Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qızılbaşlar: Oyanış», sayfa 4

Yazı tipi:

Deyilənə görə Sol Ölkədə elə bir güc var idi ki, o gücə sahib olan kəs bütün dünyaların hökmdarı ola bilərdi. Qradarius isə bu gücdən istifadə etməyin yollarını bilmirdi. Bəlkə də, gücün nədən ibarət olduğundan da xəbərsiz idi. Sol Ölkəni fəth etmək hər zaman Hazaratın xəyallarında olub. Lakin vampirlərə qarşı müharibə hal-hazırda ağılsızlıq olardı. Sayları vampirlərdən qat-qat çox olsa da, kronlar Xaosun şəxsən özü müdaxilə etməsə, müharibəni tez bir zamanda uduzardılar. Yerodinin vampirlər və kronlar arasındakı soyuqluğun nəticəsini gözləməyi, Hazaratın Qradariusun ölkəsində olan əzəmətli gücə hərisliyi, Qradariusun isə gizli şəkildə olsa da kronlardan asılı vəziyyətdə olması Xaosun müttəfiqləri arasındakı gözəgörünməz boşluqlar idi. Bu boşluqların dərin yarğanlara çevrildiyi vaxtlarda Qızılbaşlar da geri dönmüş və altdan-altdan müharibə mesajları verməyə başlamışdılar.

Hazaratın oğlu Haimid atasının bütün istəklərindən, bütün iddialarından xəbərdar olduğu üçün insanların əfsanəvi döyüşçülərinin belə qəliz dövrdə yenidən ortaya çıxmalarına sevinirdi də. Nəhayət ki, açıq bir hədəf var idi. Qızılbaşlar. Bu döyüş onu qorxutmurdu. Amma Narissa hələ də onun yanına gəlməmiş bir insanın onu necə əzişdirdiyi xəbəri gəlib çatmışdı. Qızılı mərmərdən tikilmiş sarayında bütün günü errasların gözəl qızlarıyla yatağından çıxmayan Haimid, nəhayət ki, kimləsə açıq-açıq döyüşə biləcəkdi. Siyasətsiz, hiyləsiz, danışıqsız, razılıqsız. Ancaq öldürməyin və ölməyin həqiqət olduğu bir döyüş. Ancaq güclünün həyatda qalacağı bir döyüş.

Narissa Haimidin əzəmətli sarayının düz giriş qapılarının önündə yerə endi. Elə bil, göydən böyük bir qaya parçası düşdü yerə. Enən kimi qanadları belinə yığılıb yoxa çıxdı. Qapıçılar heç nə soruşmadan binanın əsas qapılarını açdılar. Narissa qəzəbli şəkildə sürətli addımlarla Haimidin yataq otağına tərəf irəliləyirdi. Böyük mərmər dəhlizlərdəki silahlı kronların ağılsız baxışlarından xəbərlərin ondan əvvəl gəlib-gəlmədiyini anlamaq olmurdu. Sarayın ən yuxarı mərtəbəsində böyük yataq otağı var idi. Otağın hündür və əzəmətli qapısının önündə Haimidin əsas alfa kronu Febulan dayanmışdı.

– Aç qapını, Febulan. Haimidi görməliyəm, – deyə Narissa uzun dəhlizin lap o başından əmr etdi.

– Bağışlayın, şahzadəm. Hökmdarımız heç kimi görmək istəmir, – Fabulan soyuqqanlılıqla cavab verdi.

– Çəkil, kron. Səni də öldürmək istəmirəm, – Narissanın qəzəbli görünüşü çətin ki, Fabulanı qorxudurdu. Lakin Haimidlə Narissa arasındakı münasibətin yaxınlığı bu vampirə dözmək üçün yetərli səbəb idi.

Qırmızı saçlı vampir qız Febualnı kənara itələyib iki əliylə otağın qoşa qapısını araladı. Böyük, bomboş otağın lap axırında hündür bir kürsü var idi. Kürsünün üzərində isə Haimidin yatağı. Yuxarıdan erras qızlarının gülüş səsləri eşidilirdi. Narissanın kürsüyə yaxınlaşan addımları boş zalda əks-səda verirdi. Lap yaxına gəlib bir dizini yerə qoyub şəhər başçısının hüzurunda baş əyən vampir bu hərəkətini hər dəfə təkrarladıqca özündən utanırdı. Amma buna məcbur olduğunu da anlayırdı.

– Hökmdarım! Danışmalıyıq. – Narissa başını yuxarı qaldırmadan yuxarıdakıların eşidəcəyi şəkildə qışqırdı. Lakin qızların gülüş səsi kəsilmədi. Görünür, yuxarıda əməlli-başlı məşğuliyyət var idi.

– Kralımız Haimid çox məşğuldur. – Fabulan vampir qızın yanına gələrək otaqdan çıxması üçün dedi.

Hörmətsizlik, sayılmamaq Narissanın əsəblərini tarıma çəkirdi. Haimidin bu davranışları onu lap bezdirmişdi. Hər şeydən xəbəri olduğu halda özünü elə aparırdı ki, sanki hər şey yağ kimi gedir. Sanki vampirlər kronları, kronlar da vampirləri məhv etmək üçün bəhanə axtarmırlar. Sanki Ximeludakı tarlaların iki ölkə arasındakı körpü rolunun heç bir əhəmiyyəti yoxdur. Son vaxtlarda Orianaya, Naqanazara və nəhayət, Ximeluya olunan Qızılbaş hücumları heç bir təhlükədən xəbər vermirdi. Haimidin bu rahatlığı qızı özündən çıxarır, hər gün bir az daha uzaqlaşdırırdı ərindən.

– HAİMİD! Danışmalıyıq dedim! Qızılbaşlar geri dönüblər! – Narissa elə yüksək qışqırdı ki, yuxarıdakı qızların səsi o dəqiqə kəsildi. Qurbağa gölünə daş atmışdılar. Vampirin səsi parıldayan sarı mərmərli otağın bütün divarlarını bir neçə dəfə dövr edərək əks-səda verdi. Qız yenidən başını aşağı saldı. Haimidin aşağı düşəcəyi bəlliydi.

Narissa bu qədər yüksəklikdən aşağı tullanan Haimidin güclü ayaqlarının yerə necə dəydiyini gördü. Bədəni Narissanın bədənindən də sərt olardı. Açıq-mavi dərisiylə atasına bənzəyən Haimid heç bir şey demədən vampir qıza yaxınlaşıb əliylə onun qırmızı saçlarını sığalladı. Haimidin aşağı endiyini görən kimi Febulan da bir dizini yerə qoyub baş əydi onun qarşısında. Narissa başını yavaş-yavaş qaldırıb ərinin üzünə baxdı. Əynində qırmızı ipək xalatından başqa heç nə yox idi. Haimidin möhtəşəm əzələli bədəni Narissanı hər dəfə ehtiraslandırırdı. Kronlardan zəhləsi getməyinə baxmayaraq Haimidə aşiq olduğunu hamı bilirdi.

– Ayağa qalx, şahzadəm, – deyə Haimid mehriban amma qalın səsiylə əlini qıza uzatdı.

Narissa onun əlindən tutub ayağa qalxdı. Uzun zamandan bəri birlikdə olmurdular. Hətta Haimid arvadının yataq otağını belə sarayın başqa binasına köçürtməyi əmr etmişdi. Özü isə bütün günü burada yaşıl bədənli gözəl erras qızları ilə içib əylənirdi. Digər əlində Ximelu üzümü olan hökmdar Febulana otaqdan çıxması üçün əllə işarə verdi. Febulan o dəqiqə ayağa qalxıb otaqdan çıxarkən qapını arxadan bağladı.

– Çox tələsirsən, Narissa. Hər şey üçün çox tələsirsən, – Haimid sakit səslə danışırdı. – İstirahətdə olduğumu görmürsən? Mənim otağımın qapılarını Febulana rəğmən itəliyib açacaq qədər önəmli nə ola bilər axı?

– Hökmdarım, Qızılbaşlar Marakata hücum elədilər. Bir neçə gün əvvəl edam meydanı tərəfdə bir kron patrulunun başını kəsən əsirimizi də zindandan qaçırtmağı bacardılar. Onu danışdırmağa lap az qalmışdı. Yerlərini öyrənəcəkdik, harada gizləndiklərini, kimlərlə kəşfiyyat apardıqlarını. Hamısını… Hamısını öyrənməyə az qalmışdı, hökmdarım, – Narissa heç kəslə olmadığı qədər həyəcanla danışırdı. Kənardan baxanlar hətta qızın bu nəhəng və solğun rəngli krondan qorxduğunu belə düşünə bilərdilər.

– Gözəl Narissa… Ağıllı Narissa. Axı eyni vaxtda həm bu qədər gözəl, həm də bu qədər ağıllı olmağı necə bacarırsan? – Haimid rahatlıqla qıza ironiya qarışıq kompliment etdi. – Hələ mən gücünü və sadəqətini demirəm. Bu xüsusiyyətlərin hamısı birlikdə heç bir dişidə yoxdur. Buna görə də səndən əl çəkə bilmirəm, – deyə əlindəki üzüm saplağındakı dənələri bir-bir yeyərək otağın bir küncündəki bara tərəf getdi. – Doğurdan elə düşünürsən ki, mənim heç nədən xəbərim yoxdur?

– Hökmdarım, məni bağışlayın, amma qızılbaşlar deyildikləri qədər güclüdürlər. Bir neçəsini yaralaya bildim, amma öldürmək qismət olmadı. – Narissa nə qədər özündən əmin danışsa da, Haimidin şübhəli baxışları dəyişilmirdi.

– Və təbii ki, onları görən səndən başqa heç bir şahid yoxdur, düzdür? – Haimidin şübhəli baxışları, gülümsəməsi və səs tonu bütün həqiqəti bildiyini hayqırırdı.

Narissa sadəcə başını aşağı salmaqla kifayətləndi. Haimidin qəzəbindən az da olsa qorxurdu, amma Qradariusun qızı olmağının da verdiyi bir güvən var idi. Nə qədər ki, iki irq arasında sülh var, kronlar heç vaxt öz ağalarının əmrinə qarşı çıxıb ilk qanı axıtmayacaqdılar. Ona görə də Haimidin ona heç nə etməyəcəyinə, demək olar ki, əmin idi. Hər nə olursa-olsun, Ximelunun başçısı da Narissaya öz xislətlərinə uyğun şəkildə aşiq idi. İnsanların bir-birlərinə aşiq olduqları kimi yox, məhz kronların vampirlərə aşiq ola bilməyəcəkləri kimi. Hər iki irqin liderlərinin övladları bu irqlər arasında sülhü qoruyan yeganə saman çöpü idi. Əgər bu nigah nə vaxtsa pozulacaqdısa, bunun ya əvvəli, ya da sonu qanla nəticələnəcəkdi. Müharibəyə başlamağa hələ ki, heç bir tərəf risk etmirdi. Amma bütün kronların lideri Sol Ölkədəki qeyri-adi gücə qovuşmağı bu dünyadakı hər şeydən daha çox arzulayırdı. Əsrlər əvvəl Xaosun ona bəxş etdiyi qeyri-adi bacarıqlardan dəfələrlə daha böyük bir güc. Hər keçən gün Hazaratın içində bir az da böyüyən bu ehtiras bir gün onun bütün zehnini tamamilə ələ keçirəcəkdi. O zaman bütün alfalara hücum əmri veriləcək və insanlarla müharibəyə başladıqları kimi vampirlərlə də böyük müharibəyə başlayacaqdılar. Ən önəmlisi isə, bu müharibədə cinlərin tutacaqları mövqe idi. Cinlər kimin tərəfində olsaydılar, müharibəni o tərəf qazanacaqdı. Dünyaya ağalıq edən bu üç böyük irq bir şeyi hesaba qatmırdılar. Dördüncü irqi. İnsanları.

– Zindana qədər və zindanda nələrin baş verdiyini çox yaxşı bilirəm. Başqalarının mənə necə yalan danışdıqlarını və bunu hara qədər davam elətdirə biləcəklərini izləməkdən hədsiz zövq alıram, – deyə barın sərin tüstülü soyuducusundan iki şüşə çıxartdı. Biri tünd-göy, digəri isə tünd-qırmızı rəngli içkilər. Göy rənglidən özü üçün süzüb bir qurtum içdi. Qırmızı rəngli içkinin ağzındakı mantarı açar-açmaz içindəki mayeni gümüş bir badəyə süzdü. – Sənin yalanların belə məni ehtiraslandırır. Amma… – üzünü vampir qıza tərəf çevirib əlini ona uzatdı. – Ailə üzvləri arasında yalan olmamalıdır, gözəlim. Mən sənə heç vaxt yalan danışmıram. Əgər bir nəfər insan yalın əlləriylə səni o ki var döyübsə, bunda utanılacaq heç bir şey yoxdur. O insanlar kronları da rahatlıqla öldürə bilirlər. Mən məsələn, buna görə heç utanmıram. Onlar adi insanlar deyillər. Döyüşçüdürlər. Xəbərin olmamış olmaz… Orianada da Meledanı hansısa qızılbaş qız deşik-deşik eləyibmiş. Özünə gəlməyi bir-neçə saat çəkib. Sən yaxşı qurtarmısan, gözəl Narissa. Sənə nə isə olsaydı… – bir az düşündükdən sonra yaxşı bir şey deməli olduğunu anladı. – Sənə nə isə olsaydı, üzülərdim.

– Bağışlayın, hökmdarım, dəyərli vaxtınızı alıram, bilirəm, amma nə isə etməliyik. Nə isə fikirləşməliyik. Şəhərdə nə qədər qaldıqlarını bilmirik də, nələri öyrənib, nələri öyrənmədiklərini də. Əgər tarlalar haqqında kəşfiyyat aparıblarsa, oranı məhv etmək üçün əllərindən gələni edəcəklər, – Narissa narahatlığını və qarşısındakı bu yekəpər krondan qorxduğunu heç cürə gizlədə bilmirdi.

– Sən narahat olma. Hər şey mənim nəzarətim altındadır. Hər şeyi görürəm, eşidirəm, duyuram, anlayıram. Bir mənə bax, – əllərini iki yana açaraq özüylə fəxr edən şöhrətpərəstlər kimi səsindəki istehzanı bir az da qüvvətləndirdi. – Məgər, mən ən mükəmməl kron deyiləm? Məgər, mən Ximelunun, ümumiyyətlə, bütün Dakaraqasın ən ağıllı, ən bacarıqlı, ən güclü və… ən yaraşıqlı kronu deyiləm?

– Eləsiniz, mənim hökmdarım. Siz mükəmməlsiniz, – Narissa onun içkinin təsirindənmi belə danışdığını, ya həqiqətəndəmi özü haqqında bu qədər yüksək fikirdə olduğunu anlaya bilmirdi. Amma bu eqoizm onu lap boğaza yığmışdı. Hələ heç bir döyüşdə Haimidin hünərini görməmişdi, onun gücünün hüdudlarını bilmirdi, amma başçısının özünə bu qədər güvənməyi qızı həm qıcıqlandırır, həm də rahatladırdı.

– Mənə inanmırsan? – Haimid eyni özündənrazı gülümsəməsi ilə dedi.

Narissa heç nə demədən gümüş badəsinə qırmızı rəngli içki süzən Haimidin ona nə deyəcəyini gözləyirdi. Haimid qızın lap yaxınına gəlib onunla üzbəüz dayandı. Hər iki “aşiq” gözlərini bir-birlərinə zilləmişdilər. Narissa gümüş badədəki insan qanının ətrini şüşənin ağzı açıldığı andan hiss etmişdi. Ondan, demək olar ki, iki dəfə hündür və iri olan Haimid badədəki qanı qızın düz qarşısında sinəsindən aşağı tökdü.

– Bilirəm. Çox istəyərdin ki, kronların qanı da insanların qanı kimi dadlı olsun. İsti, şirəli, yapışqan… Onda hər gün neçə kron ovlayacağını təsəvvür belə etmirəm. Səni yığıb-yığışdırmaq olmazdı. Bəlkə də, tarlaların sakinləri dəyişilərdi, düzdür? – Haimid danışdıqca qızın göz bəbəklərinin qırmızısı daha da böyüyür, dişləri alt dodaqlarının yanlarından yavaş-yavaş uzanırdı. Gözlərini ərinin əzələli bədənindən süzülən insan qanından çəkə bilmirdi. İstəmirdi bu içkinin bir damcısı belə yerə tökülsün. – Təəssüflər, gözəl Narissa. Bizi yaradan güc bəşəriyyətin ən ali varlığıdır. Bütün bu müqəddəs tarazlığı hamımızdan daha dəqiq ölçüb-biçərək hazırlayıb. Onun elminə çatmaq mümkünsüzdür. Vampirlərlə kronlar arasındakı qızıl ortanın başlanğıcı bizim qanımızın soyuq və vampirlər üçün zəhərli olmasıdır. Hələlik insan qanı içməyə davam edin siz.

Son sözləri zamanı sinəsindən aşağı tökdüyü qanın bir neçə damcısı ayaqlarından süzülərək yerə dəydi. Narissa quduz itlər kimi xırıldamağa başlamışdı. Özünü nə qədər saxlaya biləcəyindən əmin deyildi. Sinəsi tez-tez qalxıb düşür, hər an Haimidin üzərinə atıla bilərdi. Haimidin məqsədi də qızı ehtiraslandırmaq idi. Gözlərindəki şüurun tamamilə yox olduğunu görəndən sonra xalatının cibindən kiçik bir pult çıxardıb hündürdəki kürsüyə tutdu. Kürsü lift kimi asta-asta aşağı düşməyə başladı. Bu erras qızlarının vaxtlarının bitdiyi anlamına gəlirdi. Haimid indi arvadıyla vaxt keçirtmək istəyirdi. Çılpaq qızlar kürsü lap aşağı enən kimi qaçaraq zalın arxa qapılarından çıxdılar. Haimid xalatını da soyunub yerə atdı. Narissanın qırmızı saçlarından yapışıb gözlərinin içinə baxdı.

– Hələlik insan qanından həzz almağına bax. Gün gələr bir damla qan üçün bütün nəslini qurban verəcək həddə çatarsınız. Mənim bədənimdən iç insan qanını, – Narissa güclü ərinin sözlərindən cəsarətlənərək onun bədənini yalamağa başladı. Sinəsini, ayaqlarını… Qanın dəydiyi hər bir hissəni vəhşi bir ehtirasla iyləyir və yalayırdı.

Haimid kürsüdəki yatağına uzanıb əllərini iki yana açdı. Narissa da onun üzərində oturdu və qanı içməyə davam etdi. Kürsü yenidən zalın tavanına doğru yuxarı qalxdıqca Ximelunun başçısı vəhşi arvadının paltarlarını soyundurub ağappaq bədəninin soyuq hərarətindən daddı.

– İcazə verməyəcəm ki, kimsə məni bu zövqdən məhrum etsin. Haimidin qəzəbini və gücünü bütün insanlığa göstərəcəm.

***

Yerodin yüzlərlə metr hündürlüyü olan ağacların əhatəsindəki sarayında gözlərini bərəldib, qulaqları şəkləyib bir neçə dəqiqə sonra İlaydaya çatacaq çaparının hansı xəbərlər gətirəcəyini gözləyirdi. Ətrafdakı ağacların budaqlarının arxasında qapqara kölgə kimi cinlər gizlənmişdilər. Cinlərin Yerodindən əvvəlki başçısı yox olduqdan bəri səhra və meşə cinləri Saharanın “Qaranlıq Meşələrində” birlikdə yaşayırdılar. Bu meşələr Sağ Dakaraqası Orta Dünyayla birləşdirən Yuxarı və Aşağı Qada körpülərinin arası boyunca qitənin ən sonuna qədər uzanıb gedirdi. Bu iki körpünün şimalda olanı süni şəkildə yaradılsa da, cənubdakı Qada iki ölkə arasında yerləşən Moana dənizinin dərinliklərindən baş qaldırmış sivri qayalıqlı, uçurumlu dağ silsiləsiydi. Körpülərdən keçib Qaranlıq Ölkəyə ayaq basan kimi sıx meşələr adamı öz içinə çəkir və yüzlərlə yırtıcının qənimətinə çevirirdi.

İndiysə meşənin şərq sərhədlərinə yaxın bir yerdə tikilmiş İlaydada dərin bir sükut hökm sürürdü. Sapsarı gözləri olan dumanlı məxluqların səsləri hərdən qulaqbatırıcı dərəcədə cingiltili ola bilirdi. Ölkənin ikinci cini olan Merxas uzun qara əbasına bürünərək Yerodinin taxtına çıxan ağac pilləkənlərin önündə dayanmışdı. Bir neçə dəqiqədən sonra uzaqdan qulaqları normal cinə görə bir az da uzun olan bir nəfər göründü. Xəbər gətirən cin Merxasa yaxınlaşdıqca gəldiyi cığır bir az da qaranlıqlaşır, bir az da daralırdı sanki. Səbəbsə Yerodinin gözəgörünməz cinləri idi. Onlar qaranlıqdakı kölgələr kimiydilər. Nə qədər baxsan da, özləri hərəkət etmədikcə görmək mümkün deyildi. Merxas və Yerodinin şəxsi mühafizəsi sayılan Gözəgörünməzlər cin ordusunda ən güclü döyüşçülər idi.

Uzunqulaq çapar qorxa-qorxa yaxınlaşıb Merxasdan iyirmi metr aralıda dayandı. İki əlini də sinəsinə qoyub vəzirin qarşısında baş əydi. Merxas gözlərini belə qırpmadan heykəl kimi donub ona baxırdı. Çapar baxışlarını yerdən qaldırmadan titrəyən səsiylə gətirdiyi xəbəri dedi.

– Ximeluda Marakatdan bir cinayətkarı qaçırdıblar və Narissanı özündən gedənə qədər döyüblər, – arıq cüssəli qorxaq cin ölkənin vəzirinin qarşısında dayanıb danışsa da, hökmdarları Yerodinin də onları eşitdiyini çox yaxşı bilirdi.

Birdən ayaqlarının altındakı ağac yarpaqlarının arasından qapqara bir dumanın onu əhatəyə aldığını gördü. Bunun yaxşı bir şey olmadığını anlayırdı, amma yerindən tərpənməyə cürəti çatmırdı. Arıq, uzun Merxas isə hələ də sapsarı parıldayan gözlərini bircə dəfə belə qırpmadan ona baxırdı. Qaranlıq duman oğlanın arxasında onunla eyni hündürlüyə qədər yüksəldi və bir cüt qapqara dodaq qorxaq cinin ənsəsindən qulağına yaxınlaşdı.

– Kimlər idi onlar? – bir səs dumanların içindən düz çaparın qulağına fısıldadı. – Görə bildin?

– Xxx… x… X-xeyir, əlahəzrət. Görə bilmədim. Gündüz vaxtı olduğundan ggg… g-gizlənə biləcəyim yerlər az idi… ammm… amma… – çapar kəkələyərək vahiməli səsin sahibinin üzünü görməkdən qorxduğu üçün arxasına çevrilmədən dedi.

– Amma nə? – Dumanların içindəki səs soruşdu.

– Ammm…m-m-mma insanlar olduğunu eşitdimmm-m. Ağ şahzadə Nnn-nn-Narissanı da insan döyüb, əlahəzrət.

– Gedə bilərsən, oğlan. Xidmətlərin üçün minnətdarıq, – fısıldayan dumanlar yenidən torpağın altına girdikdən sonra çapar dar cığırla geri-geri gedərək gözdən itdi. Meşənin bütün qaranlığı sanki bir nöqtəyə toplaşırmışcasına heykəl kimi dayanan Merxasın düz önündə qaranlıq dumanlar vahiməli bir cinə çevrildilər. Yerodinə. Merxas, nəhayət ki, hərəkətə gəlib hökmdarının qarşısında baş əydi.

– Qızılbaşlardır, Merxas. Mən sənə demişdim ki, qayıdacaqlar, – vəziriylə məsləhətləşirmiş kimi görünən Yerodin bir daha fısıldadı.

– Hələ ki, biz qarışmasaq, yaxşıdır, əlahəzrət, – Merxas hökmdarıyla yox, yaxın bir dostuyla danışırmış kimi xırıltılı səslə dedi. – Hər zamankı kimi, güclünün tam bəlli olacağı ana qədər gözləyək. Sonrasa müharibənin taleyini həll edərik.

– Yəni, müharibənin olacağı dəqiqdir? – Yerodin hər zaman vəzirinin ağlına və məsləhətlərinə güvənirdi.

– Kronlarla insanların müharibəsini demirdim, kronlarla vampirlərin müharibəsini nəzərdə tutmuşdum.

– O müharibə əvvəl-axır baş verəcək. Hazarat Sol Ölkədəki yatmış gücün ona xeyir gətirəcəyini düşünür. Amma yanılır… Bu gücə olan hərisliyi onun məhvi ola bilər. Hazarat Qradariusu yox edər, qaranlıq güc də onu. Geriyə ancaq biz qalacayıq, Merxas. Buna görə də, müharibənin başlamaq üçün bizə ehtiyacı ola bilər. Bunların özlərinə qalsa, hələ çox gözləməli olarıq. Qızılbaşların ortalığı bulandırmağı ən çox bizim işimizə yarayar. Ximelunun aqibətinin nə olacağını gözləyək. Görək, kim kimin tarlasını yandıracaq. Daha sonra hərəkətə keçərik… – Yerodin vəzrinin qarşısında sağa-sola gəzişərək şər qüvvələrin hakimiyyətindəki qaranlıq əsrlərin ən hiyləgər tərəfi olduğunu göstərmişdi. Haimidin başqa kronlardan daha ağıllı davranaraq onlarla əlbir olacağına ümidi böyük idi. Qarşısıalınmaz və məğlubedilməz Meledasa çoxdan qoşulmuşdu bu gizli ittifaqa.

IV
Mavi mağaralarda aydınlıq

“Gözlənilmədən parıldayar bir işıq,

Gözləri qamaşdıran.

Qoymaz ümid tükənsin, ümidlər tükənməzlər,

İlk irqdən fərqlidir (O), ilk irqə bənzər”.

Müqəddəs Elaynenin son şeirlərindən.

Bront Ximeluya Solonasın xüsusi tapşırığıyla gəlmişdi. Bu şəhərin vampirlər və kronlar arasındakı əhəmiyyətli rolunu öyrənmək istəyirdi. Həm kronların, həm də vampirlərin şahzadəsi burada yaşayırdı. Onlar bütün təhlükələrdən uzaq, ancaq əyləncə və istirahət olsun deyə burada deyildilər. Nə Hazarat, nə də Qradarius uşaqlarının həyatları üçün canlarından keçməzdilər. Amma hər ikisi də ətraflarındakı adamlarından ən çox güvəndiklərini bir-birləriylə evləndirərək Ximeluya başçı təyin etmişdilər. Haimidin idarəetmədəki üstünlüyü, əlbəttə ki, şərti xarakter daşıyırdı. Amma uzun illər ərzində Haimid Narissanın zəif tərəflərini öyrənərək onu tədricən ələ ala bilmişdi. Buna görə də Narissa hal-hazırda Haimidin yüzlərlə alfasından sadəcə biri idi.

Ximelu Sol Ölkəylə Orta Dakaraqas arasında qızıl orta funksiyasını daşıyırdı. Hər iki ölkənin lideri səbrlə ilk qanın kimlər tərəfindən töküləcəyini gözləyirmiş kimi öz övladlarını yem olaraq istifadə etmişdilər. Atalar bu iki şahzadənin bir-birlərinə bircə gün belə dözə bilməyəcəyini düşünsələr də, şahzadələr möcüzəvi şəkildə bir-birlərinə aşiq olmuş və əsrlər boyunca şəhərin idarəsini stabil şəkildə öz əllərində saxlamışdılar. Amma bu, o demək deyildi ki, atalar haqsız çıxacaqdı. Onların hər ikisi keçmişin qaranlıq günlərinin qalib müdrikləri idilər. Öz iddiaları və güc hərislikləri uğrunda hətta uşaqlarını da qurban verməyə hazır olan müdrik valideynlərin səbr kasasının dolmağına lap az qalmışdı. Bu müharibə əvvəl-axır başlamalıydı. Ya təbii yollarla, ya da süni şəkildə. Yalnız vicdansızlığın və hiyləgərliyin çox olduğu tərəf sonda qələbə qazanacaqdı. Buna görə də Hazarat oğlunun məhz vampirlər tərəfindən öldürülməyini hər şeydən çox arzulayırdı. İnsanlar çoxdan məğlub olmuşdular, cinlərin də heç kəslə əlaqələrinin olmadığını düşünürdü. Sol Ölkədəki möcüzəvi gücü ələ keçirtmək üçün vampirlərin hamısını məhv etməkdən başqa çarə qalmırdı. Haimidin, hətta bütün övladlarının qanı bahasına olsa da, bu müharibənin ən vicdansız yeri Hazaratın buz kimi soyuq qəlbi olmalıydı.

Ümumiyyətlə, hakimiyyətdə olan hər üç irqin heç birində insanların bəzilərində olan vicdan və rəhm duyğusu yox idi. Hərçənd, əsrlər əvvəl insanlar hakimiyyətdə olduğu zaman onların da hökmdarlarında bu hislərdən əsər-əlamət yox idi. Buna baxmayaraq, hal-hazırda dünyada vicdan və rəhm duyğularının mövcud olduğu yeganə yerlər hələ də öz saflığını qorumağı bacaran azsaylı insanların qəlblərinin dərinlikləri idi. Hansi ki, bundan, bəlkə də, heç özlərinin belə xəbərləri yox idi.

Solonas Qızılbaşlar arasında vicdanının təmizliyinə ən çox güvəndiyi adamını – yekəpər, təpəgöz Brontu seçmişdi bu tapşırıq üçün. Bront şəhərin niyə bu qədər qorunduğunu və ölkələr arasındakı strateji əhəmiyyətini öyrənməliydi.

Dakaraqasda heç bir şəhərin adı boş yerə qoyulmamışdı. Əgər şəhər “tanrılar tərəfindən lənətlənmiş” mənasını verirdisə, deməli, burada həqiqətən də dəhşətli hadisələr baş verir. Lakin kənardan baxdıqda bu heç də hiss olunmurdu. Bura əyləncənin və fahişəliyin beşiyiydi. Hamı xoşbəxt, hamı həyatından məmnun görünürdü. Cinayətlər və oğurluq yox səviyyəsində idi. Bəs nəyə görə hər tində dörd-beş kron patrulu dayanırdı? Nəyə görə Orta Dünyada kronların ən çox məskunlaşdığı şəhər bura idi? Haimidi qorumaq üçün? Yox… Hazarat oğlunun təhlükəsizliyi üçün heç də hər şeydən keçə biləcək biri deyildi. Bəs onda səbəb nə idi?

Solonasın da əsas məqsədi bu səbəbi öyrənmək və düşmənin zəif tərəflərini tapıb düz ürəyindən zərbə endirmək idi. Qızılbaşların lideri oğlu kimi gördüyü Brontun qəlbinin təmizliyinə, sadiqliyinə və döyüşçü bacarığına sonsuz güvənsə də, çılğınlığından da ehtiyyat edirdi. Buna görə də komandasının digər üzvü yarı-vampir, yarı-insan olaraq bilinən tək canlını – Lamiyanı əməliyyatın başına qoymuşdu. Bront Qızılbaşlar arasında ən çox Lamiyanın sözünü dinləyirdi. İki döyüşçü arasında başqalarıyla müqayisədə xüsusi bir bağ yaranmışdı. Lamiya Brontun heybətli görünüşünün və ağlasığmaz gücünün altındakı kövrəkliyi və həssaslığı görə bilən tək varlıq idi. Bront əsəbləşəndə də, kövrələndə də, sakitləşəndə də hər zaman eyni simada olur, eyni baxışlarla baxırdı dünyaya. Bu dəyişilməz baxışların nə demək istədiyini isə yalnız Lamiya oxuya bilirdi.

Bu gün səhər yekəpər Bront bir erras ailəsinin evində qonaq olmuşdu. Təbii ki, ev sakinlərini əsir alaraq. Gecə 5-ci döngəylə Edam Meydanının kəsişməsində kron patrullarından birinin başını elə məharətlə kəsib yerə qoymuşdu ki, sanki patrul elə başsız formada yaradılmışdı. Bir neçə saniyənin içində böyük cüssəsinə baxmayaraq bir balaca tappıltı belə salmadan arxadan patrulun ağzını yumub bütün qızılbaşlarda olan gümüş bıçaqla kronun gömgöy başını çiyinlərindən tort parçası kimi ayırmışdı. Hadisədən yalnız bir neçə saat sonra xəbərdar olan digər patrullar alfalarının əmriylə şəhərə qonaq gəlmiş sonuncu insanı həbs etmişdilər. Gənc və fiziki cəhətdən heç də zəif görsənməyən yaraşıqlı oğlan bir aydır ki, bəylər kimi kef çəkdiyi şəhərin qaranlıq zindanlarında döyülərək öldürüləcəkdi. Kron patrulları yaşlı Tarkinsin evindən onu aparmağa gələrkən gənc insan onlara tabe olmamış, ikinci mərtəbənin pəncərəsindən yerə tullanıb qaçmaq istəyərkən belindən elektroşok mərmisiylə vurulmuşdu. Daha sonra isə, demək olar ki, bütün hücrələrinin boş olduğu Marakat həbsxanasına aparılmışdı. Bütün bunları isə Bront gecələdiyi errasların evinin mətbəx pəncərəsindən içində vicdan əzabı yaşayaraq izləmişdi.

Lamiya ilə danışdıqları vaxt danışdıqları məkanda görüşən Brontun baxışında fərqli heç bir düşüncə yox idi. Əlbəttə ki, Lamiyadan başqa qalan hər kəsin nəzərində bu beləydi. Yalnız Lamiya onunla göz-gözə gələn kimi içindəki yanğını hiss etdi. Qulaqlıqla danışdıqları zaman oğlan üçün üzüldüyünü anlamışdı ruhunda vampirlikdən əsər-əlamət olmayan gənc qız. Brontun halına acısa da, hal-hazırda hər şeydən vacib Solonasın onlara tapşırdığı məlumatları öyrənmək idi. Gəminin istirahət otağında yalnız oturan Bront həmişəki kimi soyuq baxışını bir nöqtəyə zilləyib nə isə düşünürdü. Qapının açılmağı və Lamiyanın içəri girməyi belə oğlanın diqqətini gözünün çəkdiyi yoldan ayıra bilmədi.

– Nə isə öyrənə bildin? – Lamiya mehriban səsiylə dostuna sual verdi.

– Öyrəndim. Həm də mənə görə bir insanı əsir tutdular. Gərək, o mundar kronu öldürməzdim. Amma həmin dalandan yeganə çıxış yolum bu idi. Yoxsa məni görəcəkdi. İndisə gənc bir insanı zindana salıb ölənə kimi döyəcəklər yazığı. Hamısı mənə görə oldu, – Brontun səsindəki soyuqqanlı tərz və monotonluq danışdığı düşüncələriylə qətiyyən uyğunlaşmırdı. Bütün sözlərini darta-darta uzadır və astagəl danışırdı. Sanki döyüş zamanı az qala vampirlərdən belə sürətlə hərəkət edən adam o deyildi. Onun dili heç vaxt düşüncələrinin sürətinə çata bilmirdi.

– Heç nə sənə görə deyil, dostum. Otur bir stəkan isti Qalateya çayı iç. Bu səni rahatladacaq, əsəblərini sakitləşdirəcək, – Lamiya kiçik bir mətbəxi xatırladan masanın üzərindəki qədim dövrlərə aid dəmir termosdan dostu üçün bir stəkan çay süzdü. – İç bunu. Vicdanın azacıq da olsa səni rahat buraxacaq. Böyük müharibələrdə hərdən belə olur. Bəzən qurbanlar verməli oluruq, Bront. Bu müharibənin qanunudur. Qələbə ən sonunda Ağ Əfsanədə deyildiyi kimi “parlaqlığın və sevginin olacaq”. Qaranlıq və nifrət məğlub olacaq. Dünyanı nə vaxtsa yenidən bozumtul toz-torpaqlı yox, rəngarəng və yaşıllıqlar içində görmək istəyiriksə, Akananın müqəddəs əfsanəsini unutmamalıyıq. Bu savaşda heç bir irq insanlar qədər bədəl ödəməyəcək. Heç bir irq insanlar qədər qurban verməyəcək. O gənc insanı da Xeyirin qələbəsi yolunda özünü qurban verənlərdən biri kimi hər zaman xatırlayacağıq. Amma onun üçün heç bir şey edə bilmərik, – Lamiyanın səsinin gözəlliyi və səmimiyyəti Brontu əcazkar ətri olan Qalateya çayından belə daha çox rahatladırdı.

– Vaxtında edə biləcəyimiz şeyləri etməyəndə hansısa canlar alınmamalıdır. Bizim qərarlarımız günahsız bir insanın həyatından daha önəmli ola bilməz. Mən bunu heç cürə anlamıram. İnsanlar bütün tarix boyu, onsuz da, yetərincə qurbanlar veriblər, yetərincə əziyyət çəkiblər, iztirablar görüblər. Mənə görə daha bir insan ölsün istəmirəm, Lamiya. Bunun qarşısını ala biləcəyim halda heç bir şey etmədən Mavi mağaralara uçuram. Mən bu deyiləm. Mən belə bir adam deyiləm, – Bront hələ də baş verənlərlə razılaşa bilmirdi.

– Başa düşürəm səni. Müharibəmiz durmadan sevdiklərimizin canını alır. Durmadan itiririk, azalırıq, ölürük, öldürürük… Hərdən mənə də elə gəlir ki, bu müharibə heç vaxt bitməyəcək. Ancaq Solonasın gözlərinə baxanda bütün bədbin fikirlərim yox olur. Onun gözlərindəki inam, ümid məni hər dəfə daha təhlükəli tapşırıqlara gözüyumulu getməyə vadar edir. Əgər Ağ Əfsanəyə zərrə qədər də olsa şübhəm olsaydı, bu dəqiqə gemini geri döndərib o oğlanı qurtarmaq üçün səninlə birlikdə lap Xaosun Cəhənnəminə qədər də gedərdim, – Lamiya dostunun ürəyindəki ağrını sakitləşdirməyin mümkünsüz olduğunu anlayırdı.

– Cəhənnəmə qədər getməyə ehtiyac yoxdur. Geri qayıdıb oğlanı ordan çıxardaq. Bu mənim bir neçə dəqiqəmi alacaq cəmi. Kiçik şatlla gedərik. Marakatın divarlarını uzaqdan skan edərik, əgər oğlan hələ də sağdırsa, mən tək içəri girərəm, onu götürüb divarı dağıdaram, bayıra tullanaram, sənsə məni havada yaxalayarsan. Əgər oğlan skaynerdə görsənməsə, geri dönərik, – Bront dostunun onunla ölümə də gedəcəyini bilirdi.

– Solonas bunu heç bəyənməyəcək. Hər ikimizi də öz dəstəsindən uzaqlaşdıra bilər, – Lamiya artıq razılaşmış kimi görünürdü.

– Heç bir şey o oğlanın həyatından daha vacib deyil. Hər şeyə görə məsuliyyəti mən öz boynuma götürəcəm.

– Yaxşı, inadkar dostum, – deyə Lamiya mehribanlıqla gülümsəyib əlini dostunun çiyninə qoydu. – Sənin qəlbinin gözəlliyi, içindəki sevgi Ağ Əfsanədə qələbə qazanan irqin sevgisinin özüdür. Başqa heç bir irqdə bu cür dəyərlər yoxdur. Məncə, sən insanlığın hələ də var olduğunun sübutusan, Bront.

– Bir məsum insanı öldürmək bütün bəşəriyyəti öldürmək, bir məsum insanı xilas etmək bütün bəşəriyyəti xilas etməkdir. Akana özü belə demişdi mənə. Əgər orada öləcəyiksə, deməli bu bizim qismətimizdir. – Bront soyuqqanlı səsiylə dostunun əllərini iri əllərinə alaraq dedi.

– Sev, döyüş, həyatda qal insanlıq üçün, – deyə Lamiya qızılbaşların sağollaşarkən bir-birlərinə dedikləri şüarı pıçıldadı.

– Sev, döyüş, həyatda qal insanlıq üçün, – Bront da qəlbiylə gülümsəyib cümləni təkrarladı.

Lamiya üç nəfərlik şatllardan birini Ximeluya geri dönmək üçün hazırladı. Bront bütün insanlığın xilası üçün adi bir oğlanın arxasınca getdiyinin fərqində belə deyildi. Onun vicdanı nəinki oğlanı Marakatdakı kronların əlindən qurtaracaq, bəlkə də bütün müharibənin gedişatını deyişəcəkdi. İki dost yenidən Ximeluya tərəf yol alarkən Kleon möcüzənin gerçəkləşəcəyinə zərrə qədər belə ümid bəsləmirdi. Lakin bu baş vermişdi. Bront birdən-birə zindanın hücrəsində peyda olmuş, kronları deşik-deşik edib öldürmüş, Ağ Şahzadəni mərmər kimi möhkəm bədənindəki bütün sümüklərinin qırıq-qırıq olana qədər əzişdirmiş və oğlanı Marakatdan qaçırda bilmişdi.

Qızılbaşların kiçik şatılı Mavi dağların mağaralarındakı qərargahlarına uçarkən Kleon gözlərini bircə dəfə aça bildi. Başının üstündə yekəpər, təkgöz bir insan və ağappaq dərisiylə vampirə bənzəyən sarışın bir qız dayanmışdı. Harada olduğuyla bağlı heç bir fikri olmayan Kleonun sonuncu xatırladığı şey hücrənin dəmir qapısnın partlamağı və içəriyə qapqara dumanın dolmağı idi. Güllə səsləri, deşik-deşik olmuş kronların bədənlərinin uçaraq divarla dəyməyi və vampir qızın böyük qanadları da oğlanın yaddaşında dumanlı şəkildə qalmışdı.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺106,99
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
330 s. 1 illüstrasyon
ISBN:
9789952837155
Telif hakkı:
Автор
Serideki Birinci kitap "Qızılbaşlar"
Serinin tüm kitapları
Metin PDF
Ortalama puan 4,8, 29 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 19 oylamaya göre
Metin
Ortalama puan 4,5, 11 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 2 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 11 oylamaya göre
Metin
Ortalama puan 4,4, 17 oylamaya göre
Metin
Ortalama puan 5, 6 oylamaya göre
Metin
Ortalama puan 4,9, 13 oylamaya göre