Kitabı oku: «Ədəbi həyat», sayfa 3
Hüseyn Cavid: “Öksüz Ənvər”
Doquz yaşında zəki, uslu bir çocuq: Ənvər…
Sinifdə tam iki ildir, birincilikdə onun
Şərəfli bir adı var; daima müəllimlər
Sevərdilər onu. Lakin o şimdi pək yorğun.
O imdi çox mütəfəkkir… cahanda iştə onun
Həyatı, nəşəsi, ümmidi tək bir annəsi var.
Fəqət o, bəlkə üç ay var ki, xəstə, giryənümun
Nəzərlərilə üzər binəvayı leylü nahar.
Zavallı annəsi söndükcə yavrucuq yanıyor,
Yanıb da qavruluyor; ən böyük düşüncələri
Yarınki matəmi güldürmək üzrə aldanıyor,
Fəqət qadın ərimiş, onda yoq həyat əsəri.
Çocuq davam ediyor dərsə hər sabah; lakin
Nə söylüyorsa müəllim, o bir şey anlamıyor.
Dalıb, dalıb gediyor, dərs için, vəzifə için,
Toqat yeyirsə də biçarə susmuş, ağlamıyor.
Səkiz gün oldu ki, artıq xəbər yoq Ənvərdən,
O şimdi dərsə dəvam etmiyor, qadıncığazın
Qoşar məzarına öksüzcə ağlar, inlərkən
Gəlincə xatirə mazi, düşüb qalır bayğın.
Sorar sinifdə müəllim o kimsəsiz çocuğu,
Qızar da söylənərək hər gün arqasınca onun;
“Aman, nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi
Nə bir xəbər, nə bir iz var? Demək o bir çapqın…”
Yarınki gün o soluq çöhrə pürməlali təəb,
Sinifdə ərzi-vücud etdi. Dərsə başlanaraq
Müəllim əkşi, çatıq yüzlə püritabü qəzəb,
Görüncə Ənvəri, qaldırdı:
– Ey! Çocuq, bana baq!
Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin?
Düşünmə, söylə!
– Əfəndim, şey…
– Ah, dəni yaramaz!
Nasıl da baq dalıyor, sanki tilkidir qurnaz!..
Çocuqcığazda cavab: iştə bir sükuti-həzin…
Gözündə dalğalanır incə bir bahar buludu,
O həp baqıb duruyor, yoqdur onda hiylə və suç…
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı:
“Aman, vay, annəciyim!..”, sonra qəşş olub getdi;
Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.
Şeirin mövzusu, məzmunu və ideyası. Azərbaycan romantizm cərəyanının ən tanınmış və sevilən nümayəndəsi Hüseyn Cavid ədəbiyyatımızda səhnə əsərləri ilə yanaşı həm də lirik-fəlsəfi şeirlər müəllifi kimi tanınmaqdadır. Bu şeirlərin əksəriyyətində Cavidin hələ İstambulda təhsil aldığı illərdə yaradıcılıqları ilə yaxından tanış olduğu yeni Osmanlı ədəbiyyatının təsiri duyulur. Xüsusən “Sərvəti-fünun”çuların təsiri ilə onun poeziyasında mənzum hekayə şəkli, sosial mövzular və məzmun qabarmağa başlayır. “Öksüz Ənvər” də bu təsir altında yazılmış şeirdir.
Doqquz yaşında olan Ənvər məktəbdə müəllimlərin sevimlisidir, dərslərində birincidir. Onun yalnızca anası vardır. Ancaq üç aydır ki, anası xəstədir. Ənvərin bütün fikri xəstə anasının yanında olduğundan müəllimlərinin dediklərindən bir şey anlamır, “dalıb gediyor”, şillə yesə də, susub ağlamır. Artıq səkkiz gün olar ki, Ənvər məktəbə gəlmir, vəfat etmiş anasının məzarı başında ağlayıb analı günlərini xatırlayınca bayğın hala gəlir. Sinifdə bütün bunlardan xəbərsiz müəllim onu soruşur, qızlar arxasınca dedi-qodu edirlər. Sabahı gün məktəbə gələndə müəllim qəzəb içində və turşumuş bir üzlə ondan “hansı cəhənnəmdə” olduğunu soruşur. Ənvərdən aydın bir cavab almayan müəllim onu şillələyir. Şeir uşağın “vay annəciyim” deyərək huşunu itirməsilə sona çatır. Əsəri şərti olaraq dörd hissəyə ayıra bilərik: a) Ənvərlə tanışlıq. Şair uşağın bacarıqlarından, məktəbdə sevimli şagird olmasından söhbət açmaqla oxucunu onunla tanış edir və ona qarşı bir rəğbət hissi oyadır; b) Ənvərin anasının xəstə olması və məktəbli uşağın xəstə anaya münasibəti; c) anasının ölməsindən sonra Ənvərin keçirdiyi hallar və dərsə gəlməməsi, məktəbdə ona olan münasibət; d) məktəbə gəldikdən sonra müəllimin ona qarşı davranışı və Ənvərin düşdüyü vəziyyət.
Hər bir hissədə məzmun sadə, yığcam bir şəkildə anladılmışdır. Şeir bütünlükdə romantizmin, o cümlədən Cavidin hümanizm ideyasını əks etdirir. Azərbaycan romantizmini Avropa romantizmindən fərqləndirən ən üstün cəhəti bu şeirdə görə bilərik. Azərbaycan romantikləri Avropa romantizmindəki məşhur “bəşəri kədər”i ümumilikdən çıxararaq ona konkret məzmun aşılayırdılar. Məzlum, köməksiz, yardıma ehtiyacı olan insanların həyatından yazmaq Azərbaycan romantizminin vətəndaşlıq və sosial istiqamətini müəyyənləşdirirdi. “Öksüz Ənvər” də məhz bu hümanizm ideyası, məzluma acımaq, insana məhəbbət və qayğı göstərmək ideyası əsasında yazılmışdır.
Bir müqayisə. Sadə oxucunun məlumatı olsun deyə bildirək ki, Türkiyə ədəbiyyatında “Sərvəti-fünün”çular arasında şair kimi çox da tanınmayan İsmayıl Səfanın da “Öksüz Əhməd” adlı bir əsəri vardır. Səfanın əsərində göstərilir ki, dul bir qadın zəngin bir evdə xidmətçi olaraq işə düzəlir. Qadına maaş verilmir, əvəzində özünün və yetim uşağının yeyib içməsi bu evdəndir. Körpə Əhməd uşaq olmasına baxmayaraq, hər zaman döyülür, ətrafındakılardan daima pis sözlər, təhqirlər eşidir. Bunları görən ana bir il içində qəhrindən xəstələnir və ölür. Ev sahibləri anasının cənazəsini Əhmədə göstərmək istəyirlər ki, uşaq anasından ötrü darıxıb ətrafdakıları narahat etməsin. Lakin Əhməd anasının üzünü görcək “istəməm” deyib qaçır.
Diqqət edilsə, hər iki şeir ad etibarilə bənzərdir, hər ikisi mənzum hekayə tərzində yazılmışdır, hər ikisində dul bir qadının və yetim uşağın taleyindən söhbət açılır. Hər iki şeirdə ananın ölümü və uşağın yetim, köməksiz qalması, ətrafdakıların onlara münasibəti əsərlərin fakt, hadisə materialını və kompoziyasının qurulmasını təşkil edir. Lakin demək olmaz ki, Cavidin şeiri tamamilə Səfanın şeirinin kopyasıdır. Əsərdə müəyyən fərqlər də nəzərə çarpır. Fərqli cəhətlər budur ki, Səfanın qəhrəmanı Əhmədin yaşı haqqında şeirdə bir şey deyilmir. Bəlli olan odur ki, o hələ oyuncuqlarıyla oynayır. Cavidin qəhrəmanı Ənvər isə doqquz yaşındadır, məktəblidir, çalışqandır, az-çox həyatdan baş çıxarır. Qəhrəmanını bir məktəbli olaraq tanıtması, sinfin birincisi olmasını vurğulaması bir tərəfdən Cavid romantizminin maarifçilik təbiətindən irəli gəlmişdirsə, digər tərəfdən Ənvərin xaraketirini açmağa, oxucuda ona rəğbət oyadaraq mərhəmət ideyasının daha qabarıq canlandırılmasına xidmət etmişdir.
İ.Səfanın əsərində ana bir evdə qulluqçu olaraq çalışır, oğluna olan münasibəti görüb qəhrindən xəstələnir və ölür. Cavid isə Ənvərin anasının məşğuliyyəti, nədən xəstələnməsi haqqında məlumat və ya hər hansı bir işarə vermir. Səfanın əsərində ananın övladına olan münasibəti haqqında söz açılsa da, uşağın anasına bağlılığı haqqında bir detal belə yoxdur. Əksinə uşaq anasının meyidini görüncə, “istəməm” deyə qorxub qaçır. Caviddə isə tam əksinədir. Ananın övladına münasibəti barədə bir söz deyilməsə də, Ənvərin anasına olan bağlılığı, sevgisi aydın və təsirli bir şəkildə canlandırılmışdır. Cavidin qəhrəmanının “həyatı, nəşəsi, ümmidi” tək anasıdır, “annəsi söndükcə yavrucuq yanıyor, yanıb da qovruluyor”. Əhməddən fərqli olaraq Ənvər hər gün anasının məzarına baş çəkir, onu sevgi ilə yad edir. Fikrimcə, uşaq obrazının qabarıq işıqlandırılmasında Cavid daha usta hərəkət etmişdir. Çünki əsərin qəhrəmanı Ana deyil, Ənvərdir.
Əhməd və Ənvərin adları bənzər olduğu kimi, taleləri də oxşardır. Hər iki uşaq döyülür, təzyiqlərə məruz qalır. Əhməd evdəki davranışlarına görə ev sahibləri, Ənvər isə məktəbə getmədiyinə görə müəllimi tərəfindən döyülür. Caviddə uşağın döyülməsi daha konkret və inandırıcı əsaslandırılmışdır. Səfanın əsərinin başlanğıcı bir qədər anlaşılmaz təsir bağışlayır, Cavid isə əsl hekayəçi ustalığı ilə mövzuya daxil olur.
Şeirin sənətkarlıq xüsusiyyətləri. “Öksüz Ənvər”in bir çox misraları, xüsusən ilk dörd misrası tamamilə nəsr cümlələridir. Burada şeirə məxsus bədii ifadə və təsvir vasitələri, məcazlar, şeir ahəngi yoxdur. Hətta şair sözləri qafiyələndirmək üçün misra daxilində cümlələri qırmışdır. Bir cümlə digər misranın ortasında bitmişdir. Şeirin dili əsasən sadə və anlaşıqlıdır. Ərəb-fars sözlərindən ibarət tərkiblərə az bir şəkildə müraciət edilmişdir. Sadəcə, tamamilə Osmanlı şivəsinin və orfoqrafiyasının təsiri altında yazılmışdır. O dövrdə dəbdə olan “pək”, “iştə”, “cocuq”, “annə”, “imdi”, “tokat” kimi sözlərdən bolluca istifadə olunmuşdur. “Gözündə dalğalanır incə bir bahar buludu” kimi sadə və aydın bir məcazdan istifadə Ənvərin ruh halını, ağlar gözlərini dəqiq ifadə edə bilmişdir.
Nəsrə məxsus təhkiyə və realistik bir təsvir üsulu seçən Cavid özünün romantik mövqeyini qabartmadan sadə və konkret bir həyat hadisəsini qələmə almaqla oxucuda mərhəmət duyğusu oyandırmağa çalışmışdır. Bu mövzuda yazdığı digər şeirlərdəki çağırış, ittiham, fəlsəfi ümumiləşdirmələr “Öksüz Ənvər”də yoxdur. Məsələn, “Məzlumlar üçün” şeiri ilk misrasından son misrasına qədər məzlumun, əsirin halına yanmaq, onlara əl tutmaq barədə çağırışdır. “Kiçik sərsəri” də isə yetim, kimsəsiz uşağın həyatını təsvir edən şair sonunda bütün bəşəriyyətə xitab olaraq səslənən fəlsəfi ümumiləşdirmə aparır:
Haqqa varmaq, pərəstiş etmək üçün
Ucalır bir tərəfdə məbədlər…
Daş, çamur, haqq rizası namümkün…
Aldanır, aldanır zavallı bəşər.
“Öksüz Ənvər” də adını çəkdiyimiz şeirlərdə olduğu kimi şair mövqeyinin açıq ifadəsi olmasa da, unutmayaq ki, Cavid realist bir sənətkar deyildi və öz “mən”ini gizlədə bilməzdi. Odur ki, ayrı-ayrı ifadələrdən (zəki, uslu cocuq, binəva, biçarə, yoxdur onda hiylə və suç və s.) şairin mövqeyi, kimin tərəfində olduğu (duyğusuz, həssas olmayan müəllimin, yoxsa məzlum, yetim cocuğun tərəfində olması) aydın görünür. Uşağın kədərli halı, qayğıya, təsəlliyə möhtac durumu ilə müəllimin duyğusuzluğu, qəzəbi bir təzad şəklində verilmişdir ki, bu da vəziyyətin faciəviliyini daha da artırmış olur.
Əsərdəki insan obrazları ana, uşaq, müəllim və məktəbli qızlardır. Şair Ənvəri ağıllı, intizamlı, dərsə, biliyə qiymət verən, duyğulu bir uşaq olaraq təsvir etmişdir. Şeirə giriş hesab olunacaq ilk cümlələr Ənvəri oxucuya tanıdır. Ana haqqında əlavə heç bir məlumat yoxdur. Şairin təhkiyəsindən anlaşılır ki, o, xəstədir və dünyasını dəyişmişdir. Müəllim isə zalım, duyğusuz bir insan olaraq qarşımıza çıxır. İlk üç obraz konkert şəxsləri ifadə edirsə, məktəblilər ümumi şəkildə təsvir edilmişdir. Onların yalnızca sözləri verilmişdir. Burada Ənvərin sinif yoldaşlarının ona münasibətindəki psixologizm, fərdilik açılmamışdır. Bu da, əslində, dramatik bir olayın təsvirindəki dramatikliyi azaltmışdır. Cavid nə zamanın, nə də məkanın üzərində dayanmamış, qəhrəmanlarının zahiri görkəminin, paltarlarının, əşyaların təsvirinə yer verməmişdir. Təbii ki, bu da əyanilik və dekorativlik, görümlülük baxımından şeirə zərər gətirmişdir.
Cavidin başqa lirik şeirlərində rastlaşdığımız bədiilik, yüksək sənətkarlıq “Öksüz Ənvər”də nəzərə çarpacaq dərəcədə deyildir, məzmun isə bəsitdir. Şeiri sevdirən ondakı hiss-həyəcan və mərhəmət duyğusudur. Böyük romantikimizin istedadını bütün qüdrətilə göstərə bilməsə də, “Öksüz Ənvər” Cavid yaradıcılığının bir faktı kimi, Cavid hümanizminin bədii əksi olaraq diqqətçəkicidir.
Hüseyn Cavid: “Qomşu çiçəyi”
Sarışın balkonun kənarında,
Yazın atəşli zərbəsilə solub
Fəri uçmuş beş-altı saqsı çiçək,
Gah bihiss, gah titrəyərək,
Bəkləyir mavigözlü bir mələyin
Nurdan tökmə nazik əllərini.
Həpsinin hüsni-pürqübarında
Artıyor hər dəqiqə hüzni-qürub;
Gələrək şimdi bir pəriyi-şəbab,
Əldə bir dəsti eyliyor sirab;
İştə bayğın baqışlı hər çiçəyin,
Güldürür çöhreyi-mükəddərini.
Nə qadar xoş… o nazənin rəftar!
Nə dilaşub… o zülfi-zərrintar!
Həp o simayi-şux, o nim nikah,
O şəhamətli, atəşin gözlər
Ruhi-əşarə bir təcəlligah
Olaraq nuri-etila sərpər.
Bir çiçəkdən seçilmiyor hərgiz,
Həm də bir qönçədir ki, pək nadir…
O gül əndamı iştə seyr ediniz!
Pənbə güldən gözəl deyil də nədir?!
Mütəsəvvirmidir ki, bir insan
Onu görsün də olmasın heyran?
Şeirin mövzu və məzmunu. Yaradıcılıqlarında “sənət sənət üçündür” nəzəriyyəsinə xüsusi önəm verən romantiklərdə hər hansı bir ideoloji məqsəd güdülmədən, sosial-ictimai məzmun izlənilmədən yazılmış şeirlər də vardır. Ancaq buradaca qeyd etməliyik ki, Avropa romantizmindən fərqli olaraq bizim milli romantiklərimizin yaradıcılığında belə şeirlərə az təsadüf olunur. Romantiklərimizin içərisində Cavid bu baxımdan digərlərindən fərqlənsə də, bu tip şeirlərə hətta onun da yaradıcılığında az bir miqdarda rast gəlirik. Bizim XX əsr romantizmi özünün yüksək vətəndaşlıq ruhuna, dərin sosial məzmununa görə Avropa romantizmindən köklü surətdə fərqlənir. “Qomşu çiçəyi” Hüseyn Cavidin “sənət sənət üçündür” nəzəriyyəsi əsasında yazılmış “saf şeir” adlanan əsərlərindəndir. Şeirin mövzusu adi bir həyat hadisəsindən – qonşu qızın balkondakı çiçəklərə su verməsindən götürülmüşdür. Cavidə qədər milli poeziyamızda belə real, adi hadisələr şeirə nadir hallarda mövzu olmuşdur. Ona görə də bu şeir istər mövzu və məzmun, istər forma və üslub baxımından Cavidin yeni tipli əsərlərindəndir. Məzmun və süjet nə qədər sadə və qısa olsa da, yüksək bir estetika, uyğun bir forma və üslubda qələmə alınmışdır. Şeirin adı ilk baxışda belə bir təəssürat yaradır ki, şair qonuşunun yetişdirdiyi çiçəklərdən bəhs edəcək. Amma şeirlə tanışlıqdan sonra bəlli olur ki, “çiçək” burada bir tərəfdən bir təbiət ünsürünə, bitkiyə işarə edirsə, digər tərəfdən çiçəyə bənzədilən bir insanı-qonşuluqda yaşayan gənc, gözəl qızı (pəriyi-şəbab) oxucuya nişan verir. Bu dönüş nə qədər gözlənilməz olsa da, sənətkarlıq baxımından təbii bir şəkildə baş verir. Şair bu iki varlığı ustalıqla bir-biri ilə əlaqələndirə bilmişdir.
“Qomşu çiçəyi” şeiri dörd parçadan ibarətdir. İlk iki parça ilə son iki parça məzmun və obyekt baxımından fərqlənsə də, bir-birilə sıx şəkildə bağlıdırlar. İlk iki parçada şair qonşu balkonda “yayın atəşli zərbəsi ilə” solub soluxmuş, “mavi gözlü bir mələyin” “nurdan tökmə nazik əllərindən” su içmək həsrətiylə gözləyən çiçəklərdən söhbət açır. Üçüncü parçada şeirin obyekti dəyişir, şair indi çiçəklərdən yox, onlara həyat verən qonşu qızdan danışır, onun gözəlliyini vəsf edir. Onun əməlini – çiçəklərə su verməsini xoş olan “nazənin rəftar” adlandırır. Amma şair bu qonşu qızın rəftar və zahiri gözəlliyində çox da detallara varmır, bir-iki ştrixlə təsvirini tamamlayır, münasibətini bildirir. Sonuncu parçada bu gənc və gözəl qızın özünün də çiçəklərdən seçilmədiyini söyləyən şair ikicə misradan sonra daha irəli gedərək qonşu qızın gözəlliyini seyr etməyə çağırdığı oxucularından bu qız “pənbə güldən gözəl deyil də nədir?” deyə sual edir. Təbii ki, oxucular bu suala obyektiv cavab vermək imkanında deyillər. Onlar sadəcə olaraq şairin gördüklərindən doğan təəssüratlarına, ifadə etdiyi heyranlığa inanmaq məcburiyyətindədirlər. Çünki şair gənc qızı oxucuya bütün mahiyyəti ilə ətraflı tanıtmamışdır. Heç onun zahiri gözəlliyini də dolğun və detalları ilə təsvir etməmişdir. Qızın gözəlliyi “xəsiscəsinə” deyilmiş sözlər, ifadələr, bənzətmələrlə ifadə edilmişdir. Sözsüz ki, bu, qıza münasibətdə inandırıcılıq keyfiyyətini azaltmışdır. Görünür bunu özü də duyduğundan şair son iki misrada yeni və həyəcanlı bir sual vermək məcburiyyətində qalır: təsəvvür etmək mümkündürmü ki, bu qızın gözəlliyini görüb ona heyran olmayacaq insan tapılsın? Görünən budur ki, bu gənc qız öz xeyirxah əməli ilə – yanıb qovrulan çiçəklərə su verməklə şairi cəzb etmiş və bu zaman şair onun su verdiyi gözəl çiçəklərdən seçilmədiyinin fərqinə varmışdır. Cavidi bir şair olaraq maraqlandıran qonşu balkonunda seyr etdiyi mənzərə, çiçəklərin pərişan halı, yaxud gənc qızın fəaliyyəti deyil. Bunlar sadəcə bir dekorasiya, vasitə rolunu oynamaqdadır. Əslində şairin məqsədi heç seyr etdiyi mənzərəni bütün detallarıyla, gənc qəhrəmanını dolğunluğu ilə canlandırmaq da deyil, bəlkə daha çox bu lövhə, xeyirxahlıq və gözəllik qarşısında duyduğu heyranlıq hissini oxucuya çatdırmaq, onu da öz duyğularına ortaq etməkdir. Onu da deyək ki, bu şeirdə didaktik, yaxud ideoloji, siyasi heç bir yön yoxdur. Amma əlbəttə ki, solub getməkdə olan çiçəklərə su verib onların qəmli çöhrəsini güldürən qızın hərəkəti oxucuda istər-istəməz yoxsul, kimsəsiz insanların üzünü güldürmək gərəkdiyi fikrini yada salmış olur. Bu fikri şairin qızın hərəkətini təqdir etdiyini bildirən “Nə qədər xoş… o nazənin rəftar!” misrası daha da qüvvətləndirmiş olur.
Şeirin dil və üslub xüsusiyyətləri. “Qomşu çiçəyi” dil baxımından Cavidin digər şeirlərindən çox da fərqlənmir. Şair bu şeirində də ana dilin sözləri ilə yanaşı ərəb-fars dilinin lüğət tərkibinə də müraciət etmişdir. Birinci parçada əsasən dilimizə aid sözlər işlədilmişsə, üçüncü parçada daha çox ərəb-fars kəlmələrindən yararlanılmışdır. Belə görünür ki, şair gerçək aləmin, real mənzərənin təsvirində ana dilinin sözlərinə, öz duyğularını, təəssüratlarını ifadə edəndə isə yabançı dilə üstünlük vermişdir.
Şairin ətraf aləmə baxışı son dərəcə subyektiv və duyğusaldır. Seyr etdiyi mənzərə onda heyrətli bir gözəllik duyğusu oyatmışdır. İlk parçalarda şair özünü nə qədər geridə saxlamaq, yalnızca baş verəni təsvir edən rolunda görünmək istəsə də, bu hal sona qədər davam etmir. Zatən, dediyimiz kimi, məqsədi öz duyğularını ifadə etmək olan lirik bir şair belə də hərəkət etməlidir. Şeirin üslubu şairin qapıldığı duyğu aləminə, təbiətə, hadisəyə baxış tərzinə uyğundur. Cavidin dünyaya baxışı, onu ifadə tərzi dedikcə estetik, eyni zamanda mübhəm və sirlidir. O, çılpaqlığı sevmir. Gizli, ilk oxunuşdan sirrini oxucuya açmayan bir dil, ifadə tərzi onu daha çox cəzb edir. Hələ “Pənbə çarşaf” şeirində şair özünün estetik qayəsini elan etmişdi: “Mən açıq şeirdən də həzz edərəm, Fəqət ən gizli şeiri çox sevərəm”. Şeirdəki sirli hallar, ecazkar duyğular, şairanə ifadələr, məzmunu dil yadlığı (yad olan həm də sirlidir axı) arxasında gizlətmək onun sənətə, təbiətə, gözəlliyə baxış tərzinin nəticəsi kimi ortaya çıxır. Ona görə də şeirdə bizə mürəkkəb, aydın görünməyən ifadə tərzini Cavidin zəifliyi yox, üslub özünəməxsusluğu kimi dəyərləndirmək lazımdır.
Cavid insana məxsus duyğuları, hərəkəti təbiət ünsürlərinin, çiçəklərin, real varlıqların üzərinə köçürməkdə ustadır. Əslində duyğulardan uzaq olan bitkilərə insani duyğuları, insana xas olan xüsusiyyətləri verincə, şair onları canlandırır, bu canlanma oxucuda dərin, təsiredici bir iz buraxır. Şairin ustad qələmində yayın atəşli zərbəsi (bu ifadənin özü belə oxucunu artıq adi olmayan bir halla üz-üzə gətirir) altında solan çiçəklərin “fəri uçmuş” (işığı çəkilmiş), gah hissiz, gah da titrəyərək onlara su verib canlandıracaq qızın yolunu gözləmələri, gözəlliklərində qurub hüznünün artması, çiçəklərin bayğın baxışlı olması, qızın gəlişi ilə qəmli çöhrələrinin gülməsi – insana məxsus bu halların təbiətə aid edilməsiylə romantik bir mənzərə yaradılmışdır. Şeir solğun rənglərin üstünlük təşkil etdiyi bir rəssam tablosunu xatırladır. Başlanğıcdakı “Sarışın balkon” ifadəsinə diqqət edək! Nədən sarışın? Sarışın parlaq rəng deyil. Balkonun sarışın epiteti ilə bəzədilməsi sanki çiçəklərin soluqluğunu, su həsrətini bir az da artırmış olur, mənzərəni tamamlayır, şairin təsvirini dolğunlaşdırır. Yaxud “pənbə gül” epiteti. Bilindiyi kimi pənbə qırmızı ilə ağın qarışığı olan solğun bir rəngdir. Romantiklərdə, o cümlədən Caviddə də solğun rənglərə qarşı qəribə bir sevgi müşahidə olunur. Cavid sənətkarlığının danılmaz sübutu olan “bayğın baxış”, “zülfi-zərrintar” (qızıl zərrələri saçan saçlar), “gül əndam”, “atəşin gözlər” kimi epitet və təşbehlər, müxtəlif istiarələr, məcazlar şeirin estetik dəyərini artırır. Şair təsvirinin məzmununa uyğun bir səs sistemindən istifadə etmişdir. Çiçəklərin su həsrətindən bəhs edən misralarda “s”, “ş” samitlərinin çoxluğu bu həsrətin qüvvətli bir şəkildə ifadəsinə xidmət edir.
Şeir formaca indiyə qədər rastlaşmadığımız bir quruluşdadır. Hər parçası altı misradan olmaqla 4 parçadan ibarət şeirin qafiyə düzümü bir sistemə tabe olmayıb, tamamilə yeni və mürəkkəbdir. Birinci parçada yalnız üçüncü və dördüncü misralar qafiyələnmiş (çiçək/titrəyərək), digər misralar sərbəst buraxılmışdır. Əvəzində isə ikinci parçanın birinci misrası birinci parçanın birinci misrası (kənarında/pürqübarında), ikincinin ikincisi birincinin ikincisi (solub/qürub), ikincinin beşinci misrası birincinin beşincisi ilə (çiçəyin/mələyin), ikincinin altıncısı birincinin altıncısı ilə həmqafiyə (əllərini/mükəddərini) olmuşdur. İkinci parçanın da üçüncü, dördüncü misraları öz aralarında qafiyələnmişdir. Üçüncü parçada birinci və ikinci, üçüncü ilə beşinci, dördüncü ilə altıncı misralar qafiyələnməklə ayrı bir düzülüşdədirlər. Dördüncü parça isə əvvəlkilərdən fərqli qafiyə sisteminə malikdir. Burada birinci ilə üçüncü, ikinci ilə dördüncü, beşinci ilə altıncı misralar öz aralarında həmqafiyə olmuşdur. Bəlkə bəzilərinə görə bu bir sənətkarlıq qüsurudur. Mənim fikrimcə, Cavid məzmunu formaya qurban verməmək üçün bu cür sərbəst davranmışdır. Çünki Cavidin şeirlərinə baxarkən onun qafiyə sisteminə diqqətlə yanaşdığını, orijinal, tam, mükəmməl qafiyələr seçdiyinin şahidi oluruq. Bu şeirdəki qafiyələr haqqında isə bunu demək mümkün deyil. Şeirdə söz kökündən düzələn çiçəyin/mələyin, rəftar/zərrintar, nigah/təcəlligah, kənarında/pürqübarında kimi mükəmməl qafiyələr olduğu kimi, gözlər/sərpər, hərgiz/ediniz, solub/qürub kimi zəif qafiyələr də vardır.
“Qomşu çiçəyi” şeiri öz mövzu və məzmunu, sənətkarlığı, estetikası, lirizmi ilə Hüseyn Cavidin ədəbiyyatımızda yalnızca ustad bir dramaturq deyil, həm də orijinal, poeziyamızda özünəməxsus yeri olan bir şair olduğunu təsdiq edir.
Ücretsiz ön izlemeyi tamamladınız.