Kitabı oku: «Xatirələr»

Yazı tipi:

S Ü L E Y M A N R Ü S T Ə M

XATİRƏLƏR

“Xatirə Ədəbiyyatı” silsiləsindən 43-cü kitab

1

SÜLEYMAN RÜSTƏM

(1906-1989)

2

3

Ağamalıoğlu Səmədağa

Azərbaycan xalqının mübariz, müdrik oğullarından biri də şöhrəti vətən hüdudunu aşmış

Səmədağa Ağamalıoğludur. Xalq, vətən qarşısında bu yorulmaq bilməyən inqilabçının, mütəfəkkirin xidmətləri çoxdur.

Ağamalıoğlu bir sıra mühüm, məsul, rəhbər vəzifələrdə işlərkən həmişə xalq arasıda olmuş və

onunla bir nəfəs almışdır.

Səmədağa səhhətinin ağır vaxtlarında belə xalqa, vətənə bütün varlığıyla xidmətdən ayrılmamışdır. O, xalqın ruhunu bilirdi, qəlbinə asanlıqla yol tapmağı bacarırdı. Onu görənlər onunla birlikdə çalışanlar bu adamın nə qədər mədəni, nə qədər uzaqgörən, nə qədər hazırcavab və nə qədər xeyirxah olduğunu çox yaxşı bilir. Səmədağa işsiz darıxırdı, xəstə vaxtlarında belə respublikanın dövlət işlərilə, yeni, latın əlifbasının həyata keçirilməsi məsələlərilə ciddi məşğul olurdu. O vaxt Səmədağaya yeni əlifbanın atası deyirdilər. Bir söhbət də camaat arasında çox yayılmışdı, guya əfqan şahı Amanulla xan Bakıdan vətənə qayıdarkən Ağamalıoğlu ona deyib ki, “sən allah Amanulla, Əfqanıstanda yeni əlifbanı yaymağı unutmayasan ha”.

Bu söhbətin bir səbəbi də odur ki, Ağamalıoğlu hər məclisdə, hər yerdə müxtəlif söhbət əsnasında yeni əlifbadan odlu-odlu danışmasaydı olmazdı. Hətta bəziləri zarafatla deyirlər ki, günlərin bir günündə Səmədağa latın əlifbasını ərəblərə də qəbul etdirəcəkdir. Gənclik illərini xatırlayıram. Biz bu adama böyük məhəbbət bəsləyirdik.

Səmədağa Azərbaycan Dövlət Universitetinin qapısıyla üzbəüz Kommunist küçəsilə Poluxin küçəsinin tinindəki evin ikinci mərtəbəsində yaşayırdı. Çox vaxt gənclər, tələbələr qarşıdakı səkiyə

toplaşıb balkonda mizin üstündəki kağızları nəzərdən keçirə-keçirə çay içən Səmədağaya məhəbbətlə

baxırdılar. Maşına minib işə gedəndə, işdən gələndə onunla əl verib səmimi salamlaşardılar. Ayaqüstü ona dərdlərini deyərdilər, məktublarını verərdilər. Səmədağanın çox bacarıqlı bir köməkçisi vardı.

Təəssüf ki, onun adını unutmuşam. O, rus dilini gözəl bilirdi. Bizim bir sıra şeirlərimizin, hekayələrimizin hərfi tərcüməsini bu adam edərdi.

O, bizə deyərdi ki, Ağamalıoğlunun adına gələn saysız-hesabsız məktubların, ərizələrin biri də

cavabsız, nəticəsiz qalmır.

Həmin yoldaşın vasitəsilə (Səmədağa xəstə ikən) yazıçılar cəmiyyətimizin bir sıra ehtiyacını düzəltmək üçün onun evinə qəbula getdim. Oradan ümidsiz qayıtmadım.

Əliheydər Qarayev, Həmid Sultanov, Dadaş Bünyadzadə, Teymur Hüseynov kimi partiya, dövlət xadimləri, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Hacı Kərim Sanılı, Hacıağa Abbasov, Mirzəğa Əliyev, Hüseynqulu Sarabski, Rza Darablı kimi mədəniyyət, sənət xadimləri tez-tez onun evində görünərdilər. Ağamalıoğlu həmişə mədəniyyət xadimlərimizin taleyi ilə maraqlanır, ədəbiyyatımızın, sənətimizin inkişafı üçün əlindən gələni əsirgəmirdi. Onu səhnə əsərlərinin ilk tamaşalarında görərdik. Əsərlər və tamaşalar haqqında fikirlərini söylərdi.

Ağamalıoğlu klassik və müasir ədiblərimiz haqqında bir marksist kimi mətbuatda və şifahi çox qiymətli fikirlər irəli sürmüşdür.

Mirzə Fətəli Axundovun “Kəmalüddövlə məktubları”nın Ağamalıoğlunun giriş sözüylə, latın əlifbası ilə çapdan çıxması o zaman böyük bir hadisəyə çevrildi. Bu əsər ilk dəfə idi ki, Ağamalıoğlu tərəfindən marksizm nöqteyi-nəzərindən təhlil edilirdi.

Səmədağa Mirzə Fətəli Axundovun yaradıcılığına çox yüksək qiymət verirdi. Onun fikrincə, rus ədəbiyyatı üçün Puşkinin etdiyini Mirzə Fətəli də Azərbaycan ədəbiyyatı üçün etmişdir.

Ağamalıoğlunu xalqa sevdirən ondakı bu məziyyətlərdi.

Yadımdadır. Bir dəfə Ağamalıoğlu çox ağır xəstələnmişdi. Əzizbəyov adına xəstəxanada cərrahlar onun ayağında ciddi əməliyyat aparmışdılar.

Xəstəxananın küçəsində maşın gediş-gəlişi dayandırılmışdı.

Şəhər əhalisi onun səhhətindən çox nigarandı. Adamlar dəstə-dəstə gəlib qapıda onun vəziyyətini soruşub gedirdilər.

4

Bu xəstəxana küçəsindən keçən adamlara diqqət etsəydiniz, onların ağır, yavaş, ehtiyatlı addımlarla yol keçdiyinin şahidi olardınız. Onlar Səmədağanın dincliyini pozarlar deyə belə ehtiyatla yol keçirdilər.

Mən Ağamalıoğlunu dəfələrlə opera, dram teatrı səhnəsindəki “Yeni yol” qəzeti klubundakı tribunalarda nitq söylərkən dinləmişəm. O, çox odlu danışan, mahir bir natiq idi. Ağamalıoğlu danışarkən bütün salon dərin sükut içində onu dinlərdi. Səmədağa bəzən o qədər həyəcanlanardı, qəzəblənərdi ki, quruluşumuzun düşmənlərinin ünvanına bəzən bir para ağır sözlər deyərdi.

Ağamalıoğlu Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışarkən bir neçə dəfə onun yanında olmuşam. O zaman Azərbaycan proletar yazıçıları cəmiyyətinin sədri Teymur Hüseynov, katibi isə mən idim. Teymur Hüseynov eyni zamanda Mərkəzi Komitənin şöbə müdiri və yeni əlifba komitəsi sədrinin (Ağamalıoğlunun) müavini idi. O vaxt ədəbi təşkilatımızın maliyyə işləri o qədər da yaxşı deyildi. Bizə maliyyə cəhətdən ciddi kömək lazımdı. Bu köməyi isə biz çox vaxt Səmədağadan gözləyirdik. Bir gün Teymur Hüseynov dedi ki, bax, məndən olmasın, mənim heç nədən xəbərim yoxdur. Sən bir Ağamalıoğlunun yanına get. Nəşriyyat işləri üçün vəsaiti ancaq sizə o, verdirə bilər.

Ancaq orda səhvin, filanın olmasın. O, səndən nəşr olunacaq əsərlərin hansı əlifbada çap ediləcəyini soruşacaq. Sənin cavabın bu olmalıdır.

– Əlbəttə, yeni əlifba ilə.

Məni onun başqa müxtəlif suallarına cavab verməyə hazırladılar. Lakin məsələ tamamilə başqa rəng aldı. Məni Ağamalıoğlunun yanına buraxdılar. İçəri girən kimi o, mənə oturmağı təklif etdi. Onun baxışları adamın qəlbinin dərinliklərinə qədər nüfuz edirdi. Simasında bir atalıq, bir müəllimlik görkəmi vardı. Əvvəlcə təşkilatımızda olan gənc yazıçıların sayı ilə və kimlərdən ibarət olduqlarıyla maraqlandı. Sonra bu gənc yazıçıların nədən və necə yazdıqlarını xəbər aldı. Daha sonra əsərlərimizin çap olunub-olunmamasını soruşdu. Bu suallara cavab aldıqdan sonra təxminən belə dedi:

– Sözlərimi cavan yazanlara çatdırarsan. Cavanlar bizim gələcəyimizdir, ümidimizdir, çalışın həmişə xalq içində olun, onun istədiyini yazın, elə yaxşı yazıçılarımız var ki, əsərlərini oxuyub heyifslənirsən ki, niyə elin başa düşəcəyi ana dilində yazmırlar, biz nə farsıq, nə ərəb; özümüzün təmiz gözəl ana dilimiz var.

Səmədağa sözünü Mirzə Fətəlidən, Sabirdən söhbətlə tamamladı.

Bir azdan kabinetindəki bəzi şeyləri göstərib məndən adlarını soruşdu. Ərəb, fars sözü eşidən kimi məni saxlayıb gülümsəyərək həmin şeylərin adını azərbaycanca dedi.

Nəhayət, nə üçün gəldiyimi soruşdu. Mən ona nəşriyyatımızın maliyyə cəhətdən çox ağır halda olduğunu ətraflı danışdım. O, mənə belə bir sual verdi.

– Yaxşı, oğlum, de görək çap etmək istədiyiniz kitablar, yazılar hansı əlifba ilə olacaq?

Mən ona həqiqəti söylədim.

– Bu vaxta kimi kitablarımız ərəb əlifbası ilə nəşr olunmuşdur. Sizə söz veririk ki, yazılarımızı yeni əlifba ilə çap edəcəyik.

Cavabım Ağamalıoğlunun çox xoşuna gəldi. Gözlərində, dodaqlarında razılıq təbəssümü göründü. Mənə yeni əlifbanın xalqımız üçün, bütün Şərq millətləri üçün böyük, misilsiz əhəmiyyətindən danışdı.

Bu görüşümüzdən sonra Ağamalıoğlu vədini yerinə yetirib proletar yazıçıları cəmiyyətinin maliyyə vəziyyətinin yaxşılaşmasına kömək etdi. Biz cavan yazıçıların bu xalq adamına, dövlət xadiminə hörməti, məhəbbəti qat-qat artdı.

Həmişə onun iştirak etdiyi məclislərə gedib ona qulaq asmağa can atardıq. Yadımdadır, bir dəfə!

“Yeni yol” qəzeti klubunda ədəbiyyatımız haqqında müzakirə gedirdi.

Ağamalıoğlu da bu yığıncaqda idi. Gənc ədəbiyyatçılarımızdan biri M.Rəfili çıxış edərkən tribunadan Mirzə Fətəli Axundovun ərəb əlifbası ilə çap edilmiş pyeslər kitabını havaya qaldıraraq, Azərbaycan ədəbiyyatının böyük taleyi, dünyaya tanıtdırılacaq irsi olmadığından bəhs açdı. Salonda bir uğultu oldu. Səmədağa Ağamalıoğlu yerində rahat dayana bilmədi. İclası aparan sədrdən icazə

almadan odlu bir nitq söylədi. Dəlillərlə bizim çox zəngin, dünyanı heyran edəcək, ədəbi irsimizin qüdrətli nümayəndələrinin adlarını çəkdi. Xüsusilə Mirzə Fətəli Axundovun ədəbi irsindən, millətimiz 5

üçün gördüyü işlərdən danışdı. Salonda toplaşanlar Ağamalıoğlunun çıxışını uzun sürən alqışlarla qarşıladılar.

Cavan ədəbiyyatçı qızarıb pörtmüşdü.

Sonralar həmin gənc ədəbiyyatçı öz səhvlərini dərindən başa düşdü. Mirzə Fətəli Axundov haqqında çox qiymətli elmi əsər yazdı. Ömrünün axırına kimi Mirzə Fətəli yaradıcılığının təbliğatçısı oldu.

Mən Ağamalıoğlu haqqında bildiklərimi yazdım. Lakin bu dövlət xadiminin həyat və fəaliyyəti haqqında qalın kitablar yazıla bilər.

6

Cəlil Məmmədquluzadə

Azərbaycan ədəbiyyatında çox sevdiyim şəxsiyyətlərdən biri də unudulmaz Cəlil Məmmədquluzadədir.

Mən gənclik illərindən onun əsərlərini maraqla izləyir və böyük məhəbbətlə oxuyurdum.

Ədibimiz əsərlərində xalqımızın keçmiş dövrdəki yaralarını bir cərrah əliylə yoxlayır və onun sağalmasına yollar axtarırdı.

Azərbaycan xalqı azadlığa çıxdıqdan sonra Molla Nəsrəddinimizin artıq öz satira silahını inqilabın fütuhatına əngəl törədənlərə, yeni cəmiyyətin düşmənlərinə, millətin gözündən dini mövhumat pərdəsi asmaq istəyən ruhanilərə qarşı çevirdi. Mən Cəlil Məmmədquluzadə ilə Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri “Molla Nəsrəddin” məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. Mən o zaman “Azərbaycan gənc qələmlər ittifaqı”nda çalışırdım. Onu mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim.

1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə səhnə ilə üzbəüz lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla birlikdə həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin əvəzinə özlərindən əlavə

sözlər uydurub söyləməkdən çəkinmirdilər.

Tamaşa əsnasında üç oğul ana ilə bacılarını ərə vermək haqqında söhbət edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə dedi:

– Annəciyim, həmşirəmizi mütləq bir qocaya vərməliyiz.

Ana:

– Ay oğul, sən nə danışırsan, bacına yazığın gəlmir. O bədbəxti niyə həmşərəyə, özü də qoca həmşirəyə verək axı?

Peterburqda təhsil almış oğlunun rolunu oynayan Ağasadıq Gəraybəyli isə anasına belə müraciət etdi:

– Mama, sestramızın əsl ərə çıxan vaxtıdır, ya nə vozrajayu.

Salonda şiddətli gülüşlər oldu. Bu dəmdə Mirzə Cəlil üzünü mənə tutub dedi:

– Bala, bəlkə sən bilirsən, bu əsəri kim yazıb?

Bu sual məni heyrətə saldı. Cürətlənib dedim:

– Mirzə bu əsər sizindir axı.

O:

– Bəli, bəli, hər kim yazıbsa, bəd yazmayıb, deyib başını buladı və fikrə qərq oldu.

Mirzə Cəlil artistlərin atdığı şarjlara etirazını yalnız bu iki cümlə ilə bildirdi. Tamaşa çox gözəl idi.

Lakin sənətkarlarımızın bəzi sərbəst hərəkətləri Mirzə Cəlili narahat etmişdi.

Yadımdadır. Bakıda qonaq olmuş gürcü yazıçıları vətənlərinə qayıdarkən bizi Gürcüstana dəvət etdilər.

Biz 1929-cu ilin may ayında Tiflisə yola düşməli olduq.

Nümayəndə heyətində Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Hacı Kərim Sanılı, Cabbar Əfəndizadə, Seyid Hüseyn, Xəlil İbrahim, Əminbəyli, gənclərdən Mikayıl Müşfiq, Məmməd Rahim və mən vardıq. Onu da deməliyəm ki, böyük ədibimiz Cəfər Cabbarlı ilk dəfə idi ki, Biləcəri sərhəddini keçirdi. Heyətin sədri Haqverdiyev, katibi mən idim. Haqverdiyev mənə daha çox öz şəxsi katibi kimi baxırdı. İki həftəyə qədər sürən bu səfərdə xeyli söhbətlər oldu, xeyli nitqlər söyləndi. Mirzə Cəlil isə demək olar ki, cümlətani iki-üç varağa qədər söz deyə bilmişdi. O hər məsələyə ya bir sual, ya bir cavab ilə

müdaxilə edərdi.

Səfərə çıxmaq üçün bizə maarif komissarlığından bilet əvəzinə tələbə bileti (pulsuz bilet) verdilər.

Bakı vağzalının bufetində canlı heykələ bənzəyən sədrimiz Əbdürrəhim bəy Haqverdiyev şirin-şirin söhbət edirdi. Mən biletləri qeyd etdirməyə gedərkən Mirzə Cəlilə müraciət etdim.

7

– Mirzə, siz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin namizədisiniz. Sizə yumşaq vaqona pulsuz bir yer ala bilərəm.

O, qoltuq cibindən vəsiqəsini çıxarıb mənə uzatdı…

– Xeyr, elə məni də yoldaşlar gedən vaqona qeyd etdir.

Mən getmək istərkən əlavə etdi.

– Xob, deyirsiniz ki, mənim bu namizədlik kitabçamla pulsuz-parasız bilet almaq olar?

– Bəli, Mirzə.

– Bəs onda niyə belə?

Mən əvvəl bu sualın mənasını başa düşmədim. Bunu sonra dərk etdim. Molla Nəsrəddin demək istəyirdi ki, bala, indiki İcraiyyə Komitəsinin üzvü də, namizədi də qatarla pulsuz səfərə çıxa bilər, bəs onda niyə məni üzv yox, namizəd seçiblər?! Elə üzv seçəydilər də.

Vaqonumuz bir qədər qaranlıqdı. Gürcü dostlarımızın bizi hansı vaqon qarşısında qarşılaması bizi düşündürürdü. Bir səslə qərara aldıq ki, böyük yazıçılarımız qatar Tbilisiyə çatana yaxın yumşaq vaqonlara gedib ordan düşsünlər.

Haqverdiyev, vaxtımız cansıxıcı keçməsin deyə öz həyatından bizə çox maraqlı səhnələr söyləyirdi.

Molla əmi isə əsasını çənəsinə dayayıb gözlərini bir nöqtəyə zilləyərək sakitcə dinləyir və nə

haqdasa düşünürdü.

Artıq səhər açılırdı. Vaqonumuz da işıqlandı. Qatar Tiblisi vağzalına yaxınlaşırdı. Heç kəs yerindən qalxmaq istəmirdi. Haqverdiyevlə Mirzə Cəlil hamıdan tez durub əl-üzlərini yuyub geyinmişdilər. Haqverdiyev bir sədr kimi bizə müraciət etdi:

– Uşaqlar, Tbilisiyə az qalır. Tez, qalxın, əl-üzünüzü yuyun!

Yoldaşlarda bir hərəkət əlaməti görünmədi. Hamı kal oyanmışdı. Bu zaman hər şeyi dərindən duyan Mirzə Cəlil Haqverdiyevin dadına çatdı.

– Əbdürrəhim, uşaqlar əl-üzlərini yumasalar yaxşıdır. Qoy Tbilisi camaatı görüb və agah olsun ki, biz mazutlu Bakıdan gəlirik, bəli, bəli, mazutlu, Bakıdan.

Bu sözlər hədəfə dəydi. Hamı əsgərsayağı qalxıb cəld əl-üzünü yumağa getdi.

* * *

Tbilisidə Azərbaycan yazıçılarının şərəfinə verilən qonaqlıqların birində Gürcüstan Yazıçılar İttifaqında çalışan bir qız oturmuşdu. Mirzə Cəlil qızın sol tərəfindəydi. Mirzə Cəlil hərdənbir əlindəki

“Zarya Vostoka” qəzetilə qızın üzünü yelləyir və qulağına nə isə pıçıldayırdı.

Birdən gürcü qızı mənə donuz əti təklif etdi. Mən yeməkdən imtina etdikdə qız pərt olub dedi:

– Yeməsəniz, durub yanınızdan getməyə məcburam. Qonağa nə versələr, yeməlidir.

Molla əmi də ona havadar çıxdı.

– Bala, niyə yemirsən? Ye, halalın olsun.

Mən çıxılmaz vəziyyətdə qalıb naçar… ilk və son dəfə o məclisdə donuz əti yedim.

Molla əmi gülümsəyərək dedi:

– Bala, daha sən müsəlmanlıqdan çıxdın, mübarək olsun!

Mən Molla əminin məclisdə qızla pıçhapıçının mənasını sonra başa düşdüm.

Bir gün Mirzə Cəlilin könlünə Naxçıvanı görmək düşdü. Bu barədə Haqverdiyevlə danışdı və

onun boynuna qoydu ki, bu səfər getmək üçün heyətimizin baş rəhbəri Əminbəylidən icazə istəsin.

Əminbəylini tanıyanlar bilir ki, o necə qanunbaz bir adamdı. Mirzə Cəlil və Haqverdiyev Əminbəylinin yanına getdi. Özünü qabağa verib Haqverdiyev bu xahişi Əminbəyliyə dedi. Əminbəyli özündən çıxdı.

– Bu nə oyundur, canım? Bu axmaq fikir kimin başına gəlib? Dəstədən bir dəqiqə də ayrılmağa ixtiyarınız yoxdur… vəssalam!

Haqverdiyev dediyinə peşman olub başını aşağı saldı.

Mirzə Cəlil acı təbəssümlə ona dedi:

– Əbdürrəhim, mən səni ağıllı adam bilirdim. Bu axmaq fikir sənin başına hardan gəldi?

8

O gün Haqverdiyevin üzü gülmədi.

Səfəri başa vurub erməni yazıçılarıyla birlikdə Yerevandan Azərbaycana yola düşdük. Yolüstü qonaqları bir neçə rayon və şəhərlərimizə apardıq. Bu zaman Azərbaycan diviziyası həmin şəhərlərin birində təlim keçməkdəydi. Ordu hissələri musiqi müşayiətilə qarşımızdan keçirdi. Haqverdiyevlə

Şirvanzadə bir təpədə yan-yana durub nümayişi qəbul edirdilər. Şirvanzadə də tez-tez deyirdi:

– Salam, yoldaşlar!

– Əleyk salam. Şirvanzadə:

– Yaşasın Şura Edirbecan. Əsgərlər:

– Urra! – deyə cavab verirdi.

Haqverdiyev və Şirvanzadə yaman yorulmuşdu. Nümayişin sonunda diviziya komandiri zabit və

əsgərlərə nə barədə isə əmr verdi. Birdən polad biləkli əsgərlər Haqverdiyevlə Şirvanzadəni atıb-tutmağa başladılar.

Şirvanzadənin və Haqverdiyevin göylərə ucalan nalə və fəryadları əsgərlərin urra sədaları altında batıb gedirdi. İki ətli-canlı qocaman ədibin halı çox pisdi. Hamımız özümüzü itirdik. Tez diviziya komandirinə müraciət etdik. Komandirin əmrilə əsgərlər nəhayət, bihal olmuş Şirvanzadədən və

Haqverdiyevdən əl çəkdilər. Artıq iki möhtərəm yazıçı otların üstündə arxası üstə zorla ağır nəfəs alırdı. Onlar ancaq bir neçə dəqiqədən sonra özlərina gələ bildilər. Bu mənzərəni seyr edən Mirzə Cəlil gülümsəyərək dedi:

– Döşünü qabağa verənin, çox danışanın aqibəti bax belə olar. Niyə, bəd deyil.

* * *

Mirzə

Cəlilin

böyüklüyü,

necə

qüdrətli

qələm

sahibi

olduğundan,

alimlərimiz,

ədəbiyyatşünaslarımız öz ürək sözlərini demişlər və bundan sonra da deyəcəklər. Mənim payıma isə

onun həyatında baş vermiş bəzi hadisələr düşmüşdür. Mirzə Cəlil aramızdan gedəndən sonra hər yerdə onun adını eşidirdim.

1941-ci ildə ordu sıralarında Təbrizdə olduğum zaman “Molla Nəsrəddin” məcmuəsinin orada nə

kimi mühüm rol oynadığının şahidi oldum.

Bir gün Təbrizli professor Fəxri Ədhəm bizi evinə qonaq çağırdı.

O, böyük məhəbbətlə Mirzə Cəlildən canlı, maraqlı xatirələr danışırdı.

Vaxtilə Mirzə Cəlil İran səfərində Təbrizdə Fəxri Ədhəmin evində çox əziz qonaq kimi yaşamışdı.

Professor Fəxri Ədhəm bizə divardan asılmış bir şəkil göstərdi. Bu ailəvi şəkildə Mirzə Cəlil də vardı.

Cəlil Məmmədquluzadə öz “Ölülər” əsəri kimi ölməzdir. Onun əsərləri hərəkətdədir, yaşayır və

yaşayacaqdır. Mənə elə gəlir ki, Cəlil Məmmədquluzadə xalq tərəfindən sevil-sevilə oxunmasına öz vətənindən uzaqlarda belə şöhrət tapmasına belə qiymət verər: "Niyə, bəd deyil".

9

Xəyalımda Mirzə Fətəli canlandı

Vətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə

biləcəklər.

İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.

Bir neçə gün əvvəl qeydlər dəftərçəmi nəzərdən keçirdim. Dəftərçənin bir yerində Mirzə Fətəlinin beş il uşaqlıq çağlarını keçirdiyi Xamnə kəndi haqqında qeydlərə rast gəldim. Mən bu qeydləri 1941-ci ilin 30 oktyabrında yazmışdım. Onları buraya köçürməyi lazım bildim. Mirzə Fətəlinin uşaqlıq illərini keçirdiyi Xamnə kəndinə gedirik. Təbrizə qastrola gəlmiş opera və balet teatrının artistlərindən bir neçəsi bizimlədir. Niyazi, Məmmədağı Bağırov, Əlövsət Sadıqov və qeyriləri Xamnədə konsert verəcəklər. Alimlərimizdən Yunis Hacıyev, Səmədzadə və mən bir maşındayıq.

Şəxsən məndə elə bir əhvali-ruhiyyə, elə bir inam vardı ki, guya Xamnədə Mirzə Fətəlini uşaqlıq çağlarında görəcəyəm.

Payızdır, lakin təbiətdə solğunluqdan əsər-əlamət yoxdur. Təbrizdən Xamnəyə 80 kilometrlik yol var. Sofyana qədər şose yoludur. Sofyandan o yana yol daş-kəsəkli, dərəli, təpəlidir. Maşınlarımız havaya toz buludları qaldıraraq gedir. Maşınların pəncərələrini örtdüyümüzdən istidən tərləmişik.

Sofyan dəmir yolunun kənarında bağlı, bağatlı böyük bir kənddir. Sofyandan keçərkən kənd əhalisi qarşımıza çıxdı. Kəndlilər bizi çox səmimi, mehribancasına qarşıladılar. İlk dəfəydi ki, Sovet Azərbaycanından gələnlərlə görüşürdülər. Bizimlə qucaqlaşıb öpüşdülər. Onların gözləri yaşarmışdı.

Bəziləri əllərilə, bəziləri donlarının ətəyilə gözlərinin yaşını silirdi.

Bizi şirin dillə öz yoxsul daxmalarına qonaq aparmaq istədilər.

Tələsdiyimizə görə onlardan üzr istəyib yolumuza davam etdik. Maşınlarımızın arxasınca alqış

səsləri ucaldı. Hava çox gözəldi. Ətraf aydın görünürdü. Yol boyu qan qardaşlarımızın taleyini düşünürdük. Uçan quşları, ötən quşları gördükcə cənublu qardaşlarımızın da belə xoşbəxt pərvazlanmasını arzulayırdıq. Yol üstündə kiçik bir kəndin meydançasında maşınlarımızı yoxlamaqçün dayanmalı olduq.

Burada da kənd adamları pişvazımıza çıxdı. Nimçələrdə bizə üzüm verdilər. Kəndin ağsaqqalı bizə:

– Buyurun, xanəmizdə dincəlin, çay için, – dedi.

Biz də təşəkkürümüzü bildirdik. Qocalardan biri gülümsəyərək:

– Qorxmayın, biz xəsis deyilik. Bizdən ehtiyat etməyin. Biz sizinlə qardaşıq. Sağ olun, var olun. Nə

qədər ki, siz burdasınız, kölgəniz üstümüzdədir, kəndin zalım ərbabından qorxumuz yoxdur. Evimiz sizin evinizdir. Kasıbın olduğundan bir şey taparıq. Bu yerin ən xəsis adamı ərbabdır. Hazırda keşiyini həyətindəki əlisilahlı sadiq nökərləri çəkir. Ondan çəkdiyimizi Allah özü yaxşı bilir. Ərbabımızı bizdən yumurta vergisi alanda görsəydiniz özünüzü gülməkdən saxlaya bilməzdiniz. Onun xüsusi bir ölçü daşı var. Vergi vaxtı tərəzinin bir gözünə daşı, bir gözünə isə yumurtanı qoyur, yumurta daşdan bir misqal belə yüngül vəzndə olsa, qəbul etmir ki, etmir. Amma siz bu torpağa ayaq basandan sonra ərbabın tərəzisi, daşı bekar qalıb, danışdığım həqiqətdir, – dedi.

Hamımız güldük.

Mən qocaya dedim ki, yəqin uşaqlıq illərini sizə qonşu Xamnə kəndində keçirmiş Mirzə Fətəlinin Hacı Qarası ilə ərbabınız qohumdur.

Kəndlilərlə səmimi, şirin söhbətdən sonra üzü dağlara sarı hərəkət etdik. Şəbüstər qəsəbəsinə

çatdıq. Burada Sabiri Özünə ustad seçmiş Mahmud ağa Şəbüstərinin qəbrini ziyarət etdik. Mən çöl çiçəklərindən dərib qəbirdaşı üstünə qoydum. Kəndin qocalan, cavanları heyrət içindəydi. Şəbüstərini tanıdığımıza ona hörmət əlaməti olaraq qəbrini ziyarət etdiyimizə məəttəl qalmışdılar.

Kənd uşaqlarıyla bu haqda söhbət etdim. Onlar məni başa düşdülər. Söz verdilər ki, bayramlarda mütləq Şəbüstərinin qəbrini güllərlə, çiçəklərlə ziyarət edəcəklər.

10

Şəbüstər daş, kərpic, palçıq evlərdən ibarət yaşıllıqlar içində qərq olmuş gözəl bir kənddir. Uca barılardan göylərə baş qaldırmış meyvə ağacları, nəzərləri oxşayırdı. Şəbüstərdən Xamnəyə doğru yola düşdük. Budur, ədəbiyyat tarixində adı çəkilən Xamnə görünür. Maşınlarımız kəndin ortasında dayandı. Bir təbii axınla əhali bizə doğru gəlirdi. Biz kənd əhalisinin əhatəsində yarımörtülü bazar içiylə kənd məktəbinə tərəf gedirik. Hamı sevinirdi. Onlar ilk dəfə öz qardaşlarını, sovet adamlarını görürdülər. Məktəb həyətinə girdik. Cümə günü olduğundan məktəbdə dərs yoxdu. Məktəb müdirinin dalınca adam göndərdik. Beş-altı dəqiqə içində məktəb həyəti adamlarla doldu. Bir azdan məktəb və

qonşu damlarda qadınlar, qızlar, uşaqlar göründü. Damlara bir anda ensiz, uzun nərdivanlar söykəndi, qadınlar əvvəlcə qucaqlarındakı qundaqlı körpələrini odun tullar kimi damdakı qızların üstünə

tullayıb sonra isə özləri nərdivanla dama çıxırdılar. Bir azdan Axundzadə adlı, ortayaşlı məktəb müdiri gəlib çıxdı. Ona gəlişimizin səbəbini dedik. O, bizə:

– Xoş gəlmisiniz, çox şadam, – dedi.

Axundzadə Mirzə Fətəli yaradıcılığına yaxşı bələddi. Söhbət əsnasında nədənsə özünün Mirzə

Fətəli familiyası ilə yaxınlığı olmadığını söylədi. Bu söhbətdən nə səbəbə isə bir az çəkinirdi də. Lakin Təbrizdə mötəbər adamlar mənə demişdilər ki, Xamnə məktəbinin müdiri Mirzə Fətəli Axundov nəslindəndir.

Biz Xamnə əhalisi ilə danışmaq istərkən birdən əmniyyə rəisi öz əmniyyələrilə həyətə girdi.

Camaat arasında bir uğultu oldu. Onlar dörd nəfərdi. Bizimlə salamlaşmadan, görüşmədən, əmniyyə

rəisi əlindəki gümüş dəstəkli qamçısıyla kəndlilərin üstünə cumdu və “Pədər süxtə” deyib onları şallaqla dağıtmağa çalışdı. Kəndlilərin etiraz sədaları ucaldı. Mən buna dözə bilmədim. Cəld əmniyyə

rəisinin qarşısına gəlib əlindəki qamçısından yapışdım.

– Ayıb deyilmi? Bunların günahı nədir ki, söyüb qamçılayırsan?! – dedim.

Yunis Hacıyev ikimizin arasına girib bizi sakit etməyə çalışdı, demə mən qeyri-ixtiyari tapançanı atmışam. Əmniyyə rəisi “yumşalıb” mənə hərbi qaydayla salam verdi (Mən o zaman batalyon komissarı idim).

Dedi ki:

– Mən bu bişərəfləri sizin rahatlığınız üçün qovmaq istəyirdim.

Mən dedim ki, kəndlilərdən mütləq üzr istəməlisiniz. O cavabında gülərək dedi:

– Bunlardan ha. Xeyr, ağa.

Əmniyyə rəisi bir azdan dil tökərək bu axşam məni Təbriz restoranlarından birinə qonaq dəvət etdi. Mən məşğul olduğumu bəhanə gətirib onun bu təklifini rədd etdim.

Biz Təbrizə qayıdandan sonra öyrəndim ki, əmniyyə rəisi Təbriz polis rəisinə xəbər verib ki, guya Xamnədə mən onun üstünə silah çəkmişəm. Bu, mənim yadıma gəlmir.

Xamnədə məktəb həyətində böyük şənlik başlandı. Həyətdəkilər, damdakı qızlar, qucaqları körpəli qadınlar bir ağızdan sovet ordusuna xeyir-dua dedilər. Məhəbbətlərini yetirdilər.

Axırda mən ilk olaraq “Durnalar” şerimi oxudum. Dinləyənlər bu şeirdə öz dərdlərini, arzularını gördü. Ədəbiyyatşünas Həbib Səmədzadə toplaşanlara Mirzə Fətəli yaradıcılığından danışdı.

Artistlərimiz opera əsərlərindən ariyalar və xalq havaları oxuduqca alqış səsləri ucalırdı. Konsert zamanı kütlə artistlərimizə qoşuldu. Mahnılar, rəqslər birləşdi. Hətta damlardakı al-əlvan paltar geymiş qızlar bu mahnılara, rəqslərə qoşuldu. Xamnə başdan-başa bağ-bağatdır. Burada badam, qoz, ərik, alça ağacları müxtəlif üzüm növləri kəndə başqa bir gözəllik verir.

Barıları aşıb küçələrə sallanan meyvələrin iri, şəffaf gilələri adama gəl-gəl deyirdi. Təbrizdə olduğu kimi burada küçələrdən keçərkən, həyətdəki gözəllikləri təsəvvür edə bilmirsən.

Ən yoxsul adamın qapısından içəri girdikdə gözlərinin önündə gözəl, könül oxşayan bir mənzərə

canlanır. Hər həyətdə müxtəlif meyvə ağacları və güllər, çiçəklər vardır. Mən meydançalardakı qocaman ağacları gördükdə düşünürdüm. Bəlkə, bir vaxt balaca Mirzə Fətəli bu ağaca dırmanıbmış, bəlkə, balaca Mirzə Fətəli bu keçdiyimiz küçədən keçibmiş. Bəlkə balaca Mirzə Fətəli bu meydanda uşaqlarla kosaldıqaç oynayıbmış və s.

11

Xamnədə bizim müəyyən vaxtımız yarımörtülü bazarda keçdi. Bazardakı bir neçə dükan adlanan gözdə ancaq daş çapı kitablar və əlyazmalar satılırdı. Səmədzadə buradan bir neçə qiymətli kitab aldı.

Xamnəlilər hər yerdə bizimlə idi.

Bizi evlərə qonaq çağırırdılar. Biz ancaq Xamnənin dadlı, ətirli meyvələrindən yeyə bildik.

Axşam düşdüyündən Xamnəli qardaşlarımızdan həsrətlə ayrıldıq. Yol boyu düşünürdüm, xəyalımda Xamnə meydançasında gah balaca Mirzə Fətəlini uşaqlarla oynayan görürdüm, gah böyük, dahi ədibin ucalan heykəlini seyr edirdim.

Oktyabr 1962

12

Əzim Əzimzadə

Əzim Əzimzadə təsviri İncəsənətin yüksək zirvələrində özünə əbədi yer tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır.

Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir.

Şəxsən mən Əzim Əzimzadəni Molla Nəsrəddin və digər gülgü məcmuələrimizdəki əsərlərilə

tanıyırdım.

O zaman bir ailə tapmazdın ki, Əzimzadənin çəkdiyi rəsmlərə baxıb dərindən, ürəkdən gülməsin.

Keçmiş dövrdəki fırıldaqçı din nümayəndələri, bəylər, mülkədarlar, qolçomaqlar, qoçular, canilər, xalqın həyatını zəhərləyən bu müzürr insanlar onun fırçasından çıxan əsərlərlə şiddəti zərbəyə, atəşə

tutulurdular. O zaman Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) və Sabirlə yanaşı Əzim Əzimzadənin adı da hörmətlə və məhəbbətlə çəkilirdi. Xalqın gözünü həqiqətə açmaqda, əzablara dözmüş zəhmətkeşlərdə qanlarını soranlara qarşı qəzəb, nifrət oyandırmaqda Əzimzadə də çox mühüm bir rol oynamışdır. O dövrdə bu, sənətkar üçün böyük qəhrəmanlıqdı, fədakarlıqdı.

Əzimzadə ilə əyani 1925-ci ildə “Kommunist” qəzeti redaksiyasında tanış oldum.

Əzimzadə qəzetin növbəti nömrələri üçün beynəlxalq məsələlərə, məişətimizdəki kəsirlərə aid karikaturalar, şarjlar çəkirdi.

Bizim “Gənc qızıl qələmlər ittifaqı” həmin vaxtda kommunist qəzetinin klubunda fəaliyyət göstərirdi. Əzimzadəni ilk dəfə Nəriman Nərimanov adına Sənaye Texnikumunda oxuduğum zaman filarmoniyada Sabirin xatirəsinə həsr edilmiş ədəbi, bədii gecədə səhnədə gördüm.

Bu gecədən toplanan pullar Sabir kitabxanasının zənginləşdirilməsi üçündü.

Budur, Əzimzadə səhnədə göründü. Gurultulu alqışlar altında salondakılara hörmətlə baş əydi.

Kiçik taxta lövhəyə kağızlar yapışdırıb bir göz qırpımında kömürlə sovet hökumətinin düşmənlərinin Makdonaldın, Petenin, Çemberlenin, Qolçaqın, Kerenskinin, qeyrilərinin eybəcər şəkillərini çəkir və

salondakıların gülüşləri altında qızğın alqışlanırdı.

Əzim Əzimzadənin mədəniyyətimizin hər sahəsindən yaxşı dostları vardı. Yazıçılardan və

jurnalistlərdən Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Seyid Hüseyn Sadiq, Əli Nəzmi, Nemət Bəsir, Məmmədəli Sidqi, Xəlil İbrahim, Əsəd Tahir, artistlərdən Hacıağa Abbasov, Mirzəğa Əliyev, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, partiya və dövlət xadimlərindən Ruhulla Axundov, Həbib Cəbiyev və başqaları onun sənətinə çox yüksək qiymət verirdilər.

Əzimzadəni tez-tez nəşriyyatlarımızda, qəzet və jurnal redaksiyalarında görmək olardı.

Onun fırçası bir gün də bikar qalmırdı. O İllərin kitablarında, qəzəl və jurnallarında Əzimzadə

fırçasından çıxmış əsərlərə rast gəlirdik.

Əzimzadənin gənc yazıçıların iclaslarında iştirakı da yadımdadır.

O vaxt Əzimzadə mənim şarjımı çəkmişdi. O, gülərək deyirdi ki, “səndə nə isə var, şarja yaman çətin gəlirsən”.

Həmin illərdə Əzimzadə mənə öz əksini bağışladı. Şəklin altında ərəb əlifbası ilə bu sözlər yazılmışdır: “Gələcəyimizin parlaq örnəyi, kommunizm quruluşumuzda böyük ümidlər verəcək Süleyman yoldaşa xatirə. Bakı. 5 may 1927-ci il”.

Bu mənim üçün Əzimzadədən ən gözəl, əziz xatirədir. Mən onunla “Maarif və mədəniyyət”

jurnalının katibi olduğum zaman da tez-tez yaxından görüşərdim.

Yadımdadır, Seyid Hüseyn Sadiq jurnalımız üçün “Bir küçənin tarixi” adlı bir hekayə yazmışdı.

Hekayədə Bakı varlısı, qoçusu Hacı Aslandan bəhs edilirdi.

Məcmuənin redaktoru Ruhulla Axundov mənə dedi ki, “Hekayə mütləq rəsmlərlə getməlidir.

Bakının köhnə tiplərini Əzimzadə kimi gözəl bilən ikinci rəssamımız yoxdur. Əzimzadəni tap, hekayəni ver oxusun. Adımdan ona de ki, bundan sonra jurnalımızda fəal iştirak etməlidir”.

13

Əzimzadə Ruhulla Axundovun xahişini sevinclə qəbul etdi. Hekayə üçün çox orijinal, tutarlı rəsmlər çəkdi.

Bundan sonra o, jurnalımızın fəal iştirakçılarından biri oldu. Biz gənclər bir neçə dəfə

Əzimzadənin evində qonaq da olmuşuq.

Bir dəfə rəssam Rüstəm Mustafayev, Şəmsi Bədəlbəyli və mən Əzimzadəgilə getdik. Süfrə

arxasında xeyli söhbətdən, gülməkdən sonra Əzimzadə yorğun olduğundan mürgüləməyə başladı.

Rüstəm Mustafayevin təhrikiylə Əzimzadənin otağındakı bir albomu götürüb aradan çıxdıq. Bu albom Parijdə çox az tirajla çap olunmuşdu.

Əzimzadə albomun aparıldığını o günün səhəri bilmişdi. O bizi tapdı. Nadir albomu geri qaytarmağımızı xahiş etdi. Bir də əlavə etdi ki, cavansınız elə əsərlərə baxmağı sizə məsləhət görmürəm. Üzr istəyib albomu ona qaytardıq.

Hazırda Şüvəlandakı bağ evimdə Əzimzadənin mənə bağışladığı rəngli bir rəsm var. Mən hər zaman o əsərə baxarkən ürəkdən gülməyə bilmirəm. Gənclik illərində mən Əzimzadəyə bir şeir ithaf etmişdim.

Əzim Əzimzadə Azərbaycan xalqının böyük rəssam oğludur. Əzimzadə yaratdığı əsərlərlə

mədəniyyətimizin tarixində şərəfli yerlərdən birini tutur.

Fevral 1970

14

Süleyman Sani Axundov

Uşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya küçəsində keçmişdir.

Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə hal-hazırda Qasım İsmayılov adınadır.

Yaşadığımız rayonun keçmişi, əhalisi indi də yadımdadır. Məhəlləmizdə yaşayanların çoxu yoxsullardı. Onlar müxtəlif peşə sahibi kustarlar və fəhlələrdi. Əlbəttə, məhəlləmizdə tək-tük varlı, dələduz, hətta qoçu da vardı. Onların üzündən bir çox ailənin günü qara keçirdi.

Küçəmizin yuxarısında (şimal tərəfdə) bir məktəb, ondan bir qədər yuxarıda polis idarəsi yerləşirdi. Məşhur inqilabçılardan Əli Bayramov və Ceyran xanım Bayramova bizim küçədə yarım mərtəbə evimizlə üzbəüz Məşədi Hüseynqulunun mülkünün birinci mərtəbəsində olurdu. Evimizdən bir az aşağıda (cənub tərəfdə) “Dar dalanın” düşəcəyində bir binanın ikinci mərtəbəsindəki çox kiçik, darısqal bir otaqda 26 Baki Komissarından biri müəllimimiz Mir Həsən Vəzirov yaşayırdı.

Bu insanlar haqqında əlbəttə, böyük kitab əsər yazmaq olar. Mən hazırda yazdığım “Xatirələr dəftərim”də bunları doğru, real qələmə almağa çalışıram.

Məhəlləmizdəki məktəbin adı “4-cü rus-tatar məktəbi”idi. Çar dövründə azərbaycanlıları ya tatar, ya da müsəl-man adlandırırdılar.

Lakin yalnız bizim məhəllənin sakinləri yox, bütün şəhər bu məktəbə “Süleyman Sani” məktəbi deyirdi. Çünki bu məktəbin müdiri və müəllimlərindən biri, özünü əsərlərilə xalqa sevdirmiş

Süleyman Sani idi.

Bu yaxınlarda arxivimi yoxlarkən həmin məktəbi bitirdiyim haqdakı kamal attestatını tapıb çox sevindim. Orada Süleyman Saninin, Mir Həsən Vəzirovun, Rəsul bəy Tahirovun, Ağabəy İsrafilbəylinin imzalarını gördükdə uşaqlıq illəri yenidən gözlərim önündə canlandı.

Mənə elə gəldi ki, sinifdə oturub həmin əziz müəllimlərimin dərsini dinləyirərn.

Bəli, yeddi yaşında ikən atam məni həmin məktəbə gətirib ordakı katibə təhvil verdi. Özü isə

dəmirçixanasına getdi.

Ailəmiz o vaxt Ləhic bağlarında istirahətdə idi. (Ləhic bağları Maştağa ilə Kürdəxanı arasındadır).

Məktəb haqqında bütün lazımi məlumatı dəftərə qeyd etdilər, müəllimlər otağında tək qaldığımdan içimi çəkib ağlamağa başladım. Bu zaman başımı bir əl sığalladı. Könlümü alıb şəxsən özü məni sinfə

apardı.

Hər tənəffüs vaxtı isə o, məni məktəbdə yaşayan Zakariya müəllimin otağına gətirib sonra yenə

sinfə aparırdı. Bu munis insan mənim gələcək müəllimim Süleyman Sani idi.

Zakariya bəyin qızları isə mənim başımı şirin dillə və konfetlə qarışdırırdılar. Məktəbdə bəzi müəllimlərdən yaman qorxardıq. Xüsusilə, şəriət müəllimindən.

Şəriət müəllimimiz ruhani idi. Dərs zamanı həmişə ağzı işdə olardı. O ləbləbi kişmiş yeyərdi.

Şəriət müəlliminin dərsindən bir şey başa düşmədiyimizdən sinifdə səs-küy salardıq. Buna görə də

şəriət müəllimi cəza olaraq bizi bir neçə saatlığa odun anbarına salıb qapısını kilidlədi. (Odun anbarından başqa bir müəllimimiz də istifadə edərdi. Bu barədə bir az sonra).

Belə hallarda müəllimimiz Mir Həsən Vəzirov harayımıza çatardı. Anbar qapısını açdırıb bizi həbsdən azad edərdi. Hətta bəzən o, bizi öz evinə aparıb, quran ayələrini oxuyar və mənasını başa salardı. Beləliklə, gözlərimizdən qara cəhalət pərdəsini götürməyə səy edərdi. Ümumiyyətlə, o vaxt bəzi müəllimlər dərslərdən zəif uşaqları öz evlərində təmənnasız imtahanlara hazırlardı. Mir Həsən müəllimin dərslərinə həmişə hazır gələrdik.

Yadımdadır: biz Novruz bayramlarında ona şəkərburadan, paxlavadan bayram payı aparardıq. İlk dəfə ona pay aparanda bir qəribə hadisə baş verdi. Biz kiçik ipək yaylıqdakı hədiyyəni mizin üstünə

qoyanda Mir Həsən müəllim təəccübləndi. Əsəbi halda bu nədir gətirmisiniz?!

Mən dilim topuq çala-çala:

– Şəkərburadır müəllim, – dedim.

O:

15

– Necə, necə, şəkərqara?! – deyə sual etdi.

Dəsmalı açdıq. Müəllim “nahaq gətirmisiniz” – deyə etiraz etdi. Biz çox dil tökdükdən sonra o, bayram payını qəbul etdi.

Maraqlı burasıdır ki, o gündən başlayaraq aramızda Mir Həsən Vəzirovun adı “Şəkərqara müəllim” oldu. Biz Süleyman Saninin, Vəzirovun, İsrafil bəyin dərslərində çox sakit oturardıq.

Süleyman Sanini bir yazıçı kimi də çox sevirdik. Onun “Qaraca qız” povestini, “Qorxulu nağılları”nı dönə-dönə, maraqla, həyəcanla oxuyardıq. Bu kitablar gecələr yataqda da əlimizdən yerə düşməzdi. Bu əsərlərdə böyük məhəbbətlə, səmimiyyətlə qələmə alınmış surətlərin taleyinə ürəkdən acıyardıq, hətta ağlardıq da.

Süleyman Saninin xasiyyətindəki səmimiliyi, dərin sadəliyi, mehribanlığı əsərlərindəki müsbət obrazlarda özünü göstərməkdədir.

Süleyman Sani bəzi yoxsul ailədən olan uşaqlara maddi yardım göstərməyi də unutmazdı. O, öz kitablarını məktəblilərə hədiyyə verərdi.

Süleyman Sani bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı.

Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. Qənaət etdiyim qəpiklərə kitablar alıb evdə mütaliə edərdim.

İftixarla deyirəm ki, məndə ədəbiyyata böyük məhəbbət oyadan ilk müəllimim Süleyman Sani Axundov olmuşdur.

Oxuduğum məktəbdə sevimli müəllimlərmizdən biri də Süleyman Saninin dostu Ağabəy İsrafilbəyli idi. O da çox qayğıkeş insandı. Dərsdən zəif olan uşaqların evlərinə gedər, ailələrilə

yaxından tanış olar, onlarla dərdləşər və əlindən gələn köməyi əsirgəməzdi.

Ağabəy İsrafilbəyli ucaboy, pəhləvan gövdəli bir adamdı. O zaman xuliqanlar, avaralar tez-tez məktəblilərin yolunu kəsərdi. Onlar uşaqların əynindən paltosunu çıxarar, kitab çantasını əlindən qapardılar. Hətta bəzilərinin ağız-burnunu da əzişdirib qanadardılar.

Polis belə hadisələrin qabağını almazdı. Çünki bunlar Bakı qoçularının, varlılarının ərköyün balaları və qohumlarıydı.

Kimsədən çəkinməyən İsrafilbəyli onlarla qəribə mübarizə üsulu tapmışdı. O, məktəbimizin qabağına gələn bu dələduzları yaxalayıb, hərəsini bir əlilə möhkəm tutub kəllə-kəlləyə vurardı. Sonra da şəriət müəllimimizin dustaqxanasına (odun anbarına) salıb bir neçə saatlıq həbs cəzası verərdi.

Müəllimimiz Ağabəyin sayəsində bizim məktəbin qabağından onların ayağı həmişəlik kəsilmişdi.

Bu misalları gətirməkdə məqsədim müəllimlərimizin o dövrdə nə şəraitdə çalışmalarını göstərməkdir.

İndi bütün məktəblərimizdə cürbəcür dərnəklər var. Şənliklərdə, bayramlarda hər məktəb öz orkestri ilə nümayişə çıxır. Lakin o zaman biz bunlardan məhrum idik. Nümayişə çıxmaq üçün qəribə

hazırlığımız olurdu. Məktəbimizdə Ramazan adlı Dağıstanlı bir qarovulçu vardı. Tənəffüs zamanı o, bizə pendir-çörək, iris və başqa şirniyyat satardı. Ramazan ucaboylu, enlikürək, şəkbuğ, zahirən vahiməli bir kişi idi. Lakin çox təmiz ürəkli idi.

Bayramqabağı məşq üçün hamımız toplaşardıq. Süleyman Sani həyətin başında pilləkən üstündə

nümayiş qəbul edən bir general vəziyyətində durardı. Onun işarəsilə Ramazan qoltuğunda tutduğu köhnə vedrənin altını yumruqlarıyla döyəcləməyə başlardı. Biz də bu ahəng altında addımlayıb Süleyman Saninin qabağından keçərdik. Bu, bizim məktəb həyətindəki xudmani nümayişimiz olurdu.

Bəzən Ramazanın güclü zərbələrindən vedrənin altı ayrılıb yerə düşərdi.

İllər keçdi, ibtidai məktəbi qurtaranda Süleyman Sani bizimlə vidalaşırdı. Kamal attestatını alıb ağlamağa başladıq. O, bizə “yenə də görüşəcəyik” deyə təsəlli verdi.

Mən onu məktəbi bitirdikdən sonra da tez-tez görürdüm. Çünki məktəbimizlə evimizin arasındakı məsafə çox az idi. Sonralar mən şeir yazmağa başladığım illərdə də onunla tez-tez görüşürdüm.

Bu qayğıkeş insanın mənim üzərimdə böyük əməyi olmuşdur.

Süleyman Sani həddindən çox təvazökar adamdı. Buna canlı bir misal: Vaxtilə mən ədəbiyyat fondu heyətinin sədri idim. Müəllimim xəstə idi. Əsəbləri pozulmuşdu.

Ürəyi onu narahat edirdi. Bizim ədəbiyyat fonduna yazıçılar üçün kurortlara, istirahət evlərinə

16

putyovkalar gəlmişdi. Kislovodsk sanatoriyalarının birinə olan putyovkanı Süleyman Saninin adına yazıb evinə göndərdim. O, əli əsalı yazıçılar ittifaqına gəldi.

Putyovkanı qaytarıb dedi ki:

– Bunu nahaq etmisiniz. Qoy bu putyovkadan gələcəyimizə ümidlər verən gənclərimiz istifadə

etsinlər. Mənimki keçib.

Biz onu güclə yola gətirib putyovkanı almağa razı etdik.

Mənim və bir çoxlarının məktəb və ədəbiyyat müəllimi Süleyman Sani belə bir şəxsiyyətdi.

Xalqımız yetirdiyi belə namuslu övladlarıyla qoy həmişə fəxr etsin.

17

Rəşid Bəy Əfəndiyev

Rəşid bəy Əfəndiyevi bir maarifpərvər, bir pedaqoq, bir şair kimi biz uşaqlıq çağlarımızdan tanıyırdıq. Onun ağır illərdə xalqın balaları üçün yazdığı, tərtib etdiyi tədris məcmuələri, uşaq şeirləri, rus klassik şairlərindən etdiyi tərcümələr cəsarətlə demək olar ki, böyük fədakarlıqdır.

Quşlar, quşlar, a quşlar,

Qaranquşlar, a quşlar! –

şeri indi də bizim nəsildən olanların hafizəsindədir. Rəşid bəyin öz dövrünün qabaqcıl, tərəqqipərvər, proqressiv, azadlıq uğrunda mübarizə aparan nümayəndələrilə görüşləri, dostluğu öz xalqının vətənpərvər övladı olduğuna dəlalət edir. Gözəl bilirik ki, çar dövründə məktəblərimizdə ana dilimizdə şeirlərə, mahnılara çox böyük ehtiyac vardı. Bu ehtiyacı aradan qaldırıb azərbaycanlı balalarının köməyinə çatmaq istəyənlər sırasında Rəşid bəy Əfəndiyev də vardı.

Bəli, illər keçdi. Vətənimizdə sovet hakimiyyəti quruldu, xalq öz müqəddəratını əlinə aldı, çar dövründə millətin səadəti, mədəniyyəti haqqında düşünən, çarələr axtaran Rəşid bəy indiki bu qaynar həyatdan, bu coşqun hərəkatdan kənarda qala bilməzdi. O, Oktyabr inqilabının futuhatını, qələbələrini ürəkdən alqışladı. Rəşid bəy yaşının çoxluğuna baxmayaraq coşqun gənclik həvəsiylə, ehtirasilə

ömrünün mənalı illərini millətinin tərəqqisinə, yüksəlişinə həsr etdi.

O, rus dilini çox gözəl bilirdi və bu dilə dərin məhəbbət bəsləyirdi. Onun Puşkindən, Lermontovdan məhəbbətlə tərcümə etdiyi şeirlər buna sübutdur.

Məncə Rəşid bəy Puşkinin “Bağçasaray çeşməsi” poemasının giriş hissəsini çox məharətlə tərcümə

etmişdir. Bu poemanı sonralar böyük ədibimiz Məmməd Səid Ordubadi də tərcümə etdi. Səidin tərcüməsi küll halında gözəldir. Rəşid bəy poemanın ilk iki sətrini belə çevirmişdir.

Oturmuş fikrə piçidə çubuq əldə Gəray durmuş,

Hüzuri-dəhşətə qol bağlamış əhli-saray durmuş.

Çox yaxşıdır. Bu iki sətirdə biz həm Gərayın əhvali-ruhiyyəsini hiss edir, həm də saray əhalinin necə vahimə keçirdiyini görürük. Bu tərcümə Rəşid bəyin Puşkin ədəbi irsinə dərin məhəbbətinin təzahürüdür. Rəşid bəy Əfəndiyev sanki yenidən cavanlıq dövrü keçirirdi. Gündən-günə çiçəklənən, gözəlləşən vətəni tərənnümdən böyük zövq alırdı.

Rəşid bəy Əfəndiyev yeni yaranmaqda olan proletar ədəbiyyatnın qızğın tərəfdarlarından, təbliğatçılarından biri oldu. O da Cəlil Məmədquluzadə, Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq kimi bu hərəkatı alqışladı və bu gənc orduya qoşuldu. Rəşid bəy Əfəndiyev Şəkidə yaşayırdı. O, tez-tez gənc qızıl Qələmlər İttifaqına məktublar yazırdı. Gənclərin müvəffəqiyyətlərinə ürəkdən, candan sevindiyini bildirirdi. Yadımdadır. Mən 1927-ci ildə Şəkiyə gənc Qızıl qələmlər ittifaqının bölməsini təşkil etməyə getdim. Yevlaxdan kiçik, köhnə bir avtobusa minərək çala-çuxurlu yollarla gəlib Şəkiyə çatdım. Avtobus dayanacağında xeyli fayton dayanmışdı.

Faytonçular iki görkəmdə idi. Bəziləri həddindən artıq şişman, bəziləri İsə olduqca arıq idi. Bir faytona minib mehmanxanaya doğru hərəkət etdik. Şəkinin təmiz havası, könül açan mənzərəsi yol yorğunluğumu apardı. Mehmanxanaya düşdüm. Bir saat keçməmişdi ki, Şəkinin həvəskar yazıçıları, şairləri yanıma gəldilər. Bu mənim gənc qələmlərlə ilk tanışlığım idi.

Axşamüstü pəncərədən şəhərin dağ hissəsini seyr edirdim. Birdən mehmanxananın qarşısında bir fayton dayandı. Faytondan əli əsalı, gözü eynəkli dolğun, bığı, saqqalı qar kimi ağ bir adam düşdü; mehmanxana qapısındakılar onunla hörmətlə salamlaşdılar. Dedim görəsən, bu hörmətli adam kimdir.

Birdən olduğum otağın qapısı astaca döyüldü. Tez qapını açdım, qarşımda faytondan düşən adam gördüm.

– Salam, oğlum, xoş gəlmisən, Rəşid bəy Əfəndiyev!

18

Qulaqlarıma inanmadım. Bakıdan yola düşərkən mütləq bu adamla görüşməyi qərara almışdım.

Artıq budur, o özü lapdan yanıma gəlmişdir.

Onunla mehribancasına görüşdük.

– Oğlum, mən sənin dalınca gəlmişəm. Özünü görməsəm də, səni mətbuat vasitəsilə yaxşı tanıyıram. Amma yaxşı iş görməmisən. Şəkiyə gələsən, özü də mehmanxanaya düşəsən, tez ol, otaqda nəyin varsa götür gedək bizim evə.

Mən dedim:

– Hörmətinizə görə təşəkkür edirəm. Lakin burda qalsam, yaxşıdır. Çünki məni cavanlardan və

təşkilatlardan axtaranlar olacaq.

“Oğlum nə olar ki… Məgər cavanlar, təşkilatlar Rəşid bəyin evini tanımırlar. Getməsən, məni incitmiş olarsan”. Bunun üstündən artıq bir söz demək olmazdı. Faytona minib Rəşid bəygilə getdik.

Rəşid bəyin ailəsi bizi öz ləziz xörəklərilə heyran etdilər. Mən Şəki şüyütplovunun, Şəki şirnilərinin adını, tərifini eşitmişdim, amma dadını bilmirdim. Mən bunları ilk dəfə Rəşid bəyin evində gördüm.

Sanki dadı indi də ağzımdadır.

Rəşid bəyin sinəsi canlı, maraqlı, xatirələrlə dolu idi. Söhbətimiz gecə yarıya qədər çəkirdi. O, məni vaxtilə çap olunmuş və olunmamış səhnə əsərlərilə də tanış etdi.

Biz Şəkidə, Azərbaycan gənc Qızıl qələmlər ittifaqının şöbəsini təşkil etdik. Yerli təşkilatların, gənc həvəskar yazıçıların arzusuyla Rəşid bəyi bu bölməyə sədr seçdik.

Bu, Rəşid bəyi bir qədər cavanlaşdırdı. Şəkidə olduğum müddətdə Xan sarayını gəzdim. Evlərə

qonaq çağırıldım. Hər evdə yenə də məşhur Şəki plovu və şirniyyatı daddım. Bakıdan Şəkiyə yola düşərkən, bir şəkili qələm dostum mənə demişdi ki, “sənə bir kağız verim, dostlarım səninçün şüyütplov bişirtsinlər”. Mən ondan kağız almadan Şəkiyə gəlmişdim. Mənə kağız vermək istəyən dostum səhv edirmiş. Çünki mən plovu hər evdə kağızsız yedim. Ondan kağız almış olsaydım, bəlkə

də, Şəkidə yediyim plovları o öz kağızının hesabına yazardı.

Şəki ziyalılarının təşəbbüsilə Şəkidə bir ədəbi gecə təşkil edildi. Ədəbi gecəni Rəşid bəy idarə

edirdi. Şəkinin gənc qüvvələri ilk dəfə idi ki, kütlə qarşısında çıxış edirdilər. Gənclər tribunaya qalxanda həyəcan keçirirdilər. Nədənsə iştirak etdiyim məclislər gülgüsüz, hadisəsiz olmur.

Bəli, bu ədəbi gecə də bunsuz olmadı.

Rəşid bəy çıxış edənlərin böyük siyahısını tutmuşdu. Onlara söz verdikdə siyahıya baxıb belə

deyirdi: “Söz verilir Şəkinin birinci şairinə, söz verilir Şəkinin ikinci şairinə və i.a.”

Çıxış edənlərə gecənin sonuna qədər bu şəkildə söz verildi. Salonda oturmuş bir nəfər tez-tez əl qaldırıb söz istəyirdi. Rəşid bəy isə bu adama əsla əhəmiyyət vermirdi. Bu əl qaldıran adam mənim nəzərimdən qaçmırdı. Nəhayət, dedim:

– Rəşid bəy, yaxşı deyil axı. Bəlkə əl qaldıran adamın bir sözü, bir təklifi var. Xahiş edirəm ona söz verin.

– Oğlum sən onu tanımırsan axı. Şulux sala bilər.

– Niyə şuluq salır. Qorxmayın ona söz verin.

Nəhayət, Rəşid bəy elan etdi ki, “İndisə söz verilir Şəkinin 37-ci şairinə”.

Tribunaya ortayaşlı, üzügülər bir adam qalxdı. Salonda bir gülüş oldu.

Tribunadakı adam çox ciddiyyətlə şairanə görkəm alıb belə başladı: Çəpərdə oturmuşdu sərçə,

Düşdü kəndirə oldu büryan…

Rəşid bəy ayağa qalxıb dedi:

– Əbucabbar bəy, ayıbdır axı, sən nə özünə, nə bizə hörmət qoyursan. Bu nə cəfəngiyyatdır ki, oxuyursan.

Rəşid bəyin dediyi Əbucabbar bəy aşağı düşərkən dedi:

– Acığın niyə tutur Rəşid bəy, Şəkinin 37-ci şairi mənim kimi olar.

Mən sonra öyrəndim ki, bu Əbucabbar kişi Şəkinin ən zarafatcıl, hazırcavab adamlarındandır.

19

Mən Bakıda bir neçə məclisdə onunla görüşüb söhbətlərindən zövq aldım.

Bu səfərdən başqa Rəşid bəylə digər vaxtlarda da Bakıda, təkrar Şəkidə bir neçə dəfə görüşmüşəm.

Şəkidə bölmə düzələndən sonra gənc şairlərin, yazıçıların şeirləri “Şəki fəhləsi” qəzetində və ayda bir dəfə qəzetə əlavə olaraq nəşr edilən ədəbi səhifələrdə şeirləri, hekayələri, oçerkləri dərc edilirdi.

Bu səhifələrdə Rəşid bəyin məqalələrinə və şeirlərinə də yer verilirdi. Rəşid bəyin o illərdə Bakı mətbuatında da bir sıra şeirləri çap olunmuşdur.

1937-ci il “Maarif və mədəniyyət” məcmuəsində də maraqlı bir şerini dərc etdik.

Həmin şeirdə bu sətirlər səslənirdi.

Əcəb nə keçdi o dövran əhli bazar idi.

Nə qəlbi şad, nə də ruhunda bir fərəh var idi.

Sirur, zövq nadir, bilməziydi, əğyar idi.

O əsr-lənətə layiq, zəmanəyi çar idi.

Tamam varlığım ilə həyatım ağlar idi.

Bütün o dövrdəki xatiratım ağlar idi.

Həyatın bər cəhəti cəbridi, fəlakət idi,

Xəlayiqi bürüyən fəqridi, səfalət idi,

Çəkil, çəkil, geri dur, Şaki, hər şikayətdən,

Alıb qızıl qələmi sən də yaz həqiqətdən,

O vaxt Şəkidə şair Nikamın adına bir küçə vardı. Mən bir dəfə Rəşid bəylə o küçədən keçərkən dedi:

– Kim bilir, bəlkə gündən-günə gözəlləşən, bu şəhərdə bir küçə də mənim adımı daşıyacaq.

Rəşid bəy belə bir adamdı.

20

Nazim Hikmət

Düşünən beyni Moskvaysa ölkəmizin,

Təzə qan dağıdan qəlbidir Bakı!

Bu sətirlərin müəllifilə gənclik illərində hələ şəxsən tanış deyildim. O, Moskvadan “Maarif və

mədəniyyət” adlı ədəbi, ictimai xarakterli jurnalımıza tez-tez, böyük ürək oduyla yazılmış gözəl şeirlər göndərərdi. Nazim Hikmətlə əvvəlcə qiyabi tanış olduq. Bir-birimizə məktublar yazdıq. Yeni, novator poeziyamız haqda fikir mübadiləmiz oldu. Nazim bizim Azərbaycan sovet poeziyasi ilə çox maraqlanırdı. O, bizim oxucuların nə mövzuda, nə ruhda şeirləri xoşladığını bilmək istəyirdi.

Az bir zamanda Azərbaycan oxucuları türk xalqının vətənpərvər, inqilabçı, istedadlı şair oğlunu ürəkdən sevdi və alqışladı.

Nazim Hikmət Bakı həyatilə tanış olmaq və şairlərimizlə gorüşmək arzusuyla çırpınırdı.

Məktublarında gənc şairlərin jurnal səhifələrində çap olunmuş şeirləri haqqında öz səmimi fikirlərini yazırdı. Azərbaycan poeziyasına öz məftunluğunu bildirirdi. 1927-ci ildə mən bir neçə

məktubumda onu Bakıya qonaq çağırdım.

Nəhayət, bir gün dostumuz Nazim Hikmət öz həyat yoldaşıyla birlikdə, qatarla, aşağıdakı sətirləri yaza-yaza Bakıya doğru gəlirdi.

Tıqırdıyor trenin rayda təkərlikləri,

Devrilərək keçiyor teleqraf dirəkləri.

Yan belimə qədər uzandım pəncərədən,

Tərə səsilə dolan havalan dinlədim.

Nazimin Moskvadan Bakıya gələrkən yolda yazdığı “yolçuluq notlarından” sərlövhəli şeirləri çox gözəl poeziya nümunələridir.

Bəli, Nazim Hikmət Bakıya gəldi. Bir-birimizi yaxından tanıdıq. Dostlaşdıq. Aramızda qızğın yaradıcılıq söhbətləri, ədəbi mübahisələr başlandı.

O zaman Mikayıl Rəfili, Əli Nazim, Vəli Hacıoğlu, Əli Hüseynzadə, Əbdülbaqi Fövzi, bir söz hamımız dostumuzun Bakıdakı günlərinin səmərəli keçməsinə çalışırdıq.

Nazim Bakıya gəlişindən çox razı idi.

Bir axşam indiki akademiyanın binasında şairin oxucularla görüşünü təşkil etdik. Salondakılar Nazimi tribunadan buraxmırdılar. Bu gecə doğrudan da böyük şeir bayramı idi. Nazim sözün əsil mənasında novator şairdi. Nazim dənizi çox sevirdi. Vaxtımızın çoxunu onunla birlikdə, Xəzər sahilində keçirirdik. Axşamları qayıqla gəzintiyə çıxırdıq. Dənizdən gözəl şəhərimizi məhəbbətlə seyr edirdik. Nazim həsrətlə, ürək ağrısıyla İstanbulu xatırlayırdı.

Nazimi sonra bir neçə günlük Şüvəlana və Buzovnaya qonaq apardıq. Bir neçə gün Vəli Hacıoğlugilin bağında qaldıq. 12 yaşlı, pəhləvan gövdəli gənc Nazim idmanın bütün növlərinə yaxşı bələddi. Sahildə onunla güləşdiyimiz, qollarımızın gücünü sınadığımız, xatirimdədir. O günlər bizim üçün çox əziz günlərdi.

Günlər, həftələr, aylar keçdi. Nazimlə Moskvada proletar yazıçılarının birinci qurultayında və

plenumlarında tez-tez görüşərdik.

Yadımdadır, Nazimi Ümumittifaq proletar yazıçıları qurultayına Azərbaycandan nümayəndə

seçmişdik.

O zaman Moskvada Nazim kimi təhsil alan başqa türk gəncləri də vardı. Nazim bizi onlarla da tanış etdi.

27-ci ilə qədər Türkiyədə və Sovetlər ittifaqında Nazimin şeirləri yalnız qəzet və jurnallarda dərc edilmişdi. Nazimin hələ bir kitabı yox idi. Onun ilk şeirlər kitabı Bakıda çap olundu. Jurnallarımızda 21

çap olunmuş şeirlərini toplayıb “Günəşi içənlərin türküsü” adıyla nəşr etdiyimiz üçün o bizə öz minnətdarlığını bildirdi. Kitaba bu adı da biz verdik.

Bu Nazimin ən gözəl şeirlərindən birinin adı idi. Bu kitabın nəşri gənc Nazimin şairlik həyatında bir şənliyə, hadisəyə çevrildi.

Sonra uzun illər Nazim Hikmətlə görüşmədik. O öz doğma vətənində illərlə həbsxanalar küncündə ömür sürdü. Lakin mübariz şairin iradəsi, mətanəti sarsılmadı. Nazim məşhur “Zoya”

poemasını müharibə illərində zindanda yazdı.

İllər illəri əvəz etdi. Nazim Hikmətlə yenidən Moskvada görüşdük. Mikayıl Rəfili ilə birlikdə

Nazimin yanına getdik. Bu gün biz onun qonağı idik. Nazim qarşımıza döşü önlüklü çıxdı. Biz gülüşdük. Mən ona

– Nazim, şairlikdən aşpazlığa keçmisən, nədir? – dedim.

O, gülərək cavab verdi:

– Dost yolunda aşpazlıq etmək fənami şeydir? Bu gün sizə, əski dostlarıma hörmət deyə mətbəxdə

özüm yemək hazırlayıram. Sırf türk yeməkləri. Bən buna zindanda alışdım. Siz söhbətlə məşğul olunuz, mən də mətbəxə gedim.

Nazim, doğrudan da, süfrəyə çox dadlı yeməklər düzdü. Döşlüyünü çıxarıb bizimlə oturdu.

Süfrə arxasında da söhbət şeirdən gedirdi. Nazim bizə yeni şeirlərini oxudu. Öz şəxsi həyatından, acı zindan xatirələrindən, nə kimi əsərlər üzərində çalışdığından xeyli danışdı. Yaşa dolduğuna baxmayaraq davranışı, danışığı, coşqun şairlik ehtirası narahat bir gənci andırırdı. Bu görüşlərdə

Nazim Hikmətin ağır ürək xəstəliyinə tutulduğunu duymaq, hiss etmək çətindi.

Nazim Hikmət bir şair kimi, dostluq, sülh və azadlıq carçısı kimi dünyanın bir çox ölkələrini gəzib, dolaşmışdır. Onun alovlu, tribun şeirləri demək olar ki, dünyanın bir çox xalqlarının dilinə tərcümə

edilmişdir.

Azərbaycanda da Nazimin şeirlərdən, pyeslərdən ibarət kitabları çap olunub çox geniş yayılmışdır.

Nazim Hikmət şerimizin dahi ustadları Nizami, Füzuli, Sabir, yazıçı və dramaturqlarımızdan Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı haqqında böyük məhəbbətlə danışardı.

Nazim Hikmət ikinci dəfə Sovetlər İttifaqına gələndən sonra da, Bakıda bir neçə dəfə olmuşdur.

Respublikamızın gündən-günə gözəlləşməsi, insanların firavan, xoşbəxt həyat sürməsi, mədəniyyətimizin çiçəklənməsi, zəhmətkeşlərin xariqələr yaratması onu ürəkdən sevindirirdi. Mehdi Hüseynlə mən onu Gəncəyə, Göy gölə, Şəmkirə və Qazaxa apardıq. Nazim yollarda maşını saxlatdırıb kolxozçularla şirin söhbət edirdi. Həsrətlə öz türk milləti haqda düşünürdü.

Nazim Hikmətlə dostluğumuzun indi 43 illik tarixi vardır. Onu da deyim ki, Nazim həm də çox kəskin zəkalı, hazırcavab, incə zarafat sevən bir adamdı.

O, bir dəfə gülə-gülə mənə belə dedi:

– Qardaşım, sənin necə şair olduğunu bilirdim. Lakin yeni Molla Nəsrəddin olduğundan xəbərsizdim. Həkimlər mənə ürək xəstəliyimə görə dərd çəkməyi deyil, gülməyi, vaxtı şən keçirməyi məsləhət görürlər. Məncə artıq həkimlərə ehtiyac qalmır. Ya mən sənin yanında Bakıda qalım, ya da sən mənim yanıma Moskvaya köç.

Bu söhbətdən sonra Nazim istər görüşümüzdə, istərsə, məktublarında mənə:

– Mərhəba, ya molla Süleyman, mərhəba Nəsrəddin xocam, mərhəba ya Süleyman, Peyğəmbər, –

Ücretsiz ön izlemeyi tamamladınız.

₺67,51
₺135,03
−50%