Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Ac həriflər», sayfa 3

Yazı tipi:

Üçüncü məclis

ƏHLİ-MƏCLİS

Ağa Məhəmməd şah Qacar

II İrakli – Gürcüstan padşahı

Yuhan – onun nəvəsi, şahzadə

Tavad Amilaxvari – katib, sərkərdə

Tavad Sereteli – İmeretiya qoşununun sərkərdəsi

Sadıq xan – İran atlı qoşunun sərkərdəsi

Sərkərdələr, elçilər, pişxidmət62 və qoşun adamları

Əvvəlinci məclis

Tiflis. II İraklinin bargahı. İrakli əyləşib səndəl üstündə, yanında sərkərdələr və katib.

II İrakli. Həzərat! Gürcüstanın başı üstündə qara buludlar oynaşır. Nadir şahın xacəsi Ağa Məhəmməd özünə şah adı qoyub, bizlə İbrahim xan Qarabaği arasında olan ittifaqnaməni bəhanə tutub, Qarabağa hücum edib. Mən də, necə ki sizə məlumdur, öz oğlum Aleksandrı qoşunla İbrahim xanın köməyinə göndərdim. Allahın köməyi ilə qoşun birləşib, Ağa Məhəmmədin hücumunu dəf ediblər. İndi Ağa Məhəmməd çəkilib oturub Xatun arxında və bizim əlimizə keçən kağıza görə, istəyir, Qarabağın ətrafında bir qədər qoşun qoyub, bizim üstümüzə gəlsin. (Katibə) Tavad, Ağa Məhəmmədin qardaşı Əliquluya yazdığı kağızı oxu, camaat qulaq assın.

Tavad Amilaxvari (oxuyur). Yazıb sənə məlum edirəm ki, hərçənd İran qoşununun hücum-larından Qarabağın camaatı və qoşunu bilmərrə zəifləşib, bainhəmə bu qış Qarabağda dava etməyəcəyəm. Süleyman xanı 20000 qoşunla burada qoyub, qalan qoşunumuzla özüm gedəcəyəm Tiflisə. Ona binaən, yazıb müqərrər63 edirəm ki, İrəvanın ətrafında 4000 qoşun qoyub, qalan qoşunu hazırda saxlayıb mənim hökmümə müntəzir olasan, ta hökm sənə çatan tək bilatəxir qoşunu mənə yetirərsən və əgər İrəvan xanı öz övrətini və oğlunu girov versə, İrəvandan bilmərrə qoşunu götürəsən.

II İrakli. Bu kağız bu gün gərək bir mötəbər qasiddən göndərilə qraf Qudoviçə və bizə lazımdır qoşun tədarükündə olmaq. Tiflisin camaatına xəbər edərsiniz, şəhərin ətrafının möhkəmlənməyi barəsində tədbir etsinlər. Ağa Məhəmməd Tehranda ikən Gürcüstan üstünə gəlmək fikrinə düşəndə mən əhvalatı bilib, knyaz Potyomkinə yazmışdım, imperatriçədən təvəqqe etsin ki, lazım olan vaxt bizə 3000 qoşun köməkliyi etsin. Bu barədə mənim övrətim də imperatriçənin özünə kağız yazıb. İmperatriçə təvəqqemizi qəbul edib, buyurubdur ki, kömək məsələsi barəsində dövlət şurası rəy versin. Dövlət şurası bu növ rəy verib. (Kağızı mizin üstündən götürüb verir katibə.) Oxu!

Tavad Amilaxvari (oxuyur). 1793-cü ildə may ayının 30-da dövləti-aliyyeyi-Rusiyanın şurası əlahəzrət imperatriçeyi-küll-Rusiyanın fərmanına itaət edib, Gürcüstan padşahı II İraklinin qoşun köməyi istəməyi barəsində məsləhət edib, bu növ qət etdi: İraklinin Rusiya dövlətinin təht-himayəsində olmağına görə və Ağa Məhəmməd xanın günü-gündən güclənib Gürcüstan üstünə yeriməklə Rusiya dövlətinə ziddiyyət göstərməyinə görə, qraf Qudoviçə hökm olunsun ki, Ağa Məhəmməd xanın Gürcüstan üstünə gəlmək məramı yəqin olsa, İrakliyə kömək verməyi vədə etsin.

II İrakli. İndi, həzərat, iş bu məqamdadır. Düşmən yaxınlaşıb. Necə ki bizim əlimizə keçən kağızdan məlum oldu, payız düşən tək, yəni bir-iki həftədən sonra Tiflisə gələcək. Rusiya dövləti bişəkk kömək göndərəcək. Əlavə, İmeretiya padşahı Solomona mən yazmışam ki, Gürcüstanla onun arasında 1790-cı ildə bağlanan ittifaqnaməyə görə, buraya qoşun göndərsin. Cavabında yazırdı ki, Tavad Zöhrab Sereteli güclü qoşunla rəvanə olub. Bu günlərdə, yaxud bu gün varid olar. Camaata məlum edin, onun istiqbalına çıxıb, artıq hörmət eləsinlər. (Gedir.)

Tavad Orbeliani (birinci sərkərdə). Heç ürək qısmaq lazım deyil, Allah kərimdir. Qoy Ağa Məhəmməd Tiflisin yaxınlığına gəlsin, görərsən, necə peşman edərlər… Gedim, padşahın əmrinə görə, şəhərdə binagüzarlıq edim. (Gedir.)

Tavad Muxrani(ikinci sərkərdə). Tiflis camaatı bu saat qızmış şirə dönüb, beş Ağa Məhəmməd xan gələ, qabağına çıxmağa hazırdırlar.

Tavad Keyxosrov Aveliani (üçüncü sərkərdə). Doğrudur, İranın qoşunu rəşiddir, amma çətini odur ki, bir dəfə oxları daşa toxunsun. O saat görərsən, qayıdıb qaçdılar.

Tavad Çavçavadze (dördüncü sərkərdə). Şəhərimiz möhkəmdir. İnşallah, biz az da möhkəmləşər və camaatımız da pəhləvandır. Bundan əlavə, ümidvaram ki, padşahın oğlanları hər biri Gürcüstanın igidlərindən min nəfər gətirsin. Şəkk yoxdur ki, İranın qoşununu murü mələxtək64 dağıdacağıq. (Top atılır). Bu nə top səsidir?

Tavad Muxrani (pəncərədən baxır). Gözlərimiz aydın olsun, dəxi Gürcüstana ölüm yoxdur! Bir gəlin pəncərədən baxın, görün nə görərsiniz. (Sərkərdələr gəlib baxırlar.) İmeretiya qoşunu dünyanı tutub. Qabaqda Zöhrab Sereteli şiri-jiyantək gəlir. Toplar şadlıq topudur!

Tavad Keyxosrov Aveliani. Bəh, bəh, bəh!.. Afərin belə qoşuna! Afərin bu gözəl oğlanlara. Hər biri on adama müqabil durarlar. Camaat necə qabağa gedir, hər kəsin əlində bir məta65 var. Kimisi çörək aparır, kimisi şərab aparır, kimisi mal-qoyun aparır. (Top atılır.) Nərildəyin, Gürcüstanın topları! Titrədin, zəmin və asimanı! Nə olardı, Ağa Məhəmməd xan bu calalı görəydi! Yəqin, qorxudan qaçağı Tehranda bənd alardı.

Tavad Çavçavadze. İnşallah, elə də olacaq. Məgər bir belə qoşunun müqabilində Ağa Məhəmməd xan dayana bilər?! Allahın köməkliyi ilə Gürcüstanın hünərli qoşunu ona sübut edər ki, padşahlıq iddiasına düşməkdə özündən xeyli müştəbehdir. Onun yeri həmişə qapı ağzında olub, yenə orada olar.

Tavad Muxrani. Görəsən, qoşun nə qədər olar?

Tavad Çavçavadze. Mənim gözümə görünən, gərək 10000-dən az olmaya.

Tavad Muxrani. Mən də belə güman edirəm.

Şeypur səsi gəlir.

Tavad Sereteli (daxil olur). Gürcüstanın qəyur sərkərdələrinə salam olsun!

Sərkərdələr. Xoş gəlibsiniz, Tavad! Allah sizin qədəminizi xeyir eləsin!

Tavad Sereteli. İnşallah, xeyir olar. Gürcüstana 8000 oğlan gətirmişəm. Hər biri yüz qan əvəzi və hamısı vətən yolunda canından keçmiş.

II İ r a k l i (daxil olur). Əziz qardaşım İmeretiya padşahı Solomonun qəyur qoşununu və onun qəyur sərkərdəsi Tavad Seretelini təbrik edirəm!

Tavad Sereteli. İmeretiya padşahının duasını hüzuri-padşaha yetirməkdə özümü xoşbəxt hesab edirəm! (Dizi üstə çöküb kağız verir).

II İrakli (oxuyur). Əziz qardaşım Gürcüstan padşahı II İrakliyə salam yetirirəm! Bəd, vətənə üzü verən hadisəni eşidib, Gürcüstana tərəf yaxınlaşmaq-da olan ittifaqnaməyə əmələ edib, İmeretiya qoçaq atlılarından bir qədər Tavad Zöhrab Seretelinin təhtirəyasətinə verib göndərdim ixtiyarınıza. Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qonşumuz xanların qoşunu birləşib bu gələn bəlanı tezliklə dəf edə. Sizin qardaşınız Solomon. (Katibə) Tavad, bir yaxşı rizaməndlik kağızı mənim əziz qardaşım İmeretiya padşahı Solomona yazarsan. (Gəlib baş əyib gedir.) Sən də, Tavad, get, rahat ol, qoşun da bir neçə gün rahat olsun.

Tavad Sereteli. Mən o vaxt rahat olaram ki, cəmi Gürcüstan rahatlaşa.

Pişxidmət (daxil olur). Gəncədən, Ağa Məhəmməd şah tərəfindən elçi gəlib, izin istəyir.

II İrakli. Bu nə deyir? Bu xəbər yaxşı olmadı! Belə olan surətdə bir həftəyədək Tiflisdə ola bilər. (Pişxidmətə) Elçiyə deginən, gəlsin. (Pişxidmət çıxır.) Ağa Məhəmməd şah!.. Bihəyalığa bax!..

Sadıq xan elçi sifətində daxil olub, baş əyir, kağızı verir.

Sadıq xan. Əlahəzrət şahənşah tərəfindən bu məktubu vali xidmətinə gətirmişəm.

II İrakli (kağızı verir sərkərdəyə). Oxu!

Tavad Amilaxvari (oxuyur). Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Gürcüstan valisi II İrakliyə. Necə ki sənə məlumdur, Gürcüstan valiləri indiyədək İran şahlarının təhti-himayəsində olub, şahlar tərəfindən həmişə lütfü mərhəmət və izzət görüblər. İran şahlarının sayəsində Gürcüstan həmişə salamat və camaatı kamal-asayişlə dolanıblar. Səbəb nədir ki, sən İrakli bizim sayəyi-mərhəmətimizdən qaçırsan? Hətta İrəvan, Gəncə və Qarabağ xanları ilə bizim əleyhimizə ittifaqnamələr bağlayırsan? Məlum olsun ki, İrəvan və Gəncə xanları cəmi qoşunları ilə mənə beyət elədilər. Qarabağı bir halətə salmışam ki, camaatı yeməyə çörək tapmır. Bunu yazmaqda qəsdim sənə bunu bildirməkdir ki, sən heç bir yerdən köməyə ümidvar olmayıb, necə ki ata və babaların İran şahlarına itaət ediblər, elə də, sən İrakli, mən Ağa Məhəmməd şah Qacara beyət elə ki, ta sən və sənin camaatın həmişə fəlahətdə66 olub, mənim iltifatıma nail olasınız. Əgər bu təklifi qəbul etməyəsən, biləsən ki, Gürcüstanın başına hər nə müsibət gəlsə, hamısına bais olan sən İrakli olacaqsan. Çünki mən 80000 qoşunla Gürcüstana qonaq gəlirəm.

II İrakli (kağızı alır, sonra elçiyə). Get, öz şahına deginən, çox da öz zoruna məğrur olmasın! Nəinki 80000, bəlkə, 180000-lə gələ, yenə ona beyət eləməyəcəyəm. Mən dalımı Rusiyatək möhkəm dağa söykəyib onunla söhbət eləyəcəyəm. Buyura bilər…

Sadıq xan. Mürəxxəs olum…Vali sağ olsun! Qorxuram, dalınızı söykədiyiniz şimal dağı buzdan olub məşriqdən67 çıxan günün hərarətinə davam etməyə.

İkinci İrakli (ayağa qalxıb). Get, hər nə dedim, öz şahına yetir. Xoş gəldin. (Elçi çıxır.) Siz Allah, bir rövşən dünyaya tamaşa edin. Dünənki xacə, Kərim xanın pişxidməti padşahlıq arzusuna düşüb Keyxosrov, Keykavus məsnədində əyləşib, Gürcüstan padşahının adını vali qoyub, ona hökm yazır, hökm!.. (Ağa Məhəmməd şahın kağızını cırır.) Tar-mar olasan sən, ey çərxi-gərdun68! Qara yas libasına dönsün sənin buludların! Gurultun calalları pozulmuş, şövkətlərindən düşmüş bədbəxt hökmranların ciyər sədalarına bənzəsin! Bərqin Tehranla Qarabağın arasında xacə istibdadından düzlərə dağılan yetimlərin ahının şöləsi olub, səni yandırıb puç etsin! Puç, puç!.. Ey insafsız, mürüvvətsiz fələk!.. Baranın69 minlərlə günahsız qırılmış balalar və qardaşlar üstündə tökülən anaların, bacıların göz yaşlarına dönsün! Ulduzlarının hər biri bir sağalmaz yara olub, sənin namərd bədənini əridib yox eləsin! İnsafa gəl, ey biinsaf fələk! Gözlərini bir aç, ey kor fələk! Gör dünyada nə qəhti-ədalət törədibsən! Rəva deyil ki, gədalar padşah mərtəbəsinə çatıb, padşahlara fərman yazalar! Bax belə fərman, belə fərman! (Ağa Məhəmməd şahın kağızının parçalarını tapdalayır.)

Tavad Sereteli (irəli yeriyir). Padşah sağ olsun, darıxdırmayın ürəyinizi, sizin bu səngərdə hirslənməyin sizə ziyanı var. Allah kərimdir, ümidini Allaha bağla.

II İrakli. Əlbəttə, Gürcüstanın Allahı böyükdür. Heç vədə qəbul etməz ki, Gürcüstanın övrətləri, uşaqları dübarə İran qoşununun qabağında pay-piyada qoyun sürüsütək İsfəhana gedə. Mənim əvvəl ümidim Allahadır, sonra qoşuna. Öz oğlanlarımı və bir qoca canımı vətənə qurban demişəm. Qeyrət yeridir, həzərat! Namus yeridir! Namus! Namus! (Bihalət yıxılır səndəlin üstünə.)

PƏRDƏ

İkinci məclis

Tiflisin ətrafı. Pərdə qalxanda bərk top-tüfəng səsi gəlir. II İrakli uca yerdə durub, yanında Tavad Amilaxvari, Tavad Maçabeli və üç ayrı sərkərdə.

II İrakli. Qoşun şirtək dava eləyir. Tiflisin yolunu oğlum David kəsib və onun toplarının nərəsinin müqabilində Ağa Məhəmməd iki gətirdiyi qoşunca qoşun gətirsə, davam edə bilməz. Qoşunun yasarında Tavad Muxrani, deyəsən, acizlik göstərir. Bu saat bir adam getsin, ona yetirsin ki, möhkəm dursun.

Sərkərdələrdən biri gedir.

Tavad Amilaxvari. Padşah sağ olsun, biz qoşunu 3 dəstə etmişik. İranın qoşunu 14 dəstə olub.

II İrakli. Gürcüstan qoşunu hamısı canından keçib. Canından keçmiş qoşunun müqabilində İran qoşunu hər neçə dəstə olsa, davam edə bilməyəcək. Ələlxüsus Sereteli 8000 qoşunu ilə dalda durub, hər anda özünü köməyə yetirməyə hazırdır.

Tavad Amilaxvari. Padşah sağ olsun! Bir söz demək istəyirəm. Amma dilim gəlmir.

II İrakli. Nə olub? De görüm!

Tavad Amilaxvari. Solomon padşah bizə xəyanət edib.

II İrakli. Necə, xəyanət?

Tavad Amilaxvari. Göndərdiyi qoşun cümlətanı 2000 adammış. Tavad Sereteli qoşunu topa-topa edib düzlərə dağıdıb imiş ki, çox görünsün. Bu gecə özü də, qoşunu da çıxıb qaçıblar və yollarda da hər nə kənd-kəsək görüblər, hamısını soyub, xaraba qoyub ötüblər.

II İrakli. Ay namərd insan! Allah bu davadan məni salamat qurtarsın, əvəzində yaxşı qulluq edərəm. (Sərkərdəyə) Tavad Maçabeli, dayanma, min atını, çap qoşunun başından ayağına, hamıya ürək ver! Deginən ki, Gürcüstanın ümidi bir Allahadır, bir də öz gücünə. Qoşun ürəklə dava eləsin. (Maçabeli gedir.) Ey bivəfa Solomon!

Tavad Amilaxvari. Padşah sağ olsun, bir qoşunun qabağına bax, gör sənin nəvən Yuhan nə rəşadət göstərir. Bu rəşadətin axırı, inşallah, fəthdir.

II İrakli (ucadan). Qoçaq balam, möhkəm dur! Qorxma, Allahın əli bizim üstümüzdədir! Afərin, Yuhan! Tavad Amilaxvari! İranın üç bayrağı ələ keçdi, budur, gətirirlər. Ay sənə qurban olum, Yuhan! Amma qoşun, deyəsən, zor eləyir. Şahzadə Davidə bir atlı göndər, desin, topların bir neçəsini dağın başına çəkib, iranlıları təngləşdirsin.

Tavad Amilaxvari. Padşah, dağın başına dürüst nəzər yetir. Şahzadə Davidin beş topu orada guruldayır.

Tavad Maçabeli (üç bayraq gətirir). Şahzadə Yuhan tərəfindən padşahın xaki-payinə70 bu üç İran bayraqlarını yıxıram. İnşallah, İran qoşununun hamısı bu bayraqlartək sənin xaki-payinə yıxılacaq.

Orbeliani (bir nəfər qoşun əhli özünü yetirir). Padşah sağ olsun, evimiz yıxıldı. Ağa Məhəmməd xan tərəfindən hökm oldu, 12000 Mazandaran atlısı hücum elədi. Bir bax, gör qoşun necə pərakəndə olub dağılır.

II İrakli (ucadan). Ey mənim öz ziri-dəstimdən olan qoşun, nə durubsunuz? Vətən namusu əldən getdi! Vurun özünüzü qabağa! (Qılıncı çəkib enir.)

Tavad Amilaxvari (İraklini saxlayıb). Padşah sağ olsun, dayan! Doğrudur, qoşunumuz basıldı, padşahzadələr əhatə olunub, amma cəmi rəiyyət sənin rəşadətinə bələddir və hamı bilir ki, sən vətən, millət yolunda ölməyi xoşbəxtlik hesab edirsən. Bir belə bədbəxtliyin müqabilində ki, vətənə üz verib, sən də öz ölməyinlə vətənin qəmini artırma! Sənin vücudun vətənə, millətə lazımdır.

II İrakli. Millət əldən gedəndən sonra mənim vücudumun qalmağının faydası yoxdur. (Özünü vurur qoşuna, sərkərdə dalınca.)

Yuhan (gəlib təllin üstünə çıxır). Bəs babam necə oldu? Yoxsa onu da öldürdülər? Bu nədir, görürəm? Deyəsən, babamı iranlılar əhatə edib, tutmaq istəyirlər! Qoymaram, tutalar! Gərək mənim üstümdə qalan 300 qoşun da yox ola ki, babam əsir ola! (Nərə vurur.) Ey mənim qardaşlarım! Padşah əsir olur, qoymayın! (Qılınc çəkir, təllin üstündən enib gedir, top-tüfəng səsi ucalır. Bir azdan sonra Yuhan İraklini gətirir). Baba, yaralanmayıbsan ki?

II İrakli. Yox, bala, yaralanmamışam. Niyə qoymadın, məni öldürələr, vətəni bu halətdə görməyim?!

Yuhan. Yox, baba, nə qədər vətənin nəfəsi var, sən ona lazımsan!

II İrakli. Təbil vurun, qoşun çəkilsin! Davidə xəbər verin, nahaq yerə güllələrini sərf etməsin. Topları götürsün, çəkilsin dağlara. Tiflis əhalisinin hamısına xəbər edin ki, durmayıb hər nə mayəhtacları var, götürüb şəhərdən çıxsınlar. Ax, namərd dünya! Namərd Solomon!

Gedirlər.

İranın qoşunu səhnədən ötür. Ağa Məhəmməd şah Qacar yanında bir neçə sərkərdə gəlib, çıxır təllin üstünə.

Ağa Məhəmməd şah Qacar. Afərin Gürcüstan qoşununa! And olsun Məhəmmədhüseyn xanın qəbrinə, bir belə dava etmişəm, bu rəşadətlə dava edən düşmən görməmişəm! Afərin! Ey İranın qəyur qoşunu, daha sizin vəzifəniz qurtarır. Vurun özünüzü Gürcüstanın paytaxtı gözəl Tiflisə. Zirü zəbər71 edib, gərək daşı daş üstündə qoymayasınız. Gərək bu gün Gürcüstana məhşər gününün nümunəsini göstərəm. Üç gün qoşuna qarət izni verirəm. Amma məbadə kəlisalara72 əl vurasınız… Kəlisa Allahın evidir, ehtiramı – müsəlmana vacibdir. Övrət, uşaq – hər nə ələ keçsə, əsir edərsiniz. Qocaları qılıncdan keçirərsiniz! (Sərkərdəyə) Sadıq xan, binagüzarlıq bu gün səninlədir. Gərək sən girəsən şəhərin içinə.

Sadıq xan. Baş üstə, qibleyi-aləm!

Ağa Məhəmməd şah Qacar. Ələ keçən əsirlərin hamısını itaətə gələn xanlara bağışlayacağam ki, satıb pullarını xəzinələrinə qoyub, mənim iltifatımı görsünlər. Qoşunun dal tərəfi salamatdır. Cəmi qoşunu, hər nə var, doldurun Tiflisə, dörd tərəfdən od vursunlar. Dayanma, Sadıq xan, get. (Sadıq xan gedir.) Qoy İrakli və cəmi Gürcüstan İranın qüdrətini görsünlər. Gərək İraklini bir halətə salam ki, gəlib mənim ayağıma sürünə. Gərək Gürcüstana bir divan tutam ki, onun ancaq bir adı dünyada qalsın. (Məclisi alov işığı tutur.) Gərək nağıllarda danışılsın ki, bəli, Gürcüstan adında keçmişdə bir vilayət var imiş. (Şeypur səsi gəlir.) Nə şeypurdur?

Sərkərdə. Qibleyi-aləm! Vali tərəfindən elçi gəlir.

Ağa Məhəmməd şah Qacar. Qoşuna xəbər elə, elçiyə yol versin. (Sərkərdə gedir.) Yəqin, İrakli öz mənfəətini anlayıb, təbəiyyət etmək istəyir. Çox aqilanə iş görür. Həm öz canını qurtarır, həm camaatın canını.

Tavad Keyxosrov Aveliani (elçi sifətində daxil olub, kağızı verir). Gürcüstan padşahı II İrakli tərəfindən xidmətinizə məktubdur.

Ağa Məhəmməd şah Qacar (oxuyur). Əgər sən özünü şah və cəmi İranın hökmranı hesab edirsən, nə üçün mənim paytaxtımı dağıdırsan və rəiyyətimi əsir edirsən? Əgər sən padşahsan, padşahanə rəftar et. Sənə lazımdır ki, fəthdən sonra camaata əminlik verəsən ki, ürəyi sənə yapışa. Sən gəl mənim bu təklifimi qəbul et! Davanı dayandır. Əsirləri azad et. Sonra mən hazıram səninlə ittifaqnamə bağlamağa. Mən söz verirəm ki, bizim aramızda ittifaqnamə bağlansa, ona elə əməl edim, nə növ ki, mənim insafım, ürəyim və ədalətim mənə buyurur. Əgər mənim bu təklifimi qəbul etməyəsən, bil ki, mən ondan sonra Gürcüstanın hifzindən ötrü axıracan çalışacağam. Cəmi gürcü tayfasının ürəyi qisas arzusu ilə doludur. Və əlavə, Gürcüstanla həmməzhəb olan Rusiya heç vədə sənin Gürcüstana elədiyin zülmü qəbul etməz. (Elçiyə.) Gedib valiyi-Gürcüstana bizim də şərtlərimizi yetirərsən. Əgər qəbul etsə, biz söz veririk, əsirləri azad edək. Tiflisdə dağılan evlərin təmiri üçün pul verək və vali ilə ittifaqnamə bağlamağı qəbul edək. Əvvəla, Qarabağdan Gürcüstana davaya gələnlərin verilməsi; ikincisi, öz oğlanlarının birini girov versin və üçüncü, Gürcüstan valilərinin əlinə Azad xandan keçən almazı göndərsin.

Gürcüstan elçisi. Mən padşah tərəfindən sizə cavab verməyə vəkiləm. Padşah namusuna və səltənətinə toxunan heç bir təklifi qəbul etməyəcək.

Ağa Məhəmməd şah Qacar. Onda ixtiyar sahibidir. Gedə bilərsən. Xoş gəldin. (Elçi gedir) Elçini salamat ötürün, getsin. (İşıq artıb məclisi tutur.) Bəh, bəh, bəh!.. Nə gözəl çıraqbandır! Yan ey Gürcüstanın gözünün nuru, şairlər təbinin mayəsi, gözəl Tiflis! Yanginən, ta hurilərin gül çöhrəsinə bənzər şölən asimana bülənd olsun. Yanginən, ta afitabi-aləməfruz73 və cahangərd dastanını dünyanın hər qitəsinə yetirsin! Yanginən, ta buludlar səyyahları humaylar tamaşaya gəlsinlər! Sən də tamaşa et, ey uzaqdan almaztək parıldayan Qaf dağı! Bu yanan sənin ürəyindir! Tamaşa elə, ey qoca Şeyx Sənan! Gələcək zəmanələrdə ziyarətinə gələnlərə Tiflis macərasını nağıl elə! Qoy cəmi dünyada, yerlərdə, göylərdə zərb-dəsti Ağa Məhəmməd şah Qacar dillərdə söylənsin!

PƏRDƏ

Dördüncü məclis

ƏHLİ-MƏCLİS

Ağa Məhəmməd şah Qacar

Hacı İbrahim xan – vəzir

Şahrux Rzaqulu Mirzə – Nadir şahın oğlu

Sərdar Mustafaxan – irəvanlı

Cavadxan – gəncəli

Üç nəfər əlahiddə sərkərdə, qoşun əhli və fərraşlar

Əvvəlinci məclis

Muğan səhrasında Ağa Məhəmməd şah Qacarın çadırları. Cavad xan, Mustafa xan, Sadıq xan, Hüseyn xan.

Cavad xan. Şahın fikri, görəsən, haradır? Qarabağdır, ya Xorasan?

Mustafa xan. Qarabağla hələ şahın işi olmayacaq. Şuşa şəhərinin hasarı çox möhkəmdir. Şəhər özü bir uca dağın üstündə düşüb. Ancaq bir tərəfdən üstünə yerimək mümkündür. Bu növ qələni almaq üçün atlı qoşun yaramaz. Piyada qoşun və güclü top lazımdır. Amma şahın qoşununun, demək olar ki, hamısı atlıdır. Bu qoşunla Şuşa qələsini almaq mümkün deyil. Necə ki, mümkün olmadı. Şahın Qarabağ barəsində olan tədbiri çox gözəl tədbirdir. Ətrafda qoyulan qoşun Qarabağın kəndlərini dağıdar və çünki şəhərin zindəganlığı bağlıdır kəndlərə, şəhər əhli acından təngə gəlib, labüddən təslim olacaq.

Cavad xan. Yaxşı ki, biz təbəiyyət elədik. Yoxsa, yəqin, indi Gəncə, İrəvan xanlıqları da Gürcüstantək tar-mar olmuşdu. Mənim təbəiyyətimin səməri bu oldu ki, həm xanlığım əlimdə qaldı, həm rəiyyətim dağılmadı və həm Gürcüstandan gələn 30000 əsirin çoxusunu şah mənə bağışladı. Hələ də satıb qurtara bilməmişəm.

Mustafa xan. Mənim özümə şahın iltifatı az olmayıb. Əsirdən mənə də az bağışlamayıb. Əlavə Borçalı və Qazax mahallarını Gürcüstandan kəsib mənə bağışlayıb. Məni başdan çıxartmışdılar. Mən İraklinin zoruna və onun köməkliyinə xatircəm idim. Nə bilirdim ki, şahın tədbiri hamısına faiq74 gələcək. Onun qoşunundan artıq tədbiri iş gördü.

Sadıq xan. Şahın iltifatından mən də şaki75 ola bilmərəm. Mənə da az əsir bağışlamayıb. Əlavə necə ki, görürsünüz, cəmi atlı qoşuna sərkərdə mən Sadıq xanam!

Hüseyn xan. Metsxetdən gətirdiyim dövlət mənə kifayətdir. Amma Metsxet keyfiyyəti hər yadıma düşəndə gülməyim tutur. Elə ki şah məni və Sadıq xanı göndərdi Metsxetə, şəhərə yetişib necə lazım idi, kar gördük. Axırda yetişdik bir deyrə76, rahiblər qaçmışdılar, deyr boş idi. Hücrələrin birinə daxil olub gördüm ki, divara bir nərdivan dayanıb. Dedim, bu nərdivan nahaq yerə buraya qoyulmayıb. Nərdivana bir adam çıxartdım. Adam divarın üstündən güclü pul və cəvahirat endirdi. Binəva rahiblər qaçan vaxt pulu gizlədib və qorxduqlarından nərdivanı da divara söykəli qoyub qaçıblar.

Sadıq xan. Metsxet ki, dağıldı və biz də ki qoşunu rahat elədik, mən bir nəfər atlı götürüb şəhərin ətrafına səyahətə çıxdım. Mən orada bir faciə gördüm. İndi də yadıma düşəndə ürəyim qana dönür.

Hüseyn xan. Nə faciə? Nağıl elə görək.

Sadıq xan. Şəhərin ətrafında gəzərkən yolum bir kəlisaya düşdü. Kəlisanın dörd ətrafı xaraba idi. Girdim həyətə. Həyət həmçinin boş, amma bir küncdə balaca daxmada gördüm, bir qoca kişi yapıncı altında yatıb və yanında da qoca bir erməni əyləşib. Bunların bu xaraba yerdə olmaqları mənə çox təəccüb gəldi. Ermənidən sual elədim ki: “Burada nə qayırırsınız və bu yapıncı altında yatan kimdir?” Erməni bir dərin ah çəkib cavab verdi ki: “Bu şəxs bir böyük vücud idi. 40 il bunun adı cəmi məşriqzəmində77 ehtiramla çəkilib. Ömrünün axırında buna bədbəxtlik üz verdi. Mülkünü, malını, rəiyyətini tarac elədilər. Oğlanları fəryadına yetişmədilər. Bu yapıncının altında yatan Gürcüstan padşahı II İraklidir”. Doğrusu, özümü saxlaya bilməyib, biixtiyar ağladım. Atın başını çöndərib yola düşdüm.

Mustafa xan. Bəs niyə əsir eləmədin?

Sadıq xan. Məgər insafdır, bir evi yıxılmış, məmləkəti dağılmış, çırağı sönmüş qoca kişini əsir edəsən? Ondan sonra məgər Allahın qəzəbindən qurtarmaq olar?.. Deyəsən, şah gəlir. (Gedir.)

Mustafa xan. Lazımdır Sadıq xanın bu cür hərəkətini şahın qulluğuna ərz etmək.

Hüseyn xan. Bu bir fikir deyil, şahın Sadıq xana o qədər məhəbbəti var ki, bizim sözümüzü şeytanlıq hesab edib, inanmayacaq və inansa da, ona bir şey etməyəcək. O bizi yoldaş bilib bu sirri bizə açdı, nə rəvadır, yoldaşlıqda onu şahın qəzəbinə salaq, yaxşı sifət deyil.

Gedirlər.

Ağa Məhəmməd şah Qacar (Vəziri Hacı İbrahim xanla daxil olur). Hacı İbrahim xan! Belə deyirlər ki, Şirvan əhli mən göndərdiyim hakimi öldürüblər. Əlbəttə, o camaata gərək böyük tənbeh olsun, bir də bu cürəti eləməsinlər.

Hacı İbrahim xan. Hakim camaata çox zülm eləyirdi. Camaat da dada gəlib bu əməli tutub.

Ağa Məhəmməd şah Qacar. Mən ki o hakimi zülmünə görə əzl78 eləmişdim.

H a c ı İ b r a h i m x a n. Bəli, qurban. Sizin bu mərhəmətiniz camaatı cürətə gətirib. Odur ki, hakimi öldürüblər. İndi Şirvan camaatı ağsaqqalları hüzuri-aliyə göndərib, üzr istəyirlər. Təvəqqe edirlər ki, onların əvvəlki xanlarını özlərinə verəsiniz. Xan özü də həmçinin izhari-təbəiyyətlə dərbari-aliyə gəlib.

Ağa Məhəmməd şah Qacar. Şirvan əhlinə xəbər göndər ki, mən onların təqsirlərindən keçdim və xanlarını da bağışlayıb öz yerində baqi qoyuram. Xanlar hamısı buradadırlarmı?

Hacı İbrahim xan. Bəli, qurban.

Ağa Məhəmməd şah Qacar. Mən təəccüb edirəm İbrahim xana. Bilmirəm, o nəyə xatircəm olub, bizim qoşunumuzun müqabilində durub. Keçmişdə Gürcüstana, İrəvana ümid bağlayırdı. İndi fikri nədir? Nə olardı, o da sair xanlartək beyət edib, itaətə gələydi və mən də onu öz yerində qoyardım. Məgər bilmir ki, mən Şuşanı alacağam? Məgər mənim divanımın sədası onun qulaqlarına çatmayıb?

Hacı İbrahim xan. Qibleyi-aləm, onun yanında bir nəfər çox aqil şəxs var. Molla Pənah adlı, Vaqif təxəllüs. İbrahim xanın hər bir məsləhəti onunla olur. Xanın Şuşa qələsində möhkəm durmağına bais Molla Pənahdır. Həmin şəxsdir ki, qibleyi-aləmin göndərdiyi fərdə cavab yazmışdı:

Gər nigahdari-mən anəst ki, mən midanəm, Şişəra dər bağəli-səng nigah midarəd.79

Ağa Məhəmməd şah Qacar. Yadıma düşdü, görünür, həqiqət kamallı şəxsdir.

Hacı İbrahimxan. Bəli, qurban. Onun təbinə və kamalına söz ola bilməz.

Ağa Məhəmməd şah Qacar. Buyur, sərkərdələrin və xanların hamısını buraya çağırsınlar. (Hacı İbrahim xan gedir.) Qaldı bir Xorasan səfəri, inşallah, bu da qurtarar. Qayıdarıq Qarabağ üstünə. Amma mən yenə ümidvaram ki, İbrahim xan özü peşman olub, beyətə gələ. (Sərkərdələr daxil olurlar.) Həzərat, budur, neçə müddətdir, biz çalışırıq və çalışmağımızın da nəticəsi aşkardır. Bunun hamısı əvvəl Allahın tövfiqindəndir və sonra sizin rəşadətinizdən. İndi bizim bir ağır səfərimiz qalıb, o səfər Xorasan səfəridir. Gərək buradan Xorasana yola düşək. Mən belə güman edirəm ki, Xorasanı davasız alaq. Çünki nə Nadir Mirzə və nə atası kor Şahrux bizim müqabilimizə çıxa bilməyəcəklər.

Sadıq xan. Qibleyi-aləm, biz hamımız indiyədək sədaqətlə qulluq etmişik. Yenə hazırıq qulluq etməyə. Xorasanın alınmağına da şəkk ola bilməz və dava olsa da, eyib etməz. Çünki əlahəzrətin dövlətinin sayəsindən nə qoşun yorulub, nə sərkərdələr. Amma bəndeyi-həqir, sərkərdələr və qoşun tərəfindən hüzuri-şahənşahiyə bir ərz edəcəyəm.

Ağa Məhəmməd şah Qacar. De görüm, Sadıq xan.

Hacı İbrahim xan daxil olur.

Sadıq xan. Qibleyi-aləm, bu yerin ki, biz düşmüşük, adına Muğan deyərlər, o yerdir ki, burada qədim İran şahları başlarına tac qoyublar. Bu yerdə Nadir şah başına İranın tacını qoyub və Şah Səfinin qılıncını bağlayıb. Biz kəmtərin sərkərdələr və qoşun əhli təvəqqeyi-acizanə edirik ki, əlahəzrəti-şahənşah bizə tacgüzarlıq bayramını bu Muğanda nəsib eləsin.

Ağa Məhəmməd şah Qacar. Həzərat! Bu təklif mənə neçə dəfə olub, mən qəbul etməmişəm. Onun səbəbini də indi sizə bəyan edərəm. (Vəzirə) Hacı İbrahim, tacı və qılıncı gətir. (Hacı İbrahim xan gedir.) İndi ki siz belə təkid edirsiniz, mən də qəbul edirəm.

Sərkərdələr. Qibleyi-aləm, hamımız təvəqqe edirik.

Hacı İbrahim xan tacı və qılıncı xonçada gətirib, dizi üstündə çökür şahın qabağında.

Ağa Məhəmməd şah Qacar. Mənim əziz və sevgili sərkərdələrim! Bir şəxs ki, camaat və qoşun bərgüzidə80 edib təbəiyyət göstərə, o şəxs padşah olar. İstər başına tac qoydu, ya qoymadı. Tacgüzarlıq padşahlar arasında ancaq bir rəsmdir. Amma mən bu rəsmə ayrı bir nəzərlə baxıram. Bu qılınc ki, görürsünüz, Şah Səfinin qılıncıdır. Bunu cəmi Səfəvi padşahları birbəbir bellərinə bağlayıblar və mən o vədə bu qılıncı bağlaya bilərəm ki, Şah Abbas Səfəvitək padşahın bərabəri olam və padşah İsmayıltək islama rəvac vermiş olam. Amma indi sizin xahişinizə görə bu qılıncı bağlayıb dərgahi-rəbbilaləmdən iltimas edirəm ki, mərhəmət nəzərini İranın üstündən kəsməsin və mən fəqir bəndəsini də Şah Abbas məqamına yetirsin. (Qılıncı öpüb bağlayır.) Qılıncı bağladım, amma bu tacı əsla başıma qoymayacağam. Bu tac Nadirin tacıdır. Bunun dörd qızıl lələyi iqlimin təsxirini81 sübut edir. Farsistanın, Hindistanın, Türküstanın və Əfqanıstanın. Mən indiyədək məmləkət almamışam, ona görə ancaq bu bir dənə cıqqanı bu tacdan götürüb başıma vururam. (Cıqqanı başına sancır.) İlahi, vətəni bəliyyatdan82 hifz elə! Salamat olsun vətən, salamat olsun İran!

Hacı İbrahim xan və sərkərdələr (bərabər). Qibleyi-aləm, tacınız mübarək olsun!

Sadıq xan (uca yerdən). Ey İranın rəşid qoşunları! Bilin, bu gün İran üçün böyük bayramdır! Bu gün Ağa Məhəmməd şah Qacar İran padşahlarının tacını başına qoymaqla İranı şərəfraz elədi. Təbillər vurulsun. Topların, tüfənglərin nərəsi asimana bülənd olsun! Payəndə bad Ağa Məhəmməd şah Qacar!

Tüfəng atılır, qoşundan səs gəlir: “Payəndə bad Ağa Məhəmməd şah Qacar!”

PƏRDƏ
62.Pişxidmət – ev xidmətçisi
63.Müqərrər – qərarlaşdırılmış, qərar verilmiş
64.Murü mələx – saysız-hesabsız
65.Məta – satılan mal
66.Fəlahət – əkinçilik
67.Məşriq – şərq
68.Çərxi-gərdun – çərxi-fələk
69.Baran – yağış
70.Xaki-pay (xakpay) – ayaq basılan yer
71.Zirü zəbər – alt-üst; darmadağın
72.Kəlisa – kilsə
73.Aləməfruz – dünyaya şölə saçan; günəş
74.Faiq – üstün
75.Şaki – şikayətçi
76.Deyr – monastır, kilsə
77.Məşriqzəmin – Şərq ölkələri
78.Əzl – işdən çıxarma, vəzifədən azad etmə
79.Əgər məni saxlayan mənim tanıdığımdırsa, o, şüşəni dağın bağrında saxlaya bilər.
80.Bərgüzidə – bəyənilmiş, seçilmiş
81.Təsxir – zəbt etmə, istila etmə
82.Bəliyyat – bəlalar, müsibətlər

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
11 nisan 2023
Hacim:
12 s. 21 illüstrasyon
ISBN:
978-9952-311-29-7
Telif hakkı:
TEAS PRESS
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
QAÇAQNƏBİ
Народное творчество (Фольклор)
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,1, 15 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre