Kitabı oku: «Hə ilə yox arasinda», sayfa 3
YELENANIN SÜRGÜNÜ
Aralıq dənizi sahillərinin günəşi bir başqa faciədi və o, dumanlı ölkələrin fəlakətinə heç bənzəmir. Bəzi axşamlarda dənizin yaxınlığında, dağların ətəyində bambalaca körfəz zülmət donunu geyinir və o zaman kirimiş suların dərinliklərindən qalxan mövcudluğun dolğunluğu ürəyimizi əsdirir. Belə yerlərdə qədim yunanları anlamaq asandı: onlar ümidsizliyə qapılırdılarsa, bu mütləq gözəlliyin və onun özündə gizlədə biləcəyi sıxıntının hesabına baş verirdi. Bədbəxtlik qızılı şölələr saçanda, fəlakət tamamlanmış olur. Zəmanəmizsə, əksinə, öz ümidsizliyini eybəcərlikdə və ürpəşmədə göstərir. Və əgər iztirab iyrənc ola bilirsə, deməli, Avropamız iyrəncdir.
Yunanlar gözəllik naminə silaha əl atırdılar – bizsə onu sürgün etmişik. Ən ilk fərq elə bundadır və o, öz kökləri ilə çox-çox uzaqlara gedib çıxır. Yunan təfəkkürü həmişə hüdud və əndazə təsəvvürləri ilə qoşa gedib. O, heç nəyi hədsizliyə aparıb çıxarmayıb – nə müqəddəsi, nə dərrakəni, – çünki nə müqəddəsdə, nə də dərrakədə heç nəyi rədd etməyib. O, hər şeyə haqq qazandırıb, işıq qaranlıqla tarazlaşdırılıb. Avropamızsa, əksinə, hər şeyin istilasına yönəlib, – hədsizliyin qızı rolunda çıxış edib. Onu heyrətləndirməyən hər şeyi rədd etməklə yanaşı, gözəlliyi qəbul etmişdir. Onu cuşa gətirən yeganə şeysə idrakın gələcək ağalığıdı. O, özünü dəliliyə vuraraq əsrlərin hüdudlarını aşır və elə həmin an qisas ilahəsi Eriniya hücum çəkərək onu dağıtmağa başlayır. Əndazə ilahəsi Nemezidasa həmişə sayıqdı. O, həddini aşan hər kəsi cəzalandırır.
Əsrlər boyu ədalətin nə olması üzərində baş sındıran yunanlar bizim bu dəyər barədə təsəvvürlərimiz qarşısında çaşıb qalardılar. Onların təsəvvüründə ədalət əndazə hissi anlamına gəlir, qitəmizsə təlaş içərisində hədsiz ədalət axtarışındadı. Yunan təfəkkürünün qürubunda Heraklit artıq düşünürdü ki, ədalət hətta ən maddi kainata belə müəyyən sərhədlər qoyur. “Günəş həddini aşmayacaq, yoxsa ədalət qoruyucusu Eriniya ilahələri onu cəzalandıracaq”. Kainatı və ruhu vərdiş etdiyi cığırdan çıxmağa məcbur etməklə biz təhlükəni qulaqardına vurmuş oluruq. Bizi məst etmiş göylərdə şıltaqlığımıza salıb istənilən günəşi yandırırıq. Amma əndazələri nə qədər görmək istəməsək də, onlar mövcuddurlar və biz bunu bilirik. Biz divanəliyimizin ən son həddində çoxdan geridə qoyduğumuz müvazinəti arzulayırıq, yanlışlıqlarımızın son həddində cahilliyimizə salıb onu əldə edəcəyimizə ümidlənirik. Özümüzdən çox bədgümanıq, uşaq xalqların – divanəliyimizin varislərinin bu gün tarixin gedişatını idarə etməsi heç də təsadüfi deyil.
Elə həmin Heraklitin ayağına yazılan fraqmentdə belə deyilir: “Özündən bədgümanlıq təşəkküldə geriyə addımdı”. Efeslidən bir əsr sonra ölüm hökmündən qorxmayan Sokrat növbəti ali həqiqəti çatdırır: mən bilirəm ki, heç nəyi bilmirəm. O uzaq zamanların ən ibrətamiz həyat yolları və fikir axtarışları cahilliyin məğrur etirafı ilə tamamlanıb. Bizsə bu həqiqəti unutmaqla öz comərdliyimizi yaddan çıxarmışıq. Biz böyüklük adı altında qüdrətə üstünlük vermişik. Dərsliklərimizi yazanlar öz mənəviyyatsızlıqlarını bütün gücüylə işə salaraq, bizə əvvəlcə Makedoniyalı İskəndər, sonra Roma istilaçılarına rəğbət bəsləməyi təlqin edirlər. Və biz həmçinin öz növbəmizdə işğal edirik, sərhədləri sonsuzluğadək genişləndiririk, yerin və göyün fəthinə can atırıq. Düşüncələrimiz ətrafındakı boşluğu genişləndirir. Və sonunda tam tənhalıqda qalaraq, səhradakı səltənətimizi əldə edirik. Məgər biz qismən də olsa, təbiətin tarixə, gözəlliyin mərhəmətə zidd olduğu və hətta qanlı faciədə belə, göylərin nəğməsini səsləndirəcək o yüksək müvazinəti təsəvvür etməyə qadirikmi? Biz arxamızı təbiətə çeviririk, biz gözəllikdən utanırıq. Bizim miskin fəlakətimizdən dəftərxana qoxusu gəlir və orda bolluca axıdılan qan çirkli mürəkkəb rəngindəndi.
Elə buna görə də bizlərin guya Qədim Yunanıstanın övladları olduğumuzu söyləyib lovğalanması həyasız səslənir. Axı bu halda biz dönük uşaqlar rolunda çıxış etmiş oluruq. Tarixi əvvəllər Allahın əyləşdiyi taxta oturtmaqla teokratiyanı sürətləndirmiş oluruq, yunanlar belələrini barbar adlandırırdılar və Salamində onlarla ölüm-dirim döyüşünə çıxırdılar. Fərqi aydın görmək istəyirsinizsə, Platonun rəqibi kimi çıxış edən filosoflarımızdan birinə diqqət yetirin. “Tək bircə şəhər – Hegel yazmağa cəsarət edib – ruhun şüur əldə edə bilməsi üçün şərait yaradır”. Biz elə bu cür böyük şəhərlərin dönəmində yaşayırıq. Həyat əvvəllər onun sabitliyinə zəmanət verən hər şeydən – təbiətdən, dənizdən, dağlardan, axşam ala-toranında düşüncələrə dalmaqdan əsassız olaraq ayrı düşüb. Bundan belə şüur üçün küçələrdən savayı məkan yoxdu, tarix müstəsna olaraq küçələrdə yazılır – artıq belə qəbul olunub. Nəticədə ən məşhur əsərlərimiz də bu məcburi seçimə şahidlik edir. Dostoyevskidən başlayaraq, böyük Avropa ədəbiyyatında mənzərə təsviri axtarmayın, tapmayacaqsınız. Tarix nə ondan əvvəl mövcud olmuş təbiət səltənətini, nə də özündən qat-qat yüksəkdə duran gözəlliyi izah etmir. Tarix bütün bunları görməməzliyə vurur. Əgər Platon mövcud olan hər şeyi – cansızı, idrakı və mifi bütünlükdə əhatələyirsə, filosoflarımız onlara ayrı-ayrı çərçivələrdə baxır: yalnız bircə cansız olan, ya da idrak, – çünki onlar yerdə qalanları görməməyə üstünlük verirlər. Köstəbəklər bu cür düşünürlər.
İlk olaraq xristianlıq varlıq barədə düşüncələri ruhun faciəsi ilə əvəzləyib. Heç olmasa, hansısa mənəvi əsaslara müraciət edib və bunun sayəsində məlum sabitliyi qoruyub saxlayıb. Allah öləndən sonra təkcə tarixlə hakimiyyət qalıb. Artıq çoxdan filosoflarımızın bütün cəhdləri insan təbiəti anlayışını şərait anlayışıyla, ötən harmoniyanı təsadüfi həyəcanla, ya da idrakın sarsılmaz təşəkkülü ilə əvəzləməyə yönəlib. Əgər yunanlarda idrak iradəyə müəyyən çərçivələr qoyurdusa, biz iradə qılıncını idrakın düz ürəyinə sancmışıq və bununla da sonuncusunu ölümsaçan etmişik. Yunanlar üçün əxlaqi dəyərlər istənilən hərəkətin önündə gedib və onun əndazəni aşmamasına şərait yaradıb. Yeni fəlsəfə dəyərlərin əldə edilməsini hərəkətlərin son nəticəsi kimi görür. Dəyərlər öz-özlüyündə mövcud deyil, onlar təşəkkülün nəticəsidi və biz təkcə tarixin özü sona çatanda, dəyərləri dərk etmiş olacağıq. Onların yoxa çıxması ilə istənilən hüdud da əriyib gedir və bu dəyərlərin sabah necə olması ilə bağlı baxışlar haçalandığından və mübarizə sonsuzadək şiddətləndiyindən bu gün messianizmin müxtəlif növləri arasında toqquşma durmadan böyüyür, onların döyüş çağırışları nəhəng imperiyalar arasındakı çarpışmaların fasiləsiz gurultusunda qaynayıb qarışır. Heraklitə görə, hədsizlik yanğındı. Yanğın yayılır, Nitşe çoxdan geridə qalıb, Avropa artıq çəkic zərbələri ilə deyil, yaylım atəşləri ilə filosofluq edir.
Amma yenə də təbiət yanımızdadır. O, insan divanəliyinin qarşısına sakit göyləri və öz müdrik dəyişməzliyini qoyur. O, həmişə belə olacaq, atom alovlanmayacaq, tarixsə dərrakənin təntənəsi və canlı olan hər şeyin məhvi ilə sona çatmayacaq. Hərçənd yunanlar həddin aşılmamasını heç vaxt təsdiqləməyiblər. Onlar təkcə həddin mövcudluğunu və onu aşanın amansızcasına cəzalandırılacağını təsdiqləyiblər. Bugünkü tarixdə baş verənlər yalnız bu həqiqətin doğru olduğunu sübut edib.
Tarixi idrak və rəssam eyni dərəcədə dünyanı dəyişmək missiyasını daşıdıqlarını düşünürlər. Hərçənd rəssam öz təbiətinə görə tarixi idrakın qəbul etmədiyi əndazə hissini qoruyub saxlamalıdır. Və elə buna görə də tarixi idrakın sonu istibdaddı, rəssamsa azadlıq tərəfdarıdır. Bu gün azadlıq uğrunda vuruşan hər kəs həm də gözəllik naminə mübarizə aparır. Şübhəsiz ki, bu məqamda söhbət öz-özünə doğulan gözəlliyin müdafiəsindən getmir. Gözəllik insansız ötüşə bilməz və biz əsrimizin fəlakətinə baş vurmadan ona həqiqi əzəmətini və ruh aydınlığını qaytara bilməyəcəyik. Biz artıq heç vaxt tənha olan deyilik. Amma bir həqiqət də var ki, o da insanın gözəllik olmadan keçinə bilməməsidir, hərçənd dövrümüz onu görməməzliyə vurur. O, yalandan mütləqə çatmağa və vahid hakimiyyətə can atır, mövcudu tükəndirmədən dəyişmək, dərk etmədən idarə etmək niyyətindədir. Və o, nə qədər car çəkirsə çəksin, dünyanı səhraya çevirir. Kalipsonun yanındakı Odissey ölümsüzlüklə vətən arasında qalıb. O, doğma vətənə, deməli, ölümə üstünlük verir. Belə bir ruh əzəməti bizlərə yaddır. Bəlkə, kimsə bizlərin itaətdən uzaq düşdüyünü söyləyəcək. Amma dərindən düşünəsi olsaq, bu, ikibaşlı sözdür. Dostoyevskinin ağına-bozuna baxmadan lovğalanan, ulduzlara çatmağa can atan, əvəzində ilk məqamdaca bədnamlıqlarını açıb-tökən aktyorları kimi, bizlərin də bircə şeyi çatmır – öz həddinə sədaqətini və taleyinə gözüaçıq sevgisini qoruyub saxlayan insan qüruru.
“Mən öz əsrimə nifrət edirəm” – Sent-Ekzüperi ölümündən az əvvəl söyləyib və onun səbəbləri mənim sadaladıqlarımdan heç də fərqli olmayıb. Amma yenə də ruhun harayı altında, xüsusilə də insanları sevən, onlarda heyranlığa layiq çox şey tapanların ağzından çıxanlara imza atmağına dəyməz. Hərçənd bəzən sönük və qeyri-maddi dünyadan üz döndərmək elə çətin olur ki! Amma bu əsr bizimkidi və biz bundan belə özümüzə nifrət edərək yaşaya bilmərik. Dövrümüzün məziyyətləri və nöqsanları öz ifratında nə qədər həddini aşıbsa, o, bir o qədər tənəzzülə uğrayıb. Amma biz yenə də uzaq keçmişdən varis qoyulan o məziyyətlər uğrunda mübarizə aparacağıq. Bunlar hansılardı? Patroklun atları döyüşdə həlak olan sahiblərini ağlayırlar. Hər şey itirilib. Amma döyüşə Axill girir və o, qələbə qazanır, çünki ölüm dostluğa qəsd edib: bizim məziyyətimiz elə dostluqdur.
Dürüstcəsinə etiraf edilmiş bilməməzlik, fanatizmdən imtina, kainat və insan hüdudlarına hörmət, sevgilinin üzü, gözəllik – yunanlarla bax bu məqamlarda birləşəcəyik. Sabahkı tarixin mənası heç də bu gün anladığımız deyil. O, yaradıcılığın inkvizisiyaya qarşı mübarizəsindədi. Rəssamların mübarizəyə yalın əllə qoşulmaları səbəbindən ödəyəcəkləri qiymətə baxmayaraq, qələbəyə ümid etmək üçün əsas var.
Ey günorta düşüncəsi, Troya müharibəsi bizim döyüşlərin meydanından necə də uzaqdır! Amma bu dəfə də yeni şəhərin qorxunc qala divarları aşacaq və “dəniz səthi tək aydın ruh” – Yelenanın gözəlliyi bizlərə qaytarılacaq.
1948
BADAM TALALARI
“Məni ən çox nəyin heyrətləndirdiyini bilirsiniz? – Napoleon Fontana12 söyləyirdi – Gücün heç nəyi yarada bilməməsi. Yer üzündə yalnız iki fateh var – qılınc və ruh. Və hər şeyə rəğmən, ruh həmişə qılınc üzərində qələbə çalır”.
Göründüyü kimi, fatehlər də bəzən ruhdan düşür. Axı səs-küylü olduğu qədər boş və anlamsız şan-şöhrətin cavabını hansı formadasa vermək lazım gəlir. Lakin yüz il öncə qılınc üçün ədalətli sayılanların dövrümüzün tankına heç bir aidiyyəti yoxdu. Fatehlər yetərincə irəliləyib, para-para edilmiş, ruhun yoxa çıxdığı Avropanın üzərinə uzun illər davan edəcək qaranlıq səssizlik pərdəsi çəkilib. Flandriya uğrunda gedən rəzil müharibələr zamanı holland rəssamları hələ quşxanalarındakı xoruzların şəklini çəkə bilirdilər. Üstəlik, Yüzillik müharibə çoxdan unudulsa da, Sileziya mistiklərinin duaları hələ bir çoxlarının qəlbindədi. İndi hər şey dəyişib: rəssam da, monax da səfərbər edilib, dünyamızın rifahına görə hamımız eyni səviyyədə cavabdehik. Ruh nə vaxtsa fatehin etiraf edə biləcəyi əlahəzrət sarsılmazlığını itirib; o, gücü lənətləyərək özünü xərcləyir, çünki artıq onu özünə tabe edə bilmir.
Bunun xəstəlik olduğunu deyəcəksiniz. Biz eyni proqnoza iddia edə bilməyəcəyik, lakin bir şeyi dəqiq bilirik – gerçək olan budur. Nəticə: onunla hesablaşmaq lazımdır. Deyəsən, ən əsası, nəyi istədiyimizi bilməkdi. Bizsə bir şey istəyirik: bir də heç vaxt qılınca boyun əyməmək, bir daha ruha xidmət etməyən gücü qəbul etməmək.
Açığı, qarşımıza qoyduğumuz məqsədin sonu görünmür. Lakin öhdəmizə düşən onun qarşısında aciz qalmamaqdı. İdrakın gücünə sonadək inanmayan bir şəxs kimi tərəqqiyə və tarixin hansısa fəlsəfəsinə bel bağlamıram. Əvəzində insanların həmişə öz talelərini daha dərindən dərk etmək cəhdlərinə inanmışam. Biz öz mövcudluğumuzun şərtlərinə bağlanmışıq və getdikcə bundan daha çox əmin oluruq. Ziddiyyətlərin bizi didib-dağıtdığını bilirik, amma eyni zamanda bununla barışmamalı və onun yumşalması üçün əlimizdən gələni etməli olduğumuzdan da xəbərdarıq. Biz – insanıq və borcumuz azad ruhların susamış həsrətini hansısa yolla doyuzdurmağa cəhd göstərməkdi. Biz parçaları birləşdirməli, aşkar ədalətsiz dünyanda ədaləti mümkün qədər bərqərar etməli, xalqların əsrin xəstəliyi ilə zəhərlənmiş xoşbəxtliyin mümkünlüyünə olan inamlarını yenidən diriltməliyik. Sözsüz, bu, insan qüvvəsindən xaric məsələdir. Lakin məhz uzun səy göstərilməsi tələb olunan məsələlər bu cür adlanır.
Gəlin qəti şəkildə nə istədiyimizi bilək, gəlin ruhdan düşməyək, hətta güc bizi yolumuzdan sapındırmaq məqsədi ilə hər hansı bir ideya və həyat nemətlərinin donuna girmiş olsa belə. Ən əsası, ümiddən düşməməkdir. Dünyanın sonu gəldiyini bağıranlara həddən artıq diqqət kəsilməyinə dəyməz. Sivilizasiyalar o qədər də asan məhv olmur, hətta bu dünya dağılmağa məhkumdursa, ilk əvvəl digərləri yoxa çıxacaq. Bəli, əlbəttə ki, biz faciəli dönəmdə yaşayırıq. Lakin çoxları faciəli olanı çarəsizliklə səhv salırlar. “Faciəli olana, – Lourens söyləyirdi, – fəlakətin möhkəm təpiyi dəyməlidi”. Əla fikirdi və bunu düşünüb-daşınmadan belə həyata keçirmək pis olmazdı. İndi çox şey təpiklənməlidi.
Mən Əlcəzairdə yaşayarkən qış fəslində səbirli olmağa üstünlük verirdim, çünki bilirdim: soyuq fevral günlərinin birində Konsullar vadisindəki badam ağacı çiçəkləyəcək. Həmişə də sonrakı mənzərəyə heyrətlənirdim – bu zərif, kiçicik ağbəniz örtük yağışa və dənizdən əsən küləyə necə sinə gərə bilir? Və o, hər il tumurcuq dövründə dayanıqlı olmağı bacarırdı.
Bu, rəmz deyil. Rəmzlər bizi xoşbəxtliyə aparmır. Buna daha uyğun bir ad verməyinə dəyər. Mən təkcə onu demək istəyirəm ki, fəlakətlər burulğanında boğulan Avropada həyat yükünü daşımaq çətinləşəndə, hər dəfə gücü hələ sona qədər xərclənməmiş günəşli ölkələrə üz tuturam. Oraları kifayət qədər yaxşı tanıyıram: bura seçilmiş torpaqdı, burada düşüncə və cəsarət arasında bir tarazlıq var. Və onların nümunəsini analiz etməklə bir həqiqəti dərk edirəm: əgər ruhu xilas etmək istəyirsənsə, öz məziyyətlərinin iniltili ah-vaylarına diqqət kəsilməməlisən, əksinə, öz gücündən və öz ləyaqətindən ruhlanmalısan. Bizim dünyamız öz fəlakət burulğanında boğulur. O, bütünlüklə Nitşenin ümidsizlik adlandırdığı xəstəliyə boyun əyib. Gəlin dünyamızla həmrəy olmayaq. Ruha dəsmal götürüb ağlamaq səmərəsiz məşğuliyyətdi, yetər ki, onun rifahı üçün çalışasan.
Bəs, ruh necə zəfər çalmalıdır? Çox uzağa getməyək, yol elə Nitşenin dediklərində göstərilib. Meydanda ümidsizliyin qatı düşmənləri – dəmir iradə, müdrikin soyuqqanlı təmkini qılınc oynatmalıdı. Bu məziyyətlər indi heç olmadığı qədər zəruridi və hər kəs özü üçün ən uyğununu seçə bilər. Hər bir halda əgər üzərinə bu qədər nəhəng məsuliyyət götürürsənsə, dəmir iradə ilə zirehlənməlisən. Lakin bu iradə seçkiqabağı tribunalardakı qaşqabağı və hədə-qorxunu deyil, şirəsi və ağlığı dənizdən əsən ruzigara sinə gərməyi bacaran badam ağacını ifadə etməlidi. Dünyanın əl-qolunu bağlayan qışın ortasında bar verməyi bacaran Odur.
1940
Ücretsiz ön izlemeyi tamamladınız.