Kitabı oku: «Sarı çamadanın sərgüzəştləri», sayfa 3
– Əla! Əla! – deyən həkim oturacaqda əyləşdi, – Vəziyyət nəzarətsiz olsa da, ağır deyil. Yüz qram “Əsl cəsarət” konfeti yesə, sağlam olacaq. Görərsiniz. Elə bu dəqiqə konfeti yeyib həyətdə gəzməyə gedəcək.
Ananın gözləri sözün əsl mənasında parıldadı.
“Hə, hə. Mən yanılmamışam. Ananın gözləri parıldamağı bacarır” – deyə həkim düşündü.
– Yəni bu həqiqətdir? – ana xoşbəxtlikdən güldü. – Elədirsə, mən işə gedirəm. Onsuz da kifayət qədər gecikmişəm. Hələ yolboyu qaçmalı olacağam. Getməmişdən əvvəl qonşuya tapşıracam ki, mən gələnə kimi Petkaya baxsın.
– Qonşu olmaz! Qətiyyən olmaz! – uşaq həkimi ciddi-ciddi tapşırdı, – Mən qonşulara qarşıyam. Bu, ancaq mane ola bilər. Özüm onun “Əsl cəsarət” konfetini necə çeynəyəcəyinə və udacağına nəzarət edəcəyəm. Hər şey qaydasında olacaq!
– Anacan! – Petka pıçıldadı.
– Qorxma, oğlum. Həkimə qulaq asmaq lazımdır.
– Ana, getmə! – deyən Petka ağladı.
– Axı həkimin dediklərini özün də eşitdin. Hər şey yaxşı olacaq!
Bu sözlərdən sonra ana oğlunu öpüb, həkimin əlini sıxaraq işə tələsdi. Ananın gözləri xoşbəxtlikdən parıldayırdı. Uşaq həkimi sarı çamadanı qaldırıb masanın üstünə qoydu. Sonra qıfıllarını hər iki baş barmağı ilə fərqli istiqamətlərə dartdı. Qıfıllar möhkəm şaqqıldadı və çamadan açıldı. Həkim qəfildən qışqırdı və heyrətdən ağzı açılmış timsaha baxırmış kimi çamadana baxdı. Sonra əlləri ilə saçlarından yapışıb ağzını açdı. Elə ki ağzını bağladı, əllərini də aşağı saldı. Sarı çamadanın içindəkiləri masanın üstünə tökdü. Çamadandan boz rəngli qalın kitab və qara şüşəli metal qalxan düşdü. Kitabın cildində iri hərflərlə “Elektro-qaynaqçı” yazılmışdı.
– Çamadan… – həkim qorxudan ağarmış dodaqları ilə dedi, – Mənim deyil!
Petka qorxudan ağlamağa başladı. Həkim Petkaya fikirli baxıb dedi:
– Bu çamadan həmin cəsarətli oğlanındır. Deməli, mən öz çamadanımı yox, onun çamadanını götürmüşəm. Mənim çamadanımdasa əsl cəsarət konfetləri var… O-o-o…
Həkim durduğu yerdə elə səs çıxartdı ki, sanki sahib olduğu bütün dişləri eyni anda ağrımışdı.
– Bu konfetləri yalnız qorxaqlar yeyə bilər. O cavan oğlan isə onsuz da çox cəsarətlidir. Əgər cəmi bircə dənə konfet yesə, o daha çox cəsarətlənəcək və onda… Yox, yox! Onu təcili tapmaq lazımdır! Bax, kitabda yazılıb: “Valentin Vedyorkin” Təcili qaçmalıyam! – həkim qışqırdı, – Sənsə, Petka, burada ananı gözlə!
Ancaq Petka var gücü ilə həkimin qolundan yapışdı. Göz yaşları yanağından qulaqlarına düşür, sırğa kimi sallanırdı. Həkimin ağ xalatının qolu az qalırdı cırılsın. Bir az da keçsəydi, həkim Valentin Vedyorkinin axtarışına bir qollu ağ xalatda gedəcəkdi.
– Mən tək qalmayacam! Qorxuram! – deyən Petka hönkürtü ilə ağladı.
– Onda mənimlə gəl!
– Sizinlə də getməyəcəm! Qorxuram!
– Bəs daha çox nədən qorxursan – burada qalmaqdan, yoxsa mənimlə getməkdən?
– İkisindən də!
– Seçim et!
– Seçim etməkdən qorxuram!
– Qərar ver!
– Qərar verməkdən qorxuram!
– Cəld ol!
– Cəld olmaqdan qorxuram!
– İstəyirsən, səni qonşuya aparım? Adı nə idi?
– Katya xala.
– Harada yaşayır?
– Bilmirəm.
– Hansı evdə olur?
– Bilmirəm.
– Gedək, onu axtaraq!
– Axtarmaqdan qorxuram!
– Belə davam etsəm, axşam düşəcək! – deyə qışqıran həkim qapıya cumdu, – Mənsə daha gözləyə bilmərəm!
Üçüncü fəsil
Valentin Vedyorkin və onun nənəsi
Valentin Vedyorkin mənzilin ortasında dayanmış, iki cüt mavi gözləriylə tavana baxırdı. Tavanda sarı ləkə vardı. Təzə mənzilin ağ tavanında belə ləkənin yeri yox idi.
– Axıdır, – deyən Anna Petrovna ah çəkdi, – Axşam yenə yağış yağmışdı deyə yenə axdı.
Anna Petrovna bəstəboy, sakit və xoş bənizli qarıydı. Onun mehriban baxışı, ağzı və qaşları vardı. Hətta burnu və yanaqları da mehriban idi.
– Nənə, komendantla danışmalıydın, – Valentin Vedyorkin ah çəkərək tavana baxdı.
Anna Petrovna xırda, mavi gözlərini nəvəsinə zillədi:
– Mən də danışmaq istəyirəm, ancaq o istəmir, – təəssüflə dedi, – Odur, skamyada oturub…
– Qoy, mən danışım!
– Yox,yox, Valiçka! Sən odlu-alovlu adamsan, – Anna Petrovna qorxdu, – Səsin də bir az qalındır. Qonşuları narahat edərsən. Çaya qənd salanda çay qaşığı ilə elə qarışdırıram ki, qonşumu narahat etməyim. Bəlkə, qonşu dincəlməyə çalışır, bəlkə, bu gün uçuşu var… Sən yaxşısı budur, kinoya get, gecikərsən…
Anna Petrovna nəvəsini yola salıb qapını bağladı, barmağının ucunda otağa qayıtdı: “Necə də cəsarətlidir! Heç komendantdan da qorxmur…” – deyə düşündü.
Anna Petrovna oturacağa əyləşib yenə tavandakı sarı ləkəyə baxdı. Ləkəyə elə diqqətlə baxırdı ki, sanki bu yolla cəsarətini toplayıb komendantla danışa biləcəkdi.
Ücretsiz ön izlemeyi tamamladınız.