Kitabı oku: «Ankara məhbusu»
Axırıncı qapının qarşısına gələrkən başının gicəlləndiyini hiss etdi. Fəqət bu həyəcandan deyildi. Çünki o nə kiçicik bir həyəcan hiss edir, nə də bir şey haqda fikirləşirdi. Düşüncəsiz, durğun, sakit, son dərəcə sakit idi. Bütün hiss və düşüncələrdən onu bu qədər ayıran sükunət nə qəribə bir şey idi. O qədər hissizdi ki, elə bil diri deyildi. Elə bil ölü idi. Əgər ürəyinin döyüntüsünü hiss etməsəydi, özü də belə zənn edəcəkdi, amma qəlbi yaşayır və şiddətlə çırpınırdı.
On iki ildən bəri, hər dəqiqə, hər saat bu anı gözləmiş, arzulamışdı. Bəli, məhz bu anı, on iki ildən bəri qarşısında bağlı olan mənhus qapıların açılacağı vaxtı gözləmişdi. Bu on iki il ərzində onun üzünə açılacaq qapıların qarşısında duyacağı həyəcanı həmişə təsəvvür etmişdi… Budur, nəhayət, qapılar bir-bir açılmışdı… Qarşısında durduğu axırıncı qapı da açılınca o, azadlığa qovuşacaqdı… On iki il dustaq qaldıqdan sonra azad bir insan olacaqdı. Bu mümkün idimi?..
Nəhəng darvazanın önündə gənc bir jandarm dayanmışdı… Mehriban təbəssümlə ona baxdı və yavaşca çiyninə vurub dedi:
– Haydı, gülə-gülə, keçən keçdi, xoşbəxt olasan! Gənc jandarm, qorxaq bir halda yerində dayanmış Vəsfiyə baxırdı. Həbsxananın dəmir qapıları Vəsfinin arxasınca çoxdan bağlanmışdı. Artıq o, məhbəsdə deyildi… Gülümsəməyə çalışaraq jandarma baxdı… Jandarm güldü:
– Niyə dayanmısan, canım? Çıx get də… Mən sənin yerində olsaydım çoxdan dabanlarıma tüpürüb qaçmışdım.
Vəsfi cibindən siqaret qutusunu çıxarıb jandarma uzatdı…
– Sağ ol, qardaşım… Növbədə çəkmirəm.
– Al, növbədən sonra çəkərsən.
– Sən deyən olsun… Neçə il yatdın, qardaşım?
– Düz on iki il yeddi gün üç saat.
Jandarm ürəkdən bir qəhqəhə çəkdi. O, Vəsfinin dustaqlığının ona, bəlkə də ən çətin, ən uzun gələn bu son üç saatına gülürdü:
– Əzizim, on iki ildən sonra, bu üç saatın söhbətini etməyə dəyərmi?
Yerə tüpürdü və gülməyinə davam etdi… Həyatında heç bir macəra görməyən və həbsxanada yatmağın nə olduğunu bilməyən bu gənc jandarm belə şeyləri başa düşərdimi?.. Vəsfi cavab vermədi, jandarm isə davam etdi:
– Əməlli-başlı yatmısan haaa!..
– Bəli…
– Allah adama səbir verir ha!.. Allaha şükür elə, daha hər şey qurtarıb… Doğrudan da adama yuxu kimi gəlir. Elə bil yenidən doğulmusan. Təzədən dünyaya gəlişin uğurlu olsun!
Vəsfi titrədi. O, dirilən bir ölü idimi? Yeni bir həyat… İnsanların bircə həyatı vardır. Onun həyatı isə birdən-birə ortasından qırılmışdı… Lakin ömründən qopub düşmüş on iki ildən sonra o, yenidən yaşamağa başlayırdı, bu başqa bir həyat deyildi. On iki iztirablı ildən sonra eyni həyat idi…
Jandarm ilə xudahafizləşdi, sonra əlində bağlama, Ankara adlanan tanımadığı bu şəhərin mərkəzinə doğru addımladı.
Bəli, illərcə burada yaşamışdı, amma bu şəhəri tanımırdı. Məhbusluğunun ilk üç ili İstanbulda keçmişdi… Məhkəmə qurtarıb, iş kəsildikdən sonra Ankaraya göndərilmişdi.
Şəhərin mərkəzinə getmək üçün hansı küçəyə dönəcəyini bilmir, lakin bunu heç kəsdən soruşmaq da istəmirdi. Bu uşaqlara məxsus bir qorxu, bir utancaqlıq idi. Elə bil ki, o, ağzını açar-açmaz onun haradan çıxdığı, kim olduğu məlum olacaqdı. O, yanından keçən adamlara bənzəmədiyini hiss edirdi. Həmin insanlara necə bənzəyə bilərdi? Bu on iki il ərzində yalnız bir dəfə, ağır xəstə olarkən, həbsxanadan ayrılmışdı. Onu həbsxananın ambulatoriyasında müalicə edə bilmədikləri üçün xəstəxanaya göndərmişdilər. Vəsfi ağır düşüncələr içində yavaş-yavaş addımlayırdı. Düşünürdü ki, on iki il dustaq kimi də yaşamaq olarmı? Əgər yaşamaq mümkündürsə, onda necə olur ki, insan ağlını itirmir. Bu on iki ilin son doqquz ili daha əziyyətli keçmişdi. Bu son doqquz ilin günləri, əvvəlki üç ilin günlərinə görə daha uzun görünmüşdü… Məhkəmədən əvvəl və məhkəmə keçən illər çox üzüntülü, lakin daha az yorucu idi. Məhkəmədə özünü müdafiəyə çalışmaq, əfv olunacağını gözləmək, mübarizə etmək lazım gəlirdi. O zamanlar hələ ümidini itirməmişdi. Anası, anacığazı hələ sağ idi… Yeganə və bəxtsiz oğlu üçün ən böyük fədakarlıqlardan çəkinməyən xeyirxah, cəsur anacığı… O, sağ olduğu müddətdə Vəsfi, hər gün onun varlığını, hər an onunla birgə olduğunu hiss edərdi… Heç kəsin şəfqətinə bənzəməyən ana məhəbbətinin dəlilini… Onları bir-birindən ayıran qalın divarların, möhkəm dəmir qapıların varlığına baxmayaraq anası, hər zaman ona qəlbən yaxın, həmişə yardıma hazır olduğunu, uşaqlıqda onu necə dəlicəsinə sevirdisə indi də eləcə sevdiyini isbat etmişdi. Heç kəsin sevgisinə bənzəməyən ana sevgisi bütün maneələri aşar, ona həyan olardı. Anası hər gün oğlunun sevdiyi yeməkləri öz əlilə hazırlayıb həbsxanaya gətirər, siqaretini də unutmazdı. Pal-paltarlarını da yuyub, səliqəylə ütüləyərdi…
Məhkəmədən sonra Vəsfini Ankara həbsxanasına göndərərkən oğlu özünü yalqız hiss etməsin deyə, ana da dalınca getmişdi… Ankarada bir müddət qaldıqdan sonra İstanbula dönərkən oğlunun İstanbul həbsxanasına köçürülməsi üçün lazım olan bütün təşəbbüsləri göstərəcəyini söyləyərək ona ürək-dirək vermişdi.
Anası Ankaradan gedərkən tezliklə qayıdacağını vəd etmişdi; lakin bir neçə həftədən sonra xəstələnmiş və xəstəxanada ölmüşdü.
Vəsfi hələ uşaqkən anası ona: «Sən böyük bir həkim olacaqsan, – deyərdi. – Məmləkətin ən məşhur bir həkimi olacaqsan. Həkimlər məktəbinin ən məşhur müəllimi olacaqsan. Mən qocalanda və xəstə olanda mənə sən baxacaqsan…». Bu, anasının arzusu ili… Gözəl və şirin bir xəyal idi və Vəsfinin günahı üzündən həqiqətə çevrilə bilmədi. Halbuki Vəsfi anasının istədiyi kimi tibb fakültəsində oxuyurdu. Fəlakət baş verdiyi zaman fakültəni qurtarmasına iki il qalmışdı…
Anasının arzusunu yerinə yetirmək mümkün olsaydı, bu gün nələr etməzdi?.. Anası ölərkən yastığının başında olmaq üçün Vəsfi nələri qurban verə bilərdi.
Anası öləndən sonra onun üçün hər şey dəyişdi. Məhbusun həbsxana divarları xaricində axtaranı, sevəni varsa, o heç vaxt tam dustaq deyil. Vəsfi anasını itirdikdən sonra doqquz il həbsxanada yatdı; bu doqquz ildə yanına bir nəfər də gəlmədi, heç kəs onu itirib-axtarmadı. Bu, çox dəhşətli idi.
Görüş günləri həbsxanalarda bayram əhvali-ruhiyyəsi hiss olunar, dustaqlar şənlənər, üzlərini qırxar, saçlarını darayar, bəzənərdi. Vəsfi isə büzüşüb bir küncdə oturardı. Üzünü qırxmaz, yuyunmaz, təmiz paltarını geyinməzdi. Çünki o heç kəsi gözləmirdi. Ancaq xidmətçilər birini çağırmağa gəldikləri zaman, ürəyi şiddətlə döyünərdi. Bütün bunlar, bütün bu illər indi artıq geridə qalmışdı.
Vəsfi ayaqlarını sürüyə-sürüyə, çətinliklə yeriyirdi. Azad idi… Artıq onu sımsıxı sarıyan və bezikdirən divarlar, qıfıllı qapılar, jandarmlar, həbsxana gözətçiləri, qandallar yox idi… Onu həmişə acılayan, düşmənçiliyi varmış kimi təhqir edən baş gözətçilər, rəislər də artıq keçmişdə qalmışdır. Ən böyük düşməni hesab etdiyi və ona nifrət, kin bəsləyən həmin adamlar cəza müddəti qurtarar-qurtarmaz onun əlini sıxıb, nəsihət vermişdilər. Ona bir neçə sevindirici xoş sözlərlə ürək-dirək vermişdilər, bundan sonra xeyirli və uğurlu həyat arzulamışdılar.
Onlar hamısı Vəsfi uçun yeni bir həyat başladığını bilirdilər. Lakin Vəsfi hələ bunun fərqinə varmırdı. Hələ özünün məhbus olmadığını tam mənası ilə dərk etmirdi… Bir azacıq da sevinməmişdi… Halbuki doqquz il həmin uğursuz divarlar arasında böyük ümidsizlik içində bu dustaqlıqdan qurtarmaq üçün dönə-dönə ölümü arzulamışdı…
* * *
Hər iki tərəfində bir-birinə bənzəyən yeni, gözəl binalar uzanan düz və işıqlı küçələrdən keçirdi. Açıq pəncərələrdən süzülən musiqi sədaları onu hər küçədə təqib edirdi. Ankara radiosu ilə klassik Avropa musiqisi verilirdi. Vəsfi düşünürdü ki, baş gözətçinin otağındakı radio hər gün olduğu kimi, indi də mütləq oxuyur.
Məhbusların «Kont» adlandırdıqları Camal Avropa klassik musiqisinin həvəskarı idi… Həmin musiqini Vəsfiyə tanıdan və sevdirən də o olmuşdu.
Camal ortayaşlı bir adam idi. O, hərəkət və danışıqlarından aristokrat mənşəyi duyulan, çox mədəni bir adam idi. Həmişə dırnaqlarının təmizliyinə fikir verər, tez-tez üzünü qırxar, hətta məhbusların «iki rəngli yarımdünya» adlandırdıqları paltarları içində çox zərif və səliqəli görünərdi. Onu görənlər heç bir zaman qatil olduğuna inanmazdılar…
O, dörd yaşlı bir qız uşağını heç bir səbəb olmadan öldürmüşdü. Həm də yalnız adam öldürməkdən ləzzət aldığı üçün bunu etmişdi… Hələ məhkəməsi davam edirdi. Vəsfi: «Mütləq onu asacaqlar. Amma mən cəzamı bitirdim, mən azadam. Artıq həbsxanada deyiləm»– deyə düşündü.
Bəli, həbsxanada deyildi. Amma daima xəyalən oraya qayıdır, on iki illik həyatını birlikdə keçirdiyi bədbəxtləri unuda bilmirdi.
On iki il içində yoldaşlarının üzləri, adları tez-tez dəyişmişdi. Lakin üzləri, adları dəyişsə də onlar Vəsfinin tay-tuşu idi… Onun yaşadığı dünyanın adamları idi… Vəsfi onlara öyrənmişdi. «Mən də bir qatiləm…» Bunu fikirləşəndə bütün bədəni ürpərdi… Qəflətən yuxudan oyanmış kimi oldu…
«Mən qatiləm…»
Həbsxanada çoxlu qatillər arasında bir qatil olmaq o qədər də dəhşətli deyildi… Lakin burada, yenidən yaşamalı olduğu bu dünyada, adam öldürməyən bu insanlar arasında, özünü qatil saymaq dözülməz bir işgəncə idi.
İndi isə geniş bir prospektlə irəliləyirdi… «Əvvəlcə bir mehmanxana tapmalıyam» – deyə düşündü…
Dustaqlardan xəzinədar Nəzmi bəy adlı birisi Ankarada uzun müddət yaşamışdı… Nəzmi bəy ona bir mehmanxananın ünvanını vermişdi. Bu Anafartalar prospektinə yaxın yerdə kiçik bir mehmanxana idi. Nəzmi gözünün qabağına gəldi… Qısaboylu, qırmızıyanaqlı, kök bir adam idi. Etdiyi oğurluqdan danışmağı da çox sevərdi…
«İndi bu saatda Xoca Müsləhəddin əfəndi, uzunboylu Şövkət, rəssam Artin onun ətrafına toplaşmışlar»– deyə düşündü. Onların arasında təkcə Vəsfinin yeri boş idi. Bir saat bundan əvvələ qədər, Vəsfinin həmdərdi olanlar, yəqin ki, bu gecə əsəbi və qəmgin idilər. Hər buraxılış zamanı elə beləcə də olurdu. Birinin buraxılmasına bir neçə gün qalmış kameralarda xoş əhvali-ruhiyyə yaranar, bir gün əvvəl böyük şənlik başlayardı.
Hamını azadlığa çıxmaq ümidi bürüyər, canlandırardı. Adətən, həbsxanada bir bayram əhvali-ruhiyyəsi yaranardı… Buraxılmaq vaxtı çatanda hamı onu gülər üzlə qapıya qədər ötürər, ona yaxşı yol, xoşbəxtlik və səadət arzu edərdilər. Arxasınca deyərdilər:
– Allah bir daha sənə qismət eləməsin.
Lakin buraxılanın ardınca qapılar kip-kip bağlanan kimi məhbusların üzünü kədər bürüyərdi. Yenə zarafatlaşmağa, yenə gülməyə çalışardılar, amma… Bütün bunların hamısı süni çıxırdı. Bütün məhkumlar hələ neçə il, neçə ay, neçə saat azadlıq həsrətində qalacaqlarını hesablayıb sızlardılar…
Belə gecələrdə hamı fikirli olardı, məhbusların hər biri özünü həbsxanada tək, yalqız, kimsəsiz sanar, kameralar və dəhlizlər onlara boş, adamsız görünərdi…
Bütün bu hisslər Vəsfiyə çox tanış idi. O da neçə dəfə buraxılan yoldaşlarını yanaşa biləcəyi son qapıya qədər ötürmüşdü. Azad olanlar çıxıb gedəndən sonra qapı kip-kip dustaqların üzünə bağlanarkən onun da qəlbini ağır bir kədər hissi çulğalamışdı. Bəli, bu gecə ordakıların hamısı qəmli idi. Onlar həmişəki kimi zarafatlaşmır, dinib-danışmırdılar, cürətlərini qeyb etmişdilər. Vəsfinin ürəyindən bir ağrı qalxdı Məhbusları orada qoyub tək başına məhbəsdən çıxmasından utanır kimi idi.
Hər axşam saat beşdə xəzinədar Nəzmi özü üçün qəhvə hazırlayırdı. Bəzən kamera yoldaşlarını da qonaq edərdi. Yəqin ki, bu axşam da dustaqlar kameranın küncünə toplaşıb dərdləşir, Vəsfidən danışırlar. Təbii ki, şən görünməyə çalışırlar… Nəzminin əhvalı başqalarına nisbətən daha yaxşı olmalıdır. Axı, Nəzminin cəza müddətinin qurtarmasına altı ay qalmışdır. Müsləhəddin xoca isə yeddi il də yatmalıdır. Hələ bu zavallı, altmış yaşlı Artin kişinin iyirmi ili qalıb… Əgər əmri vəfa etsə o, iyirmi ildən sonra «gözəli» uğrunda qeyb etdiyi azadlığına qovuşacaq… Vəsfi Artinin «gözəlim» deyə xatırladığı qadını yadına salıb gülümsədi. Vəsfi onu şəklindən tanıyırdı: Artin həmişə cibində gəzdirdiyi fotonu ona göstərmişdi. O, əlinə düşən kağız parçasına, divara, qapıya «gözəli»nin şəklini çəkərdi.
Onun sevgilisi heç də gözəl deyildi… Amma Artin qadını dəlicəsinə sevmiş və müdhiş bir qısqanclıq üzündən vəhşicəsinə öldürmüşdü.
* * *
Birdən Vəsfi başını qaldırıb dörd yol ayrıcına çatdığını gördü. Dayandı, gəlib-keçənlərə baxdı. Bu adamların hamısı bir azdan evlərində olacaqlar. Yəqin ki, hamısını gözləyən var, hamısının gedəsi müəyyən yeri var. Elə buna görə də tələsik keçib gedirlər. Vəsfinin isə gedəcək bir yeri, yolunu gözləyən bir adamı yoxdur. Tanımadığı şəhərin bir küçəsində yerləşən mehmanxananın ünvanından başqa heç bir şeyə gümanı gəlmir.
Gəlib-keçənlərə ölgün nəzərlə baxıb öz-özündən soruşdu: «Bu adamların arasında yaşamağa alışa biləcəyəmmi?» Ürpəşdi.
Şəhəri xeyli dolaşdığı üçün bərk yorulmuşdu. Azadlığa çıxdığı ilk gecəni keçirəcəyi həmin o kiçik mehmanxananı tez tapmalı idi. «Görəsən birbaşa dayanacağa gedim? Qatar düşsə, dərhal İstanbula getməyim yaxşı olar» – deyə düşündü. Sonra o saatdaca bu fikrindən əl çəkdi: «Uzun illər yaşadığım, lakin heç bir yerini görmədiyim bu şəhəri gəzib tanımadan İstanbula getmək mənasızdır. Məni ki, orada bir kimim, kimsəm gözləmir?» O bunu düşündükdə birdən-birə bu mühüm qurtuluş günündə, nə üçün bu qədər kədərləndiyini dərhal anladı. Mehmanxananın yerini soruşmaq lazım idi… Ətrafına baxındı. Nəzəri avtobus dayanacağında cavan bir qadına sataşanda vücudunu xoş bir hiss titrətdi. Həyəcandan yanaqları alışıb-yanmağa başladı.
«Gör necə də Zeynəbə oxşayır…» – deyə düşündü. Bu, incəbelli, uzunboylu, bədəni tunc rəngi almış, qaragözlü bir qadın idi…
* * *
Ona verilən otaq dörd yataqlı idi. Xidmətçi pəncərəni açdı və Vəsfiyə dedi:
– Soldakı iki çarpayının sahibi var, siz sağdakılardan, hansını istəsəniz seçə bilərsiniz.
– Mən pəncərənin yanında olanı istəyirəm.
– Baş üstə…
Xidmətçi sivriburunlu, tülkübaxışlı, qısaboylu bir adamdı… Çölə çıxarkən qapının yanında dayandı:
– Siz bura adamına oxşamırsınız…
– Bəli, ankaralı deyiləm…
– Ankara çox gözəldir…
– Bəli…
– Ankaraya ilk dəfə gəlirsiniz?
Vəsfi bir an nə cavab verəcəyini kəsdirə bilmədi. Sonra yavaş səslə:
– Bəli, – dedi.
– Mehmanxananın qabağında restoran var… Yaxşı şərabları olur, yeməkləri də olduqca ləzzətlidir.
– Təşəkkür edirəm…
– O biri tində daha böyük, daha təmiz bir restoran var… Ancaq orada içki yoxdur, əgər çölə çıxmaq istəmirsinizsə, mən bufetdən sizin üçün buterbrod gətirə bilərəm…
– Təşəkkür edirəm, indi çıxıram… Bir az şəhəri gəzib görmək istəyirəm.
– Özünüz bilən məsləhətdir…
Xidmətçi gedəndən sonra Vəsfi şiddətli diş ağrısından qurtulmuş kimi bir fərəh duydu… Şəhərin hay-küyü onu yorub əldən salmışdı. Piyada gəzib dolaşmaq da, ayaqqabı geymək də ona çətin gəlmişdi, ayaqları sızıldayırdı.
Çantasını çarpayının altına itələyib yatağın üstünə əyləşdi. Xeyli müddət heç nəyi fikirləşmədən orada sakitcə oturub qaldı; ürəyi də, başı da bomboş idi.
Bu, həbsxana adəti idi. Orada insan bir küncə çəkilib oturar, yerindən qımıldanmaz və nə isə namüəyyən bir şey gözləyər… bir növ uyuşuqluq içində saatların ötüb keçməsini gözlər.
Vəsfi özünə gələndə otaq qaranlıqlaşmışdı. İki saatdan bəri, beləcə donmuş vəziyyətdə oturub qalmışdı, qəlbi əndişə ilə doldu…
«Mən daha bütün başqa adamlara bənzəmirəm» – deyə düşündü, sonra özünü inandırmağa çalışdı: – «Niyə oxşamıram ki? Tezliklə azadlığa alışacağam və həyatın axarına uyğunlaşacağam».
Halbuki mənliyinin dərinliklərindəki başqa bir Vəsfi başını yelləyərək ümidsizliklə deyirdi:
«Yox, yox… Hər şey qurtarıb… Sən bir də əvvəlki Vəsfi olmayacaqsan».
Ağır-ağır yerindən qalxıb əlüzyuyana tərəf getdi. Əlüzyuyanın üstündən asılmış güzgüdə gicgahları ağarmış, baxışları ölgünləşmiş, bənizi saralıb-solmuş bir adam gördü.
«Qəbirdən çıxmış cəsədə oxşayıram. Görəsən elə həmişə ürəyimdə, çiyinlərimdə o xaraba məhbəsi gəzdirəcəyəm? Daha heç bir vaxt əvvəlki Vəsfi olmayacağam?..»
Vəsfi qəhvəxanaya girdiyi vaxt axşamdan xeyli keçmişdi… Küncdəki yerlərdən birində oturdu… O qədər yorğun və əzgin idi ki, çayını içib qurtarmamış dirsəklərini masanın üstünə dayadı, ağırlaşmış başını hər iki əlinin içinə alıb sıxmağa başladı.
Qəhvəxanaya girib-çıxan adamların ayaq səsləri yuxulamasına mane olurdu. Ətrafında oturub yatan adamların xorultusunu eşidirdi… Arabir söyüşənlər də olurdu…
Qəhvəxananın havası çox isti olsa da o, nəm paltarda titrəyirdi. Başı bomboş idi. Heç bir şey haqqında düşünmürdü. Çox içmiş, az yemişdi. Barmaqları ilə gicgahlarını və alnını ovuşdurduqda: «Bircə yuxuya gedə bilsəydim…»– deyə düşünürdü. Gözlərini yummuşdu. «Yata bilmirəm, düşünə bilmirəm, mənim üçün artıq heç bir qurtuluş yolu yoxdur» – deyirdi.
Bir zamanlar çox sevdiyi Zeynəbi xəyalında canlandırmağa çalışdı. O tayı-bərabəri olmayan, gözəl Zeynəbi. İndiki halında Zeynəbi bütün gözəlliyi, cazibədarlığı ilə xəyalında canlandırması çox çətin olsa da, Vəsfi buna nail oldu. İndi Zeynəb misilsiz gözəlliyi, cazibəsi, od kimi yandıran gözləri ilə onun qarşısında dayanmışdı. Uzun boyu, incə beli, insanları dəli edən baxışları ilə gözünün önündə idi…
Vəsfinin gözləri qapalı idi, açan kimi Zeynəbi həmişəlik itirəcəyindən qorxurdu. İndi nəzərində cilvələnən Zeynəb yelləncəkdə oturub yavaş-yavaş yellənirdi, gənc qız bədəninin çevik hərəkəti ilə yelləncəyə sürət verirdi. Yelləncək enib qalxdıqca, Zeynəb də daha çox və daha sürətlə əyilib qalxırdı… Yelləncək getdikcə sürətini artırırdı… Yelləncək enib-qalxdıqca, Zeynəb də təsəvvürolunmaz dərəcədə dəyişilib şəkildən-şəklə düşürdü. Yelləncəyin hər enimində onun gözlərinə bir başqa Zeynəb görünürdü. Qızdakı bu dəyişiklik durmadan sürətlənən yelləncəyin ahənginə uyğun idi… İnanılmaz sürətlə dünənki incəbelli Zeynəbin yerini bu gün başqa bir gombul, qaba Zeynəb tuturdu. Bu qorxunc Zeynəb, qızıl dişlərini göstərərək, hiyləgər və xain bir gülüşlə ona tərəf baxırdı… Bu, təsəvvürəsığışmaz dərəcədə dəhşətli, iztirablı bir xəyali şəkil idi. Vəsfi gözlərini açmaq və bu öldürücü kabusdan qurtulmaq istəyirdi. Ancaq mümkün deyildi, elə bil göz qapaqları bir-birinə yapışmışdı… Aça bilmirdi. Uyumuşdu, yatdığını bilmirdi. Bir yuxu kabusu içində çapaladığını anlayırdı.
Lakin əl-qolunu tərpətmir, bayaq necə oturmuşdusa, həmin vəziyyətindəcə qalmışdı. Bədəninin bütün əzaları ağrıyırdı, sızıldayırdı. Onu dəhşətə gətirən xəyala qapılıb inildəyirdi. Qarşısındakı həyat idi. Əvvəlki Zeynəb yox olmuş və bir də geri qayıtmayacaqdı…
– Sizə nə olmuşdur? Bəlkə bir kömək lazımdır?
Çiynindən bir əl yapışmışdı. Gözlərini açıb həmin ələ baxdı. Qadın əli idi… Nəzərləri qadının əlindən biləyinə, qoluna, çiyninə və nəhayət sifətinə sancıldı. Dərhal bu üzü tanıdı. Bayaq qarşısında masa arxasında əyləşən qarabəniz qadın idi. Əyninə göy yundan köhnə jaket geymişdi. Onun gözləri də göy idi. Bu yarımqaranlıq, tutqun otaqda belə qadının göy gözlərinin bahar təravəti nəzərə çarpırdı. Qadını qarşısında görüncə özünü itirdi. Onun səsi də çox məlahətli, xoş idi… Vəsfi düşündü: «Bütün qadınların səsi beləcə gözəl olmalıdır».
Bəli, illərdən bəri ortadan yox olan Vəsfi indi haradadır.
Bu günki Vəsfi onun həyatını korlamış dünənki Vəsfini çox da yaxşı xatırlaya bilmirdi. Həmin Vəsfi adında mübhəm1 bir rəsm kimi qalmışdı.
İndi bu günki Vəsfinin ona bu qədər yad və uzaq gələn dünənkinin davamı ola biləcəyini ağlı qəbul etmirdi.
O Vəsfini həmin dəliliyə sürükləyən səbəb və hisləri indiki Vəsfi anlamırdı. Əvvəlki Vəsfiyə qarşı qəlbində nə paxıllıq, nə kin, nə məhəbbət, nə də mərhəmət vardı…
Halbuki o özünü dünənki Vəsfini həmin müdhiş dəliliyə sövq edən səbəb və hisslərin hələ də təsiri altında olduğuna inandırmaq istəyirdi. Buna inanmağa möhtac idi, bu onun üçün zəruri idi. Əgər bu olmasaydı, o öz qüssəsinə qələbə çala bilməyəcəkdi. Kədərinə qalib gəlməyincə, yaşamaq üçün, qüssələrini yox etmək üçün, Zeynəbə qarşı olan hisslərinin zərrə qədər də dəyişmədiyinə özündə inam yaratmaq lazım idi. Lazım yox, zəruri idi!..
Dünənki Vəsfi: «Həyatımı fəda elədimsə, Zeynəb üçün qurban verdim…» – deyir və bundan təsəlli tapırdı, tapa bilirdi.
Lakin bugünkü Vəsfi həmin cümlələri təkrar edərkən özündə həmin inamı, həmin həvəsi görmürdü. Dünənki Vəsfiyə görə Zeynəbin uğrunda elədiyi, ona layiq deyildi. Zeynəbə hər şeyin ən gözəlini, ən qiymətlisini vermək istəyirdi. Zeynəb dilinin əzbəri olan vaxt həyatın, gələcəyin nə qiyməti, nə əhəmiyyəti var idi ki…
Vəsfi hələ də Zeynəb üçün edilən fədakarlıqların yerində olduğuna özünü inandırmağa çalışırdı. O bu köhnə xatirələrinə bağlı idi. Əvvəlki Vəsfinin Zeynəbə olan odlu məhəbbətinin təsiri azalıb yox olarsa, Vəsfi üçün yaşayışın heç bir mənası olmayacaqdı. Bu xatirələr olmasaydı, Vəsfi yaşaya bilməyəcəkdi, özündə belə bir qüvvət görmürdü.
O, Zeynəbin uğrunda hər şeyi qurban vermişdi: həyatının, gəncliyinin ən gözəl illərini… Onu dəlicəsinə sevmişdi… Ona səcdə etmişdi. Hələ də onu əvvəlki şiddətlə sevdiyinə özündə inam yaratmağa çalışırdı… Lakin Zeynəb, artıq onun üçün pozuq bir xəyal halını almışdı. Bəli, bu Zeynəb əvvəlki Zeynəbə çox oxşayırdı. Amma artıq Vəsfi üçün aydın seçilməyən kölgə halına düşmüşdü. Onu – o zamankı Zeynəbini olduğu kimi gözünün önünə gətirməyə çalışırdı… Dümağ dişlərini göstərə-göstərə gülümsəyən, adamın ağlını başından alan, tayı-bərabəri olmayan, şaqraq qəhqəhəli Zeynəbi görmək istəyirdi.
Zeynəbin insanı başdan çıxaran şən qəhqəhələri hələ də qulaqlarında idi. O, incəbelli, uzun, təsəvvürəgəlməz dərəcədə yaraşıqlı, biçimli qılçaları, o şəfəq saçan, adamı yandırıb-yaxan bir cüt qaragözləri– İstanbulda aydın yay gecələrinin parlaq ulduzlarına bənzəyən gözlərini indi elə bil görən kimi oldu.
Ancaq bütün bunlara baxmayaraq, irəliki Zeynəbi tam mənası ilə, bütün cizgiləri, bütün xüsusiyyətləri ilə xəyalında canlandıra bilmirdi.
* * *
Otağın qapısı birdən açıldı. Başında şapka, ortaboylu bir adam otağa girdi.
– Salam.
– Əleykəssalam.
– Bağışlayın, otaqda olduğunuzu bilmədim. Ona görə qapını döyməmiş içəri girdim.
– Eybi yoxdur.
Həmin adam başından şapkanı çıxarıb, çarpayının üstünə atdı, özü də yanında oturdu.
– Görünür, təzə gəlmisiniz?
– Bəli, indi gəldim.
– Mən düz üç saat bundan əvvəl otaqdan çıxdım, onda siz hələ gəlməmişdiniz.
– Elədir, gəlməmişdim.
– İstanbuldanmı gəlirsiniz?
– Xeyr…
– Ancaq, əminəm ki, istanbullusunuz. Bunu o saat bildim.
– Bəli, istanbulluyam, oraya qayıdacağam.
– İstanbul kimi gözəl bir şəhərdə yaşamış adam, başqa bir şəhərdə necə qala bilər?.. hər halda, oranı çox gəzmiş olarsınız?..
Vəsfi həmin adamın ona başqa suallar verməməsi üçün yerindən qalxıb əlüzyuyana yaxınlaşdı. Əllərini yumağa başladı… Lakin müsahibi hələ də danışırdı:
– Doğrudan istanbullusunuz?.. Gözəl şəhərdir…
Mən İstanbulu yaxşı tanıyıram, bir neçə dəfə orda olmuşam… İki dəfə Sirkəcidə gözəl bir mehmanxanada qaldım…
Vəsfi: «Bu adam heç susmayacaq?»– deyə düşündü. O isə hələ də danışmaqda idi.
– İstanbulda çox xoş günlər keçirtdim. Orada görməli şey çoxdur. Qadınları da olduqca gözəldir ha!..
O, bic-bic gülüb Vəsfiyə baxdı və sözünə davam etdi:
– Düz deyilmi?
– Düz deyirsiniz… Siz ankaralısınızmı?..
– Xeyr, lakin ilin yarısını burada keçirirəm. Kəskində arvadım və bir dəyirmanım var.
Vəsfi əllərini quruladıqdan sonra şapkasını götürdü.
– Gedirsiniz?
– Bəli…
– Ciftliyə, yoxsa Bomantiyə gedəcəksiniz?.. Ankaraya gələn adam bu iki yerdən birində yemək yeməlidir…
Vəsfi cavab vermədi…
– Mən sizə Ciftliyi məsləhət bilirəm. Çox Yaxın deyil, amma taksi ilə getmək olar.
– Eləmi?
– Mən də bu axşam oraya getmək niyyətindəyəm… Orada çox gözəl xanəndələr var. Həm də, allah haqqı, bir-birindən gözəl qızlar. Yəqin ki, siz bunlara əhəmiyyət verməzsiniz. İstanbulda gözəl qızlar görməyə alışmışsınız. Amma, yenə də, Ciftliyə gedin, peşman olmazsınız.
Vəsfi:
– Bəlkə getdim, – deyə gülümsündü.
Amma elə yerlərə getməyəcəyinə əmin idi, çünki ora getməyə nə həvəsi, nə də pulu vardı. Ailəsiz və dostsuz Vəsfi, cibindəki bir neçə lirə ilə iş tapana qədər bir təhər dolanmalı idi.
Vəsfi, gülümsəyə-gülümsəyə ona baxan adama:
– Hələlik, allah əmanətində – dedi.
– Gülə-gülə.
Vəsfi otaqdan çıxdı və yavaşca qapını örtdü.
* * *
Bir müddət səkidə qərarsız dayanıb, ətrafına baxdı. Hələ o qədər də gec deyildi, qaranlıq düşməmişdi. Dünən bu saatlarda hələ orada olduğunu yada saldı.
Həbsxana yoldaşları ilə axırıncı dəfə çörək yeyəcəkdi… Vəsfi düşünürdü. İndi Müsləhəddinin həyətdə manqalın üstündə bişirdiyi plovu yeyirlər. Ona plov bişirməyi heç kəs, hətta həbsxana intizamı belə qadağan edə bilməmişdi. Xoca olduğu üçün həbsxana gözətçiləri onun bu şıltaq inadına göz yummuşdular…
Müsləhəddin xoca bundan istifadə edərək hər gün, həvəslə plovunu bişirər, ağzını marçıldada-marçıldada böyük bir iştaha ilə yeyərdi. Onun bu cür plov yeməsi Vəsfini əsəbiləşdirər və həmişə: «Ağzını birdə belə marçıldatsan ağız burnunu əzəcəyəm», – deyərdi. Xoca bu sözlərə qətiyyən acıqlanmazdı: «Haqlısan, oğlum, – deyərdi – Nə edim, bu pis adəti bir il yalqız yaşadığım hücrədə öyrəndim… Yemək yediyimi qulaqlarımla eşitmək mənə çox xoş gəlirdi. Hücrədə tək-tənha qalmadığıma inanan kimi olurdum».
Xocanın üzü arıq saqqalı qısa idi, sol yanağının üstdə qırmızı ləkə vardı… Danışanda yaşıl rəngə çalan uzun dişləri və dişlərinin ağımtıl əti görünərdi. Baxışları həmişə mütəvazi idi, davakar deyildi, hamı ilə astadan danışardı. Lakin belə görünməsinə baxmayaraq, Müsləhəddin xoca qatil idi… Arvadını zəhərlədiyi üçün iyirmi il həbs cəzasına məhkum edilmişdi. Xoca qatil olduğunu boynundan atırdı. Arvadını öldürməmişdi; yeri düşəndə deyərdi: «Arvadımı mən öldürməmişəm. Özü zəhər içib, canına qəsd elədi».
Lakin onun sözlərinə inanan olmazdı. Xülasə, Müsləhəddin xoca çox qəribə adam idi. Uzun müddət eyni bir həbsxanada qalmazdı. Olduğu yerdə darıxan kimi ərizə yazar, necə edərdisə başqa bir həbsxanaya köçürülməyin çarəsini tapardı. Xocanın gələcək haqqında planları da var idi. Kefi kök olanda gülə-gülə deyərdi:
– Buradan çıxan kimi birinci işim körpəcə bir qızla evlənmək olacaq… Təcrübəsiz, bakirə bir qızcığazla…
Bəli, Müsləhəddin xoca gələcək işlərindən danışa bilər – axı o, buraxılandan sonra nə edəcəyini indidən bilirdi… Halbuki Vəsfi həbsxanada yatdığı zamanlar, bir gün azadlığa çıxacağına heç cür inanmamışdı… Məhz həmin hissin təsiri idi ki, Vəsfi ona qaytarılmış azadlığın qarşısında, hələ də çaşqın, devikmiş bir halda qalmışdı…
Mütərəddid addımlarla küçənin tinindəki kiçik bir restorana girdi. Masaların üstünə süfrə salmışdılar. Süfrələr təmiz olmasa da, Vəsfinin xoşuna gəldi. On iki ildən bəri birinci dəfə idi ki, süfrəli masada yemək yeyəcəkdi. Restoranın bir küncündə boş stol gördü, keçib oturdu. Restoranda adam çox idi, xidmətçi onu dərhal görmədi. Vəsfi səbirlə xidmətçini gözləməyə başladı…
Həbsxanada adət etdiyi səbirlə ətrafına baxındı. Restoranda qadın müştəri az idi, çoxluğu kişilər təşkil edirdi. Kassanın yanında oturan sahibkar şişman bir adamdı. Radioda köhnə, kədərli bir mahnı oxunurdu. İnsan iztirabını, həsrətini səsləndirən bu qədim mahnını Vəsfi çox yaxşı bilirdi. Çalğıçı Mahmud bu mahnını həbsxanada tez-tez oxuyardı, həm də fasilə vermədən o qədər oxuyardı ki, Şövkətini hövsələdən çıxardar, o da hədələyici bir səslə Mahmudun üstünə qışqırardı: «Balam, sənin bütün həyatın iztirabdır, həbsxanada çürüyürük… Burda Axıntı-burnu meyxanasında deyilsən! Həbsxanadasan… Kəs səsini, sənin bu mahnından lap təngə gəldik».
Hamı gülərdi, Mahmud isə sanki heç bir şey eşitmirmiş kimi mahnını oxumaqda davam edərdi. Qəribə məxluq idi Mahmud! Döysələr də, üzünə qarşı söysələr də, özünü o yerə qoymaz, əhəmiyyət verməzdi… Onda nə izzəti-nəfs, nə də vüqar qalmışdı. heç nədən narazılıq etməz, heç kəsə cavab qaytarmazdı. Vəsfi düşündü ki, yəqin yenə də Mahmud mahnısını oxuyur və yenə də bizim Şövkəti əsəbiləşib ona deyir:
«Axıntı-burnu meyxanasının qapıları nə mənim, nə də sənin üzünə açılacaq… Çünki sən də, mən də – iki rəzilik».
Zavallı Şövkəti! Artıq səbrini qeyb edib. Əsəbləri pozulmuşdur. Yenə bu axşam işıq üstündə gözətçi ilə dalaşacaq… hər gecəki dava…
Vəsfi öz-özündən soruşdu: «Dustaqlığın ilk illəri adama çox dözülməz gəlir. Görəsən, bu niyə belədi?.. Sonralar isə adam yavaş-yavaş alışır. Əvvəllər bəzən adam dözmür, üsyan edir, sonra isə kütləşir və tabe olur… Bəs itaət insanı insanlıq duyğusundan uzaqlaşdırmırmı?.. Hər halda, bu belədir… Adam yavaş-yavaş bütün duyğularını itirir. Miskin vəziyyətə düşür, ətalət dövrü başlanır. Adam, əvvəlki mənliyini itirərək bir kölgəyə çevrilir. Bəli, cansız, ruhsuz bir kölgəyə! Məhbuslar ruhsuz qalmış kimsələrdir! Bu ölümdən də qorxunc bir şeydir».
Vəsfi üçün yenidən dirilmək vaxtı gəlmişdi. «Ruhum» – deyib mənliyində daşıdığı cəsədin isinməsi, yenidən dirilməsi zəruri idi. Lakin bu, çox tezliklə başa gələn iş deyil. İnsan bu ölü duyğulardan dərhal yaxa qurtara bilməz. Anlayırdı ki, bu çətin olacaq.
Birdən rəngi sapsarı oldu. Radio ilə «Zeynəb» mahnısını verirdilər: «Üç kəndin içində adlı-sanlı Zeynəbim…» Vəsfinin Zeynəbi həmin o «üç kəndin içində» seçilən gözəllər gözəli Zeynəbdən də qənirsiz idi. O, İstanbulun ən yaraşıqlı qızı idi.
Restoran xidmətçisi hələ onun masasına yaxınlaşmadığı üçün dərhal yerindən qalxdı, qapıya doğru addımladı. Mahnıdan qaçıb qurtulmaq istəyirdi… Fəqət, mahnı onu küçədə də təqib etdi… Qarşı səkidəki qəhvəxananın radiosu da həmin mahnını çalırdı…
Vəsfi bir neçə küçəni ötüb keçdi, kiçik bir meyxananın önündə durdu. İçəri girdi, piştaxtaya yaxınlaşdı, bir qədəh araq istədi. Meyxana çox qaranlıq idi. Sol gözü şəhla olan meyxanaçının sağ közündən biclik, hiyləgərlik yağırdı. Meyxanaçı çirkli əlləri ilə ona bir qədəh araq süzdü, yemək üçün bir az ucuz məzə də verdi.
Çoxdan bəri içki içmədiyi üçün arağın birinci qurtumundan sonra qanının beyninə vurduğunu hiss etdi.
Burada radio yox idi. Piştaxtanın bir başında iki işçi dayanıb nə haqdasa gülə-gülə danışırdılar. Piştaxtanın o biri başında isə üç tələbə mübahisə edirdi. Tələbələrlə Vəsfinin arasında gözləri qızarmış, paltarı qırış-qırış olmuş bir adam qədəhindəkini qurtumlayırdı.
Vəsfi ilk qədəhi içdikdən sonra daxilində bir fərəh duydu. İkinci bir qədəh sifariş verdi və bir siqaret yandırdı… Sonra ağır addımlarla, mehmanxanaya qayıtdı və dərhal yerinə girdi.
Otaq yoldaşları hələ gəlməmişdi. Vəsfi tək olsa da, yata bilmirdi, öz-özünə danışıb elə hey təkrar edirdi: «Sabah İstanbula gedəcəyəm…» Sonra bu düşüncəsinə başqa fikirlər də qarışdı: «Görəsən Zeynəbi axtarıb tapmaq üçün cürətim çatacaqmı?.. Bu cəsarəti heç vaxt özündə tapa bilməyəcəyinə əmindi. Görəsən o, çox dəyişib?.. Görəsən böyük əmim hələ sağdımı?.. Böyük əmisi hələ on iki il əvvəl lap qoca bir adam idi…
Zeynəbin dəyişilib-dəyişilməməsinin heç bir əhəmiyyəti yox idi. Onsuz da Vəsfi bu gün nədənsə onun sifətini gözünün önünə gətirə bilmirdi. Zeynəb onun xatirəsindən silinmiş kimi idi. Necə bir qadın idi? İndi o incəbelli, uzunboylu, qaragözlü Zeynəbdən Vəsfinin yaddaşında yalnız qəhqəhələri qalmışdı. Bəzən nəşəli, bəzən zarafatcıl, bəzən də həyəcanlandırıcı bir qəhqəhə! Hələ Zeynəbin üzünü görməmişdən əvvəl, eşitdiyi gülüşlər indi də Vəsfinin qulaqlarında idi. Bu nadir qəhqəhəni ilk dəfə eşidəndə Vəsfi yatağında uzanmışdı, Bir yay günü kiçik bağçaya baxan pəncərə açıq idi. Yataqda olsa da yuxulamırdı. Günortadan sonra hava büsbütün ağırlaşmışdı. O da gözlərini yumub uzanmışdı. Birdən şən və şaqraq bir qəhqəhə eşidərək gözlərini açdı. Bu, qadın qəhqəhəsi idi. Amma ürəkdən gələn sadə, səmimi və nəşəli bir uşaq qəhqəhəsini xatırladırdı. Belə, ürəkdən gülə bilən qadın kim olardı?..
Vəsfi bu kiçik məhəllənin adamlarının, demək olar ki, hamısını tanıyırdı. Məhəllələrindəki evlərin bağçaları bir-birindən taxta çəpərlərlə ayrılmışdı. Yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Bu cür gözəl gülə bilən qadını görmək istəyirdi, fəqət, görə bilmədi…
Taxta çəpərlərlə bir-birindən ayrılmış kiçik bağçalardan birində dörd uşaq oynayırdı. Başqa birisində qoca arvad pişiyini yedizdirirdi. Qarşıdakı qonşuları Nuriyyə xanım da bağçasında paltar yuyurdu. Qəhqəhələr ara vermirdi. Vəsfi bu qəhqəhəni üzbəüzdəki evdən gəldiyini anladı. Qəhqəhələr Nuriyyə xanımın üçmərtəbəli evindən gəlirdi. Nuriyyə xanım evinin zirzəmisində yaşayırdı. Üstdəki üç mərtəbəni isə kirayə verib, aldığı pulla dolanırdı.
Birinci mərtəbəni kiçik bir məmur olan Faruk bəylə arvadı tutmuşdu. Kədərli və xəstə adam idilər. Məhəllədə onların gülümsədiyini belə heç kəs görməmişdi. İkinci mərtəbədə yaşayanlar bir ana və bir qız idi, ikisi də birlikdə rezin fabrikində işləyirdilər. Gecə növbəsində… Axşam saat səkkizdə evdən çıxar, ertəsi gün yeddidə qayıdardılar. Həmişə əsəbi, yorğun olardılar. Evə gələn kimi dərhal yatağa girərdilər və bütün günü yatardılar. Pəncərələrinin pərdəsi həmişə salınmış olardı. Üçüncü mərtəbədə isə bir qadın yaşayardı. Ancaq qadın ölmüşdü. O gündən bəri də onun yaşadığı otağın pəncərələri qapalı qalırdı.
Vəsfi birdən həmin pəncərələrin açıq olduğunu gördü. Pəncərələrdən yaxşı tanıdığı xəfif xışıltı eşitdi. Yəqin kim isə içəridə döşəməni yuyurdu. Onun anası da sabunlu su ilə taxtaları belə yuyardı. Təzə qonşunun bu çətin və yorucu işi belə nəşə ilə, gülə-gülə görməsi Vəsfiyə qəribə gəldi. Adətən, bu iş əksər qadınları əsəbiləşdirir, qanlarını qaraldır. Üçüncü mərtəbənin təzə kirayənişini, yəqin çox nəşəli adamdır. Bu da təəccüblü idi. Məhəllədə nəşə o qədər nadir təsadüf edilən şey idi ki…
* * *
O gündən sonra Vəsfi hər gün eşitdiyi həmin şən qəhqəhələrin təsirindən qurtulmadı. Bu qəhqəhələr günün müxtəlif saatında eşidilərdi və hər dəfə də Vəsfini sanki alov qarsardı. Doğrudan da həmin qəhqəhələrdə alov hərarəti vardı.
O zamanlar Vəsfi hələ gənc idi… O qədər də təcrübəsiz və pak olmasalar da həmin yaşdakı gənclər, asanlıqla həyəcanlanırlar…
Vəsfi heç zaman ata danlağı görməmişdi. Anasına gəlincə isə, oğlunu sonsuz bir məhəbbətlə sevən bu qadın, övladına qarşı heç zaman sərt olmamışdı. Vəsfi ibtidai məktəbdə beş il əvəzinə yeddi il oxumuşdu. Ən çox sevdiyi əyləncə, yoldaşları ilə top-top oynamadığı vaxtlarda çölə gedib cələ ilə quş tutmaq idi. On dörd yaşına çatanda daha böyük bir adam olduğuna inanmışdı. Elə bu yaşda da papiros çəkməyə, on yeddi yaşında ikən yoldaşları ilə məhəllədəki meyxanaya getməyə başlamışdı. Amma yenə də bu qəhqəhələr onu yerindən oynatmışdı.
* * *
İlk eşq macərasını hələ lisey tələbəsi olduğu zaman yaşamışdı. Bu ilk macəra özü kimi bir lisey tələbəsi olan gənc qızla məktublaşmaqdan ibarət idi. Bu məktublar həddən ziyadə aşiqanə yazılmış uşaq məktubları idi.
Həmin macəradan az sonra, məhəllə qəssabının gözəl arvadı, əri olmayan vaxtda Vəsfini evinə dəvət etdi. Bu, nərmənazik, ağ bədənli, sarışın bir qadın idi.
Vəsfi bir müddət həmin qadına bağlandı. Macəraları aylarca davam etdi… Sonra isə qəssab, ticarət işini böyütdüyündən, məhəllədəki kiçik dükanını Misir bazarına köçürdü, arvadını da şəhərin başqa bir tərəfində tutduğu evə apardı. Beləliklə də Vəsfinin öz «məşuqəsi» ilə görüşməsi çətinləşdi. Daha sonra onunla görüşmək fikrindən tamam əl çəkdi… Özünü artıq təcrübəli, görüb-götürmüş və həyatdan doymuş bir adam hesab elədi.
Yüngül bir iş tapıb müəssisədə çalışmaq üçün, liseydən çıxmaq qərarına gəldi. Ancaq anası bütün gücü ilə ona mane oldu. Dul qalandan sonra bir tikə çörək qazanmaq xatirinə varlı evlərində xidmətçilik edən bu qadının arzusu o idi ki, oğlu təhsilini davam etdirib oxusun.
– Xeyr, əziz balam, – deyirdi, – mən istəyirəm ki, sən oxuyasan, təhsilini başa vurmamış işləməyə məcbur olmayasan. Atandan bizə çatan təqaüd çatışmadığı üçün mən çalışaram, işləyərəm, çünki səni də baban kimi oxumuş, təhsilli gərmək istəyirəm.
O zaman Vəsfi anasını qucaqlayıb zarafatca soruşardı:
– De görüm, anacığım, babamın təhsili nə qədər idi?
O, ali təhsil görməmişdi. Sənətkar idi. Amma onun böyük qiyməti, məharəti vardı. O, həqiqi sənətkar idi.
– Ana can, babam da əmim kimi xarrat idi, vəssalam.
– Elə demə, oğul, özün ki, babanın düzəltdiyi şeyləri görmüsən. O heç əminlə müqayisə edilər? Sözsüz ki, onun ustalığı, qabiliyyəti əmində yoxdur…
– Eh, ay ana, bunun əhəmiyyəti nədir ki… Babamın məharəti əmimdə olsa da, nə edə bilərdi? Nə qazanacaqdı? Atamın əmisinə bir bax. Onun nə təhsili, nə də qardaşı kimi hünəri var, lakin bununla belə nəslimizdə ən zəngin adam odur.
– Sənin onunla nə işin var, oğlum. O, tacir adamdır. Halda2 iki kişinin biridir… Çoxlu pulu, sərvəti var…
– Düzdür, bunu hamı bilir.
– Mən sənin varlı bir adam olmağından daha çox savadlı adam olmağını istəyirəm… Mənim atam təvazökar bir müəllim idi, çox ağıllı, çox oxumuş, çox savadlı bir adam idi. Sənin atan da həqiqi bir ziyalı, hörmətli məmur idi. Sənin gələcəkdə böyük adam olacağına inanırdı. «Mənim oğlum mənim kimi balaca bir məmur olmayacaq, – deyərdi. – Onun elm adamı, bəlkə də tanınmış bir həkim olacağına əminəm…».
Oğlu ilə belə söhbətləri edəndə həyəcandan qadının üzü qızarırdı. Gülümsəyərək deyərdi:
– Bəli, oğlum, mən sənin həkim olmağını istəyirəm.
Məşhur bir həkim olacaqsan. Mən sənin ağlına, zehninə, fərasətinə inanıram. Kim bilir, bəlkə də, bilikli bir müəllim olacaqsan. Əgər həvəs göstərsən, çalışsan bunlar mümkün olan işdir. Mən də qocalanda əlimdən tutacaq, dadıma çatacaqsan. Xəstələnəndə mənə özün baxacaqsan, müalicə edəcəksən. hələ ki, şükür, canım suludur, işləyə bilirəm. Çalışacağam ki, sən oxuyasan; yorulmadan, usanmadan ən ağır işləri məmnuniyyətlə görəcəyəm. Təki sən oxu, təki təhsilini başa vur. Sonra isə məlumdur. Sən işlərsən, ananı dolandırarsan. İşləmək növbəsi sənə çatar.
Anasının öyüd-nəsihətlərindən sonra Vəsfi liseydən aralanmağın daşını atdı və anasının həvəsinə, arzusuna uyğun olaraq gələcəkdə həkim olmaq fikri ilə təhsilinə davam etdirdi.
* * *
Vəsfi heç vaxt görmədiyi həmin qadının bir uşaq gülüşü kimi nəşəli və sevimli qəhqəhələrindən sehrləndiyi zamanlar tibb fakültəsinin tələbəsi idi. İyirmi iki yaşı vardı. O bu şən qəhqəhələrin tilsiminə düşmüşdü. Həmişə otağının pəncərəsindən qarşı evin pəncərəsinə baxardı. Lakin o şirin gülüşlü qadın görünmürdü.
Nəhayət, bir gün qarşı evin kiçik bağçasından tanış qəhqəhələr yüksəldi. Bir də yelləncək səsi gəlirdi…
Vəsfi dərhal yerindən sıçrayıb pəncərəyə tərəf qaçdı. Bağçada iki qız gördü. Bunlardan biri yelləncəkdə idi, o biri isə qapının ağzında durmuşdu. Onlar hey danışır və gülürdülər. Qapının ağzında dayanan sarışın zərif bir qız, o birisi isə incəbel, uzun boylu, qarabuğdayı idi. Gecə kimi qapqara gur saçları vardı. Yelləndikcə, saçları kimi, qırmızı donunun ətəyi də dalğalanır, uçuşur, günəşdən yanmış xariqüladə gözəl ayaqları görünürdü. Yelləncək getdikcə sürətini artırır, enib-qalxır, bəzən də gənc qızı budaqlar arasında bir anlığa gizlədirdi. Qızlar çox nəşəli idilər. Nəhayət, sarışın qız Vəsfini gördü, yoldaşına nə isə pıçıldadı. Bu zaman qarabuğdayı qız başını çevirib istehza ilə Vəsfiyə baxdı, sonra rəfiqəsinə tərəf dönərək gülməyə başladı. Vəsfi bu cürətli, təhrikedici, yuxusunu qaçıran, onu tilsimə salan gülüşü çox yaxşı tanıyırdı.
Gənc qız yelləncəkdə yellənir və ara-sıra Vəsfiyə baxırdı. Bir azdan yelləncəkdən tullanıb düşdü, rəfiqəsinin qolundan tutub getdi, evə girərkən bir də Vəsfiyə baxdı. Qorxusuz, dəcəl, mehriban bir təbəssümlə baxdı.
* * *
Vəsfi onun xəyalında təsəvvür etdiyi kimi olduğunu görəndə həm çaşmış, həm də şad olmuşdu. Əvvəl onu qısaboylu zənn etsə də, belə cazibədar, belə əsmər bənizli olduğunu daima düşünmüşdü. İndi isə təsəvvürə sığmayacaq dərəcədə gözəl bir qız görmüşdü.
Onu ilk dəfə gördüyü günün axşamı anasının otağında çox qalmadı. Öz otağına çəkildi, lampasını, hətta siqaretini də yandırmadan pəncərəyə söykənib gözlərini qarşı evə zillədi. Bu evin yalnız birinci qatından işıq gəlirdi, qalan ikinci, üçüncü mərtəbələri isə qaranlıq idi. Vəsfi düz bir saat pəncərədən ayrılmadı, qonşu evin qaranlıq pəncərələrindən gözünü çəkmədi.
Bu bir saat davam edən səbir mükafatlandı. Qarşı evin qaranlıq pəncərələrindən biri işıqlandı, pəncərənin önündə bir qadın kölgəsi göründü… Bu o idi. İndi saçları çiyninə tökülməmiş, başının üstünə toplanmışdı. Otaqda gəzişirdi.
Pəncərəyə çox yaxınlaşdığı zaman Vəsfi onu çiyinlərinəcən görürdü. Pəncərədən uzaqlaşdımı, gözdən itirdi. O zaman Vəsfi onun otağın divarlarına düşən böyümüş, əcaibləşmiş kölgəsini görürdü. Hərəkətlərindən bəlli idi ki, soyunur.
Əsmər qız, ona göz qoyan qonşusundan xəbərsiz idi. Bir ara pəncərənin qabağına gəldi, iki-üç dəqiqə orada da qaldı, sonra pəncərədən aralandı və işığı söndürdü. Vəsfi: «İndi yatağındadır» – deyə düşündü. «Bəyaz mələfə arasında o əsmər bədəni, kim bilir, necə də gözəldir». Vücudunu şirin, xoş bir istilik bürümüşdü. «Nə bürkülü gecədir»…– deyib pəncərədən ayrıldı…
Həqiqətən, adamı süstləşdirən bürkü vardı. Vəsfinin ürəyi tez-tez döyünürdü, bədəni tər içində idi. Adam bu evdə lap boğular, – deyə mızıldadı.
Doğrudan da bu məhəllənin hər bir evində adam istidən təngnəfəs olurdu. Taxta evlər bütün günü günəşin altında qovrulurdu. Gecə isə sanki gün ərzində canına qonan o cəhənnəm istisini burum-burum ətrafa yayırdı Buralara yaxınlıqdakı dənizdən azacıq da olsa sərinlik gəlmirdi. Küçələr dar idi, axşamlar dənizdən qopub gələrək sahilləri qucaqlayan meh bu kasıb məhəllənin dar küçələrindən keçmirdi.
Vəsfi lampanı yandırdı, bir az oturmaq istəyirdi. Ancaq fikrini bir yerə cəmləyə bilmirdi.
Susamışdı. Su gətirmək üçün aşağı endi. Evlərinin alt qatında dəhliz və mətbəx vardı. Küçə qapısından başqa mətbəxdən də bağçaya qapı açılırdı.
Vəsfi aşağı endiyi zaman anası ilə iki qonşu qadının dəyirmi masa ətrafında oturduğunu gördü. Təmiz hava gəlsin deyə küçə qapısını da, mətbəx qapısını da açıq qoymuşdular.
Anasının qonaqları Nuriyyə xanımla Əsma idi. Vəsfi onlarla salamlaşdı.
Anası:
– Bir şeymi istəyirsən, oğlum – deyə soruşdu.
– Susamışam, ana can.
– Sərnicə su tökmüşəm, soyuyubdur.
– Sağ ol, ana can.
Mətbəxə girdiyi zaman əvvəlcə bağça qapısına yaxınlaşıb qarşıdakı evlərə baxdı. Bura sərin idi. Qapının ağzında beləcə durduğu zaman Nuriyyə xanımın anasına dediklərini eşidirdi
– Şükran xanım, həmişə allahına şükür elə ki, belə oğlun var. Xoşbəxt arvadsan .
– Allahıma hər zaman şükür edirəm, Nuriyyə xanım. Doğrudan da övlad sarıdan bəxtim gətirib.
– Mən yaşa çatanda özgə əlinə baxmayacaqsan, oğlun yanında olacaq ..
– İnşallah, bacım…
Əsma da Şükran xanımın sözünü təkrar etdi:
– İnşallah ..
– Özgə əlinə göz dikmək çətindir, çox çətindir. Bunu ancaq başı çəkən bilər…
Nuriyyə xanım bir müddət susdu, içini çəkdi, sonra yenidən dilləndi.
– Düzdür, bacım, düzdür, yad yenə yad olacaq. Yad elə həmişə yaddır, istədiyin yaxşılığı elə. Adamlar nankordurlar. Farux əfəndi ilə xanımın gününə baxsana.... Mahmurə xanım gərək yaxşılığı yerə vurmayaydı.
Vəsfinin anası cavabında:
– Bəli, bəli! – dedi. – Xəstə ikən ona necə baxdığını hamımız bilirik. Adam öz doğma bacısına bundan yaxşı baxa bilməzdi.
– O, hələ də xəstədir. Ev işlərinə hər gün kömək edirəm…
Əsma xanım:
– Nuriyyə xanımın ürəyi qızıl kimidir!– dedi.– Mən başqaları üçün özümü fəda edə bilmərəm. O isə özünü həlak edir…
Nuriyyə xanım bir də köksünü ötürdü:
– Bilirsiniz ki, heç kəsim yoxdur, tək-tənha, qalmış bir qəribəm… Mahmurə xanımı qırx ildir ki, tanıyıram… Adam, istər-istəməz, biri ilə dostluq edib, onu sevməlidir. Mən Mahmurəyə əlimdən gələn yaxşılığı edər, onu bir bacı kimi sevərdim. O isə buna qiymət qoymadı, ömrümü-günümü zəhərləyir…
Əsma soruşdu:
– Qonşu, yenə nə eləyib axı?
– Eh, dedim ki, nankorun biridir… İndi də başlayıb ki, nə var, nə var, Bəsimə ilə anasının dava-qırğını bizi narahat eləyir. Allahın var günü elə hey başımı dəng eləyir…
Şükran xanım:
– Axı nə deyir?
Nuriyyə xanım ağlar bir səslə sözünə davam etdi:
– Məni məcbur edir ki, guya çox dava-dalaş elədikləri üçün onları evdən çıxarım. Mahmurə xanım məndən bunu istəyir. Mən də deyirəm ki, başqasının dalaşmasından mənə nə. Gəlib mənimlə dalaşmırlar ki, kimin nə işinə?! Öz otaqlarında oturub bir-birinin ətini yeyirlər də… Onların dərdi heç kəsə qalmayıb… Axı elə kirayənişinlərimin babatı onlardır. Bir dəfə də olsun kirayə haqqını gecikdirmirlər. Ay tamam olan kimi gətirib qəpiyinəcən verirlər. Qalanı vecimə deyil…
Əsma xanım:
– Haqlısan, qonşu!– dedi.
– Mənim evim otaq-otaq kirayəyə verilən bir füqəra evidir. Adam başqaları tərəfindən rahatsız olmamasını istəyirsə, bütöv bir mərtəbə ya da müstəqil bir ev kirələməlidir.
Əsma xanım:
– Haqlısan, qonşum, – deyə təkrar etdi.
– Mən Bəsiməgili evdən çıxartmadığım üçün Mahmurə xanım məndən küsüb… Allahın quruca salamı nədir, onu da vermir.
Əsma dedi:
– Doğrusu, təəccüblü işdir, – dedi.– Deyən gərək elə, sən özün də kirayənişinsən də, camaatın malına sahibmi çıxacaqsan?..
– Ay sənin dilinə qurban olum, Əsma xanım… Mən Bəsiməgili sevirəm də! Onlar çox namuslu qadınlardır. Keçən qış Bəsimə də anası da işsiz idilər, buna baxmayaraq evin kirayə pulunu vaxtlı-vaxtında verdilər…
– Səninlə razıyam, onlar namuslu qadınlardır…
– Yazıqlar çox əziyyət çəkdilər. Fabrik təzədən açılana qədər evdə qab-qacaq qalmadı, hamısını satdılar. Altlarında şəltə, dolablarında əşya qalmadı. Ancaq heç kəsə ağız açıb borc eləmədilər. Bəsimənin o gözəl, qalın xəz paltosunu belə beş qəpiyə sovurdular. Hətta mən əl tutmaqçun onlara dedim ki, iş tapanacan kirayə pulunu ödəməyin, sonra verərsiniz. Amma razı olmadılar. Adamın başı üstündə allah var. Mən onlara pislik edə bilmərəm.
Əsma dedi:
– Sən mələksən, Nuriyyə xanım
– Bu yaxşılıq deyil, adamlıqdı. Mən hər kəsə insanlığımı eləyirəm. Mən belə eləyəndə qabağıma nankorluq çıxdımı, ifritəyə dönürəm. Nankorluğu görən gözüm yoxdur, vəssalam!..
– Haqlısan, bacı…
– Amma sən bir işə bax də… Mən Bəsiməynən anasını qanadımın altına almışam, onlara qahmar durmuşam, indi də onlar mızıldanmağa başlayıblar. Bilirlər ki, özlərindən şikayət eləyən var, bununla belə təzə kirayənişinlərdən narazılıq eləyirlər.
Vəsfi buraya qədər danışıqları dinləməmişdi. Söhbətin təzə kirayənişinlərdən düşdüyünü eşitcək qulaq kəsildi.
Əsma soruşdu:
– Sizin bu yeni kirayənişinləriniz kimlərdir? Məhəllədə heç kəs onları tanımır. Yəqin başqa yerdən gəlmədilər.
– Bəli, onlar buraya Ədirnəqapı tərəfdən gəliblər. Kişi aşpazdır, Fındıqlıqda kababçılıq eləyir, balaca bir kababxanası var. Arvad hər gün əri ilə birlikdə gedib ona kömək eləyir, dan yeri ağaranda evdən çıxıb, gecəyarısı qayıdırdılar.
– Belə olanda, onlar Bəsiməynən anasını necə narahat edə bilərlər? Axı, Bəsiməgil ikisi də gecə işləyir…
– Bəsiməni narahat edən ata-ana deyil, qızdır. Qızın hay-küyünə dözə bilmirlər.
– Qız çox balacadır?
– Yox, canım yepyekə qızdır. Gözəl-göyçək, suyuşirin bir şeydir. Amma cavanlıqdır də… çox nəşəli, dəlisov bir qızdır. Dinc durmaq bilmir. Paqqapaqnan qaynayır…
– Bəs işləmir?
Əsma xanımın bu sualına Nuriyyə xanım dodaqlarını büzdü:
– Eh, əzizim, bunlar zəmanə uşaqlarıdır. İndi heç ata-ananı düşünən var ki? Ata-ana qazanır, o da evdə böyrü üstə yatıb kefə baxır. Böyrü üstə yatmağı sözgəlişi dedim e, səhərdən axşamacan qaynayır, heç qaba sığan bala deyil. Cavanlıqdır də. Səhərdən axşamacan yaşıdlarını evə yığıb qrammofonu qurur, mahnı oxuyur, rəqs edirlər. Dərdsiz-qəmsiz qızdır. Eh cavanlıq… Ayağını basdığı yeri bilmir. Qəhqəhəsi də ki boldur.
Vəsfi «qəhqəhəsi» deyə düşündükdə vücudunu sıcaq bir dalğa dolaşdı.
– Bəli, qız elə paqqapaqdadı… Peşəsi deyib-gülməkdir, şaqraq qəhqəhələr çəkməkdir… Ancaq bir məsələdə var, bacım. Mən bu cavan qıza gülməyi necə qadağan eləyim, necə deyim ki, gülmə, qəhqəhələrinə son qoy! Vallah, bacarmaram. Adam evində istər gülər, istər ağlar.... Belə deyil, bacı?..
Vəsfinin anası dilləndi:
– Haqlısan, Nuriyyə xanım, yerdən göyəcən haqlısan!.. Gülmək gəncliyin haqqıdır… Məgər biz özümüz cavanlıqda az gülmüşük, az dəlilik eləmişik, az hay-küy salmışıq?..
Vəsfi anasının dediyi bu sözlərdən çaşdı. Anasının bir zaman bu qonşu qız kimi nəşəli olduğunu, elə qəhqəhələr çəkdiyini xəyalına da gətirə bilmədi. Bu, ona qeyri-inandırıcı görünürdü. O, anasının ömründə bircə kərə qəhqəhə ilə güldüyünü təsəvvür edə bilmirdi. Zənn edirdi ki, onun uşaq məsumluğu çökmüş sifəti həmişə, hər zaman bir qəm, kədər pərdəsi ilə örtülü olub.
Otağına qalxmaq üçün dəhlizdən keçəndə anasına yaxınlaşdı, əlini onun arıq çiyninə qoyub dedi:
– Gecən xeyrə qalsın, ana can.
– Yuxun şirin olsun, balam.
Qonşu qadınlarla da salamatlaşıb, yuxarı çıxdığı zaman Nuriyyə xanımın anasına dediyi sözləri eşitdi:
– Allah, başacan eləsin. Allah oğlunu sənə çox görməsin. Allah bütün analara belə sevən övlad qismət eləsin. Şükran xanım, deyirəm, sən dünyanın ən xoşbəxt qadınısan…
Anacığazı o şirin səsi ilə:
– Bəli, Nuriyyə xanım, mən dünyada ən xoşbəxt anayam.
Vəsfi otağına keçib qapını bağladı.
Bundan sonra Vəsfi üç həftə gecəbəgündüz qonşu qızı düşündü. Onu görmək, onunla tanış olmaq, danışmaq istəyirdi. Həmişə pəncərədən onu gözətləyirdi. Qıza yanaşa bilmək üçün onun adətlərini, küçəyə nə vaxt çıxdığını, nə vaxt döndüyünü öyrənmək istəyirdi.
Vəsfi hiss edirdi ki, qonşu qız da ona qarşı maraq göstərir. Bu, Vəsfini sevindirirdi. Deyəsən, qız pəncərənin önünə gəlib özünü ona göstərməkdən zövq alırdı. Baxışları qarşılaşan kimi gülümsəyirdi.
Bir gün öz-özünə: «– Bu qız mənim çox xoşuma gəlir» – deyə etiraf etdi. Bir neçə gün sonra da «mən heç bir qadını bu qız qədər bəyənməmişəm» – deyə düşündü.
Yuxusu qaçmışdı. İmtahanlar yaxınlaşsa da, elə bil Vəsfinin vecinə deyildi. Hər an, hər dəqiqə: «Onunla tanış olmalıyam, onunla tanış olmalıyam, onu tanımasam, rahat ola bilmərəm»– deyirdi. O düşünürdü ki, əgər qız evdən çıxarsa, mütləq onun arxasınca gedəcək, ona yaxınlaşacaq və tanış olacaq… Rədd edilməyəcəyinə əmin idi.
Bir gün pəncərəsindən ona baxıb gülümsəyən gözəl qonşusu pəncərələrini bağlayandan sonra Vəsfi onun küçəyə çıxacağını anladı və dərhal aşağı düşüb qızgilin yaşadığı evin qabağına gəldi. O saat da qızı gördü. Cəld ona yaxınlaşdı.
Qız qırmızı paltar geyinmiş və daha da yaraşıqlı, cazibəli görünürdü. Onun şəvə kimi qara saçları çiyinlərində dalğalanırdı. Qolunda qızılı rəngli enli bilərzik, barmağında da tək qaşlı üzük vardı.
Bütün bunlara baxmayaraq Vəsfi onu xariqüladə bir qadın hesab edirdi.
Qızı görcək Vəsfi onun gözəlliyi qarşısında o qədər həyəcanlanıb özünü itirdi ki, bir söz deməyə iqtidarı çatmadı.
Qız ağır addımlarla, xuraman yerişlə gedirdi, hərdən də çevrilir, oğrun nəzərlərlə Vəsfiyə baxırdı. Artıq məhəllələrindən uzaqlaşıb böyük küçəyə çatmışdılar. Vəsfi hələ də onu kölgə kimi izləyir, lakin dindirməyə cəsarəti çatmırdı. «Ona nə isə deməliyəm. Yoxsa belə lal-dinməz getdikcə gülünc oluram» – deyə düşündü. Amma deyəsən nə deyəcəyini bilmirdi. «Nə deyim? Sözə nədən başlayım? Bu da məhəllədə yaşayan qızlardan biri deyilmi? Halbuki o, məhəllənin başqa qızlarına heç bənzəmir». Vəsfi bunu bir neçə saniyə sonra anladı. Böyük küçə ilə xeyli irəliləmişdilər. Vəsfi bacarıqsızlığından utanırdı. Bütün iradəsini topladı, iti addımlarla qıza yanaşdı. Lakin yenə də elə bil dili-ağzı qıfıllandı. Bir kəlmə də danışa bilmədi. Naəlac qalıb yoluna davam etdi. Qızı ötüb keçdi. İki-üç addım atmışdı ki, arxadan istehzalı və nəşəli bir səs eşitdi:
– Ay qonşu, belə tələsik hara gedirsiniz?
Vəsfi çaşqın bir halda dayanıb arxaya qanrıldı. Günün bu saatında prospektdə bir kimsə yox idi. Səsi titrəyə-titrəyə soruşdu:
– Məndən soruşursunuz?
– Öz-özümlə danışmırdım ki!.. – Qız tanış qəhqəhə ilə güldü.
Vəsfinin də üzündə xoşbəxt bir təbəssüm cilvələndi. Dedi:
– Məni çağırdığınız üçün çox bəxtiyaram.
– Sizə qalsa idi, cürət edib danışmayacaqdınız…
– Halbuki…
Qız Vəsfinin sözünü kəsdi:
– Halbuki mənimlə danışmaq üçün arxamca gəlirsiniz, eləmi?
– Bəli, düz bilmisiniz…
– Bunu bilməyə nə var ki!.. – Bir müddət susdu, sonra əlavə etdi: – Üç həftə olar ki, görürəm pişik ciyər marıtlayan kimi bizim pəncərəmizdən göz çəkmirsiniz… Bunu yalnız mən hiss etsə idim, dərd yarı idi… Artıq bütün məhəllə bundan duyuq düşüb. Hətta bizim haqqımızda dedi-qodu da çıxarıblar.
– Mən neyləmişəm ki?
– Daha neyləyəcəksiniz. Belə getsə bədnam olacağam. – Qaşlarını çatdı, hiddətlənmişdi. – Mənə bax, qurd da qonşusunu yeməz deyiblər, axı.
– Mən qurd deyiləm, həm də…
– Həm də adam yemək niyyətiniz yoxdur, eləmi? Bəlkə də belədir, amma…
– Mən yalnız sizə tamaşa eləyirəm. Bu qəbahətdir? Gözlərimi pəncərənizdən çəkə bilmirəmsə səbəbi var: o qədər gözəlsiniz ki!..
– Təkcə pəncərədən baxsaydınız dərd yarı idi, bu gün də arxamca düşmüsünüz… Allah bilir, sabah hansı fikrə düşəcəksiniz. Ancaq əmin olun ki, hər quşun əti yeməli deyil!
– Xahiş edirəm…
– Kəsin səsinizi, mənə nağıl söyləməyin, mən sizin niyyətinizi çox gözəl anlayıram!.. Sizinlə danışmağa məni vadar edən də elə bunları sizə çatdırmaqdır. Mən dedi-qodudan çox qorxuram, lap çox… Başa düşürsünüz?!
– Məni elə acılayırsınız ki! Yəni günahım o qədər böyükdür?
– Bəli, günahınız çox böyükdür! Yoxsa gözləyirsiniz ki, sizə təşəkkür edəm?
– Məni bağışlayın… Heç düşünməzdim ki…
– Düşünməzdiniz ki, məhəllədə rüsvay olmaq istəmərəm, eləmi? Bəlkə bunu demək istəyirdiniz?
– Yox, bunu demək istəmədim…
– Onda nə demək istədiyinizi buyurun, baxaq…
– Mən heç ağlıma gətirməzdim ki, pəncərədən heyran-heyran sizə baxanda bunu başqası görə bilər. Çünki mən elə ehtiyatla, lap içəridə durub sizə baxmışam ki, çox vaxt sizin özünüz də bunu hiss eləməmisiniz.
– Gəl açıq danışaq: həmişə pəncərədə dayanıb məni güdməyinizi istəmirəm. Dil-ağıza düşməkdən qorxuram! Təmiz adımın pisliyə çıxmasından qorxuram.
– Deməli, bir də pəncərədən sizə baxmayım, eləmi?
– Bəli, baxmasanız yaxşıdır. Bu, sizin özünüzə də vacibdir: imtahanlara daha yaxşı hazırlaşarsınız…
– Bu lap insafsızlıq oldu ki…
– İnsafsızlıq nə üçün olur ki?
– Axı mən sizə baxmasam imtahanlara hazırlaşa bilmərəm…
– Qəribə danışırsınız… Bəs əvvəllər neyləyirdiz? Biz ki, bu məhəlləyə təzə köçmüşük…
– Əvvəllər sizi tanımırdım.
– Guya ki, indi məni lap yaxından tanıyırsınız?! Guya ki, köhnə dostuq?.. Hesab eləyin ki, məni yenə də tanımırsız…
– Sizinlə razıyam: amma, axı, tanış olmaq istəyirəm…
– Pəncərədən pəncərəyə baxmaqla sən mənə heyran, mən sənə dərman. Belə də tanış olarlar?..
– Əlbəttə, yox. Siz icazə verməsəniz, heç olmaz… Ancaq yenə də, icazə verin heç olmasa hərdənbir pəncərədən sizə baxım. Mənə inanın, sizi görməsəm dincliyim olmayacaq. Həyat mənə mənasız görünəcək… Bədbəxt olacağam.
– Onda məni görmək üçün başqa çarə tapın.
– Başqa çarəmi?..
– Neçə yaşındasınız, quzum?
– İyirmi iki.
– Boş sözdür… Siz səkkiz yaşında təcrübəsiz bir uşaqsınız.
– Niyə ki?
– Niyəsi odur ki, iyirmi iki yaşlı hər gənc bəyəndiyi qızı, qonşuları duyuq salmadan, görmək çarəsini tapar. – Gözünü qırpıb gülümsündü: – Mən sizin yerinizə olsaydım nə edəcəyimi bilərdim.
Vəsfi:
– Onda nə olar, bildiyinizi mənə də öyrədin…
Qız kiçik əliylə Vəsfinin qolundan tutub dedi:
– Onda bəs niyə dayanmısan, ay dəli!.. Məni kinoya dəvət eləsən dilin quruyar?..
Onlar birlikdə kinoya getdilər. Bu, Vəsfi üçün unudulmaz bir səadət idi.
Salon qaranlıqlaşanda Vəsfi qızın əlindən tutmaq istədi. Lakin qız cəld əlini çəkdi və Vəsfinin qulağına pıçıldadı:
– Qonşu, əlini çək, belə şeylər xoşuma gəlmir. Yoxsa, kinoya gəlməyimiz birinci və sonuncu gün olar.
Qızın xəbərdarlığından sonra Vəsfi bir daha o fikrə düşmədi. Daha doğrusu, cəsarəti çatmadı.
Kinodan çıxarkən Vəsfi:
– Hələ mənim adımı bilmirsiniz… Heç olmasa, sizin adınızı öyrənə bilərəmmi?
– Adım Zeynəbdir. Xoşuna gəldimi?..
* * *
Bu hekayət başqa məhəllələrdəki qonşu gənclər arasında tez-tez müşahidə edilən çox bəsit bir şəkildə başlandı. Həmin gündən sonra Vəsfi ilə Zeynəb birlikdə kinolara, kafelərə getdilər. Bəzən də parklarda dolaşdılar. Vəsfi hərdən cəsarətlənir, Zeynəbin zərif əllərini ovucları arasına alaraq oxşamaq istəyirdi, Zeynəb isə hər dəfə ona acıqlanır:
– Qonşu, gəl bu işlərdən əl çək… Yoxsa aramız dəyər! Bir də məni görməzsən, – deyirdi.
Bəzən də xəlvət bir guşədə Vəsfi onun saçlarını sığallamaq, incə belini qucmaq fikrinə düşərdi; Zeynəb Vəsfini hədələyərdi:
Ücretsiz ön izlemeyi tamamladınız.