Tıq-tıq xanım

Abonelik
0
Yorumlar
Parçayı oku
Okundu olarak işaretle
Satın Aldıktan Sonra Kitap Nasıl Okunur
  • Sadece Litres Olarak Okuma “Oku!”
Tıq-tıq xanım
Yazı tipi:Aa'dan küçükDaha fazla Aa

“Abdulla Şaiqin müxtəlif yaşlı uşaqlar üçün yazdığı bir çox əsərlər bizim milli ədəbiyyatımızda misli və bərabəri olmayan ən gözəl nümunələrdir,”

– Mirzə İbrahimov, Xalq yazıçısı

“Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular, xeyirxah arzular baş qaldırmışdır,”

– İlyas Əfəndiyev, Xalq yazıçısı

ÖN SÖZ

Bir əsrə yaxındır ki, “Xoruz”, “Keçi”, “Dovşan” şeirləri, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” nağılları, demək olar ki, hər bir nəslin nümayəndələrinin dil açmağa başlayan körpəsindən ahıl yaşlılarına qədər hamının dilinin əzbəridir. Bəs bunun sirri nədədir?

Bu, həmin əsərlərin müəllifinin uşaq dünyasına təsir edə biləcək qədər pak, munis ruha malik olması və təbii ki, istedadı ilə əlaqədardır. Uşaq dünyasına nüfuz etmək, onun bir parçası olmaq üçün azyaşlıların hiss-həyəcanlarını, arzu-istəklərini, hətta sevmədiklərini dərindən bilmək və duymağı bacarmaq lazımdır. Abdulla Şaiq məhz belə bir təbiətə malik ustad idi. O, uşaqları çox sevirdi və bir ziyalı kimi dərk edirdi ki, uşaqlar millətin gələcəyidir; gələcəyini, inkişafını təmin etmək arzusunda olan bir millət öz tarixini bilməli, ana dilinə, milli mədəniyyətinə sahib çıxmalıdır. Abdulla Şaiq bütün fəaliyyətini məhz bu ideya ətrafında cəmləşdir-di. Onun çoxşaxəli fəaliyyəti apardığı ideoloji işin tərkib hissələridir.

Abdulla Şaiq Azərbaycanda milli ideologiyanın banilərindəndir. Onun yaratdığı “Şaiq Nümunə Məktəbi” ilə ölkəmizdə ana dilində təhsilin təməli qoyulub. Bu məktəb Azərbaycanın sonrakı inkişafında xüsusi xidmətləri olan milli təfəkkürlü ziyalı nəslini yetişdirdi. Cəfər Cabbarlı, Mikayıl Müşfiq,Tağı Şahbazi Simurq, Ruhulla Axundov, Böyükağa Talıblı, Niyazi, Hümmət Əlizadə, Mirzə İbrahimov, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli və başqaları məhz “Şaiq Nümunə Məktəbi”nin yetirmələridir.

Tədqiqatçı alim Yaşar Qarayevin də dediyi kimi, “pedaqoji intibahın görkəmli nümayəndələrindən” hesab edilən Abdulla Şaiq, həqiqətən də, Azərbaycanda məktəb-maarif işinin yüksəlişində mahiyyəti və miqyası etibarilə böyük uğurlara imza atmışdır. 1906-1907-ci illərdə Bakıda keçirilən müəllimlərin I və II qurultaylarında məhz Abdulla Şaiqin 30-a yaxın anadilli dərsliyin bəzilərinin müəllifi, bəzilərinin isə həmmüəllifi olmasına qərar verilib. Onun tərtib etdiyi “Uşaq çeşməyi” (1907), “Gülşəni-ədəbiyyatı” (1920), “Uşaq gözlüyü” (1910), “Gülzar” (1912), “Milli qiraət kitabı” (1919), “Türk çələngi” (1919), “Türkcə sərf-nəhv” (1924) və s. dərsliklər vasitəsilə uşaqlar ana dilini və milli ədəbiyyatı öyrənirdilər.

Uşaqların yaş və maraq dairəsinə uyğun şəkildə hazırlanmış bu dərsliklərdə ümumtürk mədəniyyətinin bütöv mənzərəsini görmək olar. Dərsliklərdə Məhəmməd Füzuli, Yunus İmrə, Nəfi, Seyid Əzim Şirvani, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Əhməd Hikmət, Xalid Ziya, Tofiq Fikrət, Rza Tofiq, Mahmud Əkrəm Rəcaizadə kimi yazıçıların əsərləri və bioqrafiyası yer alırdı. Seçdiyi nəzəri və əyani mətnlərdə şagirdlərə milli tarixə, milli mədəniyyətə sevgi, vətənpərvərlik duyğuları aşılayan müəllif, həm də vətənin təbiətini, heyvanlar və bitkilər aləmini azyaşlılara tanıdır və sevdirirdi.

Abdulla Şaiqin ədəbi bədii yaradıcılığı və pedaqoji fikirləri bir-birini tamamlayır. O bütün həyatını ədəbi, elmi yaradıcılığı və pedaqoji fəaliyyəti ilə böyüməkdə olan nəslin təlim tərbiyəsinə, savadlanmasına xidmət göstərmişdir. İstər dərsliklər üçün yazdığı, istərsə seçdiyi bədii mətnlərdə didaktik-əxlaqi motivlər üstünlük təşkil edir. Abdulla Şaiqin hər bir yaş dövrünə uyğun olaraq yazdığı uşaq əsərləri dilinin sadəliyi və oynaqlığı, tərbiyəvi ideyası, öyrədici olması baxımından əhəmiyyətlidir. Digər tərəfdən, ruhumuza yaxın, yaddaqalan olması bu əsərlərin xalq ədəbiyyatından qaynaqlanması ilə əlaqədardır. Ədib uşaq əsərlərini yazarkən Azərbaycan şifahi xalq ədəbiyyatının süjet və motivlərindən, obrazlarından sıx-sıx bəhrələnmişdir.

Uşaq ədəbiyyatının qızıl fonduna daxil olan, azyaşlılar üçün klassik ədəbi nümunələr yaradan Abdulla Şaiq yeni bir yol açmışdır. Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Mirmehdi Seyidzadə, Nüşabə Əlizadə, Mirvarid Dilbazi, Osman Sarıvəlli, Nigar Rəfibəyli, Mikayıl Rzaquluzadə, Əhməd Cəmil kimi xələfləri ədibin yolunu davam etdirmiş, uşaq ədəbiyyatını yeni və maraqlı əsərlərlə zənginləşdirmişlər.

Arzu Hacıyeva
filologiya üzrə fəlsəfə doktoru

Şeirlər

XORUZ

 
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,
Qoymayırsan yatmağa,
Ay canı məstan xoruz!
 

YETİM CÜCƏ

 
Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!
Açma o nazlı dimdiyin,
Başlama qəmli cik-ciyin.
Tək gəzinib sıxılma çox,
Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.
Səni o səslə səslərəm,
Dən, su verib də bəslərəm.
Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!
 

UŞAQ VƏ DOVŞAN

 
U ş a q
– Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.
 
 
D o v ş a n
– Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.
 

KEÇİ

 
Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!
Yalqız gəzmə, dolanma,
Dağa-daşa dırmanma.
Bir qurd çıxsa qarşına,
Sən nə edərsən ona?
Çoban açınca gözün
Qalar iki buynuzun.
 

YENİ KÖMƏKÇİ

 
Tarlaya gəldi Nəbi,
Gördü səhərdən bəri
Atası tək işləyir,
Tarlasını xışlayır.
Nəbi dedi: – Ay ata,
Gəl mənə öyrət, daha
Sən otur, mən işləyim,
Tarlamızı xışlayım.
– Çox gözəl, oğlum, görək!
Gəl öyrəş, eylə kömək!
Verdi xışı, oturdu;
Nəbi ürəklə durdu,
Xış sürməyə başladı,
Atası alqışladı.
 

SƏHƏR

 
Günəş doğdu, yayıldı,
Dağlar, daşlar ayıldı.
Sular, meşə, bayırlar,
Səhralar, həm çayırlar
Bir nur içində qaldı,
İşıq dünyanı aldı;
Üfüq alışdı-yandı,
Quşlar bütün oyandı.
Ötüşdü şad, xəndan,
Səs ilə doldu orman.
 

TƏPƏL KƏLİM

 
Qalx ayağa, təpəl kəlim,
Sahibinə tut əl, kəlim!
Xışlayım, həm səpim dəni,
Qoyma bu yerdə gəl məni.
Qarşıda qış, ayaz, soyuq –
Bir yığın həm çoluq-çocuq.
Onların əkmək ağacı
Sənsən, a başımın tacı!
Qalx ayağa, aman, aman,
Sənsiz olar işim yaman.
Kim tutacaq bu yerdə əl?
Qoyma yarımçıq işi, gəl.
Puç oldu, eyvah, əməyim,
Qırıldı, düşdü biləyim.
Sən idin yalnız köməyim,
Yıxıldı, sındı dirəyim.
 

DOVŞAN

 
Dovşana bax, dovşana,
Dovşan qaçdı bostana,
Yedi qovun, qarpızı,
Saldı bizi ziyana.
 

LAYLA

 
Layla dedim, yat ciyərim parası,
Ağlama çox, ey gözümün qarası!
Olma yemək-içməyin avarası,
Layla, quzum, layla, gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.
 
 
Böyü bir az, yeddi yaşa yetgilən,
Səhər tezdən dur, məktəbə getgilən;
Dərs oxuyub yazmağa səy etgilən;
Layla, quzum, layla, gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.
 
 
Təmiz geyib dolangilən gül kimi,
Hər gün oxu dərsini bülbül kimi;
Gəzmə küçələrdə gedib veyl kimi;
Layla, quzum, layla, gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.
 
 
Sən də çalış elm ilə şöhrət qazan,
Qalma cəhalətdə, olarsan yaman;
Elmlə abad olubdur cahan;
Layla, quzum, layla, gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.
 

ÇOBAN MAHNISI

 
Sürür inəkləri Dadaş
Otarmağa yavaş-yavaş;
Belində bağlama çörək,
Yanında bir ala köpək.
Basıb gözə papağını,
Vurub yerə çomağını,
Ara-sıra oxur, çalır,
Sürü həvəslə otlayır:
“Yaşıllanıb çəmən, çayır,
Səfalanıb dərə, bayır.
İnəklərim, ot otlayın,
Sabaha süd hazırlayın!
Sizi gözətləyir Fatı,
Əlində badya, həm çatı”.
 

PAYIZ GECƏSİ

 
Günəş saraldı, söndü,
Yavaş-yavaş büründü
Dumanlara çayırlar,
Dərə, dağlar, bayırlar.
Çökdü dərin qaranlıq,
Qaraldı həm ortalıq.
Qurd-quş daha əkildi,
Yuvasına çəkildi.
Yox səs-səmir bir yerdə,
Ancaq ki dərələrdə
Sular şırhaşır çağlar,
Səs verər qaya, dağlar.
 

PAYIZIN SON AYI

 
A bağça, barlı bağım,
Ay üzümlü çardağım!
Nə oldu, tez soldunuz,
Belə çılpaq oldunuz?
Qəmgin-qəmgin baxırsız,
Gizlin pıçıldaşırsız.
Halınız olmuş yaman,
Qırıb dağıdır xəzan.
Qış, deyəsən, yavuqdur,
Ah, üşüdük, soyuqdur.
Gedib geyim kürkümü,
İsti dəri börkümü,
Qalın hələ səlamət,
Bahara qalsın söhbət.
 

QUZU

 
Bir obada körpə quzu,
Mələr, mələr, qaçar düzü,
Anasın axtarar gözü.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
 
 
Gün əyildi, çökdü duman,
Sürü qayıtdı otlaqdan;
Səs-küy ilə doldu hər yan.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
 
 
Qoyunları çoban yığar,
Fatı xala gəlib sağar;
Quzum mələr, durub baxar.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
 
 
Anasını quzum görər,
Ayaqların yerə dirər,
Məməsini tapıb əmər.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
 
 
Quzum çıxdı göy otlağa,
Yanaşdı bir boz oğlağa,
Çıxdı onunla oynağa.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
 

OYAN, OĞLUM!

 
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya nura boyanmış.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
 

MƏKTƏBDƏ

 
Qonşumuzun oğlu Muradı, ata,
Qoydu keçən gün atası məktəbə.
Sən də gedib çanta, kitab al mənə,
Qoy, atacan, mən də gedim məktəbə.
 
 
Dünən gedib məktəbi mən görmüşəm,
Ay, nə qədər yoldaşlarım var, ata!
Bəyənmişəm məktəbi, çox sevmişəm,
Gəl məni də məktəbə qoy, ay ata!
 
 
Müəllimə söyləyirdi nələr…
Necə isti, soyuq yerlər var deyir.
Ay ata, dünyada var imiş nələr?
Yağış, duman nədən olur söyləyir.
 
 
Şəkil çəkirdilər uşaqlar, ata,
Mən də baxırdım: biri orman çəkir,
Biri çəkir at, biri ovçu, tula,
Biri daxma, biri dəyirman çəkir.
 
 
Sonra müəllim hamısın oxutdu,
Pəncərədən gördü, çağırdı məni.
İskamyada, ay atacan, oturtdu,
Dedi: – Atan məktəbə qoysun səni.
 

PAYIZ

 
Payız olur, əsir soyuq küləklər,
Solur dağda, çöldə əlvan çiçəklər.
Gecələr uzanır, günlər qısalır,
Göy üzünü qara buludlar alır.
Yağış yağır, duman çökür çöllərə,
İnildəyir çayır, çəmən, dağ, dərə.
Ağaclarda nə meyvə var, nə yarpaq,
Bağ-bağçalar olmuş bütün çıl-çılpaq.
Quşlar uçub dəstə-dəstə gedirlər,
İsti yerə köçüb, qışlaq edirlər.
 

CÜTÇÜ

 
Cütçü, əkinçi baba,
Bahar gəlir, qalx daha!
At kürkünü bir yana,
Büzüşmə çox, gəl cana!
Yaşıllanır çöl, çəmən,
Rəhmət yağır göylərdən.
Dayanma, get tarlaya,
Şumla, ək, biç, vur taya!
Cütçü, əkinçi baba,
Bahar gəlir, qalx daha!
 

UŞAQLAR

 
Yığışmış idi çocuqlar, edirdilər bayram,
Geyib gözəlcə, al-əlvan bəzənmiş idi tamam.
 
 
Deyib-gülüb, danışırlardı şövqlə xürrəm,
Bir-birinə baxırdı fəxriylə hər dəm.
 
 
Ayaq yalın, baş açıq, bir yetim möhnət ilə
Durub kənarda, ancaq baxırdı həsrət ilə.
 
 
Soluq-soluq o zavallı yetim çəkir idi ah,
Çocuqlar iştə bu məsumu gördülər nagah,
 
 
Yanaşdılar, onun əhvalına yanıb hamısı.
Səməd görür ki, yol ilə keçir onun babası,
 
 
Qaçıb dedi: – Babacan! Bu yetimə gəl bir bax,
Geyinmişik biz al-əlvan, o binəva çılpaq.
 
 
Gedib baba, şu yetimə libas alıb dərhal;
Geyib, zavallı qarışdı çocuqlara xoşhal.
 

ASLAN, QURD VƏ TÜLKÜ

 
Bir zaman tülkü, qurd, həm aslan –
Hər üçü bağladı belə peyman:
Ki bu gündən ələ nə düşsə şikar,
Üç yerə qismət eyləsin onlar.
Hamı “əhsən” dedi bu dadlı sözə,
Ov üçün çıxdılar bir otlu düzə.
Dərə ağzında tapdı üç ortaq:
Bir qoyun, bir keçi, quzu, oğlaq.
Dedi aslan: – Gəlin ovu bölüşək,
Bu qoyun ki mənə çatar, bişək.
Quzu olsun gərək mənim payım,
Çünki sizlərdə yox mənim tayım,
Bu keçi də gərək mənə yetişə,
Olmasın bir kəsin sözü bu işə.
Oğlağa kim uzatsa əl, bunu bil,
Eylərəm mən onun əlini şil.
 

TÜLKÜ VƏ ASLAN

 
Bir tülkü görməmişdi
Ömründə hərgiz aslan.
Bir gün görəndə şiri
Qorxub çəkildi yan-yan.
Bir həftə keçdi, tülkü
Aslanı bir də gördü,
Xof etməyib, uzaqdan
Baxdı, dayandı, durdu.
Üçüncü dəfə görcək
Getdi ona yanaşdı,
Şir ilə tutdu ülfət,
Güldü, dedi, danışdı.
 

TÜLKÜ VƏ QURD

 
Oldu bir yolda tülkü qurda düçar,
– Hara, – sordu, – gedirsən, ey sərdar?
Dedi qurd: – Ey iki gözüm, ciyərim,
Gedirəm hər yerə düşə güzərim.
Zülmdən qurtarıb olam rahət,
Yaxdı, yandırdı canımı zillət.
Hər zaman ki məni görür insan,
Öldürür, rəhm etməyir bir an.
Dedi tülkü: – De bir mənə işini,
Aparırsanmı o tamah dişini?
– Harda olsam, gərək olur bu dişim.
Söylə, dişsiz mənim aşarmı işim?
Dedi tülkü: – Əbəsdir bu söhbət,
Ey gözüm, çəkmə boş yerə zəhmət.
Nə qədər ki səninlədir bu dişin,
Keçəcək hər məkanda böylə işin.
 

BAHAR

 
Bağçalarda açır gül,
Fərəhlənir hər könül.
Uçur duman, qəm, kədər,
Şən-şən ötür hər bülbül.
Yaşıllanır dağ, yamac,
Bəzək vurur hər ağac.
Dərə, təpə, çöl, çəmən
Çiçəklərdən qoyur tac.
 
 
Bahar eylədikcə naz
Elin kefi olur saz.
Əkir, biçir həvəslə,
Deyir: – Var ol, gözəl yaz!
 

YETİM

 
Soyuq gecə, səs edirdi boran çox hiddət ilə,
Bayırda bir uşaq ağlardı dərd, möhnət ilə.
Əli, üzü bozarıb, səslənir o dərdli yetim:
– Soyuqdan öldüm, aman, dondu, ah, bütün bədənim.
Acam, donub ölürəm, yoxdu bir nəfər insan
Yemək verib mənə rəhm eyləsin bu gündə, aman!
Yazıq yetimi bu halətdə bir qarı görcək
Alıb onu otağa, qızdırıb da verdi yemək.
Yuyub ayaqlarını saldı tez onu yatağa,
“Nə istidir!” – sevinib, getdi o, şirin yuxuya.
 

QONAQLIQ

 
Vəli yazıb dərsini, uzanmış idi yerə,
Köpək səsi eşitdi bayırda birdən-birə.
Tez qapıya yüyürdü, qaçdı sevincək: – Ana!
Həsən dayımdır gələn, Minadostum və Sona.
Girdi qonaqlar, hamı sevindi bu gəlişdən,
Qucaqlayıb bir-birin, görüşərək oldu şən.
Bir otağa aldılar qonaqları şövq ilə,
Orta ocağı çatıb, əyləşdilər zövq ilə.
Dəmir qara ocaq da çırtaçırtnan yanırdı,
Qığılcımı, şöləsi bacaya dırmanırdı.
Ballı xala tez gedib gətirdi boşqabda bal,
Ortalığa qoydular qatıq, çörək, yağ, irçal.
Yeyib-içib həvəslə, alqışlayıb külfəti,
Halqa vurub, yenidən başladılar söhbəti.
Öz işlərindən deyib, danışdılar keçəndən,
Gah arpadan, buğdadan, gah heyvandan, biçindən.
Keçdi yarıdan gecə, sükut içində hər yan,
Şiddət ilə qar yağır, səs edir ancaq boran.
 

MAHNI

 
Doğdu günəş qırmızı,
Can gülüm, can, can!
Topladı oğlan qızı,
Can gülüm, can, can!
Hər birimiz bir günəş,
Can gülüm, can, can!
Bir bağçanın ulduzu,
Can gülüm, can, can.
 
 
Qaçdı ayaz, qar, boran.
Can gülüm, can, can.
Bizə qaldı çöl, orman,
Can gülüm, can, can.
El şənlənir, canlanır,
Can gülüm, can, can.
Sevinc içində hər yan,
Can gülüm, can, can.
Ordusunu dağıtdıq,
Can gülüm, can, can.
Qar, borana son verdik,
Can gülüm, can, can.
Qara günə son verdik,
Can gülüm, can, can.
 
Ücretsiz bölüm sona erdi. Daha fazlasını okumak ister misiniz?