Kitabı oku: «Parma monastırı»
Bakı, “Altun kitab” nəşrlər evi – 2020, 112 səh.
1
1796-cı il may ayının 15-də general Bonapartın Milana girməsi bütün dünyaya nümayiş etdirdi ki, İtaliyada Sezarın1 varisi peyda olub.
Buna qədər italyanlar fransızlara imperator ordusunda xidmətdən yayınan quldur dəstəsi kimi baxırdılar. İtalyan rahiblər bütün günü fransızların qaniçənliyi barədə moizələr oxuyurdular. Amma onların bu gözləntiləri tezliklə puç oldu. Cındırından cin ürkən fransız əsgərləri bütün günü əylənir, mahnı oxuyurdular. Bir sözlə, onlar Lombardiyaya özləri ilə bərabər şadyanalıq gətirmişdilər.
Zabitləri, əsasən, varlıların evində yerləşdirmişdilər. Rober soyadlı bir leytenantın bəxtinə markiz del Donqonun sarayında yaşamaq düşmüşdü. Bu gənc döyüşçü saraya daxil olanda cibində vur-tut altı frank2 vardı. Mundirinin qolundakı mahud sürüşməsin deyə astara bəndlənmişdi. Çəkmələrinin altlığı döyüşdə ələ keçirdiyi üçkünc şlyapadan tikilmişdi. Həmin əldəqayırma altlıqlar çəkmələrə kəndirlə kobud şəkildə bağlanmışdı. Elə ki markiza del Donqonun adından leytenantı yeməyə dəvət etdilər, yazıq Rober çox utandı. O, şam yeməyinə qədər mundirini birtəhər yamamağa, çəkməsinin kəndirlərini mürəkkəblə rəngləməyə çalışdı. Nəhayət, həlledici an gəlib çatdı.
– Ömrümdə bu qədər utanmamışdım, – Rober sonralar danışırdı. – Xanımlar narahat idilər ki, onlarla kobud rəftar edəcəyəm, halbuki mən onlardan daha çox həyəcanlıydım. Markiza del Donqo o vaxtlar hələ çox gözəl idi. Bu qeyri-adi gözəllik məni necə heyran etmişdisə, miskin geyimimi unutmuşdum. Markiza həmin gün ərinin bacısı Cina del Donqonu da monastırdan evə gətirmişdi. Bu on üç yaşlı qız geyimimi görəndə az qala qəhqəhə çəkəcəkdi. Markiza isə, əksinə, mənə elə hey iltifat göstərirdi. Qısası, bu yöndəmsiz görkəmimlə onların kinayəli baxışlarına dözməkdən başqa əlacım yox idi. Qəflətən ağlıma bir fikir gəldi. Xanımlara çəkdiyim əziyyətlər barədə danışmağa başladım. Dedim ki, Genuya dağlarında bizə hər gün vur-tut üç unsiya3 çörək verirdilər. Di gəl, bununla qarnını doyur, görüm, necə doyurursan! Xeyirxah markizanın gözləri yaşardı, Cina da ciddi görkəm aldı və soruşdu:
– Necə, cənab leytenant? Cəmi üç unsiya çörək?
– Bəli, madmazel. Həftədə üç dəfə isə payımıza, ümumiyyətlə, heç nə düşmürdü. Həmin üç unsiya çörəyi də bizdən ağır vəziyyətdə olan kəndlilərlə bölüşürdük.
Əslində, leytenant Roberin həyat hekayəsi Milandakı digər bütün fransızların tarixçələrinə bənzəyirdi. Onların bu gözlənilməz xoşbəxtliyi və kef əyyamı isə vur-tut ikicə il çəkdi. Həmin iki il ərzində hər yerdə şənlik, əyləncə hökm sürdü. Yüksək zadəgan dairələrinə mənsub olan bəzi ailələr isə bu müddətdə öz malikanələrinə çəkilmişdilər. Onlar evdən çölə, demək olar, çıxmırdılar. Fransızların şadyanalıqlarından qıcıqlanan markiz del Donqo da Komo şəhərindən çox da uzaq olmayan Qriantedəki qəsrinə köçmüşdü.
Günlərin bir günü xanımlar leytenant Roberi də ora dəvət etdilər.
Bu, markiz del Donqonun XV əsrdə tikilmiş ata-baba mülkü idi. Hündür və qalın divarların qoruduğu qəsrə fransızların hücumetmə ehtimalı az idi, yəni buranı nisbətən təhlükəsiz saymaq olardı.
Qriantedəki qəsrə köçən del Donqo gənc arvadını Milanda qoymuşdu. Xanım orda ailə işlərinə nəzarət edirdi. Tezliklə markizin ailəsində böyük hadisə baş verdi: o, bacısı Cina üçün soylu-köklü bir ailədən adaxlı tapdı. Ancaq gənc qız qardaşının seçimi ilə razılaşmayıb qraf4 Petraneraya ərə getdi. Bu yaraşıqlı adam müflisləşmiş zadəgan, üstəlik, italyan legionunun5 kiçik leytenantı idi.
2
Bəli, fransızların əyləncə və səadət dolu günləri cəmi iki il çəkdi. Avstriyalılar Milana yaxınlaşmağa başladılar. Nəticədə fransızlar şəhəri tərk etdilər. Leytenant Rober son dəfə rəfiqəsi markiza del Donqonun qonağı oldu. Bu ayrılıq hər ikisi üçün çox kədərli idi. Qraf Petranera da arvadı ilə birlikdə geri çəkilən Fransa ordusuna qoşulub getdi.
Markiz del Donqo öz mülkünə qayıtdı. Bir müddət sonra yüksək vəzifə əldə etdi. Bundan sonra onun xarakterinə xəsislik əlavə olundu. O, bacısı qrafinya6 Petraneraya bir qara qəpik də göndərmədiyini hər yerdə şəstlə deyirdi. Cina isə ərini çox sevir, onunla birgə Fransada ac-yalavac yaşamağı Milana qayıtmaqdan üstün tuturdu.
Fransızların İtaliyadan qovulduğu günlərdə markiz del Donqonun ikinci oğlu dünyaya gəldi. Onun adını Fabrisio qoydular. Markizin var-dövlətinin varisi böyük oğlu, atasına çox oxşayan Askanyo idi. Onun səkkiz, Fabrisionun iki yaşı olanda müstəsna tarixi hadisə baş verdi: hakimiyyətdən uzaqlaşdırıldığı və edamla cəzalandırıldığı güman edilən Bonapart qəfildən Milana daxil oldu. Xalq sevincdən az qala ağlını itirmişdi.
İşi belə görən bəzi əsilzadələr aradan çıxmağa qərar verdilər. Çünki onlar fransızların İtaliyanı tərk etməsindən sonra yeni, mürtəce hökumətlə əməkdaşlığa üstünlük vermiş, bununla da öz adlarına ləkə sürmüşdülər. Belə əsilzadələrdən biri də markiz del Donqo idi və o hamıdan əvvəl Qriantedəki qəsrinə qaçmışdı.
Adları ləkələnmiş əsilzadələr öz qəsrlərində oturub böyük intizarla Napoleonun sonunu gözləməyə başladılar. Lakin əksi baş verdi: fransızlar yeni-yeni qələbələr qazanır, mövqelərini get-gedə gücləndirirdilər. Bu vəziyyət 1800-cü ildən 1810-cu ilədək davam etdi. Fabrisio həmin on ili bütünlüklə Qriantedəki malikanədə kəndli balalarının əhatəsində keçirdi. Sonra onu Milana oxumağa göndərdilər. Oğlunu çox istəyən anası hərdən ərindən icazə alıb onu görmək üçün Milana gedirdi. Amma markiz həmin səfərlər üçün arvadına bir qara qəpik də qıymırdı. Markizaya yolpulunu qrafinya Petranera, özü də borc kimi verirdi. Fransızların qayıdışından sonra qrafinya İtaliya vitse-kralı, şahzadə Yevgeninin7 sarayında ən hörmətli xanımlardan biri olmuşdu. O, Fabrisionu özü ilə bütün təmtəraqlı bayramlara aparırdı.
Qardaşı oğlu on iki yaşına qədəm basdıqda qrafinya şəxsi əlaqələri hesabına ona qusar zabiti mundiri geyindirməyə nail oldu. Bir müddət sonra isə Cina şahzadəni dilə tutmağa başladı ki, Fabrisionu paj8 təyin etsin. Bu xəbər markiz del Donqonun qulağına çatdı. O, bacısının «yersiz hərəkəti» nə qəzəbləndi: axı o, İtaliyanın hazırkı hakimiyyətinə müxalif idi. Oğlunun paj təyin olunması isə o demək idi ki, del Donqo ailəsi artıq hakimiyyət tərəfə keçir. Odur ki markiz bir bəhanə ilə gənc Fabrisionu Qrianteyə qaytardı.
Beləcə, oğlan arzulamadığı halda qəsrə geri döndü: indi onun günləri burada ancaq at çapmaqla keçirdi. Bir sözlə, qəsrdə həyat çox darıxdırıcı idi. Düzdür, sonralar Fabrisio günlərlə ova getməyə, göldə qayıq sürməyə də başlamışdı. Ancaq bir müddət sonra bunlar da oğlana yorucu göründü. Tezliklə o, faytonçular və mehtərlərlə dostlaşdı. Onların hamısı fransızların tərəfdarı idi.
Markiz del Donqo elmə nifrət edirdi. Amma yenə də kiçik oğlunun təhsilini artırmaq lazım gəldiyini bilirdi. Düşünürdü ki, Fabrisionun latınca öyrənməsi yaxşı olardı. O bunu Qriante kilsəsinin abbatı9 Blanesə tapşırmağın ən doğru qərar olduğu qənaətinə gəldi. Lakin bunun üçün qocanın da həmin dili bilməsi lazım idi. Di gəl, abbat latın dilinə nifrət edirdi.
Kəndlilər Blanesi cadugər sayır və ondan çəkinirdilər. Fabrisio isə bu adama böyük ehtiramla yanaşırdı. Çalışırdı ki, öz hərəkətləri ilə abbatın xoşuna gəlsin. Blanes bu oğlanı sadəliyinə görə sevir və ona belə deyirdi: «Sonradan riyakara çevrilməsən, bəlkə də, əsl insan olacaqsan».
3
Çox məkrli biri olan markiz del Donqo hər gün bu ümidlə yaşayırdı ki, tezliklə Napoleonu devirəcəklər. Bu minvalla o, düz on üç il gözlədi. Nəhayət, bir gün Napoleonun taxtdan əl çəkdiyi xəbəri gəldi. Çox keçmədən isə Avstriya ordusu yenidən Milana daxil oldu. Avstriyalı general markiz del Donqonu qəbul etdi. Ona rəhbər vəzifələrdən biri təklif olundu. Böyük oğlu isə Avstriya ordusu zadəgan polklarının birində leytenant rütbəsi aldı. O ki qaldı markizin kiçik oğluna, burada iş bir az düyünə düşmüşdü. Belə ki, Fabrisio ona təklif olunan kadet10 rütbəsini heç cür qəbul etmək istəmirdi.
Markizin sevinci cəmi bir neçə ay sürdü. Günlərin bir günü onu yüksək vəzifədən azad edərək aşağı vəzifələrdən birinə keçirdilər. Markiz buna çox qəzəbləndi və yenidən Qriantedəki malikanəsinə döndü. Elə oradaca qraf Petraneranın dueldə öldürüldüyü xəbərini aldı. Bu xəbər onun ürəyindən oldu və dərdini bir az da olsa, unutdurdu.
Ərinin ölümü qrafinyaya çox pis təsir etdi. O, saraydan çıxıb ikiotaqlı mənzilə köçdü. Qrafinya bir neçə ay ehtiyac içində, ancaq qürurla yaşadı. Bircə dəfə də olsun, fransızlara və onların tərəfdarlarına, o cümlədən mərhum əri qraf Petraneraya nifrət edən qardaşına kömək üçün ağız açmadı.
Markiz del Donqo nə qədər xəsis olsa da, düşmənlərinin bacısının yoxsulluğuna sevinməsinə yol verə bilməzdi. Belə çıxır ki, onun nəslindən olan bir qadın təqaüd hesabına yaşayacaqdı? Nə böyük təhqir!
Bu düşüncələr içərisində markiz bacısına uzun-uzadı bir məktub yazdı. Məktubda israrla bildirdi ki, malikanədə onun üçün ayrılmış böyük, dəbdəbəli otaq və del Donqo soyadına layiq məbləğdə pul yolunu gözləyir. Cina çox düşünüb-daşındıqdan sonra bu təklifi qəbul etdi. Qadın Qriante malikanəsinə özü ilə bərabər sevinc və şənlik gətirdi.
1814–1815-ci illərin qış ayları belə keçdi. Bu müddətdə qrafinya iki dəfə bir neçə günlüyə Milana getmişdi. O, La Skalada11 nümayiş etdirilən gözəl baletləri qaçırmamağa çalışırdı. Markiz isə arvadının onu müşayiət etməsinə icazə verirdi. Hər iki səfər yaddaqalan olmuşdu: xanımlar köhnə dostları ilə nahar edir, şənliklərə qatılırdılar.
1815-ci il martın 7-də növbəti Milan səfərindən qayıdan xanımlar sahilboyu çinarlı xiyabanda gəzişirdilər. Bu zaman sahilə doğru bir qayıq yan aldı. Çox keçmədi ki, qayıqdan bəndin üstünə tullanan nökər xəbər verdi: «Napoleon elə indicə Juan buxtasına12 çıxıb».
Bütün Avropa bu hadisədən heyrətə düşmüşdü, di gəl, markiz del Donqonun eşitdiyi xəbərdən heç tükü də tərpənmədi. O, dərhal öz padşahına məktub yazıb bildirdi ki, Napoleona qarşı mübarizədə əlindən gələni etməyə, hətta var-dövlətindən keçməyə hazırdır.
Martın 8-i səhər saat 6-da qrafinyaya Fabrisionun gəlişini xəbər verdilər. Otağa daxil olan gənc dedi:
– Mən imperatora qoşulmaq istəyirəm. Bunun üçün İsveçrədən keçib-gedəcəyəm.
Qrafinya həyəcandan ağladı. Sonra yatağından qalxıb dolabda gizlətdiyi pul kisəsini çıxarıb:
– Götür, – deyə Fabrisioya uzatdı. – Allah xətrinə, özünü qoru. Napoleonun uğur qazanacağına ümid bəsləmək mənasız işdir. Getməyinə razı olmaqla dünyada ən qiymətli varlığımı imperatora qurban verirəm.
Fabrisionun gözləri doldu. Bibisini qucaqlayıb ağladı. Axırda isə ondan xahiş etdi ki, gedişindən anasını da xəbərdar etsin.
Oğlunun gözlənilməz qərarını öyrənən markiza xeyli göz yaşı tökdü. Fabrisionu qərarından döndərməyi bacarmayan qadın sonda olub-qalan pullarının hamısını ona bağışladı. Birdən yadına düşdü ki, əri dəyəri on min frank olan səkkiz brilyantı Milan zərgərlərinə yondurması üçün ona verib. Markiza həmin brilyantları oğlunun yol paltarının astarına tikdi.
Fabrisio anası və bibisi ilə vidalaşıb yola düşdü. Arxasınca atasının atlılar göndərəcəyindən elə qorxurdu ki, yolboyu bir dəqiqə də dayanmadı və qısa müddətdə Parisə çatdı. İmperator da artıq şəhərdə idi. Fabrisionun müsibəti də elə bundan sonra başladı. O, Parisə gələndə ümid edirdi ki, Napoleonla görüşə biləcək. Ancaq onu imperatorun yaxınına belə buraxmadılar. Əvəzində yenicə tanış olduğu yoldaşları bir neçə günün içində bütün pullarının dalına keçdilər. Yaxşı ki anasının ona verdiyi brilyantlardan heç kəsin xəbəri yox idi.
Fabrisio brilyantların puluna iki at aldı, at alverçisinin yanında mehtər olmuş istefadakı əsgəri isə özünə qulluqçu götürdü. O, başına gələnlərdən pərt halda orduya yollandı. Fabrisionun imperator ordusu haqda heç bir məlumatı yox idi. Bircə onu bilirdi ki, əsgərlər Maubeuke13 yaxınlığında toplanırlar.
Ən yaxın batalyonlardan birinə yetişən kimi əsgərlər bu sütül burjuanı14 dövrəyə aldılar. Bir saat sonra alayın katibi düşərgənin yaxınlığından keçirdi. Əsgərlər onu saxlayıb mülki geyimli, fransızca pis danışan bir nəfərin gəldiyini xəbər verdilər. Katib Fabrisionu xeyli sorğu-suala tutdu. Oğlan Napoleona böyük ehtiram bəslədiyini, hətta ona pərəstiş etdiyini dedi. Lakin fransız dilində çətinliklə danışdığından bu dedikləri katibdə şübhə doğurdu. O, dərhal iki əsgər çağırdı: biri nökərin boynundan yapışdı, digəri atların cilovunu dartdı. Katib Fabrisionu jandarm zabitinin yanına gətirdi. Jandarm zabiti zavallı oğlandan sənədini tələb etdi. Gənc sənədini göstərdi. Sənəddə onun barometr alveri edən tacir olduğu yazılırdı.
– Axmaq! – zabit sənədlərə baxa-baxa dedi. – Heç bicliyin yoxmuş ki… Sənin kimi ana uşağını bura göndərirlərsə, deməli, bizi sarsaq sayırlar.
Fabrisio, əslində, tacir olmadığını, bu sənədləri də Parisə gəlib çıxmaq üçün düzüb-qoşduğunu sübut etmək üçün çox çalışdı. Amma nə illah elədi, heç bir xeyri olmadı. Zabit onu konvoy müşayiəti ilə qonşu B. şəhərciyindəki həbsxanaya göndərdi. Bu miskin həbsxanada Fabrisio otuz üç gün keçirdi.
İyun günlərinin birində Fabrisio uzaqdan top gülləsinin səsini eşitdi. «Nəhayət, başlandı!» – gəncin ürəyi həyəcanla döyündü. O bura düşəndən bir neçə gün sonra təsadüfən həbsxana nəzarətçisinin arvadı ilə tanış olmuşdu. Top gülləsinin eşidildiyi günün axşamı həmin xanım yanına gəldi.
Fabrisio ona yalvararaq dedi:
– Burdan çıxmağıma kömək edin. Borclu qalmayacağıma söz verirəm.
– Mənə yüz frank versən, qaçmağını təşkil edərəm.
Fabrisio dərhal razılaşdı. Ertəsi gün obaşdan nəzarətçi arvadı yenidən Fabrisionun yanına gəldi və dedi:
– Əzizim, belə cəncəl işlərə bulaşmaq üçün çox gəncsən. Sözümü dinlə, daşı ətəyindən tök. Müharibəyə getmək heç də ağıllı fikir deyil.
– Niyə axı? – Fabrisio inad etdi. – Məgər vətəni qorumaq cinayətdir?
– Boş şeydir! Həyatını mən qurtardım, yoxsa səni güllələyəcəkdilər. Bir halda ki fikrin qətidir, özün bilərsən. Amma bax ha, ağzından bir kəlmə də qaçırma, yoxsa sənə görə biz də işimizi itirərik. Bir də əsilzadə olduğun halda tacir cildinə girdiyini orada-burada danışma. Sənə srağagün ölmüş qusarın formasını verəcəyəm. Haradan gəldiyini soruşsalar, de ki, xəstəydin, kəndlilərdən birinin evində yatırdın. İnanmasalar, öz alayına yetişməyə çalışdığını söylə. Hə, bir də unutma ki, səni yenidən həbs edə bilərlər, çünki fransızca yaxşı danışa bilmirsən.
Məşəqqət dolu otuz üç gündən sonra Fabrisio həbs olunmasının səbəbini özü üçün aydınlaşdırdı: sən demə, onu casus hesab edirmişlər!
Nəzarətçinin arvadına verdiyi yüz frank sayəsində elə həmin gün gənc qusar qılıncını qoltuğuna vurub bu kiçik şəhərcikdən çıxdı. Yolda yorğa atla gedən bir kəndli ilə rastlaşdı, onu əl-qol işarələri ilə başa salıb yabını pulla aldı.
Fabrisio günortaya yaxın top gurultusu eşitdi. Sevincindən məhbus günlərində yaşadığı ümidsiz dəqiqələri unutdu. Gecəyarısı kənd evlərinin birində dayandı. Ev yiyəsinə bir ekü15 verdi, əvəzində isə özü üçün bir gecəlik otaq, atı üçün yulaf aldı. Ertəsi gün dan yeri sökülməmiş Fabrisio yenidən yola düzəldi. Səhər saat 5-də o, yenidən top gurultusu eşitdi: Vaterloo16 döyüşü başlamışdı.
4
Fabrisio yolda markitant17 qadınla tanış oldu. Ondan qulluq etdiyi 4-cü qusar alayını necə tapa biləcəyini soruşdu.
– Döyüşə atılmağa bu qədər tələsmə, – qadın dedi. – Bir azdan dava daha da qızışacaq, qılıncla neyləyəcəksən? Yenə silahın olsaydı, dərd yarı.
Bu məsləhət Fabrisionun xoşuna gəlmədi. Ancaq üz vurmadı. Bir qədər getdikdən sonra qadın dedi:
– Hə, dostum, burada ayrılmalıyıq. Lakin məsləhət görürəm ki, mənimlə birlikdə 6-cı yüngül atıcı alaya gedək. Orada sənə daha asan olar. Yoxsa təkcə qılıncla axırın heç də yaxşı olmayacaq.
– Dünyadan xəbərsiz olduğumu özüm də bilirəm. Amma mən vuruşmaq istəyirəm, ona görə də bax o ağ tüstü gələn tərəfə gedəcəyəm.
– Qulaq as, elə ki döyüş meydanına yaxınlaşdın, atdan en, yerdən silah, patrondaşı götür, əsgərlərin yanında uzan və onların etdiklərini təkrarla. Allah bilir, sən heç patronun başını dişləyib aça da bilmirsən!
– Amma mən döyüşmək istəyirəm!
– Döyüş də. Bunun üçün 6-cı alay da pis deyil, işi də hamıya yetəcək qədərdir.
– Sizin o alaya nə vaxt çatarıq?
– Ən geci on beş dəqiqəyə.
Fabrisio ürəyində fikirləşdi: «Bu qadınla getsəm, məni casus kimi qəbul etməzlər və döyüş meydanına buraxarlar».
Elə bu vaxt top gurultusu şiddətləndi.
– Bax silah səsləri gəlir, – atına qamçı çəkən markitant qadın dedi.
Topların gurultusu getdikcə daha yaxından eşidilirdi. Tezliklə onlar balaca bir meşəyə girdilər. Qadın dörd fransız əsgərinin onlara sarı çapdığını gördü. Tez arabadan tullanıb çalada gizləndi. Fabrisio isə qılıncını qınından çıxarıb arabanın yanına gəldi. Əsgərlər ona məhəl qoymayıb sola doğru qaçdılar. Yüyürərək arabaya yaxınlaşan qadın dedi:
– Bizimkilərdir. Atını dördnala çapa bilsəydin, meşənin o başında kiminsə olub-olmadığını yoxlayardın.
Qadının bu tapşırığı Fabrisionun ürəyincə oldu: ağacdan budaq qırıb yabısını qamçıladı. At yerindən götürüldü, amma bircə dəqiqə keçməmiş yavaş-yavaş yeriməyə başladı. Markitant qadın işi belə görüb arabaya qoşulmuş atını dördnala çapdı. Çox keçmədən isə gəncin yabısını arxada qoydu.
– Gözlə! – Fabrisio onun dalınca çığırdı.
Tezliklə hər ikisi meşədən çıxdı. Hər tərəfdən top və tüfəng səsləri eşidilirdi.
– Bircə polkumuzun harada olduğunu bilsəydim, – qadın dedi. – Çəmənliklə gedə bilmərik. Bura bax, düşmənlə üz-üzə gəlsən, onu qılıncla öldür, amma doğrama.
Bu vaxt o, bayaqkı dörd əsgəri gördü. Onlardan biri atın üstündə idi.
– Bu da sənə düzəməlli at! – qadın Fabrisioya dedi.
Sonra atlıya səsləndi:
– Yaxınlaş, bir stəkan araq gillət!
Əsgərlər arabaya tərəf gəldilər.
– Bura bax, atına beş frank verək? – qadın atlıdan soruşdu.
Əsgər razılaşdı və atdan endi. Fabrisio sevincək yabıdan düşüb yeni aldığı atın belinə qalxdı.
Öz ixtiyarına buraxılan at yerindən götürüldü və tezliklə generalları müşayiət edən mühafizə dəstəsinə çatdı. O, yanaşı çapdığı qusarların söhbətindən generallardan birinin məşhur marşal Ney olduğunu anladı. Mühafizə dəstəsi dünənki leysandan sonra su ilə dolmuş enli arxı keçmək üçün dayandı. Fabrisio sevincindən hər şeyi unutmuşdu. O, axır ki, Bonapart ordusuna qoşulmağı bacarmışdı.
Birdən gəncin atı qızışıb özünü suya atdı, palçıq göyə sıçradı. Generallardan birinin üstü su oldu və o, bərkdən söyməyə başladı.
– Heyvan oğlu heyvan!
Fabrisio bu təhqirdən alınsa da, dillənmədi və atın belində arxın o tayına keçdi. İndi toplar daha bərk guruldayırdı. Üstünə su sıçratdığı general onun qulağının dibində qışqırdı:
– Bu at səndə haradandır?
Fabrisio həyəcandan italyanca cavab verdi:
– İndicə almışam.
– Eşitmirəm, – general çığırdı.
Elə bu vaxt topların gurultusu daha da gücləndi. Fabrisio necə qorxdusa, generala cavab verə bilmədi. Bir qədər sonra mühafizə dəstəsi şumlanmış sahə ilə çapmağa başladı. Tarla cəsədlərlə dolu idi. Mühafizə dəstəsi dayandı. Əsgəri vəzifələrdən xəbərsiz olan Fabrisio isə cəsədlərə baxa-baxa hələ də çapırdı.
– Ay uşaq, dayan! – arxadan kimsə onu səslədi.
Fabrisio dayandı və yalnız indi generallardan iyirmi addım irəlidə olduğunun fərqinə vardı. Atının başını geri döndərdi ki, ən arxada yerini tutsun. Elə bu vaxt generallardan birinin digərinin qulağına nəsə dediyini sezdi. Marağını boğa bilməyən gənc fransızca yanındakından soruşdu:
– Yoldaşının qulağına söz deyən o general kimdir?
– Marşal Neydir, axmaq! Bəyəm tanımırsan? Bu günə qədər harada xidmət etmisən?
Fabrisio bu dəfə təhqirdən qətiyyən incimədi və qəhrəman marşala heyran-heyran baxdı.
Qəfildən hamı dördnala çapdı. Generallar və mühafizə dəstəsi əkin sahəsindən beş fut18 aralıda ensiz yola çıxdı. Marşal dayandı və müşahidə borusu ilə irəli baxdı. Bu dəfə Fabrisio ona doyunca tamaşa edə bildi. Birdən o, düşmən tərəfdən dörd atlının sürətlə onlara tərəf çapdığını gördü. «Aha, bizə hücuma keçdilər», – deyə düşündü, amma atlılardan ikisi marşala yaxınlaşıb ona nəsə dedi. Generallardan biri atını düşmənə tərəf çapdı; mühafizə dəstəsindən iki qusar və indicə qarşı tərəfdən gələn dörd atlı da onun dalınca getdi.
Fabrisio onunla yanaşı gedən gənc vaxmistrdən19 soruşdu:
– Cənab, mən ilk dəfədir ki, döyüşdə iştirak edirəm. Bu, əsl döyüşdür?
– Onun kimi bir şeydir. Siz kimsiniz?
– Kapitanlardan birinin qaynıyam.
– Həmin kapitanın adı yoxdur?
Fabrisio həyəcanlandı, belə bir sualla qarşılaşacağı ağlına gəlməmişdi. Xoşbəxtlikdən marşal və mühafizə dəstəsi yenidən sürətlə çapmağa başladı və vaxmistr sualını təkrarlamağa imkan tapmadı. «Hansı fransız soyadını desəm yaxşıdır?» – Fabrisio düşündü. Birdən yadına Parisdə qaldığı mehmanxana sahibinin soyadı düşdü. Vaxmistrə yaxınlaşıb qışqırdı:
– Kapitan Menye!
Vaxmistr topların gurultusundan yaxşı eşidə bilmədi:
– Nə, kapitan Telye? Ah, qardaşım, onu öldürdülər.
«Əla! – Fabrisio öz-özünə dedi. – Yadından çıxarma: kapitan Telye», – o özünə kədərli görkəm verməli olduğunu anladı və məyus səslə dedi:
– Aman Allah!
Mühafizə dəstəsi düzəndən çəmənliyə çıxıb yenidən dördnala çapdı və növbəti dəfə güllə yağışına düşdü. Marşal süvari diviziyasına sarı çapmağa başladı. Ətraf meyit və yaralılarla dolu idi. Elə ki mühafizə dəstəsi dayandı, Fabrisio uzaqdan markitant qadının arabasını gördü və atını ona doğru çapdı. Amma, demə, bu o qadının arabası deyilmiş. Fabrisio üzündən zəhrimar yağan araba sahibəsindən on franka şərab alıb geri qayıtdı. O bu şərab sayəsində qusarların hörmətini qazanmaq fikrinə düşmüşdü. Vaxmistr onu görüb qışqırdı:
– Ooo! Bizə araq gətirmisən? Buna görə birdən götürüldün? Ver görək!
Şüşə əl-əl gəzdi, dibindəki son damcını içən əsgər onu yerə tulladı və dedi:
– Sağ ol, dostum!
İndi hamı Fabrisioya ehtiramla baxırdı.
Mühafizə dəstəsi yenidən hərəkətə gəldi və marşalın ardınca süvari diviziyasına sarı çapdı. Marşal diviziyada uzun müddət qaldı, axırda isə düşmənə hücuma keçmək əmri verdi.
Bir qurtum şərab Fabrisionu əməllicə sərxoş eləmişdi, odur ki indi ətrafda nə baş verdiyinin fərqində deyildi. Yuxusu gəlir və yəhərdə ağır-ağır yırğalanırdı. Qəfildən vaxmistr qusarlara tərəf çevrilib qışqırdı:
– Köpək uşaqları, görmürsünüz?.. İmperator!
Fabrisio dərhal özünə gəldi və irəli boylandı. Amma o, generallardan və mühafizə dəstəsindən savayı heç nə görmədi. «Mənə imperatoru görmək qismət olmadı. Hamısı da bu zəhrimara qalmış şərabın ucbatından».
Bundan sonra gənc tamamilə ayıldı. Bir qədər sonra mühafizə dəstəsi su basmış yola endi.
– Ötüb-keçən, həqiqətən, imperator idi? – Fabrisio yanındakı atlıdan soruşdu.
– Hə, o idi. Necə oldu ki, siz onu görmədiniz? – qusar mehribanlıqla cavab verdi.
Həmin an Fabrisio çapıb imperatorun mühafizə dəstəsinə yetişmək istədi. «Axı mən Fransaya məhz bunun üçün gəlmişəm». Amma dərhal da fikrindən daşındı. Səbəbi isə yeni dostlarının onunla mehriban davranması idi.
Kələ-kötür yol bitəndə oğlan marşal Neyin harasa yoxa çıxdığının fərqinə vardı. Öndə onun əvəzinə qorxunc baxışları olan başqa bir general gedirdi. Bu, general qraf d’A-nın özü idi. Həmin qraf d’A ki, 1796-cı ilin 15 mayında leytenant Rober idi.
Mühafizə dəstəsi hündür yamacların arasıyla təpəyə qalxdı və şumlanmış sahə ilə getməyə başladı. Fabrisio arxada boğuq səs eşitdi. Dönüb baxanda dörd qusarın atı ilə birlikdə yıxıldığını gördü. Generalın da atı çevrilib yıxılmışdı, amma özü ayağa qalxa bilmişdi. Vaxmistr Fabrisioya yaxınlaşıb dedi:
– Bax bu hələ çapa bilər.
Elə bu vaxt əsgərlərin ayaqlarından tutduqlarını hiss etdi. Əsgərlər onun qoltuğunun altından yapışıb yuxarı qaldırdılar. Fabrisio sürüşüb torpağın üstünə düşdü.
Adyutant20 atın cilovundan yapışdı, general vaxmistrin köməyi ilə Fabrisionun atının belinə qalxdı və sürətlə çapdı. Oğlan hirslə ayağa qalxdı və «Ladri! Ladri!» («Oğrular! Oğrular!») deyə qışqıraraq onların dalınca qaçdı. Tezliklə mühafizə dəstəsi və qraf d’A söyüd cərgələrinin arxasında gözdən itdi.
Ücretsiz ön izlemeyi tamamladınız.