Kitabı oku: «Ac həriflər», sayfa 4
İkinci məclis
Xorasan. Ağa Məhəmməd şahın mənzili. Hacı İbrahim xan və Sadıq xan.
Hacı İbrahim xan. Mən, doğrusu, çox ehtiyat eləyirəm. Bu tövr ki bəxt şahə yardır, qorxuram, axırı bədbəxtlik ola. Mən belə güman eləyirdim ki, Xorasanda böyük dava olacaq və camaat Nadir Mirzəni saxlayacaq. Xorasanın davasız ələ keçməyini heç kəs güman etməz idi.
Sadıq xan. Axıra qalan Qarabağdır. Məgər Qarabağ Gürcüstandan möhkəm duracaq? Mən yəqin etmişəm ki, Qarabağın əhli acından dava etməyi bacarmayıb, təslim olacaqdır. Ondan sonra cəmi İran olacaq bir can və canın başı Ağa Məhəmməd şah olacaq. Dəxi bədbəxtlik haradan ola bilər?
Hacı İbrahim xan. Allahın işini bilmək olmaz. Ancaq mən hər namaz qılanda və hər gecə yatanda dua eləyirəm, deyirəm: “Pərvərdigara, sən şahı bəladan saxla”.
Sadıq xan. Sən ümidini şahın tədbirlərinə bağla. O tədbirin sahibi özünü bəlaya düçar etməz.
Hacı İbrahim xan. Xan, mənim qorxum Rusiya tərəfindəndir. Nə qədər olsa, Rusiya və Gürcüstan camaatı həmməzhəbdir. Mən inana bilmirəm ki, Rusiya Gürcüstan qisasını almaq fikrinə düşməyə.
Sadıq xan. Bu, nahaq təşvişdir, Hacı İbrahim xan. Rusiya dövləti əgər Gürcüstana kömək vermək istəsəydi, vaxtında verərdi. İndi bədəz xərabeyi Bəsrə verilən köməkdən nə fayda?!
Ağa Məhəmməd şah Qacar (daxil olur). Sadıq xan, get Şahruxu buraya gətir! (Sadıq xan çıxır.) Doğrusu, Hacı İbrahim xan, Allah qisası qiyamətə qoymaz. Nadirin günahının cavabını övladı verir.
Sadıq xan (Şahruxu gətirir). Qibleyi-aləm! Budur Nadirin oğlu Şahrux Rzaqulu Mirzə.
Ağa Məhəmməd şah Qacar. Yaxına gəl, qoca.
Şahrux. Kimdir məni yaxına çağıran?
Sadıq xan. Səninlə danışan İranın şahı Ağa Məhəmməd şahdır.
Şahrux. İranda mən bir şah tanıyırdım, mənim atam Nadir şahı.
Ağa Məhəmməd şah Qacar. Hədyan danışma, qoca, yaxına gəl! Sadıq xan, onu yaxına gətir! (Şahruxu yaxına gətirirlər.) De görüm, oğlun Nadir Mirzə haradadır?
Şahrux. Nadir Mirzə Əfqan tərəfə keçib. Neyləyirsən Nadir Mirzəni? Mən onun əvəzinə gəlmişəm.
Ağa Məhəmməd şah Qacar. Qoca, sən dünyada çox müsibət çəkibsən. Mən istəmirəm, sənin axır günlərin də əziyyətlə keçsin. Mən bilirəm, Nadir hər nə cəvahirat qoyub, hamısı səndədir. Bundan sonra onların heç biri sənə lazım deyil. Gərək verəsən mənim xəzinəmə.
Şahrux. Mənə Nadirdən heç şey qalmayıb.
Ağa Məhəmməd şah Qacar. Qoca, nahaq yerə özünü əzaba düçar eləmə, sənə əziyyət edərlər. Amma xoşla cəvahiratın yerini desən, həmişə mənim iltifatım sənin üstündə olar.
Şahrux. Sənin iltifatın mənə lazım deyil. Buyur, hər nə əziyyət edəcəklər, etsinlər. Mən anadan dünyaya bədbəxt gəlmişəm, bədbəxt də gedəcəyəm. Mən 20 yaşından indiyədək öz korluğuma ağlayıram. Ağlamaqdan da gözlərimin yaşı qurtarıb, əvəzinə ciyərimin qanı gəlib tökülürdü. İndi mən şükür eləyirəm Allahın dərgahına ki, mən koram və mənim atam Nadir şahtək padşahın məsnədində əyləşəni gözlərim görmür. Kim deyir, dünyada insaf var? Kim deyir, dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, Nadir şahın Rzaqulu Mirzətək istəkli oğlu öz atasının xacəsinin qabağında əsir saxlanmazdı. Kim deyir, dünyada insaf var? Kim deyir, ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, tərlan yerində zağ83 və zəğən oturmazdı. (Ağlayır.) Ox!.. Yoxdur dünyada ədalət, yox, yox!.. Gözlərim əlimdən gedib, bu quru nəfəsi də bundan sonra istəmirəm, aparın, nə eləyəcəksiniz eləyin.
Ağa Məhəmməd şah Qacar. Sadıq xan! Bu qocanı verərsən fərraşların əlinə. Nadirin cəvahiratını birbəbir bundan istərlər. Ələlxüsus böyük yaqutu vermək istəməsə, lazımi əziyyət buna verərlər.
Sadıq xan Şahruxu aparır.
Hacı İbrahim xan. Qibleyi-aləm, nə qədər olsa, bu, padşah oğludur. 45 ildir ki, Allahın işıqlı dünyasına həsrətdir. Ona əziyyət vermək insaf deyil.
Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Bu, Nadirin oğludur. Əgər Nadirin cəmi övladını kabab edəm, yenə mənim ürəyimin yarası sağalmaz. Nadir mənə yaman yara vurub, Hacı İbrahim xan!
Sadıq xan (daxil olur). Qibleyi-aləm, Süleyman xan tərəfindən hüzuri-aliyə məktubdur. (Kağızı verir.)
Ağa Məhəmməd şah Qacar (kağıza baxıb). Hacı İbrahim xan! Sərkərdələri buraya çağır!
Hacı İbrahim xan. Qibleyi-aləm, rənginiz qaçdı, nə xəbərdir gələn?
Ağa Məhəmməd şah Qacar. Bu saat bilərsən. Çıx, sərkərdələri buraya çağır. (Hacı İbrahim xan çıxır.) Bu, yaxşı olmadı.
Fərraşbaşı (daxil olur). Qibleyi-aləm, cəvahiratın bir-bir yerini deyir. Amma böyük yaqutu vermək istəmir. Hər nə qədər əziyyət edirik, olmur. Dırnaqlarının arasına mıx çaldıq. Belindən parça-parça dəri qoparıb yerinə duz tökdük, yenə demir.
Ağa Məhəmməd şah Qacar. Necə demir? Get, deginən, onun başının ətrafına xəmir yapışdırıb ortasına qurğuşun töksünlər. Onda yaqutun yerini yəqin deyər. (Fərraşbaşı çıxır, sərkərdələr və Hacı İbrahim xan daxil olurlar.) Camaat, Süleyman xandan kağız gəlib. (Kağızı verir Hacı İbrahim xana.) Hacı İbrahim xan, al bu kağızı oxu, sərkərdələr qulaq assınlar.
Hacı İbrahim xan. Məruzi-hüzuri-ali olsun ki, 35000 rus qoşunu general Valeriyan Zubovun təhti-rəyasətində Lənkəran və Badkubə qələlərini alıblar. Gəncə və Şamaxı həmçinin keçib Rusiyanın ixtiyarına. General Zubov əyləşib Muğanda, Azərbaycan üstünə yerimək xəyalındadır və Azərbaycanı təsxir edəndən sonra Tehran üstünə gedəcək.
Ağa Məhəmməd şah Qacar. Həzərat! Kağızın məzmununu bildiniz. Rusiyanın qoşunu cürət edib İran torpağına ayaq qoyub. Amma mənim rəşid qoşunum onun müqabilinə şirtək gedəcək. Ümidvaram ki, Allahın köməkliyi ilə bir az müddətdə Rusiya qoşununun İran torpağında bir nişanəsi də qalmaz.
Sadıq xan. Qibleyi-aləm. Rusiyanın 35000 qoşunu müqabilində əlahəzrətin 80000 qoşunu var. Bir belə qoşunun müqabilində Rusiya qoşunu məgər davam edə biləcək?
Ağa Məhəmməd şah Qacar. Dayanmayın, gedin, qoşunu hazır edin!
Sərkərdələr gedirlər.
Fərraşbaşı (daxil olur). Qibleyi-aləm buyuran tək edib, yaqutu aldıq. (Yaqutu verir.)
Ağa Məhəmməd şah Qacar. Öldü, ya sağdır?
Fərraşbaşı. Xeyr, qurban, sağdır, amma canı azdır.
Ağa Məhəmməd şah Qacar. Ona gedib deyərsən ki, əziyyətinə səbəb özü oldu və sabah göndərərsən, getsin Mazandarana. (Fərraşbaşı çıxır.) Hacı İbrahim xan! Hacı İbrahim xan. Bəli, qurban.
Ağa Məhəmməd şah Qacar. Mən sərkərdələrə dediyim sözləri eşitdin?
Hacı İbrahim xan. Bəli, qurban, eşitdim!
Ağa Məhəmməd şah Qacar. Sən yəqin eləyibsən ki, mən dediyim tək eləyəcəyəm?
Hacı İbrahim xan. Əlbəttə, gərək qibleyi-aləmin xahişi əmələ gələ.
Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim! Mən səni indiyədək çox aqil şəxs hesab edirdim. Amma heyif, sədd heyif mənim zənnimə! Mən güman eləməzdim ki, sən də mənim sərkərdələrimtək ağılsızsan. Sənintək aqil şəxs heç xəyal edə bilərmi ki, mən aparım öz başımı Rusiyanın fulad84 divarına döyüm və ya qoyun sürüsünə bənzər qoşunumu aparam Rusiyanın müntəzəm qoşununun top-tüfənginin qabağına verəm. Mən bilirəm, nə eləyəcəyəm. Bir rus gülləsi mənim qoşunuma çatmayacaq. Qoy Rusiyanın qoşunu nə qədər yeriyəcək, yerisin! Lənkəranla Tehranın arasını biyabana döndərəcəyəm, hər nə tapsalar, alsınlar. Gəl dalımca!
Gedirlər.
PƏRDƏ
Beşinci məclis
ƏHLİ-MƏCLİS
Ağa Məhəmməd şah Qacar
Hacı İbrahim xan
Sadıq xan
Bir nəfər sərkərdə
Şuşa qələsi. Məhəmməd Həsən ağanın evində Ağa Məhəmməd şahın mənzili. Məclis ortadan iki bölünüb: sağ tərəfdə Səfərəli və Abbas bəy pişxidmətlərin otağı, sol tərəfdə Ağa Məhəmməd şah Qacarın yatacaq otağı. Otağın ortasından qırmızı ipək pərdə çəkilib. Pərdənin dalında Ağa Məhəmməd şah Qacarın taxtı qoyulub. Ağa Məhəmməd şah Qacar döşək üstündə əyləşib, yanında piysuz85, qabaqda Hacı İbrahim xan ayaq üstündə durub.
Ağa Məhəmməd şah Qacar. Doğrudur, Hacı İbrahim xan, bir şəxsi ki Allah ucalda, onu məxluqat heç vəchlə aşağı sala bilməz və bir şəxsi ki Allah aşağı sala, cəmi maxələqəllah yığıla, ucalda bilməz. Əgər, xudanəkərdə, bizim qoşunumuz rus qoşunu ilə rubəru gələydi, bir atlımız qalmazdı və Allahın əli mənim üstümdə olmasaydı, indi rus cümlə İrana malik olmuşdu. Qəzanın işini gör. Dava əsnasında imperatriçə vəfat edir, yerinə oğlu əyləşir və o da hökm edir ki, İran üstünə gedən qoşun geri qayıtsın. Çox böyük xoşbəxtlikdir, Hacı İbrahim xan.
Hacı İbrahim xan. Bəli, qurban. İnşallah, həmişə Allahın tövfiqi qibleyi-aləmin üstündə olacaq.
Ağa Məhəmməd şah Qacar. Mən necə ki yəqin etmişdim, elə də oldu. Şuşa qələsinə davasız malik olduq. Heyif ki, İbrahim xan ələ keçmədi. Amma ümidvaram ki, bu gün İbrahim xanın ya özü və ya başı gələ. Onun dalınca gedən 2000 adamın əlindən haraya qaça biləcək? O şair Molla Pənah necə oldu?
Hacı İbrahim xan. Qibleyi-aləm, zindana salıblar.
Ağa Məhəmməd şah Qacar. Xub, sabah, mənə yazdığı fərdin ləzzətini ona göstərərəm.
Hacı İbrahim xan. Qibleyi-aləm, deyirlər, Molla Pənah gecə vaqiə görüb, deyirmiş ki: “Məni Ağa Məhəmməd şah öldürə bilməyəcək”.
Ağa Məhəmməd şah Qacar. Nə eləyim, cümə axşamı olmayaydı, onun vaqiəsinin doğru olmağını ona sübut edəydim!.. Amma İbrahim xan ələ keçməsə, mən rahat ola bilməyəcəyəm.
Hacı İbrahim xan. Qibleyi-aləm, İbrahim xan quş da olsa, 2000 rəşid atlının qabağından heç bir yana qaçıb qurtara bilməz.
Ağa Məhəmməd şah Qacar.Allah sən deyəni eləsin. Hacı, dəxi get, rahat ol. Məni tək qoy, yatmaq vaxtı yaxınlaşır. Şam namazı qılım. (Hacı çıxır, şah canamaz gətirib istəyir açsın. Bu halda Sadıq xan daxil olur). Nə var? Niyə gəldin.
Sadıq xan. Qibleyi-aləmin fərmayişinə görə gəlmişəm.
Ağa Məhəmməd şah Qacar. Kim yetirdi sənə mənim fərmayişimi?
Sadıq xan. Səfərəli.
Ağa Məhəmməd şah Qacar. Buraya çağır onu. (Sadıq xan çıxır.) Məgər bu biinsaflar məni bir dəqiqə rahat qoymazlar? (Səfərəli daxil olur.) Nə vaxt mən sənə dedim, get, Sadıq xanı çağır?
Səfərəli. Yarım saat bundan əqdəm.
Ağa Məhəmməd şah Qacar (qəzəbli). Yalan deyirsən, namərbut!
Səfərəli. Ola bilər ki, mənim qulaqlarım qibleyi-aləmin fərmayişini düzgün eşitməyibdir.
Ağa Məhəmməd şah Qacar. Bir qulaqlar ki, mənim fərmayişimi dürüst eşitməyələr, mənə lazım deyillər. Get, cəllada deginən, qulaqlarının ikisini də kəssin. (Səfərəli çıxır. Sərkərdə daxil olur.) Hə, necə oldu?
Sərkərdə. Qibleyi-aləm, Tərtər çayının kənarında yetişdik İbrahim xana. Üstündə 5000-dən ziyadə atlı var idi. Çox dava elədik və İbrahim xanın qoşunundan da çox qırdıq. Amma çox olmaqlarına görə bizə faiq gəldilər. Xanı ələ gətirə bilmədik. Qaçdı Car Biləkan86 tərəfə.
Ağa Məhəmməd şah Qacar. Yalan deyirsən, namərbut! Doğrusunu de görüm, dava eləyibsən, ya yox? İbrahim xan haradan alırdı 5000 qoşunu? Sən bilirsən ki, bu neçə ilin müddətində Qarabağın adamları bir halətə düşüblər ki, qollarından tutan olmasa, yatdıqları yerdən dura bilmirlər. Doğrusunu de görüm, dava eləyibsən, ya yox?
Sərkərdə. Qibleyi-aləm, necə ki ərz elədim, elədir.
Ağa Məhəmməd şah Qacar (durur ayağa). Yalan deyirsən, yalan deyirsən! İbrahim xan 200 adamdan artıq aparmayıb! Qorxub qaçıbsınız! Doğrusunu de! Yoxsa, and olsun Allaha, ətini tikə-tikə kəsdirib gözünün qabağında yandıracağam!
Sərkərdə. Sahibi-ixtiyarsınız, qibleyi-aləm. Amma necə ki ərz elədim, o növdür.
Ağa Məhəmməd şah Qacar. Apardığın adamdan nə qədər qırılıb?
Sərkərdə. Qoşun hamısı salamat qayıdıb.
Ağa Məhəmməd şah Qacar. Get! Məlum oldu! Sabah sən də və sənin qoşunun da lazımi ənamınızı alarsınız. (Sərkərdə gedir.) Qalsın sənin tənbehin sabaha. Görünür, qarabağlıların küyündən qorxub qaçıblar. Dəxi bilmirlər ki, ölümdən qaçıb ölümə düçar gələcəklər. Yox, yox… Mən buna səbir edə bilməyəcəyəm. Necə ola bilər ki, mən Ağa Məhəmməd şah Qacar olam, cəmi İran mənim təhtisəltənətimdə ola, bir Qarabağ xanı 200 atlı ilə mənim əlimdən qaçıb qurtara! Yox, tab gətirə bilməyəcəyəm, görünür, yumşalmışam! Eybi yoxdur, yenə qiyaməti bərpa elərəm. Yenə Ağa Məhəmməd şah Qacarın gözlərinin qızarmağını görərlər. (Otaqda hirsli gəzinir. Səfərəli qulaqları dəsmalla sarınmış və Abbas bəy öz otaqlarına girirlər).
Səfərəli. Öhö… öhö… öhö… (Ağlayır.)
Abbas bəy. A kişi, yekə adamsan, uşaqtək niyə ağlayırsan?
Səfərəli. Abbas bəy, niyə ağlamayım? Mən Qarabağda bir adam sayılırdım. İndi bu sifətdə mən camaat içinə çıxamı biləcəyəm? Mənim qulaqlarımı kəsdirincə şah buyuraydı, birdəfəlik boynumu vuraydılar, bundan yaxşı olardı. (Ağlayır, şah qulaq verir.)
Abbas bəy. Ağlama, ayıbdır. Bir də şahın hirsi bərk tutub. Xudanəkərdə, eşidər, qəzəbi bir az da şiddət elər.
Ağa Məhəmməd şah Qacar. (qeyzli). Kimdir qapının dalında səs eləyənlər? İçəri gəlin! (Səfərəli və Abbas bəy daxil olur.) Səfərəli, sənsən övrəttək ağlayan? Gör mənim sənə nə qədər iltifatım var ki, sənin başını bədənində qoymuşam! Abbas bəy, sən də küy eləyib mənim istirahətimi pozursan?! Gedin, sabah hər ikinizin gərək başı kəsilə. Sizdən savayı bir neçə də naçizlər87 var, onların da başı kəsiləcək. Sabah gərək kəllədən bir minarə qurduram ki, Şəmkir minarəsindən uca ola. O minarənin başında sizin ikinizin başını qoyduracağam, gedin! (Səfərəli və Abbas bəy çıxırlar.) Çoxdandır, divan eləməmişəm. Amma sabah gərək davadan qaçanlara özümü göstərəm. Gərək sabah Qarqar çayında su əvəzinə qan axa! Gərək sabah bir elə divan eləyim ki, Arazla Kürün arası zəlzələyə gələ! Gərək bir divan eləyəm ki, həzrəti-Musa minlərcə balaca uşaqlar başı kəsdirmiş fironun günahının əfvini Allah dərgahından istixasə eləyə! Gərək bir divan eləyəm ki, Əmir Teymurun sümükləri Səmərqənddə cünbüşə88 gələ! (Nəfəsini ağır-ağır çəkir.) Gərək Bağrıqan dağının sinəsindən ələman sədası kəhkəşani-fələkə dürəklənə! Gərək bir divan eləyəm ki, Hüccac ibni Yusif başını qəbirdən qovzayıb “afərin” desin! Of!.. Nə çətin əmrdir padşahlıq! (Piysuzu götürüb gedir pərdənin dalına.)
Səfərəli və Abbas öz otaqlarında.
Səfərəli. Şahın sözü sözdür. Sabah ikimizin də başımız kəsiləcək.
Abbas bəy. Qəzanın təqdirinə çarə yoxdur. Ağa Məhəmməd şah taxta əyləşəndən indiyədək minlərcə bizdən artıq canları yox eləyib, indi növbət bizə düşüb.
Səfərəli. Bəli, əlac yoxdur, sən get, bu gecəni öz övrət-uşağınla keçir. Mən də tək adamam, əyləşim, razü niyaz eləyim. Bəlkə, Allah keçmiş günahları bağışlaya. Bir də, Abbas bəy, doğrusu, Qarabağı bu halda görməkdənsə, ölmək yaxşıdır. Ölkə viran, evlərdə çörək yox, anaların döşünün südü quruyub. Ac qalmış südəmər balaların mələşməsindən yer, göy titrəyir. Xan başını götürüb diyarbədiyar düşüb. Bir diqqətlə baxırsanmı, Abbas bəy, bu böyüklükdə şəhərdə necə sakitlikdir. Küçələrdə bir zinəfəs tapılmır. Ancaq bir havada nəş arzusunda gəzən kərgəslərdən savayı bir canlı görünmür. Günorta və axşam müəzzin səsindən savayı bir səs eşidilmir?! Heç diqqətlə bir əzan səsinə qulaq veribsənmi? O, əzan səsi deyil, ciyərlər naləsidir. Bu nədəndir? Ondandır ki, xalq qorxusundan çəkilib evinə, qapıları bağlayıb, külfətini yığıb başına, qara gününə ağlayır… Abbas bəy, axır, biz qarabağlıyıq, bunu gərək bizim namusumuz götürməsin.
Abbas bəy. Bilirsən, Səfərəli, nə var? Niyə biz ölürük? Qoy şah ölsün. İranda yetimlərin, dul övrətlərin fəryadı ki, çıxıb göyə! Qoy bir nəfs ölsün, bəlkə, neçə min nəfs dirilə.
Səfərəli. Abbas bəy! And olsun Allaha, sən mənim ürəyimdən xəbər verdin. Şah gərək ölsün! Özü də bu xəncərlə öləcək. Qoy onun öz başı, təmiri fikrində olduğu minarənin bünövrəsinə qoyulsun və minarəni də xudavəndi-aləmin yədi89-qüdrəti tiksin.
Abbas bəy. Onda şah yatmışkən girək içəri, fürsət əldən getməsin.
Hər ikisi qəmələrini çəkib girirlər şah yatan otağa. Abbas bəy qabaqca yeriyib pərdəni yığışdırır əlinə. Qıçları tutulub, pərdə əlində qalır. Şah qədim xırda şüşəli pəncərənin yanında yatıb. Pəncərəyə ayın işığı düşüb. Taxtın ayağının altında piysuz yanır. Abbas bəy və Səfərəli bir qədər vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli cəld şahın üstünə gedib, qəməni sancır onun ürəyinə. Abbas bəy və Səfərəli qaçırlar. Ağa Məhəmməd şah Qacar hövlnak yerindən qalxıb, onların dalınca, əli ürəyində, qapıyadək yüyürür, sonra qayıdıb otağın ortasında yıxılır.
Ağa Məhəmməd şah Qacar. Ey xanəxərab, İranra virankərdi!90 (Ölür.)
PƏRDƏ
YEYƏRSƏN QAZ ƏTİNİ, GÖRƏRSƏN LƏZZƏTİNİ
Keyfiyyəti-qəribədir ki, 3 məclisdə tamam olur
ƏFRADİ-ƏHLİ-MƏCLİS
Hacı Mehdi – Osmanlı davasında bir qədər qazanıb, 50 yaşında
Ələsgər – onun qardaşı, 45 yaşında
Sənəm – Hacı Mehdinin əvvəlinci arvadı, 30 yaşında
Güllü – Hacı Mehdinin ikinci arvadı, 25 yaşında
Nəbi – qəssab, Güllünün atası, 50 yaşında
Mirzə Heydər – cadugər, 40 yaşında
Məşədi İman – sövdəgər, 40 yaşında
Gülpəri – qoca arvad, elçi, 50 yaşında
Qiyas – Hacı Mehdinin ev nökəri, 18 yaşında
Əhvalat vaqe olur Qarabağ vilayətində. İkinci məclis ilə üçüncü məclisin arasından 4 il keçir.
Əvvəlinci məclis
Hacı Mehdinin otağı nümayan91 olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaq-qabağa iki döşək püşti92 ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı müqabildə.
Hacı Mehdi əyləşib döşəklərin birinin üstə, Şiraz qəlyanı damağında. Bir azdan sonra başını qalxızıb üzünü tutur qapıya, nökəri çağırır.

Hacı Mehdi. Ay gədə, Qiyas!
Nökər (daxil olur). Nə buyurursan, ağa?
Hacı Mehdi. Mirzə Heydəri gedib gördünmü? Necə cavab gətirdin?
Nökər. Ağa, Mirzə Heydər neçə vaxtdır gəlib, buradadır. Əgər istəyirsən, bu saat çağırım, gəlsin.
Hacı Mehdi. Ay namərbud, neçə vaxtdır, gəlib, niyə mənə xəbər verməyibsən? Nə qayırırdın? Hansı cəhənnəmə getmişdin?
Nökər. Ağa, dəxi niyə acığın tutur, aşpaz övrət göndərmişdi bazara, dolmadan ötrü kələm almağa.
Hacı Mehdi. Yaxşı, bazara getməmişdən gəlib mənə deyə bilməzdin, heyvan? Kişi iki saatdır, gəlib müntəzirdir. İtil gözümün qabağından!
Nökər (öz-özünə söylənir). Erməniyə “koxa” dedilər, çuxasını özgəyə götürtdü. İndi buna da “ağa” dedilər, qudurdu.
Hacı Mehdi. Dodağının altında danışma. Çağır, gəlsin! (Nökər gedir.) Bu nökər bilmərrə məni təngə gətirdi. Həqiqət “buğda çörəyi qarın deşən olur” deyirlər, doğru imiş.
Mirzə Heydər (daxil olur). Səlaməleyküm.
Hacı Mehdi. Ələykəssalam, Mirzə! Buyur, buyur, əyləş. (Mirzə əyləşir.) Əhvalın necədir, Mirzə? Heç görünməyirsən?
Mirzə Heydər. Bəndə, nə vaxt buyursanız, qulluğunuzda hazıram.
Hacı Mehdi. Gərək mirzə, bağışlayasan, nökər səni incidib. Çoxdan gəlibsən, mənə heç xəbər etməyib.
Mirzə Heydər. Xeyr, hacı. Bu nə sözdür, buyurursunuz? Bəndə həmişə sizin müxlisiniz93 varam. Mənim üçün belə zəhmətlər çox rahatlıqdır.
Hacı Mehdi. Çox razıyam. Amma gərək genə bağışlayasan, zəhmət vermişəm.
Mirzə Heydər. Allah bağışlasın, bu nə sözdür, hacı, buyurursunuz?
Hacı Mehdi. Bilirsən, mirzə, sənə nə üçün zəhmət vermişəm?
Mirzə Heydər. Xeyr, hacı ağa, buyurun görək.
Hacı Mehdi. Bir təvəqqem var, mirzə, qorxuram, əmələ gətirə bilməyəsən.
Mirzə Heydər. Hacı, belə sözləri buyurmayın. Bəndəni ölümə də göndərsəniz, boyun qaçırmaram. Siz ki məni ölümə göndərməyəcəksiniz?
Hacı Mehdi. Di onda qulaq as, deyim.
Mirzə Heydər. Bəli, buyurun, hacı ağa.
Hacı Mehdi. Bax, mirzə, mən dünən hamamdan qayıdan vaxt bir arvad tayfasına rast gəldim. Hava da bir az külək idi. İttifaqən külək arvadın başından çadırşəbini atdı, arvadın üzünü açdı. O vaxt mənim halətim dəyişdi və özümü bilmərrə itirdim. Guya ki, məni qalxızıb ikiəlli vurdular yerə. Bu çanacan əqlim başıma gəlməyib. Vallahi heç bilməyirəm, evə necə gəldim, çıxdım. İndi mənim də səni çağırmağımın səbəbi budur ki, gərək mənə bu işdə bir çarə tapasan ki, mən o övrəti alım.
Mirzə Heydər. Xub, hacı. Əvvəl gərək bilmək o, qızdır, ya yox? Və bir də kimin qızıdır? Bəlkə, ərdədir?
Hacı Mehdi. Mən gəldim evə yarımcan. O saat adam göndərdim, Gülpəri qarını çağırdım və övrətin bir para nişanələrini ona dedim. Deyən kimi bildi və dedi ki, o qız qəssab Nəbinin qızıdır. Adı da Güllü və özü də qızdır. Bax, mirzə, imdi aman günüdür, mənə bir əlac eylə. Əlindən gələni müzayiqə eləmə. Sənə bir yaxşı xələt verrəm.
Mirzə Heydər (əlini aparır alnına və bir az fikrə gedir). Bir adam göndərin, hacı, bircə Gülpərini buraya çağırsın, görək nə tövr edərik.
Hacı Mehdi(üzünü tutur qapıya). Ay gədə, Qiyas! (Qiyas daxil olur.) Get, Gülpəri qarıya deyilən, “ağam səni çağırır, səninlə işi var”, tez deyilən, gəlsin. Genə bayaqkı kimi kələm almağa getmə. (Nökər gedir.) Yaxşı, mirzə, indi fikrin nədir?
Mirzə Heydər. Hacı, bunun bir fikri yoxdur. Çox asan işdir. Amma bir zad var ki!
Hacı Mehdi. Nədir o zad, de görüm.
Mirzə Heydər. Hacı, bağışlayınız, sizin Allaha şükür, bir parça yeməyə çörəyiniz var, övrətiniz var, dörd nəfər, Allah saxlasın, uşaqlarınız var. İndi sizin iki arvad nəyinizə lazımdır?
Hacı Mehdi. Ay mirzə, mən səni buraya vəz verməyə çağırmamışam. Əgər bu işə əl qoya bilərsən, qoy. Yox, qoymayacaqsan, onu de. Dəxi mənə vəz vermək lazım deyil.
Mirzə Heydər. Ay hacı, dəxi nə üçün acığınız tutur? Bir söz idi, dedim, hər nə buyurursunuz, yerinə yetirrəm.
Hacı Mehdi. Dəxi mən bir zad bilmirəm, ancaq bu işdə hər nə kələyin var, işlət.
Gülpəri (daxil olur). Salaməleyküm, hacı, qadan alım, genə nə olub məni yadına salıbsan, nə qulluğun var?
Hacı Mehdi. Gəl otur, indi görərsən, nə qulluğum var. Qulluğum çoxdur. (Gülpəri əyləşir qapının ağzında. Hacı üzünü tutur mirzəyə) Bu da Gülpəri!
Mirzə Heydər (əlini salıb cibinə, kağız, qələmdanı çıxarır). Hacı, hərçənd mən bu işə əl qoyaram, ancaq qorxuram ki, sonra cəmi təqsiri, günahı mənim boynuma qoyasınız.
Hacı Mehdi. Ay rəhmətliyin oğlu, dəxi artıq söz lazım deyil, işini gör.
Mirzə Heydər (Gülpəriyə). Gülpəri, bilirsən, hacı istəyir, qəssab Nəbinin qızı Güllünü alsın. Ondan ötrü səni çağırmışıq ki, gedəsən, qəssab Nəbinin arvadının yanına elçiliyə. İndi hər nə deyəcəksən, nə tövr söz açacaqsan, o sənin işindir. Onu sən yaxşı bilirsən. Elə ki işi qurtardın, hacı sənə bir yaxşı xələt verəcək.
Gülpəri. Ay başına dönüm, qəssab Nəbinin arvadı bir lovğa şeydir, o heç indiyə kimi gözəl-göyçək cavan oğlanları bəyənməyib, onlara qız verməyib. İndi mən ora getsəm, vallahi məni it ilən qovarlar. Deyərlər ki: “Ay kaftar, bizim qızımız qırmızı saqqallı, qoca kişinin tayıdır?!” Hərçənd hacı dövlətlidir, amma genə qəssabın arvadı günü üstünə qız verməz.
Mirzə Heydər. Bəs mən nəçiyəm? Mən elə iş görərəm ki, heç bir söz deməzlər.
Gülpəri. De görüm, nə eylərsən, əlinə ağac alıb gedib onlar ilə dava edəcəksən?
Mirzə Heydər. Sən ağzına gələni söyləmə, sözümə qulaq as. Mən indi üç dua yazaram: birini qoyarsan dilinin altına, onda sən hamısına şirin görünərsən. Heç kəs sənə yaman söz deməz və bir də bir dua yazaram onu it tükü ilə, ancaq qara it olsun və pişik tükü ilə bir yerdə qəssabın qapısından girəndə basdırarsan və üçüncü duanı qoyarsan suya, bir gecə qalar suyun içində. Sübh, gün çıxmamış bir almanı üç dəfə salıb çıxardarsan o suyun içinə və qalan su ilə üzünü yuyarsan və almanın da bir parçasını bir tövr qəssabın qızına, bir parçasını da anasına verərsən, sonra iş düzələr, gedər. Di imdi səbir elə, duaları yazım. (Başlayır yazmağa.)
Gülpəri. Yaxşı, yaz görək, necə olar.
Hacı Mehdi. A Gülpəri, bu işi düzəltsən, məni özünə borclu elərsən. Sənə elə bir xələt verərəm ki, heç misli olmasın və hansı çitdən özün bəyənsən, tuman alaram. Ala, qabaqca də sənə bir az xərclik verim. Allah qoysa, iş ki düzəldi, səni razı edərəm, necə ki, xahişin.
Gülpəri (pulu alır). Allah oğlunu saxlasın. Allah qoysa, hacı, mirzə duaları yazar, apararam, yəqin ki, düzəldərəm. Sonra, hacı, səndən bir zad təvəqqe edəcəyəm.
Hacı Mehdi. Nədir, de görüm?
Gülpəri. Mənim kiçik oğlum evdə bikar oturub. Xahiş edirəm ki, onu götürün, burada sənə xidmət eləsin. Mən də sənin canına nə qədər ömrüm var, duaçı ollam.
Hacı Mehdi. O da baş üstə, dəxi nə qulluğun var? Elə yaxşı oldu. Bu nadürüstü qovaram, sənin oğlunu saxlaram. Sənin oğlun yaxşı oğlandır.
Mirzə Heydər. Hə, Gülpəri, duaları yazdım. Dur gəl irəli. (Gülpəri gəlir mirzənin yanına) Bax, bu duanı qoyarsan dilinin altına, bu birini də it-pişik tükü ilə basdırarsan qəssabın darvazasının ağzında. Bunu da…
Gülpəri. Mirzə, başına dönüm, pişik də gərək qara olsun?
Mirzə Heydər. Yox, pişik hər rəng olsa, olsun, ancaq pişik olsun. Bunu da…
Gülpəri. Dedim, birdən deyərsən, pişik də gərək qara olsun. Onda mən qoca arvad pişiyi haradan qova-qova tutacağam? Amma yaxşı oldu, öz evimizdə bir dənə boz pişik var, elə onun tükündən yolaram.
Mirzə Heydər. Yaxşı, dəxi bəsdir, qulaq as, gör nə deyirəm. Bax bunu da suya salıb, içinə bir dənə alma salginən və suyu ilə də üzünü yuyarsan, başa düşdünmü?
Gülpəri. Niyə başa düşmədim, a başına dönüm?
Mirzə Heydər. Bax dəyişik salmayasan, hər birini öz yerinə qoy.
Gülpəri. Niyə dəyişik salıram, uşaq deyiləm ki.
Mirzə Heydər. Di get.
Gülpəri istəyir getsin.
Hacı Mehdi. Amma, Gülpəri, bax dəxi mən demirəm, nə tövr elə, nə tövr eləmə. Amma əlindən gələni müzayiqə eləmə.
Gülpəri. Ay hacı, başına dönüm, mənim saçım elə elçilikdə ağarıb. Əlli min tülkü fəndi bilirəm, hamısını salaram işə. Ancaq bizim gədəni bir tövr qoy.
Hacı Mehdi. Sən arxayın ol. Ancaq sən işi düzəlt, hamısı asandır. (Gülpəri gedir.) İndi, mirzə, sənin dualarının təsirini görək.
Mirzə Heydər. Hacı, siz heç mənim dualarıma şəkk gətirməyin. Bu dualar ki mən yazmışam, həzrət Süleyman əleyhüssəlamın dualarıdır. Çox mücərrəb94 dualardır. Mənim mərhum atam, Allah ölənlərinizə rəhmət eləsin, bu duaların şəninə məşhur olmuşdu. Hər şənbə və çərşənbə günləri atamın qapısı dönərdi xan, bəy qapısına. Arvad, uşaq sübhdən ta axşamacan qapıdan getməyirdi, hərəsinin bir dərdinə əlac edirdi. Birisi gəlirdi: “Molla, başına dönüm, aman günüdür, anam çala üstədir, işi çətinə düşüb”. Görürdün, bir dua yazdı, verdi. Bax elə suya salıb, naxoşa içirdən kimi bari-həmlini qoyurdu yerə. Məsələn, birisi neçə ildir ki, gedib ərə, övladı olmayır. Gəlirdi atamın yanına: “Molla, başına dönüm, mənə bir əlac elə”. Atam rəhmətlik döşün açıb, ürəyindən aşağı, burasına bir dua yazardı (əlilə göstərir), bir ildən sonra görürdün, bir xələt götürüb gəlib, razılıq eləyir ki: “Molla, Allah sənin atana rəhmət eləsin, bu uşaq sənin duanın bərəkətindən olub”. Mənim rəhmətlik atam az adamın fəryadına yetməyib. Cəmi aləm ona rəhmət oxuyur. Birisi dara düşəndə görürsən, deyir: “Ax, Allah sənə rəhmət eləsin, ay Molla Zaman, mağul95 xalqın dadına yetirdin”.
Hacı Mehdi. Tanıyıram, ay mirzə!
Mirzə Heydər. İmdi atam ölüb, Allah dünyadan gedənlərinizə rəhmət eləsin. Onun kitabları keçib mənim əlimə. Mən də belə çağçuqla, Allaha şükür, sizin dövlətinizdən beş-on şahı qazanıb, sizin kimi adamların kölgəsində dolanıb, zindəganlıq edirəm.
Hacı Mehdi. Bilirəm, nə deyirsən, sənin danışmağın artıqdır. Səni elə razı edərəm, necə ki sənin məramındır. Ala, qabaqca sənə bir az xərclik verim, apar ver ətə-zada. (Əlini salır cibinə, istəyir, pul versin. Bu halda Hacı Mehdinin qardaşı Ələsgər daxil olur.)
Ələsgər. Ay Hacı Mehdi, dəli olubsan, nədir? Saqqalının ağ vaxtında bu nə işdir, tutursan? Ağlın başından çıxıbdır, nədir? (Üzünü tutur Mirzə Heydərə) A kişi, sənin burada nə işin var? Çıxıb getsənə göbək yazmağın dalınca! Adam tapmayırsan başına ip salıb oynatmağa! Dur buradan, xəbis96!
Mirzə Heydər. Ay ağa Ələsgər, dəxi nə üçün acıqlanırsan? Mən öz başıma gəlməmişəm ki! Məni də çağıran var ki, gəlmişəm də!
Ələsgər. Çox danışıb səni bura çağıran, səninlə belə! Dur buradan!
Mirzə istəyir dursun.
Hacı Mehdi. Mirzə, əyləş. Onun nəyinə qulaq asırsan? Onun hərdənbir cini tutur. (Üzünü tutur Ələsgərə.) Balam, dəli olmayıbsan ki? Utanmırsan, özündən böyük qardaşının bir hörmətini saxla. Ağlın başından çıxıb, nədir? Bir de görüm, nə deyirsən? Mən sənin bu çığırmağında heç bir şey başa düşə bilmirəm.
Ələsgər. Mənim ağlım başımdadır. Amma sənin ağlın, bir para işin, hərəkətin məni dəli eləyib.
Hacı Mehdi. A balam, nə danışırsan, bir əməlli danış görüm, nə deyirsən?
Ələsgər. Bircə de görüm, Gülpəri qarı burada nə qayırırdı?
Hacı Mehdi. Sənin nə borcundur, nə qayırırdı? Gülpəri bir qarıdır, həmişə buralara gələr-gedər, genə gəlmişdi.
Ələsgər. Qardaş, sən mənim başımı tovlaya bilməzsən. Mən də dünyada bir iyirmiyədək say bilirəm. Elə bilirsən ki, bir ağıllı sənsən. Əhvalatın hamısını mənə tamam-kamal nəql ediblər. Bax bircə qulaq ver, gör nə deyirəm. Sən mənim adımı, doğrudur, dəli qoydun, amma dünyanın cəmi işi belə düşüb ki, hər kəs doğru söz danışsa, xalqın gözünə pis görünər və adını da qoyarlar dəli. İndi, qardaş, sən Osmanlı davasında bir az mal satmaq ilə pul qazanıbsan. Allaha şükür, heç kəsə ehtiyacın yoxdur, ta bir parça çörəyin var, öz külfətin ilə yeyib, rahat dünyada baş saxlayırsan. Mən də sənin kasıb qardaşınam. Hərçənd səndən bir təmənnam yoxdur. Sənin kölgəndə çərçilik-zad ilə dolanıram. Amma sən istəyirsən, öz halal çörəyin burnundan tökülsün. Axır sən neyləyirsən iki arvadı? Allaha şükür, yaxşı arvadın, üç-dörd uşağın var. Dəxi bu nə işdir?
Hacı Mehdi. A gədə, sən mənə ağıl öyrətmə, mən öz işimi yaxşı bilirəm. Sən get, bazara çərçiliyini elə. Sənin mənim işimə qarışmağın nahaqdır.
Ələsgər. Qardaş, sən mənim çərçiliyimə rişxənd edirsən, heç eybi yoxdur. Amma bir vaxt olar, mən də gəlib deyərəm: “Qardaş, kefin necədir?” O vaxt qorxuram, başını yuxarı götürə bilməyəsən. (Mirzəyə) Allah sənin evini yıxsın, sən bu biçarəni yoldan çıxarmısan. Bu saat sənin ciyərini çıxardaram. Amma genə böyük qardaş yanında həya eyləyirəm. Əgər bayıra çıxarsan, mən billəm, nə elərəm. And olsun Allaha, sənin başına bir oyun gətirəcəyəm ki, anadan əmdiyin süd burnundan gəlsin.
Mirzə Heydər. Ay başına dönüm, axır mənim təqsirim nədir? Mən deyəndə el anasıyam, sən çağırırsan, sənin işini görürəm, o çağırır onun, bu çağırır bunun işini görürəm.
Ələsgər. Az danış, biiman. Dur buradan sağ-salamat, əlim sənə dəyməmiş çıx bayıra. Yoxsa səni bir el anası qayıraram ki, gəldiyin yolu azarsan, müftəxor!
Hacı Mehdi. Ay qardaş, sənə bayaq dedim ki, get, çərçilik ilə, istiot, zəncəfil sat. (Mirzəyə) Mirzə, sən buna qulaq asma, dəlidir bu…
Mirzə Heydər. Ay başına dönüm, elə ondan qorxuram ki, küçədə-zadda məni biabır eləyə, yoxsa mən bilirəm ki, bu…
Ələsgər. Qardaş, indi sənin beynin qızıbdır, özünü itiribsən. Amma bax bir sözdür, sənə deyib gedirəm, yadında saxla. Elə ki ikinci arvadı alıb gətirdin, bir gün olar hərəsi bir tərəfdən ağızlarını açıb ac qurd kimi səni yeyərlər, sonra düşərsən məndən pis günə. İndi mən gedirəm. Sən bu Mirzə Heydər imansızla nə qayıracaqsınız, qayırın, amma yeyərsən qaz ətini, görərsən ləzzətini. (Gedir.)
Hacı Mehdi. Dəxi çox boş danışma, get, get. (Mirzəyə) A kişi, dəli əlinə düşmüşəm də. Gündə gəlir çığırır, bağırır, gedir.
Mirzə Heydər. Hacı, sən elə ona tapşır ki, mənə küçədə-zadda bir söz deməsin. Yoxsa mənim bir az camaat içində hörmətim var, onu da tökər yerə, sonra biabır ollam.
Hacı Mehdi. Arxayın ol, mirzə. Mən ona qulaqburması verrəm… Hə, yaxşı yadıma düşdü. Ala, bir az sənə cibxərcliyi verim. Allah qoysa, elə ki iş düzəldi, sənə bir yaxşı xələt verəcəyəm. (Pulu verir.)
Ücretsiz ön izlemeyi tamamladınız.