Kitabı oku: «Amerika faciəsi », sayfa 7
– Qulaq asın, Qrifits, – deyə Meyson daha sakit və sadə bir halda sözə başladı. – Vəziyyət elədir ki, nə yalan, nə də ağılsız və mənasız inadkarlıq sizə heç kömək etməyəcəkdir. İnanın ki, bu, sizə ancaq ziyan vura bilər. Bəlkə, sizə görə, mən bir qədər kəskin danışdım, lakin bu ondan irəli gəlir ki, axı mənim də əsəblərim son dərəcə gərgin bir vəziyyətdədir. Mən elə bilirdim ki, tamamilə başqa tipli bir adamla üz-üzə gələcəyəm. Lakin indi görürəm ki, siz nə haldasınız və baş verən hadisələr sizi nə qədər qorxutmuşdur, – buna görə, fikirləşdim ki, bəlkə burada nə isə başqa bir cəhətlər vardır, – bəlkə nə isə, sizin günahınızı yumşaldan bəzi cəhətlər vardır və indi, əgər siz hamısını olduğu kimi danışsanız, bu iş bəlkə də bir qədər başqa şəkil ala bilər. Mən əlbəttə ki, heç bir şey bilmirəm, məsələ sizə daha aydındır, ancaq mən sadəcə sizinlə açıq və səmimi danışmaq istəyirəm. Məsələn, elə bunu qeyd etməliyəm ki, sizin məktublarınız artıq mənim əlimdədir. Sonra biz üçüncü mil Buxtasına getdikdə, – mən isə ümid edirəm ki, biz sabah orada olacağıq, – gecə vaxtı sizin, meşədən keçərək Biq Biterndən gəldiyinizi görən o üç nəfər ovçu da orada hazır olacaqdır. Həmçinin, o üç nəfər ovçudan başqa, Qrass gölündəki mehmanxananın sahibi, Biq Bitern gölündəki mehmanxananın sahibi, qayıq kirayə verən qayıqçı və sizi Roberta Oldenlə bərabər maşında Qan-Lodj stansiyasından gətirən şofer də orada hazır olacaqlar. Onlar hamısı sizi tanıyıb, şəhadət verəcəklər. Doğrudanmı, siz bu fikirdəsiniz ki, onların heç biri sizi tanımayacaqdır və sizin, qızla bərabər orada olub-olmadığınızı söyləyə bilməyəcəkdir?
İçərisinə pul atıldığı zaman şaqqıldayan bir avtomat kimi, Klayd da fikrən bütün bunları zehnində qeyd edir, lakin cavab olaraq heç bir söz demirdi, – indi o, yerində donub qalaraq, hərəkətsiz bir halda, haraya isə, naməlum bir nöqtəyə baxırdı.
– Bu hələ hamısı deyil, – deyə Meyson yumşaq bir səslə və hiyləgər bir əda ilə sözünə davam edirdi. – Hələ bir şahid kimi, missis Peyton da sağ və salamatdır. O, mənim bu məktubları və vərəqələri sizin otağınızda, sizin sandığınızdan və paltar dolabınızın yuxarı qutusundan necə götürdüyümü görmüşdür. Sonra sizin miss Oldenlə bərabər işlədiyiniz fabrikdəki qızlar var, yoxsa siz elə bilirsiniz ki, Robertanın öldüyünü eşidib-bildikdə, onlar sizin o qızla münasibətlərinizi xatırlamayacaqlar? Belə düşünmək çox mənasız bir şey olardı! Siz nə cürə düşünürsünüzsə düşünün, lakin belə sadə bir şeyi özünüz də başa düşməlisiniz. Siz beləliklə yaxanızı qurtaracağınıza əbəs yerə ümid edirsiniz. Belə çıxır ki, siz sadəcə, özünüzü bir gic kimi göstərmək istəyirsiniz. Bunu siz özünüz də anlaya bilərsiniz.
Meyson indi artıq Klaydın hər şeyi etiraf edəcəyinə ümid bağlayaraq susdu. Lakin Klayd, Roberta ilə və yaxud Biq Bitern gölü ilə əlaqədar olan hər cür etirafın onu məhv edəcəyinə hələ möhkəm inandığı üçün, yenə də sükut edib dinmirdi. Bunu görən Meyson əlavə etdi:
– Yaxşı, Qrifits, qulaq asın, görün sizə daha nə deyirəm. Siz əgər mənim oğlum və ya qardaşım olsaydınız belə, mən sizə bundan daha yaxşı məsləhət verə bilməzdim, mən nəinki sizdən bütün həqiqəti öyrənmək, eyni zamanda, sizi düşdüyünüz bu vəziyyətdən qurtarmaq istəyirəm. Əgər siz vəziyyətinizi bir qədər yüngülləşdirmək istəyirsinizsə, indi etdiyiniz kimi, hər şeyi inkar etmək lazım deyildir. Bununla siz sadəcə, lüzumsuz çətinliklər əmələ gətirir və başqalarının nəzərində özünüzü pis vəziyyətdə qoyursunuz. Nə üçün siz Robertanı tanıdığınızı, onunla bərabər gölə getdiyinizi, bu məktubları sizə, onun yazdığını etiraf edib, bu məsələyə son qoymaq istəmirsiniz? Qalan məsələdə əliniz olmadığını isbat etməyə ümidiniz olsa belə, fərqi yoxdur, bunları etiraf etməkdən başqa özgə çarəniz qalmayacaqdır. Hər bir ağıllı adam, – məsələn, ananız belə bu saat burada olsaydı sizə eyni sözləri deyərdi. Sizin hərəkətiniz çox gülüncdür və günahsız olmadığınızdan artıq, günahlı olduğunuzu isbat edir. Əgər, doğrudan da, günahınızı azaldan səbəblər varsa, nə qədər ki, bu səbəblərdən istifadə etmək gec deyil, nə üçün bu faktları dərhal aydınlaşdırmayaq? Əgər siz bunu indi etsəniz və əgər mən sizə bir yol tapıb, kömək edə bilsəm, söz verirəm ki, böyük bir məmnuniyyətlə sizə kömək edərəm. Axı, mən buraya, sizi qorxudub, bağrınızı yarmağa və yaxud etmədiyiniz bir şeyi zorla sizin boynunuza qoymağa gəlməmişəm. – Mən yalnız həqiqəti müəyyən etmək istəyirəm. İndi mən sizə əlimdə çoxlu sübut olduğunu və bunu asanlıqla isbat edə biləcəyimi dediyim halda, siz o qızla tanışlığınızı belə inkar etsəniz – o zaman, artıq… – bunu deyərək, prokuror acıq bir qəzəb nişanəsi olaraq əllərini göyə qaldırdı.
Lakin Klayd yenə əvvəlki kimi lal-dinməz dayanmışdı, onun rəngi ağappaq idi. Meysonun ona dediklərinə və bu dəfə, görünür, dostcasına və xeyirxah məsləhət verdiyinə baxmayaraq, Klayd hələ də bu əqidədə idi ki, Roberta ilə tanışlığını etiraf etsə, özünü məhv edəcəkdir. Hələ oradakılar, lagerdəki dost-aşnaları, belə uğursuz bir etirafa nə cür baxacaqdılar? Belə bir etiraf, onun Sondraya aid və gözəl qayğısız bir həyata aid xəyal və arzularının sonu demək idi. Buna görə Klayd heç bir şeyi nəzərə almayaraq, – yalnız susurdu. Meyson bunu görüb, lap özündən çıxaraq qışqırdı:
– Çox yaxşı! Demək siz ağzınızı açmamağı qərara almısınız? Eləmi?
Sarsılmış və taqətdən düşmüş Klayd cavab verdi:
– Onun ölümündə mən heç müqəssir deyiləm. Mən yalnız bunu deyə bilərəm.
Klayd bu sözləri deyərkən, fikirləşdi ki, bu cür danışmasaydı, bəlkə, daha yaxşı olardı… Bəlkə yaxşısı bu idi ki, o deyəydi ki… lakin nə deyəcəkdi? Əlbəttə, deyə bilərdi ki, Robertanı tanıyır və hətta onunla göldə də olmuşdur… lakin heç vaxt onu öldürmək fikrində olmamışdır… Qız suda batıb boğulmuşdur və bu yalnız bədbəxt bir hadisədir. Əgər o, qızı vurmuşdursa, bu da yalnız bədbəxt bir təsadüf nəticəsində baş vermişdir. Lakn bəlkə qızı vurduğunu heç deməsə daha yaxşıdır? Axı, indiki vəziyyətdə, onun Robertanı təsadüfən, fotoqraf aparatı ilə vurduğuna yəqin ki, heç kəs inanmayacaqdır. Madamki hələ bu vaxta qədər heç bir qəzetdə onun fotoaparatı olduğu yazılmamışdır, demək, bu barədə heç bir şey danışmamaq daha yaxşıdır.
Klayd bu barədə düşünərkən, Meyson yenə öz sualını ucadan təkrar etdi:
– Yaxşı, siz o qızı tanıdığınızı etiraf edirsinizmi?
– Xeyr, ser.
– Çox yaxşı, – bunu deyərək, Meyson yanındakılara tərəf dönüb, əlavə etdi: – Belə olduqda, məncə onu geriyə lagerə aparmaq və oradakıların bu adam haqqında nə bildiklərinə qulaq asmaq lazımdır. Bəlkə biz bu hərifi, onun dostları ilə üzləşdirdikdən sonra, ondan bir məlumat qoparda bilək. Onun şeyləri və çamadanı, yəqin, hələ orada, çadırlardan birindədir. Centlmenlər, gəlin bunu oraya aparaq, görək oradakılar bu adam haqqında nə bilirlər.
Bunu deyərək, Meyson surətlə və soyuqqanlı bir ifadə ilə, lagerə doğru getmək üçün geri döndü, lakin bu zaman Klayd onu nələr gözlədiyini düşünüb dəhşətdən yerində donub qalaraq, səsləndi:
– Yox, xahiş edirəm, lazım deyil! Siz doğrudanmı, məni oraya aparacaqsınız? Yox, yox, xahiş edirəm, lazım deyil!
Bu zaman Kraut sözə başladı.
– Biz onunla bura gələrkən, o məndən xahiş etdi ki, sizinlə danışım, onu lagerə aparmayaq, – deyə Kraut, Meysona müraciət etdi.
– Aha, demək məsələ belə imiş! – deyə Meyson səsləndi. – Siz belə bir vəziyyətdə, On ikinci göldən olan ledi və centlmenlər qarşısına çıxmaq üçün həddindən artıq vasvasılıq göstərirsiniz, lakin əliniz altında, fabrikdə işləyən kasıb bir işçi qızla tanış olduğunuzu etiraf etmək istəmirsiniz? Çox gözəl! Yox, mənim əzizim, siz ya bu saat nə bilirsinizsə hamısını deyəcəksiniz, ya da bizimlə bərabər oraya gedəcəksiniz, – Meyson öz sözlərinin Klayda necə təsir bağışladığını müəyyən etmək üçün bir an susdu. – Biz sizin bütün tanış-bilişlərinizi toplayıb, məsələnin nə yerdə olduğunu onlara izah edəcəyik. Baxaq, görək, o zaman, siz yenə də hər şeyi danacaqsınızmı. – Meyson, Klaydın yenə tərəddüd göstərdiyini müşahidə edərək, əlavə etdi:
– Onu dalımca gətirin, uşaqlar!
Meyson geri dönüb, lagerə tərəf bir neçə addım atdı, Kraut ilə Suenk isə, hər iki tərəfdən, Klaydın qolundan tutaraq, irəli hərəkət etmək istəyirdilər ki, bu zaman Klayd qışqırdı:
– Yox, yox, lazım deyil. Rica edirəm, mister Meyson, məni ora aparmayın! Xahiş edirəm, aparmayın! Mən ora qayıda bilmərəm! Ona görə yox ki, mən müqəssirəm. Axı, mənim bütün şeylərimi mənsiz də oradan götürmək olar… amma indi oraya qayıtmaq mənim üçün çox ağırdır.
Klaydın ağappaq üzündə və əllərində tər damcıları zahir oldu və onun bütün bədəni soyudu.
Klaydın dediklərini eşidən Meyson:
– Aha, siz getmək istəmirsiniz? – deyə səsləndi. Onlar hər şeyi bilsələr, sizin ləyaqətiniz aşağı düşər – eləmi? – Çox yaxşı, onda zəhmət çəkin, elə bu saat mənim suallarıma cavab verin, həm də, tez və doğru cavab verin, əks təqdirdə, biz yubanmadan, elə bu saat lagerə gedəcəyik. Hə, nə deyirsiniz, cavab verəcəksinizmi?
Meyson yenə, özünü itirmiş, dodaqları titrəyən, gözləri yerindən oynayan Klayda yaxınlaşdı. Klayd isə əsəbi bir halda həyəcanla danışmağa başladı:
– Elədir, bəli, mən o qızı tanıyırdım. Əlbəttə, tanıyırdım. Şübhəsiz ki, tanıyırdım. Məktublardan da onu tanıdığım bəllidir. Amma nə olsun ki? Mən onu öldürməmişəm. Onunla bərabər ora gedərkən də mən heç onu öldürmək fikrində deyildim. Mən heç də bunu istəmirdim. Mən bunu istəmirdim, eşidirsinizmi? Bu, yalnız bədbəxt bir hadisədir. Mən hətta onunla heç bir yerə getmək istəmirdim. O özü istədi ki, mən onunla səfərə çıxım… onu bir yana aparım, çünki… çünki… axı, siz özünüz bilirsiniz, onun məktublarından məsələnin nə yerdə olduğunu görürsünüz. Mən yalnız onu dilə tutmağa çalışırdım ki, o təkbaşına özü çıxıb, bir yana getsin və məni rahat buraxsın çunki mən onunla evlənmək istəmirdim. Məsələ ancaq bundan ibarətdir. Mən onu həmin yerə öldürmək üçün yox, dilə tutmaq, razı salmaq üçün aparmışdım – vəssalam. Qayığı da mən çevirməmişəm – hər halda, mən bunu etmək istəmirdim. Külək başımdan şlyapanı salmışdı, biz ikimiz də eyni vaxtda ayağa qalxdıq, şlyapanı götürmək istədik və bu zaman qayıq çevrildi. Qayıq çevriləndə qırağı onun başına dəydi. Mən özüm bunu gördüm, ancaq o, suda elə çırpınırdı ki, mən qorxdum… qorxdum ki, üzüb yaxın getsəm, o məni də özü ilə bərabər çəkib, suyun dibinə aparar. Sonra o suya batdı. Mən isə sahilə doğru üzdüm. Allaha and içirəm ki, bütün bu dediklərim, tamamilə doğrudur!
Klayd danışdığı zaman onun üzü, hətta əlləri belə birdən-birə bərk qızardı. Onun iztirab və qorxu ilə dolu olan gözlərində hədsiz bir ümidsizlik ifadəsi var idi. “Bəlkə haman gün heç külək əsməmişdi… birdən onlar bunu xatırlaya bilərlər?” – deyə Klayd öz-özünə düşündü. Hələ, yerə yıxılmış ağacın gövdəsi altında gizlətdiyi o ştativ necə olsun? Əgər o tapılmışsa, elə düşünə bilərlər ki, mən Robertanı həmin ştativlə vurmuşam… Klaydın bütün bədəni titrəyirdi, o, başdan-ayağa tər içində idi.
Lakin Meyson artıq yeni bir sual verirdi:
– Çox yaxşı, bir dəqiqə. Siz deyirsiniz ki, o qızı gölə öldürmək niyyəti ilə aparmayıbsınız?
Bəli, ser.
– Yaxşı, belə olduqda, nə üçün siz Biq Biterndə və Qrassdakı mehmanxanalarda özünüzü başqa adlarla yazdırmışsınız?
– Mən istəmirdim ki, onunla bərabər orada olduğumu bilib-eləyən olsun.
– A, başa düşürəm! Qızın vəziyyəti ilə əlaqədar olaraq, cəncəl qopmasını istəmirdiniz?
– Xeyr, ser… Yəni, elədir, ser.
– Bəs sonra, qız tapıldıqda, onun adının rüsvay olacağı, sizi narahat etmirdimi?
– Axı mən onun boğulacağını bilmirdim, – deyə Klayd, onun üçün tələ qurduqlarını duyaraq, məharətlə cavab verdi.
– Ancaq, əlbəttə, özünüzün ora qayıtmayacağınızı yaxşı bilirdiniz?.. Buna siz möhkəm əmin idiniz, eləmi?
– Nə danışırsınız ser, mən bunu heç bilmirdim. Mən elə güman edirdim ki, yenə ora qayıdacağam.
– “Məharətlə cavab verir, çox məharətlə cavab verir!” deyə Meyson düşündü, lakin nə düşündüyünü açıb söyləməyərək, tez soruşdu:
– Deməli, məhz asanlıqla geri qayıtmaq üçün, siz öz çamadanınızı özünüzlə bərabər götürərək, qızın çamadanını stansiyada qoymuşdunuz? Bu ağlabatan şeydirmi? Siz bunu nə cür izah edə bilərsiniz?
– Axı, mən çamadanımı, sonra çıxıb getməyə hazırlaşdığım üçün götürməmişdim. Biz o çamadana yemək şeyləri qoymağı qərara almışdıq.
– “Biz”, yoxsa şəxsən siz?
– Biz.
– Demək, siz kiçik bir qəlyanaltı etmək üçün, o boyda çamadanı özünüzlə bərabər sürümək istəmişdiniz? Məgər siz yemək şeylərinizi bir kağıza bükə bilməzdinizmi, yaxud qızın sumkasına qoya bilməzdinizmi?
– Bilirsinizmi, onun sumkası ağzına qədər dolu idi, mən isə əlimdə bağlama aparmağı sevmirəm.
– Başa düşürəm. Siz həddindən artıq məğrur və vasvasısınız, eləmi? Amma bununla belə, o vüqar və təşəxxüs, gecə vaxtı ağır bir çamadanı üçüncü mil Buxtasına qədər, azı on iki mil sürüyüb aparmağınıza mane olmamışdır və bunu bir başqasının görə biləcəyi sizi düşündürməmişdir?
O batıb boğularkən, mən istəmədim ki, mənim də onunla bərabər olduğumu sonra bilən olsun, buna görə çıxıb getməyə məcbur oldum…
Klayd susdu, Meyson isə ona baxıb düşünürdü ki, hələ nə qədər çox sual verə bilər… hələ çox, lap çox sualları var, o bilirdi ki, Klayd onun bu suallarına aydın cavab verə bilməyəcəkdir. Lakin gec idi, Klaydın şeyləri isə, – çamadanı və kostyumu, həm də indi əynindəki yox, həmin gün Biq Biterndə olduğu zaman geydiyi və deyilənə görə boz rəngli olan kostyumu yəqin ki, hələ lagerdə idi. Klaydı dindirməyi davam etdirsə, hələ çox şey öyrənə bilər, lakin artıq hava qaraldığı üçün istintaqı burada davam etdirməyin mənası yox idi. Onlar hələ geri qayıtmalı idilər, o zaman yeni sorğu-sual üçün istədikləri qədər vaxtları olacaqdı.
Buna görə, bu dəqiqə danışığı kəsmək Meysona xoş gəlməsə də, nəhayət o dedi:
– İndi, hələlik bir az dincinizi alın, Qrifits. Çox ola bilsin ki, hər şey elə dediyiniz kimi olmuşdur, – bu barədə heç bir şey deyə bilmərəm. Ürəkdən, həm də sizin öz xatiriniz üçün ümid edirəm ki, bütün bu dedikləriniz həqiqətdir. Hər halda, siz bu saat mister Krautla bərabər gedəcəksiniz, – hara gedəcəyinizi o sizə göstərəcək.
Sonra Meyson, Suenkə və Krauta tərəf döndü:
– Biz isə belə etməliyik, dostlar: vaxt gecdir, əgər bu gün bir dam altında gecələmək istəyiriksə, bizə tələsmək lazımdır. Mister Kraut, siz bu cavan oğlanı həmin iki qayığın yanına aparıb, orada gözləyərsiniz. Yolda polis rəisini və Sisseli səsləyin: onlara deyin ki, biz hazırıq. Biz isə Suenklə bərabər, işimizi qurtaran kimi, o biri qayıqla sizin yanınıza gələcəyik.
Meyson və Suenk kəsifləşən alaqaranlıqda, lagerə doğru hərəkət etdilər, Krautla Klayd isə qərbə doğru yönəldilər, Kraut tez-tez polis rəisi ilə onun köməkçisini səsləyib, onları çağırırdı, nəhayət, onlar çağırışa cavab verdilər.
X FƏSİL
Meyson ikinci dəfə lagerə gələrək, əvvəlcə Frenk Qarrietə, sonra isə Xarley Beqotla, Qrent Krenstona, Klaydın həbs edildiyini və onun Roberta ilə bərabər Biq Bitern gölündə olduğunu etiraf etdiyini xəbər verdi, həmçinin, əlavə etdi ki, Klaydın dediyinə görə, qızı o öldürməmişdir; sonra Meyson izah etdi ki, o Suenklə bərabər Klaydın bütün şeylərini götürüb aparmalıdır.
Bu xəbər, şən səyahətin sevincini bir anda yox etdi. Doğrudur, bu xəbər hamını son dərəcə heyrətə saldı, heç kəs buna inanmaq istəmədi və bir qədər çaşqınlığa səbəb oldu, lakin bununla belə, indi onların qarşısında dayanan prokuror Meyson idi, o, Klaydın şeylərinin harada olduğunu göstərməyi tələb edirdi və onun dediyinə görə, yalnız Klaydın şəxsi xahişinə güzəştə gedərək, şeylərinin yerini göstərməsi üçün, onu buraya gətirməmişlər.
Bütün bu gənclər içərisində ən işgüzar olan Qrent Qarriet birinci olaraq, Meysonun sözlərinin qüvvətini və həqiqətini hiss etdi və dərhal onu Klaydın çadırına gətirdi, Meyson vaxtı itirməyərək, Klaydın çamadanını və paltarını yoxlamağa başladı; bu zaman Sondranın Klayda qarşı münasibətindən xəbərdar olan Qrent Krenstonla Beqot əvvəlcə Stüartı, sonra Bertinanı və nəhayət, Sondranı çağırdılar və baş vermiş hadisəni, başqalarından gizli olaraq, qıza xəbər vermək üçün Sondranı çəkib kənara apardılar. Sondra eşitdiyi sözlərin mənasını dərk edən kimi, dərhal rəngi qaçdı və huşunu itirərək, Qrentin qolları üstünə yıxıldı. Onu çadıra apardılar, huşa gətirdilər və qız ayılan kimi qışqırdı:
– Mən bu deyilənlərə inanmıram! Hamısı yalandır! Belə bir şey ola bilməz! Bədbəxt uşaq! Klayd! Klayd! İndi o haradadır? Onu hara apardılar?
Lakin, Sondra kimi tez hissə qapılmayan Stüart və Qrent qıza ehtiyatlı olmağı və susmağı məsləhət gördülər. Kim bilir, bəlkə bütün bu deyilənlər hamısı həqiqətdir. Əgər məsələ belədirsə, onda nə olsun? O zaman hamı bu əhvalatdan xəbər tutacaqdır. Yox, əgər bu deyilənlər yalandırsa, onda Klayd tezliklə müqəssir olmadığını isbat edər və onu buraxarlar, məgər belə deyilmi? Hər halda, indi səs-küy qaldırmaq lazım deyil.
Sondra özü fikrə getdi: birdən bütün bu deyilənlər doğru çıxar… birdən sübut olunar ki, Biq Bitern gölündəki qızı Klayd öldürmüşdür… onu həbs edib aparmışlar… indi hamı, – hər halda bütün bu gənclər dəstəsi – Sondranın Klayda nə cür münasibət bəslədiyini bilir… demək bu məsələ onun ata-anasına da çata bilər, hətta cəmiyyət içərisində yayıla bilər…
Lakin yox, Klaydın, əlbəttə, heç bir günahı yoxdur! Bütün bunlar, sadəcə bir səhvdir. Birdən Sondra ilk dəfə Qarrietgildə suda boğulan qız haqqında eşitdiyi xəbəri, sonra – Klaydın rənginin necə ağardığını… və onun xəstələndiyini… xatırladı… axı, o zaman Klayd az qalmışdı ki, huşunu itirsin… Yox, yox! Nə olursa-olsun, yalnız bu olmasın! Lakin axı, Klayd oradan, Likurqdan gələrkən gecikmişdi, yalnız cümə günü gəlib buraya çıxmışdı. Həmçinin, oradan Sondraya heç bir məktub yazmamışdı… Sondra baş verən hadisənin dəhşətini bir daha dərindən hiss edərək, birdən yenə huşunu itirdi. O, hərəkətsiz və rəngiqaçmış bir halda çadırda uzanıb qaldığı zaman, Qrent və başqaları öz aralarında məsləhətləşərək, bu qərara gəldilər ki, elə indi və yaxud, uzaqbaşı, sabah səhər tezdən, lageri yığışdıraraq, Şeyrona qayıtmaq lazımdır.
Bir az sonra Sondra özünə gəldi və ağlaya-ağlaya dedi ki, dərhal buradan çıxıb gedəcəkdir, artıq bu dəhşətli yerdə qalmağa taqəti yoxdur. O, Bertinadan, həmçinin başqalarından xahiş etdi ki, onu təkbaşına qoymasınlar, huşunu itirib ağladığı barədə heç kəsə heç bir söz deməsinlər, çünki belə bir şey müxtəlif dedi-qodu törədə bilər. Eyni zamanda, Sondra düşünürdü ki, – əgər bu deyilənlər həqiqətdirsə, – Klayda yazdığı məktubları nə cür geri ala biləcəkdir. İlahi, bu nə dəhşətdir! İndi əgər onun məktubları polisin əlinə düşsə və yaxud o məktublar qəzetlərdə çap edilsə, onun halı necə olacaqdır! Lakin o, hər halda Klaydı ürəkdən sevirdi və indi ömründə ilk dəfə idi ki, amansız və sərt bir həqiqət onun kiçik, şən və qayğısız dünyasına soxularaq, ona ağır bir zərbə endirmişdi.
Beləliklə, dərhal bu qərara gəldilər ki, Sondra qardaşı Stüartla, həmçinin, Bertina və Qrentlə bərabər gölün şərq tərəfindəki Metiss mehmanxanasına yola düşməlidirlər; Beqot izah etdi ki, səhər açılanda onlar həmin mehmanxanadan Olbeniyə gedə bilər, sonra dairə vuraraq, gəlib, Şeyrona çıxa bilərlər.
Bu zaman Meyson artıq tələsik Klaydın bütün şeylərini götürərək, tələsik bir halda qərbə tərəf, Balıqçı körfəzinə və üçüncü mil Buxtasına doğru yola düşdü, o bir fermada gecəni keçirmək üçün yalnız bir dəfə yolda dayandı və salı günü axşam gəlib, istədiyi yerə çatdı. Yolda, Meyson, əvvəlcədən düşündüyü kimi, Klaydı dindirməkdə davam edirdi, – şahidlərin dediyinə görə, Biq Biterndə onun əynində boz rəngli kostyum var imiş. Klaydın lagerdəki şeylərinin arasında belə bir kostyum olmadığı üçün Meyson əsasən bu məsələni aydınlaşdırmaq istəyirdi.
Bu yeni çətinlikdən təlaşa düşmüş Klayd, boz rəngli kostyum geydiyini inkar etməyə və o gün, indi əynində olan kostyumda gəzdiyini israr etməyə başladı.
– Axı sizin kostyumunuz lap islanmışdı?
– Elədir.
– Bəs elə isə, sonra o kostyumu sizin üçün harada təmizləyib ütülədilər?
– Şeyronda.
– Şeyronda?
– Bəli, ser.
– Oradakı dərzi təmizləyib ütülədi?
– Bəli, ser.
– Hansı dərzi?
Əfsus ki, Klayd dərzinin kim olduğunu xatırlaya bilmədi.
– Demək, siz Biq Biterndən Şeyrona qədər yaş və əzik kostyumda getmisiniz?
– Bəli, ser.
– Özü də heç kəs bunu görüb-eləməmişdir?
– Məncə, heç kəs, ser, yadıma gəlmir.
– Ah, sizin yadınıza gəlmir!.. Çox yaxşı, biz bunu aydınlaşdırarıq.
İndi Meyson öz-özlüyündə bu qərara gəldi ki, qızı öldürən, şübhəsiz, Klayddır, – həm də o, bu cinayəti əvvəlcədən hərtərəfli düşünərək etmişdir, – ona görə bu kostyumu harada gizlətdiyini, yaxud harada təmizlənməyə verdiyini, etiraf etməyə gec-tez onu məcbur etmək mümkün olacaqdır.
Bundan başqa, göldə tapılan həsir şlyapa məsələsi də var. Bəs bu barədə Klayd nə deyə bilər? Həmin şlyapanı başından külək apardığını söyləməklə, suda tapılan şlyapa olmasa da, hər halda göldə başında şlyapa olduğunu Klayd etiraf etmişdi. Buna görə Meyson, şahidlərin yanında, tapılan şlyapanın Klaydınkı olduğunu və bundan başqa, onun sonra başına qoyduğu ikinci bir şlyapanın da mövcud olduğunu inadla müəyyən etməyə çalışırdı.
– Siz deyirsiniz ki, başınızdakı həsir şlyapanı külək vurub salmışdır. Yaxşı, sonra haman şlyapa sudamı qaldı? Siz o vaxt şlyapanı sudan götürməyə cəhd etmədiniz?
– Xeyr, ser.
– Demək, həyəcanlı olduğunuz üçün siz bunu fikirləşmədiniz?
– Bəli, ser.
– Lakin bununla belə, siz sonra meşədən keçib gedərkən başınızda həsir bir şlyapa var imiş. Bəs siz o şlyapanı haradan almışdınız?
Tələyə düşdüyünü hiss edərək, karıxmış Klayd, bir anlığa susaraq, qorxu içərisində fikirləşməyə başladı ki, indi başında olan bu ikinci şlyapanı, – meşədən keçib gedərkən başında olan həmin şlyapa olduğunu və suda qalan birinci şlyapanın Utika şəhərindən alındığını isbat edə bilərlərmi? O, yalan deməyi qət etdi.
– Axı mənim ikinci həsirli şyapam yox idi.
Meyson bu sözlərə əhəmiyyət verməyərək, əlini uzadıb Klaydın başından həsir şlyapasını götürdü və şlyapanın astarındakı – “Stark və K0, Likurq” – yazılı fabrik nişanını gözdən keçirməyə başladı.
– Bu şlyapanın astarı vardır. Likurq şəhərində alınmışdır, eləmi?
– Bəli, ser.
– Nə vaxt?
– İyun ayında.
– Məgər bu şlyapa, həmin gecə meşədən keçib gedərkən, başınızda olan şlyapa deyilmi?
– Xeyr, o deyil, ser.
– Yaxşı bəs elə isə bu şlyapa harada idi?
Klayd yenə tələyə düşdüyünü hiss edərək susdu. “İlahi, mən bunu nə cür izah edim? – deyə o düşünürdü. – Axı nə üçün mən, göldə qalan o şlyapanın mənimki olduğunu boynuma aldım?” Lakin o dərhal başa düşdü ki, bunu inkar etsə də, etməsə də, fərqi yoxdur, Qrass və Biq Bitern göllərində elə şahidlər tapmaq olar ki, onlar, əlbəttə, Klaydın o zaman həsir şlyapada olduğunu xatırlaya bilərlər.
– Bəs bu şlyapa harada idi? – deyə Meyson təkid edirdi.
Nəhayət, Klayd cavab verdi:
– Mən bir dəfə bu şlyapada yay malikanəsinə gəlmişdim. Keçən dəfə buradan gedəndə, yadımdan çıxarıb, burada qoymuşdum. İndi gəlib gördüm ki, şlyapam buradadır.
– Aha, başa düşürəm! Etiraf etməliyəm ki, məsələni çox məharətlə izah edirsiniz! – Meyson artıq, çox hiyləgər bir adamla üz-üzə gəldiyini düşünməyə başlamışdı… Görünür, daha böyük fəndgirliklə tələlər qurmaq lazım gələcəkdi. Eyni zamanda, o, Krenstonları və Ayı gölünə səyahətə gedənlərin hamısını sorğu-suala tutmaq qərarına gəldi: bəlkə onlardan biri, cümə günü onların yanına gələn Klaydın başında həsir şlyapa olub-olmadığını və keçən dəfə o şlyapasını yadından çıxarıb, onların evində qoyub-qoymadığını xatırlaya bilər. Klayd, əlbəttə, yalan deyir və onun yalanını ifşa etmək lazımdır.
Buna görə, Bricburq şəhərinə və yerli mahal həbsxanasına qədər, prokuror bütün yolu Klaydı bir dəqiqə də olsun rahat qoymadı. O, cavab verməkdən nə qədər boyun qaçırsa da, Meyson hər dəfə yeni-yeni suallarla ona hucum edirdi: “Əgər siz, doğrudan da, sadəcə göl sahilində qəlyanaltı etmək istəyirdinizsə, nə üçün gölün başqa yerlərinə nisbətən o qədər də gözəl olmayan cənub tərəfinə, yəni bu qədər uzağa üzüb getmişdiniz?” – yaxud: “Bəs həmin günün ikinci yarısını siz harada keçirdiniz? Aydın şeydir ki, fəlakət baş verən yerdə dayanıb qalmamışsınız?” Sonra Meyson, birdən-birə yenə də Sondranın çamadandan tapılmış məktublarına qayıdırdı. Klayd bu qızla çoxdan tanışdırmı? Görünür, Sondra ona bərk vurulmuşdur; Klayd necə? O da Sondraya bu cür dərindən vurulmuşdurmu? Bəlkə Sondra payızda ona ərə gedəcəyini vəd etdiyi üçün, o, miss Oldeni öldürməyi qərara almışdır?
Klayd bu son ittihamı hərarətlə inkar etdi, lakin, demək olar ki, bütün qalan zamanı iztirab dolu bədbəxt gözlərini bir nöqtəyə zilləyərək, bir kəlmə danışmadı.
Sonra onlar gölün qərb tərəfində, bir fermanın çardağında – döşəməyə sərilmiş küləş üzərində çox pis bir gecə keçirdilər; Sissel, Suenk, və Kraut növbə ilə əllərində tapança, Klaydın keşiyini çəkirdilər, Meyson, polis rəisi və başqaları isə aşağıda, birinci mərtəbədə yatmışdılar. Artıq bu hadisə barəsində ətrafa bəzi xəbərlər yayıldığı üçün, səhər üzü yerli sakinlərdən bir neçə nəfər gələrək, soruşdu: “Deyirlər, Biq Biterndə qızı öldürən oğlan burdadır – bu doğrudurmu?” Onlar Klaydı görmək üçün səhər hamı Meysonun tapdığı Ford maşınlarında yola düşənə qədər dayanıb gözləmişdilər.
Balıqçı körfəzində və üçüncü mil Buxtasında isə artıq böyük bir izdiham toplaşmışdı. – Fermerlər, yaylağa gələnlər, dükançılar, odunçular, uşaqlar hamı tökülüşüb gəlmişdi, görünür caninin bura gətirildiyini telefonla onlara xəbər verən olmuşdu. Üçüncü mil Buxtasında Berley Xeyt və Nyukom gözləyirdilər, onlar telefonda tapşırıq alaraq, Klaydın şəxsiyyətini qəti surətdə müəyyən etmək üçün bütün şahidləri Biq Biterndən çağırıb, arıq, əsəbi bir adam olan yerli məhkəmə rəisi Qabriel Breqin otağına doldurmuşdular.
Burada, yerli hakimin qarşısında Meyson artıq Klaydı, Robertanı öldürməkdə ittiham etdi və bütün rəsmiyyətə riayət edilərək, qanuni bir surətdə qərar çıxarılmasına, yəni bu məsələdə şübhəli görülən adamın Bricburqdakı mahal həbsxanasına göndərilməsinə nail oldu. Sonra Meyson, Bertpon, polis rəsi və onun köməkçiləri ilə birlikdə, Klaydı birbaş Bricburq həbsxanasına apardı və orada onu dərhal kameraya salıb, qapısını bağladılar.
Klayd kameraya girən kimi, dəmir çarpayının üstünə atıldı və dəhşətli bir məyusiyyət, ümidsizlik içərisində başını əlləri içərisinə aldı. Onlar səhər saat üçdə gəlib, həbsxanaya yetişmişdilər, lakin bu zaman artıq həbsxana qarşısında səs-küy qaldıran istehza və təhdid edən, azı beş yüz nəfərdən ibarət kinli bir izdiham toplanmışdı. Artıq hər tərəfə şayiə yayılmışdı ki, guya Klayd dövlətli bir qızla evlənmək istəyərək, ən vəhşicəsinə bir yolla gənc və gözəl bir işçi qızı öldürmüşdür, bu qızın günahı yalnız ondan ibarət imiş ki, o Klaydı həddindən artıq sevirmiş. İzdiham içərisindən təhdidedici qaba bağırtılar eşidilirdi:
– Odur, o əclaf özüdür! Dayan, əclaf, kəndir boğazına keçəndə görərik, halın necə olacaq! – Bu sözləri qışqıran Suenk tipli, amansız və qəzəbli gözləri olan cavan bir odunçu idi. Sonra izdiham içərisindən çit paltarlı arıq və çevik bir qız, – şəhərin kasıb məhəllələrinin tipik sakini olan bir qız – irəli çıxıb qışqırdı:
– Ax, murdar ilan! Qatil! Elə bilirdin ki, qaçıb qurtaracaqsan, amma quyruğun ələ keçdi?
Klayd isə polis rəisi Slekə qısılaraq, düşünürdü: “Onlar bu fikirdədirlər ki, Robertanı, doğurdan da, mən öldürmüşəm! Onlar hətta məni daşqalaq edə bilərlər!” Klayd o qədər iztirab çəkmiş, qorxmuş, o qədər alçalmış və elə acınacaqlı bir hala düşmüşdü ki, onu içəri buraxmaq üçün taybatay açılmış həbsxananın dəmir darvazasını görərkən, yüngül bir nəfəs aldı, çünki bu darvazalar arxasında o, izdihamın qəzəbindən gizlənəcəkdi.
Lakin kameraya girdikdən sonra, bir dəqiqə də olsun onun gözünə yuxu getmədi və o, əbədi olaraq itirdiyi şeylər haqqında acı düşüncələrlə bütün gecəni iztirab icində çırpındı. Sondra! Qrifitslər! Bertina! Likurq şəhərindəki tanışları! Səhər açılan kimi, onlar hər şeyi biləcəkdilər. Nəhayət, bu xəbər onun anasına da çatacaq… Görəsən indi Sondra haradadır? Əlbəttə Meyson onun şeylərinin dalınca lagerə qayıtdıqda, həm Sondraya, həm də başqalarına hamısını açıb demişdir. İndi hamı onun həqiqətdə kim olduğunu bilir, – o, cinayətkar və qatildir! Lakin bircə nəfər bütün bu əhvalatın nə cür baş verdiyini bilsəydi! Kaş Sondra yaxud onun anası və yaxud başqa bir nəfər, Klaydı başa düşə biləydi!
Bəlkə bu iş daha mürəkkəb bir şəkil almamış, hər şeyi açıb Meysona demək lazım idi, bütün bu hadisənin nə cür baş verdiyini ona izah etmək lazım idi. Lakin belə bir hərəkət – başından keçən fikirləri, öz ilk niyyətini və fotoqraf aparatı haqqında bütün həqiqəti açıb söyləmək və Roberta suda boğularkən, ona kömək etmək əvəzinə üzüb ondan uzaqlaşdığını etiraf etmək demək idi. Həm də bilmədən vurduğu o zərbəni (lakin indi buna kim inanacaqdı?) və sonradan ştativi necə gizlətdiyini açıb söyləməli idi. Bütün bunlar məlum olduqda isə, – o həm Sondra üçün, həm Qrifitslər üçün, həm də hamı üçün, artıq məhv olmuş bir adam olacaqdı. Çox ola bilər ki, etirafına baxmayaraq, onu adam öldürməkdə ittiham edib, edam edəcəklər. Ah ilahi, adam öldürmək! Onu Robertanı öldürdüyü üçün mühakimə edəcəklər və bu dəhşətli cinayət isbat ediləcək. Belə olduqda fərqi yoxdur, onu edam edəcəklər, elektrik stulunda oturdub öldürəcəklər! Klayd belə bir aqibət qarşısında sonsuz dəhşətdən sarsılaraq (ölüm… adam öldürdüyü üçün edam cəzası!) çarpayısında donub qaldı. Ölüm! Aman allah! Kaş o, Robertanın və anasının məktublarını missis Peytonun evində, öz otağında saxlamaya idi! Əgər səfərə çıxmazdan əvvəl o, sandığını başqa bir yerə, başqa bir otağa aparsaydı… nə üçün o bu barədə əvvəlcədən düşünməmişdi? Amma dərhal onun başına belə bir fikir gəldi ki, belə bir hərəkət özü də bir səhv ola bilərdi, bu hamıya çox şübhəli görünərdi. Lakin onlar, Klaydın haralı olduğunu və onun adını nə cür öyrənib bilmişdilər? O yenə sandıqdakı məktublar haqqında düşünməyə başladı. Klayd yadına saldı ki, anası yazdığı məktublarının birində Kanzas-Siti şəhərində baş vermiş o əhvalata işarə vurmuşdu, – demək, Meyson indi o əhvalatdan da xəbərdar idi. Nə üçün o, bu məktubları, – həm Robertanın, həm də anasının məktublarını, – bütün məktubları tələf etməmişdi! Nə üçün? O indi bu suala cavab tapa bilmirdi, – yəqin ki, o, hər bir diqqət, mehribanlıq və şəfqət əlaməti olaraq aldığı hər cür xırda para şeyləri yadigar saxlamaq kimi mənasız bir vərdiş üzündən onları hifz etmişdi. Kaş o, ikinci həsir şlyapanı başına qoymayaydı…və meşədə o üç nəfərə rast gəlməyəydi! İlahi! O əvvəlcədən başa düşməli idi ki, bu və ya başqa bir yolla onun izinə düşüb, təqib edəcəklər. Əgər o, Ayı gölündəki lagerdən bir baş meşəyə getsəydi, öz çamadanını və Sondranın məktublarını götürüb uzaqlaşsaydı! Kim bilir, bəlkə o, Boston şəhərində yaxud Nyu-Yorkda və ya başqa bir yerdə gizlənə bilərdi.
Ücretsiz ön izlemeyi tamamladınız.