Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qaraca qız», sayfa 2

Yazı tipi:

Qaraca qız

(“Məktəb” jurnalı, 1913-cü il, №1-22)

Axşam çay süfrəsində əyləşən zaman Hacı Səməd qızı Fatimənin başını sığallayıb dedi:

– Qızım, söylə görək, məktəbdən nə tazə xəbər gətirmisən?

Fatimə:

– Ata, bu gün dərs arasında həyətdə dəstədəstə olub qar ilə oynayırdıq. Gövhər, Zeynəb və Səltənət bir dəstə olub, qardan adam yapırdıq. Nabat da istədi, biz ilə oynasın, mən razı oldum, amma yoldaşlarım razı olmadı. Nabat çox çirkin və gözləri də çəp olmağa görə heç kəs onun ilə dostluq etmiyordu; ələlxüsus Gövhər onu sevmiyordu. Nabat kənarda durub bizə məzlum-məzlum baxıyordu. Birdən Gövhərin ayağı sürüşüb yerə yıxıldı və başı daşa dəyib qanadı. Bunu görcək hamıdan tez Nabat Gövhəri qucaqlayıb gözləri yaşlı dedi:

– Ağlama, bacım, qorxma, heç zad olmaz.

Gövhər bunu görüb dedi:

– Ah, sən nə gözəl yoldaşmışsan! Mən bilməmişəm, əfv et!

Bunu deyib Nabatı qucaqladı və öpdü. Bu ittifaq8 bizə çox artıq təsir etdi.

Hacı Səməd dedi:

– Qızım, insanın zahirinə baxma, batininə bax! Türkdə bir məsəl var, deyərlər ki: “Ətə baxma, dona baxma, içindəki cana bax!” İndi Qaraca qızın hekayəsini söylərəm, özün görərsən.

Atalarından bunu eşitcək bacı və qardaş sevinəsevinə nağıla müntəzir dayandılar. Hacı Səməd ruznaməni9 yerə qoyub çeşməyi gözlərindən çıxartdı və başladı:

– Qızım, Qafqaz şəhərlərinin birində usta Səttar adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşıyor idi. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçməyə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Səttar sərraclıq edib külfətini birtəhər dolandırırdı. Usta Səttarın övladdan yalnız 6 yaşında Tutu adlı bircə qızı var idi. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından “Qaraca qız” deyib çağırdığına görə əsl adı unudulub, hər kəs onu bu ad ilə çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız taifəsi ikən qızlar ilə oynamağı sevməzdi. Həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar; çünki o, çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini dutar idi. Qaraca qızı ata-anası nadincliyi üçün nə qədər döyərdilərsə də, əsla ağlamazdı. Anası ondan qonşulara şikayət edib deyərdi:

– Qaraca qızı su batırmaz, od yandırmaz.

Amma bunun ilə belə Qaraca qız çox rəhmli, səxavətli qız idi: hər nə əlinə düşsə idi, yoldaşları ilə bölüşərdi.

Usta Səttar sakin olduğu şəhərdə tez-tez zəlzələ olardı. Bir qış haman şəhərdə böyük zəlzələ olub, çox ev uçurdu. Bir dəfə zəlzələ gecəyarısı xalq şirin yatan zaman ittifaq düşdügünə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər açıldıqda ətraf və əknafdan xəlq tökülüb şəhərə köməyə gəldi. Adamlar dəstə-dəstə əllərində kürək, bel, külüng, uçuqları qazmağa başladılar. Ata oğulu, oğul atanı, qardaş bacını səsləyə-səsləyə daş toprağı ayırırdılar. Bir dəstə də usta Səttar olan evi qazırdı. Əvvəlcə Şərəfnisanın, bunun dalınca usta Səttarın meyiti çıxdı. Bir az da qazandan sonra bir deşik açıldı, buradan bir balaca qız, üst paltarsız sıçrayıb çıxdı. Bu qız haman Qaraca qız idi. O, ata-anasının meyitini görüb ağlamağa başladı. Hər kəs öz qohuməqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. Zəlzələ ittifaq düşəndən iki gün qabaq bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüşdü. Haman dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına apardı və orada ona yemək və paltar verib ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun burada heç bir kəsi olmayıb qərib olduğunu bilib öz yanlarında saxlamağa naçar qaldılar. Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən 20 yaşında gözəl camallı, yumşaq təbiətli şad yürəkli bir cavana idi. Xasiyyəti cəhətinə Yasəməni hamı sevərdi, amma onun əri Yusifi heç kəs sevməzdi, çünki o, çox bədxasiyyət, tündməcaz, zalım bir şəxs idi. Yasəmən fala baxmaq ilə qaval çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə xeyli mənfəət verərdi. Yusif də ayı oynadıb qapı-qapı gəzərdi. Yasəmən Qaraca qızı çadıra gətirən zaman əri Yusif orada yox idi, çünki dəstənin bir hissəsi onun ilə bərabər sübh tezdən buradan çıxıb yola düşmüşdülər. Yerdə qalanları getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, ona görə bilmirdi ki, əri Qaraca qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.


Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü.

Yasəmənin iztirabı bihudə deyil imiş; çünki dalda qalan dəstə gəlib qabaqdakına çatdıqda Yusif əhvaldan xəbərdar olub çox hirsləndi və bir kəndə çatan kibi10 Qaraca qızı orada atmağına söz verdi. Yasəmən ərinə yalvardı ki, o, böylə işi etməsin, lakin Yusif ona qulaq asmadı. Qaraca qız isə yürəgində bu işə şad idi; çünki Yusifdən qorxurdu və qorxmağa da haqqı var idi: Yusifin heybətli sifəti və ələlxüsus qara və parlaq gözləri nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin tamahkarlığını bilirdi, ona görə gələcəkdə Qaraca qızın onlara böyük mənfəət verməyini söylədi:

– Bilirsənmi, mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm kibi oynamaq öyrədəcəgəm və onun üst-başını bəzəyib, kəndlərdə, şəhərlərdə oynadacağam. Sənin üçün pul yığacağam.

Bu fikri Yusif bəyənib Qaraca qızın dəstədə qalmasına razı oldu. Bivətən qaraçıların məişətini Qaraca qız çox bəyəndi, bu gün burada, sabah bir tazə yerdə, çay qırağında, meşə kənarında mənzil edib çadır qurma, ocaq çatıb xörək bişirmə, bir yerdə mahnı oxuma, nağıl söyləmə – bunların hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vəqtlər Qaraca qız Yusifin ayısından qorxurdu, amma sonralar öyrənib, onun ilə çox dost olmuşdu. Ayı da onun ilə oynamağı sevirdi. Yasəmən Qaraca qızı, ərinə söz verdiyi kibi, yaxşı geyindirib, oxumaq və oynamaq öyrətmişdi. Tamaşaçılar Qaraca qızın gözəl səsinə və oynamağına təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf dutanda dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif bu barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə hər ikisini xasiyyətinin pisliyindən çox incidərdi. Qaraca qızın təbiətində inadcıllıq var idi. Bu xasiyyətinə görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməyirdi. Qaraca qız ancaq Yasəmənin sözündən heç vaxt çıxmıyordu. Çünki Yasəmən onunla çox məhəbbət və mehribanlıq ilə dolanıyordu. Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına diyordu:

– Bu zorbalıqda ayı bənim qamçımın qorxusundan hər cür oyun çıxardır, amma bu balacalıqda qızın əlində aciz qalmışam!



Yasəmən ona böylə cavab veriyordu:

– Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır!.. Heyvan ilə edilən rəftar insan ilə ediləməz. Heyvana yoğun çubuq lazım isə, insana məhəbbətli rəftar, dadlı və mehriban söz lazımdır!

Cahanda qafil olmuşam, Zəlil, cahil olmuşam, Avam qoymuşam səni, Bağışla, sevgilim, bəni!..

Yusif arvadının bu doğru sözünə inanmayıb diyordu:

– Yox, bu bir səbəb deyildir, sən olmasan, bən onu iki günün ərzində mum edərəm!

Ər ilə arvadın arasında böylə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq kötəklərdi.

Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüş idisə də, yenə axırda ancaq Yasəmənin xatiri üçün fikrini əmələ gətirməmişdi.

Bir ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb, mahnı oxumağı və oynamağı ilə ətrafda məşhur olmuşdu. Hər kəs Qaraca qızın oxumaq və oynamasını bəyənib tərif edərdi. Yusif Qaraca qızı çox incidəndə Yasəmən onu qorxudub diyordu:

– Bu zavallı qıza nə çox əziyyət verirsən?! Axırda bu qız səni qoyub qaçar və sənin də əlin böylə böyük mənfəətdən çıxar.

Bu sözlər həmişə Yusifə təsir edib, Qaraca qızı bir müddət döyməkdən çəkinərdi.

Yayın orta ayı idi. Günün istisində insanlar, heyvanlar, quşlar cümləsi kölgə yer və sərin su arayırdılar. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını qurub mənzil etmişdi. Günorta vaxtı idi. Qaraçıların hamısı bir işə məşğul idi. Yusif ayısını götürüb yavuq11 kəndə getmişdi. Yasəmən çayın qırağında su qızdırıb, paltar yuyurdu. Çay dağ döşündən gəldiginə görə xeyli iti və səs ilə axırdı. Amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi. Yasəmən paltarı yuyub kolların üstünə sərdi ki, qurusun; özü də başını yumaq fikri ilə uzun və qara saçlarını hörükdən açıb sinəsinə tökdü. Yasəmən Qaraca qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın ucalıqdan tökülən şəlalənin altında durub çimdiginə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra Yasəmən Qaraca qızı bir də çağırdı, bu səfər də cavab almadı. Yasəmən saçlarını yığıb belinə atdı; bu halda qulağına çay tərəfdən sel gurultusu gəldi. Bunu eşitcək Yasəmən dik atılıb çaya tərəf yüyürdü. O vaxt Qaraca qız hələ şəlalənin altındaydı. Yasəmən çayın yuxarısından daşları və kolları yumalaya-yumalaya, gurultu və nərilti ilə gələn seli görüb, var gücü ilə qışqırdı:

– Bacım, tez ol, qaç, sel gəlir!

Qaraca qız Yasəmənin səsini eşidib, şəlalənin altından çıxdı, ancaq bir neçə addım qoymuşdu ki, sel onun üstünü cəllad kibi aldı. Yasəmən işi böylə gördükdə alıcı quş kibi özünü çaya atdı. Yasəmən özünü Qaraca qıza yetirincə sel qızı götürdü və bir neçə saniyə suda itirdi. Bir az sonra qızın başı göründü. Yasəmən özü də bir neçə dəfə suya batıb çıxandan sonra üzüb Qaraca qıza çatdı və saçlarından dutub çiyninə aldı. Hərçənd Yasəmən çox yaxşı yüzücü12 idi, amma bu iti axan, daşları, böyük kolları yumalayan seldə üzmək mümkün deyil idi. Qaraçılar Yasəmənin qışqırığını eşidib köməyə töküldülər; sel getdikcə artırdı. Axırda sel bunları bir böyük daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstündə qaldı, amma onun özünü sel götürüb yüzü aşağı axıtdı. Qaraçılar suya tökülüb hər ikisini sudan kənara çıxartdılar. Bunların ikisi də bihuş qalıb, yerə sərilmişdi. Yüzlərinin rəngi ölü rəngi kibi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər. Qaraca qızın bədəni bir neçə yerdən daşlara dəyib qaralmış idisə də, bir qorxusu yox idi. Amma zavallı Yasəmənin başı bir neçə yerdən yaralanmışdı. Lakin rəhmdil olan bu cavan arvad özünə gələn kibi yaralarını unudub Qaraca qızı sordu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi.

– Bax, Yasəmən, budur, Qaraca qız sağdır, arxayın ol.

Yasəmən: – Allah, sənə şükür, – deyib dua etdi. Sonra yenə bihuş olub, gözləri yumuldu. Qaraçılar Yasəmənin yaralarını sarıyıb Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər ikisinə yer salıb rahət etdilər. Axşam Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox qəzəbləndi və dedi:

– Bən bilirdim ki, bu, uçuqdan çıxmış qız axırda bizim başımıza bəla gətirəcəkdir!

Qaraçılar Yusifi sakit edib dedilər:

– Allahın köməkliyi ilə heç zad olmaz. İmdi hər ikisinə rahətlik lazımdır; durun, bayıra çıxaq ki, səs-küy olmasın. Burada yalnız Yasəmənin sevdiyi Hüsniyyə qalar.

Hüsniyyəyə yüzlərini tutub dedilər:

– Hüsniyyə, sən qal, bunlara qulluq et!

Qaraçıların cümləsi Yusif ilə bərabər bayıra çıxdılar, çadırda ancaq təkcə Hüsniyyə qaldı. Bu Hüsniyyə Yasəmənin istəkli dostu və həmsirri idi. Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yavuq yuxuya getdi, amma Yasəmən qızdırma içində sərsəm kimi bir dəqiqə rahət olmadı. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib, səhərə kibi gözlərini yummadı. Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. Zavallı Yasəmən qızdırmanın əsərindən tora düşmüş quş kibi yerində çabalayırdı. Yasəmənin gözləri həmişə yumulu idi.

Gecə yağış yağmağa görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı törədən çaylağın suyu imdi13 enib əvvəlki halına düşmüşdü. Onun həzin şırıltısı, quşların cəh-cəhi və qülğüləsinə14 qarışmışdı. Qaraca qızın sevgili şəlaləsi günün şöləsindən parıldayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kibi yanaqları solub, zənbəq15 rənginə düşmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səs ilə ona dedi:

– Hüsniyyə, Yusif haradadır?

– Bayırdadır, bacım, çağırımmı?

– Çağır, hamını çağır… Ölürəm…

– Qorxma, bacım, ölməzsən, bu gün haradan olmuş olsa, sənin üçün həkim tapıb gətirdəcəyəm! – bunu deyib Hüsniyyə bayıra çıxdı və bir azdan Yusif başqa qaraçılar ilə bərabər içəri girdi.

Qaraçılar Yasəmənə yürək verirdi. Yasəmən dedi:

– Yox, əzizlərim, bən ölürəm!.. Yusif, əlini bənə ver!.. Vəsiyyətimə qulaq as… Əmələ gətirməyə söz ver!..

Bir az dayanıb, yenə tazədən başladı:

– Yusif, budur, 4 ildir ki, sənə övrətəm! Bu vəqtə kibi səndən döyüşdən, söyüşdən başqa bir şey görmədim… Cavan ömrümü çürütdün… Bənə bin zülm və cəfa etdin. Bunların hamısını sənə halal edirəm! Ancaq sən də bənə söz ver ki, bundan sonra Qaraca qız ilə mehriban dolanıb, onu incitməyəcəksən!..

Yasəmən səsini kəsdi. Çadırda bir müddət xamuşluq16 oldu. Sonra Yusif dedi:

– Bu yoldaşlarımızın hüzurunda vəsiyyətini yerinə yetirməyimə söz verirəm, övrətim! Sən bəni bağışla, sənə çox əziyyət vermişəm!

Bu sözlərdən Yasəmənin üzü şad oldu və Hüsniyyəyə dedi:

– Bacım, Qaraca qızı sənə və səni də Allaha tapşırıram. Ondan müqəyyəd17 ol!.. Ah! Gözlərimə qaranlıq çökür!.. Boğurlar… Yusif… Hüsniyyə… Qaraca qız!..

Yasəmən canını Xudaya təslim etdi.

* * *

Yasəmənin vəfatından sonra Yusif arvadına verdiyi əhdə bir müddət vəfa etdi, amma sonra təbiətində qoyulmuş fəna sifətləri yenə aşkar olmağa başladı. Hüsniyyə bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq iş orada idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qız ilə pul qazanmaq üçün hər gün səhər mənzildən çıxıb bir də axşam qayıdırdı. Hüsniyyə zavallı yetimin yüzünə baxanda sualsız da anlayırdı ki, o biçarə Yusifdən nə zülm və əziyyətlər çəkir. Axır vaxtlarda Yusif bir pis əmələ də mürtəkib18 olmuşdu. Böylə ki, əlinə pul düşən kibi içib məst olurdu və hər kəs qabağına düşürdüsə, onun ilə söyüşüb, savaşırdı.

Yusifin böylə vəqtlərində Qaraca qızın günü daha da qara olurdu.

Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Bunlar Yusifgilə təklif etdilər ki, bir az çalıb oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub-oynamağı cavanların o qədər xoşuna gəldi ki, onlar biri-birinin acığına Qaraca qızın qavalını ağ və qara pul ilə doldurdular və sonra:

– Sağ ol, çox yaşa, Qaraca qız! – deyib atlarını sürdülər.

Yusif çox şadlıq ilə Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi:

– Gəl, qızım, sən ayı ilə o kölgədə əyləş, bən də gedim, o görünən kənddən, çörək və sənin üçün də fındıq və kişmiş alım.

Bu xəbərdən Qaraca qız əsla şad olmadı. Bilirdi ki, bu görünən kənd erməni kəndidir və Yusif də oraya içməyə gedir. Amma bunun ilə böylə bir söz demədi.

Bunlar yoldan kənara çıxıb bir kolluğa tərəf yüz qoydular. Yusif bir böyük kol seçib ayını oraya bağladı və Qaraca qıza dedi:

– Otur burada, ağıllı qızım! Bu saət19 gələcəyəm.

Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. Ayı bir müddət sakit uzandı, sonra durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət kolluqda gəzdi, sonra yüzünü meşəyə tərəf dutub getdi. Yusif kəndə getdiyi vəqtdən yarım saət keçmişdi. Qaraca qız yuxudan hələ oyanmamışdı. Axırda Yusif məst halında o tərəf-bu tərəfə yırğalanayırğalana gəlib çıxdı. Yusif Qaraca qızı yatmış görüb və ayını öz yerində tapmayıb ayağı ilə Qaraca qızı öylə bərk vurdu ki, yazıq qız dik ayıldı.

– De görüm, ayı hanı, mürtəd qızı, mürtəd?

Qaraca qızın qorxudan dili dutuldu, cavab verə bilmədi.

– Hələ dayan! Qoy ayını tapım, sənin payını sonra verəcəyəm!

Yusif kola diqqət ilə baxıb gördü ki, ayını bağladığı budaq qopub və özü də yoxdur. Anladı ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə qaçmışdır. Bu vəqt yüzünü Qaraca qıza tərəf dutub dedi:

– Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək, tapaq!

Qaraca qız titrəyə-titrəyə yola düşdü. Yusif yol uzunu gələ-gələ Qaraca qızı söyüb qorxudurdu, gah da özü-özü ilə danışırdı. Bunlar bir saətə qədər meşəni dolandılar, amma ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı gəldi.

– Eşidirsinizmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir!

– Heç zad eşitməyirəm, yalan deyirsən!

– Bax! Bax! Yenə bağırır!

Bu dəfə Yusifin özü də eşitdi.

– Doğru deyirsən, bağıran ayıdır!

Hər ikisi səs gələn tərəfə yüz dutub getdilər; ancaq səs meşəyə düşməyə görə ayının yeri yavuq görünürdü, amma həqiqətdə böylə olmayıb, ayı xeyli uzaqda idi. Axırda gəlib ayını tapdılar. Ayı zənciri ilə ağaca dolaşıb dartınırdı və bağırırdı. Yusif ona çatan kibi hirsindən və acığından ayını azad etməmiş əlindəki ağacı ilə onu döyməgə başladı. Ayının bağırtısı meşəni başına götürdü. Axırda ayı dartındığı halda xaltası başından çıxdı və ildırım kibi özünü Yusifin üstünə atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Qaraca qız bunu gördükdə dəhşətli bir hal ilə qaçdı. Amma qorxudan özünü itirib yol əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir azdan sonra ayı Yusifin meyitini buraxıb Qaraca qızın dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrəmə düşdü və var gücü ilə qaçmağa başladı. Getdikcə ayı Qaraca qıza yavuqlaşırdı. Bu halda Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı özünü ona çatdırdı. Ancaq ayı eniş aşağı qaça bilmədiyindən dərənin içinə yumbalandı. Qaraca qız fürsət tapıb özünü dərənin döşündəki mağaraya saldı. Bu mağaranın ağzı enli idi, amma içəri getdikcə daralırdı. Ayı dərənin dibinə kibi yumbalandı. Sonra ayağa qalxıb yüzü yuxarı dırmaşmağa başladı. Məlumdur ki, ayının dal ayaqları qısa olduğundan enişi pis və yoxuşu qüvvətli dırmaşırlar. Ayı axtarıb mağaranı tapdı və içinə girdi. Qaraca qız sürünə-sürünə özünü mağaranın dar bir yerinə saldı. Ayı isə onu bacarmadı və bir az donquldayıb mağaranın ağzında yatdı. Qaraca qız tərpənməyə də qorxurdu, ancaq onun qorxusu nahaq idi, çünki imdi ayının hirsi yatmışdı, ona dəyməzdi və bəlkə də, onun orada olmasına şad olardı.



İki saətdən artıq idi ki, Qaraca qız mağaranın içində yatıb qalmışdı. Biçarə qız ayının qorxusundan özünü mağaranın deşiyinə öylə pərçim etmişdi ki, tərpənməyə də amanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də ayının vahiməsi zavallı qızı bihuşluq halına salmışdı. Ayı isə fısıldaya-fısaldaya yatmışdı. Birdən ayı oyanıb donquldamağa başladı, bu halda Qaraca qızın qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürəhürə mağaranın ağzını aldılar. Ancaq cürət edib içəri girə bilmədilər. Bir azdan atlı ovçular da qışqıra-qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən ayının bağırtısını eşidib tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. Onlardan bir neçəsi cürətlənib mağaranın içərisinə girdi. Ancaq çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan bir-ikisi yaralanmışdı. Bu halda avçılar20 bayırdan:

– Axtar, bas! Xallı, bas! Gümüş, bas! – deyə itləri qısqırtdılar. Onlar da cürətlənib, yenə özlərini içəri soxdular və ayı ilə dutaşdılar. Ayı bir müddət bunlar ilə boğuşandan sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı. Bunların zərbindən biçarə ayı boğanaqdan yıxılan ağac kibi yerə sərildi. Bu halda bir adam qışqırdı:

– Afərin, bənim gülləm!

– Xeyr, Hüseynqulu ağa, səhv etmə, ayını öldürən bənim gülləmdir.

– Bağışla, Səlim bəy, bən ayını başından atmışım. Yəqin ki, onu yıxan bənim gülləmdir!

– Səbir edin, əzizlərim! Bu saət məlum olar.

Bunu deyib əvvəlki adam atdan düşdü və nökərlərin köməyi ilə ayının cəmdəyini o yana-bu yana çevirdi və diqqət ilə baxmağa başladı. Sonra da dedi:

– Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir!

Sonra yüzünü nökərlərə tərəf dutub dedi:

– Cəld olun, ayının dərisini soyun!

Üzünü Rəhim bəyə çevirdi:

– Rəhim bəy, demədimmi ki, ayısız bu ovdan qayıtmayacağam? Öylə öz meşənizi tərif edib bəni məsxərə edirdiniz ki, sizin meşənizdə dovşan da tapılmaz! Pəs bu nədir?

– Yenə, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam! Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır.

– Öylə iş ola bilməz! Onu haradan bildin?

– Budur, bax, ayının boynunun tüklərini zəncir aparmışdır, Səlim bəy, gör, doğru diyorum, ya yox.?!

Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylərin hər ikisi qaqqıltı ilə gülməyə başıladı. Hüseynqulu ağa əvvəl dostlarının sözünü zərafət hesab etdi, amma sonra özü də diqqət ilə baxıb şəkkə düşdü. Bu halda həvəslənib av itlərinə qoşulan Hüseynqulu ağanın Qara köpəyi mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə içəridə hürüşmə başladı. Bunu gördükdə Hüseynqulu ağa dedi:

– Deyəsən, mağarada yenə ayı var?

Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdirdilər. Bu halda Qara köpək Qaraca qızın ayağından dutub itlərin arasından onu sürüyə-sürüyə mağaradan bayıra çıxartdı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar.

Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər dərhal Qaraca qızın üstünü aldılar. Hüseynqulu ağa Qaraca qızı qaldırıb qucağına aldı. Qaraca qız zəif hal ilə gözlərini açdı. Hüseynqulu ağa ondan soruşdu:

– Qız, sən kimsən? Bu mağarada nə qayırırdın?

Qaraca qız bu suallara cavab vermədi. Rəhim bəy dedi:

– Hüseynqulu ağa, görməyirsənmi, yazıq qız hələ lazımınca özünə gəlməmişdir? Nə sual edirsən? Bən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından görməyirsənmi, qaraçı qızıdır? Bu av etdiyimiz ayı da əldə bəslənmiş qaraçı ayısıdır. Ancaq sahibi haradadır? Yalnız burası bənim üçün aşkar deyildir.

Rəhim bəyin fikrinə Səlim bəy dəxi şərik oldu.

Bəylər Qaraca qızı nökərlərinə tapşırıb yenə av etməyə başladılar, amma dörd saata qədər meşəni dolanıb, bir tülkü və iki dovşandan başqa əllərinə bir av keçirə bilmədilər. Buna görə avı tərk edib mənzillərinə tərəf qayıtdılar. Qaraca qız özünə gəlib yol uzunu başına gələn əhvalatı alayarımçıq nəql elədi. Hüseynqulu ağa Qaraca qızın ataanasız bir yetim olduğunu bilib onu özü ilə evinə saxlamağa apardı.

* * *

Hüseynqulu ağa 40 yaşında böyük bir mülkədar idi. 13 yaşında ikən atası Mehdi ağa onu bir növ ilə edadi21 “realni” məktəbinə qoya bilmişdi; amma Hüseynqulu ağanın fikri həmişə at binmədə, ava çıxmada olub, oxumaq ilə əsla arası yox idi. Hər il o sinifdə, bu sinifdə qala-qala bir növ ilə 4-cü sinfə çıxa bilmişdi. Daha bundan yuxarı bir sinfə keçə bilməyib məktəbdən xaric oldu. Atası bu işə çox da qəmgin olmadı, çünki onun çox dövləti və varı var idi. Edadi məktəbini qurtarandan sonra atası oğlunu oxutmaq fikrində yox idi. Mehdi ağanın Hüseynqulu ağadan başqa bir oğlu yox idi. Hüseynqulu ağa oxumağa fikir verməyir idisə də, çöl işlərində çox qoçaq idi; odur ki, atası onu daha oxutmaq fikrində olmayıb çöl işlərinə onu mühəvvəl22 etdi. Azuqətdə Hüseynqulu ağa yaşının azlığına baxmayıb çöl işlərini parlaq bir surətdə əmələ gətirirdi. Atası oğlunun bu məharətini görüb bütün işlərini idarə etməyi ona tapşırdı. Hüseynqulu ağadan bütün qulluqçuları və rəiyyətləri qorxur idi. Çünki o, çox tünd adam idi, amma bunun ilə böylə Hüseynqulu ağa çox rəhmdil idi. Hüseynqulu ağa zəhməti çox sevdiyi kibi, yoldaşları ilə keyf çəkməyi də çox sevərdi. Atası Hüseynqulu ağanın kef çəkməyindən xoşlanmayırdı, çünki qorxur idi ki, bunun axırı çox fəna bir surətdə nəticə versin; ona görə də Mehdi ağa oğlunu evləndirmək fikrinə düşdü.

Bu fikrini Mehdi ağa tez əmələ gətirdi. Edadi məktəbini qurtarmış, gözəl bir tərbiyə görmüş, bir bəy qızını oğlu üçün aldı. Mehdi ağanın fikri düz də çıxdı. Hüseynqulu ağa evləndikdən sonra artıq yoldaşları ilə həva-həvəs23 və keyfə məşğul olmayırdı. Ancaq yoldaşlarını öz evinə çağırıb qonaqlıqlar edərdi.

* * *

Mehdi ağa Hüseynqulu ağanı evləndirdikdən bir il sonra vəfat etdi. Hüseynqulu ağa ilə arvadı Pəricahan xanımın xasiyyətləri biri-birinə dutmayırdı. Pəricahan xanım gimnaziya təhsilində cəmi Avropa adətlərini götürüb öz milli adətləri xoşuna gəlməyirdi. Hətta öz ana dilindən öylə ikrah etmişdi ki, bu dil ilə danışmaq da istəməyirdi və labüd qalıb danışanda da yarı rus, yarı türki kəlimələrini qarışdırıb danışmaqla qulaq asanları özünə güldürürdü.

Hüseynqulu ağa isə Avropa qaydalarını sevməyib, öz ata və baba adətlərini çox istəyirdi; hətta Pəricahan xanım nə qədər çalışdı isə də, ondan çərkəsi paltarı çıxarıb, Avropa libası geyindirə bilmədi. Pəricahan xanım Hüseynqulu ağanın evinə gələndən sonra köhnə qulluqçuları dəyişdirib evin hər bir qaydasını Avropa səliqəsinə saldı. Hüseynqulu ağa bu tazə qaydaları sevmədiyi üçün vaxtının çoxunu kənddə qalıb şəhərdə az-az görünürdü. Çox danışıqdan sonra axırda Pəricahan xanımı razı edib kənddə öz mülklərinə köçürtdü. Bunun üçün də Hüseynqulu ağa nəhayət dərəcədə şad oldu, çünki şəhər yaşayışını o, əsla sevməyirdi.

Hüseynqulu ağanın mülkündəki evi qayət basəfa24 bir yerdə idi. Bu evin yanından çay axırdı və meşə də çox yaxın idi, dəmir yolu isə mülkün bir verstliyində idi. Burada da Pəricahan xanım şəhərdəki kibi tazə qaydalar qoymağa başladı. Hüseynqulu ağa səhərdən axşama qədər mülk işləri ilə məşğul olub, onun işlərinə qarışmayırdı. Bu tövr ilə hər ikisi öz işlərinə məşğul olub ömür sürməyə başladılar. Ancaq bunların övladları durmayırdı, üç-dörd yaşına çatan kibi ölürdü. Ər-arvad arasında həmişə tərbiyə məsələsində höcət olurdu. Hüseynqulu ağa arvadının övladına verdiyi tərbiyəsini tənqid edib deyirdi:

– Sən bu kənd yerində yazıq uşağı quş kibi qəfəsə salıb evdən bayıra çıxmağa qoymayırsan, ona görə yazıq uşaq zəif qalıb balaca soyuq dəyən kibi azarlayıb xəstə olur. Axırda da ölür.

Pəricahan xanım isə bunun sözünə qulaq asmayıb bu barədə öz fikrindən daşınmayırdı. Hüseynqulu ağa arvadının öz fikrində artıq dərəcədə möhkəm durduğunu görüb axırda tərbiyə işinə bilmərrə25 qarışmadı. Bu vaxt Pəricahan xanımın 6 yaşında Ağca xanım adlı bir qızı var idi. Bu yaşa gəlincə Ağca xanım Avropa qaydasınca tərbiyə almışdı; həmişə də yanında bonası26 olub yalnız onun ilə gəzməyə çıxırdı. Anasının hökmülə bonası onu kimsə ilə oynamağa, gəzməyə buraxmayırdı.

* * *

Axşam Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər düşmənə qalib gəlmiş sərəskər27 kibi kamal təntənə və şəşəə28 ilə öz evinə varid oldu. Bunların pişvazına cəmi qapı xidmətçiləri çıxmışdılar. İtlərin hürməyi, avçıların səsi, nökər və mehtərlərin qışqırığı biri-birinə qarışmışdı. Ağca xanım səs və küyə bonasından izinsiz evdən çıxıb atasının qabağına yügürdü. Hüseynqulu ağa qızını qucaqlayıb öpdü və sonra Qaraca qızı göstərib dedi:

– Bax, qızım, sənin üçün oyun yoldaşı gətirmişəm. İmdiyə kibi yalnız qalmışdın, oynamağa yoldaşın yox idi.

Bu sözdən sonra Ağca xanım və Qarcaqa qız nəzərlərini biri-birinə salıb bir müddət diqqət ilə baxışdılar. Bu iki tifildə böyük bir təfavüt var idi: biri iki bəyzadədən törəmə bir nəcibə, o biri iki zəhmətkeşdən törəmə bir əyal29 balası! Biri zəif, zərif, hər bir şeydə özgəyə möhtac olan bir tifil; o biri fulad30 kibi sağlam bədən, az sinnində çox görmüş, öz zəhməti ilə məişət edən bir çocuq! Birinin baxışı sanki özgələri köməyə çağırırdı; o birinin nəzəri cümləni qovğaya çağırırdı.



Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. Ağca xanım bu zaman qışqırdı, sonra güldü. Bir az keçmədi ki, şirin söhbətə başladılar. Hüseynqulu ağa bunları söhbətdə qoyub bəylər ilə otağa daxil oldu. Ağca xanım ilə Qaraca qızın söhbəti çox çəkmədi. Pəricahan xanım otaqdan nökər və qulluqçuların toplaşmasını görüb həyətə endi və qızını Qaraca qız ilə şirin söhbət edən görüb çox bərk acıqlandı və bonanı çağırıb dedi:

– Xanım əfəndi, harada qalmışsınız? Nə üçün öz vəzifənizi unudursunuz? Baxınız, tərbiyə verdiyiniz qız kimlər ilə ülfət etmişdir? Otağına aparınız! Bu gecə şamsız qalacaqdır.

Bona zavallı Ağca xanımın gözü yaşlı əlindən dutub otağına apardı. Qaraca qıza da Pəricahan xanım “Dalımca gəl, qaraçı qızı!” deyib Hüseynqulu ağanın otağına apardı və rişxənd ilə dedi:

– Bu şahzadə qızını haradan tapıb gətirmisən, əzizim? Qızın ilə də tanış etmişsən!

Hüseynqulu ağa əhvalatı ona nəql edib dedi:

– Pəricahan xanım, qızına yazığın gəlsin. Gör yoldaşsızlıq yazığı nə hala salmışdır?! Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, keyfi açılsın! Bu qız qaraçı qızı deyildir, olsa da, nə eybi vardır? Bonası yanında olacaqdır. Bir pis iş edərlərsə, tənbih edib qoymaz!

Bu sözləri Pəricahan xanıma əsla təsir etmədi.

– Sən bənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İmdi neyçün sözündə dəvam etməyirsən? Bu qız buradan gedəsidir. Artıq söz lazım deyil.

Hüseynqulu ağa və bəylər Qaraca qız barəsində çox təvəqqe etdilər. Axırda Pəricahan xanım onun qalmasına razı oldu, bu şərtlə ki, Qaraca qız bağban Piri kişinin evində saxlanıb Ağca xanım ilə əlaqə etməsin, çünki ondan pis xasiyyət götürər.

Bu şərt qəbul olundu və Qaraca qız da haman31 gecə Piri kişiyə tapşırıldı. Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi.

* * *

Piri kişi 70 yaşında bir qoca idi. Heç bir kəsi yox idi və özü də Hüseynqulu ağanın rəiyyəti olub cavanlığından Mehdi ağaya bağbanlıq edirdi. Həmişə bağda ömür sürüb ağalıq qapısına işi düşməsə, gəlməzdi. Özü də yumşaqtəbiətli bir şəxs idi.

Piri kişi Qaraca qıza çox şad oldu. Onun üçün komasında yer hazırladı. Və yedirdib rahət etdi. Qaraca qız yerə girib bir müddət yata bilmədi. Sonra Piri kişidən soruşdu:

– Baba, o xanım qızını bənim ilə neyçün oynamağa və danışmağa qoymayır?

– Qızım, onlar bəydirlər. Biz onların rəiyyətiyik. Onlar ağadırlar, biz nökər! Bizim ilə onların nə yoldaşlığı? Babacığım! Onların babalarına babam, atalarına atam qulluq etmişlər. İmdi də bən qulluq edirəm. Sən, qızım, Ağca xanımı yadından çıxart, o sənə yoldaş deyildir.

Qaraca qız bu sözlər ilə sakit olmayıb fikrə getdi: “Bən Ağca xanıma nə etdim ki, anasının bənə acığı dutdu? Bu gecə ona yemək verməyəcəklər. Yazıq ac qalacaqdır! Anam sağ olanda bəni də ac qoyurdu, amma bən nadinclik edirdim. Bu ki heç zad etməmişdi”.

Qaraca qız fikrini bir yerə çıxartmayıb yuxuya getdi.

O gecəsi haman fikirlər Ağca xanımı da sakit etməyirdi. Nə anasının, nə bonasının nəsihətini anlamayırdı: “Nə səbəbdən o qız ilə oynaya, danışa bilmərəm? Bən bəy qızı olanda nə olar? Bəni neyçün şamsız qoydular? Qaraca qız çox təəccüblü şeylər nəql edirdi. O deyirdi ki: “Sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm!” Ah, anam bəni nə üçün qoymadı ki, onunla çoxluca danışım?” Ağca xanım yorğanı başına çəkib, gizlicə ağlamağa başladı və bir azdan sonra yuxuya getdi.

* * *

Piri kişi uşaqlıqdan gün çıxmamış yuxudan durmağa adət etmişdi. İmdi də tezdən dəstamaz alıb sübh namazını qıldı, sonra ocağı qaladı; özü kibi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə doldurub ocağa qoydu və komadan çıxdı ki, bağı dolansın. Piri kişi bəslədiyi bağı əla dərəcədə sevərdi. Buradakı ağacların çoxunu özü öz əlləri ilə əkib pərvəriş32 verməklə imdiki halına salmışdı. O yerlərdə bitən bir meyvə ağacı yox idi ki, bu bağda olmayaydı. Piri kişi təcrübə edib bu bağda qələm vasitəsilə təbiətə müğayir33 öylə peyvənd34 etmişdi ki, bu iş cümləni heyrətə gətirirdi; bir əzgil ağacına qələm ilə alma peyvənd etmək ilə bir ağacda iki cür meyvə bitirirdi. Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı. Hüseynqulu ağaya bir qonaq gələndə cürbəcür ziraət35 maşinalarını qoyub qabağına, bağına tamaşa aparardı. Bağın böylə cənnət kibi olmasına səbəb yalnız Piri kişi idi; buna görə də Hüseynqulu ağa onun xatirini çox istəyirdi: hər nə istəsə idi, dərhal əmələ gətirirdi. Piri kişi isə ondan ancaq bircə şey təvəqqe edirdi: ağalardan başqa kimsə bağa girməsin. Hüseynqulu ağa da bu ixtiyarı ona vermişdi. Ancaq meyvə dərilən vaxt Piri kişi özünə köməkçi çağırırdı. Başqa vaxtlarda isə heç kəsi bağa qoymayırdı. Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi var idi. O da Qaraca qızı mağaradan çəkib çıxardan Qara köpək idi. Qara köpək qayət heybətli və hünərli bir köpək idi. Onun qorxusundan heç kəs bağa dolana bilməyirdi. Bu köpəkdə bir qəribə hal var idi: hər kəs ki Piri kişiyə bədxah idi, Qara köpək onu sevməyib yavuğa qoymayırdı. Piri kişi bir tazə şəxs ilə tanış olanda Qara köpək o adama quyruq bulayıb yavuqlaşsa idi, onu özünə xeyirxah hesab edirdi və hərgah o adama əvvəldən dişlərini ağardıb mırıldasa idi, onu özünə bədxah bilərdi. Qara köpəyin bu hissini Piri kişi kərrat36 ilə imtəhan etməyi üçün deyirdi: “Dost və düşmənimi Qara köpək ilə tanıyırım”. Piri kişi Qara köpəyi heç vaxt zəncirləməyirdi. Gecə və gündüz Qara köpək asudə idi. Bunun ilə böylə Qara köpək bağdan heç bir yerə getməz idi. Ancaq bəzi vəqt Hüseynqulu ağa ava gedəndə o da həvəslənib av tulalarına qoşulardı; bu vəqt onu geri qaytarmaq üçün gərək Piri kişi özü gələ idi, yoxsa heç kəsə qulaq asmazdı.

8.İttifaq – hadisə, macəra, əhvalat
9.Ruznamə – qəzet
10.Kibi – kimi
11.Yavuq – yaxın
12.Yüzücü – üzgüçü
13.İmdi – indi
14.Qülğülə – hay-küy, qışqırıq
15.Zənbəq – zanbaq
16.Xamuşluq – sakitlik
17.Müqəyyəd – muğayat
18.Mürtəkib – pis, yaramaz iş edən, cəzaya layiq hərəkət edən
19.Saət – saat
20.Avçı – ovçu
21.Edad(iyyə) – orta (məktəb haqqında)
22.Mühəvvəl – həvalə edilmiş, tapşırılmış, öhdəsinə verilmiş
23.Həva həvəs (həvavü həvəs) – həvəs, şəhvət, ehtiras
24.Basəfa – səfalı
25.Bilmərrə – birdəfəlik; tamamilə, bütünlüklə
26.Rus dilindəki “бонна” sözünün təhrif olunmuş forması, “tərbiyəçi qadın” mənasındadır.
27.Sərəskər – qoşun başçısı, baş komandan
28.Şəşəə – təmtəraq, dəbdəbə
29.Əyal – külfət, ailə
30.Fulad – polad
31.Haman – həmin
32.Pərvəriş – yetişdirmə, böyütmə; tərbiyə
33.Müğayir – zidd, əks
34.Peyvənd – calaq növü
35.Ziraət – əkinçilik, kənd təsərrüfatı
36.Kərrat – dəfələr

Ücretsiz ön izlemeyi tamamladınız.

Metin, ses formatı mevcut
₺109,72

Türler ve etiketler

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
11 nisan 2023
Hacim:
17 s. 29 illüstrasyon
ISBN:
978-9952-311-62-4
Telif hakkı:
TEAS PRESS
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Metin PDF
Ortalama puan 4,7, 12 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 3, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,8, 5 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre