Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Filin seyrə çıxması», sayfa 2

Yazı tipi:

Öyrədilmiş atlar vals oynamağı, təntənə ilə yeriməyi, özünü ölülüyə vurub yerə yıxılmağı, yerdən iki metr hündürlüyündə olan nazik taxtanın üzərində yeriməyi, uca çəpərlərin, enli xəndəklərin üstündən tullanmağı bacarırdılar.

Məşğələ olmayan vaxtlarda atlar gəlib sahibinin evinə çıxar, bütün mənzili gəzər, hər şeyi – yazı stolunu, mürəkkəbqabını, qələmləri, karandaşları iyləyər, qənd olub-olmadığını yoxlamaq üçün ehtiyatla ağ kağız vərəqlərini çeynəyərdilər.

Atlardan biri sahibinin kabinetində xalça üstündə uzanmağı, bir başqası isə pəncərədən saatlarla küçəyə, ardı-arası kəsilməyən faytonlara və yaxınlıqdan keçən tramvay vaqonlarına tamaşa etməyi sevirdi.

Məktəbin sahibi Kuprinin dostu idi. Aleksandr İvanoviç günlərinin çoxunu məktəbdə keçirər, atların təliminə baxardı, onları öyrətməkdə dostuna kömək edərdi.

Kuprin həmin məktəb haqqında söz açanda onun söhbətindən doymaq olmurdu. Amma nədənsə bu barədə o heç bir şey yazmamışdır. Kuprin, canavar yaralamış bir dayçanı mənim atamla birlikdə ölümdən necə xilas etdiklərindən də yazmamışdır.

Bu dayçanı onlar bir yay günündə Kiyev yaxınlığında yarmarkada görmüşdülər.

Dayça bir kəndli arabasında uzanıb qalıbmış. Onun yarası çox dəhşətliydi. Artıq irinləməkdə olan yara dayçanın qulağından başlayaraq bütün boynunu, çiynini tutmuşdu.

Kuprin dayçaya baxıb onun sahibinə:

– Müalicə etmək lazımdır, – deyibmiş. Dayçanın sahibi kəndli ümidsiz halda əlini yelləyibmiş.

O zamanlar nəinki atları, hətta adamları belə müalicə etməyə bir yer yox idi. Kəndlərdə nə həkim, nə də xəstəxana vardı. Müalicə olunmaq üçün qəza mərkəzlərinə getmək lazım gəlirdi.

Kəndli çox ucuz qiymətə dayçanı almağı təklif edir. Kəndliyə pul və ünvan yazılmış bir kağız verirlər ki, bir aydan sonra o, gəlib dayçasını aparsın. Bəlkə onu xilas etmək mümkün oldu… Kuprinlə atam qızmar yay günəşində toz-torpağa bulaşmış halda, qan-tər içində dayçanı qolları üstə evə gətirdilər.

Bu zaman ailəmiz yaylaqda idi. Dayçanı onlar bağda stolun üstə uzadıb sarıdılar, sonra dəhşətli yaranı karbol turşusu məhlulu ilə yudular, dərmanladılar və tənziflə bağladılar. At dirçəldi, yarası sağaldı. Onu Krutikova, cavan atlar məktəbinə verdilər.

İtlər haqqında

Aleksandr İvanoviç itləri xüsusilə çox sevirdi. O hətta itlər haqqında «İnsanın dostları» adlı böyük bir kitab yazmaq istəyirdi.

Kuprinin setter3 cinsli Cek adlı cavan bir iti dəhşətli ölümdən necə xilas etdiyi yaxşı yadımdadır. Cek ipək kimi yumşaq, qırmızımtraq sarıtüklü bir köpək idi. Onun ağ pəncələri, qara, sulu burnu, qonur-qızılı şən gözləri və həmişə ifadəli dartılmış qaşları var idi. Onda cavan itlərə məxsus coşqun enerji vardı. İt biz uşaqların şıltaqlığına dözər, mehribanlıq göstərərdi.

Birdən Cek yox oldu. Mən həyətləri və küçələri gəzib:

– Cek! Cek! – deyə qışqırdım.

Bazarda köhnə şeylər alıb-satan qonşumuzun oğlu, dostum Petka mənimlə Ceki axtarmağa başladı. Petkanın pis xasiyyəti var idi, qəpik-quruşa çox həvəs göstərərdi.

Petka köksünü ötürüb:

– Cek itib, – dedi. – Nə olsun, bu hər bir itin başına gələ bilər.

Petka qalaydan qayrılmış uşaq tapançasını cibindən çıxarıb mənə satmaq istədiyini söylədi. O, tapançaya on qəpik vermişdi, bu da hər deyəndə olmur. Bu çox. yaxşı tapançadır, indi beləsini tapmaq olmaz. Dediyinə görə tapançanı heç satmazmış, ancaq indi ona pul lazımdır. Petka tapança üçün nə qədər istəsə yaxşıdır? Cəmi altı qəpik!

Tapançaya baxıb dedim ki, bu cür tapançalar bütün baqqal dükanlarında satılır, beş qəpiyədir, bir qutu pistonla altı qəpiyə verirlər.

Petka dedi:

– Yaxşı, altı qəpik ver, bəxtin gətirib.

– Mən beş qəpiyə təzəsini ala bilərəm. Altı qəpiyə köhnə tapançanı niyə alım? Bir də ki, nə qədər Ceki tapmamışam, heç bir tapança haqqında düşünməyəcəyəm.

Petka:

– Ceki çətin tapasan, – dedi. Onu yəqin it budkasına aparıblar. Mən bu gün onu bizim küçədə gördüm.

Şübhələndim. Məsələ burasındadır ki, bir az əvvəl Petka özgənin küçüyünü tutub, boğazına ip bağlayaraq Kreşşatik küçəsinə çıxarmışdı və orada küçədən keçənlərə satmaq istəmişdi. Bu məsələnin üstü açıldı, sonra atası onu möhkəmcə döydü. Petka elə bağırırdı ki, səsi bütün evi başına götürmüşdü.

Mən:

– Niyə belə fikirləşirsən ki, Ceki budkaya aparıblar? – deyə soruşdum.

Petka it tutanların çox qəribə cəldliklərindən, boynuna atılan torbadan heç bir itin can qurtara bilmədiyindən danışdı. O, it sallaqxanasında itin dərisinin diri-diri soyulmasını çox aydın təsvir etdi. İtin diri-diri soyulan dərisi çox zərif və yumşaq olur, ondan ən qiymətli qadın əlcəyi düzəldirlər.

Cekin it budkasına düşməsi, onun dərisindən əlcək qayrılacağı fikri məni elə dəhşətə gətirdi ki, o saat Petka ilə Cekin itməsini xəbər vermək üçün redaksiyaya, atamın və Kuprinin yanına qaçdım.

Redaksiyada dedilər ki, atam gedib, Aleksandr İvanoviç isə mətbəədədir. Mətbəəyə getdik, biz Aleksandr İvanoviçə Cekin itməsini və it budkasına düşübsə, onun taleyinin nə ilə qurtaracağını xəbər verdik.

Petka həyəcanla:

– Orada itlərin dərisini diri-diri soyurlar, – dedi.

O danışa-danışa qeyri-ixtiyari olaraq cibindən tapançanı çıxarıb, əlində oynatmağa başladı.

Aleksandr İvanoviç tapançanı onun əlindən alıb:

– Bu nədir? – deyə soruşdu.

Petka utanaraq:

– Heç nə, – dedi, – mənə verin.

– Bunu hardan alıbsan?

– Tapmışam.

– Nə vaxt?

– Bu gün… yox ey, dünən.

– Bəs sən Ceki bu gün görməyibsən?

– Vallah, görməmişəm.

– Yaxşı, allaha and içmə. De görüm onu neçəyə satıbsan?

– Nəyi?

– Ceki.

– Mən?

– Bəli, sən.

– Beş qəpiyə.

– Pistona da pulun çatmadı?

– Çatmadı.

Aleksandr İvanoviç için-için güldü. O kənara çəkildi, arxasını bizə tərəf çevirdi. Ətli çiyinləri əsirdi. O, mətbəə kassasına söykəndi.

Aleksandr İvanoviç şəhərin kənarına, it sallaqxanasına gedib Ceki gətirdi. Cek orada qaldığı bir neçə saat ərzində arıqlamışdı. Bir neçə gün o, qəmli görünürdü, yorğun-yorğun köksünü ötürürdü. Lakin o tez sağaldı, yenə də əvvəlki Cek, bizim bütün oyunlarımızda iştirak edən şən yoldaşımız oldu.

Kuprin heyvanlar haqqında yazdığı hekayələri özündən uydurmurdu

Kuprinin haqqında hekayələr yazdığı heyvanlar həqiqətdə olmuşlar.

«Yu-yu» hekayəsində Kuprinin balaca qızının pişiyi təsvir edilmişdir. Bu pişiyi nəvazişlə «Yu-yu» çağırardılar.

Yazıçı Peterburq yaxınlığında Qatçinadakı malikanəsində yaşayıb-işləyəndə baharda oraya gələn sığırçınların həyatına diqqət yetirərdi. Aleksandr İvanoviç «Sığırçınlar» hekayəsində onların bir yerdən başqa yerə uçub gedərkən yolda rast gəldikləri çətinlikləri – yağış və tufanı, duman və buludu, yırtıcı quşları, acgöz ovçuların gülləsini ustalıqla təsvir etmişdir.

Kuprin ovçuluğu çox sevərdi: tarlalarda gəzməkdən, meşə havasından nəfəs almaqdan, quşların mahnısına qulaq asmaqdan, çaylardan keçməkdən, açıq havada ocaq yanında gecələməkdən xoşu gələrdi.

Çox zaman ovdan evə əliboş qayıdanda Aleksandr İvanoviç sevinclə qışqırardı:

– Allaha şükür ki, bu dəfə də qan tökülmədi!

3.Setter – tula cinsidir.
₺33,55
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
27 ekim 2022
Hacim:
68 s. 15 illüstrasyon
ISBN:
978-9952-8245-5-1
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 3, 3 oylamaya göre