Kitabı oku: «Xeyrin çöküşü»
Zaur Pənahov
Qaranlıq Günəş seryası #1
Azərbaycan
Pan Nəşriyyatı, 2018
2-ci Nəşr
İSBN 978-9952-8331-1-9
©Zaur Pənahov
Nəm çəmənlikdə uzanaraq ulduzlara baxırdı. Böcəklərin nəğməsi gözəl bir ahənglə bütün ovalıqda əks olunurdu. Arabir üzərindən əsən sərin meh, qısa otları qulağına və üzünə vurur, belini isladan şeh bəzən üşüməyinə səbəb olurdu. Sonra kiçik, dolu əllərini qaldırıb onlara baxdı. Bədən ona aid deyildi. Sanki başqa bir nəfərin, bir uşağın bədəni ilə hiss edir, ətrafını onun gözləri ilə görürdü. Böyük bir ovalığın ortasında heç bir müdafiəsi olmayan evin on addımlığında uzanmışdı. İçində qəribə bir hiss vardı. Amma onu daha çox ulduzlar maraqlandırırdı. Qısa müddət sonra bir qadın onu çağırdı. "Akun!" deyirdi qadın təlaşla, "Akun, bura gəl, tez ol!"
Ayağa qalxaraq qadına doğru, bir neçə addım atdı və dayandı. Aqren içində olduğu bədəni idarə edə bilmirdi. Nə qədər çalışsa da qadına tərəf qaça bilmirdi. Bu gecənin nə ilə nəticələnəcəyini bilsə də içində olduğu bədən yalnız gülümsəyirdi. Birdən həmin səs yüksəldi. Ac vidranın ulama səsi. Səsləri ilə qulaq batıran böcəklər artıq susmuşdu. Sanki, küləklər də yaxınlaşan təhlükədən qorxaraq sakitləşmişdilər. Qadın qorxu ilə Aqrenə doğru qaçaraq onu qucağına aldı. Ancaq artıq çox gec idi. Aqren qadının qollarından yıxılan an gözlərinə ani qaranlıq çökdü ancaq ayağa qalxmağı çox çəkmədi. Gözlərinin gördüyü reallığa inanmaq çətin olsa da vidralar qadını tutmuşdular. Qadın nəfəsinin imkan verdiyi qədər möhkəm çığırırdı: "QAÇ, OĞLUM!.. QAÇ!" Ancaq Aqren yerindəcə dayanmışdı. Qorxudan ayaqları tutulmuşdu. Qadının vəhşicəsinə diri-diri necə parçalandığına baxırdı. Onun qanının vidraların ağız və pəncələrini necə boyadığına baxırdı. Qısa müddətdə qadının səsi tamam kəsildi. O artıq ölmüşdü. Vidralardan biri Aqrenə baxdı…
Termin
ekro:
Görünüşcə insandan fərqlənməyən, paralel dünyadan gəlmiş uzunömürlü, sehirli güclərə sahib irq.
Üçlük:
Hər üç vilayəti idarə edən üç müdrik ekro.
vidra:
Paralel dünyadan gəlmiş və yalnız gecələr üzə çıxan vəhşi məxluq.
nakra:
Yeni Azarın cinayət və vidralara qarşı mübarizədə istifadə etdiyi döyüşçü növü.
qazza:
Raqanın cinayət və vidralara qarşı mübarizədə istifadə etdiyi döyüşçü növü.
Kölgə:
Qaranlıq şahzadənin yaxın adamları.
Kitabdakı adların böyük qismində vurğu birinci hecaya düşür.
Başlanğıcda
İnsan irqinin onlarla ilk görüşü o qədər qədimlərə gedir ki, bunu yalnız onlar xatırlayır. Parçalanmış insan qəbilələri onların başçılığı altında birləşmiş, mərkəzi idarə sistemi olan vahid dövlət yaranmışdı. Onlar, insanlara heç vaxt sahib olmadıqları rahat həyatı, inancı və azadlığı bəxş etmişdilər. İnsanlar onlara tanrılar dedilər. Onlar isə əslində Ekrolar idi. İkinci dövr belə başlamışdı.
Tanrıların insan irqi üzərindəki uzun hökmdarlığından sonra iki dünya arasındakı möhürlü qapı yenidən açıldı. Tanrılar bu hadisəni gözləyirdilər. Bilirdilər ki, iki dünyanı birləşdirən qapı onları şərdən daha qoruya bilməyəcək. Qaranlıq şahzadə Draqzin öz məqsədinə nail olmaq üçün ona lazım olanı axtaracaq. Hansı ki insanların dünyasına gizlədilmişdi.
Həmin gecə nələr olduğunu heç bir insan dəqiq bilmir. Hər kəsin dəqiq bildiyi yalnız bir şey vardı: Draqzinin özü ilə gətirdiyi şər qüvvələrin vəhşi ordusu, ali tanrı Stakranın ordusu qarşısında məğlub olmuşdu. Vəhşi məxluqlar bədənlərinə girən dəmir nizələr qarşısında zingildəyərək ölməkdən və qaçmaqdan başqa heç nə edə bilməmişdilər.
Nəhayət, Draqzin məğlub edilmişdi, lakin hər qalibiyyətin bir qurbanı olduğu kimi, bu döyüşdə də verilən bir qurban var idi. Ali tanrı Stakra, Draqzini canı bahasına məğlub etmişdi. Bundan başqa Draqzinin sağ qalan məxluqları və yandaşları insanların dünyasına yayılmışdı. Bu döyüşdən sonra Azarın həyat şərtləri və qanunları dəyişmişdi. Artıq insanlar qorxunun nə olduğunu anlamışdılar. Gecələr, əvvəllər olduğu kimi sakit və rahat keçmirdi və artıq ulduzları seyr etmək heç də asan deyildi.
Böyük döyüşdən sonra başlayan üsyanlar Azar diyarını
məhvin eşiyinə gətirib çıxarmışdı. Mövcud bir çıxış yolu vardı və tanrılar onu seçdi. Dəyişən həyat şərtləri ilə birlikdə tanrılar insanlara həqiqəti açdılar. Onlara tanrı olmadıqlarını, onlar kimi adi canlılar olduqlarını bildirdilər. Xüsusi qabiliyyətlərə və uzun ömrə sahib adi canlılar.
Beləliklə, böyük Azar üç yerə bölündü. Şimal dağlarında birləşən qəbilələr Şimal qəbilələri adlandı, hansı ki vidralar oranın soyuğundan qorxurdular. Şərqdə bərəkətli torpaqları və ucsuz meşələri ilə Raqa yarandı. Qərbdə isə Yeni Azar. Hər üç vilayətə ekro irqinə mənsub hökmdarlar seçildi və idarə heyəti quruldu. Bu heyətə isə ən təcrübəli üç ekrodan ibarət Üçlük adlanan ali hökmdarlar rəhbərlik etməyə başladı. Beləliklə, böyük döyüşdən sonra qurulan Üçlük sistemi ilə birlikdə üçüncü dövrün təməli atıldı. Ekrolar bu dövrə sabitlik dedilər, insanlar isə fəlakət öncəsi sakitlik.
1
Tərk edİlmİş sığınacaq
3-cü dövr. Böyük döyüşdən 431 il sonra.
Ucsuz yaşıl meşələrin gedərək seyrəlib, alçaq təpəliklər və çılpaq ərazilərdə sonlandığı bu kimsəsiz yerdə, iki nakra dayanıb ətrafı seyr edirdilər. Döyüşçülərin qarşısında uzanan ərazi, olduqca dərə-təpə və quru görünürdü. Çıxan yeni günəşin qırmızı şəfəqi, alçaq təpələrə dəyərək ərazidə uzun kölgələr yaradırdı. Raqa vilayətinin cənubunda olan bu kimsəsiz təpəlik, ilan və əqrəb xaric, heç bir heyvanın yaşamaq istəmədiyi bir yer idi. Təpəlikləri bürüyən kiçik kollar da yayın dözülməz istisinə baş əymişdilər.
Nakralardan biri ekro irqindən, Etrak adlı, təcrübəli döyüşçü idi. Otuz iki yaşlı bir insan görünüşünə sahib, boyu uzun, bədəni isə əsl döyüşçü bədəni kimi sərt və dözümlü görünürdü. Geyindiyi qara rəngli dəri paltar və bədənini qoruyan heç bir zirehin olmamağı döyüşçünün bütün Azarda yalnız bir şəxsin yüksələ biləcəyi yeddinci dərəcəli nakra olduğunu göstərirdi. Paltarı nazik dəridən hazırlanmış döyüşçü, müdafiə olunmaq üçün heç bir zirehə ehtiyac duymurdu. Silahı isə belinə bərkidilmiş nazik qılınc və irqinin ona verdiyi sehrli qüvvələrdən ibarət idi. Onun kimi döyüşçülər çox nadir hallarda və yalnız ən çətin tapşırıqlara göndərildiyi üçün çoxdandır geyinmədiyi dar forması onu bir az narahat edirdi.
Onun əksinə, bir insan və qadın olan silahdaşı isə iyirmi yeddi yaşında qırmızı saçlı, gözəl və bir o qədər də qabiliyyətli döyüşçü idi. Aqren adlı bu nakra bir insanın yüksələ biləcəyi ən yüksək rütbə olan dördüncü dərəcəyə sahib idi. Paltarı qəhvəyi rəngdə və bəzi yerləri dəmir lövhələrlə örtülmüş qalın dəridən tikilmişdi. Solaxay olduğu üçün qalxana bənzər enli biləkliyi sağ qoluna geyinmişdi. Sağ ayağında kəsici və belində deşici olmaqla iki uzun xəncəri vardı. Sol ayağında sıra ilə düzülən kiçik qırmızı bıçaqlar isə düşmənlərinə uzaqdan zərbə endirmək üçün ən güclü silahı idi. Nakraların çoxunun qılınc istifadə etməyinə baxmayaraq Aqren əsl bıçaq ustası kimi ad qazanmışdı.
Etrak arxasını günəşə çevirərək bir neçə gündür nəticəsiz qalan axtarışların səbəbini düşünürdü. O və silahdaşı beş gündür onlara verilən xəritə ilə bütün ərazini axtarmışdılar. Ümidin və səbrin buxarlanaraq yox olduğu bu çöllük, azalan vaxtlarını daha da qısaldırdı.
Çantasından xəritəni çıxarıb təkrar-təkrar baxan qara geyimli döyüşçü, bu qədər vaxtda sığınacağı nə üçün tapa bilmədiklərini düşünürdü. Saralmış və bəzi yerləri artıq çoxdan yırtılmış dəri üzərinə çəkilmiş köhnə xəritəyə, onların durduğu yeri göstərən bir dairə çəkilmişdi. Ancaq bu dairə təqribən üç günlük axtarış yeri idi. Onların işini çətinləşdirən səbəblərdən biri də elə bu sayılırdı. Nə axtardıqlarını bilsələr də, harada axtaracaqları barədə çox az məlumata sahib idilər. Aldıqları digər bir məlumata görə isə sığınacaq təpələrdən birindəki mağarada yerləşirdi, amma onlar beş gün ərzində bir dənə də olsun mağara tapmamışdılar.
Etrak xəritəni geri qoyaraq “Bu gün çox isti olacaq,” dedi. “Günəş yuxarı qalxmamış şimal tərəfə gedib axtarışı orada davam etməliyik.”
“Şimala? Axı oranı axtarmışıq.”
“Bilirəm. Oranı da hər yer kimi axtarmışıq. Məncə, düzgün yerə baxmırıq, axtarışa təzədən başlamaq lazımdı.”
“Düzgün yerə baxmırıq?” Aqren təəccüblə dedi. “Baxmadığımız yer qalıb ki? Bu lənətə gəlmiş xarabanın hər yerini axtarmışıq, daş və quru torpaqdan başqa heç nə yoxdu!”
Silahdaşının bu qəribə emosionallığı qarşısında bir anlıq çaşan Etrak, dönərək ona təəccüb içində baxsa da, heç nə demədi. Beş günlük dözülməz isti altında, kor-koranə axtardıqları və varlığından əmin olmadıqları dəlillərin izinə rast gəlməmək nəyinki insanı, hətta azyaşlı ekronu da hövsələdən çıxarardı.
“Üzr istəyirəm, ustad,” deyə Aqren səsini alçaltdı.
Yüksək təpələrin əyilərək yox olduğu, sığınacağın olduğunu ən az ehtimal etdikləri yerə doğru getməyə başladılar. Günəş çıxana kimi ora çatmalıydılar. Çünki axtarış vaxtı gün batana qədər idi. Düzdü, buralarda çox nadir hallarda vidra görmək olardı, hətta onlar burada qaldıqları beş gün ərzində heç qarşılaşmasalar da, nakraların bir nömrəli qanunlarından biri təhlükəyə qarşı hər zaman hazırlıqlı olmaq idi. Həm də gündüz tapılmayan bir şeyi gecə axtarmaq vidralara xas xasiyyətdir ki, onlar da çox vaxt acından ölürdülər.
Su görməmiş, boz torpaqlar üzərində yeriyən nakralar bədənlərindən axan tər damcılarını və başlarını yandıran günəşi hiss edirdilər. Bu gün digərlərindən daha da isti olacaqdı. Kifayət qədər suları olmalarına baxmayaraq dözümlülüyü ilə tanınan nakralar belə, bu istiyə davam gətirə bilmirdi. Sanki bütün gücləri isti ilə buxarlanaraq yox olurdu.
“Bağışlayın Etrak,” qadın nakra uzun çəkən darıxdırıcı səssizliyi pozaraq silahdaşına gün ərzində ilk dəfə adı ilə xitab etdi. “Çoxları, hətta Üçlük, kölgələrin (Draqzinin yandaşları) tamam yox olduğuna inanır. Bəs siz necə olub ki hələ də…”
“Hələ də nə? Onların varlığına necə olub ki hələ də inanıram?” Öz keçmişindən və ağzına saqqız olmuş hadisələr haqda danışmağı sevməyən Etrak, yardımına çox ehtiyacı olan silahdaşını işə cəlb etmək üçün onun suallarına cavab vermək məcburiyyətində idi.
“Böyük döyüşdən sonra Draqzinin təslim olmayan yandaşlarını tapmaq üçün Kölgə Ovçuları adlı xüsusi dəstə yaradıldı. Ən yaxşılardan ibarət güclü bir dəstə. Məqsədi, böyük müharibədən sonra hər tərəfə yayılmış Draqzinin yandaşlarını tapmaq idi. Dəstə iki əsr ərzində yüzlərcə düşməni ya öldürdü, ya da həbs etdi. Ancaq əsas məqsədləri Draqzinin ən yaxın yandaşlarını tutmaq idi.”
“Hə, Kölgə Ovçuları haqda çox eşitmişəm. Çoxları onların əfsanə olduğuna inanır.”
Etrak “Bilirəm,” dedi. “Dəstə üzvlərinin adları hələ də gizli saxlanılır, amma onların varlığını heç kim inkar edə bilməz.”
“Amma həmin dövrdə onların varlığını Üçlük inkar edirdi. Bundan əminəm.”
“İnkar edirdi, çünki həmin döyüşçülər qadağan olunmuş silahdan, sözün qaranlıq sehrindən istifadə edirdilər.”
“Hə, bu haqda da eşitmişdim. Bir çox ekro nə olur olsun şəri xeyirlə məğlub etməyin daha düzgün olacağını və Kölgə Ovçularının dağıdılmağını tələb edirdilər.”
Etrak “Elədir,” dedi. “Buna görə Üçlük, dəstə üzvlərinin kimliyini gizli saxlamağa qərar verdi. Gələcəkdə çətinliklərlə qarşılaşmasınlar deyə.”
Aqren, Etrakın belə bir tarixi onunla bölüşdüyü üçün sevinmişdi. Tarixi ən düzgdün öyrənməyin tək yolunun onu birinci dildən öyrənmək olduğunu hər kəs bilirdi. Uzun ömürləri səbəbi ilə ekroların hər biri yeriyən tarix kitabı idi. Heç bir şişitrmə və yanlış məlumata yer verməyən mükəmməl bir kitab. “Bəs Draqzinin bu adamları, onlara nə oldu?”
“Ovçular onların birindən başqa hamısını ya həbs etdilər ya da öldürdülər. İndi isə biz həmin bir nəfəri axtarırıq.”
“Həmin bir nəfər, sonuncu kölgə, sizcə hələ də sağdı? Çünki onun hələ də yaşamağıyla bağlı bildiyimə görə, heç bir fakt yoxdur. Haqlıyam?”
Aqren, Etrakın yayınmağa çalışdığı bu sualı artıq ikinci dəfədir ki verirdi.
Etrak dayanıb dərin bir nəfəs aldı.
“Uzun illər bundan əvvəl ovçular sonuncu kölgənin yerini tapmışdılar. O, cənubda Juin (ekro dilində qum deməkdir) şəhərinin xarabalığında, yeraltı sığınacaqda gizlənirdi. Daha doğrusu, onlar elə düşünürdü,” Aqrenin sual dolu baxışları altında davam etdi. “Ancaq ora boş idi. Sonradan məlum oldu ki, bura heç sığınacaq belə deyildi. Adi anbar idi. Şəhərin əsas su mənbəyi quruduqdan sonra şəhərlə birlikdə tərk edilmişdi.”
Aqren “Yəni?” dedi tərəddüdlə.
“Yəni heç nə. Üçlük bir əsrə yaxın boş yerə ora-bura qaçdığını görüb dəstəni dağıtmaq qərarına gəldi. Beləliklə, mövzu bir daha açılmamaq üzrə bağlandı. Bəlkə elə belə də lazım idi. Amma bəlkə də qaranlıq güclərin istədiyi elə bu idi, onların yoxluğuna inanmağımız. Bəlkə də gizləndikləri yerdə bizim hazır olmadığımız bir vaxtda həlledici zərbəni vurmaq üçün düzgün vaxtın gəlməyini gözləyirlər. Hətta bəlkə də bütün bunları düz burnumuzun dibində edirlər.”
“Deməli, deyilənlər düzdü,” deyə Aqren düşüncəli halda bildirdi. Etrak Kölgə Ovçuları haqda həddən artığını bilirdi. “Atam sizin bir vaxtlar Kölgə Ovçusu olduğunuzu demişdi.”
“Atan, çoxlarının mif saydığı sirlərdən xəbərdar nadir insanlardan idi.”
İnsanlar qaranlıq qüvvələrdən bəhs edən bunun kimi məlumatlardan demək olar ki xəbərsizdilər. Şura iki əsr bundan əvvəl verdiyi qərarla ekrolara, bu haqda insanlara danışmağı qadağan etmişdi. Ekrolar xaric, heç bir insan bu qaranlıq tarixi bilməməli idi. Çünki insanlar hökmdarlarının mükəmməl olduğunu və heç vaxt yanlış etmədiklərini düşünürdülər. Yalnız bəzi insanlar nəsildən-nəslə, dildən-dilə keçən əfsanə və nağıllarda Böyük müharibə, Kölgələr, Kölgə Ovçuları, Sözün qaranlıq sehri və bunun kimi adlar və ya hadisələr eşidirdilər. Etrak isə bir mənada rütbəsinin də verdiyi rahatlıqla şuranın qoyduğu bu cür qaydalara çox da məhəl qoymurdu. O, insanların öz torpaqları olan Neam eyldə (Azar dilində neam – 1. insan, 2. sürgün edilmiş, eyl – dünya deməkdir) baş verən həqiqətləri bilməyə haqları olduğunu düşünürdü. Amma yenə də o bu həqiqətlər barədə bir az ehtiyatla danışırdı, çünki onun fikrincə, həqiqət də olsa, bu cür məlumatlar insanlara zərər verə bilərdi.
Artıq günəş gün ərzində qalxa biləcəyi ən yüksək nöqtəyə qalxmışdı. Ərazi yerdən yüksələn isti hava ilə sanki dalğalanırdı.
Nakralar düşündükləri vaxtda istədikləri yerə gəlib çatmışdılar. Qovurucu istidə əldən düşmüş Aqren, gözlərini önlərində uzanan və sonsuz kimi görünən ərazidə gəzdirərək bu yerə nə qədər nifrət etdiyini düşündü. Etrak sanki heç nə olmamış kimi alnından axaraq qaşından süzülüb az qala gözünə girən tərə əhəmiyyət vermədən, boşluğa baxaraq nə isə düşünür, keçmişdəki hadisələrlə hazırkı vəziyyətlərini müqayisə edərək, bir yol tapmağa çalışırdı. Aqren heç vaxt kölgə ovuna çıxmamışdı. Təbii ki, onun da bu haqda danışılanlara inanmaqda bəzi şübhələri vardı. O, hətta nakra liderinin ona şəxsən verdiyi bu əməliyyatı qəbul etməkdə tərəddüd etmişdi. Ancaq Etrak kimi yüksək dərəcəli bir ekronun bu əməliyyatı qəbul etməyi onu bir anlıq bu nağıla inandırmışdı.
Etrak əlini qaldırıb işarə ilə ondan bir neçə addım uzaqda dayanan silahdaşını çağırdı. “Qulaq as,” dedi, “bu yoxuşu görürsən? Onun ardındakı, Raqa ərazilərinə yaxın düzənlikdən cənuba doğru axtaracağıq. Bu dəfə yalnız sənin hislərinə arxayın ola bilərik, aydındı?”
“Yaxşı, ancaq elə bilirdim mağara axtarırıq.”
“Mən də elə bilirdim. Buna necə fikir vermədim axı?”
Aqren gözlədi.
“Bu cür alçaq təpəliklərdə coğrafi baxımdan təbii mağaranın yaranmağı mümkün deyil. Sığınacaq böyük ehtimalla bizə deyildiyi kimi təbii mağarada yox, hansısa təpə və ya yüksəkliyin altında düzəldilib və görünür, çox yaxşı gizlədilib.”
Döyüşçülərin axtarışa başladığı vaxtdan artıq xeyli keçmişdi. Günəş getdikcə qərbə daha çox əyilir, əyildikcə dözülməz istilik azalmağa başlayırdı. Artıq bəzi sürünənlər və səhra gəmiricilərini görmək mümkün olurdu. Aqren günəşin mövqeyinə baxaraq nə qədər vaxtları qaldığını ölçdü. Meşə zolağından uzaqda olsalar da, geri qayıtmağa vaxtları hələ vardı.
“Bir az tələsmək lazımdı,” dedi qadın nakra. Silahdaşından bir neçə addım kənarda dayanmışdı. “Günəş əyilməyə başlayır.” Etraka çevrilərək səslənsə də, ondan bir az irəlidə hərəkətsiz dayanan döyüşçü onun çağırışına məhəl qoymamışdı. Yerə əyilmiş halda əli ilə nə isə tapdığını işarə edirdi.
Vaxt itirmədən silahdaşına yaxınlaşan qadın nakra, onun torpağı ehtiyatla təmizləyərək bəzi yerləri görünən insan sümüklərinə baxıb “Ölüm səbəbi nədi?” deyə soruşdu.
“Yəqin ilan sancıb, ya da kiçik bir ehtimalla susuzluqdan ölüb.”
Aqren ətrafına baxaraq “Bir insan belə bir xarabalıqda nə gəzirmiş görəsən?” deyə alçaq səslə mızıldandı.
Etrak cəsədin hansı istiqamətdən gəldiyini anlamaq üçün, istidən qar kimi ağarmış sümüklərin üstünü tozdan təmizləyərək qabırğadan aşağı çanaq sümüyünü, sonra da ayaq sümüklərinin istiqamətini təyin etdi. Cəsədin çökmüş onurğa sümüyü digər sümüklərin üstündə idi, yəni yerə üzü üstə düşmüşdü, başı şimala, ayaqları isə cənuba yönəlmişdi ki, bu da onun böyük ehtimalla cənubdan gəldiyini göstərirdi. Ancaq nakraların ağlında bir sual vardı, buradan cənubda heç bir kənd və ya qəbilə yox idi. Nə bir qarış yararlı torpaq, nə də su vardı. Ucsuz çöllər və səhradan başqa heç nə.
“Necə düşünürsən,” Etrak düşüncəli baxışla dedi, “onunla sığınacaq arasında bağ olub-olmadığını anlaya bilərsən?”
Qırmızı saçlı nakra sümüklərə diqqətlə baxıb əminliklə “Əlbəttə,” dedi. Əlini sümüklərin üzərində gəzdirərək gözlərini yumdu. “Sığınacaqda yaşayırmış, qaçarkən yaralı olub və çox qorxub,” kiçik bir səssizlikdən sonra, ”Ölməzdən əvvəl çox qaçmayıb, haradan gəlibsə elə də uzaqda deyil… hə, yaxındadı,” deyə əlavə etdikdən sonra ayağa qalxaraq üzünü cənuba çevirdi.
Etrak ayağa qalxıb “Nəhayət,” deyə onun baxdığı istiqamətə baxdı.
Tez zamanda təpəciyə yaxınlaşan Etrak, kəskin gözləri ilə sığınacağın girişini uzaqdan görmüşdü. Lakin giriş qalın torpaq altında qalmışdı. Etrakın diqqətini çəkən də elə bu girişin torpaq altından çətinliklə görülən daş sütunları idi. Giriş çoxdan bağlanmışdı, özü də, görünür, bu təbii fəlakətdən yox, kimlərsə tərəfindən şüurlu şəkildə edilmişdi. Etrak təəccüb içində girişin qalın torpaqla örtüldüyünə baxsa da, Aqren nədənsə buna heç də təəccüblənmədi (bəlkə də bunu əvvəlcədən hiss etmişdi).
Etrak sanki bu qədər yolu bunu görmək qorxusuyla gəlmişdi. Hətta axtarışlar zamanı o, sığınacağı tapmayacağından daha çox onun boş çıxacağından, tərk edilmiş olacağından qorxurdu. Tarix yenidən təkrarlanırdı, ona verilmiş bu son şansı dəyərləndirə bilməmişdi, ancaq təslim olmaq fikrində də deyildi. Tərk edilmiş də olsa, içəri girmək fikrindən daşınmamışdı. Girişə yaxınlaşaraq onu örtmüş torpaq kütləsinin təmizlənməsinin nə qədər vaxt alacağını ölçməyə çalışan Etrak, daş kimi bərkimiş torpağı bir neçə dəqiqə gözü ilə süzərək iki nəfər üçün bunun mümkünsüz olduğunu, mümkün olsa belə vaxtlarının kifayət etməyəcəyini anladı.
“İçəri girməliyik.”
Aqren, ona qəribə gələn bu yeni qərarı qarşısında heyrətini gizlətmədən silahdaşının üzünə baxaraq “Bağışlayın, amma ora necə girməyi düşünürsünüz?” deyə bildirdi. “Bir də ki lap deyək girdik, sığınacaq görünür çoxdan tərk edilib. Siz özünüz dediniz ki, bundan əvvəlki axtarışlarda da bunun kimi tərk edilmiş sığınacaqlarla qarşılaşmısınız. Sizcə də, biz boş yerə vaxt itirmirik?”
“Onu tapdıqdan sonra qapı bağlıdır deyə, gözümüzü yumub gedə bilmərik, içəridə nə olduğunu, ya da nəyi gizlətdiklərini bilməliyik.”
“Bu girişi təmizləmək günlərimizi, hətta həftələrimizi alacaq. Nə etmək fikrindəsiniz?”
Etrak “Səncə o,” deyə başıyla bayaqkı sümüklərin olduğu yeri göstərərək, “buradan giriş bağlandıqdan əvvəl, ya sonra çıxıb?” deyə soruşdu.
“Demək istəyirsiniz başqa giriş də var?“
“Bu mümkündü. Onu tapa bilərsən?”
Aqren “Əgər varsa bəlkə,” dedi tərəddüdlə. “Ancaq mən çox yorulmuşam, bunun bir faydası olmaya bilər. İçərini görmək üçün çox enerjiyə ehtiyacım var. Bəlkə sabah?”
Etrak başını yellədərək “Sabah olmaz,” deyə etiraz etdi. “Çox gecdi, burada onsuz da kifayət qədər vaxt itirmişik.”
Qadın nakra bezgin bir nəfəs alaraq “Mən heç haradan başlayacağımı bilmirəm,” dedi, səs tonuna çətinliklə hakim olurdu. “İçəri yəqin ki, qaranlıqdı, hara gedəcəyimi necə biləcəm?”
“Narahat olma. Sənə istiqamət verərəm.”
Aqren mübahisə etməyin bir mənası olmadığını anlayıb “Yaxşı,” dedi. Girişə yaxınlaşaraq gözlərini yumub fikrini cəmlədi. Yalnız, onun kimilərin sahib olduğu bu bənzərsiz gücdən istifadə etmək Aqrenin heç vaxt xoşuna gəlmirdi. Ruhunu bədənindən ayırmaq həm yorucu, həm də təhlükəli idi.
Qadın nakra başını əyib fikrini cəmləyərkən, Etrak “Giriş düz önümüzdədi,” deyə bildirərək silahdaşına yol göstərdi. “Ehtimal ki, əsas dəhliz sağa əyilərək şərqə yönəlir… nə isə görürsən?”
Bir anlıq səssizlikdən sonra üzündə yaranan ifadəylə pıçıltılı səslər çıxarmağa başlayan Aqren, nəyəsə baxırmış kimi başını sağa-sola çevirərək “Qaranlıqdı. Heç nə görmürəm,” dedi.
Silahdaşının gücdən düşərək titrəməyə başlayan ayaqlarını görüb onun belindən qavrayan Etrak, bunun çox davam edə bilməyəcəyini anlayıb ”Aqren, işıq… işıq axtarmağa çalış,” deyə qulağına pıçıldadı.
“Heç nə görmürəm, zibil! Qaranlıqdı… deyəsən dəhlizdəyəm,” deyə yavaş-yavaş zəifləyən səs tonuyla bildirən Aqren gözlərini açaraq yorğunluq içərisində özünü silahdaşının qollarına təslim etdi.
Qısa müddətlik huşsuzluqdan ayılaraq yavaş-yavaş gözlərini açan Aqren, ona maraqla baxan Etrakı görüb ayağa qalxdı. Bu vaxt ərzində təcrübəli nakra, onun oyanmağını səbirlə gözləmişdi.
Hava artıq qaralırdı, günəş qərbə əyilmiş, qürub etməyə hazırlaşırdı. Etrak gördükləri haqda ondan soruşmaq üçün tam özünə gəlməyini gözləsə də, Aqren “Başqa giriş var,” deyə bildirdi.
“Yerini görə bildin?”
“Cənub şərqdə, gün batmamış çatarıq.”
“Çox gözəl.”
“Ustad,” deyə Aqren, Etrakı saxladı “Bura ilə bağlı çox qəribə hislərim var.”
Etrak gözlədi.
“Ölüm,” dedi Aqren “Çoxlu ölüm hiss edirəm.”
Etrak “Narahat olma,” dedi.
Qarşısında durduqları təpənin üstünə çıxaraq öncə şərqə gedib, yenidən yoxuş aşağı enərək cənuba yönəldilər. Aqrenin rəhbərliyi altında bir müddət yeriyərək hiss etdiyi o kiçik işıq sızıntısının yerini tapmaqları çətin olmamışdı.
İlk baxışda təbii halda yaranmış yarığa bənzəyən giriş, olduqca ensiz və alçaq idi. Hətta Aqren içəri keçərkən başını əymək məcburiyyətində qalmışdı.
Etrak, ətrafı sürətlə nəzərdən keçirib divara bərkidilmiş məşəli çıxararaq yandırdı. Alovlanan məşəlin işığında girdikləri yer aydın görünürdü.
Məşəlin ətrafı işıqlandırmağı ilə hər iki nakra gözləmədikləri bir mənzərə ilə qarşılaşdılar. Səliqə ilə düzülmüş on dörd yataq, otağın iki küncündə üstü kitabla dolu masalar və yerə sərilmiş xalçası ilə daha çox yataqxanaya bənzəyən otağın qapısı dəmir barmaqlıqlardan hazırlanmışdı.
“Görəsən, bu yataqlar nə üçündür?” soruşdu Aqren.
“İndi bilərik,” dedi təcrübəli nakra.
Etrak və Aqren otaqdan dəhlizə açılan qapıdan çıxıb titrək atəşin işığında dəhlizlə irəliləməyə başladılar. Görünür, girdikləri otaq dəhlizin son otağı idi, oradan çıxdıqdan sonra dəhliz on addım uzanıb sola qıvrılırdı. Dəhlizlə irəlilədikcə Aqren daha da heyrətə düşürdü. O, buranın döşəməsi kələ-kötür, divarları nəm, tavanı isə alçaq bir yer kimi təsəvvür etmişdi. Ancaq gördükləri bunun tam əksi idi. Döşəmə və divarlar düzgün yonulmuş daşlarla hörülmüşdü, tavan hətta onun görə bilmədiyi qədər yüksəkdə dayanırdı.
“İndi hara?” yol ayrıcına çatan təcrübəli nakra bu gün olduqca böyük nailiyyət əldə edən silahdaşına üzünü çevirərək soruşdu.
“Sağa.”
Dəhlizin sağ tərəfində geniş bir otağa açılan dəmir qapı vardı. Aqren otağın təhlükəsizliyindən əmin olub, otaqdakı məşəlləri yandıraraq buranı lazımi dərəcədə işıqlandırdı. Etrak, otaq aydınlandıqca daha bir gözləmədiyi mənzərə ilə qarşılaşdı, bura sığınacağın kitabxanası və tədqiqat otağı idi, ancaq ona gözlənilməz gələn mənzərə bu deyil, yerdəki insan sümükləri idi.
“Burada nə baş verib?” deyə Aqren heyrətlə soruşdu.
Etrak yerdəki cəsədlərdən birinə yaxınlaşıb öncə çürümüş paltarlarına baxıb sonra da bəziləri bir-birinə qarışmış sümük yığınında neçə cəsədin olduğunu dəqiq anlamaq üçün kəllə sümüklərini saydı. “On üç nəfər,” deyə ayağa qalxaraq bildirdi.
“Yataqxanada on dörd yataq var,” dedi Aqren.
“Deyəsən, biri biz gələn yerdən qaçıb.”
“Bunu vidralar edib?” qadın nakra otağın içində bir şey tapmaq ümidi ilə fırlanaraq soruşdu.
Etrak “Yox, inanmıram,” deyə ciddiyyətlə bildirdi. “Bunu vidralar etsəydi, onların hər parçası otağın bir küncündə olardı.”
“Zəhərlənmə?”
“Bəlkə də. Əsas sual, hamısının qapalı qapı arxasında ölümüdü,” deyərək təcrübəli nakra yerdəki bir cəsədin parça-parça olmuş paltarını xəncəri ilə kəsib sümüklərdəki izlərə baxdı.
Aqren isə toz basmış kağız və kitablar arasında yararlı məlumatlar tapmaq ümidi ilə axtarmağa başladı. Amma çoxu, köhnə Azar dilində tibb kitablarından ibarət yararsız məlumatlar idi.
Sümük yığınlarının ətrafında gəzərək daha dolğun məlumat toplamağa çalışan Etrak, hər cəsəddə eyni izləri və qabırğada meydana gəlmiş çatları gördükcə başını tərpədib, cəsədlərlə ehtimallar arasında bir körpü qurmağa çalışırdı. Bu vaxta qədər Aqren toz arasında yararlı bir şey tapmayacağını anlayıb cəsədlərin ciblərini axtarmağa başlamışdı.
Etrak uzun müddət çəkən araşdırma nəticəsində deyəsən bir nəticəyə gəlmişdi, ayağa qalxıb dərin bir nəfəs dərdi. Xəncərini qınına salıb toz basmış stula oturaraq ovcu ilə üzünü ovuşdurdu.
“Etrak,” əlində kiçik kitabça tutan silahdaşı ona səsləndi, “buna baxın.” Kitabçanı sümüklərin üstündən ehtiyatla keçərək təqdim etdi. “Cəsədin üstündən tapdım, deyəsən gündəlikdi.”
Etrak əl böyüklüyündə nazik kitabçanı götürərək maraqla açdı. Qan, ilk səhifələrindəki mürəkkəbi tamam oxunmaz hala salıb səhifələri bir-birinə yapışdırdığı üçün növbəti oxunaqlı səhifədən başlayaraq gərəkli bildiyi yerləri oxudu.
Yanan məşəllərdən birini götürən Aqren, dəhlizə çıxıb başqa otaqları yoxlamağa getdi.
72-ci gün: Bu gün yataq otağına daha dörd yataq gətirdilər, elə həmin gün bir təbib və üç kimyagərin tədqiqat qrupuna qatılmağıyla on dörd nəfər olduq. Məncə, dördü də gördükləri işə görə çox gəncdirlər, ancaq nəzarətçilər onlara inanır. Düşünürəm tədqiqat qrupuna daha heç kəs qatılmayacaq, ancaq yeni baxıcıya ehtiyacımız var. Bu lənətə gəlmiş məxluqlar hər həftə bir baxıcını öldürürlər. Axırıncısı qaçmağa çalışan vidranı yalın əllə tutmağa çalışarkən öldü, daha doğrusu, vidra onu ortadan iki yerə böldü. Bu əsl dəhşət idi…
Qəfil qapıda görünən Aqren “Ustad,” dedi həyəcanla, “deyəsən bir şey tapdım.”
Etrak günlüyü kiçik çantasına yerləşdirib silahdaşını izləyərək çıxdıqları otaqdan iyirmi addım uzaqlıqda olan başqa bir otağa girdilər. Otağın girişi iki qat dəmir barmaqlıqlarla qorunsa da qapısı açıq idi. Aqren buradakı divara bərkidilmiş məşəlləri ilk gəlişində artıq yandırmışdı. Qaranlığa doğru uzanan ensiz otaq, nəm və soyuq idi. Qapının yanındakı kiçik otaqda müxtəlif dəmir alətlər, zəncir və nizəyə bənzər əşyalar məşəlin titrək alovunda parlayırdı. Daha çox enli dəhlizə bənzəyən otağın hər iki tərəfində otuza yaxın divara oyulmuş hücrə vardı. Etrak əlində məşəl tutmuş Aqrenlə birlikdə otağın sonuna doğru səbirli addımlarla irəliləməyə başladı. Hücrələrin hamısının qapısı bağlı, bir çoxununsa içində vidra sümükləri vardı.
Aqren, “Görəsən, bu vidraları nə məqsədlə saxlayırdılar?” soruşaraq barmaqlıqlardan birinə yaxınlaşdı.
Etrak otağın sonunda qaralan başqa bir otağın girişini görərək “İndi bilərik,” dedi əminliklə. Silahdaşından məşəli alaraq növbəti otağa öndən girdi. Onun girməyi ilə aydınlanan otaq, Etrak kimi döyüşçünün də tüklərini ürpətdi. Zəncirlə tavandan asılan vidra cəsədi, qanlı əməliyyat masası və duzlu suda saxlanan müxtəlif orqanlar.
Silahdaşının ardınca otağa girən Aqren, gördüyü mənzərə və duyduğu bərbad qoxu təsiri ilə əlini burnuna aparıb “Bu nədi belə?” deyə heyrətini gizlətmədi.
Etrak tavandan asılaraq qurudulmuş, lakin buna baxmayaraq görünüşünü çox da itirməyən məxluqa diqqətlə nəzər yetirdi. Bədənindəki su tamam çəkildiyi üçün normalda olduğundan daha arıq görünən cəsəd, boyda döyüşçüylə eyni idi. Başı bir ayının başına oxşasa da, ağzı daha geniş və böyük idi. Bədəni, sanki, həddən artıq kökəlmiş və böyümüş canavarın bədəninə oxşayırdı, böyük dişlərini örtən dodağı quruyaraq çəkilmişdi.
Etrak məşəli bir az da yaxınlaşdırıb xəncərini qınından çıxararaq məxluqun ustalıqla kəsilmiş və yenidən tikilmiş sinəsinə baxdı. Hələ də əli burnunda gəzən Aqren “Deyəsən, onlar vidralar üzərində bəzi təcrübələr aparırdılar,” dedi. “Başa düşmürəm bu onların nəyinə lazımdı?”
“Bunu görürsən?” deyə Etrak xəncərinin ucu ilə cəsədin bədənindəki seyrək tükləri göstərdi. “Əvvəllər buna bənzər bir şey görmüşdün?”
Əlini burnundan çəkib bayaqdan fikir vermədiyi qəribə bir fakta gözlərini zilləyən Aqren, çaşqınlıqdan nə deyəcəyini bilmədi. Vidraların dərisi qurbağa dərisinə bənzəyir və bədənlərinin heç bir yerində tük olmur. Elə bu səbəbdən onlar soyuğa və əsasən də gün işığına qarşı çox dözümsüzdürlər.
“Təqribən doxsan il bundan əvvəl,” Etrak xəncərini yenidən qınına saldı, “biz şimala yaxın kəndlərdən birində buna bənzər ölü bir vidra tapmışdıq.”
“Siz şimal dediniz?” Təəccüblə soruşdu qadın nakra, “Axı vidralar…”
“Bilirəm soyuğa dözümsüzdülər. Ancaq tapdığımız bu məxluq, ölü olsa da soyuğa davamlı olduğunu təyin etdik,” dedi Etrak. “Bədəni eynən bunun kimi seyrək tüklə örtülmüşdü və demək olar ki, bütün orqanları sıradan çıxmışdı. Alimlərimiz bunun təsadüfən yaranmış, sürətli uyğunlaşma olduğunu və bu səbəbdən daxili orqanlarının inkişaf sabitliyinin pozulduğunu dedilər.”
“Amma eyni uyğunlaşma iki fərqli vidrada ola bilməz,” deyə Aqren silahdaşının fikrini tamamladı.
Etrak başını tərpətdi.
“Yəni demək istəyirsiniz onları kimsə soyuğa uyğunlaşdırmaq istəyib?” deyə soruşdu Aqren. “Bunu nə məqsədlə etsinlər?”
Etrak “Əsas sual bu deyil,” deyə bildirdi. “Əsas sual, sığınacağı niyə tərk etdikləridir. Onlar buranı demək olar ki, bir gündə tərk ediblər və özləri ilə heç nə götürməyiblər. Hətta alimləri də öz təcrübələri ilə birlikdə basdırıblar.”
“Bəlkə, boş yerə çalışdıqlarını anlayıb bu işdən əl çəkiblər.”
“İnanmıram,” dedi təcrübəli nakra əminliklə. “Kölgələr belə tez təslim olsaydı, dörd yüz il onlarla mübarizə aparmağa məcbur olmazdıq,” deyərək otağın çıxışına yaxınlaşdı. “Gedək, burada görəcək işimiz qalmadı.”