Kitabı oku: «Daş yuxular. Rekviyem romanı», sayfa 3

Yazı tipi:

– Di yeri, get, – dedi. – Gecdi. Bundan sonra bir də belə içmə.

“Sən yenə Xırdalanda yaşayırsan?”

Zevin küçəsinin tinindəki o təsadüfi görüşdən az qala 25 il keçəndən sonra Heydər Əliyevin teatrda dediyi bu sözlər indi artistin qulağında o qədər güclü və canlı səsləndi ki, elə bil xəstəxana koridorunun ölü divarları da bu səsi açıq-aşkar eşitdi.

“-Yox, indi Montində yaşayıram – yerdən bir mərtəbə aşağıda”.

“-Sabahdan şəhərin mərkəzində yaşayacaqsan – yerdən 10 mərtəbə yuxarıda”.

O axşam Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinin tamaşasından sonra bütün yaradıcı kollektiv teatrın direktoru Mopassan Mirələmovun kabinetinə yığışmışdı. O tamaşada Nüvariş Qarabağlı Dərviş Məstəli şah rolunu oynayırdı və onun oynadığı rol, deyəsən, Mərkəzi Komitənin Birinci katibinin xoşuna gəlmişdi. – “Ölülər”də Şeyx Əhmədi də əla oynayırsan, – dedi. – Televizorda iki dəfə baxmışam. Sən belə rolları çox oyna”.

O gün teatrdan 4–5 adama ev verməyi H.Əliyev, görünür, əvvəldən planlaşdırıb gəlmişdi və bu plana görə, yəqin ki, Qreta Minasovanın adı o 4–5 adamın içində hökmən olmalıydı. “Burda bir köhnə işçi vardı: Minasova. O yenə burda işləyir?” – Kimin harda işlədiyni hamıdan yaxşı bilən H.Əliyev teatrın direktorundan soruşdu. Və bu gözlənilməz dəvətdən özünü itirib direktorun kabinetinə ağappaq, meyid sifətində girən Qreta Sarkisovna sonra o kabinetdən ağlaya-ağlaya çıxdı: “Спасибо, Гейдар Алиевич! Огромное Вам спасибо!”1

Qreta Sarkisovnanın o axşamkı sifəti ind də artistn gözünün qabağındaydı. Bəlkə, o vaxtkından da canlı, o vaxtkından da ifadəli… Bir də Saday Sadıqlının bozarmış üzü, qızarmış gözləri, nifrət və qəzəb dolu baxışları. Onunku Heydər Əliyevlə nədənsə əvvəldən düz gətirmirdi. Ancaq Nüvarişə görə, günah Heydər Əliyevdə deyildi, Saday Sadıqlının tərsliyində, təkəbbüründəydi. “Hamam suyuynan özünə dost qazanır”. “Hərəyə bir şey verib, kişiliyini satın alır”. “Millətin ürəyini axtalayıb, hamını özünə nökər eləyir”. Belə sözləri Saday Sadıqlı hətta teatrın rəhbər işçilərinə də deməkdən qorxmurdu.

“Sənin nəyə ehtiyacın var, ağayi Sadıqlı?”

Bunu Heydər Əliyev özünə yaraşmayan, boğuq və inamsız səslə dedi və hətta səsi bir azca titrədi də. Bu “ağayi” sözündə aşkar kinayə və hətta gizli qəzəb də vardı. Saday Sadıqlının “dünyagörüşü” ölkənin rəhbərinə, əlbəttə, məlum idi. (Ömrünün çoxunu KQB-də işləyən bir adamın belə şeyi bilməməyi xalis maymaqlıq olardı).

“Mənim heç nəyə ehtyacım yoxdur!” – Saday Sadıqlı ötkəm səslə ucadan dedi. Danışanda hamı ayağa dururdu. O heç ayağa da durmadı. “Ayrı işi olmayanda gəlib burda biziynən məzələnir. Hökumətin halal evini də adama elə sifətnən verir ki, guya bu şəhərdəki evlərin hamısı ona dədəsindən qalıb”. Bu sözləri də Saday Sadıqlı, o yığıncaq qurtarandan sonra, yenə hamının yanında qorxub-çəkinmədən beləcə dedi. Ertəsi gün teatrda hamı təəssüflə deyirdi ki, əgər Saday Sadıqlı rəhbərin qarşısında özünü bir balaca “mərifətli” aparsaydı, Heydər Əliyev ona şəhərin mərkəzində, hələ heç kəsə vermədiyi ən yaxşı bir ev verəcəkdi.

İnsan neçə dəfə öz dilinin bəlasına düşərmiş!…

Sonra Nüvariş Qarabağlı skamyanın bir küncünə qısılıb, büzüşüb balacalaşıb yatırdı və o skamyanın üstündə artist, bəlkə də, ömrünün ən dəhşətli yuxusunu görürdü:

Sərinliyi adamın iliyinə işləyən rütubətli, boz-bulanıq hava. Nə bir ev, nə bir ağac – bir qara qan gölməçəsindən başqa dünyada heç kəs və heç nə yox idi. Qreta Sarkisovna yumurtadan təzəcə çıxıb, dənizə can atan bala tısbağa kimi, öz qanının qara gölməçəsindən indicə aralanıb sürünə-sürünə yeriyirdi. Və onun dərisi soyulmuş – həm ölü, həm diri – çılpaq bədəni o dərəcədə bədheybət, qorxunc və dəhşətliydi ki, bu qədər iyrənc mənzərəni bu dünya xəlq olunandan bəri yerüzündə, bəlkə heç kəs heç vaxt görməmişdi. Qreta Sarkisovna yerlə ilan kimi sürünürdü. Ancaq bu yer Nüvarişin indi yaşadığı evin asfalt döşənmiş həyəti deyildi. Bir suyumu Nüvarişgilin Xırdalandakı həyətinə bənzəyən torpaq yer idi və o toprpağın üstündə sürünə-sürünə Qreta Sarkisovna, deyəsən, gedib öz ölümünə çatmaq istəyirdi. Bu adam ölmək istəyirdi, amma ölə bilmirdi. Arabir başını qaldırıb “Спасибо, Гейдар Алиевич!” deyirdi və görünməmiş ağrı və əzab içində öz ölümünə tərəf təzədən sürünməyə başlayırdı… Və Nüvariş birdən-birə anladı ki, Qreta Sarkisovna birbaş ona tərəf sürünür. Guya Qreta Sarkisovnanın ölümü indi yalnız Nüvarişin ixtiyarında idi, onun əlindəydi, cibindəydi. Və Qreta Sarkisovna o ölümü Nüvarişdən alıb, özünün dərisi soyulmuş canını bu dünyanın ağrı və əzabından birdəfəlik qurtarmaq istəyirdi… Qreta Sarkisovna yaxınlaşdıqca Nüvariş Qarabağlını get-gedə daha artıq dərəcədə qorxu-vahimə basırdı. Artist bu ölə bilməyən ölüdən qaçıb uzaqlaşmaq istəyirdi. Ancaq qaça bilmirdi, yerindən bir qarış da aralana bilmirdi. Nüvarişin bütün bədəninə sanki qurğuşun əridib tökmüşdülər.

Bu dəhşətə tab gətirə bilməyən artist gözlərini açıb özünü xəstəxananın soyuq və rütubətli koridorunda görməyinə sevindi. Koridorun işığını yandırmışdılar və o taydakı cərrahiyyə otağının qapıları taybatay açıq idi.

Gördüyü yuxunun təsirindən halı bir az da xarablaşmış Nüvariş Qarabağlı doktor Fərzaninin kabinetinin qapısından içəri girəndə həkim əlbəəl başa düşdü ki, bu adamın heç danışmağa da halı yoxdur.

Fərzani cərrahiyyə otağından təzəcə çıxmışdı. Üzüdivara dayanıb əlüzyuyanda əllərini yuyurdu.

– Keç, əyləş, Mübariz müəllim, – dedi. – Qorxma, işlər pis deyil. Dostun palatadadı. Özü üçün kefnən yatır hələ. Canı bərkdi. Dəmir kimidi. Öz aramızdı, heç alkaşa-zada da oxşamır.

Artist elə bir haldaydı ki, həkimin “Nüvariş” yerinə indi də “Mübariz” deməyini heç hiss eləyə də bilmədi.

– Deyirsiz, yatır, doktor. Necə yatır? Yəni huşu özündədir?

– Hələ yox. – Həkim indicə yuduğu əllərini dəsmalla silə-silə tam laqeydcəsinə dedi. – Tələsmə, o da olacaq. Bu gecə ayılmasa, sabah ayılacaq, qorxma.

Palatasına yaxşı sestra təhkim eləmişəm. Səhərəcən baxacaq xəstəyə. – Həkim dəsmalı mıxdan asıb, keçib öz yerində oturdu. – Elə sən də bərk yatmısan, deyəsən, ancaq bir azca bürüşmüsən elə bil. Nədi, pis yuxu görmüsən?

– Görmüşəm, doktor, nədən bildiz? Ömrümdə bu cür alçaq yuxu görməmişdim! -

Artist bir müddət dillənmədi. Görünür, dillənə bilmədi. Sonra gözlənilmədən hönkür-hönkür ağlamağa və eləcə ağlaya-ağlaya həkimə yalvarmağa başladı: – Sizə qurban olum, doktor, mənə onca qram spirt! Nəfəsim kəsilir, vallah. Başım partlayır, doktor. Beynimdə elə bil siçan, siçovul gəzir.

– Sən lap zaylamısan ki, əsəb sarıdan. İşləri tamam korlamısan, qardaş. – Həkim artistin halına ürəkdən acıya-acıya mehriban səslə dedi. Bir köhnə qəzet tapıb stolun üstünə sərdi. Gedib kabinetin qapısını açarla bağladı. Soyuducudan – içi gözyaşı kimi dumduru maye ilə dolu – bir xırdaca qrafin çıxarıb, stolun üstünə qoydu.Bir az qolbas, bir-iki duzlu xiyar. Duzlu şor. Sac lavaşı. Bir dəstə arıdılmış, yuyulmuş keşniş… Doktor Fərzani iki armudu çay stəkanına qrafindən araq süzdü. Zoğal arağıydı. O arağı hələ içməmiş artistin gözləri işıqlandı.

– Siz çox yaxşı adamsız, doktor. Mən sizi görən kimi bldim ki, siz çox insan adamsız. – Artist əlini stəkana uzatdı, ancaq götürmədi, çünki doktor öz qabağındakı stəkanı hələ götürməmişdi. Doktor Fərzaninin gözləri o başdakı əlüzyuyana zillənmişdi. Və artist başa düşdü ki, o əlüzyuyana baxmaqla həkim nə demək istəyir. Gedib əllərini sabunla yuyub, gəlib yerində oturdu.

– Sizn sağlığınıza, doktor! – Nüvariş arağı ayaqüstə içib oturdu.

– Ye qolbasadan. Yaxşı ye. – Həkim dedi. Ancaq özü qolbasa əl vurmadı. Bir-iki keşniş götürüb çeynəməyə başladı. – Bunun ailəsi-zadı var?

– Var, doktor, niyə yoxdur? Gözəl xanımı var – Azadə xanım. Çox gözəl diş həkimidir. Yaxşı da insandı, sizdən yaxşı olmasın. Doktor Abasəliyevin qızıdı da – məşhur psixatorun. Bəlkə, tanıyarsız.

Doktor Fərzani bir qədər təəccübləndi deyəsən.

– Doktor Abasəliyevi kim tanımır ki? – dedi. – O kişi qalır hələ?

– Qalır, doktor. Özü də belə lap əla qalır. – İçib özünə gəlmiş Nüvariş Qarabağlı sevinclə, ilhamla dedi. – Möhkəmdi, canı buz baltası kimi sazdı. Bir il olar ki, köçüb bağında oturub – Mərdəkanda. Deyir ki, məmləkətdə day normal dəli-zad da qalmayıb ki, müalicəsin eləyəm. Dəliliyi hamı peşə seçib özünə.

– Bizim dostumuz doktor Abasəliyevin, demək, kürəkənidir? – Doktor Fərzani stəkanlara bir də araq süzə-süzə soruşdu.

Həkimin stəkanlara bir də araq süzməyi və onun Saday Sadıqlıya “dostun” yox, “dostumuz” deməyi bu dəfə Nüvariş Qarabağlını lap coşdurdu:

– Hə də, küərəkənidi. Özləri də möhkəm dostdular, həkim. Bir-birin dəhşət dərəcədə çox istəyirlər. Bəlkə 30 il olar ki, elə bir evdə də yaşayırlar. Doktor Abasəliyevin ayrı kimi var ki? Arvadı rəhmətə gedib. Olanı bircə qızıdı. Saday Sadıqlıya da həmişə öz oğlu kimi baxıb.

– Belə de… – Doktor Fərzani öz aləmində nəyisə araşdırırdı. —Həm də, deyəsən, yerlidirlər axı, elə deyil? Doktor Abasəliyev də, mən bilən, naxçıvanlı olmalıdı. – Həkim əlində saxladığı stəkanı yuxarı qaldırıb: – Vur getsin, – dedi. – Arağı içib yenə bir tikə lavaşı şora batırıb ağzına qoydu.

– Naxçıvanlıdırlar da, bəs necə! – Nüvariş hələ arağı içməmiş dedi. Arağı içib, ağzına bir dilim qolbas qoyub çeynəməmiş uddu. – İkisi də eyni kənddəndi də, doktor, Əylis kəndindən. Özləri də möhkəm dəlisidilər o kəndin. Harda otursalar, bütün söz-söhbətləri elə o kənddəndi. Mən o kəndi görməmişəm, ancaq onların söhbətindən bilirəm ki, çox qədim kənddi o kənd. Orda bir vaxt erməni də həddən çox olub. Özləri də – o ermənilər, belə çıxır ki, bizim müsəlman camahatıynan çox yaxşı yola gedib. Doktor Abasəliyev o erməniləri həmişə tərifləyir. Deyir, o cür abırlı, insaflı, zəhmətsevər insanlar dünyanın heç yerində heç vaxt olmayıb. Mən onların söhbətini çox eşitmişəm. Qayınata-kürəkən bir-biriynən söhbətə girişəndə o Əylisdən elə şeylər deyirlər ki, adamın diri-diri gedib orda ölməyi gəlir.

Doktor Fərzani, artistin dediklərinə qulaq asa-asa, yenə öz aləmində nəyisə araşdırırdı.

– Doktor Abasəliyev indi Mərdəkandadı, demək. – Bunu həkim sanki öz-özünə dedi və bir müddət fikrə gedib soruşdu: – Tək qalır?

– Hə də, kimi var ki? Ancaq Azadə xanım tez-tez olur yanında. Hər bazar sübh tezdən durub gedir. Gecəni qalır orda, elə ordan da səhər durub işə gedir. Düz deyirsiz, yaşlı adam üçün bağda tək qalmaq çətindi. Elə yerdə, necə olsa, təklik darıxdırar adamı. Ancaq bunun boş vaxtı olur ki, darıxa. Burdakı evində 30 mindən çox kitab var. Yazıq Azadə xanım bir ildi ki, elə bir ucdan Bakıdan Mərdəkana kitab daşıyır. Doktor Abasəliyev oturub bağında, hamısın oxuyur o kitabların. Hələ, deyirlər, özü də kitab yazır.

– Bəs uşağı-zadı yoxdu bunnarın?

– Yoxdu, doktor. Bir tərəfdən baxanda bu Saday Sadıqlı kimi adamın heç uşağı olmasa, yaxşıdı. Vallah, doktor, bu adam bu dünyanın adamı deyil. Fikri-zikri həmişə göylərdədi bunun. Xasiyyəti də xalis uşaq xasiyyətidi. Bu hələ lap balaca olanda kənddə birisi bunun yanında bır xırda tülkünü gülləynən vurub. Allahın o tülküsün də indiyəcən yadından çıxarammır. O tülkünün öldürülməyin neçə dəfə elə mənim özümə danışıb. Hər danışanda da gözləri yaşnan dolur, doktor, bax, bu, belə adamdı.

– Demək, deyirsən ki, böyük artistdi? – Bunu həkim sözgəlişi soruşdu.

Və bu yerdə Nüvariş Qarabağlı yaman coşdu:

– Dahidi, doktor, and olsun Allaha! Abbas Mirzə, Ülvi Rəcəb səviyyəsində əvəzsiz sənətkardı. Ancaq çox tərs adamdı, doktor, dediyindən əl çəkən deyil. Bu gərək 20–30 il bundan qabaq xalq artisti olaydı. Di gəl ki, hələ də əməkdar artistdi mənim kimi. Ona görə ki, heç vaxt dilini dinc qoymur. Hələ 79-cu ildə bunu 3 nəfər artistnən bir yerdə xalq artistliyinə təqdim eləmişdilər. Bir gün əvvəl hamı hamıdan çox bunu təbrik eləyirdi. Sabahısı qəzetlərdə o iki adamın adı çıxdı, ancaq bununku çıxmadı. Sən demə, gözünə döndüyüm axşam gedib 4–5 adamnan möhkəm vurub, yenə dilin dinc qoymayıb, başlayıb ki, Heydər Əliyevin verdiyi ad mənə lazım deyil, o adı mənə qoy xalq özü versin.

Artist bayaqdan bəri bir əlilə cibində eşələnirdi. Görünür, birdən-birə ürəklənib cibindəki siqaret qutusundan bir siqaret çıxardıb, gözlərini yazıq-yazıq həkimin üzünə zillədi: – Sizə qurban olum, doktor, icazə verin, bir qüllab çəkim bundan. Bu zəhrimar üçün bayaqdan ürəyim əsir.

Həkim stolun siyirməsindən bir xırdaca külqabı çıxadıb artistin qabağına qoydu.

– Tüstülət, kefində ol. Mən düz 25 yaşımdan 40 il çəkmişəm bunu. Beş ildi tərgitmişəm. – Qrafindən araq süzdü. – Bunun birin də içək, qurtaraq. Təmiz şeydi, hələ heç vaxt ziyanın görməmişəm. Bir nəfər qazaxlı tanışım var. Yaxşı da adı var – Aftandil. Maşının yolda aşırıb qol-qabırğasın şil-küt eləmişdi. Sağaltdım, çıxdı getdi. İndi hər dəfə bura gələndə bundan bir-iki litr gətirir mənə. – Pəncərəni azca araladı, stəkanını götürüb, elə ayaqüstə də arağı birnəfəsə içib oturdu. – Demək, deyir ki, Heydər Əliyevin verdiyi ad mənə lazım deyil. Yaxşı, bunu gecə vaxtı bəs kim gedib Heydər Əliyevə çatdırıb?

– Yəqin, çatdırıblar da, doktor. Əgər çatdırmasaydılar, niyə bəs o üç adamın ikisi ad alırdı, biri qalırdı qıraqda. – Artist siqaretini yarıyacan çəkib külqabında əzib söndürdü. – Bunun o Heydər Əliyevnən heç arası yoxudu, doktor. Onu görəndə elə bil anasının oynaşın görürdü. Ancaq Heydər Əliyevdən də qabaq bununku hökumətinən düz gətirmirdi. Ya 68, ya 69-cu il idi. Teatrın bir yaxşı tamaşasın Dövlət mükafatına təqdim eləmişdilər. O tamaşaya görə 5 adam laureat oldu, ancaq Saday Sadıqlı yenə kənarda qaldı. Özü də baş rolda ola-ola. Çünki o ərəfədə də dilini dinc qoymamışdı. Mərkəzi Komitənin məsul işçilərindən birinə qırmızı-qırmızı demişdi ki, sizin cibinizdəki partbilet deyil, pistoletdi. O pistoletnən xalqı qorxuzub, hərəniz bir vəzifə tutub, kef eləyirsiz.2

Nüvariş Qarabağlı arağın üçüncü dəfəsini hələ içməmişdi. Ancaq o qədər rahat, o qədər yüngül, o qədər xoşbəxt idi ki, əgər qınayan olmasaydı, durub, çıtma çalıb oynayardı. Bir tərəfdən arağın təsiri, bir tərəfdən Fərzani kimi bir həkimlə oturmaqdan doğan hədsiz qürur hissi… gün uzunu çəkdiyi əzablar da, hətta az əvvəl gördüyü o dəhşətli yuxu da büsbütün unudulmuşdu. Lap o allahsız Şahqacar Ərməğanovun həyasız vücudu da indi artistin nəzərində həmişəki qədər qorxunc deyildi. Nüvarişin durulub sağlamlaşmış görkəmi doktor Fərzaniyə də, görünür, yaxşı təsir bağışlayırdı.

– Saxlama, götür, nuş elə. – Həkim dostcasına, ərklə dedi. – Demək, partbilet, pistolet! Amma deyib ha. Bu dəfə baltanı lap dibindən vurub. Əgər bir kəsi qorxutmaq istəməsə, partbilet müsəlmanın nəyinə lazımdı.

Nüvariş arağı içib, bu dəfə həkimin şor-çörəyindən bir loxma götürüb yedi:

– Hələ pistolet nədi ki, doktor. Bunda sözlər olub ki, desəm, inanmazsız. Rəsmi titulları olmasa da, bu Saday Sadıqlının pərəstişkarları var həmişə. Özünün də yaxşı içən vaxtları olub. Hə, nə isə… Deməli, bir gün Şeyx bunu evinə qonaq çağırır. Şeyxi tanıyırsız da – Allahşükür Paşazadə. Əvvəla, Şeyxə deyir ki, mənə araq gətizdir, mən araqsız çörək yemirəm. Şeyx də naəlac qalıb buna araq gətizdirir. Bu xatakar, Allah köməyi olmuş o araqdan yaxşıca vurub, Şeyxin ləzzətli xörəklərindən bol-bol nuş eləyəndən sonra, ağlına nə yerləşirsə, birdən-birə keçir dinə qarşı hücuma. Bu, “din” deyilən şeydən, deyir, mənim zəhləm gedir. Dinin fitvasıynan, deyir, dünyada min ildir ki, cib kəsilir, baş kəsilir, qulaq kəsilir. Şeyxi bir günə qoyur ki, yazıq Şeyx az qalır Quranı götürüb bunun başına çırpsın…

Artist dediyi sözlərdən vahimələnirdi, yəqin ki, buna görə bir az da coşub-daşırdı. 30 il Moskvada yaşayandan sonra cəmi 3 il əvvəl, özü də dünyanın belə bir zay vaxtında köçüb Bakıya gələn, xəstələrdən və öz iş yoldaşlarından savayı bu şəhərlə heç bir əlaqəsi və ünsiyyəti olmayan Fərid Fərzani artistin dediklərinin hamısına, əlbəttə, eyni dərəcədə inanmırdı, ancaq öz yeni pasiyentinin bu sayaq qeyri-adi əməlləri onun üçün də kifayət qədər maraqlıydı.

Fərid Fərzani, təbii ki, müsəlman dininin atəşin aludəçilərindən deyildi.

Moskvada yaşadığı illərdə oruc tutub, namaz qılmasa da, öz dininin və peyğəmbərinin qoyduğu qayda-qanunlara imkan daxilində riayət eləməyə çalışmışdı və onun Moskvadan köçüb Bakıya gəlməyinin bir nömrəli səbəbi də, əslində, Fərid Fərzaninin öz dininə sədaqətini az-çox saxlamağıydı. Və indi xəstəxana çarpayısında huşsuz yatan artistin din barədə dediyi o sözləri doktor Fərzaniyə 3 il əvvəl Moskvada danışsaydılar, bu söhbətə qulaq asmağın özü də həkim üçün çətin olardı. Ancaq bu 3 ildə Bakıda gördükləri onun dinə də, vətənə də, və hətta Peyğəmbərin özünə də 3 il bundan əvvəlki münasibətini büsbütün dəyişdirmişdi. Xüsusilə də bu şəhərin müsəlman əhalisinin ermənilərə qarşı zalımlığı həkimi heyrətləndirməyə bilmirdi. Haradasa, hansısa erməninin müsəlmana necə zülm elədiyini doktor Fərzani gözüylə görməmişdi. Ancaq Bakıda müsəlmanın erməniyə qarşı bu dərəcədə amansız olacağını həkim 3 il əvvəl heç ağlına da gətirə bilməzdi. Müsəlmanın rəhmi-mərhəməti, bəlkə, doğrudan da, dilindəymiş? Bəlkə, dinin faydasızlığı barədə ən böyük həqiqəti də elə artist demişdi?… Fərzaninin Azərbaycan teatrının Otellosuna rəğbəti getdikcə artmaqda idi.

– O Şeyx də naxçıvanlıdı? – Həkim fikirli-fikirli soruşdu.

Həkimin bu sualı artisti xeyli təəccübləndirdi:

– Yox e, hardan? Şeyx lənkəranlıdı, talışdı. Özü də çox mülayim, rəhmdil adamdı. – Artist bir müddət fikirləşib söz axtardı. – Doğrusu, utanıram soruşmağa. Siz özünüz haralısız, doktor? Familiyanız İran familiyasına oxşayır.

– İranlıyam. – Həkim dərindən ah çəkdi. – Bir dəfə dədəm sarsaqlayıb, məni İrandan bura gətirib. Bir dəfə də özüm sarsaqlamışam, Moskva kimi yerdən gəlib düşmüşəm bura. Mən orda Sklifasovski xəstəxanasında 15 il cərrahlıq eləmişəm. – Həkim axırıncı cümləni xüsusi fəxrlə dedi və armudu stəkanlara yenə bir azca araq süzüb əlavə elədi: – Yaxşı, birin də dinsiz qardaşın sağlığına içək. Arzu eləyək ki, bir də heyvan əlinə keçməsin.

Doktor Fərzani içməyə başlayandan bəri ilk dəfə stəkanını atistin stəkanı ilə toqquşdurdu.

Həkimdə Saday Sadıqlıya (elə Nüvariş Qarabağlının özünə də) aşkar rəğbət oyanmışdı. Bunu artist hiss eləyirdi və buna ürəkdolusu sevinirdi.

– Elədir, doktor, düz deyirsiz. Qoy arzu eləyək ki, o cür heyvanların girinə bir də keçməsin. Amma, doktor, arvadı bilirdi bunu. Çoxdan bilirdi ki, bir gün bunun başına bir iş gələcək. Elə çalışdığı da buydu ki, bu pis vaxtda əri şəhərə çıxmasın. Saday yazıq çoxdandı ki, evdən eşiyə çıxmırdı. Dünən günortaüstü bir-iki saat teatrda olmuşdu. Mən özüm teatrın direktorunun kabinetindən zəng eləyib onu teatra yalvarıb gətirmişdim. Çünki teatrdan da bezmişdi, deyəsən. Heç maaş almağa da gəlmirdi. Ancaq bu gün şəhərdə neynirmiş, Allah bilir.

–Çıxart çək, rahat çək. – Doktor Fərzani yenə bir əlilə cibində eşələnən artisti bu əziyyətdən qurtarmağı lazım bildi. Bayaq azca aralı qoyduğu pəncərəni tamam açdı. – Belə bir adam bu zəmanə ilə, çətin ki, bundan sonra da düz gələ. – Həkim başını bulaya-bulaya dedi və bığaltı qımışdı. – Bu zəmanədə bu gərək Otello rolunda oynamayaydı. Don Kixot rolunda oynayaydı.

– Hə, doktor, Allah kəssin belə zəmanəni! – Nüvariş Qarabağlı siqareti ləzzətlə sümürə-sümürə dedi. – Ancaq bu adam ömrü boyu həmişə belə olub. – Artist nəyisə yadına salıb öz-özünə gülümsədi. – Bunu bir toyda bir dəfə bərk əzişdiriblər, doktor. Nardaranda sünnət toyunda. Toyunku da belədi də, doktor, kimə söz verirlər, durub danışır. Sünnət toyunda da nədən danışmaq olar: uşaq kəsdirməyin savabından, bu işin təmizlik, sağlamlıq üçün necə bir lazımlı iş olmağından. İmamdan, peyğəmbərdən. Bu ayini müsəlman ümməti üçün hər işdən vacib buyuran Peyğəmbərin elmindən, ağıl-zəkasından… Məclisin lap qızışdığı yerdə, hörmətli qonaq kimi, Saday Sadıqlıya da söz verirlər. Bunun da tərs damarı birdən tutur. Ağzın açan kimi başlayır camaatı dolamağa. Qızışıb, əstafurullah, Peyğəmbərə də sataşır. Deyir, sizin peyğəmbəriniz yəni Allahdan da ağıllıdı? Əgər insanın bədənində bir şey artıq olsaydı, məyər Allah kordu ki, bunu görməyəydi? Axı necə olur ki, deyir, Allah insanın başın-gözün, burnun-qulağın düppədüz düzəldib yerinə qoyur, ancaq gəlib orasına çatanda bilməyib səhv buraxır. Axı sizin Peyğəmbərinizə kim deyibmiş ki, Allahın səhvin düzəltsin?… Nardaran camaatı da belə şeyi harda eşidib axı. Bir qiyamət qopur ki, gəl görəsən. Kəndin ağsaqqalları elə bir söz qalmır ki, bunun qabırğasına döşəməsin. Hətta heç toyda olmayan arvadlar da hasarın o tayından “lənət”, “lənət” deyib qışqırır. Axırda da, toy qurtarandan sonra, Nardaranın ceyilləri bunu salır araya – vur ki, vurasan.

Yazığı elə günə salmışdılar ki, 3 ay səhnəyə də çıxa bilməmişdi.

Şeyxin evindəki əhvalatı xatırladan bu tragikomik vaqiəni də artist əvvəlki şövq ilə, necə deyərlər, duzlaya-duzlaya danışırdı. Birdən həkimin üzünə baxdı və onun sifətinin büsbütün dəyişdiyini görüb, özü özündən şübhələndi. Artistə elə gəldi ki, bu söhbətdən həkimin xoşu gəlməyib. Buna görə də tələsik, təlaş içində əlavə elədi: – Nə bilim, bəlkə, heç olmayıb belə şey. Ola bilər ki, bunu da mənim kimi bir ağılsız adam uydurub.

Bunu artist düz görmüşdü: Doktor Fərzaninin halı birdən-birə, həqiqətən, dəyişmişdi.

Və ona görə yox ki, həkimə birdən-birə yorğunluq zor gəlmişdi və yaxud artistin danışdığı əhvalat hansı səbəbdənsə onu açmamışdı. Ona görə ki, indicə artistdən eşitdiyi o sözləri bir vaxt həkim eynilə öz arvadının dilindən eşitmişdi: “SİZİN PEYĞƏMBƏRİNİZ YƏNİ ALLAHDAN DA AĞILLIDIR!” (“Ваш пророк умнее Бога, что ли?”) Bu sözlər Fərid Fərzanini bir vaxt dəhşətə gətirmişdi. Bu sözlərə görə onun Moskvada gül kimi ailəsi dağılmışdı. Və sinninin bu vaxtında onu bu qorxunc, yad şəhərə gətirib çıxaran da, əslində, indi doktor Fərzani üçün büsbütün yeni bir məna kəsb etmiş bu xətalı-bəlalı sözlər olmuşdu.

Dünyanın qəribə işləri var: rus qızı ilə evlənən və Moskva mühitində illər boyu heç bir psixoloji disharmoniya hiss etmədən asudə həyat keçirən bir qız atası Fərid Fərzani, ailəsində bir oğlan uşağı da dünyaya gələndən sonra özündəki ruhi sabitliyi və psixi tarazlığı sanki özündən də xəbərsiz itirməyə başladı. Oğlunun sünnət məsələsi, hələ uşaq körpə ikən, ata üçün ciddi problemə çevrildi. Bu problem uşaq böyüdükcə böyüdü. Və iş gəlib o yerə çatdı ki, bu çarəsiz narahatlığın işıqsız ovqatında doktor əvvəllər heç vaxt görmədiyi qorxulu yuxular görməyə başladı. Və oğlu 12 yaşa çatanda bir səhər Fərid Fərzani öz qəti qərarını arvadına kəskin şəkildə bəyan elədi: “Bu bizim Peyğəmbərin qoyduğu qanundu, – dedi, – mən öz peyğəmbərimin qoyduğu qanunu pozammaram”. Və o gün arvadının dilindən o sözləri eşidəndə həkim hirsindən az qaldı ki, başını divara vursun: “Sizin peyğəmbəriniz yəni Allahdan da ağıllıdı?”

O gün arvadı işə, qızı məktəbə gedəndən sonra doktor Fərzani uşağı yola gətirib, Peyğəmbərin vacib buyurduğu o işi 10–15 dəqiqədəcə asanca yoluna qoydu. Sklifasovsi xəstəxanasının təcrübəli cərrahı üçün su içmək qədərində asan olan bu kiçik əməliyyatdan hər hansı bir fəsad törənəcəyi barədə, söz yox ki, heç düşünməyə də dəyməzdi. Ancaq qorxduğundan, ya nədənsə uşağın hərarəti axşama yaxın 40 dərəcəyə qalxdı. Və doktor Fərzaninin işdən qayıdan arvadı uşağı o halda görəndə heyrətindən bir müddət heç dilini tərpədib danışa da bilmədi. O, nə ərinə bir söz dedi, nə uşağın hərarətini salmaq üçün hər hansı bir səy göstərdi. Dayanıb heyrət və dəhşət içində uşağa tamaşa elədi. Sonra vanna otağına cumub, qapını içəridən bağladı və o bağlı qapının dalından, bəlkə bir saatdan çox, onun hönkürtüsü, hıçqırtısı eşidildi.

Rusun sevgisi-sədaqəti də, sən demə, üzü dönənəcənmiş. Elə ertsəi gün uşaq yatağından durub, evdə rahatca gəzib-dolansa da, Fərzaninin arvadı bu hadisədən sonra ərini bilmərrə insan yerinə qoymadı. Boşanmaq üçün məhkəməyə dərhal ərizə verdi. Moskvanın mərkəzindəki üçotaqlı mənzillərini şəhərin – mərkəzindən uzaq – ayrı-ayrı yerlərində iki ikiotaqlı mənzilə dəyişdirdi. Ailə dağıldı. Moskvada bir neçə il ailəsiz yaşayan Fərid Fərzani 1986-cı ildə Moskvadakı evini bir nəfər bakılı rusla dəyişdirib, Bakıya köçdü və elə köçdüyü gündən öz həyatında necə böyük və bağışlanmaz səhvə yol verdiyini başa düşdü. (Allahın çox səhvini düzəltmək olar, ancaq peyğəmbərin bircə səhvini düzəlt, görüm necə düzəldirsən.)

İnd Fərzaninin oğlu 20 yaşın içindəydi. Ancaq atası üçün hələ də 12 yaşda qalırdı. O 12 yaşlı uşağın günahsız, çaşqın gözləri doktor Fərzanini neçə illərdən bəri qarabaqara izləyirdi. Çünki sünnət edildiyi vaxt bir dəfə də cınqırını çıxarmayan uşaq, atası o işi qurtarandan sonra gözlərini gen-gen açıb atasına elə bir sifətdə baxmışdı ki, o sifəti unutmaq ata ürəyinin qüvvəsi xaricindəydi. Uşağın bu əməli ona heç vaxt bağışlamayacağını doktor Fərzani elə o səhər oğlunun gözlərində – , bütün mümkün çılpaqlığı ilə, açıq-aşkar görmüşdü. Ancaq öz günahının mahiyyətcə nədən ibarət olduğunu həkim sonralar dərk etməyə başladı. Anladı ki, o gün oğlunun bir zərrə dərisini yox, bütövcə barmağını kəssəydi, bunun uşaqdan ötrü heç bir fərqi olmayacaqdı, çünki atasının bu əməlinin nə üçün və nəyin xatirinə edildiyini anlamaq Moskva mühitində böyüyən uşaq üçün mümkün olası iş deyildi. Uşaq, atasının əməlini, sadəcə, özünə qarşı fiziki zorakılıq, heç bir faktiki mənası olmayan qəddarlıq və vəhşilik kimi qəbul eləmişdi. Bu vəhşiliyin məhz onun atası tərəfindən edildiyinə əvvəl son dərəcə təəccüblənmiş, sonra öz uşaq aləmində – , kimsədən xəbərsiz, xəlvətcə sarsılmış və möhkəm təhqir olunmuşdu. İllərboyu oxşayıb-əzizlədiyi sevimli oğul balasının nəzərində özünün birdən-birə necə bir yad məxluqa çevrildiyini o gün həkim uşağın gözlərində açıq-aşkar görmüşdü. Bu yadlığın bir vaxt ötüb-keçəcəyinə ümid bəsləməklə doktor Fərzani özünə boş yerə təskinlik vermişdi. O yadlığı aradan götürməyə atanın zoru çatmamışdı, oğul isə buna heç vaxt cəhd göstərməmişdi. Doktor Fərzaninin Bakıda yaşadığı dövrdə qızı iki dəfə Bakıya gəlmişdi. İndi, heç olmasa, həftədə bir dəfə Moskvadan zəng eləyib, atasının halını xəbər alırdı. Oğlu isə nə bir dəfə Bakıya ayaq qoymuşdu, nə də bircə dəfə Bakıya zəng eləyib atasının kefini soruşmuşdu. (İndi siz də inandınızmı ki, bir uşağın sınmış ürəyini almaq Allahın səhvini düzəltməkdən çox-çox çətin imiş!)

Oğlu doktor Fərzaninin zəif yeriydi.

Və indi artistdən eşitdikləri həkimin bu zəif yerini, deyəsən, bərk tərpətmişdi. Tərpədib böyütmüşdü, böyüdüb, gücləndirb üzə çıxarmışdı. Bu saat həkim, təbiətinə yaraşmayan, bir qəribə mistik-melanxolik ovqat içindəydi. Və bu ovqatdan çıxmaq üçün var gücünü səfərbər etməyə çalışırdı:

– Bu elə anadangəlmə Don Kixotdu ki! – Ovqatındakı dəyişikliyi artistin də hiss etdiyini görən həkim əvvəlki xoş ovqatı qaytarmğa tələsdi. – O Don Kixot elə bunun malıdı ki, var. Sağalanda özünə də deyəcəyəm. – Həkim gülümsəməyə çalışdı. – Necə deyirsən, deyim, deməyim?

Artist heyrətli bir maraqla həkimin üzünə baxdı, çünki “Don Kixot” Saday Sadıqlının ən çox sevdiyi əsər idi və həkimin bu söhbəti salmağı artistdən ötrü tamamilə gözlənilməzdi.

– Deyin, niyə demirsiz? – Yenidən həyəcanlanmış artist əlini cibinə salıb yenə siqaret qutusunu əlləşdirməyə başladı. – Saday Sadıqlı o “Don Kixot”u, bəlkə, 10 dəfə oxuyub. O əsəri yazan Servantes bunun ən sevimli yazıçısıdı. Bizim yazıçılardan Mirzə Fətəli Axundovu hamıdan üstün tutur. Artistlərdən Abbas Mirzəni, Ülvi Rəcəbi, bir də kəttisi Kazım Ziyanı özünə müəllim sayır. Həyatda da, doktor, bircə kumiri var bunun: qayınatası doktor Abasəliyev, bir də kəndlərində bir erməni arvadı olub – Haykanuş adında. O arvaddan da həmişə böyük məhəbbətlə danışır. – Nüvariş Qarabağlı bunları birnəfəsə dedi və əlini cibindən çıxarıb, olduca məzlum bir görkəmdə həkimin üzünə baxdı.

Doktor Fərzani də “Don Kixot”u oxumuşdu. Mirzə Fətəli Axundovun adını eşitmişdi. Artistlərdən heç birinin heç adını da eşitməmişdi. O Haykanuşu da həkim, söz yox ki, tanıya bilməzdi. Ancaq doktor Abasəliyevi çox yaxşı tanıyırdı. Moskvada, Leninqradda, Praqada, Varşavada – müxtəlif tibbi simpioziumlarda bir vaxt onlar dönə-dönə görüşmüşdülər.

– Doktor Abasəliyevin qızı harda işləyir?

–Əvvəl leçkomissiyada işləyirdi, doktor. İndi Neftçilər prospektində bir təzə diş poliklinikası açılıb, iki aydı orda işləyir. – Artist saatına baxdı. – Ancaq indi işdə olmaz, doktor. Evdə olar.

– Axı deyirdin ki, bu günlər evdə olmur. Mərdəkana atasının yanına gedir.

– Gedir, bəli… – Artistin beyninin içinə sanki birdən-birə işıq doldu. – Bu gün bazardı da, hə, doktor?! Kül mənim gic başıma, bayaqdan canımı dərd alıb ki, gedib Azadə xanıma nə deyəcəyəm. Bu lap əla iş oldu. Qoy Azadə xanım hələlik heç nə bilməsin. Sabah, inşallah, halı bir az düzələr, huşu yerinə gələr, Azadə xanım üçün də bir o qədər ağır olmaz ərini görmək. Elə bir-birilərin də bunnar həddən ziyadə çox istəyir. Sonsuz olduqlarına görə bir-birlərin olmayan uşağın əvəzinə, hələ bir az da artıq istəyirlər. – Artist söhbətini bitirib gözucu stolun üstünə baxdı. —İcazə verin, yığışdırım buranı.

– Narahat olma, gəlib yığışdıracaqlar. – Həkim yarısınacan boşalmış qrafini götürüb soyuducuya qoydu. – Səndə Azadə xanımın telefonu var?

– İş yerininki yoxdu, ancaq evlərinin telefonu var məndə.

– Onu yaz, qoy bura. Yəqin doktor Abasəliyevin də bağda telefonu olmamış olmaz.

– Olmağına var, doktor. Ancaq mən o telefonun nömrəsini bilmirəm.

Doktor Fərzani əl tutub artistlə vidalaşdı:

– Sən get, yaxşı-yaxşı dincəl bu gecə. Hələ mənim işim çoxdu.

Nüvariş Qarabağlı:

– Doktor! – dedi və elə bir məzlum sifətdə həkimin üzünə baxdı ki, onun nə demək istədiyni həkim sözsüz də anlaya bildi.

– Palataya getməyəcəyik, – dedi. – Mənası yoxdur. Hər şey qaydasındadı, qorxma. Bir şey olsaydı, mənə deyərdilər. Xəstəni əla palataya yerləşdirmişəm, sonra gəlib görəcəksən. Telefonu, televizoru – palata deyil, xan sarayıdı. – Artistin yazıb stolun üstünə qoyduğu telefon nömrəsinə baxdı.– Ailəsiynən də əlaqə saxlayacağam, – dedi. – Sən qətiyyən narahat olma.

Xəstəxana binasından çıxanda Nüvariş Qarabağlının beyninə yeləşən birinci bu oldu ki, gedib Parapet bağının yanındakı fontanlı hovuza baxsın.

Görsün, o qoca erməninin ölüsünü o hovuzdan çıxarıblar, yoxsa o ölü o soyuq suyun içində hələ də qalır?

O ölünün o suda qalıb-qalmamağının onu nəyə görə maraqlandırdığını, söz yox ki, Nüvariş Qarabağlının heç özü də bilmirdi. Ancaq o suyun soyuqluğunu artist sanki öz canında hiss eləyirdi. Və nə qədər qəribə olsa da, artistə elə gəlird ki, əgər o qoca erməninin meyidi bu gecəni o soyuq suda qalsa, bu dünyanın onsuz da pozulmuş nizamı bu hesaba bir az da artıq dərəcədə pozula bilər.

1.Sağ olun, Heydər Əliyeviç, çox sağ olun
2.Sovet repressiyasına məruz qalan Azərbaycan artistləri.
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
30 ocak 2023
Hacim:
161 s. 3 illüstrasyon
ISBN:
9780369408679
Telif hakkı:
Aegitas
İndirme biçimi:
Metin
Ortalama puan 3, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Ses
Ortalama puan 4,3, 7 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,2, 5 oylamaya göre