Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dahi», sayfa 11

Yazı tipi:

Bu axşam, ertəsi günü və sonrakı günlərdə onlar qonaq otağında tək olduqları zaman Yucin ilə Ancela arasında sevən kişi ilə qadın arasında gec-tez baş verən qarşılıqlı anlayış getdikcə daha artıq müəyyənləşməyə başladı. Əgər Yucini daim cilovda saxlamasaydılar, o, ismətli öpüşlər və məsum nəvazişlərlə kifayətlənməyə qabil deyildi. Ona elə gəlirdi ki, məhəbbət təbii yolu ilə getməlidir. Yucin evli olmamışdı, o, izdivacın insanın üzərinə nə kimi məsuliyyət qoyduğunu bilmirdi və onu adam eləmək üçün valideyninin nə kimi çətinliklərə rast gəldiyi haqqında heç düşünməmişdi. Onda bütün bunları ona deyə biləcək sövq-təbii yox idi. O, atalığa azacıq qədər meyl göstərmirdi, ailə ocağı və ailə yaratmaq üçün lazım olan şərait haqqında insanı xəyala dalmağa məcbur edən təbii arzulardan xəbərsiz idi. Yucinin eşq dövründə bütün fikirləri bu dövrü müşayiət edən öpüşlər, nəvazişlər və qucaqlaşmalar haqqında idi. Ancela özü ilə mübarizə edərək, daha artıq müqavimət göstərdikcə, Yucin gələcək səadətin bütün dolğunluğunu qabaqcadan daha kəskin duyurdu. Bəzən o, Ancelanın gözlərinə baxarkən, onları bürüyən, qarşısıalınmaz coşğunluq vəd edən tutqunluğu görürdü. O, Ancela ilə yanaşı oturur, onun əllərini sığallayır, üzünə toxunur, saçlarını oxşayır və onu bərk-bərk qucaqlayırdı. Bu aydın, riyasız mehribanlığa müqavimət göstərmək və Yucini təhlükəsiz bir məsafədə saxlamaq Ancela üçün çətin olurdu, lakin onun özü də məhəbbət şövqü həsrətində idi.

Yucin, Blu evinə gəldiyinin üçüncü axşamı, bu ailənin hər bir üzvünə getdikcə artan ehtiramına baxmayaraq, Ancelanı son nöqtəyə çatdırdı. Xoşbəxtlikdən, Ancelanın dərin ümidsizliyindən doğmuş tamamilə başqa hislər Yucində üstün gəlməsəydi, bəlkə Ancela ilə birlikdə o, qadağan olunmuş hüdudu keçəcəkdi.

Bir gün onlar evin yaxınlığında olan balaca Oukuni gölündə çimirdilər.

Çimdikdən sonraYucin, Ancela, Devid və Marietta minikdə gəzməyə getdilər. Hərdən yay zamanı olan, gözəllik və məhəbbətdən danışan, insan ruhunu oxşayan axşamlardan biri idi. Gün elə gözəl, elə isti, ağacların kölgəsi elə yaxşı idi ki, Yucinin ürəyi göynədi. İndi o, gəncdir, həyat gözəldir, lakin görəsən qocalıqda həyat necə olacaqdır? Onun qəlbi sanki yaxınlaşan fəlakətin ağır duyğusu ilə parçalanırdı.

Onlar evə yaxınlaşdıqları zaman günəş batmışdı. Cücülər vızıldayır, orada-burada inəklərin zınqırovları səslənirdi. Dərəni keçdikləri zaman axşamın yaxın olduğunu xəbər verən sərin külək onların üzünü oxşadı. Evə yaxınlaşdıqda isə mətbəxin üzərində burulan və şamın yaxınlaşdığını bildirən boz tüstünü gördülər. Yucin şövq içərisində Ancelanın əlini sıxdı.

O, Ancela ilə yelləncəkdə oturub, qatı qaranlıq çökdüyü zaman şirin xəyala dalmaq və onları əhatə edən aləmə baxmaq istəyirdi. Hər tərəfdə həyat qaynayırdı. Qoca Cotem və Bencamen tarladan qayıtmışdılar. Onların yuyunduqları mətbəxdən çox keçmədən səslər və su şappıltısı eşidildi. Tövlədə yem gözləyən atlar səbrsizliklə fınxırır, harada isə uzaqlarda bir inək mələyir, ac donuzlar xoruldayırdı. Bütün bunlarda elə bir sakitlik, elə bir ahəng vardı ki, Yucin, sanki üzərindəki sehri tullayırmış kimi başını qaldırdı.

O, şam zamanı yeyəcək halda deyildi, – onun bütün diqqətini stol arxasında toplananlardan ibarət səhnə cəlb edirdi. Axşam yeməyindən sonra o bütün ailə ilə birlikdə çəmənlikdə oturub çiçəklərin ətri ilə nəfəs alır, ağaclar arasında sayrışan ulduzlara baxır. Cotemin və missis Blunun, Semyuelin, Bencamenin, Devidin, Mariettanın və hərdənbir Ancelanın dediklərini dinləyirdi. Onun əhvali-ruhiyyəsini, bütün bu gözəlliklərdən doğmuş kədərini duyan Ancela da susur, yalnız Yucinin və atasının sözlərinə qulaq asırdı. Bir şey ifadə etdiyi zaman isə onun səsi ahəngdar səslənirdi.

Bir az sonra Cotem Blu qalxdı və yatmağa getdi, qalanlar da bir-bir onun ardınca çıxıb getdilər, sonra Semyuel ilə Bencamen qalxdılar. Hər biri öz gedişini sabahkı işin ağır olacağı ilə izah edirdi. Semyuel keçən günlərini yada salmaq və xırmanda atasına kömək etmək istədiyini bildirdi. Yucin Ancelanın əlindən tutdu və onunla birlikdə başdan ayağa qədər gündüzlər ağ, gecə isə solğun gümüşü görünən çiçəklərlə örtülmüş bağçaya yönəldi.

Ancelanın üzünü əlləri içərisinə alaraq, Yucin öz məhəbbəti haqqında yenidən pıçıldamağa başladı.

– Bu gün mənim üçün qeyri-adi idi, – dedi. – Burada həyat nə qədər gözəldir! Necə qəribə sakit yerdir! Hələ sən… sən… – Qalanlarını onun öpüşləri tamamladı.

Onlar uzun müddət qucaqlaşaraq durdular, sonra qonaq otağına qayıtdılar və Ancela lampanı yandırdı. Otaq xəfif sarı işıqla doldu. Bu, otağa yeni bir ahəng vermək üçün kifayətdir, – deyə Yucin düşündü. əvvəlcə onlar yanaşı olaraq iki yellənən kresloda oturdular, sonra divana keçdilər və Yucin qızı qucaqladı. Şam yeməyindən qabaq Ancela paltarını dəyişmiş və açıq sarı rəngli gen paltar geyinmişdi. Yucin onu dilə tutub, saçlarını oxşamaq üçün sancaqları çıxartdı.

Həqiqi ehtiras lal olur. Yucin əfsunlanmış kimi oturmuşdu və qıza baxırdı. Ancela başını onun çiyninə söykəyib saçlarını sığallayırdı, sonra isə məhəbbətin çoxluğundan üzülərək tamamilə hərəkətsiz qaldı. Yucin ona gənc, qüvvətli, mərd, gözəl görünürdü. Onu parlaq gələcək gözləyir. Bütün bu illər boyu Ancela onu həqiqətən sevən bir adamın meydana çıxacağı ümidiylə yaşayırdı, budur, indi bu istedadlı gənc onun ayaqlarındadır. O, Ancelanın əllərini, boynunu, üzünü sığallayırdı, sonra isə yavaş-yavaş qollarını ona sarıyaraq, başını onun sinəsinə qoydu.

Ancela valideyninin ona təlqin etdiyi ciddi əxlaq qaydalarında tərbiyə olunmuşdu və hər şeydə onların fikri ilə hesablaşırdı. Lakin indi mübarizə etmək onun üçün çətin idi. Əvvəlcə Ancela Yucinin onu qucaqlamasına yol verdi, sonra isə daha yaxın nəvazişlərinə tabe oldu. Müqavimət tamamilə qeyri-mümkün görünürdü, çünki Yucin onu möhkəm qucaqlamışdı; o, tamamilə Yucindən gələn cazibə qüvvəsinin hakimiyyəti altında idi. Nəhayət, Ancela, onun əllərini öz titrəyən bədənində hiss etdiyi zaman, əzab və nəşədən qıvrılaraq geri atıldı.

– Eləmə, Yucin, eləmə, – deyə yalvardı, – sən Allah, eləmə! Məni öz-özümdən xilas et! Məni xilas et, Yucin!

O, Ancelaya baxdı. Onun ağarmış üzü iztirab və ağrı ifadə edirdi. Onun bütün bədəni hərəkətsiz halda Yucinin ağuşunda idi. Artıq hərarətli nəm dodaqları çox mənalı bir hekayə söyləyirdi. Yucin özünü dərhal ələ ala bilmədi. Qızı buraxmazdan əvvəl əsəbi rəssam barmaqlarını onun boynunda və döşündə gəzdirdi.

Ancela son qüvvəsini toplayaraq, onun ağuşundan çıxdı və dizi üstə düşdü. Onun yaxasının düymələri açıldı.

– Bəsdir, Yucin! – deyə o yenidən yalvardı. – Bəsdir! Atam, anam haqqında düşün! Mən həmişə öz təmizliyimlə fəxr etmişəm. Onlar mənə inanırlar. Yalvarıram sənə, Yucin!

Yucin onun saçlarını və üzünü sığallayır, Abelyar Eloizaya baxan kimi onun gözlərinin içinə baxırdı.

Birdən Ancela kəsik səslə:

– Oh, mən bilirəm, bilirəm, – deyə səsləndi. – Mən başqalarından azacıq qədər yaxşı deyiləm. mən o qədər gözləmişəm ki! Lakin mən bunu etməməliyəm, Yucin. Etməməliyəm! Mənə kömək et, Yucin!

Yucin tutqun olsa da anlamağa başladı. Bu qızın heç bir zaman sevgilisi olmamışdı. Bunu nə ilə izah etməli? – deyə düşündü. – Axı o çox gözəldir. O, Ancelanı qolları üzərinə alıb öz otağına aparmağa hazır halda qalxdı, lakin fikir içərisində dayandı. Bu qız öz acizliyi ilə necə təsirlidir! Məgər Yucin bu qədər amansızdır? Məgər alicənablıq göstərmək iqtidarında deyildi? Onun atası və anası Yucini doğma adam kimi qəbul etmişlər… Onun gözü qarşısında Cotem və missis Blu, Ancelanın, bacılarına pərəstişlə baxan qardaş və bacıları durdular. O, qızdan gözünü ayırmayaarq – bu ov olduqca cazibəli idi – hiss edirdi ki, müvazinətini itirir. Buna baxmayaraq, o özünü ələ aldı.

O düz qıza baxaraq, nəhayət, güclə:

– Qalx, Ancela, – dedi və qız qalxdıqdan sonra, – indi isə get, – deyə əlavə etdi, – tez get, yoxsa mən özümə cavabdeh deyiləm. Sən görürsən ki, mən özümü ələ almağa çalışıram. Xahiş edirəm, get.

Ancela yubanır, qorxu və təəssüflə ona baxırdı.

– Oh, bağışla məni, Yucin!

Yucin dedi:

– Sən məni bağışla. Təqsir məndədir. Indi isə get, əzizim. Bunun necə çətin olduğunu sən bilmirsən. Get ki, bu ağırlıq üzərimdən götürülsün.

Ancela qapıya doğru yönəldi. Yucin isə kədər dolu hərarətli nəzərləri ilə onu astanaya qədər müşayiət etdi. Ancela arxasınca qapını səssizcə örtdüyü zaman öz otağına keçdi və oturdu. Onun bütün bədəninə sanki qurğuşun tökülmüşdü, özünü tamamilə əzilmiş hiss edirdi. O çaşmış halda son dəqiqələrdə olub keçənləri xəyalında götür-qoy etməyə başladı. Sonra çıxdı və ətrafa qulaq verərək açıq havada bir qədər dayandı. Qurbağalar quruldayır, otun içində nə isə xışıldayır, sanki orada böcəklər eşələnirdi. Güclə eşidiləcək dərəcədə ördək qaqqıldadı, harada isə yaxınlıqda, çay kənarında otlayan inəyin zınqırovunun səsi gəldi. O, başı üzərində Böyük Ayı bürcünü görür, Sirius parlaq işıq saçır, intəhasız yüksəklikdə kəhkəşan uzanırdı.

“Həyat nə deməkdir? –deyə Yucin özündən soruşurdu. – İnsan bədəni nə deməkdir? Bu ehtiras coşğunluğu haradandır? Biz ehtiras qızdırmasından üzülürük, sonra isə yanarıq və həyat qurtarır”.

Onun başında kağıza tökülmək istəyən şeir parçaları doğur və xəyallar baş qaldırırdı; gözləri qarşısından kino ekranlarında olduğu kimi, bir az qabaq bağrını basdığı, diz çökmüş halda gördüyü Ancelanın sürəti gəlib keçirdi. Bu gün o, Ancelanın ürəyinin içinə baxmışdı. O Ancelanı ağuşunda saxlamışdı. O, Ancelanın ona verə biləcəyi nəşədən öz razılığı ilə əl çəkmişdi. Nə olursa olsun, o xəyanət etmədi. O sonralar da bunu etməyəcəkdir.

ON DOQQUZUNCU FƏSİL

Bu unudulmaz gecənin təsiri altında Yucin ilə Ancela arasındakı münasibətin hansı tərəfə dəyişildiyini – əgər o ümumiyyətlə az-çox dəyişilmişdisə – demək çətindir. O, Ancelada özü üçün təbii olan insan hislərini aşkar etdikdən sonra ona daha dərin meyl hiss edirdi. Ancelanın həm öz zəifliyini, həm özünü müdafiə etmək iqtidarında olmadığını açıq etiraf etməsi və həm də Yucinin alicənab hərəkət etmək üçün özündə qüvvə tapması onun ürəyini yumşaltmışdı. O indi bilirdi ki, istədiyi zaman ona malik ola bilər, lakin sakitləşərək axıra qədər alicənab qalmağı və təkid etməyi qərara aldı. O gözləyə bilər.

Ancelaya gəlincə, o özünə gəldiyi və evin o başında Marietta ilə ona məxsus olan otağına çatdığı zaman onun ruhi vəziyyəti acınacaqlı idi. O ləyaqətli, ağıllı qız olduğunu düşünməyə adət etmişdi. Ancelanın xasiyyətində bir qədər mömin riyakarlığı var idi; əgər onun yoluna heç bir şərtiliyi və köhnə görüşləri tanımayan, yaxud onları anlamayan və ya onlara tam laqeydliklə yanaşan Yucin, – maddi rifah mülahizələrinə yad olan, yaşın fərqi üzərində düşünməyən Yucin çıxmasaydı. Ancela evdə qalıb qarımış bir qız kimi kədərli həyat sürməli olardı. Bu adam Ancelanın bütün fikirlərinə hakim kəsildi, öz məhəbbətini bu qıza verdi. O bu qız üçün onun aləminə yad olan görüşlərin carçısı idi və özü də onun üçün mübahisəsiz qanun idi. O başqa kişilərə oxşamırdı, bu, Ancelaya aydın idi. O, yüksəkdə dururdu. Ola bilsin ki, o bir rəssam kimi, çox pul qazanmaq iqtidarında olmayacaqdı, lakin bunun əvəzində o, Ancelaya daha artıq cəzbedici bir şey verə bilər. Şöhrət, gözəl şəkillər, maraqlı tanışlıqlar – məgər bunlar puldan daha əhəmiyyətli deyildimi? Ancela böyük var-dövlət görməmişdi, Yucin nə qədər qazansa idi, ona yetərdi. Yucinin fikrincə, izdivaca çox pul tələb edilirdi, Ancela isə Yucinin xatirinə hər bir çətinliyə dözməyə hazır idi.

Ancelanı öz gözlərində etibardan salan qonaq otağındakı hadisə nəyinki onun sarsılmaz məziyyətini şübhə altına aldı, hətta Yucinin gələcək məhəbbəti üçün qızı qorxuya saldı. Ancela ancaq izdivac yatağında ola biləcək nəvazişlərə yol verdikdən sonra Yucin indi ona əvvəlki kimi sadiq qalacaqmı? Yucin onu, güzəştə getmək üçün ancaq münasib təsadüf gözləyən yelbeyin, pozulmuş bir qız hesab etməyəcəkmi? O etiraf edirdi ki, o dəqiqələrdə nəyin pis, nəyin yaxşı olması haqqında hər cür təsəvvürü itirmişdi. O möhkəm prinsip sahibi olan atasını, təmiz ürəkli və özlərini mürəkkəb məsələlərlə təşvişə salmayan qardaş və bacılarını unutmuşdu. İndi o, ləkələnmişdi; düzəlməyən bir hadisə baş verməsə belə o, yenə də özünü rüsvay olmuş hesab edirdi. Tamamilə şərtilik tabeliyində tərbiyə olunmuş Ancela vicdan əzabı çəkir və qüssədən ürəyi parçalanırdı.

Ancela həyətə çıxdı, şehdən islanmış otun üzərində oturdu və fikrə getdi. Sərin idi, hər tərəfdə sakitlik hökm sürürdü, ancaq onun ürəyi sakit deyildi. Üzünü əlləri içərisinə alaraq və yanaqlarının necə yandığını hiss edərək, o öz-özündən soruşurdu ki, görəsən Yucin onun haqqında nə düşünür? Ata-anası buna nə deyər? Bu barədə fikirləşdikdə o, ümidsizlik içərisində barmaqlarını əzişdirirdi. Nəhayət, yatmaq ümidi ilə evə qayıtdı. Demək olmaz ki, Ancela keçirdiyi səhnənin sevinc və gözəlliyini duymurdu. Lakin onun etiqadına görə, onun nə hiss etməli olduğu və bütün bunların onun gələcəyinə necə təsir edəcəyi fikri ona rahatlıq vermirdi. Baş bermiş hadisədən sonra Yucini saxlamaq ona çox çətin gəlirdi. O, başını qaldırıb əvvəlki qürurla Yucinə baxa biləcəkmi? Onun coşğunluğunun qarşısını gələcəkdə də ala biləcəkmi? Ancela bu fikirlərin təsiri altında, demək olar, bütün gecəni yuxusuz keçirtdi. Səhəri isə daha pərişan, daha solğun, lakin əvəllər olduğundan daha artıq məhəbbət hissiylə qalxdı. Bu qəribə gənc onun qarşısında parlaq dramatizmlə dolu tamamilə yeni aləm açmışdı.

Onlar səhər yeməyindən qabaq çəmənlikdə görüşdülər. Ancelanın əynində ağ kətan paltar var idi. O, solğun və zərif görünürdü, qara dairə salmış gözləri nə kimi ağır fikirlərin onu təşvişə saldığını göstərirdi. Yucin nəvazişlə onun əlindən tutdu.

– Bəsdir özünə əziyyət verdin, – dedi. – İnandırıram səni, burada heç bir pis şey yoxdur.

O mehribancasına gülümsədi.

Ancela məhzun səslə:

– Ah, Yucin, mən artıq özümü anlaya bilmirəm, – dedi. – Mən düşünürdüm ki, bundan daha yaxşıyam.

– Bu işdən sonra bizim heç birimiz nə yaxşıyıq, nə pis, – deyə Yucin sadəcə cavab verdi. – Bu yalnız sənə belə gəlir. Sən mənim üçün yenə əvvəlki kimisən. Sən nahaq yerə özünü məzəmmət edirsən.

– Doğrumu? – deyə Ancela sevinclə soruşdu.

– Əlbəttə, – deyə Yucin cavab verdi. – Məhəbbətdə ayıb heç bir şey yoxdur. Əksinə, onda hər şey gözəldir. Nə üçün mən sənin haqqında əvəllər olduğundan pis fikirdə olmalıyam?

– Çünki təmiz qızlar belə hərəkət etmirlər. Mən aldığım tərbiyəyə görə nəyin yaxşı, nəyin pis olduğunu anlamalı idim və özümü də buna müvafiq aparmalı idim.

– Bütün bunlar tərbiyənin sənə təlqin etdiyi mövhumatdır. Sən düşünürsən ki, bu yaxşı deyildir. Lakin nə üçün? Ancaq onun üçün ki, sənə atan və anan belə demişlər. Düz deyilmi?

– Xeyr, tək bunun üçün deyil. Hamı hesab edir ki, bu yaxşı deyildir. Bunu bizə İncil öyrədir. Mənim necə qız olduğumu bilən kimi hamı məndən üz döndərər.

Yucin:

– Dayan, dayan, – dedi. – O, Ancela ilə mübahisəyə girişərək əslində özü üçün müəmmalı olan şeyi həll etməyə çalışırdı. – İncili bir tərəfə qoyaq, çünki mən ona inanmıram. Hər halda o mənim üçün qanun deyildir və necə hərəkət etməli olduğumu mənə öyrədə bilməz. Hamı bir şeyi pis hesab edirsə, bu hələ o demək deyildir ki, bu şey həqiqətən pisdir. Elə deyilmi?

O “hamı” anlayışının dünyanı idarə edən prinsiplərin düzgün inikası olduğunu etiraf etməkdən imtina edirdi.

– Əlbəttə, – deyə Ancelanın səsində şübhə duyulurdu.

– Qulaq as, – deyə Yucin davam etdi. – Türkiyədə Məhəmmədi müqəddəs peyğəmbər hesab edirlər. Məgər bundan belə çıxır ki, bu həqiqətən belədir?

– Yox.

– Görürsən! Evdəkilər hamısı bunu pis hesab etsələr də, dünən axşam burada olanlarda heç bir pis cəhət yoxdur. Düz deyilmi?

– Ola bilər, – deyə Ancela dalğın halda cavab verdi. Ancela qarasına danışırdı, Yucinlə mübahisə etmək onun üçün çətin idi. Bu, onun bacarığı xaricində idi. Ancela onun dəlillərinin mənasını tuta bilmirdi, bununla bərabər, onun daxilindəki səs ona tamamilə başqa şeylər deyirdi.

– Axı sən, açıq deyilərsə, adamların sənə necə münasibət bəsləyəcəyi haqqında düşünürsən. Sən deyirsən ki, onlar səndən üz döndərərlər. Lakin bu artıq əməli məsələdir. Sənin atan, olsun ki, səni evdən qovardı…

Atasının necə böyük qəlbi olduğunu anlamayan Ancela:

– Məncə, o məhz belə hərəkət edərdi, – deyə cavab verdi.

Yucin:

– Mən əksinə düşünürəm, – dedi. – Bir də ki, bunun işə heç bir dəxli yoxdur. Ola bilsin ki, heç bir kişi səninlə evlənmək istəməz, lakin bu da xalis əməli məsələdir. Sən bunun, nəyin yaxşı və nəyin pis olduğunu təyin etmək üçün bir meyar ola biləcəyini yəqin ki, isbat etməyəcəksən, elə deyilmi?

Yucinin dəlillərində heç bir möhkəm əsas yox idi. Onun özü də bu məsələdə nəyin yaxşı, nəyin pis olduğunu başqalarından artıq bilmirdi. O hər şeydən əvvəl öz-özünü inandırmaq üçün deyirdi. Lakin, bununla bərabər, Ancelanın qəlbində təlaş yaratmaq üçün kifayət qədər məntiqi mühakimə yürüdürdü.

Ancela tərəddüdlə:

– Mən, doğrusu, bilmirəm, – dedi.

– İnsanların fikrincə, yaxşı şeylər ümumiyyətlə qəbul edilmiş həqiqətlərə müvafiq olanlardır, – deyə Yucin nəsihət verici surətdə davam etdi. – Lakin həqiqətin nə olduğunu kim bilir? Bunu heç kəs sənə deyə bilməz. Sən yalnız öz şəxsi adətin nöqteyi-nəzərindən ağıllı, yaxud ağılsız hərəkət edə bilərsən. Əgər məhz bu sənə əzab verirsə – bunun belə olduğunu mən bilirəm – səni əmin edə bilərəm ki, sənin başına heç bir iş gəlməmişdir və sənin əmin-amanlığını heç bir şey təhdid etmir. Mən hətta onun əksini deyə bilərəm, çünki mən indi səni daha artıq sevirəm.

Ancela onun mühakimələrinin incəliyinə heyrət edirdi. O, Yucinin haqlı olmadığına heç də əmin deyildi. Deməli, onun qorxusu əsaslı deyilmiş? Bununla bərabər Ancela hiss edirdi ki, özünün qızlıq məlahətinin nə isə bir hissəsini itirmişdir.

İndi Yucinin onu daha artıq sevdiyinə inandırmasına cavab olaraq Ancela:

– Sən nə danışırsan? – deyə etiraz etdi.

– Çox təbii bir şey– deyə Yucin cavab verdi. – Mən səni yaxından tanıdım. Sənin düz danışmağın məni valeh edir. Sən mələksən, səninlə heç kəsi müqayisə etmək olmaz.

Yucin hər şeyi təfsilatı ilə danışmağa başladı.

Ancela əli ilə onun ağzına tutaraq:

– Bəsdir, Yucin, – deyə yalvardı. Onun üzü yenidən ağardı. – Rica edirəm, yetər.

Yucin:

– Yaxşı, danışmaram, – dedi. – Lakin sən həqiqətən mələksən. İstəyirsən, yelləncəkdə oturaq.

– Yox, mən yemək hazırlamağa gedirəm. Sənin yemək vaxtın çatmışdır.

Yucin bir qonaq kimi bütün imtiyazlardan həzz alırdı, çünki evdə, demək olar, heç kəs yox idi. – Cotem, Semyuel, Bencamen və Devid tarlaya getmişdilər. Missis Blu tikişlə məşğul idi. Marietta qonşuluqda olan rəfiqəsini görməyə getmişdi. Ancela, vaxtilə Rubi etdiyi kimi, Yucin üçün səhər yeməyi hazırlamağa başladı. O, biskvit üçün xəmir yoğurdu, donuz döşü qızartdı və təzəcə toplanmış bir səbət böyürtkəni təmizlədi.

Anası mətbəxə daxil olaraq:

– Sənin bu oğlanın mənim xoşuma gəlir, – dedi. – O çox yaxşı adama oxşayır. Amma çalış, onu xarab eləmə. Əgər çox ərköyünləşdirməyə başlasan, sonra peşman olarsan.

Ancela atasının ailədə nə kimi bir diqqətlə əhatə olunduğunu düşünərək:

– Bəs sən atamı ərköyün öyrətməmisən? – deyə soruşdu.

– Sənin atan həddini bilən adamdır, – deyə missis Blu cavab verdi. – onu əzizləmək də günah deyildir. Bununla korlanmaz.

Ancela tavadakı ət parçasını çevirərərk:

– Olsun ki, Yucin də belədir, – dedi.

Ana gülümsədi. Onun bütün qızları ər evində xoşbəxt idilər. Ola bilsin ki, Ancelanın izdivacı ən uğurlusu olacaqdı. Onun əri, heç şübhəsiz ki, kürəkənlərinin hamısından yüksəkdir. Hər halda o, ehtiyatlılığın mane olmadığını qeyd etməyi lazım bildi.

Ancela fikrə getdi. Əgər anası bilsəydi! Yaxud atası! Aman Allah! Ancaq Yucin çox sevimlidir. O, Yucinə xidmət etmək, onun nazını çəkmək istəyirdi. Əgər Ancela onunla əbədi bir yerdə olmağı və heç bir zaman ayrılmamağı bacarsaydı!

“Bircə o mənimlə evlənsəydi!” – deyə Ancela ah çəkdi. Bu onun həyatında gözləyə biləcəyi ən yüksək səadət olardı.

Yucin, bəlkə, heç vaxt bu qonaqpərvər evdən ayrılmazdı. O görürdü ki, qoca Cotem məmnuniyyətlə onunla söhbət edir. Qoca, daxili və xarici siyasətlə çox maraqlanır. Söhbət zamanı eşitmiş olduğu çoxlu görkəmli, maraqlı adamlar haqqında bilirdi, yəqin dünya hadisələrindən xəbərlər idi. Yucində elə bir təsəvvür əmələ gəldi ki, qocanın özü də müstəsna adamdır, lakin qoca Cotem saf bir təbəssümlə belə fikirləri rədd etdi.

O dedi ki:

– Mən adi fermerəm. Mən həyatımda ən böyük iş onu hesab edirəm ki, yaxşı uşaqlar tərbiyə etmişəm. Mən bilirəm ki, oğlanlarımdan işgüzar adamlar çıxacaqdır.

Ata olmağın və özünü uşaqlarda davam etdirməyin nə olduğu Yucinə ilk dəfə aydın oldu, lakin o bunun üzərində düşünmədi. O olduqca gənc, olduqca şıltaq idi, həyatın rəngarəng olmasına çox can atırdı, bunun üçün də bu hissin həqiqi mənası hələ ona çatmırdı.

Artıq bazar günü gəlib çatdı, getmək lazım idi. Yucin fermada doqquz gün – nəzərdə tuduğundan iki gün artıq qalmışdı. İndi isə ona bu qədər yaxın olan və uşaq kimi ona qulaq asan Ancela ilə vidalaşmalı idi. Əlvida, təbiətin ağuşunda keçən sakit həyat! Görəsən, Cotem Blu kimi təmiz qəlbli, xeyirxah, ağıllı, hörmətli bir insanı, yaxşı ata olduğu, yoxsulluqdan utanmadığı, nə qocalıqdan, nə ölümdən qorxmadığı üçün bütün boyu ilə qürurla qarğıdalı tarlasında duran bu əkinçini bir də nə zaman görəcək? Yucin müdrik bir peyğəmbəri ziyarət etmişdi. Əlvida, gözəl tarlalar, mavi təpələr, sıx qarağac xiyabanının kölgəsi və evin ətrafında olan ağ, qırmızı, göy çiçəklər! Səliqəli otaqda o necə şirin yatırdı! Quşların – meşə qumrusunun və xoş səsli qaratoyuğun səsini necə sevinclə dinləyirdi! O öz daş yatağı ilə axan kiçik çayın susmayan şırıltısını eşidirdi. Donuzlar, inəklər, atlar – bunlar hamısı onun ürəyinə necə yatırdı! O, Qreyin elegiyasını, Holdsmitin “Tərk edilmiş kəndi”ni, “Yolçu”sunu xatırlayırdı. Buralar şairlər tərəfindən mədh edilmiş yerləri necə də xatırladırdı.

Yola düşmək vaxtı çatdı. Ancela ilə çəmənlikdən keçəndə, Yucin ayrılığın necə ağır olduğunu durmadan təkrar edirdi. Devid kəhər madyanı qoşaraq xiyabanın axırında onları gözləyirdi.

Yucin köksünü ötürərək:

– Mənim sevincim, – dedi, – sən mənim olmayınca mən səadət nə olduğunu bilməyəcəyəm.

Ancela əslində “Oh, apar, apar məni özünlə!” – deyə bağırmaq istəməsinə baxmayaraq:

– Mən gözləyəcəm, – dedi.

O getdikdən sonra Ancela qeyri-şüuri olaraq öz vəzifələrinin ifasına qayıtdı. Lakin hiss edirdi ki, onun üçün hər şey öz sevincini, öz parlaqlığını itirmişdir. Ətrafdakı hər şeyi işıqlandırmaq qabiliyyətinə malik olan Yucinin parlaq təxəyyülündən uzaqda həyat ona donuq görünməyə başladı.

Yucin isə yolla gedir və fikrən bu gözəl yerin hər bir qarışı ilə – taxıl tarlaları, mənzərələri, çayları, Oukuni gölü ilə Blu ailəsinin şairanə evi ilə vidalaşırdı.

O özünə deyirdi: “Mən həyatımda heç vaxt bundan gözəl bir şey görməyəcəyəm. Ancela bu balaca, sadə qonaq otağında, mənim ağuşumda! Aman Allah! Axı insan cəmi yetmiş il yaşayır və bunun ən çoxu on, yaxud on beş ilini həqiqi mənada gənc olur”.

Metin, ses formatı mevcut
₺129,75
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
1 s. 1 illüstrasyon
ISBN:
978-9952-8245-8-1
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 3, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre