Mustafa Kamal Atatürk

Abonelik
0
Yorumlar
Parçayı oku
Okundu olarak işaretle
Satın Aldıktan Sonra Kitap Nasıl Okunur
  • Sadece Litres Olarak Okuma “Oku!”
Mustafa Kamal Atatürk
Yazı tipi:Aa'dan küçükDaha fazla Aa

Əgər bir gün mənim sözlərim elmlə ziddiyyət təşkil edərsə, siz elmi seçin.

Mustafa Kamal Atatürk

Mustafa Kamalın dünyaya gəlişi

Mustafa Kamal Atatürk 1912-ci ilədək Osmanlının tabeliyində olan, hazırda isə Yunanıstanın ikinci böyük şəhəri sayılan Salonikidə dünyaya gəlib. Aralıq dənizi sahilində yerləşən bu şəhər Makedoniya çarı Kassandr (M.ö. 355–297) tərəfindən salınıb. Makedoniyalı İsgəndərin ölümündən sonra taxt-taca yiyələnə bilmək üçün Kassandr məşhur hökmdarın bacısı Fessalonika ilə evlənmişdı. O, saldığı şəhərə də məhz onun adını vermişdi.

Mustafanın anadan olduğu il kimi 1881-ci il göstərilir. Böyük sərkərdə və siyasətçinin konkret olaraq hansı ayda və gündə doğulduğu isə indinin özündə belə mübahisə mövzusudur.

Maraqlıdır ki, Mustafa Kamalın sağlığında – 1935-ci ildə çap olunmuş «Türkiyə Respublikasının tarixi» adlı rəsmi nəşrdə də bu böyük sərkərdə və siyasətçinin sadəcə doğulduğu il göstərilib. Qəhrəmanımızın ən yaxşı bioqraflarından sayılan Sürəyya Aydəmirin versiyasına görə, Atatürk 1881-ci il yanvarın 14-də doğulub. Bəzi bioqraflar isə onun dünyaya gəldiyi il olaraq 1881-ci ili qəbul etsələr də, ay və gün məsələsində fərqli fikirdədirlər: 23 dekabr.

«Mən təvəllüd tariximi dəqiq bilmirəm, – Atatürkün özü isə belə deyirdi. – Bizim ailədə ad günləri qeyd olunmurdu. Əksər ailələrdə isə uşağın doğulduğu ayı, günü, ili xüsusi bir yerə qeyd edirdilər. Lakin mən doğum günümlə bağlı bu cür qeydə heç vaxt rast gəlməmişəm. Nə vaxtsa anamdan bu barədə soruşanda o belə cavab vermişdi: «Sən dünyaya gələndə üzüm yetişmişdi…» Buradan Atatürkün payızın ilk çağlarında doğulduğunu təxmin etmək mümkündür. Mustafanın yaşca özündən xeyli böyük olan bacısı Məqbulə xanımın isə bu barədə dedikləri daha qeyri-müəyyəndir. Onun sözlərinə görə, qəhrəmanımız dünyaya gələrkən güclü qar-boran var imiş. Məqbulə xanımın sözlərindən ancaq bunu anlamaq olar: Atatürk, böyük ehtimalla, qış aylarında doğulub. Bu da Mustafanın 1881-ci ilin yanvar, yaxud dekabrında anadan olduğu barədə versiyaları bir qədər möhkəmləndirir.

Bütün bu müəmmalar səbəbi ilə Atatürkün doğum günü simvolik olaraq 19 may kimi qəbul edilir. Səbəbi isə sadədir: məhz həmin gün (1919-cu il) Mustafa Kamal 9-cu ordu müfəttişi olaraq Samsuna gəlmiş, beləcə, qurtuluş hərəkatını başlatmışdı. Türkiyə Respublikasının qurulması yolunda bu ilk addımı qəhrəmanımız həm də özünün «doğum günü» elan etmişdi.

Mustafa necə Mustafa Kamal oldu

Mustafa atası Əlirza bəyi erkən yaşda, 1889-cu ildə itirib. Dövlət idarəsində kiçik məmur olaraq çalışan Əlirza bəy vərəmə yoluxaraq dünyasını dəyişmişdi. Beləliklə, gələcəyin böyük hərb və siyasət adamını anası Zübeydə xanım böyütmüşdü.

Mustafanın valideynləri 1871-ci ildə evləniblər. Bu evlilikdən dünyaya gələn uşaqların dördü müxtəlif xəstəliklərdən kiçik yaşlarında dünyasını dəyişib. Yalnız Mustafa ilə bacısı Məqbulə xanım həyatda qala biliblər. Yeri gəlmişkən, Məqbulə xanım Atatürkdən xeyli sonra – 1956-cı ildə dünyasını dəyişib. Qeyd edək ki, Mustafanın ailəsi maddi cəhətdən çox çətinlik çəkib.

İlk təhsilini məhəllə məktəbində alan, ardınca Əlirza bəyin istəyi ilə Şəmsi Əfəndi məktəbinə keçən Mustafa atasını itirdikdən sonra bir müddət Salonikidən kənarda, dayısının yanında qalıb. Lakin tezliklə yenidən doğulduğu şəhərə qayıdaraq təhsilini davam etdirib. Saloniki Mülki Rüştiyəsinə (orta məktəb) daxil olan qəhrəmanımız 1893-cü ildən etibarən şəhərin hərbi məktəbinə yollanıb. Bununla da o yalnız bir ölkənin deyil, bütövlükdə dünya tarixini dəyişdirəcək hərbçi kimi yetişməyə başlayıb.

Onu da qeyd edək ki, Mustafanın adının arxasına «Kamal» sözü də məhz həmin məktəbdə riyaziyyat müəllimi tərəfindən, həddən artıq ağıllı-kamallı olduğu üçün əlavə edilib.

Bir məqamı da mütləq qeyd etmək lazımdır: hələ atasının sağlığında anası Zübeydə oğlunu ənənəvi dini məktəbə yollamaq istəyirdi. Lakin Əlirza bəy Mustafanın Salonikidə yenicə açılmış dünyəvi məktəbdə oxumasını daha münasib sayıb. Bu da Mustafa Kamalın tərcümeyi-halındakı həlledici məqamlardan biridir. Çünki məlum deyil, atasının seçimi dünyəvi məktəb olmasa idi, biz yenə Atatürkdən danışa biləcəkdik, ya yox.

Bəs sonralar Mustafa Kamal niyə mülki məktəbi hərbi məktəbə dəyişmişdi? Bu sualın cavabını yaxşı olar ki, onun öz yazdıqlarından oxuyaq: «Qonşumuz Xətib bəy mayor rütbəli hərbçi idi. Oğlu Əhməd də hərbi məktəbdə oxuyur, elə həmin məktəbin formasında da gəzirdi. Bir gün mən də onun kimi geyinmək fikrinə düşdüm. Üstəlik, Saloniki küçələrində tez-tez rastlaşdığım zabit mundirli hərbçilər bu istəyimi daha da alovlandırdı. Anam hərbçi olmağımı istəmirdi, çünki gələcək taleyimdən narahat idi, bir gün məni hansısa savaşda itirəcəyindən qorxurdu. Bu səbəbdən hərbi məktəbə sənədlərimi anamdan xəbərsiz təqdim etmişdim. Elə imtahan verərkən də xəbəri olmamışdı. Məsələdən hali olduqda isə artıq iş-işdən keçmişdi…»

Mustafa Kamalın xatirələrindən daha bir maraqlı məqam:

«Hərbi məktəbə daxil olandan bir müddət sonra anamdan soruşdum:

– Unutmamısansa, mən doğularkən atamın sənə nə hədiyyə etdiyini söyləyə bilərsənmi?

Anam bir az duruxub cavab vermişdi:

– Qılınc.

– Bəs sən o qılıncı harada saxlayırdın?

– Sənin beşiyinin altında…

– Deməli, atam da hərbçi olmağımı istəyirmiş. Mən əsgər olmaq üçün doğulmuşam».

Əslində, Mustafa Kamalın sadəcə zabit mundirinə, əsgər geyiminə görə hərb sənətini seçdiyini söyləmək sadəlövhlük olardı. Əvvəla, Osmanlı zamanında hər bir gəncin ən böyük arzusu dövlət qulluğuna, o cümlədən, orduya daxil olmaq və burada uğur qazanmaq idi. İkincisi, sonralar, 1926-ci ildə Mustafa Kamal hərb sənətinə meyil salmasının səbəblərindən bəhs edərkən belə demişdi: «Böyüdükcə daha çox sərbəst olmaq, sərbəst qərarlar vermək istəyirdim… Ailədə isə səni daim nəzarət altında saxlayır, öz istəklərinə görə istiqamətləndirməyə çalışırlar. Zaman keçdikcə insan iki seçim arasında qalır: ya onların dediyi ilə oturub-durmaq, ya da heç kəsin öyüd-nəsihətinə qulaq asmamalısan. Zənnimcə, elə də pisdi, belə də…» Bu söylədiklərindən anlaşılan odur ki Mustafa Kamalın hərb sənətini seçməsində bir az da müstəqil qərar vermək, gələcəyi ilə bağlı sərbəst seçim etmək istəyi rol oynayıb.

Salonikidəki hərbi məktəbi bitirdikdən sonra qəhrəmanımız bu dəfə Manastır şəhərinə yollandı və oradakı kadet məktəbinə1 daxil oldu. O vaxt Osmanlı hakimiyyətinə tabe olan bu şəhər hazırda Şimali Makedoniyada yerləşir və Bitola adlanır. 1896–1899-cu illərdə həmin məktəbdə təhsil alan Mustafa Kamalın növbəti dayanacağı İstanbul oldu. O, buradakı hərbi akademiyada iki il (1899–1901) oxudu. Cavan oğlan xoşagəlməz xatirələri yaddaşından silmək istəyirdi.

Yeri gəlmişkən, Mustafa Kamal kadet məktəbində oxuduğu illərdə türk-yunan müharibəsi başlamışdı. Bu səbəbdən də o, təhsilini yarımçıq qoyaraq savaşa qatılmaq istəmişdi. Lakin icazə verilməmişdi.

Təhsil aldığı illərdə Mustafa Kamal bir qədər təkəbbürlü təsir bağışlayırdı. Yaşıdları arasından seçilməyə çalışır, ən adi məsələlərdə belə özünü hədsiz qürurlu aparırdı. Məsələn, o, kürək nahiyəsini əyməmək üçün «eşşəkbeli» oynamaqdan imtina edirdi.

Mustafa Kamal İstanbulda

Gənc Mustafa hərbi akademiyanı 459 məzun arasında ön sıralarda – səkkizinci yerdə (qiymətləndirməyə əsasən) bitirdi. Sinif yoldaşlarından biri Əli Fuad həmin dövrü belə xatırlayacaqdı: «Hərbi geyim ona həddən artıq yaraşırdı». Əzim adlı başqa bir kursant yoldaşı isə istər hərbi, istərsə də mülki paltarda olsun, Mustafa Kamalın həmişə öz səliqəli geyimi ilə başqalarını heyrətləndirməyə çalışdığını heç zaman unutmayacaqdı: «Hədsiz dərəcədə ədəbli bir gənc olan Mustafa heç vaxt əsəbiləşməz, geyim-keciminə xüsusi diqqət yetirər, fikirlərini olduqca səlis, gözəl ifadə edərdi. Aydın görünürdü ki, o özünü gələcəyin nümunəvi zabiti kimi hazırlayır».

Mustafa Kamalı Manastırdan – bu cansıxıcı şəhərdən İstanbula gətirən yalnız hərbi təhsilini daha da təkmilləşdirmək deyildi. Manastıra, məsələn, nadir hallarda teatr truppası gələrdi. İstanbulda isə teatr və əyləncə yerlərinin nə sayı var idi, nə də hesabı… Axşam düşdükdə Manastırda göz-gözü seçməzdi, ancaq Osmanlı paytaxtında küçələr işıqlandırılırdı. Qalata körpüsünün xəfif yellənişi, sahil yeməkxanalarından ətrafa yayılan qızardılmış balıq qoxusu, yüksək minarələrdən ucalan azan səsi – Mustafa Kamalın İstanbulda diqqətini ilk çəkən bunlar oldu.

Gənc Mustafanı Osmanlı paytaxtında sinif yoldaşı Əli Fuadın ailəsi qonaq etmişdi. Əli Fuadın atası general, babası isə marşal idi. Bu səbəbdən də Bosfordakı2 mülkündə yaşayan ailə İstanbulun həmin dövrdəki aristokrat zümrəsinə yaxın idi. Bir sözlə, Mustafa Kamal tamam fərqli mühitə düşmüşdü. Əli Fuadın sonralar yazdığına görə, «atası Mustafaya öz oğlu kimi yanaşırdı». Bu isə qəhrəmanımızın İstanbulda özünü çox rahat hiss etməsinə yol açmışdı. İstanbul Mustafa Kamalın mədəniyyətə vurğunluğunu birə-beş artırmışdı.

 

Bununla belə, qəhrəmanımızı təəccübləndirən, eyni zamanda narahat edən məqamlar da az deyildi: Osmanlı paytaxtında əcnəbilər at oynadırdı, şəhərin ovaxtkı 870 minlik əhalisinin 130 min nəfəri xaricilər idi. Üstəlik, onlar İstanbulda önəmli mövqelərə sahib idilər. Hətta Mustafa Kamalın bir müddət sonra yaşamağa başladığı ailə pansionatının sahibi belə fransız qadın idi. Bu mənzərə Osmanlı dövlətinin 1820-ci illərdən daha da sürətlənən zəifləməsinin, xarici güclərin təsiri altına düşməsinin əyani isbatı idi.

Hər ziyanda bir xeyir var. Mustafa Kamal İstanbulu bürüyən əcnəbilərdən çox şey öyrənirdi. O, məsələn, Gənc türklərin3 Parisdə nəşr edilən məqalələri ilə məhz qaldığı ailə pansionatının sahibi olan qadın vasitəsilə tanış olmağa başlamışdı. Bu məqalələr gələcəyin böyük dövlət adamının siyasi-ictimai dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdı. Mustafa Kamal xatırlayırdı: «Həmin məqalələr sayəsində mən və yoldaşlarım artıq dərk etməyə başlamışdıq ki, ölkədəki siyasi vəziyyət nə qədər ağır və ciddidir». Qəhrəmanımızın o dövrkü dostlarından Əzim bəy xatirələrində Mustafa Kamalın yuxarıdakı sözlərini daha da konkretləşdirir: «Gizlicə Namiq Kamalın4 əsərlərini oxumağa başlamışdıq. Onun yazdıqlarını öz aramızda müzakirə edir, Namiq Kamal sayəsində Sultan II Əbdülhəmidin5 Osmanlını uçuruma apardığının fərqinə varır, eyni zamanda azadlıq, parlamentarizm kimi anlayışları daha dərindən mənimsəyirdik. Görkəmli fransız inqilabçılarının da vaxtilə bu dəyərləri müdafiə etdiyini öyrənir, mövcud rejimin vətəni qorumaq iqtidarında olmadığına zərrəcə şübhə eləmirdik».

Həmin vaxt Namiq Kamal artıq həyatda olmasa da, onun kitabları, məqalələri əldən ələ keçməkdə davam edir, nəticədə onun yeni və layiqli davamçıları meydana çıxırdı. Həmçinin Avropa, xüsusilə də fransız müəlliflərindən təsirlənən bu gənc türk ziyalıları ölkədə dərin, köklü islahatların zəruriliyinə şübhə etmirdilər. Onlar özlərini türk millətçiliyinin müdafiəçisi sayır, eyni zamanda türklərin hər hansı baxımdan qeyri-xalqların, o cümlədən, ərəblərin təsirindən xilas etməyə çalışırdılar. Bu Gənc türklərdən biri də Mustafa Kamal idi…

Mustafa Kamalın inamı

Əvvəl də qeyd etdiyimiz kimi, Osmanlı imperiyasının dayaqları laxlamağa başlamışdı. 1299-cu ildə qurulan bu qüdrətli dövlət öz əzəmətini itirir, sahib olduğu ucsuz-bucaqsız torpaqlar tədricən əlindən çıxırdı. Gənc Mustafa bu cür davam edəcəyi təqdirdə nəhəng imperiyanın uzun yaşamayacağına inanmağa başlamışdı. Onun Osmanlı dövlətinin aqibəti ilə bağlı ilk narahatlığı 1897-ci ildə ortaya çıxdı: həmin il osmanlılarla yunanlar arasında baş verən və tarixə «Otuz günlük müharibə» kimi düşən savaşdan türklər qalib çıxmış, ancaq Sultan II Əbdülhəmid böyük dövlətlərin təzyiqi qarşısında tab gətirə bilməmişdi. Nəticədə osmanlılar Afinanı ələ keçirib yunan təhlükəsini xeyli dərəcədə zərərsizləşdirə biləcəyi halda, geri çəkilməli və qarşı tərəflə İstanbul sazişinə imza atmalı olmuşdu. Bu sazişə əsasən, hazırda Yunanıstanın ən böyük adası olan Krit adası Osmanlı dövlətinin tabeliyində qalsa da, onun xristian vali6 tərəfindən idarə edilməsi razılaşdırılmış, üstəlik, döyüşlər zamanı ələ keçirilən Fessaliya7 yunanlara qaytarılmışdı. Müqavilənin ən arzuedilməz nəticəsi o idi ki, Krit adası faktiki olaraq muxtariyyət əldə etmişdi. Elə bu səbəbdən də sonralar, 1913-cü ildə adanın yunanlar tərəfindən işğalı xeyli asanlaşdı.

Mustafa Kamal «Otuz günlük müharibə»nin atəşkəslə bitməsindən bərk məyus olmuşdu: «Müəllimlərimiz əminliklə bəyan edirdilər ki, biz bütün Yunanıstanı tuta bilərik. Lakin atəşkəs xəbərini eşidəndə kursantlar möhkəm sarsıldı. Hətta gənc zabitlərdən biri göz yaşını saxlaya bilməmiş, baş verənləri başımıza gələn böyük bir bəla kimi qiymətləndirmişdi. Ancaq buna baxmayaraq Manastırın küçələrində sevinc dolu yürüşlər təşkil olunur, «Yaşasın sultan!» şüarları səslənirdi. Həyatımda ilk dəfə idi ki, bu arzuya qatılmırdım…»

Osmanlının gələcəyinə şübhə ilə yanaşan yalnız Mustafa Kamal deyildi. «Gün gələcək, bizim hökumət tamamilə dağılacaq, – Əli Fuadın atası İsmayıl Fazilə qonaq olan bir general Mustafanın da iştirak etdiyi söhbət əsnasında demişdi. – Ancaq güman etmirəm ki, onun yerində Avropa modelinə uyğun hakimiyyət formalaşsın».

«Zati-aliləri, bu hökumətin yıxılacağına şübhə eləmirəm, – Mustafa Kamal nəzakətlə dillənmişdi, – Avropa ölkələrindəki idarəçiliyə bənzəyən hakimiyyət modeli isə mütləq yaranacaq. Lakin onun öz vaxtı var… Yeni nəsil arasında güvəniləsi adamlar az deyil».

«Mustafa Kamal əfəndi, oğlum, görürəm ki, İsmayıl Fazil sənə münasibətində qətiyyən yanılmayıb. İndi mən onunla razılaşıram: ağıllı və cəsarətli bir gəncsən» – qonaq bunu dedikdən sonra bir anlıq susmuş və əlavə eləmişdi: «Aydın görürəm ki, sən Osmanlı ordusunun hazırkı zabitlərinin çoxundan daha iti ağıla və parlaq qabiliyyətlərə maliksən. Şübhə eləmirəm ki, ölkənin gələcəyinə böyük fayda verəcəksən. Önəmli dövlət adamı olacağına inamım sonsuzdur. Allahdan arzum odur ki dediklərim gerçək olsun!»

***

İstanbuldakı hərbi akademiyanı yüksək göstəricilərlə bitirən Mustafa Kamal məhz bu səbəbdən dərhal baş qərargahda işə götürüldü. Kapitan rütbəsi alan gələcəyin böyük sərkərdəsi və siyasətçisi bununla da hərbi elitaya doğru ilk addımlarını atdı. O vaxtlar kapitan rütbəsi vəzifə pillələri ilə yüksəlmək üçün geniş imkanlar açırdı. Lakin Mustafa Kamal üçün proseslər gözlənilməz istiqamətdə inkişaf etdi: o, vaxtilə kursant yoldaşı olmuş bir neçə nəfərlə birgə həbs edildi.

Mustafa Kamal hələ hərbi təhsil aldığı dövrdə dostları ilə bərabər azadlıq ideyalarını yayan gizli qəzet çap etdikləri üçün həbs təhlükəsi ilə üzləşmiş, lakin oxuduğu məktəbin komendantı onu və yoldaşlarını təhlükədən xilas eləmişdi. Eyni təhlükə kapitan rütbəsi ilə vəzifəyə başladıqdan az sonra yenidən ortaya çıxdı: bu dəfə də Mustafa Kamal hökumət əleyhinə fikirlərinə görə Əli Fuad və digər iki keçmiş kursant yoldaşı ilə birgə hədəfə gəldi. On gün həbsdə saxlanıldıqdan sonra azad edilən qəhrəmanımız öncə Osmanlını tərk eləyərək Avropaya üz tutmaq fikrinə düşdü. Ancaq tezliklə həmin fikrindən daşındı. İstanbulda qalaraq müdafiə etdiyi ideyalar uğrunda mübarizə aparmağı üstün tutdu.

Lakin 1905-ci ildə Mustafa Kamal Dəməşqdəki 5-ci ordu sıralarına göndərildi.

İnqilabçı zabit

Bu həmin vaxt idi ki, Osmanlı torpaqlarını üsyanlar bürümüşdü. Belə ki, xüsusilə ərəblər bu nəhəng imperiyanın hakimiyyəti altında yaşamaq istəmir, tez-tez qiyamlar təşkil eləyirdilər. Həmin qiyamları yatırmaq üçün Anadoludan toplanan minlərlə gənci döyüşçü olaraq Suriyaya, Yəmənə və digər ərəb ölkələrinə göndərmək lazım gəlirdi.

Osmanlı dövlətinin sürətlə gücdən düşdüyünü Dəməşqdəki 5-ci ordunun vəziyyətindən aydın görmək olardı. Əsgərlərin çoxu nimdaş geyimli idi. Ərzaq təminatı da kifayət deyildi. Buna görə də Osmanlı döyüşçülərini qiyamların yatırılmasından çox, talançılıq düşündürürdü. İş o yerə çatdı ki, əsgərlər dini ayinlərdə iştirakdan boyun qaçırmağa başlamışdılar. Bununla onlar öz acınacaqlı durumlarından narazılıqlarını nümayiş etdirirdilər. Ordu rəhbərliyi narazılığın böyüyəcəyindən, qiyamı yatırmaq üçün gələn əsgərlərin özlərinin qiyam edəcəyindən ehtiyatlanaraq döyüşçüləri cəzalandırmadı.

Mustafa Kamal bütün bu baş verənləri ürək ağrısı ilə izləyir və başa düşürdü ki, Osmanlı dövlətinin süqutu düşündüyündən də yaxındır. Daxili narazılıqların və xarici müdaxilələrin imperiyanı qısa vaxtda çökdürəcəyini şübhə eləməyən gənc zabit nəticədə vətənin taleyinin təhlükə altına düşəcəyini anlayırdı. Elə buna görə də xilas yolları barədə fikirləşirdi.

Dəməşqdə olarkən xidmət elədiyi alayın polkovniki Mustafa Kamala bir nəfər sabiq hərbi həkimlə tanış olmağı məsləhət gördü. Həmin həkim İstanbulda olarkən hökumət əleyhinə «Vətən» adlı ictimai təşkilat yaratdığı üçün Suriyaya sürgün edilmiş, lakin burada da öz ideyalarından əl çəkməmişdi. Sabiq hərbi həkimlə tanışlıqdan sonra Mustafa Kamal anladı ki, qarşıya qoyulan məqsədlərə və hədəflərə çatmağın yolu təşkilatlanmaqdan keçir. Beləliklə, kiçik bir qrupla bərabər Vətən və Hürriyyət Cəmiyyətini yaratdı. Qəhrəmanımız başda Əli Fuad olmaqla bəzi dostları ilə birgə bu təşkilatı genişləndirmək, Yaffa, Qüds, Beyrut kimi şəhərlərdə onun şöbələrini qurmaq arzusunda idi. Hətta 1906-cı ildə rəsmi icazə olmadan Salonikiyə yollandı və doğulduğu şəhərdə də Vətən və Hürriyyət cəmiyyətinin yerli bürosunu açmaq istədi. Salonikidə artilleriya qoşununun baş müfəttişi general Şükrü paşa ilə görüşən Mustafa Kamal ona vəziyyətin təhlükəli hal aldığını, vətənin təhlükə altında olduğunu bildirdi, bu durumdan çıxmaq üçün yaratdığı cəmiyyətin işinə dəstək verməsini xahiş elədi. Lakin Şükrü paşa gənc zabitin söylədiklərini aqressiv qarşıladı və onun cəzalandırılması üçün hərəkətə keçdi. Mustafa Kamalı xidmət yerini qanunsuz tərk etdiyi üçün ağır cəza gözləyirdi. İntəhası məsələdən hali olan bəzi dostlarının tez-tələsik düzəltdiyi «xəstəliyə görə» dörd aylıq məzuniyyət kağızı onu cəzadan xilas etdi.

Mustafa Kamal 1907-ci ilin oktyabrında yenidən Salonikiyə gəldi. Bu dəfə o, 3-cü ordunun baş qərargahında xidmət eləmək üçün doğma şəhərinə göndərilmişdi. Həmin vaxt Osmanlı ordusu daxilində narazılıqlar daha da böyümüşdü. Yəməndə, Makedoniyada və digər torpaqlardakı qoşunların zabit və əsgərləri əmək haqlarının gecikdirilməsinə açıq şəkildə etiraz edirdilər. Hərbi elitada da sultan rejimindən giley-güzarlar aydın eşidilirdi. Ümumi qənaət ondan ibarət idi ki, II Əbdülhəmid Osmanlını böyük sürətlə fəlakətə sürükləyir.

Mustafa Kamalın məhz belə bir vaxtda Salonikiyə təyinat alması onun üçün göydəndüşmə oldu. Əhalisinin əksəriyyəti ticarətlə məşğul olan doğma şəhərdə Avropadan gələn inqilabi ideyalara rəğbət xeyli böyük idi. Bu da qəhrəmanımıza öz fikir və ideyalarını daha rahat şəkildə yaymaq, ifadə eləmək imkanı verirdi.

1907-ci il oktyabrın sonlarında Mustafa Kamal və yaratdığı cəmiyyət «İttihad və Tərəqqi»8 partiyasına qoşulmaq qərarı verdi. Qəhrəmanımız əsasını Gənc türklərin təşkil elədiyi həmin təşkilatın başlıca hədəfi olan konstitusiyalı monarxiyanın9 qurulması uğrunda mübarizə aparacağına and içdi.

 

31 mart hadisəsi

Aradan səkkiz ay keçdi. 1908-ci ilin iyulunda «İttihad və Tərəqqi» hakimiyyətə gəldi və bununla da öz məqsədinə çatdı: ölkə konstitusiyalı monarxiya elan edildi! Prosesin uğurla başa çatması bu partiyanın mövcud rejimə qarşı İstanbul əhalisinin və şəhər qarnizonunun açıq dəstək verməsi sayəsində mümkün oldu. Belə ki, xalqın və ordunun üsyançıların tərəfinə keçdiyini görən Sultan II Əbdülhəmid 1908-ci il iyulun 24-də onların tələbini qəbul etdi.

Lakin Mustafa Kamalın da məmnuniyyətlə qarşıladığı bu inqilab ümidləri doğrultmadı. Belə ki, Gənc türklər verdikləri vədlərin çoxunu həyata keçirə bilmədi. Aqrar islahatların aparılacağı, fəhlələrin və ordunun vəziyyətinin yaxşılaşdırılacağı, milli azlıqlara muxtariyyət veriləcəyi, xarici kapitalın məhdudlaşdırılacağı kimi vədlər elə söz olaraq qaldı. Bu da inqilaba dəstəyi zəiflətdi.

Elə Mustafa Kamal da yaranmış vəziyyətdən müəyyən qədər narazı idi. Gənc türklər sultan hakimiyyətindən daha sərt siyasət yürüdürdü, önəmli vəzifələrə təyinatlar həyata keçirilərkən bilik və bacarıqlar deyil, başqa keyfiyyətlər nəzərə alınırdı.

1909-cu ilin aprelində inqilab hökumətindən artan narazılıqları görən II Əbdülhəmid bu fürsəti dəyərləndirmək qərarına gəldi. Bir il öncə ona qarşı çıxan bəzi ordu birləşmələri də indi onun yanında idi. Nəticədə tarixə «31 mart hadisəsi» kimi düşən qanlı olaylar yaşandı. Belə ki, 1909-cu ilin 13 aprelində (Rumi təqvimlə 31 mart 1325-ci il) İstanbulda mövcud hakimiyyətə qarşı üsyan başladı. On üç gün davam edən üsyanın ilk günü hökumət istefa verdi, bununla da qiyamçı əsgərlər İstanbulda əsas söz sahibinə çevrildilər. Bir millət vəkili, bir nazir və saysız-hesabsız zabitin, əsgərin öldürüldüyü üsyan Salonikidəki 3-cü və Ədirnədəki 2-ci ordunun birgə qurduğu «Hərəkat Ordusu»nun İstanbula gəlməsindən sonra yatızdırıldı. «Hərəkat ordusu» ilə qarşı tərəf arasında üç gün davam edən döyüşlərdən sonra üsyançılar məğlub edildi, öncə fövqəladə vəziyyət elan olundu, ardınca isə II Əbdülhəmid taxtdan endirildi və sürgünə göndərildi, yerinə isə qardaşı V Mehmed Rəşad taxta çıxdı. Üsyana qoşulanlardan 70 nəfər edam edildi, 420 nəfər isə həbs olundu.

Bu prosesdə mühüm rolu olanlardan biri də məhz Mustafa Kamal idi. Belə ki, o, «Hərəkat ordusu»nun baş qərargah rəisi vəzifəsini yerinə yetirirdi. Bununla belə, ordu İstanbula daxil olduqdan sonra vəziyyət dəyişdi: komandanlıq Hüseyn Hüsnü paşadan Mahmud Şevket paşaya, baş qərargah rəisliyi isə həmin vaxt 28 yaşı olan Mustafa Kamaldan minbaşı Ənvər bəyə keçdi. Bu qərarın verilməsində ən mühüm səbəblərdən biri kimi Mustafa Kamalla «İttihad və Tərəqqi»çilər arasındakı fikir ayrılıqları göstərilir. Həmin fikir ayrılıqları zaman keçdikcə daha aydın şəkildə özünü biruzə verəcəkdi. Belə ki, «İttihad və Tərəqqi» partiyasının elə 1909-cu ildə baş tutan qurultayında ordunun siyasətdən ayrılması və dövlət işlərinə müdaxilə etməməsi ilə bağlı mülahizələr irəli sürdü. Bu mülahizələr narazılıqla qarşılandı. Nəticədə Mustafa Kamal iki il öncə qoşulduğu təşkilatdan ayrılmaq qərarına gəldi. Ardınca 3-cü ordunun Təlimgah10 Komandanlığına təyinat alan qəhrəmanımız uzun müddət – 1914-cü ilədək Osmanlıda cərəyan edən siyasi və ictimai prosesləri sadəcə müşahidə etməklə kifayətləndi. Bu müddətdə alman generalı Litzmanın «Müharibə təlimi» əsərini türkcəyə çevirdi, eyni zamanda ordunun təlim-məşq toplanışlarından biri haqda müşahidələrini qələmə alaraq kitab şəklində dərc etdirdi. Ardınca isə Fransa ordusunun tarixə «Pikardiya təlimləri»11 kimi düşən toplanışını izləmək üçün dəvət olunan nümayəndə heyətinin tərkibində yer aldı.

1911-ci ildə Mustafa Kamalla «İttihad və Tərəqqi»çilərin münasibəti daha da kəskinləşdi. Belə ki, həmin il italiyalılar Osmanlı imperiyasının Şimali Afrikadakı son torpaqlarını – Tripolitaniyanı12 ələ keçirmək üçün müharibəyə başladılar. Həmin vaxt Osmanlı ordusunun İstanbul baş qərargahına təyinat alan Mustafa Kamal müdafiəni təşkil eləmək üçün bəzi gənc zabitlər kimi bölgəyə yollanmaq barədə qərar verdi. Bunun üçün isə «İttihad və Tərəqqi» partiyasının Mərkəzi Komitəsindən pul istədi. Lakin rədd cavabı aldı. Bundan əvvəl isə təşkilat daxilindəki bəzi dairələr ona hədə-qorxu gəlməyə başlamış, hətta qəhrəmanımızı aradan götürməyə girişmişdilər. Görünür, Mustafa Kamalın varlığı kimlərisə bərk narahat eləyirdi. Ona görə də partiyanın «fədai» adlanan və xüsusi hazırlıq keçmiş qrupu Mustafa Kamalı bir neçə həftə boyunca izlədikdən sonra ona sui-qəsd təşkil etdi. Gələcəyin böyük dövlət adamı sonralar xatirələrində fədailərin güllə atəşinə məruz qaldığını yazacaqdı. Bu yerdə əminliklə demək olar ki, Mustafa Kamalın bəxti gətirib, çünki fədailərin gülləsi nadir hallarda hədəfə dəymirdi…

1Kadet məktəbi – orta təhsil verən, eyni zamanda gəncləri hərbi karyeraya hazırlamaq məqsədi güdən qapalı tipli ibtidai hərbi məktəb
2Bosfor (və ya İstanbul Boğazı) – Qara dəniz ilə Mərmərə dənizini bir-biriləri ilə əlaqələndirən su keçidi və onun ətrafındakı ərazi
3Gənc türklər (və ya jön türklər) – Osmanlı imperiyasının son dönəmlərində ortaya çıxan və Sultan II Əbdülhəmid (1842 – 1918) hakimiyyətinə müxalif olan gənc ziyalılara verilmiş ad
4Namiq Kamal (1840, Təkirdağ – 1888) – Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. Osmanlı dönəmindəki ilk konstitusiya layihəsinin (1876) hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. Hökumət əleyhinə çıxışları səbəbindən həbs olunub və 38 ay Kiprdəki Maqoz qalasında saxlanılıb.
5Sultan II Əbdülhəmid (1842 –1918) –34-cü Osmanlı sultanı. 1876 – 1909-cu illərdə hakimiyyətdə olmuşdur.
6Vali – Şərqin bəzi ölkələrində (Türkiyə və s.) şəhər, vilayət rəisi, qubernator
7Fessaliya – Yunanıstanın şimal-şərqində Egey dənizi sahillərində tarixi bölgə. 1394-cü ildə Osmanlı dövlətinin tərkibinə daxil edilmiş, 1881-ci ildə Yunanıstanın tərkibinə keçmişdir.
8«İttihad və Tərəqqi» partiyası – 1889-cu ildə Türkiyədə qurulmuş, 1908-1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş siyasi cəmiyyət
9Konstitusiyalı monarxiya – monarxın (imperator, şah, sultan, çar, kral və s.) hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırıldığı idaretmə forması. Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur.
10Təlimgah – silahlı qüvvələr üçün müxtəlif kadrların hazırlığı ilə məşğul olan xüsusi hərbi qurum
11Pikardiya təlimləri – Fransanın şimalında yerləşən eyniadlı tarixi vilayətdə 1910-cu il sentyabrın 12-dən 18-dək keçirilən hərbi manevr. Təlimlər Fransanın məşhur hərbi xadimi, marşal Ferdinand Foşun (1851 –1929) rəhbərliyi altında baş tutmuşdu. Birinci Dünya müharibəsi (1914 – 1918) zamanı ingilis və fransız ordularına da komandanlıq etmiş Foş təlimlərdən sonra Mustafa Kamalın manevrlə bağlı fikirlərindən çox təsirlənmiş, rütbəsi polkovnikdən aşağı olmasına baxmayaraq protokol qaydalarına zidd gedərək onu rəsmi ziyafətə dəvət eləmişdi.
12Tripolitaniya – müasir Liviyanı meydana gətirən üç qədim bölgədən biri. Hazırda Liviyanın paytaxtı Tripoli şəhərini və ətrafını əhatə edir.