Kitabı oku: «Quşların intiharına ağlamayın», sayfa 2
İki gün idi ki, Qaraqızın ürəyi bacısının söhbətlərindən yara olmuşdu. O, elə hey xatirələri “qurdalayır”, elə günlərdən, elə anlardan söz salırdı ki, sakit dinləmək olmurdu.
– Ay bacı, belə şeyləri nöş yadına salırsan axı? Yaxşı şeylərdən danış, sən Allah…
– Sözümü kəsmə… De görüm, yadındadı?
Qaraqız bacısının inadkarlığını bilirdi, ona görə sakitcə köksünü ötürüb:
– Yox, – dedi, – onda çox balacaydım… Amma bilirəm ki, dədəmiz səksən ikidə ölüb…
Minaxanım gözlərini yumub bir qədər eləcə qaldı, sonra dərindən bir ah çəkdi, kipriklərini bərk-bərk bir-birinə sıxdı, gözünün suyu süzüldü. Ardınca da elə bil deyəcəklərini örtülü göz qapaqlarının arxasından söz-söz oxuyub pıçıldamağa başladı:
– Səksən ikidə yox… səksən birdə… Hə, dəqiq bilirəm, səksən birin yazıydı, səksən birin… Alça ağacımız təzəcə gülləmişdi. Hava istiydi. Həyətdə köhnə çarpayımıza uzatmışdılar onu. Özü belə istəmişdi. Yəqin evdə ürəyi darıxırdı. Off… bacı… İndi bilirəm yazıq dədəmiz nə çəkirmiş. Yanında anamızdan, bir də dostu Bədəl əmidən başqa heç kim yoxuydu. Ana qayıtdı ki, “a Mirzə, gözünü yuxarı nə çox zilləyirsən, yəqin oralarda dinclikdi, hə? Yəqin oralarda hər şey ürəyincədi, hə?” Bilirdin də ana rəhmətliyin solaxay suallar verməyini… Yeri gəldi-gəlmədi, tutuzdururdu elə haa… “Yox… – dedi rəhmətlik dədə, – yox, Pakizə… Orda nə əmin-amanlıq ola bilər axı?…” Gözünün yaşını örpəyinin ətəyinə silə-silə, dünyadan bixəbər, avam anamız soruşdu: “Niyə?” Hə, Qaraca, sən də durmuşdun alça ağacımızın altında, tayqıç kuklanı oynada-oynada yenə baş barmağını sorurdun həmişəki kimi, hə, lap gözümün qabağındadı, çox balacaydın onda, çox balaca… dörd yaşın vardı, səni hamımız çox istəyirdik, hamımız…
Minaxanımın gözündən bir cüt yaş gilələnib üzünün qırışıyla aşağı süzüldü, Qaraqız yaylıqla quruladı. O isə udqunaraq sözünə davam elədi:
– Hə, anamız rəhmətlik soruşdu ki, “niyə, a Mirzə?” Atamız behiştlik gülümsədi. Bu onun sonuncu dəfə gülümsəməsiydi, indiyəcən gözümün qabağındadı, ona görə sonuncu dəfə deyirəm ki, elə həmin axşam öldü… Hə, dədəmiz işığı öləzimiş gözlərini dostu Bədəl əmiyə çevirib güclə eşidiləcək o xırıltılı səsiylə: “Bu nə danışır, a Bədəl, – dedi, – göyün üzündə haçan əmin-amanlıq olub axı, hə? Ora yerdən də dolaşıq xarabadı, elə deyil, sən Allah?…” Bir xeyli udqundu, udqundu, axı yazıq dədəmizin boğazındaydı o adıbatmış. Keşkə elə mənim də boğazımda olaydı, başımda olaydı, amma qanımda yox… Qaraca, keşkə, tez aparaydı məni bu çərdəymiş… Sənə də sitəm eləməyəydim bu qədər…
Qaraqız bacısının getdikcə daha da soyuyan əlini ovcunda yüngülcə sıxıb-silkələdi, etirazını sanki bununla bildirdi: yəni ki, “bəsdi, bacılı, bəsdi, sənə canım qurban, borcumdu qulluğunda durmaq…”
Minaxanımın ağ qanı qırmızı qanını yeyirdi. Bir gün öncə evə çağırdığı tanış həkim də Qaraqıza xısınlamışdı ki, dava-dərmanın artıq əhəmiyyəti yoxdu, nə yaşasa qənimət bilin.
Xəstəlik tapandan üzü bu yana həkimlərə, müalicəyə, həm də dolanışığına çəkilən bütün xərclərini Qaraqız ödəyirdi. Ondan başqa kim ödəyəcəkdi ki? İndi “keşkə, tez aparaydı məni bu çərdəymiş… sənə də sitəm eləməyəydim” deyəndə, xəstə bacısı həmin şeylərə işarə vururdu.
Minaxanım sözünə davam elədi:
– …hə, dədəmiz sonra dedi: “Bax, Pakizə, göyün üzü çox dolaşıqdı, çox… Fikir versən görərsən ki, orda həmişə ley qaranquşdan qorxur, qaranquş sərçədən qorxur, sərçə də leydən… Heç ordan baş açmaq olur ki? Orda da hər şey dolaş-bulaşdı… orda dinclik nə gəzir, Pakizə, rahatlıq hardadı, a zalım qızı?.. Baxıram daa, nə bilim niyə baxıram… Bəlkə elə bilirsən mən qarışqayam, hə? Qarışqa kimi, ölümqabağı qanad çıxardıb uçub gedəcəm göyün üzünə, hə?” Hə, ölümündən bir neçə saat qabaq belə demişdi dədəmiz… İndi bilirsən niyə yadıma saldım bunu? Hardan biləsən axı… Ona görə ki, bacı… mən indi göyə olmasa da, səhər-axşam bu evin içində tavana, divarlara baxıram, amma niyə baxdığımı, vallah, anlaya bilmirəm, dədəmiz demişkən, baxıram daa, nə bilim niyə baxıram… Hərçənd qapı-pəncərəmiz divarlarımıza, divarlarımız tavanımıza, tavanımız döşəməmizə yaraşır… Lap Ələddin mənə yaraşan kimi… yaraşır, vallah… Bu sözləri dilinə gətirincə Minaxanımın gözlərindən yenə iki damla iri göz yaşı qumsallıq rənginə çalan yanaqlarına süzüldü, Qaraqız yaylıqla silənə qədər, elə bil, orayaca hopdu.
Ələddin Minaxanımın yaralı yeriydi… O, indi can üstə olan bu nakamın, bu bədbəxtin Qarabağ döyüşləri təzə başlayanda könüllü cəbhəyə gedib orada itkin düşmüş, hələ də öldüsü-qaldısı bilinməyən nişanlısıydı. Ələddindən Minaxanıma qalan bu günə kimi heç vaxt barmağından çıxarmadığı bir nişan üzüyü, bir də məktəb illərində yazdığı xatirə dəftəriydi ki, onu da zavallı qadın nakam sevgilisindən yadigar olaraq əzizləyə-əzizləyə ölüm yatağınacan göz-bəbəyi kimi qorumuşdu.
O, udqunub sözünə davam elədi:
– Niyə də yaraşmasın axı?.. Sən də hamısına yaraşırsan, hamısına, bacı… Ev-eşik sənə yaraşır, sən də ev-eşiyə… Heç nədən qorxma… Qorxma, bacı qurban… Lap məni ölmüş də görsən, yenə qorxma… Lap tavandan Ələddin əlini uzadıb məni aparsa da qorxma… Burda hər şey sənə qahmardı… Bircə mən qəribəm, mən qərib… Mən heç nəyə, heç kimə yaraşmıram çünki… Məni özünə yaraşdıran, yanına aparır day… Tufanım əsəndə bildim bunu… Sən bildin də… babamızın tufanı əsdi, özü də necə… Elə əsdi ki, Qara, gül deyilən şey qalmadı dərədə… Amma yol o qədər uzundu, o qədər uzundu, qurtarmaq bilmir eey, bilmir… Off… Qaraca… Getmədin… getmədin Coşquna… getmədin o cür oğlana, özünü bədbəxt elədin… Yazıq Coşu dəliydi səndən ötrü, yaxın qoymadın özünə… Gedib çıxdın Bakıya, sevindim ki, day özünə bir arxa-dayaq tapıb öylənərsən. Etmədin, eləmədin, tapmadın… Axırı da ki, belə…
Coşu dediyi qonşu Məhbubənin oğlu Coşqun idi. Bir dəfə hələ on beş, on altı yaşları olanda, anası Qaraqızı axşam çağı onlara qulluğa göndərdi, bu vaxt işıqlar qəfildən söndü. Özündən dörd-beş yaş böyük, əsgərlikdən təzəcə gəlmiş Coşqun onu ötürməyə çıxdı, zülmət qaranlıqda qəfil qucaqlayıb dodaqlarından necə öpdüsə, necə sordusa, Qaraqız bu təmasdan düz bir həftə beşik kimi yırğalandı. Amma sonra Coşqun min oyundan çıxsa da, neyləsə də Qaraqızın ondan xoşu gəlmədi, nə qədər dalınca düşsə də “hə” demədi. Ümumiyyətlə, Canpoladdan, Yolçudan sonra Qaraqızda oğlanlara qarşı özündən ixtiyarsız dəhşətli bir nifrət hissi formalaşmışdı, qorxurdu, özünü hədsiz dərəcədə aciz sayırdı, heç kimi yaxınına buraxmaq istəmirdi. Vaxt başı hər şeyi anlayandan sonra, içində bircə dərd gəzdirirdi: “Hamısı əclafdı, hamısı… Getmək… buralardan cəhənnəm olub getmək… Canpoladın, Yolçunun onu görəndə qımışan murdar sifətlərini bir daha görməmək…” Coşu barədə Minaxanım hər dəfə soruşanda, “ürəyimə yatmır bacı, yatmır, Aşur baba haqqı. Onunku yalançı istəkdi…” deyib dad döyürdü, özündən asılı deyildi, Coşqun olmur, kim olur olsun, hamıdan – bütün oğlanlardan uzaq olmağa çalışırdı. Elə qızlardan da. Hə, qızlardan da qaçırdı. Özü də bilmirdi niyə. Bəlkə də yalqızlığa çəkilib oxuyub-yazmasının, mütaliə etməsinin özəyində də elə bu adama yovuşmazlığı dururdu.
Minaxanımın nədənsə indi haqqında söhbət açmadığı, unutduğu bir Müslüm də vardı hələ. O, yaxınlıqdakı dağ kəndindən olan bir yük maşını sürücüsüydü, yekəpər bir oğlan idi. Onu Qaraqız xatırlamaq belə istəmirdi. Qapılarına bir-iki dəfə elçi göndərmişdi, Qaraqızın da müəllimə işləyən vaxtlarıydı. Bir bəhanə tapıb: “İstəmirəm. Savadsızdı, həm də kifirdi…” demişdi. O da bunu eşidincə, acığa düşüb, bir daha adını tutmamışdı. Əslində, Qaraqızın imtina etməsinə səbəb bu cür bəhanələr deyildi. Səbəb içində çiliklənmiş, ruhunu doğram-doğram eləyən qürur hissiydi, sözsüz. Müslümdən sonra, ümumiyyətlə qapılarına elçi deyilən şey gəlməmişdi… Yəqin ki, bu məsələdə Canpoladın, Yolçunun da rolu olmuşdu, çünki rayon yeridi, ola bilməz ki, elədikləri o murdar əməllər haqda hardasa söz salıb “kişi-kişi” qürrələnməsinlər. Söz də ki, çıxdı, rayon yerində, Allah eləməsin, ildırım sürətiylə yayılır mütləq – lap Pirqasımlı yaxınlığındakı quşların intihar xəbəri kimi…
– … off… hanı bəs sənin tayqıç kuklan, hə? İtirmisən? Barmağını sorursan yenə?.. Sor… sor… qorxma, gecə yatanda barmağına istiot vurmayacam day, yazıqsan… Özün də quşların intiharına ağlama… Babamızın tufanına da ağlama. Ağlama haa… özünü oda salarsan…
Minaxanım haldan-hala düşdükcə hadisələri qarışdırır, qapıdan, pəncərədən, tavandan, divardan, olandan-keçəndən qarmaqarışıq söhbət açıb, gedib bacısının körpə çağlarına baş vurur, tayqıç kuklasını, barmaq sormağını yadına salırdı, axırda da gəlib quşalrın Pirqasımlı yolundakı intiharına çıxırdı. Artıq nə danışdığını bilməyən ciyərparasına Qaraqız nə cavab verəydi axı? Bircə onu hiss elədi ki, elə bil, can üstə olan Minaxanımın əli ovcunun içində əriyib-əriyib lap bir tikə qalıb. Barmaqları çöp kimiydi, sanırdı ki, sıxsa qırılacaq. Odu ki, ta sıxıb-sıxcalamadı, üşüməkdə olan o göyərmiş barmaqları qalın dodaqlarına söykəyib, gözünün qorasını tökə-tökə öpdükcə öpdü…
O, vəsiyyətini elədi. Hər şey Qaraqızın fikirləşdiyi kimi, ürəyinə necə dammışdısa eləcə də oldu. Bacısı söhbəti dolaşdırsa da hər dəfə, elə bil, ötəri də olsa özünə qayıdırdı, ağlı üstünə gəlincə dönə-dönə tapşırırdı ki, onu Tufan dərəsində, Yalqızlar Pirinin həndəvərinə səpələnmiş nakamların məzarları arasında basdırsınlar, böyründə də boş bir yer qoysunlar, bəlkə haçansa Ələddin qayıtmış olar… Bir də: “qayıt Bakıdan, bacı, – deyirdi, – qayıt daha, bəsdi o xarabada ömrünü çürütdün… Pirə yiyəlik eləməyə heç kimimiz yoxdu… Özün qayıt ora, özün. Noolsun ki, oxumuş adamsan, noolsun məllimsən, dayəsən, tərbiyəçisən, nəsən… Oraların səliqə-sahmanına özün fikir ver, qoyma qızılgüllüyə heyvan-qara salsınlar, qoyma oralara bir ins-cins hərlənsin… babamızın urfu tutar… qoyma, sən Allah, qoyma… Bu dəfə tufan nə apardısa, cəhənnəmə, başına sadağa… Çalış bundan sonra tufanacan yığ ləçəkləri… hə, hökmən yığ… Gələndə Rzaya tapşır, hücrəyə əl gəzdirsin ki, soyuqlarda daldalanmağa yerin yaxşı olsun… Dəftəri də… bacı… Ələddinin dəftərini deyirəm eey, verərsən Rza saxlasın… Səndə qalsa, qorxuram, it-bata düşər, çünki Bakıya gedəli həmişə yuxulu kimisən, huşun üstündə olmur elə bil… Qara, bacı qurban, ölsəm, qoy nişan üzüyüm barmağımda qalsın, çıxartma, noolar, qoy eləcə gedim göra… Çünki Ələddin deyərdi: “onu barmağından çıxardığın gün, mən öləcəm…”
Amma Qaraqız Rzadan eşitmişdi ki, Ələddin Minaxanıma nişanlı ola-ola pozğun bir qadınla gəzirmiş, günü onunla eyş-işrətdə keçirmiş. Bu barədə Qaraqız bacısına heç vaxt, heç nə deyə bilməmişdi, onun ürəyini yaralamaq istəməmişdi, “haçansa özü eşidər, özü bir çarə qılar” fikirləşmişdi. Ancaq bəzən də düşünürdü ki, yəqin Minaxanım bu barədə bilir və bilə-bilə də susur. Çünki yeniyetmə çağlarında özü də dükançı İslamın oğlu Qədirlə – evli kişiylə qısa müddətə də olsa, gizli-gizli görüşmüşdü. Qədir aldatmışdı ki, arvadını boşayıb onu alacaq və beləcə zavallı qızcığaz düşmüşdü tora. Amma yaxşı ki, bu, çox uzun sürməmişdi. Qədirin arvadı duyuq düşüb ərinin başına oyun açmışdı.