Kitabı oku: «Mənim mübarizəm – 8», sayfa 2
Mənim üzümlüyüm
Bəzən təxəyyülün məhsulu yaddaşımızda müqəddəs həqiqət kimi kök salır.
Tomas Vulf.
Oxuyacağınız bu mətni bir adama məktub kimi yazırdım. Yazdıqca hiss etdim ki, özümdən aslı olmadan məktub məktubluğundan çıxıb əməlli-başlı suveren yazıya çevrilir. Məktubun məktubluqdan çıxıb suveren yazıya çevrilmə prosesinin qarşısını heç cürə ala bilmirdim. Müqavimət göstərmək də yersiz idi. Mətni yazdıqdan sonra belə qərara gəldim ki, bu mətni elə sırf yazı kimi işləyim və nəticədə həm də müəyyən miqdarda qonorar əldə edim.
* * *
Son beş ildə “sənin gözündən düşməkdən qorxuram” sözlərini neçə adamdan eşitmişəm. Hətta elələrindən ki, artıq çoxdan gözümdən düşüblər, ya da onlar əvvəldən mənim üçün bir insan olaraq heç bir əhəmiyyət daşımayıblar. Onlar bir insan olaraq mənim üçün heç bir əhəmiyyət daşıma-yıblarsa, deməli heç gözümdən də düşə bilməzdilər. Amma əhəmiyyət vermədiyim, mənim üçün əhəmiyyət daşımayan adamlar birtərəfli qaydada, öz tərəflərindən əgər həqiqətən də gözümdən düşməkdən qorxurlarsa, lap yaxşı. Ola bilsin bu onları hansısa axmaq, qeyri-əxlaqi, tərbiyəsiz addım atmaqdan çəkindirər. Niyə durub adama deyim ki, sən mənim üçün heç bir əhəmiyyət daşımırsan, gözümdən düşüb, düşməməyinin mənim üçün heç bir əhəmiyyəti, istisi-soyuğu yoxdu. Gözümdən düşməkdən qorxurlarsa, qoy bu elə belə də olsun. Ümumi prosesə xeyri var, ziyanı yoxdu. Bəlkə bununla da adamlara hardasa bir xeyir verməkdəyəm.
Günlərin bir günü mənə kifayət qədər tanınmış bir siyasətçi zəng etdi. Dedi görüşək, oturaq bir qısmat çörək yeyək. Görüşdük. Getdik restorana. Bu adamla xüsusi bir münasibətim yox idi. Mənə də maraqlı idi ki, nə olub, nə baş verib, niyə bu adam məni restorana dəvət edib? Nə istəyir bu adam? Elə bildim deyəcək ki, gəl qoşul bizim partiyaya, ya da partiyamıza dəstək ver. Dəyəsən onda parlament seçkiləri keçirilirdi. Həmin adam məclisin sonunda dedi ki, Seymur sənə təşəkkürümü bildirirəm. Mənə hakimiyyətdən təklif var idi, gedirdim, ayağım sürüşürdü. Pula da ehtiyacım vardı. Birdən necə oldusa qəfildən sən yadıma düşdün. Fikirləşdim ki, görəsən Seymur haqqımda nə düşünəcək, haqqımda nə yazacaq. Sən uzaqdan uzağa, məni qorudun.
Yəni, kimlərinsə gözümdən düşməsindən qorxmasının ümumi prosesə xeyri var deyəndə bu kimi, buna bənzər halları nəzərdə tuturdum.
Amma “sənin gözündən düşməkdən qorxuram” sözün deyən iki adam mənim üçün xüsusən əziz adamlar olub.
Biri güya Allah qoymasa məni dəhşət sevirdi. Məni buna inandırmışdı. Köynəyimi geyinəndə düymələri axıra kimi bağlayırdım, onda tullanırdı dəli kimi üstümə, deyirdi ki, axı sən hardan bilirsən bu köynəyin düymələrin axıra qədər bağlamaq lazımdı, axı sən hardan bilirsən köynəyin düymələrin axıra qədər bağlamaq sənə bu qədər yaraşır. “Ocaqxanada” hekayəmdə bu sözdən istifadə etmişəm. Orda obrazlardan biri bu sözü deyir .
Birdə o qız həmişə deyirdi ki, sən geyinəndə tamam dəyişirsən, tamam başqa adam olursan…
Onun sevgisinin həqiqi sevgi olduğuna inanmamaq şansım yox idi. Mən hesab edirdim ki, həqiqi sevgi, təmənnasız sevgi bu kimi xüsusi hallarla möhürlənməlidi. Hesab edirdim ki, Qafqaz Müsəlmanlar İdarəsi kolbasa-sosiska məhsullarına halallıq serfitikatı verdiyi kimi, bu kimi xüsusi hallar da sevgiyə həqiqilik serfitikatı verir. Səni sevirəm, səndən ötrü darıxıram, sən olmasan cırılaram, partlayaram, sənsiz boğazımdan su keçməz, sən olmasan özümü öldürərəm, özümü doğrayaram kimi ümumi sözləri hər kəs deyə bilər. Amma etiraf edək ki, “sən hardan bilirsən bu köynəyin düymələrin axıra qədər bağlamaq lazımdı” sözü xüsusi haldı. Balabanovun həyatından bəhs edən yarım-sənədli film var. Filmdə Balabanovun arvadı danışır. Balabanovun ona vurulma anın nəql edir. Balabanov bu qadına ona görə vurulub ki, nəsə tədbir imiş, tədbirdə olan qadınların hamısı şalvar geyib, bircə bu yupkada olub. Vəssalam, Balabanov yupka geyindiyinə görə yapışıb bu qadının yaxasından. Göndərərəm o filmi sənə. Mən o söhbəti eşidəndə Balabanovu başa düşdüm. Həmin gün bütün qadınların şalvarda, bircə bu qadının yupkada olması Balabanov üçün xüsusi bir hal, xüsusi bir işarə olub. Sədəcə, Balabanovun bəxti gətirib, xüsusi hal doğurdan da onun üçün axıra qədər xüsusi hal olaraq da qalıb. Sənin xüsusi hal kimi qəbul etdiyin sözlərin, səhnələrin doğruluğuna inanmaq, bunun sona qədər belə olduğunu görmək və bu təəssüratlarla da ölmək nə böyük xoşbəxtlikdi.
Mən doğurdan elə bilirdim, elə hesab edirdim ki, xüsusi halla qarşılaşmışam. Buna görə özümü seçilmiş adam hesab edirdim. Hətta özümdən çıxıb, qızışıb bu barədə bir yazı da qaralamışdım. Ki, hamı elə bilir sevib, sevilib, amma həqiqi sevgi milyonda bir adamın qarşısına çıxır. Mən dastanlara da inanmışdım. Yadıma gəlir ki, sevgi dastanların təzədən, tamam başqa gözlə oxumuşdum. Dəyəsən, Aşıq Qərib dastanındadı… Qərib saz çalır, tufan dayanır. Elə yazıda da bu səhnə haqqında yazmışdım. Yazmışdım ki, eşq şərbətini içmiş haqq aşığı saz çalsa, tufan dayanar. Həqiqi sevgini belə bir qüdrətli gücə, hətta tufanı dayandırmağa da qadir hesab edirdim. Elə bilirdim, çox nadir sevgi qarşıma çıxıb. Bir nəfər də o vaxt o axmaq yazıma belə şərh yazmışdı: axı hardan bilirsən, səninki nadir sevgidi, camaatınki ümumi? O, adam haqlı çıxdı. Məni yandıran budu. Heç bir mənəvi dəyəri olmayan adamların haqlı çıxmağı, adama kinayə ilə “gördün?” sözlərini deməkləri… Lakin hər kəsin haqqı verilməlidi. O vaxtlar o qızın sevgisinin həqiqiliyinə inanmağım mənə çox güc verirdi. Sağ olsun! Onda yazılarıma görə çox söyülürdüm, çox təhqir olunurdum. Təhqirləri, söyüşləri vecimə də almırdım. Həqiqi hesab etdiyim sevginin fonunda o təhqirlər, o söyüşlər məni zərrə qədər də narahat etmirdi. Ürəyimdə deyirdim, nə qədər istəyirsiniz söyün, nə qədər istəyirsiniz təhqir edin. Onların söyüşləri gözümə it hürüşməsi kimi görünürdü.
Mən yazıçıları da xüsusi hallara görə qiymətləndirirəm. Şervud Andersonun “Məcara” hekayəsində bir yer var:
(Alisa düşündü ki, yağış onun bütün yaralarını sağaldacaq. O düşündü ki, yağış ona nəsə çox möcüzəli bir təsir göstərəcək. Alisa hələ illər boyunca özünü belə gümrah, gənc və rahat hiss etməmişdi. O, dayanmadan qaçmaq, səsi gəldikcə çığırmaq və özü kimi tənha bir insanı tapıb bağrına basmaq, qucaqlamaq istəyirdi. Bu an yol kənarında bir kişi asta-asta evinə sarı gedirdi. Alisa düşünmədən qaçmağa başladı.
– Onun kim olduğu vacib deyil. Əsas odur ki, o, təkdir. İndi gedib ona çatacam, – Alisa öz-özünə dedi və daha nələr baş verəcəyini düşünmədən astadan çağırmağa başladı:
– Gözləyin, gözləyin. Getməyin, kimsinizsə, məni gözləyin.
Yol kənarında hələ də getməkdə olan həmin adam bir anlıq duruxdu və indicə qulağına dəyən səsi eşitmək üçün diqqətlə dinləməyə başladı. Bu adam qoca bir kişi idi və həddindən artıq zəif eşidirdi.
– Elə bil nəsə səs eşitdim. Yoxsa mənə elə gəldi? – qoca mızıldandı.)
Bax bu kimi hallar mənim üçün nəsrdə, ədəbiyyatda xüsusi hallardı. Yoxsa aşağı-yuxarı əlinə qələm alan adamların hamısı nələrsə yazır, nələrsə qurub-quraşdırır. Biri zəif, biri orta, biri yüksək səviyyədə. Amma bu kimi xüsusi halları yazan yazıçıların yeri mənim üçün başqadı. Alisanın yağışın ona möcüzəli təsir göstərəcəyini də elə-belə, adi təsvir kimi qəbul etmək lazım deyil. Mənə elə gəlir Anderson özü nəyinsə ona möcüzəli təsir göstərəcəyinə inanıb. Bu səhnə Andersonun özünə aid səhnədi. Sadəcə onun hissləri yaradıcılıq mətbəxində formasını dəyişərək tamam başqa cürə təzahür edib.
Mən möcüzəyə inanmıram. Həyata tam məntiqli, rasional, mistikadan uzaq baxışım var. Bununla belə bəzən gecə yatanda fikirləşirəm ki, bəlkə də sabah yuxudan oyananda özümü başqa vəziyyətdə görəcəm. Amma yuxudan qalxanda görürəm ki, heç nə dəyişməyib, dünən necə idimsə, bu gün də eləyəm. Hələ bir az da vəziyyət pisləşib.
Hə, “həyatda ən qorxduğum şey sənin gözündən düşməkdi” sözün deyən, mənim üçün əziz olan qız günlərin bir günü ərə getdi. Özünə görə bu addımı atmağa məcbur olduğunu əsaslandırdı. Özünə görə arqumentləri vardı. Mənə “Seymur, məni bağışla” dedi. Necə bağışlayım? Sən dur denən ki, “Seymur sən əlçatmazsan, Seymur sən heç kimə bənzəmirsən”, sonra da gədənin birinə ərə get. Adamlar sözləri məsuliyyətsizcəsinə sağa-sola səpələyirlər. Daha düşünmürlər ki, qarşısındakı insandı. Dəmirdən, plasmasdan düzəlməyib. Ətdən, qandan ibarətdi. Düşünmürlər ki, birdən qarşısındakı insan onun dediyi sözə inanar. Adama qaz verirlər, adamı inandırırlar, sonra da fəralilik edirlər, hələ bir bu azmış kimi, bağışlanmaqların da istəyirlər.
Əlbəttə, heç kimin heç kimə borcu yoxdu. Amma sən “Seymur sən əlçatmazsan, Seymur sən heç kimə bənzəmirsən” sözün deyib, məni buna inandırıb, sonra aradan çıxırsansa, gədənin birinə ərə gedirsənsə, bunu bağışlaya bilmərəm. Loru dildə desəm, mənə atıblar.
Bəzi məsələlərdə ifrat dərəcədə maksimalistəm. Düşünürəm ki, brend köynəyin, şalvarın, tumanın saxtasın geyinib, qırmızı, qara kürünün imitasiyasın yemək olar, bu heç də faciə deyil, amma həyatda elə şeylər var ki, onun mütləq və mütləq əsli olmalıdı. Ya hər şey, ya da heç nə. Ömər Xəyyam demişkən, hər adamla yaşamaqdansa tək, hər əlinə keçəni qarnına doldurmaqdansa, ac qalmaq yaxşıdı!
Görünür nəsil artırmaq instinkti həqiqətən qadınları çox vaxt alçalmağa vadar edir. Dahilərdən birinin “qadının rütbəsi olmur” sözü bu mənada çox dəqiq deyilibdi. Ədası yerə-göyə sığmayan qadınların nəsil artırmaq instinktinin amansız tələbi nəticəsində, məcburiyyət qarşısında qalıb necə səviyyəsiz kişilərə ərə getmələrinin dəfələrlə və dəfələrlə şahidi olmuşam. Şübhəsiz xalqdan xalqa, ölkədən ölkəyə vəziyyət dəyişir. Hər xalqın, hər ölkənin öz qayda-qanunları var. Amma ümümi vəziyyət belədir. Qadınların ayağı yerə “çox bağlıdı”. Ona görə onlar yumşaq desəm dahi olmaqda olmazın çətinliyin çəkirlər. Dahi olmaq üçün gərək “ayağın yerdən üzülsün”, gərək tarana getməyi bacarasan. Şəxsiyyətin, nə əməllər törətməyin qoyuram kənara, yəqin ki, çox yersiz, uğursuz nümunədi, amma düşünürəm ki, Hitler kimi bir xəstə, bir dəli, o boyda xalqı barmağına sarıyan adam, ancaq kişi cinsinin arasından çıxa bilərdi. Burda, adın çəkmək istəmədiyim bir rus tənqidçisinə istinad etməliyəm: “Əgər Gerasim Mumunu suda boğmağı bacarmasaydı, Mumunu suda boğmasaydı, o zəhlətökən xanımın malikanəsin tərk edə bilməyəcəkdi”.
Bəs Gerasim Mumunu suda boğmayıb, özü ilə apara bilməzdimi? Yəqin ki, apara bilməzdi. Mumu ona problemlər yaradacaqdı. Yazıq Gerasim öz başın güclə saxlayır, Mumunu hara aparsın? Dolayısı ilə haranısa tərk etmək, hansısa yolla inadla addımlamaq istəyirsənsə, belə bir məqsədin varsa, sözün həm məcazi, həm də birbaşa mənasında sevdiyin, bağlandığın, sənin üçün əziz olan canlını suda boğmağı bacarmalısan. Qadınlar “Mumunu suda boğmağı bacarmırlar”. Ona görə “malikanəni tərk edə bilmirlər”. Dəqiq bilirəm bu fikirlərimin heç bir elmi əsası yoxdu. Bu fikirlər olsa- olsa xəstə təxəyyülümün məhsullarıdı. Zaman-zaman bu mövzuda özümü tərbiyələndirməyə cəhdlər edirəm. Deyirəm ayıbdı, iyirmi birinci əsrdə yaşayırıq, bu qədər kitab oxumusan, bəs bu axmaq fikirlər nədir belə sənin başında dövran edir? Sonuncu dəfə bu mövzuda üç il əvvəl özümü babat tərbiyələndirmişdim. Üstəlik həmin vaxt bir konfransda iştirak etməli oldum. Konfransda bir qadın o qədər gözəl çıxış etdi ki, başımda qadınlar haqqında dövran edən axmaq fikirlərə görə lap xəcalət çəkdim, hətta, dəqiq yadımdadı necə xəcalət çəkdimsə əməlli-başlı tərlədim. Sonra konfransda çay, kofe içmək üçün fasilə elan olundu. Gözəl çıxış edən, öz çıxışı ilə başımda fırlanan fikirlərimə görə məni utandıran qadın başqa bir qadının əlindən tutdu. Onlar ikinci sinif şagirdiləri kimi atdana-atdana elə bir səydəş tərzdə konfrans zalın tərk etdilər ki, olmayan ətim töküldü. Təkcə saçlarının üclarına bağlanmış ağ bant çatışmırdı. Fikrləşdim yox e, bunlarda nəsə problem var və beləliklə özümü babat tərbiyələndirmək bu mənzərənin nəticəsində heyif ki, çilik-çilik oldu. Heç özüm də o əziyyətli, babat özünütərbiyələndirməyin elə qəfildən çilik-çilik olmasını istəməzdim.
Neçə il Azərbaycanda yaşamış, Azərbaycan dilində çox xoş bir ləhcəylə danışan, aramızda səmimi münasibətin olduğu bir amerikalı qızla içki məclisindən sonra gic-gic mövzularda söhbət edirdik. Ona belə sual verdim: “Həyatında neçə sevgili olub?” Başladı həyatının müxtəlif dövrlərini xatırlayaraq sevgililərini bir-bir sadalamağa. Sadaladıqca barmaqların qatlayırdı. Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz… Səkkizə çatanda mən bir az təəccüb hissi keçirdim. Qız bunu gördü, sadalamağın saxlayıb dedi “Neyləyim Seymur, qəhbəyəm də…” İndi o qızın sözü olmasın, neyləyim, özümlə bacara bilmirəm, axmaq-axmaq fikirləri başımdan çıxarmaqda acizəm. Sizlərdən son dərəcədə xahiş edirəm, mümkünsə başımda fırlanan, heç bir elmi əsası, heç bir elmi dayağı olmayan bu qəhbə fkirlərə görə məni bağışlayın…
* * *
“Gözündən düşməkdən qorxuram” sözlərini deyən və mənim üçün əziz olan ikinci adam sənsən.
Mənim bir dostum var. Buna bir adam pul atmışdı. Güya şərikli sex açıb üzüm şirəsi buraxmaq istəyirmişlər. Adam dostumu aldadıb. Pulu götürüb dəyəsən Rusiyaya qaçıb. Dostuma sual verdim ki, a kişi, camaata İranın, Turanın yolun sən öyrətmisən, şeytana papış tikirsən, bəs necə oldu səni aldatdılar. Dedi vallah hər şeyi hesablamışdım. Apardı məni bir üzümlüyə, üzümlüyü göstərib dedi ki, bu da bizim üzümlüyümüzdü. Üzümü sex üçün burdan yığacağıq. Bax orda aldandım. Evim bax o üzümlükdə yıxıldı.
Hər bir adamın zəif, açıq, qorunmayan yeri, hər bir adamın öz üzümlüyü olur. Mənim də zəif, açıq, qorunmayan yerim, üzümlüyüm koloritli sözə qarşı olan həssaslığımdı. Bir həftə əvvəl tanışlardan biri yazıb hal-əhvalımı soruşmuşdu. Dedim, sağ ol, babatam, sən necəsən. Belə cavab verdi: “Heç nə, oturmuşuq evdə, şəhəri təhvil vermişik camaata. Arada kiminsə öldüyünü eşidəndə yasına gedirik”. Bir həftədi bu cavab mənə babat bədii kef verir və yəqin ki, bir neçə həftə də bu koloritli cavabın təsirı altında olacam.
Yadımdadı, qanım qara idi. Üstümə ağırlıq çökmüşdü. Sənə zəng etdim. Dedim, qanım qaradı. Sən də dedin ki, hardasan, gəlim bir az düşük-düşük danışım, kefin açılsın. Bax, mənim evim orda yıxıldı. Orda tam məğlub oldum. Sənə qarşı məndə sonsuz dərəcədə doğmalıq hissi yarandı. Əgər sən “əşi boş ver getsin, kef elə, möhkəm ol” kimi sözlərdən birin işlətsəydin, o sözlər heç yadımda qalmazdı. Amma “gəlim bir az düşük-düşük danışım, kefin açılsın” sözlərin deməklə mənə sarsıdıcı zərbə vurdun. Mən düşünürdüm ki, bu sözü deyən qız adi qız ola bilməz. Ümumiyyətlə, sənin adın, familiyan, hərəkətlərin mənə qeyri-adi görünürdü… Bütün bunların indi heç bir mənası yoxdu. Ola da bilməz. Olan olub, keçən keçib. Hər kəs öz həyatın yaşayır. Bundan əlavə artıq heç nə yazmaq istəmirəm. Hərçənd deməyə sözüm var. Sənə həyat və yaradıcılığında uğurlar arzulayıram.
Zərərli və zəhərli dərdlər haqqında
– Demişdiniz ki, yazıçı fikirlərinə görə qiymətləndirilməməlidir.
– Xeyir, fikirlərin vacib olduğuna inanmıram.
– Bəs onda bir yazıçını nəyə görə qiymətləndirməliyik?
– Məncə, yazıçı yazdıqlarının oxucuya verdiyi zövqə və oyandırdığı hisslərə görə qiymətləndirilməlidi.
Xorxe Luis Borxesin müsahibəsindən.
Yazılarını diqqətlə oxuduğum, lap çoxdan tanıdığım hörmətli Yalçın İslamzadə neçə müddətdir ədəbiyyatın, ədəbiyyatçıların bostanına daş-kəsək atmağı özünə məşğuliyyət seçib. Son illər Yalçın bəy az qala hər yazısında ədəbiyyatın, ədəbiyyatçıların bostanına daş-kəsək atır, yazılarında ədəbiyyatı, ədəbiyyatçıları gözdən salmağa uğursuz cəhdlər edir. Məsələn, Yalçın bəy “Avropanın yarımçıq ağlı” adlı yazısında yazır:
“Aktiv oxucuların mütləq əksəriyyəti ədəbiyyat oxucularıdır və dayanmadan bir əsərdən digərinə keçir, oxuduqları ədəbi əsərlərin siyahısını artırır, hətta ədəbiyyatı təbliğ edən bəzi yazarlardan da çox mütaliə edirlər. Ancaq ədəbiyyat real həyat deyil və həyatdakı hansısa tipi hansısa əsərdəki obraza bənzətmək, ya da hansısa hadisəni hansısa əsərdəki hadisəyə oxşada bilmək və hər kəsin bildiyi problemləri kim bilir neçə mininci dəfə, bir az da koloritli formada ifadə etmək ziyalı olmaq deyil. Ədəbiyyatla başlamaq faydalıdır, ancaq o çərçivədə qalmaq mütaliənin səmərəsizliyi ilə nəticələnəcək.”
Əvvala ondan başlayaq ki, Yalçın bəyin fizika bayrağı altında ədəbiyyata qarşı elan etdiyi bu birtərəfli müharibəni başa düşməkdə, bu birtərəfli müharibəni yaradan, şərtləndirən səbəbləri axtarıb tapmaqda ciddi mənada çətinlik çəkirəm. Düzdür, Yalçın bəy qəti şəkildə iddia edə bilər ki, ədəbiyyata qarşı heç bir qərəzi yoxdur, yazılarındakı fikirlər düzgün başa düşülməyib, yaxud Erkin Qədirli demişkən, fikirləri kontekstdən çıxarılıb və s. və i. Lakin onu da nəzərə almaq lazımdır ki, biz də saqqalı dəyirmanda ağartmamışıq. Uzun illərdir yazı-pozunun içindəyik. Yazını oxuyanda müəllifin daxili aləmini, ovqatını, nə demək istədiyini, nə demək istəyib də tam deyə bilmədiyini azdan-çoxdan tutmağı, hiss etməyi bacarırıq. Yəni, Yalçın bəy hətta inkar etsə belə onun ədəbiyyata qarşı qərəzli mövqeyi yazılarında açıq-aydın hiss olunmaqdadır və onu da mutləq qeyd edim ki, bu təkcə mənim müşahidəm, qənaətim deyil, bir neçə digər qələm adamları da Yalçın bəyin ədəbiyyata qarşı qərəzini açıq-aydın hiss ediblər.
Beləliklə, hal-hazırda bu suala cavab tapmaq mənim üçün çox maraqlıdır; görəsən Yalçın bəy ədəbiyyata nə verib, indi də geri ala bilmir? Görəsən, Yalçın bəyi həqiqi mənada, ürəyinin dərinliklərində narahat edən nədir? Niyə Yalçın bəy belə narahatdır? Narahat olmaq pis şey deyil, amma məsələ ondadır ki, Yalçın bəyin narahatlığında zərrə qədər də bəşərililik əlamətləri yoxdur. Böyük ehtimalla onun ədəbiyyata qarşı qərəzi çox balaca hisslərinin cəmindən yaranmış, hamıdan və hər kəsdən əvvəl özünün əleyhinə olan zərərli, zəhərli bir “fenomendir”.
Əgər Yalçın bəyi hansısa yazıçının, şairin mövcudluğu, varlığı, hansısa yazıçının, şairin beş-altı oxucu qazanması bərk narahat edirsə, xahiş olunur bunu açıq şəkildə ifadə etsin. Açıq şəkildə desin ki, filankəsin varlığı, mövcudluğu, beş-altı oxucu qazanması məni bərk narahat etməkdədir. Belə olduğu halda onun işi xeyli asanlaşar. Daha bu qədər əzab-əziyyət çəkərək fizika bayrağı altında ədəbiyyatı zorla elmə qarşı qoymaq, ədəbiyyatı zorla elmin düşməni rolunda təqdim etmək nəyə və kimə lazımdır?
Ədəbiyyat elmin düşməni deyil. Zorla, süni şəkildə ədəbiyyatı elmə qarşı qoymaq, ədəbiyyatı elm yolunda səngər, istehkam kimi təqdim etmək mənasızlıq, bir az da dayazlıqdır. Ədəbiyyat nəinki elmin düşməni deyil, hətta ədəbiyyat elmın inkişafında müstəsna rol oynayıb. Aydın məsələdir, nəyisə yaratmaq üçün insan əvvəlcə onu təssəvvür etməlidir. Ədəbiyyat isə insanların təxəyyülünün sərhədlərini genişləndirir. Eynşteyn deyirdi: “Əgər uşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, onlara nağıl oxuyun. Əgər uşaqlarınızın daha da ağıllı olmasını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun.”
Yaxşı, indi biz kimə inanaq, Yalçın bəyə, yoxsa Eynşteynə? Mən şəxsən bir köhnə tanış, bir yerli kimi Yalçın bəyə inanmaq istərdim, amma Eynşteynin nəhəng həyat və yaradıcılığı buna qəti imkan vermir. Eynşteyn kimi bir nəhəngi kənara qoyub, bir köhnə tanış, bir yerli kimi Yalçın bəyə necə inanım? Hər şeyin bir sərhədi olmalıdır!
Dünyanın ən mötəbər alimlərini yetişdirən Qərb universitetlərinin hərəsi bir ədəbiyyat jurnalının təsisçisidir. Niyə Amerikanın Yale (Yel) Universiteti ədəbiyyat jurnalı (“Yale Review”) nəşr edir?! İki yüz ildir nəşr edilən bu sanballı ədəbiyyat jurnalında çap olunan yazıçılara, şairlərə, publisistlərə universitet niyə böyük qonorarlar ödəyir? Fizika da daxil olmaqla elmin müxtəlif sahələrində mütəxəssislər yetişdirən bu universitet görəsən, ədəbiyyata niyə belə əhəmiyyət verir?!
Yaxud götürək dünyaca məşhur, ən ardıcıl və böyük ədəbiyyat jurnallarından biri hesab edilən, rüblük nəşr olunan “Ploughshares” jurnalını. Bu jurnala niyə rəsmi şəkildə Amerikanın bir universiteti (Boston Emerson) ev sahibliyi edir?!
Stiven Hokinq vəfat edəndə Yalçın bəy onun haqqında bir yazı qələmə almışdı. Yalçın bəyin sevimli alimi Stiven Hokinq harda, hansı universitetdə böyük alimlik mərtəbəsinə ucalmış, öz riyaziyyat, fizika, kosmos sahəsində elmi tədqiqatlarını aparmış, rütbələr almışdır? Kembric Universitetində. Bu universitetin məhz Stiven Hokinqin oxuduğu, işlədiyi institutu (Trinity Hall – red.) “Kembric Literari Revyu” adlı ədəbiyyat jurnalı buraxır.
Ədəbiyyat və elm bir-birinə qarşı iki barışmaz cəbhə olsaydı, görkəmli fiziklər, riyaziyyatçılar yetişdirən, böyük-böyük tədqiqatların ocağı olan bu və digər universitetlər ədəbiyyat jurnalları buraxardılarmı? Bu qədər pulu havaya sovurardılarmı?!
Yalçın bəy deyir ki, ədəbiyyatla başlamaq faydalıdır, ancaq o çərçivədə qalmaq mütaliənin səmərəsizliyi ilə nəticələnəcək.
Bu, gənc oxucuları tamam azdırmaqdır. Belə çıxır ki, ədəbiyyat mütaliənin uşaqlığıdır, ədəbiyyat oxuyan adam böyüdükcə, yetkinləşdikcə keçməlidir elmi kitablara. Bu, kökündən səhv yanaşmadır.
Ədəbiyyat və elm bir-birinin ardınca gələn pillələr deyil. Ədəbiyyatla elm insanın hərtərəfli inkişafının iki paralel tərəfidir ki, hər ikisi ömür boyu davam edir və davam etməlidir. Elmi ədəbiyyat əqli inkişafa (IQ – red.) xidmət edirsə, bədii ədəbiyyat emosional inkişafa (EQ-red.) xidmət edir. Onların hər ikisi sağ və sol əl kimi adəm övladına gərəkdir, lazımdır.
İkincisi, Yalçın bəy ədəbiyyatın bostanına daş atmaq məşğuliyyətinə xərclədiyi enerjinin əvəzinə Azərbaycan dilində yazılmış on-on beş əsəri zəhmət çəkib diqqətlə oxusa, bəlkə də yazılarındakı qarışıq, dolaşıq, başı-ayağı itmiş cümlələr bir az qaydasına düşər və nəticədə yazıları oxucular tərəfindən daha rahatlıqla oxunar, fikirləri oxucular tərəfindən daha asanlıqla həzm olunar.
Yalçın bəyə ədəbiyyatın faydaları haqqında dastan oxumaq fikrində deyiləm. Buna ehtiyac görmürəm. Sadəcə bir neçə yazıda vurğuladığım fikirləri bir daha vurğulamaq istərdim. Mən tarixi yaxşı bilən adamlara çox rast gəlmişəm. Həmin adamlardan bəziləri məhz ədəbiyyat sahəsində axsadıqlarına, ədəbiyyata qarşı mənasız yerə dava apardıqlarına, ədəbiyyatla mənasız yerə öcəşdiklərinə görə tarixi hiss etməkdə ciddi çətinlik çəkirlər. Ədəbiyyatı saymayan adamlar bəzən tarixi heç yerli-dibli hiss edə bilmirlər. Ədəbiyyat bizə bir dövrdə yaşayıb başqa dövrləri hiss etmək şansı, daha dərinə getdikdə isə bizə tarixdə ərimək imkanı tanıyır. Əbəs yerə deyilməyib: “Yalnız ayrı-ayrı insan talelərini öyrənməklə tarixi hiss etmək olar.”
Üçüncüsü, Yalçın bəy ədəbi mühitin köməkliyi, vasitəsilə tanınıb, mətbuata yolu açılıb, həyatına məna qatıb… Bunları yəqin özü də inkar etməz. Hər şey bir tərəfə, ədəbi mühitin köməkliyi, vasitəsilə tanınıb, həyatına məna qatıb sonra ədəbiyyat bostanına elə hey daş atmaq, bir az ədalətsizlik deyilmi? Hərçənd, şeytan detallarda gizlənsə də, burada detallara girmək istəmirəm. Sadəcə onu demək istəyirəm ki, insanda çox yox, bir az ədalət hissinin olması yaxşı şeydir.
Ümumiyyətlə, bəzi insanların ədəbiyyata, xüsusən yerli müəlliflərə, əsərlərə, tərcüməçilərə qarşı ifrat tələbkarlığını başa düşmək çətindir. Formalaşmağında ədəbiyyatın müstəsna rol oynadığı bir camaatın nümayəndələri niyə yerli müəlliflərə, əsərlərə, tərcüməçilərə qarşı belə qəddarcasına tələbkardırlar? Yerli müəlliflərə, əsərlərə qarşı ifrat, amansız, qəddar, tələbkar münasibəti adamlara qadağan etmək olmaz. Lap yaxşı, qoy adamlar yazıçılara qarşı tələbkar münasibətdə olsunlar. Bu tələbkarlığın hamıdan çox elə yazıçıların özünə xeyri var. Amma nədənsə yazıçılara qarşı ifrat dərcədə tələbkarlıq edən adamlar başqa sahələrə gəldikdə tələbkarlıqlarını tamam yaddan çıxarmaqla bərabər, başqa sahələrdəki problemlərə asanlıqla, peşəkarcasına bəraət qazandırırlar. Əgər adamlar həqiqətən yerli müəlliflərə qarşı səmimi surətdə belə tələbkardırlarsa, onda zəhmət çəkib başqa sahələrdə də tələbkar olsunlar. Başqa sahələrdə də, məsələn, təhsildə, səhiyyədə, məhkəmə sistemində də dünya standartları tələb etsinlər. Yerli müəllifdən dünya standartları tələb edən adamların başqa sahələrə gəldikdə öz tələbkarlığını unutması, unutmaqdan əlavə, hətta başqa sahələrdəki problemləri peşəkarcasına, zərgər dəqiqliyi ilə malalaması riyakarlıq deyilmi? Məntiqlə, yerli yazıçıdan dünya standartı tələb edən adam Azərbaycanda yerləşən istənilən məktəbə, məhkəməyə, xəstəxanaya, poliklinkaya ayağını basanda gördüyü dəhşətdən və vəhşətdən girişdəcə ürəyi partlamalıdır. Partlayırmı? Partlamır. Deməli, tələbkarlıqlarında səmimi deyillər. Heç nə, ayının min oyunu bir armudun başında olduğu kimi, bəzi vətəndaşlarımızın xüsusən yerli müəlliflərə, tərcüməçilərə qarşı ifrat təlabkarlığı, bu müstəvidə danışdıqları nağıllar, uydurduqları bəhanələr on manat verib kitab almaq əzabından, məşəqqətindən xilas olmaq üçündür.
Məsələnin başqa bir tərəfi də var. Ədəbiyyat adamları, yazıçılar, şairlər, tənqidçilər hər bir tribunadan istifadə edərək, hətta sırf, qatı hakimiyyətyönlü mətbuatda belə öz sahələrində mövcud olan problemləri zaman-zaman bacardıqları qədər dilə gətirirlər. Kimisi bir az sərt, kimisi bir az yumşaq formada. Ona görə ədəbiyyatçılar başqa sahənin adamlarına nisbətən həm çox, həm də aktiv görünürlər. Əgər digər sahənin adamları öz dərdlərini, problemlərini hansısa səbəblərdən dilə gətirməyə çəkinirlərsə, bu ədəbiyyatla məşğul olan adamların dünəndən problemi deyil. Digər sahələrin adamları da bacarırlarsa, nəsə onlara ciddi şəkildə mane olmursa, buyursunlar, onlar da problemləri dilə gətirsinlər.
Əlbəttə, bütün bunlar aydın məsələlərdir. Söhbət hansısa sahənin inkişaf etməsindən, hansısa sahənin inkişafdan qalmasından getmir. Söhbət ürəyin nə qədər böyük, nə qədər kiçik olmasından gedir. Yazının bir cümləlik məğzi, canı da elə bundan, ürəyin nə qədər böyük, nə qədər kiçik olmasından ibarətdir. Məsələn, son illərdə adamların kino zövqündə müsbət istiqamətdə xeyli dəyişiklik baş vermişdir. Bu prosesdə üç ifritənin – Sevda Sultanovanın, Aygün Aslanının, Aliyə Dadaşovanın böyük zəhməti oldu. Son vaxtlar münasibətlərimizdə ictimai-siyasi hadisələrə fərqli baxış-larımıza görə xeyli soyuqluq yaransa da, Sevdanın kino haqqında yazılarından xeyli bəhrələnmişəm. Sevdanın yazılarında adını çəkdiyi rejissorların filmlərini axtarıb, tapıb baxmışam. Şəxsi münasibətlərdə baş verənlərin məsələyə dəxli yoxdur, hər kəsin haqqı verilməlidir. Zaman-zaman Sevdadan, Aygündən, o cümlədən Əli İsa Cabbarovdan və bu qəbildən olan digər şəxslərdən hansı filmə baxmaq barəsində məsləhətlər istəmişəm. Baxmayaraq ki, muğənnilər demişkən, məni yaxından tanıyan adamlar kino zövqümün, bazamın kifayət qədər yaxşı olduğunu bilir. Sözümün canı odur ki, insanların kino zövqünün müsbət istiqamətdə dəyişməsinə yalnız və yalnız sevinə bilərəm. Əgər bir insanın ürəyində paxıllıq hissi yoxdursa, işini-gücünü buraxıb adamların kino zövqünün müsbət istiqamətdə dəyişməsini, adamların səviyyəli filmlərə baxmasını, yaxud adamların ədəbiyyat oxumasını ilin-günün bu vaxtı niyə, nədən ötrü özünə dərd eləməlidir?