Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qasırğa», sayfa 2

Yazı tipi:

İda həyatda yaşayan şən və gümrah gəncləri görürdü. Evdə isə valideynlərinin rəsmi münasibəti onu darıxdırırdı, o bir soyuqluq duyurdu. Qızıl sağanaqlı eynəyinin altından açıq mavi gözləri ilə baxan Uilyam Zobelə elə gəlirdi ki, İda hələ bir kəsin xoşu gələcək səviyyəyə çatmamışdı. Nazik, uzun sifətli, qonur gözlü, səliqə ilə daranmış qara saçlı ögey ana isə başqa cür fikirləşirdi. Əlbəttə, ciddiliyi ilə seçilən Zobel öz düşüncəsi, qaydaları və işgüzarlığı ilə özünü ata yox, allah kimi aparır, qızından uzaq gəzməyi üstün tuturdu. Bu da onları yaxınlaşmağa qoymurdu. Bununla belə İda valideynləri ilə salamlaşırdı, xudahafizləşirdi, süfrə başından qalxarkən təşəkkür də edirdi. Hərdənbir valideynləri onu özləri ilə qonaqlığa və ya restorana aparırdılar; ancaq Zobel heç vaxt qızı olmasını istəməmişdi, arvadı isə özgə uşağına çox da meyl salmırdı – nə kişi, nə də arvad yeniyetmə qızın daxili aləmi barədə düşünmürdü, ortada nə ruhi yaxınlıq, nə də həqiqi məhəbbət var idi.

Şəxsi ləyaqətə və özlərinin nüfuzuna rəğmən, qızın tərbiyəsində xüsusi əxlaq qaydalarına da ciddi əməl olunurdu. Ancaq İdanın böyüdükcə daha qəşəng və məlahətli olması atasının da, ögey anasının da ürəyinə qorxu salmışdı. Qızın ipək saçları, açıq mavi gözləri vardı. Onun yumru, mütənasib bədəni hətta miss Hohstauferin məktəbindəki başqa qızların da diqqətini cəlb edirdi. Balaca, düz burnu, dolğun, kiçik ağzı, həmişə təkəbbürlü dodaqları, yumru çənəsi qəşəng idi. Məgər İdanın güzgüsü yox idi və ya onunla bir məktəbdə oxuyan oğlanlar kor idilər ki, bu gözəlliyi görməyəydilər? Hələ yeddi yaşında ikən oğlanlar özlərini İdanın gözünə soxmaq istəmirdilərmi? Əlbət ki, onun atası, lap ögey anası da bunu yaxşıca görürdü. Ancaq qız başqaları kimi orda-burda ləngimirdi, güclü, məntiqli, hər şeyə məna verən nəsihətlər onun əl-qolunu bağlamışdı. Zobel və arvadı fikirləşirdilər ki, İda yalnız evə, dükana və məktəbə tələsməlidir. Əgər başqa iş dalınca göndərilsəydi, dəqiqələr hesablanacaqdı.

Bütün bu ehtiyatkarlığa baxmayaraq, get-gedə qızın ürək döyüntüləri artırdı. Gəncliyin yalnız öz gənclik dilində danışığı, axtaran, gəzən əhvalı var. Bir-iki il əvvəl on iki yaşlı qıza elə gəlirdi ki, Uorren və Treisi küçələrinin tinində, onların evlərindən yarımca tin aralı aptekdə su satan Lourens Sulivan dünyada ən gözəl oğlandır. Ağappaq alnına səpələnmiş pırtlaşıq, qara saçları, düz, incə əlləri (ya da qıza belə gəlirdi), geyimindəki səliqə və təmtəraq necə xoşa gəlməyəydi? Məktəbdə oxuyan oğlanların çoxu yollarını buradan salır, ondan görüb-götürmək istəyirdilər. Hətta qızlar da onun kimi gülümsəmək, onun kimi hərəkət etmək həsrətində idilər. Həmişə də məktəbdən qayıdanda yolüstü dayanmaq, Lourensdən heç olmazsa bir söz eşitmək istəyirdilər.

– Salam, Della! Missis Mak Qiniz, bu gün necəsiniz? Deyəsən, sizin nə almaq istədiyinizi mən bilirəm. Məncə, sarışın qızlar şokoladlı dondurma xoşlamalıdırlar, axı onların dərisi şokolad kimidir.

Sonra isə Lourens gülümsəyir, missis Mak Qinizin pörtməsini və: – Siz sarışın qızların nəyi xoşladıqlarını yaxşı bilirsiniz, – deməsini gözləyirdi.

Təsadüfən sodalı su və ya dondurma almağa gəlmiş İda Zobel gözlərini Lourensə zilləyərək diqqətlə qulaq asırdı. Necə qəşəng oğlan idi. On altı yaşında. O heç İda kimi qıza əhəmiyyət də verməzdi; yenə də İdanın yaşı bir az çox olsaydı! Görəsən, o da böyüyəndə missis Mak Qiniz kimi qəşəng olacaqdı? Belə qəşəng oğlanın xoşuna gəlmək nə yaxşı olardı? Görəsən, hər şeydən əvvəl o, qıza nə deyərdi? Bəs qız nə cavab verərdi? İda xəyalən bu qızları yamsılayır, özüylə Lourensin müsahibəsini keçirirdi. Bütün bu daxili çırpıntılar müqabilində isə mister Sulivan özündən əvvəlki su satanların yolu ilə gedərək, iş yerini dəyişdi, uzaq məhəllədə başqa işə düzəldi.

Ancaq, bir müddətdən sonra İdanın gözünü tutan, fikrini günlərlə məşğul edən başqa oğlanlar da tapıldı. Qız daxilən müxtəlif planlar cızır, əylənir, həyata isə heç nə keçirmirdi. Belə oğlanlardan biri, sadəlövh və heç də məşhur olmayan yerli ştat senatorunun gülərüz, qəşəng oğlu Merton Uebster idi. O, İda ilə bir məhəllədə yaşayır, Uotkinzin orta məktəbində oxuyurdu; İdaya o məktəbə getməyi məsləhət görməmişdilər. Merton elə mehriban, elə qəşəng idi ki.

– Salam, balaca! Oho, necə də qəşəngləşmisən! İstəsən, bir gün səni özümlə rəqs etməyə apararam.

Yaşının azlığından, ailəsinin ciddi təzyiqindən, utancaqlığından qızın başı aşağı enir, ancaq dodaqlarında təbəssüm sezilirdi.

Bir il sonra, İdanın atasının dükanı yaxınlığında ev əşyaları satan və sığorta edən kişinin oğlu Uolter Stoun qızın diqqətini cəlb edənə qədər İda, yalnız Merton haqqında düşündü. Uolter qamətli gənc idi, gülümsər gözləri, həmişə təbəssümlü dodaqları vardı və yəqin ki, o da Merton Uebster, mağaza müdirinin oğlu Lourens Kros, camaşırxanaçının oğlu Sven Volberq və başqa avaralarla birgə günlərini kinoda və ya baş küçədəki aptekin qabağında keçirir, gedib-gələn qızlara söz atırdı. Hələ heç bir şey dəyişməsə də, İda məktəbdən evə və ya evdən atasına kömək etməyə gedəndə bu gənclərə biganə qala bilmirdi. Onlar təsadüfdən-təsadüfə dükana gəlir və İdanın gələcəyi haqqında mülahizə də yürüdürdülər:

– Oh, çox gözəl qız olacaq, elə deyil?

Qız birdən-birə həyəcandan qızarır, guya müştərinin sifariş vərəqini doldururmuş kimi özünü məşğul göstərirdi.

Metin, ses formatı mevcut
₺36,85
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8450-1-1
Telif hakkı:
JekaPrint
Metin, ses formatı mevcut
Ortalama puan 5, 2 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 3, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre