Kitabı oku: «Qana qan qarışdı»

Yazı tipi:

Şəmil Sadiq

QANA QAN QARIŞDI

DRAMLAR

QANA QAN QARIŞDI

“Kitabi-Dədə Qorqud” dastanı əsasında yazılmış 4 pərdəli tarixi dram

Yazılma tarixi: 1999-2005

Səhnəyə qoyulma tarixi: 2010, Naxçıvan MR

İştirak edirlər:

Dədə Qorqud – Tarixi əfsanəvi şəxsiyyət. Ozan. Oğuzun bilicisi, ağsaqqalı

Qazan xan – Bayandır xandan sonra Qalın Oğuz elinin başçısı, xanlar xanı

Bamsı Beyrək – İç Oğuz bəyi, Bayburanın oğlu, Qazanın yaxın silahdaşı

Qaragünə – Qazan xanın qardaşı, İç Oğuz bəyi

Uruz – Qazan xanın oğlu, İç Oğuz bəyi

Yeynək – İç Oğuz bəyi

Burla Xatun – Qazan xanın arvadı

Bükdüz Əmən – Dış Oğuz bəyi

Alp Aruz – 9 Oğuz tayfasının başçısı, Dış Oğuz bəyi

Dəli Dondaz – İç Oğuz bəyi

Yalıncıq – Dış Oğuz bəyi

Qara Tükən – Aruzun kafir qızından olan oğlu

Təkur – Doqquz Tümən kafir

Şöklü Məlik – Doqquz Tümən kafir məliyi

Şir Şəmsəddin – İç Oğuz bəyi

Alp Ərən – Dış Oğuz bəyi

Qılbaş – Oğuz elinin baş elçisi

Kafir qızı – Oğuz elinin bəlası, Qara Tükənin anası

Alp Rüstəm – Dış Oğuz bəyi

Bəkil oğlu İmran – İç Oğuz bəyi

Tiqran – Təkurun baş sərkərdəsi

Naira – Təkurun qızı, Tiqranın sevgilisi

Epizodik rollar: gözətçi, çapar, kafirin elçisi, türk, keşikçilər

Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 127-ci mövsümdə

2010-cu il dekabr ayının 30-da səhnəyə qoyulmuşdur.

Quruluşçu rejissor – Kamran Quliyev (Xalq artisti)

Quruluşçu rəssam – Əbülfəz Axundov (Nax. MR. Əməkdar rəssamı)

Musiqi tərtibatçısı – Şəmsəddin Qasımov (Nax. MR. Əməkdat İncəsənət xadimi)

Rejissor assistentləri – Bəhruz Haqverdiyev (Nax. MR. Əməkdar artisti)

Vüsal Rzayev (Nax. MR. Əməkdar artisti)

Teatrın direktoru və baş rejissoru – Kamran Quliyev (Xalq artisti)

Rollarda

Dədə Qorqud – Xəlil Hüseynov (Az. Res. Əməkdar artisti)

Qazan xan – Rza Xudiyev (Xalq Artisti)

Bamsı Beyrək – Vidadi Rəcəbli (Az. Res. Əməkdar artisti)

Qaragünə – Cəbrayıl Nəbiyev

Uruz – Rəhman Dünyamalıyev

Yeynək – Əli Əliyev (Az. Res. Əməkdar artisti)

Burla Xatun – Günay Qurbanova (Nax. MR. Əməkdar artisti)

Bükdüz Əmən – Zakir Fətəliyev

Alp Aruz – Rövşən Hüseynov

Yalıncıq – Əbülfəz İmanov (Nax. MR. Əməkdar artisti)

Qara Tükən – Tahir İsmayılov

Təkur – Doqquz Tümən kafir

Şöklü Məlik – Doqquz Tümən kafir məliyi

Alp Ərən – (Yusif Allahverdiyev (Az. Res. Əməkdar artisti))

Qılbaş – Şirzad Abutalibov (Xalq Artisiti)

Kafir qızı – Nazlı Hüseynquliyeva

Tiqran – Bəhruz Ahqverdiyev, Habil Behbudov (Nax. MR. Əməkdar artisti)

Naira – Təkurun qızı, Tiqranın sevgilisi (Zəminə Baxşəliyeva)

Gözətçi – Teyyub Zeynalov, Tofiq Mövləvi

Keşiçki – Yunis Cəfərov

Türk – Vüsal Rzayev (Nax. MR. Əməkdar artisti)

Rəqqasələr – Kəkil Novruzova, Humay Bədəlova (Nax. MR. Əməkdar artisti), Zəlihə Hüseynquliyeva

Təkürün Elçisi – Elxan Şeyxov

I PƏRDƏ

(I şəkil)

(Bayandır xanın kürəkəni, Qalın Oğuz elinin dayağı, xanlar xanı Ulaş oğlu Salur Qazan hündür alaçığının qabağında durub dərdli-dərdli Oğuz elini seyr edir. Xan qızı, boyu uzun Burla xatun Qazanı belə görəndə ürəyində qara qanlar axır. Qazana tərəf gələrək deyir.)

Burla xatun.

Bəri gəl, Salur bəyi, Salur göyçəyi!

Başımın bəxti, evimin taxtı!

Xan atamın kürəkəni,

Xanım anamın seviləni,

Ata-anamın verdiyi,

Göz açaraq gördüyüm,

Könül verib sevdiyim,

İgid bəyim Qazan, niyə belə qəmginsən? Nələr olmuş sana, söyləsənə? Yurdunmu talan olub, viran qalıb? Ocağınmı sönüb, odsuzmu qalıb? Söylə mana, bəlkə, dayaq oldum sana.

Qazan xan. (ona sarı gəlir, əlindən tutub)

Par-par yanan, parıldayan incə donlum,

Yeriyəndə yerə qədəm basmayan,

Qar üstünə qan damantək al yanaqlım!

Qoşa badam sığmayan dar ağızlım,

Qələm ilə rəssam çəkən qara qaşlım,

Hörükləri qırx tutamlıq qara saçlım!

Aslan nəsli, sultan qızı, niyə qəmgin olmayım?! Xanlar xanı atan Bayandır xan böyük Türk elini mənə etibar etdi, 24 Oğuz tayfasını mənə tapşırdı. Məni onların birliyi düşündürür. Tayfalar arasındakı ara-sıra olan umu-küsü bizim birliyimizə xələl gətirir. İllərdir, babalarımız Oğuz elini parçalanmağa qoymamışdı. Kafirlər yenə düşmənçilik edir, hər an bizi pusurlar, imkan tapan kimi Oğuz elinə girir, Oğuz ellərini talan edir, qız-gəlinlərimizi əsir alır, analarımızı ağlar qoyurlar. Bir düşün, oğuzlar bir olmasa, bunun qarşısını almaq olarmı? Bax, məni bu düşündürür, bu qorxudur. Mənim çiyinlərimə ağır bir məsuliyyət qoyulmuşdur. Gərək mən gecə yatmayım, gündüz oturmayım, türkün birliyini qoruyub daha da möhkəmləndirim.

(Bu zaman gözətçi xana yaxınlaşıb baş əyir. )

Qazan xan. Oğlan, sözünmü var?

Gözətçi. Bəli, xan! Bir nəfər qadın gəlib, sizi görmək istəyir, son dərəcə vacib bir sözü olduğunu söyləyir. İzndirsə, çağırım?

(Qazan xan Burla xatuna getməsini işarə edir. Burla xatun Qazan xanın dövlət işləri ilə məşğul olduğunu görüb gedir.)

Qazan xan. Nə qadın? Qadının mənə nə sözü ola bilər ki?

Gözətçi. Bizim ellərdən deyil, xan, kafir qızına bənzəyir, keşikçilər onu bizim elin həndəvərində görüblər. Xan, qucağında bir körpə də var. Təkidlə sizi görmək istəyir.

Qazan xan. İzndir, de, gəlsin.

(Xan keçib öz taxtında əyləşir. Bu zaman qara geyimli, başı açıq, son dərəcə gözəl bir qadın içəri girir, baş endirib təzim edir və həyəcanlı bir səslə)

Qadın. Xan Qazan, hüzuruna çox vacib bir iş üçün gəlmişəm. Ünüm anla, sözüm dinlə. Düz 9 ay bundan qabaq Qalın Oğuz bəylərindən Alp Aruz başının dəstəsi ilə bizim ellərə yürüş etmişdi. Məni və 9 gözəl qızı bulaq üstə görüb atlarının tərkinə aldılar, zorla məclislərinə gətirdilər, şərab paylatdılar. Sonra isə müqavimətimizə baxmayaraq, sərxoş halda namusumuzu ləkələdilər. Səhərə yaxın birtəhər əllərindən qurtulub qaça bildik. Xan, bundan xəbər tutan Şöklü Məlik hamilə olduğumuzu eşidəndə hamımızı asmağı cəlladlara əmr etdi. Biləndə ki, ana bətnində olan uşaqlardan birinin atası bəy nəsli, xan nəsli Oğuz bəyi Alp Aruzdur, məni öldürməmələrini tapşırdı. Məqsədi o imiş ki, uşaq doğulandan sonra onu xüsusi qayda ilə böyütsün, oğuzlara qarşı qoysun.

“Axı, bu uşaq cins toxumdur, bəy nəslidir. ”Aslan balası aslan olar” demişlər. Böyüyər, türklərə qarşı qoyarıq, Oğuz elinə şərik olarıq. Onun gücü, bizim ağlımız, siyasətimiz… Türkü öz əli ilə məhv etməsək, heç vaxt ona bata bilmərik”, – dedi, xan. Uşaq doğulan kimi əlimdən alacaqdılar. Onun üçün də mən sənə, sənin böyüklüyünə pənah gətirmişəm.

(Diz çökmək istəyir. Qazan qoymur, əlindən tutub ayağa qaldırır.)

Alın əmanətinizi, götürün, necə olsa, dayınız Aruzun oğludur. Mən də bir anayam, balamdan ayrı qala bilmərəm, onu gözümdən uzağa qoya bilmərəm. Ona görə də balamı götürüb bura gəldim. Yalvarıram, xan, məni ya qapında qul et, ya da eşiyində dilənçi. Ancaq imkan ver, mən balama yaxın olum, xan. Ana gözünü ağlar qoyma, xan…

(Qadın bunları deyib, ağlar gözlərini silə-silə nəzərlərini Qazana dikir. )

Qazan xan. (Qazan bir az fikrə gedir. Sonra asta-asta başını qaldırıb gözətçiyə) Oğlan, get, 24 Oğuz bəyinə hay sal, çapar göndər, de ki, tez bir zamanda Dış Oğuz, İç Oğuz bəyləri mənim hüzuruma gəlsin. Bu qadını isə körpəsi ilə birlikdə qadınların arasına ötür, qoy üstündə göz olsunlar.

Gözətçi. Baş üstə, xan!

(Qadın ehtiramla baş əyərək gözətçi ilə birlikdə arxalarını çevirmədən məclisi tərk edir.)

II şəkil

(Xan sarayı. Taxtında əyləşən xan dərin fikirlərə dalmışdır. Qalın Oğuz bəyləri xanın çağırışına görə bir-bir özlərini yetirirlər.)

Gözətçi. Xan, Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eyləyən, bığını boynunun dalında yeddi dəfə düyünləyən, igidlər igidi, qardaşınız Qaragünə gəlmişdir.

Qazan xan. De, gəlsin.

(Baş əyib təzim edərək öz yerinə keçir.)

Gözətçi. Xan, Dəmir qapı Dərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcik oğlu Dəli Dondaz çaparaq gəlmişdir.

Qazan xan. Qoy gəlsin!

Gözətçi. Xan, Amidlə Mərdin qalasını vurub yıxan, Dəmir yaylı Qıpçaq Məlikə qan qusduran, Oğuzun ağsaqqalı, igidləri görəndə o igidə “əhsən” deyən, al məxmər şalvarlı, atı mavi qotazlı Qaragünə oğlu Qarabudaq gəlmişdir. İzndirsə, gəlsin.

Qazan xan. Gəlsin.

Gözətçi. Xan, icazəsiz Bayandır xanın düşmənini basan, altmış min kafirə qan qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət Qoca oğlu Şir Şəmsəddin çaparaq gəlmişdir. İzin istəyir.

Qazan xan. İzndir, de gəlsin.

Gözətçi. Xan, Parasanın, Bayburd hasarından sıçrayıb aşan, al rəngli gəlin ocağına qarşı gələn, yeddi qızın ümidi, Qalın Oğuzun müjdəçisi, yaxın silahdaşınız, boz ayğırlı, üzü örtüklü Beyrək dördnala çaparaq gəlmişdir.

Qazan xan. İzin onundur, de gəlsin.

Gözətçi. Xan, çalın-çarpaz çalmalı, çal qaraquş ərdəmli, qurama qurşaqlı, qulağı qızıl küpəli, Qalın Oğuz bəylərini bir-bir atından yıxan, Qazlıq Qoca oğlu Yeynək bəy gəlib.

Qazan xan. Buyursun.

Gözətçi. Xan, kafirləri it ardına qoşub alçaldan, eldən çıxıb Ayğır gölü suyunda at üzdürən, əlli yeddi qalanın açarını alan, Sufi Sandal Məlikə qan qusduran, qırx cübbə bürünüb otuz yeddi qala bəyinin gözəl qızlarını oğurlayıb bir-bir boynun qucan, üzündən, dodağından öpən İlək oğlu Alp Ərən çaparaq gəlib.

Qazan xan. Buyursun.

Gözətçi. Xan, gedib Peyğəmbərin üzünü görən, dönərək oğuzlar içində ona sadiq tərəfdar olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bükdüz Əmən özün yetirib.

Qazan xan. İzndir.

Gözətçi. Xan, altmış təkə dərisindən olan kürkü topuqlarını örtməyən, altı erkək dərisindən papağı qulağını örtməyən, Dış Oğuzun bəylər bəyi dayınız Alp Aruz başının bəyləri ilə gəlmişdir.

(Aruz bəydən başqa bütün bəylər baş əyib diz çökür, ancaq Aruz yalnız baş əyərək Qazanın yanına keçir.)

(Bu zaman məclisə oğuzların bilicisi, gələcəkdən xəbər verən, oğuzların bir məclisi də onsuz keçməyən Qorqud Ata əlində qopuzu içəri girir. Bütün bəylər ona baş əyir, xan Qazan yerindən durub ona təzim edir, yer göstərir.)

Qazan xan. Bəylər, sizi buraya yığmağımın böyük səbəbi var. Bu, bizim üçün çox vacib bir məsələdir. Məlumunuz olsun ki, dayım Alp Aruz kafir ellərinə yürüş edərkən kafir qızlarını görüb sevmiş, öz məclisinə gətirmiş, şərab paylatmışdır. Sonra isə onlardan birini yatağına salmışdır, əylənmişdir. İndi o hadisədən 9 ay keçmişdir. 9 qız Oğuz igidlərindən toxum götürmüş, hamilə olmuşdur. Bundan xəbər tutan Şöklü Məlik hamilə qızların öldürülməsini əmr etmişdir, lakin biləndə ki, qızlardan biri bəy nəsli Aruzdan yüklüdür, onu saxlamalarını əmr etmişdir. Məqsədi uşağı anasının əlindən alıb, xüsusi qaydayla böyüdüb, Türk elinə qarşı qoymaqmış. Beləliklə, türkü türklə əzmək istəmişdir. İndi isə anası uşaq ilə kafirin əlindən qaçıb bizə pənah gətirmişdir. Bizdən imdad diləmişdir.

Gördüyünüz kimi, Alp Aruzun səhvi ucbatından indi bizim qarşımızda iki yol var: ya bizdən imdad diləyən qadını kafirin əlinə verib öldürtmək, balasını isə gələcəkdə bizə qarşı qoyub, Oğuz toxumundan bəhrələnməyə kafirə rəvac vermək, ya da qadını, və uşağı öz himayəmizə götürüb, birləşərək kafirin qadını uşağı qaytarmaq üçün hazırlaşdığı döyüşə hazırlamaq.

Bu vəziyyətdə sizin məsləhətiniz mənə çox vacibdir… Axı sizlər mənim arxam-dirəyim, vuran əlim, düşünən beynimsiniz.

Dədəm Qorqud, ilk söz sənindir. Sənsən bizim elin müdrik bilicisi. Sənin könlünə Allah ilham verər, gələcəkdən nə söylərsən, o da olar. Sənsən Oğuz elinin çətin işlərini həll edən, həmişə nə buyurmusan, onu qəbul edib, sözünü tutub getmişik. Buyur, ilk söz sənindir.

Dədə Qorqud. (Dədə Qorqud ağ saqqalını titrəyən əlləri ilə bir qədər sığallayandan sonra çox qəmli bir səslə deyir:)

Allah-Allah deməyincə işlər düzəlməz…

Əzəldən yazılmazsa, qul başına qəza gəlməz…

Təkəbbürlük eyləyəni Tanrı sevməz…

Yad oğlunu saxlamaqla oğul olmaz…

Qara başa don geyindirsən də, qadın olmaz…

Köhnə pambıq bez olmaz,

Qarı düşmən dost olmaz,

Oğul atanın yetirməsi, iki gözünün biridir.

Ağıllı oğul olsa, ocağımın gözüdür. . .

Ata adını ucaltmayan oğul ata belindən enincə

Enməsə, yaxşıdır…

Ana bətninə düşüncə, düşməsə, yaxşıdır…

Elimizdə-evimizdə, çalıb-deyən ozan olsun!

Azıb gələn qəzanı Tanrı sovuşdursun, xanım hey!

(Dədə Qoqud susdu, bir qədər düşündükdən sonra:)

Türk elinə bəla üz verib, bəylər, türkün qanı yad qanına qarışıb, düşmən torpağında oğuz toxumu cücərib, bu türkün məhvinə aparıb çıxaracaq. Tarix boyu türklər bundan əziyyət çəkəcək. Göylər pərisindən doğulan, elimizə, igid ərənlərimizə, ağsaqqallı, ağbirçəkli ata-analara qan udduran nacins Təpəgözü nə tez unutdunuz? Axı onun axıtdığı qanlar hələ qurumayıb? Uca Tanrı bizim elləri yad ellərdən seçmişdir. Bizim qanımız təmiz qalmalı idi. Türk basılmaz xalqdır, ona görə də düşmən həmişə ona hiylə qurur. Onu öz içindən zəiflədir. O körpənin atası türk olsa da, elinə, obasına qənim kəsilən, zatı dürüst olmayan, sapı özümüzdən olan baltanı yaxın buraxmamalı idiniz. Artıq bəla üz vermişdir. Bu körpə qaratikan kolu kimi türk elinə atılmışdır. Bu tikan gec-tez xalqımızın qəlbinə batacaq, inlədəcək. Ondan nəsillər törəyəcək, törəyən nəsildən nəsillər törəyəcək. Yəni saf, igid, ərən, mərd, seçilmiş olan türk bu qarışıq qanlardan həmişə bəla görəcək. Mən qocanın dedikləri heç zaman yalan olmayıb. Bu körpəni geri qaytarsanız, kafir bu cins toxumu türklərə qarşı nifrətlə yetişdirib, onun gücündən istifadə edib yurdumuzu alacaq, onu xan qoyacaq və özü idarə edəcək, gələn nəsillərə bu torpaqların onların ata-baba yurdları olduğunu bəyan edəcək. Yox, əgər onu saxlasanız, yenə o həddi-buluğa çatanda, Qazan, sənin yerinə göz dikəcək. Bəla artıq başlanıb. O burada qalsa, kafir mütləq qoşun çəkib bizə hücum edəcək.

Allah, sən özün bizi bu bəladan hifz elə, sən bu bəlanı bizdən uzaq elə, sənin birliyinə yox şübhə-güman, ey sahibi-Quran. (Bu sözləri deyərkən Dədə Qorqudu ağlamaq tutur. Bəylər arasına bir sakitlik çökür. Nəhayət, Qazan dillənir.)

Qazan xan. Dədəm Qorqud düz buyurur, bəylər, bəs fikriniz nədir? Arxam-dayağım, dar günümün yoldaşları, görər gözüm, vuran qolum bəylər! Kafirin qoşunu qapımıza dayanıb.

Beyrək. Xan, mənim fikrimcə, buraxmayaq düşmən balasını içimizə, atası bizdən olsa da, südü düşmən mayası ilə yoğrulub. O, heç vaxt zatını danıb, südünə dönük çıxmaz, sonunda xəyanət, bəla məhz belələrindən gələr. Məncə, bu ləkəni yer üzündən silmək lazımdır. Çünki kim bilir, sabah nə olacaq? Mən bu körpənin Oğuz elində qalmasına, Oğuz körpələri ilə böyüməsinə razı ola bilmərəm. Yenə məsləhət sizindir, xan, əmr verən sizsiniz.

Qaragünə. Mən Beyrəklə tamam şərikəm, gəlin qadını da, körpəni də kafirə qaytaraq. Qoy orda bizə qarşı nifrətlə, kinlə böyüdülsün, bu yaxşıdır, nəinki bizim içimizdə böyüyüb, sonra üzümüzə qayıtsın. Bəlanı nə qədər tez uzaqlaşdırsaq, bir o qədər yaxşıdır, mən qəti əleyhinəyəm, xan.

Əmən. Ədə, nə danışırsan? İndi deyirsən, biz körpəni kafirin qapımıza dayanmış qoşununa qaytaraq? Kafir də durub öyünsün ki, Qazan məndən qorxdu. Sonra da ayağı yer alsın, yurdumuza soxulsun? Bu qəbuledilməz bir məsələdir ki, sən söyləyirsən. Yox, xan, qoy körpə qalsın, özümüz böyüdərik, oğlan Uruzla oynayar, Türk çölündə böyüyər, yovşan ətrilə nəfəs alar. Sonra baxarsan, bir yenilməz igid olmuş, Oğuz elini yadlardan qoruyar. Atası Aruzun dayağı olar, xan!

Dəli Dondaz. Bəylər, siz heç düşünmürsünüz ki, bu bir hiylə ola bilər, bəlkə, heç bu, Aruzun belindən gəlməmişdir. Qanında türk qanı daşımır. Bəlkə, kafir bu qadını məqsədlə casus kimi göndərmişdir içimizə. Mən təklif edirəm ki, qadın da, onun körpəsi də məclisə gətirilsin, Aruz qadına baxsın, yəqin ki, yatağına saldığı qadını tanıyar, Dədəm Qorqud da körpəyə baxsın, görsün ki, onda türk görkəmi var, ya yox. Sonra qərarımızı verərik.

Qazan xan. İgidlər, Dəli Dondaz düzmü söylədi, nə dersiniz?

Bəylər. Məsləhətdi, xan.

(Qadını körpəsi qucağında məclisə gətirirlər. Aruz qadını görən kimi tanıyır, bunun həmin qadın olduğunu başı ilə təsdiqləyir.)

Şir Şəmsəddin. (Əlini qılıncının dəstəyinə qoyub qadına sarı gələrək) Qadın, düz söylə, bu, Aruz bəyin törəməsidir, ya səni qara başlı, sası dinli kafir hiylə ilə bura göndərib? Anam qadınım olsun, düz deməsən, sənin başını kəsib, kafirə ərmağan göndərəcəm.

Qazan xan. Şir Şəmsəddin, həddini bil! Bizim eldə qadına qılıncmı çəkərlər, sözmü deyərlər? Kişi haqq-hesabını kişi ilə edər, bəy. Dədəm Qorqud, bizə bir xəbər söylə, sən həmişə sözün düzün deyərsən.

Dədə Qorqud. (Qadına tərəf gəlir, körpəni əlinə alır diqqətlə baxır və deyir)

Gözlər qıyıq, qartal baxışlı, türk deyərəm,

Almacıqlar var yanağında , türk deyərəm,

Qarışıq var qanında, yenə türk deyərəm,

Biləkləri igid kimi qüvvətlidir, türk deyərəm,

Kafirlik var zatında, buna türk demərəm.

Qara Tükən deyərəm adına, məkirlidir.

Nacins deyərəm adına, məkirlidir.

Tez-tez çıxar türk yoluna, qanlar axar…

Həqiqətən də, bu, bir türk belindən gəlmişdir. Qanında Aruzun qanı axır, bəylər, amma bu, o demək deyil ki, hər zaman türkün sözünü tutacaq, saf su ilə bulanıq su arasındakı fərq nə qədərdisə, təmiz türk övladı ilə bunun arasındakı fərq də o qədərdir.

Yalıncıq. Xan, mən bu kafirləri çox yaxşı anlayıram. Canım, cins toxum düşüb əllərinə, ona görə də əldən vermək istəmirlər. Onlar həmişə babalarımızın qulu-köləsi olub, indi istəmirlər ki, əllərinə düşən bu fürsəti əldən versinlər. Axı onlar Tanrı tərəfindən seçilmiş türkdən toxum götürüblər və istəyirlər ki, dara düşəndə türklərlə qohum olduqlarını desinlər. Məncə, qaytarmasaq, yaxşıdır, xan Qazan, necə olmasa, sənə də qohum düşür, dayın oğlu sayılır. (deyib kinayə ilə gülümsünür) Yəqin, qohumunun məhvinə razı olmazsan?

Alp Ərən. Xan, burada qəribə nə var ki, məgər Oğuz belindən gələn bir Oğuz olurmur ki? Bu, Aruztək igidin oğludur. Atalar deməmişmi ki, ot kökü üstə bitər? Xan, qəbul edək, böyüyər, bizə də arxa, dirək olar.

Yeynək. Bəylər, məgər Dədəm Qorqud demədimi ki, bu, bir bəladır, atılmış türk elinə. Yadınızdan çıxıbmı ki, çinlilər Türkə qalib gələ bilmədiklərini görəndə siyasət işlədib onların arasına nifaq saldı, ikiyə parçaladı, sonra da hücum edib məhv etdilər? Siz dəfələrlə şahid olmamısınızmı, biz ağsaqqal sözündən çıxanda başımız dərd görür, elimizə bəla gəlir? Mən istərəm ki, körpəni öldürək, qadını isə elinə yola salaq.

Alp Aruz. (Onun sözünü kəsərək kinli, qəzəbli bir səslə) Yeynək!

Yeynək. Bəy, məgər sən də, mən də, bunlar da elimiz üçün çalışmırıqmı, torpağımız üçün vuruşmuruqmu? Türkün birliyi üçün qanımızdan keçməyə hazır deyilikmi? Məgər babalarımız, Mete Kağan, Atilla, Oğuz xan, Bayandır xan türk eli üçün çalışmamışmı? Mən yenə öz fikrimdə dururam. Təpəgözü böyütmədən öldürsəydik, türk eli o cür faciə görməzdi. Xan, mənim deyəcəklərim bu qədər.

Qazan xan. Aruz, sən nə söylərsən? Axı bu birbaşa sənə aiddir. Sənin fikrin nədir?

Alp Aruz. (Əlini saqqalına çəkir, bəylərə nəzər yetirib sözə başlayır.) Qazan, elin böyüyü sənsən, biz həmişə çətin məsələləri birlikdə, belə məclisdə ağsaqqal sözü ilə həll etmişik. Lakin siz hamınız bilməlisiniz ki, mən bir kişiyəm, gözəlliyə laqeyd qala bilməyib bu işi tutmuşam. Məgər onların qadınları hər zaman bizim kənizimiz, erkəkləri qulumuz olmayıblarmı? Məgər biz istədiyimiz an öz kənizimizə arzuladığımız şeyi əmr etməmişikmi? Düzdür, bu iş bizim düşündüklərimizdən uzağa getdi, ortada bir körpə məsələsi var. Mən deyərdim qoy uşaq qalsın, qadını qaytaraq. Uşaq qalar, öz uşaqlarımızla böyüyər, igid olar. Mən də ən azı sizin qədər elimi, yurdumu sevirəm, amma bir şeyi unutmayaq ki, uşaq böyüdüyü, yetişdiyi yeri sevər, oranın təbiətinə uyğunlaşar, oranın adət-ənənələrini mənimsəyər. Əgər körpə bizdə böyüsə, bizi tanıyar, bizə hörmət edər. Yox əgər uşağı kafirin əlinə versək, kim bilir o böyüyəndən sonra kafir ona bizim haqqımızda nələr deyər. Məndən olan oğlu böyüdüb sabah mənə əvəz qoymaq istər, daha çox şey tələb edər. Ziyanın yarısından da qayıtmaq xeyirlidir. Xan, yenə məsləhət sənin və məclisindir, amma mənim də bir ata olduğumu nəzərə alın. O körpə necə olmasa, axı mənim belimdən gəlmişdir.

(Qazan xan fikrə gedir. Bütün bəylər xanın nə söyləyəcəyini səbirsizliklə gözləyirlər. Hamı nəzərlərini ona dikmişdir.)

Qazan xan. Bəylər, mən çox çətin bir qərar verməyə məcburam. O qadının körpəsi Dış Oğuzun adlı-sanlı bəyi, mənim doğma dayım Aruzun oğludur. Sizin hamınızın söylədiklərində böyük bir həqiqət var. Bəlkə də, bu mənim tarix üçün böyük bir səhvim olacaq, amma bu gün mən son dəfə bütün deyilənləri götür-qoy edəndən sonra düşmənin bizə gülməməsi üçün körpənin də, qadının da qalması qərarını verirəm.

(Bu zaman qəmli və düşündürücü musiqi çalınır.) Qadının göz yaşları onun körpəsi üçün necə can yandırdığına sübutdur. Siz də şahid olmusunuz ki, o əziyyətlə, əzabla qaçıb bizim elə pənah gətirib. Ananı baladan ayırmaq vəhşilikdir. Bizim insanlığımız, qonaqpərvərliyimiz bizə bəla gətirəcəksə, qoy gətirsin. (Əlini Aruzun çiyninə qoyaraq.) Dayı, körpəni özün böyüt, qadını isə uşağına baxmaq üçün evində saxla, qoy balasını görsün, amma uşaq heç vaxt bilməsin ki, onun anası bu kafir qızıdır.

İndi biz bu qərardan sonra döyüşə hazırlaşmalıyıq. Bu döyüşə başçılığı Beyrəyə tapşırıram. Sabah bütün döyüş hazırlığı yerinə yetirilsin. Düşməni yurdumuzun civarında qarşılamalıyıq. Gedin, sabahkı zəfər döyüşünə hazırlaşın. Haydı, igidlərim, zəfər bizimdir.

Bəylər. (hamısı birlikdə) Sağ ol, var ol, xan Qazan, buyruq sənindir! (Deyib bir-bir baş əyərək çıxırlar.)

Dədə Qorqud. (Əlləri ilə başını tutaraq inləyir, sızlayır, nalə çəkir.)

Ah-vay, aman, Oğuz elinin bəlası başlayır. Tanrım, aman… Sənin birliyinə yoxdur şübhə-güman. Sən özün bizləri hifz elə, özün bizlərə kömək ol!

(pərdə bağlanır)

II PƏRDƏ

(III şəkil)

(22 il ötmüşdür. Salur Qazan göy üzünə ucalmış alaçığında, taxt üstündə əyləşmişdir. İç və Dış Oğuz bəyləri başına toplaşmış, yeyib-içir, şənlənirlər. Dədə Qorqud igidlərə öyüd-nəsihət verir, qopuz çalır, söz söyləyir.)

Dədə Qorqud. İgidlər, Altaydan tutmuş Anadoluyadək uzanan yovşanlar, çöllüklər Türkün öz yurdudur.

Qara Tükən. Dədə, niyə türklər yovşanı belə çox sevirlər?

Dədə Qorqud. Bala, ona görə ki, türkün göz açdığı, böyüdüyü torpaq yovşanla bol olmuşdur. Türkün atı, türkün heyvanı yovşanla qidalanmışdır. Türk daim at belində olmuş, döyüşmüş, qılınc çalmış, igidlik etmişdir. Atsız türk ayaqsız insana bənzər. Yovşan türkün ən sevimli bitkisi olmuşdur. Onun babalarının nəfəs aldığı çöllüklər həmişə yovşanlı olmuşdur və beləliklə, yovşan əsrlərdən süzülərək türkün qanına hopmuşdur. ”Oğullarım, yovşan ətrindən məst olmayanlar, zil qara atın belində şahə qalxmağın gözəlliyindən zövq almayanlar, çöl nəğməsindən könlünə fərəh gəlməyənlər” türk ola bilməzlər. Harda yovşan var, deməli, ora türkün vətənidir.

(Qopuzu əlinə alır, yanıqlı bir qopuz havası çalandan sonra üzünü Qazana tutaraq deyir)

Yeri, uca dağın yıxılmasın!

Kölgəli iri ağacın kəsilməsin!

Coşqun axan gözəl suyun qurumasın!

Qanadlarının ucu qırılmasın!

Allah sizi namərdə möhtac etməsin!

Çaparkən ağ-boz atınız büdrəməsin!

Vuruşanda iti polad qılıncınız gödəlməsin!

Allah verən ümüdiniz üzülməsin!

Axır gündə arı imandan ayırmasın!

Ağ alnımızı yerə qoyub beş kəlmə dua etdik,

Qəbul olunsun!

Ulu tanrı yığışdırsın, saxlasın günahlarımızı,

Adı gözəl Məhəmməd bağışlasın, xanım, hey!

Qazan xan. Bəylər, deyirəm, bəlkə, oğlum Uruzla, dayım oğlu Qara Tükən qurşaq tutsun, güləşsin. Yay çəkib ox oxlasınlar, at oynatsınlar, biz də Oğuzun gənc ərənlərinə baxaq, könlümüzə fərəh gəlsin.

Bəylər. (Gülüşürlər.) Yaxşı olar, xan.

(Uruz və Qara Tükən qurşaq tutub üç dəfə bir-birinə həmlə edirlər. Gah biri güc gəlir, gah da o biri, amma heç biri qalib gələ bilmir. Şahinin ayağına üzük bağlayıb göyə uçururlar. Qara Tükən qabağa düşür oxu düz üzükdən keçirdi. Sonra üzüyü quşun dimdiyinə bağladılar. Uruz da oxu üzükdən keçirdi. )

Dədə Qorqud. (Əlini hər iki igidin çiyninə qoyub )

Hey, Qazan xan, igidlərə

Taxt ver, güclü, ərdəmlidirlər!

At ver minsinlər, hünərlidirlər!

Yaylağından on qoyun ver,

İgidlərə şişlik olsun, cüssəlidirlər!

Qaytabanda qızılı dəvə ver igidlərə,

Qoy yükləsin, hünərlidirlər!

Qızıl tağlı hündür ev ver igidlərə,

Kölgə olsun, ərdəmlədirlər!

Çiyni quşlu cübbə, don ver sən bunlara,

Geyinsinlər, hünərlidirlər!

Qazan xan. (Qazan yerindən qalxıb hər iki igidin alnından öpür.)

Verdim, Dədə, halal olsun! Artıq mən qocalmışam, məndən sonra mənim oğlum yerimdə oturacaq. Ona halal olsun! Mən oğlumla fəxr edirəm.

(Bu vaxt gözətçi xanın qarşısında baş əyir.)

Qazan xan. Oğlan, yenə nə sözün var, nə söylərsən?

Gözətçi. Ağam Qazan, Doqquz Tümənlik kafir elçiləri xərac gətirmişlər. Elçilər Sizi görmək istərlər.

Qazan xan. Gəlsinlər, görək nə gətirmişlər. Yaxşı ki Oğuz bəyləri burdadır. Onlar arasında bölərəm.

(Gözətçi çıxır, sonra isə iki elçi içəri girir. Biri bir atın yüyənindən yapışıb Qazanın hüzurunda durur. İkincisi Qazanın qarşısında bir qılınc və bir də bir çomaq qoyur.)

Qazan xan. Bunlar nədir gətirmisiniz?

Elçi. Xan, bunlar Sizə verə biləcəyimiz xəracdır. Təkur söylədi ki, mənim bundan sonra Oğuz elinə veriləcək borcum yoxdur. Qəbul edərsə, çomağı götürüb qoyun otarsın, etməzsə, bu at, bu da qılınc, minsin, üstümə gəlsin.

Qazan xan. (Həddindən artıq əsəbi halda)

Hey elçi, elimin “Qonaq Allah qonağıdır” sözü olmasaydı, sənin başını kəsib qanını şoruldadardım, sonra da başını Təkura hədiyyə göndərərdim. Səni sağ buraxıram. Get, ağana de ki:

Qalxaraq yerimdən durub gələrəm,

Qarayallı gözəl Qazalıq atımı minərəm,

Arqubeldən, Ala dağdan gecə keçərəm,

Coşqun axan gözəl sudan ötüb keçərəm,

Doqquz Tümənlik Kafir elinə çataram,

Sası dinli kafirin qara başını kəsərəm,

Qanını yerə şoruldadaram, elini talan edərəm.

Məni ələ salmaq ha… (Əli ilə onlara rədd olmalarını bildirir.)

Qalın Oğuz elinə üz çevirmək ha, məgər Doqquz Tümən Kafirlər həmişə Oğuzlara xərac verməyibmi? (Bütün bəylər hamısı bu hadisədən məyus olur, Qazanın üzünə baxırlar.) İgidlər, kafir mənim qocaldığımı görüb, yoxsa Oğuz elinin zəiflədiyinimi? (Hamı susur.) Nə susursunuz?

Uruz. (Qazana sarı gələrək.)

Atam Qazan!

Qalxıb yerimdən Bədəvi atımı saxlayardım bu gün üçün.

Günü gəldi, hündür meydanda səyirdim mən sənin üçün!

Uzaq vuran sür nizəmi saxlayırdım bu gün üçün.

Günü gəldi, qarınlara, kökslərə sancım mən sənin üçün!

Böyük iti polad qılıncımı saxlayırdım bu gün üçün.

Günü gəldi, murdar dinli kafir başın kəsdirim mən sənin üçün.

Əynimdə bərk dəmir donumu saxlayırdım bu gün üçün.

Günü gəldi, qolçaq-yaxa tikdirib taxım sənin üçün!

Başımda parlaq zirehi saxlayırdım sənin üçün,

Günü gəldi, qaba toppuz altında əzdirim sənin üçün!

Qırx igidimi saxlayırdım bu gün üçün,

Günü gəldi, kafir başın kəsdirim sənin üçün!

Ata, izin ver, döyüşə hazırlaşım, kafirin başın kəsim, qanın şoruldadım. Oğuzu ələ salmağının həddini bildirim. (Qazan çəpəki nəzərlə oğlu Uruza tərəf döndü. Sanki könlünə fərəh gəldi.)

Qazan xan.

Oğul! Qızıl tağlı evimin dayağı oğul!

Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!

Görən gözümün işığı oğul!

Belimin tutarı, qüvvəti oğul!

Qarşıdakı uca dağımın qüdrəti oğul!

Qalın Oğuzun sevimlisi, canım oğul!

Sən mənə qol-qanad verdin. Daha mənim gözüm dalda qalmaz, çünki sənin kimi oğlum var. Ey böyük yaradan, sənin birliyinə yoxdür şübhə-güman. (Üzünü bəylərə tutaraq.) İgidlər, Uruz düz söyləyir. Döyüşə sərkərdəliyi ona tapşırıram. Qoy o, Qazanın oğlu olduğunu sübut etsin. Baş kəssin, qan töksün, ad qazansın. Oğuz elinin qüvvəsini kafirə göstərsin. Gedin, döyüşə hazırlaşın! Türk at belində gərək. Türk çadırda doğular, çöldə ölər!

Uruz. Ata, çox sağ ol, bu çətin işi mənə tapşırdığın üçün. Az bir zamanda səni sevindirərəm, ata!

Qazan xan. Dədə, igidlərə xeyir-dua ver, müqəddəs qopuzun simlərini səsləndir.

Dədə Qorqud.

Oğul,

Yerli uca dağın yıxılmasın!

Kölgəli iri ağacın kəsilməsin!

Coşqun axan gözəl suyun qurumasın!

Qanadlarının ucu qırılmasın!

Allah sizi namərdə möhtac etməsin!

Çaparkən Ağ-boz atınız büdrəməsin!

Vuruşanda iti-polad qılıncınız gödəlməsin!

Allah verən ümidin üzülməsin!

Axır gündə arı-imandan ayırmasın!

Ağ alnımızı yerə qoyub beş kəlmə dua etdik,

Qəbul olunsun!

Ulu Tanrı yığışdırsın saxlasın günahımızı,

Adı gözəl Məhəmməd bağışlasın, xanım, hey!

Bəylər. Yaşasın xan Qazan! Yaşasın xan Qazan! Yaşasın xan Qazan!

IV şəkil

(Oğuzları döyüşə aparan Uruzdan şad xəbər gözləyən Salur Qazan alaçığının qabağında. Bu vaxt çaparlardan biri yorğun və əzgin vəziyyətdə özünü ona yetirdi.)

Çapar. Xan Qazan… Xan Qazan, qara başım qurban sənə, istərsən kəs başımı, qanımı şoruldat!

Qazan xan. İgid, aydın söylə, nə var?

Nə olub? Yoxsa oğlum basıldımı?

Çapar. Ağam Qazan, basıldıq, geri çəkildik. İgidlərimizi itirdik.

Qazan xan. Oğlum Uruz qorxaqmı oldu, kafirin qabağındanmı qaçdı? Söylə!

Çapar. Xan Qazan, Uruz igid kimi döyüşdü, Bədəvi atını oynatdı, kiminin boynunu vurdu, kimini əsir aldı.

Amma kafir tələ qurmuşdu, ordumuz pusquya düşdü. Basıldıq.

Qazan xan. Xəbər elə, bəylər divana toplaşsın.

(Qazan əsəbi halda səhnədən çıxır.)

(Qazanın divanı təsvir olunur. Döyüşdən məğlub çıxmış Uruz bəyləri fikirli bir görkəmdə Qazanın nə deyəcəyini gözləyirdilər.)

Qazan xan. Bəylər… illərdi, mən Oğuz elinə başçılıq edirəm.

Bu illər ərzində qalibiyyətimiz də olub, məğlubiyyətimiz də, lakin belə ağır məğlubiyyət, belə böyük itkimizi nə gözlərimiz görmüşdü, nə qulaqlarımız eşitmişdi. Söyləyin, nə səbəb oldu? Ordumuzmu zəifləyib? Qeyrətimizmi? Düşmənə qan udduran, onlara diz çökdürüb qara başlarını kəsən, analarını ağlar qoyan, elimin dayağı, gözümün işığı bəylərim, igidlərim, ərənlərim yoxmu olub, ölüblərmi? Mənə cavab verin!

Alp Aruz. Qazan, sən bilmirdin ki, qoşunu ağzından süd iyi gələn bir uşağa tapşıranda belə olacaq. Beyrək kimi igid dura-dura, Yeynək kimi igid qala-qala, Qara Tükən kimi bir igid ola-ola sən ordunu oğluna, Uruza tapşırdın. Sən də, Bayandır xan da heç vaxt Dış Oğuz bəylərinə inanmamısınız, həmişə Qalın Oğuz elinin xanlığını öz əlinizdə cəmləməyə çalışmısınız.

Qazan xan. (qəzəblə) Uruz… cavab ver!

Uruz. (irəli gələrək diz çöküb, baş əyib) Ata…

Ərafatda erkək quzu qurban kəsilər.

Ata oğul qazanar ad üçün.

Oğul da qılınc qurşanar ata qeyrəti üçün.

Mənim də başım qurban olsun sənin üçün.

Canım ata, nə desən, haqqın var. Lakin bizim burada heç bir günahımız yoxdur. Hər şeyi əmr etdiyin kimi də etdik, amma düşmən bizi çox erkən qabaqladı. Belə çıxır ki, bizim hansı yolla, nə vaxt gələcəyimizi onlara lap dəqiqliyi ilə məlumat vermişdilər. Aramızda çox güclü casus var, ata!

Hansı cinahda kimin olacağını, hansı cinahdan nə vaxt hücum edəcəyimizi düşmən bilirmiş. Yenə buna rəğmən, biz özümüzü itirmədik. Hücum qabağı bütün ordunu yoxladım, sərkərdələrlə danışdım, keşikçiləri dəyişdim. Uzun sözün qısası, hər şey qaydasında idi. Verdiyin əmrə əsasən mərkəz hissə geri çəkilməli, düşməni aldatmalı, yəni özümüzü məğlub olmuş kimi göstərməli idik. Sağ cinahdan isə Alp Aruz oğlu Qara Tükən Dış Oğuz igidləri ilə qəfildən hücuma keçməli, beləliklə də, düşməni mühasirəyə alıb məhv etməli idik, lakin Qara Tükənin başçılığı altında olan Dış Oğuz bəyləri çox gec, biz basılandan sonra gəldi. Onda isə artıq gec idi. Yenidən döyüşmək bir çox igidlərin məhvi demək idi. Biz mərkəzdə vuruşurduq, tam mühasirəyə alınmışdıq. Son anda əmim Qaragünə bizi mühasirədən çıxara bilməsəydi, indi mənim də başım meydanda xəyanət nəticəsində öldürülən igidlərin başları ilə birgə idi. Mən ölmədim, amma bu döyüş mənə ölümdən ağır oldu. Ən yaxın yoldaşlarım: Dəli Dondazın, əmim oğlu Qarabudağın başları kəsilib, al qanları yerə axdı, qaraca atları sahibsiz qaldı. Bizə itki üz verdi, ata, amma mən sənə söz verirəm, bu xəyanətin sahibi cəzasız, igidlərin axan qanı əvəzsiz qalmayacaq!

Qazan xan. Sus! Danışma… Qara Tükən hardadır, gözümə dəymir? O, niyə gec gəlib, məgər bu elə yer idi ki, gecikə bilsin?! Burada vətənin, elin taleyi həll edilir, Oğuz igidləri əylənib gecikir. Yox, burda başqa iş var.

Alp Aruz. Qazan, bu nə sözdür? Sən, deyəsən, əli qılınc tuta bilməyən oğlunun günahlarını Dış Oğuz bəylərinin üstünə atırsan? Onu bil ki, bu məğlubiyyətin əsas səbəbkarı sənsən, xalq qarşısında cavab verməlisən. Düşmən pusqu qurmuşsa, buna Dış Oğuz bəylərinin nə günahı? Bəs sənin casusların hanı, yatırlarmı? Onlar niyə kafirin hiyləsindən xəbər verməmiş?

Sən ki bu məğlubiyyətin səbəbini bizdə görürsən, onda biz Dış Oğuz olaraq bu gündən sənin başçılığın altında döyüşmək istəmirik! Dış Oğuz bəyləri, gedək! Bu alçaldılmağa dözə bilmərik. Haydı, mənim igidlərim, atlanın!

Dədə Qorqud. (Aruzun qabağına keçərək.) Aruz, oğul, xalqımızın arasına nifaq salma, bu gün vətən dardadır, sən isə kiçik bir söhbətin üstündə başını götürüb eli darda qoyursan. İç Oğuz kim, Dış Oğuz kim? Məgər siz hamınız bir qanı daşımırsınız? Məgər siz hamınız bir elin oğlu deyilsiniz? Səni and verirəm Allaha, belə etmə! Axı sən dünya görmüş igidsən. Ordu məğlub da olar, qalib də gələr, müqəssirlər də cəza görər. Aruz, səni and verirəm bu müqəddəs qopuza, gəl elimizə nifaq salma.

Alp Aruz. Dədə, artıq gecdir. Sən bu işlərə qarışma, çünki sən də həmişə İç Oğuzun tərəfində olmusan. Onu bizdən üstün tutmusan. İndi isə qoy hərə öz müqəddəratını həll etsin. Məgər Dış Oğuz eli İç Oğuzdan ayrı yaşaya bilməz? Yaşayar, ona görə də biz qərarımızı vermişik. Önümüzdə durma. Haydı, igidlər!

(Dış Oğuz bəylərindən Aruz, Əmən, Bəkil oğlu İmran, Yalıncıq və s. çıxırlar. Dədə Qorqud ağlaya-ağlaya Aruzun dalınca çıxır. Musiqi.)

Qazan xan. Bəylər, burada bir hiylə var, amma mən heç nə başa düşə bilmirəm. Bu gün kafir özünün qırx minlik ordusu ilə qapımıza dirənmiş, Ala dağın ətəyində məskən salmış, hücuma hazırlaşır, dayım Aruz elimizə nifaq salır, parçalanma törədir. İlan balasından olan oğlu Qara Tükəni müdafiə edir. Düzdür, ağsaqqal sözünə baxmayan ağlar qalar.

Bəylər, bütün Oğuz elinə səs saldırın, qoy carçılar bütün elə bəyan etsin, əli qılınc tutan bizə qoşulsun, vətənin bəlasının qarşısını alaq.

Yeni bir döyüşə, çox ağır və həlledici bir döyüşə hazırlanmamız lazımdır. Mərkəzdə özüm duracağam, sağ cinahda oğlum Uruzla Beyrək, sol cinahda isə orduya qardaşım Qaragünə ilə Şir Şəmsəddin başçılıq edəcəklər. Yeynək isə öz igidləri ilə pusquda duracaq, bizim basıldığımızı görərsə, son anda hücuma keçər. Lap son anda.

Hər ehtimala qarşı Dış Oğuz bəylərinə də səs salın, əgər qanlarında Türk qanı axırsa, zərrə qədər vətən üçün yanırlarsa, bizə köməyə gələrlər. Türk təkcə qopuz çalmaqla öyünməməlidir. Türkü türk edən onun bir döyüşçü, bir alp olmasıdır.

Haydı, igidlərim, durmayın. Ər oğlu ağır gündə tanınar. İndi vuran qollar, yürüyən ayaqlar, düşünən başlar lazımdır bizə. Tanrı sizə yar olsun. Gedin, hazırlığa başlayın. Söylədiklərimi hamıya çatdırın!

Bəylər. Oldu, xan, baş üstə.

(Hamısı bir-bir çıxırlar. Qazan xan fikirli-fikirli oturduğu halda pərdə bağlanır.)

III PƏRDƏ

(V şəkil)

(Ay işığı… Gözəl bir bağ. Hovuzun kənarında narahat halda gəzən, enlikürək, yaraşıqlı, yüksək rütbəli şəxslərə məxsus geyimdə olan 30-35 yaşlarında bir gənc. Bu vaxt gözəl bir qız gəlir.)

Naira. Sevgilim, səni çox gözlətmişəm?

Tiqran. Ay mənim göylərdən göndərilmiş pərim, sənin yolunu mən lap ölənə qədər gözlərəm, təki sən həmişə mənim qaranlıq gecəmə belə işıq saçasan.

Naira. (Nazlanır.) Əzizim, yəni sən məni belə çox sevirsən?

Tiqran. (Öpür.) Məgər mənim sənə olan sevgimi görmürsən? Naira, sən bilirsən ki, mənim düşüncəmə görə sevgi iki yerə bölünür: yatağa qədər olan sevgi, torpağa qədər olan sevgi. Mənim sevgim ölənə qədər yaşayan sevgilərdəndir. Mənə de görüm, atan səni mənə nə vaxt verəcək? Sənin vüsalının həsrətinə dözə bilmirəm. Qorxuram ki, vüsal həsrəti məni yandırıb külə döndərə.

Naira. (Gülərək) Sən nə tez külə dönürsən, əzizim? Bəs məni gözləmirsən?

Tiqran. Naira, mən hərdən bizim qovuşa bilməyəcəyimizdən qorxuram. Qorxuram, səni mənim əlimdən alalar.

Naira. Çox şübhəli danışırsan, bizim əziz baş sərkərdəmiz. Məni sənin əlindən kim ala bilər axı? Sən ki bizim elin qəhrəmanısan. Atamın sağ əlisən. Oğuz eli üzərindəki axırıncı qələbən göstərdi ki, sən əvəzsiz igidsən. Bizim el də, atam da yaxşı bilir ki, hər özündən deyən igid, Oğuz igidləri qarşısında qələbə çala bilməz. Amma sən bunu bacardın. Atam da əməlini qiymətləndirərək sənə ordunun baş sərkərdəliyini tapşırdı. Aslanım, indi de görüm, sən kimdən qorxursan?

Tiqran. (Bir az susur.) Elə sənin atandan.

Naira. Kimdən? Atamdan?

Tiqran. Bəli, gözlərimin nuru, atandan. Sənin xəbərin var ki, atan mənim başımı aldada-aldada səni başqa adama ərə vermək istəyir?

Naira. Yox. Xəbərim yoxdur. Olsa da, inanmaram.

Tiqran. İnanmalısan, gözəl Naira, inanmalısan. Bu acı da olsa, bir həqiqətdir.

Naira. (Ciddiləşir. ) Səndən xahiş edirəm, açıq danış, məni başa sal görüm bu həqiqət necə olur? Axı atam səni sevdiyimi bilir.

Tiqran. Məlumun olsun ki, atan səni bibin oğlu Qara Tükənə ərə vermək istəyir. Bir türk oğluna.

Naira. Necə? Məni türkə ərə vermək istəyir? Axı bizim türklərlə tarixi düşmənçiliyimiz var? Heç indi də münasibətimiz yaxşı deyil. Bəs məni ona necə ərə vermək istəyir? Olsun ki, o, mənim bibim oğludur. Bir də ki Qara Tükən evlidir. Onun bir oğlu da var.

Tiqran. (Saçını sığallayır, öpür.) Əzizim, sənin bu gözəl başının bilmədiyi çox işlər var. Dövlət siyasəti həmişə qurban tələb edir. Bu tarixən belə olub və olacaq da. Başçılar hakimiyyətini qorumaq üçün öz övladlarını öldürə də bilərlər.

Naira. (Ağlayır.) Axı bu necə olur? Niyə olur?

Tiqran. Atanın niyyəti odur ki, Alp Aruzun oğlu Qara Tükəni bizim tərəfə döndərsin, sonra Qazan xanı məğlub edib Qara Tükəni onun yerinə xanlar xanı keçirsin. Axı bizim eldə xan, bəy nəsli yoxdur, ən yuxarı rütbə təkurdur. Ona görə də atan 23 il bundan qabaq qurduğu oyunu indi həyata keçirmək istəyir. Yəni artıq biz bəy nəslindən toxum götürmüşük. Qara Tükəni öz tərəfimizə çəkməklə bizim torpaqlarda daha məliklik yox, xanlıq olacaq, sərhədlərimiz Qara dənizdən Xəzərə qədər genişlənəcək, oğuzları əsarətimiz altında saxlayacağıq. Daha onlara xərac verməyəcəyik, onlardan xərac alacağıq.

Naira. Dayan, bəsdir. Saxla bu sehrli nağılı. Deyəsən, sən bunların hamısına atamdan çox çalışır və baş tutmasına sevinirsən. Bəs sənin bayaqkı vədlərin harda qaldı? Demək, sən məni vəzifəyə satırsan? Atamın gözünə girmək üçün onunla razılaşmısanmı? De, vicdansız, de, yalançı, şöhrətpərəst! (Gözünün yaşını silir. Kinayə ilə.) Yaxşı, de görüm, bütün bunlardan sonra atam sənə nə verəcək? Nə boyun olub? De! De, mən də bilim.

Tiqran. Əzizim, bir dayan! (Qolundan tutur.) Məni düz başa düş. Həqiqətən də, mən hərdən sevgimi unudub bütüb bu dediklərimin baş tutmasına çox sevinirəm, çünki bu, bizim elin müqəddəratıdır, mən də elimi, vətənimi sevirəm. Axı bir düşün, biz nə vaxta qədər məliklik olub ondan-bundan asılı qalacağıq? Artıq vaxtı yetişib. Biz böyük dövlət qurmalıyıq, amma bütün bunlara baxmayaraq, mən səni və gələcək eşqimizi də düşünürəm. Unutma, mən səni sevirəm və hər şeyi də eşqimizə qurban verməyə hazıram. Sən narahat olma, biz heç vaxt ayrılmayacağıq. Bizim iki yolumuz var: birincisi, atanı tələsdirib nişanı həlledici döyüşə qədər etmək, əgər buna atan razı olmasa, ikincini işə salarıq.

Naira. O ikinci nədir elə?

Tiqran. Bu türklərin yaxşı adəti var. Əgər qız onu sevməsə, ona ərə getməyə razı olmasa, onda heç vaxt həmin qızla bir yastığa baş qoymazlar. Səninlə söhbətində sən başqasını sevdiyini desən, Qara Tükən heç vaxt səni almağa razı olmaz. Axı Qara Tükən oğuzların adəti ilə böyümüş igiddir.

Naira. Birdən bunların heç biri baş tutmadı?

Tiqran. Onda mən rütbəmi də, şöhrətimi də sənin ayaqların altına ataram. Vuruşaram, döyüşərəm, səni heç kimə vermərəm, gözəlim, mənə inan. (Qızı qucaqlayır, öpür. )

Naira. (Başını onun çiyninə qoyur.) Əzizim, mən səninlə olmaq üçün hər şeyə hazıram. Hətta sənə qoşulub dağlara qaçmağa da razıyam. Nə edirsən, et, ayrılmağımıza razı olma! Bu qanla başa gəlsə belə, dediyindən dönmə. Buna atamın da haqqı yoxdur. Mən nişanımın tez olmasını atamdan xahiş edəcəyəm.

(Bu vaxt kənardan qılınc səsləri gəlir. Döyüş gedir.)

I səs. Qoyma, sağ tut!

II səs. Vur, türkün casusudur.

I səs. Siz də hücum edin, ayağından yaralamışam. Çox döyüşə bilməyəcək.

Tiqran. Yaxşı, sevgilim, sən get. Mən görüm, bu nə səsdir. Yenə döyüşçülər kimi yaxalayıblar?

Naira. (gedə-gedə) Sən xəbərimi gözlə! Biz ayrılmayacağıq!

Tiqran. (Sarayın divarı yanında vuruşanlara müraciətlə) Qılıncları endirin! Gecə vaxtı bu nə səs-küydür?

Onbaşı. (təzim edir) Ağa, bu bir türk döyüşçüsüdür. Sarayın ətrafında gəzirdi. Təslim olmasını əmr etdim, amma o, qılınc çəkdi. Biz də döyüşməyə məcbur olduq.

Tiqran. Ey türk, sən bizim dili bilirsənmi? Bilirsənsə, söylə görək, buralarda nə işin var?

Türk. Sizin dili bilirəm. Mənim Təkura çatdıracağım xəbər var.

Tiqran. Mən onun baş sərkərdəsiyəm. Nə sözün var, mənə deyə bilərsən.

Türk. Sizə deyə bilmərəm. Yalnız və yalnız Təkurun özünə çatdırmalıyam.

Tiqran. Yaxşı, bunu aparın. Ehtiyatlı olun, aradan çıxmasın. (gedirlər)

VI şəkil

(Təkurun sarayı təsvir olunur. Təkur öz taxtında əyləşmiş, yanında 2 gözəl qız. Qarşısında da biri rəqs edir. Təkur cüssəli olmasına baxmayaraq, içkili oldugundan çox əzgin görünür. Baş sərkərdə Tiqran içəri girir.)

Təkur. Ha-ha-ha, mənim ağıllı sərkərdəm, yaxın gəl, əylən, şərab iç!

Tiqran. Minnətdaram, Təkur həzrətləri. Sizi çox vacib bir iş üçün narahat edirəm. Döyüşçülərimiz Sizi görmək istəyən bir türk casusunu tutmuşlar. Sizi görmək istədiyinə israr edir.

Təkur. (Tez yerindən qalxır.) Nə? Məni görmək istəyən bir türk? Tapşır, onu hüzuruma gətirsinlər. Deyəsən, yaxşı bir xəbər var. Tez eləyin! (Türkü gətirirlər.) Ey türk, səni kim göndərib? Mənə gizlin nə sözün var?

Türk. Hörmətli Təkur həzrətləri, məni Sizin yanınıza bacınız göndərmişdir.

Təkur. (Hiyləgərcəsinə) Sənin onun tərəfindən göndərildiyinə necə inanaq?

Türk. (Boynundan asılmış bir medalyon çıxarıb Təkura uzadır.) Alın, baxın! Bu Sizin ananızın yadigarıdır. Bacınız etibar etməyiniz üçün bunu mənə vermişdir.

Təkur. (baxır) Hə, çox gözəl, söylə görək nə xəbərlə gəlmisən?

Türk. Təkur həzrətləri, bacınız mənə məktub vermədi, çünki Qazan xanın keşikçiləri hər yerdə nəzarəti gücləndirib. Üstümdən kağızın tapılması təhlükəli olardı. Məlumunuz olsun ki, artıq Qazan xanla Alp Aruzun arasına nifaq düşüb. Alp Aruz Dış Oğuz bəylərini başına toplayaraq Qazana düşmən kəsildi, yəni Oğuz eli iki yerə parçalanıb. Dış Oğuz bəyləri arasında Yalıncığın başçılığı altında bir neçə tərəfdarımız var. İndi Qazanla həlledici döyüşə girsəniz, Dış Oğuz bəyləri ona kömək etməyəcək. Mənim söylədiklərim bu qədər.

Təkur. (Əl çalır. Hüzuruna gələn saray qulluqçusuna.) Türkə yaxşı qulluq edin. (Türkə tərəf dönərək) Get, rahatlanıb dincəl, bizim cavabımızı sabah eşidib yerinə çatdırarsan.

Tiqran. Ey türk, sənə bir sualım var. Sən deyə bilərsənmi, bizim dili niyə öyrənmisən?

Türk. Ağa, mənim anam da bu ellərdəndir. Türklər onu basqın zamanı qənimət kimi götürmüşdülər. Onun üçün də anam çətinliklə də olsa, mənə bu dili öyrətmişdir.

Tiqran. Gedə bilərsən. (Çıxır.)

Təkur. Hə, mənim cəsur sərkərdəm. Nə deyirsən, həlledici döyüşə hazırlaşaqmı? Artıq əmin ola bilərik ki, qələbə bizimdir. Sən mənim uzaqgörən siyasətimi görürsənmi? Mən bütün bunları Şöklü Məliyin sərkərdəsi olanda fikirləşmişdim. İndi isə bəhrəsini görməkdəyəm. Nəhayət ki, elimiz bizanslıların və oğuzların arasında əzilməkdən yaxa qurtaracaq. Neçə illərdi ki, Oğuz elinə xərac veririk, artıq dövran dəyişib, indi Oğuz eli bizə xərac verəcək. Ha-ha-ha. Xanlar xanı Təkur Qara dənizdən Xəzər dənizinə qədər ərazinin sahibi olacaq. Döyüş üçün nə lazımdırsa, elə. Xəzinənin bütün səlahiyyətlərini sənə verirəm. Çəkinmə.

Tiqran. Təkur həzrətləri, mən sizin kimi düşünmürəm. Mənim başqa təklifim var.

Təkur. De, eşidirəm. Sənin həmişə ağıllı fikirlərin olub.

Tiqran. Mən istərdim ki, hələ tələsməyək. Birincisi, bacınıza məktub yazıb onu əmin edin ki, Qara Tükən biz tərəfə keçsə, qələbədən sonra ona yüksək vəzifə verəcəksiniz.

Təkur. Çox yaxşı, gözəl təklifdir. Sonra nə kimi təklifin var?

Tiqran. İkincisi, biz gərək Alp Aruzun yanına öz elçimizi göndərək. Ona ittifaq təklif edək. Təklifimizin şərtləri də bu olsun ki, əgər o, bu döyüşdə Qazana tərəf çıxmasa, qələbədən sonra bizim nəzarətimiz altında olmaqla onu Oğuz elinin xanlar xanı kimi tanıyacağıq. Əlbəttə ki, xəracımızı almaq şərti ilə. Biz bununla Aruzu aldatmış olarıq. Qazanın məğlubiyyətindən sonra Dış Oğuzun bizimlə döyüşməyə heç vaxt gücü çatmaz. Ondan cavab gələnədək biz də döyüş hazırlığına başlayarıq. O vaxta qədər gücümüzü toplayarıq. Oğuz elinə həlledici zərbə vurarıq.

Təkur. Əla, əla! Bu saat mən elçilərin getməsi üçün bütün tapşırıqları verərəm. İndi-döyüş qabağı məndən nə diləyin varsa, buyur.

Tiqran. Təkur həzrətləri, mən sizdən qızınız Nairanı istəyirəm. Razı olsaydınız, döyüşə qədər nişan məsələsini yoluna qoyardıq.

Təkur. (Bir az ciddiləşir, düşünür.) Tələsmə, igid. Naira sənindir. Bu tələsikdə nə olub ki, qələbədən sonra biz təntənəli bir nişan mərasimi edərik. Tələsmə. İndi isə get, hazırlaş. Səni qabaqda çox böyük bir iş gözləyir.

(Pərdə bağlanır)

VII şəkil

(Alp Aruzun evi. Qara Tükən atası Aruzun çağırdığı divana hazırlaşır. Dayəsi də ona geyinməyə kömək edir.)

Qara Tükən. Dayə, görürsən də döyüşdə məğlubiyyəti mənim boynuma qoyurlar. Yadındadırsa, mənə Uruzun yazdığı məktubda İç Oğuzla Dış Oğuzun qoşunlarının gün batanda Ala dağın ətəyində görüşəcəkləri bildirilirdi. İndi mən nə edim ki, Uruz günorta ora çatıb. Uruz səriştəsizdirsə, mən nə edim? Amma, dayə, çox yaxşı oldu. Bu, demək olar ki, mənim arzularımla üst-üstə düşdü.

Dayə. (Bayaqdan sakit-sakit Qara Tükəni dinləyirdisə də, indi birdən-birə, elə bil, onun çöhrəsi işıqlanır. Tez deyir.) Niyə, bala? Sənin nə arzun var idi?

Qara Tükən. Dayə, ona görə ki, atam Aruz daha qocalıb. Bu gün-sabahlıqdır. Sözsüz ki, onun yerinə mən Dış Oğuz bəylərinə başçılıq edəcəm. Çünki qardaşım Basat, Təpəgözü öldürəndən sonra şərin kökün kəsmək üçün dünyanın o başına, pəri qızını əsir etməyə gedib. Onun da qayıdıb-qayıtmayacağı hələ məlum deyil. Qolumun gücü, ərənliyim də mənə imkan verir ki, mən Qazan öləndən sonra Qalın Oğuza xanlıq edim. Amma ortada Uruzun olması mənim işimi bir az çətinləşdirir, lakin Uruzun bu məğlubiyyəti onu Oğuz elinin gözündən saldı. Yəqin ki, Qazan da öz yerini ona etibar etməyə çəkinər. Elə deyilmi, dayə?

Dayə. (O tərəf-bu tərəfə baxıb Qara Tükəni kənara çəkir. Asta səslə) Qara Tükən, gəl, artıq məqamdır. İndi sənə bir sirr açacağam. Məni yaxşı dinlə. Təşvişə düşmə. Sən heç indiyə qədər fikirləşmədinmi, niyə mən sənin qayğını bu qədər cani-dildən çəkirəm? Sən heç fikirləşmədinmi, niyə sənə heç vaxt əsas döyüşlərdə başçılıq tapşırmırlar? Sən heç düşünmədinmi, uşaqlar niyə səni kafir deyə ələ salırdılar? Sən heç düşünmədinmi, atan Aruz niyə Basatı səndən çox istəyir? Bir yaxşı düşün, gör mən bir yalan söz dedimmi?

Qara Tükən. Dayə, bunları çox düşünmüşəm, amma atamdan bunlara cavab istədikdə həmişə mənə bir şey deməzdi. Mən də unudardım. Məsələn, Qazanın axırıncı şənlikdə hər an Uruza üstünlük verməsi, hətta bərabər yarışdığımız, ox atmağa, qurşaq tutmada mənim igidliyimə biganə olması məni çox sarsıtdı. Səncə, bunların başqa açıqlaması varmı?

Dayə. Var, oğul, var.

Qara Tükən. Nədir? Söylərmisən, dayə.

Dayə. Qara Tükən, mən sənin ananam.

Qara Tükən. Anam? Axı bu necə olur? Mənim anam çoxdan ölmüşdür deyirlər.

Dayə. Olur, bala, olur. Mən sənin doğmaca ananam. Uzun illər bundan qabaq atan Aruz bizim ellərə yürüş etmişdi. Onda mən gözəl bir qız idim. Atan Aruzun igidləri mənim qohum-əqrabamı öldürdü, başlarını kəsdirdi. Elimi talan etdirdi. Sonra məni və mənim bir neçə rəfiqəmi öz məclisinə gətizdirdi, namusumu ləkələdi. Bir sözlə, mənə təcavüz etdi. Beləcə, sən zorla mənim bətnimə düşdün, bundan 9 ay sonra mən səni dünyaya gətirdim və atana vermək qərarına gəldim. Mənim elim səni və məni nə qədər saxlamağa çalışdılarsa da, mən razı olmadım, dedim ki, oğul atasız böyüməz. Bunun üçün də başımı götürüb bura – Oğuz elinə gəldim. Amma məni burada gözləmədiyim hadisələr qarşıladı. Atan da başda olmaqla Oğuzlar səni öldürmək istədilər, məni döydülər. Mənim çox yalvarışlarımdan sonra səni sağ saxladılar. Mənə də sənə qul-qaravaş kimi baxmağa icazə verdilər. Əgər sənə anan olduğumu desəydim, məni də, səni də öldürəcəkdilər. Bu səbəbdən susdum, dinmədim, səni salamat böyütdüm. Bəladan qorudum. İndi artıq vaxtı çatıb, sən artıq qoluzorlu bir igid olmusan, məni də, özünü də Oğuzlardan qoruya bilərsən.

Qara Tükən. Necə? Deməli, mənim zatım Doqquz tümənlik kafir elindəndir?

Dayə. Bəli, oğul, onlar həmişə sənə qapılarını açıq tutarlar. Bir şeyi də bilməlisən, Uruzun sənə yazdığı məktubu mən dəyişdim Bunu da sənin üçün etdim. Əgər məktubu dəyişməsə idim, sən vaxtında ora çatsa idin, kafir dedikləri sənin dayının qoşunu məğlub olacaqdı. Uruz hörmət sahibi olacaqdı və beləcə sən heç vaxt Qazanın yerində otura bilməyəcəkdin. Sənin balaca oğlun sənin yolunu davam etdirə bilməyəcəkdi. Dayılarından məktub almışam, Qazanı taxtdan salan kimi səni Qalın Oğuz elinə xan qoyacaqlar. Ölkəni sən idarə edəcəksən. Al, oxu. İndi bir məsələ qalır ki, sən Dış Oğuz bəylərini özünə inandırasan, dalınca aparmağı bacarasan ki, həlledici döyüşdə Qazana kömək etməsinlər.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺50,27
₺100,54
−50%