülvari, atüstü əlaqədə olmuşdu. Qız isə kişi deyilən varlığın sirlərini bütünlüklə öyrənmişdi. Seksin müxtəlif növlərini müxtəlif məkanlarda yaşamağa imkan tapmışdı. Meşədə, dəniz kənarında, oteldə, dağda, Avropada, Asiyada, Amerikada… Bu cazibədar qızın çoxlu imkanlı tanışları vardı. Ona sadəcə sakit, maymaq bir ər lazım idi. Toy şəhərin ən dəbdəbəli restoranlarından birində keçirildi. Mərasimin bütün xərcini gəlin öz boynuna götürmüşdü. Hətta bəyin əynindəki kostyumu da gəlin almışdı. Müstəntiq tərəfdən toyda cəmisi beş adam iştirak edirdi. Yerdə qalanlar gəlinin qohumları və imkanlı, vəzifəli tanışları idi. Toy bitən kimi gəlin elə gəlin paltarında harasa çıxıb getdi və bir də iki gündən sonra peyda oldu. Oxucular üçün bütün bunlar ağılasığan hadisələr deyil, müəllif də oxucuların arzusuna uyğun olaraq, bu hadisələri ağılasığmayan hadisələr adlandırmağa hazırdı, amma tərs kimi, bu hadisələr nəql edildiyi kimi olmuşdur.

Toydan sonra müstəntiq gəlinin evinə köçdü. Qısa müddətdə o yaxşıca kökəldi. Gözləri işıldadı. Maşın sürməyi, balıq tutmağı, bahalı marketlərdən alış-veriş etməyi və digər zəruri əməlləri öyrəndi. Varlı gəlin ərinin ədəbiyyat jurnallarında korrektor işləməsi qane ola bilməzdi. Üzü üzlər, dizi dizlər görmüş bu gəlin tanışlarının, əlaqələrinin sayəsində ərini korrektorluqdan birbaşa müstəntiq vəzifəsinə qaldırmağı bacardı. Əlbəttə, əgər arvadın pulu çoxdursa, kişi onun bir çox hərəkətlərinə səbirlə dözməlidir. Başqa yol yoxdur. Bu vaxta qədər bir neçə dəfə plastik əməliyyat elətdirmiş gəlin əriylə istədiyi kimi davranırdı. İstədiyi zaman heç bir xəbər vermədən istədiyi məkana gedirdi. Ərinə qohumlarla görüşməyi, məclislərdə danışmağı, evə kitab gətirməyi, ümumiyyətlə kitab oxumağı qadağan etmişdi. Varlı arvad həyat yoldaşını öz yatağına yaxın buraxmırdı. Ər evdə əndamlı, cazibədar, halal arvadı olduğu halda öz ehtirasını söndürmək üçün ononizmlə məşğul olmağa, özü-özünü ovutmağa məcbur olurdu. Saunaya, gecə klublarına arvadın qorxusundan gedə bilməzdi. Əgər qadağalardan birini pozsaydı, arvad onun dalına bir təpik vurub rahatca evdən küçəyə tullayacaqdı. O, isə bu rahatlığı itirmək istəmirdi. Keçmişdə gördüyü çətinliklər onu hər bir qadağaya, təhqirə dözməyə məcbur edirdi.

Əvvəllər bu idarədə bir neçə savadlı, mədəni müstəntiq çalışırdı. Onların hərəsini bir bəhanə ilə idarədən uzaqlaşdırdılar. İndi isə idarədə adamlara “siz” deyə müraciət etməyi bacaran yeganə adam olduğuna görə, cinayət törətmiş tələbələri, həkimləri, müəllimləri, ümumiyyətlə ziyalıları danışdırmağı bizim müstəntiqə həvalə edirdilər. Seks həyatı olmayan bu adam acgöz kişi hərisliyi ilə mövqeyindən, vəzifəsindən sui-istifadə edərək, adamlara qəfildən ən intim sualları verirdi. Sevgililər, ər-arvad arasındakı şəxsi, sirli yataq söhbətlərinə qulaq asmaqla əylənirdi. Üzünə ciddi ifadə verərək hər şeyi ən xırda təfsilatına qədər soruşub öyrənirdi. Və guya bütün bu söhbətlər işin gedişatı üçün vacib idi. Sevgi söhbətlərini eşidərkən onun yumşaq bığları yavaşca qımıldanırdı, elə bil ki, bığında gözə görünməyən bir şey sürünürdü. Bizim müstəntiqin verdiyi sualı bütün bu söhbətlərdən sonra təkrar yazmağı özümə borc bilirəm.

–Üzr istəyirəm, siz cinsi əlaqədə olmuşdunuz? Ümumiyyətlə, sizin aranızda cinsi əlaqə müstəvisində vəziyyət necə idi? Əgər siz utanırsınızsa, fikirlərinizi terminlərlə ifadə edə bilərsiniz. Narahat olmayın, mən sizi başa düşəcəm.

–Yox…

–Necə yəni yox. Yəni bu müddət ərzində sizin aranızda cinsi əlaqə olmamışdı?

–Yox, olmayıb.

–Mən başa düşürəm, biz şərq ölkəsində yaşayırıq. Hər bir xalqın öz mentaliteti var. Bizim ölkədə qızların ərə gedənə qədər öz bakirəliyini qorumağı vacib şərtlərdən biridir. Bəli, hər bir qız öz bakirəliyini zifaf gecəsi öz ərinə hədiyyə etməlidir. Mən özüm bu adətin əleyhinə deyiləm. Lakin bu gün bizim bir çox gənclərimiz bakirəliyi fiziki mənada qəbul edirlər. Bakirəlik pərdəsi toxunulmaz qalsa da, oral və anal sekslə məşğul olurlar. Ola bilsin, siz də bu yola əl at-mısınız.

–Xeyir, əsla. Mən onu bir məleykə kimi qəbul edirdim. Onunla hər hansı fiziki yaxınlığı təsəvvür etmək belə sevgim üçün təhqir hesab edirdim. Mən öz sev gimi ilahiləşdirmişdim. Cinsi əlaqə haqda ümumiyyətlə düşünmürdüm. Mən belə söhbətlərdən uzağam. Qorxulu və dəhşətli söhbətlərdir.

–Qulaq asın. Mən sizin barənizdə hər şeyi incəliyənədək öyrənməyi qət etmişəm. Bunu özgəsindən öyrənə bilməyəcəm. Burda heç bir qəbahət yoxdur. Mən ömrümdə bir dəfə də olsun başqasının yanında lüt soyunmamışam, amma həkimə gedəndə soyunmağa məcburam. Bu sualları vermək mənim vəzifəm, işim tələb edir. Siz özünüz mənə bütün həqiqətləri danışmalısınız. Sizin necə bir insan olduğunuzu bilmək istəyirəm. Tez olun, başınıza gələn bütün sərgüzəştləri danışın.

–Sərgüzəşt? Axı sizə kim deyib mənim sərgüzəştlərim var? Mənim heç bir sərgüzəştim yoxdur.

–Bəs siz bu vaxta qədər sərgüzəştsiz necə yaşamısınız?

–Elə-belə. Mən sərgüzəştsiz yaşamışam. Mən həmişə tək olmuşam. Mən xəyalpərəstəm. Məsələn, birdən elə olur ki, Çin şəhzadəsi ilə evlənirəm. Yaxud eramızdan əvvələ qayıdıb Spartakla birgə qulları azad etmək üçün vuruşuram. Mən uzun müddət xəyalımdakı pərini sevmişəm. Həyatda hər şeydən çox adamların mənim bu məhəbbətimdən xəbər tutmasından qorxmuşam. Mənə elə gəlirdi ki, adamlar bu məhəbbətdən xəbər tutsalar, bu, mənim xəyalımdakı pəri üçün elə bir təhqir olar ki, bunu heç bir zaman mənə bağışlamaz…

Ücretsiz ön izlemeyi tamamladınız.

Metin, ses formatı mevcut
5,0
1 puan
₺56,21
₺112,42
−50%
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
Hacim:
105 s. 10 illüstrasyon
ISBN:
978-9953-8067-3-0
Telif hakkı:
Alatoran yayınları
İndirme biçimi:

Benzer kitaplar