Kitabı oku: «Hə ilə yox arasinda», sayfa 2
RƏSSAM MƏHBƏSDƏ2
Uayld özünün “De Profundis”3 və “Redinq məhbəsinin balladası”nı yazmazdan öncə öz həyat nümunəsi ilə cidd-cəhdlə sübut etməyə çalışıb ki, yüksək zəka və ən valehedici cazibə belə, yaradıcının doğulması üçün yetərli deyil. Buna rəğmən, Oskarın ən ülvi arzusu dahi rəssam olmaqdı və o, təkcə incəsənəti Allahın yerinə qoyduğundan, bu Allahın onun seçim imkanına etiraz etməsini heç cür ağlına sığışdıra bilmirdi. Uayld üçün iki dünya mövcud idi – məişət dünyası və incəsənət dünyası: birincisi darıxdırıcı və yeknəsəq, ikincisi isə hər zaman nadir idi. Və o, müstəsna olaraq ideal gözəlliyin şölələrində yaşamaq üçün reallıqdan üz döndərdi. Onun əsas qayğısı öz həyatını incəsənət əsərinə çevirmək və zərif harmoniyanın qanunları ilə mövcud olmaqdı.
İncəsənəti heç kəs onun qədər göylərə qaldırmayıb və heç kəs həyatının bu dönəmindəki qədər yarıtmaz rəssam olmayıb. O, gözəllik xətrinə gerçəyi qulaqardına vurub, özü isə həqiqi incəsənət ölçülərinə görə, demək olar ki, heç kim olub. Onun o zamankı yaradıcılığı elə özünün yaratdığı Dorian Qreyə bənzəyir. Məlum qəhrəmanın modeli cavanlığı və cazibəsini əvvəlki tək qoruyub-saxladığı halda, özünün sürətlə qocalması, yəqin ki, çoxunuza məlumdu. O ki qaldı, Uayldın şah əsərinə çevirmək istədiyi həyatına, “De Profundis”in ilk səhifələrindəcə bu həyata lazım gələn hökmü çıxarır. Elə öz sözlərinə görə, o, dahiliyini həyatına, istedadınısa yaradıcılığına tökmək istəyib. Şahanə aforizm Andre Jidin4 xoşuna gəlib və bu sözləri məşhurlaşdırıb. Lakin bu, olsa-olsa, aforizmdir. Həm həyat, həm yaradıcılıq üçün elə bircə dahi, ya da istedad bəsdir. Yaradıcılıq adına saxtakarlıqla məşğul olan istedadın özünü həyatda təkcə arsız və mahiyyətsiz kimi büruzə verməyə qadir olması gün kimi aydındır. Hər axşam “Savoy”5da şam yeməyi yemək üçün dahi və ya kübar olmaq vacib deyil, yetər ki, pulun olsun. Andre Jid Uayldı asiyalı Vakx, Apollon, Roma imperatoru kimi təsvir edir. “Onun parlaqlığı göz deşirdi”, – belə yazır. Şəkk edən yoxdu. Lakin Uayld məhbəsdə nə deyir? “Ən böyük nöqsan səthilikdi”.
Uayldın məhkum edilməmişdən öncə yer üzündə məhbəslərin mövcudluğu barədə düşünüb-düşünməməsi, açığı, şübhə doğurur. Hətta fikirləşibsə belə, həbsxanaların onun kimilər üçün mövcud olmadığına qəti şəkildə inanıb. Üstəlik, o, hətta belə ehtimal edib ki, ədalət məhkəməsinin bircə vəzifəsi olub – o da ona, imtiyazlı cəmiyyətə xidmət etmək, axı məhz o, ilk olaraq lord Duqlasın atasına qarşı ittiham qaldırıb. Amma hadisələr gözlədiyinin əksinə cərəyan edib və məhkəmə ona iş kəsib. Qanunun ona xidmət etməsini arzulayan Uayld özü onun qarşısında diz çökmək məcburiyyətində qalıb. Bax, elə o zaman məhbəslərin mövcudluğundan xəbər tutub. Əvvəllərsə bu mövzu ona heç vaxt maraqlı olmayıb: “Savoy” sağ olsun!
Uayld əsilzadə və yüksək mövqeli qəhrəmanları tez-tez məhbəs həyatı yaşayan Şekspirə heyran olsa da, yəqin ki, bu heyranlığının fərqinə varmayıb, axı o, özü bütün niyyət və hərəkətləri ilə dustaq tayfasından uzaq durub. Əgər incəsənət onun yeganə dini-imanıdırsa, o, bunda riyakardır. Düzdür, Uayldın alicənablığını danmaq da düzgün olmazdı, istənilən halda sonda bunu sübut edib. Sadəcə, onun təsəvvürlərində bir çatışmazlıq olub, elə bu səbəbdən də yerdə qalan adamları aktyor, ya qurban deyil, müstəsna olaraq tamaşaçı şəklində görüb. Xalis dendisayağı (dendi-modabaz) təəccübləndirməyə və özünü sevdirməyə başı o qədər qarışıb ki, özünün hansısa həqiqətə məftun olmaq və ya təəccüblənmək kimi bir şansı qalmayıb. Fərq eləməz, bu həqiqət xoşbəxtliyin açarı olsa belə. Hərçənd onun əsas işi-gücü də məhz həmin xoşbəxtliyi ovlamaqdı. Ovladığı xoşbəxtliksə ona dəbdə olan dərzinin paltarları qismində gəlirdi. “Mənim əsas səhvim, – o, “De Profundis”də yazır – zənnimcə, bağın günəşli tərəfində bitən ağacların ətəyindən yapışıb, qaranlıq hissədəkiləri qulaqardına vurmağımıydı”. Amma günəş birdən batdı. Qarşısında durmağa cəsarət etdiyi məhkəmə özü onu ittiham elədi. Uğrunda yaşadığı dünya qəflətən onun həqiqi üzünü gördü: adi, elə bu səbəbdən də nifrətdoğuran tərəfini və sanki quduz it kimi zəncirdən qopdu. Qalmaqal daha böyük qalmaqal doğurdu. Başına gələnlərin fərqinə belə varmadan dustaqxanada qul vəziyyətinə düşdü. İndi köməyinə kim gələcək? Onun dəbdəbəli həyatı – yeganə reallığı idi və deməli, bu reallığın özü onu dəmir barmaqlıqlar arxasına atmışdı. Əgər yalnız meşənin günəş tutan yerində yaşamaq mümkünsə, deməli, üfunətli qaranlıqda ümidsizlikdən ölməli idi. Lakin insan ölmək üçün yaradılmayıb, elə buna görə də o, qaranlıqdan yüksəkdədir. Uayld da həyatı seçdi, hərçənd bununla yanaşı, həm də iztirabı, çünki məhz bu iztirabda həyatın xeyrinə hansısa sübutlar tapa bildi. “Heç bilirsiniz, – illər sonra Andre Jidə belə söyləmişdi – mənə mərhəmət göstərməklə intihardan xilas elədilər”. İztirab çəkən insanın ürəyinə yol tapan mərhəmət imtiyazlı kəslərdən deyil, yalnız elə onunla birgə əzab çəkənlərdən gələ bilər. Məhbəs həyətində Uayldın ardınca addımlayan naməlum bir məhbus gözlənilmədən pıçıldamışdı: “Oskar Uayld, sizə yazığım gəlir, çünki yəqin ki, bizdən daha artıq əziyyət çəkirsiniz”. Sarsılmış Uayld “yox” cavabı vermiş və “burada hər kəsin eyni səviyyədə əzab çəkdiyini” söyləmişdi. Uayldın həmin an əvvəllər heç ağlının ucundan belə keçirmədiyi xoşbəxtliyin dadına baxdığını söyləsəm, görəsən, yanılmaram ki? Tənhalığı başa çatmışdı. Cəmiyyətdən olan ağa məhbəsə düşüb və hələ başına gələnlərin kabus, ya gerçək olmasının belə fərqinə varmamış qəflətən hər şeyi öz yerinə qoyan işıq görür. Onun utanası heç nəyi yoxdu, yalnız bircə şeydən başqa – hərçənd bu biri belə hər şeyə bəs edir – nə vaxtsa şam işığında axşam yeməyinə yollanmazdan öncə sağını-solunu ittiham edən və tələsik mühakimələr çıxaran dünyanın cinayət yoldaşı olub. O, qardaşlarının “Ris”də6 yaşayanların deyil, dustaqxana həyətində dövrə vurarkən arxasında vasitəsiz ifadələr işlədən şəxs (“Redinq məhbəsinin balladası” məhz onun üçün yazılıb) olduğunu bilir. “Mənimlə birgə bu dəhşətli yerin divarlarına məhkum edilmiş biçarələr arasında rəmzi də olsa həyatın sirri ilə bağlı olmayan bir nəfər də tapılmaz” – Uayld özünün ən yelbeyin tanışlarından birinə yazır7.
O, eyni zamanda incəsənətin sirlərinə də varır. Uayldı qolları qandallı Borclular Məhkəməsinə gətirəndə – zalım düşmənlərinin mahir planına görə, o, iki polisin arasında qolları zəncirli halda müflis olması barədə eşitməliydi, – onu masqaraya qoyan kütlə arasında yeganə həqiqi dostu hörmət əlaməti olaraq təntənəli şəkildə şlyapasını çıxarmış və həmin gün qəflət yuxusundan ayılmış yazıçı bircə bu jestin “ona mərhəmətin iç üzünü bütünlüklə açdığını” yazmışdı. Yalnız bu andan başlayaraq, indiyəcən usanmadan danışsa da, gerçəkdən tanımadığı Şekspir və Danteni anlamaq iqtidarında olub və insan ağrısından doğa biləcək ən gözəl kitablardan birini yazıb. “De Profundis”də əvvəlki Uayldın hətta axtarmağa cəhd etsə belə, heç bir vəchlə tapa bilməyəcəyi dil danışır və ilk kəlmədəncə onun erkən əsərlərinin bərq vuran tikililəri xırda qırıntılara parçalanır. Mahiyyətcə bu, əvvəllər yanlış cığırda dolaşdığını etiraf edən insanın tövbəsidir – özü də həyata münasibətdə deyil, yeganə məramına çevirmək istədiyi incəsənətə münasibətdə. Ona aydın olur ki, incəsənəti iztirabdan ayırmağı arzulamaqla onun köklərindən birini budayıb və həqiqi həyatını öz əlindən alıb. Gözəlliyə xidmət naminə onu bütün dünyaya qarşı qoymaq istəyib, lakin məhbus paltarı geyinən kimi həqiqətdə öz incəsənətini insanlardan aşağıda qoyduğunu anlayıb, çünki onun yaratdıqları məzlumlara heç nə vermək iqtidarında olmayıb. Nə “Salomeya”da, nə “Dorian Qrey”də8 də heç nə məhbus qəlbinə həmahəng deyil. Əvəzində “Kral Lir”də, ya da “Hərb və sülh”də xoşbəxtlik və ağrı bizim rüsvayçı iztirab evlərində göz yaşları tökən və hiddətdən boğulan kəslər üçün anlaşıqlıdı. Uayld öz kamerasında zamanında işi-gücü təkcə nadir güllərə toxunmaqdan ibarət olan yalın əlləri ilə döşəmə yuyanda, əvvəl qoşduğu əsərlərdən heç biri onun dadına çatmayıb, neçə ki günəş işığında yaratdığı heç nə yardımına gəlməyib, harayına haray verən bircə dahinin ümumi fəlakəti ifadə etdiyi ulu bağırtısı olub. Uayldın nə əvvəllər söylədiyi gözəl kəlmələr, nə də zərif nağılları indi onun dadına çata bilməzdi. Əvəzində bədbəxtliyin son həddində dünya düzənini salamlayan Edipin sözləri kömək əlini uzada bilib. Bax, elə buna görə də Sofokl yaradıcıydı, Uayldsa – öncəki Uayldsa yox. Dahi özünün ən ali ifadəsini ən müdhiş məhbəsdə sonuncu bədbəxtin insanların və öz gözündə ləyaqət hissini bərpa etməsi naminə yaradır. Əgər mahiyyət iztirab deyilsə, yaratmaq nəyə lazım ki?! Heç olmasa, onun dözülməzliyini göstərmək naminə yaratmağa dəyər. Məhz bu zaman şərin və ədalətsizliyin qırıntılarından gözəllik meydana gəlir. İncəsənətin ali məqsədi hakimləri ifşa etmək, istənilən ittihamın üzərindən qalın bir xətt çəkmək və hər şeyə – insana və həyata haqq qazandırmaqdı. Vasitəçi isə gözəllikdi və onun həqiqi işığı elə həqiqətin işığıdı. Heç bir gerçək dahiyanə əsər nifrət, ya ədavət üzərində qurulmayıb. Həqiqi yaradıcı əvvəl-axır öz qəlbinin bir küncündə mütləq barışıq tapır. Və həmin an o, gözlənilməz bəsitlikdə digərləri ilə ortaqlığını dərk edir və orda, nəhayət, özünü aşkarlayır.
Nə qədər rəssam özünün balaca adam olduğunu dərk etməkdən təkəbbürlülüklə qaçıb! Halbuki həqiqi istedadı əldə etmək üçün mənindəki “azlığı” dərk eləmək yetərli olardı. Çünki özləri barədə düşündüklərinə rəğmən, onlar istər-istəməz bütün qəlbləri ilə nifrət elədikləri orta təbəqədən də aşağıda – qul vəziyyətində qalırlar. Bunun əksi də baş verir: digər qisim dahiyanəlik üçün ümumi səviyyəyə enməyin kifayət etdiyini düşünür, elə belə də edir və bir də heç vaxt yuxarı qalxa bilmir! Bununla belə, sadalanan hər iki ifrat bir-birini tamamlayır. Məişət həqiqətini rədd edən incəsənət həyasızlığa məhkumdu. Amma həyat üçün də təkcə məişət bəs eləmir. Rəssam ona görə reallıqdan üz döndərə bilməz ki, onun əsas vəzifəsi – bu gerçəyə daha yüksək şəkildə haqq qazandırmaqdır. Və o, əgər məlum həqiqəti qulaqardına vurursa, ona necə haqq qazandıra bilər ki? Eyni zamanda əgər bu gerçəyin quluna çevrilibsə, onu necə dəyişdirə bilər ki? İşıqla kölgə arasındakı Rembrandtın filosofu sayağı9 sirli və hazırda da var olan dahi məhz bu iki bir-birini itələyən meyillənmənin qovuşuğunda öz yerini tapa bilir. Bax, elə buna görə də üzülmüş Uayldın məhbəsdən çıxandan sonra yalnız özünün sarsıdıcı “Balladası”nı yazmağa gücü çatır və beləcə vaxtilə həbsxana səhərlərindən birində fraklı cənabların dar ağacına apardıqları məhbusun harayına hay verən kamera yoldaşlarının çığırtısını yenidən səsləndirməyə nail olur. Bunda sonra onu dünyada tək bir şey maraqlandıra bilərdi, – o da tale ortaqları və o cümlədən əxlaq naminə rüsvaycasına incidilən kəslər. Uayld “De Profundis”in son sətirlərində bundan belə incəsənətlə iztirabı ayrı tutmayacağına and içib. Jak Burun10 fransızcaya çox gözəl və ürəkdən çevirdiyi “Redinq məhbəsinin balladası” bu vədin bariz nümunəsidir. Bu əsər Uayldın başgicəlləndirici yolunu salonlar incəsənətindən, – orda hər kəs başqalarından yalnız özünü eşidir, – məhbəslər incəsənətinədək – burada bütün məhbusların sədası elə özünə bənzərlər tərəfindən qətlə yetirilən insanın qulaqlarına çatması üçün onun ölümöncəsi çığırtısına qovuşur – yüksəldə bilib.
Burada, bəlkə də, digər dəliliyin başlanğıc nöqtəsi üzə çıxır, rəssam gerçəklə toqquşmasından keçirdiyi şokun təsiri altında, ümumiyyətlə, həyatı iztirabla eyniləşdirməyə başlayır. Lakin Uayld bu məqamda yalnız sevgi və heyranlığa layiqdi – məsuliyyət daşıyansa təkcə dövr, cəmiyyət, onu əhatə edənlərdi. Bizim kimi qul cəmiyyətlərinə gerçəyi görməsi üçün iztirab və köləlik lazımdı, – günahları da elə bundadır, – halbuki həqiqət həm də xoşbəxtlikdədir, yetər ki, ürək ona layiq olsun. Xoşbəxtlikdən keçərək məhrumiyyət anlamına varmaqdan daha yüksək nailiyyət varmı? Amma sonunda əgər insan doğuluşdan, ya da xasiyyətindən irəli gələrək, Sen-Jüstün11 dili ilə ifadə eləsək, xoşbəxtlik haqqında yalnız müdhiş təsəvvürlərə malik olmaq iqtidarındadırsa, onun üçün elə iztirabın özü həqiqətin əlçatan üzüdür. Bu, şübhəsiz ki, ən azı nəcib idi, amma nə etmək olar, istənilən halda qulun həqiqəti ağanın yalanından yaxşıdı. Uayldın uca ruhu iztirabdan keçməklə fanilikdən yuxarı qalxıb, bununla belə, fəlakətin o tayında tapacağı həmin məğrur xoşbəxtliyə can atıb. “Sonra, – o deyirdi, – mənə xoşbəxt olmağı öyrənmək lazım gələcək”. O, xoşbəxt olmadı. Həqiqətə gedən yolda maneələri aşmaq və insanı məhbəsdə alçalmaya sürükləyəcək bütün o iyrəncliklərə qarşı durmaq ruhu gücdən salmaq üçün yetərlidir. Uayld “Ballada”dan sonra heç nə yazmayıb və heç bir, şübhəsiz, dahiliyə gedən yolu görsə də, ona qədəm qoymağa zərrə qədər də olsun gücü qalmayan rəssamın təsvirəgəlməz iztirabını yaşayıb. Düşdüyü dilənçi vəziyyət, ətrafdakıların düşmənçiliyi, ya da etinasızlığı öz rolunu oynamış oldu. Vaxtilə naminə yaşadığı cəmiyyət, yəqin ki, məhbusun onu həmişəlik məhkum etdiyini, özü də buna haqqı çatdığını duydu. Elə bu səbəbdən də öz qayğısız şadyanalığının keçmiş qəhrəmanından üz döndərdi. Və bu cəmiyyət onun öz üzərindəki məhkəməsinin ədalətini bir daha təsdiqləyərək, şairə ikinci dəfə hökm oxudu, yalnız bu dəfə məsuliyyətsizliyinə görə deyil, bədbəxt ola bilmək cəsarətinə görə. Hətta Andre Jid etiraf edir ki, artıq heç nə yazmayan dilənçi Uayldla Parisdə görüşü zamanı karıxıb qalmışdı. Deyəsən, bu hissini ört-basdır edə bilməmişdi, çünki Uayld aramızda olmadığı üçün bizləri təəssüf hissi keçirməyə məcbur edən bir cümlə işlədib: “İnsana basıldığı üçün hirslənməzlər”. Binəva və tənha, yazmaq qabiliyyətini xərcləmiş, zaman-zaman Londona qayıdıb orda yenidən “həyat kralına” çevrilmək xülyasına düşən Uayld, yəqin, həyatda hər şeyini, hətta dustaqxana həyətində açdığı həqiqəti itirdiyini hesab edib. Lakin yanılıb. O, bizə şah əsərlərini miras qoyub – “De Profundis” və “Redinq məhbəsinin balladası”. O, bizim yanımızda, incəsənət və əməyin bir qardaş kimi ümumi ehtiyaclar içində yaşadığı sol sahilin küçələrindən birində ölüb. Onun tabutunu daşıyan və müşayiət edənlər dəbdəbəli keçmişin dostları deyil, İncəsənət küçəsindən sadə insanları idi. Bu, onun yeni xüsusiyyətinə, fədakarlığına işarə edir və az öncə doğulmuş dahi rəssamın vəfat etdiyindən xəbər verirdi.
1952