Kitabı oku: «Povestlər», sayfa 2
Anbardar Məlikin məktubu da elə o günlərdə gəldi. Məlikin arvadı Səltənət bir gün Gülruxun qabağını kəsib:
–Ay Gülrux, başına dönüm, kişidən kağız gəlib, onu mənə oxu, sən allah, – dedi.
Gülrux da oxudu. Kaş heç oxumayaydı. O kağız onun qanadlarını qırdı, ümidlə, intizarla çırpınan ürəyinə inamsızlıq toxumu səpdi. Bu, Məlikin məktubundakı bircə cümlənin təsiri ilə yarandı. O yazmışdı: «Burada o qədər adam qırıldı ki, Qara dəniz dönüb qırmızı dəniz oldu, Səlti.
Həmin gecə Gülrux çox pis yatdı. Yuxuda qan gördü. Səhər qayınanasına dedi: «Qan görmüşəm yuxuda!» Gülzar arvad qüssəli-qüssəli yozdu: «Qan qovuşuqdu, bala». Yox, onun qəlbində yaranan ümidsizlik azalmadı. «Bəs niyə məktub gəlmir?! Sağ olsaydı, İslam kağız yazardı». Onun dərya ümidi damcı-damcı axıb harasa getdi. Getdi və ancaq bu zaman o Gülrux, özünü kimsəsiz və bədbəxt hesab elədi. Elə həmin günlərdə də İldırım Gülruxu tora sala bildi. İldırım, qüdrətlilərin kənd sovet sədri, caydaq bir adamdı. O qədər arıqdı ki, deyərdin bəs bu heç nə yeyib-içmir. Burnunu tutsan canı çıxar. Arıq, ətsiz sifətində, seyrək qaşları altda parlayan çuxura düşmüş gözləri, ağzının üstünə qədər uzanan iri burnu və yastı çənəsinin altında udqunan zaman tez-tez aşağı-yuxarı qalxıb-enən yumru hülqumu onu çox qəribə, göstərirdi. Baxanda özünü gülməkdən güclə saxlayırdın.
Amma caydaqlığına baxmayaraq həddən artıq cəld və çevikdi. Onu əsgər aparmamışdılar. Deyirdilər «xarab çıxıb». Bu o demək idi ki, yəni İldırım xəstədi.
Qüdrətlidə axar-baxarlı bir yerdə qəşəng imarət ucaltmışdı. Ailəsi dörd nəfərdən ibarətdi: arvadı Bikə, iki oğlu və özü. Bikə çox qara olduğuna görə kənd arasında ona Ərəb Bikə deyirdilər. Düzdü, yaxşı geyinərdi, boyun-boğazı, qulağı, ağzında dişləri bərq vururdu, ancaq bununla belə kişinin qızı qaraydı da.
İldırım Gülruxu çoxdan gözaltı eləmişdi. Onunla kəlmə kəsmək, atəşin gözlərinə baxmaq, ipək tellərini oxşamaq, – İldırımın indi yeganə arzusu bu idi. «Gülruxu ələ alsam, vijdan haqqı, elə bil faşist Almaniyasını qabağımda diz çökdürmüşəm» deyə düşünür, gecə-gündüz yollar, tədbirlər arayıb axtarırdı. Gülruxun, bu sadəlövh, bütün insanları İslam kimi təmiz qəlbli hesab eləyən bu qadının eşqinə düşəndən bəri o öz arvadı ilə yola getmir, hiss eləmədən yavaş-yavaş evdən soyuyurdu. Təkcə körpə uşaqlarını görəndə ata olduğunu, ailə başçısı olduğunu xatırlayırdı.
İldırım tez-tez atlanır, briqadalara çıxırdı; Gülruxu görmək üçün… Tez-tez kolxozçuları yığıb iclas eləyirdi, Gülruxa baxmaq üçün… Axşamlar camaat çöldən, kolxoz işindən qayıdıb gəldikdən sonra qapıları bir-bir döyüb evləri gəzirdi, Gülruxgilə gəlmək üçün…
O, çox usta tərpənirdi, məqsədini heç kəs, hətta uzun müddət Gülruxun özü də bilmədi. Səbəbi bu idi ki, o, bir xeyirxahlıq pərdəsinə bürünmüşdü, imkanı olduğu qədər hamıya yaxşılıq eləyirdi. Kənddə ondan narazı olan çox az adam tapardın.
…Bir dəfə o, payızın dodaq çatladan şaxtasında; çöldə pambıq yığan Gülruxa yanaşdı. Yığdığı çəngə pambığı gülə-gülə gəlinin önlüyünə qoyanda onun ətli buduna toxundu, ürəyi nanə yarpağı kimi titrədi. Bundan əvəzsiz nəşə alan İldırım ovcunu yenə doldurub əsə-əsə Gülruxa yaxın gəldi. Gəlin əlini açdısa da o, əvvəlki kimi pambığı önlüyə təpdi, əlinin arxasını yenə onun buduna toxundurdu… Özünə elə görkəm verdi ki, bu, guya təsadüfən oldu…
Sonra o, Gülruxun çaqqanaqların didib dağıtdığı barmaqlarına, çör-çöpün cırıb qanatdığı dolu ayaqlarına baxıb dedi:
– Sənə çöldə işləmək yaraşmır heç, vijdan haqqı. Neyniyəsən. Zəmanənin boynu sınsın… Gülrux əllərini önlükdə qurdalaya-qurdalaya:
– Camaat necə, mən də elə, ay İldırım qağa… – dedi.
– Yox, vijdan haqqı, sənə yaraşmır… Mən səni belə görəndə gecələr yuxum ərşə çəkilir. İlan vuran yatır mən yox… Neyniyim. Ürəyimnən bacarmıram. Dünyada ürəyiyumşaq olmaqdan da pis şey yoxdu, vijdan haqqı.
– Ömrün uzun olsun…
– Axırı o gün fikirləşmişəm, demişəm, balam, bizim idarəyə onsuz da bir adam lazımdır, yox? Vijdan haqqı, düz sözümdü, çöldə bu əziyyətlə işləməkdənsə, yenə sil-süpür eləmək asandır, bala. Arvad işidi. Elə gəlib gündə bircə saat gözə görünərsən, qalanıynan işin yoxdu.
– Ömrün uzun olsun, qağa.
Həmin gecə Gülrux çox gec yatdı. Gözünə yuxu getmirdi. İldırımın gündüzkü hərəkəti heç yadından çıxmırdı. Hərdən Gülruxa elə gəlirdi ki, İldırım: ölü əlinə bənzər qansız, damarları görünən əlini onun bədənində gəzdirir. «Deyəsən kişinin başqa niyyəti var, axı? Yaman canyananlıq eləyir! – Sonra bu fikrindən utandı. – Gör mən nələr düşünürəm? O mənə yaxşılıq eləmək istəyir, mən isə…», ürəyinə dammış bu şübhəni özündən uzaqlaşdırmaq istədi. O axşam bacarmadı. Ancaq sonra baş vermiş bir hadisə bu fikri onun beynindən çıxartdı. Əhvalat belə oldu:
…Günlərin birində kənd soveti sədrinin köməkçisi Murtuz hay-haray sala-sala Gülruxgilə gəldi. Kağız gətirmişdi. Vergi kağızı… Gülruxgil həyətyanı sahə üçün vergi verməli idi. Gülruxun gözləri böyüdü. Axı onlar indiyəcən bu qədər vergi verməmişdilər?! Bəlkə səhv düşüb?
Gülrux kağızı götürüb İldırımın yanına getdi. Gurhagur yanan peçin qırağında dayanıb pəncərədən çölə baxan İldırım onu gülərüzlə qarşıladı:
– Hə, buyur, buyur.
Gülrux kağızı irəli uzatdı.
– İldırım qağa, bizim bu kağız deyəsən səhv düşüb, axı…
– Əvvəl bir otur. De görüm necəsiz? Necə dolanırsız?
– Yaxşıyıq, İldırım qağa, ancaq bu kağız… İldırım kağızı alıb baxdı.
– Hə, bunu deyirsən? Yox vijdan haqqı, səhv-zad düşüb eləməyib,– o gülümsündü, sağ əlini yavaş-yavaş ağarmağa başlayan qalın saçlarına çəkdi, – necə yazılıb, elə heylədi. Sən ki uşaq döyülsən. Bilirsən ki, ağır zamandı, müharibədi. Adamlarımız düşmənlə ölüm-dirim davasına giriblər. Onlar üçün çörək lazımdı? Lazımdı… Bizim borcumuzdu, gərək… Bir də… hökumətin zakonudu da! Özün bilirsən ki, qanunu dəyişmək ixtiyarımız yoxdu bizim. Vijdan haqqı, olsaydı bu saat dəyişərdim. Yüz elə qanun qurban olsun…
– Çox sağ ol, İldırım qağa. Balaların sağ olsun. Siz bizi elə şirin dilnən dindirirsiz, adam…
– Borcumuzdu bizim, vijdan haqqı, mən o rəhbər işçilərdən döyüləm ki, camaatı hesaba almayım. Mənimki camaatdı, eldi, obadı.
Gülrux onun sözlərini eşitmirdi. Onu bu dəqiqə bir şey düşündürürdü. O, pulu hardan tapmalı. O da bilir, müharibə vaxtıdır, ancaq hardan?
– İldırım qağa, vallah, biz bu qədər verginin öhdəsindən gələ bilmərik. Gördüz də ki, bu il bağda-bağatda bir şey olmadı. Gül vaxtı hamısını dolu vurdu.
Söhbət bura çatanda İldırım əl atıb şalvarının dal cibindən bir dəstə qırmızı otuzluq çıxartdı və Gülruxun qənşərinə qoydu.
– Götür, bala, borcunu ver.
– Yox, yox.
–Yox nədi, qız? Götür, vijdan haqqı, inciyərəm səndən; götür, götür, vergini verərsən, qalanını da uşaq üçün xəm-xırd alarsan.
Gülrux inad elədi. İldırım dedi:
– Mən borc verirəm, bunu sənə. Nə vaxt pulun olar, verərsən. Hökumət vergisini gecikdirmək olmaz, amma mən özününküyəm. Nə vaxt olsa verərsən.
Gülrux əli əsə-əsə pulları götürdü, razılıq eləyə-eləyə vergiyığan Məmmədxanın oturduğu otağa keçdi. Pulu onun qabağına saydı.
İldırım çətin, ağır illərdə, doğrudan da, onlara çox əl tutdu. Al dili ilə özünə inam yaratdı. Gülrux ona inandı. Qırx beşinci ilin yanvarında Gülrux, nəhayət, kənd camaatının dediyi kimi «irəli çəkildi». Kənd soveti idarəsinin xidmətçisi oldu.
Gülzar arvad gəlininin bu qərarını eşidəndə narazılığını bildirdi:
– Ay Gülrux, – dedi, – adam gərək özünə bab işin qulpundan yapışsın, bala.
– Nə demək istəyirsən yanı?
– Yanı demək istəyirəm ki, sənin o idarədə-zadda sil-süpür eləməyin mənim heç xoşuma gəlmir. Məni görürsən? Qoca arvadam, amma o işə getmərəm. Axı sən cavansan, indi dava-şava vaxtıdı. Gərək sən qeyrətinə-arına sığışdırmayasan bunu, yox, gərək sığışdırmayasan. Mən yaşda arvad lapatka işi görürəm. Amma sən…
– Mənciyəz də çox görmüşəm. Sür-sümüyüm indi də sız-sız sızıldayır.
Qarı çox dedi, gəlin az eşitdi, arvad dişi bağırsağını kəsə-kəsə susub durdu. Neynəyə bilərdi?
Gülruxun işi yüngüldü. Hər gün obaşdan gedib idarəni açar, gecə saat birə-ikiyədək yanıb qaralmış lampanın şüşəsini silər, papiros kötükləri ilə dolmuş külqabını boşaldar, döşəməni süpürüb, vedrəni, qrafini təmiz su ilə doldurardı. Camaat işə gedəndə o evə qayıdar, mal-qaranın altını təmizlər, evi sahmana salar, Aydının yemək-içməyini verib məktəbə yollardı.
İldırım xeyli vaxt özünü tox tutdu. O, məqsədinə çatmaq üçün Gülruxa o qədər hörmət və yaxşılıq eləmişdi ki, bunun üstündən indi ona kənar heç bir şey deyə bilmir, daha doğrusu, utanır, içindən qırıla-qırıla qalırdı.
Arxayındı. Tələsmək lazım deyildi: ov artıq əlində idi. İldırım hərdən Gülruxun səliqəsini, təmizkarlığını tərifləyir, deyirdi:
–Sən bu idarəyə gələndən dər-divar adamın üzünə gülür, vijdan haqqı. Adam səhərəcən idarədə işləmək istəyir. Baxırsan, təmizlik adamı heyran eləyir.
Gülrux işıqlı, minnətdarlıqla baxan gözlərini təbəssümlə qıyaraq, onun qəribə bir parıltı ilə alışıb-yanan gözlərinə baxır, kirpiklərini endirib həyəcandan uçuna-uçuna bayıra çıxır, İldırım isə gəlinin ayaqlarını, kürəyini həris nəzərlərlə süzür, hələlik köks ötürüb susur, dadlı düşüncələrə dalırdı. Nəhayət, Gülrux bir qadın sövq-təbiisi ilə İldırımın baxışlarından, onunla titrəyə-titrəyə danışmasından başa düşdü ki, yanılıb. Bütün bu hörmətlərin, köməkliklərin nə üçün edildiyini indi anladı. İldırım onun gözlərində nə qədər də alçaldı «Vijdan haqqı, vijdan haqqı. Hər kəlməbaşı vijdan haqqı. Ay sənin vijdanın yerə girsin» – deyə o, İldırımın qarasınca deyindi. Dərdini kimsəyə deyə bilmirdi. Hiss eləyirdi ki, dərin bir uçurumun qırağındadır. Zəif bir yel, kiçik bir təkan onu bu uçuruma ata bilər və… O geri qayıtmaq, ayağı yer tutduqca qaçmaq istəyirdi. Ancaq elə bil əfsunlanmışdı, tərpənməyə özündə güc, cəsarət tapa bilmirdi. «Yox, buradan getməliyəm. Getməliyəm. Boyun-boğazıma, ayağıma, baldırıma baxır. Sabah aparıb açarını da atacağam üstünə, qoy cəhənnəm olsun», – deyə ürəyində qəti qərara gəldi.
Obaşdandı. «Bu gün axırıncı gündür. Deyəcəyəm, işləmirəm. Deyəcəyəm, sağ ol, hörmətin artıq olsun». Bu düşüncələrlə o, vedrəni çaydan doldurdu. İdarəyə gəldi. Cunasının ucuna bağladığı açarla qapını açdı, içəri girdi. Otaq alaqaranlıqdı. Nədənsə pəncərə açıq idi. «Yəqin yaddan çıxıb».
O, qrafinə əl atanda arxada hənirti duydu, səksəkəli halda geri çevrilmək istəyəndə kimsə onu qucaqladı. Gülrux ağzını açıb qışqırmağa macal tapmamış: – Qorxma, Gülrux, mənəm, – deyən kişi səsini tanıdı. İldırım… Gülruxun bədəni yarpaq kimi əsdi. O, İdırımın qolları arasında sudan çıxarılmış balıq kimi çırpındı, çabaladı. Ancaq xilas ola bilmədi.
Bədəni gizildədi. Bu gizilti ötüb-keçməmiş İldırım gəlinin boynunu-boğazını isti öpüşlərə qərq elədi və o, Gülrux bu gözlənilməz hücumdan çaşqın halda müvazinətini itirib bayıldı.
…Həmin hadisə bu gündən – müharibə qurtaran gündən düz bir ay əvvəl olmuşdu, düz bir ay əvvəl…
A Y D I N – Qəribə idi. Nənəm elə bilirdi ki, bu gün dava qurtardı, elə bu gün axşama da atam hayanda olsa, gəlib çıxacaq. Elə bil toya getmişdi, iclasa getmişdi. Qurtaran kimi gələcəkdi. Elə bil, müharibəyə, odun-alovun içinə getməmişdi, döşünü qızıl güllə qabağına verməyə getməmişdi.
Gülzar nənəm bunların heç birini düşünmür, bir uşaq sadəlövhlüyü ilə oğlunun axşama gəlib çıxacağına inanırdı. Bu da gülməli idi ki, mən özüm də bunun belə olacağına, bəzən şübhə eləsəm də, inanırdım.
Otağın yuxarı başında divara vurulmuş zərli çərçivədən qarabuğdayı, çatmaqaşlı, gülərüzlü, saçları yana daranmış bir kişi baxırdı. Bu, atam idi, doyunca görmədiyim, ürək dolusu sevə bilmədiyim, ancaq xatirimdə qalmış nişanələri ilə xəyalımda böyüdüb yaşatdığım, həsrətini çəkdiyim atam…
Gülzar nənəm öz-özünə danışa-danışa gəlib şəklin qənşərində dayandı, xeyli baxdı. Sonra ucadan:
–Ay bala, başına dönüm, ay bala, gəl çıx, gözümüz bu yollardan yığışsın, – dedi.
***
Mən kolxoz həyətinə gələndə neçə il bundan qabaq bünövrəsi qoyulmuş, müharibə başlandığına görə yarımçıq qalmış klub binasının qabağında, açıq havada kənd camaatının toplaşdığını gördüm. Məmə yeyəndən pəpə deyənəcən hamı buradaydı. Adamların əlində bel, külüng, dırmıq, yaba vardı. Kim nəylə işləmişdi, elə əlindəcə gətirmişdi… Onlar bu vəziyyətdə silahlarından ayrılmaq istəməyən əsgərə bənzəyirdilər. Əslində onlar da əsgər idilər, arxa cəbhənin əsgərləri. Boyum balaca olduğundan, barmaqlarımın ucuna qalxıb ha boylandımsa, bir şey seçə bilmədim, yandan irəli keçdim.
Qırmızı mizin arxasında kəndin hörmətli adamları oturmuşdular.
Camaata baxdım, bütün üzlər gülürdü. Sevinc insanları necə də xoşbəxt edərmiş! Xoşbəxtlik nə yaxşı şey imiş! Əli müəllim mizin böyründə, çəliyinə söykənərək ağırlığını salamat qıçının üstə salıb, özünə xas təmkinlə danışırdı. (Ondan qabaq kim danışmışdı, bilmədim.)
Müharibə qurtardı! Bizim doğma Sovet dövlətimiz, namuslu, qüdrətli xalqımız qalib gəldi. Çünki bu bizim üçün haqq-ədalət müharibəsi idi. Bu müharibədə böyük vətənimizin bütün xalqları əl-ələ tutub, çiyin-çiyinə verib, tək ölkəmizi deyil, bütün yer üzünü faşizm taunundan xilas elədi. Belə ordu, belə xalq pərəstişə layiqdir.
Əziz həmkəndlilərim, müharibə iştirakçısı kimi, sizi, bu sınaq illərində xeyli əzab-əziyyət çəkmiş Qüdrətli camaatını ürəkdən təbrik edirəm.
İndi biz ürəklərimizə, bədənlərimizə vurulmuş yaraları sağalda bilməsək də, vətənimizə dəymiş yaraları sağaltmalıyıq. Yarımçıq qalmış klubumuzu tikməliyik, yarımçıq hörgülərimizi dikəltməliyik..
Hamımız əl çaldıq. Sonra Nərgizə söz verildi. Mənim sinif, parta yoldaşıma… O, qəti addımlarla irəli yeridi, Əli müəllim danışan yerə gəldi. Danışmadı, şeir oxudu. Təsirli bir şeir idi.
Nazik dodaqları tərpənir, düyünlənmiş yumruğu havada titrəyirdi. O oxuyurdu. Mən isə onun haqqında düşünürdüm: «Bizim kimi o da sevinir, biz yol gözləyirik, o qara kağız isə Nərgizin gözlərini yollardan həmişəlik yığdı».
Yığıncaq xeyli çəkdi, axırda konsert də oldu… Beş il bundan qabaq gedə bilmədiyim konsert yadıma düşdü. Atamı xatırladım. Səsi qulağıma gəldi: «Konsert daha olmayacaq, bala…»
Anam axşam saat on birdə gəldi. Qapının astanasında görünəndə nənəm də, mən də heyrətdən donub qaldıq. Gözləri hədəqəsindən çıxmışdı, qızarmışdı, saçları üzünə tökülmüşdü. Rəngi kağız kimi ağarmışdı. İçəri keçib pəncərənin tuşunda dayandı… salamsız-kəlamsız… Ev-eşiyə baxdı; mən onu heç vaxt belə görməmişdim. Qorxdum, tez durub nənəmə sığındım. «Allah, özün saxla!» – deyə nənəm astaca pıçıldadı və çəkinə-çəkinə:
– Ağız, sənə nə olub? – deyə soruşdu.
Anam dinmədi.
M Ə N – Gülrux müharibənin qurtarması xəbərini eşidəndə İldırımın yanında idi. Bir neçə an heç nə dərk etmirmiş kimi hərəkətsiz dayandı. Gözləri yol çəkdi, düşündü. Birdən sarsılmış halda:
– Aman allah, dava qurtardı, dava qurtardı, – dedi.
Bu sözləri elə dedi, sanki özünün də, milyonlarla insanın da həsrətlə gözlədiyi müharibə qurtarmamışdı, təzədən böyük bir fəlakət baş vermişdi. – Ədə, niyə dillənmirsən, niyə ağzına su alıbsan? Ədə, qurtarıb, ey… Kaş… ox, ay allah…
İldırım bir «Vostoçnı» yandırıb damağına qoydu.
– Gülrux…
– Ox, alçaq, əclaf… – Şillə beşaçılan gülləsi kimi səsləndi, – vicdansız…
– Gülrux....
Bir şillə də.
– Gül…
Biri də… Sonra o, hönkürtü vurub ağladı.
– Ay allah, öldür məni, öldür məni… Ox, İslam… İldırım təəccüblə:
– Ə, bu arvadın başına hava gəldi nədi, ə?-dedi.
A Y D I N – Anam quru, gur səslə soruşdu:
– Bu nə dəm-dəsgahdı, belə?
Nənəm ürəkləndi:
– Bıy, ağız, bilmirsən, dava…
– Ha, ha… – o, başını silkələyib, əlini-əlinə çırpdı və şaqqanaq çəkib ucadan güldü. .
– Bıy, başıma xeyir, – deyə nənəm əl-ayağa düşdü.
– Ana! – deyə mən qışqırdım.
– Deyirsiz dava qurtarıb? – Birdən ciddiləşdi, gülüşünə ara verdi, əl atıb nalçanı, mütəkkəni götürüb tolazladı. – Dava qurtarıb. Cəhənnəmə qurtarıb, gora qurtarıb. Kaş heç qurtarmayaydı. Biz də qurtardıq. Biz də məhv olduq…
– Ay qız, Gülrux. Bıy, ay allah. Sənə nə olub? Hamı şadlıq eləyir, sevinir. Gedənlər gələcək. Bu gün, səhər… İslam da gələcək.
– Yox, lazım deyil. Gəlməsin, gəlməsin… istəmirəm. Ya o gəlməsin, ya mən ölüm, yerə girim.
Əvvəlinci sözləri qışqıra-qışqıra, son sözləri göz yaşları içində boğula-boğula dedi.
Anam axır vaxtlar mənə çox qəribə görünürdü. Odla-su arasında qalmış adamlar təki tez-tez öz-özünə danışır, bəzən bir dəqiqə bundan əvvəl dediyi söz yadından çıxır, ağzında danışdığını unudub qocalar kimi: «Mən indi nə dedim?» – deyə gözlərini döyə-döyə adamın üzünə baxıb dururdu.
Evə-eşiyə, əvvəlləri çox istədiyi mənə qarşı elə laqeyd olmuşdu ki, adam təəccüb eləyirdi. Bəzən heç bir şeyin üstə hirslənər, nənəmə ağır sözlər deyər, məni söyər, vurar, tezcənə də peşman olub, o biri otağa keçər, hönkür-hönkür ağlayardı. Nənəm isə çaşıb qalar, onun bu anlaşılmaz hərəkətlərindən baş aça bilməz, məyus-məyus gəzib dolanar, «Allah dava salanın evini yıxsın!» – deyib qarğıyardı.
…Biz müharibənin qurtardığı o unudulmaz günün axşamını belə keçirdik…
***
Sağ qalanlar bir-bir qayıdırdılar. Şad xəbər şad xəbər üstündən gəlirdi. Biz, gələnlərdən atamı soruşurduq, ancaq gördüm deyən yoxdu…
Mayın ortalarında gözlənilməz bir hadisə baş verdi və bütün ümidlərimizi, arzularımızı bircə anda alt-üst elədi.
Xəbər çıxdı ki, anbardar Məlik gəlib! Özü də bədəninin yarısını qoyub gəlib, iki qıçı da yoxdur. Camaat danışırdı ki, top aparıb. O boyda bədən, deyirdilər, dördtəkərli balaca bir kolyaska üstündədir, yazığın əlləri dönüb ayaq olub…
Məlikgilin evi kəndin yuxarı başında, çayın lap qırağında idi. Hündür eyvanlı, həyəti bağça-bağlı, dövrələmə hasarlı bir evdi…
Kəndin adamları Məlikə dəyməyə gedirdilər. Mən də onlara qoşuldum…
Eyvana paltar-palaz salınmışdı. Yuxarıda adam əlindən yer olmadığına görə, bəziləri pilləkənin üstündə, bəziləri də yerdə dayanmışdı. Mən əsgərlikdən gələn hər adama yaxından baxmağı sevirəm. Onların papaqlarındakı qırmızı ulduzlardan, sinələrindəki orden və medallardan, aşırmalı, iri toqqalı qayışdan xoşum gəlir. Məhəccərdən yapışıb eyvana qalxdım, yavaş-yavaş lap yuxarı başa keçib özümə yer eləyə bildim.
Məlik nalça üstündə oturmuşdu. İki qıçı da yoxdu… Beynimə gələn ilk sual bu oldu: «Bəs o belə hündür eyvana necə çıxıb?» Özüm-özümə cavab verdim: «çıxardıblar!!»
Məlikin otuz beş yaşı ancaq olardı. Arıq bir kişi idi. Yanındakı adamlar pıçıldaşırdılar ki, əsgər getməmişdən qabaq çox kök imiş. İndi isə yarı canı qalmayıb.
Məlikin xırda, qonur gözləri parlayırdı, o hamını bir-bir nəzərdən keçirirdi. Tez-tez tükü tökülmüş başını sığallayır, adamlara baxıb gülümsəyirdi. Balaca qızı Xalidə sağında, mənimlə yaşıd olan oğlu Vaqif solunda oturmuşdu. Məlikin arvadı Səltənət həyətdə çay qoyur, qazan yeri qayırırdı.
Gələn adamlar Məliklə görüşür, öpüşür, hal-əhval tuturdu. Kənd soveti sədri İldırım gələndə Məlik elə bil qılçalarının olmadığını unudaraq ayağa qalxmaq üçün əlini yerə dayadı, lakin elə həmin an səhv etdiyini başa düşdü və vaxtı ilə boylu-buxunlu bir adam olduğunu xatırlayıb öz həmkəndlilərinin yanında şikəstliyi üçün qızardı. İldırım tez özünü irəli verdi:
– Otur, otur.
Onlar çox səmimi görüşdülər…
Məlik arada İldırımdan xəbər aldı:
– İndi anbardarınız kimdi, İldırım?
– Anbardarımız? – İldırımın dodağı qaçdı, qızıl dişləri göründü. Kimsə pıqqıldayıb güldü. Böyrümdəki yaşlı arvad astaca pıçıldadı: «Öl ha. Öz yeriynəndi işi. Acgöz oğlu acgöz?!» Sonra yenə pıçıltı ilə dedi:
– Ağız, ay Hürü, bu qurumsağın davaya gedəndə Səltiyə dediyini eşidibsən?
– Yox. Nə deyib ki, ay Güləbətin?
– Sarı barədə ey, qızıl barədə…
– Yox, eşitməmişəm!
– Günü qara gəlmişin, sən demə, qızılı varmış. Davaya gedəndə hardasa gizləyibmiş. Əsgər gedən gün lap o qəmsəriyətin qabağında Səlti yazıq deyib ki, ay kişi, gedirsən, heç olmasa, sarının yerini de, dar gündə karımıza gələr. Dava vaxtıdı, uşaqları dolandıraram. Məlik camaatı göstərib deyib ki, Səlti, qulağını bura gətir. O yazıq da elə bilib ki, qızılın yerini deyir, odur ki, qulağını lap kişinin ağzına söykəyib. Amma kişi deyib:
– Səlti, burada deyərəm, eşidib eləyən olar. Səlti cavab verib ki: – Bunun əvəzinə elə qızılın yerini desəydin, heç kəs eşitməzdi, necə ki, indi dediyini eşidən olmadı, – Yox! Arvad, atalar deyib ki, igid ehtiyatlı gərək. Gedərəm, frontdan kağız yazaram, kağıznan deyərəm. Nə dil bilər, nə dodaq. Səlti də biçarə ha gözləyib ki, kişi evə yazdığı kağızlarda o sarı zəhrimarın yerini deyəcək… Məlik ola, sarı yeri deyə? Ölmüşdü elə! Uşaqları burda elə korluq çəkdi ki…
– Cəmdəgüvə lənət sənin, belə kişi!
Mən bu söhbəti eşidəndən sonra Məlikə bir az da zəndlə baxdım.