Kitabı oku: «Solovkidə gördüklərim», sayfa 3
Ənvər Buxarada hərarətlə qarşılandı. Ənvər Buxara sokaklarından keçərkən Buxara qadınları hörmət əlaməti olaraq çarşaflarını başlarından atıyorlardı. Buxarada türkiyəli zabitlərdən ibarət əski dostlarını bulan və Buxaranın istiqbalından ümid alan Ənvər vəziyyətdən istifadə etmək fikrinə düşdü.”43
Ənvər Paşanın Bakıda qarşılanması və Sovet xüsusi xidmət orqanlarının qurduqları tələlər haqqında da Ağabekofun xatirələrində olduqca maraqlı məlumatlar var. Ağabekof Reysihin xatirələrinə əsaslanır. Reysih də 1920-ci ilin sen-tyabrında Bakıda keçirilən Şərq Xalqlarının Birinci Qurul-tayında iştirak etmişdi. Sonralar Sovet höküməti tərəfindən həbs olunmuş və Ənvər Paşanın yardımı ilə həbsdən azad edilmişdir. Bundan sonra çekada işə girib Türküstanda milli düşüncəli insanlara olmazın divanını tutmuşdur. Ağabekof da belə bir adamın xatirələrinə əsaslanaraq yazır: “Moskvadan Bakıya gələn Ənvər ümumi mənzili ziyarət etdi. Ənvəri görüncə bütün Şərq Kommunistləri üzü üstə yerə qapandılar. Ənvərin əlini və əlbisəsini öpməyə başladılar.”44 Bu kiçik parça onu göstərir ki, Ənvər Paşa yalnız millətçilər arasında deyil hətta onlara əks cəbhədə dayanan kommunistlər arasında da böyük nüfuza malik imiş.
Çekanın tapşırığı ilə Ağabekofa kağız pul və saxta pasport verib Buxaraya yola salırlar. Çar Rusiyası ordusunun istefada olan zabiti Azadof pasportuyla Buxaraya gələn və orada işə düzələn Ağabekof fəaliyyətini belə təsvir edir: “Buxara höku-mətinin hərbiyyə naziri, gənc buxaralı Arif idi. Bu adam Buxara inqilabından sonra kommunist fırkasına daxil olmuşdu. Onun müavini, sabiq çar ordusu zabitlərindən tatar Tamarındı. Ərkanı hərb komissarı olan kommunist Kutsner ilə dost oldum və OQUP üçün çalışacağına dair imza verdim. Bu komissarın yardımı və mənim çalışmam sayəsində məni kəşfiyyat qismini təşkil etməyə məmur etdilər. Gizli olaraq çeka məmurlarından gətirdərək Buxaranın müxtəlif şəhərlərinə (işə-Ə.Ş.) təyin elətdim. Bu vasitə ilə xoşbaxt bir təsadüf əsəri olaraq Buxara hökümətinin bütün istixbarat45 və kəşfiyyat təşkilatı əlimə keçdi. Buxara höküməti adıyla biz artıq istədiyimizi yapmağa müqtədirdik”46
Ənvər Paşanı məhv etmək üçün Sovet çekistlərinin planı əsasında Ağabekof saxta Rəsulof pasportuyla tacir kimi kəndləri dolaşıb onun yerini müəyyənləşdirməli olur. İstədiyinə nail olan Ağabekof yazır: “…İki gün sonra Ənvər Paşanın bulunduğu qışlağa yetişmişdik. Biz basmaçıların toplandıqları, yeyib-içib, yatdıqları bir çayxanada yerləşdik… Hərəkət etmək lazım idi. Osipofla Əbdurrəhmanı mal gətirmək bəhanəsiylə Dennauyə göndərdim. Onlar verdiyim məlumatı yerinə götürəcəkdilər. Beş gün təkbaşına basmaçılar arasında qaldım. Əbdürrəhman gəldi və xəbər gətirdi ki, Ənvəri tutmaq üçün Dennauyə süvari divizyon dəvət edilmişdir. Divizyon gəlincəyədək Ənvəri gözdən kayb etməmək lazım idi.
…Ertəsi gün Ənvər Paşanın öldürüldüyü haqqında xəbər gəldi. Mənim vəzifəm artıq bitdi.
…Budenof nəfəri qılınc darbəsiylə Ənvər Paşanın başını və omuzunun bir kısmını qoparmışdı. Onun yanında bir də Quran düşüyordu. Ehtimal Ənvər Paşa taarruza47 keçərkən Quranı əlində tutuyormuş.
Quran Taşkent OQPU-suna göndərilərək “Ənvər Paşa işi”nə talik olundu.”48
1926-cı ildə Bakı-Ənzəli yoluyla Tehrana gedən və orada fəaliyyətə başlayan Ağabekofun Azərbaycanla bağlı söylədiyi fikirlər bu gün də Rusiya siyasətində aparıcıdır. O, Təbrizdə işləyən müsavatçıların məktublarını ələ keçirmək üçün İran poçt məmuru Minasyanı ruşvətlə ələ aldığını təfsilatıyla təsvir etdikdən sonra yazır: “Kürtlər ümumiyyətlə İrakdan Kafkasyaya gedən yol üzərində oturmuşlardır, gələcək İngilis Rusiya müsademesində49 hər iki tərəf üçün kürtlərin pozisyonu böyük əhəmiyyəti haiz50 olacaqdır.
Bunu da əlavə edəlim ki, kürt milləti mükəmməl bir hərb materialıdır….1927 sənəsində Sovyet ərazisində bulunan bir ovuc kürtlər üçün ”müstəqil cumhuriyyət” elan etmək qərarına gəldi. Bu vasitə ilə digər kürtlərin dahi təvəccühünü51 Sovyetlərə tərəf çəkmək düşünülmüşdü.
…Azərbaycan Avropa ilə başqa yol bulunca (müəllif söhbət açdığı dövrdə Təbrizdən Trabzona yol, rabitə xətti çəkilməsi, eləcə də İrakda olan İngilis müstəmləkəçilərinin oradan Urmiyaya yol çəkməyi planlaşdırdıqlarını nəzərdə tutur – Ə.Ş.) Rusiyadan asılı olmamaya başlayacaqdır. Bu iqtisadi nüfuzumuz qaybolunca şübhəsizdir ki, siyasi nüfuzumuzu dahi kayb edəcəkdi52.”
“Bildiriş” qəzetinin 74 il önçə kitabdan ixtisarla verdiyi bir çox məsələlər hələ də aktuallığını itirməmişdir. Onun indiyə-dək dilimizə çevrilməməsi və çap olunmaması təəssüf doğurur.
“Bildiriş”in 72 il öncə çəkdiyi harayı nə yazıq ki, milləti-mizə rəhbərlik etmək iddasında olan (əslində Rusiyanın tapşırıqlarını canla-başla yerinə yetirən-Ə.Ş.) kommunistlərimiz nə eşitmək istədilər, nə də yazdıqlarını oxuyub nəticə çıxardılar. Qəzet 1931-ci il avqustun 6-da “Azərbaycan hesabına böyük Ermənistan” məqaləsində yazırdı: “Lenin milli siyasətinin” bir eseri tecellesi olaraq Ermənistana ilhaq edilən Zəngəzurdan sonra sıra şimdi Qarabağla Gəncəyə gəlmişdir….İki Ermənistan, biri Suriyada digəri Erivanda…Ortadakı ərazi üzərində də kürt hərəkəti. Sonra Erivanla Kilikya, Kürdüstanı qolaylıkla yutabilir…
Sovet höküməti Azəri kommunistlərinin tam bir cəhalət, aciz və korluklarından bilistifadə Azərbaycanın Zəngəzur vilayətini, Göyçə ətrafıyla Qazax qəzasından bir çox əraziyi ermənilərə vermişdir. Bu yetmiyormuş gibi Azərbaycanın müqəddəs bir parçasını təşkil edən Qarabağda muxtar bir erməni cumhuriyyəti təşkil eylədi. Sovyet hökuməti Kafkasya xaricində olan ermənilərin Azərbaycandan ayrılıb bu yerlərə toplanmasına var qüvvəsiylə yardım etdi və hələ də etmək-dədir. İrandan, İrakdan, Avropadan və Rusiyadan bu türk yurduna dolmağa başladılar.”
Vətəninin gözəl bir guşəsinin də əldən gedəcəyini görən müəllif fikirlərini isbatlamaq üçün başqa mənbələrə deyil, məhz kommunistlərin öz yazdıqlarına istinad edərək “Zarya Vostok” qəzetinin 140-cı sayından aşağıdakı parçanı stat gətirir: “Muxtar Dağlıq Qarabağ əyalətində daşnaklar hakim vəziyyətdə olub erməni kommunistləri tərəfindən himayə edil-mişlərdir.” Müəllif narahatlıqla bildirir ki, Qarabağ erməni təşkilatını idarə edən Qaragözov və tərəfdarları Qarabağın Ermənistana ilhaqını tələb edirsə, kommunist liderlərindən Tevadros, Mirzəbekyan və tərəfdarları isə daha irəli gedərək Qarabağla yanaşı Gəncənin də Ermənistana ilhaq edilməsini istəyirlər.
Müəllif yazır: “Erevan ilə Kilikyanın təşriki mesai etdiyi sahə yalnız burası deyildir. Erevanda kürt institutu, kürt məktəbləri, kürt qəzeti təsis olunduğu nəzərə alınarsa Kilikya ilə Erevanı ayıran sahə məsələsində dahi müştərək olduqları anlaşılmış olur.”
Ermənilərin Azərbaycan ərazilərini müxtəlif vastələrlə işğal etmələri ilə kifayətlənməyib yerli sakinləri sıxışdırıb ata-baba yurdlarından çıxarmaları, onların tarixi abidələrini məhv et-mələri də qəzetin diqqətindən yayınmayıb. Belə ki, “Erevanda mühüm hadisələr” başlıqlı yazıda İrəvandakı Göy məscidi sökmək istəyərkən müsəlmanlarn buna qarşı çıxdığını, nüma-işçiləri dağıtmaq üçün silahlı qüvvələrdən istifadə edildiyini və toqquşma zamanı qan axıdıldığını xəbər verir.
Təbrizdə 400 bolşevikin yaydığı bəyannaməyə imza atan-ların əksəriyyətinin erməni olduğunu yazan53 qəzet Sovet irticasından qaçıb İrana sığınan soydaşlarımızın faciəsini də daim diqqət mərkəzində saxlayır. Gah 1918-1920-ci illərdə Naxçıvanın erməni basqınlarından qorunmasının təşkilatçı-larından olan miralay Kəlbalı xanın54 öldürüldüyündən və Təbriz şəhərində dəfn edildiyindən, gah da Təbrizdə 24 saat ərzində 800 kafkasyalı mühacirin silah gücünə bir yerə toplanılaraq ölkədən çıxarıldığından, bu işə Rus konsulunun nəzarət etdiyindən55 yazır.
Qəzetin “Azərbaycandakı vəziyyət” rubrikası altında verdiyi məlumatlar da olduqca diqqətiçəkəndir. Burada üsyanlar, partizan dəstələrinin fəaliyyətləri, Sovet irticasından qaçıb qurtulmaq istəyənlərin çəkdikləri zillətlərdən geniş bəhs edilir. 1930-cu ilin Birinci Kanunun 18-də çap olunan 20-ci sayında yazır: “Sarı Qafar Gəncənin dağlıq Qabaq köyündən cəsarəti ilə maruf Pirverdinin və Göyçəli Qurbanın qrupuyla birləşdikdən sonra 100-dən fazla bir qüvvətə malik olmuşdur… Sarı Qafarın qorxusundan kommunistlər, komsomollar, kolxoz məmurları ilə kolxoz təşkilatına mənsub olanlar köydən harice çıkmıyorlar… Digər partizanlardan aktiv fəaliyyetlerində davam edən maruf Molla Əhmədin(Hacı Axundun) qrupudur.”
Azərbaycanın ayrı-ayrı bölgələrində gah güclənən, gah zəyifləyən kəndli hərəkatını diqqət mərkəzində saxlayan qəzet yazır ki, yerli hərbi qüvvələr və milis aciz qaldığından Rusiyadan əlavə qüvvələr gətirir. Bu qüvvələr də yerli əhalini qəddarlıqla öldürür. Qəzet öldürülənlərin adlarını da dərc edir.
“Azərbaycanda bolşevik vəhşəti”56 məqaləsində Cəbrayıl qəzasının Hacı kəndindən Müzəffər, Alış, Eliş və Bahadur bəyin, Qaraxanbəyli kəndindən Emin və Əlinin, Xalfeşə kəndindən Sarı xanın və başqalarının güllələndiyini, meyidlərinin quyuya atılaraq üzərlərinə neft töküb yandırdıqlarını, Naxçıvanın Keçil kəndindən 17 qadın olmaqla 70 nəfərin güllələndiyini və 30 nəfərin qaçıb Təbrizə gələ bildiyini yazır. Gəncə vilayətinin Ziyatlı kəndində isə səyyar cəza məmurları Əlibaba Zeynalabdin oğlunu, Atakişi Məşədi Həsən oğlunu, İbrahim Yusif oğlunu, Həsən Məmməd oğlunu, Qazi Həsən Əli oğlunu, Yusif Məşədi Məmməd oğlunu, Yusif Hüseyin oğlunu güllələtdiklərini qəzet soydaşlarına ürək ağrısıyla xəbər verirdi.57
Ücretsiz ön izlemeyi tamamladınız.