Kitabı oku: «Povestlər», sayfa 3
Əmrah kişi Məlikin sualına qımışa-qımışa cavab verdi:
– Sən gedəndən sonra, Məlik, camaat yığışıb Ərkinaz arvadı anbardar qoydu… Anbar deyəndə ki, bir anbarlığı da yox idi… Bom-boş idi.
Məlik kişi əlini başına çəkdi və sözü dəyişdi:
– Pa atonnan, heç gözlərimə inanmıram, adə, inanmıram ki, mən gəlib çıxmışam. Allah göstərməsin, odun-alovun içindən gəlmişik. Bu, ölüb təzədən dirilmək kimi bir şeydi. Əşi, düşmən bir yandan öz topuynan, tüfəngiynən, bit də bir tərəfdən… aclıq da o biri yandan. Gəl buna döz də…
– Aclıq da çəkirdiniz? – deyə Səltənət soruşdu.
–Aclıq, özü də necəsindən! Allah göstərməsin..
Bay-bay. Keçən il qışda meşədə on beş gün ac qaldıq.
Bu canım ölsün, itin əziyyətini çəkdik. Hər tərəf nemeslərnən dolu idi. Bitin sayı vardı, nemesin yox. Göz açmağa imkanımız yox idi. On beş gündən sonra birtəhər mühasirədən çıxdıq. Amma, ay qırdıq ha, bu köpək uşağından. Elə tək mən özüm altmış beş nemes öldürdüm, hələ yoldaşlarımı demirəm. Hə, nə başınızı ağrıdım. Getdik bir xaraba kəndə çatdıq. Altı adam idik. Yerüvüz məlum, bir az yemək, içmək var idi, nemeslər qoyub qaçmışdılar. Day hara aparacaqdılar, özləriynən yığıb aparmayacaqdılar ki? Daraşdıq, nə daraşdıq. Ağzımda deyirəm, on beş gün ac qalmışdıq. Arvadlardan kimsə: – Vay, vay! – dedi.
– Yanımda bir qarabağlı oğlan vardı. Həkimdi. Dedi, ə, Məlik, az ye, ay uşaqlar, az yeyin, partlayarsınız, bağırsaqlarınız quruyub… Dedik, yox, ay kişi, sən nə danışırsan?! Ölürük acından. Yeyəcəyik. Bu yazıq çox dedi, biz az eşitdik. Axırda o, çörəyi-filanı mənim qabağımdan götürüb atdı… O birilər baxmadılar, yedilər. Nə başınızı ağrıdım, gecə yatdıq. Səhər… üç nəfər yoldaşımız ölmüşdü. Qarabağlı balası dedi:
– Canın üçün, bunların bağırsaqları partlayıb… –Aclığı sən nə bilmişən…
Əli müəllim dedi:
– Onları aclıq öldürməyib, acgözlük öldürüb…
– Hə. Necə ki, deyirsən, elə elədi! – Əmrah kişi təsdiq elədi…
– Əgər o kişi, allah onun balalarını saxlasın, olmasaydı, mən də rəhmətlik olub getmişdim.
Məlik bu cür əhvalatlardan xeyli danışdı. Yol gözləyən, nigaran olan, cəbhədən gələn xəbərlərlə yaşayan adamlar, Məlik söhbətinə ara verən kimi, öz qohum-əqrəbalarını, əzizlərini soruşmağa başladılar.
Birinci sualı Məlikin qənşərində oturmuş yaşmaqlı qadın verdi. Mən boylandım: bu, Nərgizin anası Reyhan xala idi.
– Məlik qağa, o tərəflərdə, ayıb olmasın, bizim qızın atasına rast gəlib eləmədin ki? Məcidi deyirəm…
Məlik heç fikirləşmədən cavab verdi:
– Yox, Reyhan bacı! Heç rast gəlmədim.
Mən fikir verdim: Məlik belə deyəndə Reyhan xala da, o yanda qapının ağzında dayanmış Nərgiz də başını aşağı saldı… Mən heyrət eləyirdim; axı Məcid əmidən keçən il bu vədə qara kağız gəlmişdi. Reyhan əməlli-başlı yas saxladı, Nərgiz üç gün dərsə gəlmədi, biz ona təsəlli verdik…
Görünür, Reyhan xala o qara kağıza inanmır! Yenə yol gözləyir.
Gördüm hər kəs öz adamını soruşur, özümü saxlaya bilmədim.
– Məlik qağa, davada atamı görmədin ki?
O mənə sarı çevrildi. Üzümə fəhmlə baxdı. Yaxşı ayırd eləyə bilmədiyi üçün:
– Maşallah, yeniyetmələr əmələ gəlib. Tanımıram, – dedi və məndən soruşdu:
– Kimin oğlusan, a bala?
Mən o saat:
– Dərzi İslamın! – dedim.
– Dərzi İslamın??!
Bu sözü elə təəccüblə, elə heyrətlə dedi, dərhal başa düşdüm ki, atamı görüb. Az qalmışdı, qalxıb özümü onun üstünə atam, boynunu qucaqlayıb üzündən-gözündən öpəm. Ancaq yaxşı ki, bunu eləməmişəm. O, «dərzi İslam»,–deyərək içərisini zəhər doğrayan adamlar təki yerində qıvrıldı. Mənə sarı elə baxdı ki, bədənimə lərzə düşdü. O, cəmi iki-üç saniyə davam edən bu gərginlikdən sonra kəskin, acıqlı səslə:
– İtil burdan, düşmən oğlu düşmən?!–deyə üstümə bağıranda (bəli, bağıranda) heç özüm də bilmədim nə vaxt ayağa qalxdım. – İtil burdan, gözlərim səni görməsin, müzürr oğlu müzürr!..
Nə hala düşdüyümü söyləməyə qələmim acizdir!!!
İşığımız yanmırdı. Bizim işığımız söndürülmüşdü. Nənəm qapının ağzında dizlərini qucaqlayıb oturmuşdu. Ağlayırdı. Elə bil Məlikin gətirdiyi bu dəhşətli xəbər onun belini qırmışdı. Yazıq arvad heç bilmirdi nə eləsin? Daha bundan da bəd xəbər olmazdı ki?
Gözlərim ağlamaqdan qan çanağına dönmüşdü. «İşə bax, –deyirdim,–mən atamı axtarırdım, kitablardan, kinolardan axtarırdım. Bəzən yuxuda da onu axtarırdım. Elə bilirdim, tapacağam. Özü də o, adi bir əsgər deyil, qəhrəman olacaq. Həzi əmi kimi böyük qəhrəman olacaq. Şəkilləri dərs kitablarına düşəcək. Həzi əmi Tofiqə məktub yazan kimi, atam da mənə yazacaq. Mən də ona cavab göndərəcəyəm. Amma gör nələr oldu?.! Məlik məni qovdu. «Düşmən oğlu düşmən», dedi. «Düşmən oğlu düşmən!»
Mən bunları düşündükcə qeyri-iradi olaraq göz yaşlarım axırdı…
– Dava qurtarıb… Bundan sonra…
Nənəm qaranlıqda mənə sarı dönüb sözümü kəsdi:
– Yox, bala, – dedi, – dava hələ qurtarmayıb, bizim davamız hələ qurtarmayıb. – Susdu. Vaysına-vaysına başını tərpətdiyini güclə seçdim. Xırıltılı səsi yenidən eşidildi.
– Əgər xəbər gəlsəydi, oğlun ölüb, bu məni bəlkə o qədər də yandırmazdı. Amma satılıb, düşmən tərəfə keçib, naxələf çıxıb… Buna dözmək çətindir. Ürək istər ki, bu dərdə tablasın. Üz istər ki, bundan sonra kirpik qaldırıb birinin gözünə dik baxsın…
Yenə susdu, fikirləşdi. Yenə sözünə davam elədi:
– Bu nə söz-söhbətdir, oğul, kaş qulaqlarım kar olaydı, bu xəbəri eşitməyəydim. Sən satılıbsan? Sən bizi düşmənə satıbsan? Sən bu namərdliyi eləmisən yəni? Axı sən mənim döşümdən süd əmmisən, bala? Ox, ay bala, bu nə müsibətdir bizim başımıza gətirdin? Bizim ocaqdan indiyəcən naxələf adam çıxmayıb… sən…
Qaranlıqda bağın içində ayaq səsləri eşidildi. Əvvəl kim olduğunu ayırd eləyə bilmədim. Yaxınlaşdı. Tanıdım. Gələn anam idi. O, səkinin qırağında ayaq saxladı.
– Qaranlıqda niyə oturubsunuz? Nənəm onu görən kimi ürəkləndi:
– İşığımız söndü, bala.
– Hə, oğlunun üzü ağ olsun, üzümüzü ağ elədi.
Anamın belə dediyini eşidən kimi nənəm dikəldi:
– Sən də inanırsan bu deyilənlərə?
– Niyə də inanmayım?
– Yox, Gülrux, yox, bala. Yox! O belə eləməz. Mənim oğlum belə eləməz. Sən inanma, kim inansa da sən inanma. Məlik yalan deyir. – Nənəmin bayaqkı sözləriylə indi dedikləri arasında heç bir əlaqə yox idi. Bayaq nə deyirdi, indi nə?
Lakin anamın cavabları sərt və öldürücü idi.
– Can şirindir deyirlər. Su meymunun boğazına çıxanda balalarını ayağının altına qoyur. – Bunu deyib o biri otağa keçdi. Bir az sonra məni çağırdı. Getdim.
– Yığış! Yığış sənə deyirəm!
– Niyə axı?
– Gedirik.
– Hara?
– Cəhənnəmə. – Ayağının yanında bir çamadan vardı.
«Demək gedir!»
– Səninlə deyiləm?
– Mən getmirəm.
– Necə?
– Deyirəm, mən getmirəm.
O, boz-boz danışdığımı görüb gözlərini qıydı, dişlərini xırçıldadaraq qəzəblə:
– Cəhənnəmə get, gora get, – dedi. – Dədəmin, nənəmin ayağının altına get!
Səs-küyə nənəm özünü yetirdi. Çamadanı görən kimi:
– Bıy, ağız, bu nədi, bu nə pəstahadı? – dedi. Anam bircə anlığa çaşdı, yerə baxdı, sonra:
– Gedirəm! – dedi.
Elə bil, bu bir söz nənəmin bütün taqətini əlindən aldı. Başı gicəlləndi, yıxılmamaq üçün divara söykəndi.
Anam örpəyinin ucunu didişdirə-didişdirə deyirdi:
– Mən getməliyəm. Mən burda qala bilmərəm. Sən elə bilmə ki, mən İslam düşmənə satıldığına görə gedirəm. Yox. O, sabah gələ də bilər. Ancaq gəlsə də mən burda qala bilmərəm. Mən… getməliyəm…
Niyə? Axı nə olmuşdu? Mən başa düşmürdüm. Anam bu sözlərini çox sakit, bir az da kədərlə dedi. Nənəm də soyuqqanlılıqla dinlədi. Ancaq arvad sanki hər şeyi birdən dərk elədi, divardan aralandı. Ley cücə üstə şığıyan kimi anamın üstünə cumdu. Vurmaq istədi, lakin qıymadı. Hiss elədim, onun ürəyi gəlmədi. Ancaq çox ağır sözlər dedi:
– Bihəya, ləçər?! Hələ bir danışır da?!
– De, nə deyirsən, de.
İki gün sonra məktəbimizdə Məliklə görüş vardı. Məktəbin bütün şagirdləri, müəllimləri bizim iri sinif otağımıza yığışmışdı. Bu qonaq üçün tribuna, stol, stul lazım deyildi. O öz alçaq kolyaskasının üstündə, üzünə qırmızı örtük çəkilmiş və təzə gül dəstəsi qoyulmuş mizin böyründə dayanmışdı.
Hamı sevinir, fərəhlənirdi. Ancaq tək mən… tək mən sıxılırdım. Əlimdə tutduğum karandaşı əsəbiliklə nə zaman sındırmışdımsa xəbərim olmamışdı.
Karandaşı niyə qırırsan, Aydın? – deyə Nərgiz qoluma toxunanda ayıldım.
Heç…
Mən kimsənin üzünə baxmırdım. Bu dəqiqə, nə danım ki, Məliki görməyə gözüm yoxdu. Həm də qorxurdum. «Yenə görəsən atamdan danışacaq? Heç olmasa burada danışmaya»… – deyə düşünür, düşündükcə də bədənim od tutub yanırdı.
Heç bilmədim yığıncağı kim açdı; söz Məlikə veriləndə hamı əl çaldı. Tək məndən başqa… Məlik qabaq cərgədə oturanlara göz gəzdirdi, (arxada oturanları görmürdü), boğazını arıtdı, sonra sözə başladı. Onun sözlərinə qulaq asırdım, səsini eşidirdim, bilirdim ki, müharibədən danışır. Amma heç bir şey dərk eləmirdim. Beynim uğuldayırdı. Birdən nədənsə mənə elə gəldi ki, indicə o yenə çığıracaq: «itil burdan, düşmən oğlu düşmən!»
Məlik xeyli söhbət elədi. Nəhayət, mənim qorxduğum şey baş verdi. O, sözü dağdan-dərədən dolandırıb axır ki, atamın üstünə gətirdi.
– Biz can qoyduq, özümüzü oda-suya vurduq. Bu müqəddəs sovet torpağını, əziz balalarım, sizi, ailələrimizi canımız, qanımız bahasına qoruduq. Öldük də, yaralandıq da, bədənimizin yarısını qoyduq da, ancaq bu çətin, şərəfli yoldan dönmədik.
– Öldü var, döndü yoxdur! – Bu müharibədə bizim şüarımız belə idi. Ancaq niyə gizlədək ki, bu ağır sınaq illərində aramızda elələri də oldu ki, tülkü kimi qorxaq çıxdılar. Öz canlarını vətənlərindən, ailələrindən, övladlarından, namuslarından çox istədilər, yüksək tutdular. Mənim əlimdə ixtiyar olsaydı, belələrini elə oradaca güllələrdim. Mən çox heyfsilənirəm ki, elə şərəfsizin biri də bizim bu qeyrətli Qüdrətlidən çıxıb… Dərzi İslamı deyirəm.
Aman allah, yer yarılsaydı, yerə girərdim, ya Məlik bu sözləri deyincə məni öldürsəydi, bundan min dəfə yaxşı idi, söz adamı güllədən bədtər öldürərmiş. İndi anladım. Bircə anın içində mən qüvvətli bir maqnit parçası kimi bütün otaqdakıların nəzərini özümə cəlb elədim. Müəllimlərim də mənə baxırdı, şagird dostlarım da…
Onların baxışları altında mən balacalaşdım, yumağa döndüm. Az qaldım partanın altına girəm. Kimsə ucadan dedi:
– Satqınlara ar olsun!! – Hamı (bəlkə də hamı yox) təkrar etdi: «Ar olsun!» Yox, deməyən oldu. Əli müəllim bu zaman üzünü yana çevirdi, dalğın halda pəncərədən bayıra baxmağa başladı. Bir də mənim yanımda oturan Nərgiz bu sözləri dilinə gətirmədi.
Lakin dözmədim, dayana bilmədim. Mənə zillənmiş baxışlar altında əzilə-əzilə, qılçalarım bir-birinə dolaşa-dolaşa, dəhşətə gəlmiş halda sinfi tərk elədim. Kimsə güldü, kimsə içini çəkdi. Dalımca fit çalan da oldu. Ancaq heç nəyə fikir vermədim. Gözüm ayağımın altını görmürdü. Mənə elə gəlirdi ki, üstündə yeridiyim torpaq da deyir: «Ar olsun, ar olsun!»
Nənəmin o gecə, qapı ağzında dediyi sözləri sanki indi-indi dərk eləyirdim: «Yox, bala, dava hələ qurtarmayıb, bizim davamız hələ qurtarmayıb…»
Gəlib çayın qırağında, əldən-ayaqdan kənar yerdə – çayırlıqdakı daşın üstündə oturdum… Sular bulanıq axırdı, suların rəngi qırmızıya çalırdı, elə bil yuxarılarda, Arazın mənbəyində suya çoxlu qar qatmışdılar.
Çay axır, mən kirpik çalmadan baxırdım. Gözüm qaraldımı? Mənə elə gəldi ki, çay dayanıb, mən özüm: üzüyuxarı axıram. Sürətlə, ildırım sürəti ilə…
Arxamda hənirti səsi eşitdim. Qanrılıb ürkək nəzərlərlə baxdım. Gələn Nərgiz idi. Yadımdan çıxarıb sinifdə qoyduğum papağımı, çantamı gətirmişdi. Ağ üzündə bir məhzunluq vardı. Nazik qaşlarını çatmışdı…
– Ciyəri yansın onun! – deyə o, Məlikin dalınca söyləndi, papağımı başıma qoydu, çantamı yanıma…
Nərgizlə birinci sinifdən, lap birinci gündən bir partada oturmuşdum. Düz altı ildi. Mürəkkəbqabımız bir, rəngli karandaş qutumuz bir olmuşdu. Çox zaman evdən gətirdiyimizi də bir yemişdik. Məsələ həll eləyəndə mən onun, inşa yazanda o mənim dəftərimə oğrun-oğrun baxmışdı… Bəzən qiymətlərimiz də eyni olmuşdu…
Deyib-gülən, zarafatcıl Nərgiz keçən il atasının ölüm xəbəri gələndən qaradinməz bir qıza dönmüşdü. Atasının xiffətini çəkirdi. Poçtalyon Məhərrəm kolxoz həyətinə gələndə, biz dəstə ilə məktub üçün onun yanına qaçanda Nərgiz də yüyürərdi, ancaq hamıdan axırda… Biz «məktub var?» deyə soruşanda, o heç nə deməz, sual dolu nəzərlərlə poçtalyona baxıb susar, kağız alan yoldaşımıza qoşulub sevinərdi. Məhərrəm də sanki utandığından onun üzünə baxa bilməzdi.
Anası Reyhan xala Nərgizi çox istərdi. Onları can deyib can eşidən görəndə istər-istəməz tutulurdum. «Bəs mənim anam…»
Nərgiz astaca qoluma toxundu:
– Dur gedək evə, Aydın – dedi.
– Dur gedək, burada niyə oturubsan?.. – Qolumdan yapışdı, mən könülsüz durdum… evə gəldik… Yol uzunu bir kəlmə də danışmadıq…
***
Dilimiz gödək oldu, başımız aşağı. Gələndən də soruşa bilmə-dik. Səsimizi ürəyimizə salıb susurduq. Elə bil bizim İslam adlı adamımız yoxdu. Onun ancaq kədəri, dərdi bizə qalmışdı. Adı bir lənət damğası olmuşdu, ağır, dözülməz bir çəkic olmuşdu. Tərpənirdik, dəyirdi başımıza. Onu uşaq da vururdu, böyük də…
Bir gün kənd soveti sədri İldırımın köməkçisi çopur Murtuz bizə gəlmişdi… Vəzifəsi onu-bunu idarəyə çağırmaqdan, cürbəcür kağız-kuğuz paylamaqdan ibarət olan bu adam ürəyində özünü kəndin rəhbərlərindən hesab eləyir, oturub-durub onların sözünü danışır və ancaq bununla qürrələnirdi.
Çopur Murtuz atamın şəklini divarda görən kimi kirpiksiz, xırda göy gözlərini arvadın üzünə ağartdı:
– Bu nədir, ay Gülzar? Hələ bu şəkil çox qalacaq burada? Yuxarılarda eşidib bilsələr ki, sən burada İslamın şəklini başının üstündən asıbsan, bizim də atamızı yandırarlar, sizin də…
– Ay bala, şəkildi…
– Yox, arvad, götürsən məsləhətdi… Böyük sözünə qulaq as, ziyan görməzsən…
Çopur Murtuz gedəndən sonra, nənəm tərəddüd içində, istəməyə-istəməyə atamın şəklini divardan çıxartdı. Göz yaşları içində boğula-boğula qara bir parçaya büküb özünün gəlinlik sandığında gizlətdi. Açar cingildəyib susdu, şəkil dustaq oldu…
***
Bəs anam necə oldu! Hara getdi? Məndən qabaqda iki arvad gedirdi. Biri Badam arvaddı, biri də Sümbüldü. Danışırdılar.
– Xəbərin var təzə xəbərdən, ay Sünbül?
– Nədən, ağız?
– Deyirlər, Gülrux İldırıma ərə gedib.
– Yox ağız, nə danışırsan?
– Hə, haçandı…
– Canın yansın, qız. Lap qudurmuşmuş ki, bu?
– Amma heyf İslamdan. Bu ciyəri yanmış heç o gədəyə layiq olmadı.
– Yoxsa elə gədə başıbatmış ondan geri qaldı? Su suyu tapar, su da çuxuru. Tapıblarmış bir-birlərini!
– Demək, deyirsən Gülrux İldırımın arvadıdı, hə? Bəs niyə İldırım onu öz evinə aparmır?
– Dəlidi, ağız? Evində arvadı, uşaqları. Ərəb Bikə onu evə qoyar heç? Saçlarını yolub yelə verər, vallah! Əvvəl kişi deyib səni alıram, evə aparacağam, otağın birində sən yaşarsan, ikisində də qara arvad. Sonra da deyib yox, bunu bacara bilmərəm. Aparıb Sənəm qarının daxmasında qoyub. İndi Gülrux orda yaşayır. İldırım da yadına düşəndə gedir baş çəkir, düşməyəndə yox! Srağagün Ərəb Bikə eşidib gedib oradaca Gülruxu saçlayıb yaxşıca əzişdirib. Gücnən əlindən alıblar. Hə, Bikəni nə bilmişən?
– Amma o gün Gülruxu gördüm. Quru nəfəsi qalıb. Yazığım gəldi.
Mən dayandım… Ayaqlarım elə bil yerə yapışdı.
***
Tezdən naxır örüşə, kolxozçular tarlaya gedəndən azca sonra Əli müəllim kəndin ortasında göründü. O heç kəsi çağırmadı, haraylamadı. Evlərdən bir-bir uşaqlar çıxır, gözlərini ovxalaya-ovxalaya onun yanına gedirdi, çox çəkmədi, iyirmiyəcən uşaq yığışdı. Nərgiz də buradaydı, Vaqif də, mən də…
Bu, artıq adət halına düşmüşdü. Hər il imtahanları verib yay tətilinə çıxanda kolxozçulara köməyə gedirdik. Ot qotmanlayırdıq, kərpic daşıyırdıq, alaq vururduq, sovka yığırdıq…
Bu gündən sovka yığmağa başlayırdıq. Boğazına kəndir bağlanmış, içinə yarıyacan su tökülmüş şüşələr götürmüşdük. Qızlar əllərində tutmuşdular, oğlanlar böyürdən kəmərlərinə bağlamışdılar.
Əli müəllim çəliyini qıçına söykəyib bir maxorka eşdi. Yandırıb acgözlüklə sümürdü, tüstüsünü havaya buraxıb dedi:
– Hə, daha bir adam qalmadı deyəsən?
– Hamı burdadı, – deyə Vaqif dilləndi.
– Onda, haydı, gedəyin. Özü də bilirsiniz kimin manqasının sahəsinə gedirik? Nərgiz dedi:
– Yox, müəllim…
– Ananın sahəsinə gedirik.
– Nə yaxşı oldu, müəllim. Anam axşam danışırdı ki, yamanca qurd əmələ gəlib. Deyirdi, əgər vaxtında öhdəsindən gəlməsək çox ziyan vuracaq. Yazıq arvad oturub-durub bunun fikrini çəkir. İndi bizim köməyə gəldiyimizi görəndə bilirsiz necə sevinəcək, müəllim?..
– Hm.. Gərək sən hamıdan çox işləyəsən də…
– Həlbət ki, müəllim…
Reyhan xalanın sahəsinə çatanda orda əməlli-başlı iş gedirdi… Kolxozçular cərgə-cərgə düzülmüşdülər. Dallarına ağusəpən aparat götürmüşdülər, sağ əlləri tez-tez qalxıb-enir, aparatın körüyü basılır, ağ, narın pambıq zəhəri tüstü kimi ətrafa yayılır, kolların üstünə qonurdu. Elə bil, cərgələrin üstünə qar səpələnirdi – ağarırdı.
Onlardan xeyli aralı, üstü pələməli bir universal nərildəyə-nərildəyə yaşıl cərgələr arasında o baş-bu başa şütüyürdü. Tanıdım, bu qonşumuz Əmrah kişinin traktoru idi. O, ilin on iki ayını traktordan düşməzdi: şum vaxtı «ÇTZ», kultivasiya vaxtı «Universal» sürərdi. Qarda, çovğunda öküz, at, kəl arabaları işləməyə çətinlik çəkəndə o iri lafeti traktorunun dalına qoşar, işlərdi… Əmrah kişi traktorun üstə həmişə fit çalardı…
Tarlanın qırağında bizi Reyhan xala qarşıladı. Arvad doğrudan da bizi görəndə xeyli sevindi. Nərgiz anasının qabağına qaçıb dedi:
– Ana, sənə köməyə gəlmişik.
– Xoş gəlibsiniz, bala. Hamınız xoş gəlibsiniz. Əliniz-qolunuz var olsun… Əli müəllim irəli yeridi:
– Hə, Reyhan bacı, partizanları gətirmişəm hüzuruna.
– Sənin partizanlarına bu canım qurban, ay Əli müəllim.
O, mehriban nəzərlərlə bizi süzdü, gülümsündü…
– Hə, vaxt keçir. Reyhan bacı, hardan məsləhət görürsən ordan başlayaq.
– Elə bu cınaqdan düşüb, yanaşı işləyin. Ancaq başınıza dönüm, amandı, kolları əzib-sındırmayın, heyfdi.
– Yox, ay ana, birinci dəfə deyil ki, bu işdə işləyirik…
Cərgələrə düzüldük…
Gecə bərk şeh düşübmüş… Yaşıl yarpaqların üstü, ağlı-qırmızılı pambıq güllərinin içi dumduru şeh damcıları ilə dolmuşdu. Elə bil yağış yağmışdı, yaxud uzun bir boyunbağının sapı qırılıb mirvariləri çöllərə – bu pambıq kollarının üstünə səpələnmişdi. Kola toxunurdun, yerə su tökülürdü… Onca dəqiqə sonra artıq üst-başımız islanmışdı… Nərgiz məndən iki cərgə o yanda idi. Açıqlığa çıxanda onun da tumanının ətəyinin islanıb qılçalarına yapışdığını gördüm. Çox keçmədi ki, gün şaxıdı, hava qızdı, kollar da, üstümüz də qurudu…
Ağır-ağır irəliləyirdim. Kolun, demək olar, hər gülünün içinə, qozaların qıraqlarına diqqətlə baxırdım. Bir koldan bəzən dörd, beş qurd, on-on beş xırdaca kəpənək yumurtası tapırdım. Şüşəm yarıya qədər dolmuşdu. Öz cərgələrimdə bircə dənə də qurd qoyub keçməyə ürəyim gəlmirdi. Qalsa çoxalacaq. Qalsa nə qədər ziyan vuracaq!!! Yox, bircəciyini də gözdən qaçırmaq olmaz. Olmaz!!!
Mənim sol cınağımdakı cərgəylə irəliləyən Vaqif bizim həmişə zarafatla oxuduğumuz məzəli mahnını zümzüməyə başladı;
– İsti düşdü, ay balam, Başım şişdi, ay balam.
Bu, istirahətə çıxmaq üçün işarə idi. Ancaq Vaqif vaxtından qabaq başlamışdı. Odur ki, Nərgiz onun sözünü kəsdi:
– Hələ tezdi, Vaqif. Camaat gör nə şirin işləyir? Sən də başlamısan ki…
– Mən elə belə… – deyə Vaqif mızıldandı və mahnını yarımçıq qoydu.
Vaqifin səsini eşitdim, atası Məlik gəlib yadıma düşdü. Ürəyimə hardansa qəribə bir qorxu axıb doldu. Mənə elə gəldi ki, indicə Məlik öz kolyaskasının üstündə peyda olacaq, mənim cərgəmin ayağında dayanacaq və uzun dimdikli kepkasını yuxarı qaldırıb ucadan çığıracaq:
– Ay camaat, gəlin bura, bura gəlin, bu dərzi İslamın oğlu Aydının cərgələrinə baxın. Görün nə qədər qurd tapacaqsınız.
Əgər bir qurd tapsa deyəcək:
– Gördünüz? Daha buna sözünüz yoxdu ki? – Sonra qəzəblə üstümə bağıracaq: – Düşmən oğlu düşmən! Özün qəsdən təmiz yığmırsan, qəsdən. Atan kimi…
Bu fikrin təsiri ilə üşürkənib qeyri-iradi olaraq dönüb geri, cərgələrin ayağına fikir verdim. Yox, Məlik yoxdu, ancaq Əli müəllim mənə sarı gəlirdi… Ürəyim sakit oldu…
O, çatıb soruşdu:
– Hə, bir şey tapılır, Aydın?
Mən qayışıma bağladığım şüşəni yuxarı qaldırıb silkələdim.
– Oho, az qalıb şüşə dolsun ki… – O, şüşəyə gözucu baxıb nəzərlərini üzümdə saxladı.
– Aydın – deyə qəribə bir tərzdə adımı çəkdi. – Gözümə bikef dəyirsən? Nə olub?!!
– Heç, müəllim! – dedim. Səsim özümdən asılı olmayaraq titrədi. Dilim: «heç, müəllim!» dedi: Səsim: «Daha nə olacaq, müəllim ?» deyə yalanımı çıxartdı.
Bir neçə an araya sükut çökdü.
Əli müəllim yenə bir maxorka eşdi. Yandırıb damağına qoydu. Mehriban, nəvazişkar səslə:
– Mən səni başa düşürəm, Aydın. Bilirəm, sən xiffət eləyirsən, fikir çəkirsən. Ancaq, yox, nahaq yerə. Sən dözümlü olmalısan, Aydın. Sən oturub ah-uf eləməməlisən. Axı sən, maşallah, yekə kişisən… Sən gərək nənənə təsəlli verəsən, evdə-eşikdə ondan muğayat olasan. Sən belə fikirli gəzib-dolansan nənənə də pis təsir elər… O da darıxar… – dedi.
Ücretsiz ön izlemeyi tamamladınız.