Kitabı oku: «Hekayələr / Рассказы»

Yazı tipi:

Kitab Tağı Şahbazinin əziz xatirəsinə ithaf olunur


KEÇDİYİM YOL

(Tərcümeyi-halım əvəzinə)

Xatırımdadır, qardaşım “mollaxanada” – məhəlləmizdə Qasımbəy məscidi cünbündəki üsuli-ətiq məktəbində oxuyurdu, mən isə balaca olduğumdan, hələ məktəbə verilməmişdim. Amma məktəbə göndərilməyimi hər gün tələb edirdim. Bir gün evdə özbaşıma oynayırkən həyətimizdə sevincli səslər qopdu. Tez otaqdan bayıra atıldım. Qarşımda gördüyüm mənzərə məni heyran buraxdı.

Şaşırmış qardaşımı dövrələmiş məktəb uşaqları anama:

– Muştuluğumuzu verin, Abdulla (qardaşımdır) Quranı xətm elədi! – deyə gülüşürdülər.

Anam şad xəbərlə gələn bu uşaqlara muştuluq verib, atasına dəxi xəbər aparmağı tövsiyə etdikdə, uşaqlar:

– Bilirik, ay xala, xəbər verəcəyik, – dedilər.

Sonra ovuclarını şirniyyatla doldurmuş uşaqlar yollanmaq istədilər. Mən bir tərəfdə durub, həsrətlə baxırdım.

Uşaqlardan biri – sonradan bildim ki, bu, məktəbdə “xəlifə” imiş – həsrətlə baxdığımı görüb, anamdan mənim də onlarla iştirak etməyimi rica etdi. Anam razı oldu və mənim əlimdən tutmaq lazım olduğunu qardaşıma və onun yoldaşlarına tapşırdı.

Mən sevindim. Tez geyinib onlarla bərabər qardaşımın Quranı çıxmasını atama və yaxın qohumlarımıza xəbər aparmağa yollandım…

Biz gülə-gülə gedir və hərdənbir uşaqlardan biri qardaşımın papağını başından alıb yerə vuranda, “mübarək, mübarək!” – deyə çığırırdıq. Məndən ötrü bu şadlığın intəha və əvəzi yox idi. Baharın ilk günlərinə məxsus şən günəş bizimlə bərabər sevinir, gülümsəyirdi.

Bu gündən mən məktəblilər içərisinə daxil oldum. Bu hadisə mənim günlərimin sabahdan axşamadək evdə, küçədə qayğısız oynamaqla keçməsinə son verdi.

Həmin gün axşam atam mənə:

– Bəsdir oynadın, – dedi, – sabahdan sən də məktəbə getməyə başlarsan.

Mən bu qərardan son dərəcə xoşlandım, qardaşım kimi məktəbə getməyə çoxdan həvəslənmişdim. O gecəni də qarşısında bulunduğum böyük bir hadisənin həyəcanı içində keçirdim: düşüncələrdən yorulub yuxuya gedə bildimsə də, yenə də yuxuda məktəb düşüncələrindən azad olmadım…

Mirzə Hadinin məktəbi uzun və dar bir otaqdan ibarət idi. Otağın işıq mənbəyi bircə qapı və bir də damdakı şüşələnmiş balaca pəncərəvari bir baca olduğundan, otaq lazımi qədər işıqlı deyildi. Qapının sağ tərəfində sandalya üzərində molla özü oturmuşdu. Molla uzun və qara müştüyün başına sancılmış eşmə papirosa qullab vuraraq, ətrafına tüstü yayırdı…

Molla məni görcək başını əyib eynəyinin üstündən baxdı və sonra uşaqlara müraciət edərək, mənə yer verilməsini təklif etdi.

Məktəbin yerinə həsir döşənmişdi. Həsirin üzərinə ayaq qoyulduqca toz qalxır və havadan gəlmiş uşaqları asqırdırdı.

Otağın divarları uzunu düzülmüş taxta pillələrdə ikişər cərgə oturmuş şagirdlərdən yuxarı pillədəkiləri kitab, aşağıda oturanları “çərəkə” oxuyan idilər. Mən “çərəkə” oxuyanlar sırasında oturdum.

Molla bir-bir şagirdləri çağırıb dərslərini göstərir, kitab oxuyanlara yazı dərsi də verirdi. Şagirdlər yerlərinə qayıdıb, yırğalana-yırğalana dərslərini mütaliə edirdilər.

Birdən molla məni öz adımla çağırdı. Yanımdakı şagirdlər məni dürtmələdilər.

– Dur get, molla çağırır…

Mən qalxıb mollanın hüzuruna gəldim.

– Əyləş, – dedi.

Mən oturdum.

Mizin üzərindən bir kitabça götürüb, mənim qarşımda açdı. Bu, çərəkə idi. Molla qələmyonan bıçaqla hərfləri mənə göstərərək:

– Bu, əlifdir. Bax, buradan buraya kimi, bu zəbərdir, bu oldu ə. Bu beydir, buradan buraya kimi, bu da onun bir nöqtəsi…

O deyirdi, mən də dinləyir, bir şey qanmayırdımsa da ürəyimdə molla deyənləri höccələyirdim.

Bu qayda ilə molla əbcəd, həvvəz, hutti ləfzlərini “təhlil” edib, mənə bunları hazırlamağı əmr etdi. Mən də bunları höccələyərək, səsimi şagirdlərin xor dəstəsinə qatdım və başqa şagirdlər kimi çərəkə üzərində yavaş-yavaş yırğalanmağa başladım. Mənim təhsilim buradan – bu üsul ilə başlandı. Bu “mollaxananın” da, başqa köhnə üsullu məktəblər kimi, tədris vasitələri ağac və fələqqədən ibarət idi. Bizim mollanın ağac və fələqqə üsulu ilə tələbələrinin müvəffəqiyyətlərini yüksəltməyə çalışması və bu sahədə özünü zabitəli göstərmək istəməsi, ümumiyyətlə, köhnə məktəblərin adi ənənəsi qəbilindən olduğundan bu xüsusda yazmaqdan vaz keçirəm.

* * *

1902-ci ildən Bakı rus-tatar məktəbində oxumağa başladım. Əvvəlcə İçərişəhərdə Əbdüləlibəy Vəlibəyovun müdiriyyətində bulunan 9-cu məktəbdə oxudum. Birinci müəllimim də Vəlibəyov idi. Türkcəni bizə burada Mirzə Muxtar Məhəmmədov təlim edirdi. Bir il burada oxuyub ikinci sinfə keçəndə bu məktəb başqa yerə köçürüldü.

Ona görə ikinci sinfə davam etmək üçün qardaşımla bərabər 1-ci rus-tatar məktəbinə verildik. Həbibbəy Mahmudbəyovun müdiriyyətində olan bu məktəbdə iki il oxuyub məktəbi bitirdim. Burada rus dili və riyaziyyat dərslərindən müəllimlərim Həbibbəy, Abbas Minasazov, Mehdibəy Hacıbababəyov, türkcədən isə Məhəmməd Tağı Atakişiyev idi.

Məktəbdə aldığım hazırlıq realni məktəbinin 1-ci sinfinə imtahan tutmağa imkan verirdi. Lakin realni məktəbinə daxil olmağa bir çox maneələr var idi. Yaş məsələsi, məktəbə məxsus forma geymək məsələsi, tədris haqqı vermək məsələsi, dil məsələsi və sairə.

Realni məktəbinin birinci sinfinə 11-12 yaşından yuxarı şagirdlər qəbul edilməyirdi; buna görə də yaş göstərən təvəllüd şəhadətnaməsi tələb olunurdu.

Bu şəhadətnaməni Tiflisdən şeyxülislam dəftərxanasından almaq lazım gəlirkən, nə mənim, nə də qardaşımın adı metrik dəftərində tapıldı. Bu fəqərəni məhəllə mollaları vasitəsilə “düzəltmək” lazım idi.

Forma məsələsinə gəldikdə, rus paltarı geyib, şapka qoymaq ən çətin işdi: mollaların təsiri altında olan mühitdə şapka qoymaq – rus olmaq kimi tələqqi edilirdi. Buna atam razı olurdusa da, dostları onu bu işdən imtina etməyə çalışırdılar. Bu və ya başqa maneələrə baxmayaraq, edadi məktəbə girməyimiz üçün təlaş edən elm dostları bizi realni məktəbinə imtahan verməyə gətirdilər.

Bahar mövsümü idi. Məktəb müdiriyyəti məktəbə daxil olmaq istəyən uşaqları imtahan edib, qəbul məsələsini payıza – təlim ilinin başlanışına qədər təxirə buraxdı.

Realni məktəbində oxumaq müyəssər olacaqmı, yoxmu? Bu fikir məni tamam yayı rahat buraxmadı. Təlim ilinin başlanmasını böyük bir intizar içində gözləyir, qarşıda olan məmaniətləri rədd etmək üçün vasitələr arayırdıq.

Nəhayət, sentyabr ayı çatdı. Məlum oldu ki, məktəb qardaşımı da, məni də birinci əsas sinfə qəbul etmişdir. Lakin… bir tərəfdən işin maddi cəhəti, o biri tərəfdən də molla və mollaqulaqların təbliğatı, bizi rus məktəbində oxutmaq fikrindən atamı vaz keçməyə məcbur etdi…

Bu əhvalatı dostlarımıza xəbər verdikdə, onlar təzədən atamı razı etmək üçün çalışmağa başladılar… Atam, əsasən, etiraz etmədi. Məktəbdən qayıdandan sonra yenə adi paltarımızı geyib dolanacağımızın mümkün olmasını nəzərə alaraq razı oldu.

Sentyabrın onu idi. Dərslər başlanmışdı. Vaxtında dərsə gəlməyənlərin adı pozulacağı ehtimalı var idi… Məktəbin müdiri Denfer İvan Viktoroviç (mən ona ehtiram bəsləyirəm) qanunu güdməyərək, adımızı pozdurmamışdı.

1905-ci il sentyabrın 10-dan realni məktəbində oxumağa başladım. Realni məktəbinə daxil olmağım üçün çalışan Həbibbəy Mahmudbəyov, Mehdibəy Hacıbababəyov və İbad Əliyevin zəhmətlərini unutmaram. Bu zatların sayəsində də birinci ilin tədris haqqı maarif cəmiyyətləri tərəfindən verildi. Sonralar isə məktəb məni hər il tədris haqqı verməkdən azad edirdi.

* * *

Mənim realni məktəbinə daxil olduğum 1905-ci il inqilab ili idi.

Az bir zaman içərisində məktəbdə, inqilab hərəkatının başlanmış olduğunu öyrəndik. Yuxarı siniflərdə olan böyük şagirdlər arasında təşkilat olduğunu bilirdiksə də, bizə yuxarıdan-aşağı baxan bu böyüklərlə bizim heç bir əlaqəmiz yox idi. Buna müdiriyyət də yol vermirdi; bizi yuxarı siniflərin bulunduğu üst qatlara da buraxmayırdılar.

Buna baxmayaraq, biz gizlin-gizlin inqilabi mahnılar öyrənirdik. “Marselyoza” və başqa mahnıları bilən yoldaşlarımız dərslərin arasındakı fasilələrdə sinfin qapısını bağlayıb mahnı oxuyur, biz də onlarla xor təşkil edirdik. Bundan ruhlanır və özümüzü inqilabçı mübariz kimi hiss edirdik. Gözəl çocuqluq!..

Bir dəfə Fransa inqilabi mahnısını oxuduğumuz zaman mahnının atəşin sözlərinə o qədər aludə olmuşduq ki, hətta müəllimin gəlməsini bizə xəbər vermək üçün qapıda qoyduğumuz yoldaşımız da bizə qoşulub öz vəzifəsini unutmuşdu. Birdən qapı açıldı, məktəbin naziri (inspektoru) qızarmış bir halda üzərimizə elə çığırdı, elə çığırdı ki, yoldaşlarımızdan bəziləri qorxularından ağlamağa başladı. Nəfəsimizi udduq.

– Bir də belə çirkin hərəkətlərdə sizi görsəm, hamını məktəbdən çölə atacağam! – deyə nazir ayaqlarını yerə döydü…

Bir neçə gündən sonra dərs vaxtı birdən qapı açıldı. Yuxarı sinif şagirdlərindən biri sinfə daxil olub, şaşırmış kimi müəllimi heç də görmək istəməyərək, bizə:

– Yoldaşlar, dərsinizi tamam edin, inqilab başlandı: Rusiya hürriyyətə nail olmuşdur. Yaşasın hürriyyət! Urra! – dedi və bizə ümumi nümayişdə iştirak etmək üçün çölə çıxmağı təklif etdi. Müəllim jurnalını götürüb getdi. Biz də kitablarımızı sinifdə buraxıb, küçəyə çıxdıq. Burada bizim səfərimizi tərtib etdilər. Başqa məktəblərin şagirdləri ilə bahəm: “Yaşasın inqilab! Rədd olsun mütləqiyyət! Yaşasın hürriyyət!” – çığıra-çığıra fəhlə nümayişinə qoşulmağa yollandıq. Müəllimlərimizdən çox azı bizimlə iştirak edirdi. Lakin bir az getmişdik ki, Nikolayın şəklini gəzdirən ağ bayraqlı bir dəstəyə rast gəldik… Qarşımızı polis məmurları saxladı və bizi məktəbə dönməyə məcbur etdilər. Böyük yoldaşlarımız bizi buraxıb irəlilədilər. Biz pərakəndə olduq.

Ümumən ədəbiyyatla realni məktəbində maraqlanmağa başladım. Bunun da dil və ədəbiyyat müəllimlərinin təsiri sayəsində olduğunu tərəddüdsüz etiraf edə bilərəm.

Türk dili və ədəbiyyatına olan həvəsim tamamilə Mirzə Abdulla Şaiqin əməyinə aiddir. Şaiq realni məktəbinin türk lisanı müəllimi idi. Türk dilinin dərs cədvəlində altıncı saata qoyulmuş olmasına baxmayaraq, bizim sinifdəki türklər tamamilə dərsə qalır və həvəslə türkcəni oxuyurdular. Lakin şagirdlərin savadı müxtəlif idi. Aramızda əsla savadı olmayanlar da var idi. Ona görə də müəllimimiz savadsızlarla əlifba, savadlılarla isə ədəbiyyat dərsləri keçirdi.

Heç xatırımdan çıxmaz. Bir gün dərs zamanı dərslərimizin gedişini yoxlamaq üçün Tiflisdən məktəbə nəzarət etməyə gəlmiş Qafqaz Maarif Dairəsi baş inspektoru Slavinski sinfə daxıl oldu. Biz Şaiqin “Uçdu mələkim, ah, mənə qaldı məlali” şeirini dəftərə yazıb təhlil edirdik. Dəftərlərimiz də qarşımızda idi.

Slavinski bizə müraciətlə:

– Kitablarınız hanı? – deyə soruşdu.

Biz dedik ki, türkcə ədəbiyyat kitabı olmadığından ədəbiyyatı kitabsız keçirik. Slavinski təəccüb edərək, kitabsız nə sayaq oxuduğumuzu soruşdu. Biz anlatdıq ki, müəllimimiz mənsur və mənzum parçalar yazdırır, sonra da onu təhlil edirik. İnspektor bu məsələ ilə maraqlanaraq, yazdığımız şeirlər və nəsrlərdən dinləmək istədi. Biz yazdığımız parçaları oxuyub tərcümə etdik.

Nəhayət, “Uçdu mələyim” şeiri oxundu. İnspektor onun tərcüməsini tələb etdikdə, yoldaşımız Haşım Əliyev tərcümə etməyə izin istəyib qalxdı və şeirin nə münasibətlə yazılmış olduğu haqqında bir az əvvəl Şaiqin vermiş olduğu məlumatı söyləməyə başladı.

Şeir ikinci Dövlət dumasının qovulması münasibətilə yazılmışdı. Bunu inspektor eşidincə dönüb rəngi qaçmış Şaiqə acıqlı-acıqlı baxdı.

– Çoxmu belə şeirlər oxuyursunuz?

Biz düşünürdük ki, yoldaşımız Haşım sadəlövhlük edərək heç də inspektorun bilməsi lazım olmayan sirrimizi açmışdır.

Abdulla Şaiq irəli yeriyib, bilmirəm nə demək istəyirdi.

Mən vəziyyəti belə gördükdə, tez ayağa qalxdım və:

– Bu şeir Lermontovun “Mələk” sərlövhəli mənzuməsinə nəzirədir, – dedim.

İnspektor gedəndən sonra yerbəyerdən yoldaşımız Haşımın üzünü danlamağa başladıq. Yazıq Haşım heyrətlə:

– Dumanın qovulmasından müfəttiş özü dilgir deyilmi? Mən elə bilirdim ki, o bu şeirdən razı qalar, – dedi.

Mirzə Abdulla bizi sakit edib:

– Mən özüm gərək sizi irəlicədən başa salaydım. Mütləqiyyət tərəfdarı olan rus məmurları bu kimi şeirlərin məktəbdə oxudulmasına razı olmazlar, – dedi.

Biz müəllimimizdən çox xəcalət çəkdik.

* * *

Rusiyanı dalğalandırmış 1905-ci il inqilabından sonra rus nəşriyyatında bir çox siyasi risalələr meydana çıxmaqla bərabər, işçi vəziyyət və yaşayışını tərənnüm edən və əvvəllər çap edilməsinə senzor tərəfindən ixtiyar verilməyən kitablar da mətbuat aləminə buraxıldı. Şagirdlərdən bir taqım azadəlik sevənləri bu kitabları həvəslə mütaliə edirlərdi. Lakin bu nəşriyyatın oxunması məktəb tərəfindən tövsiyə olunmadığından gizlin surətdə oxumaq lazım gəlirdi.

Mənim oxuduğum bu yeni kitabçalar arasında Oktav Mirbonun yazmış olduğu “Fəhlələrin uşaqları” və İvan Najivinin “Madonnanın tükü” hekayələri xoşuma gəlmişdi…

Oktav Mirbo kitab şkafını təmir etmək üçün dəvət olunmuş bir xarratın dilindən Fransa kimi kəndisini mədəni ölkə hesab edən bir məmləkətdə sihhiyyələri1 üçün hökumət tərəfindən tədbir görülməyən işçi balalarının qeydsizlik nəticəsində tələf olması təsvir edilirkən “qanunlar qanun yaradan dövlətlərin lehinə, fəhlələrin əleyhinə olaraq yazılır… Fikir və mülahizələr kitablarda fərağət yatır, onlardan kənara çıxmayır”, – deyə fəryad edilirdi.

Mən bu əsəri türkcə vermək istədim və yay tətilindən istifadə ilə 1908-ci ildə Oktav Mirbonun məalını2 alıb bir hekayə yazdım. Lakin bu hekayəni çap etmək lazım idi. Müəyyən nəşriyyat idarəsi yox idi. Mən də öz xərcimə çap edə bilmədim.

Sonra ixtisarən “Tərəqqi” qəzetəsində buraxdım.

Eyni zamanda rus ədiblərindən Tolstoy Lev Nikolayeviçin yubləsi – bayram edilməsi münasibətilə əsərlərindən “insana çoxmu yer lazımdır” hekayəsini yoldaşım Haşım və qardaşım Abdulla ilə bərabər tərcümə edib Mirzə Ağa Əliyevin xərcilə kitabça surətində nəşr etməyə müvəffəq olduq.

Najivinin yuxanda göstərilən əsərinin məzmunu dəxi əhvali-ruhiyyəmə müvafiq gəlirdi. Məzmun dövlətlər arasındakı hüdud haqqında idi: hüdud yoxdur. Torpaq üzərində heç bir xətt çəkilməmişdir. Dövlətlər hüdudu, dinçilər tərəfindən avam camaata göstərilən və əslində mövcud olmayan Madonnanın tükü kimidir…

Millətləri bir-birindən ayıran hüdudların yox olmasını irəli sürməkdə olan bu kitabçanı tərcümə edib çap etmək istədimsə də çar senzoru tərəfindən izin verilmədiyindən vaz keçmək məcburiyyətində qaldım. Tərcümə bu vaxtadək portfelimdə qalır, indi də heyifsilənirəm və o senzoru nifrətlə yad edirəm.

Realni məktəbinin 3-cü sinfindən başlayaraq bu və ya başqa məktəbdə oxuyan şagirdlərə dərs verməyə başlayıb özümü idarə etməyə çalışmışam. Bəzən öz sinfimizin tələbələrinə də dərs verirdim.

* * *

Realni məktəbini 1912-ci ildə bitirdim. Təhsilimə davam etmək üçün darülfünuna daxil olmaq istəyirdim. Lakin darülfünuna qəbul edilmək üçün mənə latınca da oxuyub gimnaziya nəzdində imtahan vermək lazım gəlirdi. Buna görə realni məktəbini tamam etdikdən sonra latın dilini oxumağa başladım. Eyni zamanda dərs verməklə özümü təmin edirdim.

Bir ildən sonra, 1913-cü ildə 3-cü gimnaziyada latıncadan imtahan verib şəhadətnamə aldım və həmin il Xarkov darülfünunun fizika və riyaziyyat fakültəsinin təbiyyat şöbəsinə daxil oldum. Bioloji elmi ilə maraqlandığımdan təbiyyat şöbəsinin bioloji seksiyasında oxumağa başladım.

Darülfünuna daxil olduğum tədris ili darülfünun tələbələrinin tətili ilə başlandı.

Darülfünunun eşiyində və içərisində daima tələbələr maarif nəzarətinin və darülfünun müdiriyyətinin xətti-hərəkəti ətrafında müzakirə edirdilər. Hər gün bu və ya o fakültə tələbələrinin yığıncağı çağırılırdı. Dərslərə davam edən yox idi.

Darülfünunun binası ətrafında atlı və piyada polis nəfərləri qoyulmuşdu. Tələbələr içərisinə şpionlar göndərilib fəal tələbələrin ardınca agent salınmışdı.

Müdiriyyət dərsə davam etməyən tələbələrin xaric ediləcəyini elan etdiyi gün darülfünun qarşısında böyük bir tələbə izdihamı var idi.

Atlı polis nəfərləri tələbələri dağıtmaq istəyərək atlarını tələbələrin üzərinə sürürlərdi. Tələbələr isə kənara çəkilir, yenə toplanırlardı.

Tələbələr bir də içlərinə kənar adamların soxulduğunu görüncə bunların jandarm agentləri olduqlarını duyar və bunları aralarından çıxarmaq üçün dinməz-söyləməz itələməyə başlarlar; görməli bir mənzərə idi. Bu adamları bir tələbə çiyni ilə vurur, o biri tələbə də qolu və ayağı ilə vurub özündən uzaqlaşdırırdı. Yarım saat ərzində bu adamlar tələbələrin arasından bu surətlə kənara atıldılar. Özləri də məbhut qaldılar…

Sonralar polis məmurları darülfünun binasında durub gələn tələbələrin tələbə biletlərini yoxlamağa və binaya daxil olanların adlarını yazmağa başladılar. Bu qayda ilə polis darülfünuna gəlib də leksiyalarda iştirak etməyənləri bəlli etmək istəyirdi.

Təcili tələbələrin icması çağırıldı və oradaca protesto yazılıb polis nəfərlərinin darülfünun binasından təxirsiz çıxarılması müdiriyyətdən tələb edildi. Müdiriyyət tabe olmaq məcburiyyətində qaldı. Yenə darülfünun içərisinə daxil olmaq sərbəst buraxıldı.

Bu hadisələr zamanı mən tələbə hərəkatına alışdım. Burada bir çox inqilabçı tələbələr ilə yaxın oldum. Tətil qurtarandan sonra da mən o yoldaşlarla əlaqə saxlayaraq inqilabi hərəkatdan uzaq olmamağa çalışırdım.

Darülfünuna daxil olan ildən mən Bakıda çıxan türk qəzetlərinə ara-sıra məqalə yazırdım. Birinci illərdə yazdığım məqalələrdə milli hissə qapıldığımı da qeyd etməliyəm. Bu isə mənim çar hökumətinə olan nifrətimdən və xalqımızın qeyri millətlərə nisbətən geridə qalmasından və mənim də eyni zamanda burjuaziya məfkurəsi ilə zəhərləndiyimdən və sosialist amal və məramından xəbərsiz olduğumdan irəli gəlirdi.

Bir ildən artıq təbiyyat şöbəsində bulunduqdan sonra darülfünunun tibb şöbəsinə daxil oldum. Bu da 1914-cü ildə, yəni haman aləmşümul müharibə başlanan ildə idi.

Bizim darülfünunun tibb fakültəsinin tələbələri ən inqilabçı tələbə hesab olunurlardı. 1915-ci ildən başlayaraq müharibə əleyhinə bir çox icmalarımız oldu. Xarkovda müharibə əleyhinə birinci qərar çıxaran bizim fakültə idi.

Bu icmalar yenə mənim inqilabçı tələbələr ilə yaxınlaşmağıma səbəb oldu. Gizli mətbuat ilə tanış olmağa başladım və nəhayət, 1915-ci sənədə özüm də sosial-demokrat bolşevik firqəsinin tələbə fraksiyasına daxil oldum.

Həyatımın bundan sonrakı hadisələri bir çox yoldaşlarımın və mənsub olduğum firqənin məlumudur. Ona görə də nə 1917-ci ildə Bakıya gəlib “Hümmət” təşkilatında çalışmamı, nə də 1918-ci ildə Xarkovda Cənub türk-tatar işçi hərəkatında iştirak etməmi, nə 1919-cu ildən sonra Bakıya qayıdıb maarif və mədəni işlərdə və şura işlərində firqənin mənə tapşırdığı iş və vəzifələri ifa etdiyimi yazmıram.

Lakin hər hansı bir işdə oldumsa da mətbuatda iştirak etməklə bərabər uyqu saatlarından istifadə edərək sevdiyim ədəbiyyatla da az-çox məşğul olmağa çalışdım. Fəqət işin çoxluğundan bədii ədəbiyyata istədiyim qədər vaxt sərf edə bilmədiyimə görə, bir taqım yazılarımın hələ indi də natamam qalmasına təəssüf edirəm.

Bakı, oktyabr, 1933

İKİ QƏM

Qışın soyuqlu gecələrindən biri idi. Bir az əqdəm başlamış qar şiddətlə yağırdı. Külək də hələ davam edirdi. Biz kürsü başında oturub çay içməyə məşğul idik. Otaq isti, qabağımızda çay, özümüz də isti kürsüdə olduğumuz halda, otaqdan kənarda qar boranının nə mərəkə etdiyini heç də nəzərə almayırdıq, şirin söhbət edirdik. Bir də bizim dayı adlandırdığımız, ümumun məhəbbətini qazanmış Rəşid, uşaqlardan birinə üzünü tutub:

– Adə, bir bayıra bax gör, hələ yağırmı? – dedi. Qapıya yaxın oturan uşaqlardan biri cəld yerindən qalxıb otaqdan dişarı çıxdı və qayıdıb qarın hələ şiddətlə davam etməsini xəbər verdi. Dayı əlindəki stəkanı yerə qoyub bir öskürdü və dedi:

– Bu gecə mənim xatırıma Qurbanqulunun toy gecəsini salır, onda da belə bir qarlı, çovğunlu gecə idi.

– Qurbanqulu, dediyiniz kəndli deyilmi? – deyə müsahiblərdən biri dayıdan sordu. Dayı cavabında:

– Həmin kəndli, bizim kəndlidir, a kişi, Qara İsrafilin oğludur da. Külçə oğurlayan Fətinin qardaşı oğlu!

Uşaqlar Fətinin “ləqəbini” eşidən kimi güldülər, böyüklər də onlara baxıb balaca gülümsündülər.

– Yaxşı, kəndlilərdə qaydadır ki, yayda-baharda toy edərlər, Qurbanqulu bəs nə səbəbdən qışda toy etmişdir.

– Üç ay idi ki, adaxlanmışdı, dedi ki, mən yaya dayana bilmərəm, mən evlənmək istəyirəm, mənimçün indi toy ediniz. Labüddən toy etdilər. Qurbanqulunun adaxlanmağı, həm də təzə gəlin ilə əvvəl görüşü böyük nağıldır. Ay sənin canınacan, Qurbanqulu, – deyərək dayı güldü…

Biz hamımız birdən, – Sən allah danış, axşamdan bizə vədə vermişdin ki, söhbət edəcəksən; indi bəs bu əhvalatı danış, – deyə Qurbanqulunun əhvalatını danışmağı dayıdan yerbəyerdən təvəqqe etdik. Dayı razı oldu və Qurbanqulunun hekayəsinə başladı.

– Qurbanqulunun atası və babası bizim kəndli olmuşlardır. Qurbanqulu çox işsevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub, oduna, biçinə, alağa, xıra, bağa gedərdi. Subay olduqda, çox vaxt çox iş olanda evə qayıtmayıb çöldə qalardı. Zərrə qədər qorxu-zad bilməzdi. Bunlarla işimiz yox, ancaq güclü, həm də hünərli bu cavanın iki eybi var idi; onu da Allah bieyib yaratmamışdı. “Dünyada heç bir gözəl yoxdur ki, onda bir eyib olmasın” – bu bizim dədə-babamızdan qalma sözdür. Amma hər cür olsa da Qurbanqulunun eyibləri üzdə idi.

Əvvəl bir gözü çiçəkdən kor olmuşdu, ikinci də burnu qəribə idi, belə ki, buna hamı “uzunburun”, ya “taxtaburun”, – deyə ad qoymuşdular. “Odunu kimdən aldın?” – deyə bir kəndli soranda, o birisi cavabında: “Uzunburun Qurbanquludan almışam”, yainki: “Çəpəri sənə kim satdı?” – deyə bir-birindən sual etdikdə, əgər cavabında “Qurbanqulu” deyilsə idi, onda çəpər alandan sual olunacaqdı: “Hansı Qurbanqulu?” – çünki kənddə bir də “qazançı” oğlu Qurbanqulu, bir də “Uzunburun Qurbanqulu” var idi. Bir də “Boş Qurbanqulu” var idi. Bu, dördüncüsü idi. Bunu da onlardan fərq etmək üçün adının yanına bir “uzunburun”, ya ki “taxtaburun” əlavə etmək lazım idi.

Kənddə Qurbanqulu hünəri və məhəbbəti sayəsində cümlə kəndin hüsn-rəğbətini qazanmışdı. Camaatdan ötrü doğrudan Qurbanqulu heç bir şeyini əsirgəmədiyi kimi, canından belə keçməyə hazır idi. Bir dəfə naxıra öz inəklərini ötürən uşaq kənd kənarında olan quyuya düşür. Qurbanqulu da quyunun yaxınlığında taxıl döyürdü. Birdən inəyin böyürtüsü bunun diqqətini cəlb edir. Qurbanqulu uşağı görər-görməz xırman çəkdiyi atı buraxır və quyunun yanına qaçır. Quyunun içində uşağın əllərini görür. Haman saat Qurbanqulu özünü quyuya salır və uşağı dalına mindirib quyudan çıxardır; uşağı balaca hala gətirəndən sonra yenə əvvəlki kimi öz işinə məşğul olur… Qurbanqulu həmişə xalqın xeyirxahı hesab olunardı. Zatən də belə idi. Nə qədər özünün xüsusi işi olsaydı, cümləsini camaat işindən ötrü tərk etməyə hazır idi. Bir gün camaat şəhərə – qubernatorun yanına dörd nəfər vəkil göndərmişdi ki, təvəqqe etsinlər camaatın hazırda təvanəsi olmadığından vergi pulunu verməyə bir ya yarım il möhlət verilsin. Bu danışıqdan ötrü camaat məscidə yığılmışdı. Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb vəkillərə verməyi öhdəsinə götürdü və haman saat atına süvar olub yollandı.

Bir yerdə bir araba atını yıxılmış, ya bir araba oxundan və ya da çarxından sınan görsəydi, dərhal kömək edərdi…

Bəli, neçə müddət idi ki, Qurbanqulu subay idi və heç evlənmək məsələsini xatırına gətirməyirdi.

Bir gün anasına deyir:

– Ana, gəl sən məni evləndir, nə qədər subay qalacağam? Şəriətimizə gərək əməl edək.

Anası xoşnud olur, zira nə qədər Qurbanquluya təklif etmişdisə də, rədd cavabı almışdı… Anası da bu əhvalatı Qurbanqulunun bibisi şah Zeynəbə xəbər verir. Bunlar fikirləşib, işi bu yerdə qoyurlar ki, qonşu kənddən Fərəc kişinin yetim qızını ona alsınlar. Fərəc kişigil yaxın kənddə sakin idilər; iki arvad almışdı ki, onlardan biri günülüyə davam etməyib, ikinci arvad alandan sonra o dünyaya köçmüşdü. O arvaddan iki oğlan, iki də qız qalmışdı. Qızların biri – ən böyüyü gözəl deyildi; qız həm çopur, həm də bir ayaqdan şikəst idi. O idi ki, nə qədər elçi Fərəcgilə gəlirdisə, hamısı kiçik qızı seçirdi, fəqət Fərəcin yeni arvadı bunu bilirdi ki, balaca qızın “müştərisi” çoxdur, ancaq böyüyü qabaqcadan başdan olmalıdır. Elçilər də böyüyü istəməyirdilər. Onda da Fərəcin arvadı deyirdi ki:

– Əgər balacasını istəyirsinizsə, dayanın, gözləyin, əvvəlcə böyüyü verək, sonra balacası sizindir.

Bir çoxları da vaqiən gözləyirdilər; bibi və ana məsləhət və məşvərətdən sonra Fərəcin balaca qızı olmasa, böyük qızını almağa qərar verdilər. Bu barədə söz yox idi ki, Qurbanqulunun rəyi sual olunmamışdı. Bir gün baldız, gəlin kitab açdırıb, xoş gün seçib qonşu kəndə yollandılar. Qızlar ikisi də evdə hazır idi. Böyük qız dərhal qonaqların hansı “qonaqdan” olduğunu duyur, qaçıb gizlənir. Yazıq qız bilirdi ki, onsuz da elçilər onu bəyənməyəcəklər… Xəmir gəldiyinə görə çörəyi yapmaq (bişirmək) lazım gəlir. Fərəcin arvadı əziz qonaqları təkid ilə saxlayır ki, çörək bişirilsin, təzə çörək yesinlər, sonra getsinlər… Qərəz, Qurbanqulunun bibisi nə üçün gəldiklərini Fərəcin arvadına təklikdə bildirir; Fərəcin arvadı böyüyünü verməyə, hər halda, razı olduqlarını məlum edir. Elçilər sözləşib evə qayıdırlar. Qurbanquluya xəbər verirlər ki, ona bir qız almışlar. Əvvəlcə Qurbanqulu kimi, necə qız olduğunu sual etmir.

Bir neçə gündən sonra üzük aparırlar; Fərəcin böyük qızı Qurbanqulu üçün alınır. Bir neçə vaxt keçəndən sonra, Qurbanqulu bibisindən, söhbət əsnasında adlısının necə qız olduğunu sual edir. Bibisi də tərifə başlayır: “Uzunboylu, qarasaçlı bir cavana qız, özü də 19 yaşında, səndən də bir 8-9 il balaca – saçlı-birçəkli qız. Daha sənə nə lazımdır? Özü də işbacaran, işli-güclü; səhər tezdən xəmir yoğurub çörək yapar, inəkləri sağar, atları yemlər, qoyunları görər… Belə bir qızı sən daha tapa bilməzsən”. Qurbanqulu razı olur, amma yenə bir görmək istəyir. Onda bibisi: “Xalqın qızını sənə necə göstərək?” – deyə məəttəl qalır. Qurbanqulu isə deyir ki, mən özüm gedib hasardan, qapıdan baxaram, bəlkə gördüm.

İttifaqən Qurbanqulunun bacısı azarlayır.

Məlum şeydir ki, kənddə həkim-doktor zad tapılmaz. Bir qədər “türkəçarə” edəndən sonra, belə məlum olur ki, guya Qurbanqulunun bacısı qorxmuş, ona görə bina qoyulur ki, qızı K. kəndinə aparıb çildaqlasınlar, qorxuluğunu götürsünlər. Bu kənd də Fərəc olan kənddir ki, orada bir köhnə pir var. Bu pirə qorxmuşları, naxoşları gətirib nəzir-niyaz edirlər.

Qurbanqulunun bacısını bu kəndə gətirmək lazım idi. Bir gün cümə axşamı idi; Qurbanqulu arabasını qoşub, anasını, bacısını mindirib həmin pir olan kəndə yollandılar. Fərəc kişinin evi pirin yolu üstündə vaqe imiş. Qurbanqulu arabanı evin yanından sürəndə, arabanın üstündən boylanıb həyətə baxır və həyətdə bir qız görcək: “Ana, söylə görüm, bu qızdırmı Tükəzban xanım?” – deyə sual etdikdə, anası da boylanıb Fərəcin balaca qızını tanıyırsa da, ancaq oğluna deyir ki, “o qız sənin adlındır”. Bunu eşitcək Qurbanqulu şad olur ki, aldığı qız gözəl imiş. Yazıq nə bilsin ki, gördüyü qız onun adlısı deyilmiş… Pirdən qayıdandan sonra Qurbanqulunun da bacısı sağalmağa başlayır. Bir az müddət keçəndən sonra gəzməyə başlayır. Bu hində Qurbanqulu anasına xəbər verir ki, artıq gözləmək mümkün deyildir, indi bu saat evlənəcəkdir. Nə qədər buna təkid olurlar ki, toyu yayda etmək münasibdir, guya toyda qonaqları cəm edib pul yığmaq mümkün olar, Qurbanqulu razı olmur. Aşkar deyir ki, mən pullu toy etməyəcəyəm, ona görə də yaya saxlamağa ehtiyac yoxdur…

Bir ay bu əhvalatdan sonra toy edib Fərəcin böyük qızı Tükəzban xanımı Qurbanqulu üçün gətirirlər. Əhvalatın ləzzətli yeri bura imiş. Zifaf otağında təzə gəlini görcək Qurbanqulu təəccüb edib dalı çəkilir: “Bumudur mənim üçün aldıqları qız?!” Halbuki, bir-iki ay bundan əqdəm bacısını pirə aparanda gördüyü qız ilə bunun heç oxşayışı yoxdur, fikrilə: “Vay, mənim evimi yıxan, evin yıxılsın!” – deyib otaqdan bayıra çıxır və anası ilə, bibisi ilə davaya başlayır:

– Siz mənə bir gözəl qız almışdınız, bu qızın ki, bir gözəlliyi yoxdur, siz mənim evimi yıxdınız! – deyə şikayət edib ağlayır.

Bu halda Qurbanqulunun bacısı, otaqda tək qalmış təzə gəlinin yanına gedib, belə bir mənzərə görür: otağın bir küncündə gəlin dizlərini qucub ağlayır.

– Balam, nə üçün sən ağlayırsan, gəlinimiz?

Qız cavab vermir, bir də sual etdikdə, gəlin:

– Məni bu kişiyə veriblərmiş, mən heç buna getmək istəmirəm, heç xoşuma gəlmir! – deyə ağlamaqda davam edir.

Təzə gəlinin bəyi bəyənməyib ağlamasından bəyi xəbərdar edirlər. Qurbanqulu bir çox fikirdən sonra:

– Fələk yazanı biz pozmayacağıq ki: qismət belə imiş! – deyə otağa daxil olub, gəlinin əlindən tutub deyir: – Balam, nə sən ağla, nə mən ağlayım, bizim qismətimiz belə imiş. Sən də, mən də, ikimiz də bir dərdə, bir qəmə mübtəla olmuşuq, qoy bizi evləndirənlər şad olsunlar. İkimizin qəmi birdir.

Əhvalat bu yerə çatdıqda kişi dayandı. Bir azdan sonra ahəstə səslə:

– Hə, Qurbanqulu belə evləndi, – deyib qəlyanım kök etməyə başladı.

Uşaqlar yuxu ilə mübarizə edirdilər. Dayı dayanandan sonra xamuşluq oldu. Bir kəs bir söz deməyə sanki cürət etməyirdi.

– Görürəm uşaqların yuxusu gəlir. Uşaqlar, yatınız, sabah gecə sizdəyəm, yenə danışarıq, – deyə kişi qalxıb qəlyanı çəkməyə bayıra çıxdı. Və bayırdan: – Soyuq daha da şiddət edir, aləmi qar bürüyüb, bizim xəbərimiz yox, – dedi.

Uşaqlar yatacaqlarına girdilər, bir saatdan sonra tamam ev yuxuya qərq oldu.

1914

ŞƏKƏRƏLİ ÇOBAN

Şəkərəli böyük bir qoyun sürüsünü ağacla kənddən çölə qovurdu.

Fəsillərin ən gözəli, ən səfalısı bahar vaxtı olduğundan o tərəf-bu tərəf yaşıl otlar, əlvan çiçəklər ilə bəzənmişdi. Güllərin ətri otların iyinə qarışıb ətrafa saçılmaqda idi.

Günün, o alovlu günün şüası çiçəklərin, otların üzərinə düşüb, onlara öz nəvazişi ilə istilik verirdi.

Şəkərəlinin qoyun sürüsü yol uzunu gedərək, yolun tozunu havaya qaldırırdı. Sürü yaxınlaşdıqca çöldəki quşlar qalxıb uçuşur, sonra oturur, yenə sürü yaxınlaşanda havaya pərvaz edirlərdi. Zənn edirdilər ki, sürü onları təqib edir. Quşların bəzisi bu təqibdən xilas olmaq üçün yol uzunu uçmayıb sağ və sol tərəfə səpələnir və otların içərisində gizlənirdi. Şəkərəli nə bu otları, nə əlvan çiçəkləri, nə də o tərəf-bu tərəfə uçuşan quşları, nə də rəngbərəng boyalarla bəzənmiş pərvazları görürdü. Həmçinin yaşıl otların, əlvan çiçəklərin bir-birinə qarışmış ətri onun diqqətini cəlb etməyirdi. Böyük bir fikrə dalaraq irəliləyir və sürüdən dala qalan qoyunların qılçalarına əlindəki ağacını endirirdi.

Çaya yaxınlaşdıqda Nabatın mahnıları yavaş-yavaş eşidilirdi.

Deyəsən, bu mahnıları bu gün Şəkərəli eşitməyirdi. Şəkərəli həmişə buralara gələndə sevinər, şad olardı. Amma nədənsə bu gün acıqlı və qaşqabaqlı idi. Guya sevdiyi qızı qayıb etmiş, guya ona məhəbbət bəsləyən qız başqasını sevmək ilə onu xatırından çıxarmış…

Yox, yox… Nabat bunu sabiqdəki kimi sevir. Xayır, sabiqdəkindən daha artıq sevirdi. Lakin bu gün Nabat da iləridəki kimi şad deyildi. Nabat zənn edirdi ki, Şəkərəli bir şey bilməyir və onu dilgir, qəmgin edən macəradan xəbərsizdir.

Şəkərəli əhvalatı bilmişdi…

Şəkərəli uzaqdan Nabatı həmişəki yerində görmək üçün başını qaldırıb baxdı… Uca qamətli Nabat qoca çinarın kölgəsində durub Şəkərəlini gözləyirdi. Lakin bu gün daha təbəssümlə deyil… “Balupəri sınan quş kimi” qəmli bir halda gözləyirdi.

Nabat başını aşağı salıb, dolmuş gözlərini başına gələn müsibəti həzin-həzin oxşayan çayın axar sularına dikmişdi.

Sular da ağlar kimi, həzin-həzin axıb gedirdi.

– Nabat, nə olub, yenə fikrə getmisən, kefin necədir, – deyə Şəkərəli Nabata yaxınlaşıb sordu.

– Ah, demə, sorma, bir də dərdimi təzələmə, – deyib Nabat yenə ətrafa tamaşa etməyə başladı.

Şəkərəli dəxi dinməz dururdu.

Bir azdan sonra Nabat:

– Bilirsənmi, Şəkərəli, mən gərək səndən… – deyib durdu. Fikrini tamam edə bilmədi.

– Ayrılırsanmı? – deyə Şəkərəli Nabatın sözünü tamam etdi.

– Hə, bilirəm. Sənin heç bir günahın yoxdur. Mən bədbəxt oldum.

– Mən nə edim? Mən səni necə tapmışdım?

– İndi yenə başqasını taparsan.

– Elə demə, Şəkərəli vəfasız adam deyil; sən də bilirsən, mən də bilirəm…

– Yaxşı, Şəkərəli, bilirsənmi bizim ayrılmağımıza səbəb kimdir? Kimdir bizim bədbəxt olmağımızın baisi?.. – və cavab gözləməyərək Nabat: – Kəndxudanın oğlu Heydərdir, – dedi.

– Ah, belə de: Heydər? Mən eşitmişdim ki, səni ərə verirlər, amma kimə verildiyini sormamışdım. Heydərmi? Heyif, Nabat, səndən o Heydər üçün! Vay dünya…

Bir azdan sonra Şəkərəli:

– Toy nə vaxtdır? – deyə sordu.

– Gələn çərşənbə günü… Mən evdə dedim getməyəcəyəm. Mənə acıqlandılar. Nənəm başıma bir qapaz vurdu ki, başımda yenə ağrı qalır.

Sonra Nabat Şəkərəlinin əlindən tutub, dolu gözləri ilə Şəkərəliyə baxıb başını aşağı saldı, Şəkərəli başını əyib diqqətlə qulaq asdı.

Nabat içindən ağlayırdı. Şəkərəli qolunu Nabatın boynuna salıb onu bağrına basdı.

– Yox, belə olmaz, – dedi.

Toya bir gün qalmışdı. Şəkərəlini Nabat çay kənarında görə bilmədi. Toy günü də ondan bir xəbər çıxmadı. Toy gecəsi kəndxudanın evində böyük bir büsat varkən, qonaqlardan biri gecə kəndxuda oğlu Heydərin meyitini qapıda görüb qiyamət saldı.

Toy pozuldu. Dedilər ki, bir nəfər Heydəri səsləyib, söz demək üçün qapıya tərəf çağırmışdı. Sonrasından xəbər verən yox idi.

Meyit bütün sirləri gizlədirdi. Heç kəs bilmədi ki, onu kim öldürdü.

Ancaq çayın kənarında olan kəndlilər gecə vaxtı bir nəfərin yaxınlaşıb özünü çaya atmasını görmüşlər. Çayın kənarında qanlı bir xəncər buraxılmışdır.

Xəncərin Heydərin olduğu təyin edilmişdi. Şəkərəlidən bir xəbər verən olmadı.

Xarkov, 1915

ALEKSANDR EYNİÇ

İçində yaşadığımız ailənin tərtib vermiş olduğu ailə bayramında mən o tələbə ilə birinci dəfə olaraq görüşdüm.

“Aleksandr Eyniç” onun adı idi. Onun barəsində ev xanımının qızı iləricə mənə bir taqım məlumat vermiş və demişdi:

– O da sizin kimi azərbaycanlıdır, ancaq adı sizin adınız kimi dilsındıran deyil. Bizim adlar kimidir – Aleksandr Eyniç, sadə və asan!

Mən cavabında:

– Asan, fəqət sizin üçün. Elə deyilmi? – deyə sorduqda, xanım qız özünəməxsus nazla gülümsəyərək, qırmızı dodaqlarını büzüb, mənim dediyimə razı olmuşdu.

Çoxdan bəri həsrətində olduğum və tanımaq istədiyim Aleksandr Eyniçi bu axşam görməyə müvəffəq oldum.

Bizi bir-birimizlə tanış edərkən, qonaqpərəstliyi və şirin danışığı ilə dostları arasında məşhur olan ev xanımı;

– İki həmyerli əziz dostlarımızdan tanış olmalarını rica edirəm, – dedi.

Biz bir-birimizin əlini sıxaraq, familiyamızı söylədik. Dərhal Aleksandr Eyniç üzr istəyib döndü və otağın yan qapısından daxil olan ev xanımının qızı ilə başqa bir gənc qadına qarşı yönəldi. Bu vaxt mən ona diqqətlə tamaşa etdim. Aleksandr Eyniç ortaboylu, qara saçları səliqə ilə daranmış, buğdayı simalı, darülfünun forması geymiş bir cavan idi. Ənginin kobud olmasına rəğmən üzü ümumən xoş idi. Xüsusən iri və oynaq qara gözləri üzünə ayrı bir məlahət bəxş edirdi. Aleksandr Eyniç belə bir zahiri görünüşə malik idi ki, içəri Rusiyada çox-çox az təsadüf olunub və nadir olduğu üçün də özünə artıq diqqət cəlb edir.

Bu axşam həmyerlim məni də maraqlandırdı. Doğrusu, maraqlanmamaq da çətin idi. Onun gah bu xanımı, gah o xanımı məşğul etməyə çalışması, məzəli lətifələr, sözlər söyləməyə səy etməsi və özünü zarafatcıl göstərmək istəməsini görməmək mümkün deyildi. Diqqətlə tamaşa etdikdə görürdük ki, kişi çalışır ki, bütün hazır olanların diqqətini özünə cəlb etsin və bunun üçün də şübhəsiz, irəlicə hazırlanmış və ola bilsin ki, dəfələrlə söyləmiş olduğu gülməli lətifələri bir-bir xırıda verirdi.

Çay vaxtı şirni qutularını alıb xanım və qızlara təklif edirkən, hərəsinə bir cür eşqli sözlər söyləyirdi. Odur ki, təbii, hamının gözü Aleksandr Eyniçdə, Aleksandr Eyniç də hamının dilində idi.

Çaydan sonra salondakı qonaqlar iki-bir, üç-bir bir tərəfə çəkilib, bəzisi söhbət edir, bəzisi miz üstündə duran albomların şəklinə baxır, başqaları da pianino ətrafında toplaşıb, yeni mahnı notlarını çaldırıb dinləyirdi…

Aleksandr Eyniç isə bir yerdə durmayırdı. Bir də baxdıq ki, ağzını pianino çalan qızın qulağına yaxınlaşdırıb, nə isə deyib güldü; sonra görürdük ki, başqa bir qadına yanaşıb, əlini öpür və yainki bir qeyrisini dəvət edib rəqs edir… Zalım oğlu bu axşam bir dəqiqə sakit olmadı: gah rəqs edir, gah da məzə verib-məzə alırdı.

Nə qədər çalışdımsa da, bu axşam mən onunla danışa bilmədim. Ancaq qonaqlar dağılanda mən ona yanaşıb, xüsusi görüşmək üçün yanıma gəlməsini rica etdim, o da ünvanını söyləyərək, məni öz evinə dəvət etdi. Beləcə xudahafizləşdik. Aleksandr Eyniç bir dəstə xanım və qızlarla gülə-gülə çıxıb getdi.

Bu görüşdən sonra mən yerlimdən narazı qaldımsa da, yenə onunla görüşməyə, onun kim və haralı olduğunu bilməyə və əvvəl-əvvəl “Aleksandr Eyniç”in mənasını öyrənməyə qərar verdim.

Haman qonaqlıqdan üç gün sonra bir axşamçağı idi. Başmaqseyri yapmaq fikrilə evdən çıxdım. Haradansa Aleksandr Eyniç yadıma düşdü. Verdiyi ünvanla yanına getməyə qərar verdim.

Şəhər elektrik şüaları içində çimirdi. Mağaza və evlərin pəncərəsindən, gündüz zəhmətindən sonra şəhərin lal olmaq istəyən küçələrinə elektrik işığı yağırdı. Hava sakit olsa da, ağır idi, bəlkə bu səbəbə görə idi ki, həmişəki kimi küçələrdə gəzən yox idi. Qaranlıq göyün şən, işıqlı və parlaq ulduzları şəhər küçələrindəki elektrik lampalarına qaş-göz atırdılar. Gəzən az idi. Bir az dolaşandan sonra evi tapdım.

Həmyerlim olan evin qapısında vurulmuş bir neçə ad vərəqələri arasında Aleksandr Eyniçin də vərəqəsi mövcud idi; rusca “Aleksandr Eyniç Salaxov” yazılmışdı. Aleksandr Eyniçin hansı sözdən alındığını yenə anlamadımsa, ancaq Salaxovun “Salehdən” əmələ gəldiyini düşündüm. İxtiyarsız zəngi çaldım, gözümü Aleksandr Eyniçin vizit kartından çəkə bilməyirdim: Hərf-hərf höccələyib, mənasını çıxarmaq istəyirdim; lakin əfsus!.. Zəhmətim bihudə idi: bir şey anlamırdım.

Birdən qapı açıldı. Qarşımda gənc bir qulluqçu peyda oldu. Aleksandr Eyniçin evdə olub-olmadığını sordum. Xidmətçi məni içəri dəvət etdi və şüşəli bir qapını göstərdi. İçəridən Aleksandr Eyniçin: “Buyurunuz, buyurunuz”, – səsini eşitdim. Otağa girdim.

Aleksandr Eyniç, gözəl surətdə bəzənmiş və döşəməsinə xalça salınmış bir otağın tən ortasında durmuşdu. Biz köhnə dostlar kimi bir-birilə görüşdük. Onun göstərdiyi sandalya üzərində oturaraq, kişini işdən avara edə biləcəyim üçün üzr istədim.

Aleksandr Eyniç gülümsədi və gəlməyimdən razı qaldığını söylədi.

Bu vaxtadək rusca gedən danışığımızı türkcəyə döndərmək məqsədilə mən ondan türkcə bilib-bilməməsini sordum.

Aleksandr Eyniç fövrən türkcə cavab verdi:

– Bəs nədi, müsülmanam, dayna!

– Beləsə, türkcə danışaq!

Sonrakı söhbətdən anlaşıldı ki, bu, universitetin hüquq fakültəsinin tələbəsidir. Üç ildir ki, burada təhsil alır. Lakin bir çox səbəblərə görə imtahanlarının hamısını verməmişdir və təəssüf etmir, çünki “osnovatelno” keçmək niyyətini bəsləyir.

Təzə tanışımın adı məni maraqlandırdığı üçün türkcəsini bilmək istəyirdim. Bu məsələyə yaxınlaşmaq fikri ilə mən əvvəl onun haralı olduğunu sordum:

– Yelizavetpol quberniyasındanam, bizdə, znayete, burada olan kimi jizn yoxdur.

– Nə mənada buyurursunuz?

– Hər mənada, qlavnoye – ora çox skuçna olan yerdir. İntelligentni obşestvo yox, zad yox. Keçən yay getmişdim. Bu yay kateqoriçeski reşil, getməyəcəyəm. Adam yoxdur, vot v çem delo! Muzdur Əli, rəncbər mujiklər, arabaçı Qulu, vot naşe obşestvo.

Bir az sükut edəndən sonra mən birdən:

– Sizin adınızın türkcəsi İskəndərmidir? – deyə soraraq, makedoniyalı Aleksandrın aramızda İskəndər Zülqərneyn adı ilə məruf olduğunu xatırladım.

– Yox, yox, mənim adım Əlihüseyn bəydir, mən özüm perevod elədim, – deyə tanışım izahat verdi: – bilmirsiniz, burada bu rus barışnaları soruşurlar, nu, Əlihüseyn bəy deyəndə xoşları gəlməyir, çağıra bilməyirlər, ona görə mən Aleksandr perevod elədim.

– Bəs Eyniç?

– Hi-hi-hi, hə, hə, hə. A kak je, imya i otçestvo hər yerdə işlənir. Nu, mən atamın adını da perevod elədim. No po vaşemu atamın adı nədir?

Mən cavab vermədim.

– Eynulla bəy, Məşədi Eynulla bəydir. Mən bu barədə çox fikir etdim. Vizitni kartoçka çap eləyən tipoqrafçı bir cuhud var, o düzəltdi. Oçen udaçno – elədirmi? V kulturnom mire tak prinyato.

Mən bir söz söyləmədim.

Bu halda qapı yavaş döyüldü. Aleksandr Eyniç izin verdikdə, bayaq mənə qapı açan qız daxil olub göy rəngli kiçik bir konvert verdi. Tanışım tez məktubu alıb üstünü oxudu.

– Görürsünüz nə yaxşı çıxır: “Qospodinu Aleksandru Eyniçu Salaxovu” – nastayaşi urus adı kimi!

Sonra məktubu açıb baxdı və üzündə bir yapma təbəssüm oynayaraq, kağızı masanın üstünə atdı və özündən məmnun qalaraq dedi:

– Yazıq qız skuçat edir, çağırır, vot, kstati, istəyirsiniz mən onu sizinlə tanış edim; çox yaxşı krasivaya barışna! Nu, bir az atvlekatsiya olar.

Mən təşəkkür etdim və izin istəyərək, getməyə qalxdım. Ayrıldıq.

Aleksandr Eyniçlə tanışlığım burada tamam oldu. Daha görüşmədik. Ancaq ara-sıra küçədə, teatrda rast düşürdük. Onda da bir-birimizə baş endirərək, uzaqdan salamlaşardıq…

Yoldaşım hekayəsini tamam edib sordu:

– Aleksandr Eyniç xoşuna gəldimi? Belələrinə tələbələr arasında çox rast gəlinir. Başqa tiplər də yox deyildir. Fəqət bu axşam kifayət edər. Yatmaq zamanı gəldi.

– Çox gözəl…

Yatacağımızda uzandıq. Yoldaşım yorulmuşdu, tez yatdı. Məni isə, xeyli zaman Aleksandr Eyniç məşğul etdi. Ancaq səhərə yaxın məni də yuxu aparmışdı.

1916

ACLAR

Alçaq və pəncərəsiz bir odada qapının sağ tərəfində yatmış olan bir çocuğun başı üstündə anası əyləşib, gözlərini bir nöqtəyə dikərək, dərin fikirlərə qərq olmuşdu. Hava soyuq olduğundan odanın yeganə qapısı örtülmüşdü. Oda qaranlıq idi. Ancaq qapının taxtaları arasından gələn işıq odanın bir qismini, bacadan düşən işıq isə ikinci qismini işıqlandırmaqda idi.

Odada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıq-cırıq parça palazlardan başqa artıq bir şey gözə çarpmırdı: oda tamam boş idi.

Nəhayət, uyuyan uşaq tərpənib gözlərini açdı. Üzü saralmış, gözlərinin altı göyərmiş, dodaqlarının rəngi qaçmış olan çocuq diri bir ölü kimi görünürdü. Çocuq oyanan kimi anasının üzünə baxdı. Ayağa durmaq deyil, əllərini belə qaldırmağa taqəti qalmamışdı. Sevimli övladının ayılmasını görüncə:

– Cəlil, oyandınmı? – deyə anası sordu.

– Ana… ana…

Uşaq taqətsiz olduğundan sözünü deyə bilmədi. Lakin onun sönük gözlərinin solğun baxışı nə demək istədiyini andırırdı. Anası anladı ki, acdır. Cəlil yemək istəyirdi.

– Heç bir şeyimiz qalmamışdır, oğlum; axırıncı parça çörəyi dünən səhər yedin. Bu saat bacın Züleyxa gələr, onu çörək axtarmağa göndərmişəm… Bir az səbir elə, oğlum.

Bu söhbət əsnasında Züleyxa gəldi.

Züleyxanın əliboş olduğunu görcək anası anladı ki, qonşularda da yeməli bir şey tapılmamışdır.

Züleyxa anasına:

– Ana…

Lakin anası qızının səsini kəsərək:

– Qızım, gəl Cəlilin yanında qal, mən gedim, görüm sizə nə taparam, – dedi.

Bu möhnətli ana Cəlilin üzündən öpüb getdi.

Züleyxa və Cəlil yenicə atasız qalmışlardı. Ataları kəndləri talan olan zaman öldürülmüşdü. Bunların yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. Var-yoxları qarət ediləndən sonra tamam kənd əhli kimi, bunlar da azuqəsiz, ac və yalavac qalmışlardı. Yəqin ki, belə gedəcək olursa, tamam kənd əhli tələf olacaqdı. Başqa bir çarə bulmayan köylülər: “Allah kərimdir”, – deyə kömək gözləyirlərdi.

Nə edəcəklərdi? Amansız müharibə heç bir kəsin torpaq və yurdunda gözü olmayan bu zavallı köylülərin yaşayışını pozmuş, yurdlarını dağıtmış, özlərini da dilənçi halına salmışdı. Onlar yalnız ümid ilə yaşayırlardı. Ümid olunurdu ki, bədbəxt insanların halına yanan tapılacaqdır.

Ana gedəndən sonra balaca Züleyxa o zərif qolları ilə qardaşını qucaqlayıb, sakit etmək və təsəlli vermək məqsədilə:

– Cəlil, əzizim, bu saat ana gələr və bizə yemək gətirər, – deyirdi.

Əvvəlcə anasının, indi də bacısının təsəllisini sakit dinləməkdə olan Cəlil bacısına baxır, heç bir söz deməyirdi.

Soyuq olmasın deyə, Züleyxa qardaşının üstünə parça palazı da əlavə saldı.

Anaları evdən çıxdıqdan sonra bir az dayandı, fikrə daldı: “Əcəba, haraya getsin?”

…Sahibi xanımın həyətə çıxdığını görən it onun o yan-bu yanına dolanıb yalvarıcı bir nəzər ilə mərhəmət dilər kimi baxmağa başladı.

Xanım bunu hiss elədi və itin halına acıyaraq:

– Yazıq it, sən də acmısan? Lakin sənə verməli bir şeyim yox, – deyə iti əli ilə tumarladı.

İt anlayır kimi, gözlərini aşağı dikdi.

Arvad bir az durduqdan sonra yenə sabiqdə arpa və buğda saxladıqları dama girib, birər-birər arpa və buğda yığmağa başladı.

Züleyxa qardaşını sakit etməkdə ikən, birdən qapı döyüldü.

– Kimdir?

– Bacı, aç, sizə un gətirdim.

Haman saat Züleyxa qapını açdı. İki cavan oğlan un kisəsini verərək:

– Bacı, bu unu sizə gətirdik. Alın, – dedilər.

Sonra cavanlardan biri əlindəki kitabın bir vərəqəsinə bir-iki söz yazaraq:

– Neçə nəfərsiniz? – deyə sordu.

Gözlərini bu gələnlərdən çəkməyən Züleyxa:

– Üç nəfər qaldıq… Atamı öldürdülər, anam çörək axtarmağa getdi. Bu da Cəlil – yatır, – dedi.

– Çox gözəl, bu vərəqəni al, hər həftə anan məscid yanına gəlib, bu vərəqə ilə un payınızı ala bilər.

– Sağ ol!

– Bu un sizə yardım cəmiyyəti tərəfindən göndərilmişdir.

Cavanlar getdi. Qız anasını harada axtaracağını bilməyərək, səbirsiz gözləməyə başladı. Unu var gücü ilə içəri çəkdi.

– Cəlil, gördünmü, bizimçün un gətirdilər? İndi ana gələr, bizə yemək hazırlar… – Bir az düşünəndən sonra: – Bax, Allah bizə kömək oldu, gəl Allaha dua edək, – bu sözləri əlavə edərək, qız üzünü qibləyə tərəf tutub, zərif qollarını qaldırdı və:

– Ya Allah, ya Allah, şükür sənə, ya Allah, – deyə böyüklər kimi dua edə bildiyini zənn edir və bundan çox razı qalır kimi, duasına davam ilə gah qapıya, gah da Cəlilə baxırdı.

Balaca Cəlil bacısının duasını təkrar etmək istəyərək, zəif və eşidilməz bir səslə ancaq bunu deyə bildi:

– A…al…şü…kür…

Anası daxil olcaq qız duasını kəsərək, sevincli bir surətdə:

– Ana, bizə un gətirdilər, – deyə bayaq verilən kağızı anasına göstərdi: – Deyirlər sən bu kağızla hər həftə bizim un payımızı məscid həyətindən ala bilərsən. Bax, bu kağızda yazdı. Sordu neçə adamsınız, bax, adını da yazdı.

Bu sözlərlə qız guya kağızın yazılarını oxuyur kimi, barmağı ilə kağızın qaralarını anasına nişan verdi.

– Bilirsən, qızım, bunu bizim qardaşlarımız bizə göndərmişlərdir, – dedi.

Haman saat ana övladları üçün yemək tədarük etməyə başladı. Bir azdan sonra Züleyxa və Cəlil anasının bişirmiş olduğu yayma çörəyini yeyirdilər.

Sonra anası uşaqlarına insanların mərhəmətindən danışıb deyirdi:

– Baxın, qardaşlarımız uzaqdan bizim halımıza yanıb, bizim üçün un göndərirlər ki, acından həlak olmayaq…

Züleyxa onun sözünü kəsərək:

– Ana, bəs, insanlar bizim kəndi niyə dağıtdılar? Niyə atamı öldürdülər? Bəs, niyə mərhəmət göstərmədilər?

Anası qızın sözünə cavab tapmayaraq:

– Qızım, o müharibədir, elə olar, – dedi və bir az fikirdən sonra əlavə etdi:

– Balalarım, yediniz ki, Allaha şükür edin!

O gecəni sabaha kimi ana əllərini səmaya qaldırıb, razi-niyaz edirdi. Çocuqlar uyuyurdular.

Qızı Züleyxa birdən oyanaraq, anasını dua edən görüncə:

– Ana, ana… atama da dua elə!.. – dedi.

1916

ƏZAB QORXUSU

Məktəb – qəza maarif şöbəsi tərəfindən arvadlara məxsus açılmış savad kurslarından ibarət idi.

Kurslar rəsmən beş ay əvvəl qəza icraiyyə komitəsi sədrinin gəlməsi münasibətilə açılmış idisə də, ancaq dərslər üç ay tamam idi ki, başlanmış idi və hal-hazırda da bir növ, adi surətdə davam edirdi. Kurslarda oxuyanlara hökumət tərəfindən pal-paltar veriləcək, – deyə səs dağıldığından bir çox arvad və qız kurslara yazılmışdısa da, amma kurslarda dərs oxuyan 20-25 adam idi.

Kursların dərsləri hər gün saat 4-də başlayacağı elan olunmuşdusa da, saat 4-də Zinət xanımdan başqa bir kəs olmazdı. O idi ki, dərslər saat dörd əvəzinə saat beş tamamda, bəzi vaxt bir neçə dəqiqə də ötmüş başlanırdı. Bunu kurs müəlliməsi Dilavər xanım da bilirdi və beş tamamda məktəbdə hazır olurdu.

Bu barədə Zinət nümunə ola bilərdi. Saat dörd oldumu, əlində nə işi olsa buraxaraq, kitab-dəftərini alıb bənövşə rəngli çadrasını başına salar və dərsə doğru yollanar. Yoldaş və qonşularının evləri yanından keçərkən, məktəbin vaxtı gəldiyini elan edərdi.

– Bilqeyis, tez ol, mən getdim.

– Gülcahan, qız, gəl, vaxtdır, axşam oldu.

– Anabacı, dərsin vaxtı keçir. Tələs! – Hərəsini bir növ dəvət edə-edə Zinət xanım məktəbə hər gün birinci gəlirdi. Tez çadrasını atıb kitabını açır və oxumağa başlardı. Bir-bir qızlar cəm olardılar.

Hər gün qızlardan bir neçəsi gəlməzdi. Müəllimə onların adlarını yazar və sonra səbəbini sorardı; məlum olardı ki, gəlməyənlərə ev və ailə işləri mane olurmuş.

– Gülçöhrə! Dünən nə üçün gəlməmişdin?

– Dünən ev təmizləyirdik! Gec qurtardıq!

– Sən nə səbəbə gəlməmişdin, – deyə o birisindən sorur.

– Xalamgil bizə gəlmişdilər…

Hər dəfə belə cavablardan sonra müəllimə deyirdi:

– Bacılarım, bunlar xüsusi ev işləridir, bunlar dərsə mane ola bilməzlər. Gərək bu işlərə baxmayıb gələsiniz! Bunların sizə dəxil yoxdur.

Amma qızlar heç başa düşməyirdilər, nə üçün bu işlərin onlara dəxli yoxdur.

Dərsdən qabaq qızlar təzə əhvalatları bir-birinə nağıl edirdilər.

– Axundun qızı üçün nişan getdi!

– Görəsən nə apardılar?

– Gülcahan arvad deyir ki, dörd dəst paltar, ipək corab…

– Ey, bəsdir, qadam onun ağzına da, paltarına da…

– Nə üçün, ay Səknə, məgər pis qızdır?..

Səknə xanım “ey”, – deyib cavab vermədi, Səknə xanım gözəl olduğu üçünmü və ya bəy qızı olduğu üçünmü, heç kəsi bəyənməzdi. Hamısına gülərdi…

Zinət məzəmmət edərdi.

– Allah xeyir eləsin, yazıqdır!

Zinətin rəhmli, xeyirxah olduğunu hamısı bilirdi. Heç bir kəs onun sözünün qabağına bir söz deməzdi. Zinət, qızların ağıllısı hesab olunurdu. Qızlar qilü-qal salıb söhbət edər və qəhqəhə ilə gülərdilər; amma Zinət ağır, samit qulaq asar, sonra öz fikrini söylərdi.

Bu gün hamı qızlar gəlib təəccüblənirdilər:

– Zinət gəlməmişdi.

Qızlar, gələndən sorurdular.

– Ay qız, Zinətdən xəbərin varmı?

– Nə olub ki?

– Görməyirsən ki, gəlməyibdir! – Heç kəs bilməyirdi ki, nə üçün bu gün Zinət yoxdur. Bəziləri zənn edirdilər ki, gələr, bəlkə gecikmişdir; bəzisi deyirdi ki, gəlməz və ona görə də təklif edirdilər ki, dərsləri buraxıb gedib səbəbini bilsinlər.

Bir azdan sonra Zinət xanımın qonşusu Bilqeyis gəldi, onu görən kimi qızlar əhatə edib soruşmağa başladılar.

– Ay qız, Zinətə nə olub ki, yoxdur?

Bilqeyis xəbər verdi ki, bir şey yoxdur, gecikmişdir, çünki dayısıgildə mərsiyəxan oxudurlar. Şəhərdən bir mərsiyəxan gəlib on gün oxuyacaqdır. Bunu eşidən qızlar sakit oldular.

Qızlar yenə öz adi söhbətlərinə məşğul olmuşdular ki, Zinətin çadrasını pəncərədən gördülər. Hamısı bayıra tərəf atıldı. Zinət xanım sakit, başı aşağı içəri daxil oldu.

Zinət xanımın həmişəki gülər üzündə böyük bir qəm var idi. Bunu hamısı gördü. Görməmək olurdumu? Gülərüzlü, məlahətli Zinət bu gün ağlamış, dolmuşdu.

Qızlar Zinət xanımın belə acıqlı, daha doğrusu, qəmli olduğunu görüncə karıxdılar. Bir-birinə baxıb Zinət xanımın başında bir iş olduğunu işarə ilə bildirdilər. Bir şey var! Ancaq o nədir? Həmişə qəhqəhə ilə gülən, oynayan Səknə, qızların bir neçəsini kənara çəkib:

– Gərək qızın dərdini bilək, – dedi.

Birdən Səknə xanım Zinətin kitabsız gəldiyini gördü.

– Bəs sənin kitabın, dəftərin hanı, ay qız?

– Gətirmədim, hamısını da yandıracağam!

– Ay qız, nə olmuşdur?

Zinət məlahətli gözlərilə yoldaşlarının üzünə baxıb dedi:

– Mən daha oxumayacağam! Gəlməyəcəyəm.

Hamısı təəccüb etdi. Yerbəyerdən səbəbini soruşmağa başladılar. Zinət başladı:

– Bu gün dayımgildə mərsiyəxan oxuyurdu. Mərsiyəxan şəhərdən gəlmiş bir seyiddir. O deyirdi ki, əgər bir qız bu dünyada əlinə qələm alıb yazı yaza, o qələm, o dünyada onun əlində od tutub yanacaq, bu dünyada qızın yazdıqları xətlər, qiyamət günündə ilan kimi qızın bədəninə sarılacaq, çünki qızlara oxumaq, yazmaq haramdır. Bircə Qurandan başqa qızlar ayrı kitab oxuya bilməzlər… Bir də mərsiyəxan dedi ki, şkolada oxuyan qızları 19 dəfə yandıracaqlar, ata və analarını oddan qayrılmış gürzlə döyəcəklər.

Qızlar hamısı məbhut, mat qulaq asırdılar. Kimsə bir söz söyləməyirdi. Zinət sözünə davam edib dedi:

– Mən bu gün mərsiyəxandan eşitdiyim sözlərdən sonra dərs oxumayacağam, tövbə edəcəyəm, nəzir verəcəyəm, bəlkə Allah bağışlasın.

Bunları eşidən Səknə titrək və zəif bir səda ilə:

– Mən də oxumayacağam, dərsə gəlməyəcəyəm, qorxuram. – Bu hində qapı açıldı, müəllimə üzündə təbəssüm olaraq içəri daxil oldu. Qızlar salam verdi. Qızlar hamısı sakit durmuşdular. Müəllimə mizin yanına keçib kitablarını mizin üstünə qoydu və üzünü qızlara tutub:

– Nə üçün durmuşsunuz, yerinizdə oturun! – dedi.

Kimsə cavabında bır söz söyləmədi. Hamısı Zinət xanıma baxırdı. Birdən Zinət xanım ağlaya-ağlaya:

– Mən günahdan və onun əzabından qorxuram, oxumayacağam, sağ ol, – deyib getdi.

Onun dalınca Səknə, sonra o biri qızlar birər-birər çıxıb getdilər. Axırda qalan qızlardan birini müəllimə saxlayıb, bu hadisənin səbəbini bildi…

O gün müəllimə təcili surətdə bu barədə qəza maarif şöbəsinə xəbər verdi və bu gündən arvadlara məxsus savad kursları öz-özünə qapandı…

1923

HAQSIZLIQ DÜNYASINDA

Otağın bir guşəsində zəif və sarı bənizli bir qadın uzanmışdı. Bu, gənc yaşlarında vərəm xəstəliyinə düşmüş Rüxsara xanım idi.

Saralmış üzündə və çubuq kimi nazikləşmiş qollarında ətdən bir əsər də qalmamışdı, bir dəri, bir sümük idi. Amma bununla belə, Rüxsara xanımın keçmişdə nadir bir gözəlliyə malik olduğunu görməmək mümkün deyildi. Üzünün zəif şəkli, dərinə düşmüş və dövrəsi rəssam əlilə qaralanmış kimi görünən iri gözləri, bu gözləri mühafizə edən uzun kirpikləri, balaca ağzı, nazik dodaqları, arıqlıqdan iriləşmiş burnu həmin gözəlliyin birər nişanəsi idi.

Rüxsara xanımın keçmiş gözəlliyinin bir nişanəsi olan sinəsi üzrə ilan kimi sürünən qoşa hörükləri də qalxıb-düşürdü. Nəzərə elə gəlirdi ki, Rüxsara xanımla bərabər qara hörükləri də nəfəs çəkir…

Rüxsara xanım bir il bundan əvvəl soyuqlayıb naxoşlamışdı, ömründə azar bilməyən bu gənc qadının xəstələnməsinə əvvəlcədən etina edilməmişdi. Türkəçarə ilə keçəcəyini zənn edərək, lazımi tədavi olunmamışdı. Lakin naxoşluğun uzanması da Rüxsara xanımın qayınana və qayınatasının xoşuna getməyirdi. Bu da səbəbsiz deyildi.

Əvvələn, Rüxsara xanım il uzunu yatmasına görə, ev işlərinə köməyi də dəyməyirdi. İkincisi də, bu “urus həkimlərini” çağırıb onların yazdıqları bahalı-bahalı dava-dərmanları almaq bir çox izafi pul tələb edirdi. Bu xərc məsələsi Rüxsara xanımın qayınatası Hacı Muxtar üçün ən kəskin məsələ idi.

Hacı Muxtarın hər işdən təqib etdiyi bir qanun vardısa, o da ümumən az xərc eləmək idi.

Əvvəldən bəri bu qanunla yaşayan və bu qanun sayəsində “beş-on şahı” qazanmış olan Hacı Muxtar, indi – ev və gəmisi bolşevik hökuməti tərəfindən zəbt olunandan sonra, qənaət üsulunu daha da dərinləşdirmişdi. Hələ yaxşı ki, Hacı Muxtar başqaları kimi pulunu banka qoymamışdı. Yoxsa qırx il müddətində “dişlə-dırnaqla” topladığı qara pul, gəmi və imarət kimi, bir günün içində əlindən çıxacaqdı. Onda Hacı ya gərək evin var-yox olan müxəlləfatını satıb dolanaydı, ya da ki muzdurluq edə idi… “Kim bilir ki, bu bolşeviklərin dövrü nə qədər sürəcək!” – deyə Hacı Muxtar düşünürdü. Ona görə də qət eləmişdi ki, hər halda qənaətlə dolanmaq yaxşıdır.

Rüxsara xanımın naxoşlaması – bu lap artıq xərc istəyirdi. Həkimin də elə bil ki, heç dünyadan xəbəri yoxdur; Abastuman və ya Krıma aparılmasını təklif edir. Lakin Hacı Muxtar bu məsələyə razı ola bilərdimi? Əlbəttə ki, yox!

Naxoş Abastumana və ya Krıma göndərilsə, səhhət taparmı, yoxmu? Bunu indidən bilmək olmaz; amma bu cür müalicənin təsirini Hacı Muxtarın bolşeviklərdən gizlətdiyi sandığı hiss edəcəkdir. “Nə lazım, aparılmasa nə olar? Rüxsara xanım gənc yaşında ikən ölər, tələf olarmı?”

– Bütün məxluq öləcək! …Ya beş gün əvvəl, ya beş gün sonra!.. Sağalmaq isə – bu, Allahın əmrinə bağlıdır! Allah istəsə, naxoş burada da səhhət tapar… İstəməzsə, dünyanı gəzdir, bir şey çıxmaz.

Hacı Muxtarın arvadı Gülbacı ərinin bu fikrini çox yaxşı dərk eləmişdi. Yanında Rüxsara xanımın müalicəsindən söhbət açıldıqda deyirdi:

– Həkim də deyir ki, şəhərdə saxlamayın, Krıma aparın, nə bilim, hara aparın… Deyirəm ey-y-y… sən də bəxtəvərlikdən dəm vurursan. O sayaq azarlıya səfalı yerlər nə çarə edəcək?

Bu da Gülbacının müalicəsi!

Bəs Rüxsara xanımın əri Kərbəlayı Səftər nə deyirdi?

Arvadı naxoşlayandan sonra Kərbəlayı Səftər ev işləri ilə əsla maraqlanmırdı. Biləks ev qadınından danışanda özünü bədbəxt göstərməyə çalışırdı.

– Fələk mənimlə rəftar etmir. Nə edim, gətirməyəndə, gətirməyir. Bədbəxtəm.

Zənn edilməsin ki, Səftər arvadının xəstələnməsini və bu xəstəlikdən tələf ola biləcəyini özündən ötrü bir bədbəxtlik sanırdı.

Yox!

Səftər özünü yalnız ona görə bədbəxt və talesiz hesab edirdi ki, arvadı Rüxsara xanımın naxoşluğu uzanırdı və arzu etdiyi kimi tez tamam olmayırdı.

Bədbəxt oldum, – deyərkən öz-özlüyündə o, belə fikir edirdi: “Ölsəydi, canım qurtarardı”.

Odur ki, xəstə ümidsiz bir halda özbaşına buraxılmışdı. Nə qayınata, nə qayınana, nə də ər onun qayğısında deyildi. Ancaq Səftərin bacısı Reyhan xanım naxoşa pərəstarlıq edirdi.

Doğrudur, hərdənbir Rüxsara xanımın ata və anası gəlib əhval soruşarlardı, lakin qızlarının müalicəsi barədə bir şey bilməyirlərdi, çünki bu məsələ Hacı Muxtarın daxili işi hesab olunurdu və Hacının daxili işlərinə qarışmağa əsla cürət etmirdilər.

Hacı Muxtarın arvadı bunlara belə cavab verirdi:

– Elə bil ki, sağ əlim yoxdur… Çox çətin keçir, gəlinsiz ev nə olacaq, ay balam!..

Ömründə azar bilmədiyindənmi, gənc olduğundanmı, Rüxsara xanım sağalacağına inanır və səhhət tapıb yataqdan duracağını artıq ümidlə gözləyirdi.

Çox vaxt tək qalarkən, bu barədə düşünürdü, hərdənbir də keçmiş günləri xatırlayırdı.

Bu gün də Rüxsara xanım tək idi. Yenə keçmiş günlərini yadına salırdı. Amma nədənsə, bugünkü xatirələr ona çox təsir edirdi.

Rüxsara xanımın xatirələri çocuqluq əyyamından başlayırdı. On yaşlarında molla Səkinənin məktəbində Quranı tamam etmişdi. Başqa kitabdan dərs oxumasına atası razı olmamışdı. Ona görə də Quranı çıxandan sonra, molla Səkinənin məktəbini tərk etmişdi.

Bu zaman ev işlərində anasına kömək edər və əl işiylə məşğul olardı.

Yadındadır, on iki yaşında idi. Atasının dostu Kərbəlayı Əzimin qızı Firəngizlə bərabər araqçın çəkirdi. Hər ikisi incə surətdə güləbətin işi işləyirdi.

Firəngizin qardaşı Həsən, onlar üçün toxum və saqqız alardı. Onlarla bir yaşda idi. Qızlar əl işi ilə məşğul olan saatlarda çox vaxt Həsən də onların yanında oturub dərsini oxuyurdu. Hərdənbir üçü bir yerdə oynadıqları da “beşdaş” oyunu olardı…

Həsən onları udanda, oyunun qaydası mövcibincə bacısının əlinə döyərdi, amma Rüxsara xanımın əlinə vurmağa ürəyi gəlməzdi.

– Səni bağışladım, – deyə Rüxsaranın uzanmış əlini tutardı. Onda bir-birinə baxıb gülərlərdi…

Rüxsara xanımın yadındadır… Həsən üçün bir yaxşı araqçın çəkmişdi… Üstündə nə qədər çalışmış, nə qədər səy etmişdi!.. Bir gün Firəngizdən təvəqqe etdi ki, araqçını Həsənə bağışlasın. Ancaq Rüxsaranın tərəfindən olduğunu deməsin…

– Söylə ki, özün çəkmisən. Qoy bilməsin!

– Nə üçün? Qoy bilsin!

– Yox, bilməsin!

Firəngiz çatma qaşların dartaraq:

– də görüm, biləndə nə olar? – deyə sordu.

Rüxsara xanım “istəmirəm” cavabını verdi. O araqçın indi də Rüxsara xanımın gözü qarşısındadır…

Bənövşə rəngli bir araqçın idi…

Özü də Həsənə yaxşı yaraşırdı…

Bəlkə, ona görə yaxşı yaraşırdı ki, onu Rüxsara xanım xüsusi səy və səliqə ilə çəkmişdi?! Bəlkə ona görə yaxşı yaraşırdı ki, Həsən Rüxsara xanımın xoşuna gəlirdi?!

Bir axşam Rüxsara xanım yenə Firəngizin yanında idi. Rüxsara xanımın ardınca evlərindən adam gələcəkdi. Gözlədi, gələn olmadı. Firəngiz təklif etdi:

– Qoy Həsən aparıb ötürsün!

Rüxsara xanım razı oldu…

Həsən irəlidə, Rüxsara xanım da onun ardınca gedirdi.

Uzun dalandan keçərkən, necə oldusa, Həsən ayaq saxladı, Rüxsara xanımla yan-yana getməyə başladı.

– Niyə üzünü bərk-bərk örtürsən?

– Elə-belə…

Rüxsara xanım ixtiyarsız üzünü açdı. Birdən Həsən çadranın üstündən Rüxsara xanımı qucaqladı… Hər ikisi dayandı… Dalan xəlvət idi… Heç kim yox idi… Adam olsaydı da, Rüxsara xanımı görməyəcəkdi.

O ancaq Həsənin hərarətli nəfəsi ilə eşqli dodaqlarını hiss edirdi.

Yenə yollarına davam etdilər… Bir söz danışmadılar. Sözə hacət vardımı?.. Mütəqabil məhəbbətlə dolu iki qəlb bir-birini danışıqsız anlayırdı,..

Öskürək gəlməsi Rüxsara xanımı şirin xatirələrdən ayırdı… Otaq qaranlıqlaşdı… Qapı açıldı: Reyhan xanım daxil oldu. Rüxsara xanımı görüncə gülümsündü; muncuq kimi düzülmüş ağ dişləri göründü…

– Yatmışdın deyəsən, qəfildən səni ayıltdım?

– Yox, yatmamışdım… Huşa getmişdim…

Reyhan xanım naxoşun yatağına yaxın gəlib, bacılığının üzünə diqqətlə baxdı, sonra onun alnının bahar şəbnəmini xatırladan tərini sildi.

– Bilirsən, yenə qadınlar klubuna getmişdim; bibigildən gəlirdim, dedim, baxım bir görüm nə var… Bir az da orada gecikdim. Qadınlar barəsində birisi danışırdı… Adam o qədər idi ki, böyük zal dolmuşdu.

– Danışan nə deyirdi?

– Mən o yerdə çatdım ki, deyirdi: “İndi biz qadınlar daha qul deyilik. Şura hökuməti bizə də azadlıq verdi. Bundan sonra gərək öz hüququmuzu əlimizdə saxlayaq…” Çox belə-belə sözlər deyirdi. Belə xoşuma gəldi ki…

– Qoy buradan durum, mən də gedəcəyəm.

– Mən səni apararam, heç kəs bilməz…

– Qoy bilsinlər! Qorxmayıram…

Sonra Reyhan xanım naxoşdan nə istədiyini sordu:

– Nə istəyirsən, de, gətirim. Süd içirsən?

Rüxsara xanım təşəkkür izhar edən gözləri ilə sevdiyi yoldaşına baxıb, başını tərpətdi, bir şey istəmədiyini bildirdi.

– Yox… süd iç!.. Tez yaxşı olarsan!.. Qoy gətirim!..

Rüxsara xanım illərdən bəri sevdiyi Reyhan xanıma indi daha artıq məhəbbət bəsləyirdi. Reyhan xanım onun yeganə həmdəmi, söhbət edəni idi…

İçəri evlərdən Reyhan xanımın anası Gülbacının səsi eşidildi:

– Ay qız, yenə orada nə oynayırsan? Gəl görüm… Bayaq da bibigilə getməyin iki saat çəkdi. Axşamdır, samovarı qaynat!

Həmişə Reyhan xanım Rüxsaranın yanına gələndə anası bir şeyi bəhanə edib qızını səslərdi. Reyhan xanım da naxoşun otağını tərk etməyə məcbur olurdu.

– Gedim, yenə çağırır. Bu gün lap acıqlıdır.

Reyhan xanım gedəndən sonra yenə Rüxsara xanım öz xatirələrinə qərq oldu.

…Yaxşı yadındadır. Firəngizin toyu idi. Bütün bu toy gecəsi Rüxsara xanım bir neçə dəfə Həsəni gördü… Həsən ona çox baxırdı. Oğlan evindən Firəngizi aparmağa gəldilər… Rüxsara xanım Firəngizin soldışı idi. Gəlini ər evinə müşayiət etdi. Lakin görünməmiş bir iş: gəlinin qardaşı, gəlini aparanda evdə qalar. Həsən isə bu adəti pozdu…

Bacısını yol uzaq etmək fikri ilə o da getdi. Amma necə oldusa, qayıdarkən Rüxsara xanım Həsənlə bərabər bir faytona mindilər. Başqa bir kəs olmadı… Yol uzun, aşkar şeydir ki, söhbət Firəngizdən olmalı idi… Rüxsara xanım söz açdı:

– Yazıq Firəngiz ağlayırdı… Deyir: “Məni tək buraxmayın!”

– Nə üçün?

– Çünki ərini görməmiş, sevməmişdir. Mən də ağladım.

– Sən nə üçün, Rüxsara?

– Firəngizə yazığım gəldi…

Həsən bir söz demədi…

Ancaq Rüxsara xanımın əlini ixtiyarsız tutub sıxdı. Rüxsara xanım da o sayaq cavab verdi. O yol uzunu Rüxsara xanım nə xoş dəqiqələr keçirtdi!.. Xatırından çıxmaz… Evə az qalmışdı. Həsən atəşli dodaqlarını Rüxsaranın dodaqlarından ayırıb:

– Firəngiz xoşbəxt olacaqmı? Bilmirəm. Mən bu gecə xoşbəxtəm, – dedi və əlavə etdi ki: – Söz versəydin, həmişəlik məni xoşbəxt edərdin. Nə deyirsən?

Rüxsara xanım bir söz söyləmək istədi, lakin deyə bilmədi.

Evə çatdılar. Həsən Rüxsaranın iki əlini tutub, yenə sordu:

– Mənə nə deyirsən?

Rüxsara xanım cavab vermədi… O vaxt Rüxsara xanım bilməyirdi ki, qızın ixtiyarı özündə olmalıdır. Atasından qorxurdu.

O gündən sonra Həsənlə görüşmədilər. Həsən başqa şəhərə oxumağa getdi…

Qapının açılması Rüxsara xanımı ayıltdı. Gələn yenə Reyhan xanım idi. Rüxsara xanım üçün süd gətirmişdi.

Rüxsara xanımın qızarmış yanaqları Reyhan xanımın diqqətini cəlb etdi… Reyhan xanım əlini Rüxsara xanımın alnına qoydu… Rüxsara xanım qızdırmağa başlayırdı.

– Reyhan! Getmə… Yanımda qal!.. Qorxuram…

Rüxsara xanım nədən qorxurdu? Onu qorxudan, xatirələrinin mabədi idi. Burayadək gələn xatirələri ömrünün xoş dəqiqələrini yada salırdısa, bundan sonrakı xatirələri bir qəm dəryasından ibarət idi; Rüxsara xanım bir daha o dəryada boğulmaq istəmirdi.

– Nə var ki, nədən qorxursan?

– Keçmiş günlər yadıma düşür… Ürəyim davam etmir.

– Qorxma! Yadından çıxart!.. Bir aydan sonra camaat bağa köçəcək, biz də gedəcəyik. Orada lap yaxşı olarsan… İndi bir az yat!..

– Yata bilmirəm.

Elektrik şüası naxoşun üzünə düşdü, gözlərini qamaşdırdı…

Reyhan xanım axtarıb bir ipək parçası ilə işığı örtdü. Rüxsara xanım gözünü açdı. Lampa şüasından onun gözlərini mühafizə edən parçanı tanıdı. Firəngizlə bərabər çəkdiyi əl işlərindən biri idi. Lakin təəssüf! …Həsən üçün çəkdiyi araqçın da bu parçadan idi.

– Rüxsara, bu südü iç, bacım; mən də gəlirəm. Sənin üçün firni bişirirəm…

Reyhan xanım getdi.

Rüxsara xanım gətirilən süddən bir az içdi. Sonra stəkanı bir tərəfə qoydu. Gözlərini lampanın üzərinə salınmış örtüyə dikdi. Yorulmuş gözlərinə huş getməyə başladı. Keçmişin canlı xatirələri yenə Rüxsara xanımın gözləri qarşısında durdu. Foc-foc gələn bu xatirələri qovmaq istəyirdisə də, qüvvəsi çatmayıb, müvəffəq ola bilməyirdi.

Yadındadır… Soruşmadan, fikir və rəyini bilmədən atası onu Kərbəlayı Səftərə ərə verdi…

Hacı Muxtarın xahişini atası rədd etmək istəməmişdi. Rüxsara xanım da atasının sözündən çıxa bilməmişdi.

Nə edə bilərdi? Ölkəyə təzə qaydamı qoyacaqdı?

Bir axşam onu da Firəngiz kimi köçürdülər. O da Firəngiz kimi ağladı. Həmin indi uzandığı otaqda buraxıb getdilər.

Həyatının qəmli günləri ərə gedəndən sonra başladı. Əziyyət və məşəqqətlərin intəhası görünmədi.

Hacı Muxtar evin bütün işini Rüxsara xanımın boynuna yüklədi. Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. Bircə Reyhan xanım anasının acıqlanmasına baxmayaraq Rüxsara xanıma kömək edirdi.

Xatırlayır: bir dəfə ərinə şikayət etdi. Kərbəlayı Səftər elə bərk qışqırdı ki:

– Mən bilməyirəm, mən ev işinə qarışmayıram. Anam nə desə odur, ona qulaq as!

Gülbacı da, Allah göstərməsin, bir dəqiqə də gəlinin rahat oturmasına razı olmayırdı.

Qayğı və nəzakət içərisində böyüdülmüş zərif bədən ağır işlərə davam etmədi. Rüxsara xanım günü-gündən solmağa başladı.

Bir dəfə çörək yapdıqdan sonra qayınanasının təkidiylə ərinin paltarını yudu. O gün soyuqlayıb naxoşladı. Əvvəldən naxoşluğuna fikir verən olmadı. Lazımi surətdə tədavi edilmədi. Günlər, aylar keçdi… Xəstə yataqdan dura bilmədi…

Qapı cırıldadı. Rüxsara xanım gözlərini açdı. Bu dəfə gələn Kərbəlayı Səftər idi.

– Hə, necəsən?

Rüxsara xanım Kərbəlayı Səftərin tox və harın sifətini görüb, bir söz demədi, ətrafına göz gəzdirdi.

Səftər də diqqətlə otağın hər bucağına baxdı. Otaqda Rüxsara xanımın atası evindən gətirilmiş şeylərdən başqa bir şey görmədi.

– Qorxma, ürəyinə başqa fikir-filan gətirmə!

Bu dildə Kərbəlayı Səftər bir dəfə də olsun, Rüxsara xanımla danışmamışdı. Rüxsara xanım elə zənn etdi ki, bu gün o, bir qədər yaxşıdır; zatən xoş söz söyləməyən Kərbəlayı Səftər də ona “qorxma” deyir, təsəlli verir. Sevinmək istədi. Yan-yörəsinə baxdı…

Lakin Kərbəlayı Səftər ayrı bir şey düşünürdü. O fikir edirdi ki, Rüxsara xanım ölməsini yəqin edib də, atası evindən gətirdiyi şeyləri heyifsiləyir. Bu barədə də arvadına təsəlli vermək üçün:

– Qorxma, rahat ol! Səndən sonra yad adam sənin şeylərinə əl vurmayacaq. Sənin ev-eşiyinə bacın sahib olacaqdır, – dedi.

Rüxsara xanım bu vəhşi sözləri eşidincə, başını qaldırıb, zəif qollarına təkiyə etdi. Hiddətli nəzərlə Kərbəlayı Səftərə baxdı.

– Daha ürəyini sıxma, Allah işidir. Bacı sənindir.

– Danışma, cəllad!.. Qarşımda durma!..

Reyhan xanımın daxil olması bu danışığı kəsdi. Kərbəlayı Səftər çıxdı. Rüxsara xanım əlləri ilə üzünü örtdü.

– Nə oldu? Nə üçün belə oldun? – deyə Reyhan xanım gətirdiyi firni boşqabını bir tərəfə qoyub, Rüxsara xanımın başını qucaqladı. – Sən ağlayırsan? Bu nədir?

Rüxsara xanım doğrudan da ağlayırdı. Bu gün bədbəxt qadın anladı ki, onun ölməsi yəqin edilmişdir. Bildi ki, əri Səftər onun ölməsini gözləyir: gözləyir ki, onun yerinə bacısı Gülnisanı alsın.

– Reyhan, sabah Gülnisanı çağır.

– Yaxşı! Sən də bu firnini ye, sonra yat; bu gün heç yatmadın.

– Sağ ol, bacım!

Reyhan xanım getdi… Rüxsara xanım gözlərini yumdu, ancaq yata bilmədi…

Səhər tezdən Reyhan xanım Gülnisanı çağırtdırmışdı.

– Rüxsara, Gülnisa gəldi…

Rüxsara xanım yuxulu gözlərini açıb bacısını gördü. İşarə ilə yanında oturmasını rica etdi.

– Bacı, kefin yaxşıdır? Bu gün elə özüm gələcəkdim…

Rüxsara xanım solğun nəzərlə əvvəl bacısına, sonra Reyhan xanıma baxıb, dodaqlarını bir-birinə döydü. Məlum idi ki, bir şey söyləmək istəyir, lakin söylədiyi eşidilmədi, anlaşılmadı.

Reyhan xanımla Gülnisanın nəzərləri bir-birinə rast gəldi. Hər biri düşünürdü. Lakin Gülnisa Rüxsara xanımın fikrindən nələr keçdiyini, nə demək istədiyini bilmirdi. Sordular, Rüxsara xanım cavab vermədi. Gözlərini yumdu. Dodaqları tərpəndi… Dərindən bir ah çəkdi… Əzabdan qurtardı.

Bacısına deyəcəyi sözləri Rüxsara xanım söyləyə bilmədi.

Bir dəqiqədən sonra Reyhan xanımla Gülnisanın ağlaşması ətrafı basdı.

Rüxsara xanımın qayınanası Gülbacı ağlaşma səsini eşidib özünü hövlnak otağa saldı.

– Getdi… Vayy… İndi bolşeviklər bu otağı da əlimizdən alarlar, – deyə iki əlini başına vurdu.

1923
1.Səhiyyə və gigiyena xidməti.
2.Məna, məfhum.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺51,11
₺102,23
−50%
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
240 s. 1 illüstrasyon
ISBN:
978-9954-6666-6-1
Telif hakkı:
JekaPrint
İndirme biçimi:

Benzer kitaplar