Kitabı oku: «Onu kim unudar»

Yazı tipi:
«Xatirə Ədəbiyyatı» silsiləsindən 1-ci kitab

© Sona Cabbarlı / Onu kim unudar

© “XAN” nəşriyyatı / Bakı / 2022 / 108 səh

Üz qabığının dizayneri/ Teymur Fərzi

* * *

Cəfər Cabbarlı


Onu unutmaq olarmı?

Tez-tez belə iddialar səslənir: Xarici yazarlar haqqında istənilən qədər xatirə mətnləri var, yoldaşı, dostu, anası, atası, hətta qonşusu ölümündən sonra, onun haqqında xatirələrini yazır, oxucular üçün zəngin materiallar təqdim edirlər. Bir çox hallarda isə, yazıçının özü sağlığında yaşadığı dönəm və öz həyatı haqqında zəngin bilgilər təqdim edir. Amma, bizim yazıçıların həyatında belə nümunələrin olmadığı bildirilir. Biz, bu iddiaları rədd edirik və başlatdığımız layihədə sübutlarla bunun əksini göstərəcəyik.

Ümumiyyətlə, xatirələr nə qədər subyektiv olsa da, yazıçı deyilən anlayışa inandığımız üçün, memuarlarda kifayət qədər qiymətli bilgilər olur. Əlinizdə tutduğunuz bu kitab da həmin zəngin xatirlərdən biridir. Və hələ ki, layihəmiz çərçivəsində çap olunan ilk kitabdır.

Təqdim etdiyimiz “Xatirə ədəbiyyatı” seriyasından olan ilk kitab Azərbaycan ədəbiyyatında, teatrında, kinosunda önəmli yer tutan, çox erkən yaşda missiyasını başa vuraraq, ölümsüzlüyə yol alan Cəfər Cabbarlı haqqındadır. Xatirələri yazan isə, uşaqlığından ölümünə qədər onun yanında olan əmisi qızı və həyat yoldaşı Sona xanım Cabbarlıdır.

“Xatirələr” Cəfərin uşaqlığından başlayır, onun ilk əsərləri, premyeraları, evliliyi, səfərləri, məktubları, dostları haqqında mühüm bilgiləri oxuculara təqdim edir.

Xatırladaq ki, Sona Cəfərin əmisi qızı idi və uşaqlıqları bir yerdə keçmişdi, həmçinin el adəti ilə ad eləmişdilər. 1922-ci ildə isə ailə həyatı qurmuşdular.

…Beləliklə, xatirələrdən aydın olur ki, 1901-ci ildə Qafar kişi dolanışıq üçün ailəsini Xızıdan Bakıya köçürür. Cəfər 1899–cu il martın 20-də Novruz bayramında anadan olmuşdu və ailənin sonbeşiyi idi. Bakıya köçdükdən iki il sonra, Qafar kişi dünyasını dəyişir, ailənin yükü xanımı Şahbikənin və böyük oğlu Hüseynqulunun üzərinə düşür. Şahbikə bir dövlətlinin evində aşbazlığa başlayır. Qazandığı hörmətə görə, sahibkarın xanımı Məkkə səfəri zamanı onu da özü ilə aparır.

Cəfər ilk təhsilini Yuxarı Dağlıq küçəsindəki məsciddə Molla Ümnisənin yanında alır. Quranı bitirdikdən sonra, Bədəl bəyin məktəbinə daxil olur. Bu məktəbdə ona Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə dərs deyir. Lakin, nadincliyinə görə oradan qovulur, buna görə də, təhsilini rus-tatar məktəbində davam etdirir. Bu məktəbdə ona S.S.Axundov, A. Şaiq kimi şəxsiyyətlər dərs deyir.

Abdulla Şaiq sonralar xatirələrində yazacaqdı:

“Cəfər Cabbarlını hələ kiçik ikən, Bakının yeddinci şəhər məktəbində oxuduğu zamandan tanıyırdım. O, mənim ən çox sevdiyim şagirdlərimdən biri idi. O, ilk şeirini çox zaman hamıdan əvvəl mənə oxuyar, mənim göstərişlərim əsasında işləyərdi. Onda möhkəm iradə və nikbinlik vardı. Heç bir müvəffəqiyyətsizlik onu ruhdan salmaz, əksinə şeirlərinin üzərində daha səylə çalışmasına səbəb olardı. Məsləhət və göstərişləri o, çox asanlıqla qavrayar və əməl edərdi. Ehtimal ki, Cəfərin ilk şeirlərinin əksəriyyəti çap olunmamışdır”.

Sona xanım Cəfərin ilk şeir təcrübələrini qohumların ailəiçi gündəlik davalarına həsr etdiyini yazır. Bu ərəfədə isə, Cəfər artıq sahibkarın yanından ayrılaraq, çörəkçiliklə məşğul olan anasının yanında işləyir, çörəklərin satılmasına kömək edir. Lakin, tezliklə böyük qardaşı Hüseynqulunun Bayılda dükan açması nəticəsində Şahbikə çörəkçilikdən imtina edir. Cəfər qardaşının dükanında işləməyə başlayır. Burada borc alanların siyahısını tutur, axşamlar isə, dükanın yerləşdiyi binada dərs keçən rus dili müəlliməsindən dərs alır.

Cəfər bəy burada İsabəy Aşurbəyovun oğlu ilə dost olur, ona dərslərində kömək edir. Aşurbəyov Cəfəri tanıdıqdan sonra, öz hesabına onu da oğlu ilə birlikdə politexnikuma qəbul elətdirir. Cəfərin təhsil formasını Aşurbəyov tikdirmişdi.

Bu ərəfədə isə, Sona Hüseynqulunun qızı Törə ilə birlikdə Hənifə xanımın məktəbində oxuyurdu. Bu iki qız Dağlı məhəlləsindən məktəbə gedən ilk qızlar idi.

Cəfər ilk şeirlərini “Babayi – Əmir”, “Molla Nəsrəddin“, “Məktəb“ jurnallarında çap etdirirdi. Bu şeirləri “Qəyyur-əyyar“, “Şəbrəng-əyyar“ və başqa təxəllüslərlə çap olunurdu.

Son tədqiqatlarda Cəfər Cabbarlının ilk şeirinin 1915-ci ildə “Məktəb“ jurnalında çap edilən “Bahar“ şeiri olmadığı vurğulansa da, Sona xanım da ilk şeir kimi onu qeyd edir:

“Cəfər jurnalın həmin nömrəsini evdə bizə göstərəndə, əvvəl heç nə başa düşmədik. Elə zənn etdik ki, Cəfər həmişəki kimi bizim üçün yenə şəkilli jurnal alıb. Vərəqləyib, şəkillərinə baxdıq. Bunu görən Cəfər jurnalı əlimizdən alıb, dedi:

– İndi ki, bilmədiz, onda dayanın, sizə bir şeir oxuyum və “Bahar” şeirini ucadan bizə oxudu.

Sona xanım ilk şeirlərini yazması ərəfəsində Cəfərin rəssamlığından da söz açır. Yazdığına görə, Cəfər “Molla Nəsrəddin“ jurnalının şəkillərinin üzünü köçürür və ya hansısa əşyanı qarşısına qoyaraq, rəsmlərini çəkərdi. Sona xanım onun çəkdiyi “mis məcməi“ rəsmini heyrətlə anladır.

Sona xanım Cəfərin ilk tamaşaya qoyulan pyesi kimi “Solğun çiçəklər“ i xatırlayır.

“Tamaşaya mən də getmişdim, salon ağzına qədər adamla dolu idi. Pyes tamaşaçılara o qədər təsir etmişdi ki, hətta salonda ağlayanlar da vardı. Tamaşa zamanı Cəfəri atıbtuturdular. Çiçək də gətirmişdilər. Bu zaman Cəfər politexnikumda oxuyurdu“.

Qeyd edək ki, 1915-ci ildə Bakı Politexnik Məktəbinin elektromexanika şöbəsinə daxil olan Cəfər 1920-ci ildə buranı bitirir. Sonra, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Lakin, tezliklə ərizə yazıb, həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə, Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda, 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

Bütün bunlardan əvvəl isə, onu ağır faciə gözləyirdi.

Mart soyqırımı

Xatirələr sovet dönəmində yazıldığı üçün, Sona xanım 1918-ci il mart gülləbaranında soyqırımı kimlərin törətməsini yazmasa da, həmin dönəmdə çəkdikləri məşəqqətləri anladır. Ermənilərin Bakıda törətdikləri qırğınlardan xilas olmaq üçün, ailə Bakıdan köçməyə məcbur olur: “Şəhərin iki kilometrliyindəki qayalara çatmamışdıq ki, bizi gülləyə tutdular. Qayaların üstü ilə böyük bir izdiham axışırdı. Kimi ağlayır, kimi acından yeriyə bilmir, kimi yorulub yolda qalırdı. Başımızın üstündən vıyıltı ilə güllələr uçurdu“.

Sona Cabbarlı həmçinin Cümhuriyyət dönəminin də üzərindən sükutla keçməyə məcbur olur.

“1919-cu ilin axırı idi. Cəfər “Aydın“ pyesini yazıb qurtarmışdı. Lakin, bu əsərin o zaman oynanıb-oynanılmaması yadıma gəlmir. Bundan sonra, 1920-ci ilə kimi Cəfərin nə işlədiyini deyə bilmərəm. Çünki o vaxtlar mənim uşaqlıq illərim olduğundan, həmin dövrləri bir qədər dumanlı xatırlayıram”.

Cəfər isə, həmin ərəfədə Azərbaycan cümhuriyyətinin parlamentində stenoqrafçı işləyir, ədəbi, mədəni camiədə öz uğurlarını davam etdirirdi. “Ulduz” və “Ədirnə fəthindən“ sonra yazılan, Bakının işğaldan azad olunmasına həsr olunan “Bakı müharibəsi“ dramını Sona xanım əsla xatırlamaya bilməzdi. Nuru paşanın ziyafətdə “Ədirnə fəthinin“ müəllifini qucaqlayaraq, bağrına basmasını unuda bilməzdi. Üstəlik, Cəfər 1919-cu ildən Müsavat Partiyasının Bakı Komitəsinin üzvü idi. Cümhuriyyətin işğalından sonra da, “Gizli Müsavat”ın üzvü olaraq qalırdı və bu fəaliyyətinə görə həbs olunmuşdu.

* * *

“Xatirələr”də Cəfərin yazıçı-dramaturq kimliyi ilə yanaşı, ailə başçısı kimliyi də əks olunub. Cəfər Rusiyada olarkən, yazdığı məktublarda dəfələrlə Sona xanımın uşaqlar və məişət problemləri haqqında geniş yazmamasını qınayır, uşaqların adına yazdığı məktublarda onlarla qayğıkeş ata kimi davranır, onlara nə aldığını yazır. Qardaşı qızı Törəyə rol ifa etməsi üçün səhnədə nə cür davranmalı olduğunu deməsi, onu hazırlaşdırması Sonanın xatırladığı maraqlı anlardandır.

Sona xanımın yazdığına görə, Cəfər dostlarına qarşı çox qayğıkeş imiş. Yaxın dostlarını daim evlərinə apararmış, buna görə də evlərində həmişə yemək bişərkən dostları da, nəzərə alınırmış.

Sona xanım Hüseyn Ərəblinskinin öldürülməsindən sonra, Cəfərin dərin sarsıntı keçirdiyini yazır. Onun öldürülməsini, həmçinin Azərbaycan teatrının böyük itkisi hesab edir:

“Oqtay Eloğlu“ pyesi tamaşaya qoyulanda, Cəfər mənə dedi: – Kaş, Ərəblinski sağ olaydı, Oqtayı oynayaydı. Həqiqi Oqtayı o yarada bilərdi“.

Cəfər onun ölümü münasibətilə şeir yazmış, dəfn günü şeiri onun məzarı üzərində oxumuşdu. Sonralar da, dostlarına hər zaman Ərəblinskini örnək göstərirdi: “Dostlar, məndən inciməyin, əsl sənətkarlığı Hüseyn Ərəblinskidən öyrənmək lazımdır. Artistlərimiz onun ənənələrini davam etdirməlidirlər”.

1924-cü ildə Cəfər həm böyük qardaşı Hüseynqulunu, həm də anası Şahbikəni itirir. Anasını itirməsi ona ağır sarsıntı gətirir.

Sona xanımın xatirələrində maraqlı nüanslardan biri də, Cəfərin yazı prosesinə necə diqqətlə yanaşması, obrazları real həyatdan necə götürməsi, teatrda istifadə olunacaq paltarı uyğun bildiyi şəxsin əynindən pulu ilə təzəsini alıb dəyişdirməsi, gələcəkdə qəhrəmanı olacaq şəxslərlə necə söhbət etməsi, filmə çəkəcəyi obrazı yaradacaq qızın atasını razı salması kimi bir-birindən maraqlı xatirələri təqdim edir. Hətta “Almaz“ da istifadə olunan tumanlardan biri Sona xanımın öz anasına məxsus idi.

Sona xanım xatırlayır ki, tamaşalar zamanı Cəfər izləyənlərin içərisində gəzir, dialoqlar zamanı onların verəcəyi reaksiyalara diqqət yetirirdi. Bəzən yazdığı pyeslər, tənqidçilərin ağır hədəfinə tuş gəlir, mövcud siyasi atmosferə uyğun hesab edilmirdi. Məsələn, “1905-ci ildə“ əsərini Sona xanım qeyd edir. Cəfər bununla bağlı fəhlələrin, tənqidçilərin önündə məruzə etməli olur.

Hətta Sona xanımın da, xatirələrdə təqdim etdiyi kimi, onun teatrda monopoliya yaratmaq iddiası ilə əleyhinə kampaniya başlananda, Cəfər Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə aşağıdakı məzmunda məktub yazır:

“…Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq, repertuarını mənim “1905-ci ildə“, “Almaz“, “Yaşar“, “Sevil“ pyeslərimi təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar “.

Sona xanım Cəfərin ən çox üzərində işlədiyi əsər kimi “Od gəlini“ ni qeyd edir. Təkcə Elxanın monoloqu üzərində üç gecə çalışdığını yazır. Ən qalmaqallı əsərlərdən biri də təbii ki, həmin ərəfədə çadra əleyhinə başlayan təbliğat fonunda “Sevil“ dən sonra Sonanın adından qəzetə çadra əleyhinə məqalə verir. Sona bundan əsəbləşsə də, Cəfər ona durumu izah edir: “Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz axı!..”.

Və beləcə Sona xanım çadranı atır: “Beləliklə, mən və Cəfərin qardaşı qızları Mələk və Törə Dağlı məhəlləsində birinci olaraq, çadranı atmalı olduq”.

“Sevil”in tamaşasından sonra isə, bu hal kütləviləşir: “Teatra çadralı gələn çoxlu qadın tamaşadan sonra evə çadrasız getdi”.

Cəfərin yazdığı pyeslərin mühüm bir uğuru da, yeni doğulan uşaqlara onun obrazlarının adının qoyulması idi. Oqtay, Elxan, Almaz, Yaşar, Qorxmaz, Gündüz kimi adlar…

Cəfərin gələcəyinə inandığı adamlardan biri də, Mikayıl Müşfiq idi. Sona xanım Cəfərin onun haqqında dediyi sözləri yazır: “Mikayılın coşğun təbi var; o, nadir bir istedaddır. Müşfiq böyük şair olacaq…”

H.Ərəblinskinin ölümünə kədərlənən Cəfər yaşasaydı, sonralar Müşfiqin necə haqsız yerə güllələnəcəyinə heç dözə bilməyəcəkdi.

Xatirələrdəki mühüm hissələrdən biri də, Cəfərin yazdığı məktublardır. Səfərləri boyunca Cəfər ailəsini teleqramsız, məktubsuz buraxmır, ehtiyacları olan pulu göndərir, öz gördüyü işlər haqqında məlumat verir, Sona xanımdan ətraflı cavab yazmasını tələb edirdi.

Xatirələrdəki digər mühüm məqam Cəfərin deputat fəaliyyəti ilə bağlıdır.

“Həmin ildə Bakı əməkçiləri onu Bakı sovetinə deputat seçmişdi. İlk iclasdan nahara gec gəldi. Mən öz adətimcə, yenə gileyləndim: – Az işin var idi, birisi də bu yandan əlavə olundu. Cəfər yarıhənək, yarıgerçək dedi: – Bu daha hökumət işidir, Sonası, deputatlıqla zarafat etmək olmaz.

Və son…

M.Ə. Rəsulzadə keçmiş silahdaşı haqqında yazırdı: “O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də, onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, “həqiqi sənətkar və yazıçıya yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır”. Sona xanım xatirələr boyunca Cəfərin tez-tez ürəyinin xəstə olduğunu yazır, bir dəfə həkimin tələbindən sonra, siqaret çəkməyi tərgitməsindən, lakin Cəfərin qısa müddətdə buna əməl etməsini yazır. Məktublardan da aydın olur ki, Cəfər ağır iş rejimində çalışırdı. Bir tərəfdən özünün yazdığı əsərlərin, həmçinin digər əsərlərin tamaşalarının hazırlanması, kinonun inkişafına çalışması, bütün bunlar yetməzmiş kimi, teatrda onun əleyhinə monopolist yazar iddiası ilə kampaniyanın başlanması onu çox yorurdu.

Və nəhayət, bir gün dostları onu evə ağır halda gətirirlər…

Ardını isə, lap əvvəldən Sona Cabbarlıdan dinləyək.

Dilqəm Əhməd


Cəfər haqqında danışmaq – mənim üçün həm şirindir, həm acı… Ona görə şirindir ki, bu zaman ömrümün Cəfərlə keçən xoş günlərinə qayıdıram, sanki yenidən onunla üzbəüz oturub danışıram. Ona görə acıdır ki, bu xatirələrimin çətin bir döngəsində elə bil birdən şirin yuxudan ayılıram, Cəfəri qarşımda görməyib sıxılıram. Hər iki halda şiddətli həyəcan keçirirəm. Axı uşaqlıqdan bir yerdə böyüdüyün, birgə həyat qurduğun və tez, çox tez itirdiyin bir insandan, həm də Cəfər kimi həqiqətən gözəl bir insandan ürək ağrısız necə danışasan! Cəfərin surəti ürək ağrısı ilə birləşdikdə isə… artıq danışmaq mümkün olmur.

Bu səbəbdən də mən Cəfər haqqında xatirə yazmaq fikrində deyildim. Lakin dostların, tanışların, sadəcə olaraq Cəfəri sevənlərin, onun həyatı, yaradıcılığı ilə maraqlananların dönə-dönə etdikləri müraciətlər, hər dəfə mənimlə görüşdükdə verdikləri saysız sorğu-suallar zamanı dediklərim-danışdıqlarım unudulmaz xatirələr zəncir şəklində xəyalımda toplanırdı.

Bir gün yaxın rəfiqələrimdən biri məndən soruşdu:

– Sona, sən Cəfəri çoxdan tanıyırdın?

– Necə məgər? – deyə soruşdum.

– Elə-belə bilmək istəyirdim.

– Bəli, lap çoxdan, uşaqlıq illərindən.

– Onda Cəfər haqqında çox xatirə bilərsən.

– Əlbəttə…

– Bəs nə üçün xatirələrini yazıb bir kitabça halında nəşr etdirmirsən?

– Eh, sağ olmuş, – dedim, – məndə ürək hanı?

Rəfiqəm əl çəkmədi:

– Ürəyini ələ al, Sona, mütləq yaz. İnan ki, bu, Cəfərin özünə də xoş gələr!

Xəyala daldım…

Bəli, onun haqqında çox söz-söhbətim var. Əslinə qalsa, elə 60 illik bütün həyatım Cəfər haqqında xatirələrdən ibarət deyilmi? Nəinki onunla bir ailədə yaşadığımız 12 ildə, hətta evlənənəqədərki həyatımda da, xüsusən onun ölümündən sonra keçirdiyim 35 ildə mən bircə gün də, bircə an da Cəfərsiz olmamışam, onun əziz xəyalından uzaqda, xoş xatirələrindən kənarda qalmamışam. Ömrümboyu Cəfər mənimlə yanaşı durmuş, həmişə-hər zaman evimdə, otağımda, fikrimdə, qəlbimdə yaşamışdır. Axı… onu kim unudar!..

Bir də başqa cür ola bilərmi heç? Həyat yoldaşımın qısa həyatının hər günü, hər saatı mənim üçün unudulmaz hadisələrlə zəngindir. Mübaliğəsiz deyə bilərəm ki, Cəfərin qaynar həyatının, xüsusən ömrünün son dövrünün bircə günü – səhər sübhdən gecə keçənə qədər – qələmə alsan, maraqlı bir kitabça çıxar. Bütün otuz beş illik həyatını isə, təəssüf ki, mən yuxarıda bildirdiyim səbəb üzündən ardıcıl və ətraflı təsvir edə bilməyəcəyəm. Buna görə də tam olmayan bu xatirələrimdə nəzərə çarpacaq qırıqlıq üçün hörmətli oxucular məni bağışlasınlar.

Həmin xatirələri yazmaqda yeganə məqsədim – Cəfərin həyat və yaradıcılığını öyrənənlərə, əsərlərini tədqiq edənlərə, pyeslərini tamaşaya qoyanlara və onu sevə-sevə oxuyanlara azacıq da olsa, kömək etməkdir. Mən xatirələrimdə özümün görüb bildiklərimdən əlavə yaşca məndən böyük olan qohum və tanışlarımızdan Cəfər haqqında eşitdiklərimi də nəzərə almışam.

Bu kitabça Cəfərin həyat və yaradıcılığını öyrənənlərə az-çox yardım göstərərsə, məncə, bu, ölməz ədibimizə qiymətli bir xatirə olar.

I

Ata-baba yurdumuz Xızı kəndi uca dağların, yaşıl meşələrin qoynunda yerləşir. Sərin suyu, təmiz havası, qaynar bulaqları, səfalı yaylaqları ilə məşhur olan bu gözəl kənd Bakının 110 kilometrliyindədir. İnqilabdan əvvəl ətrafdakı yerlər kimi Xızı da mədəniyyətdən uzaq tənha guşə idi. Kənddə bir nəfər də olsun savadlı adam tapılmazdı. Camaatın əsas məşğuliyyəti əkinçilik, maldarlıq və kömürçülük idi. Xızının hər tərəfi meşəlik olduğundan yerli əhali bir parça çörək pulu qazanmaq üçün başqa təsərrüfat işləri ilə bərabər, kürə basdırar, hasil olunan kömürü öküz arabaları ilə Bakıya, Şamaxıya aparıb satardı.

Bakıda “dağlı” adlanan xızılılar başqa kəndlilər kimi öz ruzilərini min bir əzab-əziyyətlə əldə edirdilər. Onların çoxu yaz, yay aylarını doğma kənddə öz təsərrüfatları ilə məşğul olur, az-maz azuqə toplayandan sonra, qışda müvəqqəti olaraq Bakıya köçürdülər. Bütün qışı mədənlərdə işləyir, qırçılıq edir, odun doğrayırdılar.

Belə ağır ehtiyac içində yaşayanlardan biri də bizim ailə idi. Babamız Cabbarın üç oğlu, dörd qızı olmuşdur. Cəfərin atası Qafar Cabbarın ortancıl oğlu idi.

Qafar da başqa dağlılar kimi əsas təsərrüfat işindən əlavə kömürçülüklə məşğul olurdu. Bir dəfə ağac kəsəndə odun parçası dəyib gözünü zədələmişdi. Bir qədər keçəndən sonra kişinin bir gözü tamam şikəst olmuşdu. Mən şəxsən onu görməmişəm, ancaq qohumlarımızdan eşitmişəm ki, Qafar bəstəboylu, üzügülər, rəhmdil bir kişi imiş. Onun arvadı Şahbikəni isə yaxşı xatırlayıram. Cəfərin anası ortaboylu, möhkəmbədənli, ciddisimalı, zəhmətkeş və qayğıkeş, qeyrətli bir qadın idi.

O zaman bizim qohum-əqrəbanın bütün üzvləri bir yerdə yaşayırdı. Ailəmizdə işləyən çox olsa da, güzəranımız yaxşı keçmirdi. Ona görə də Xızıdan Bakıya köçməli olduq.

Əmim Qafar 1903-cü ildə vəfat etdi. Bu ölüm, onsuz da güzəranı pis keçən ailənin vəziyyətini daha da çətinləşdirdi. Nə qədər ki Qafar kişi sağ idi, arasıra Xızıya gedir, kənddən kömür gətirib Bakıda satırdı. Doğrudur, bu həm ağır, həm də az qazanclı məşğuliyyət idi. Lakin yenə ailənin dolanacağı üçün az-çox kömək idi. İndi isə o da yox idi. Buna görə də Şahbikə İçərişəhərdə dövlətlilərdən birinin evində xidmət etməyə məcbur oldu. Onun bacarıqlı, işə can yandıran, təmizkar və səliqəli olduğunu görən sahibkar tezliklə Şahbikəni aşpazlığa keçirdi. Şahbikə sahibkardan aldığı zəhmət haqqı və gündəlik xörək payı ilə ailəyə kömək edirdi.

Şahbikə qulluq etdiyi evdə böyük hörmət qazanmışdı. O zaman həmin dövlətlinin arvadı (gərək ki, adı Xırda xanım idi) Məkkəyə gedirdi. O, Şahbikəni də özü ilə aparmaq istədiyini ona bildirmişdi. Əlbəttə, İslam dininin elə bir qatı dövründə bu səfərdən imtina etmək olmazdı. Şahbikə ailəni artıq, necə deyərlər, əli bir parça çörəyə çatmış böyük oğlu Hüseynquluya tapşırıb Məkkəyə yola düşdü.

Yoxsul ailəmiz Məkkədən qayıdan öz başçısını böyük sevinclə qarşıladı. Şahbikə indi hacı olmuşdu. Bu isə o zaman hər adama müəssər olmayan böyük bir şərəf sayılırdı. Bütün məhəllə əhli onu Hacı Şahbikə çağırırdı. Şahbikə təkcə bizim ailənin deyil, bütün məhəllənin ağbirçəyi, məsləhətçisi idi.

Başqa xızılılar kimi bizim ailəmizdə də savadlı adam yox idi. Nəslimizdə şair, aşıq, xanəndə və başqa sənətkar olmamışdır. Təkcə bibim Zərnişan arabir, gördüyü hadisələrə dair və ya ailə üzvlərinə şeirlər qoşardı. Qohumlardan eşidib yadımda qalanları bunlardır:

 
Tutuquşu havalarda dövr elər,
Həkim yoxdur yaralarım qövr elər.
Bir yanımı sən əymisən, zalım yar,
Bir yandan da qohum-qardaş cövr elər.
 

Və yaxud başqa qoşmalarından bir neçə bənd:

 
Yudum saçlarımı, atdım dalıma,
Ağlamasın anam, bacım halıma,
Nə gəlmişdi alagözlü yarıma?
Əsdi badi-xəzan aldı əlimdən!
 
 
Güzgüyə baxanda hamıdan düzəm,
Şıx-Sayad1 içində bir alagözəm.
İstəyirəm qaçım, təkəm, yalqızam,
Xəbər verin yara mənim dilimdən.
 
 
Səhər-səhər xeymərəsdə göründüm,
Güllə dəydi, qarnım üstə süründüm,
Axşam çağı çarşafıma büründüm,
Mən ölürəm, Zərnişanım ağlasın.
 

Deyildiyinə görə, Cəfərin bibisi çox hazırcavab bir qadın imiş və bədahətən qoşmalar deyərmiş. Hətta bir dəfə Zərnişan haradansa kəndimizə gələn bir aşıqla deyişib və onu bu sözlərlə bağlayıb:

 
Ağacdan at eylərəm,
Xana barat eylərəm.
Sənin kimi aşığı
Mahnıda mat eylərəm.
 

Əmim Qafarın beş oğlu, iki qızı olub. Qızları və bir oğlu körpə ikən ölüb. Sağ qalmış dörd oğuldan böyüyünün adı Hüseynqulu, ortancılın adı Heydər, ondan kiçiyininki Əjdərdir. Cəfər ailənin sonbeşiyidir. Buna görə də hamı onu çox sevirdi, xüsusən Şahbikə bütün uşaqlarından çox Cəfəri istəyirdi.

Cəfər 1899-cu ildə mart ayının 20-də, Novruz bayramı axşamı Xızıda anadan olub. 1901-ci ildə ailəmizlə birlikdə iki yaşlı Cəfər də Bakıya gətirilib.

Cəfər uşaqlıqda çox arıq, cılız idi. O, bir müddət mollaxanada, indiki yuxarı Dağlıq küçəsindəki məsciddə Molla Ümnisənin yanında oxudu. Elə ki, Quranı başa vurdu, mollaxanadan çıxdı. Bir qədərdən sonra isə Bədəlbəyin məktəbinə girdi. Burada Cəfərin müəllimi o vaxtın görkəmli ziyalılarından biri sayılan həmyerlimiz Mirzə Qədir İsmayılzadə – məşhur şairimiz Mikayıl Müşfiqin atası olub.

Cəfər şuluqluq üstündə həmin məktəbdən qovuldu. Sonra o, rus-tatar məktəbinə daxil oldu. Burada Süleyman Sani Axundov, Abdulla Şaiq və başqa müəllimlər ona dərs deyirdilər. Rus-tatar məktəbində Cəfər yaxşı oxuyurdu. Amma yenə də nadinclik edirdi, xüsusilə tez-tez müəllimlərlə mübahisəyə girişirdi. Bir dəfə məktəb direktoru Cəfərin böyük qardaşı Hüseynquluya demişdi: “Biz onun əlindən zara gəlmişik. Ancaq yaxşı oxuduğu üçün məktəbdən qovmuruq. Evdə ona bir az qulaqburması verginən”. Əlbəttə Hüseynqulu Cəfəri danlayırdı; ancaq o, öz bildiyindən əl çəkmirdi.

Məncə Cəfər ilk şeir təcrübələrinə də elə bu vaxtdan başlamışdır.

1911-ci ilin son günləri idi. Cəfər rus-tatar məktəbinin üçüncü sinfində oxuyurdu. Biz o zaman 4-cü Təzəpir küçəsində yaşayırdıq. Cəfərin Məşədi İbrahim adlı bir əmisi var idi. Bizimlə bir həyətdə olur və mişarçılıq edirdi. Bir gün o, evə gələrkən nədənsə arvadı Şərabanı ilə savaşır və süfrəyə qoyulmuş dolmanı kasası ilə birlikdə çardağa atır. Bu hadisəni görən Cəfər oradaca bir şeir qoşur:

 
Məşədi İbrahim əmi çəkdi mişar, gəldi havar
Ərsəmi2 dedi: kişi, ot yerində, sənlik nə var?
Quş ki pərvaz eləsə, pər vurar, ovlağa gedər,
Sındırıb kasasını dolması çardağa gedər.
 

1912-ci ildə Təzəpir küçəsindəki evimizi satıb, indi yaşadığımız Böyük Salyan küçəsinə köçdük. Cəfər məktəbi bitirəndən sonra, müəllimlərin səyinə baxmayaraq, təhsilini davam etdirə bilmədi, çünki ailəmizin onu oxutmağa imkanı yox idi. Cəfər də bikar gəzir, məhəllə uşaqları ilə gündə bir oyun çıxarırdı.

Bu zaman Hacı Şahbikə dövlətli evindən çıxmışdı və öz evimizdə çörəkçiliklə məşğul olurdu. O, evdə çörək yapır, Cəfərin və məhəlləmizdə yaşayan qohumumuz Ağarzanın vasitəsi ilə Qəssabbazardakı dükanlara göndərirdi. Yaxşı yadıma gəlir: Cəfərlə Ağarza Şahbikədən çörək alanda biri onu söhbətə tutur, o birisi ayağı ilə tərəzinin bir gözünü basırdı. Beləliklə, gündə Şahbikədən 3–4 çörək çırpışdırırdılar. Cəfər bunun puluna kitab alırdı. Biz Cəfərin qorxusundan bu sirri Şahbikəyə açmırdıq.

Çörəkçilik Şahbikəyə əl vermədiyindən, çox keçmədi ki, o, bu sənəti atdı. Həm də indi onun qazancına ailəmizin o qədər də ehtiyacı yox idi. Cəfərin böyük qardaşı Hüseynqulu Bayılda balaca bir dükan açmışdı və gündəlik qazancı ilə ailəmizi bir təhər dolandırırdı. Şahbikənin çörək bişirməkdən əl çəkməsi, Cəfəri də çörək satmaqdan xilas elədi. Bikarçılıqdan o, başqa uşaqlara qoşularaq, səhərdən-axşama kimi qonşu məhəllənin uşaqları ilə vuruşurdu. Adətləri üzrə bir gün yenə də “daşbadaş” gəlirmişlər. “Düşmən” dəstənin başında Həsən adlı bir mollanın oğlu dururmuş. Meydan qızışdıqda Cəfər Molla Həsənin oğlunu acıqlandırmaq üçün belə bir şeir qoşmuşdu:

 
Molla Həsən əzan verir,
Saqqalına nizam verir.
Ölü görəndə yan verir,
Halva görəndə can verir.
 

Cəfərin bu cür hərəkətlərini görən Şahbikə Hüseynquluya şikayət etdi. Hüseynqulu da Cəfəri Bayıla, öz dükanına işləməyə apardı. Cəfər dükanda haqq-hesab işlərinə baxır, borc mal alanların siyahısını tuturdu. Dükanın yerləşdiyi binanın üstündə bir rus dili müəlliməsi yaşayırdı. O, öz evində uşaqlara dərs verirdi. Cəfər də gündüzlər dükanda işləyir, axşamlar həmin müəllimənin yanında dərs keçirdi.

Burada Cəfər İsabəy Aşurbəyovun oğlu ilə dost olmuşdu. Cəfər ona dərslərində kömək eləyirdi. Bir gün, Aşurbəyovun oğlu Cəfəri öz evlərinə qonaq aparıb atası ilə tanış edir. İsabəy Cəfərlə bir qədər söhbətdən sonra onun ağıl və fərasətinə heyran qalır və öz hesabına Cəfəri də oğlu ilə birlikdə politexnikuma qəbul etdirir. Həmin məktəbdə oxuyanlara məxsus formanı da Cəfər üçün Aşurbəyov tikdirmişdi.

O vaxtlar mən də Hüseynqulunun qızı Törə ilə birlikdə Hənifə xanımın məktəbində oxuyurduq. Dağlı qızlarından ilk dəfə məktəbə gedən biz idik. Onu da deyim ki, bizim məktəbə getməyimiz ailəmizdə böyük mübahisəyə səbəb olmuşdu. Xüsusən Cəfərin ortancıl qardaşı Heydər buna qəti etiraz edirdi. Lakin ailənin böyük oğlu Hüseynqulu deyilənlərə etina etməyərək bizi məktəbə göndərdi. Əslində isə bizim oxumağımızın səbəbkarı Cəfər olmuşdu, böyük qardaşını buna razı salan da o idi.

Həmin ilin yayında ailəmizlə birlikdə Bakının Saray bağlarına köçmüşdük. Cəfəri də politexnik məktəbdən yay tətilinə buraxmışdılar. O bizimlə bağda idi. Hansı əsər üzərin-dəsə işləyirdi. Burada bir otağımız vardı. Cəfər gündüzlər bizi evdən çıxarır, özü otaqda tək qalıb yazırdı. Evimizdə stol olmadığından o, yerə oturub arxasına 2–3 balış dayaq verər, dizlərinin üstünə karton qoyub işləyirdi. O zaman yazdığı 120–130 səhifəlik bir əsər hazırda Cəfər Cabbarlı adına Respublika Dövlət Teatr Muzeyindədir. İki gəncin sevgi macərasına həsr olunmuşdur. Nədənsə o, sonralar bu əsəri tamamlamaq istəməmiş (bəlkə də unutmuş), heç ona ad da qoymamışdır.

Cəfər o zamanlar daha çox məzəli şeirlər və həcvlər deyərdi. Ailə üzvlərimizin, demək olar ki, hamısının xasiy-yətinə, danışığına, hərəkətlərinə, hətta bədən quruluşuna şeirlər qoşardı. Təəssüf ki, onların çoxunu unutmuşam. Bəziləri yadımdadır. Cavahir adlı bir dayım arvadı var idi, qarabuğdayı, gözəşirin bir gəlin idi. Cəfər onun üçün gülməli bir şeir yazmışdı. Bir dəfə Cəfər hara isə getmişdi. Mən də ondan gizlin bu şeiri dayım arvadına oxudum. Şeir Cavahiri yaman hirsləndirdi. Cəfər evə gələn kimi onunla savaşdı. Cavahirin hirsi yatandan sonra Cəfər mənimlə davaya başladı ki, nə üçün şeiri ona oxumuşam.

Bağdan Bakıya köçəndən sonra Cəfər yazdığı şeirləri “Babayi-Əmir”, “Molla Nəsrəddin”, “Məktəb” və başqa jurnallarda çap etdirirdi. Çox zaman bu şeirlər “Qəyur-əyyar”, “Şəbrəng əyyar” və başqa təxəllüslərlə çıxırdı. Ancaq onda Cəfərin şeir yazdığını ailəmizdə mənimlə Törədən başqa bilən yox idi. Bilsəydilər də oxuyan, şeirdən başı çıxan adam kim idi ki!..

Səhv etmirəmsə, Cəfərin ilk mətbu şeiri “Bahar”dır. Bu şeir 1915-ci ildə “Məktəb” jurnalının elan etdiyi müsabiqədə mükafat almış və jurnalın 6-cı nömrəsində dərc edilmişdi. Cəfər jurnalın həmin nömrəsini evdə bizə göstərəndə əvvəl heç nə başa düşmədik. Elə zənn etdik ki, Cəfər həmişəki kimi bizim üçün yenə şəkilli jurnal alıb. Vərəqləyib şəkillərinə baxdıq. Bunu görən Cəfər jurnalı əlimizdən alıb dedi:

– İndi ki bilmədiz, onda dayanın, sizə bir şeir oxuyum – və “Bahar” şeirini ucadan bizə oxudu.

Cəfər o vaxtlar təzə-təzə papiros çəkməyə başlamışdı. Lakin bunu özündən böyük olan bütün ailə üzvlərindən gizlədirdi. Onun papiros çəkməsini yalnız mənimlə Törə bilirdik. Bolluca tütün, giliz almışdı. Mən Törə ilə onları gizlədir, ev xəlvət olanda Cəfər üçün papiros qayırırdıq. O da bunun müqabilində bizə müxtəlif şeylər bağışlayır, oxuduğu kitablardan danışır, gülməli şeirlər deyirdi. Dönə-dönə bizə tapşırırdı ki, onun papiros çəkməsini heç kimə bildirməyək.

Cəfər kitab oxuyanda, xüsusilə yazı yazanda çox papiros çəkirdi. Bir dəfə evdə oturub nə isə yazırdı. Həmişəki kimi yenə də papiros damağında idi. Birdən Hüseynqulu içəri girdi. Cəfər bunu hiss etmədi. Törə ilə mən təşviş içində birbirimizə baxdıq. Biz Cəfərdən çox, özümüz üçün qorxurduq ki, bu sirri gizli saxladığımıza görə döyüləcəyik.

Cəfər Hüseynqulunu görən kimi papirosu yerə atıb, ondan üzr istədi. Hüseynqulu dedi:

– Daha niyə pərt olursan? Gərək əvvəldən çəkməyəydin. İndi ki başlamısan, gizlində çəkməyin mənası yoxdur. Əvvəl-axır bilinəcək. Mən sənə icazə verirəm.

Mənə elə gəlir ki, Cəfərin bir sıra şeirləri və “Pəri xanım” nağılının librettosu o illərin məhsuludur. Çünki o vaxtlar həmin nağıldan olan şeirləri bizim üçün tez-tez oxuyurdu.

Cəfərin şeir və hekayə yazmaqdan başqa rəsm çəkmək qabiliyyəti də var idi. “Molla Nəsrəddin” jurnalındakı şəkillərə baxaraq onların üzünü köçürür, bəzən qabağına bir əşya qoyaraq onun şəklini çəkirdi. Bir dəfə mis məcməinin rəsmini elə ustalıqla çəkmişdi ki, indi də həmin şəkil gözlərimin qarşısındadır. Ona gözəl naxışlar vurmuşdu. Cəfər bu adətini sonralar da davam etdirərək öz əsərlərindəki surətlərin rəsmlərini çəkirdi.

İllər ötüb keçirdi. Törə ilə mən qız məktəbini bitirib, Rəhilə xanımın məktəbinə daxil olmuşduq. Cəfər tez-tez yazı dəftərimizi yoxlayır, səhvlərimizi düzəldir, dərslərimizdə bizə kömək edirdi. O, məktəbimizə də tez-tez gəlirdi.

Biz sinifdə bir-birimizə yadigar vermək üçün albom düzəltmişdik. Rəfiqələr bir-birinin albomuna xatirə yazır, heç bir zaman bu dostluğu unutmayacaqlarına əhd-peyman bağlayırdılar. Məktəb yoldaşlarımızın yazdığı xatirələrin əksəriyyəti şeirlərdən, bayatılardan ibarət idi. Albomumuzun daha yaxşı olması üçün mənimlə Törə Cəfərdən xahiş etdik ki, bizim üçün xatirə yazsın. Törə üçün yazdığı xatirə belə idi:

 
Dəftərin ağ səhifəsində bu xətt
Bacılıq yadigarıdır, yazıram.
Ayırarsa zaman bizi bir gün
Bu ürək əksidarıdır, yazıram.
 
 
İstərəm bir sevimli istiqbal,
İstərəm daima səadətini.
Tanrıdan mən bunu niyaz edərəm
Mənə qismət edə rəfaqətini.
 

Amma mənim üçün yazdığı xatirənin ilk misralarını oxuyan kimi albomu cırdım. Yadımda qalanı budur ki, həmin şeir belə başlayırdı:

 
Sən ol qədr ki mən pak ürəkdən sevirəm,
Sevəcək başqa bir insan desələr, doğru deyil.
 

“Doğru deyil” sözü məni şübhələndirdi. Öz-özümə düşündüm ki, necə yəni doğru deyil, necə yəni mən sevilməyə layiq deyiləm? Buna görə də şeiri cırıb Cəfərin üstünə atdım. O gülümsəyərək dedi:

– Sən indi belə şeyləri başa düşməzsən, böyüyəndə bilərsən.

Cəfər ilk pyeslərini 1915-1916-cı illərdə yazmağa başlamışdır. Səhv etmirəmsə, ilk dram əsəri “Vəfalı Səriyyə”dir ki, 1915-ci ildə yazmışdır. Onun ardınca “Solğun çiçəklər”, “Nəsrəddin şah” (1916-1917-ci illər) pyeslərini yazmışdır. “Aslan və Fərhad”, “Mənsur və Sitarə” hekayələri də bu dövrün məhsuludur.

Cəfərin ilk dəfə hansı pyesinin nə vaxt, harada oynanıldığını qəti deyə bilmərəm. Ancaq bu yadımdadır ki, “Solğun çiçəklər” ilk dəfə indiki Azərbaycan SSR Elmlər Akademiyasının binasında tamaşaya qoyulmuşdu. Tamaşaya mən də getmişdim. Salon ağzına qədər adamla dolu idi. Pyes tamaşaçılara o qədər təsir etmişdi ki, hətta salonda ağlayanlar da vardı. Tamaşa zamanı Cəfəri atıb-tuturdular. Çiçək də gətirmişdilər. Bu zaman Cəfər politexnikumda oxuyurdu.

1917–1918-ci illərdə Bakıda vəziyyət ağır idi. Rusiyada inqilab olmuş, Nikolay taxtdan salınmışdı. Hələ ölkədə asayiş tamam bərpa olunmamışdı. Bakıda da tez-tez atışma olurdu. Evimiz şəhərin yuxarı hissəsində olduğundan atılan güllələr və mərmi qəlpələri bizim dağlı məhəlləsini döyəcləyirdi. Atışma evlərimizin yuxarısında olan “Ceyran bağçasında” getdiyindən, qapıpəncərələri möhkəm bağlamışdıq. Həmin günlər heç kim bayıra çıxa bilmirdi. Belə şəraitdə Bakıda qalmaq, əlbəttə, qorxulu idi. Həm də dükan-bazar bağlanmış, alış-veriş kəsilmişdi. Əhali aclıq çəkirdi. Atışma ara verəndə camaat dəstə-dəstə şəhərdən çıxır, müvəqqəti olaraq yaxın kəndlərə köçürdü. Hamı varyoxunu şəhərdə qoyub canını xilas etməyə çalışırdı.

Biz də başqa ailələr kimi Bakıdan çıxmağı qət etdik. Lakin Hüseynqulunun arvadı Zinyət ağır xəstə olduğundan yubanırdıq. Evdə də qalmaq mümkün deyildi. Hüseynqulu bizi məhəlləmizdəki qar anbarına apardı. Xəstəninsə halı daha da ağırlaşırdı. Axırda belə qərara gəldilər ki, Cəfər və anası Şahbikə mənimlə Hüseynqulunun qızlarını şəhərdən çıxarıb Xızıya aparsınlar.

1918-ci ilin mart ayı idi. Səhər saat 11 radələrində ara azca sakitləşmişdi. Məhəlləmizdə yaşayan bir neçə ailə ilə birlikdə şəhərdən çıxdıq. Xırdalana sarı gedirdik. Şəhərin iki kilometrliyindəki qayalara çatmamışdıq ki, bizi gülləyə tutdular. Qayaların üstü ilə böyük bir izdiham axışırdı. Kimi ağlayır, kimi acından yeriyə bilmir, kimi yorulub yolda qalırdı. Başımızın üstündən vıyıltı ilə güllələr uçurdu. Bizimlə bir yerdə gedən qonşumuz Məşədi Əbdülkərim kişi qıçından yaralandı. Onu araba ilə geri qaytardılar. Hamı güllənin bu saat ona dəyəcəyini gözləyirdi. Qaçaqaç düşdü. Cəfər bizim əlimizdən tutdu. Şahbikə nəvəsi balaca Mələyi arxasına sarıdı. Sürətimizi artırdıq. Tezliklə Bakının kənarındakı dağların ətəyinə çatmağa çalışırdıq ki, bəlkə orada canımızı güllədən xilas edək. Nəhayət, özümüzü dağların döşünə saldıq. Artıq buraya güllə gəlib çatmırdı. Bir az istirahət edəndən sonra yenidən yola düşdük. Toran düşəndə kəndə çatdıq. Daha yeriyə bilmirdik, bərk yorulmuşduq. Həm də gecə vaxtı yol getmək təhlükəli idi. Xocahəsən kəndində gecələməli olduq. Burada nə bir tanışımız, nə bir qohumumuz var idi. Şəhərdən çıxan adamların hamısı burada gecələyirdi. Ev tapmaq çox çətin idi. Hər evdə azı iyirmi nəfər adam vardı.

1.Şıxlar və Səyyadlar Xızı kəndinin iki qonşu qışlağıdır.
2.Ərsəmi – əmi arvadı

Ücretsiz ön izlemeyi tamamladınız.

₺50
₺100,01
−50%