Kitabı oku: «Qutadqu bilik»
Yusif Xas Hacib
Uşaqlar üçün
Qutadqu-bilik
Yusif Xas Hacib
(1017-1077)
Önəmli türk ədəbiyyatçısı və dövlət xadimi Yusif Xas Hacibin 1017-ci ildə Qırğızıstanın Balasaqun şəhərində dünyaya gəldiyi təxmin edilir. Yusif Xas Hacib Türk-İslam tarixi və mədəniyyətində önəmli hadisələrdən hesab olunan bu əsərini 1070-ci ildə Qaraxanlı hökmdarı Uluğ Qara Buğra xana ithaf edib.
“Qutadqu-bilik” “qutlu”1 olmağın bilgisini verən əsər olaraq qələmə alınıb. Bu əsər dövlət qulluğunda olanlar üçün adi nəsihət kitabı deyil. Eyni zamanda insan həyatının anlamını açmağa çalışan, cəmiyyət və dövlət işindəki xidmətlərə yön verən həyat fəlsəfəsi təqdim edir.
Yusif Xas Hacib bu əsərində fərd, cəmiyyət, dövlət münasibətlərini ən mükəmməl şəkildə işləyib. Bu münasibətlərin nizamlanmasında vacib rol oynayan bilik və fəzilətlərin nədən ibarət olması, bunların necə əldə edilərək istifadəyə verilməsi üzərində sənətkarlıqla durub.
Güman edilir ki, Yusif Xas Hacib 1077-ci ildə vəfat edib.
Gündoğdu
Hələ uzun illər əvvəl türklər Türküstan deyilən gözəl ölkədə yaşayıblar. Ən yaxın dostları olan bir-birindən gözəl atlarıyla dağlardan ovalara, göllərdən dənizlərə, çöllərdən meşələrə qədər bütün dünyanı gəzərək acları doyurub, paltarsızları geyindiriblər. Haqsızlığa uğrayanlara haqq, zülm görənlərə ədalət bəxş ediblər. Bu həm çox qədim türk törəsi olub, həm də müsəlman olmağın zərurəti.
Gözəl Türküstan ölkəsində Gündoğdu adlı xaqanı olan dövlət vardı. Türküstanda yaşayan hər kəs Gündoğdunu tanıyır, sevirdi. Çünki o dürüst, güclü, xalqını sevən, ədalətli və ağıllı xaqan idi. Atası kimi o da xalq arasında qarnı ac olanı doyurur, paltarı olmayana geyim verir, evsizə ev, işsizə iş tapırdı. Buna görə hələ doğulanda onu dünyanı isidən Günəşə bənzətmiş və adını Gündoğdu qoymuşdular. Hamı Xaqan Gündoğdunu çox sevir, xalq hüzur, əmin-amanlıq içində yaşayırdı.
Gündoğdu dövlətini, xalqını uzun illərdən bəri sülh içində idarə edirdi. Xalqının xoşbəxtliyi üçün gecələr yatmır, gündüzlər bir yerdə oturmurdu. Dayanmadan işləyir, bütün dövlət işlərini təkbaşına irəli aparırdı. Nəhayət, bütün bunlardan yorğun düşdü. Elə yoruldu ki, iş görməyə halı qalmadı. O məqamda bütün işləri təkbaşına görməyin çətin olduğunu anladı. Təkbaşına bu işləri necə edə bilirdi? Bir insan hər şeyin ən doğrusunu, ən yaxşısını nə cür bacara bilərdi ki?
Bir az fikirləşəndən sonra özünə köməkçi tapmağı qərara aldı. Amma bu köməkçi çox ağıllı, çalışqan, cəsur, bacarıqlı, üzüyola, dürüst, verdiyi sözün üstündə duran şəxs olmalı idi. Ən əsas da insanları, heyvanları, təbiəti sevən yaxşı insan olması lazım idi. Yoxsa gördüyü işlər yaxşı olmaz, xalqa firavanlıq, xoşbəxtlik gətirməzdi.
Xaqan Gündoğdu özünə köməkçi tapa bilmək üçün bütün ölkəyə xəbər saldı. O, saraya gəlib ona köməkçi ola biləcəyini deyən adamlarla danışıb müxtəlif suallar verdi. Çoxu ağıllı, amma özündənrazı idi. Bəziləri də çalışqan, bacarıqlı olsa da, insanlara, heyvanlara və təbiətə qarşı hörməti yoxdu. Ən pisi isə yalançı, etibarsız adamlardı. Xaqan Gündoğdu onların hamısını saraydan çölə atdırdı. Görəsən, axtardığı xüsusiyyətlərə malik köməkçi tapa biləcəkdimi?
Aydoldu
Gözəl Türküstan ölkəsinin ucqar şəhəri olan Balasaqunda Aydoldu adlı gənc yaşayırdı. Aydoldu həm ağıllı, həm çalışqan, həm də cəsurdu. Xeyli kitab oxumuş, bir sıra müəllim və elm adamlarından dərs almışdı. Üstəlik çox yaxşı insan idi. Hər kəs onu sevirdi. Dürüst, bacarıqlı, üzüyola, həmişə doğruları danışan insan olduğu üçün hamının hörmətini qazanmışdı. Pislik etməz, hər kəsin köməyinə çatardı. Heyvanlara, təbiətə qarşı anlayışlı davranardı. Buna görə insanlar, hətta heyvanlar da onu görəndə sevinir, ətrafına toplanırdılar.
Bir gün Aydoldu şəhərdə gəzərkən iki insanın uca səslə danışdığını eşitdi:
– Allah Xaqan Gündoğdudan razı olsun! Bizimçün gecə-gündüz işləyir.
– Hə, haqlısan. Çox işləyir. Deyilənə görə, çox yorulub, xəstə düşüb. Buna görə özünə köməkçi axtarır. Amma hələ istədiyi xüsusiyyətlərə sahib bir nəfər tapa bilməyib.
– Təkbaşına bu qədər işlə necə maraqlansın? İnşallah, özü kimi nəcib xüsusiyyətlərə malik insan tapar, ölkə, dövlət işləri yoluna düşər. Yoxsa sevincimiz qursağımızda qalar.
Aydoldu Xaqan Gündoğdunun yorulub xəstə düşdüyünü eşidəndə məyus oldu. Çünki ona böyük sevgi və sayğı bəsləyirdi. Ona necə kömək edə biləcəyi barədə düşüncələrə daldı. Bu günə qədər çox kitab oxumuşdu. Həmin kitablardan öyrəndikləri həyatında ona çox fayda vermişdi. Görəsən, oxuyub-öyrəndikləri ilə xaqana kömək edə bilərdimi?
Ana-ata duası
Aydoldu böyük həyəcan içində evə getdi. Eşitdiklərini ana-atasına danışıb dedi:
– Anacan, atacan, məni xeyirli dualarınızla böyüdüb başa çatdırdız. Dövlətə, millətə faydalı olacağımı arzulayaraq böyütdüz. Ehtiyacı olanlara kömək etməyi öyrətdiz. Eşitmişəm, Xaqan Gündoğdu yorğunluqdan xəstə düşüb. Buna görə özünə dövlət işlərində kömək edəcək bir nəfər axtarır. Amma heç cür istədiyi xüsusiyyətlərə sahib adam tapa bilmir. İcazə versəz, Xaqan Gündoğdunun paytaxt Kaşğardakı sarayına gedib köməkçilik vəzifəsinə talib olardım.
Anası əvvəlcə məyus oldu. Hər ana kimi balasının evdən gedəcəyi fikrindən təlaşa düşdü. Atası isə bundan narahat olsa da, büruzə vermədi. Xanımına dönüb dedi:
– Xanım! Biz Aydoldunu dürüst, ağıllı, çalışqan övlad olaraq böyütməyə çalışdıq. İstədik, dövlətə, millətə xeyirli, faydalı insan olsun. O da usanmadan oxuyub özünü inkişaf etdirdi. Bacarıqlı, mərhəmətli, dürüst insan oldu. Əgər Xaqan Gündoğdunun yanında dövlətinə, millətinə faydalı olacaqsa, Allah yolunu açıq eləsin!
Anasının da razılığını alandan sonra Aydoldu hazırlaşmağa başladı. Əşyalarını toplayıb çantasına qoydu. Yol yoldaşı olan atını yəhərlədi. Ox-kamanını da yanına alıb ana-atasının əlini öpərək xeyir-dua istədi. Çünki övlad üçün ana-ata xeyir-duasının nə qədər önəmli olduğunu bilirdi. Əgər xeyir-dualar olmasaydı, heç bir işi düzgün getməzdi.
Aydoldu və dostu Küsəmiş
Aydoldu dağ aşıb dərə keçib, uzun yol getdi. Yolda sərt küləklə, fırtına ilə boğuşdu. Bəzən yağışda islandı, bəzən istidə qovruldu. Palçığa batdığı da oldu, atını səhra qumlarında sürdüyü də. Nəhayət, Xaqan Gündoğdunun yaşadığı şəhərə – paytaxt Kaşğara gəlib çatdı.
Bir məsələ vardı ki, Kaşğarda heç kəsi tanımırdı. Üstəlik onu da burada tanıyan yoxdu. Xaqanın sarayına necə girəcəyini, onunla nə cür görüşəcəyini bilmirdi.
Gecəni dövlət mehmanxanasında keçirdi. Burada yolçular qonaq edilir, yemək-içmək, gecələmək üçün otaq verilirdi. Bir neçə gün burada qalmalı oldu. Bu yad şəhərdə tanışı olmadığından özünü tənha hiss edib çətinlik çəkirdi. Amma bir müddət sonra ağlı, biliyi, xüsusilə, gülər üzü sayəsində özünə xeyli dost tapdı.
Bunlardan biri Küsəmiş idi. Küsəmiş insanlara kömək etməyi özünə məslək seçən insandı. Aydoldu ona öz sirrini açdı. Kim olduğunu, öz diyarından qalxıb bura niyə gəldiyini təfərrüatı ilə danışdı.
Aydoldu Küsəmişin etibarını qazandı. Xaqanın çox sevib sayğı göstərdiyi ağıllı, bilikli, dünyagörmüş bir dövlət adamının yanına getdi. Dövlət idarəçiliyində söz sahibi olan bu cür adamlara “ağsaqqal” deyirdilər. Küsəmişin görüşdüyü bu ağsaqqal da xaqanın ən yaxın adamlarından idi. Onu “Hacib” deyə çağırırdılar.
Küsəmiş Hacibə Aydoldunun dürüstlüyündən, biliyindən danışdı. Aydoldunun istəyindən də bəhs etdi. Hacib düşüncələrə daldı, sonra Küsəmişə dedi:
– Əvvəl gərək Aydoldunu görüb tanıyım. Əgər hökmdarın axtardığı xüsusiyyətlərə sahib olsa, onu xaqanın hüzuruna çıxararam.
Küsəmiş sevinclə Aydoldunun yanına gəldi. Haciblə söhbətini başdan-ayağa nəql etdi. Sonra bildirdi:
– Aydoldu, üzünə gün doğub. Elə indi Hacibin yanına get, onunla danış. Səni görüb tanısın. Sözünü dinləsin. Bütün dediklərini ona danışdım, amma fikrini məndən daha yaxşı çatdıra bilərsən.
Aydoldu bu xəbərə çox sevindi. Dərhal hazırlaşdı. İkisi birlikdə Hacibin evinə yollandılar. Qapıya çatanda atdan düşdülər. Hacibin adamı gəlib onları qarşıladı. İçəri əvvəlcə Küsəmiş girdi. Haciblə görüşüb çölə çıxdı. Aydoldunu da yanına alıb Hacibin yanına apardı.
Aydoldunun ilk sınağı
Hacib Aydoldunu çox yaxşı qarşılayıb yuxarı başda oturtdu. Əvvəlcə yemək gətirtdi. Ardınca mehriban söhbətə başladılar. Hacib Aydoldudan kim olduğunu, haradan gəlib nə istədiyini soruşdu. Onu tanımaq istəyirdi. Aydoldu isə həmişəki kimi, doğru söz, gülər üzlə cavab verdi. Hacib Aydoldunun bilikli, dürüst, səlis danışan biri olduğunu görüb sevindi. Üzü, geyimi, davranışı, danışığı, yəni hər bir xüsusiyyəti ilə hökmdarın xidmətinə layiq bildi. Aydolduya belə dedi:
– Səni xaqanla tanış edəcəyəm. Beləcə, istədiyinə çatarsan. Amma xaqanın suallarına doğru cavab verərsənmi, səni köməkçisi götürərmi, ya yox, bunu bilmirəm.
Aydoldu çox sevindi. Hacibə və özünü onunla tanış edən dostuna təşəkkür etdi. Amma Hacib onu sonuncu dəfə yoxlamaq istəyirdi. Aydolduya baxıb dedi:
– Gərək tələsməyəsən. Mən xəbər edənədək səbir edə biləcəksənmi? Yalnız vaxtı çatanda səni xaqanla görüşdürə bilərəm.
Aydoldu cavab verdi:
– Bilirəm ki, hansı işdə tələsərlərsə, o iş uzanıb gecikər. Tələsik görülən işlər peşmanlıqla nəticələnər. Hər iş öz vaxtında olar. Mənə vaxt ayırıb dəyər verdiniz. Görüşüb sözlərimi dinlədiniz, məni tanıdınız. İndi nə etməli olduğumu, işin ən doğru vaxtını siz daha yaxşı bilirsiniz. Səbirlə sizdən xəbər gözləyəcəyəm.
Hacibin Aydolduya sevgisi bir az da artdı. Çünki Aydoldunun tələskən olub-olmadığını anlamaq istəmişdi. Amma Aydoldu tələsik işin sonunun yaxşı olmadığını, səbirli davranmağın önəmini bildiyini çoxdan göstərmişdi. Hacib Aydoldu və Küsəmişi xeyir-dua ilə yola saldı. Aydoldunun ağıllı insan olduğunu anlamışdı. Artıq könül rahatlığı ilə Xaqan Gündoğduya ondan bəhs edə bilərdi.
Xaqan Gündoğdu ilə Aydoldunun görüşü
Aradan xeyli vaxt keçdi. Nəhayət, Hacib uyğun zamanın yetişdiyini düşünüb Xaqan Gündoğdunun yanına getdi. Gündoğdu məyus halda taxtında oturmuşdu. Ən etibatlı adamlarından olan Hacibi görəndə sevindi. Hacib xaqana salam verib vaxt itirmədən söhbətə başladı:
– Xaqanım, Aydoldu adlı bir ağıllı adamla tanış olmuşam. Ona cürbəcür suallar verdim. Onu yaxşıca ölçüb-biçib sınağa çəkdim. Ağıllı, bilikli, çalışqan və çox yaxşı insan olduğunu gördüm. Davranışını da çox bəyəndim. Əgər uyğun görsəniz, hüzurunuza dəvət edə bilərəm. Siz də ondan istədiyinizi soruşun. İstədiyiniz kimi sınağa çəkin. Bu bilikli şəxs axtardığınız köməkçi ola bilər.
Hacibi diqqətlə dinləyən Gündoğdu çox sevindi. Aydoldunu görmək üçün səbirsizləndi. Görəsən, hökmdarın illərlə axtardığı o ağıllı, bilikli, çalışqan köməkçi Aydoldu ola bilərdimi? Bunu bilmək üçün Hacibdən Aydoldunu yanına çağırmasını istədi.
Aydoldu səbirlə Hacibdən xəbər gözləyirdi. Hacib adam göndərib onu çağırtdırdı. Aydoldu dərhal atını minib gəldi. Hacib onu qarşılayıb içəri apardı, sayğıyla yuxarı başda oturtdu. Sonra yubanmadan xaqanın yanına getdi. Aydoldunun gəldiyini xəbər verdi. Xaqan Gündoğdu onu dərhal içəri gətirmələrini bildirdi.
Aydoldu Xaqan Gündoğdunun hüzuruna çıxıb onu salamladı. Gündoğdu ondan soruşdu:
– Adın nədir? Hardan gəlmisən?
Aydoldu cavab verdi:
– Ey böyük xaqan! Adım Aydoldudur. Sizin köməkçi axtardığınızı eşitdim. Anamla atamın xeyir-duasını alıb, xurcunumu götürüb, atıma süvar olub ölkəmizin ucqar şəhərindən gəlmişəm., Bəzən ağacın kölgəsində yatmış, bəzən də dövlətimizin tikdiyi mehmanxanada gecələmişəm. Dağlar aşıb, dərələr keçib uzun yol gəlmişəm. Məqsədim sizinlə görüşməkdi. İndi hüzurunuzdayam. Yeganə istəyim sizə və dövlətimizə xidmət etməkdir.
Aydoldu o qədər sakit, zərif və gözəl danışırdı ki, Xaqan Gündoğdunun xoşuna gəldi. Bu qədər uzun yol gəlməsini, hər cür zəhmətə qatlanmasını çox bəyəndi. Dövlətə, millətə xidmət etmə həyəcanını, dürüstlüyünü təqdir etdi. Axtardığı ağıllı köməkçinin Aydoldu olduğunu anladı. O həm ağıllı, həm bilikli, həm dürüst, həm də çalışqandı. Ən əsası da insanları, heyvanları, təbiəti sevir, ehtiyacı olan hər kəsə kömək etməyi özünə borc bilirdi. Xaqan ona dedi:
– Səni görüb tanıdım. Ölçüb-biçdim, sözlə sınağa çəkdim. Zahiri görünüşün, davranışın məni çox sevindirdi. Əgər xidmətimdə olsan, həmişə yanımda qalacaq, dövlətin, millətin hər işində mənə yol göstərəcəksən. Amma doğru-dürüstlükdən heç vaxt ayrı düşməməli, gecə-gündüz demədən xalqın rifahı üçün çalışmalısan. Əgər qəbul edirsənsə, elə bu gündən xidmətə başlaya bilərsən.
Aydoldu çox sevindi. Dərhal Xaqan Gündoğdunun təklifini qəbul etdi. Artıq qazandığı bütün biliklərini ölkəsinin firavanlığı uğrunda xərcləyəcəkdi. Xaqana baxıb dedi:
– Xaqanım, əlimdən gəldiyi qədər sizə və xalqıma xidmət edəcəyəm. Bu vəzifəni alnıaçıq bacarmaq üçün Allah mənə qüvvət versin, səhv addım atmaqdan qorusun!
Ücretsiz ön izlemeyi tamamladınız.