Kitabı oku: «Mədəniyyətin Sancıları»
I
Hər şeyin dəyərini saxta ölçülərlə dəyərləndirərək hakimiyyətə, uğura və maddi zənginliyə can atan və digər insanlarda da bu özəlliklərə heyranlıq duyan insanların, həyatın əsl dəyərlərini kiçik gördükləri təəssüratından qurtulmaq mümkün deyil. Lakin bu cür ümumi mühakimələr yürüdərkən insan dünyasının və onun ruhani aləminin rəngarəng müxtəlifliyini gözdən qaçırmaq təhlükəsinə düşə bilərik. Böyüklükləri, şəxsi keyfiyyətləri və nailiyyətləri kütlənin ideallarına və məqsədlərinə yad olduğu halda belə müasirləri tərəfindən ehtiram görən insanlar vardır. Fəqət bu böyük insanları yalnızca çox kiçik bir azlığın təqdir etdiyini, mütləq əksəriyyətin isə onlarla maraqlanmaq, onlar barədə eşitmək belə istəmədiklərini zənn etməyə asanlıqla qapılırıq. Lakin məsələ, insanları hərəkətə keçirən motivlərin müxtəlifliyi və insanların düşüncələriylə davranışları arasındakı uyğunsuzluq səbəbindən, bu qədər də sadə olmamalıdır.
Həmin böyük insanlardan biri mənə yazdığı məktublarda mənə bir dost kimi xitab edir. Dini illüziya kimi şərh edən kiçik essemi (Bir illüziyanın gələcəyi (1927) ) ona göndərmişdim, o isə cavabında dinlə bağlı mühakimələrimlə tamamiylə razılaşdığını, fəqət dini duyğunun həqiqi qaynağını lazımınca dəyərləndirmədiyimə görə üzüldüyünü bildirmişdi. Onun sözlərinə görə bu hissiyyat, xeyli sayda başqa insanlarda da sezib təsdiqlədiyi və milyonlarla insana xas olduğunu irəli sürə biləcəyi məxsusi bir duyğudan doğur. O, bu əhvalı “əbədiyyət hissi”, bir növ intəhasız, sərhədsiz, ucsuz-bucaqsız, “okeanvari” bir duyğu adlandırır. Ardınca deyir ki, bu duyğu xalis subyektiv faktdır, onun inanc ehkamlarıyla, etiqad simvollarıyla əlaqəsi yoxdur; o, fərdi ölümsüzlük barədə təminat də vermir, lakin kilsələrin və dini sistemlərin ələ keçirib bəlli kanallar vasitəsiylə idarə edib yönəltdiyi və şübhəsiz ki, eyni zamanda da tükətdiyi və gözdən saldığı dini enerjinin mənbəyi məhz bu duyğudur. Və bir kəs hər cür illüziyanı və inancı rədd etsə də belə, yalnızca bu “okeanvari” duyğuya əsaslanaraq özünü haqlı olaraq mömin insan hesab edə bilər.
Poetik illüziyalar yaratmağın misilsiz sənətkarı olan möhtərəm dostumun bu baxışları önümə az çətinlik çıxarmadı.1 Mən özümdə bu “okeanvari” duyğunu tapıb üzə çıxara bilmirəm. Hisslərlə elmi baxımdan məşğul olmaq asan iş deyil. Lakin onların fizioloji əlamətlərini təsvir etməyə çalışmaq mümkündür. Bu da yaramayanda- düşünürəm ki, okeanvari duyğu bu cür əlamətlərdən məhrumdur- onda əl atacağımız yeganə yol bu duyğuyla ən asan şəkildə assosiasiya olunan uyğun təsəvvür məzmununa baş vurmaqdır. Əgər dostumu doğru anlamışamsa, onda onun nəzərdə tutduğu şey, orijinal və xeyli ekssentrik bir dramaturqun öz seçimi olan ölümlə üz-üzə qalan qəhrəmanına təklif etdiyi təsəllinin eynisidir: “Biz bu dünyadan daha xilas ola bilmərik”.2 Bu, dünyayla olan qırılmaz bağ, ətraf aləmin bütün dolğunluğuyla iç-içə keçmək hissi deməkdir. Demək istəyirəm ki, bu hal mənimçün daha çox intellektual qavrayış dəyəri daşıyır, əlbəttə ki, onu müşayiət edən müəyyən hissi çalarlar da var, lakin oxşar hissi çalarlar eyni diapazonlu digər düşüncə aktları üçün də xarakterikdir. Öz şəxsi tərcübəm belə bir dini duyğunun ilkinliyinə məni inandırmır, lakin bu, mənə haqq vermir ki, sözügedən yaşantının digər insanların varlığında meydana çıxa biləcəyini inkar edim. Sualım sadəcə bundan ibarətdir: Görəsən, bu duyğu doğrumu izah olunur və onu nə dərəcədə dini ehtiyacların “mənbəyi və kupeli” saymaq olar?
Bu problemin çözümünə həlledici təsir göstərəcək arqumentlərim yoxdur. İnsanın ətraf aləmdən məqsədyönlü və dolayısız bir duyğu vasitəsiylə xəbərdar olduğu barədə ideya elə qəribə və psixologiyamızın toxumasına bağlanması elə çətin bir şeydir ki, bu duyğunu psixoanalitik, yəni genetik baxımdan araşdırmağa girişmək yerində olacaq. Onda da özlüyündən yaranan növbəti düşüncə xətti ilə qarşı-qarşıya qalırıq. Normal halda bizim üçün şəxsi “mən” (eqo) hissindən, fərdilik duyğusundan daha aydın heç bir hiss yoxdur. Bu “eqo” duyğusu bizə avtonom, vahid və qalan şeylərdən dəqiq, aydın cizgilərlə ayrılmış bir şey kimi görünür. Ancaq bu görüntünün bir illüziya olduğunu, eqonun daha çox kəskin bir sərhəd cizgisi olmadan “id” olaraq terminləşdirdiyimiz şüursuzluq halına bağlanacaq şəkildə içəriyə doğru yönəldiyini və bu “id” üçün sadəcə fasad rolunu oynadığını, “eqo”nun “id” ilə əlaqəsi barədə bizə daha çox bilgi verəcəyini umduğumuz psixoanalitik araşdırmalar sayəsində öyrəndik. Ancaq ən azından kənardan bizə elə görünür ki, “eqo” özünü ayıraraq ətrafına kəskin və aydın sərhədlər çəkib . Yalnızca bir halda, xəstəlik saya bilməyəcəyimiz müstəsna bir halda “eqo” belə görünmür: Eşqin ən pik nöqtəsində “eqo” ilə sevilən nəsnə arasındakı sərhədin silinmək təhlükəsi yaranır. Aşiq olan insan, bütün duyğularının və ağlının dəlillərinə rəğmən, sevdiyi insana xitabən söyləyir ki, “mən” və “sən” birdir, bütövdür və bunun fakt olduğunu qəbul etməyə səmimi qəlbdən hazır olur. Güclü fizioloji faktorun təsiriylə müvəqqəti olaraq ertələnəsi bir hal, əlbəttə ki, patoloji proseslər tərəfindən pozula da bilər. Patologiya, “eqo” ilə xarici dünya arasındakı sərhəd xəttinin bulanıqlaşdığı, yaxud yanlış çizildiyi xeyli sayda durumla bizi artıq tanış edib. Bədən üzvlərimizin, hətta şəxsi psixi həyatımızın bir çox fraqmentlərinin-qavrayışlarımızın, düşüncələrimizin və hisslərimizin- sanki yabançı və “eqo”muza aid deyilmiş kimi göründüyü durumlar vardır. Üstəlik, aşkar şəkildə “eqo”dan qaynaqlanan və onun tərəfindən qəbul edilməsi gərəkən halların xarici dünyaya aid edildiyi durumlar da mövcuddur. Bu o deməkdir ki, “eqo” hissi də pozulmağa meyillidir və onun sərhədlərini sabit hesab etmək olmaz.
Sonrakı düşüncələrimiz bizi növbəti qənaətlərə gətirib çıxarır: Yetkin bir insana xas olan “mən” duyğusu lap əvvəldən belə olmamalıydı. “Mən” duyğusu və qavrayışı hansısa bir inkişaf yolu keçməliydi. Biz həmin inkişaf faktını etibarlı şəkildə isbat edə bilmərik, lakin ehtimal ki, onu rekonstruksiya edə bilərik. 3 Südəmər uşaq hələ ki öz “mən”ini varlığına bol-bol axıb tökülən duyğuların mənbəyi olan xarici dünyadan fərqləndirmir. O, bu fərqləndirməni tədricən, müxtəlif stimullar və qıcıqlandırıcılar sayəsində öyrənir. Südəmər uşaq üzərində ən güclü təəssürat yaradan fakt gərək ki, budur: gələcəkdə öz bədəninin orqanları olduğunu kəşf edəcəyi qıcıqlanma mənbələri ona istənilən anda müxtəlif hisslər yaşadarkən, digər qıcıqlanma mənbələri ondan zaman-zaman uzaqlaşır və ancaq onun tələbkar çığırtısı nəticəsində geri qayıdır. Südəmər uşağın ən çox arzuladığı bu cür mənbə anasının döşüdür. Beləliklə də ilk dəfə “eqo”nun qarşısına onun dışında bulunan və ancaq xüsusi bir davranış sayəsində geri gələn hansısa “obyekt” qoyulur. “Mən”i digər hissiyyatlar yığınından ayıran, yəni, “xarici” bir dünyanın, dış aləmin mövcudluğunu tanımasına yol açan növbəti stimul isə sərhədsizcəsinə hökm sürən həzz prinsipindən yayınmağa yaxud onu rəf etməyə səbəb olan sürəkli, çeşidli və qaçılmaz olan ağrılar və digər xoşagəlməz yaşantılardır. Beləliklə, bu cür xoşagetməz hisslərin qaynağı ola biləcək hər şeyi “eqo”dan ayırmaq, onları dışarı atmaq, yabançı və təhdidkar bir “dış aləm”in qarşısına saf bir “həzz-eqo”sunu qoymaq meyli ortaya çıxır. Bu primitiv “həzz-eqo”sunun sərhədləri qaçılmaz olaraq təcrübə tərəfindən düzəldilir. Həzzverici olduqları üçün uşağın itirmək istəmədiyi şeylərin bir qisminin “eqo”ya bağlı daxili şeylər deyil, xarici obyektlər olduğu, dışarı atılması istənilən bir çox ağrı-acıların isə “eqo”dan ayrılmaz olduğu, ona kökündən bağlı olduğu aşkara çıxır. Uşaq məqsəd yönlü sensor fəaliyyəti və əzələ aktivliyi vasitəsiylə nəyin daxilə, yəni “eqo”ya aid olduğunu, nəyin xaricdən, yəni dış dünyadan qaynaqlandığını fərqləndirməyə başlayır. Beləliklə, uşağın gələcək inkişafında da dominant rol oynayacaq reallıq prinsipinin tətbiqinə doğru ilk addım atılır. Əlbəttə, bu fərqləndirmənin ilk növbədə, duyulan yaxud təhdidkar xoşagəlməz hisslərdən qorunmaq kimi praktik bir məqsədi var. Fəqət “eqo”nun özünü daxildən gələn xoşagəlməz impulslardan qorumaq üçün istifadə etdiyi metodlar xaricdən gələn xoşagəlməz yaşantılardan qorunmaq üçün istifadə etdiyi metodların eynisi olduğundan, bu hal ciddi patoloji pozğunluqların çıxış nöqtəsi olur.
“Eqo” özünü xarici dünyadan bu yolla ayırır. Daha doğrusu, başlanğıcda “eqo” hər şeyi özündə ehtiva edir və yalnızca sonralar özünü zahiri ətraf aləmdən ayırmağa başlayır. Buna görə də bizim indiki, hal-hazırkı “eqo” hissimiz, ətrafdakı dünyayla daha dərin, məhrəm şəkildə uzlaşan daha əhatəli və əslində daha əngin bir hissin yığılıb kiçilmiş qalığıdır. Bu ibtidai “mən” duyğusunun, az və ya çox dərəcədə, əksər insanların psixi həyatında mövcud olduğunu güman edəriksə, onda bu duyğu yetkinlik çağının daha dar və kəskin sərhədli “eqo”sunun yanında sanki onun bir parçası, analoqu kimi yer alacaqdır və bu duyğuya xarakterik olan intəhasızlıq və kainatla birgəlik hissi, dostumun “okeanvari” adlandırıb açıqladığı hissin eynisi olacaqdır. Fəqət ilkin bir fenomenin, sonrakı mərhələlərdə ondan törəyən qalığın yanınca öz varlığını sürdürdüyünü güman etməyə haqqımız varmı?
Şübhəsiz vardır. İnsan mövcudluğunun nə digər sferalarında, nə də psixi həyatında bu cür fenomenin varlığı qəribə deyil. Heyvanlar aləmində də daha təkmil növlərin daha ibtidai növlərdən törədiyi barədə hipotezi müdafiə edirik. Hazırda da həyatlarını davam etdirən bəsit canlı formalarına rast gəlirik. Nəhəng dinozavrlar Yer üzündən silindilər və yerlərini məməlilərə buraxdılar, lakin dinozavr növünün xalis nümayəndəsi olan timsah hələ də bizimlə yan-yana yaşayır. Ola bilər ki, bu analogiya bir az mövzudan uzaq görü nür, üstəlik hazırda yaşayan ibtidai növlərin əksəriyyətinin bugünki təkmil növlərin əsl əcdadları olmaması da bu analogiyanı zəiflədir. Aralıq keçid mərhələlərini əmələ gətirən növlər bir qayda olaraq tələf olmuşdur və yalnızca elmi rekonstruksiyalar sayəsində onlar barədə öyrənirik. Psixi sferada isə ibtidai halın ondan törəyib dəyişiklik keçirən daha yüksək hal ilə yan-yana öz varlığını sürdürməsinə o qədər tez-tez rast gəlinir ki, bunu örnəklərlə isbatlamağa heç gərək də yoxdur. Bu cür gedişat çox zaman evolusyon inkişafın hissələrə ayrılıb müxtəlifləşməsinin nəticəsi olur: Davranışın yaxud instinktiv impulsun bir hissəsi (kəmiyyət bölümü) dəyişməz qalarkən, digər bölümü sonrakı inkişaf mərhələlərindən keçməyə davam etmişdir.
Bu bizi daha ümumi problemə, psixikanın əsas elementlərinin qorunması probleminə gətirib çıxarır. Bu problem üzərində az araşdırma aparılıb, lakin o qədər maraqlı və önəmli problemdir ki, üzərində durmağa kafi səbəbimiz olsa da belə, yenə də ona müəyyən dərəcədə diqqət yetirməyə dəyər. Sürətli unutmanın yaddaşdakı bütün izləri sildiyini, yəni yox etdiyini zənn edən yanlış qənaətdən qurtulduqdan sonra, psixi həyatda bir kərə formalaşan hər hansı bir elementin dağılıb yox olmayacağını, hər şeyin hansısa formada qorunduğunu və uyğun şərtlər altında, örnəyi, geriyə uzaqlaşan reqressiya nəticəsində təkrarən üzə çıxa biləcəyini ifadə edən əks mülahizəyə tərəf meyillənirik. Bu fərziyyənin nədən ibarət olduğunu başqa bilgi sferasından götürdüyümüz örnəklə açıqlamağa çalışaq. Örnəyimiz Əbədi Şəhərin inkişaf tarixi olacaq. 4 Tarixçilərin dediyinə görə, qədim Roma Palatindəki hasarlanmış qəsəbə olan Roma Quadrata idi. Bu tarixi vəziyyəti ayrı-ayrı təpələrdəki qəsəbələri birləşdirən Septimontium dönəmi izlədi. Bunun ardınca ətrafına Servian divarları hörülən şəhər, onun ardıncasa cümhuriyyət və erkən imperatorluq epoxalarındakı dəyişikliklərdən sonra, İmperator Avrelianın əmriylə tikilən divarların əhatələdiyi şəhər dönəmi gəldi. Şəhərin dəyişimlərini izləməyi burada saxlayıb, tarix və topoqrafiyaya dair ən mükəmməl bilgilər lə təchiz olunmuş müasir bir səyahətçinin bugünki Romada həmin əski dönəmlərdən hansı izlər tapa biləcəyini özümüzdən soruşaq. O, yaranmış bir neçə deşiyi istisna etsək, Avrelianın divarlarının praktiki olaraq dəyişmədiyinin şahidi olacaq. Bəzi yerlərdə Servian divarlarının qazıntılar nəticəsində gün üzünə çıxarılmış bir çox hissələrini görəcək. Əgər səyahətçimiz dövrümüzün arxeologiyasından daha artıq bilgiyə sahibdisə, bəlkə də bu divarların bütün cizgilərini və Roma Quadratanın ümumi xətlərini plan şəklində təsvir edə bilər. Səyahətçimiz, bu divarların araya aldığı qədim ərazidə nə zamansa tikilmiş binaların heç birini tapmayacaq, ya da onların cüzi qalıqlarına rastlayacaq, çünki bu tikililər artıq mövcud deyil. Cümhuriyyət dövrünün Roması barədə malik olduğu ən mükəmməl bilgilər belə, olsa-olsa həmin dönəmin məbədlərinin və ictimai binalarının harada yerləşmiş olduqlarını bilməyə yetəcəkdir. İndi orada xarabalıqlar qalıb, fəqət bu xarabalıqlar həmin tikililərin yox, yanğınlar və təxribatlardan sonrakı restavrasiyaların qalıqlarıdır. Qədim Romanın bütün bu qalıqlarının, Renessansdan bəri keçən bir neçə əsr boyunca böyüyüb nəhəng meqapolisə çevrilən müasir bir şəhərin xaotik labirintlərinin arasına qarışıb dağılmış şəkildə ortaya çıxdığını xüsusən qeyd etməyə, mənə elə gəlir, gərək yoxdur. Yəqin ki, xeyli sayda antik əşya bu şəhərin və modern tikililərin altında gömülü halda durur. Roma kimi tarixi şəhərlərdə keçmiş məhz bu formada qorunur.
İndisə gəlin fantaziyamızın köməkliyilə Romanın insanlara aid bir yaşayış məkanı deyil, bənzər dərəcədə uzun və zəngin keçmişə sahib psixi varlıq olduğunu, yəni, daxilində bir kərə əmələ gələn halın daha heç zaman yox olub itmədiyini, erkən inkişaf mərhələlərinin də ən son inkişaf mərhələsiylə birgə öz varlıqlarını sürdürdüklərini təsəvvür edək. Bu Roma üçün, Septizoniy Septimiy Severusun və Sezarların saraylarının Palatin üzərində əvvəlki kimi yüksələcəkləri, Qotların Romanı mühasirəyə aldıqları zamana kimi Müqəddəs Angelo qəsrinin dişli divarlarını bəzəyən şahanə heykəllərin hələ də orada duracaqları və s. anlamına gəlir. Lakin bundan artığı da var. Palazzo Kafarellinin olduğu yerdə, onunla birlikdə Kapitoliy Yupiterinin məbədi duracaqdı, özü də təkcə imperatorluq epoxasında yaşayan Romalıların gördükləri formada deyil, Etruskların memari cəhətlərini özündə daşıyacaq və gildən qayrılmış antefikslərlə naxışlanmış halında duracaqdı. İndi Kolizeyin yerləşdiyi yerdə Neronun yox olub getmiş Qızıl Evinə heyranlıqla tamaşa edə biləcəkdik. Panteon meydanında təkcə imperator Adriandan qalan bugünki Panteonu deyil, Mark Aqrippanın tikdirdiyi ilk binanı da görəcəkdik. Hətta Santa Mariya sopra Minerva kilsəsi və üzərində bu kilsənin yüksəldiyi əski məbədgah da eyni yerdə olacaqdı. Tamaşaçının bu və ya digər mənzərəni görə bilməsi üçün bəlkə də sadəcə durduğu mövqeyi yaxud nəzərlərini dəyişdirməsi kifayət edəcəkdi.
Oxucular qarşısında bu fantazıyanı daha artıq genişləndirməyin anlamı yoxdur, əks halda təssəvvüredilməz və hətta absurd nöqtələrə vararıq. Əgər biz tarixi ardıcıllığı məkan terminləriylə sərgiləmək istəyiriksə, biz bunu yalnızca məkanlardakı obyektləri yan-yana sıralayaraq edə bilərik: eyni məkanın iki müxtəlif predmeti ola bilməz. Bu təşəbbüsümüz boş bir oyun kimi görünsə də ona bir cəhətinə görə bəraət qazandırmaq olar: Apardığımız xəyali təcrübə bizə göstərir ki, psixi həyatın özünəməxsus özəlliklərini çeşidli rəsm və görüntülərin köməkliyilə anlaya bilmək beyhudədir.
Üstəlik bir etirazı da diqqətə almağımıza gərək var: Kimsə psixi keçmişi nə üçün bir şəhərin keçmişiylə müqayisə etdiyimizi soruşa bilər. Məsələ burasındadır ki, bütün keçmişin qorunduğu barədə gümanımız, yalnızca psixi orqanın sağlam qalması, onun toxumasının iltihab və zədə görməməsi şərtiylə keçərlidir. Lakin bu xəstəlikləri ortaya çıxaran səbəblərə bənzər dağıdıcı təsirlər, Romanın keçmişindən daha az fırtınalı keçmişi olan, yaxud London kimi demək olar ki, heç bir zaman düşmən hücumuna məruz qalmamış şəhərlərin tarixindən də əskik olmamışdır. Bir şəhərin sülhlə dolu ən sakit inkişaf mərhələsində belə köhnə binaların dağıdılıb yerlərinə yenilərinin tikilməsi hallarına rast gəlinir. Buna görə də hansısa şəhəri psixi orqanizmlə müqayisə etmək apriori olaraq əlverişsizdir.
Beləliklə, bu etirazın qarşısında geri çəkilir və fövqəladə bir kontrast təsvir etmək cəhdini boşlayaraq, daha aydın və yaxın müqayisələndirmə obyekti olan insan, yaxud heyvan vücuduna yönəlirik. Lakin burda da əvvəlki çətinliklə qarşılaşırıq. Orqanizmin inkişafının erkən fazaları heç bir şəkildə qorunmamış, udulmuş, ərimiş və materialını əmələ gətirdikləri sonrakı fazaların içinə qarışaraq itmişlər. Yetkin orqanizmdə embriona rast gələ bilmərik. Uşaqlarda olan timus vəzi yeniyetməlikdən sonra bağlayıcı toxumayla əvəzlənərək yox olur. Yetkin insanın boruşəkilli sümüklərində onların uşaqlıq zamanlarındakı sümüklərinin xarici cizgiləri sezilsə də, bu sümüklər zamanla qalınlaşmış, uzanaraq möhkəmlənmiş və uşağa xas olandan fərqlənən son formalarını almışlar. Nəticədə anlaşılan budur ki, yalnızca psixi həyat sferasında bütün keçmiş fazalar son fazanın yanınca mühafizə oluna bilir və biz bu fenomeni əyani şəkildə təsvir etmək iqtidarında deyilik.
Bəlkə də bu mülahizəni yürütməklə çox irəli gedirik. Bəlkə də, psixi həyatda keçmişin qoruna biləcəyini, illah da yox olmasının gərəkmədiyini iddia etməklə kifayətlənməliyik. Psixi həyatda da- norma yaxud istisna olaraq- bir çox keçmiş yaşantıların yenidən bərpa olmayacaq yaxud canlanmayacaq dərəcədə silinmiş yaxud tükənmiş olması, yaxud o yaşantıların qorunmasının bəlli uyğun şərtlərə bağlı olması da mümkün haldır. Bu mümkün haldır, lakin bu mövzu barədə heç bir şey bilmirik. Biz yalnızca, psixi həyatda keçmiş xatirələrin qorunmasının qəribə istisnadan ziyadə bir norma olduğu faktına möhkəmcə sarıla bilərik.
Beləliklə də, əgər biz “okeanvari” duyğunun çox sayda insana xas olduğunu təsdiqləməyə hazırıqsa və bu duyğunu “mən” hissinin ən erkən fazasına bağlamağa bu qədər meyilliyiksə, onda başqa sual qarşımıza çıxır: Bu duyğunu dini ehtiyacların mənbəyi hesab etməyə nə dərəcədə iddia edə bilərik?
Bu cür iddia mənə o qədər də inandırıcı görünmür. Bir duyğunun enerji mənbəyi olması, ancaq o duyğu özü güclü bir ehtiyacın ifadəsi olarsa mümkündür. Dini duyğuya gəldikdə isə, onun çağalıq dönəminin köməksizliyindən və o halın doğurduğu ata həsrətindən yaranmasını vurğulayan ideya, xüsusən də bu duyğunun sadəcə uşaqlıq dönəmindən uzanıb gələn duyğu deyil, həm də Taleyin qüdrətli gücü qarşısında hiss edilən əndişə üzündən sürəkli var olan və qorunan bir duyğu olduğunu nəzərdə saxlayarıqsa, mənə rəddedilməz görünür. Ata himayəsinə duyulan ehtiyac qədər güclü olan başqa bir uşaqlıq ehtiyacının mövcudluğu ağlıma gəlmir. Beləliklə də sərhədsiz narsisizmin yenilənməsinə yönəlik meyil ola biləcək “okeanvari” duyğunun rolu arxa plana sıxışdırılır. Dini davranışların köklərini aydın bir surətdə araşdıraraq, onun uşaqlıq dövrünün acizliyinə bağlı olduğu qənaətinə varmaq mümkündür. Çağa köməksizliyinin arxasında başqa məsələlər də ola bilər, lakin onlar bizə hələlik naməlum qalıb.
“Okeanvari” duyğunun din ilə sonralar qovuşduğunu təsəvvür edə bilərəm. Bu duyğunun intellektual məzmununu əmələ gətirən “Kainatla birlik içində olmaq” yaşantısı bizə, ilkin dini təsəlli cəhdi kimi, “eqo”nun xarici dünyadan gəldiyini sezdiyi təhlükəni inkar etməyinin digər bir yolu kimi görünür. Bir daha etiraf etmək istəyirəm ki, bu cür qeyri-maddi, ələkeçməz incəliklərlə və hadisələrlə məşğul olmaq mənimçün çox çətindir. Bilgiyə duyduğu doymaqbilməz aclığı ucbatından ən əcaib eksperimentlərə sürüklənən və bu fəaliyyəti nəticəsində ensiklopedik bilgilərə yiyələnməsiylə bədgümanlaşıb əllameyi-cahan halına gələn başqa bir dostum, yoqa təmrinləri zamanı, dış dünyadan qopub uzaqlaşmağın, diqqətini vücud funksiyalarının üzərində toplamağın və bəlli formada nəfəs alıb-vermə metodunun onda, psixi həyatın ən əski, çoxdan üstü örtülmüş əzəli hallarına qayıtmaq kimi izah etdiyi yeni hisslər və koenesteziya əhvalı doğurduğuna məni inandırdı. Bu dostum, necə deyərlər, bir çox mistik bilgəliklərin fizioloji təməllərinin bu əhvalda yatdığını düşünür. Lakin biz bununla psixi və zehni həyatın trans və ekstaz kimi qaranlıq və qeyri-müəyyən özəllikləri sferasına keçmiş oluruq. Bu vəziyyətə uyğun olaraq isə mənim içimdən Şillerin dalğıcının bu sözlərini hayqırmaq gəlir:
“Nə xoşbəxtdir burada pənbə ziya içində nəfəs alan kəs!”
Ücretsiz ön izlemeyi tamamladınız.