Kitabı oku: «Hekayələr», sayfa 3
MOLLA QASIM
Molla Qasım öz arvadı Zeynəb ilə Güllücə kəndində ömür sürürdülər. Bunların İrandan Azərbaycana haçan keçməsi kəndin ancaq bir neçə qocasının xatirində idi. Yerdə qalanları isə gözlərini açıb onları Güllücədə görmüşdülər.
Molla Qasım İrandan gəldiyi zaman bir çox böyük-kiçik kəndlərdə dolaşaraq nağıl etdiyimiz Güllücə kəndini bəyənib seçmişdi. Bunda da bir sirr vardı.
Mərkəzdən uzaq, qışlaqdan yaylağa uzanan yolun bir cığırımında, kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olmuşdu. Əhalisi isə nəhayət dərəcədə avam, dini-mövhumat və bütpərəstlikdən qalma adətlər ağuşunda boğularaq həkimsiz, dərmansız yaşayırdı.
Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki kələyi varsa, işlədə biləcəkdir. O idi ki, hərif bu kəndi və onun camaatını bəyənmişdi. Molla Qasımın fikri yanlış çıxmadı, az bir zamanda o, kəndin həm ticarət, həm mollalıq, həm də həkimlik, ağsaqqallıq və qeyri vəzifələrini əlinə keçirərək rahat yaşamağa başladı.
Molla Qasımın ticarət mənbəyi olan balaca dükanına universal adı versək, səhv etmərik, çünki bu dükanda əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri mövcud idi.
Molla Qasımın bu "məta" mallarının qızğın alış-verişi el dağa köçən zaman və dağdan enən zaman olardı. Bu vaxt Molla Qasım dükanın mallarını artırardı, çünki böyük təcrübəsindən bilirdi ki, kəndlilər taxıllarını biçib döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər, coluq-çocuqlarına, gəlin-qızlarına tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar.
Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. Molla Qasım borcunu tələb edəndə borcluları deyərdilər:
− A Molla Qasım, özün bilirsən ki, bu zaman bizdə pul olmaz.
− Pul yoxdur, toyuq, ördək, qaz, qoz ki vardır. Arvadlarınız da corab, şal, palaz toxuyurlar. Bunlardan gətirin, borclarınıza hesab edək, − deyə Molla Qasım onları məzəmmət edərdi.
Molla Qasım Güllücə kəndinə kim tərəfindən molla təyin edilmişdi, bilən yox idi. Əslinə baxsan, heç kəs tərəfindən. Başqa vəzifələri kimi bunu da o özü qəsb etmişdi və bu mətləbi də qaldıran bir adam yox idi. Molla Qasımın qəsdi avam və nadan kəndlilərə şəriət öyrətmək, xeyir-şərlərini anlatmaq deyildi və özünün də bu barədə artıq məlumatı yox idi. Onun məqsədi yenə də pul qazanmaq idi. Hətta kəndlilər bir məktəb açmaq fikrinə düşdükdə Molla Qasım mane olub demişdi:
− Canım, siz kəndlilərə məktəb nə lazımdır? Uşaqlarınızı oxutsanız, öz əkinçilik sənətini atıb şəhərlərə qaçarlar, sizi də köməksiz qoyarlar. Bu fikirdən daşının, ağrımaz başınızı bəlaya salmayın.
Molla Qasımın həkimliyinə gəldikdə ondan-bundan bir neçə dərman adı öyrənib hər cür azar olursa-olsun o bildiyi dərmanın birini imtahan edərdi. Xəstə şəfa tapmayıb öləndə deyərdi: “Əcəli yetən adam öləcəkdir, istər həkimi Loğman da ola. Öldürmək, diriltmək xudavəndi-aləmin əlindədir. Aciz bəndə burada bir şey edə bilməz”.
Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub; kəndin bir erkəyi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. Uşaqlar onu gördükdə qorxub qaçardılar. Kənd əhli bu qarıya "həcəmət" Zeynəb ləqəbini vermişdi. Zeynəb yırtıcı quş gözlü, qoyduğu həcəmət kimi beli əyilmiş, dilavar, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. Əri xəstə üstə getdikdə, ya ölü üstə aparıldıqda o, dükanda oturub alış-veriş edərdi. Bundan əlavə, körpə uşaqların həkimliyi, kəndin mamaça və elçiliyi bunun öhdəsində idi. Bir sözlə, Molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyərdi.
Hər bir xəsis adamda olduğu kimi, bunda da təbiət böyük qorxaqlıq yaratmışdı. Hərgah gecə vaxtı həyətdə bir qaraltı, bir səs gəlsəydi, dışarı çıxmaqdansa, qapıları bərkidib Zeynəb qarını göndərərdi ki, görsün nə var. Biləks, Zeynəb qarı çox qoçaq bir qadın idi, ərinə deyərdi:
− Bilməyirəm mən olmasaydım, sən bu vəhşi camaatın içində necə yaşaya bilərdin?
Molla Qasımın bir sifətini də söyləməliyik. O da avam kəndlilər kimi mövhumata inanıb qorxmağı idi. Ələlxüsus, dostu Zeynal kişi keçən cümə ona bu hadisəni nağıl etməklə cinlərə etiqadını möhkəmləşdirmişdi.
− Molla Qasım, xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. Arvad-uşağı yaylağa köçürüb özüm aranda qalmışdım. İşlərimi qurtarandan sonra uşaqlar üçün bir kisə un və qeyri azuqə tədarük edib boz qatıra yüklədim, yola düşdüm. "Cinli" dağdan qorxa-qorxa keçirdim. Bir zihəyat yox idi. Məni vahimə götürmüşdü. Birdən qulağıma zurna səsi gəldi. Diqqət ilə baxdıqda iki dağın arasında camaat gördüm, yəqin etdim ki, toydur, qatırımı onlara tərəf sürdüm, yaxınlaşdıqda bir cavan oğlan qabağıma çıxıb dedi:
− Zeynal kişi, sən çox xoş gəlmisən, buyur, burada toyumuz var, bir az rahat ol, ye, iç, sonra gedərsən.
Oğlan qatırın cilovundan tutub yoldaşlarına tərəf çəkdi. Onlara çatdıqda məni qatırdan düşürtdü. Qatırı bir kola bağlayıb məni hazır süfrəyə dəvət etdi.
Qonaqlar:
− Buyur, buyur, Zeynal kişi, sən bizim toya xoş gəlmisən, − deyə salamladılar. Süfrənin başında əyləşdirdilər. Məni heyrətə gətirən bir şey vardı: o da hamı məni tanıdığı halda, mən heç kəsi tanımayırdım. Plov süfrəyə gəldikdə məni toya təklif edən oğlan dedi:
− Zeynal kişi, təama şüru edin, ancaq ürəyinizdəki sözü demə.
Bunu eşitcək, Molla Qasım, sənin sözün yadıma düşdü. Yəni hər şeyi başladıqda bismillah deməli. Mən bismillah deyəcək, hamı yox oldu. Gördüm boz qatırın üstündəyəm. Heyvan bir kolun qabağında dayanıb dincini alır. Bunu gördükdə qan-tər məni basdı. Heyvanı rahat qoymayıb qamçıladım. Bir azdan sonra bu cin məkanından uzaqlaşdım. İndi də bu hadisə yadıma düşəndə tüklərim biz-biz durur.
Molla Qasım:
− Zeynal kişi, cin-şəyatin biz bəni-adəmin düşmənidir. Hər cildə girib bizləri haqq yoldan çıxarmaq fikrindədirlər. Ancaq gərək Allahdan uzaqlaşmayasan, onda heç şey edə bilməzlər, − deyərdi.
* * *
Hekayəmizin qəhrəmanları belə ömür sürməkdə ikən Azərbaycanda şura hökuməti quruldu. Sair kəndlər kimi Güllücə kəndində də kənd şurası düzəlib yeni şura yaşayışı başlandı. Qızlar və oğlanlar üçün məktəblər açıldı, böyüklər üçün də savad kursları. Kəndliləri yeni quruluşun qanunu ilə aşna etmək və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular.
* * *
Xanənişin olmuş Molla Qasım bir dəfə öz dostu Zeynal kişi ilə belə yığıncağa getmişdi. Natiq din və məzhəbdən bəhs etdi:
– Din və məzhəb yoxsulları zəncirləyib ağalara və sərvətdarlara qul etmək üçün yaradılmışdır.
Din yoxsullar üçün bir tiryəkdir ki, onları həmişə qəflətdə saxlayıb oyanmaqlarına mane olmuşdur. Ruhanilər hökmranların, sərvətdarların min dürlü zülmünə davam etdirmək üçün, "Yoxsullar, səbir edin, böyüklərin ehtiramını saxlayın, onların itaətində olun ki, axirətdə Allahın behiştinə nail olasınız, yoxsa əbədilik cəhənnəmin oduna yanarsınız", − deyə yoxsul sinfə bu dünyada cəhənnəm çəkdirib onların zəhməti ilə özlərinə behişt qurmuşlar…
Bu nitqi eşitdikdə Molla Qasımın bədəninə titrətmə düşdü. Qorxudan daha məsciddə qala bilməyib evinə gəldi.
* * *
Nağıl etdiyimiz zamandan üç il keçdi. Zeynəb qarı hələ ümidini kəsməmişdi. Hey tas qururdu ki, şura hökumətini yıxsın, amma bolşeviklər tilsimə düşməyib günü-gündən möhkəmləşirdilər. Güllücə kəndini indi tanımaq belə olmurdu. Bataqlı küçələri düzəlib, gecələr elektrik ilə işıqlanırdı. Cavanlar tərəfindən teatr tərtib olunmuşdu. Qadınlar üçün klub açılmışdı.
El yaylağa köçən zaman idi. Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. Zeynəb qarı da gilas və ərik qaxı qurudurdu. Bu halda darvaza döyüldü. Zeynəb qarı gedib açdı. Bir cavan kəndli yedəyində iki at qapının dalında durmuşdu.
Zeynəb qarı soruşdu:
− Nə istəyirsən?
− Zeynəb nənə, molla əmi evdədirmi?
− Bəli, evdədir, içəri gəl.
Kəndli atları küçədəki ağaca bağlayıb içəriyə girdi. Molla Qasım başını qaldırıb soruşdu:
− Qənbər, nə var? Xeyir ola, yoxsa Hacı Cəfər naxoşlamış?
− Xeyr, molla əmi, atam salamatdır. Ancaq uşaqlıqdan bizim evdə tərbiyə almış bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. İndi onu dəfn etmək üçün sizi aparmağa gəlmişəm. Yoldan kənar qəbir də hazır etmişik.
Molla Qasım istehza ilə dedi:
− Siz bolşeviklər Allaha, peyğəmbərə, imama, şəriətə inanmayırsınız. Daha molla nəyinizə lazımdır? Heyvan kimi üstünü torpaqlayın, çıxsın getsin.
− Molla Qasım, mənə qalsa, elə edərəm və sənə də əziyyət vermərəm, çünki əqidəmcə, meyit namazı qılsan da, qılmasan da, təfavütü yoxdur, ölü çürüyüb torpaq olacaqdır. Daha bundan bir də nə diriltmək və nə də sorğu-sual olacaqdır. Ancaq atam onu çox istəyirdi, deyir ki, gərək qayda ilə molla dəfn etsin.
Zeynəb qarı bu sözləri Qənbərdən eşitdikdə davam etməyib dedi:
− Allah sizin kökünüzü dibindən kəssin, dinsiz mürtədlər. Tükəzban kimi Allah bəndəsi arvaddan belə kafir oğul törəsin?
Qənbər gülərək cavab verdi:
− Ay Zeynəb nənə, mən kafir öləndə nə molla əmi zəhmət çəkib namazımı qılsın, dəfn etsin, nə də sən ağlaşma qurub şaxsey vurasan. Ancaq məni atam göndəribdir ki, molla əmi gəlib Qədiri dəfn etsin. At da gətirmişəm. Zəhmət haqqınızı da alacaqsınız.
Molla Qasım pulun adını eşitcək yumşalıb dedi:
− Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. Anan da Zeynəbin bacılığıdır. Onların xatiri üçün razı oluram.
Molla Qasım qalxıb geyindi, Qənbərin köməkliyi ilə atı mindi və hər ikisi yola düşdü. Yolda Molla Qasım Qənbərə nəsihət edirdi. O da cavabında deyirdi:
− A Molla Qasım, biz yoxsullar bu dünyada oda yanmışıq, bir də sən deyən dünyada yansaq, bu, ədalətsizlik olar və sən də deyirsən ki, Allah adildir, zalım deyil.
Molla Qasım hər nə dəlil gətirirdisə, Qənbər cavabını verib onu məəttəl qoyurdu. Belə bəhs edərək gəlib bir kolluq və qaranlıq yerdə qazılmış qəbrə çatdılar.
Orada iki kəndli, Rəhim və Kərim qəbrin yanında oturub bunları gözləyirdilər.
− Kərim, mollanın atını tut, − deyə Qənbər atdan düşdü.
Molla Qasım ölünün meyit namazını qılıb qurtardı. Onu qəbrə qoydular. Molla Qasım ölünün təlqinini oxuyan zaman Qənbər yoldaşlarına dedi:
− Molla duasını oxuyunca biz də başdaşını gətirməyə gedək.
Kəndlilər getdilər. Molla Qasım qəbirdən çıxan torpağın üstə çömbəlib ərəb dilində kürd Qədirə axırıncı imtahanlarını öyrədirdi. Qəflətən ayaqlarının altından torpaq qaçıb qəbrə yıxıldı. Molla Qasım gördü ki, ölünün ayaqları yuxarı qalxdı. Bundan qorxaraq onun ayaqlarını əli ilə basdı. İndi də ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi.
Aradan bir on dəqiqə keçmiş kəndlilər üçlükdə bir iri daş gətirərək gəlib çıxdılar. Daşı qəbrin yanında yerə saldılar.
Kəndlilər qəbrə baxdıqda gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz uzanmışdır. Rəhim qəbrə enib yoldaşlarının köməyi ilə Molla Qasımı bayıra çıxartdı.
Hər üçü Molla Qasımı huşa gətirməyə çalışdı. Xeyli səydən sonra Molla Qasım özünə gəldi. Üzündən qan qaçıb meyit rənginə dönmüşdü. Qənbər soruşdu:
− Molla əmi, sənə nə olmuş? Bu nə halətdir?
Molla Qasım zəif və titrək səslə dedi:
− Ölü xortlamış, ayağa qalxmaq istəyirdi… məni boğdu… sonra bilməyirəm nə oldu… Məni tez Zeynəbə yetirin…
Bunu eşitdikdə kəndlilər biixtiyar qarınlarını tutub qəhqəhə ilə gülməyə başladılar.
− Bizim etiqadlı mollamız, heç ölü də xortlarmı, ölən adam da dirilərmi? Ay alim Molla Qasım, beləmi əqidə ilə biz avam kəndlilərə yolgöstərici olmuşdun? − deyə Qənbər Molla Qasıma məzəmmət etməyə başladı.
Molla Qasım dedi:
− Mənə inanmayırsınız, qəbrə girin baxın.
− Baş üstə, Molla Qasım, bu saat qəbrə enib sənə səhih xəbər gətirəcəyəm, ancaq özün də qorxmayıb qəbrə baxasan, − deyə Qənbər qəbrə endi.
Molla Qasım qorxa-qorxa oraya baxırdı. Qənbər ölünün ayaq tərəfindən basdıqda meyitin baş tərəfi dikəldi.
− Gördünüzmü, − deyə Molla Qasım titrəyə-titrəyə soruşdu.
Qənbər ölünün baş tərəfindən basdıqda ayaq tərəfi qalxdı. Molla Qasım:
− İndi mənə inanırsınız.
Qənbər əlini meyitin baş tərəfinə soxaraq Rəhim və Kərimə dedi:
− İkinizə də lənət olsun, belə də qəbir qazarlarmı? Qəbrin ayaq və baş tərəfini qazıyıb çuxura salmısınız, amma ortasını dik qoymusunuz. Əlbəttə, meyitə əl dəydikdə ləngərlənəcəkdir.
Bunu eşitdikdə Kərim gülüb dedi:
− Ay Molla Qasım, yazıq Qədir xortlamamış, biz xortlamışıq.
Kəndlilər Qədirin meyitini çıxarıb qəbri düzəltdilər. Sonra yenə qəbrə qoyub basdırdılar. Molla Qasımın at üstə tək oturmağa taqəti yox idi, onu Kərimin tərkinə mindirib qurşağı ilə bağladılar ki, atdan yıxılmasın. Bu tövr ilə Qənbər və Kərim Molla Qasımı evinə gətirdilər. Zeynəb qarı ərini belə gördükdə qışqırıq saldı.
− Zeynəb nənə, qorxma, molla əmiyə heç bir şey olmamış, zəiflikdən atda özü otura bilmədi, onun üçün belə gətirmişik, − deyə Qənbər onu sakit etdi.
* * *
Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. Bu əhvalat kənd əhli arasında yayıldı. Nadinc uşaqlar Molla Qasımın evinin yanından keçdikdə bağırırdılar:
− Molla Qasım, qaç, xortdan gəldi.
Molla Qasımın azarı getdikcə artırdı. Axırda el dağdan enən zaman, ağartının qızğın alver vaxtı Güllücə kəndinin sabiq mollası, həkimi, taciri, ağsaqqalı və sairə vəzifə sahibi Molla Qasım vəfat etdi.
TƏBRİK
Çar zamanı idi… Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.
Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif qaradamlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət vergisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Rüşvətxor çar məmurları seçki zamanı onun tərəfini saxladıqları üçün məzlum kəndlilər hər iki qüvvədən qorxaraq Hümmətəlinin ziddinə getməyə cürət edə bilməzdilər, o da kəndxuda seçilərək hökmranlığını sürərdi.
Son zamanlarda qonşu kənddə yaşayan Xankişi dövlətlənmişdi. Seçki zamanında Hümmətəli ilə mübarizə aparırdı. Xankişinin axırda ona qalib gəlməsini Hümmətəli hiss edirdi. Çox çəkişmədən sonra Hümmətəli bu fikrə gəlmişdi ki, onunla qohumlaşıb öz tərəfinə çəksin. Bu yolda xeyli tələlər quraraq axırda məramına nail oldu. Belə ki, Hümmətəlinin qardaşı qızı Məlahət Xankişinin oğlu Qaraoğlana bu gün nişanlanacaqdı. Hümmətəlinin övladı olmamışdı, bunun səbəbini arvadı Xədicədən görərək onun üstə yeni arvad almışdı. Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. O idi ki, günüsü ilə yola getməyərək axırda onu boşatmağa müvəffəq olmuşdu.
Hümmətəlinin qardaşı Səfdərin də Məlahətdən başqa övladı olmamışdı. Atası Məlahəti çox istərdi və azadə böyüdürdü. Məlahət səkkiz yaşına çatdıqda atası vəfat etdi. Hümmətəli Məlahəti öz evinə gətirərək onun malına və ixtiyarına sahib oldu. Yazıq uşağın o gündən də müsibətləri başlandı. Sonsuz Xədicə ilk günlərindən Məlahəti sevmədi. Bu gözəl və sağlam qızcığazı görməyə belə gözü yox idi, heç bir şey üstə onu danlardı, döyərdi. Qıvırcıq və topuqlarına qədər sallanan saçları da biçarə qızın başına bir bəla kəsilmişdi. Xədicənin hər bəhanəsi qurtardıqda:
− Gəl başını darayım, − deyə Məlahətin o gözəl saçlarını daraq dişlərində qıraraq topa-topa yerə atardı.
Hümmətəliyə gəldikdə Məlahət qorxudan onun ətrafına belə dolanmazdı, yoldaşları ilə gəzməyi, oynamağı əmisi ona qadağan etmişdi. Bu isə azadə yaşamış qızcığaza danlanmaqdan, döyülməkdən artıq təsir edirdi.
* * *
Yavas-yavaş qonaqlar toplanmağa başlamışdı. Hümmətəli xeyli mehriban onlarla salamlaşaraq hər kəsə oturmağa yer göstərirdi. Lakin kəndlilər harada oturmağı gözəlcə bilirdilər. Döşəklər dövlətlilər, ruhanilər üçün qoyulmuşdu…
Cənnətəli:
− Hümmətəlidən başqa, kəndxuda olmağa kim layiqdir? O kişi neçə ildir bizim zəhmətimizi çəkmiş, yenə də çəkməlidir.
Hümmətəli özünü bicliyə vurub dedi:
− Xeyr, daha mən yorulmuşam, bəsdir, başqasını seçək ki, necə əziyyətli vəzifə olduğunu bilsin. Hökumət vergisi üstə məndən rəncidə olursunuz, onu bilmirsiniz ki, töycülərin vaxtlı-vaxtında toplanıb xəzinəyə verilməsini hökumət məndən tələb edir… Mən bir hökumət quluyam, əmrə tabeyəm, mənə buyururlar, mən də sizdən tələb edirəm.
− Doğrudur, doğrudur, − deyə kəndlilər təsdiq etdilər.
Qara Hüseyn əlavə etdi:
− Canım, bir sözlə, dinmə ver.
Bu sözə kəndlilər gülüşdülər. Hümmətəli bu cür tülkülüklə kəndlilərin rəyini ələ alırdı. Xankişinin və dəstəsinin gec gəlməsi Hümmətəlini təşvişə salırdı. Qorxurdu ki, Xankişi fikrini dəyişsin, yenə ona düşmən olsun. Bu halda darvaza açıldı. Xankişi adamları ilə həyətə daxil oldu. Hümmətəli cəld qalxaraq onlarla salamlaşdı.
− Xoş gəlmisiniz, buyurun, − deyə onlara yuxarı başda yer göstərdi.
Qonaqlar oturdular. Söhbət təzələndi. Bir azdan sonra süfrə salındı, xörək ortaya gəldi. Təamdan sonra çay və şirni meydana gəldi. Əsl mətləb açıldı. Kəndlilər bu xeyir işi alqışlayaraq anladılar ki, Hümmətəlinin çəngəsindən qurtarmaq zamanı hələ gəlməmiş.
Qonaqlar dağıldıqdan sonra Xankişi Hümmətəli ilə otağa daxil oldu.
− Qızımı göstərin, görüm necə qızdır? − deyə Xankişi soruşdu.
On yaşında gəlin meydana gəldi.
− Pəh-pəh, maşallah, nə göyçək qızdır, − deyə Xankişi Məlahətin alnından öpdü. Sonra bir üzük çıxarıb onun incə barmağına taxdı.
Əhvalatdan xəbərsiz qız, Xankişiyə baxaraq sanki soruşurdu:
− Bu nə oyuncaqdır?
Xankişi xudahafiz edərək dedi:
− Qızım, salamat qal, səni qoca baban bəzəkli-düzəkli, başı üstə saxlayacaqdır.
* * *
Bu hadisədən iki il keçdi. Xədicənin Məlahətə etdiyi zülm getdikcə artırdı. Əmisinə gəldikdə o da Məlahətə başqa cür əziyyət verirdi. Həyətdən kənara çıxmağa izin vermirdi. Qonşuya, ya başqa bir yerə getmək lazım gəldikdə başına çadra örtərdi. Həmişə əmisindən bu sözü eşidərdi:
− Unutma ki, sən Qaraoğlana nişanlısan, özünü elə ismətli dolandır ki, nə mən, nə də adaxlın xəcalət çəksin. Yoxsa səni öz əllərimlə boğub öldürərəm.
Qaraoğlan adı gəldikdə yazıq uşağın bədəninə titrəmə çökürdü. O saat Qaraoğlanın vahiməli, pırtlaq gözləri və capıq surəti gözlərinin önündə dururdu.
Məlahət Xədicənin və əmisinin min cür əziyyətinə razı olurdu. Lakin gələcəkdə Qaraoğlana arvad olmağını beyninə sığışdıra bilmirdi. Uzun gecələri biçarə qız göz yaşı tökərək vahimə içində keçirirdi. Gah özünü yuxuda qaranlıq ormanda, heybətli bir ayı qucağında görürdü. Sonra ayı Qaraoğlana dönürdü. Gah da özünü havada yırtıcı qartal caynağında görürdü. Bu da sonra dönüb Qaraoğlan olurdu.
Qonşuları Piri babanın nağıllarının sonunda gözəl qızları heybətli divlər çəngəsindən qəhrəman mələkzadələr xilas edərdi. Balaca Məlahət də öz qurtuluşunu elə şahzadələrdən gözləyirdi. Lakin minlərcə məlahətləri divlərin çəngəsindən xilas edən mələkzadələr deyil, Böyük Oktyabr inqilabı oldu.
* * *
Kəndliləri soymağa adət etmiş Hümmətəli şura hökuməti zamanında quzu cildinə girərək min hiylə qurdusa da, kəndlilər onu heç bir yerə seçmədilər. Axırda yenə bir seçki zamanı bir neçə kəndliyə rüşvət vəd etdiyinin üstü açılaraq bilmərrə seçmək və seçilmək hüququndan məhrum olundu. Məyus qalmış Hümmətəliyə təsəlli verəcək bir şey vardısa, o da özü kimi, şura hökuməti düşməni və öz həmməsləki Xankişinin də seçki hüququnun əlindən alınması idi. Bu iki hərifin şura hökumətini görməyə gözləri yox idi. Lakin zahirdə özlərini hökumət tərəfdarı göstərirdilər. Yeri gəldikdə deyirdilər:
− Şükürlər olsun ki, zülmkar çar hökuməti məhv oldu, indi hökumət biz işçi və kəndlilərindir.
Lakin kənddəki füqəra komitəsi bu iki hərifi gözəlcə tanıyırdı… Onları qabaqlayaraq dinc, farağat oturmalarına əmr etmişdi. Əks surətdə hər ikisinin sürgün olacağını xəbər vermişdi.
Şura hökuməti bərpa olduğu gündən balaca Məlahətin də yaşayışı dəyişilərək bir bayram içərisində keçirdi. Buna ümdə səbəb İsmət xanım idi. Belə ki, Hümmətəlinin evində qadınlar klubu açılmışdı. Klub qadınlar arasında savadsızlığı ləğv etmək kursu açmışdı. Bu kursa İsmət xanım müdir təyin olunmuşdu. İsmət xanım Hümmətəlinin evində mənzil edərək Məlahəti öz qanadı altına almışdı. Onu, kursdan əlavə, öz otağında xüsusi oxudurdu. Kiçik vaxtında ana məhəbbətindən məhrum qalmış uşaq həqiqi ana məhəbbətini İsmət xanımda tapmışdı.
İsmət xanım Məlahətin nişanlı olduğunu bilib bu işi pozmuşdu. Məlahət buna artıqca şad idi. Evin alt mərtəbəsində iki qaranlıq otağa soxulmuş Hümmətəli və Xədicə İsmət xanımın böyük düşmənləri idi, lakin ona bir şey etməyi bacarmırdılar. Məlahət az bir zamanda savadsızlığını ləğv edərək başqa talibələri ötüb-keçmişdi. İsmət xanım uşağın belə zəka və səyini görərək onu darülmüəlliminə hazırlayırdı. Buna da Hümmətəli razı deyildi.
− Kəndli qızına oxumaq yaramaz. Oxumuş qız ayağıçarıqlı kəndliyə ərə getməz, − deyə Hümmətəli şikayətlənərdi.
Lakin İsmət xanım onun sözünə əhəmiyyət verməzdi.
Məlahət İsmət xanımın tərbiyəsi altında böyüyərək on beş yaşına çatdı. Bu gözəl qızı almaq çox cavan oğlanın fikrindən keçirdi, lakin hökumətdən qaçaq düşən Qaraoğlandan qorxaraq heç kəs cürət edib Məlahətə elçi düşə bilmirdi. Bir il əvvəl nəşrə başlanmış "Şərq qadını"nı Məlahət çox sevərdi. Qadınlar şöbəsinə gələn nömrələri oxuyub artıq maraqlanardı. İsmət xanım Məlahətin bu jurnala olan həvəs və məhəbbətini görüb dedi:
− Məlahət, nə üçün sən də başqa kənd qızları kimi sevgili jurnalına müxbirə olmursan?
− Qorxuram yazdığımı çap etməsinlər, − deyə Məlahət cavab verdi.
− Nə üçün çap etmirlər? Əhəmiyyətli bir şey yazarsan, çap edərlər. Gələcək nömrə jurnalın ikiilliyi münasibətilə buraxılacaqdır. Sən də bir şey yaz, göndər…
Bu söz İsmət xanımın yadından çıxıb getmişdi, lakin Məlahət o gündən rahat ola bilmirdi. Həmişə fikir edirdi ki, nə yazsın və İsmət xanımdan da soruşmaq istəmirdi, çünki fikri məqaləsi çap olunursa, sevgili müəlliməsinə göstərərək onu şad etmək idi. Çox fikirdən sonra Məlahət jurnala bir təbriknamə yazıb göndərdi. İndi öz "Şərq qadını"nın bayram nömrəsini səbirsizliklə gözləyirdi.
* * *
Bir gün günəş qüruba enən zamanı Məlahət İsmət xanımla cavanlar klubundan evlərinə qayıdırdı. Yol uzunu İsmət xanım onu gələn il darülmüəlliminə aparacağından söyləyirdi. Məlahət buna bir tərəfdən şad, o biri tərəfdən qəmgin idi. Şad idi ki, darülmüəlliminə girib oxuyacaqdı və axırda müəllimə olacaqdı. Qəmginliyinə səbəb sevgili müəlliməsindən ayrılacağı idi. Belə şirin söhbət etdikləri zaman qəflətən yapıncıya bürünmüş bir atlı onların önünə çıxdı. Məlahət onun üzünü gördükdə qışqırdı:
− Qaraoğlan!
Qadınlar bir şey edincə Qaraoğlan alıcı quş kimi Məlahətin üstünü aldı. At üstündən əyilib onu qucağına çəkdi və ildırım kimi götürüldü.
Xof və heyrətli qalmış İsmət xanım sanki yuxuda idi, indi ayıldı. Qaçaraq özünü milis müdiri Heydərqulunun idarəsinə saldı, vəqəni ona söylədi.
− Qorxmayın, İsmət xanım, bu saat Məlahəti burda görərsiniz, − deyərək Heydərqulu üç milislə bərabər atlanıb çaparaq yola düşdü.
Qaraoğlanın fikri dağı aşıb meşədə gizlənmək idi. Kənddən xeyli uzaqlaşaraq atının başını yığdı. O, fikir edirdi ki, bu tezliklə onun arxasına düşən olmayacaqdır. Atını da yormurdu ki, dağa çıxa bilsin. Qaraoğlan dağın ətəyinə çatdıqda Heydərqulu və milislər bir güllə fasiləsincə ona yaxınlaşdılar. Atışma başlandı.
Qaraoğlan onlara cavab verə bilmirdi, çünki qucağındakı Məlahət ona mane olurdu. Ona görə Məlahəti atdan yerə ataraq tüfəngini boynundan çıxartdı. Məlahət fürsət taparaq milislərə tərəf qaçmağa başladı. Bunu gördükdə Qaraoğlan birinci gülləsini ona boşaltdı. Binəva qız yerə sərildi. Heydərqulunun gülləsi də Qaraoğlanı atdan yerə saldı. Heydərqulu Məlahətə çataraq atdan düşdü. Məlahət zarıldayırdı. Heydərqulu onun yarasını bağladı.
− Qorxma, bacım, yaran ağır yara deyil, bir az zamanda sağalıb ayağa duracaqsan. İntiqamını Qaraoğlandan almışam. Biz onu çoxdan axtarırdıq, axır cəzasını aldı.
Heydərqulunun əmri ilə milislər Qaraoğlanın meyitini öz atına sarıdılar, Məlahəti də Heydərqulunun qucağına qoydular, yola düşdülər. Gecədən saat yarım keçmiş milis idarəsinə varid oldular. İsmət xanım Məlahəti belə halda gördükdə nalə etməyə başladı.
− İsmət xanım, qorxmayın, qızın yarası zərərli yara deyil, tez sağalacaqdır.
* * *
Doktor da Məlahətin yarasını qorxulu tapmadı. Lakin onu qorxuya salan başqa bir azar idi, belə ki, götürülüb qaçırılan zaman Məlahətə bərk soyuq dəymişdi.
Doktor onda zatülcənb11 əlaməti gördü. İsmət xanım Xədicəyə ümid bağlamayaraq xəstəni öz otağına gətirmişdi. Vaxtının çoxunu Məlahətə sərf edirdi. Vaxtlı-vaxtında dərmanını verib xörəyini hazır edirdi. Məlahətin azarı getdikcə şiddətlənirdi. Doktor bir gün Məlahətə baxdıqda dedi:
− Əgər xəstə bu gecə azarın zərbinə davam edərsə, sağalmağına böyük ümid vardır.
O idi ki, İsmət xanım hər işini atıb Məlahətin yanından əl çəkmirdi. Axşam düşdükdə xəstənin qızdırması artmağa başladı. Gecə yarı olduqda qırx dərəcəyə qədər qalxdı.
Məlahət böhran içində sayıqlayırdı:
− "Şərq qadını…" "Nə üçün yox…" "Təbrik edirəm…"
Bu sözlərdən İsmət xanım anladı ki, Məlahət "Şərq qadını" jurnalına məqalə yazıb göndərmiş, indi onun intizarını çəkir. İsmət xanımın yadına düşdü ki, bu səhər şöbəyə qəzetlərlə bərabər "Şərq qadını" jurnalı da gəlmiş, cəld qalxıb onu gətirdi və titrək əlləri ilə vərəqləri kəsdi. Jurnalın son səhifəsində, təbriknamələr sırasında belə bir təbrik oxudu:
"Şərq qadını" jurnalına!..
"Ey Böyük Oktyabr inqilabının altun qızı, hörmətli "Şərq qadını"! Əsrlərcə yumulan məsum gözlərimizi indi iki ildir ki, sən açdın… Mənbəyindən doğan işıqlar Azərbaycanın ən uzaq və ən qaranlıq bucaqlarını belə şöləvər edir…
Qaranlıqdan çıxardığın mənim kimi kəndli qızları, hamı səni alqışlar… Budur, mən də qəlbimin saf və səmimiyyətləri ilə ikiilliyini təbrik edirəm.
Yaşa və Şərq qızını hürriyyətlə yaşat!
İmza: kəndli qızı Məlahət".
İsmət xanım bunu oxuduqda ixtiyarsız, gözlərindən yaş töküldü.
− Qızım, gözlərini aç, bax, budur, sevimli "Şərq qadını"nda təbriknamən çap olunmuş.
Məlahət qan ilə dolmuş gözlərini açdı. İsmət xanım jurnalı ona göstərərək təbriki oxudu. İsmət xanım təbriknaməni oxuduqca Məlahətin solğun dodaqları təbəssüm edib ölümün ağır pəncələri altında didilərək dərin bir köks çəkməsi ilə həyatını bitirdi.
Ücretsiz ön izlemeyi tamamladınız.