Kitabı oku: «Müqəvva»
Vladimir Jeleznikov
Müqəvva
povest
Birinci hissə
Lenka şəhərin ensiz, əcaib tərzdə donqar küçələrində qarşısına çıxan heç nəyə fikir vermədən qaçırdı.
Birmərtəbəli, güpür pərdəli, hündür xaç şəkilli teleantenalı evlərin qarşısından üzüyuxarı qaçırdı.
Uzun divar və darvazaların, səbətdəki pişiklərin və hasar önündəki qəzəbli itlərin yanından ötüb düz aşağı qaçırdı.
Yaxası açıq gödəkçəsi, gözlərində çarəsizlik, anlaşılmaz tərzdə pıçıldadı:
– Baba! Əziz, baba! Gedək! Gedək! Gedək!.. – Qəfil hönkürtü ilə, – Həmişəlik!.. Zalım insanlardan uzaqlara! Qoy onlar bir-birini gəmirsinlər! Canavarlar!.. Çaqqallar!.. Tülkülər!.. Baba!..
– Dəliyə bax! – İtələyib keçdiyi insanlar onun arxasınca deyirdilər, – Motosiklet kimi uçur.
Lenka tənginəfəs küçənin başına qaçırdı. Sanki səmaya uçmaq üçün sürət götürürdü. Əslində, elə həmin dəqiqə bu şəhərdən, hər kəsdən uzaqlara, səmaya uçmaq istəyərdi. Elə bir yerə ki, orada hüzur və sevinc məhz onu gözləyirdi.
Sonra kəskin sürətdə üzüaşağı qaçmağa başladı. Bu yolla sanki yıxılıb başını yaralanmaq istəyirdi. Belə bir məqamda özünə zərər verməyə də hazır idi.
Maraqlıdır, görəsən, ona nə ediblər? Həm də nəyə görə?
İkinci hissə
Lenkanın babası Nikolay Nikolayeviç Bessolçev uzun müddətdi ki, qədim rus şəhərciyində, Kaluqa və Serpuxa arasında, Okanın sahilində yerləşən şəxsi evində yaşayırdı. Bura elə bir şəhərcikdi ki, bəlkə də, yer üzündə sayı onlarla olardı. Şəhərin səkkiz yüz yaşı vardı. Nikolay Nikolayeviç şəhərin tarixini yaxşı bilirdi. Şəhərin qədim küçələrini hər dəfə dolaşaraq təsvirlərlə dolu qədimi kurqanların yanından ötəndə, kaprifol kollarının, tozağacının altından keçəndə belə onlara dəyər verir, hərəsiylə bağlı bir xatirə yada salırdı.
Şəhər tarix boyu az fəlakət yaşamamışdı.
Xanın ordusu oxlarla və əyri qılınclarla silahlanaraq “Ta Rus! Ta Rus!” deyərək onlarla ölümünə döyüşmüşdülər. Bu yolla çayın bu sahilini ələ keçirib, Moskvanı qarət etmək istəyirdilər.
Hətta 1812-ci ildə baş vermiş Vətəndaş müharibəsi də şəhərə zərərsiz ötüşmədi. Kutuzovun ordusu şəhərdən keçərkən özü ilə mina atanları, arabaları, atları, əsirləri, yüngül və ağır artilleriya, haubitsaları, ehtiyat arabaları apardığı üçün onsuz da köhnə olan yolları lap pis hala salmışdı. Daha sonra elə həmin küçələrdə rus əsgərlər qeyri- insani şücaətlə, gecə-gündüz, aclıq-toxluq demədən fransızları qovaraq şəhərdən uzaqlaşdırmışdılar. Hələ də məlum deyil ki, əsgərlər aclıq və epidemiya vaxtı həmin gücü haradan əldə etmişdilər. Hətta Qafqazın Ruslar tərəfindən fəth edilməsi şəhərə təsirsiz ötüşməmişdi. Qiyamçı Şamil və onu müşayiət edən dağlılar şəhərdə yaşayırdı. Onlar ensiz küçələrdə dolaşır, darıxaraq üfüqdə dağ zirvələri axtarırdılar.
İlk imperialist fırtınası şəhərdəki bütün kişiləri apardı və əksəriyyətini şikəst halda geri qaytardı. Kiminin ayağı, kiminin qolu olmasa da, inanılmaz dərəcədə qəzəbli və qorxmaz olmuşdular. Onlar üçün azadlıq öz həyatlarından daha dəyərli idi. Bu kiçik, sakit şəhərə inqilabı məhz onlar gətirmişdi.
Bir neçə il sonra faşistlər gəldilər və şəhərdə edam, qiyam, yanğın, ölüm dalğası tüğyan etməyə başladı. Zaman keçdi, müharibə başa çatdı və şəhər yenidən dirçəldi. İndiki kimi o zaman da iki təpəliyin kəskin enişində, çayın sahilində yerləşirdi.
Belə təpəliklərdən birində Nikolay Nikolayeviçin köhnə, bərk odundan tikilmiş, zamanla qaralmış evi ucalırdı. Onun təpəyə açılan dördbucaqlı pəncərələrinə dörd eyvan yaraşıq verirdi. Üzü çəmənliyə açılan bu qara, amma sadə ev qonşuluqdakı əlvan rəngli evlərdən fərqlənirdi. Bu ev küçədəki evlər arasında, sarı bülbüllərin içində qara qarğa kimi gözə batırdı.
Bessolçevlərin evi bu şəhərdə lap çoxdan, hətta yüz il əvvəl tikilmişdi. İğtişaş vaxtı bu evi yandırmamışdılar. İnqilab vaxtı evi Nikolay Nikolayeviçin atası həkim Bessolçevə görə müsadirə etməmişdilər. Bütün rus qəsəbələrindəki digər həkimlər kimi o da bu şəhərdə özünə görə hörmət qazanmışdı.
Faşistlərin dövründə o, öz evini hərbi hospital edib bütün alman əsgərlərini müalicə edirdi. Evin zirzəmisində isə hər kəsdən gizlin rus əsgərləri onun sayəsində alman dərmanları ilə müalicə olunurdu. Məhz bu hərəkətinə görə onu öz evinin geniş həyətindəcə güllələdilər.
Bu dəfə isə evi Sovet qoşunlarının gəlişi xilas etdi. Bessolçevlərin kişiləri müxtəlif müharibələrə gedib qayıtmasalar da, ev daim insanlarla dolu olurdu və uzun illər necə durursa, eləcə də durmağa davam edirdi. Döyüşə gedib qayıtmayan Bessolçevlərin bir qismi naməlum adıyla, mərkəzi Rusiyada, uzaq şərqdə, Sibirdə və başqa ərazilərdə, bəziləri qardaşlıq qəbiristanlığında basdırılıb.
Nikolay Nikolayeviçin gəlişinədək evdə Bessolçevlərdən biri, qohumlar tərəfindən nadir halda yad edilən qarı yaşayırdı. Bessolçev nəslinin bəzi nümayəndələri bütün Russiyaya yayılmış, bəziləri də azadlıq uğrunda döyüşlərdə həlak olmuşdu. Bütün bu baş verənlərə baxmayaraq ev yenə də yaşayırdı.
Amma bir gün evin qapılarını qıran bir neçə kişi içində qarının cəsədi olan tabutu çıxarıb, səssiz-səmirsiz yerli qəbiristanlıqda basdırdılar. Bu hadisədən sonra qonşular evi nəmişlikdən qorumaq üçün havalandırıcıları doldurub, qapı-pəncərələrini taxtalarla örtüb mismarladılar.
Ev ilk dəfə həm kar, həm də lal oldu.
Elə məhz belə günlərin birində Nikolay Nikolayeviç 30 ildən sonra evə qayıtdı. Təzəlikcə həyat yoldaşını dəfn etmiş Nikolay Nikolayeviç möhkəm xəstələnmişdi. O, ölümdən qorxmurdu, əksinə, onu labüd hesab edirdi. Amma yenə də öz doğma evinə qayıtmaq istəyirdi. Məhz bu istəyinə görə xəstəliyi ilə mübarizə apararaq, ayağa qalxıb yoluna davam etməyi bacardı. Nikolay Nikolayeviç yenidən uzun və yuxusuz gecələrdə bir-birini əvəzləyən tanış simaların əks olunduğu köhnə divarların əhatəsində olmağı arzulayırdı.
Bəs sadəcə bir anlıq bu anı görmək və hiss etmək, sonra əbədiyyən itirmək naminə geriyə qayıtmağa dəyərdimi?
Başqa yol yoxdur… – deyə fikirləşib, doğma diyarına yola düşdü.
Xəstəliyinin ən pis məqamlarında, o tənha gecələrdə, müharibədən aldığı yaraların ağrısı kəskinləşəndə, hətta bir kəlmə söz deməyə halı qalmayanda belə gözləri önündə doğma evi canlanar və məhz bu an Nikolay Nikolayeviçin zehni açılar, özünü yaxşı hiss edərdi. O, bütünlüklə anlayırdı ki, keçmişinə aid bu xatirələr ona yaşam qədər vacibdir.
Onun gəlişinədək ev bir il kimsəsiz qaldı. Onu yağış sulayır, damını qar örtür və heç kəs evin qarını təmizləmirdi. Kimsəsiz ev neçə vaxtdı boyanmır, damır, bəzi yerləri paslanmış, eyvanın nərdivanları isə çoxdan çürümüşdü.
Nikolay Nikolayeviç doğma küçələri və evini görəndə ürəyi necə sürətlə döyündüsə, evədək gedə bilməyəcəyindən qorxdu. O, bir neçə dəqiqə dayanıb nəfəsini dərdikdən sonra bir hərbiçi ədasıyla küçəni keçdi. Qətiyyətlə qapının cəftəsini çəkib həyətə girdi, komadan balta götürüb qapı-pəncərəyə vurulmuş taxtaları sökməyə başladı.
Baltayla taxtaları sökərkən ilk dəfə idi ki, ürəyinin xəstəliyi yadından çıxmışdı. Düşündüyü bir şey vardı: bütün taxtaları sökməli, evin qapı-pəncərələrini taybatay açıb onun yenidən yaşamağına imkan verməlidir.
İşini yenicə bitirmişdi ki, arxasında ona maraqla baxan insanları gördü. Əllərini qoyunlarına qoymuş, qadınlar aralarında onu müzakirə edərək, Bessolçevlərdən kim olduğunu müəyyən etməyə çalışırdılar. Ancaq onlar o qədər gənc idilər ki, Nikolay Nikolayeviçi tanımadılar. Baxışları kəsişəndə qadınlar gülümsündü və xüsusi maraqla necəsə sözə başlamaq istəyirdilər ki, Nikolay Nikolayeviç başı ilə salamlaşıb, çantalarını götürərək qapı kandarında gözdən itdi. Nikolay Nikolayeviç adamayovuşmaz olduğundan susmurdu, sadəcə evi görcək necə həyəcanlanmışdısa, sevincdən bütün ruhu titrəyirdi. Axı bu ev onun üçün sadəcə doğma deyildi, eyni zamanda həyatı, beşiyi idi.
Xatirələrində bu ev geniş, rahat idi. Evdən hər zaman ocaqdan yeni çıxmış isti çörək, təbii süd və yenicə silinmiş döşəmə ətri gələrdi. Hələ Nikolay Nikolayeviç balaca oğlan olanda həmişə düşünürdü ki, bu evdə təkcə baba-nənə, ata-ana, bacı-qardaş, əmi-dayı, xala-bibi, gələn-gedən uzaq qohum-əqrəbadan savayı, həm də beş otağın hər birində divarları bəzəyən rəsmlərdəki insanlar da yaşayır.
Rəsmlərdə qeyri-adi geyimdə oturmuş ciddi nəzərli kişi və qadınlar təsvir edilmişdi. Qadınlar qızılı işləməli, uzun şleyfli geyimdə, saçları isə hündürdən yığılmış, tac taxılmışdı. Kişilər göz qamaşdıran bəyaz, mavi, yaşıl dik boyunlu mundirdə, gümüşü, ya qızılı çarxı olan uzunboğaz çəkmədədirlər.
Sinəsi müxtəlif orden və medallarla bəzənmiş paradlıq mundirdə təsvir edilmiş məşhur general Rayevskinin portreti evin ən diqqətçəkən hissəsindən asılmışdı.
Həmin “şəkildəki insanları”n bu evdə onlarla birlikdə yaşadığını daim hiss edirdi və qəribədir ki, bu hiss heç vaxt, hətta böyüsə belə onu tərk etmirdi.
Bütün bunları izah etmək çox çətindi. Amma müharibənin ən kəskin anlarında, xəstəlikdən canverəndə təkcə öz doğmaları haqqında yox, eyni zamanda heç vaxt tanımadığı o “şəkillərdəki insanlar”ı da yada salırdı.
Məsələ bundadır ki, Nikolay Nikolayeviçin babasının babası rəssam idi. Atası həkim Bessolçev isə onun şəkillərini toplamaq üçün ömrünü sərf etmişdi. Ağlı kəsəndən Nikolay Nikolayeviç o şəkillərin Bessolçevlərin həyatında xüsusi dəyərə malik olduğunu bilirdi.
Nikolay Nikolayeviç “Birdən nəsə dəyişilmiş olar” düşünərək xüsusi ehtiyatla evin qapısını açdı. Düz bilmişdi – divarlar boş idi, bütün şəkillər yoxa çıxmışdı.
Evdən nəmişlik və kif qoxusu gəlirdi. Tavanda və künclərdə hörümçək torları vardı. Bir neçə hörümçək ona fikir vermədən öz sənətkarlığına davam edirdi. Boş evi özünə yuva etmiş çölsiçanı sirk kəndirbazı kimi bir neçə dəfə pərdəsi çıxarılmış dəmirin üzərində özündən razı halda sağa-sola getdi.
Üzəri köhnə örtüklərlə örtülmüş mebellər öz daimi yerindən bir qədər kənara çəkilmişdi.
Qorxu və vəhşət içində ətrafa baxan Nikolay Nikolayeviç: “İnanılmazdır, şəkillər yoxdur!” – deyə düşündü. Addım atmaq istəyirdi ki, qəfildən ayağı sürüşdü, yıxılmamaq üçün özünü güclə saxladı.
Döşəmə başdan-ayağa nazik qat kiflə örtülmüşdü. Üstündən keçəndə ayağı sürüşdüyündən, otaqdan-otağa sürüşdükcə xizək sürülmüş kimi izlər qoyurdu.
Bir otaq daha!
Biri də!
Biri də!
Bir otaq daha!
Şəkillər heç yerdə yox idi!
Elə bu anda Nikolay Nikolayeviç bacısının yazdığı məktubu xatırladı. Yazırdı ki, şəkilləri nəmdən qorumaq üçün hər birini tək-tək kisələrə büküb evin ən quru otağına, çardağa yığıb. Nikolay Nikolayeviç özünü ələ alıb həmin otağa keçdi və çardaqdan əlləri əsə-əsə şəkilləri bir-birinin ardınca çıxartdı. Qorxurdu ki, şəkillər “ölüb”, donub, ya da nəmişlikdən xarab olublar. Amma möcüzə baş verdi: şəkillər “yaşayırdılar”.
O, bacısının bu şəkilləri necə böyük sevgi ilə bir-bir divardan çıxarıb, taqətdən düşmüş əlləri ilə büküb gizlətdiyini təsəvvür etdi. Çox güman ki, bir aydan da çox zaman sərf edib. Çox güman ki, şəkil qoyduğu kisənin ağzını tikərkən barmaqlarına az iynə batmayıb.
Hələ bir dəfə bacısı məktubda şəkilləri endirərkən nərdivandan yıxıldığını da yazmışdı. Bir qədər yataqda uzandıqdan sonra yenidən ömrünün son işinə davam etdiyini qeyd edirdi son məktubunda.
Şəkilləri tapandan sonra Nikolay Nikolayeviç evin işinə başladı. İlk olaraq ocağı qaladı. Elə ki, evin pəncərələrini buxar örtdü onları taybatay açdı ki, evin nəm iyi çəkilsin. Özü isə dayanmadan hisdən qaralmış köhnə sobaya odun doldururdu. Divarları yuduqdan sonra nərdivan gətirib, nəhayət ki, tavanı da sildi. Qaralmış suyu bir neçə dəfə təzələyib hər bir küncü-bucağı, döşəmədəki hər parketi tək-tək yuyub təmizlədi.
Nəhayət ki, Nikolay Nikolayeviç onu valeh edən öz doğma evinin qoxusunu alırdı. Uzun illərdən sonra ilk dəfə belə rahatlıqla, fərəhlə dərindən nəfəs aldığını hisss etdi. Sonra bütün mebellərin üzərindəki yataq örtüklərini götürüb sıra ilə yerlərinə çəkdi.
Və ən nəhayət, bütün şəkilləri əvvəlki yerlərinə, divara asdı…
Nikolay Nikolayeviç evə tamaşa edib daha nə edə biləcəyini düşünürdü. Elə bu an atasına məxsus möcüzəvi tərzdə “voltersayağı” adlandırılan qoltuqda oturmaq istədiyini xatırladı. Uşaq vaxtı onda oturmağa icazə vermirdilər. İndisə ayaqlarını yuxarı qaldırıb atasının qoltuğunda doyunca oturmaq istəyirdi.
Nikolay Nikolayeviç qoltuğa astaca əyləşib, kürəyini söykənəcəyə dirəyərək, dirsəklərini qoltuğa dayadı ya bir saat, ya iki saat, ya yarım gün, ya da bütün gecəni eyni vəziyyətdə oturdu.
Ev “canlandı”, “oxudu”, “danışdı”, “qışqırdı”…
Onlarla insan otağa gəlib Nikolay Nikolayeviçi dairəyə alırdı. Nikolay Nikolayeviç çox şey haqqında fikirləşirdi, amma daha çox arzusu barədə düşünürdü. Düşünürdü ki, onun ölümündən sonra bu evdə onun oğlu ailəsi yaşayacaq.
Hətta bir anlıq oğlunun qapıdan girdiyini görürdü. Əbəttə ki, evlə bağlı köhnə xatirələr onun xəyalında canlanacaq, qanı qaynayacaq. Hətta öz sevimli peşəsi naminə ekspedisiyaya çıxsa, uçuruma düşüb boynunu sındırmaqdan qorxmadan qayanın ucqar nöqtəsində bitən nadir tapılan, kiçik mavi çiçəyin ləçəklərini incələsə belə, doğma evini heç zaman unuda bilməyəcək.
Yox, Nikolay Nikolayeviç bilirdi ki, həyat yatmaq və yemək kimi mənasızlıqdan ibarət deyil, o riski sevir. Risksiz həyat – nə həyatdır ki…
Sadəcə arzulayırdı ki, oğlu da başqa Bessolçevlər kimi evə müvəqqəti yaşamağa gələ, sonra yenidən çıxıb gedə və hər dəfəsində müxtəlif səbəblərdən belə davam edə…
Yuxudan oyananda günəşin şuasında ev boyu rəqs edərək göyqurşağı rəngini alan tozcuqlar astaca general Rayevskinin rəsminə enirdi. Elə həmin an uşaqlığında məhz bu rəsmin qarşısında günəş şüasını tutmağa çalışdığını xatırladı və üzündə yarı təbəssüm, yarı kədərlə həyatının bir göz qırpımında axıb getdiyini düşündü.
Nikolay Nikolayeviç qapıdan çıxarkən şərqə baxan eyvana gün düşdüyünü görüb, evin ətrafını dolaşmağa başladı.
Həyətdən pilləkəni təmir etmək üçün mişar, rəndə və bir neçə taxta tapdı. Uzun zaman bu işlə məşğul olmamasına baxmayaraq, əlləri yadırğamamışdı. Cəld etməsə də, zövqlə işləyirdi. Taxta üzərinə rəndə ilə “sığal” çəkmək necə xoşuna gəlirdisə, bir neçə illik şəhər həyatının səs-küylü ab-havasını tədricən unudurdu.
Sanki ev Nikolay Nikolayeviçə bu işinə görə “təşəkkür” edəcək, o da evə “sağ ol” deyəcəkdi.
Sonra dama çıxdı. Küləyin silkələdiyi budaq Nikolay Nikolayeviçin kürəyinə elə sərt dəydi ki, az qaldı onu damdan yerə yıxsın, özünü güclə tarazladı.
Elə bu an inanılmaz dərəcədə aclıq hiss etdi. Bu hissi uzun illər əvvəl, hələ gənc yaşlarında huşunu itirəcək dərəcədə acanda duyardı. Heç təəccüblü deyildi. Nikolay Nikolayeviç gəlişindən neçə saat keçdiyini, nə yediyini, ümumiyyətlə, yatıb-yatmadığını belə bilmirdi. Evdə o qədər iş görmüşdü ki, onsuz da qısa olan qış gününün gündüzü ilə gecəsini ayırd edə bilməmişdi.
Nikolay Nikolayeviç bazara gedib qara quru göbələklər, kartof, duzlu kələm alıb evə qayıtdı, sonra göbələk şorbası bişirib, iki boşqab ondan yeyərək yuxuya getdi.
Bir azdan oyanıb vaxtdan xəbərsiz halda şorba yeyib ürəkdən güldü və gülüşündə atasının gülüşünə bənzərlik duyub yenidən gülməyə davam etdi. Sonra nədənsə yenidən yatdı.
O gündən bir neçə il keçmiş, bu müddət ərzində Nikolay Nikolayeviç öz xəstəliyini tamamilə unutmuşdu.
O yaşayırdı və yaşayaraq özünü yaz yağışından sonra yenidən canlanmış yaşlı ağac kimi hiss edirdi.
Ensiz küçələrdə gah sola, gah sağa yaşına görə qat-qat cəld keçdiyini görən insanlar, əslində, Nikolay Nikolayeviçin əlindəki kisəyə bükülü dördbucaq əşyanı daşıyarkən üzündəki xoşbəxtliyi, sevinci, həyat eşqini görmürdülər.
Hər şeydən xəbərdar olan xəbərçilər hesab edirdilər ki, o, hansısa şəkilin axtarışındadır və bu axtarışçün küllü miqdarda pul xərcləyir, yerdə qalanınısa odun almağa sərf edir. Təsəvvür edin, hər gün odun qalayır, hər gün! Sərt şaxtalı günlərdəsə iki dəfə odun qalayır ki, şəkillər rütubətdən kiflənməsin.
Nədənsə hər gecə bütün otaqlarda şam yandırırdı.
O qədər pulu heç nədən göyə sovururdu: odun almağa, otaqlarda işıqları yanılı qoymağa, öz şəkilləri azmış kimi yenilərini almağa…
Elə buna görə şahin kimi “lüt” idi.
Şəhərdə Nikolay Nikolayeviçdən ehtiyat edirdilər. Onun yaşayış tərzi şəhərlilərə yad olsa da, bəziləri buna görə ona hörmətlə yanaşırdılar. Həm də sakinlər Bessolçevlərin evinin hər gecə mayak kimi qaranlıq küçələri işıqlandırmasına, qaranlıqda evə qayıdan qonşuların yolunu aydınlandırmasına alışmışdılar.
Ev hər axşam zülmət içində yanan şama bənzəyirdi.
Qonşular hesab edirdi ki, Nikolay Nikolayeviç dəhşətli dərəcədə tənha olduğu üçün bədbəxtdir.
Köhnə papağını alnına kimi endirib, dirsəkləri səliqəylə yamanmış uzun paltoda şəhər küçələrini dolaşırdı. Elə buna görə də uşaqlar onu “Yamaqlı” deyə çağırırdılar. Nadir hallarda çönüb onlara elə təəccüblə baxardı ki, uşaqlar qorxularından qaçıb gözdən itirdilər. Hərçənd, uşaqlara nə acıqlanar, nə də arxalarınca qaçıb danlamazdı. Əgər kimsə onunla qeybət etmək istəyirdisə, soyuqdan donan quş kimi xırıldayıb həmsöhbətindən uzaqlaşırdı.
Amma bir gün Nikolay Nikolayeviç küçədə tək görünmədi. Onun yanında on iki yaşlı, qürurlu, özünə heç bənzəməyən bir qız uşağı vardı. Yoldan keçən tanış-biliş hər kim olursa-olsun, dayanıb eyni sözləri təkrar edirdi:
– Bu Lenadır, – sonra bir anlıq nəfəsini dərib xüsusi fəxrlə, – Mənim nəvəm! – deyirdi. Amma bunu elə tərzdə deyirdi ki, sanki onun yanında adi qız yox, dünyaca məşhur biri vardı.
Nəvəsi Lena isə hər dəfə utandığından bilmirdi hara qısılsın. O, uzun ayaqları və uzun qolları olan yöndəmsiz yeniyetməydi. Quluncu kürəyində qanad kimi dikəlmişdi. Hərəkətli üzünü daim gülən böyük ağzı bəzəyirdi. Saçlarını isə ikiyə ayırıb hörmüşdü.
Şəhərdəki ilk günündə Lenka evin hər dörd eyvanına çıxıb ətrafı maraqla seyr edirdi. Ona sözün əsl mənasında şimal-cənub, şərq-qərb istiqamətlərini müəyyən etmək maraqlı gəlirdi.
Nəvəsi Lenkanın gəlişindən sonra Nikolay Nikolayeviçin həyatı bir o qədər də dəyişmədi. Artıq mağazadan kəsmik və süd almaq üçün Lenka gedirdi, əti isə Nikolay Nikolayeviç nadir halda bazara gedib özü alırdı.
Payızda Lenka altıncı sinfə başladı.
Elə həmin ərəfədə Bessolçevlər ailəsini – Nikolay Nikolayeviçi və Lenkanı məşhur edən o mühüm hadisə baş verdi. Hadisə haqqında fikirlər zınqırov səsi kimi dayanmadan şəhər küçələrində səslənərək hadisəyə birbaşa aidiyyəti olan şəxslərin həyatında əbədi iz qoydu.
Üçüncü hissə
Bütün şəhərin küçələri, parkları, yolkənarı, evlərin damı xəzəl olmuş yarpaqlarla örtülmüşdü. Hətta “1001 xırdavat” mağazası ilə univermaq arasındakı kiçik meydan da sarı yarpaqlarla doluydu. Yeganə təmizləyici maşın belə sonsuz sayda yarpaqlarla mübarizə aparmaq fikrində deyildi. Sürücüsü Petka maşının açıq qapısından bataqlıq çəkməsi geydiyi ayaqlarını sallayaraq, “Belamor” çəkə-çəkə mağazanın daimi alıcılarından hansısa əşyanı evə aparması üçün işarə gözləyirdi.
Zağcalar uzaq səfərə hazırlaşırdılar. Onlar qatar-qatar düzülmüş halda şəhər üzərindən qışqırıqla uçaraq, ağaclara qonmuş tənbəl quşları səsləyirdilər sanki.
Oka çayı payız selindən sonra tündləşib bulansa da, üzərində son qayıqlar sürətlə üzürdülər. Buxar gəmisini sahilə çıxarıb, nəhəng taxtalara bərk-bərk bağlayırdılar ki, yaz daşqınları onu qırıb aparmasın.
Elə bu qarmaqarışıqlıqda Lenka şəhəri dolaşırdı. O, həyatın qəribəliklərinə baxmaqdan doymurdu. Zağcalar uçurdular ki, yenidən qayıda bilsinlər, buxar gəmisini sahilə bağlayırdılar ki, yazda yenidən çaya buraxsınlar, ağaclar “soyunurdular” ki, yazda yenidən gənc və gözəl yarpaqlara bürünsünlər. Onun həyatı məhz bu cür maraqlı və gözəl idi.
Və bir gün bütün bu gözəlliklər yox oldu. O, insanların danışdığını eşitmir, nə yeyib, nə içdiyinə əhəmiyyət vermir, yolun onu hara apardığını duymurdu.
Hadisə noyabrın əvvəllərində, payız tətilindən qabaq başlayıb ilk dərs günündə başa çatdı. Cəmi bir neçə gün çəkməsinə baxmayaraq, Lenkanın həyatını alt-üst etdi.
Həmin gün Lenka şəhərboyu gəzərək “Yatmış oğlan” heykəlinə, qovaq meşəliyinə qədər gəlmişdi. Oğlan daşın üzərində kürəyi üstündə uzanıb, əlini düz açaraq, ayaqlarını diz hissədən yüngülcə qatlamış, boynunu sola əymişdi. O, daim kefsiz görünürdü, amma bu dəfə Lenkanın gözünə kövrəlmiş göründü. Bəlkə, buludlar yerə daha yaxın olduğundandı, ya da Lenkanın qəlbindəki narahatlığı duymuşdu. Sadəcə Lenka özünü tənha və gərəksiz hiss etdi, dərhal bu şəhərdən çıxıb getmək istədi.
Nikolay Nikolayeviç ətrafında baş verənlərdən xəbərsiz öz sevimli işiylə məşğul idi. O, kətil üstündə dayanıb yumşaq tüklü fırça ilə rəsmlər üzərindəki gözəgörünməz tozu asta-asta silirdi. Bu iş o qədər ürəyinə yatırdı ki, hətta zümzümə də edirdi. Elə buna görə də Lenka otağa girəndə onun necə həyəcanlı olduğunu, yaxasının taybatay açıldığını, dodaqlarını bərk sıxdığını və gözlərində titrəyən ümidsizliyi görmədi. Lenka birnəfəsə çantasındakı kitab-dəftərləri səliqəsiz çıxarıb, ətrafda gözünə dəyən əşyalarını çantasına doldurmağa başladı.
– Sakit! Sakit!.. Dəli! – Nikolay Nikolayeviç fırçanı Rayevskinin qızılı epoletinə toxunduraraq dedi, – Ondansa ətrafına bax! Gör səni necə gözəlliklər əhatə edir. Bu şəkillərin yüzdən çox yaşı var, ancaq ildən-ilə daha da gözəlləşirlər.
Lenka babasına əhəmiyyət verməyərək sürətlə əşyalarını yığmağa davam etdi.
– Lenka, sən axmaq olmasan da, bütün bunlardan başın çıxmır. Nikolay Nikolayeviç qəmgin halda başını yellədi, – Hə nədir, fil kimi ayaqlarını yerə döyəcləyirsən, döşəmədən toz qalxır.
– Mənə yol pulu ver! – deyən, – Lenka tələsik çantasının ağzını bağlamağa başladı.
– Uzağa gedəcəksən? – deyən, – Nikolay Nikolayeviç bu dəfə fırçanı generalın çoxsaylı medallarının üzərinə toxundurdu.
– Mən gedirəm.
– Bəs niyə belə tələsik? – o gülümsündü və üzü bir anlıq gəncləşdi. – Nədir, batan gəmini tərk edirsən?
– Bu gün Dimka Somovanın ad günüdür, – Lenka çarəsizcə dilləndi.
– Səni dəvət etməyiblər deyə çıxıb getmək istəyirsən? Ciddi insan deyilsən, Lenka. Tələsirsən. Boş şeyə görə narahat olursan. General Rayevskidən nümunə götür.
– Baba, xahiş edirəm, bilet üçün pul ver, – Lenka təəssüflə babasının sözünü kəsdi.
– Əgər sirr deyilsə, de görüm, hara gedirsən? – Nikolay Nikolayeviç ilk dəfə Lenkaya ciddi nəzərlərlə baxdı.
– Valideynlərimin yanına, – Lenka cavab verdi.
Çantanın ağzı yenidən açılmışdı ki, Lenka onu qəzəblə bağladı.
– Valideynlərinin yanına? – Bu an Nikolay Nikolayeviç öz şəkillərini tamamilə unutdu və kətildən düşüb, – Heç ağlına da gətirmə!.. – Barmağı ilə onu hədələdi, – Gör bir nə düşünürsən! Yəni mən… burdan? Heç vaxt! Eşidirsən, heç vaxt!
– Sən mənə lazım deyilsən! – Lenka çığırdı, – Mən özüm gedəcəm! Təkcə!
– Səni kim buraxacaq? Necə də sərbəstdir!.. Onlar səni gətiriblər, onlar da aparsınlar, – Nikolay Nikolayeviç şəkillərə gözucu baxıb asta səslə dedi, – Başa düş, mən yalnız bunlara görə sağam, – Əlini Lenkaya uzatdı, – Çantanı mənə ver.
Lenka geri çəkilib stolun kənarında dayanaraq:
– Pul ver! – dedi.
– Heç yerə! Eşidirsən? Heç yerə getməyəcəksən! – Nikolay Nikolayeviç cavab verdi, – Bu axmaqlığı da unudaq.
– Pul ver! – Lenka dəli kimi çığırdı, – Bax, yoxsa… Nəyisə oğurlayıb satacam.
– Bizim evdən?.. – Nikolay Nikolayeviç güldü.
Babasının gülüşü Lenkanın xətrinə dəydi. Çarəsizcə ətrafa boylanıb vəziyyətdən çıxış yolu axtarırdı ki, qəfildən qışqırdı:
– Mən sənin şəklini oğurlayacam! – Çantasını kənara atıb ona yaxın asılmış şəkillərdən birini çıxartmağa çalışdı.
– Şəkili? – Nikolay Nikolayeviç qəfildən onun üstünə yeridi və elə sərt sillə vurdu ki, Lenka otağın digər küncünə yıxıldı. Özü isə dəhşət içində geri çəkildi.
Lenka çantasını da götürüb qapıya tərəf yüyürdü. Nikolay Nikolayeviç cəld tərpənib onu qapının kandarında yaxaladı. Lenka onun barmağını dişləyərək əlindən çıxıb qaçdı.
– Nə olursa-olsun, sənə pul verməyəcəm! – paltosunu götürüb arxasınca qışqırdı. – Verməyəcəm! Lenka, dayan! Dəliyə bax! – və əlini paltonun qoluna salmağa fürsət tapmamış sürətlə onun arxasınca evdən çıxdı.
Dördüncü hissə
Bu vaxt əhvalı yüksək olan altıncı sinif şagirdi Valka, axşam ona veriləcək utancverici “Dəri soyan” ləqəbindən bixəbər çaykənarı ilə gedirdi. Bayramsayağı geyinmiş, təmiz köynək və qalstuk taxmışdı. Əlində it üçün nəzərdə tutulan boyunluq kəndirini fırladırdı, çəkməsinin içindəsə yayda turistlərin küçəyə atdığı boş konserva qutuları saxlayırdı. Onları kol-kos arasında gizlənən quşlara, toyuqlara və ya payız günəşinin şuası ilə oynayan pişiklərə vururdu. Əgər hədəfinə dəyirdisə, onda öz xüsusi dəqiqliyinə sevinir, özü ilə qürur duyurdu.
Valka iki oğlanın başı görünən palıd ağacına çatanda dayandı.
– Ey, bədbəxt məxluqlar, orda nə edirsiz? – Valka sərt şəkildə soruşdu.
– Biz, heç nə… – uşaqlar qorxaraq cavab verdilər, – Yanğın söndürən oynayırıq.
– Çıxın! – Valka əlindəki kəndiri rezin çəkməsinin kənarına XIX əsrin Amerika plantatoru kimi vurub qəzəblə dedi. Halbuki, tarix adlı elmdən heç də başı çıxmırdı, – Cəld yarpaqları yığıb oyuğa doldurun! Tez olun! Hərəkət edin!
Uşaqlar bir şey başa düşməyib onun dediyi kimi yarpaqları götürüb ağacdakı oyuğa doldurdular. Elə ki, oyuq doldu, Valka kibriti yandırıb oyuğa, yarpaqların üstünə atdı.
– Sən nə etdin? – çaşbaş qalan uşaqlar alovu söndürməyə çalışdılar. Ancaq Valka hər ikisini bərk tutub alovun güclənməsini gözlədi. Uşaqlarsa bacardıqları qədər çırpınır, qışqırıb ağlayırdılar. Valka onları buraxıb ucadan:
– Hə irəli! Yanğın söndürənlər, yanğın var!.. – deyib ordan uzaqlaşdı. Geridə həyəcanla qışqıran uşaqları qoyub, sevinc içində yoluna davam etdi.
Valka Dimka Somovun ad gününə getmək üçün öz həmyaşıdlarıyla görüşə tələsirdi. Elə uzaqdan “Tüklü”ylə “Kürən”i sahildə bardaş oturan gördü. Qaçaraq onlara çatıb, yanlarında oturub soruşdu:
– Hə, acgözlər! Yemək istəyirsiz? – gülümsünüb əlavə etdi, – Elə mən də. Somovun tortu haqqında düşünəndə ağzım sulanır.
– Mənsə südlə balı düşünəndə… – Tüklü xəyala dalaraq əlavə etdi, – Bu il cökənin çiçəyi uzun müddət qaldı – balı dadlıdır.
– Mənim anam heç nə vermədi… – Valka ah çəkdi, – Deyir özün qonaq gedirsən, yemək aparmağa nə gərək var.
– Çoxbilmiş anan var, – Tüklü dedi.
– Çoxbilmiş olmağına çoxbilmişdi, ancaq taleyindən qatar keçib… – Valka dedi, – Nə evi var, nə eşiyi. Bax, Somovun bəxti gətirib, köynəkdə doğulub. Həm valideynləri pul verir, həm yaraşıqlıdır, həm də başı əla işləyir. Bəzən çənəsini “təmizləmək” istəyirəm.
– Paxıllığın tutur, Valka? – Tüklü soruşdu.
– Sənin yox? – Valka bic-bic güldü, – Bəs nə. Bütün insanlar paxıllıqdan partlayırlar. Sadəcə bəziləri bunu dilə gətirir, bəziləri isə paxıl olmadıqlarını deyib yalan danışırlar.
– Mən niyə paxıllıq edim ki? – Tüklü təəccübləndi, – Valka, meşədə yaşamaq daha yaxşıdır. Ürəyin istəyən vaxt inək buynuzu əyərsən.
– Nə olsun ki? – Valka yerə tüpürdü, – Güc pul deyil. Onunla yağ ala bilməzsən.
Qəfildən Tüklü bir əli ilə Valkanın boğazından tutub möhkəm sıxdı.
– Burax! – Valka inildədi.
– Kürən, insanda ən vacib olan nədir? – Tüklü soruşdu.
– Güc! – deyən Kürən düşüncələrdən ayıldı.
– Valka isə ona hörmət etmir, – Tüklü dedi, – Deyir, insanda ən vacib şey paxıllıqdır.
– Burax! – Valka yenə inildədi, – Gücə hörmət edirəm. Hörmət edirəm! Burax! Boğursan!..
Tüklü əlini boşaldıb Valkanı buraxdı. O da hər ehtimala qarşı ön tərəfdən qorunmaq üçün kənara sıçradı.
– Bal hərisi! – boynunu sildi, – Əsl traktor gücüdür. Yox, atan.. – qəzəblə nələrsə demək istəyirdi ki, qəfil fikrindən döndü.
– Atama toxunma! – hədələyici tərzdə dedi, – Atam hansısa alçaqlar tərəfindən dəlik-deşik edilib.
– Baxın, Şmakova gəlir! – Kürən dedi, – Çıxış edir.
Tüklüylə Valka dönüb ona baxan kimi valeh oldular.
Şmakovanın yanında Popov olsa da, hər kəs Şmakovaya baxırdı. O yerimirdi, sanki bulud kimi uçurdu. Şmakovanın əynində yeni ağ don, saçlarında ağ lent, ayaqlarında yeni ağ ayaqqabı olduğundan Popov onun yanında yöndəmsiz və çirkin görünürdü. Havaya uyğun olmasa da, Şmakova gözəlliyi ilə ətrafa işıq saçırdı.
– Hə, Şmakova, yaratmısan! – Valka heyranlıqla dedi, – Bu ayaqqabılarla səni qucaqda daşımaq lazımdır.
– Estrada artisti… – Tüklü dedi.
– Somov yıxılacaq, – Kürən əlavə elədi.
– Somov məni maraqlandırmır, – Şmakova özündən razı tərzdə dedi.
– Heç görünmür, – Tülkü dedi.
– Hi-hi-hi! – Valka əlavə etdi.
– Ha-ha-ha! – Kürən də ona qoşuldu.
Popov Şmakovanın yumru, dikburun üzünə baxıb yazığı gəldi.
– Uşaqlar, bəlkə, lazım deyil. Hə? – Popov xahiş etdi, – Ondansa Somovgilə gedək.
Hamı bir ağızdan sevinclə qışqırırdı ki, Tüklü onları sakitləşdirib Miranovanı gözləməyi təklif etdi.
– Miranova nəyimizə lazımdır? – Valka cəsarətlə dedi, – O kimdir ki? Miranova… “Düymə”.
– Özü də dəmirdən! – Kürən təkidlə əlavə etdi.
– Kimə dedim – Miranovanı gözləməliyik! – Tüklü hədələyici tərzdə dedi.
– Əlbəttə, gözləyək, – Valka ürküb razılaşdı, – Hələ Vasilyev də yoxdur.
Elə bu an arıq, eynəkli Vasilyev peyda oldu.
– Məni gözləməyə gərək yoxdur. – Vasilyev dedi, – Mən Somovgilə getmirəm.
– Niyə? – kiminsə səsi gəldi.
Hər kəs arxaya dönüb Miranovanı gördü. O, hər zamankı kimi səliqəli geyimdə və sadə saç düzümündə idi. Gödəkçəsinin altında sadə qəhvəyi don vardı.
– Salam, Miranova! – Tüklü dedi.
– Əla, Dəmir Düymə! – Valka əlavə etdi.
Miranova heç birinə cavab vermədi. O, tələsmədən irəli gedib Vasilyevin qarşısında dayandı.
– Demək belə. Vasilyev, Somovgilə niyə getməyəcəksən? – soruşdu.
– Ev işləriylə baş-başa qalmışam, – Vasilyev tərəddüdlə cavablayıb əlindəki bazarlıq torbasını ona göstərdi.
– Bəs səmimi cavab versən?
Vasilyev susurdu. Eynəyinin qalın şüşəsi onun gözlərini iri və dairəvi göstərirdi.
– Hə, niyə susursan? – Miranova ondan əl çəkmədi.
– Somovgilə getməyə həvəsim yoxdu, – Vasilyev cəsarətlə Miranovanın gözlərinə baxıb dedi, – O, məni bezdirib.
– Bezdirib, dedin? – Miranova ciddiyyətlə Tüklüyə baxdı. O, tez qabağa gəldi. Digərləri də onun arxasınca gəlib Vasilyevi dairəyə aldılar.
– Bəs, ideyallarına xəyanət edənləri nəyin gözlədiyini bilirsən? – Miranova ciddi tərzdə soruşdu.
– Nə? – Vasilyev yumru, iri gözləriylə ona baxdı.
– Bax bu! – Tüklü geri dönüb Vasilyevi vurdu.
Zərbə güclüydü – Vasilyev bir tərəfə yıxıldı, eynəyi digər tərəfə. Bazarlıq torbası yerə düşdü, içindəki ərazaqlar ətrafa səpələndi.
Hər kəs nə baş verəcəyini maraqla gözləyirdi.
Vasilyev diz üstdə durub yerə düşmüş eynəyini tapmağa çalışdı. Şüşə qırıntısının səsini eşidən kimi ona doğru iməkləyib Valkanın ayaqlarının yanına çatdı. Onu kənara itələyib eynəyini götürdü. Ayağa qalxıb, gözlərinə taxıb uşaqlara tərəf baxdı. Bu dəfə gözünün biri şüşə altında dairəvi və iri görünürdü, şüşəsiz qalan digəri isə gücsüz, zəif mavi nöqtə kimi parlayırdı.
– Vəhşiləşmisiz! – Vasilyev gözlənilməz halda qışqırdı.
– Rədd ol! – Tüklü onu itlədi, – Yoxsa birini də yeyəcəksən.
Vasilyev yerə dağılmış ərazaqları yenidən torbasına yığdı.
– Vəhşilər! – təslim olmurdu, – Bu sizi xeyrə aparmayacaq!
Tüklü dözməyib üstünə yüyürürdü ki, Vasilyev qorxudan qaçdı.
– Alayımız təmizləndi… – Kürən dedi.
– Əsas odur, biz birliyik! – Miranova qəfil dilləndi.
– Pionersayağı birlik olub Somovun tortunu yeyərik, – Valka gülərək dedi.
– Sən hələ zarafat edirsən… – onun sözünü Miranova kəsdi, – Biz isə ciddiyik.
Onlar səliqəli geyinmiş halda səs-küy salaraq gedirdilər ki, iti gözlü Şmakova sinif rəhbərləri Marqarita İvanovnanı gördü.
– Marqarita, – o dedi.
– Həm də cinsdə, – Valka əlavə elədi, – Ya Moskvadan alıb, ya da toya görə hədiyyə ediblər.
– Şəhər kənarı ilə gedək? – Kürən təklif etdi, – Yoxsa yenə tərbiyə verməyə çalışacaq… Əhvalımızı korlayacaq.
– Mən yolumu dəyişmirəm, – Miranova dedi, – Özünə hörmət etmək lazımdı.
– Ən yaxşısı gizlənək, qəfil qorxudaq, – deyən Valka bic-bic güldü.
– Bax, bu, maraqlı təklifdir, – Şmakova dəstəklədi.
Hərəsi bir tərəfə qaçdı. Ən sonda heç tələsməyən Miranova qapı arxasında dayandı.
Marqarita İvanovna şən yerişi ilə hər şeydən xəbərsiz halda meydanı keçib çay gəmiçiliyinin kassasına yaxınlaşdı. Valka gizləndiyi yerdən çıxıb sakitcə müəllimənin arxasınca qaçıb ucadan qışqırdı:
– Salam, Marqarita İvanovna!
Marqarita İvanovna qəfil diksinib geri çevrildi.
– A-a-a, sənsən? Bu, nə hərəkətdir?
– Qorxdunuz? – Valka soruşdu, – Qorxdunuz, qorxdunuz. Dostlar, Marqarita İvanovna qorxdu, – dedi.
– Sadəcə fikirli idim, – Marqarita İvanovna cavab verəndə yanaqları qızardı. Bunun səbəbi Valkanın yersiz hərəkətinə qəzəblənməsi, ya da həqiqətən qorxduğunu boynuna almaq istəmədiyi idi.
Uşaqlar onu dairəyə alıb salamlaşdılar.
– Hamınız necə də yaraşıqlısınız, – Marqarita İvanovna uşaqları bir-bir incələdi, – Şmakova isə artıq gənc xanımdır.
– Marqarita İvanovna, ətəyim necə, xoşunuza gəlir? – Şmakova əl çəkmədi.
– Çox bəyəndim, – Marqarita İvanovna cavab verdi, – Sənə bunu kim tikib?
– Kim olduğu məlumdur! – Popov fəxarətlə söhbətə qarışdı, – Mənim anam.
– Mənim nəzarətimdə, – Şmakova əlavə edib qəzəblə Popovu çimdiklədi, – Niyə deyirsən? Bəlkə, bunu mənə Moskvadakı Moda evindən göndəriblər?! “Mənim anam. Mənim anam…”
– Bəs sən, Miranova, niyə başqalarından geri qalırsan? – Marqarita İvanovna soruşdu.
– Mən?.. Əskilərə səbrim yoxdur, – deyən Miranova təkəbbürlə dostlarına baxdı, – Marqarita İvanovna, biz gecikirik.
– Hara gedirsiz? – soruşan Marqarita İvanovna Miranovanın sərtliyinə heyrətləndi.
– Somovgilə, – Kürən hər kəsin yerinə cavab verdi, – Boş vaxtımızı dəyərləndiririk.
– Məndən ona salam deyərsiniz. Ona deyin ki… – Marqarita İvanovna bir qədər fikrə daldı, – Somov məqsədinə çatandan sonra yerində dayanan biri deyil. Ən vacibi cəsarətlidir, səmimidir, etibarlı yoldaşdır…
– Tamamilə haqlısınız, Marqarita İvanovna! – Şmakova mızıldadı.
– Demək, mən ona arzu edirəm ki…
– Siz yenə harasa gedirsiniz? – Kürən Marqarita İvanovnanın sözünü kəsdi.
– Yoldaşıma Polenovanı göstərmək istəyirəm. O, heç yeri görməyib. Vaxtı da çox azdır, Moskvaya qayıdır, – Marqarita İvanovna saatına baxdı, – Vay, tələsirəm! Hə, az qala Somovu unutmuşdum, – Tələsə-tələsə səsləndi, – Arzu edirəm ki, indi necədirsə, elə də qalsın! Ömür boyu…
Və gözdən itdi…
– Bizimlə heç cürə Polenovaya gedə bilməz… – deyən Miranova qəfildən Lenka Bessolçevanı gördüyü üçün deyəcəyi son söz dodaqlarında ilişdi.
Onları görən Lenka heykəl kimi dayandı. Uşaqlar heyrətdən yerlərində donub qaldılar.
– Qarşımızda tarixi eksponat var – Bessolçeva! – İlk dəfə Miranovanın üzünə təbəssüm qondu, səsi isə titrədi, – O, bilet üçün gəlib… O gedir!
Lenka sərt hərəkətlə arxasını çevirib çay gəmiçiliyinin kassasına yaxınlaşdı.
– Düzdür! – Tüklü qışqırdı, – O gedir!
– Güc qalib gəldi! – Kürən sevinclə onun sözünü dəstəklədi.
– Bilirsiz, biz ona nə məsləhət görəcəyik? – Miranova ilhamlanaraq işıq saçdı, – Bu hadisəni ömür boyu yadından çıxarmasın.
Valka belini əyib, barmaqlarının ucunda Lenkaya arxadan yaxınlaşıb barmağı ilə sümüklərinə döyəclədi.
– Bessolçeva, bizim dərsi yadda saxladın?
Lenka cavab vermirdi, yerində donub qalmışdı.
– Cavab vermir, – Valka təəssüflə dedi, – Demək, yadda saxlamayıb.
– Bəlkə, kar olub? – Şmakova zümzümə etdi, – Sən onu… silkələ.
Valka yumruğunu qaldırdı ki, Lenkanın ensiz kürəyindən tuta bilsin.
– Bax, bu heç lazım deyil, – Miranova onu dayandırdı, – Axı o gedir. Deməli, biz qalib gəldik. Bu bizimçün kifayətdir.
– Hardan gəlibsə, ora da getsin! – Kürən qışqırdı.
Digərləri də çığırdılar.
– Bizə beləsi lazım deyil!
– Satqın!
– Müqəvva! – Valka Lenkanın əlindən dartıb uşaqların arasına itələdi.
Onlar Lenkanın ətrafında hoppanır, təlxəklik edir, biri digərini yamsılamağa çalışırdı.
– Mü-qəv-va!
– Mü-qəv-va!
– Tarla müqəvvası!
– Ağzı qulaqlarına kimi…
Rəngarəng dairə fırlanırdı, Lenka isə ortasında dövrə vurub dururdu.
Elə bu vaxt Nikolay Nikolayeviç Lenkanı və ətrafında dövrə vurub qışqıran uşaqları görüb səsləndi:
– Ona niyə sataşırsınız? Bu saat sizi…
– Yamaqlı, – Kürən donquldandı.
Hərəsi bir tərəfə dağılışdı. Təkcə Miranova yerində dayandı. Heç yerindən tərpənmədi də, qaşını qaldırıb nifrətlə yoldaşlarına dedi.
– Nədir, qorxdunuz?
Bu qərarlı səs onları dayandırdı.
– Belə iş olar, altınız bir nəfərə qarşı… – Nikolay Nikolayeviçin səsi faciəvi səslənirdi, – Heç utanmırsız?
– Nədən utanmalıyıq? – Valka utanmadan cavab qaytardı, – Biz heç nə oğurlamamışıq. Hər şey qanunidir.
– Yaxşısı budur, siz nəvənizdən utanın, – Miranova dedi.
– Lenakdan? – Nikolay Nikolayeviç təəccübləndi, – Nə üçün?
Lenka qəfildən babasına tərəf çevrildi. Babası onun üzündə əzab gördü. Sanki onu bərk vurmuşdular. O, artıq uşaqların üstünə qışqırıb çıxıb getmələrini və onları tək buraxmalarını demək istəyirdi. Amma heç kim bir kəlmə danışmırdı. Böyükləri öz işlərinə qarışdırmaq onlara xas hərəkət deyildi. Bircə Miranova ciddiyyətlə və qəfildən dedi:
– Ondan soruşarsınız. O, sizə hər şeyi bütün incəliyinə kimi danışa bilər.
Tədricən uzaqlaşdılar. Bir neçə dəqiqə sonra soyuq payız küləyində onların uzaqlaşan qışqırıqları eşidildi.
– Əhsən sənə, Dəmir Düymə!
– Yamaqlıdan qorxmadın!
– Güc qalib gəldi!
Beləliklə, səs tamamilə kəsildi.
Lenka isə… Yazıq Lenka üzünü babasının sinəsində gizlədirdi ki, heç olmasa bir az çiyninə qonmuş ağır yükdən dincələ bilsin.
Nəvəsini “Müqəvva” deyərək o qədər bezdirmişdilər ki, o, çıxıb getmək istəyirmiş, deyə Nikolay Nikolayeviç düşündü. Hiss etdi ki, onun çətinliyi ürəyinə sərt toxundu. Adətən başqasının dərdini çətin həzm edirdi. Həyatı onsuz da ağır idi, amma yarı yolda alışmadığı yükdən xilas olmağa vərdiş etməmişdi. Bu, onun həyatı və xilası idi. Həmin an Nikolay Nikolayeviç bu cür düşünsə də, Lenkanı başqa sözlərlə sakitləşdirməyə çalışdı:
– Hə, nədir? – o, nəvəsinin yumşaq boynunu sığalladı, – Onlara fikir vermə, – Nikolay Nikolayeviçin səsi həyəcandan titrədi, – Məndən öyrən. Mən hər zaman təmkinliyəm. Öz işimi görürəm və sakitəm, – Az qala çığırdı, – Onlar məni ələ salırdılar, eşitdin? – “Yamaqlı” deyirdilər. Bədbəxtlər! Nə etdiklərindən bixəbərdirlər, – Qəfildən tərəddüdlə soruşdu, – Bəs sən nə etmisən ki? Nəyə görə səninlə bu cür rəftar edirlər?
Lenka onun əlləri arasından çıxıb geri çevrildi.
– Ondan heç nə haqqında soruşmaq lazım deyildi, – Nikolay Nikolayeviç düşündü, amma bu sözlər qeyri-ixtiyari olaraq onun dilindən çıxmışdı. Axı qəbahətli nə iş tuta bilərdi ki, yoldaşları ona xor baxır, özündən uzaqlaşdırır, dovşan kimi qovurlar.
– Yaxşı, yaxşı! – Nikolay Nikolayeviç dedi, – Bağışla… Sən çıxıb getməyə qərar vermisənsə, demək, sənə elə bu lazımdır. Mən tək yaşamışam… Yenə də tək yaşayaram, – O susdu. Çünki dediyi sözlərin ifadə etdiyi məna ona xoş deyildi, – Sənə öyrəşmişəm? Unudaram…
Bu an bütün yaşlılar kimi xırıldayıb papağını gözünün üstünə endirdi.
– Bütün bunlar mənim üçün gözlənilməzdir, – Nikolay Nikolayeviç davam etdi, – Bir evdə yaşayırdıq, ancaq səni heç bir o qədər də yaxşı başa düşmədim. Qəlbinə toxuna bilmədim – bax, məni incidən də budur.
Əlini cibinə salıb, sürtünmüş pul qabını çıxardıb uzun müddət qurdaladı. Düşündü ki, bu müddət ərzində Lenka nəsə danışar, deyər ki, getmək fikrindən daşındı və o pul qabını yenidən cibinə qoya bilər. O, vaxtı uzadır, nəfəsi getdikcə ağırlaşırdı, amma bütün bunlar ona kömək etmirdi – Lenka susurdu.
– Al… – Nikolay Nikolayeviç pulu Lenkaya uzadaraq dedi, – Sabah üçün iki bilet al. Mən səni Moskvaya, təyyarəyə qədər ötürəcəm.
– Mənsə bu gün getmək istəyirdim! – deyən Lenka kədərlə ah çəkdi, – Bu gün, bu dəqiqə…
– Bu ki dəlilikdir! – Nikolay Nikolayeviç müqavimət göstərdi, – Bax, gör hələ özünlə nələr götürmüsən. Hanı dərsliklərin? Hanı palton? Orada hər yerə qar yağıb, o dəqiqə tonzillit olarsan.
O danışır, danışırdı. Lenka isə “Bu gün! İndi!” deyərək babasının sözünü kəsirdi. O, təkidlə dilə tutmağa çalışır, amma çox gözəl bilirdi ki, bütün bu bəhanələr tamamilə cəfəngiyyatdır. Əslindəsə Lenkanın çıxıb getməyini qətiyyən istəmirdi. Məhz bununçün sözünü yarımçıq kəsib, ona tərəf əyilərək pıçıltıyla dedi:
– Mən belə qəfildən bacarmaram, sabaha qalsın.
Lenka Nikolay Nikolayeviçin əlindəki pulu götürdü.
– Nə dediyimi eşitdin? Mən sabah üçün razıyam, – deyərək sonuncu dəfə xahiş etdi.
Nikolay Nikolayeviç Lenkanı çaşbaş qoydu. Bu sözləri deyən onun babası idi?
O, gözlərini qaldırıb babasının təmkinli, hərəkətsiz üzünə baxdı. Amma üzündəki ensiz, ağız kənarınadək uzanan ağarmış çapığı, gözlərinin üstünə endirdiyi papağı babasının həyəcanını ələ verirdi.
– Qolundakı yamaq cırılıb, – qəfildən Lenkanın gözünə dəydi.
– Tikmək lazımdır, – Nikolay Nikolayeviç yamağa toxundu.
Lenka gördü ki, babasının üzündəki çapıq yenə görünməz oldu.
– Sən özünə yeni palto alacaqsan? – soruşdu.
– Buna pulum yoxdur, – o dedi.
– Sənə buna görə “Xəsis” deyirlər, – Lenka dilini dişlədi, amma artıq gec idi. İncidəcək söz artıq dilindən çıxmışdı, tuta bilməzdi.
– Xəsis? – Nikolay Nikolayeviç ucadan güldü, – Gülməlidir, – O, əynindəki paltonu diqqətlə incələməyə başladı, – Hesab edirsən ki, bunda gəzmək ədəbsizlikdir? Bilirsən, mən bu paltonu sevirəm. Köhnə əşyalarda sirli nələrsə var… Səhər əynimə geyinəndə nənənlə bu paltonu necə aldığımızı xatırlayıram. Bunu o seçmişdi. Sənsə deyirsən ki, təzəsini al.
Onların baxışları yenə qarşılaşdı – yox, qarşılaşmadı, toqquşdu. Çünki hər ikisi getmək haqqında düşünürdü.
– Yaxşı,– Lenka dedi, – Sabah gedərəm, – Və sabah üçün iki bilet aldı.
Haradansa yağan yağışın müşayiətilə evə gəldilər. Quru, qış əvvəli donmuş torpağı yuyan yağışın nə vaxt yağmağa başladığını da hiss etməmişdilər.
Otağa girəndə açıq nəfəslikdən uşaqların səs-küyü və musiqi sədaları eşidilirdi.
– Somovgildə əylənirlər, – Nikolay Nikolayeviç yersiz söz işlətməsin deyə susub nəfəsliyi bağladı.
Amma musiqi və uşaqların qışqırığı elə güclüydü ki, hətta bağlı nəfəslik də bu səsdən onları xilas edə bilmirdi. Elə bu zaman Nikolay Nikolayeviç çox nadir hallarda çaldığı piano arxasına keçib nümayişkaranə qapağı qaldırdı.
– Nədir, mənə niyə elə baxırsan? – Lenkanın baxışlarını üstündə hiss edib soruşdu, – Məni nədənsə musiqi cəlb etdi. Heç baxışlarınla da hipnoz etməyə gərək yoxdur.
Nikolay Nikolayeviç ucadan və həyəcanla çaldı. Sonra musiqini yarımçıq saxlayıb dili tutulmuş kimi Lenkaya baxdı.
– Mənə elə baxma! – Lenka dözməyib qışqırdı, – Tək başına burada nə edəcəksən?.. Şəkilləri də özünlə götür, gedək!
– Nə danışırsan, özünə gəl! – Nikolay Nikolayeviç şəkillərə baxdı, – Bu, mümkün deyil. Onlar burada doğulublar… Bu torpaqda… Bu şəhərdə… Bu çayın sahilində… Burada da əbədi yaşamalıdırlar… Bir dəfə müharibə vaxtı hospitalda yatanda yuxumda uşaq olduğumu və bu şəkillərin qarşısında dayanıb, onlar arasından qaçan günəş dovşanlarını seyr etdiyimi gördüm. Məhz onda qərara gəldim ki, əgər sağ qalsam, əbədi olaraq öz doğma evimdə yaşayacam. Asan olmadı, amma bir yolla gəlib çıxdım. İndisə mənə elə gəlir ki, heç burdan getməmişəm, həmişə burda olmuşam. Başa düşürsən? Həmişə… – O, günahkarcasına və müdafiəsizcə gülümsündü, – Uzun yüz illiklər… Mənim həyatım başqa birinin, ya da birilərinin davamıdır. Tam səmimi deyirəm. Hərdən mənə elə gəlir ki, bu rəsmləri ulu babam yox, elə özüm çəkmişəm. Şəhərdə ilk xəstəxana açan feldşerin sanki babam deyil, mən olduğumu düşünürəm. Təkcə sənə etiraf edə bilərəm. Başqaları başa düşməzlər. Sənsə necə lazımdır anlayarsan. Sən bura gələndə mən axmaq kimi arzulara daldım. Düşündüm ki, sən də burada böyüyəcəksən, bu evə alışacaqsan və uzun həyatını bu şəkillər arasında yaşayacaqsan. Sənin valideynlərin dünyanı dolaşsalar da sən öz doğma evində yaşayacaqsan. Həm də ömür boyu. Amma alınmadı…
Nikolay Nikolayeviç qəfil Lenkaya yaxınlaşıb qətiyyətlə dedi:
– Qulaq as, gəl bütün bunlara son qoyaq, – gümrah səslə danışmağa çalışırdı, – Məktəbə qayıt, vəssalam!
Lenka güllə kimi babasından uzaqlaşdı və portfelini götürüb qapıya cumdu. Nikolay Nikolayeviç onun yolunu kəsdi.
– Çəkil! – ondakı bu cür qətiyyəti Nikolay Nikolayeviç hələ görməmişdi. Dodaqları, üzü təbaşir kimi ağarmışdı, – Çəkil, dedim sənə! Çəkil! – portfeli onun üstünə atdı. Çanta qulağının dibində uçub divara dəydi.
Nikolay Nikolayeviç təəccüblə Lenkaya baxırdı. Qapıdan çəkilib divanda oturdu.
Lenka bir qədər qərarsızlıq içində dayanıb, günahkarcasına başını aşağı salıb babasının yanında əyləşdi.
– Sən mənə qəzəblənmə, yaxşı? – Lenka xahiş etdi, – Qəzəblənmə. Sadəcə mən bir az qəribəyəm. Həmişə nəyisə düz etmirəm, – Lenka Nikolay Nikolayeviçin gözlərinin içinə baxdı, – Məni bağışladın? Hə?..
– Heç nəyi bağışlamadım, – Nikolay Nikolayeviç hirslə dedi.
– Yox, bağışlamısan. Hə. Gözlərindən görürəm, – sevinclə dedi, – Mən zarafat edirdim…
– “Zarafata” bax! – Nikolay Nikolayeviç gileyləndi, – Doğma babasının az qala başını yarırdı.
– Bax, bu yalandır.
Onun üzü qəfildən necə rəng alıb-verdisə Nikolay Nikolayeviç gülümsədi. Lenka yenidən şən olmuşdu – yanaqları yumurlandı, dodaqları qulağına çatdı.
– Mən ki kənara atmışdım.
Birdən onun üzü yenidən çarəsiz hal aldı.
– Bircə sözümü kəsmə, yaxşı? Sözüm yarımçıq qalsa, sonra danışa bilməyəcəm. Beləsə hər şeyi danışacam, hər şeyi. Heç bir hiyləsiz, əlavəsiz.
– Yaxşı! – Nikolay Nikolayeviç sevindi, – Sən sakitləş və danış. Tələsmədən, ətraflı… Sənə necə rahatdırsa, elə danış.
– Bir də sözümü kəssən, çıxıb gedəcəm! – Lenkanın dodağı büzüldü, gözləri yığıldı, – Mən artıq əvvəlki kimi deyiləm. Daha qərarlıyam! – danışmağa başladı.
Beşinci hissə
– Məktəbə ilk gəldiyim gün sinif rəhbərimiz Marqarita Kürəni müəllimlər otağına çağırıb xahiş etmişdi ki, məni sinifə ötürsün. Biz dəhliz boyu getdikcə istəyirdim ki, onunla dostlaşım. Baxışlarını tutub gülümsəyirdim. O isə mənə baxıb lap ürəkdən gülürdü. Əlbəttə, axı mənim çox axmaq gülüşüm var – ağzım qulaqlarıma kimidir. Elə ona görə qulaqlarımı hörüklərimin altında gizlədirdim. Sinif otağına çatanda Kürən dözməyib qapıdan girərək ürəkdən güldü:
– Uşaqlar, sinfimizə yeni şagird gəlib! – dedi və gülməyə davam etdi. Bundan sonra mən yerimdə donub qaldım. Demək olar ki, ağac kimi tərpənməz oldum. Başıma bu cür hallar çox gəlib.
Kürən otaqdan çıxdı, qolumdan tutub sinfə dartdı və yenidən ürəkdən gülməyə davam etdi. Onun yerində kim olsaydı, eynisini edərdi. Bəlkə də, mən onun yerində olsaydım gülməkdən ölərdim. Mənim belə yöndəmsiz olmağımda heç kəsin günahı yoxdur. Mən heç Kürəndən də incimədim, hətta qapıdan içəri dartdığına görə ona minnətdar oldum. Tərs kimi ayağım qapının kandarına ilişdiyindən Kürənlə birlikdə yerə yıxıldıq. Paltarım qalxdı, portfelim əlimdən uçdu.
Sinifdə kim vardısa hamı məni süzür, maraqla incələyirdi. Ayağa qalxdım və yenidən üzümdə həmin təbəssüm yarandı. Mənə kimsə diqqətlə baxanda özümdən asılı olmur, gülürəm.
Valka qışqırdı:
– Ağzı qulağına kimi…
– İstəsən düyün bağla…
Tüklü isə gülməkdən özünü güclə saxlayıb dedi:
– Kimlərdənsən?
– Bessolçevlərdənəm. Lenka, – və yenidən axmaq kimi gülümsədim.
Kürən fərəhlə qışqırdı:
– Dostlar, bu ki, Yamaqlının nəvəsidir!
Lenka hekayətini yarım qoyub Nikolay Nikolayeviçin üzünə baxdı.
– Utanma! Utanma! Davam et, – Nikolay Nikolayeviç dedi, – Bu sözə necə münasibətim olduğunu sənə ki demişəm. Vecimə deyil, qətiyyən incimirəm.
– Mənsə bu haqda bilmirdim, – Lenka sözünə davam etdi, – Ümumiyyətlə, sənin ləqəbin haqqında bilmirdim. Həm də hazırlıqlı deyildim. Mənim babam… dedim, – Yamaqlıdır? Niyə belə adlandırmısınız?
– Burda pis nə var ki? – Tüklü dedi, – Məsələn, mənə hamı Tüklü deyir. Kürənə hər kəs Kürən deyir. Sənin babana isə “Yamaqlı”. Necə, səslənir?
– Pis deyil, – deyə razılaşdım.
Düşündüm ki, onlar əylənirlər və zarafat etməyi çox sevirlər.
– Demək, mənim babamı yaxşı tanıyırsınız? – soruşdum.
– Bəs necə… – Tüklü dedi, – O, bizdə çox məşhurdur!
– Hə, hə. Çox məşhurdur! – Valka təsdiqlədi, – Bir dəfə şəxsi söhbət zamanı babandan soruşdum ki, niyə it bəsləmir. Bilirsən, mənə nə cavab verdi? Dedi ki, insanları qorxutmamaq üçün it saxlamıram.
– Mən sevindim.
– Bu ki, əladır! – dedim.
Digər uşaqlar da təsdiqlədilər:
– Əladır!
– Onun sözünü biz daim xatırlayırıq. – Valka davam etdi, – Bağındakı almaları… Nə idi o?..
– Yığanda… – Kürən əlavə etdi.
Hamı nədənsə yenidən gülməyə başladı.
Lenka yenə susub Nikolay Nikolayeviçə baxdı.
– Bax, necə axmaq olmuşam, – Lenka dedi, – Hələ indi başa düşdüm ki, onlar mənə gülürlər, – Lenka oturduğu yerdə dikələndə arıq, uzun qaməti göründü, – Baba, mən gərək həmin gün səni müdafiə edərdim!
– Boş şeydir, – Nikolay Nikolayeviç dedi, – Bağımdakı almaları daşımaları xoşuma gəlirdi. Onları çox tez-tez güdürdüm. Bellərini əyib gizlənə-gizlənə harda görürdülərsə qucaqlarına yığırdılar. Bu, bizim aramızda kiçik oyun idi. Özümü elə aparırdım ki, guya onları heç görmürəm, onlar da özlərini hiyləgər hesab edib alma yığmağa davam edirdilər. Hətta həyatlarını riskə atdıqlarını düşünürdülər, ancaq bilmirdilər ki, bu hərəkətlərinin əvəzində onlara heç nə etməyəcəm.
– Sən xeyirxahsan! Elə həmin gün onlara da dedim ki, sən xeyirxahsan!
Popov isə belə dedi:
– Onun paltosuna yamaqları mənim anam tikib. Demişdi ki, siz ehtiyatda olan zabitsiniz və buna görə təqaüd alırsınız. Belə yamaqlı paltoda gəzmək sizə yaraşmaz. O isə anama cavabında “Mən babayam, əlavə xərclərə pulum yoxdur” – deyib.
– Hə, Popov, əcəb söz danışırsan, – Kürən dedi, – Yoxsa onu xəsis hesab edirsən?
Tüklü davam etdi:
– O xəsisdir? Mənim nənəmə bir şəkilə görə 300 rubl verib, deyib ki, “Bu, mənim ulu babamın çəkdiyi rəsmdir”.
Hər kəs yenidən güldü, ağıllarına nə gəldisə, sənin haqqında uydurdular.
– Nənələr…
– Xalalar…
Elə bu məqamda mən ürəkdən güldüm. Gülməli yanı ondan ibarətdi ki, ulu babamızı “ulu nənə”, ya da “ulu xala” ilə əvəz edirdilər. Gülməlidir, hə? – Lenka Nikolay Nikolayeviçdən soruşdu, – Bilirsən, mən ürəkdən güləndə yer üzündəki hər şeyi unuduram, gülməkdən dayana bilmirəm.
Lenka bir anlıq yenidən güldü. Bu gülüşdən çox yerə düşən zınqrovun çingiltisinə bənzəyirdi. Yenidən dodaqlarını büzdü.
– Əvvəllər yer üzündə hər şeyi unudurdum, – ciddiləşərək öz sözünü düzəltdi, – İndi isə… – O susdu.
Nikolay Nikolayeviç səbirlə əhvalatın ardını gözləyirdi. Ona və özünə söz vermişdi ki, sözünü yarıda kəsməyəcək. Bununla yanaşı, tezliklə bütün bu anlaşılmazlığa nəyin səbəb olduğunu bilmək istəyirdi. Üstəlik, Lenkanı dinləmək rahat idi. Onun səsindəki təlatümlər, üzərinə su tökülən qaynar kömür kimi sönən, sonra yenidən alovlanıb qəfildən parlayan baxışları Nikolay Nikolayeviçi heyran edirdi.
Nikolay Nikolayeviç həyatı boyu bu cür üz görməmişdi. Onda zamanın sirli gücü əks olunurdu. Sanki bu sima yüzillikdən sonra onun üzünə hopmuşdu. Bunu daim hiss edirdi.
– Bəlkə bu hiss onda “Maşka”nın evə gəlişindən sonra yarandı?
– Ümumiyyətlə, Valka olmasaydı gülməyimi dayandıra bilməzdim, – Lenka yenidən danışmağa başladı, – O gülərək dedi ki, sən onun nənəsinə 300 rubl verib hansısa rəsm əsərini almısan.
– Nənəmin dediyinə görə, xoşbəxtlikdən az qala öləcəkmiş. Düşünürmüş ki, iyirmiliyə satsın, o isə üç yüz verib.
Valka lövhəyə qaçıb təbaşirlə portfeldən heç də böyük olmayan dördbucaq çəkdi.
– Baxın, bu balacalığında şəkilə üç yüz! – Valka davam etdi, – Şəkildəsə adi çörəkli xala təsvir edilibmiş.
– Dəyirmi çörəkli qadın, – Nikolay Nikolayeviç ciddi və xüsusi vurğuyla dedi.
– Mən ki, bilirəm, sən narahat olma. Mən sənin bütün şəkillərini tanıyıram, – Lenka etiraf etdi.
– Hə, bir də babana çatdır ki, – uzunboğaz Valka qışırdı, – bu cür nəvəsi olduğuna görə onu təbrik edirik. Tamamilə ona bənzəyir!
– Yamaqlı ilə bir bezin qırağıdırlar, – Kürən əlavə etdi.
Mənsə nədənsə təsdiqlədim.
– Düzdür, babamla eyni bezin qırağıyıq!
Nikolay Nikolayeviç Lenkanın bu sözləri necə çaşqınlıq içində dediyini aydın təsəvvür etdi: sevincək olub yerində hoppanır, başını tutuquşu kimi çevirir, ağız küncləri üzü yuxarı qalxır. Lenkanın çarəsiz təbəssümü onun xoşuna gəlirdi. Onlar üçünsə sadəcə əyləncəydi.
Tüklü də belə çığırdı:
– Gül-mə-li-dir! Lenka, sən çox gülməlisən!
Kürən yenə təsdiqlədi:
– Gülməli deyil, müqəvvadır!
– Bostan müqəvvası, – Valka zövqlə dedi.
Əlbəttə ki, hər biri Lenkanı ələ salır, kimə nə xoş gəlirdisə, deyib gülürdü. Kimi qarnını tutur, kimi ayaqlarını yerə çırpır, kimi də “Daha bacarmıram” deyərək gülürdü. Lenka isə səmimi qəlbdən düşünürdü ki, onlar Lenkanın özünə yox, onun zarafatına, sözünə görə gülürlər.
Lenka hiss etdi ki, Nikolay Nikolayeviç şübhəli halda narahat olur. Sanki Lenkanın hekayətində nəsə onun xoşuna gəlməmişdi.
– Baba, sən mənə qulaq asmırsan? – Lenka titrəyən səslə soruşdu, – Bəs niyə?
Nikolay Nikolayeviç unatanaraq gözlərini qaldırıb ona zillədi və necə edəcəyini bilmədi – həm həqiqəti danışıb Lenkanı yenidən küsdürmək istəmirdi, həm də yalan danışmaq ona çox çətin idi.
– Cavab vermə! – Lenka ildırım sürətilə cavab verdi. O, hər şeyi anlamışdı, – Mənə yazığın gəldi? Hə?.. Hələ onda? – o, tənbeh edirmiş kimi gülümsündü, – Sən bir bax ha, heç mən başa düşməmişəm. Hər şeyi təmiz qəpiyə bənzədirdim. Eynilə. Gülürdülər. Özümü kənardan görürəm – axmaq olmuşam, – sonra sakit səslə əlavə etdi, – Şaxtadan gəlmiş axmaq…
Lenka qəfildən necə çevrildisə Nikolay Nikolayeviç onun iri nəmli gözlərinə tuş gəldi.
– Əziz babam! – Lenka babasının əlini qaldırıb, tutub öpdü, – Məni bağışla!
– Nə üçün? – Nikolay Nikolayeviç heç nə başa düşmədi.
– Onlara inandığım üçün, sənə gülmələrinə icazə verdiyim üçün.
– Məgər bu, sənin təqsirindir?– Nikolay Nikolayeviç dedi. – Heç onlar da təqsirli deyillər. Əksinə yazıqdırlar. Kömək etmək lazımdır.
– Bəlkə, sən onları çox sevirsən? – Lenka şübhəylə Nikolay Nikolayeviçə baxdı.
O, həmin dəqiqə cavab vermədi, bir qədər keçdi, düşündü, sonra cavabladı:
– Əlbəttə!
– Valkanı da?– Lenka heyrətləndi. Kürəni də? Tüklünü də?
– Hər birini ayrılıqda yox! – həyəcandan Nikolay Nikolayeviçin boğazı qurudu. Get-gedə nəfəs almağı çətinləşir, boğulurdu, – Ümumiyyətlə, hamını sevirəm, çünki insandırlar.
– Əgər əsəbiləşəcəksənsə danışmayacam, – Lenka dedi.
– Yox əsəbiləşmirəm, – Nikolay Nikolayeviç güldü, – Buna bax, heç boğulmaq da olmaz. Sən davam et, mən eşidirəm.
– Demək, Kürən məni “Müqəvva” adlandıranda, – Lenka dedi, – onu arxadan kimsə itələdi. Mən də ilk dəfə Dimka Somovu orada gördüm. Bilirsən, birinci o məni gördü. Gözləri tünd mavi, saçları ağ, üzü isə ciddi, eynilə sirli “Yatmış oğlan” kimi görünürdü.
Kürəni isə elə bərk itələmişdi ki, gedib Popova dəyib yenidən Dimkanın üstünə cumdu. İstədim qışqırım ki, mənim üstümdə dalaşmasınlar. Eybi yoxdur, qoy Müqəvva olum, nə fərqi var ki?.. Ancaq gec idi, artıq dalaşırdılar.
Gözlərimi bərk-bərk yumdum. Adətən dava düşəndə belə edirəm. Axı sənə deməmişəm, mən əvvəllər qorxaq olmuşam. Qorxanda əlim-ayağım süst qalırdı. Cansız kimi tərpənə bilmirdim. Ancaq dava qızışmadı. Dimkanın sakit səsini eşitdim:
– Müqəvva özünsən, həm də bostan müqəvvası yox, ən adisindən – kürən müqəvva.
Gözlərimi açanda gördüm ki, Dimka bir əliylə Kürənin xirtdəyindən bərk yapışıb. O isə qaşqabaq sallayıb təkrarladı:
– Mən adi kürən müqəvvayam!
Hər kəs ona gülürdü, ancaq o, özünə başqalardan daha yüksək səslə gülürdü. Baba, sən ki onu görmüsən, – Lenka dedi, – O, doğurdan gülməlidir, hə? Əsl sirk təlxəyidir. Heç parik də lazım deyil, anadangəlmə kürəndir.
Kürənə güldüyümüz an Marqarita sevincək halda sinfə girdi. Bir əlində sinif jurnalı, digər əlindəsə rəngli polietilen torbada bağlama tutmuşdu.
– Hə, yeni gələn! – məni görcək dedi, – Səni hara yerləşdirək?
O gözləriylə oturacaqlara nəzər salanda qızlar onu sorğu-suala tutdular ki, “Doğurdan, ərə gedirsiz?” və beləcə Marqarita mənə yer tapmağı unutdu. Marqarita xoşbəxtlikdən işıq saçaraq dedi ki, “Bəli, ərə gedirəm!”, sonra əlindəki bağlamanı torbadan çıxarıb açdı, içindəki konfetləri açıb masaya qoydu.
– Ondandır? – Şmakova cavabı təxmin edərək soruşdu.
– Ondandır! – Marqarita daha çox işıq saçdı, – Şirinlikdir, buyurun! – deyib xüsusi əl jestilə dəvət etdi.
Hər kəs öz yerindən atılıb konfetləri bir-bir ağzına basdı.
Marqarita isə deyirdi:
– Bir-bir götürün, bir-bir! Yoxsa, hamıya çatmaz.
Mən də konfet götürdüm.
Şmakova isə birini yeyib, digərini Dimkaya uzatdı. Elə səs-küy qalxmışdı ki… Qızlar da xoşbəxt Marqaritanı sorğu-suala tutmuşdular.
– Marqarita İvanovna, əriniz kimdir?
– Bəs sizdə onun şəkli var?
– O, Moskvada yaşayır?
Elə bu vaxt qapı ağzında Miranova göründü.
Miranova xüsusi insandır, onun güclü iradəsi var.
– Zəngdən sonra bu nə səs-küydür? – Miranova soruşdu.
– Konfet yeyirik, – Şmakova dedi.
– Dərs vaxtı? – Miranova tərs-tərs baxıb öz yerinə keçdi.
Şmakova konfetlərdən birini ona uzatdı.
– Al, ye, sakitləş! Gecikməyin bəs deyil, hələ göstəriş də verirsən.
– Sakit olun! – Marqarita dedi, – Miranova düz deyir. Hər kəs yerinə keçsin!
Hamı öz partasının arxasına keçdi. Mənsə hələ Marqaritanın yadına düşmürdüm. Harada oturacağımı bilmirdim. Dimkanın yanında dayanıb gözümü ona zilləmişdim. Nəsə vərdişdir məndə. Kimsə xoşuma gəlirsə, düzgün olmadığını bilsəm belə dayanıb ona baxıram.
Bu an ağzımdan çıxdı:
– Sənin yanın boşdur?
– Xeyr!
Düşündüm ki, bu dəqiqə mənə güləcək, ancaq gülümsünüb soruşdu:
– Nədir ki?
– Yanında oturmaq istəyirdim, – cavab verdim. Hələ də gülümsəməsi, xoş niyyətli olması məndə cəsarət oyatdı, – Axı, sən məni xilas etmisən, – dedim.
Mənə elə gəlir ki, dediyim söz onun xoşuna gəldi. Çünki cavabında:
– Heç nə olmaz, indi yoxlayarıq! – ucadan səsləndi, – Şmakova, yeni gələn sənin yerində oturmaq istəyir!
Şmakova Dimkanın dediklərini eşidib qəzəbləndi. Əvvəlcə bizə tərəf baxıb, sonra asta-asta yaxınlaşdı. O yaxınlaşır… yaxınlaşırdı… Mənsə onun gözlərində atılıb-düşən qəzəbli alovu görürdüm. Onda yenə qorxdum. Axı, mən boş olmayan yer istəmirdim. Şmakova yaxınlaşandan sonra məni altdan yuxarı süzüb üzünü yana çevirdi. Əlbəttə, o gözəldir. Mən isə… – Lenka əlini havada yellədi.
– Sən də gözəlsən! – Nikolay Nikolayeviç fikrini bildirməyi özünə borc bildi.
– Məni sakitləşdirməyi burax! – Lenka hirsləndi, – O ki, həqiqətən, gözəldir! Paltarı da təzədir, üstəlik, bədən quruluşuna uyğun tikilib. Mənimkisə sanki komuflyaj xalatıdır.
– Komuflyaj xalatı? – Nikolay Nikolayeviç heyrətlə soruşdu, – Bəlkə də, bu, mənim səhvimdir. Bilmirdim ki, don bədən formasına uyğun olmalıdır. Bağışla, – və az qala qışqıraraq əlavə etdi, – Ancaq sənin gözlərin ilhamlandırıcıdır. Qəlbin pakdır. Bu, bədən quruluşuna tikilmiş dondan daha yaxşıdır.
– Xahiş edirəm, məni tərfiləmə, – Lenka dedi, – Mən ki pisəm. Mən əslində paxılam! Bunu elə indi başa düşdüm.
Lenka susdu. Nikolay Nikolayeviç onun danışacağını gözlədi. Otaq yenidən ritmik musiqi sədalarıyla doldu. Yəni, hələ də Dimka Somovun ad günündə əylənirdilər. Onlar atılıb-düşür, rəqs edirdilər, burada, Bessolçevlərdə isə iki kefsiz adam indən belə nə edəcəklərini, necə yaşayacaqlarını bilmirdilər.
– Hə, orda Şmakovayla nə baş verdi? – Nikolay Nikolayeviç sükutu pozdu.
– Şmakovayla? – Lenka yenidən soruşdu, – Heç, əhəmiyyətli nəsə olmadı – öz yerini mənə verdi. Dedi ki, “Yerimi sənə böyük məmnuniyyətlə verirəm” və portfelini götürüb, “Bura məni bezdirdi. Parta nəsə əyridir. Ümumiyyətlə, yer dəyişməyi çox sevirəm. Odur ki, Dimoçka, çao-kakao!” deyə əlavə etdi. Sağollaşanda mənə elə baxdı ki, sanki elə indicə görür. Sakit və ciddi nəzərlə, “Əsl müqəvvadır!” dedi.
Popov sevincək səsləndi ki, Şmakova onun yanında otursun. Şmakova da əlindəki portfeli ona atanda göydə tutdu. O gündən Popov Şmakovanın nökərinə çevrildi.
Bu an Marqarita elan etdi ki, məktəbimiz payız tətilində Moskvaya – ekskursiyaya gedir.
– Demək, biz birlikdə gedəcəyik? – Şmakova sevincək soruşdu.
– Birlikdə, bəli, – Marqarita gülümsədi, – Odur ki, valideynlərinizdən gediş haqqı götürün.
Bu xəbər sinifdə elə səs-küy yaratdı ki, Marqarita kar olmasın deyə qulaqlarını tutdu. Əlbəttə, hər kəs payız tətilində Moskvaya getmək istəyirdi. Əvvəlcə mən də sevincdən qışqırdım, amma sonra Dimkanın bu xəbəri soyuqqanlılıqla qarşılamasını görüb susdum. Hər kəs sakitləşəndən sonra isə dərindən ah çəkib dedi:
– Yenə valideynlərin pulu… Bezdik!
– Bəs nə məsləhət görürsən? Moskvaya getməyək? – Marqarita soruşdu.
– Yox, o elə demir, – Miranova sözə qarışdı, – O heç bilmir ki, nə məsləhət görür.
– Lap gözəl bilir, – Şmakova incə səslə dedi, – Sadəcə yeni gələnin qarşısında özünü göstərir.
Təbii ki, hər kəs yenidən güldü.
Marqarita Şmakovanı oturduğu yerdən dikəltdi. Mənimsə, düzünü desəm, onun sözü nəyəsə görə çox xoşuma gəlmişdi. Dediyi səbəb yox, məhz Dimkanın mənim yanımda özünü göstərməsini düşünməsi ürəyimcə olmuşdu.
Sinifdə yenidən sakitlik hökm sürəndə Dimka çıxış edirmiş kimi ayağa qalxıb, yoldaşlarına baxaraq dedi:
– Gəlin, gediş haqqını özümüz qazanaq.
Elə bu vaxt heç özüm də bilmirəm niyəsə həvəslə səsləndim:
– Marqarita İvanovna! Marqarita İvanovna! Olar bir söz deyim?
Görünüşüm də təxmin edirəm necə axmaqcasına idi. Ancaq mən özüm haqqında düşünmürdüm. Qəlbim elə rahat idi ki, hər kəsə qeyri-adi nəsə demək istəyirdim.
– Şəhəriniz haqqında babam mənə çox danışıb… Sizin şəhəriniz xüsusidir, tarixidir. Elə ki gəldin, əbədiyyən qalırsan. Heç bir qızıl zirvələrə dəyişməzsən. Həqiqətən, burada yaxşıdır. Siz hər biriniz çox yaxşısınız! Somovun təklifini də dəstəkləyirəm! – Dimkaya baxıb gülümsəyəndən sonra, nəhayət, oturdum.
– Hə, Somov hər zamankı kimi seçilir! – Marqarita dedi, – Onun təklifi mənim də xoşuma gəldi. Əlbəttə ki, siz artıq böyük uşaqlarsınız, öz pulunuzu özünüz qazana bilərsiniz, – davam edirdi, – Bəlkə, mən də sizə kömək etdim. Ancaq.... peşman etməyin!
Onda hamı yerindən qışqırdı:
– Siz nə danışırsınız, Marqarita İvanovna! Yetər ki, sözləşib razılığa gəlin.
– Biz gecə-gündüz işləyərik!
– Bir səhərdən növbəti səhərədək.
Və biz işləməyə başladıq. Sovxoza gedib gec yetişən xiyar və kələmləri yığırdıq. Biz nəinki pula görə, hətta pulsuz da işləyirdik. Məsələn, uşaq baxçasında, şəhər meydanını yığışdırmaqda… Düzdür, bu, hər kəsin xoşuna gəlmirdi. Yəqin, buna görə ilk gündən mübahisələr başlamışdı. Məsələn, pulsuz işləyəcəyimiz gün Valka həmişə qaçırdı. Bir istirahət günü sübh tezdən Marqarita bizi savxoz bağına payız almaları yığmaq üçün gətirdi.
Bütün uşaqlar rezin çəkmələrdə gəlmişdilər, mənsə incə dabanlı ayaqqabıda. Təbii ki, ayaqalarım iki dəqiqə ərzində yaş otlar sayəsində islandı. Bir də baxdım ki, Somov rezin çəkmələrini və yun corablarını çıxardıb mənə uzadaraq geyinməyimi istəyir.
Bu cür mənzərə yaranmışdı – soyuq, yaş otlar üstündə ayaqyalın dayanmış Somov əlindəki çəkməni mənə uzadır, mənsə götürməyə ürək etmirdim.
Heyrətdən ağızlarını açmış uşaqlar ətrafımızda dövrə qurdular.
– Somova bax! – Tüklü dedi.
– Cəngavər! – Valka əlavə etdi.
– Şir ürəkli, – deyən Kürən bir anlıq öz sözünə güldü.
– Biz hələ burada çox dayanıb bəytərifi edəcəyik? – Şmakova qəzəblə onları aralayıb dedi, – Biz deyəsən işləməyə gəlmişdik. Elədir, Dimoçka?
Kimsə yenə güldü. Dimka isə heç əhəmiyyət vermədi. Əlindəki çəkmə və yun corabı üstümə atıb çıxıb getdi. Dimanın ayaqlarının istitdiyi corabları geyinib, çəkmələri ayağıma keçirtdim.
Baba, bilirsən, bu, mənimçün xoş idi! – Lenka gülümsədi, – Çox xoş! Bəlkə, Dimanın öz çəkmələrini mənə verməsinə görə. – o, bic– bic Nikolay Nikolayeviçə baxdı. – Yox, yəqin, bağın çox gözəl olmasına görəydi.
Ücretsiz ön izlemeyi tamamladınız.