Kitabı oku: «Dissident sorağında (1956-1986)», sayfa 2
1998-ci ilin avqustunda Ülvi Həkimov Polşadakı KARTA təşkilatının Şərqi Avropadakı sosialist respublikalarının dissidentləri haqqında ensiklopediya nəşr edəcəyini dedi. Həm də gileyləndi ki, onlara yardım edəcəklərini söyləyənlər indi sözlərinin üstündə durmurlar – 5 nəfər dissident haqqında məqaləni hazırlayıb göndərmək problemə çevrilib. Ülvi bəy KARTA-dan göndərilmiş məktubların bir neçəsini mənə verdi. Orada Azərbaycana 5 yer ayrıldığı halda, bizimlə qonşu olan Gürcüstana 45, Ermənistana 40, hətta əhalisi az qala Azərbaycandan beş dəfə az olan Estoniyaya 40, əhalisi və ərazisi təxminən Azərbaycandan 2,5 dəfə az olan Albaniyaya 40 yer ayrılmışdı. Bu ayrı-seçkilik məni narahat etdiyindən Ülvi bəyə məqalələri hazırlayıb göndərəcəyimi söylədim. Həmin vaxt Azərbaycan Milli Ensiklopediyasında işləyirdim. 5 məqalə hazırlamaqda o qədər çətinlik çəkməyəcəyimi düşünürdüm.
Ülvi bəy “DS”-nin Polşadakı qərargahı ilə aramızda vasitəçi oldu. Oturmağa otaq, yazmağa bilgisayar, əlaqə saxlamağa telefon, necə deyərlər, əldə bir manat pul olmadan işə başladım. Ülvi Həkimov bu işlərdə bizə yardım elədi. Polşadan internetlə göndərilən məktubları və təlimatları kağıza köçürüb mənə verirdi. Mənim əlyazma şəkilində cavablarımı Rus dilinə çevirtdirib göndərirdi.
Oradan məqalələri hazırlamaq üçün keçmiş dissidentlərə qələmhaqqı göndərdiklərini, lakin ciddi bilgi ala bilmədikləri haqqında giley məktubu da yazdılar. Təskinlik məktubu yazdım. Bildirdim ki, qələmhaqqı önəmli deyil, gördükləri iş önəmlidir, buna görə imkanımız daxilində gərəkli köməkliyi edəcəyik. Onlar da bizə “DS” üçün materialların necə toplanması, toplanan materiallar əsasında məqalələrin yazılması, yazılan məqalələrin quruluşu və rəyə verilməsi haqqında təlimat göndərdilər.
Ensiklopediyada işlədiyimdən bu işin ağırlığını anlayırdım. Amma geri çəkilməyə də vicdanım yol vermirdi. Buna görə də, təlimat əsasında “DS”-nin Azərbaycan qrupunun layihəsini hazırladıq. 1998-ci il sentyabrın 3-də Azərbaycan Milli Demokratiya Fondunun prezidenti Ülvi Həkimovun rəhbərliyi ilə ilk toplantımız keçirildi. Qərara aldıq ki, qrupun tərkibi aşağıdakı kimi olsun:
1. Ülvi Mürsəl oğlu Həkimov (Azərbaycan Milli De-mokratiya Fondunun prezidenti) – layihə rəhbəri.
2. Əli Hüseyn oğlu Şamilov (Azərbaycan Milli Ensiklopediyasının qrup rəhbəri) – koordinator.
3. Əzizə Ağaəli qızı Şamilova (Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisi) – baş redaktor.
4. Vəfa Qüdrət qızı Saleh (Azərbaycan Milli Ensiklopediyasının redaktoru) – redaktor.
5. Ruqiyyə Cəmilli – Rus dilinə tərcüməci-operator.
6. Sara Məmməd qızı Abdullayeva (Azərbaycan Xarici Dillər Universitetinin Magistratura tələbəsi) – İngilis dilindən tərcüməçi.
Məsləhətçi və elmi redaktorlar:
1. Prof. Dr. Cəmil Həsənli.
2. Prof. Dr. Nəsib Nəsibzadə
3. Prof. Dr. Şövkət Tağıyeva
İnformator- məsləhətçilər:
1. Nadir Ağayev – dissident.
2. Sabir Yanardağ – dissident.
3. Asəf Kərimov – dissident.
4. Oqtay Eldəgəz – publisist.
5. Tahir Aydınoğlu – publisist
6. Yaşar Türkazər – ictimai fəal.
“DS”-nin Polşadakı mərkəzinə qrup haqqında bilgi verdik. Onlar da bizimlə razılaşdılar. Qrupun 12 sentyabr 1998-ci ildə keçirilən toplantısına “Xalq” qəzetinin redaktor müavini Tahir Aydınoğlu, “Ayna” – “Zerkalo” qəzetinin əməkdaşı İsmayıl Umudlu, Asif Ata Ocağının övladı Safruh (Elman Əliyev), Hikmət və Fikrət Ələfsər qardaşları və b. qatıldılar. İsmayıl Umudlu mətbuatda dissidentlərdən və repressiya qurbanlarından ən çox yazan jurnalistlərdən idi.
Həmin dövrün mətbuatında yazılanlara, şəxsi tanışların xatirələrinə əsaslanıb aşağıdakı siyahını tərtib etdik:
1. Cahid Hilaloğlu (Şirinov) – (1929. Ağdam ş. – 30.05.1991. Ağdam ş.);
2. Çingiz Mirzalı oğlu Abdullayev – (1929, Laçın ş. – İsveçrə, Bern ş. yaşayır);
3. Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov) – (21.10.1932. Salyan rayonu, Pirəbbə k. – 22.06.1994. Bakı ş.);
4. Asif Ata (Asif Qasım oğlu Əfəndiyev) – (25.09.1935. Ermənistan, Çaykənd k. – 05.06.1997. Bakı, Ağstafada dəfn olunub);
5. Safruh (Elman Ağa oğlu Əliyev) – (23.11.1939. Ağdam rayonu, İsmayılbəyli k. – Bakıda yaşayır);
6. Nadir Mirələkbər oğlu Ağayev – (13.03.1938. Salyan ş. – Bakıda yaşayır);
7. Sabir Yanardağ (Sabir Mustafa oğlu İmamverdiyev) – (26.02.1929. Şəki ş. – Bakıda yaşayır);
8. Hikmət Ələfsər (Həsənov);
9. Fikrət Ələfsər (Həsənov);
10. Nəsib Mirsaleh (Muxtarov);
11. Rasim Saqqızoğlu;
12. Nemət Sükut (Əbdürrəhimov) – (Bakıda yaşayır);
13. Beytulla Şahsoylu (Bağırov) – (Bakıda yaşayır);
14. Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) – (24.06.1938. Naxçıvan MSSR, Ordubad rayonu, Kələki k. – Bakıda yaşayır);
15. Ələsgər Həsən oğlu Siyabov – (Şərur rayonu. – Bakıda yaşayır);
16. Fəzayıl Ağamalıyev – (26.08. 1947. Ermənistan SSR Sisyan rayonu, Qızıl Şəfəq (İşıqlar) k. – Bakıda yaşayır);
17. Türk Aydın (Aydın Cabbar oğlu Abbasov) – (04.11.1938. Naxçıvan ş., Bakıda yaşayır);
18. Biriya (Məhəmməd Hacı Qulam oğlu Bağırzadə) – (1914. Təbriz –19.02.1985. Təbriz);
19. Hatəmi (Məhəmməd Fərzulla oğlu Hatəmi-Tantəkin) – (22.07.1935. Güney Azərbaycanın Astara ş. – Bakıda yaşayır);
20. Əbülfəz Hüseyni (Əbülfəz Aslan oğlu Hüseyni) – (1925. Güney Azərbaycan,Təbriz ş. – 03.12.1987. Bakı ş.);
21. İsfəndiyar Əli oğlu Bərxu (Çoşğun) – (1929. Gəncə ş. – 24.10.1991. Bakı ş.);
22. Məmməd Azərlu – (Bakıda yaşayır, Güney Azərbaycandandır, Hatəmi Tantəkin tanıyır, ondan soruşmaq olar)
23. Şamil Saleh (Şamil Saleh oğlu Əliyev) – (31.12.1937. Bakı ş. – Bakıda yaşayır);
24. Asəf xan Qubalı (Asəf Əsgər oğlu Kərimov) – (04.03.1956. Bakı ş. – Bakıda yaşayır);
25. Baycan Tahir oğlu Məhərrəmov – (12.03.1957. Bakı – 07.08.1983. Kislovodskda suda boğulub, Bakıda dəfn edilib);
26. Əli Azərli – (30.04.1961. Bakı, İçərişəhər – Bakıda yaşayır);
27. Nofəl Şərif oğlu Tahirzadə – (05.09.1958, Qutqaşen (Qəbələ) rayonu, Xırxatala k. – 06.08.1978. Mordoviya MSSR, Saransk şəhərində müəmmalı şəkildə suda boğulub, Xırxatala kəndində dəfn edilib);
28. Tofiq Vəndamlı (Tofiq Soltanəhməd oğlu Hüseynov) – şair, Rusiyada həbsxanada öldürüldüyü və ya xəstəlikdən öldüyü deyilir; qardaşları Bakıda yaşayır.
29. Rafiq Turabxan oğlu (Rafiq Turabxan oğlu Abdullayev – Sabah) – (09.06.1946. Qubadlı rayonu, Muradxanlı k. – Sumqayıtda yaşayır);
30. Səfər Şeyxov – (1942, Naxçıvanlıdır, 1963-cü ildə Sumqayıtda həbs edildiyi, 1986-cı il Martın 1-də 2 il 6 ay həbs cəzası verildiyini, hazırda Naxçıvan şəhərində yaşadığını deyirlər);
31. Məmməd Məhəmməd oğlu Cabbarlı – (1920 – 09.11.1996. Sumqayıt ş.);
32. Asif Bayramov – (1963-cü il Sumqayıt hadisələrinə görə 3 il həbs cəzası alıb. Sumqayıt şəhərində yaşayırdı);
33. Əli Talış – (1963-cü il Sumqayıt hadisələrində tutulub. Nasosnuda şoferdi, bazarın içində yeməkxanada işləyir);
34. Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə – (20.08.1912. Tbilisi – 02.08.1984 г. Bakı);
35. Xudu Surxay oğlu Məmmədov – (14.12.1927. Ağdam rayonu, Mərzili k. – 15.10.1988. Bakı ş.);
36. Nurəddin Bəşir oğlu Məmmədov – (Ağdamda yaşayıb, indi qaçqındır);
37. Qənbər Əsgərov – (Jdanov (Beyləqan) rayonunda doğulub, Azərbaycan Dövlət Unversitetinin fəlsəfə müəllimi. Bir qızı öldürməkdə suclanaraq güllələnib);
38. Surxay Əlibəyov – (Ağdamda yaşayıb, indi qaçqındır);
39. Karlen Hüseyn oğlu İbrahimov – (1934. Naxçıvan ş.– ? 06.1975. Naxçıvan ş. Naxçıvanda təxminən 1970-71-ci illərdə həbs edilib);
40. Cəfərqulu Nəcəfov – (Naxçıvan MSSR, İliç (Şərur) rayonu, Qarabağlar kəndindəndir);
41. Bəhmən Kazım oğlu Cəfərov – (Bakıda 1955-ci ildə həbs edilib);
42. Allahverdi Hüseynəli oğlu Qurbanov – 1940-cı ildə Biləsuvar rayonunda (keçmiş Puşkin rayonu) anadan olub. Leytenant Şmitd adına zavodda işləyib. 1965-ci ildə həbs edilib.
43. Paşa Əbdülrəhimov Allahverdi Qurbanovla birlikdə 1965-ci ildə həbs edilib. Teatr İnstitutunda oxuyub. Tibb İşçiləri Evinin bədii rəhbəri olub, Ana Dili Cəmiyyəti yaradıb (Böyük qrup olub. Həbs edilənlərsə 4 nəfər olub) 1968-69-cu illərdə avtomobil qəzasında ölüb.);
44. Kamil Xəlil oğlu Rzayev – (1955-1956-cı illərdə Bakıda və Sumqayıtda küçələrə vərəqlər yapışdırdığına görə həbs edilib);
45. Fazil Baba oğlu Əliyev – (Bakıda 1955-ci ildə Leninə yazdığı şeirə görə həbs olunub).
46. Elməddin Məhəmməd oğlu Əlibəyzadə – (05.11.1925. Vartaşen (Oğuz) rayonu, Muxas k. – Bakıda yaşayır və AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri işləyir);
47. Oqtay Eldəgəz (Rəfibəyli) (1934-cü ildə Bakının Bülbülə kəndində anadan olub, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Unversitetinin Filologiya fakültəsində oxuyub, 1963-cü ildə 3 il 10 gün, 1975-ci ildə 3 ay 11 gün həbs cəzası verilib)
48. Nurəddin İslamzadə – (Bakıda yaşayır);
49. Müqtədir Qədirli – (Bakıda yaşayır);
50. Əvəz Xuluflu – (Bakıda yaşayır);
51. Qorxmaz Soltanməcid oğlu Əfəndiyev – (rəssam, Bakı ş. yaşayıb);
52. Sabir Əli oğlu Azər – (22.03. 1938. Ağstafa rayonu, Dağ Kəsəmən k. – Bakıda yaşayır, Yazıcılar Birliyinin üzvüdür);
53. Qaçay Köçərli (Qaçay Fərman oğlu Şirinov) – (27.08.1967. Tərtər rayonu, Köcərli k., Azərbaycan Dövlət Radio və Televizya Komitəsində işləyir);
54. Osman Nurəddin oğlu Əfəndiyev – (18.12.1941. Qazax rayonu, İkinci Şıxlı k., – Bakıda yaşayır);
55. Ənvər Odabaşev – (Axısqa Türklərindən, 1971-ci ildə Bakı şəhər Kirov Rayon Xalq Məhkəməsinin hökmü ilə həbs olunub);
56. Müxlis Niyazov – (Axısqa Türklərindən, 1971-ci ildə Bakı Şəhər Kirov Rayon Xalq Məhkəməsinin hökmü ilə həbs olunub);
57. Əlləz İzzətov – (Axısqa Türklərindən, 1971-ci ildə Bakı Şəhər Kirov Rayon Xalq Məhkəməsinin hökmü ilə həbs olunub);
58. İslam Kərimov – (Axısqa Türklərindən);
59. Teyfur İlyasov – (Axısqa Türklərindən);
60. Mikayıl Azaflı (Mikayıl Cabbar oğlu Zeynalov)– (21.03.1924. Tovuz ş. – 12.10.1990. Tovuz ş.);
61. Məzahir Daşqın (Məzahir Həmzə oğlu Axundov) – (1909-cu ilin payızı, Tərtər rayonu, İncə Borsunlu k. – 31.10.1979. Tərtər rayonu, Borsunlu k.);
62. Aşıq Alxan Qurban oğlu Ömərov (14.07.1905. Gürcüstan SSR, Qardabani (Qarayazı) rayonu, Kosalı k. Leninin heykəlini və ya büstünü güllələdiyinə görə həbs edildiyini deyirlər);
63. Bisavad Teymur Ələsgər oğlu Əhmədov– (1903, Qasım İsmayılov (Goranboy) rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Gəncədə yaşayıb)
64. Kəmsavad Məhəmməd– Gəncə şəhəri.
65. Tanqo-Taner (Tanrıqulu Əliyev) – (15.07.1938. Gürcüstan SSR, Qardabani (Qarayazı) ş.– 05.03.1997. Bakıda ölüb, Qardabanidə dəfn olunub);
66. Tofiq Abdin – (01.09.1941, Salyan rayonu, Qırmızıkənd k., – Bakıda yaşayır);
67. Bəhlul Abdullayev – (1940, Lerik rayonu, Zuvand kəndi – Buzovna qəsəbəsində yaşayır, AMEA Ədəbiyyat İnstitutunda işləyir);
68. Mövlud Süleymanlı (Mövlud Süleymanov) – (18.03.1943. Ermənistan SSR, Kalinino rayonu, Qızıl Şəfəq (Cücəkənd) k., – Azərbaycan Dövlət Radio və Televizya Komitəsi sədrinin müavini işləyir)
69. Bağır Bağırov – (publisist, ASE əməkdaşı);
70. Məmməd Məmmədov – (Tovuz rayonunun Alakol kəndində fizika muəllimi);
71. Əli Həsənov – (Bərdəlidir);
72. Hüseyn Səmədov – (Yevlaxlıdır);
73. İsrafil İbadov – (harada yaşadığını müəyyənləşdirə bilmədik)
74. Ələkbər Məmmədov – (harada yaşadığı bilinmir);
75. Xəlil Eşqi (İbrahimxəlil Axundov) – Qazaxlı, 1970-ci ildə Azərbaycan Dövlət Unversitetinin Jurnalistika fakültəsinə qəbul olunub, oradan qovulub. Bir il sonra bərpa olunub. Gəncədə qəzetdə işləyib. Moskvada, Kremldə Sovet İttifaqı Kommunist Partiyasına etirazını bildirmək üçün Rusca “Doloy KPSS” (Rədd olsun Sov.İKP) şüarı yazaraq təkbaşına nümayiş etdiyinə görə DTK tərəfindən həbs edilərək dəlixanaya salınıb. Bir müddət sonra Azərbaycana göndərilib)
76. Rahimi Dünyamalıyev – (1970 – 1975-ci illərdə Azərbaycan Dövlət Unversitetinin Jurnalistika fakültəsində oxuyub. Kəlbəcərdə rayon qəzetində işəyərkən rüşvət almaqda suçlanaraq həbs edilib. 1946-cı ildə İrandan gəlmiş ailənin övladıdır. Oğlunun haqsız həbs edildiyinə etiraz əlaməti olaraq Rahimi Dünyamalıyevin anası SSRİ Qırmızı Aypara Cəmiy-yətinə dəfələrlə müraciət edərək xarici ölkələrə mühacirət etmək istədiyini bildirib. Bundan sonra Rahimi Dünyamalıyevi həbsdən buraxıblar).
77. Ramazan Qurbanov – (milliyətçə Türkməndir. Azərbaycan Elmlər Akademiyasının 1975-ci il noyabrın 18-də keçirilən konfransında “Azərbaycan tarixşünaslığında tərtib olunan qaydaların əleyhinə çıxan” qrupun üzvü kimi tənqid olunub)
78. Sabir – (Qubanın Amsar kəndindən olan bu adam 1971-ci ildə Moskvada, Kremldə sinəsinə СССР нарушает права человека “SSRİ insan haqlarını pozur” yazıb gəzirmiş (Bu hadisəni söyləyən: keçmiş prokuror Rafiq Abbasov);
79. Məcid Əliəşrəf oğlu Axundov – (Ermənistan SSR Krasnoselo rayonu, Ardanış k. – Geofizik, 1969-cu ildə həbs olunub, “Mirzə Məcid” kimi tanınır. Vorovski (Bakı ş.) tərəflərdə mollalıq edirmiş);
80. Elburus Hüseyn oğlu Hacılı – (Ermənistan SSR, Karasnoselo rayonunun Qaraqoyunlu kəndindəndir, Sumqayıt şəhərində yaşayır, 1970-ci il iyulun 25-də Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxarıldığını deyirlər);
81. Şamil Əsgərov – (Kəlbəcərdə yaşayıb, Maarif şöbəsinin müdiri olub, həbs edilib);
82. Əli Məmmədov (Kürdüstani) – (Bakıda yaşayıb, fotoqraf, yeni əlifba yaradıcısı)
83. İlya Qabay – (09.10.1935, Bakı, ş. milliyətçə yəhudidir, Sovet Sosialist Respublikaları İttifaqında insan haqlarının müdafiəsi üzrə “Təşəbbüs qrupu”nun üzvü olub, Mustafa Cəmillə birgə mühakimə edilib. 20.10.1973-də özünü öldürdüyü deyilir. Bakıda dəfn olunmasını vəsiyyət edib);
84. Zelik İosifoviç Yampolski – (1911. Lənkəran – 1981. Bakı. Görkəmli Azərbaycan tarixçısı, tarix elmlər doktoru. Milliyyətcə yəhudidir. Azərbaycan Elmlər Akademiyasının 1975-ci il noyabrın 18-də keçirilən konfransında “Azərbaycan tarixşünaslığında tərtib olunan qaydaların əleyhinə çıxan” qrupun üzvü kimi tənqid olunub);
85. Vyaçeslav Sergeyevic Oskin – 1953-cü ildə Bakıda doğulub. Akademik Mirqasımov küçəsində yaşayıb. Naxçıvan Dövlət Təhlükəsizliyi Komitəsində işləyib. 1985-ci ildə orada işdən qovulub. İsrailə getdiyi güman edilir.
86. Valeriy Marçenko – (16.09.1947 -07.10.1984. Ukrayna);
87. İsmail Farka (İsmail Rubeyzi Abedin oğlu Farka) – (20.04.1933. Albaniya Respublikası, Şikoddərə ş. – Şüvəlan qəsəbəsi yaxınlığındakı bağ sahəsində kiçik yarımtikilidə yaşayır).
Siyahını hazırlarkən heç bir qayda gözləməmişdik. Qəzet və jurnallardan oxuduqlarımızı, eşitdiklərimizi yazır və sonra da bildiyimiz faktları əlavə edib axtarış aparırdıq.
Sumqayıt şəhərindəki Şüşə Qablar Zavodunda fəhlə işlərkən (1966-1967-ci illər. Orada iş üç növbəli idi) gecə iş yoldaşlarımızdan Asif Bayramovu zavodun giriş qapısına çağırdılar. Hadisə noyabrın 4-də, biz ikinci növbədə (saat 16.00-dan 24.00-dək) işlədiyimiz zaman olmuşdu. O getdi və geri qayıtmadı. Onunla gedən iş yoldaşımız gəlib dedi ki, giriş qapısında duranlar onu milis maşınına mindirib aparıblar. Səhv etmirəmsə, Asif Bayramov Qubadlıdan idi. Seximizdə işləyənlərin də çoxu Qubadlı və ona yaxın rayonlardan gələnlərdi. Aralarında qohumluq əlaqələri də vardı. Görünür, qohumluq əlaqələrinə və yerliçiliyə görə Asif Bayramovu müdafiə edənlər bir yerə toplandılar. Biz də iş yoldaşımıza qarşı edilmiş haqsızlığa görə onlara qoşulduq.
Sexdə iş dayandı. Öncə hay-küy başladı. Ağız deyəni qulaq eşitmirdi. Ürəklərini boşaldandan sonra nisbətən sakitləşdilər. Müzakirəyə başladılar. Gecə olduğundan zavod və sex rəhbərliyindən heç kim yox idi. Müzakirələrdə seximizdə Qubadlıdan olan, əmək qabaqcılı kimi tanınan və yaşı 40-ı keçmiş birisi (təəssüf ki, adını unutmuşam) liderliyi ələ aldı. Təxminən bir saatlıq müzakirə getdi. Çoxlu təkliflər irəli sürüldü. Sonda qərara alındı ki, işi dayandırıb sexin yük maşını ilə milis idarəsinə gedək. Fəhlələrin yük maşınından enib hay-küylə növbətçi otağına daxil olması azsaylı milis işçilərini bərk narahat etdi. Lakin bizə qarşı sərt davranmadılar. İnana bilmirdim ki, bunlar həmişə gördüyüm, asıb-kəsən, hədə-qorxu ilə danışan adamlardır. Açıq-aşkar görünürdü ki, narahatdırlar. Bərk əl-ayağa düşmüşdülər. Növbətçi otağındakı telefonla da heç yerə zəng vurmurdular. Amma qonşu otaqlardakı həyəcanlı danışıq səslərini milis idarəsinin həyətində gəzişən fəhlələr aydın eşidirdilər. Həyətdəki milis işçilərinin bir-ikisi də diqqətlə fəhlələrin hərəkətlərini izləyirdilər.
1984-cü il. Bakı, indiki Fəvvarələr bağı. Soldan: Əbülfəz Elçibəy (Əliyev), Şamil Saleh (Əliyev), Elməddin Əlibəyzadə, Əli Məmmədov (Kürdüstani), Sabir Yanardağ (İmamverdiyev), Xəlil Rza Ulutürk.
Beş-on dəqiqə sonra milis idarəsinin qarşısına “Jiquli” markalı maşınlar gəlməyə başladı. Maşından düşən mülki və milis paltarlı adamlar bizə əhəmiyyət verməyirmiş kimi kabinetlərinə keçirdilər. Bir azdan özünü milis idarəsinin rəis müavini kimi təqdim edən birisi növbətçi otağına gəldi. Sakitcə bildirdi ki, növbətçi otağı darısqaldır və biz də milisin işinə mane oluruq. Danışıq üçün hamımızı həyətə dəvət etdi.
Razılığa gəlindi ki, beş nəfər nümayəndə onun kabinetinə keçib məsələni aydınlaşdırsın, qalanlar sakitcə nəticəni gözləsin. Çılgınlığım və marağım mənim də beş nəfərin sırasında içəri keçməyimə səbəb oldu. Özünü rəis müavini kimi təqdim edən mülkü paltarlı şəxs bizi dinlədi və dedi: “Sizin iş yoldaşınız burada deyil. KGB, görünür, onu Bakıya aparıb. Biz onlarla danışdıq və vəziyyəti öyrəndik. Elə bir ciddi iş yoxdur. Anlaşılmazlıq olub. Bir-iki günə buraxacaqlar”.
Böyük hay-küylə gələn iş yoldaşlarım KGB sözünü eşidəndə sakitləşdilər. Mən isə yeniyetməlik çılğınlığı ilə hay-küy salır, əl cəkmək istəmirdim. Yadımda qalan odur ki, hirslə: “Bilsəydim, onu tutmağa gəliblər, həmin maşını yandırardım, qoymazdım aparsınlar”– dedim. O, hirslənmədi, mənə hədə-qorxu da gəl-mədi. Gülümsəyərək: “Vaxtilə o da milisin maşınını yandırmışdı. Həbsdən qurtarsa da, canını hələ qurtara bilmir” – dedi.
Yaşlı iş yoldaşlarım məni itələyərək çölə çıxardılar və yük maşınına mindirdilər. Bir azdan nümayəndə heyəti gəlib iş yoldaşımızı 1963-cü ilin noyabrında Sumqayıtda keçirilən rəsmi paradda baş vermiş qarışıqlığa görə saxladıqlarını söylədilər. Hamı sakitləşdi. Evə getməyi qərara aldıq. Mən qaldığım yataqxananın yaxınlığında maşından endim. Yataqxanaya doğru gedəndə arxadan məni çağırdıqlarını eşidib ayaq saxladım. İş yoldaşım Möhsün gəlib mənə çatdı. Onun bu məhəllədə qalmadığını bilirdim. Təəccübləndim ki, nədən mənimlə eyni vaxtda maşından enmədi və məni niyə çağırır. Yaxınlaşanda sakitcə dedi: “Yataqxanaya getmə. Bu gecə gəlib səni də apara bilərlər. Gəl mənimlə gedək. Bacımgildə qalaq, sonra görək nə olur?”.
Onun həssaslığı və qayğıkeşliyi məni bərk kövrəltdi. Heç nə demədən onunla getdim. Gecənin qaranlığında dolanbac yollarla getdik. Gecə saat təxminən 2.00-də bir həyət evinin qapısına çatdıq. O, qapını döymədən əlini qapının arxasına keçirib açdı. Möhsün nədən gecənin bu vaxtında gəldiyimiz haqqında bilgi vermədi. Bacısı və ailəsi də gəlişimizdən narahatlıq hiss etdir-mədilər. Yatmaq üçün ikimizə bir otaq ayırdılar. Amma yuxumuz qaçmışdı. Həmin gecə Möhsün 1963-cü il noyabrın 7-də Oktyabr Sosialist İnqilabının ildönümü ilə bağlı keçirilən paradın neçə dağıdıldığını, fəhlələrin hərbi komissarı, milis və partiya-sovet rəhbərlərini döydüklərini, rəhbərlərin neçə qaçıb gizləndiklərini, milislərin iki daşın arasında paltarlarını dəyişdiklərini, mağazaları dağıtdıqlarını, milis idarəsinə hücum edərək maşınları və s. yandırdıqlarını danışdı. Bizim iş yoldaşımız da həmin hadisənin iştirakçısı kimi həbs olunubmuş. Cəzasının bir hissəsini çəkdikdən sonra qalan hissəsini də zavodda işləyərək başa vurmağa göndərilibmiş.
Mən həmin gecə Sumqayıt hadisələri haqqında geniş bir xatirə eşitdiyimdən “DS”-yə onların da adının düşməsini istəyirdim. Faktları topladıqdan sonra gördüm ki, onların heç birinin fəaliyyəti imkan vermir ki, haqlarında “DS”-yə məqalə hazırlayaq. Sumqayıt hadisələrinə görə məsuliyyətə cəlb edilmiş Əli kişini bir neçə dəfə sorğu-suala tutdum. Sovet Sosialist Respublikaları İttifaqınin dağıldığını, onların qorxmasına səbəb qalmadığını söylədim. O da böyük həvəslə 7 noyabrda baş verənlərdən, hissə qapılıb mağazaların vitrinlərini qırdıqlarından, milis idarəsinə hücum etdiklərindən, maşınların yandırılmasından danışdı. İstər paraddan əvvəl, istərsə də həbsdən sonra heç bir gizli təşkilatla əlaqəsi olmadığını bildirdi. Məhkəməsi olanlar da onun kimi, sosial narazılıqdan cana gəldikləri üçün paradda qarışıqlıq düşəndə vurub-dağıtdıqlarını söylədi.
Sumqayıt hadisələri haqqında istər gəncliyimdə, istərsə də sonralar eşitdiklərim məndə bu qənaəti yaratmışdı ki, Azərbaycanda gizli bir təşkilat olub. Onlar noyabr paradını etiraz mitinqinə çevirməyi planlayıblar. Lakin təşkilat zəif olduğundan istədiklərini həyata keçirə bilməyiblər. Sosial narazılığın da güçlü olması partlayışa, iğtişaşa səbəb olub. Təşkilat üzvləri də bu iğtişaşı durdura bilmədiklərindən, qarşısını nə gizli təşkilatın, nə də hökumət qüvvələrinin ala bilmədiyi bir iğtişaş baş verib. Bunu mən də öz həyatımda yaşadım və gördüm.
Naxçıvanda gizli təşkilat üzvləri 1988-ci il noyabrın 21-də toplaşaraq 22 noyabrda dinc etiraz mitinqi keçirməyi planlamışdılar. Mitinq baş tutdu. Lakin mitinqə bizim nəzərdə tutduğumuzdan dəfələrlə çox insan gəldi. Meydana toplaşanlar bu işin təşkilatçılarını tanımırdılar. Çoxu da yaranmış imkandan istifadə edərək “ürəyini boşaltmaq” istəyirdi.
Təxminən iki saat sonra təşkilatçılar mitinqi idarə edə bilmədilər. Mikrofonu ələ keçirənlər toplananların qəzəbini Vilayət Partiya Komitəsinin rəhbərlərinə yönəltdilər. Adamlar Vilayət Partiya Komitəsinin binasına doğru irəlilədilər. Binanı daşlamağa başladılar. Milis işçiləri və xüsusi xidmət orqanlarının əməkdaşları vəziyyətin gərginləşdiyini görən kimi qaçıb gizlən-dilər. Vilayət Partiya Komitəsinin rəhbərliyi toplananları qorxut-maq və özlərini qorumaq üçün şəhərdəki diviziyanın komandanlı-ğından yardım istədi. Diviziya rəhbərliyinin də bu işdə təcrübəsi olmadığından təlim-məşqə gedən zirehli texnikanı meydana gön-dərdi. Bu isə vəziyyəti daha da gərginləşdirdi. Mitinq iştirakçıları meydana yeridilən zirehli texnikanı cevirdi, hərbi maşınların üzə-rinə yanar butulkalar atdılar. Beləcə, iğtişaş başladı… İşə Moskva qarışdı. Şəhərə desantlar yeridildi və hərbi vəziyyət elan edilərək komendant saatı tətbiq edildi.
Mitinqin təşklatçıları bunu gözləmirdilər. Naxçıvan Vilayət Partiya Komitəsini daşlayanlar, zirehli texnikaya yanar butulkalar atanlar və onların qarşısını kəsib çevirənlər arasında bir nəfər də olsun gizli təşkilatın üzvü yox idi.
Sumqayıtdakı 5 saylı növbəli fəhlə-gənclər məktəbində oxuyarkən (1966-1967) sinif yoldaşım şüvəlanlı Cavanşir Hacıyevdən Azərbaycanda milli məsələlərlə məşğul olan gizli bir təşkilatın varlığı haqqında eşitmişdim. Cavanşir Hacıyevə görə, dayısının da üzv olduğu bu təşkilata Azərbaycanın fərqli bölgələrində yaşayan, ali təhsilli, müxtəlif partiya-dövlət idarələrində çalışanlar daxil idi. Şıxəli Qurbanovun da bu təşkilatın üzvü olduğunu ilk dəfə Cavanşir Hacıyevdən eşitdim. O dövrdə Şıxəli Qurbanov və onun ölümü ilə bağlı xalq arasında çox söz-söhbət gedirdi.
Cavanşir Hacıyev milli məsələyə maraq göstərdiyimi bilsə də, təkidlərimi qulaqardına vurdu, dayısı ilə məni tanış etmədi. Buna baxmayaraq, uzun müddət həmin təşkilatın olub-olmaması ilə maraqlandım.
Azərbaycan müstəqillik əldə etdikdən sonra milli yöndə çap olunan yazılar içərisində Oqtay Eldəgəzin (Rəfilinin) məqalələri xoşuma gəlirdi. Dəfələrlə görüşüb söhbət etmiş, yaxın tariximizin qaranlıq səhifələrini çözələməyə çalışmışdıq. Belə söhbətlərin birində Cavanşir Hacıyevin mənə dediklərini yada saldım. Oqtay Eldəgəz bir az fikrə getdikdən sonra dedi ki, 1962-ci il dekabrın 17-də 95 nəfər ziyalının iştirakı ilə Milli Azadlıq Qərargahı (MAQ) yaratmışdıq. Mən sədr, görkəmli alimimiz Xudu Məmmədov da sədr müavini seçilmişdik. O adamlar arasında Şüvəlandan da birisi vardı. Görünür, sinif yoldaşının Milli Azadlıq Qərargahı (MAQ) haqqında bilgisi az imiş.
Biz “DS”-ni hazırlayarkən bu haqda Oqtay Eldəgəzə geniş bilgi verdim. Onun və Milli Azadlıq Qərargahı (MAQ) fəallarının haqqında “DS”-yə məqalə vermək mümkün olub-olmadığını soruşdum. O qətiyyətlə dedi ki, biz oraya düşə bilmərik. Biz mason tipli bir təşkilat yaratmışdıq. Rəhbər vəzifələrdə yerli kadrları, yəni azərbaycanlıları artırmaqla xalqımıza xeyir vermək istəyirdik.
Sabir Azəri və Qaçay Köçərli də 1956-cı il hadisələrinə görə həbs edilmişdilər. Əlimizdə onların istintaq materiallari və məhkəmə sənədləri yox idi. Özləri ilə söhbət edərkən hər ikisi Stalini şəxsiyyətə pərəstişdə ittiham etdiklərinə görə etiraz edənlərə qoşulduqları üçün həbs edildiklərini söylədi. Onlar Tbilisidə dinc nümayişçilərin dağıdılmasında güc tətbiq edilməsinə, onlarla insanın öldürülməsinə və yaralanmasına etiraz etməmişdilər. Onları Stalin rejiminin müdafiəçisi kimi həbs etmişdilər. Buna görə onların da adını “DS”-yə daxil edə bilmədik.
Sovet rəhbərliyi 1956-cı ildən sonra ölkənin beynəlxalq qanunlarla idarə edildiyini, siyasi əqidəsinə görə insanların təqib və təzyiqlərə məruz qalmadıqlarını, ayrıfikirlilərə divan tutulmadığını desə də, həqiqət onların dediyi kimi deyildi.
Məsələn, Cahid Hilaloğlu Qız qalasına Azərbaycan Cümhuriyətinin (28.05.1918 – 27.04.1920) üçrəngli bayrağını qaldırdığına görə tutulsa da, onu Bakıda qrup şəklində oğurluq və quldurluqla məşğul olan dəstənin üzvü kimi cinayət məsuliyyətinə cəlb etmişdilər.
Məzahir Daşqın, Teymur Bisavad, Məhəmməd Kəmsavad və Mikayıl Azaflının məclislərdə insan haqlarının tapdandığından, vətənin əsarətdə olduğundan bəhs edən üsyankar şeirlər oxuduğu haqqında söhbətlər gəzirdi. Onların şeirləri çap olunmasa da, şeir həvəskarları, aşıqlar əzbərləyir, ağızdan-ağıza keçərək yayılırdı. Məzahir Daşqın şeirlərindən birində deyirdi:
Koramaltək sürünməkdən, söylə, varmı bir məna?
Nə vaxtacan çörək üçün girim hər alçaq dona?!
Mən insanam, qəlbim vardır, kəskin zəkam, əqlim var.
Bəs deyilmi çiynimizi yağır etdi bu yadlar?!
Nə qədər ki hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı üsyankaram, əzilsəm də, SUSMARAM !!!
Belə şeirlər nəinki hakim dairələrin, hətta sıravi sovet təbliğatçılarının da xoşuna gəlmirdi. Cəmiyyətdə bu tipli adamların artmaması üçün onlar haqqında qəti və sərt tədbirlər görülməsini istəyirdilər. Sovet İttifaqı Kommunist Partiyasının 1956-cı ildə keçirilən 20-ci qurlutayından sonra qəbul edilmiş qanunlar isə onların həbsinə imkan vermirdi. Həm də onlar haqqında ciddi faktlar, açıq məhkəmədə üzlərinə duracaq şahidlər tapmaq çətinləşmişdi.