Kitabı oku: «Türkçülüyün tarixi»
Yusif Akçura
Türkçülüyün tarixi
Türkçülük fikri,
Türkçülük cərəyanı,
Türk ocaqları
Qızım Ülgən və oğlum Tuğrula
I
Bir məsələ
“Türk milliyyəti” fikri türklər arasında nə vaxt və harada formalaşmağa başlayıb? Baxın, bu, cavabı çox da asan olmayan tarixi məsələdir.1 Ən vacib məsələnin həlli yolunda işə başlamamışdan əvvəl, istifadə etdiyimiz iki anlayışda – “türklər” və “milliyyət fikri” mövhumlarında nəzərdə tutduğumuz mənaları dəqiqləşdirməliyik.
Türkün tərifi
“Türklər” deyəndə etnoqrafiya, filologiya və tarix araşdırmaçılarının bəzən “türk-tatar”, bəzən də “türk-tatar-moğol” adıyla yad etdiyi bir irqdən gələn, adətləri, dilləri bir-birinə çox yaxın, tarixən həyatları bir-birinə qarışmış olan qövm və qəbilələrin məcmusunu nəzərdə tuturuq. Bu baxımdan bəzi iranlı, avropalı müəlliflərin və onlarla eyni mövqedə olan bir sıra Osmanlı müəllifinin “Tatar” dediyi kazanlılar, azərbaycanlılar və s. ilə birgə, qırğızlar, yakutlar da “Türklər” mövhumuna aiddir.
Milliyyət fikri
Hər qövm, hətta qəbilə həmişə başqa qövm və qəbilələrə baxanda öz fərqini hiss etmiş və əksərən onlara qarşı öz üstünlüyünü iddia etməyə çalışmışdır. Zənnimcə, bu hiss və iddia milliyyət fikrinin instinktiv təzahür qanunudur. Türk qövm və qəbilələrində bu hiss və iddianın həmişə mövcud olduğunu qəti çəkinmədən təsdiq edə bilərik.2
Amma söhbətimizin mövzusu olan “milliyyət fikri“ bu hiss və iddianın xeyli inkişaf etmiş mərhələsinə aiddir. Qəbilə və qövmiyyət hissinin milliyyət fikri dərəcəsinə yüksəlməsi şərqdə deyil, qərbdə meydana gəlib. Avropa qövmləri bir çox amillərin təsiri altında, xüsusilə XV əsrdən etibarən milliyyət mövzusunda işləyərək, nəhayət, XIX əsrin ortalarında bu gün anladığımız mənada milliyyət fikrini təyin ediblər. İndi milliyyət fikrinin, başqa cür desək, milliyyət prinsipinin məzmunu budur: “Bir milləti təşkil edən fərdlər birləşib, müstəqil dövlət quraraq yaşamaq haqqına sahibdir”. Bu cümlənin tam anlaşılması üçün “millət“ kəlməsində ifadə olunan anlayışı yaxşı bilmək lazımdır.
“Millət”in tərifi
“Millət” nədir? Gerçək həyatda millətlərin mövcud olmasına baxmayaraq, millətin tərifini vermək o qədər də asan deyil. Millətlərin gerçək həyata təşəkkülündə olduğu kimi, nəzəriyyədəki tərifinə də siyasi mənfəətlərin müdaxilə və təsri olmuşdur. Bu gün “millət“in tamamilə elmə əsaslanan tərifini verə bilmərik. “Millət”in bir neçə müxtəlif tərifi var. Vəhdətdə olan hər millət mövcud şərtlərə və hədəfə aldığı məqsədə görə, “millət“i təsvir edə bilir: məsələn, almanlar və slavyanlar irq və dili (yəni tarixi məcburiyyəti), fransızlar arzu və iradəni (yəni fərdi azadlığı), italyanlar ərazi və dili (yəni coğrafi və tarixi məcburiyyəti), millətin meydana gəlməsində və inkişaf etməsində ən əsaslı amil kimi götürürlər. İmkan dairəsində obyektiv qalmaq arzusuyla biz milləti belə təsvir etmək istəyirik:
“Millət – irq və dilin bir olduğuna görə ictimai vicdanla birləşmiş insan cəmiyyətidir”.
Millətə bu cür tərif verəndə, müxtəlif tərifləri bir-biriylə az-çox uyğunlaşdırmış və “milliyyət fikri“nin nədən ibarət olduğuna aydınlıq gətirmiş oluruq.
Bu şəkildə mənasını təyin etdiyimiz “milliyyət fikri” bir az əvvəl hüdud və mahiyyətini izah etdiyimiz türklərin arasına nə vaxt, harada və necə nüfuz edib?
Milliyyət fikrinin türklər arasında meydana çıxması
Fikir Avropadan gəldiyinə görə, Avropa ilə ən çox təmas və münasibəti olan, Avropa mədəniyyətindən yararlanmağa başlayan türk tayfalarının başqalarından əvvəl bu fikirlə tanış olmaları mümkündür. Bu şərtlərə ən çox uyğun gələn Türk qövmləri – əvvəllər Osmanlı türkləri adlanan Qərb türkləri ilə Krım türkləri və Şimal türklərinin İdil hövzəsində yaşayan hissələriylə Qafqazda yaşayan Azəri türkləridir. Həqiqətən də, XIX əsrin sonlarında türklərin bu dörd toplumunun hamısında milliyyət fikrinin təzahür edərək yayıldığını görürük.
Milliyyət fikrinin ortaya çıxması
Görəsən, milliyyət fikri Qərb, Azəri, Krım və Şimal türklərindən hansında daha əvvəl yaranıb? Bu sualın cavabını araşdırmadan əvvəl, bir qövmdə milliyyət fikrinin varlığını göstərən zehni fəaliyyətləri müəyyən etməyə çalışaq. Milliyyət fikrinin nüfuzu altına girməyə başlayan bir qövm dərhal bu fikri gerçək həyatda tamamilə təsdiqləməyə cəhd etməz və ya buna çalışmaz; məqsədinə çatana qədər keçiləcək xeyli mərhələnin, ediləcək çox işin olduğunu nəzərdən qaçırmaz. Milliyyət fikri aşılanmış bir qövm, öz milliyyətiylə bağlı mədəni hadisə və faktlara böyük dəyər verməyə başlayar. Mədəni hadisənin ən vacib faktoru dildir. Öz dilinin ciddi tədqiqatıyla məşğul olan, istiqlal və inkişafına çalışan cəmiyyətlərdə milliyyət fikrinin var olduğu, heç olmasa, milliyyət hissinin güclü olduğu qənaətinə gələ bilərik. Dilin ciddi tədqiqatı orta əsrlərdəki kimi, qrammatika və frazeologiya alimləri səviyyəsində yalnız fikir yürütməklə məhdudlaşmamalı, müasir filologiya elminin üsullarının tətbiqinə qədər getməlidir: yəni dil tədqiqatı qövmün mənşələrini araşdırmaya sövq edir. Filoloji üsulla qövmün ən qədim həyat şərtləri, mədəni hadisə və faktları kəşf olunar. Filoloji və tarixi araşdırmalar etnoqrafik və arxeoloji tədqiqatlar tələb edir. Bu məlumatlar sayəsində qövmün bütün keçmişi ilk dövrələrinə qədər işıqlanar, onun maddi və mənəvi kodu aydın olar. Eyni zamanda, həmin qövmə aid coğrafi, demoqrafik, etnoqrafik və iqtisadi məlumatlar bazası yaranar. Bütün bu məlumatlar sayəsində qövmün tarixi xəzinələri, iqtisadi gücü, mədəniyyət səviyyəsi öyrənilər. Beləliklə də, qövmün xüsusiyyəti, mənliyi, şəxsiyyəti təyin olunar. Əgər bu xüsusiyyət milliyyət fikrinin xeyrinə müsbət şərtlər irəli sürsə, o fikir mütləq reallaşar; əks halda, şərait şərtlərin meydana gəlməsini gözləyər və milliyyət fikrini irəli sürənlərlə qövmün başçıları bu şəraitin yaranmasına çalışar.
Yuxarıdakı izahata görə, türk qövmlərindən hansında əvvəlcə milliyyət fikrinin təzahür etdiyini təyin edə bilmək üçün, bu qövmlərdən hansının dilinə, mədəniyyətinə, tarixinə və s. aid tədqiqata təqvim etibarilə daha əvvəl başlanıldığını müəyyənləşdirmək lazımdır. Bununla bağlı əlimdə bir qədər vəsait var, amma bunların məsələni qəti surətdə həll etməyə yetərli olmadığını etiraf edirəm. Nəticələrimi mövcud vəsaitlərə görə çıxarıram. Məncə, yanlış hökmlər məchul vəsaitlərə istinadən təshih edilsə, milli tariximizə xidmət edilmiş olar.
Qərb türklərinin Avropa ilə münasibətləri
Qərb, yəni Səlcuq və Osmanlı türklərinin Avropa qövmləriylə münasibətləri çox qədimlərə dirənir. Avropa mədəniyyəti və fikirlərinin Qərb türklərinə təsir və nüfuzu yalnız XVIII əsrin ortalarından etibarən hiss olunmağa başlayır. Bu, nəhayət, İslam mədəniyyətiylə Avropa mədəniyyəti arasındakı tarazlığın ancaq XVII əsrin əvvəlindən etibarən İslam mədəniyyətinin zərərinə pozulmasıyla izah oluna bilər. Qərb türklərinin əksəriyyəti XIX əsrdə belə, Avropa mədəniyyətinin üstünlüyünü tamamilə qəbul etməmişdi. Osmanlı dövlətinin mühafizə və idarəsini boynuna götürənlər XVIII əsrin ortalarından başlayaraq Avropa mədəniyyətinin, heç olmasa, maddi mədəniyyətinin inkişafını dəlillər qarşısında təsdiq və qəbul etmək məcburiyyətində qalmışdılar. Maddi mədəniyyətin mənəvi mədəniyyətlə möhkəm əlaqəsi də çox keçmədən sezilməyə başladı. XIX əsrin ortalarına doğru Osmanlı dövlətini idarə edənlər təkcə maddi mədəniyyətin texniki cəhətlərini öyrənmək üçün deyil, Avropa mədəniyyətinin digər qisimlərindən də istifadə etmək üçün bəzi Osmanlı gənclərini Fransaya, İngiltərəyə göndərməyə başladılar. II Mahmud dövründə başlayan bu hərəkat xələflərinin zamanında da artan xətlə davam etdi. Avropada fürsət bilib Osmanlı vilayətlərinə, xüsusilə Osmanlı paytaxtına gələn və İslamiyyəti qəbul edərək dövlət məmurluğunda xeyli yüksək vəzifələrə qalxan bir sıra əcnəbilərə Osmanlı tarixinin istənilən dövründə təsadüf etmək olar; bunların içində qiymətli adamlar da çox idi. XIX əsrin ortalarında Lehistan qiyamının səbəb olduğu Avstriya-Macarıstan xaosu mühacirlərin miqdarını artırır, yüksək ictimai təbəqələrə məxsus ciddi elm və sənət adamları Osmanlı ərazisinə keçirdi. Osmanlı münəvvərləri bunlarla tanış olur, danışır, dil öyrənirdilər. Bu tanışlıqlar da Avropa mədəniyyətinə meylləri artırırdı. Bir sıra gəncin Avropaya gedib-gəlməsi, bəzi mühacirlərin Osmanlı zabit və məmurları arasına girməsi osmanlıların oxuyub-yazan, üləma, əsgər və məmur təbəqələri arasında Avropa fikirlərinin yayılmasını sürətləndirirdi. Yenə o dövrdə Tibb məktəbi, Mühəndislik məktəbi, Hərbi məktəb, nəhayət, Qalatasaray açılır və Avropadan müəllimlər gətirilirdi.
Avropa fikrinin Osmanlı türkləri, daha doğrusu, müsəlman osmanlılar arasında yayılmasında qeyri-müsəlman Osmanlı təbəəsinin təsirləri olduğunu zənn edirəm. Məsələn, köhnə Osmanlı təşkilatında yüksək mənsəblərə sahib olan Fənərli bəylər XVIII, bəlkə də, XVII əsrdən bəri Avropa mədəniyyətinə vurğun idilər. Divani-Sultan tərcümanlığının, Eflak və Boğdan bəyliklərinin əmiri sayılan bu rum zadəganları dövlət idarəçiləriylə, hökumətlə təmasda olarkən rical3 və məmurundan gözü açıq, bacarıqlı olanlar bu ünsiyyətdən təsirlənməyə bilməzdilər.
Bəli, belə müxtəlif yollarla Avropa mədəniyyəti, Avropa fikri müsəlman osmanlılar arasına nüfuz etməyə başladı.
XIX əsrin birinci yarısı Avropada yeni fikirlərin yarandığı və o ideyaların hərəkətə keçməsi üçün millətlərin, zümrələrin vuruşduğu bir dövrdür: əsrin əvvəllərində Fransa İnqilabı, Napoleon İmperatorluğu bütün Avropanı qarışdırmışdı. Milliyyət fikrinə söykənən almanlar, italyanlar, ispanlar Napoleon hakimiyyətinin son dövrlərində İmperatora qarşı milli qiyamlar hazırlamış və tətbiq etmişdilər. Milliyyət fikrinin tarix, hüquq və ədəbiyyat cəbhələrində çox ciddi çalışan almanlar, italyanlar və slavyanlar – alman, italyan, avstriya və slavyan birliklərini hazırlayırdılar.
Hürriyyətçilik, populizm və sosial təlimlər ideyaları da bu yarım əsrdə yaxşıya doğru irəliləmişdi. Əsrin ortasına doğru, xüsusilə mərkəzi Avropada Osmanlı İmperiyasının qədim qonşusu Habsburqlar ölkəsində bu cür müxtəlif fikirlərin təsdiqlənməsi arzusundan doğan böyük bir qasırğa qopmuşdu.
Osmanlı İmperiyası idarəçilərinin, ziyalıların bu hadisə və faktları eşitməmiş, öyrənməmiş və bunların səbəblərini araşdırmamış olması qəbul edilə bilməz. Çünki o dövrdə Avstriya-Macarıstanda baş verən üsyanlar Osmanlının hüdudlarına qədər irəliləmiş, Eflak və Boğdan iğtişaşı, Mora üsyanı, Serb hərəkatı hələ səngimək bilmirdi.
Bunlarla yanaşı, çox qəribədir ki, Tənzimat dövrünə qədər Osmanlı yazılı əsərləri içində Osmanlı dövlətinin həyat və gələcəyi ilə əlaqədar bu mühüm hadisələrin səbəblərini izah edən və bu dövlətin əsas ünsürlərini araşdırmağa çalışan heç bir əsərə rast gəlməmişəm.
“Tənzimat” və “Yeni osmanlılar”
Tənzimat dövründəki bəzi işlərlə bir sıra yazılı mənbələr Avropada yaranan hüquqi, siyasi, ictimai fikirlərin nəhayətdə müsəlman osmanlılara gəlib çatdığını göstərir. Ümumiyyətlə, türklərin milli psixologiyasını tədqiq etmək iddiasında olanlar bu qövmün fikirlərdən çox, fəaliyyətə qiymət verdiyini bəyan edir. Bu hökm elə də yanlış deyil: həqiqətən, türklərin nəzəriyyə və fikir işləriylə məşğul olub baş yormaqdansa, başqalarının nəzəri düşüncələrindən çıxan əməli nəticələri tətbiq edərək işi asanlaşdırmağı seçdiklərini təsdiq edən tarixi faktlar çoxdur. Bəhs etdiyimiz sahədə də eyni psixoloji vəziyyətin təzahürlərini görürük: Avropa fikirləri oxunub-araşdırılıb, o əsaslara görə, Osmanlı ictimai heyətinin tədqiqi ilə əldə ediləcək əsl nəticə düşünülmədən, yəni nəzəriyyə və fikirlər vadisində baş yormadan Osmanlı heyəti ictimaiyyəsinə yuxarıdan və aşağıdan, yəni hökumət idarəsini əldə tutan dövlət idarəçilərini bəyənməyən münəvvərlər tərəfindən tətbiqə cəhd edildi ki, bunun yuxarıdan başlayanı “Tənzimat”, aşağıdan gələni “Yeni osmanlılar” hərəkatı adını aldı. Hər iki hərəkatda fəaliyyət fikirdən çoxdur; hər iki hərəkatın fikiriyyatına dair ciddi əsərlər axtarıb tapmaq çox çətindir.
1865-ci ildə, yəni Əbdüləzizin taxta çıxmasından 4 il sonra yaranan “Yeni osmanlılar” cəmiyyətinin ilk yığıncağının təfərrüatlarını şəxsən cəmiyyətə daxil mənbələrindən öyrənən Əbuzziya Tofiq bəy “Yeni Osmanlı Tarixi” adlı əsərində belə yazır: “İlk yığıncağa cəmiyyətin qurucularından Sübhi Paşazadə Ayətullah bəy4 “Karbonari” cəmiyyətiylə Lehistan gizli cəmiyyətinə aid iki mühüm kitabı özüylə götürüb gəlir. Yığıncaqda şair Namiq Kamal da iştirak edirmiş. Ayətullahın gətirdiyi kitabları oxuyaraq, inqilabçılıq cəmiyyətinin təşkilinə təşəbbüs haqqında müzakirə aparır. “Yeni osmanlılar” cəmiyyətinin üzvü Əbuzziya bəy ilk yığıncaq haqqında danışdıqdan sonra bu sözləri yazır:
“Bu altı nəfər vətənpərvərin Karbonari proqramını, Sardunya kimi kiçik bir dövləti İtaliya kimi bir dövlət halına gətirən “Kömürçü”adlı gənc fədakarların əzmli təşəbbüslərini və yüksək səviyyəli fəaliyyətlərini oxuduqca, kim bilir onlar necə də qeyrətin coşqun aslanı və hürriyyətin dopdolu şən bir sərxoşu halına gəlirdilər!”…]
Bu toplantını təsvir edən Əbuzziya bəyin sadə təsvirində çox açıq görmək olur ki, bu azadlıqpərvər, idealist aristokrat balalarının o zamanlar Avropanı baş-ayaq çevirən fikir cərəyanları və həmin fikirlərin əməli sahədəki təzahürləri haqqında o qədər güclü məlumatları yoxdur; öz ölkələrinin vəziyyət və hadisələrini təhlil edib görəcək dərəcədə nəzəri hazırlıqları da yoxdur. Nə özləri, nə də onlardan əvvəl gələnlər Osmanlı ictimai quruluşunu tədqiqi üçün Avropanın fikri əsaslarını öyrənərək, Avropanın tədqiq üsullarını istifadə edərək bir fikirlərin toplusu, bir ideologiya hazırlamayıblar. Düşünürmüşlər ki, “Karbonari” cəmiyyəti nizamnaməsini tərcümə etmək və ona görə fəaliyyətə keçməklə hər şey bitir, istənilən faydalar əldə edilir!
Fransız siyasi müəlliflərdən olan Engelhard “Türkiyə və Tənzimat” adlı əsərində “Yeni osmanlılar”a (fransızca ”La Jeune Turquie” – “Gənc Türkiyə”)5 dair məlumat verərkən, bu siyasi cərəyanın proqramı sayılan tunisli Xeyrəddin Paşanın 1868-ci ildə nəşr edilmiş “Reformes nécessaires aux Etats musulmans” (“Müsəlman hökumətlər üçün ən lazımlı islahatlar”) adlı risaləsini qısaca təhlil edir. Bu risalədə Osmanlı dövləti təbəəsi din və müxtəlif millətlərdən ibarət İslam sultanlığı kimi təsvir olunub. Tunisli Paşanın ictihadına görə, bu səltənətin islahını tələb edən tədbirlərin əsası Sultan Süleyman Qanuninin “siyasi qanunlarının genişləndirilməsi və cəmiyyətin islah edilməsi” qanununa gedib çıxır. Osmanlı dövlətinin bu qədim qanunlar toplusu tətbiq olunsa, elmli zümrənin və hökumət rəhbərlərinin siyasi vəzifəsi “Avropanın qanuni hökumətlərindəki vəzifələrinin eynisi” olar.
Engelhard zənn edir ki, Xeyrəddin Paşanın ortaya atdığı fikirlər o ərəfədə müsəlmanlar arasında təşkilatlanmaqda olan maksat6 və gizli bir siyasi cəmiyyət – “Gənc Türkiyə”nin fikirlərinin mənbəyidir. Mən Engelhardın yanıldığı qənaətindəyəm. Əbdüləziz dövrü “Gənc osmanlılar”ının proqramı, Xeyrəddin Paşanın risaləsində rast gəlinən dəqiqlik və aşkarlığa malik deyildi; bu naməlumluq “Gənc osmanlılar” hərəkatının Osmanlı dövlətinin son təcəllisi olan “İttihad və Tərəqqi” dövründə də davam etdi. “Yeni osmanlılar”ın arasında Sultan Süleymanın XVI əsrdən qalma qanunnaməsini genişləndirib, dövrə uyğunlaşdırmaqla XIX əsrin ikinci yarısında tətbiq etmək istəyənlər olsa da, əksəriyyət daha radikal yollarla getməyin tərəfdarı idi: Əbuzziya bəyin “Yeni Osmanlılar Tarixi”ndə yazılanlara əsasən, Namiq Kamal və ya Ayətullah kimi gənc münəvvərlərin əsl ilham mənbəyi Süleymanın qanunnaməsi yox, Avropa dövlətlərində tətbiqini gördükləri və ya eşitdikləri qanunlar toplusu idi. Bununla yanaşı, iki ayrı-ayrı inkişaf dövrünün məhsulu olan hüquqi və siyasi instansiyaları başqa sahələrə tətbiq etməkdən da tamamilə vaz keçə bilmirdilər. Bu baxımdan “Yeni osmanlılar”ın sırf hüquqi dünyagörüşünə, işlənmiş bir ideologiyaya, nizamnaməyə malik olduğu iddia edilə bilməz.
“Gənc Türkiyə”yə baxanda “Tənzimat”ın fikir məsələləriylə bir az çox məşğul olunub. Əcnəbi dövlətlərinin təzyiqindən yaranan zərurətlərə qarşı Osmanlı dövləti idarəçiləri tərəfindən tətbiq oluna bilən konkret siyasi, administrativ və iqtisadi tədbirlərin cəmi Osmanlı tarixində “Tənzimat” adlanır. “Tənzimat”ın diqqətəçarpan xüsusiyyəti “təqlid”dir; “Tənzimat”la Avropa təqlid edilirdi:
“Gəmi kapitanı Xəlil Paşa 1830-cu ildə bu sözləri söyləmişdi: ”Rusiyadan qayıdıram. Geri dönüşümdə bu qənaətə gəldim ki, əgər Avropaya təqlidə yubanarıqsa, bizim üçün Asiyaya dönmək məcburiyyətindən başqa bir yol qalmayacaqdır.”7
“Tənzimat”da təqlid olunan şey – əsaslardan və üsullardan çox, əməli nəticələr idi. “Tənzimat” Nizamı-Cədidin davamıdır: Nizamı-Cədid Avropanın silahlarını satın alır, Avropasayağı əsgər paltarları tikdirir, Avropanın hərbi nizamnamələrini tərcümə etdirib tətbiqə çalışırdı. “Tənzimat” da Avropa paltarını hər kəsə geydirdi, cəza və ticarət qanunlarını tərcümə etdirdi, Avropa dövlətlərinin maliyyə və administrativ təşkilatını təqlidlə məşğul oldu. “Tənzimat” cərəyanı sonra bir az da dərinləşərək düşünmək, düşüncəsini ifadə etmək və yazmaq kimi təsirləri də icra etdi. Bu fakt – müsəlman Osmanlı cəmiyyətində dünyagörüşünün dəyişməyə başlaması demək idi. “Türkiyə və Tənzimat”ın müəllifi deyir ki, “Tənzimatda ümumi məqsəd – İslami cəmiyyət quruluşunu əsrlərcə mənən və siyasi cəhətcə ayrı yaşadığı xristian cəmiyyət quruluşuna yaxınlaşdırmaq idi”. Bu məqsədin zahiri və mexaniki tərəfi ümumilikdə itaətə alışmış müsəlman Osmanlı təbəəsi üzərinə yavaş-yavaş tətbiq olundu, lakin dərin düşüncə və vicdani sahələrdə uğur yalnız fikri təcrübənin təsiriylə əldə edilə bilərdi. Bu ideologiya nöqsanının mənfi nəticələri yaxın vaxtlara qədər müşahidə olunurdu.
“Yeni osmanlılar” hərəkatı nəzəri olaraq “Tənzimat”ı tamamlayır. “Yeni osmanlılar” “Tənzimat”ın idarə hüququ ilə əlaqədar tədbir və qanunlardan çox da irəli getmək istəməyən ehtiyatlı addımlarını cəsarətlə təməl hüquq sahəsinə keçirərək hökmdarın və hökumətin hüquq və səlahiyyətini məhdudlaşdırmaq, əvəzində əhalinin hüquq və azadlığını genişləndirmək məqsədi daşıyırdılar. “Yeni osmanlılar” bir cəhətcə “Tənzimat”çıların radikalları idi, lakin bu radikallıq bəzən dağıdıcı idealizmlə də qarışırdı. “Tənzimat”çılar hərdən “Yeni osmanlılar”la toqquşurdular. İxtilaflarının əsl ağırlıq mərkəzi – hökumət və hökmdarın hüquq və səlahiyyəti ilə “millət”in hüquq və azadlığının bərabərləşdirilməsi məsələsi idi.
“Yeni osmanlılar”ın siyasi ədəbiyyatında “vətən”, “millət”, “hüquq” və “azadlıq” sözləri təkrarlanır, “Tənzimat”ın rəsmi vəsiqələrində isə mənşə etibarilə qərbdən gəlmə bu sözlərin çox istifadə edilməsindən çəkinirdilər.
“Tənzimat”çılarla “Yeni osmanlılar”da milliyyət məfhumu
“Tənzimat”çılar və “Yeni osmanlılar”ın lüğətində “millət” kəlməsinin mənası çox açıq deyildi. Hərçənd, bu ifadəni fransızcanın “La Nation”u qarşılığında istifadə edirlər, lakin birləşmiş fransız milləti ilə Osmanlı dövlətinin təbəəsi olan müxtəlif qövmlər milliyyət nöqteyi-nəzərindən çox fərqli olduğuna diqqət yetirməmiş kimi görünürlər. Yuxarıda söylədiyimiz kimi, Avropadakı fikir və hərəkatlar araşdırılıb Osmanlı ictimaiyyətinə təqdim edilmədiyindən, Osmanlıda da “milliyyət məsələsi” tam təhlil edilib işıqlandırılmamış, “millət” ifadəsinə dəqiq mövhum kimi yanaşılmamışdır. “Tənzimat” və “Yeni osmanlılıq” fikrinin yaxşı işlənmədiyinə aşkar bir dəlil də “millət”in tərifsiz qalmasıdır.
“Millət” anlayışının nəzəri tərifinə girişməyin Osmanlı ictimaiyyətinin fəaliyyətdə parçalanmasına gətirib çıxaracağından “Tənzimat”çı və “Yeni osmanlılar”ın şüurlu olaraq çəkindikləri iddia oluna bilər. Və yaxud Osmanlı ictimaiyyətini gerçəkdə olmuş və mövcud bir millət kimi təsəvvür edərək, “millət” anlayışını da o faktı ifadə etmək üçün istifadə etdikləri deyilə bilər. İkinci təqdirdə “Tənzimat”çıların da, “Yeni osmanlılar”ın da Avropanın bütün siyasi həyatını alt-üst edən milliyyətçi hərəkatlarını, Osmanlı ölkələrində baş verən milli qiyamları ya eşitməmiş, yaxud bu hadisələrin mahiyyətini anlamamış olmaları lazımdır ki, bu nəzəriyyə də, əlbəttə, etibarsızdır. Ancaq həqiqətdə mövcud olmayan milləti fikirdə varmış kimi təsəvvür edərək, bu təsəvvürün reallaşması ümid və əməliylə “millət” anlayışının təhlil və tərifindən çəkinmələri güman edilə bilər. Bu halda “Yeni osmanlılar”ın Osmanlı ictimaiyyətini müsəlman və qeyri-müsəlman, türk və qeyri-türk olaraq ayırmadıqları üçün bir millət hesab etdiklərinə hökm vermək lazım gəlir; yəni “Yeni osmanlılar” da “Tənzimat”çılar kimi, indi istifadə etdiyimiz sözlərlə desək, “Osmanlıçı” idilər. Bu zümrəni fransızca “Les jeunnes Turcs” (“Gənc Türklər”) adlandırsalar da8, türkcə özlərinə “Yeni osmanlılar” adını vermələri bu məqsədlərindən qaynaqlanır. Lakin biz bu hökmlərimizdə əsər və sənədlərdən çox, məntiqi çıxarışlara istinad edirik; əsər və sənədlərin dəstəklənməsinə ehtiyac vardır.
“Millət” ifadəsi belə qeyri-müəyyən və ümumi qaldıqca, bu da faydalı sayıldıqca, əlbəttə, siyasi sahədə türkçülük mövzusu ola bilməzdi. Həqiqətən, “Tənzimat” dövründə “Türk” və “Türkçülük”, “Türk milləti”, “Türk milliyyəti” kimi ifadələrə rast gəlmirik9 və indi bu kəlmələrlə ifadə olunan mövhumların o dövrdə əlamətləri belə olmayıb. Ancaq milli duyğu və düşüncənin tamamilə yox olmadığına dair dil, ədəbiyyat, filologiya və tarix sahəsində bəzi əlamətlər mövcuddur.
“Tənzimat” ədəbiyyatında türkçülük
Məsələn, “Tənzimat” ədəbiyyatının atası olan Şinasi tərəfindən Liman naziri Zivər Əfəndiyə ithaf olaraq 1845-ci il tarixində yazılan bir təbriknamənin müqəddiməsinin birinci misrası fransızca, ikincisi sırf türkcə, üçüncü və dördüncüləri isə ərəbcə və farscadır. Şairin bu əsərində türkcəyə də fransızca, ərəbcə və farsca kimi müstəqil bir mövqe vermək istədiyi zənn edilə bilər. Şinasinin bu misrası o zamana qədər bol-bol istifadə olunan türkcə Bektaşi nəfəsləri, aşıq türküləri, xalq mahnıları kimi bədahətən deyilmiş bir nəğmə deyil; milliyyət fikirlərinin Avropa həyat və siyasətinə mühüm, hətta faciəvi təsirləri müşahidə edilərkən Parisdə olmuş, Avropa fikirləri və elmləri haqqında məlumat əldə etmiş, oranın elm və ədəbiyyat mühitinə girə bilmiş çox şüurlu bir türkün düşünərək, əziyyət çəkərək yazdığı bir sətirdir:
“Ululuğun dənizində görəməz kimsə kara”.
Bu misranın müəllifi Şinasinin ikinci dəfə Parisə getdiyi zaman türk lüğətini müqayisə etdiyini, sonra o zamanlar “Lisani Osmani” deyilən dili türk danışıq dilinə uyğunlaşdırmaq üçün çəkdiyi əziyyətlə sadə türkcə bəzi mənzumələr (məsələn, “Qartal balasıyla qarğa hekayəsi”) yazmağa çalışdığını da yada salsaq, Qərb düşüncəsi və məziyyətlərini Avropaya gedən digər yoldaşlarından daha yaxşı anlayan bu mütəfəkkir yazarı dil və ədəbiyyat sahəsində türkçülüyü ilk sezmiş bir Osmanlı türkü kimi qəbul edə bilərik. Və bu zənnimizdə yanılmırıqsa, onda qərb türkçülüyünün dil və ədəbiyyatında ilk türkçülük əlaməti XIX əsrin ortalarında təzahür etmiş olur.
Tənzimat dövrü şairlərindən “Yeni osmanlılar” siyasi zümrəsinə daxil olmuş Ziya Paşanın dil və ədəbiyyat türkçülüyü Şinasidən daha qabarıqdır. Məşhur “Şeir və İnşa” məqaləsini bu baxımdan dəlil kimi göstərə bilərik. Ziya Paşa bu məqaləsində “Osmanlı” ifadəsini türk müqabilində, yəni “Tənzimat”dan əvvəlki mənasında istifadə edərək köhnə Osmanlı şairlərinin əsərlərini xatırlatdıqdan sonra deyir ki:
“… Xeyr! Bunların heç biri Osmanlı şeiri deyil… Görəsən, bizim mənsub olduğumuz millətin (yəni türk millətinin) bir dili və şeiri vardırmı və bunun islahı düzgündürmü?”
“İçlərində üçdə bir əmsalda türkcə söz olmayan və çox vaxtlar zehnini işlətmədikcə məna çıxarmaq mümkün olmayan” köhnə əsərləri bəyənmir.
Türkcə imlasının əsassızlığını, türkcədə istifadə edilən lüğətlərin hüdudsuzluğunu, türkcə və ya osmanlıca qaydalarının tənzimlənilməmiş olduğunu tənqid etdikdən sonra, türklərin təbii şeiri – Baqi, Nəfi, Nədim və Vasif tipli mənzumələri, türklərin təbii inşası – Veysi və Nərgiz nəsrləri olmadığını qətiyyətlə ifadə edir:
“… Xeyr! Bizim təbii şeir və yazımız əyalət xalqı ilə İstanbulun sıradan insanları arasında hələ yaşamaqdadır. Bizim şeirimiz, şairlərimizin “vəznsiz”, “ahəngsiz” deyə bəyənmədikləri xalq musiqiləri və eləcə də aşıqlarıımızın “deyişmə”, “üçləmə” və “qayabaşı” adlanan şeir formalarıdır. Və bizim təbii yazımız “Mütərcimi-qamus”un qəbul etdiyi yazı üslubudur. Rəğbət etmək bir yana dursun, bu xalq az vaxt içində nə qədər şairlər, mirzələr yetirşdirdi, ağıl heyrətə gəlir.”
Ələlxüsus, dildə türkçülük mövzusuyla məşğul olan nəzəriyyəçilər, Paşanın XIX əsrin sonlarında tənqid etdiyi bu məsələlərə çox şey əlavə edə bilməyiblər.
Dildə türkçülüyü bu qədər yaxşı qavramış və “Osmanlı” ilə “Türk” ifadələrini çoxanlamlı istifadə edən şair və ədib, “Yeni osmanlılar” cəmiyyətinin siyasi simalarından Ziya Paşanın çox istifadə etdiyi millət və milliyyət təbirlərinin siyasi məfhumlarını tədqiq və təyinə sövq etməmiş olmasına inanmaq çətindir. Ziya Paşanın əsərlərindən siyasi türkçülüyünə işarə edən heç bir ipucu tapıb çıxara bilmədim…
DİLDƏ VAHİD TÜRKÇÜLÜYÜN İLK ƏLAMƏTLƏRİ
Əhməd Vəfiq Paşa
Türkçülük Ziya Paşadan sonra araşdırma sahəsinə çevrilir; bu tədqiqat Osmanlı ləhcəsindən başqa türk ləhcələrinin öyrənilməsinə də aparıb çıxarır. Türkçülüyün bu mərhələsini Əhməd Vəfiq Əfəndidən (Paşadan) etibarən müşahidə edirik.
Şinasinin külliyyatına başlayıb bitirə bilmədiyi “lüğət”in hazır hissələri Osmanlı dövlətinin sərhədlərindən kənarda qalmışdı. Türk lüğəti yığmaq işini Əhməd Vəfiq Paşa davam etdirdi. Vəfiq Paşanın “Osmanlı ləhcəsi” (“Lehce-i Osmani”) əsəri bu işin qiymətli nəticəsidir. Paşanın “Osmanlı ləhcəsi”nə yazdığı qiymətli müqəddimə bütün türkçülüyü düşündüyünə dəlalət edən bir vəsiqədir.
“Osmanlı ləhcəsi”nin ilk nəşrini görə bilməmişəm. Əlimdə olan kitabın nəşr tarixi 1306-cı ildir10. Bu təkrar çapın tarixsiz müqəddiməsinin sonunda müəllif deyir ki:
“Türk dillərində ən əvvəl yayılmış olan Oğuz şöbəsi Tatarıstan və Türküstanı bir zamanlar Şərq dənizindən Macarıstana qədər əhatə edib, bu dilə hələ də “Guz” dili deyilir. Onun yenisi türkmən dili İran və Suriyanı keçib Anadoluya enmiş, zamanla Osmanlı ləhcəsini yaratmışdır. Fərqanədən Hindistana qədər yayılıb, Əfqanıstandakı halacı dilinə qarışmışdır. Köhnə şöbələrdən qıpçaq dili Xivədən Sibir və Qırğız, Kuman və Bolqar kimi Kazan ətrafını zəbt etmişdir. Və uyğur dili Çin tərəflərindən Kaşğara doğru yayılıb, ondan 700-cü illərdə Çingizlilərin qövmləri Türk və İslamiyyətə daxil olduqlarında Çağatay dili yaranıb, 800-cü illərdə yayılmışdır. Bu gün Uyğur, Qıpçaq və Çağatay kitabları “Mahbubu'l-Kulub təlifi” kimi gözəl əsərləri və xüsusilə 600-cü ildən 800-cü ilə qədər meydana gələn səlcuqlu türkmənləri və Osmanlı kitabları çox miqdarda basılıb, bunların oxunub araşdırılması ilə dilimizin şöbələrinin fərqlilikləri aydın olmuşdur. Ər kəslərin himməti dağları yerlərindən oynadar!
Əhməd Vəfiq“.
Bu müqəddimədən Əhməd Vəfiq Paşanın türk dilinə çox geniş, bütün türkçülər kimi baxdığı aydın olur: Əsl “dilimiz” dərhal bütün Asiya ilə Qərbi Avropaya yayılan böyük dildir; Lehce-i Osmani, Lehce-i Çağatayi… və s. bu dilin şöbələrindən, ləhcələrindən ibarətdir. Bu ləhcələrin araşdırılması ilə “dilimizin şöbələrinin aydınlaşması” aydın olar və fərqliliklər aydın olduğu kimi ortaq nöqtələri də ortaya çıxar. Qısaca deyə bilərik ki, Əhməd Vəfiq Paşa dil vasitəsilə çox geniş türk birliyini görmüş və göstərmişdir.
Vəfiq Paşa “Osmanlı ləhcəsi”ndə ilk dəfə ərəb və fars mənşəli olmayan türk sözlərini, ərəb və fars mənşəli olanlardan ayıraraq ayrı tərtib etmişdir və bu surətlə hüdudsuz Osmanlı dil dənizində qərq olmuş qiymətli türkcə sözlərin çoxluğunu və əhəmiyyətini göstərmişdir. Türk dilinin ərəbcə və farscaya qismən məğlub olan Osmanlı ləhcəsindən başqa ləhcələri olduğunu meydana çıxararaq, həqiqi elm adamlarını onların araşdırılmasına təşviq etmişdir.
Əhməd Vəfiq Paşanın bütün əsərləri, onun dil sahəsində çox ağıllı bir türkçü olduğunu göstərir. Məsələn, Fenelonun11 “Telemak”ını12, Veysi və Nərgizi ləhcəsiylə tərcümə etmiş Yusif Kamil Paşaya etiraz olaraq çox sadə bir türkcə ilə tərcümə etdiyi kimi, Molyerin13 bəzi əsərlərini o zamanın Osmanlı həyatına uyğunlaşdıraraq, İstanbulda danışılan türkcə ilə türk səhnəsinə təqdim etmişdir.
Əhməd Vəfiq Paşanın türkçülüyü dildən tarix sahəsinə də istiqamətlənmişdi: Paşa hələ Əfəndi ikən, Əbulqazi Bahadır Xanın “Evşal-i Şecere-i Türki”14 adlı məşhur əsərini Çağatay ləhcəsindən Osmanlı ləhcəsinə köçürmüşdür. Bu əsər Şinasinin “Təsviri Əfkar”ında ixtisarla nəşr olunub, sonra bir risalə halında ayrıca çap edilmişdir.15 “Şecere-i Türki”nin “Təsviri Əfkar”dan ayrı nəşr olunması da, Şinasi Əfəndinin türkçülüyə münasibətini göstərən əlamətlərdən hesab oluna bilər.
Əhməd Vəfiq Paşanın naşirliklə birgə müdərrislik16 etdiyi də məlumdur. Əbdüləziz dövrü səltənətinin ilk illərində açılan Darülfünunun ilk “Ümumi Tarix” müdərrisi odur. O zamanlar “Divan-ı Muhasebat”17 rəhbəri olan atufetlu Əhməd Vəfiq Əfəndi həzrətləri ilk dərsini hicri təqviminin 27 şaban 1279-cu ilində, bazar günü (Fevral 1863) demişdir.18 Çox tez kəsilən bu “Ümumi Tarix” dərslərinin xülasəsi də kiçik bir risalə halında nəşr edilmişdir.19 “Ümumi Tarix”in ən köhnə dövrlərinə aid bəzi məlumatlardan ibarət olan bu xülasədən Paşanın tarixə türkçülük nöqteyi-nəzərindən baxıb-baxmadığını anlamaq mümkün deyil.
Əhməd Vəfiq Paşa, bəzilərinə görə, Osmanlı türklərinin ilk türkçüsüdür. Nəhayət, Şinasi və Ziya Paşaya nəzərən, Əhməd Vəfiq Paşanın türkçülüyü daha qabarıqdır; bütün yazılarında, hətta hekayədanışanlıqla məşğul olan həyat tərzində türk millətpərvərliyi nəzərə çarpır.
“Osmanlı ləhcəsi”nin müqəddiməsindəki mütaliələrindən və “Şəcərəyi Türki”nin İstanbul türkcəsinə çevirməsindən anlayırıq ki, Əhməd Vəfiq Paşa “Vahid türkçülük” fikrinə də meyllidir. Bu, Əhməd Vəfiq Paşadan əvvəl gəlmiş Şinasi Əfəndi ilə Ziya Paşanın da türkçülük fikrinə biganə olmadıqlarını zikr etdiyimiz bir neçə hadisə göstərməkdədir.
FİLOLOGİYA VƏ TARİXDƏ TÜRKÇÜLÜK
Mustafa Cəlaləddin Paşa
Ədəbiyyat və dil sahəsində müşahidə olunan türkçülük cərəyanı, Osmanlı türkləri arasında çox keçmədən filologiya, etnoqrafiya, tarix və xarici siyasət sahəsində də özünü göstərməyə başlayıb. Həqiqətən, 1869-cu ildə, yəni Şinasinin vəfatından iki il əvvəl Mustafa Cəlaləddin adlı bir şəxs fransızca “Köhnə və Yeni Türklər”20 adlı bir əsər nəşr edib. Bu əsər Sultan Əbdüləziz Xana ithaf olunub. İstanbulda “Courrier d'Orient” qəzetinin mətbəəsində nəşr edilmiş 362 səhifəlik bu kitab Osmanlı dövlətinin əbədiliyini, Osmanlı təbəəsinin rifahını təmin üçün dövlət tərəfindən nələr edilməli olduğuna dair Sultana təqdim edilmiş tətbiqi mahiyyətdə bir hesabata bənzəməklə yanaşı, türkçülük nöqteyi-nəzərindən çox diqqətəlayiq mövzuları da ehtiva edir.21
“Əski və yeni türklər” kitabının tarix hissəsində bütün türkçülüyün tarixindən fransız, alman, rus və leh qaynaqlarına istinadən bəhs edilmiş və türklərin ümumi tarixdə fövqəladə rolu, insanlığın mədəni yüksəlişində çox önəmli yeri olduğu isbata çalışılmışdır. Cəlaləddin Paşaya görə, türklər bu gün Avropada yaşayan qövmlərin mənsub olduqları irqdəndir. Müəllif bu irqə Türo-Ariyen (Touro Arienne) adını verir və bu münasibətlə Türo-Arianizm (Touro Arianisme) dediyi etnoloji nəzəriyyəsinə arxalanaraq, filologiya və linqvistika sahəsinə keçir.22
Kitabın üçdə birindən artığını təşkil edən bu hissə ilk baxışdan sırf nəzəriyyədən ibarət kimi görünsə də, bir az diqqət ediləndə, müəllifin qarşısına siyasi və praktik iki məsələni məqsəd qoyduğu aydın olur:
1. Osmanlı imperatorluğundakı əhalinin çoxluğunu və əsl ünsürünü təşkil edən türklərə irqlərinin qüdrət, dəyər və böyüklüyünü göstərərək onların etibarını qazanmaqla yanaşı, özlərini türklərə yad sayan, o ərəfələrdə milliyyət prinsipinə əsaslanaraq türklər əleyhinə qiyam qaldıran ulahlara, bolqarlara, hətta serb və rumlara türklərlə eyni irqdən olduqlarını təlim və təlqin etmək;
2. Özlərini Ariani sayıb Ari irqinə xariqüladə xüsusiyyətlər yaraşdıraraq digər irqləri, yəni sami, turani və hamiləri insanlığın aşağı cinsindən sayan avropalıların bu xudpəsənd nəzəriyyələrinə qarşılıq olaraq ortaya atılan və arianilərlə turanilərin əsasən eyni irqdən olduqlarını göstərib isbat etmək istəyən Turo-Arianizm nəzəriyyəsi sayəsində Avropa hökumətlərinin və xalqlarının türklərə irqi düşmənliklərini azaltmaq.
Müəllifin Türo-Arianizm nəzəriyyəsini işləyərkən sağlam mənbələrdən istifadə etdiyini iddia etmək çətindir; dillə bağlı dəlillərinin bir çoxu səthi tənqidə belə tab gətirə bilməz. Mustafa Cəlaləddin Paşanın mühakimə və təhlillərində də elmi metodlara riayət etdiyini söyləyə bilmərik. Kitabın bu qismi təkrarlarla, tutarsız və gözlənilməz iddialarla doludur.23 Bununla belə, kitabda diqqətəlayiq nəticələrlə oxucunun düşüncəsini çox uzaqlara apara bilən geniş məlumatlar də az deyil.
Bizə görə, əsərin ən böyük dəyəri onun bütün türkçülük və türkçülük haqqında Avropa qaynaqlarından alınıb, aşağı-yuxarı Avropa metodlarını izləməklə Osmanlı türkləri arasında ilk yazılan əsər olmasındadır; bu əsərdə ilk dəfə türk irqinin qüvvə və genişliyinə, bu irqin bəşəriyyət tarixində oynadığı böyük rola, türk dilinin digər dillərdən yardıma möhtac olmayacaq dərəcədə zənginliyinə, türk dilinin başqa dillərə etdiyi yardımlara, Asiya və Avropada geniş əraziyə yayılmış türklərin əlaqələrinə, Osmanlı daxilində türkçülük fikrinə dəyər verilməməsindən doğan əngəllərə, qeyri-müsəlman Osmanlı əhalisini irqi və dil cəhətdən türk qövmünə bağlamaq cəhdlərinə dair görüşlərə rast gəlirik. Yəni türkçülüyün dili, tarixi, siyasi baxışlarının hamısından bu kitabda az-çox bəhs edilmişdir. Sırf türkçülüyə aid bu məsələlərdən başqa, günümüzdə tədqiqatçılarımızın araşdırmalarının əsasını təşkil edən türk dilinin sistemləşdirilməsi və yad sözlərdən təmizlənməsi, hərflərin nizama salınması və yenidən şəklə salınması, qadınların başıaçıq gəzməsi, Qərb mədəniyyətinə nüfuz etmək kimi mövzular da “Əski və yeni türklər”in rəngarəng məsələləri arasında yer almışdır.
Türo-Arianizm nəzəriyyəsini yaradan müəllif, türklərin Qərb mədəniyyətinə girmələrini o nəzəriyyənin məntiqi nəticəsi kimi qəbul edir. Qərb mədəniyyətini meydana gətirən Türo-Arianilərdir, yəni qərb mədəniyyəti Arilərin olduğu qədər turanilərin də, dolayısıyla türklərin də əsəridir. Turanlıların bir qismi islamiyyəti qəbul etdikləri üçün sami mədəniyyətilə birləşiblər. Avropa mədəni çevrəsinə girmələri isə əski irqi mədəniyyətlərinə dönüşdən başqa bir anlam ifadə etmir.
Mustafa Cəlaləddin Paşa dilin təmizlənməsi, hərflərin islahı məsələlərində də mühakimələrini bu təmələ istinadən yürüdür.
Əksi isbat edilincəyə qədər, bu məsələyə dair Osmanlı imperatorluğunda nəşr olunub yayımlanmış əsərlərin ilki olaraq qəbul etdiyimiz “Əski və yeni türklər”, təəssüf ki, türkcə deyil, fransızca yazılmışdır.24
“Əski və yeni türklər”in müəllifi Mustafa Cəlaləddin Paşa, Ziya və Əhməd Vəfiq Paşa kimi Osmanlı tarixinin tanınan simalarından olmadığı üçün, tərcümeyi-halına dair qısaca bilgi vermək yerinə düşər.
Mustafa Cəlaləddin Paşa 1848-ci il inqilabi proseslərinə25 qatıldığından vətənini tərk etməyə məcbur qalmış Leh əsilzadələrindən Konstantin Bojenskidir (Konstantin Borzetski). Konstantin 10 aprel 1820-ci ildə Kleçofda (Kleszow) doğulmuş və orada Vlotslavek (Violawek) seminariyasında klassik və dini təhsil almışdır. Hələ 22 yaşında ikən vətəni Lehistanın qurtuluşu uğrunda 1848-ci il inqilabına Poznaniyada qatılmış, inqilab məğlub olduqdan sonra bir neçə həmvətəni ilə birgə o dövrdə polyak və macar mühacirlərinə çox səxavətlə qucaq açan Osmanlı məmləkətinə sığınmışdır (1849). Osmanlı hökuməti gənc polyak mühacirin ümumi və əsgəri biliklərini, xüsusilə xəritə çəkmək sahəsindəki mükəmməl bacarığını nəzərə alaraq, onu yüzbaşı hərbi rütbəsi ilə Osmanlı ordusundakı xəritə şöbəsinə məmur təyin edir. Yüzbaşı Bojenski o sıralarda islamiyyəti rəsmən qəbul edir və şəxsən şeyxülislam əfəndi tərəfindən “Mustafa Cəlaləddin” adlandırılır. Və ərkani-hərbiyyə tuğgenerallarından (mirlivalarından) Ömər Paşanın qızını alıb tamamilə türk, müsəlman ailəsinə sahib olur. Səfərdə olmadığı zamanlarda Üsküdarda üzü Qaracaəhməd qəbiristanlığına baxan sadə bir evdə qapalı türk ailə həyatı yaşayır. Zamanında çox sevdiyi musiqi və rəqsləri, mond (kübar) həyatını büsbütün unudur. Bəyoğlu aləmi və Avropa mühacir dairələri ilə münasibətlərini kəsir.
Bu polyak əsilzadəsinin ən böyük istək və həvəsi müharibəydi. Hələ çox gənc ikən doğma vətənini qurtarmaq üçün 1848-ci il inqilabına26 bir Polşa inqilabçısı olaraq qatıldığı kimi, ikinci vətənini qorumaq məqsədi ilə 1850-1876-cı illərə qədər davam edən döyüşlərdə bir türk əsgəri kimi vuruşmuş, dəfələrlə yaralanmış və nəhayət, 1876-cı ildə Qaradağ savaşında feriq (orgeneral) rütbəsinə qədər yüksəlmişdir. Elə bu döyüşdə qarnından aldığı yaradan şəhid olmuş, Sipoz məscidinin həyətindəki qəbiristanlıqda dəfn olunmuşdur. (Allah qəni-qəni rəhmət eləsin!)
Əsgərlik həyatından bəhs edən bu bir neçə sətir şəhid Mustafa Cəlaləddin Paşanın seçdiyi yeni vətəninə nə qədər dərin səmimiyyətlə bağlı olduğunu bir daha göstərir.27
Mustafa Cəlaləddin Paşa hərbdən, səfərlərdən uzaq vaxtlarını təmsil etdiyi yeni milliyyətin, türkçülüyün, qəbul etdiyi yeni dinin, müsəlmanlığın, seçmiş olduğu yeni vətənin – Osmanlının faydasına xidmət edən əsərlər yazmaqla keçirmişdir. Mustafa Cəlaləddin Paşa fitri istedadı ilə yanaşı, aldığı yüksək təhsil və tərbiyə sayəsində ana dili olan polyakcadan başqa, latın, fransız, alman və rus dillərini də yaxşı bilirdi. Hafizəsinin gücü ilə tarixi biliklərini daim zənginləşdirmişdi. Anadangəlmə sənətkarlıq qabiliyyəti vardı, ciddi yanaşmadığı halda belə yaxşı rəsm çəkir, mükəmməl xəritə cızırdı. Osmanlı hərbiçiləri də əvvəl onun xəritə çəkmək bacarığını təqdir edə bilmişdilər. Yağlı boya rəsmlərindən bəziləri vaxtı ilə Dolmabağça sarayının divarlarını bəzəyirmiş. Evdə olduğu zamanlarda isə əsgərliyə, tarixə, filologiyaya dair bilik və araşdırmalarını genişləndirməyə çalışırdı. Bu sahələrlə bağlı bir neçə əsər yazsa da, onlardan yalnız ikisi çap olunaraq yayımlanmışdı: “Les Turcs anciens et modernes” (“Əski və yeni türklər”), “La Guerre moderne” (“Zamanımız hərb sənəti”).
Bizə görə, mövzusunu yuxarıda bir az təhlil və açıqlamaya çalışdığımız birinci əsər daha önəmli və dəyərlidir. Mustafa Cəlaləddin Paşa bu əsərlərindən başqa dostlarından Bəsirətçi Əli Əfəndinin “Bəsirət”,28 Jan Petrinin “Courrier d’Orient” qəzetlərinə imzasız bir çox siyasi məqalə də yazmışdır.
Təəccüblüdür ki, yeni vətəninin xeyrinə yalnız fikri, qələmi ilə deyil, başı və canı ilə də xidmət etmiş bu əsilzadə adamın istedad və biliyi, əxlaq və səviyyəsi bəzilərinin qısqanclığına səbəb olmuş və hamisi (qoruyucusu) Sərdari-Əkrəm Ömər Lütfi Paşanın ölümündən sonra ordu komandanı Hüseyn Avni Paşa tərəfindən hələ 44 yaşında və tuğgeneral rütbəsində olan Mustafa Cəlaləddin Paşa təqaüdə göndərilmişdir (1870). Hüseyn Avni Paşanın gedişindən sonra təkrar zabit sinfinə alınmış və serblər üzərində qazandığı qələbəyə mükafat olaraq, şəhadətindən az öncə feriq (tümgeneral) rütbəsinə layiq görülmüşdür.29
İlk türkçülərin ümumi xüsusiyyətləri
Yuxarıda göstərdiyimiz hadisələrlə bağlı irəli sürdüyümüz fikirləri xülasə etsək, bu nəticəyə gələrik: dil sahəsində türkçülük fikrinin şüurlu izlərinə İbrahim Şinasi Əfəndinin əsərlərində rast gəlinir.30 Şinasinin türkçülük fikri dilin ədəbiyyat şöbəsində Ziya Paşa, lüğət şöbəsində Əhməd Vəfiq Paşa, filoloji araşdırmalarında Mustafa Cəlaləddin Paşa tərəfindən araşdırılıb. Əhməd Vəfiq Paşada isə bütün türkçülük (Panturquisme) meylinin bəzi izləri görünür. Mustafa Cəlaləddin Paşa isə türk filologiyasından başqa, türk (yalnız Osmanlı türkü deyil, bütün türklər) etimologiya və tarixi ilə də məşğul olub. Osmanlı məmləkətində ilk dəfə Qərb qaynaqlarından alınaraq türk tarixinə, türk etimologiyasına dair yazılan əsər, Mustafa Cəlaləddin Paşanın “Əski və yeni türklər” adlı filologiya, etimologiya, tarix və siyasətdən bəhs edən kitabıdır. Elmi cəhətcə tam mükəmməl olmayan bu əsər türk ruhuyla, türk faydalarını müdafiə etmək məqsədilə yazılıb, fransızcadır.
Şinasinin türkcə sözlük (lüğət) toplamağa başladığı tarix yeganə qaynaq mənbəyi Əbüzziya Tofiq bəyin dediklərinə istinadən, 1865-ci illə 1870-ci illər arasıdır. Ziya Paşa “Şeir və inşa” haqqında türkçü fikirlərini yenə bu tarixlərdə ortaya atmışdır. “Emil” tərcüməsinin müqəddiməsi, “Cenevrə, 15 iyun, 1871” tarixini göstərir. Əhməd Vəfiq Paşanın “Ləhceyi-Osmani”sinin ilk çapı və yayımı da o zamanlara təsadüf etməlidir. Mustafa Cəlaləddin Paşanın “Əski və yeni türklər”i 1869-cu ildə nəşr olunmuşdur. Bu məlumatlara əsaslanıb Osmanlı türkləri arasında türkçülük fəaliyyətinin ilk dövrünü – 1865-1870-ci illər kimi qəbul edə bilərik.
Şərqşünasların türkçülüyə təsiri
Türkçülük düşüncəsinin Əbdüləziz dövrü-səltənətinin ortalarına doğru qərb türklərinin arasında genişlənməsindən, yuxarıda qeyd etdiyimiz kimi, türklərin ümumi bir şəkildə qərbin fikir və ruhuyla yaxınlaşmasından başqa, Qərbdə doğularaq Şərq aləmini, xüsusilə türkləri hər yönü ilə tədqiq edən De Gini31, Saci32, Abel de Remusat33, hətta Artuq Lumley Davids kimi şərqşünasların əsərləri ilə tanışlıqlarının təsiri də mütləq qeyd olunmalıdır. Şinasi şərqşünas Silvester de Saci ailəsi ilə dostluq münasibətində olmuşdu. Cəlaləddin Paşa “Əski və yeni türklər” kitabında De Gininin “Histoire des Huns” əsərindən çox yararlanmışdı. Artur Lumley Davidsin ingiliscə “Kitabül ilmü’n Nafi fi Tahsili sərfi-nəhvi-Türki” (“Türk sərf və nəhfini öyrənmək üçün faydalı məlumat kitabı”) adlı kitabının fransızcaya tərcüməsi34 Lumleyin anası tərəfindən Sultan II Mahmuda 1833-cü il tarixində təqdim edildiyindən, XIX yüzilin ortalarında yaşayan Şinasi və Vəfiq Paşalar kimi aydınların bu əsərdən xəbərsiz olmalarına ehtimal vermirəm. XIX yüzilliyin sonlarına doğru şərqşünaslardan Vamberi, Radlov və Kahunun (Leon Cahun) əsərlərinin bütün türklər arasında türkçülük düşüncəsinin güclənməsinə təsir etdiyini söyləmək olar.
Türkçülük fikir cərəyanının, xüsusilə, 1865-1870-ci illərdə Osmanlı türkləri arasında özünü göstərməsinə daha başqa səbəblər də tapılıb göstərilə bilməzmi?
Türkçülük fikri və ingilis-rus əlaqələri
Məlumdur ki, 1860-cı illərdə rusların Asiyaya yayılmaları ingilisləri bu ərazilərdə çevik siyasət aparmağa sövq etmişdi. Batı türklərinə, yəni Osmanlıya qarşı yüzillərdir davam edən istilaçı rus siyasəti XIX yüzilliyin ortalarında Qərbi Avropa dövlətlərinin silahlı müqaviməti ilə məğlubiyyətə uğrayanda, Rus İmperatorluğu bu müqavimətin acısını almaq üçün Şərq Türkləri Orta Asiya xanlıqları üzərinə şiddət və sürətlə yürüdü. 1860-cı ildən başlayaraq ruslar Orta Türküstanla Şərqi Türküstana hücum etdilər. General Cernayev 1865-ci ildə Orta Asiyanın ən böyük şəhəri və Aksak Teymurun paytaxtı olmuş Daşkəndi işğal etdi. 1867-ci ildə Orta Türküstanın böyük qismi “Türküstan əyaləti” Rus Çarlığının ərazilərinə daxil edildi, “1868-də Buxara xanlığı rus vassallığını qəbul edir. Yenə o illərdə Şərqi Türküstanın Kaşğar bölgəsi Məhəmməd Yaqub bəyin başçılığı ilə Çin hakimiyyəti əleyhinə üsyan edərək ruslarla yaxşı münasibət qurmağa çalışdı. Kulca bölgəsi 1865-ci ildə Çin tabeliyindən çıxaraq 1871-ci ildə rus tabeliyinə daxil oldu… Qısası, bütün Orta Asiya türkləri 1860-1870-ci illər tarixlərində rusların təzyiqi ilə üz-üzə qaldı. Rusların bütün Asiya boyunca şərqə və cənuba doğru irəliləmələri ingilisləri çox qəzəbləndirir, bir neçə addım sonra qazax süvarilərinin Hindistan sərhədlərində görünmək ehtimalı isə onların yuxusunu qaçırırdı. İngilislər Məhəmməd Yaqub xana elçi göndərib, digər kiçik xanlarla qeyri-rəsmi təmas qurmağa çalışırdılar. Yaqub xan da Hindistan ümumi valisinə elçi göndərərək İngiltərə ilə ittifaq qurmağa hazırlaşırdı.
O ərəfələrdə Babi-Ali ilə çox sıx dostluq əlaqəsi yaradan Sen Ceymis (Saint James) kabinetinin Qərb və Şərq Türklərinin din və irq birliyindən faydalanmaması mümkün deyildi. Hindistanın 1857-ci il hərbi çevrilişində35 ingilis siyasətçiləri xəlifə Sultan Əbdülməciddən müsəlman hindlilərin İngiltərə kraliçasına itaətini tövsiyə edən bir fərman verməsini istəməsələr də, Osmanlı Türklərinin diqqətini Orta Asiya, müsəlman Türk xanlıqlarının durumuna yönləndirməyə cəhd göstərirdilər. Təsadüfi deyil ki, Yaqub xan müstəqilliyini qazandıqdan sonra ingilis nümayəndəsi Duqlas Forsaytın məsləhəti ilə Osmanlı səltənətinin himayə və tabeliyini rica etmək məqsədilə Yaqub bəyi İstanbula elçi göndərmişdi (1871).
Elçi yüksək səviyyədə qarşılanır, Osmanlı səltənəti tərəfindən Yaqub xana silah-sursat və hərbi mütəxəssislər göndərilir, eləcə də “Nişani-Osmani”, qılınc, ələm (bayraq) və “nameyi-Humayun” (imperatorluğun məktubu) təqdim olunur. Yaqub bəylə qayıdan xüsusi heyətə Hindistanın Türküstan sərhəddində ingilis elçilərindən ibarət bir heyət də qatılır (1873). Və bu tarixdən etibarən Kaşğar xanlığında oxunan xütbələrdə Osmanlı padşahı Əbdüləziz xanın adı çəkilməyə, sikkələr də onun adına basılmaya başlayır.
İstanbul mətbuatı Yaqub xana və Kaşğar xanlığına diqqət ayırır. “Şəcəreyi-türk”ün Cığataycadan Osmanlıcaya uyğunlaşdırılması, Vəfiq Paşanın Orta Asiya ləhcələrinə maraq göstərməsi də bu tarixlərdən bir az öncəyə təsadüf edir.
Sami Paşazadə Sübhi Paşa kimi Şərq ədəbiyyatına, yeni elmlərə və Avropa dillərinə, Şəmsəddin Sami bəyin təbiriylə desək, “aşina” bir dövlət adamının Əbdüləziz dövründə Cığatay dilini öyrənməyə qalxması,36 İstanbul aydınlarından bəzilərinin düşüncələrini, o dövrdə Orta Asiya, yəni Şərq Türkçülüyünün işğal etdiyini göstərirdi.
Beləliklə, türkçülük hərəkatının 1820-ci illərə doğru İstanbulda təşəkkül tapmasının bir səbəbi də, o dövrdə rusların Şərq türklərini işğal edərək bu ərazilərdə genişlənməsi və ingilis siyasətinin Qərb türklərini bütün bunlardan xəbərdar etmək və onları təsirləndirməyə çalışması olmuşdur.
Macar Vamberi
Əsərləri ilə Osmanlı türkləri arasında tanınmağa başlayan macar Vamberinin Asiya səyahətlərində ingilis və Osmanlı siyasətlərinin bağlantılarını görmək o qədər də çətin deyil. Şərqşünas Vamberi 4 ilə yaxın İstanbulda qaldıqdan, Osmanlı dövlət adamlarının hörmət və rəğbətini qazandıqdan sonra 1861-ci ildə məşhur Asiya səyahətinə çıxmışdı. Vamberi Rəşid Əfəndi adı və dərviş qiyafəti ilə Orta Asiyada üç il gəzib-dolaşdıqdan sonra yenə İstanbul üzərindən Macarıstana dönmüş, oradan da Londona getmişdir. Saxta dərviş elmi araşdırmalarının nəticələrini öncə macarlara deyil, ingilislərə təqdim etmişdir. İngilislərin rəğbətini qazandığı üçün Vamberi Budapeşt Universitetinin Şərq dilləri üzrə professoru adına layiq görülmüşdür.
Vamberinin əsərləri 1864-cü ildən etibarən nəşr olunmağa başlayıb. Əsərlərinin çoxu almanca, bəziləri macar və ingiliscə yazılıb. İki-üç illik Orta Asiya səyahətinin hekayəsi olan “Saxta dərvişin səyahəti” eyni zamanda alman, ingilis, macar dillərində nəşr olunub. Vamberinin türkcə qısa tərcümeyi-halını yazan tələbələrindən doktor Mesarroş deyir ki: “Vamberi şərq dillərini və idarəçiliyini bildiyi üçün İngiltərəyə böyük xidmətlər göstərdi. Beləliklə, qeyrəti və zəkası sayəsində böyük sərvət sahibi oldu. Bu sərvəti ilə o, ömrünün sonuna kimi heç bir maddi sıxıntı çəkmədən yaşadı.”
Professor Vamberi bir gün mənə də Yavuz bəyə (“Gülüstan və Xaristan”ın müəllifi, Osmanlı imperatorluğunun Peşdə Baş konsulu mərhum Əhməd Hikmət bəyə) söylədiyini təkrar etmişdi: “İngilislər məni sevirlər, çünki onlara Asiyanı tanıdan ilk adam mən oldum. Onlar məni dinlədilər, anladılar. Hətta İngiltərə kral xanədanının ayrı-ayrı üzvləri ilə dost oldum. Onların iltifatlarını gördüm”.
Vamberi haqqında bu qısa məlumatdan belə anlaşılır ki, gələcəyin məşhur şərqşünas-türkoloqu Orta Asiya səyahətinə ya ingilislərin təşviq və yardımı ilə çıxmış, ya da yəhudilərə xas olan kəskin və praktik zəkası ilə Orta və Yaxın Şərqə dair tədqiqatların o zamankı İngiltərə siyasətində çox böyük əhəmiyyət daşıyacağını əvvəlcədən sezmişdi.
AZƏRİ TÜRKLƏRİNDƏ TÜRKÇÜLÜK
Mirzə Fətəli Axundzadə
Qərb türklərindən əvvəl, türk milliyyətçiliyi düşüncəsi ilə dil, tarix və siyasət sahələrində araşdırma aparmış başqa türklər vardırmı? Şimal, Şərq və Krım türkləri arasında, 1870-ci ildən öncə milli düşüncənin bu üç sahəsində şüurlu şəkildə ciddi məlumata rast gəlmədim. Ancaq Qafqaz türklərindən olan Azəri türkləri arasında bu məsələ ilə bağlı diqqət və araşdırmaya dəyən bir hadisə var. 1811-ci ildə doğulub 1878-ci ildə vəfat edən Mirzə Fətəli Axundzadə 1850-1855-ci illərdə tam məhəlli türk şivəsi və Avropa üslubunda bir neçə komediya yazıb. O, 1863-cü ildə İstanbula gələrək, ərəb əlifbasının islahı haqqında yazdığı əsərini Sədrəzəm Keçəçizadə Fuad Paşaya təqdim edib.
Axundzadə təkcə zamanın sədrəzəmliyinə proqram təqdim etməklə kifayətlənməyib, hərflərin islahı məsələsini İstanbulun aydın fikirli şəxsiyyətləri ilə də müzakirəyə çıxarıb.37
Lakin bu proqram və müzakirələrdən heç bir nəticə alınmayıb. Hərflərin islahı təşəbbüsünün nəticələrini Mirzə Fətəli xatirələrində bu cür qeyd edib: “1875-ci miladi tarixində mən müsəlman əlifbasının islahı fikrinə düşdüm. Bunun üçün İstanbul və Tehrana38 gedib bir sıra adamlarla görüşdüm. Təəssüf ki, müsəlmanların öndə gedənləri əlifbalarını dəyişdirəcək həvəsdə deyillər, halbuki, bu, hər şeydən daha gərəkli və daha vacib məsələdir”.
Axundzadənin əsərlərilə tanış ola bilmədim. Həyat və yaradıcılığını öyrənən şəxslər Mirzənin komediyalarını çox sadə və aydın Azərbaycan dilində yazdığını bildirirlər. Elə bir dil ki, xalq və yüksək təbəqə, kəndli və şəhərli, hər kəs anlayırmış. Mirzə əsərlərində bəzəkdən uzaq, saf və həqiqi Azəri ləhcəsindən ustalıqla istifadə edib. Bununla da o, türkçülüyün dili ilə bağlı araşdırmaçılara böyük xəzinə qoyub gedib. Lakin Mirzənin türk milliyyətçiliyi ilə bağlı düşüncə və araşdırmalarına dair mənim əlimdə ciddi məlumatlar yoxdur. Axundzadənin tarix, fəlsəfə və siyasi elmlərlə məşğul olduğu və fəlsəfə barəsində “Həqqül-yəqin” adlı çap olunmamış bir əsər yazdığı da bildirilir. Amma bu əsərdə Mirzənin nə kimi düşüncələr irəli sürdüyünə dair də qaynaqlarımda bir şey tapa bilmədim.
Göyalp Ziya bəy “Türkçülüyün əsasları” adlı kitabında Axundzadəni Qaspıralı İsmayıl dərəcəsində böyük bir türkçü saymağın doğru olmadığını iddia edib. Görünür, Ziya bəy mərhum Mirzə Fətəli haqqındakı fikirlərini yetərli araşdırmaya gərək görmədən yazıb. Axundzadə 1878-ci ildə, yəni Əbdülhəmidin taxta çıxmasından bir az sonra vəfat etdiyi halda, Ziya bəy onu Əbdülhəmid zamanında yetişən Qaspıralının müasirlərindən39 biri kimi təqdim edir: ’’Türkiyədə Əbdülhəmid bu maarifçi cərəyanı durdurmağa çalışırkən, Rusiyada iki böyük türkçü yetişirdi. Bunlardan birincisi Mirzə Fətəli Axundovdur ki, azəri türkcəsi ilə yazdığı orijinal komediyalar bütün Avropa dillərinə çevrilmişdir”.40 Halbuki, Mirzənin komediyaları bütün Avropa dillərinə çevrilməyib. Axundzadə öz xatirələrində deyir ki: “Əsərlərimin yeddisi də ruscaya çevrildi, Peterburq və Berlin qəzetlərində onlara aid məqalələr yazıldı.”41 Komediyaların hamısının fars dilinə çevrildiyi dəqiqdir, amma hansıların tam və ya qismən fransız, ingilis və almancaya tərcümə edildiyi hələ də araşdırma mövzusudur.42
Mirzə Fətəlinin türkün ədəbi düşüncəsində ən böyük xidməti türk dilində ilk dram əsərləri yazmasıdır. Lakin əldə etdiyim məlumata görə, Qərb türkləri arasında teatra aid ilk əsər Ziya Paşanın Molyerdən çevirdiyi “Tartüf”dür. Əbüzziya Tofiq bəyin şahidliyinə görə, 1875-ci ildə tərcümə edilsə də, Ziya Paşanın ölümünə qədər çap olunması bir yana, əsər kimsənin əlinə belə keçməyib.43 Qərbdə türkcədə ilk orijinal teatr (dram) əsəri Namiq Kamalın “Vətən, yaxud Silistre” adlı dramıdır. 1872-ci ildə yazılıb, nəşr olunub və tamaşaya qoyulub. Halbuki, Mirzə Fətəli yuxarıda dediyimiz kimi, komediyalarını 1850-1855-ci illərdə yazıb, 1859-cu ildə nəşr etdirib. Mirzənin Molyerdən və rus komediya yazarlarından, məsələn, çox sevərək oxuduğu Qoqoldan təsirləndiyini ehtimal etmək olar. Qərb türklərindən Molyerdən təsirlənib komediyalar yazan Əhməd Vəfiq Paşanın əsərləri Namiq Kamalın “Vətən” pyesindən sonra meydana çıxıb. Qısası, mövzularını türk həyatından alıb sadə Azəri türkcəsində yazan Mirzə Fətəli Axundzadə türk dramaturgiyasının təməlini qoymaq şərəfinə sahib olan bir şəxsiyyət kimi ədəbi türkçülüyə böyük xidmətlər göstərib.
Qərb türklərində türkçülüyün ikinci dövrü
1865-70-ci illərdən, yəni Krım döyüşü ilə ruslar tərəfindən Türküstanın işğalı arasında keçən dövrdən sonra, Qərb türkləri içində türk milliyyətçiliyi fikrinin ikinci fəal dövrü, 1876-80-ci illər arasında türk-rus münasibətlərinin gərginlik illərinə təsadüf edir. Bu dövrün ən məşhur türkçüləri Süleyman Paşa ilə özbək şeyxi Süleyman Əfəndi və ruməlili Əhməd Midhəd Əfəndi ilə Əhməd Cövdət Paşadır. Və bu dövr türkçülüyünün dil, tarix, təhsil və siyasət qolları vardı.
Türkçülüyü dövrlərə ayırmaqla bərabər, dövrlər arasında düşüncə boşluğunun yaranması fikrini qəbul etmək doğru olmaz. Yalnız fikrin təzahürləri zəifləyə bilərdi, çünki Əli Paşanın ölümündən (1871) sonra, Sultan Əbdüləzizin təzyiqləri şiddətlənmiş və sədrəzəmlik məqamını işğal edən Mahmud Nədim Paşa ilə davamçıları padşahın özbaşına, kobud və zorakı davranışlarına qarşı çıxa bilmədiyi və ya çıxmaq istəmədikləri üçün “Tənzimat” dövrünün nisbi hürriyyətçiliyi çox zəifləmişdi.
1876-cı ilə doğru Osmanlı dövlətinin xristian əhalisinin çoxluq təşkil etdiyi bəzi Rumeli vilayətlərində Avropa dövlətlərinin, xüsusilə Rusiya imperatorluğunun təsir və təşviqi ilə hərəkatların, üsyanların artmağa və genişlənməyə başlaması sultan və vəzirlərin səlahiyyət və etibarlarını ciddi surətdə zədələdi. Xalqın səsi eşidilməyə başladı, istənilən fikrin daha sərbəst söylənməsinə imkan yarandı. O zaman Əbdüləzizin taxtdan endirilməsi, V Murad xanın ağlını itirməsi, II Əbdülhəmidin məşrutə44 elan etməyə söz verib taxta çıxması kimi daxili və Bosniya-Hersoqovina, Serbistan, Bolqarıstan üsyanları ilə onların ardınca gələn Rus-Türk müharibəsi (1877) kimi xarici savaşlar təzyiq və şiddətə söykənən bir hökumət idarəsinin qurulmasını namümkün edirdi. Əbdülhəmid taxtını möhkəmlədib, arzu və kefinə uyğun bir səlahiyyət və iqtidar qazanıncaya qədər, düşüncə azadlığı və fəaliyyətindəki təzyiqlər bir qədər məhdudlaşdı. Məhz türkçülük fikrinin ikinci fəal dövrü də bu zamana təsadüf edir.
Süleyman Paşa
Əbdüləzizin taxtdan endirilməsi zamanı Məkatibi-Əskəriyyə (Hərbi məktəblər) naziri Süleyman Paşa bu dövrdə türk milliyyətçiliyi fikrinə xidmət etmiş önəmli simalardandır. Süleyman Paşanın birinci dövrdəki fəaliyyətinə dair məlumat əldə edə bilmədim. Paşa 1838-ci ildə doğulduğu üçün, ilk dövrdə özünü hələ göstərməmiş olması ehtimal edilə bilər.
Süleyman Paşanın türkçülüyü, ümumiyyətlə, təhsil və təlim sahəsində önəmli xidmətləri “Cəmiyyəti-tədrisiyei-islamiyyə” üzvlüyündə, xüsusən də Məkatibi-Əskəriyyə (Hərbi məktəblər) nazirliyində özünü göstərib. Əbdüləziz dövründə yalnız hərbi məktəblər deyil, bunlara tələbə yetişdirən hərbi liseylər və əsgəri rüşdiyyələr (orta məktəb) Məkatibi-Əskəriyyə nazirliyinin tabeliyində idi. Süleyman Paşanın zamanında bu nazirlik Məkatibi-Mülkiyyə (mülki məktəblər) nazirliyi səviyyəsində əhəmiyyətə malik idi.
Süleyman Paşa hərbi məktəblər üçün bir neçə kitab yazıb: “Məbani-ül İnşa”, iki cildlik “Kəbir İlmihal”, “Sağır İlmihal”, “Sərfi-türki” və ”Tarixi-aləm”. “Sağır ilmihal”ı mən hələ rüşdiyyədə ikən oxumuş və əzbərləmişdim. Kiçik həcmdə olan “İlmihal” çox açıq və sadə bir türkcədə yazılıb. Kitabçada ərəbcə, farsca kəlmə və ifadələrdən mümkün qədər az istifadə edilib. Məsələn, “Allahü-təala”nı tərif edərkən: “Birdir, onun ortağı, şəriki və bənzəri yoxdur, dünyada gördüyümüz və bildiyimiz şeylərdən heç bir şey ona bənzəməz… Anadan, atadan, oğuldan, qızdan, qarıdan, yuxudan, yatmaqdan, yeməkdən, içməkdən, gülməkdən, ağlamaqdan, sevinməkdən, təəssüfdən uzaqdır…” deyir.
“Məbani-ül inşa”sı ilə “Sərfi-türki”sini axtarsam da, tapa bilmədim. “Tarixi-aləm”i isə gözümün qabağımdadır. Haqqında danışdığımız məsələyə dair ən önəmli əsəri də budur. Süleyman Paşa, Əbdüləzizin son zamanlarında sərəsgər45 Hüseyn Avni Paşa tərəfindən hərbi məktəblər üçün ümumi bir tarix hazırlanmasına səlahiyyətli məmur təyin edilmişdi. Süleyman Paşa ona verilən tapşırıq əsasında “Tarixi-aləm”i yazmağa başlamışdı. Tədris vəsaitinin geniş həcmli olması nəzərdə tutulsa da, bu iş tamamlanmamışdı. Əsərin “İlk çağ” bölümü hazırlanıb tələbələrə paylanmış və tədris olunmuşdu. “Orta çağ” və “Yeni çağ” bölümləri isə Süleyman Paşanın vəfatı səbəbindən yarımçıq qalmışdı. “Tarixi-aləm”in “İlk çağ” bölümü 1876-cı ildə, V Murad zamanında çap olunmuş və yayınlanmışdı. “Tarixi-aləm” II Əbdülhəmid dövründə yasaq kitablardan sayıldığı üçün, mövcud nüsxələri Hərbiyyə məktəbinin mətbəəsinin anbarına atılmış və uzun müddət orada yatıb qalmışdı.
II Məşrutiyyət dövründə Məktəbi-Hərbiyyə naziri olan Tofiq Paşa mərhum Süleyman Paşanın sadiq tələbəsi və dərin pərəstişkarı olmuş və sonralar əsgəri orta məktəblərdə tədris edilən “Tarixi-Osmani”sini yazarkən ustadından əxz etdiyi türkçülük ruhuna sadiq qalmışdı. “Tarixi-aləm”i çürüyüb məhv olmaqdan xilas edərək, sıradan çıxmış bəzi səhifələrini yenidən bərpa edərək 1911-ci ildə nəşr etdirmişdi.
“Tarixi-aləm”in bu nəşrində müəllifin yararlandığı Qərb və Şərq qaynaqları göstərilmişdi. Qaynaqlar içində De Güninin “Hunlar tarixi” və Raymond Havyerin “Tatar tarixi” ilə Əbülqazinin “Şəcəreyi-türki”si də var. Süleyman Paşaya qədər De Güni və Raymonddan bəhrələnərək türkcə yazılmış bir tarix kitabının olduğunu bilmirik, ancaq Mustafa Cəlaləddin Paşa fransızca əsərini yazarkən, De Güniyə müraciət etmişdi.
Süleyman Paşa “Tarixi-aləm”in ön sözündə kitabın yazılma səbəbini belə şərh edir: “Hərbi məktəblərdə tədris olunan “Dünya tarixi” əcnəbi dillərdən eynilə tərcümə edildiyi üçün islami əqidə və milli dəyərlərə zidd məqamlardan xali deyildi. Bununla belə, islam və qərb dəyərlərini bir-birinə uzlaşdırıb iki müxtəlif qütb arasında tarazlıq yaratmaq və bu xüsusda əsər yazmaq cəsarət tələb edirdi…
“Əski çağ” bölümünün az bir hissəsi tərcümə edildiyindən indiyə qədər mükəmməl nəticəyə nail olunmamışdır”.
“Tarixi-aləm”in mündəricatı nəzərdən keçirilərkən diqqət çəkən məqam o dövrün ənənəsinə əks olaraq “İlk çağ” bölümündə türk tarixinə daha çox yer verilməsidir: həqiqətən, “Fəsli-sabi” – “Tavaifi türk” (yeddinci bölüm: Türk qrupları) 144 səhifəni əhatə etmişdir, bu isə bütün “İlk çağ” tarixinə ayrılan səhifələrin yeddi faizindən (5/7)46 daha çoxdur. Halbuki, “Tarixi-aləm”dən sonra Osmanlı məktəblərində tədris edilən “Dünya tarixi” kitablarında eynilə Avropa dərs vəsaitlərində olduğu kimi, türkçülüyün qədim dövrünə bütün kitabın təxmini 1/20 hissəsi ayrılmışdı. Süleyman Paşa bu önəmli əsərində türkçülüyün keçmişindən sevgi və sayğı ilə bəhs edir; əsərdə yad və düşmən millətlərin türklərə yönəlmiş gerçəklikdən uzaq, şübhəli, şiddət və qaba iftiraları tərcümə olunmamış, müəllif çox uzaq keçmişdən üzü bəri, bütün Asiyaya yayılıb hökmranlıq etmiş böyük bir türk irqinin varlığını, öyünüləcək qəhrəmanlıqlarını türk gənclərinə öyrətmək və duyurmaq istəmişdi. “Tarixi-aləm”in bu özəlliklərinə görədir ki, mərhum Müşir Süleyman Hüsnü Paşaya, 1877-ci il müharibəsində Osmanlı türk ordusuna bir müddət baş komandanlıq etmiş bu “Şipka qəhrəmanı”na türkçülük tarixində önəmli bir yer ayrılmışdı.
Yazdığı dərs kitablarında (“İlmihal” və “Tarixi-aləm”) dil və təhsil sahəsində türkçü mövqeyini göstərən Süleyman Paşanın digər çalışmalarında da türkçülük düşüncəsinin təsirinin olması labüddür, ancaq bu gün əlimizdə qaynaqlar olmadığı üçün, bu barədə qəti fikir yürütmək səlahiyyətində deyilik. Göyalp Ziya bəy “Türkçülüyün əsasları”47 kitabında əsgəri rüşdiyyələrdə tədris edilən “Əsmayi-Türkiyə” kitabının müəllifi kimi Süleyman Paşanın adını qeyd edir, halbuki, əlimdə tutduğum “Əsmayi-Türkiyə”nin üzərində “Riza bəyin əsəridir” sözləri yazılıb. Ziya bəy həmçinin, Süleyman Paşanın üç dildən mürəkkəb bir dil yarana bilməyəcəyi ilə bağlı qənaətini “Təlimi-ədəbiyyati-Osmaniyyə” (“Osmanlı ədəbiyyatı dərsliyi”) kitabının müəllifi Rəcaizadə Əkrəm bəyə yazdığı “Bir məktub”da açıq şəkildə ortaya qoyduğundan da bəhs edir. Belə bir məktub “Təlimi-ədəbiyyati-Osmaniyə”yə əlavə olunmuş mətnlər arasında mövcud deyildir.48
Buxaralı Şeyx Süleyman əfəndi
Süleyman Paşanın türkçülük fəaliyyəti illərində Buxaralı Şeyx Süleyman Əfəndinin də türk milliyyətçiliyi yolunda dil, folklor və siyasət sahələrində çalışdığı göz qabağındadır. Süleyman Əfəndinin bu yolda çalışmasını isbat edən mənbə, mərhumun “Lüğəti-Cığatay və Türki-Osmani” adlı kitabıdır. Bu kitabın Osmanlı və Cığatay ləhcələri ilə nəsr və nəzm halında yazılan ön sözlərindən müəllifin fikirlərini və gördüyü bəzi işləri öyrənmiş oluruq.
Şeyx Əfəndi, Cığatay dilini “dünyadakı ana dillərdən biri” və “Lisani-Türki-Osmani”nin əsli və qaynağı hesab edir. Bu əsas fikrini “Müqəddimeyi Cığatay”ın Osmanlı türkcəsində yazılmış müqəddiməsində bu ifadələrlə təkrar edir: “Bu gün Osmanlı ölkəsində işlədilən lisani-osmaniyə, lisani-cığataydan, yəni Mavərəünnəhr ölkəsində49 işlənilən dildən ayrılmış bir qoldur.”
Müəllif Cığatay və Osmanlı dillərinin bağlılığını təyin etdiyi kimi, etimologiya baxımından Osmanlıların, özəlliklə Osmanlı xanədanının türk tayfasına mənsub olub, soy kökünün qaynağının Mavərəünnəhr ölkəsi (Orta Asiya) olduğunu deyir.
Sonra Orta Asiyada (Mavərəünnəhrdə) yerləşən “92 boy və toplumdan ibarət özbəklərin” adlarını sadalayaraq onların zərbi-məsəllərini və yüzdən artıq Orta Asiya şairinin şeirlərindən nümunələri topladığını söyləyir. Müəllifin bu araşdırmalarda məqsədi “Mənəvi dillərini öyrənməyə meylli olan Osmanlı aydınlarına və xalqına layiqli bir töhfə” vermək idi.
Nəhayət, mənzum “Cığatay”ın ön sözündə Cığatay dilini, Osmanlı dilinin qədim forması kimi qəbul etməklə, bu iki dilin vəhdətini (bir və eyni kökdən olduğunu) iddiaya qalxır: “Türki Cığatay lüğəti” – qədim Osmanlı dilidir, adı Cığatay türklərin əslidir…”
Dil və soy baxımından türk xalqlarının birliyini araşdıran Özbək Şeyxi bununla kifayətlənməyib, Türküstan türkləri ilə Osmanlı türkləri arasında həqiqətən bəzi əlaqələrin qurulmasına da çalışmışdır.
Əbdülhəmid səltənətinin ilk illərində – Türk-Rus Müharibəsi zamanı Buxaralı Şeyx Süleyman Əfəndinin “səfarətlə səyahət”50, yəni elçi sifəti ilə səyahətlər etdiyinə aid yenə mənzum “Cığatay”ın ön sözündə qeydlər var. Buxaralı Şeyx, Osmanlı padşahının elçisi sifətı ilə Hindi, Sərhindi, Əfqanıstanı, Buxaranı, Xivəni, Türkmənistanı dolaşır. Türkmənlər elində səyahətini təsvir edən bu beyt diqqətəlayiqdir:
“Türkmənin halını bir-bir bildim,
Cins və miqdarını dəftər qıldım…”
Şeyx Əfəndi, Orta Asiyaya Hind yolu ilə getdiyi kimi, dönüşü də eyni yolla olmuşdur. Səyahətin nəticəsini bu beytlə ifadə edib:
“Gələrək xidmətim ifa etdim,
Nəyə məmur isəm, icra etdim”.
Əlimdə başqa qaynaq olmadığı üçün Şeyx Süleyman Əfəndi Özbəkinin Türk-Rus müharibəsi dönəmində Osmanlı-Türk hökuməti tərəfindən Türküstan hökumətinə və xalqına elçi olaraq göndərilməsi, türkmənlərin cins və sayının dəqiqləşdirilməsi, Kabil, Buxara əmirləri ilə danışıqlar, nəhayət, Şeyxin İstanbula dönüb vəzifəsinə xitam verməsi, həmçinin Doğu və Batı türklərinin həyat və gələcəklərinin rus təhdidi altında olması fonunda irq, nəsil və dil birliklərinin siyasi səhnəyə gətirilməsi və xatırlanması diqqətçəkən hadisələrdir. Maraqlıdır ki, Buxaralı Şeyx Süleyman Əfəndi bu səyahətdən sonra, Cığatay və Osmanlı türklərinin bir-birinə diqqətini yönəltmək və yaxınlaşdırmaq üçün “Lüğəti-Cığatay və Türki-Osmani”sini yazıb nəşr etdirməyə gərək görmüşdür.
Buxaralı Şeyx Süleyman Əfəndinin, bəlkə də, İngiltərə hökumətinin tövsiyəsi ilə etdiyi Orta Asiya səyahətindən heç bir siyasi gözlənti əldə olunmadı. Doğrusu, belə bir səyahətdən bir nəticə çıxa biləcəyinə ümid etmək, bir az artıq nikbinliyə qapılmaqdı. Bu səyahətdə əfqan əmiri Şirəli xan Şeyx Süleyman Əfəndini çox qonaqpərvərliklə qarşılasa da, rus siyasətinin inanılmış və sadiq tərəfdarı idi. Buxara xanlığı isə, o dövrdə artıq Rusiyanın vassalı və hökmü altına düşmüşdü. Olsa-olsa, təkcə Çar hökuməti ilə davamlı hərbi münaqişələrdə olan cəngavər və cəsur türkmən qəbilələrinin fəaliyyətini gücləndirmək mümkün ola bilərdi. Ancaq türkmənlərin gücləndirilməəsi Tuna və Qafqaz cəbhələrində Osmanlılarla vuruşan rus ordularını əsas məqsəddən yayındırmaq üçün yetərli diversiya mahiyyətində deyildi.
Bununla bərabər, Orta Asiya səyahətindən məmnun qalan Osmanlı hökuməti Şeyx Süleyman Əfəndi İstanbula dönüncə, onu mükafatlandırılmağa layiq görmüşdü:
“Bunda (İstanbulda) bəzi yerə əza oldum,
Fəxri xidmətlərə sıxıca qoşuldum”.
Həqiqətən Qazi Osman Paşaya iftixar qılıncını verən macarlara təşəkkür üçün Macarıstana göndərilmiş heyətin içində Süleyman Əfəndi də vardı. Orta Asiyada soydaşlarını, Doğu türklərini ziyarət etmiş Özbək Şeyxinin Turan irqinə mənsub olduğu halda irqi camiədən uzaq düşmüş qərbi türklərin vətəninə getməsi və Şeyxin Orta Asiyalı olması macarlar arasında ayrıca bir iz buraxmışdı:
“Cümləsi bir-bir gəlib əl öpdü;
“Türk” diyə alqışla qiyamət qopdu.
Əski Osmanlı lisanı derlər,
Cığatay-türki zəbani derlər,
Asiyadan gəlişim anladılar,
Cığatay bildiyimi dinlədilər:
Çox kəlamı cümləsi dinlədilər;
Bul (bu) lüğatla məşvərət eylədilər”.
“Lüğəti-Cığatay və Türki-Osmani”nin ön sözlərindən çıxardığımız bütün bu hadisələr Şeyx Süleyman Əfəndinin “Bütün türkçülük”lə bağlı fikir və düşüncələrindən İstanbulda bir sıra cəmiyyətlərin, eləcə də hökumətin siyasət sahəsində yararlandığını göstərir.51
Əhməd Midhəd Əfəndi
Əhməd Midhəd Əfəndini də bu dövrün türkçü yazarları sırasına aid etməyin tərəfdarıyam. Çox sayda əsərlərin müəllifi və yazılarında eyni qayəni nizamlı şəkildə aparmayan Osmanlı yazarının türkçülər arasında təqdim edilməsinə etiraz edənlər ola bilər… Lakin dilində, üslubunda daha çox türkçü olan və bu məsləkində əsla yolundan sapmayan ilk osmanlı yazarı Əhməd Midhəd Əfəndidir desək, bilmirəm xəta etmiş olarıqmı? Milliyyət düşüncəsinin ünsürlərindən biri də xalqçılıqdır (demokratlıq). O dövrdə məzmun və üslub demokratlığında Midhəd Əfəndi ilə müqayisə edilə və onu keçə biləcək hansı yazarımız vardır? Əhməd Midhəd Əfəndinin quruluş və üslub baxımından türkçülüyünü daha öncə də iddia və isbat etməyə çalışmışdıq: “Midhəd Avropa mədəniyyətini, son yüzilin Avropa mədəniyyətində ən önəmli mövqelərdən birini tutan milliyyət düşüncəsini Kamal və digər məsləkdaşlarından daha açıq şəkildə əxz edə bilmişdi. Bu anlayış digər bəzi səbəblərlə bərabər, Midhədi xalqa, mühitimizin nankor təbirincə desək, kütləyə, daha doğrusu, türkçülüyə sövq etdi. Bugünkü Avropa mədəniyyətinin ruhu elm və mərifəti, sənaye və ədəbiyyatı demokratiləşdirmək, xalqın malına çevirməkdir. Əhməd Midhəd Əfəndi, məhz bu ruhu kəşf etmişdi və bütün həyatını kəşf etdiyi bu əsasın tətbiqinə sərf etdi.”52
Əhməd Midhəd Əfəndinin xalqçılıq yönündə qəbul etdiyi milliyyət anlayışı Tənzimat dövrünün mövcud və mümkün sandığı “Osmanlı milliyyəti” ilə mahiyyətcə bir-birinə uyğun deyildi. Əbdülhəmid səltənətinin ilk vaxtlarında bu anlayış hələ dərk edilməmişdi. Baxmayaraq ki, Əhməd Midhəd Əfəndi özünə xeyli düşmən qazandıran, məşhur “Üssi-inqilab”ında, sanki “Milliyyəti-Osmaniyyə”nin ideoloqu olmuş, o xəyalın nəzəriyyəsini qurmağa çalışmışdır. Əhməd Midhəd Əfəndiyə görə, “bir milləti-cədidəyi-Osmaniyə” (yəni bir Osmanlı milliyyəti) vardır: “Osmanlılığın mənsubiyyəti hazırda hökmdar olan padşaha tabe olmağı əsl siyasət olaraq qəbul etməkdən ibarətdir”. Bu mənsubiyyət üçün hansı din və məzhəb, hansı milliyyət və qövmdə olursa-olsun, heç bir əngəl yoxdur.53
Əfəndinin bu görüşü, belə hesab edirik ki, zamanla hadisələrin “Osmanlı milliyyəti nəzəriyyəsi”ni ardıcıl təkzib etməsi nəticəsində dəyişmiş və Əbdülhəmid dövrünün ortalarında o, siyasi cəhətdən islamçılıq və türkçülük fikrinə meyl göstərmişdir. Əsərləri türk aləminin hər tərəfinə yayılaraq çox oxunan və türk dünyasının dörd tərəfindən İstanbula gəlmiş türk aydınları ilə fikir mübadiləsi etməkdən zövq alan Əhməd Midhəd Əfəndinin “Bütöv türkçülük” düşüncəsini tamamilə inkar etməsi qəbul edilə bilməz. Lakin bu zamanlarda yayımlanmış əsərlərindən belə bir fikrin dəlilini tapıb göstərmək asan deyildir.
İkinci Yunan Müharibəsindən öncə, yəni 1806-1807-ci illərə doğru toplumda tanınmağa başlayan, Əhməd Midhəd Əfəndi ilə Türkiyyat məsələləri barədə xeyli müzakirələr aparıb, onun məsləhətlərindən faydalanan üçüncü dövr türkçülərinin adlarını dəqiq saya bilərik.54 Xülasə, Əhməd Midhəd Əfəndinin milliyyət haqqındakı düşüncəsi inkişaf edərək, nəhayət, türkçülüyə gəlib çatmışdır. İkinci Məşrutiyyət55 inqilabından bir müddət sonra (1908) onunla ilk dəfə tanış olduğum zaman, “Xaceyi-əvvəl’imizi, pedaqoji, dil, tarix və ilahiyyat sahələrində büsbütün türkçü görmüşdüm.
Əhməd Cevdət Paşa
Ən görkəmli şəxsiyyətləri Süleyman Paşa, Şeyx Süleyman Əfəndi və Əhməd Əfəndidən ibarət olan türkçülük hərəkatının bu ikinci fəal dövründə, Əhməd Cevdət Paşanın da, dil və siyasət sahəsində türkçülük və “bütöv türkçülük”lə bağlı bəzi görüşlərini xatırlatmamaq bir qüsur olardı. Osmanlı türkçülüyünün XIX yüzilin son rübündə iti zəkası, hüquq, tarix və dil sahələrində geniş biliyi, məhsuldar çalışmaları ilə diqqət çəkən bu fəqih56 və alim paşasının hüquq, dil, tarix və siyasətdə türk milliyyəti fikrinin tam tərəfdar və müdafiəçisi olduğunu demək doğru olmaz, ancaq türkçülük fikrinə laqeyd və ya düşmən olduğunu düşünmək də səhvdir.
Əhməd Cevdət Paşa islam fiqhini bir qədər türkləşdirmişdir, elə deyilmi? “Kısasi-ənbiya”sı ilə dildə türkçülüyə gerçəkdən xidmət etdiyi inkar oluna bilərmi? “Tarixi-Cövdət”də təməl düşüncəsi Əhməd Əfəndininki kimi osmanlılıq olsa da,57 türklüyə, türk irqinə, irqə, öz ifadəsi ilə deyilərsə, “cinsiyyətə” önəm vermirdimi?
Osmanlı tarixinin bəzi önəmli hadisələrinə münasibət bildirərkən, irəli sürdüyü fikirlərdə siyasi baxımdan cinsiyyətə verdiyi dəyər açıq və birmənalıdır; məsələn, Rusiyanın Krımı işğalından sonra Qanuni-Süleymandan başlayaraq Osmanlı padşahlarının alman səfərlərinəqədərindən artıq vaxt ayırmasını tənqid edərək deyir ki: “…Macarıstan və Xorvatiyanın fəthi ilə məşğul olmaqdansa, bu iki əyalətin (Kazan və Həştərxan xanlıqlarının) zəbt olunub mühafizə edilməsi dövləti-ali (yüksək dövlət) səviyyəsində daha faydalı və Yavuz Sultan Səlimin yuxarıda açıqlanan mövqeyinə daha uyğundu, çünki Qafqaz, Azərbaycan və Kazan xanlıqlarını Osmanlı ilə bir-birinə bağlayan soy, din və məzhəb birliyi vardı.
Beləliklə, Krım da Osmanlının bir əyaləti olar, Həştərxan və Kazan vasitəsilə böyük Tatarıstan ərazilərində Osmanlı dövlətinin nüfuzu keçərli olardı.”58
OSMANLI MİLLİYYƏTİ, İSLAM BİRLİYİ VƏ TÜRKÇÜLÜK
İndiyə qədər türk milliyyətçiliyi düşüncəsinin Batı (Osmanlı) türkləri içində 1865-1870 və 1876-1880 illərində daha çox yayıldığını hadisələrin şahidliyi ilə gördük və müəyyən etdik. Bu cərəyanın o illərdə digər illərə nisbətən daha çox üzdə olmasının səbəblərini də açıqlamağa çalışdıq. Osmanlı türklərinə türk milliyyətçiliyi fikrinin haralardan və hansı yollarla gəlmiş olması ehtimalına dair də bəzi fikirlər irəli sürdük. Lakin “Osmanlı imperatorluğu içində əksəriyyət təşkil edən türklərin ayrı bir millət halında təşkilatlanmalarını inkişaf etdirmək, möhkəmləndirmək ehtiyacı hansı iqtisadi, sosial və siyasi şərtlərin təzyiqi nəticəsində meydana gəlmişdir?” məsələsini araşdırmağa hələ başlamamışıq.
Bu məsələnin lazımi səviyyədə həll edilməsi üçün öncə əlimizdə yetərli qaynaq olmadığını etiraf etməliyik: Osmanlı imperatorluğunun XVIII əsrin sonları ilə XIX əsrin əvvəllərindəki iqtisadi və sosial vəziyyəti ciddi şəkildə tədqiq olunmayıb. Osmanlının xarici siyasəti ilə müqayisədə daxili siyasi idarəçiliklə bağlı çox az məlumatlara malikik. Buna görə də, imperatorluğun iqtisadi və sosial siyasətini bir kənara qoyub, yalnız xarici və diplomatik münasibətlərə nəzər sala bilərik.
Yunanların, serblərin, Əflak və Boğdan vilayətlərinin müstəqillik qazanıb Osmanlıdan ayrılmaları, Osmanlı tabeçiliyində qalan rumların müsəlman və türklərə qarşı düşmənçilikləri, xristian ərəblərin, bolqarların, hətta ermənilərin belə ayrılmaq tələbi ilə hərəkətə keçmələri, xristian Osmanlı təbəəsinin milli müstəqillik qazanmaları üçün bütün Avropa xristian dövlətlərinin davamlı müdaxilələri göstərirdi ki, XIX əsrin ortalarında müsəlman və türk Osmanlılar artıq xristianlarla bir ortamda yaşaya bilməyəcək. Bu siyasi və diplomatik vəziyyət qarşısında müsəlman Osmanlılar dini birliyin əhəmiyyətini daha çox dərk etsələr də, siyasi hadisələrin gedişatı bu birliyin belə, yetərli olmayacağı anlamına gəlirdi. İmperatorluğu qoruyub saxlamağın yolu hökmdar xanədanının da mənsub olduğu türk milliyyətinin güc və qüdrətindən keçirdi.
Bununla belə, imperatorluğun parçalanmasının qarşısını almaq üçün baş vurulan ilk siyasi çarə türkçülüyün qüvvətləndirilməsi olmayıb. Türkün gücünə etibarsızlıq, Avropa dövlətlərindən bəzilərinin, xüsusilə Fransa imperatorluğunun saxta tövsiyyələri türkün hakimiyyətinə türk olmayanları, əsas da müsəlman olmayanları gətirməyə nail oldu. Lakin Osmanlı dövlətini birlikdə idarə etmək siyasəti də dağılma böhranının qarşısını ala bilmədi. Türk məhfumunun iqtisadi və sosial yöndən kifayət qədər inkişaf etməməsi, xristian ünsürlərin isə artıq müstəqillik düşüncəsinə köklənməsi bu siyasətin iflas edəcəyini əvvəlcədən göstərirdi. “Osmanlı milliyyəti” siyasəti ilə türkləri qeyri-türk müsəlmanların gücü qarşısında “İslam birliyi” vasitəsilə ayaqda saxlamaq siyasətindən ilk və ikinci dövr türkçüləri heç cürə qurtula bilməmişdilər; Əhməd Vəfiq, Mustafa Cəlaləddin və Süleyman Paşalar kimi türkçülükləri şüurlu və aydın olan şəxslər belə, siyasətdə hər zaman “Osmanlı milliyyəti” və “İslam birliyi” qayələrinə önəm verirdilər. Xülasə, bu iki dövrdə siyasi türkçülük hələ də “Osmanlı milliyyəti ” və “İslam birliyi ” siyasəti ilə qarışıq bir şəkildəydi.
Şeyx Cəmaləddin Əfqani
Qərb (Osmanlı) türkləri içində təzahür edən türk milliyyətçiliyinin siyasi qayəsi, hər şeydən əvvəl, Osmanlı imperatorluğunun vahidlik və istiqlalının qorunmasına xidmət idi; bu qayə xüsusən Mustafa Cəlaləddin Paşanın və Süleyman Paşanın əsərlərində açıq şəkildə büruzə verir. Osmanlı türkləri XVIII əsrdən etibarən sarsılan səltənətlərini büsbütün yıxılmaqdan qorumaq üçün “Tənzimat” ilə “Osmanlı milliyyəti” siyasətini meydana gətirməyə çalışdıqları kimi, təcrübənin uğursuzluğunu görən bəzi Osmanlı mütəfəkkirləri də ya dinə və islamiyyətə, ya da türklüyə və real bir milliyyətə söykənərək məqsədə nail olmağın mümkünlüyünü düşünmüşdülər. Osmanlılıqda siyasi baxımdan belə bir qaynağa bağlanmış milliyyətçilik, Asiyanın ortalarında meydana çıxıb bütün islam aləminə düşüncələri ilə təsir edən bir şəxsin fikirlərinə görə, daha geniş və ümumi bir istəyin əldə edilməsini təmin edən önəmli bir vasitə idi. Bəhs etdiyimiz şəxs – Şeyx Cəmaləddin Əfqanidir. Bu məşhur şeyx bütün islam aləminin yaşaya bilməsi üçün müsəlman millətlərin milli şüura sahib olmalarının gərəkliyini qəbul edirdi. Əfqani islam aləminin hər tərəfinə düşüncələri, sözləri və əməlləri ilə çox bərəkətli toxumlar səpmiş və Qərb türkçülüyündə olduğu kimi, Şimal türkçülüyündə də milliyyət düşüncəsinin inkişafına xidmət etmişdir.
Ya İranda, yaxud Əfqanıstanda 1836-cı il tarixində doğulub, 1897-ci ildə İstanbulda vəfat edən Şeyx Cəmaləddinin tərcümeyi-halı rəvayətlərlə doludur. Müsəlman qövmünün hansı nəslinə mənsub olduğunu dəqiq olaraq bilmirik: bir risalənin ərəbcə tərcüməsinə59 ön söz olaraq yazılmış bioqrafiyada şeyxin ərəb mənşəli, hətta Hüseyn ibn Əli ibn Əbu Talib sülaləsindən olduğu qeyd edilir. Lakin peyğəmbər övladından olmaq iddiası islam aləmində o qədər yayılmışdır ki, belə bir iddia insanda dərhal və hər zaman şübhə və tərəddüd hissləri oyadır. Şeyx Cəmaləddin Əfqaninin İstanbulda olarkən yoldaşlarına əslən türk olduğunu söyləməsi bu şübhə və tərəddüdü bir qədər də artırır. Doğulduğu yer də mübahisəlidir: Əfqani soyadına baxıb Kabil ətrafında doğulmuş olduğunu qəbul etsək belə, bu vəziyyət qövmünü müəyyənləşdirməkdə bizə bir ipucu verə bilməz. Əslən əfqan, fars, türk və ya ərəb olması mümkündür. Yalnız bu qətidir ki, Şeyx Cəmaləddin Əfqani ərəb, fars və türkcədə yaxşı danışırdı. Əsərlərinin çoxunu fars və ərəb dillərində yazmışdır. İslam aləminin hər tərəfini dolaşaraq dərs, öyüd və risalə halında fikirlərini yayan və təlqin edən, Şərq ilə bağlı düşüncələrini Avropa böyük dövlətlərinin mərkəzlərində qəbul etdirməyə və bəzi siyasi önləmlər almağa çalışan bu səyyah alimə “filan qövmdəndir” deməyə, məncə, gərək yoxdur. Qərblilərin “Un grande Europeen” dedikləri kimi, biz də Şeyx Cəmaləddinə “Böyük müsəlman” və ya “Böyük şərqli” deyib keçə bilərik.
Bu böyük şərqlinin fəaliyyət qayəsi, hətta həyat qayəsi Şərq islamiyyətinin geriləmə və çöküş səbəblərini axtarıb tapmaq və bu çöküşün qarşısını ala biləcək çarələri tətbiq etməyə çalışmaqdı. Araşdırmalarında müsəlmanların irqi məsələlərə və irqi birliyə önəm verməməsini geriləmə və çökmələrin səbəblərindən olduğu qənaətinə gəlmiş və buna görə müsəlman qövmlərinə – fars, hindu, türk – hansı olursa-olsun, irqə, milliyyətə, öz ifadəsi ilə desək, “cinsiyyətə” önəm vermələrini tövsiyyə etmişdir. Demək olar ki, Şeyx Cəmaləddin Əfqani islam aləminin yaşaya bilməsini, inkişafını, müsəlman qövmlərinin şüurlu milliyyətçi olmalarında və milliyyətləri (cinsiyyətləri) daxilində daim tərəqqi etmələrində görürdü. Şeyxin bu görüşünü isbat edən iki mənbəyə istinad edə bilərik: birincisi “Məqalati-Cəmaliyyə” adı ilə Hindistanda fars dilində yayımlanan toplusundan “Vəhdəti-Cinsiyə fəlsəfəsi və ittihadi-lisanın mahiyyəti-həqiqiyyəsi” (“İrq birliyi fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti”) adlı məqalədir, ikincisi milli türk şairi Məmməd Əmin bəyə tövsiyyələridir.
Türkcə tərcüməsi “Türk yurdu”nda çap olunmuş “Vəhdəti-cinsiyə fəlsəfəsi”nin tezisi budur: “Cinsiyyət (yəni milliyyət) xaricində xoşbəxtlik yoxdur. Dilsiz milliyyət olmaz, toplumdakı bütün təbəqə və siniflərin ifadə və istifadələri təmin edilməyincə bir dil meydana gələ bilməz.”60
Şeyxin düşüncələrinə görə: “İnsanlar arasında ünsiyyət dairəsi geniş olub bir çox fərdi bir-birinə yaxınlaşdıran iki bağ vardır: birincisi dil birliyi, başqa cür desək, cins birliyi (həm də soy birliyi), ikincisi din. Dil birliyinin, yəni cins birliyinin (başqa sözlə, irqin, milliyyətin) dünyada qalıcılığı və möhkəmliyi, heç şübhə yoxdur ki, dindən daha davamlıdır. Çünki dil tez müddətdə dəyişməyə məruz qalmır. Halbuki, ikincisi belə deyildir. Cəmi bir dildə danışan irqlər vardır ki, min illik zaman içində cinsiyyətdə (milliyyətdə) heç bir pozulma halları olmadığı halda, iki-üç dəfə din dəyişdirir.” Bu ümumi ifadədən Şeyx Cəmaləddinin din birliyindən çox milliyyət birliyinə və dolayısı ilə “ittihadi-islam”dan çox hər hansı cinsi, yəni irqi birliyə, məsələn, “Bütöv türkçülük”ə dəyər verdiyini anlamaq olur.
Diqqətəlayiq haldır ki, Şeyx Cəmaləddin Əfqani cinsiyyəti, yəni irqi alman filoloqları kimi dil birliyi ilə ifadə edir. Bu səbəbdən dilə, dilin zənginliyi və təmizliyinə, yəni terminlərinin dolğun olmasına və eyni zamanda, millətin müxtəlif təbəqələri tərəfindən anlaşılacaq şəkildə inkişafına çox önəm vermişdir: “Müəyyən bir irqə mənsub olan müxtəlif təbəqələrin ifadə və istifadəsini təmin edə bilməyən bir dil o irqin bütünlüyünü qoruya bilməz…”
İrqi nəticələri təqdir edən alimlərin ilk vəzifəsi öz dillərinin inkişafına xidmət etməkdir. Dil məsələsindən bəhs edərkən ana dilinin mümkün qədər qorunmasını, ehtiyac olarsa, öz dilinə yaxın dillərdən sözlərin alınmasını, başqa çarə qalmadıqda isə yad (xarici) kəlmələrdən yararlanmasını tövsiyyə edir: “Lakin müəyyən kəlmələr ana dili ilə elə uyğunlaşdırılmalıdır ki, yad söz olduğu mümkün qədər anlaşılmasın…”
Görünür, türkçülüyün son dövründə türkcənin inkişafı ilə bağlı ortaya atılan bəlli fikirlərin çoxunu güclü bir duyğu ilə yazılan bu məqalə qısa şəkildə əhatə etmişdir. Nəhayət, Şeyx Cəmaləddin Əfqani dünyada səadət deyə qəbul olunan bütün məsələlərdə uğurlu olmağın “vəhdəti-cinsiyə”nin, yəni milliyyətin (irqin) inkişafı və yetkinləşməsi ilə mümkün olduğu inancındadır.
Təhlil etdiyimiz bu lazımlı məqalənin ilk bölümü belə, ümumilikdə qiymətli fikirlərdən ibarətdir. İkinci hissə tamamilə hindlilərə xitabdır. Şeyx Cəmaləddin Əfqani öz məqaləsində mücərrəd və ümumi girişdən sonra, konkret və real tənqidlərə, öyüdlərə keçmişdir. Hindlilərə nəsihətləri üzərində israrla durduğu nöqtə “vətəni-dil” dediyi Urdu dilinin genişləndirilməsi və inkişafının mütləq şərt olduğudur. Çox qüvvətli bir duyğu ilə yazılan bu məqalənin son sözləri həmişəki kimi peyğəmbəranədir: “Bəzi dar düşüncəlilərin bu bəyanatıma heyrət edəcəklərini yaxşı bilirəm, amma zaman bu sözlərimin mahiyyətini açıqladıqca, ağıllı adamlar bu düşüncədə nə qədər doğru olduğumu, əlbəttə, təsdiqləyəcəklər”.
Əfqanlı Şeyxin şair Məmməd Əmin bəyə söylədikləri də məqaləsində yazdığı əsas fikirlərinin təbii nəticəsidir. Milli şairimiz hələ gənc ikən Cəmaləddinin Nişantaşındakı iqamətgahına gedirdi. Şeyx, şairə indi təhlil etdiyimiz məqaləsinin ruhunda xeyli öyüd və tövsiyyələr vermişdir. Bu öyüd və tövsiyyələrdən milli şairimizdən bəhs edərkən bir az geniş şəkildə şərh edəcəyik.
Qafqaz, Krım və Kazan türklərində milliyyət fikri
Türk milliyyəti fikrinin Qərb (Osmanlı) türkləri arasında ikinci dəfə önəm qazandığı dövr ilə, o dövrü təqib edən illərdə, yəni 1876-1883-cü illərdə bu düşüncənin Qafqaz, Krım və Kazan türkləri arasında da ortaya çıxdığına şahid oluruq. Qafqaz, Krım və Kazanda milliyyət fikri yaşadıqları mühitin siyasi, sosial və iqtisadi şərtləri ilə yanaşı, İstanbul və Rusiyada mövcud olan ictimai düşüncənin təsiri altında doğulmuşdur. Fikrimcə, təsir baxımından İstanbul fikir cərəyanı daha öndə idi. Rusiyada yaşayan türklər arasında milliyyət fikrinin ilk olaraq Osmanlıya yaxınlığı, İstanbulla əlaqələri daha çox olan Qafqaz və Krımda təzahür etməsi də bunu göstərir.
Qafqaz və Krımda milliyyət, yəni türkçülük fikri başlanğıcda İstanbulda olduğu kimi, digər fikirlərlə – islamçı və yenilikçi fikirlərlə qarışıq olaraq meydana çıxır. Azərbaycanlı Fətəli Axundzadənin XIX əsrin ortalarına doğru özünü göstərən düşüncə və ədəbi fəaliyyətindən yuxarıda bəhs etmişdik. Mirzə Fətəli açıq-aydın türk milliyyətçiliyi fikrini yaymamışdır, ancaq komediyaları ilə, hərflərin islahı təşəbbüsü ilə bu məqsədə doğru addımlar atmışdır.
Rusiyada ilk türkcə qəzet:
Həsən Bəy Zərdabinin “Əkinçi”si
Axundzadənin ölümündən üç il öncə, yəni 1875-ci ildə yenə azərbaycanlı bir şəxs – Məlikzadə Həsən bəy Zərdabi Bakıda bütün Rusiyada ilk türkcə qəzet olan həftəlik “Əkinçi” qəzetini nəşr etməyə başlamışdır. Həsən bəy məmləkətində ana dili ilə bərabər, ərəb və farsca oxuduqdan sonra, Tiflis gimnaziyasını və Moskva Universtitetinin təbiiyyat fakültəsini bitirmişdir. Qəzeti çıxardığı zaman Bakı gimnaziyasında təbiət müəllimi idi. Təbiətçiliyindən təsirlənərək “Əkinçi” adını verdiyi qəzetində əkinçiliyə, ümumiyyətlə, maddi və iqtisadi məsələlərə çox önəm verirdi. Həsən bəyin millət tarlasına əkmək istədiyi toxumlar tərəqqi və yenilik toxumlarıdır. “Əkinçi”nin fəaliyyəti 1875-dən 1877-yə qədər davam edir. Türk-Rus Müharibəsi zamanı nəşri çar hökuməti tərəfindən yasaqlanaraq dayandırılır.
“Əkinçi”nin iki-üç illik fəaliyyətində Həsən bəyin iqtisadi, sosial və siyasi həyata, hər şeydən öncə Darvinin kainatda müşahidə etdiyi “Struggle for Life” (“Yaşamaq uğrunda mübarizə”) düsturuna çox dəyər verdiyi və bu həqiqəti millətinə anlatmaq istədiyi gözə çarpır. Zərdabi “Həyat üçün mübarizə”ni “Zindəganlıq cəngi” deyə tərcümə edir və bütün məqalələrində “zindəganlıq cəngi” deyimi davamlı təkrarlanır. Zərdabinin istəyi bu idi ki, milləti, yaxud özünün dediyi kimi, “müsəlmanlar bu cəngdə məğlub olaraq məhv və pərişan olmasınlar!”
“Əkinçi” ümumiyyətlə, siyasətdən, xüsusən siyasi hadisələrdən az bəhs etmişdir. Buna səbəb zamanın senzura şərtlərinin əlverişli olmaması idi. Bununla belə, “Əkinçi”də siyasi məsələlər getdikcə çoxalmışdır. Son nüsxələrinin siyasi məqalələrində türk milliyyətçiliyi müəyyən dərəcəyə qədər sezilir. Məsələn, 14-cü sayında türk dillərinin birləşdirilməsini nəzərdə tutan bir məqalə nəşr olunmuşdur (26 sentyabr, 1876). Eyni nüsxədə türk dilində elm və ədəbiyyatın yaradılması istəyi ilə yazılmış digər bir məqalə də vardır. Bir neçə nüsxədən sonra dil məsələsindən təkrar bəhs edərək elmin məktəblərdə, hətta gimnaziyalarda (yəni rus hökumətinin Azərbaycandakı gimnaziyalarında) ana dili ilə (türkcə ilə) tədris edilməsi zərurətindən yazır.
Türk-Rus Müharibəsi başladıqdan sonra “Əkinçi”nin müharibə xəbərlərini ardıcıl şəkildə verə bilmədiyi görünür. Bu xəbərlər bəzi nüsxələrdə çox olurdusa, bəzi nüsxələrdə yox deyiləcək qədər azdır. Bu səbəbdən, Həsən bəy üstüörtülü şəkildə qəzetinin hürriyyətsizliyindən şikayət edir. Müharibə xəbərləri arasında Osmanlı türklərinə rəğbəti özündə ehtiva edən məqamlar da yox deyildir.
“Əkinçi” ilk nüsxələrindən başlayaraq oxucu azlığından şikayət edir. Millətinin oxumağa meylli olmadığından çox kədərlənən Həsən bəyin qəlbindən sonda belə bir şikayət qopur: “Ey qardaşlar, sizin can çəkişmənizdə bircə qəzetiniz ki “Əkinçi”dir, qoy o da ölsün!”
Qəzetin ilk ilində 600 oxucusu olsa da, bu rəqəm get-gedə 283 olmuş, nəhayət, müharibə zamanında 200-ə enmişdir. Qəzetin bu şərtlər altında yaşaya bilməyəcəyi təbii idi.
Ünsizadələr mətbuatı
“Əkinçi”nin nəşri dayandığı ildə (1877), Qafqazın idarəçilik mərkəz olan Tiflis şəhərində Ünsizadə Səid və Cəlal qardaşları tərəfindən qurulan bir mətbəədə “Ziyayi-Qafqaziyyə” adlı həftəlik qəzet nəşrə başlanmışdır. Ünsizadə Səid Əfəndi o zamanlar Şirvanda Şamaxı şəhərinin qazısı (hakim) idi. Ünsizadə Cəlal bəy Şərq elmləri ilə bərabər, rus şəhər məktəbində rus dilini öyrənmiş bir gəncdi.61 “Ziyayi-Qafqaziyyə” 12 il yayımlanmış və nəşrə başladığından 10 il sonra sahibləri ona “Kəşkül” adlı həftəlik bir dərgi də əlavə etmişdilər.
Ücretsiz ön izlemeyi tamamladınız.