Kitabı oku: «Qızılbaşlar: Oyanış»
Müəllifdən
Lap uşaq vaxtlarımda saatlarla xalçanın üzərində oturub “şpilkalarla” bezmədən, yorulmadan “dırş-dırş” oyunu oynayardım. Vahid süjet xəttinə malik, fantastik varlıqların iştirak etdiyi bu qəribə oyunu özüm yaratmışdım. Şpilkaların hər növü başqa bir irq idi mənim üçün. Hətta bazarlarda, xırdavat dükanlarında balaca karton kağızı hər tərəfdən dişləyən rəngbərəng şpilkaları tamamilə yeni məxluqların qeyri-adi, fövqəltəbii güclərə malik orduları kimi görürdüm. Qırmızı ninzalar sarı, mavi və ağ ninzalardan daha güclüydülər. Uzun, arıq, taxtadan yaradılmış amansız meşə ordusu, gombul və qolları dəmirdən olan kiborqlar… Bu varlıqların arasında gedən amansız müharibələrin tam mərkəzində plastilindən hazırladığım kapüşonu başından çıxarmayan xüsusi bir döyüşçü var idi. O digərlərindən seçilirdi. Adı Vancan idi. Uşaqlığımdakı iki ən məşhur döyüş filmi ulduzu olan “Vandam” və “Cekcan”-ın adlarının miksiydi bu ad. Əlbəttə ki, uşaq ikən bu adlar mənim üçün birləşik yazılır və bir vurğu altında tələffüz olunurdu.
Seçilmiş döyüşçüm digər şpilka ordularından qisas alırdı. Sevdiyi qızı öldürmüşdülər çünki. Nə ninzalardan idi, nə meşə ordusundan, nə də kiborqlardan. O, tək və yenilməz idi. Ancaq ayaqlarıyla döyüşərək bütün düşmənlərinə qalib gəlirdi hər zaman. Ən sonda isə çətinliklə də olsa, kiborqların başçısını öldürüb qisas andını tamamlayırdı.
Bu oyunu hər gün təkrar-təkrar oynadığıma görə oyuncaqlar istəmirdim heç vaxt. Oyuncaq barədə düşünmürdüm də. Anam hər dəfə yeni şpilkalar aldıqca Vancanın düşmənlərinin artdığına görə üzülsəm də, yaratdığım oyuna yeni-yeni macəraların əlavə olunacağına görə də sevinirdim. Ağzından alov çıxaran sürünənlərin, şəffaf parıltılı ruhların, kibrit çöplərini plastilinlə bədənlərinə bərkidib ölümcül katanaya çevirən balacaboy, papaqlı samurayların heç birinin mənim seçilmişimlə ulduzları barışmadı. Amma bütün uşaqlığım boyu nə bir ordu bu tənhagəzərə qalib gəldi, nə bir irq, nə bir tayfa. O, həmişə necəsə ən sonda sağ qalmağı bacarırdı. Beləcə illər keçdi. Rəngbərəng düşmənlər, fantastik varlıqlar yavaş-yavaş öz reallıqlarına qayıdaraq adi şpilkalara çevrildilər. Mən böyüdükcə oyun dünyam balacalaşdı.
Nəticədə, illər sonra bu kitabda oxuyacağınız dünya yarandı. Hekayəmiz Alqarad adlanan planetin bütün tarixini əhatələyəcək. Beş kitablıq uzun bir marafonun ilk hissəsi olan “Qızılbaşlar: Oyanış”-ı əlinizdə tutursunuz. Əvvəlcədən hamıdan üzr istəyirəm. Bu üzr heç də əfsanəvi fentezi əsərlərdən sonra bu janra müraciət etməyimin mədəni cəsarətinə görə deyil. Yalnış anlamayın! Bədii çatışmazlıqlara və təcrübəsiz yazıçının bəzən hətta bayağı sayılabiləcək bəsit yazı üslubuna görədir bu üzr. Oxuduğunuz başqa bütün kitablardan da zəif olacağına əminəm. Qarşılaşacağınız hadisələrin maraqlılıq qədərini gözünüzdə çox da böyütməyinizi qətiyyən istəməzdim. Çünki maraqlı olmaya da bilər. Hətta elə ilk səhifələrdən sıxılıb rəflərin künc-bucaqlarında gözünüzə görünməməyi üçün gizlədə də bilərsiniz. Sonra “demədi” deməyin.
Bircə xahişim var oxuculardan. Öncə öz səmimiyyətimə, daha sonra sizin anlayışınıza sığınaraq deyirəm bunları. Qarşılaşacağınız irqləri, məkanları, hadisələri, xalqları və onların düşüncə tərzini qətiyyən bizim dünyamızla müqayisə etməyin. Bu fentezi janrı oxuyucusunun qarşısına qoymalı olduğu ilk qanundur, mənim fikrimcə. Yoxsa, onsuz da yazılmağı mənim üçün tam bir işgəncəyə çevrilmiş bu qarışıq süjeti bəyənəcəyinizə ehtimal yoxdur. Ölümsüz vəhşi varlıqların arasında sadəcə sağ qalmağa çalışmaqla kifayətlənməyib bütün qüvvəsiylə tarixi dəyişməyə çalışan insan irqinin mübarizəsindən danışılan mistik hekayəni hamımız birlikdə fəsil-fəsil yaşayacağıq. Bu baxımdan, mənim bəxtim bir az gətirib. Çünki siz hələ birbaşa müəllifin özü tərəfindən yazılan bu kiçik hissəyə başlayarkən mən artıq çap olunmuş və çap olunacaq bütün hekayəni dəfələrlə və bezmədən oxumuşam. Açığı, mənə elə də pis kitab kimi gəlmədi, amma sizi deyə bilmərəm.
Əslində, bu dünyanın kitab yox, film olmağını istəyərdim. Bu istəyi çörəyini filmdən qazanan həvəskar kinomanın lenti vərəqə satmağı kimi deyil, ədəbiyyat dünyasının uğursuz yazıçıları arasında çətinlik çəkmədən gizlənib, heç bir diqqət çəkmədən axına qarışan və öz maraqsız kitabından utanan etirafçının məsum arzusu kimi qiymətləndirin. Oxuduqca səhnələr gözlərinizin önündə film kimi canlanarkən, məni daha yaxşı başa düşəcəyinizə ümid edirəm.
Odur ki, əziz izləyicilərim… Hamımıza, xoş seyirlər!
I
Qeybolma
“Heç şübhəsiz,
Tükənməkdədir Şərin zamanı.
Nə O əbədidir, nə başqa yaradılan.
Yalnız xeyir qalib gələr, yalnız inam.”
“Alqarad hekayələri: İlk işıq və yaradılış” kitabından.
Oriana şəhəri. “Qızıldan hazırlanan” şəhər. Daha dəqiq desək, Orta Dakaraqasın zibilxanası. Metal bataqlıq və ya robot ölüxanası. Burada hamı nə isə satır, nə isə alır, durmadan qiymət öldürür, dar küçələrdəki izdihamın arasından keçmək üçün yol istəyir, qışqırır, bağırır, söyüş söyür, nədən hazırlandığı bilinməyən yapışqan yaşıl xırt-xəşil yeməklərdən doyunca yeyib möhkəmcə gəyirirdi. Başqa planetlərdən gələn qonaqların ilk ayaq basdıqları şəhər idi bura. Uzun yoldan sonra öz gəmiləri və ya silahları üçün azsaylı etnik azlıqların tullantı kimi baxdıqları dəmir-dümürdən əsl möcüzə yarada biləcək elmə sahib olduqlarını hamı bilirdi. Ona görə də, hər hansı dəmir buynuzlu keçisifət yadplanetli ən xırda bir detalı almağa maraq göstərərdisə, Oriana zibilçiləri nə işə yarayacağını təsəvvür belə etmədikləri bu lazımsız və paslanmış robot hissəciklərini bacardıqları qədər dəyərə mindirər, “indiki vaxtda belələri tapılmır” söhbətlərinə girərdilər. Axtardıqlarını ucsuz-bucaqsız səs-küylü bazarlarda tapa bilməyənlər isə, Oriana rəhbərliyindən pulla icazə aldıqdan sonra dağlarda axtarışa başlayırdılar. Dağlar deyərkən, ağlınıza əsl dağlar gəlməsin. Oriana heç də Orta və Sol Dakaraqasın sərhəddindəki Beirova və ya cənubdakı Boreas kimi dağlıq ərazi sayılmazdı. Əvvəllər səhralıq və quraqlığın hökm sürdüyü şəhərdə dağlar bir yana qalsın, heç kiçik təpələrə belə rast gəlməzdin. Son bir neçə yüz ildə isə bu səhra zibilxanaya, daha sonra isə metal xırdavatının ən böyük mərkəzinə çevrildi. İndi şəhər dörd bir tərəfdən böyük dağlarla əhatələnmişdi. Lakin bu coğrafi aktivliyə görə yox, elmi-texniki aktivliyin sayəsində baş vermişdi.
Bir neçə kilometr uzaqdan dağlara bənzəyən qaraltıların yaxınlaşdıqca tullantı dəmir-dümür yığını olduğunu görə bilərdin. Küçə mucidləri axtardıqları hər şeyi buradan toplayırdılar. Onların işinə yarayacaq milyardlarla işləməyən, çoxdan sıradan çıxmış, paslanmıs, amma qızıla bərabər mexanizm hissələri bu dağların dərinliklərində bir yerdə gizlənirdi. Yaşayış yerləri isə balaca, çox da hündür olmayan, divarları ən yüngül küləklərdə belə durmadan yellənən nazik dəmir lövhələrdən ibarət olan birmərtəbəli daxmalar idi. Əhali sayına görə Orta Ölkədə, bəlkə də ən axrıncı yerdə olardı. Bura yalnız bu xarabalığın fanatları aylarla dözə bilərdi. Buna baxmayaraq, Kron patrulları, bütün şəhərlərdə olduğu kimi Orianada da nəzarəti əllərində saxlayırdılar. Şəhərin yeganə hündür binası, onmərtəbəli saat qülləsi idi. Daş bina nazik, uzun mayakı xatırladırdı. Saatsa, təbii ki, gündə yalnız iki dəfə doğru zamanı göstərirdi. Bu qüllənin nə vaxt, kim tərəfindən, hansı məqsədlə tikildiyi yaşayan heç kəsin yadına gəlməzdi. Əzəldən buradaymış kimi qoca və belibükük vəziyyətdə dayanıb, nə vaxt uçulub-dağılacağını səbirsizliklə gözləyirdi.
Oriananın ən böyük bazarı olan Sarı Bazar metal dağların ətəkləri boyunca uzanırdı. Burada il boyu əllərinin qapqara yağı ağarmayan metal satıcıları nə vaxtsa istifadəyə yararlı olabiləcək ən xırda hissələri belə zibilxanalardan axtarıb tapır və bəlkə də illər sonra satacaqları ümidiylə az qala dəmirdən dağa çevrilmiş dükanlarına toplayırdılar. Hərdən yağlı müştərilər də çıxırdı. Məsələn, hansısa bir reaktiv hava gəmisinin motorxanasındakı hansısa tapılmayan kömür hissəciyi qramla satılırdı. Hansısa süni intellektli robotun yüzlərlə metr uzağı optik linzalarla yaxınlaşdıra bilən gözləri, demək olar ki, su qiymətinə idi. Yox, bu bir az baha olardı. Orianada əməlli başlı su problemi var idi. Əvvəllər Mavi Gölün suyundan içmək olurdu, lakin get-gedə gölün dibi də paslandı, ətrafındakı balaca, yaşıllıq vahə də solub məhv oldu. Son bir neçə on ildə Mavi Göl tünd qəhvəyi paslı su yığınına çevrildi. Robotların gözü isə qumun qiymətinə satılırdı desək, daha doğru olardı. Bu şəhərdə dağlardan və bazarlardan başqa, demək olar ki, hər yer sapsarı səhralıq idi.
Bu gün Sarı Bazarda səhər açılandan bəri hər zamankından bir az da artıq canfəşanlıq hökm sürürdü. Hər kəs bir-birinin qulağına nə isə pıçıldayır, gecə baş verən qəribə hadisələrdən danışırdı. Kron patrullarından bir neçəsi öldürülmüşdü. Hətta gecənin bir aləmi dağların süni mağaralarından hansındansa yerli tacirlərin ən böyüklərindən birinin yalvarış səsləri belə eşidilmişdi. Görəsən, aylar əvvəl Naqanazarda baş verənlərin dünən gecəki hadisələrlə bir əlaqəsi ola bilərdimi? Deyilənə görə, Orta Dakaraqasın sənayə şəhərlərindən olan Naqanazarda bədənində qırmızı tatular olan kimsə karxanalardan birinin rəisini öldürmüşdü. Həm də qala kimi qorunan şəxsi evində. Səssiz-sakit, heç kimin xəbəri olmadan gizlincə içəri soxulub, buxaqları az qala sinəsinə qədər sallanan eybəcər, solğun rəngli gombul kronun boğazına kəskin bıçaqla nazik və dümdüz bir xətt çəkmişdi. İşçiləriylə qul kimi rəftar edən ədalətsiz rəisin çənəsindən aşağı yerindən tərpənə bilməyəcək qədər şərab içdikdən sonra öz üstünə qaytaran adamların pintiliyi kimi ağappaq qan şəlaləsi axarkən onu başqa dünyanın əfsanəvi Lal Otaqlarına göndərən qatil çoxdan aradan çıxmışdı. İndi də Orianada buna bənbzər şeylər yaşana bilərdimi? Yerin Qulaqları kronlar və şəhərin yerli əhalisi üçün heç də xoş sayılmayacaq xəbərləri bütün şəhərə yaymağa başlayandan bəri heç kim gəzişindən müəmma yağan adama fikir vermirdi.
Uzun qara əbası ilə bir nəfər düz bazarın ortasında diqqət çəkmədən cənub çıxışına tərəf irəliləyirdi. Bu qədər satıcının, bu qədər alıcının arasıyla heç kimə toxunmadan, heç kimə sürtülmədən elə sakitcə addımlayırdı ki, sanki gözəgörünməz idi. Başında kapüşona oxşar böyük şal, ayaqlarında isə nimdaş qara əbasına yaraşmayacaq qədər təzə uzunboğaz əsgər çəkmələri var idi. Getdiyi yeri ancaq başına atdığı şalın süzülmüş cırıqlarından izləyə bilirdi. Əbasının qolları çox uzun olduğuna görə heç də tacirə bənzəməyən şəhərə yad bu qonağın əlləri belə görsənmirdi. Lakin arada südə bənzər ağ damcılar düşürdü yerə. Bu damcıların süd olmaq ehtimalı mümkün deyildi. Kron qanına daha çox bənzəyirdi. Bəlkə, bu kapüşonlu “gözəgörünməz” elə kronlardan biri idi?! Amma yox, ola bilməzdi. Kronlar bu qədər balacaboy və arıq olmurlar. Vampirlər də. Cinlərsə ümumiyyətlə şəhərlərdə günün günorta çağı gəzişməzdilər. Onlarla nəinki Orianada, hətta Orta Dakaraqasın heç bir yerində bu qədər böyük izdihamın arasında rastlaşmazdın.
İnsan!…
İnsan idi bu yad qonaq. Hərçənd, normal bir insana görə heç də balacaboy sayılmazdı. Hərdən bildirmədən arxasına, sağına-soluna baxırdı. Kimlərdənsə gizləndiyi açıq-aşkar hiss olunurdu. Əgər bir insanın paltarından kronların qanı axırdısa, bunun sonu heç də xoşagələn olmayacaqdı. Təxminən, yarım saat idi ki, bazarda kron patrullarının sayı artmışdı. Onlar da kimisə axtarırdılar. Görünüşünə görə öz dəstəsindən qətiyyən seçilməyən Alfa Kron bəzi satıcılardan nələrsə soruşurdu. Satıcılar isə başlarını yelləyirdilər. Alfa kron onlardan uzaqlaşan kimi yenə də əlləriylə ağızlarını tutub bir-birinin qulağına eşidənin gözlərini bərəldən xəbərləri yayırdılar. Diqqətlərini çəkən, şübhə doğuran kimləsə və ya nəyləsə rastlaşmamışdılar bu gün. Amma bu hələ onları Sarı Bazar üçün adi günlərdən birinin gözlədiyi anlamına gəlmirdi. Bir az sonra burada baş verəcək hadisələr uzun illər sonra da maraqla xatırlanacaq, söhbət açılarkən qorxu və həyəcanla danışılacaqdı.
Qara geyimli insan cənub qapılarına çatmağa az qalmış əsas dördyolda ayaq saxlamalı oldu. İki tünd-göy rəngli kron patrulu əlisilahlı şəkildə onun yolunu kəsmişdilər. Kronlardan nisbətən öndə olanı özlərinin sözlərə yox, daha çox xırıltıya, uğultuya bənzər dillərində kapüşonu başından çıxarmağı əmr etdi. Ən azından hərəkətlərindən belə başa düşülürdü. Sonra bir dəfə də və daha ucadan bağırdı eybəcər məxluq. İnsan yerindən də tərpənmirdi. Sanki hərəkət etmək üçün hansısa bir işarəni gözləyirdi. Kron patrulu bir addım da yaxına gələn kimi qara geyimli adam birdən-birə çox sürətli şəkildə yerdə fırlanaraq kronun ayaq biləyindən təpik vurdu. Hər şey çox tez baş verdi. Patrul zərbənin təsirindən olduğu yerdən göyə qalxdı. Bir neçə saniyədən sonra yerə dəyəcəkdi. Dəyir də, amma başsız formada. Qara geyimli müəmmalı insan kron yerə yıxılmağa hazırlaşarkən fırlandığı yerdəcə əbasının altından mavi bir qılınc çıxartdı və elə göydə də bir zərbəylə düşmənin başını bədənindən ayırdı. Tünd göy bədən başsız formada yerə çırpıldı və kəsilmiş boynundan ətrafa ağ qan axmağa başladı. Bədənsiz kron başı isə havada uçaraq onlardan iki-üç addım geridəki kronun qucağına düşdü. Ağzı açıq və gözləri bərəlmiş formada.
İkinci kron əlindəki mavi alov silahını insana tərəf tuşlayaraq bazardakı digər patrullara yerlərini bildirmək üçün var gücü ilə bağırdı. Bu, həm də bir qəzəb göstərişi idi. Amma çətin ki, bu tamaşa qarşısındakını qorxuda bilmişdi. Bu model alov silahları bir-iki saniyə ərzində atəşə hazır vəziyyətə gəlirdi. Patrul silahın tətiyini sıxacağı anda insan bir dəfə də öz ətrafında fırlandı və bir əlini ona tərəf uzatdı. Yenə də hər şey çox sürətlə baş vermişdi. Qara geyimli döyüşçünün əlindən çıxan gümüş bıçaq kronun alnını deşərək arxadakı dükanın taxta qapısına sancıldı. Dizləri üstə çökən vəhşi məxluq göz bəbəkləri yuxarı qatlanmış halda kronlar cəhənnəminə doğru çoxdan yola çıxmışdı.
Ətrafdakı tacirlər, satıcılar, başqa dünyalardan gələn yadplanetlilər nə olduğunu anlamadan çaş-baş halda qaçışmağa başladılar. Onlara elə gəldirdi ki, kron patrullarını öldürməyə cəsarət edən və kim olduğu bilinməyən bu qatil hər kəsi öldürmək üçün Orianaya gəlmişdi. Artıq gizlənməyin bir mənasının olmadığını başa düşən insan başındakı şalı çıxardıb yerə atdı. Bu insan qızılbaşların ən güclü döyüşçülərindən olan Nil idi. Qapqara saçları üzünün sol tərəfinə tökülmüşdü. Sağ qulağının arxasına bərkidilən qulaqlığa iki dəfə toxundu və işləmədiyini anladı.
– Ən lazım olan vaxtda dalğa tutmur, – öz-özünə dodaqaltı deyinən Nil dördyolun hər istiqamətindən ona tərəf onlarla kron patrulunun qaçdığını gördü. – Qaçmaq lazımdır!
Artıq hər şey Nilin öz impravizəsinə qalmışdı. Nə edəcəyini, hansı tərəfə gedəcəyini bilmirdi, amma bu xarabalıqdan mütləq qurtulmalıydı. Dükanın qapısına sancılan gümüş bıçağı yerindən çıxardıb kronun ağ qanını paltarının qollarına sildi və yenidən kəmərinin arxasına bərkitdi. Dayandığı yerdən dükanın damına tullandı və ən az kronun yaxınlaşdığı istiqamətə doğru dükanların üstüylə qaçmağa başladı. Bəxti gətirsə, öldürəcəyi ilk kronlardan biri dəstənin alfası olardı. Yalnız o halda başqa bir alfa dəstəni ələ keçirənə qədər kronlar lal, kor, kar kimi key-key gəzişəcəkdilər. Ən pis halda isə, kronların hamısıyla döyüşməli olacaqdı. Bax, bu çox təhlükəliydi. Qızılbaşlarla təkbətək döyüşdə adi kron patrullarının sağ qalmaq şansı yox idi. Amma məsələ bütöv bir kron sürüsünə qalanda… vəziyyət tamamilə dəyişirdi.
Dəmir tavanlı dükanların çoxu bir-birlərinə bitişik tikilmişdi. Nisbətən aralı olanlarından isə tullanaraq keçirdi. Bazarın yollarını da dəqiq bilmədiyinə görə hara getdiyiylə bağlı heç bir fikri olmayan qız qulağındakı operatorla əlaqə yaranana qədər sadəcə sağ qalmağa çalışacaqdı. Kəmərinin arxasına iki kiçik tapança və iki gümüş bıçaq bərkidilmişdi. Belində isə nazik, amma həddindən artıq möhkəm olan ildırım metalından düzəldilmiş kəskin qılıncı var idi. Ayağındakı uzunboğaz çəkmələrin altı yumşaq olsa da, dözümlüydülər. Yüngül ayaqqabı qaçarkən və tullanarkən heç bir ağırlıq yaratmırdı.
Kronlar vəhşi səslər çıxardaraq aşağıdakı yolla qızı izləyirdilər. Nil kronların mavi alovlarla açdıqları atəşlərdən yayınmağa çətinlik çəkmirdi, lakin sayları çoxaldıqca vəziyyət daha da təhlükəli olacaqdı. Bir neçə dükan irəlidən dörd kron da dama çıxıb ona tərəf qaçmağa başladı. Nil də onlara doğru ziqzaqvari qaçaraq qılıncını belindən götürdü. Açılan mavi atəşlərin hamısı qızın sağından-solundan santimetrlərlə yan keçirdi. Bəziləri lap ayağının altına dəyirdi. Aralarındakı məsafə lap qısalanda kronlar da qılınclarını çıxarmaq istədilər, lakin buna vaxtları qalmamışdı. Nil onların arasından bəbir kimi sürətlə qaçıb keçdi. Hansına necə zərbə endirdiyini digərləri heç görmədilər də. Bir-birlərinə baxıb bədənlərində nələrinsə əksik olduğunu düşündülər. Ağrı çəkmirdilər, amma, elə bil, dərin yuxuya getmək istəyirdilər. Yalnız döyüşçü qız onlardan xeyli aralanandan sonra birinin sol qoluyla sağ ayağı qopdu, birinin başı ortadan iki yerə ayrıldı, digərlərinin isə qarınlarındakı böyük kəsiklərdən bütün içalatları çölə daşdı. Damın üstü bir anlığa ağappaq gölməçəyə çevrildi. Nil bu dəfə də qılıncındakı ağ qanı üstünə silib belinə bərkitdi. Belindəki xüsusi maqnit qılıncı oradan düşməyə qoymurudu.
Birdən-birə qulağına əvvəlcə xışıltı, daha sonra isə tanış bir səs gəldi.
– Nil? Cavab ver, məni eşidirsən?
Qızılbaşların lideri Solonasın səsi qaranlıq tunelin sonundakı işıq kimiydi. Nil budəfəki tapşırığı danışıldığı vaxtdan bir neçə saat tez yerinə yetirmişdi. Buna görə də bazarın cənub çıxışında hələ ki onu gözləyən qızılbaş gəmisi görsənmirdi.
– Salam, şef. Hər şey yaxşıdır, hamı xoşbəxtdir. Öldürə-öldürə qaldığım kronlardan başqa. Tələsməyə bilərsiniz, – bir az zarafatyana, bir az da ironiya ilə cavab verən qızın səsi dayanmadan qaçdığına görə titrək və təngənəfəs çıxdı.
– Biz, təxminən, iki saatdan sonra cənub çıxışında səni gözləyəcəyik. Gecikməməyə çalış. Yoxsa, bazarı partlatmağa məcbur qalacayıq, – Solonasın səsi arada-gedib gəlirdi. Görünür, Nilin də səsi yaxşı eşidilmirdi ki, qızın nədən danışdığını Solonas anlamamışdı. – Bu partlayış isə çox diqqət çəkər. Bunu istəmirəm.
– Narahat olma. Belə getsə, bir neçə dəqiqədən sonra özüm partladacam bu ölüxananı, – deyən kimi damdan yerə tullanan qız düz önündəki iki kronun sinəsini gümüş bıçaqlarla iki yerə böldü. Bu dəfə qan qızın bütün üz-gözünə sıçradı. Nil sifətini turşudaraq başını yellədi. Kronları öldürmək ona hədsiz zövq versə də, qanlarından gələn üfunət iydən zəhləsi gedirdi.
– Nil… Nələr baş verir? – Solonasın səsi qeyri-adi dərəcədə təmkinli idi. – Hər şeyi səssiz-sakit həll etməyini istəmişdim.
– Mümkün olmadı, şef. İmpravizə eləməyə məcbur qaldım. İndi də bazarın ortasında ora-bura qaçıram və dörd bir yanımda da bir neçə kron dəstəsi var. Silahlı və əsəbi kronlar, – Nil təngənəfəs vəziyyətdə gah sağa, gah da sola dönüb qaçırdı. – İki saatlıq vaxtım yoxdur, məncə.
– Qolbaq səndədir? – kiçik səssizlikdən sonra qızılbaş lideri az qala pıçıltıyla soruşdu.
– Qolumdadır. Heç də biz düşündüyümüz kimi asan olmadı oğurlamaq. Bir-iki vedrə ağ qan axıtdım götürmək üçün, – deyən qız sağ biləyindəki dəmir qolbağa baxdı. Qəribəydi. Görünüşünə görə qədim döyüş qolçaqlarını xatırladan qolbaq, elə bil, sırf onun biləyinin ölçüsündə hazırlanmışdı. Rahat hərəkət etsin deyə dəmir qolbağı qoluna taxan kimi biləyində öz-özünə kipləşmiş və balacalaşmışdı sanki.
– Nə badə qaçmağı dayandırıb açıq döyüşə girəsən, nə badə. Maksimum sürətlə gəlirik. Gizlənməyə bir yer tap və gəmimizi görənə qədər də çıxma oradan, – Solonasın yüngülcə xırıldayan səsi qarşı tərəfdən heç eşidilmirdi. – Həyatda qal, əsgər. Bu əmrdir.
– Oldu, şef, – Nil dükanların qapı kandarlarına düzülmüş dəmir piştaxtalarının üstündən tullanaraq və ətrafındakı qəribə görünüşlü yadplanetli irqlərin nümayəndələrini sağa-sola itələyərək durmadan qaçırdı. Belə nə qədər davam edə biləcəyini heç bilmirdi.
Birdən-birə, elə bil, sağ tərəfindən böyük bir qaya parçası dəydi ona. Zərbənin təsirindən sol tərəfdəki dükanın dəmir divarlarına çırpıldı. Nazik divarları deşib qumlu torpağın üstündə bir neçə dəfə diyirlənərək bir küçə geridəki dükanın önündəki böyük dəmir soyuducuyla toqquşdu. Toqquşmağıyla da kəmərindəki qoşa tapançanı çıxardıb zərbə gələn tərəfə tuşladı. Gözləri bir anlıq bulanıqlaşıb yenidən düzəldi. Çoxdandır bu qədər güclü zərbə dəymirdi ona. Önündəki arxa divarı deşilmiş dükandan heç kim gəlmirdi. Bir neçə saniyə bu cür dayandıqdan sonra dərin bir nəfəs aldı və beş metr irəliyə düşmüş qulaqlığı görüb yenidən ayağa qalxdı. Onu yerdən götürmək üçün əyildiyi vaxt bu dəfə solundan toz-torpaqlı bir küləyin ona yaxınlaşdığını hiss etdi. Kronlardan on qat daha sürətlə hərəkət edirdi. Başını sola çevirməyə imkan tapmamış qaya kimi sərt külək bir dəfə də Nili havaya sovurdu. Nil on beş-iyirmi metr kənara uçub başqa bir dükanın metal yığınına dəydi və dəmir-dümür ətrafa səpələndi. Sol çiynində ağrılar baş qaldırırdı. Qaşının üstündən də qan açılmışdı.
Başını qaldırıb zərbənin dəydiyi tərəfə baxdı. Toz-duman yavaş-yavaş çəkilərkən qanadlı bir məxluqun siluetini görə bildi. Qanadları asta-asta belinə doğru yığılıb yoxa çıxdı. Havaya sovrulan toz-torpağın arasından incəbelli və həddindən artıq gözəl bir qız çıxdı. Nil bir az əvvəl yerdən götürdüyü qulaqlığından Solonasın səsini eşitdi, nəhayət ki. Aparatı qulağının arxasına bərkitdi.
– Nil? Orada ancaq kronların olduğuna əminsən?
– Yox, şef. Bir vampir də var. Qanadlı. Meledadır, yəqin ki, – Nil hələ də yıxıldığı yerdən qalxa bilməmişdi. Qara paltarları və üzünün yarısı sapsarı torpaq olmuşdu.
– Onunla döyüşməyi ağlına da gətirmə.
– Nəhayət ki, onunla qarşılaşdıq. Özü öz ayaqlarıyla ölümünə gəlib, – Nilin özündən əmin danışığı Solonası əsəbləşdirmişdi, deyəsən.
– Onunla döyüşmə deyirəm. Qalib gələ bilməyəcəksən. Onu öldürə biləcək silahın yoxdur üstündə, – Solonasın bayaqkı təmkinli səsindən artıq əsər-əlamət yox idi. – Qanadlı vampirləri öldürmək, demək olar ki, imkansızdır.
– Qisasımı alacam, şef! – Nil son sözlərini deyib qulaqlığa toxundu və əlaqə kəsildi.
Ayağa qalxıb düşmənin hücum həmləsini gözləməyə başladı. Tozların arasından qızılbaş döyüşçüyə tərəf gələn qapqara və damdar dəri paltarlar geyinmiş qızla təkbətək döyüşün asan olmayacağı bəlliydi. Boyu kronlardan belə daha uzun olardı. Qıpqırmızı gözləri ağappaq dərisinin fonunda işıq kimi parıldayırdı. Dodaqlarında ifritə bir gülümsəmə var idi.
– İnsan qanının ətrini kilometrlərlə aralıdan hiss edirəm. Bu dadı heç bir şeylə əvəz etmək olmur, – qara vampir özündən əmin şəkildə asta-asta addımlayaraq Nilə yaxınlaşırdı. – Qızılbaşların qanını içmədiyim bir neçə yüz il olub. Darıxmışdım.
– Gəl, qancıq, gəl. Səni öz qanında boğacam, – Nil qızılbaşlara yaraşmayacaq bir şəkildə ona verilən tapşırığı şəxsi prinsiplərinin arxasına atmışdı. – Mənim qılıncımsa tez-tez vampir bədəni doğrayır. Bu gün qanın ətrini hiss etdiyin son günün olacaq, – deyib əlini qaşının üstündən süzülən qana sürtərək vampirə tərəf uzatdı.
– Çox cəsarətlisən, qızcığaz. Görək, bir azdan bədəninin hər yerindən qan axanda da bu qədər cəsarətli danışa biləcəksən?
Meledanın belindən iki yana doğru qapqara tüksüz qanadlar açıldı və üzünün görünüşü bir anda dəyişildi. Dırnaqları caynaqlara çevrildi və vampir dişləri uzandı. Azacıq havaya qalxıb sürətlə Nilə tərəf uçdu. Hər dəfə qanadları çırpıldıqca bazarın toz-torpağı bir az da havaya sovrulurdu. Yaranan külək ətrafdakı bütün dükanların qapı-pəncərələrini çırpıb bağladı. Küləyin bağlamadıqlarını isə dükan sahiblərinin özləri bağladılar. Hərə öz yuvasında kiçik bir deşik tapıb meydanda nələrin baş verəcəyini səbirsizliklə izləməyə başladı. Aralarında iki metr məsafə qalmış qızılbaş döyüşçü ani hərəkətlə fırlanaraq dabanıyla vampirin çənəsindən qüvvətli bir zərbə endirdi. Vampir bu dəfə ovuna toxuna bilməmişdi. Zərbə sırası rəqibə keçmişdi.
Nil zərbə vurduğu dabanında güclü ağrı hiss etdi. Elə bil, dabanından güllə dəymişdi. Vampirlərin bədənləri sərt olurdu, amma Meledanın bədəni lap mərmər kimiydi. Vampir qız əlini üzünə tutub nə olduğunu anlamağa çalışırdı. Yerindən çıxmış alt çənəsi öz-özünə yenidən geri qayıdıb yuxarı çənəsinə birləşdi. Meleda əliylə alt çənəsini sağa-sola tərpədib yerində bərkidərək Nilə tərəf çevrilərkən qız artıq havada idi və yerə düşməmiş vampirin sifətindən dalbadal dörd-beş təpik də vurdu. Yerə düşən kimi daha bir neçə zərbə endirdi. Sonuncu ayaq zərbəsində isə Meleda Nilin ayağını tutdu və onu fırladaraq yandakı binanın divarına çırpdı. Divar az qala parçalanacaqdı. Ayağı hələ də vampirin əlindəydi. Sol çiynindəki ağrılar getdikcə güclənməyə başlayırdı. Vampir bir dəfə də onu var gücü ilə fırladıb kənara tulladı. Bu dəfə qarşıdakı dükana sanki bomba atdılar. Nil tank gülləsi kimi girmişdi qaranlıq dükana və hər yeri dağıtmışdı. Gözlərini açanda Meledanın sürətlə dükana tərəf uçduğunu gördü və cəld şəkildə sağa tərəf sıçradı. Meledanın sərt dizi Nilin bayaq söykəndiyi qalın dəmir parçasını ortadan iki yerə böldü. Parçalardan biri Nilin qabağına düşdü. O, dəmiri yerdən qaldırıb havaya tullandı və var gücüylə vampirin başına vurdu. Amma vampir olduğu kimi də dayanıb sadəcə başını aşağı əydi. Başında balaca yarıq əmələ gəldi və dərhal da bitişdi. Caynaqlarını yumruq kimi qıza atdı. Bu dəfə də vampirin zərbələrindən qaça bilən qız qılıncını vampirin başının düz ortasına vurmaq istəyərkən vampir hər iki əlindən yaxaladı onu. Nil kəllə vurdu bu dəfə, amma başı divara dəymiş kimi gicəlləndi və o biri qaşından da qan açıldı. Meleda onun əllərini yanlara tərəf dartıb havaya qaldırdı. Nil sanki çarmıxa çəkilmişdi. Vampirin ağzı açıldı, dişləri bir az da itiləşib uzandı. Nil gücünün tükəndiyini hiss edirdi. Amma bu qədər tez təslim ola bilməzdi. O, qızılbaş döyüşçüsü idi. Qızılbaşlar heç vaxt asan rəqib olmamışdılar, olmayacaqdılar da.
Bütün gücünü ayaqlarına toplayaraq ucu sərt çəkmələriylə vampirin qabırğa hissəsindən var gücü ilə zərbə endirən kimi Meleda qızı buraxdı. Bu zərbə vampirin qabırğalarını sındıra bildi, amma bir neçə saniyəyə, onsuz da, birləşəcəkdilər. Bu vaxt ərzində Nil gümüş bıçaqları çıxarıb vampirin bədənini sürətli zərbələrlə deşik-deşik etdi, bıçağı tərs çevirib boğazını kəsdi. Bıçaqları nə vaxt yerinə qoyub tapançaları nə vaxt götürdüyünü vampirin özü belə görmədi. Hər iki silahdan açılan atəşlə qara vampir dükanın o biri başına qədər uçub taxta dirəyi sındırdı. Bu yaralar onu öldürə bilməsə də, Nilə oradan qaçmaq üçün bir dəqiqəyə yaxın vaxt qazandırmış oldu.
Solonas haqlı idi. Onunla təkbətək döyüşmək ağılsızlıq idi. Çox ciddi yaralanmışdı. Qaçış sürəti azalmış, bütün əzələləri boşalmışdı. Gözləri də tez-tez bulanıqlaşırdı. Üstəlik, dostlarının şəhərə çatmağına hələ iki saata yaxın vaxt var idi. Hər küçənin döngəsindən vəhşi kronlar çıxır, dayanmadan atəş açır və onu tutmağa çalışırdılar. Hara qaçdığını özü belə bilmədən dükanların damlarına tərəf baxdı. Gizlənəcək bir yer olmalı idi. Qaçaraq qurtulmaq mümkün deyildi.
Birdən paslı şəhərin tək hündür binası olan sapsarı saat qülləsini gördü. Ağlına bir fikir gəldi. Qolundakı qolçağa bənzər alətə baxdı. Bu qolçağı oğurlamaq üçün gəlmişdi metal xarabalığa. Onu Solonasa çatdırmaq üçün canını belə verə bilərdi. Amma indi yalnız bu qolbaq onun Orianadakı taleyini dəyişmək iqtidarındaydı. Niyə də yox? Niyə də olmasın? Onsuz da, Aksel Zalton bu texnologiyanı hələ test etməmişdi.
Yenidən qulaqlığa iki dəfə toxundu.
– Şef? Burdasız? – Saat qülləsinə çatmağa lap az qalmış yenidən qızılbaş gəmisiylə əlaqə yaratdı.
– Burdayam, axmaq qız. Sən neylədiyini fikirləşirsən? – Solonasın bu qədər əsəbləşdiyini, bəlkə də, heç bir qızılbaş görməmişdi. – O vampiri öldürəcəyini necə düşünə bilərsən? Döyüşməməyi əmr etmişdim sənə.
– Şef… – qız nəsə deməyə çalışdı.
– Nə olursa-olsun, həyatda qalmağı əmr etmişdim.
– SOLONAS! Qulaq as, vaxtımız azdır, – Nilin səsi komandirinin də səsindən yüksək çıxmışdı. O da birinci dəfə idi ki, başçılarına qışqırırdı.
– Eşidirəm.
– Zalton yanındadır?
– Yox, əlbəttə ki. Onu Rufinaya göndərmişik. İlk varp sıçrayışının düşmə lövhəsini hazırlayır, – Solonas qızın beynindən nələr keçdiyini az-çox təxmin edə bilirdi.
– İndiyə kimi bitmiş olar deyə ümid edirəm, – Nil var gücü ilə tullanaraq saat qülləsinin birbaşa ikinci mərtəbəsindən pəncərə şüşələrini sındıraraq içəri daxil oldu. Yol boyu bir neçə kronu da öldürdüyündən gümüş bıçaqlar hələ də əlindəydi. – İlk test üçün əlimdə yaxşı bir təcrübə siçanı var.
– Əminsən? – Solonas da başqa çıxış yolu olmadığını anlamışdı. Nili itirməyi gözə ala bilməzdi.
– Başqa çıxış yolum yoxdur, şef. Ölümün qucağına atılmalıyam, – qızın səsindən az da olsa qorxduğu hiss olunurdu. – Rufinayla əlaqə saxlayın, düşmə lövhəsini aktivləşdirsinlər.
Altıncı mərtəbədə olarkən binanın çölündən vahiməli bir qadın səsi eşidildi. Meledanın səsi idi. Həddindən artıq əsəbləşdiyi hiss olunurdu. İlk dəfə idi ki, kimsə onu bu qədər yaralamağı bacarmışdı. Bu insan onun əllərində ölməliydi. Saat qülləsinin divarlarından biri altıncı mərtəbədə birdən-birə dağıldı və qara vampir Nilin boğazından yapışıb o biri divara çırpdı. Vampir güclü caynaqlarından biriylə onu boğmağa davam edərkən digər əlindəki iti dırnaqlarını Nilin qarnına soxdu. Qızın qarnı beş yerdən eyni vaxtda deşildi. Bu, kronların alov silahından belə daha ağır yara idi.
– “Hər yerindən qan axacaq” demişdim sənə, – Meleda barmaqlarını qızın qarnında bir az da tərpədərək ilan kimi fısıldadı.
Nilin ağzı bir anda qanla doldu və ağrıdan qışqırarkən çənəsinin yanlarından aşağı axdı. Vampirin barmaqlarının qarnının içində necə yumruqlaşdığını hiss edirdi. Düz düşməninin qanla dolmuş vəhşi göz bəbəklərinə baxaraq əllərindəki bıçaqlardan birini boğazından yapışan ələ batırdı. Vampir o dəqiqə əlini çəkdi. Digər bıçağı isə çənəsinin altından soxub burnunun çəpər sümüyündən çıxartdı. Meleda neçə yüz illik ömründə bu qədər ağrı hiss etməmişdi. O da özünü saxlaya bilməyib var gücüylə qışqırmağa başladı. Nil vampirin özünü ora-bura çırpdığını görüb son gücünü toplayaraq onu binanın pəncərəsinə tərəf itələdi. Vampir pəncərəni sındırıb altıncı mərtəbədən yerə yıxıldı. Amma bu da vampiri öldürməyəcəkdi. Ən qısa zamanda binanın damına çıxmalıydı Nil.
Ağrılar içində axsayaraq pilləkənləri qalxmağa başladı. Kron dəstələri artıq dördüncü mərtəbəni keçmişdilər və sürətlə Nilə yaxınlaşırdılar. Nil birtəhər binanın damına çıxdı. Qarnındakı yaraya görə çox qan itirmişdi. Qulaqlığına toxundu son dəfə.