Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Xristofor Kolumb», sayfa 2

Yazı tipi:

Xoşbəxt evli̇li̇k

Həyatını dənizə bağlayan gənc genuyalılar limandan limana, ölkədən ölkəyə dolaşır, yalnız yetkin yaşlarında haradasa məskunlaşırdılar. Odur ki Kolumb Lissabonda nüfuzlu Perestrello ailəsindən çıxmış Filipa Monizə rast gəlməsəydi, ola bilsin, Portuqaliyada çox ləngiməzdi.

Las Kasas11 1519-cu ildə görkəmli dəniz səyyahının böyük oğlu Dieqo Kolonla onun valideynləri barədə ətraflı söhbət eləyib. «Admiral zahirən yaraşıqlı, xasiyyətcə isə mehriban adam idi, – Las Kasas yazır. – İnanclı xristian kimi, tez-tez Santuş monastırına gedirdi. Orada rahibə olmağa hazırlaşan bir neçə qız vardı. Kolumb onlardan biri ilə, adlı-sanlı nəsildən olan Filipa Monizlə söhbətləşirdi. Bu tanışlıqdan az sonra Kolumb həmin qızla evləndi».

Dövrün Portuqaliya tarixçiləri öz yerliləri, görkəmli dəniz səyyahının arvadı donya Filipa haqqında xoş sözlər yazırlar. Bununla belə, onlar gənc qızın Kolumba olan duyğularından xəbərsiz idilər. Kolumb qarabuğdayı, qarasaçlı portuqaliyalılardan, yəqin ki, çox fərqlənirdi. Bir çox illərdən sonra Fernando Kolon onu belə təsvir edir: «Admiralın boyu ortaboydan hündür, sifəti uzunsovdu, almacıq sümükləri irəli çıxmışdı. Qartalburundu, bozumtul-göy gözləri, sarı saçları vardı. Ancaq otuz yaşlarında saçları tamam ağarmışdı». Kolumbun məhz bu görkəmi Filipanı yoldan çıxara bilərdi. Ancaq təəccüblü olan, Perestrello ailəsinin gənc qızın seçimini dərhal bəyənməsidir. Güman ki, qızın valideynlərinin gözündə Kolumb hər şeydən əvvəl məşhur, zəngin Genuya şəhərinin nümayəndəsi idi. Və buna görə də onunla qohumluq Perestrello ailəsinin nüfuzuna xələl gətirmirdi.

Kolumb üçün isə həmin nikah taleyin xoşbəxtliyi idi. Çünki heç bir çətinlik çəkmədən Portuqaliya ailəsinə daxil olacaq, ən başlıcası, şahzadə Dənizçi Enrike və onun varislərinin xaricə səfər təşəbbüslərində birbaşa iştirak edən adamlarla qohumluq imkanı qazanacaqdı.

Valideynlərinin çoxsaylı qohumları Madeyra və Lissabonda yüksək vəzifələr tutan Filipanın babası Portuqaliyaya 1385-ci ildə İtaliyanın Pyaçenza şəhərindən köçmüşdü. Atası Bartolomeo Perestrello isə cavanlıqda Dənizçi Enrikenin məiyyətlərindən imiş. 1420-ci ildə şahzadə onu yenicə kəşf edilmiş Porto-Santo adasına göndərdi. Porto-Santo Madeyradan otuz mil uzaqlıqda yerləşirdi və təbiətin özü ona bu mühüm Portuqaliya koloniyasının forpostu rolunu hazırlamışdı. Bartolomeo bir müddət Porto-Santoda qalandan sonra Portuqaliyaya qayıtdı. O, 1425-ci ildə yenidən adaya getmiş, 1446-cı ildə adanın qubernatoru olmuş və 1457-ci ildə vəfat etmişdi.

Bartolomeo iki-üç dəfə evlənmişdi. Ahıl yaşlarında Portuqaliyada kifayət qədər nüfuzu olan Monizlər nəslinin nümayəndəsi donya İzabella ilə son dəfə nikaha girmişdi. Donya İzabella ərinin ölümündən sonra hərdən Porto-Santoya, oradakı iri mülkünə gedirdi. 1473-cü ildə əri ilə eyni ad-soyadı daşıyan oğlu Bartolomeo Perestrello Ponto-Santonun qubernatoru oldu.

Kolumb qaynı II Bartolomeo vasitəsilə portuqaliyalıların Atlantik okeanına gəmi səfərlərinin tarixçəsi barədə müxtəlif sənədlərlə tanışlıq fürsəti əldə etdi. 1476–1477-ci illərdə vəziyyət onu arvadından müvəqqəti ayrılıb uzaq səfərə yola düşməyə məcbur etdi…

Yeni Dünyanı kim kəşf edib

1476-cı il dekabrın 12-də San Visenti burnu yaxınlığındakı döyüşdə zərər görmüş Genuya gəmilərinin dənizçiləri Lissabona gəldi. Kolumbun himayədarı Antonio Neqro da onların arasında idi.

Onlar Portuqaliya paytaxtında ləngimədilər. Elə həmin gün də Genuyadan uzaq səfərə ticarət ekspedisiyası yola düşdü. Bu ekspedisiyada gəmi sahibinin «Çenturione və Neqro» ticarət evi tərəfindən Lissabona göndərilmiş qardaşı Paola Neqro da iştirak edirdi.

Ekspedisiya İngiltərəyə getdi və San Visenti döyüşündən sonra Lissabonda sığınacaq tapmış dənizçiləri də özü ilə götürdü.

Uzaq səfərə çıxanların arasında Kolumb da var idi.

1477-ci ilin qış və yaz fəslində onun harada olduğunu demək çətindir. Bu haqda tarixçilərin və coğrafiyaçıların fikirləri də müxtəlifdir.

Kolumbun özü həmin vaxt İngiltərə və İrlandiyada olduğunu deyirdi.

Bu mübahisənin baiskarı isə yenə Fernando Kolondur. O özünün qələmə aldığı «Admiralın həyatı» kitabında atasının bizə çatmayan «Memuarlar»ından bir parçanı verib. Həmin parçadan atasının Frislandiyaya getdiyi məlum olurdu. İslandiya XVI əsrdə Frislandiya adlanırdı.

Belə çıxır ki, Kolumb İslandiyada olub, donmayan dənizi və nəhəng qabarmaları görüb. Üstəlik, həmin mətndən belə aydın olur ki, şimal qışının sərt vaxtında Kolumb Yan Mayen adasına da gedib. Yan Mayen adası isə Qrenlandiyadan 600, İslandiyadan 500, Norveçdən isə 1000 kilometr məsafədə yerləşirdi.

XX əsrin əvvəllərində amerikalı kolumbşünas Henri Vinyo Fernando Kolonu və onun atasını yalançılıqda günahlandırdı. Nəticədə tarixçilər arasında qızğın müzakirələr başladı. Kolumbşünasların çoxu bu nəticəyə gəldi ki, məşhur səyyah əsla İslandiyada olmayıb, Yan Mayen adasına isə, ümumiyyətlə, gedib çıxmayıb.

Ancaq bir şey şübhəsizdir: bristollu tacirlər XV əsrdə, doğrudan da, İslandiya ilə alver ediblər. Kolumb isə Bristolda 1477-ci ilin fevralında olub. Lakin bu heç də bristolluların Xristoforu özləri ilə İslandiyaya apardığı nəticəsinə gəlmirdi. Onların çətin ki, Genuya «turist»inə ehtiyacları olaydı.

Kanadalı məşhur qütb tədqiqatçısı, etnoqraf və yazıçı Vilyamur Stefansson 1476–1477-ci illərin qışının şimal qütbündə çox yumşaq keçdiyini qeyd edir. Belə qış aylarında yelkənli gəmidə də Yan Mayen en dairəsinə getmək olardı.

Stefansson qeyd edir ki, Kolumbu möhtəşəm İslandiya qabarmaları o qədər heyrətləndirib ki, bu hadisə haqqında təsəvvür yaratmaq üçün onların hündürlüyünü bilərəkdən «şişirdib». Tədqiqatçının arqumentləri maraqlıdır, ancaq Kolumbun İslandiyaya çatdığını, oradan Yan Mayena üzdüyünü yenə dəqiq söyləmək olmur. Stefansson həqiqi araşdırıcı kimi öz ehtimallarında ehtiyatlıdır. Real faktları araşdırır və əsassız gümanlardan qaçır. Ancaq İslandiya ilə bağlı fərziyyənin əksər tərəfdarları bu prinsiplərə məhəl qoymur. Onlar bir şeyi özləri üçün əvvəlcədən qeyd-şərtsiz qəbul ediblər: Kolumb İslandiyada olub, vəssalam!

Bəs bunun səbəbi nədir? Bəzi iddialara görə, Kolumbdan xeyli əvvəl normanlar12 İslandiyanı kəşf etmişdilər. Görkəmli səyyahın da orada olduğunu iddia edənlər bununla belə təssürat yaratmaq istəyirlər ki, Xristofor normanların getdikləri dəniz yolundan xəbərdar idi. Yəni, guya o heç də öz ağlı ilə şimala gedib çıxmamışdı. Bununla da İslandiya ilə bağlı fərziyyənin tərəfdarları görkəmli dəniz səyyahının kəşflərinin əhəmiyyətini azaltmaq məqsədi güdürlər.

Ancaq nə Kolumb, nə də onun şimaldakı müasirləri bütün bu qarşılıqlı əlaqələr barədə heç nə deməyiblər.

1473–1476-cı illər arasında Danimarka kralı I Xristian Qrenlandiyaya ekspedisiya yollayıb. Ekspedisiyanın kapitanları Pininq və Potxorst, baş sükançı isə Yan Skolp olub. Sonuncunu bəziləri danimarkalı, bəziləri norveçli, bəziləri isə polyak kimi təqdim edir.

Bu ekspedisiya haqqında XVI əsrin müxtəlif mənbələrində bəzi məlumatlar qalıb. Həmin müəlliflər Kolumbun adını çəkmirlər. Bunu da qəsdən etmirlər. Onlar olmayan şeydən yazmağa alışmamışdılar. Ancaq sonrakı tədqiqatçılar bunu yaxşı bacarırdılar. XX əsrin 60-cı illərində isə bir norveç dənizçisi qədim və yeni fikirləri bir-birinə qataraq əminliklə bildirirdi ki, Kolumb İslandiyada olub, orada Yan Skolpla görüşüb, Labradora13 necə getməyi ondan öyrənib.

Ancaq İslandiya səfəri nəticəsində Kolumb şimal ölkələrinə aparan yollar barədə belə qiymətli məlumatlar əldə etmişdisə, niyə dörd ekspedisiyanın hamısında Atlantik okeanının qütbə yaxın yox, tropik en dairəsindən keçib? Niyə nə Kolumbun özü, nə də onun ilk bioqrafları Asiyaya dəniz yolunun şimal variantı haqqında susublar? Niyə Kolumb öz qeydlərində Vinland, İslandiya, Qrenlandiya və başqa şimal torpaqlarını yada salmayıb, sadəcə Hindistanın, Çinin bürkülü sahillərindən danışıb?

Şimal dənizçilərinin xidmətlərini kiçiltmək mənasızdır. Onlar Şimali Amerika sahillərinə Kolumbdan, doğrudan da, beş əsr əvvəl çatıblar. Pininq və Potxorst isə Amerikanın qütb sularında məşhur səyyahın ilk ekspedisiyasından əlli il əvvəl üzüb.

Bu kitabın müəllifinin məqsədi nə norman dənizçilərinin və XV əsrdəki Danimarka ekspedisiyasının birinciliyini əsaslandırmaq, nə də hansı yolla olur olsun, Yeni Dünyanı vikinqlərin kəşf etdiyini sübut etməkdir. Çünki məsələ Yeni Dünyanı kimin kəşf etdiyi deyil. Ən vacib olan kimin kəşfindən sonra coğrafi təsəvvürlərdə böyük dəyişikliklərin baş verməsi, kimin kəşfinin Köhnə və Yeni Dünyanı birləşdirməsidir.

Kolumb Hindistana dəniz yolu axtarır

Tarixçilər güman edirlər ki, Kolumb şimal səfərindən qayıdandan sonra Porto-Santo adasında və Madeyrada sakit həyat yaşayıb, Perestrello nəslinin arxivində eşələnib, Portuqaliya dənizçiləri ilə söhbətləşərək Atlantik okeanın sirlərinə vaqif olub. Bundan başqa, təhsilini artırmağa çalışıb.

Kolumb 1504-cü ildə İspaniya kralına yazdığı məktubda etiraf edib ki, kosmoqrafiya, həndəsə və riyaziyyatı yalnız praktik işdə ona lazım olduğu səviyyədə mənimsəyib. O, təbii ki, alim olmayıb. Ancaq dənizçilikdə işinə yarayacaq nə varsa, həvəslə, cidd-cəhdlə, özü etiraf etmişkən «ürəyi əsə-əsə» öyrənib.

X–XII əsrlərdə olduğu kimi, XV əsrdə də Avropada elmi əsərlər əsasən latın dilində yazılırdı. Kolumb qısa müddətdə bu dili də öyrənib. Bu o dövr idi ki, antik mədəniyyət abidələri təzədən dirçəlir, çap maşınları dayanmadan işləyir, qədim filosofların, Roma tarixçilərinin əsərləri, Vergilinin, Horatsinin poemaları, astronomik cədvəllər, uzaq Şərq ölkələrinə səfərlərin təsviri işıq üzü görürdü. Leonardo da Vinçi və Mikelancelo artıq doğulmuşdu, Kopernik həyatda idi, Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri olan Sikstin kapellası artıq ucaldılmışdı.

Kolumb kitablardan çox, müxtəlif sənət sahibləri ilə söhbətlərə üstünlük verirdi. Atlantik okeanından əsən küləklərin döydüyü Porto-Santonun əyri küçələri onun «universitet»i idi. Porto-Santo qəsəbəsi – müqəddəs liman. Onu beş dəqiqəyə dolanmaq olardı.

Kolumb qubernator II Bartolomeo Perestrellonun iqamətgahına tez-tez baş çəkir, qədim sənədləri araşdırırdı. Bundan başqa, balıqçı qayıqlarının yırğalandığı, Lissabondan Madeyraya, Madeyradan Lissabona üzən gəmilərin lövbər saldığı limana tez-tez gedir, dənizçilərlə uzun-uzadı söhbətləşirdi. Kimsə ona San Visenti burnundan 450 liq (2700 kilometr) uzaqda ağacdan düzəldilmiş hansısa qəribə alətlər tapdığını danışırdı. Başqa bir dənizçi Azor adalarının sahillərində güclü qərb küləklərinin gətirdiyi nəhəng şam ağaclarını gördüyündən bəhs edirdi. Fayal adasında zahirən xristianlara oxşamayan və dənizçi olmayan enlisifət adamların meyitlərinə rast gəldiyini söyləyənlər də var idi. Bütün bu söz-söhbətlər Kolumbu dəniz səfərlərinə, macəralar aləminə daha da həvəsləndirmişdi.

Porto-Santo adasında Xristoforun Dieqo adlı oğlu dünyaya gəldi. Həmin vaxt təqvim 1478-ci ili göstərirdi.

Lissabonda əcnəbiləri həvəslə öyrətsələr də, onları uzaq gəmi səfərlərinə göndərməyə tələsmirdilər. Kapitan və sükançı vəzifəsini isə həmin adamlara nadir hallarda etibar edirdilər.

Yeri gəlmişkən, bu adada məxfi dəniz xəritələrinin oğurluğu ölümlə cəzalandırılır, yeni kəşflər gizli saxlanılırdı.

Dənizçi Enrikenin dövründə genuyalılar artıq ən yaxşı sükançılar sayılırdı. Kolumb isə şübhəli əcnəbi hesab olunmurdu. O, gəmiçilikdə ilk addımlarını, yəqin ki, Azor adalarına üzməklə Porto-Santo və Madeyrada atmışdı. Sonra dənizçiliyə dair biliklərini Qvineya ekspedisiyaları zamanı daha da təkmilləşdirmişdi.

Kolumb Qvineyanın San Jorji da Mina limanında olduğunu dəfələrlə deyib. Portuqaliya zadəganı və dənizçisi Dieqo de Azambujanın (1432–1518) təşkil etdiyi bu ekspedisiya gənc kral II Juanın (1481–1495) Afrikaya ilk səfər təşəbbüsü idi. Sonralar San Jorji da Mina qalası «qara materik»in cənubuna doğru sürətlə irəliləyən portuqaliyalıların dayaq bazası oldu.

Kolumb Qvineyaya, çətin ki, Azambuja ilə üzmüş olsun. Bununla belə, Xristoforun ora 1483–1484-cü ildə getdiyi təxmin edilir. Onun Qvineya ekspedisiyalarında hansı sifətlə iştirak etdiyini demək çətindir. Ancaq bu səfərlərin görkəmli səyyahı bir dənizçi kimi püxtələşdirdiyi şübhəsizdir.

***

Ola bilsin, Kolumb Genuya limanına baş çəkərkən hələ dəniz səyahətləri ilə bağlı böyük xəyallar qurmurdu. Lakin portuqaliyalıların Hindistana yeni yollar açdığını təcrübəli dənizçilərdən eşitməmiş olmazdı.

Çenturione ailəsi Avropanın qərbi ilə ticarət eləyirdi. Kastiliya, Portuqaliya, Fransa, İngiltərə limanlarından başlayan yollar bəzən naməlum ərazilərədək uzanırdı. Çenturione, eləcə də Neqro, Spinola, Lomellini kimi məşhur tacirlər sırf işgüzar adamlar idi, onlar yalnız ticarət coğrafiyasını bilirdilər. Digər bilikləri elə də çox deyildi. Buna baxmayaraq Kəlküttə, ya Hörmüzdə istiotun İsgəndəriyyədən on dəfə ucuz olduğundan xəbərdar idilər. Onlar asudə vaxtlarında məşhur italyan səyyahı Marko Polonu (1254–1324) oxumurdular, lakin uzaq Asiyada Çin və Sipanqo14 ölkəsinin mövcudluğunu, başqa Şərq ölkələrinin son dərəcə zəngin sərvətlərə sahib olduğunu bilirdilər. Bu mənada venesiyalı tacirlər fərqlənirdilər; məsələn, Nikkolo Kontinin15 (1395–1469) Malay arxipelaqında, Birma və Siamdakı macəraları barədə qədim Genuyada eşitmişdilər.

Yerin kürə şəklində olduğundan XV əsrdə təkcə coğrafiyaçılar yox, tacirlər də məlumatlı idilər. Avropanın qərbi kimi Çin, Sipanqo, Yava və Hindistanın sahillərini də Dünya Okeanının döydüyündən xəbərləri vardı. Mümkündür ki, qərbdən Hindistana və Çinə necə getmək barədə müzakirələr də aparılırdı.

Genuyada kartoqraflar birliyi fəaliyyət göstərirdi. Onlar 1457-ci ildə dünyanın xəritəsini tərtib etmişdilər. Həmin xəritədə Nikkolo Kontinin uzaq Asiyadakı ölkələr barədə məlumatları və portuqaliyalıların Afrikadakı kəşfləri də yer almışdı.

Kolumb, görünür, öz yerliləri olan kartoqraflarla, əsasən də, dəniz xəritələri çəkən Nikkolo Kaveri ilə tez-tez görüşürdü. Ancaq bu adamların ona necə təsir göstərdiyini demək çətindir.

İtaliya kolumbşünasları görkəmli dənizçini dəfələrlə naşükürlükdə təqsirləndiriblər. Kolumb Hindistana dəniz yolunun kəşfi ilə bağlı hazırladığı layihəni əvvəlcə Portuqaliya kralı II Juana, sonra isə İspaniya kral ailəsinə təklif edib. Ancaq Genuyanı nədənsə unudub. Əgər belədirsə, demək, Kolumbun öz doğma şəhəri ilə əlaqələri elə də möhkəm olmayıb…

Müasir coğrafiya nöqteyi-nəzərindən Kolumbun layihəsi səhv görünə bilər. Ancaq tarixdə hansısa yanlış hesablamanın nəticəsi kimi meydana çıxan icadlar, ixtiralar, kəşflər azdırmı?! Kolumb da öz hesablamalarının səhv olduğunu bilsə idi, çətin ki, Okeana çıxardı. Səhv onu qələbəyə apardı və xəyalına gətirmədiyi torpaqları kəşf etdi.

Qalibləri mühakimə etmirlər. Ancaq XIX–XX əsrin coğrafiyaçıları, tarixçiləri Kolumba qarşı amansız olublar. Əgər tarixin ali məhkəməsi mövcud olsaydı, onda tribunal belə hökm verməli idi: yalnız Xristofor Kolumb yox, onun dövrü də məsuliyyətə cəlb edilməlidir!

Kolumbdan yüz əlli il əvvəl yaşamış Florensiyalı tacir Balduççi Peqolotti dünyanı səyahət edən tacirlər üçün yazdığı vəsaiti ilə bu gün də çoxlarını heyrətləndirir. Kitab «Ticarətin üsulları» adlanırdı. Həmin kitabda Krımdan Kataya (Çin), Konstantinopoldan Təbrizə qədər məsafə günlə ölçülmüşdü. Məsafənin özü isə naməlum qalırdı. Gün – qeyri-müəyyən vahiddir. O, nəqliyyat vasitəsindən asılı olaraq uzana, ya qısala bilər. Məsələn, dəvə ilə bir aya gedilən yolu yüyrək bir atla bir həftəyə qət etmək mümkündür. Məhz bu baxımdan yanaşdıqda XV əsrin məşhur səyyahları Klavixo, Barbaro, Kontarini və Afanasi Nikitinin getdikləri məsafəni dəqiq bilmək mümkün deyil. Onlar diqqətsizlik göstərməyiblər. Bu adamlar, sadəcə, qət edilən yolun dəqiq ölçüsünə ehtiyac duymayıblar.

Antik yunan riyaziyyatçısı, astronomu və filosofu Ptolemeyin (100–170) «Coğrafiya» kitabında məsafə dərəcələrlə ölçülür, bu isə XV əsrin yerşünaslarını qane edirdi.

Antik dövrdən Kolumbun əsrinə qədər elmdə belə güman edilib ki, Avropa sahillərindən qərbə doğru getməklə, Asiyanın şərq qurtaracağına çatmaq olar.

Belə gəmi səfərinin mümkünlüyü barədə vaxtilə Aristotel, Seneka, Strabon və Plutarx fikirlər söyləmişdilər. Ərəb dünyası alimlərinin çoxu, böyük coğrafiyaçılar Məsudi, Biruni, İdrisi də buna inanırdılar.

XIII–XIV əsrin görkəmli alimləri Böyük Albert16 və Rocer Bekon17 Avropa sahillərindən qərbə getməklə Hindistana çatmağın mümkünlüyünə şübhə etmirdilər. Buna inanan başqaları da var idi.

Kolumbun şəxsi kitabxanasında ən qiymətli kitab fransız kardinal Pyer d’Alinin18 «İmago Mundi» – «Dünyanın şəkli» əsəri olub. Kitabın səhifələrində çoxlu qeydlər var. Çox güman ki, Kolumb «İmago Mundi» kitabını 1481-ci ildə əldə edib və ölənə qədər ondan ayrılmayıb.

Pyer d’Ali çox yaşayıb və 1425-ci ildə vəfat edib. O, «İmago Mundi» əsərini həyatının son on ilində qələmə alıb və bu kitabda Yer kürəsinin forması, qütbləri, quru və su sahəsinin ölçüləri haqqında qədim, eləcə də orta əsr müəlliflərinin mülahizələrini bir yerə toplayıb. Kitabda yunan, Roma, ərəb və Qərbi Avropa müəlliflərinin elmi şərhləri geniş yer alıb. Pyer d’Alini faktlar dərindən maraqlandırmırdı. O, sözün əsl mənasında coğrafiyaçı yox, sadəcə, geniş mütaliəsi, dünyagörüşü olan adam idi.

Kolumbun kitabxanasındakı «İmago Mundi» əsərinin səhifələrində 898 qeyd var. Doğrudur, onların hamısı görkəmli dənizçinin əli ilə edilməyib. Kitabdan Bartolomeo Kolumb da istifadə eləyib, onun xətti isə böyük qardaşının xəttinə oxşayırdı.

Ancaq kitabdakı qeydlərin əksəriyyəti Xristofor Kolumba məxsusdur.

Bu qeydlərdən bəzisini nəzərinizə çatdıraq:

«Yer – kürə formasındadır. Yer beş iqlim sahəsinə bölünür. Yer kürəsi üç hissəyə bölünür».

«Quru sahəsi böyük, dəniz ensizdir. Avropanın qərbindən şərqinə qədər məsafə çox deyil».

Bu da Pyer d’Alinin mətni: «Aristotelə və Averroesə19 görə, Şərqdəki yaşayış məskənləri ilə Qərbdəki yaşayış məskənləri bir-birinə kifayət qədər yaxındırlar, onların arasında isə kiçik dəniz var».

Kolumb çox sonralar özünün üçüncü dəniz səfəri barədə İzabella ilə Ferdinanda yazdığı məktubda Aristoteli, Averroesi, «İmago Mundi» əsərinin müəllifini də xatırlayacaqdı.

Yenə Pyer d’Aliyə müraciət edək: «Plini yazır ki, fillərə həm Atlas dağlarında, həm də Hindistanda rast gəlinir… Aristotel bu yerlərin yaxın olduğu fikrindədir».

Bütün bu qeydlər gənc Kolumbun «yaradıcılıq laboratoriyasından» xəbər verir. O öz riskli hesablamalarının nüfuzlu şəxslər tərəfindən təsdiqini axtarırdı.

Pyer d’Ali Şərq möcüzələri barədə heç nə yazmayıb. Kolumb bu haqda məlumatları Marko Polonun «Kitablar» əsərindən əldə edib. XIV–XV əsrdə yaşayan avropalılar üçün venesiyalı səyyahın yazdığı hekayətlər əsl kəşf idi.

Səyyah böyük heyrətlə bildirirdi ki, Yer kürəsi hədsiz dərəcədə böyükdür, burada saysız-hesabsız xalqlar məskunlaşıb, uzaq göylərdə isə İtaliya və Fransa səmalarında olmayan ulduzlar sayrışır.

Polonun kitabı avropalıları var-dövlət, sərvət əldə etməyə həvəsləndirir, xüsusilə Ərəbistanın, Hindistanın ədviyyatları, Çin və Tartariya20 hökmdarlarının xəzinələri bu adamların yuxularını qarışdırırdı.

Kolumb üçün Enea Silvio Piccolomininin21 əsəri də az əhəmiyyət kəsb etmirdi. Enea Silvio «İmago Mundi»nin müəllifindən fərqli olaraq faktlara söykənirdi. Kolumb bu yığcam coğrafi ensiklopediyanı əlində qələm oxuyub, Avropa və Asiyanın çay, dağ, göl, dəniz adlarını kitabın kənarlarında qeyd edib.

Hindistana dəniz yolunun kəşfi ilə bağlı layihə hazırlayarkən Kolumbun istinad etdiyi kitablar əsasən bunlardan ibarət idi. Vur-tut səxavətli mesenat tapıb onun köməyilə xəyallarını həyata keçirmək qalırdı.

Yeddi illik mübarizə

Təbii ki, Portuqaliyada yaşadığından Kolumb öz layihəsini ilk olaraq kral II Juana təklif etdi. Bu, 1483-cü ilin sonunda, ya 1484-cü ilin ilk aylarında baş verdi. Həmin vaxt kral iri torpaq sahiblərinin üsyanını yatırıb qiyamçılarla haqq-hesab kəsməklə məşğul idi. Bununla belə, cənuba doğru genişlənmək Portuqaliya hökmdarı üçün əsas məqsəd idi. Qərb istiqamətinə II Juanın sarayında elə də əhəmiyyət vermirdilər. Lakin fakt budur ki, kral Kolumbun təklifini rədd etdi. Ola bilsin ki, bunun səbəbi Xristoforun gələcək kəşflər müqabilində özü üçün çox şey istəməsi idi. O, kraldan Dünya Okeanının baş Admiral və zadəgan adını, yeni kəşf edilən torpaqların vitse-kral vəzifəsini, həmçinin bu ərazilərdən gələcək gəlirin ondabirini tələb etmişdi.

Bu cür tələblər kral II Juanın xoşuna gəlməyə bilərdi. Portuqaliya monarxları torpaq kəşf edənlərin başından pul tökməyə öyrəşməmişdilər. Dənizçilər, adətən, öz hesablarına üzür, uğur qazananda isə həmin torpaqların qubernatoru olub gələn qazancdan pay alırdılar. Üstəlik, II Juan heç vaxt tələsik qərar qəbul etmirdi. Odur ki Kolumbun təkliflərini görkəmli astronom və riyaziyyatçıların olduğu Lissabon akademiyasına göndərdi. Burada layihə ekspertizadan keçirildi və təkliflərin kifayət qədər əsaslandırılmadığı deyilərək rədd edildi.

Elə bu vaxt Kolumba ağır itki üz verdi. Arvadı Filipa Moniz vəfat etdi. Üstəlik, maddi vəziyyəti də hədsiz pisləşdi. Filipanın vəfatı nəticəsində Kolumbun Perestrello ailəsi ilə də əlaqələri qırıldı.

Görkəmli səyyah 1485-ci ilin yayında Portuqaliyanı tərk edib Kastiliyaya getmək qərarına gəldi.

Fernando Kolon və Las Kasasın yazdıqlarına görə, Kolumb Portuqaliyanı gizlincə tərk edib. Qorxub ki, kral II Juan onu öz yanında saxlayıb layihənin bütün incəliklərini öyrənsin və əldə etdiyi məlumatlardan Portuqaliya taxt-tacının xeyrinə istifadə etsin.

Bir çox müasir kolumbşünaslar kralın səyyahı ciddi nəzarət altında saxladığına inanırlar. Ancaq II Juanın bunda məqsədi tamamilə başqa idi. Kral ehtiyatlanırdı ki, Kolumb Portuqaliyanı tərk etdikdən sonra Qvineya sirlərini, Afrikanın cənub-qərbi ilə bağlı məlumatları başqa ölkəyə ötürər. Belə sirlər çox ciddi qorunurdu. Bir dəfə II Juan ölkədən qaçıb Sevilyada gizlənən iki portuqaliyalının ölümünə fərman vermişdi. Çünki onlar yeni Qvineyaya gedən yolu bilirdilər.

Ancaq Kolumba dəyib-toxunan olmadı. Kral onunla məktublaşmağa davam etdi və sonralar yenidən Lissabona gəlməyinə icazə verdi.

Kolumbun Portuqaliyanı tərk etməkdə məqsədi II Juanın rədd etdiyi layihə ilə qonşu ölkələrin krallarını tanış etmək olub. Eyni zamanda adlarını bir də yalnız ölüm yatağında xatırladığı lissabonlu kreditorlardan yaxasını qurtarmaq istəyirdi.

Kolumb yeddiyaşlı oğlu Dieqonu özü ilə götürüb kral VII Henrixi layihə ilə maraqlandırmaq üçün İngiltərəyə yollanmaq qərarına gəldi. Bununla da görkəmli dəniz səyyahının həyatında çox vacib bir mərhələ sona çatdı.

Portuqaliyada yaşadığı doqquz il Kolumba çox şey verdi: o, təcrübəli dənizçiyə çevrildi və yeni torpaqların kəşfi ilə bağlı layihənin müəllifi oldu.

Xristofor Portuqaliyanı tərk etdikdən sonra İspaniyaya yola düşdü. Yanında oğlu Dieqo da var idi. Yolda Palosdan üç mil cənubda ucalan ağ monastırla qarşılaşdı. Hava isti olduğundan balaca Dieqo monastırda bir neçə saat dincəlmək istədi. Həmin andan ağ monastır Kolumbun həyatına daxil oldu. Bu səbəbdən də ona xüsusi diqqət yetirməyə dəyər.

Rabida monastırına qışda, yayda yüzlərlə zəvvar gəlirdi və onları mehribanlıqla qarşılayırdılar. Kolumb İngiltərəyə rahat getmək üçün öz oğlunu müvəqqəti olaraq burada qoymaq istədi. Sonradan baldızı ilə onun arxasınca gələcəkdi. Dieqonu monastıra yerləşdirmək üçün məbədin başçısı Antonio de Marçenanın razılığı lazım idi. Kolumb hətta ən yaxın dostlarına belə ürəyini nadir hallarda açırdı. Ancaq o, monastır başçısına çox tez isinişdi. Bunun da səbəbi var idi. Bu kiçik monastırın başçısı oxumuş, elmli adam idi, astronomiya və kosmoqrafiyadan başı çıxırdı. Bir sözlə, Kolumbun onunla söhbəti tutdu. De Marçena səyyahın hazırladığı layihə ilə tanış oldu və heyran qaldı. Qonağına məsləhət gördü ki, dərhal saraya getsin. Hətta Kastiliya kralına və kraliçasına təqdim etmək üçün Kolumba zəmanət məktubu verdi.

Rabida monastırının başçısı ilə görüş Kolumda çox xoş təəssüratlar yaratdı. O, çox sonralar İzabella və Ferdinanda məktubunda yazırdı: «Tanrıdan savayı yalnız Antonio de Marçenadan kömək görmüşəm. Bu adamdan başqa hamı mənə istehza eləyirdi».

Şübhəsiz ki, Kolumb kimi həssas adam üçün Antonio de Marçena ilə görüş böyük əhəmiyyət kəsb edib. Lissabonda II Juandan aldığı rədd cavabı, arvadının ölümü, Kastiliyaya məcburən köçməyi – bütün bunlar ağır yük kimi onu sıxırdı. Onun xoş sözə, mənəvi köməyə ehtiyacı var idi.

Rabidada təsadüfi görüş Kolumbun sonrakı taleyini müəyyənləşdirdi. Bu görüş onun kral sarayına yolunu açdı, odur ki Rabida ilə əlaqələrini heç vaxt kəsmədi. Elə ağ monastır da sonralar böyük layihə müəllifindən köməyini əsirgəmədi.

De Marçena ilə görüşdən həvəslənən Kolumb Kordovaya22 yola düşdü. Kastiliya kraliçası I İzabella və kral I Ferdinandın sarayı müvəqqəti olaraq orada yerləşirdi.

Həmin vaxt – 1485-ci ilin yayında I İzabella artıq on bir il idi Kastiliyanı idarə eləyirdi. O, on altı il idi ki, Araqon kralı Ferdinandla evli idi. Ferdinandın atası II Xuanın vəfatından sonra Kastiliya və Araqon ittifaq qurmuş, bununla da Kastiliya-Araqon dövləti yaranmışdı. Ölkədaxili sabitlik və qayda-qanun yaratmaq, daxili və xarici düşmənləri zərərsizləşdirmək üçün kral ilə kraliça Ferdinand fasiləsiz olaraq öz ölkələrini gəzirdilər. Onların sarayı qaraçı köçünə dönmüşdü. Arxalarınca isə Kral şurası və dəftərxananın böyükləri gedirdi. Köç bir yerdə iki-üç gündən artıq dayanmadığından, sənədlərin daşındığı sandıqların ağzını açmamağa üstünlük verilir, ən adi işin belə həlli illərlə uzanırdı.

Nəticədə kral cütlüyünün arxasınca Kolumb bütün İspaniyanı dolaşası oldu.

1485-ci ilin payızında kral köçü Kordovada dayandı.

Las Kasas güman edir ki, layihənin müəllifi nüfuzlu şəxslərin etibarını qazanaraq kralla kraliçanın qəbuluna dərhal düşə bilmişdi. Bunda Rabidə monastırı başçısının verdiyi zəmanət kağızının rolu da danılmazdır. De Marçena həmin məktubu vermişdi ki, Kolumb onu kraliçanın müşaviri Ernando de Talaveraya çatdırsın. Talavera Salamankada ilahiyyat təhsili almışdı və Prado kəndində monastırın başçısı olmuşdu. Həmin vaxtlar monastıra tez-tez baş çəkən İzabella sonradan onu məsləhətçi vəzifəsinə götürmüşdü.

Talavera Kolumbun layihəsi ilə tanış olduqdan sonra dövlət maraqlarından çıxış etdi: layihəyə soyuq yanaşdı. Çünki onun uğur gətirəcəyinə şübhə ilə yanaşırdı. Üstəlik, hesab edirdi ki, Qranada ilə müharibə getdiyi bir vaxtda xarici ekspedisiyalara ehtiyac yoxdur.

Lakin onu da demək lazımdır ki, sarayda Talavera olmasa, Kolumb kral cütlüyünün qəbuluna belə tez (beşinci ayda) düşə bilməzdi.

1486-cı il yanvarın 20-də İzabella və Ferdinandla görüşən görkəmli dənizçi gəmi səfərinə çıxacağı marşrutu cızdığı dünya xəritəsini onlara göstərdi. Lakin kral və kraliça da Kolumbun layihəsinə şübhə ilə yanaşdılar.

Dieqo Kolonun xahişi ilə Andres Karral adında birinin 1512-ci ildə məhkəmə zamanı verdiyi çox maraqlı ifadəsi var. Kolon həmin vaxt atasının mirası ilə bağlı Kastiliya krallığına məhkəmə davası açmışdı. Həmin ifadəyə görə, ətrafındakılar krala məsləhət görüblər ki, Admirala inanmasın. Onda Admiral xahiş edib ki, kral layihə ilə bağlı yekun fikir bildirməyi etibar etdiyi adama tapşırsın. Ferdinand razılaşır və bunu müqəddəs Fransisko ordeninin bir rahibinə həvalə edir. Həmin rahib sonradan alihəzrətə deyir ki, Admiralın layihəsinə güvənmək olar.

Ekspert qismində rəy bildirən bu şəxs Antonio de Marçena idi!

1486-cı il fevralın 24-də Marçena kral cütlüyünün qəbuluna gəldi. Onları Kolumbun layihəsini qiymətləndirmək üçün xüsusi komissiya yaratmağa inandırdı. Ardınca isə təklif etdi ki, dostu Ernando de Talavera komissiyanın rəhbəri təyin olunsun.

Bundan sonra kral və kraliça xüsusi komissiyanın yaradılmasını tapşırdılar. Komissiyaya astroloqlar və dənizçilər daxil edildi. Talaveranın köməkçisi isə hüquqşünas və diplomat Rodriqo de Maldonado oldu.

De Maldonado 1479–1480-ci illərdə Kastiliya ilə Portuqaliya arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı çox mürəkkəb danışıqlarda iştirak etmişdi. Tərəflər iki ölkənin hüdudlarını orijinal tərzdə bölmüşdülər. Xəritədə üfüqi xətt çəkilmişdi. Həmin xətt Kanar adalarının cənubundan keçirdi. Bütün okean və xətdən cənubdakı torpaqlar Portuqaliyanın, Kanar adaları və Okeanın şimaldakı hissəsi Kastiliyanın idi.

Maldonado narahat idi ki, Kolumbun layihəsi iki ölkə arasındakı bu razılığı poza bilər.

1486-cı ilin payızınadək Talaveranın rəhbəri olduğu komissiya dəfələrlə toplaşdı və Kolumbun layihəsini qızğın şəkildə müzakirə etdi. Lakin son qərar verilmədi.

1487-ci ildə Kastiliya qoşunu Qranada əmirliyinin ikinci böyük şəhəri Malaqanı bir neçə aylıq mühasirədən sonra ələ keçirdi. Bu qələbəyə hədsiz sevinən kral cütlüyü Kolumbu Kordovadakı iqamətgahlarına çağırdı. Həmin görüş Kolumbun ümidlərini doğrultmadı. Kral cütlüyü görkəmli dənizçiyə layihəni maliyyələşdirməklə bağlı qəti cavab vermədi. Lakin həmin il oktyabrın 15-də əlahəzrətin əmri ilə xəzinədən Kolumba pul ayrıldı.

Elə həmin vaxt Xristofor Kordovada Beatris Enrikes de Arana ilə tanış oldu. Qızın onda on doqquz-iyirmi yaşı olardı.

Kolumb ilə Beatris birgə yaşamağa başladılar. Bir müddət sonra, 1488-ci ilin avqustunda isə oğulları Fernando dünyaya gəldi.

Kolumb Beatrislə nikah bağlamayıb, bu da görkəmli dəniz səyyahının bir çox bioqrafını son dərəcə heyrətləndirir.

Sonradan vəziyyət Kolumbu öz sevgilisini və yeni doğulan körpəni tərk etməyə məcbur etdi. Ancaq o, Beatrisi unutmadı, üstəlik, böyük oğlu Dieqoya tapşırdı ki, tez-tez onları yoluxsun.

Dieqo atasının iradəsini yerinə yetirdi. Lakin gələcəkdə Beatrisdən olan oğlu Fernando bir dəfə belə Kolumbu xatırlamayacaq, hətta öz məzar kitabəsində atasının adını yazdırmağı «unudacaqdı».

Fernandonu bağışlamaq çətindir, ancaq onu başa düşmək olar. O, Kolumbun qeyri-qanuni oğlu hesab edilirdi, ata mirasına haqqı çatmırdı. Kastiliya qanunları ailənin kiçik uşaqlarına, üstəlik, qeyri-qanuni oğullara qarşı amansız idi. Yalnız böyük oğullar atanın varisi ola bilərdilər.

Kolumbun isə həyatında payız sevgisi dərin iz qoyub. Şübhəsiz ki, Beatris yüksək mənəviyyata sahib idi. Məhz buna görə taleyin üz döndərdiyi Kolumbu ağır günlər yaşadığı bir vaxtda sevib, ondan heç zaman maddi olaraq heç nə tələb etməyib. Gənc qadına, əsasən, doğmaları kömək edib, ona qayğı göstəriblər. Nikahsız olduğu halda dünyaya uşaq gətirdiyi üçün yaranan qeybətlərə, dedi-qodulara mətanətlə sinə gərib. Bu dedi-qodular, qeybətlər tədricən öləziyib, çünki Kordovada adət-ənənələr Kastiliyanın şimalı ilə müqayisədə bir o qədər də sərt deyildi. Burada təsadüfi əlaqələr kəskin qınaq obyektinə çevrilmirdi.

11.Las Kasas (1484–1566) – ispaniyalı keşiş və Yeni Dünyanın tarixçisi. İnsan haqları uğrunda ilk mübarizə aparanlardan biri sayılır.
12.Normanlar – 912-ci ildən Normandiyada (Şimali Fransada coğrafi bölgə) yaşayan frank və vikinq qarışığı olan xalq
13.Labrador – Şimali Amerikada yarımada
14.Sipanqo – indiki Yaponiya ərazisinə daxil olan adalar qrupu
15.Nikkolo Konti (1395–1469) – venesiyalı tacir və səyyah
16.Böyük Albert (1200–1280) – alman filosofu, ilahiyyatçı
17.Rocer Bekon (1214–1292) – ingilis filosofu, təbiətşünas
18.Pyer d’Ali (1350–1425) – fransız filosofu, ilahiyyatçı
19.Averroes (1126–1198) – əndəlüslü ərəb filosofu və təbibi İbn Rüşd
20.Tartariya – qərbdə Xəzər dənizi ilə Ural dağları, şərqə Sakit okean arasında yerləşən tarixi bölgə. Coğrafi ifadə olaraq XIII əsrdən XIX əsrədək işlədilib.
21.II Piy (1405–1464) – Roma papası
22.Kordova – İspaniyanın cənubunda, Əndəlüs tarixi vilayətində şəhər

Ücretsiz ön izlemeyi tamamladınız.

₺58,05

Türler ve etiketler

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
1 s. 3 illüstrasyon
ISBN:
9789952244670
Telif hakkı:
Altun Kitab
Metin
Ortalama puan 4,5, 4 oylamaya göre
Metin
Ortalama puan 4,8, 5 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 3 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,5, 13 oylamaya göre
Metin
Ortalama puan 4,8, 12 oylamaya göre
Ses
Ortalama puan 4,3, 7 oylamaya göre
Metin
Ortalama puan 5, 5 oylamaya göre
Metin
Ortalama puan 4,5, 8 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 3,8, 4 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre