Kitabı oku: «Soyuq cəhənnəm»

Yazı tipi:

Rəbb, bilərəkdən sənə itaətsizlik etdiyim hər yerdə, lütfən, ürəyimlə işlə və məni təmizlə.

İNCİL


Onların dərdləri ancaq onları tanıyanlara bələddir. Ancaq başı bəlalar çəkən bilir ki, nə zülmlərə qatlaşırlar. Onlar cüzam xəstəsidirlər. Xəstə bir cəmiyyətin qurbanlarıdırlar. Cəmiyyət daim sanki günahkar axtarışındadır. Və cüzamlılar günahkar axtarışında olan cəmiyyət üçün göydəndüşmədir. Cəmiyyət onları cəzalandırır. Onları – xəyalları xatirəyə çevrilmiş qəhrəmanları tanımağın vaxtıdır.



Roman cüzam xəstələrinə ithaf olunur.


Birinci hissə
Bumeranq

Proloq

Gəncə şəhəri. Nizami Rayon Məhkəməsi
2013-cü il, avqust ayı

“Təqsirləndirilən şəxs Süleymanov Həsən Rizvan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim”. – Hakim hələ sözünü bitirməmişdi. Hər kəsin diqqəti hakimin deyəcəyi, məhkəmə zalının vahiməli, ürküdücü, soyuq divarlarına dəyib, sonra eşidəcəkləri sözlərdə idi. Hamı yekun qərarı gözləyirdi. İşi araşdıran kiçik ədliyyə müşaviri, ədliyyə mayoru Loğman Əliyev üçün hakimin hökmü o qədər də maraqlı deyildi, o onsuz da nəticəni əvvəlcədən bilirdi, sadəcə bir nəfərə mənəvi dəstək üçün burada idi və tək gəlməmişdi. Məhkəmə hakimi hökmü oxudu: “Süleymanov Həsən Rizvan oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə, əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Prokurorluqda cinayət aləti və maddi sübut kimi saxlanılmış bıçaq məhv edilsin və o, məhkəmə zalından azad edilsin”.

Sevinc nidaları zala yayıldı, yaxınları dəmir barmaqlıqlar arxasında qalan Həsəni qucaqlamaq istəyirdilər. Nəhayət ki, yaxınları Həsənə qovuşdu. Elə bu vaxt Loğmanla yanındakı adam məhkəmə zalını tələsmədən tərk etdilər. Bunu da yalnız Ümman gördü, Loğman ona dəstək üçün burada idi. Onların zalı tərk etməsi yalnız Ümmanın nəzərindən yayınmadı.

Haradasa bir ay əvvəl Gəncədə qətl hadisəsi baş vermişdi: Mübahisə nəticəsində yaranmış qarşıdurma zamanı bir neçə şəxs Həsənə hücum çəkdi. Onlardan biri bıçaqla Həsənə xəsarət yetirdi. O da həmin adamın əlindən bıçağı alaraq onu yaralamışdı. Bir neçə saat sonra yaralı xəstəxanada keçindi. Nəticədə Həsən təqsirləndirilən şəxs qismində həbs olunaraq istintaqa cəlb edildi. Lakin Ümman qardaşının qatil olduğunu qəbul etmirdi, çünki qardaşı özünü müdafiə etmişdi və ona bəraət verilməli idi. Lakin işi ilk araşdıran müstəntiq Həsənin əleyhinə qərar çıxarıb, işi bağlamaq üçün prokurora göndərmək istəyəndə Ümman məsələdən xəbər tutmuş və işə qarışmışdı. Nəhayət, iş bağlanmadan başqa adama – Loğman Əliyevə həvalə olundu. Sentyabrda otuz üç yaşı tamam olacaq ədliyyə mayoru, Həsənin günahsızlığını sübuta yetirdi: o, zəruri müdafiə zamanı həddi aşmamışdı.

Ümman məhkəmə zalını tərk eləyib çıxışa tərəf tələsdi.

– Halaldır, mayor, bu işin də öhdəsindən gəldin, – kapitan bunu deyib ağ “Prado” sunun sükanı arxasına keçdi. – Bu ölkədə nadir hallarda müdafiə zamanı adam öldürənə bəraət verilir, onlardan biri də sənin qol qoyduğun cinayət işi oldu.

Mayor da onun yanında əyləşdi:

– Cinayətləri açmaq üçün sualları düzgün qoymaq lazımdır. Düzgün sualların isə çox vaxt yanlış cavabı olmur, – deyib gülümsədi.

– Ölürəm də sənin belə fəlsəfi düşüncələrindən ötrü, – kapitan ona sataşaraq gülümsədi və maşını işə saldı.

Maşın hərəkətə gələn kimi mayor, binadan çıxıb onlara tərəf yaxınlaşan Ümmanı görüb dərhal kapitandan maşını saxlamasını xahiş etdi.

Ümman yeyin addımlarla, maşından düşən mayorun qarşısına gələrək onunla üz-üzə dayanıb dedi:

– Çox sağ olun, cənab mayor! Sayənizdə qardaşım azadlığa qovuşdu.

– Mən sadəcə öz işimi gördüm, – o, qısa cavab verdi.

– Sizdən əvvəlkilər də işlərini görmüşdülər, – qız rişxəndlə dedi. Sonra isə yenidən dil-ağız etməyə başladı. – Bir daha təşəkkür edirəm, cənab mayor!

– Sadəcə Loğman deyə bilərsən, – mayor gülümsədi. – Rəsmiyyəti sevmirəm.

– Yaxşı!.. Olsun Loğman, – gülümsəyərək əlini uzadıb dedi. – Yenidən görüşəcəyimizə ümid edirəm.

– Niyə? Səncə, qardaşını bir də tutub içəri basacaqlar?

– Əlbəttə, yox!

Ümman həddini aşdığını hiss elədi. Bu an avtomobilin uzun siqnal səsi eşidildi. Loğman bilirdi ki, sükan arxasındakı onu qısqanır.

– Mən gedim, həmkarım məni gözləyir, – Loğman dedi.

– Hələlik! – Ümman zərif əlini mayorun əlindən çəkdi.

…“Prado” yerindən ehmalca tərpəndi.

Sükan arxasında oturan Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Regional Mühafizə İdarəsinin kapitanı, “Qartal Gözü” məxfi təşkilatının baş leytenantı Leyla Baratzadə idi… Maşın nəhəng icra hakimiyyəti binası ilə üzbəüz yerləşən yeni tikilinin qarşısında dayandı:

– O qızla yaman mehribansan, – Leyla dedi.

Loğman gülərək cavab verdi:

– Məni qısqanmağı sənə məsləhət görmürəm.

– Kimi? Səni?! – o, həmsöhbətini borclu çıxarmağa başladı.

Mayor yorğun olduğundan bu dəfə onun nazı ilə oynamağa həvəsi yox idi. Buna görə də mövzunu dəyişərək təklif etdi:

– Mən evə qalxıram, gəlirsən?

– Yox!

– Yaxşı, – o bunu deyib maşından düşdü. – Mədinəni görmək fürsətini əldən verdin.

– Loğman! – Leyla onun dediyinə əhəmiyyət verməyərək arxadan səsləndi. – Özünü qoru!..

Günortadan xeyli keçmişdi. Yorğun olmağına baxmayaraq, Loğman liftə minməyib pilləkənlə qalxmağa başladı. Beynində son hadisələri analiz edirdi. Həsəni də təmizə çıxartdı. Bu işə görə də sabah bolluca tərifləri qəbul etməli olacaqdı. Ümumiyyətlə, Loğman bu vaxta kimi hər bir işin öhdəsindən layiqincə gəldiyindən özünü məğlubedilməz hesab edirdi. Ona elə gəlirdi ki, bu dünyada ondan güclüsü ola bilməz, heç bir cinayətkar onun araşdırdığı işin məsuliyyətindən canını qurtara bilməz. Özünə hədsiz arxayınlığının digər səbəbi kimi təmkinini, aqressiyaya yer verməməsini görürdü.

Nəzrin qapını açdı. O, kimsəsiz idi. Ana-atasını uşaqlıqda itirmiş, uşaq evində böyümüşdü. Loğmanla tanışlıqları isə təsadüfi alınmışdı… İndi Nəzrin bu evdə qulluqçu idi. Dördyaşlı Mədinəyə anası öləndən sonra o baxırdı. Çox gözəl olmasına baxmayaraq, Loğman ona bircə dəfə də olsa, pis gözlə baxmamışdı. Ümumiyyətlə, Loğman həyat yoldaşının ölümündən sonra qadınlara qarşı heç nə hiss etmirdi, bir daha ailə qurmaq fikrində deyildi. O, başa düşürdü ki, yaş ötdükcə ikinci dəfə evlənmədiyinə görə peşman olacaq, lakin mərhum yoldaşının yerini kimsə tuta bilmirdi. Əslində isə, Loğman özü istəmirdi kimsə onun yerini tutsun, bunu öz sevgisinə və həyat yoldaşının ruhuna xəyanət kimi qəbul edirdi, buna baxmayaraq, reallıqda belə deyildi. Bu, xəyanət sayılmırdı. Həm də ikinci ailə həyatı təkcə onun əlində deyildi. Mədinəni də razı salmaq lazım gələrdi ki, bu da çətin məsələ idi. Onun atasına sonsuz bağlılığı qısqanclığa səbəb olurdu. Lakin Mədinə uşaq olsa da, onun da istəkləri var idi. Loğman özünü uşağa borclu bilirdi, əks halda, intihar edərdi.

Hava qaralmağa başlayırdı. Azan səsi evin içində aydınca eşidilirdi. Adətən hüquq-mühafizə orqanları işçiləri namaz qılmırlar, Loğmanın namaz qılması isə gəncliyindən qalma vərdişi idi. O, namaz qılmaq üçün oturduğu divandan qalxmaq istəyəndə Mədinə əlindəki vərəqlə gəlib atasının qarşısında dayandı və çəkdiyi rəsmi ona göstərərək dedi:

– Ata, gör nə çəkdim!

Mədinənin çəkdiyi şəkil Loğmanı diksindirdi. O, üzü ağac budağına bənzəyən bir neçə adam şəkli çəkmişdi. Nəyə görə? Balaca uşağın belə simalar yaratmaq istəyi hardan qaynaqlanmışdı, onda bu ilham haradan idi? Loğman bir-iki dəqiqə şəklə baxıb düşündü.

– Mədinə, niyə belə bir şəkil çəkmisən? Sən həmişə ev, təbiət şəkilləri çəkirdin axı.

– Bu adamlar təbiəti görmürlər, – Mədinə üzdən çox kök idi və danışarkən arada nəfəsi kəsilirdi. Ümumiyyətlə isə, təmkinlə danışırdı, lakin nəyisə izah edəndə onda rahat hiss olunacaq həyəcan yaranırdı ki, təngnəfəsliyin də səbəbini Loğman bunda görürdü. – Ata, bu adamları özüm ağac kimi çəkdim. Onlar da adamdır da, – Mədinə, əslində, başqa şeylər demək istəyirdi, lakin uşaq dili kasad olduğundan fikirlərini çatdıra bilmirdi.

Mədinənin çəkdiyi şəkil yaxın gələcəkdəki faciələrdən xəbər verirdi; ən azından, Loğmanın şahidi olacağı faciələrdən. Uşaq, əslində, bunları demək istəyirdi. Həmişə belə olur, fələk həmişə baş verəcəklərdən insanları xəbərdar edir. Sadəcə insanlar ən xırda şeylərə də laqeyd münasibət göstərirlər…

Cəhənnəmdəki Ümman

Gəncə. Özəl xəstəxana. Hadisələrdən bir müddət əvvəl

– Bu xəstəlik el arasında “vəba” adı ilə də tanınır. Buna baxmayaraq, vəba deyil, cüzamdır. Cüzam bir mikroorqanizmin ortaya çıxartdığı, periferik sinir sistemi və dəri başda olmaqla, bir çox orqana təsir edən yoluxucu bir xəstəlikdir. Ancaq yoluxma ehtimalı çox aşağıdır. Bu səbəbdən də uzun illər yoluxucu xəstəlik kimi qəbul olunmayıb, – həkim danışdıqca Ümmanı qorxu bürüyürdü. Gözləri dolmuş halda həkimə qulaq asırdı. – Cüzam xəstəliyinin müalicəsinə vaxtında başlanılsa, effekt verə bilir. Cüzam və ya lepra (taun) insanda xroniki infeksion xəstəlikdir. Törədicisi xansen basilləridir… Pis qidalanma, avitaminoz, antisanitariya… Bunlar xəstəliyin yaranmasına şərait yaradır. Cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından daxil olur. Cüzam xəstəsinin üzü get-gedə çürüyür. Belə xəstələr cəmiyyətdən təcrid olunaraq Umbakıda yerləşən cüzam xəstəxanasına göndərilirlər. Cüzamlıların təkcə üzləri deyil, yavaş-yavaş bütün bədənləri çürüyür. Onların sonu ölümdür. Dəri boyunca çürümə prosesi başa çatandan sonra onlar ölür. Bu cür ölməmək üçünsə bu xəstəliyin müalicəsi ilə gecikmədən məşğul olmaq lazımdı. Ümman, qızım, sən isə bir qədər gecikmisən.

Həkim son cümləsini daha da yumşaq səsləndirə bilərdi. Deyəsən, bunu gec başa düşdü və səhvini düzəltməyə çalışdı. Buna görə şablon cümlələri döşəməyə başladı:

– Amma narahatlığa əsas yoxdur. Tibb çox şeylərin öhdəsindən gəlib. Bəlkə, bunun da həlli tapıldı.

Onun sonradan dediyi sözlərin heç biri qarşısındakı xəstəyə təsir etmirdi. Ümman onun əvvəlki cümlələrinə dözə bilmirdi və ağlayaraq çantasını götürüb kabineti tərk etdi.

– Ümman, hara? – həkim onun arxasınca getmək üçün kreslodan durdu, cəld dəhlizə çıxdı və sürətlə gedən Ümmanın arxasınca baxıb başını buladı.

Bir müddət əvvəl Ümman Həsənlə həkimə gedib müayinədən keçmişdi (onlar hər il müayinədən keçirlər). Həsən sağlam idi. Həkim isə Ümmanı çağırıb onunla söhbət etmək istədiyini bildirmişdi. Sonradan Həsənin həbs olunması məsələsi ortaya çıxdı və baş qarışdı. Dünən qardaşı azadlığa çıxdıqdan sonra həkimə getməyi qərara aldı. Zəng edib vaxtı da dəqiqləşdirdi…

O, eşitdiklərinin təsirindən çıxa bilmirdi. Gəncə çayının yaxınlığındakı skamyada üzü körpüyə tərəf oturmuşdu. Ağlayırdı. Dərdləşməyə adam axtarırdı.

Həkimin dedikləri qulaqlarında əks-səda verirdi: “Cüzamlıların təkcə üzləri deyil, bütün bədənləri çürüyür… Onların sonu ölümdür… Onlar cəmiyyətdən təcrid olunurlar…”

Ümmanın 25 yaşı var, hüquq fakültəsini bitirib, lakin işləmir. Atası Bakıda, neft şirkətində yaxşı vəzifədə çalışırdı. Qardaşı idman akademiyasını bitirib, karate üzrə dördqat Avropa çempionudur. Populyar idman klublarından birinin üzvüdür. Həmin klubu yaxın dostu ilə birlikdə təsis edib və orada məşqçi işləyir.

Ümman bir saatdan çox ağladıqdan sonra halsızlaşdığını hiss edib və ağlamağın faydasız olduğunu anlayaraq evə getmək üçün ayağa durdu. Belə qərara gəlmişdi ki, hər şeyi anasına danışsın, onsuz da gizlədə bilməyəcəkdi…

Gəncə şəhər prokurorluğu

Loğman kabinetində oturub Akif İslamzadənin “Ala gözlüm” mahnısına qulaq asırdı. Və mahnı sədaları altında dünən qızının çəkib göstərdiyi şəkli düşünürdü. Bəlkə də, şəkildə qeyri-adi heç nə yox idi. Sadəcə Loğman son vaxtlar çox xırdaçılıq edir, hər şeydə nəsə axtarmağa çalışırdı.

Qapı döyüldü və ardınca da dərhal açıldı. İçəri daxil olan leytenant Loğmanı fikirlərdən ayırdı. Gəlib stulda oturdu.

– Nəsə olub? – Əliyev onun sözlü adam olduğunu hiss edib soruşdu.

– Yox, – üçüncü dərəcəli hüquqşünas, ədliyyə leytenantı cavab verib, əlavə etdi. – Sən demə, bu Həsən karate üzrə dördqat Avropa çempionu olub.

– Olsun da! – mayor laqeydliklə dedi. – Boş şeydir.

– Hə də… Axı sən kunqfuçusan. Sizə görə digər idman növləri elə-belədir, – Sadıxov da uzun illər karate ilə məşğul olmuşdu.

– Xətrinə dəydi? – mayor bic-bic qımışdı. – Mən üzr istəyə bilərəm.

– Belə getsə, sənin bir ulduzun da artacaq, ədliyyə müşaviri – ədliyyə podpolkovniki olacaqsan, – Sadıxov mövzunu dəyişdi. – Hesabında açılmamış cinayət işi yoxdur.

– Mən işimi görürəm. Polkovnik rütbəsini alandan sonra isə rahatca istefaya çıxa bilərəm.

– General olmaq istəməzsən ki?

– Yox, polkovnik də kifayət qədər yüksək rütbədir.

– General olmaq istəməyəndən əsgər çıxmaz, – Sadıxov ona söz atdı.

– Əsgər generalın yerinə göz dikib öz işini görməsə, general ola bilməz, – Loğman, mənalı tərzdə gülümsədi. – Mənim göz dikdiyim yer yoxdur. Həm də əsgər olmaq istəmirəm.

Daxili telefonun səsi eşidildi. Loğman qısaca cavab verib, dərhal da dəstəyi asdı.

– Nə olub? – Sadıxov maraqlandı.

– Şəhər prokurorudur, məni kabinetində gözləyir, – Loğman bunu deyib ayağa duraraq qapıya doğru getdi. – Yəqin, yenə tərifləyəcək…

Baki. Bulvar

Bir az əvvəl telefonda Həsən ona iki saatdan sonra Bakıda olacağını demişdi. Züleyxa isə bura dərdlərini bir qədər yumşaltmaq, rahatlaşmaq üçün gəlmişdi. O, sözün əsl mənasında böyük və dəhşətli əzaba düçar olmuşdu. Nə olur-olsun, bunu Həsənə deyəcəkdi. İndi cəsarətli olmaq vaxtı idi. Lakin Həsən Gəncəyə ana-bacısına baş çəkməyə getdi. Ancaq orada həbs olunması Züleyxanın qəbul etdiyi qərarı həyata keçirməsini təxirə salmalı oldu.

Avqust günəşinin şəfəqləri Züleyxanı isitdiyi qədər sanki dərdləri qarışmış Xəzərin ləpələri də onu bir o qədər üşüdürdü. Ətrafdan keçən cütlüklərə baxır, baxdıqca qəhərlənirdi. Bayaqdan bəri ancaq və ancaq Həsəni düşünürdü. Sevdiyi oğlanın aqibəti onu narahat edirdi. İkisi də bir-birinə çox düşkün idi. Vəhşi kapitalizm dövründə belə bir sevgi nadir tapıntı olsa da, reallıq idi.

Düşünmək dəhşətdir. Artıq ailəsi də ondan üz çevirirdi. Bəs Həsən? O da üz çevirərmi çox sevdiyi Züleyxadan? İndi Həsən üçün həyatının ən böyük sınağı gəlirdi, güclü olsa, sınmayacağı məlumdur.

Ayağa durub, üzdə xoşbəxt görünən insan kütləsinə qoşularaq addımlamağa başladı.

– Züleyxa!..

O, tanış səs eşidən kimi yerində dayandı və arxaya çevrildi:

– Elxan?! – Züleyxa təəccübləndi.

Elxan Həsənin yaxın dostu və şəriki idi. İkisi birlikdə idman klubu açmışdılar.

– Nə olub? Yaman fikirli görünürsən, – Elxan maraqlandı.

– Heç… – qız nə deyəcəyini bilmədi. Özünü birtəhər ələ alıb soruşdu: – Sən buralarda xeyir ola?

– Mehribanla görüşəcəm. Gəl qoşul bizə! – oğlan ona təklif etdi.

– Yox! Yaxşısı budur, sevgililərə mane olmayım…

– Mane olmarsan, gəl! – Elxan axır ki təkidləri ilə onu razı sala bildi.

Bir neçə dəqiqə sonra Mehriban da onlara qoşuldu. Üçlükdə kafeyə yollandılar.

Elxanla Mehriban şən söhbətlər edirdi. Züleyxa isə əzabını boğaraq, hərdən özünü gülümsəməyə məcbur edir, tez-tez də saatına baxırdı; Həsənin Bakıya gəlməyinə hələ bir saat vardı.

Gəncə

Ümman evə gələndə artıq qardaşının öz maşını ilə Bakıya yola çıxdığını öyrəndi. Onun gözlərinin şiş və qızartısını görən anası nə baş verdiyi ilə maraqlandı. Çox təkid etsə də, qızından söz qopara bilmədi. Ümmansa elə hey susurdu. O bu əzablı xəbəri anasına necə deyəcəyi barədə götür-qoy edirdi. Onsuz da gec-tez hər kəsin xəbər tutacağı bir şeyi gizlətməyin mənası yox idi. Buna görə anasını məsələdən olduğu kimi hali elədi. Qadın qulaqlarına inana bilmədi. Əvvəlcə bir müddət qızına baxaraq heykəl kimi yerində donub-qaldı. Sonra qızından aralandı. Öz bacısı da cüzam xəstəsi idi və on il bundan əvvəl onu xəstəxanaya yerləşdirmişdilər. O gündən qohum-əqrəbadan, dost-tanışdan heç kim ona baş çəkməmişdi. Heç özü də doğma bacısının bircə dəfə də olsa ziyarətinə getmədi.

Artıq üç saatdan çox idi ki, evdə hökm sürən sükut, bir növ, gələcək faciədən xəbər verirdi. Ana sakit-sakit ağlasa da, Ümman stulda sakitcə oturmuşdu.

– Bunu heç kimə demə! Eşidirsən, heç kimə!.. – anası sükutu pozdu. – Yoxsa üzümüzə baxan olmaz. Qapımızı döyən, üzümüzə qapı açan olmaz. Salam belə verməzlər bizə.

Ümman dəhşətlə anasına baxdı: yəni anası həqiqətənmi qızının halına deyil, ictimai qınağa yanır, üzülür? Anası, əslində, acı həqiqəti deyirdi. Əgər hansısa ailədən kimsə cüzam xəstəliyinə tutulubsa, bunu bilən adam həmin ailəyə bir daha yaxın getməz. Ümumiyyətlə, həmin ailə ilə əlaqələr tamamilə kəsilir. Bu səbəbdən cüzam xəstəsini Umbakıya göndərirlər. Ailə məcburiyyətdən öz doğmasından imtina edir.

İndi Ümmanı da belə bir tale gözləyirdi. Onu da Umbakıya göndərəcəklər və bir daha ailəsindən heç kimi görməyəcək. Ümmanı da heç kim görməyəcək. O, Umbakıda öz ölümünü gözləməli olacaq.

Havanın qaralmağına hələ bir neçə saat vardı. Ümman artıq Umbakı kimi cəhənnəmi gözləri önündə canlandırmışdı. Özünü soyuq cəhənnəmin sakini kimi görə bilmirdi.

Ayağa durub öz otağına keçdi. Kompüterini işə salıb internetə qoşuldu və bu xəstəlik haqqında məlumatlar oxumağa başladı. Oxuduğu məqalələr ona gələcəyi haqqında daha aydın təsəvvürlər formalaşdırmağa kömək edirdi:

“Son dərəcə dəhşətli olan cüzam xəstəliyi hərəni bir yaşda yaxalayır; kimini uşaqlıqda, kimini yeniyetməlikdə.

İndi bir cüzamlı xəstənin adını dəyişərək kiçik tarixçəsini sizə təqdim edirəm:

Təhminə Əsədova (ad şərtidir)… Cüzamlı olmasından yalnız on doqquz yaşında xəbər tutdu. Bununla da o, ailəsindən, sevdiklərindən, ümumiyyətlə, cəmiyyətdən təcrid olunaraq Umbakıya yerləşir (özü kimilərinin yanına). İndi onun səksən yaşı var və altmış bir ildir ki, Umbakıdadır. Altmış bir ildir ki, cəmiyyətdən təcrid olunub. Həm ahıllıq, həm də xəstəlik səbəbindən gözləri görmür, ağır eşidir, ayaqlarında ağrılar var. Təhminə Əsədovanın indi heç kimi qalmayıb.

O deyir: “Hamı ölüb. Bacılarımın biri ölüb, qardaşlarımdan ikisi. Qardaşım arvadı ölüb. Gəlinimiz həmişə yanıma gəlirdi. Ta kim gəlsin? Məni oğluna tapşırıb. Oğlu tez-tez gəlir. Deyirəm gəlmə, xəbər edəndə gələrsən! Noyabrın on biri anadan olduğum gündür (gözləri dolur), deyib gələcəm yanına (özünü saxlaya bilməyib ağlayır)”.

Növbəti pasiyent İlqar Məmmədov (ad şərtidir) deyir: “Məni dezinfeksiya etmək üçün xüsusi maşın gətirdilər. Dedilər, bu, pis xəstəlikdir, bu cür xəstələri yandırırlar. Atasız-anasız böyümüşəm. Dayımgillə qalırdım. Onlar qabağıma qırıq boşqabda yemək qoyurdular ki, birdən xəstəlik kiməsə keçər. Mənim vəziyyətimə dayımın ürəyi ağrıyırdı. Deyirdi, bu, keçən şey deyil, gəl mənimlə birlikdə ye! Dayımla yeyir, onunla yatıb-dururdum. Dayım deyirdi ki, bunları “Ermənikənddə” müalicə edirlər. Niyə yandırırlar ki?”

Mən elə bu yerdə bu suala onun özündən cavab almağa çalışıram: “Kim sizə deyir ki, cüzamlıları yandırırlar?”

– Ziyad həkim demişdi ki, bunları yandırırlar, ya da adada saxlayırlar. Bunlara eşiyə çıxmağa icazə yoxdu.

İlqar Məmmədov elə cüzam xəstəxanasında ailə qurub…

Xəstəliyin gizli dövrü 4–6 ildir, lakin bu müddət 10–20 ilə qədər uzana bilər. Gizli dövrdən sonra xəstələrdə ümumi əzginlik, yorğunluq, iştahasızlıq, ətraflarda ağrılar baş verir. Sonralar hissetmə qabiliyyəti zəifləyir. Bundan sonra isə xəstəliyin əsas əlamətləri başlanır: ləkələr, düyüncüklər, düyünlər, sudurlar, üzdə, gövdədə, yuxarı və aşağı ətraflarda qırmızı ləkələr baş verir. Bu ləkələr bir-birilə birləşərək müxtəlif fiqurlar əmələ gətirirlər. Əvvəlcə açıq-qırmızı rəngdə, getdikcə tündləşərək sarımtıl-qonur rəngə çevrilirlər. Ləkələr solarkən bəzən kəpəklənir, bəzən isə piqmentləşir. Daha sonra piqment solub gedir, yerində ağ ləkələr qalır. Ləkələr nahiyəsində əvvəlcə hiperesteziya, sonra isə anesteziya, tüklərin əsasən infiltrat yuxarı və aşağı ətraflarda dərinin qızarması və qalınlaşması ilə baş verir. Düyüncüklər bir-birilə birləşərək infiltrat olan leproma əmələ gətirirlər. Darıdan noxud böyüklüyünə qədər olan lepromalar çəhrayımtıl-sarı olur, yağlı və parlaq olmaqla, bəzən teleangioektaziyalar və kəpəklənmə ilə müşahidə olunur. Lepromalar ya sorulub gedir, ya da xoraya keçir. Xoralar sağalarkən çapıq dəri altından başlanır. Fındıqdan qoz böyüklüyünə qədər olan bu düyünlər birləşərək düyünlü infiltrat əmələ gətirir. Bu düyünlər üzdə xəstənin sifətini eybəcərləşdirir, şir sifətinə (facies lionina) bənzədir. Bu düyünlər bir çox hallarda nekrozlaşaraq dərin xoralar və bəzən də nəticədə oynaq və sümükləri əhatə edərək eybəcərliklər və şikəstliklər (mutilatio) törədir. Lepramatoz cüzam zamanı ətrafların xarici səthlərində bəzən sudurlar da baş verir. Sudurlardakı serozlu və ya irinli maye çox keçmədən quruyub qartmaq əmələ gətirir, qartmaqlar düşəndən sonra onların yerində hissiyyatını itirmiş piqmentli ləkələr qalır…

Xəstəxana Umbakı qəsəbəsinin içində ayrıca qəsəbə kimi salınıb. Bura Bakının mərkəzindən gəlmək üçün bir neçə saat vaxt sərf etməlisən. Təpələrin, cadar-cadar olmuş düzənliklərin arxasında yerləşən Umbakı yolları sonuncu dəfə 2008-ci ildə təmir edilib. İndi elə vəziyyətdədir ki, hər gün bura işə gələn həkimlər üçün əzaba çevrilib.

Cüzam infeksion xəstəlikdir, qida azlığı, anti-sanitariya şəraiti buna gətirib çıxarır.

Bu xəstəliyin sağalması mümkün olmasa da, onun ətrafdakılara yoluxmasının qarşısını almaq mümkündür. Sümükdə ərimə, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itirilməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi cüzamın əlamətləridir. Cüzama tutulan şəxslər öz görünüşünü də get-gedə itirir.

Xəstəliyi yüngül daşıyanlar burda deyil, dispanser nəzarətindədirlər.

Təmasda olduğunuz xəstələr müalicə olunmuş xəstələrdir. Necə ki vərəmli xəstələr müəyyən müddət müalicə kursu keçdikdən sonra onlarla təmasda olmaq, cəmiyyətdə olmaq, ailədə yaşamağa icazə verildiyi kimi, bunlara da ailəsi ilə, kənardakı şəxslərlə təmasa icazə verilir. Amma bir şərtlə ki, onlar iaşə müəssisələrində işləyə bilməzlər. Ümumiyyətlə isə, müalicəyə gecikəndə bir daha gün üzünə çıxmırsan”.

…Telefonu çıxarıb nömrələrə daxil oldu və lazım olan adamın adını tapmağa çalışdı.

Arxada qalmiş gəncə

Gəncə. Hadisələrdən bir müddət əvvəl

Onlar “Xan” bağında üzbəüz çay süfrəsi arxasında oturmuşdular, ancaq çaylara heç biri əl vurmamışdı.

Ümman danışır, Loğman isə maraqla qulaq asırdı…

Ümman öz otağına keçən kimi Loğmana zəng edib, onunla görüşmək istədiyini bildirdi. Loğman Həsənin cinayət işini araşdırarkən bir neçə dəfə zəng edib Ümmanı prokurorluğa çağırmışdı. Elə o vaxtdan Ümman onun nömrəsini telefona qeyd etmişdi.

– İndi nə etmək fikrindəsən? – Loğman soruşdu.

– Bilmirəm, anam məni cəmiyyətdən təcrid etmək istəyir. Umbakıya göndərəcək. Bir də yanıma gələn deyillər, – qız nisbətən özünə gəlmişdi. İndi sakit və qəmli səslə danışırdı. O, sözünün sonunda, az qala, yalvararaq dedi. – Mənə kömək elə, Loğman!

Loğmanın tükləri biz-biz olmuşdu. Bu vaxta qədər cüzam barədə bircə şey belə eşitməmişdi. Ümmana necə kömək edəcəyi barədə düşünə bilmirdi. Sanki beyni donmuşdu.

– Kömək eləməsən, evdən qaçacam, – Ümman dedi.

– Bu, yoluxucu xəstəlikdir?

– Həkimin dediyinə görə, yoluxma ehtimalı çox azdır, – bunu deyib qəhqəhə çəkərək güldü. Amma bu gülüş sevincin yox, kədərin, insan faciəsinin göstəricisi idi. – Qorxma, sənə keçməz!

– Heç də gülməli deyildi, – Loğman ciddi səslə dedi.

Ümman onun iradı qarşısında o dəqiqə özünü yığışdırdı.

– Ən yaxşısı, bu gecə evdə qal, ananın yanında. Çalış, onu dilə tutub fikrindən daşındır! Yoxsa Umbakıda çürüyəcəksən.

– Təsəlli üçün çox sağ ol!

– İroniyan yersizdir. Təsəllilər dərdə dözmək üçündür, həll etmək üçünsə reallığı düşünüb addım atmaq lazımdır.

Susdular.

Anasının onunla bu cür rəftarına baxmayaraq, hələ də ona ürəyi ağrıyırdı. Qadının halını başa düşməyə çalışırdı. Bircə qızını güclə böyüdüb, oxudub, indi də onu soyuq cəhənnəmə göndərəcəkdi. Hələ xəstəliyini bilən olsa, ailədən hər kəs üz çevirəcəkdi. Anasının buna məcbur olduğunu anlayırdı…

– Çayını soyutma! – Loğman məsləhət gördü.

– İstəmirəm… – deyib bir qədər susduqdan sonra əlavə etdi. – Mən Umbakıya getmək istəmirəm!

– Onda gücü dilinə ver! Şirin dil ilanı da yuvasından çıxarar. Çalış, ananı fikrindən daşındır! Hərçənd mənim başa düşdüyüm qədərilə bu, çətin məsələdir. Deyəsən, sənin anan əsl kommunistdir, – Əliyev gülümsədi.

– Hə, ən öndə gedənidir, – Ümman da güldü.

Qız güləndə daha da gözəl görünürdü. O, Ümmanı evinə qədər ötürdükdən sonra maşınında oturub bir qədər düşündü. Hava qaralana yaxın gəlib mənzilinə çıxdı. Yaxşı ki Mədinə vardı. Onunla başını qatır, bir qədər kefi açılırdı. Mədinənin dörd yaşı olsa da, çox ağıllı uşaqdır. Hərdən də çox qəribə suallar verir. Məsələn, bu yaxınlarda gəlib atasının yanında oturub soruşdu:

– Ata, “qoluboy” nədir?

– Rəngdir, – Loğman bir qədər tutulub cavab verdi. – Sən bu sözü hardan eşitmisən?

– O gün eyvandan baxanda aşağıdakı oğlanları gördüm, biri qışqırıb o birinə “qoluboy” dedi. Sonra da dalaşdılar.

Loğman Mədinəyə qulaq asandan sonra xeyli güldü. Nəzrin də bu gülüşə qoşuldu. Amma Mədinə heç cürə onların gülüşünün səbəbini başa düşmürdü. Lakin istənilən halda gənclərin yüksək səslə biədəb sözlər işlətməsi onların mədəniyyət, intellekt səviyyəsinin aşağı olmasını göstərir. Təəssüf, gənclər kitab, musiqi, rəsm və digər mədəniyyət sahələrindən uzaqdırlar. Təbii ki, istisnalar var. Bir xalqı məhv etmək üçün onun təhsilini, mədəniyyətini məhv etmək lazımdır. Yekunda dünyada bircə mədəniyyət qalmalıdır – əxlaqsızlıq. Çünki yeni dünya nizamı bunu tələb edir ki, cəmiyyəti rahat idarə edə bilsin.

Axşam yeməyindən sonra öz otağına keçib masa arxasında oturdu. Həyat yoldaşı Gülnarın sağlığında aldığı “LG” markalı notbukunu açıb internetə qoşuldu. Vikipediyaya və digər qaynaqlara girib cüzam xəstəliyi ilə maraqlanmağa başladı:

“Buranı “lənətlənmiş insanların məkanı” adlandırırdılar. Burada olanları hamıdan ayırıblar və biz orada, şəhərlərdə və kəndlərdə olan ailələrimizdən ayrı düşmüşdük. Deyirlər ki, Cəhənnəm adasında yaşayırıq. Ola bilər…

83 yaşlı Çxon Çjun gülümsəyərək danışır. O da yüzlərlə cüzamlı kimi bu adada yaşayır.

Cənubi Koreyada cüzam xəstələrinin cəmiyyətdən tam təcrid edilməsi praktikasına 1963-cü ildə son qoyulub. Lakin bu adada insanların haqlarının pozulması, onların kölə və qul kimi saxlanılması onillər sonra da davam edib.

74 yaşlı Kan Son Bonq da adaya qayıdıb. O yerə ki, bir zamanlar, həqiqətən də, “Cəhənnəm adası” sayılırdı. Lakin indi burada klinikadadır.

Əvvəllər cüzam xəstələrinin məşəqqətli həyat sürdükləri, zülm çəkdikləri məkan. Adada saxlanan cüzamlı qadınlar arasında hamilə qalanları olanda onlar zorla abort olunur, sonra sterilizasiya əməliyyatına məruz qalırdılar.

Cənubi Koreya sahilləri yaxınlığında yerləşən Sorok adasında, əvvəlki “cüzam məkanı” nda fəaliyyət göstərən Sorokdo Milli Hospitalı indi cüzam xəstələrinə ən yüksək səviyyədə qulluq və himayə təklif edir.

Kan Son Bonq da həyatının qalan illərini burada yaşamaq və burada ölmək istəyir.

6 il əvvəl ada ilə yarımada arasında körpü salındı və bununla da “Cəhənnəm adası” nın təcridinə son qoyuldu.

Adaya yollanan turistlərin sayı sürətlə artır.

Göründüyü kimi, bu xəstələrdən qorxmaq lazım gəlmir. Onlara xüsusi qayğı lazımdır. Bəlkə də, onların hər biri xüsusi bir istedada sahibdir, lakin soyuq münasibət bunu da görünməz edir.

* * *

Dermatoloq Zülfüqar Fərəcovun dedikləri:

“Ölkədəki cüzam xəstəxanasında yetmişə yaxın şəxs qeydiyyatdan keçib. Hal-hazırda xəstəxananın şəraiti elə də standartlara uyğun deyil. Bu xəstəliyə, əsasən, dağlıq rayonlarda rast gəlinir. Müalicəsi isə…

Cüzam törədicisi vərəmin törədicisi ilə oxşardır. Vərəm də infeksion xəstəlikdir. Lakin cüzam daha təhlükəlidir. Bəzən bu xəstəliyin yüngül əxlaqlı insanlarda təsadüf olunduğunu bildirirlər. Bu, tamamilə yanlışdır. Xəstəlik irsi deyil. O, mikrobların vasitəsilə yayılır və bir insandan başqasına keçir. Təhlükəlisi odur ki, bu xəstəlik öz işini gördükdən sonra insan bu xəstəliyə tutulduğunu bilir. Bu xəstəliyə tutulanlar insanlardan ömürləri boyu qaçırlar. Bu da onların psixikasına təsir edir.

Xəstəliyin əlamətləri bunlardır: sümükdə ərimə, əzələ qruplarının nazikləşməsi və yox olması, görmə qabiliyyətinin zəifləməsi. Daxili orqanlarda dəyişikliklər olur. Bu xəstəliyə tutulanların üzləri çürüyərək eybəcər hala düşür.

Qədimdə bu xəstəliyə tutulan insanları fərqləndirmək üçün onlara xüsusi geyim verib boyunlarına zınqırov keçirirdilər…”

Oxuduqca get-gedə canına üşütmə gəlirdi. Nəhayət ki, onu da nəsə təəccübləndirə bildi. Loğman oxuduqca başa düşürdü ki, öz qızı və ya elə özü də bu xəstəliyin daşıyıcısı ola bilər. Bəs onda ona nə kömək edəcəkdi? Açdığı cinayətlərin verdiyi özünəarxayınlıqdan doğan məğlubedilməzlik hissimi? Heç nə.

Baki
Növbəti gün. Günorta radələri

Rizvan oğlu ilə yanaşı oturmuşdu. Həyat yoldaşı Gəncədən zəng edib Ümman haqda hər şeyi dedi. Qulaqlarına inanmayan Rizvan hələ də şokda idi. Həsənin də vəziyyəti eyni idi.

Rizvan Ümmanın Bakıya göndərilməsini istəmişdi. Onun planı Ümmanı müayinə üçün nəhəng və zəngin türk ölkəsi olan Qazaxıstana həkim dostunun yanına göndərmək idi. İstəyirdi ki, dostu onu müayinə etsin.

Həsən qorxurdu; xalası gözlərinin qabağına gəlmişdi. Onu Umbakıya yerləşdirmişdilər və xalası unudulmuşdu. İndi belə bir faciə öz bacısının başına gəldi. Bəlkə də, bu, Tanrının cəzası idi. İndi öz başlarına gəldi.

Rizvan ayağa durdu, yan otağa keçib kiməsə zəng elədi. On dəqiqəyə yaxın danışıb geri qayıtdı:

– Qazaxıstandakı dostumla danışırdım. Həkimdir, yoluxucu və dəri xəstəlikləri üzrə professordur. Bacını onun yanına göndərərik.

– Ata, mən qorxuram! Bu xəstəlik bacımın dərisini çürüdəcək, ağaca oxşadacaq, sonra da öldürəcək. Sonra bizə də keçər.

– Hələ bilmək olmaz, – atası onun sözünü kəsdi. – Ola bilsin ki, diaqnoz səhvdi.

Bir qədər susdular. Sükutu Həsən pozdu:

– Ata, Nüşabə xala yadındadır?

Rizvan bir qədər düşünüb başını tərpətdi:

– Yadımdadır… Düz on ildir ki, ondan heç birimizin xəbəri yoxdur.

– Bax, ata, onu cəhənnəmə atdığınız üçün Tanrı da bizə bu cəzanı verdi, – deyib kövrəldi. – Yazıq bacım.

– Özünü ələ al! Nə tanrı-tanrı salmısan? Qoy hələ uşaq Qazaxıstana gedib-gəlsin, görək nolur.

– Bəs əgər bacım, həqiqətən də, cüzamdırsa?

Rizvan köks ötürdü. Sonra kövrələrək dedi:

– Deməli, onda Ümmandan imtina etməliyik!

Yenə susdular. Rizvanın son ümidi Qazaxıstana idi.

Həsənin telefonuna zəng gəldi. Cavab vermək üçün digər otağa keçdi. Zəng edən Züleyxa idi. Onunla bir neçə kəlmə danışdı, sonra atasının yanına qayıdıb soruşdu.

– Bacım nə vaxt gəlir?

– Yola çıxmalıdır. Hava qaralmadan burda olar. Demişdim taksi ilə gəlsin.

Həsən çıxıb havasını dəyişmək istəsə də, atasını tək qoymurdu. Əlli dörd yaşlı atasının qəfildən halının pisləşəcəyini düşünürdü. Hərçənd atası hələ cavan idi və bu vaxta qədər sağlamlığında, demək olar ki, problem olmamışdı.

Mətbəxə keçib çay hazırlamağa başladı. Bacısının halı, düşdüyü vəziyyət beynindən heç cür çıxmırdı. Ən qəribəsi də odur ki, bacısını düşünəndə uşaq kimi hönkürüb ağlamaq istəyirdi.

Gəncə
Günorta radələri

Çantasını yığıb qurtarandan sonra gözlərini divanda fikirli halda oturmuş anasına zillədi. Anasının qara gözlərinin dərinliyindəki kədəri görəndə bunun səbəbinin cüzam və Umbakı olduğunu daha yaxşı dərk edirdi. Bir növ öz vəziyyətini də tam çılpaqlığı ilə başa düşürdü. Umbakı kimi xarabada məskən salmaq, oradakı palatada öləcəyi anı gözləmək onu dəhşətə gətirirdi. İndi-indi ordakı cüzamlıların, xalasının halını yaxşı başa düşürdü. Hərçənd bu vaxta kimi o xəstəlik və xəstələr barədə düşünməmişdi.

Xalası!.. Yəqin ki, onunla da üz-üzə gələcəkdi orda.

Xarici pasportunu da çantasına atıb anası ilə sağollaşmadan evi tərk etdi. Anası çırpılan dəmir qapının gurultulu səsini eşidəndə diksindi. Qızının getdiyini anladı. Və sanki Ümman bir daha qayıtmayacaqdı. Hər halda, belə düşünürdü. Sanki indi elədiklərindən peşman idi. Bircə xətlə iyirmi beş illik qızını, əziyyətini sildi.

Ümman blokdan çıxıb taksiyə mindi. Bir neçə dəqiqə sonra taksi körpünü keçib əvvəlcə GDU-nu, sonra Gəncə qapılarını geridə qoyub Bakıya sarı istiqamət aldı. Ümman geriyə çevrilib get-gedə uzaqlaşan doğma şəhərinə həsrətlə baxdı. Düşünürdü ki, bəlkə, bir daha bura qayıtmadı. Ona görə də ətrafa doyunca baxırdı. O qədər baxdı ki, axırda şəhər tamamilə gözdən itdi. Bəlkə də, bununla birlikdə anası, Loğman da tamamilə görünməz oldu.

Qazaxıstana isə böyük ümid bəsləyirdi. Allaha yalvarırdı ki, oradakı həkim diaqnozun tam əksini qoysun… Çönüb bir daha geriyə baxdı. Sanki şəhərin çoxdan görünməz olduğunu unutmuşdu.

Prokurorluq

Ağır və çox ağır cinayətlərlə bağlı gərgin keçən iclas on dəqiqə əvvəl Loğmanın növbəti dəfə təriflənməsi ilə yekunlaşdı. İclasdan sonra gəlib kabinetində oturdu. Burada canı sıxılsa da, iş vaxtı qurtarana kimi oturmalı idi. Belə boş vaxtlarında gah kitab oxuyur, gah da filmlərə və ya siyasi xəbərlərə baxardı. Aradabir mərhum həyat yoldaşı ilə bağlı xatirələri yada salırdı.

Toy gecəsinin səhəri idi. İkisi də oyanmışdı. Gülnar başını Loğmanın sinəsinə qoyub uzanmışdı, söhbət edirdilər. Uşaqlıqda başına gələnləri danışır, Loğman isə gülürdü. Birdən onlar bir neçə saniyə sakit dayandılar və Gülnar dedi:

– Məni heç vaxt incitmə! – onun səsində yalvarış və xahiş vardı.

– Sən mənə Allahın bu dünyada bəxş etdiyi, demək olar ki, yeganə halal varlıqsan. Səni necə incidim axı?! – Loğman belə cavab vermişdi.

İndi həmin günləri kino lenti kimi gözlərinin önündən keçirirdi.

Telefonun zəng səsi kabinetdə hökm sürən sükutu pozdu. Telefonu əlinə alıb displeyə baxdı və qəribə tərzdə gülümsəyib cavab verdi:

– Eşidirəm.

– Loğman, salam! Necəsən? – Ümmanın kədərli səsi eşidildi.

– Salam. Babat. Sən?

– Qəribəyəm, Loğman. Atam da bildi cüzamlı olduğumu. Məni Bakıya çağırdı. Ordan da yenidən müayinə üçün məni Qazaxıstana dostunun yanına göndərəcək.

– Lap yaxşı! Gedib Qazaxıstanı da görərsən. Kim bilir, bəlkə, yeni müayinədən sonra cüzam diaqnozu üzərindən götürüldü. Ola bilər, bizim həkimlər səhvə yol versinlər.

– Ümid edirəm, sən deyən olar, – deyib susdu.

– İndi hardasan? – maraq üçün soruşdu.

– Yoldayam. Bakıya gedirəm.

– Uğurlar sənə!..

Ümman başını maşının şüşəsinə söykəyib düşüncələrə daldı. Arxada qalmış şəhərini düşünürdü; Orada qalmış doğmalarını. Düzü, onların sayı elə də çox deyildi. Özünə iki nəfəri lap doğma hesab edirdi. Biri, təbii ki, anası idi. Digəri isə yenicə tanış olduğu mayor Loğman Əliyev. Qısa müddətdə o da Ümmanın qəlbində özünə yer eləmişdi. Gəncədə qalan isə təkcə bu iki nəfər deyildi. Uşaqlıq illəri, xatirələr, gələcəklə bağlı qurulmuş xəyallar. Və indi o qurulmuş xəyallar belə xatirə olur.

Saxta gülüşlər

Bakı. Avqust. Hadisələrdən bir müddət əvvəl

Ümman bir saat olardı ki, Bakıya çatmışdı. İndi də atasının evinə gedirdi. Onunla qarşılaşarkən atasının verəcəyi reaksiyanı düşünürdü.

Taksi həyət evlərindən birinin qarşısında dayandı. Elə həmin dəqiqə Həsən darvazanın yanındakı qapını açıb çölə çıxdı, yaxınlaşıb maşından düşən bacısı ilə görüşdü. Sonra Həsən sürücünün pulunu ödəyib baqajdan çantanı götürdü və taksi uzaqlaşdı.

Ümman ürkək addımlarla ikimərtəbəli evlərinin həyətinə daxil oldu. Son dəfə yeddi ay əvvəl gördüyü evə maraqla baxırdı. Sanki ilk dəfədir bu evi görür… Ayağındakıları çıxarıb qonaq otağına keçdi. Atası onu görən kimi ağır-ağır stuldan durub baxışlarını qızına zillədi. Ümman da həyat eşqi sönmüş baxışlarını atasından çəkmirdi. Bir neçə saniyə baxışdıqdan sonra Həsən də gəlib çıxdı.

Ümman atasına dedi:

– Qorxma, ata, yaxın gəl! Məni bircə dəfə qucaqlamağınla xəstəliyim sənə keçməz.

Rizvanın hər iki gözündən eyni anda bir damla yaş gilələnib yanağından süzüldü. Bundan sonra yaxınlaşıb doğma balasını bağrına basdı. İndi, az əvvəl yaxınlaşmağa risk etmədiyi qızını öpüb oxşayırdı. Onu buraxmaq fikri yox idi, deyəsən. Həsən divara söykənib bu səhnəyə tamaşa edirdi.

Züleyxa iki saat əvvəl rəfiqəsi Mehribangilə gəlmişdi. Dərdini ona danışıb bir qədər rahatlaşdı. Həsənlə bir dəfə görüşsə də, ona dərdini deyə bilmədi. Heç evdəkilərə də demirdi, bilirdi ki, bu, pis nəticələnəcək. Amma deməli idi. Onsuz da gec-tez ata-anası bunu biləcəkdi. Bax əsl faciə onda başlayacaqdı.

Mehribanın anası da bir-iki dəfə qızından Züleyxanın halını xəbər aldı, lakin Mehriban ona heç nə demədi, yola verdi. Rəfiqəsinin halına acımaqdan başqa da əlindən bir şey gəlmirdi.

– Həsən bilsə, necə olacaq? – Züleyxa göz yaşlarını silib soruşdu.

Onlar Mehribanın otağında oturmuşdular. Mehriban cavab verdi:

– Bilmirəm, bacı. Özünü bu qədər üzmə. Hər şey yaxşı olacaq.

– Heç nə yaxşı olmayacaq! – o, sakitcə dedi.

– Bədbin olma, Züleyxa! Dərdi verən Allah dərmanı da verir.

– Bu dərdin dərmanı yoxdur, – deyib susdu.

Otağa bir neçə saniyəlik çökən səssizliyi yenə Züleyxanın özü pozdu:

– Hər şeyi Həsənə deyəcəm.

– Gəl çıxaq, bir az gəzişək, – Mehriban mövzunu dəyişdi.

Filarmoniya bağında qol-qola girib gəzirdilər. Mehriban elə hey təsəlli verir, Züleyxa isə ətrafa baxaraq Həsənli günlərini xatırlayırdı. Onların sevgisi çox qəribə başlamışdı…

Həsən isə indilərdə bağlarındakı yelləncəkdə oturub asta-asta yellənir, uşaqlıq anlarını düşünürdü. O vaxtlar bacısı ilə qətiyyən yola getmirdi. Hər gün dalaşardılar. Onların mehriban anları isə az çəkirdi; “Tom və Cerri” kimi. Lakin böyüdükcə daha da mehribanlaşdılar. Və sonra bir-birilərindən ayrı qaldılar. İndi də cüzam kimi bir faciə qara buludlar təki bu ailənin başının üstünü almışdı. Atasını gözlərinin önünə gətirdi. Ortaboylu, bir qədər kök və zaftalı siması olan atasını həyatı boyu ilk dəfə gözündən yaş gələn yerdə gördü.

Ata-bala divanda oturmuşdular. Ümman başını atasının enli sinəsinə qoymuşdu, Rizvan isə qızının saçlarını öpür, sığallayırdı. Ümmanla bağlı uşaqlıq xatirələri gözlərinin qarşısında canlandıqca kövrəlirdi. İlk canlanan kadrlardan biri Ümmanın doğum günləri idi; tortun üstündəki şamları üfürərək söndürürdü, bəzən isə hamısını birnəfəsə söndürə bilmirdi, onda atası köməyinə gəlirdi. Bir neçə doğum günündən sonra isə Ümman şamları özü söndürürdü. Növbəti kadrlarda artıq Ümman böyümüşdü. Və növbəti kadr qarlı vaxtlardakı xatirələrlə zəngin idi; Ümman nə qədər əlləşsə də, qartopu düzəldib atasına ata bilmirdi. Qar onun balaca əlləri arasında ovxalanıb tökülürdü. Növbəti kadr: anası çay gətirərkən Ümman çayı ondan alıb atasına özü aparmaq istəyirdi. Lakin anası vermirdi ki, balacasan, dağıdarsan. Növbəti kadrda isə artıq xeyli böyümüş Ümman bütün ailə üzvlərinə çayı özü gətirirdi. Görüntülərin köhnə kamera ilə çəkilməsi isə bir ayrı təsir bağışlayırdı.

Və indi Ümman “əldən çıxırdı”. Rizvan nə qədər soyuqqanlı görünsə də, qəhər onu boğurdu. Ümman isə heç nə düşünmürdü. Sadəcə ürəyinə dammışdı ki, ata köksündə son rahat anlarıdı.

Həmişə qızına çox ciddi nəsihətlər verirdi. Əksəri oxumaq və oxumaqdan da çox gələcək ailə həyatı ilə bağlı idi. Bunun yükünü, çətinliyini və xoş tərəflərini ona pərdə daxilində izah edirdi, lakin hamısı hədər imiş. Qızı üçün bu vaxta kimi çəkdiyi əziyyətlər, məşəqqətlər hədər imiş. Ən azı, Rizvan belə düşünürdü.

Sentyabrın əvvəli
Hadisədən bir müddət əvvəl

Züleyxa danışığını bitirdikdən bəri Həsən özünə gələ bilmirdi. Qışqırmaq istəsə də, səsini içində boğur, özü də boğulurdu. Hərdən isə gülmək istəyirdi. Allahın ondan üz çevirdiyini zənn edirdi.

– Bunu sənə iki ay əvvəl demək istəyirdim. Amma sən Gəncəyə getdin. Sonrası da məlumdur, – Züleyxa dedi.

Həsən isə heç bir reaksiya vermədi. Demək olar ki, gözlərini də qırpmamışdı.

– Həsən, bir söz de, susma! – Züleyxa yalvardı. – Nə oldu sənə, niyə susursan?

Həsən ağzına su alıb oturmuşdu. Danışmırdı. Əslində isə, şokda idi. “Bu da son”, – deyə düşünürdü.

– Özüm sənə zəng edəcəm, – nəhayət, Həsən, heç olmasa, bunu deyib ayağa durdu. Getmək istəyirdi ki, Züleyxanın səsini eşitdi:

– Həsən, məni atırsan?

– Bizi ancaq ölüm ayıracaq, – Həsən bunu deyib, sürətli addımlarla oradan uzaqlaşdı.

İnsanların arasından onlara dəyərək keçir, heç kimə və heç nəyə fikir vermirdi.

Gəncə. Sentyabrın ortaları

O, ağır addımlarla qəbirlərin arası ilə irəliləyirdi. Bura gələndə addım atmaq onun üçün çətin olurdu. Sanki burada insanı arxaya çəkən cazibə qüvvəsi vardı. Özü də onu bura gətirən qəbrə çatmağa can atmırdı. Orada imtahan verəcəkdi və bu imtahana hazırlaşmamışdı.

Bura, demək olar ki, hər ay gəlirdi. Burada, ziyarət edəcəyi qəbirdə bir rahatlıq tapırdı. Ölülər də insana rahatlıq verərmiş. Əslində, ölülər, bu və bu tip qəbirlər bütün həyatının sonunda qoyulan sadə bir nidadır. Güclü və ya bəxti olanlar üçün bu tip nidalar bir və ya bir neçə dəfə vergülə çevrilib.

Hərdənbir ətrafa diqqətlə baxırdı; ondan başqa canlı yox idi, bəzi qəbirlərin üstünü basmış otlardan başqa… Nəhayət, gəlib axtardığı qəbrin qarşısında dayandı. Əlindəki gülü Gülnarın qəbrinin sinə daşının üstünə qoydu və başdaşıdakı şəkli öpdü. Şəkildəki gözəl çöhrənin sahibinin torpağın altında yatması onun xoşbəxtliyini, qəlbindəki sevgisini əlindən almış, yerinə isə qəzəb və nifrət əkmişdi. Yaxşı ki qızı vardı.

Hər bir ailə bir tarixdir. Hətta oxuya bilənlər üçün bir dastandır, onların dastanı isə tez bitdi.

Şəklə baxdı və həmişəki kimi gözləri doldu. Lakin ağlamadı. Əllərini sinəsi bərabərinə qaldırıb dua etməyə başladı. Duanı bitirdikdən sonra bir neçə saniyə başdaşıdakı şəklə baxıb qəbirdən uzaqlaşdı. Maşınına minəndə telefonuna zəng gəldi:

– Bəli, Sadıxov! – zəngə cavab verdi.

– Cənab mayor, təcili surətdə prokurorluğa gəlin, bəzi sənədlərlə bağlı problemimiz var.

– Bazar günü də istirahət yoxdur, – deyə öz-özünə donquldandı.

Loğman maşını işə salıb qəbiristanlıqdan uzaqlaşdı.

Bakı
Sentyabrın ortaları

Həsən hava limanının çıxışında dayanıb bacısının gəlməyini gözləyirdi. Qazaxıstandakı həkim Ümmana qoyulan cüzam diaqnozunu təsdiqlədi. Lakin Ümmana sağlam olduğunu, diaqnozun yanlış olduğunu dedi. Bunu ona görə dedi ki, Ümman Bakıya rahat qayıtsın. Dostu Rizvana isə zəng edib həqiqəti olduğu kimi dedi. Və onu da əlavə etdi ki, Ümman təqribən əlli il yaşayacaq. Bu müddətdə onun dərisi sifətindən başlayaraq, bütün bədəni boyunca çürüyəcək. Sonra onda halsızlaşma, görmə zəifliyi başlayacaq və o, yataq xəstəsi kimi gününü yataqda keçirəcək. Daha sonra isə bədənində dözülməz ağrılar olacaq və yekunda Ümman min bir əzabla bu dünyanı tərk edəcək.

Bədbəxt Ümmanın sevinci yerə-göyə sığmırdı. Biləndə ki, cüzam diaqnozu tam düz çıxmadı, çox sevindi. Sanki yenidən dünyaya gəlmişdi. Belə daha yaxşı oldu. Özünü dünyanın ən xoşbəxt insanı hiss etməyə haqqı çatırdı.

Ümman gəlirdi, Həsən bunu görüb qəribə hisslər keçirdi. Bacısının faciəsindən xəbərdar idi. Onu xoşbəxt görəndə qəhərləndi. Ümman həqiqəti bilmirdi… Gəlib Həsənin boynunu qucaqladı.

Qırx dəqiqədən sonra evdə idilər. Bu dəfə anası da evdə idi. Gəncədən gəlmişdi və o da olanlardan xəbərdar idi. Amma bunu hələ ki Ümmana deyən yox idi…

Ümmanın istəyilə axşam yaxşı yemək süfrəsi hazırlanacaqdı. Onun halını görən Həsən isə güclə dözürdü. Ayaqyoluna girib için-için ağlamağa başladı. O özü də tək bacısının deyil, Züleyxanın da halına ağlayırdı. Hansı günahına görə Allahın bu cəzaları verdiyini düşünürdü. Yəni belə dəhşətli cəzaya layiq olmaq üçün, görəsən, hansı günahın sahibi olmaq lazım gəlirdi? İnsanlar sevdiklərinin başına pis bir şey gələn kimi bunu “Allahın cəzası” adlandırırlar. Bunun nə dərəcədə həqiqət olması isə vəziyyətə görə dəyişir.

Axşama az qalmış Ümman Loğmana zəng etdi:

– Çox xoşbəxtəm, Loğman! Tam sağlamam. Cüzam diaqnozu düz çıxmadı.

– İnan ki buna çox sevindim. Həmişə belə xoşbəxt olmağı arzu edirəm.

– Çox sağ ol! Gəncəyə gələndə görüşsək olar, cənab mayor? – qız gülərək soruşdu.

– Sən hələ gəl, sonrasına baxarıq, – Loğman xanımlarla bağlı hansısa məsələdə tez razılıq vermir.

– Yaxşı. Bir-iki günə gələcəm. Naz eləməsən, görüşərik. Hələlik, özünə yaxşı bax, cənab mayor.

Bu danışıqları qapı arxasından eşidən Həsən elə düşündü ki, bacısı həmin mayora vurulub. “Yazıq bacım” deyərək beynindən keçirdi.

Axşamkı xudmani məclis yaxşı keçdi. Ümmanın səmimi, ata-anası və qardaşının isə saxta gülüşləri bu qonaqlıqda qəribə bir ab-hava yaradırdı. Onlar sadəcə bu rolu oynamağa məcbur idilər.

İndi Ümman, həqiqətən də, dünyanın ən xoşbəxti idi. Acı həqiqətlərdən xəbərsiz bu gözəl qız şirin yalanlarla hələ ki yaşayır və xoşbəxt görünürdü. Belə görünür ki, bəzən şirin yalan acı həqiqətdən daha yaxşıdır. Əgər bir insan ömrü boyu şirin yalanların əhatəsində yaşasa və ömrünü belə başa vursa, deməli, o, xoşbəxtdir. Öləndən sonra isə fərq eləmir, ona danışılan şirin yalan idi, ya acı həqiqət. Əsas odur ki, onu aldadanlardan fərqli olaraq, həmin adam şirin yalanlarla həyatını xoşbəxtcəsinə başa vurur.

Amma Ümman şirin yalanla sadəcə bir neçə gün yaşayacaqdı. Sonra isə acı həqiqət və onun fəsadları ilə mübarizə dolu bir həyat başlayacaqdı. Bəs Ümman bu mübarizədən qalib çıxacaqdımı?

Yüz ilin kədəri

Gəncə. Sentyabrın son on günlüyü

O, kabinetdəki kreslosunda sağa-sola fırlanırdı. Bu gün otuz üç yaşı tamam olurdu. Qəribə hisslər keçirirdi. “Görəsən, kim təbrik edəcək məni?” – deyə düşünürdü. Əvvəllər həyat yoldaşı ilə qızı təbrik edərdi. Amma indi… İş yoldaşlarının da hərəsi bir işlə məşğuldur. Heç Loğmanın ad günü onların yadına düşmür, yəqin. Nə qəribədir: hər ad günündə öz ölümünə bir addım da yaxınlaşmaq məqsədilə insanlar qonaqlıq verir, bunu təmtəraqla qeyd edirlər. Onun ad günü isə yay fəslinin və qız bürcünün son günü, payız fəslinin isə ilk gününə təsadüf edirdi. Bütün revmatizmalı adamlar kimi Loğman da payıza nifrət edirdi.

Birdən telefonuna zəng gəldi. Dilxor halda telefonu əlinə aldı, ekranına baxıb zəngə cavab verdi:

– Eşidirəm, cənab polkovnik.

– Otuz üç yaşın mübarək! Yüz yaşa! – zəng edən polkovnik Şahin Zamanov idi. Zamanov Azərbaycan Respublikasının Baş Prokurorluğunun baş ədliyyə müşaviri, ədliyyə polkovniki, Loğmanın dostu və keçmiş boks müəllimi idi. Həm də Əliyevin ən böyük sirrini bilən şəxs.

– Çox sağ olun, cənab polkovnik! Minnətdaram, məni yad elədiyiniz üçün! – mayor səmimi dedi.

– Dəyməz! De görüm, özün necəsən? İşlərin necə gedir?

– Hələlik, hər şey qaydasındadır. Sizdə nə var, nə yox?

– Yaxşılıqdır. Leytenant Quliyev yanımdadır. Salamı var. O da səni təbrik edir.

– Sağ olsun. Məndən də salam deyin…

Danışığı yekunlaşdırıb yenidən kresloda yırğalanmağa başladı. Polkovnikin zəngindən sonra əhvalı bir xeyli müsbətə doğru dəyişdi. Az sonra Sadıxovdan zəng gəldi:

– Hə, Sadıxov…

– Cənab mayor, dərhal böyük iclas otağına gəl! Prokuror təcili müşavirə keçirir.

Loğman ləng addımlarla iclas otağına tərəf gedirdi. O, ümumiyyətlə, heç bir rəhbər şəxsin çağırışına tələsərək getmirdi. Halbuki bu, tabeçilik münasibətlərinə zidd idi. Xüsusilə şəhərin icra başçısını həqiqi mənada saymır, heç bir tapşırığını yerinə yetirmirdi. Çünki düşünürdü ki, şəhərin icra başçısı öz işlərinin icrası ilə məşğul olmalı və prokurorluğa göstəriş verməməlidir. Çünki onun belə bir səlahiyyəti yoxdur. Onun da digər bir sıra məmurlar kimi güllələnəcəyi günü səbirsizliklə gözləyirdi… Qapını taqqıldatdı, sonra isə açıb içəri daxil oldu. Elə həmin anda şən qışqırıq səsləri eşidildi: “Təbriklər… Ad günün mübarək… Yüz yaşa… Eşq olsun sənin kimi prokurorluq işçilərinə. Sən prokurorluğun fəxrisən… Təkcə Gəncə yox, bütün ölkə üzrə səndən yaxşı prokuror yoxdur… Allah sənə ömür versin. Yaxşı ki varsan, Loğman…”

Belə tərifləri çox eşitmişdi. İş yoldaşlarına baxıb gülümsəyib zarafatla dodaqaltı dedi:

– Köpək uşaqları…

O sevinirdi. Deməli, iş yoldaşları onun doğum gününü unutmamışdılar.

Şampanın qapağı tavana dəyib otağın harasınasa düşdü. Loğman şampan içməyəcəyini bildirib, təbii meyvə şirəsi dolu badəni əlinə götürdü.

O, torta diqqətlə baxdı. Tortun üzərində “Gəncəli prokuror üçün” sözləri yazılmışdı. Dodaqaltı gülümsədi. O, gəncəli deyildi, bakılı idi. Orada dünyaya göz açıb, orada yaşayıb, oranın mədəniyyətini mənimsəyib. Amma ona ünvanlanan müraciətin əvvəlində bəzən eşitdiyi “gəncəli” sözü ona pis təsir etmirdi. Uzun illərdir ki, burada yaşayır və artıq özünü gəncəli sayırdı. Bu şəhəri sevirdi. Doğma Bakısına isə qayıtmaq fikri və həvəsi yox idi. Orada ata-anası, bacısı ilə bağlı çox kədərli xatirələri vardı… Bakının hər küçəsində Həmayillə bağlı da xatirələri dolaşırdı… Heç bir halda Bakıya qayıtmaq istəmirdi.

– Uşaqlar!.. – Loğman albalı şirəsi ilə dolu badəni başına çəkib dedi. – Mən, əslində, sizdən bunu gözləmirdim. Elə düşünürdüm ki, doğum günümü unutmusunuz. Unudulmaq isə ən nifrət etdiyim şeydir. Və bu nifrəti yaşatmadığınız, təşkil etdiyiniz belə bir həngamə üçün sizlərə dərin təşəkkürümü bildirirəm. Dünyada hər kəs özünə bir dost, bir yoldaş axtarar, daşın qəlbi yoxdur, onu da yosun sarar. Mən çox sevinirəm ki, sizin kimi diqqətli və nəzakətli, qədirbilən kollektivdə işləyirəm. Sizin kimi kollektivlə istənilən rejimdə işləmək xoş olar. Ən çox üç dəfə keçirilən doğum günümü bəyənmişəm. Biri həyat yoldaşımın sağlığında olan idi. Biri… – azacıq pauza verərək gülümsədi. – Biri on birinci sinifdə oxuyanda olmuşdu. Elə sinifdəcə öz sinif yoldaşlarımla xudmani qeyd etdik. Üçüncü də indi. Sizin sayənizdə…

Saat beşə qalırdı. İşdən tez çıxdı və özünü evə çatdırdı. Qonaq otağına daxil olan kimi diqqətini çəkən şey masa oldu: Mədinə ilə Nəzrin də xüsusi günə hazırlıq görmüşdülər.

Qızı əlindəki kiçik qutu ilə atasına yaxınlaşaraq:

– Bunu sənə Nəzrinlə mən aldım. Ətirlər içərisində bunun qoxusu lap xoşuma gəldi, – deyib onu atasına doğru uzatdı.

Loğman əyilib qutunu aldı və qızının yumru yanaqlarını ehmalca dişləyib öpdü. Sonra ayağa durub yanaqları həmişə qırmızı olan Nəzrinə baxdı, təşəkkürünü bildirib süfrə arxasında oturdular. Nəzrin Loğmana xüsusi hörmət bəsləyirdi. Loğman onu çarəsizlikdən, ehtiyac içində yaşamaqdan xilas etməklə yanaşı, həm özünə köməkçi etmiş, həm də Mədinə üçün ideal sayıla biləcək dost tapmışdı. Və ən ümdəsi o idi ki, Nəzrin hər yeməyi ləzzətli bişirirdi. Loğman üçün qidalanmaq ən mühüm məsələlərdən biri idi.

Axşam saat onun yarısı telefonun səsi eşidildi. Loğman ekrana baxıb zəngə cavab verdi:

– Eşidirəm, Leyla!

– Loğman, halım pisdir. Yanıma gələ bilərsən? – onun səsi, həqiqətən də, pis gəlirdi.

– Nə olub ki?!

– Bilmirəm, başım fırlanır, üşüyürəm. Dörd dəfə də qaytarmışam.

– Yaxşı, gəlirəm.

– Qapı açıqdır, girərsən. Durmağa halım yoxdur.

Loğman qısaqol köynəyinin üstündən qırmızı nazik kapyuşonunu geyinib evdən çıxdı. Bir neçə il əvvəl ərindən ayrılan Leylanın tək yaşadığını bilirdi. İndi ona, həqiqətən də, kömək etmək lazım idi.

Qısa vaxt ərzində binanın qarşısına çatdı. Maşından düşüb tələsik addımlarla bloka daxil oldu. Nə qədər rəhbər şəxslərin çağırışına tələsməsə də, dəyər verdiklərinin belə çağırışlarını fövqəladə vəziyyət kimi dəyərləndirirdi.

Evin qapısını açıb içəri keçdi, ayaqqabılarını soyunub dəhliz boyunca irəlilədi və qonaq otağına daxil oldu. Qaranlıq otaq elə həmin andaca işıqlandı və Loğman arxadan xəfif addım səsləri eşitdi.

– Deməli, “başım fırlanır, üşüyürəm, dörd dəfə qaytarmışam” ın nəticəsi budur, – Loğman barmaq basmağa yer olmayan masaya işarə etdi. Əla süfrə açılmışdı, Leyla isə hələ dəhlizlə addımlayır, çox ləng hərəkət edirdi. Loğman hələ arxaya çevrilməmişdi.

– Afərin, altı dəqiqəyə bura çatdın! Deməli, sənin üçün belə qiymətli imişəm, – Leyla dedi.

– Sadəcə axşam vaxtı yollar boş idi, – o, zarafata keçdi. – Burda həmişə maşınlar az olur.

– Ölərdin də desəydin ki, hə, qiymət verirəm, – qız Loğmanın arxasında dayandı. – Bunu etiraf etmək qüruruna toxunmazdı.

Loğman arxaya çevrildi. Nəsə demək istəyirdi ki, susdu. Etiraf etmək istəməsə də, onu susduran Leylanın gözəlliyi idi. Leyla bədənini tam büruzə verən, az qala, yerlə sürünən qırmızı don geyinmişdi. Donun sağ tərəfdən isə uzun yarığı vardı. Və bu yarıq onun uzun, cazibədar ayağını qabarıq formada nəzərə çarpdırırdı.

Leyla bir addım da atıb Loğmana yaxınlaşdı. Bu addım zamanı bir anlıq Loğman gözlərini qeyri-ixtiyari olaraq Leylanın çılpaq ayağına dikdi. Bu, saniyənin yarısı qədər ancaq çəkdi, buna rəğmən, Leyla baxışları tutdu. Bilirdi ki, Loğman adətən qadınlara məğlub olmağı sevmir. Lakin indi məğlub oldu.

Leyla saçlarını yığmışdı, üzündə isə qətiyyən makiyaj yox idi. Əlindəki kiçik bağlamanı Loğmana uzatdı. Loğman bağlamanı əlinə alan kimi onun yumşaq şey olduğunu anladı.

– Kitabdır, – Leyla onun bağlamaya qəribə baxdığını görüb dedi. – Düşündüm ki, istənilən oxucu kimi sənin üçün də ən yaxşı hədiyyə kitab olar.

– Doğru düşünmüsən. Təşəkkür edirəm! – o, səmimiyyətlə dedi. – Kitablar xəyanət eləmir, quyu qazmır, paxıl olmurlar. Ən əsası da, insana zövq verməyi bacarırlar.

– Dəyməz, – deyib masaya yaxınlaşdı. – Bəlkə, oturaq?

– Yaxşı.

Loğman hədiyyəni yaxınlıqdakı dolabın üzərinə qoyub Leyla ilə üzbəüz oturdu. Daxilən etiraf edirdi ki, Leylanı belə gözəl görməmişdi. Əslində isə, onda qeyri-adi heç nə yox idi.

– Bilirəm ki, inanclı oğlansan. Ona görə də spirtli içki almadım. Spirtsiz şampan almaq fikrindəydim amma.

– Dindar olanda nə olur ki? – o, diqqətlə Leylaya baxdı.

– Necə yəni nə olur? Namaz qılan adamlara spirtli içki olmaz axı.

– Cahillik eləmə, – deyib gülümsədi. – Dini cəhətdən baxsaq, spirtli içki heç kimə olmaz! Təkcə namaz qılanlara yox, hamı üçün haramdı. Əslini desəm, dinləri elə də qəbul etmirəm. Sual verə bilərsən ki, niyə ibadət üçün məhz namazı seçmisən, uşaqlıqdan qalma adətdir deyərəm.

Başlarını yeməyə qataraq mövzunu dəyişdilər. Loğman tox olsa da, onun bişirdiklərinin hər birinin dadına baxdı. Süfrə yığışdırılandan sonra rəqs etmək həvəsinə düşən Leyla durub musiqi mərkəzinə yaxınlaşdı. Sensorun üzərində barmağını sürüşdürdü və həzin musiqi eşidilməyə başladı. Leyla işıqları da söndürdü və bir neçə saniyə sonra işıqlar yenidən yandı, lakin çox zəif.

– Gəl rəqs edək, – qız asta səslə təklif etdi.

Loğman ayağa durub Leylaya yaxınlaşdı… İkisi də bir-birilərinə sarılıb həzin musiqi sədaları altında sakitcə yırğalanırdılar… Hər ikisi də mentalitetə zidd hərəkətlər edirdilər. Bəs mentalitet ucbatından istəklərdən məhrum qalmaq doğrudurmu? Yoxsul da olsan, varlı da olsan, arzularına çatmaq üçün fədakarlıq göstərməlisən və unutmaq olmaz ki, insan etdiklərindən daha çox etmədikləri üçün peşman ola bilər.

Səhər gözlərini açanda əvvəlcə harada olduğunu anlamadı. Sonradan bildi ki, sən demə, gecəni Leylanın evində qalıb. Hələ ki yerindən qalxmırdı. Gözü açıq uzanmışdı, deyəsən, nəsə düşünürdü. Bu vaxt Leyla asta addımlarla içəri daxil oldu:

– Axır ki oyandın…

– Necə xəbərim olmayıb, burda qalmışam?! – Loğman onun sözlərini kəsərək, kefsiz halda donquldandı.

– Rahat ol, aramızda heç nə olmadı, – bunu deyib gülümsədi.

– Gəl bir onu da bilməyim! – O, yerində dikələrək məzəmmətedici tərzdə dilləndi. – Bəlkə, sərxoş-filan olmuşam, xəbərim olmayıb.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺93,46
₺186,92
−50%
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Yazıldığı tarih:
2022
Hacim:
170 s. 1 illüstrasyon
İndirme biçimi:

Benzer kitaplar