Kitabı oku: «Təyyarə kölgəsi», sayfa 4
DOQQUZUNCU FƏSİL
Şöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə Orxanın qoyduğu güllər eləcə dururdu.
Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:
– Nə olub, Gülalı, gözümə birtəhər dəyirsən? – deyə soruşdu.
Gülalı “Ətini yesə də, sümüyünü heç vaxt çölə atmayan” eloğlusunun canyananlıqla onun halını soruşmasından mütəəssir olub, kövrək-kövrək köksünü ötürdü:
– Eh, atalar yaxşı deyib, yaxşılıq eləyən evində ölməz.
– Nə olub axı?
– Əşi bir neçə gün bundan qabaq o yazıçıfasonun haqqında məqalə yazmamışdım?
– Hansının, Gülalı?
– Mürsəl Bəbirzadədi, nəmənədi?
– Hə, hə yadıma düşdü. Gərək ki, məqalənin adı “İstedadlı yazıçı” idi.
– Elə idi. Ancaq bu gün məlum olub ki, onun nə istedadı varmış, nə qabiliyyəti.
– Niyə, Gülalı? – Orxan maraqlanaraq stul çəkib əyləşdi.
Gülalı da qələmi yerə qoydu:
– O Mürsəlin özüynən haqq-salamım var. Mənə son kitabından da bağışlamışdı. Ha gözlədim, gördüm heç kəs bu kitab haqqında bir söz demək istəmir, hamı ağzına su alıb susur. Özün bilirsən də, sükutla qarşılanmaq şair üçün, yazıçı üçün ölümdən də betərdi. Yazığım gəldi götürdüm o məqaləni yazdım. İndi bu Mürsəl neyləsə yaxşıdı?
– Hə, neyləyib ki?
– Götürüb “sağ ol” demək əvəzinə mənə açıq məktub yazıb, qəzetdə dərc elətdirib.
– Açıq məktub yazıb?
– Hə.
– Nə barədə?
– Guya mən əsəri diqqətlə oxumamışam, guya orda olmayan şeylər barədə danışmışam, çox şeyi qarışdırmışam.
– Yəni doğrudan elədi? – deyə Orxan təəssüflə başını tərpədə-tərpədə soruşdu.
– İndi konkret deyə bilmərəm, özün bilirsən mən bir balaca sklerozam. Amma gərək yaxşı-yaxşı yoxlayam. O deyən kimi olmasa, gərək ona bir toy tutam ki, ömrü boyu dadı damağından getməsin.
Mənə qurban olsun o, bir də tərif eşitsə. Onu ədəbiyyat aləmindən elə qaçırdım ki, özü də afərin desin.
– Hm… heç yaxşı hadisə deyil.
Gülalı əlini əlinə vurdu, yanıb yaxıla-yaxıla:
– Pah atonnan! – dedi. – Adə, gözümün qarasını töküb zornan zibilini oxumuşam, zəhmət çəkib məqalə yazmışam, bu da mənim haqq-sayım. Mənim müsibətimə baxırsan? – deyib iri çantasını açdı, ancaq, deyəsən nə üçün açdığını yadından çıxarıb bir xeyli fıkirləşdi, haçandan-haçana: – Hə! – deyib ordan dörd bükülmüş bir qəzet çıxartdı: sonuncu səhifəsini açdı:
– Burda bir balaca səhv eləmişəm. Yəni bir balaca da yox a, lap böyük səhv eləmişəm. – Nəzərlərini qəzetin səhifələri üzərində gəzdirib məqalənin sərlövhəsindəki “istedadlı” sözünü elə pozdu ki, mikroskopla da oxumaq olmazdı. – İndi get işinə. Bunlara istedadlı deyə-deyə biz xarab eləyirik. Sonra da hərəsi öz aləmində elə bilir ki, doğrudan da dahidi…
Gülalının yazdığını pozması Orxana çox qəribə gəldi:
– Bu yaxşı sifət deyil, Gülalı. Yüz ölçüb, bir biçmək dərzilərdən çox bizə aiddir, eloğlu. Çünki yazılan qalır.
“Sifət” sözü Gülalını yamanca tutdu. Orxanın sözlərində o, ağır məzəmmət hiss elədi, bayaqdan sakitcə dərdləşdiklərini unudaraq onu sancdı:
– Sənin də bu axırıncı məqalənin pozulası yerləri var, Orxan.
Orxan o dəqiqə anladı ki, dediyi son sözlər onun xətrinə dəyib.
İstəyirsən ki, Gülalının sənin haqqında əsil fikrini biləsən, özü demişkən, “bir balaca” sancmaq kifayətdir, açacaq sandığı, tökəcək pambığı… İndi Gülalının onun məqaləsi haqqında fikir demək istəməsi bir müəllif kimi Orxanı çox maraqlandırdı:
– Niyə, Gülalı? – deyə o, soyuqqanlılıqla xəbər aldı.
– Necə niyə? – Gülalı çımxırdı. – Professor haqqında yazdığını deyirəm. Ustadına kəm baxanın gözlərinə qan damar, Orxan! – Deyəsən, hiss elədi ki, bunlar onun “Köpünü” almadı, odur ki, lap tutarlı zəhərli bir zərbə endirdi:
– Adam tüpürəndə elə tüpürər ki, yalaya da bilsin.
Orxan səssiz-səmirsiz Gülalının gözlərinin içinə baxdı, baxdı: “Nə dili acı, əti acı adamdı bu!” – deyə düşündü və onun sözünü cavabsız qoymaq istəməyərək başı ilə Gülalının əlindəki qəzetə işarə etdi:
– Mən tüpürdüyümü, bax, bu cür, sənin kimi yalayanlardan deyiləm! – dedi və durub öz yerinə getdi.
Gülalı mızıldana-mızıldana qaldı. Sonra Orxan kimi adamla bir otaqda oturmağa da etiraz əlaməti olaraq tələsik addımlarla dəhlizə çıxıb, qapını bərk çırpdı. Orxan gərginləşmiş əsəblərini toxtatmaq üçün papiros yandırdı və tüstü otağın havasını ağırlaşdırmasın deyə pəncərənin qabağına gəldi, bir layını açdı. Tüstünü ciyərlərinə çəkib buraxdıqca sanki ürəyindəki titrəyiş, bədənindəki küt giziltilər canından çıxır, o rahatlanırdı. Beş dəqiqə sonra Orxan toxtamış halda öz yerinə keçmək istəyəndə Gülmirə qapı ağzında göründü. Orxan çevrilib ona sarı baxdı. Gülümsəməyə çalışdı. Ancaq bacarmadı. Gülmirə yuxusuz adama oxşayırdı. Pərişanlığı, pəjmürdəliyi bilinirdi. Orxan qəhərlənmiş səslə:
– Nə olub, niyə belə yorğunsan? – deyə xəbər aldı.
Gülmirə təkcə yuxusuz, əzgin deyildi, ağlamışdı da. Səhər Əqdəmi yola salanda özünü ha tox tutmağa çalışmışdısa da, kövrəlmiş ürəyi və dolmuş gözləri ilə bacara bilməmişdi. İndi ağladığını Orxana bildirməmək üçün burulub mizin arxasına keçdi və kataloq qutusunun böyrünə qoyulmuş gülü görəndə qeyri-iradi dodaqları qaçdı. Götürüb iylədi. Gülü burnundan ayırmadan gözlərini dolandırıb Orxana dikdi: “Sən gətirmisən?” – deyə soruşmadı. Gülmirə buna artıq adət eləmişdi; hər həftənin birinci günü o, işə gələn kimi stolun üstündə gül görərdi. Onun gətirdiyi güllər gözəl olurdu. Əvvəllər bu gülə adicə gül kimi baxan Gülmirə sonralar onun gətirdiyini solub ölüşkəyənə qədər saxlardı. Son vaxtlar evinə aparar, güldana qoyardı. Orxanın anası Şirin arvadın ürəyinə daman düz çıxmışdı: onun qəsəbədən gətirdiyi gül oğlunun sevdiyinə çatırdı. Bəli, sevdiyinə! Ancaq bu necə sevgili idi ki, ananın xəbəri yox idi? Oğlu ki, belə tutub, deyəsən, heç olmayacaqdı da!
Orxan mahir rəssamın yaratdığı şairanə mənzərə qarşısında dünyanı unutmuş kimi görünən və kirpik çalarsa qabağındakı varlığın yuxu təki, xəyal təki qeybə çəkiləcəyindən qorxan bir adama oxşayırdı.
Orxan hərdənbir Nadirə xanımın da stolunun üstünə gül qoyurdu. Bunu Gülmirə bilirdi. Bu dəfə soruşdu:
– Nadirə xanım üçün də sən gətirmisən?
– Hə… – Orxan kibrit qutusunu qurdalaya-qurdalaya xəbər aldı: – İcazə vermirsən?
Gülmirə Orxanın sözündəki gizli mənanı dərhal başa düşdü, gülü burnundan çəkib tələsik dedi:
– Yox, yox, niyə ki?..
Gülmirə son vaxtlar Orxanda özünə qarşı xüsusi maraq və diqqət olduğunu hiss etməyə başlamışdı. Onun gözləri sevən adamın gözləri kimi qəmli bir xəyalpərvərliklə dolu olurdu. Bəzən iclasda da belə o, əlini üzünə söykəyib Gülmirəyə baxırdı. Kitabxanalarda da, əlyazmaları fondunda da Orxanın gizli bir həsrətlə parlayan baxışları onu təqib edirdi. Üz-üzə gələndə isə Orxan çaşır, özünü ələ almağa çalışırdısa da, müvəffəq olmurdu. O, Gülmirəyə öz hissləri barədə heç nə demirdi. Dərk eləyirdi ki, haqqı yoxdur. Ancaq ha əlləşirdisə, qızın fikrini başından çıxara bilmirdi.
Orxanın belə fikrə düşməsi əvvəllər Gülmirəni acıqlandırırdı, istəyirdi ki, onu məzəmmət eləsin, danlasın. Lakin bunun üçün heç bir əsası olmadığından susmalı olurdu. Bu gizli duyğularda nəsə əsrarəngiz bir sehr vardı. O duyğular yaşayırdı, o duyğular qol-qanad açıb pöhrələnirdi. Orxana elə gəlirdi ki, həyatın, yaşamağın mənası ancaq və ancaq bu gizli duyğulardadır.
– Axşam… sənə zəng eləmişdim.
– Saat neçədə?
Gec idi, on ikinin yarısı olardı.
Gülmirə anladı ki, axşamki ehtimalı düz imiş. Elə bil keçən gecə Orxan zəng eləməmişdi, özü telefon məftili ilə onların evlərinə gəlib dəstəyin içindən baxıb qayıtmışdı. Gülmirə belə düşünüb qızardı.
– Evdə yox idin?
– Evdəydik…
– Evdəydiniz?..Əqdəm gəlib?..
– Hə, – Gülmirə könülsüz halda cavab verdi. Onun bu sözündən sonra Orxanın danışmağa həvəsi qalmadı. Qarşısındakı kitabı oxumaq istədi. Ancaq hərflər gözündə qaraldı, sətirlər bir-birinə qarışdı. Orxan özünü bədbəxt adam saydı. Bu qısqanclıq idi? Qəribədir, çox qəribədir!..
Gülmirə dikdaban çəkmələrini parket döşəmədə taqqıldadataqqıldada Orxanın yanına gəldi:
– Orxan…
Orxan kədərli gözlərini Gülmirəyə sarı çevirdi. Gülmirə isə fikrini deməyə çətinlik çəkirmiş kimi susdu.
– Nə deyirdin, Gülmirə?
Gəlin çox çətinliklə:
– Bilirsən bir məqalə yazmışam… – dedi və hiss elədi ki, yanaqları allandı.
– Öz mövzundandır?
– Hə…
– Əcəb eləmisən, gərək bunu çoxdan yazaydın.
– Dedim… istəyirəm… professora verməmişdən əvvəl, əgər vaxtın olsaydı, sən baxardın, – deyə Gülmirə kəsik-kəsik danışa-danışa əlindəki qəzetin qırağını cırıb əzişdirdi.
Orxan sevindi. İkicə dəqiqə əvvəlki qəm-qüssəsi dağılıb getdi. Gülmirənin ona işi düşmüşdü. Bundan böyük səadət istəmirdi. Onun üçün məqalə oxumağa hazırdı, buna iki daşın arasında da vaxt tapardı, öz işini bir kənara qoyub, onunkunu görərdi, istirahətinin, yuxusunun hesabına eləyərdi. Hələ bu nədir ki? Gülmirə öl desəydi, canını da əsirgəməzdi.
– Mənim gözüm üstə! – deyə sevindiyindən uçunan Orxan gözlərindən gülə-gülə razılığını bildirdi. – Canla-başla!..
Gülmirə fikirləşdi ki, indiyəcən nahaq ehtiyat eləyib, yazdığını Orxana verib oxutdurmayıb. Özü yazdığına o qədər də ümid eləmirdi. Üzə çıxarmağa da qorxurdu. Ona nə üçünsə böyük inam bəsləyən professora da göstərməyə çəkinirdi. Axı o yaxşı bilirdi ki, zəiflik adamı hər yerdə, həmişə utandırır. Professor ona nə qədər yaxın olsa da, Gülmirə onun yanında utanmaq, xəcalət çəkmək istəmirdi.
– Hanı məqalə?
Gülmirə qəzetin arasına qoyduğu sancaqlanmış yazını Orxanın qarşısına sürüşdürdü.
– Bax, gör üzə çıxarılmalı bir şeydir, ya ötən məqaləm kimi cırım atım zibil yeşiyinə?
– Hansı məqalə?
Gülmirə hər iki əlini saçlarına çəkib:
– Bundan qabaq birini qaralamışdım, ürək eləyib heç kəsə göstərə bilmədim, – dedi.
– Niyə?
– Nə üçünsə qorxdum, başa düşürəm ki, bu mənim ilk sözümdü, Orxan. Ondan çox şey asılıdır. Ondan mənim nəyə qabil olub-olmadığımı şöbədə, institutda biləcəklər.
– Düzdür. Arxayın ol, Gülü!..
Orxan ona indiyəcən “Gülü” deməmişdi. Qəflətən ağzından çıxan bu kəlmədən Gülmirə hər şeyi başa düşə bilməzdimi? Gülmirə alındısa da, özünü eşitməməzliyə vurdu, yenə dikdabanlarını səsləndirə-səsləndirə geri qayıtdı. O, stulunu çəkib əyləşəndə Nadirə xanım, Cəfər və Gülalı bir-birinin dalınca şöbəyə girdilər. Nadirə Orxanı görən kimi:
– Salam, Orxan, necəsən? – dedi.
– Yaxşıyam, Nadirə xanım. Siz necəsiniz?
– Biz də yaxşıyıq… – Nadirə o günkü hadisəni – ərinin ürəyinin sıxılması əhvalatını xatırlayıb gülümsündü və bir ailə sirri kimi o barədə Orxana heç nə deməməyi lazım bildi.
Gülalı Nadirəyə gözaltı baxırdı. Ərini o cür tənqid eləyəndən sonra Orxanla belə mehriban danışması Gülalıya lap möcüzə kimi görünürdü. Onun fikrincə, burada yalnız bircə şey olmalı idi: Nadirə dağ boyda professor ərini tənqid eləyib hörmətdən salmağa çalışan bu təkəbbürlü oğlanı acılamalı, abrını ətəyinə bükməli və: “Sən nankorsan, sən çörəyi dizinin üstündə olan adamsan!” – deməli idi. Vəssəlam! Ancaq Gülalı inanmaq istəmədiyi sözlər eşidirdi. Nadirə stolunun üstündəki gülü götürüb iyləyəndə Gülalı yerində sakit otura bilmir, qurcalanır, fikirləşirdi: “Görürsən bunun tülkülüyünü? Yaltaq! Ərini aləmdə rüsvay elədi, arvadına gül gətirir. Xalis ingilis siyasətidi, sən öləsən. Nəsə uzun dəsgahdı…”
Nadirə xanım şən bir əda ilə:
– Məqaləni oxudum, təbrik eləyirəm, Orxan, – dedi.
– Çox sağ olun, Nadirə xanım.
– Ciddi elmi məsələlər qoymusan. Dediklərin bizim bugünkü vəziyyətimizi çox aydın və düzgün xarakterizə edir, – deyə Nadirə xanım məqalə haqqında ürəkdolusu danışmağa başlayanda Gülalı özünü saxlaya bilməyib soruşdu:
– Nadirə xanım, siz, deyəsən, məqaləni axıra qədər oxumamısınız.
– Niyə, lap axıra kimi oxumuşam.
Gülalının gözləri böyüdü:
– Bəs nə təhər olur onda…
Nadirə xanım Orxana baxıb gülə-gülə Gülalıdan xəbər aldı:
– Deyirsən bəs nə təhər olur, Salmanın tənqid olunduğu məqalədən belə razılıq hissi ilə danışıram, hə?
– Hə də, Nadirə xanım, hə də!
– Nə olar, Gülalı. Bu, elmi işdir. Burada qohumluq hissləri ilə yaşamaq olmaz.
Gülalı gözlərini döydü: “Bunlar nə təhər ər-arvaddılar, heç bilmirəm! Sən ölmüyəsən, belə arvadı bircə saat da saxlamaram. Necə yəni? Tutaq ki, məni belə tənqid eləyiblər, arvadım da deyir ki, çox düzgün eləyiblər? Ay-hay, heç ağla batan iş deyil. Yox, nəsə Nadirə xanım burada bir balaca səhv eləyir. Görək professor özü necə baxacaq? Əsl məsələ budur. Əgər o da Nadirə xanım kimi eləsə…tay mənim bunlara heç sözüm yoxdur!”
Pırpız başlı, boynuna alabəzək muncuq salmış katibə qız qapını açıb Orxanı çağırdı. Orxan getdi. Qayıdanda… professorun o yandan gəldiyini görüb həyəcanlandı. Həyəcanlanmazdı, Gülalının bayaq dediyi sözlər yadına düşdü: “Birdən kişi məndən inciyər”, – deyə fıkirləşdi.
Əlini yelləyə-yelləyə kələn professor başını dik tutmuşdu. Orxan onun tuşuna çatanda ilişikli səslə:
– Salam, professor! – dedi. Ancaq professor düz keçib getdi. Orxan arxasınca baxa-baxa qaldı: “Görmədi… Eşitmədi… Deyəsən, fıkirli idi. Yox, inciyib…”
Professorun kinli sir-sifətini, ədalı-davalı yerişini seyr edən Orxan acı-acı gülümsündü…
ONUNCU FƏSİL
Nadirə bacısı oğlu Rəhimi gülər üzlə qarşılayıb içəri apardı. O bu evə az-az gələrdi. Ceyhunla tay-tuş olsaydı da yaxın deyildilər. Aralarında dava-dalaş olmamışdı, umu-küsü olmamışdı, ancaq soyuq idilər. Uşaq vaxtı bir yerdə oynamış, yoldaşlıq eləmişdilər. Lakin illər keçib, ağılları kəsdikcə sanki bir sehrli əl bu ıki bacının uşağını bir-birindən uzaqlaşdırıb ayırmışdı. Bəlkə onların soyumasında bacıların da bir təsiri olmuşdu? Yox, Nadirə Rəhimi, Sədəf də Ceyhunu çox istəyirdi.
İki ilə yaxındı ki, Ceyhun xalasıgilin qapısını açıb içəri girməmişdi. Nadirə Sədəfgilə gedəndə neçə dəfə oğlunu aparmaq istəmişdi. Ancaq Ceyhun hər dəfə bir şeyi bəhanə edib, boyun qaçırmışdı: “Dərsimi öyrənirəm”. “Yoldaşlarımla kinoya gedirəm”.
Rəhim isə hərdən xalasıgilə gedirdi: anasını çağırmaq üçün, gecəyə düşəndə onu evə aparmaq üçün…
Oğlan otağa daxil olan kimi gözləri ilə evi axtardı. Mətbəxdən su şırıltısı və qab-qacaq səsi eşidilirdi. Düşündü: “Anamdır. Qabları yuyur”. – Nadirə əlindəki qalın kitabı stolun üstünə atdı:
– Keç, xala qurban, keç əyləş! – dedi və üzünü o biri otağa tutub oğlunu səslədi: – Ay Ceyhun bura gəl, Rəhim bizə gəlib.
Ceyhun yataq otağından başmı uzadıb Rəhimi görən kimi geri çəkildi. Geyinib qayıtdı. Əynində ayağı boğma finka var idi. Tor mayka geyinmişdi. Başını tərpətməklə Rəhimə “Xoş gəldin” elədi. Yanında oturdu.
– Hə, oturun, söhbət edin, biz də sizin üçün bir şey hazırlayaq, – deyə Nadirə mətbəxə keçdi.
Ceyhunla Rəhim susurdular. Ceyhun ayaq barmağının birini döşəməyə salınmış naxışlı xalçanın butaları üzərində gəzdirirdi.
Rəhim hərəkətsiz oturmuşdu. Sükut ağır və dözülməzdi. Birdən Ceyhunun yadına nə düşdüsə, sevinə-sevinə xəbər aldı:
– Rəhim, sizin də məktəbdən uşaqları Krıma istirahətə aparırlar?
– Hə, aparırlar!
– Sən də gedirsən?
– Yox!
– Niyə?
– İstəmirəm…
Ceyhun əlini-əlinə sürtdü:
– Mən gedirəm… Bilirsən necə qiyamət yerlərdi? Heç Krımda olmusan?
Rəhim başını tərpətdi:
– Yox.
– Odur da, təsəvvürün yoxdur. Əgər bir dəfə ayağın o yerlərə dəymiş olsaydı, ömrün boyu yadından çıxmazdı. Elə deyərdin hər il gedim… Mən keçən il mamamnan, papamnan getmişdim. – O, səsini alçaldıb yavaşıtdı: – Day bir də onlarla getməyəcəyəm. Qoymurlar istədiyin kimi gəzəsən. Papam yenə yaxşıdı, heç nə demir. Amma mamam göz açmağa qoymur… İndi uşaqlarnan gedirəm. Kef eləyəcəyik!..
Nadirə Ceyhunun axırıncı sözlərini eşitdi:
– Nə eləyəcəksiniz?
Ceyhun tutuldu, tez Rəhimə baxıb göz vurdu və dönüb başını qaşıya-qaşıya:
– Heç, kosmonavtdan danışırdıq, – dedi. – İki saat göydə fırlanıb yerə düşəndən sonra bütün dünyanı gəzəcək, ömrü boyu kef eləyəcək!..
– Hm…
Rəhimin təəccübdən ağzı açıla qalmışdı: o, belə eləyə bilməzdi. Bir də axı nəyin xatirinə anasını aldatmalı idi, nə üçün?
Məsələ burasında idi ki, Ceyhun bu evdə təkcə anasından – bu zabitəli qadından qorxurdu. Atası isə onun xətrinə qətiyyən dəyməz, ona güldən ağır bir söz də deməzdi. Anasının qəzəbindən xilas olmaq üçün Ceyhun asanlıqla yalan uydura bilirdi. Bunun üçün o, əsla çətinlik çəkməz, duruxub qalmazdı…
Rəhim divardakı göy, asma saata baxdı. Vaxta az qalırdı:
– Ana, – deyə o, üzünü mətbəxin qapısına sarı tutub səslədi.
– Bu saat, bala.
Nadirə qayğanaq gətirdi, iki qabda.
– Hə, yaxın oturun. Ceyhun, dur… Rəhim, gəl.
– Mən yemirəm, sağ ol, xala, – Rəhim qalxdı. Nadirə onun qolundan tutub oturtdu:
– Bucuğazı yeyəcəksən.
– Gecıkərik, xala.
– Hara gedirsiniz ki?
– Anamla məktəbə gedəsiyik. Aslan müəllim tapşırıb ki, valideyn iclasına gəlsin…
– Ye, indi gedərsiniz… – Nadirə Ceyhundan soruşdu: – Bəs yaxşı, bizi heç valideyn iclasına çağırmırlar, ay Ceyhun?
Ceyhun adəti üzrə, başını qaşıdı. Rəhim onun bu hərəkətinə fikir verib qımışdı: bilirdi ki, o, başını qaşıyanda mütləq yalan bir şey uydurub deyəcək.
– Neçə dəfə çağırıblar, vaxtınız olmayıb, getməyibsiniz, indi də acıqcan çağırmırlar da…
Ceyhunun indi dediyi uydurmaya oxşasaydı da, sözündə müəyyən həqiqət də vardı. Bu il iki dəfə onları məktəbə çağırmışdılar. Birində Salman Moskvaya getmişdi, Nadirə xəstə idi. Birində də Nadirə istirahət evində idi, professor da vaxt tapmamışdı…
Rəhim qayğanaqdan bir-iki tikə yedikdən sonra üzünü yenə yan otağa sarı tutub, anasını çağırdı:
– Ana, ay ana!
– Gəldim, gəldim…
– Gecikirik ey…
Sədəf önlüyünü aça-aça mətbəxdən gəldi.
– Gedək.
– Ay Rəhim, heç yeməyibsən ki, – deyə Nadirə nimçəni təzədən onun qabağına itələdi.
– Ye, a bala, doyunca ye. – Sədəf də dilləndi.
Rəhim ayağa qalxdı. Ana-bala xudahafizləşib evdən yenicə çıxmışdı ki, qapının zəngi çalındı. Ceyhun durdu, ancaq anası ondan qabaq özünü yetirib qapını açdı.
– Oo!.. Vera Pavlovna!.. Gəlin, gəlin, xoş gəlmisiniz!.. – Vera Pavlovna ayağını astanadakı yaş əskiyə silib içəri keçdi:
– Sağ olun.
Gələn Ceyhunun sinif rəhbəri idi. Müəlliməsini görən kimi onun tikəsi boğazında qaldı, səsi çıxmadı. Təkcə başını tərpətməklə salam verdi. Ceyhun işinin “yaş” olduğunu fikirləşdi, yavaşca aradan çıxdı.
– Necəsiniz, Vera Pavlovna?
– Yaxşıyam, sağ olun.
– Ananızgildən nə xəbər var? Yenə Moskvada yaşayırlar, eləmi?
– Hə, Nadirə xanım. Bu yaxında bura gələsidilər.. Yazmışam, yığışsınlar. Anam qocalıb, kiçik bacım da təkdir. Axı təzə mənzil almışam, üç otaqlı. Gen-boldur. Buranın ab-havası çox yaxşıdır.
– Hə, təbrik, təbrik!.. Ortancıl bacınız neynir, hələ ərə getməyib ki?
– Gedib. İki həftə bundan qabaq toyları oldu. Sizinlə qohum olmuşuq Nadirə xanım.
– Bizimlə? – Nadirə təəccüb elədi.
– Hə, bacım bir azərbaycanlıya ərə gedib… Mühəndisdir.
Nadirə güldü:
– Elə bildim, bizim qohum-əqrəbadandır. Deyirəm elə olsaydı, biz də bilməmiş olmazdıq… Sizdə yaxşı xəbərlər varmış, Vera Pavlovna!..
– Bəli… Sizdə nə var, nə yox?
– Salamatlıqdır.
– Doktorluğunuzu haçan müdafiə edirsiniz?
– Hələ bir az çəkər.
– Professor evdə yoxdur, deyəsən?
– Yox, idarədədir.
Nadirə “bir dəqiqə” deyib mətbəxə keçdi, iki armudu stəkana çay töküb gətirdi. Birini Vera Pavlovnanın, o birinisə öz qabağına qoydu. Bufetdən ağzınadək bahalı konfetlə dolu vazanı çıxartdı:
– Eşitdim bizdən incimisiniz, Vera Pavlovna.
Vera Pavlovna stəkanı boğmasından tutub buraxdı:
– İnciməyinə incimişik, ancaq siz bunu hardan bilirsiniz?
– Ceyhun dedi. Sizdən bir az qabaq soruşdum ki, bizi valideyn iclasına niyə çağırmayıblar? Deyir ki, keçən dəfə getməmisiniz, ona görə də müəllimlər sizdən acıq eləyiblər!
Vera Pavlovna qaşlarını dartdı:
– Düz deyil, Nadirə xanım. Srağagün sizin dalınızca xəbər göndərmişdik. Ha gözlədik, gəlib çıxmadınız. Ceyhun sizə deməyib bəs?
– Yox.
– Maraqlıdır.
– Ədə, Ceyhun? – deyə anası oğlunu səslədi. – Ədə, haradasan? – Cavab verən olmadı. – Haçan getdi bu? İndi buradaydı axı, – deyə Nadirə təəccüblə o yan-bu yana baxdı.
– Yəqin mənim qorxumdan qaçıb, – deyə Vera Pavlovna gülümsündü. – Eybi yoxdur. Mən sözümü deyəcəyəm, sonra siz özünüz fikirləşərsiniz.
Nadirənin ürəyi üzülüb ayağının altına düşdü. O, bir qədər çaşqın halda :
– Buyurun, Vera Pavlovna. Mən sizi eşidirəm, – dedi.
Müəllimə çayından bir qurtum içib arxayın-arxayın sözə başladı:
– Ceyhun pis uşaq deyil, bunu siz məndən də yaxşı bilirsiniz. Ancaq mən elə düşünürəm ki, o, düzgün tərbiyə olunmur, Nadirə xanım.
Nadirənin rəngi ağardı. Vera Pavlovna davam elədi:
– Bilirəm, Nadirə xanım, bu sözləri eşitmək sizin üçün çox ağırdı. Ancaq mən başqa cür edə bilmərəm. Acı da olsa, əsl həqiqəti sizə deməyi öz müəllimlik borcum hesab edirəm. Siz hər ikiniz alimsiniz. Savadlı, mədəni ailə başçısısınız. Gərək sizin övladınız başqalarına bir nümunə olsun. Elə deyilmi?
– Ancaq təəssüf ki, bəzən həyatda belə olmur.
– Bunlar tamamilə düzdür, Vera Pavlovna, – deyə Nadirə səbri tükənmiş halda onun sözünü kəsdi: – Xahiş edirəm, Ceyhundan danışın.
Müəllimə xeyli susub dedi:
– Siz ona çox pul verirsiniz?
– Yox.
– Məncə, hə. Çünki onda həmişə çoxlu pul olur. Halbuki, bu, yaramaz. Uşağın cibində həmişə çoxlu pul oldu o, xərcləməyə yer axtaracaq. Görəcəksən getdi restorana və başqa-başqa yerlərə… Ceyhun pis oxuyur, müəllimlərin sözünə baxmır. Ondan hamı şikayətçidir.
Nadirə qıpqırmızı pörtmüşdü:
– Görünür, bizim başımız qarışıb, uşağı tamam yaddan çıxarmışıq.
– Bəli, mən də elə düşünürəm, Nadirə xanım. Sizin başınız əsər yazmağa qarışır. Siz istəyirsiniz ki, əsəriniz çox olsun, yaxşı olsun, nöqsansız olsun. Axı, mənim əzizim, bu Ceyhun da əsərdir, hər cür qayğıya, diqqətə daha çox möhtacdır… Kitabınızın üstündə adınız var, onun məsuliyyətindən qorxursunuz. Bəs Ceyhun? Məgər o sizin deyil, Nadirə xanım? Siz heç bu barədə düşünürsünüzmü? Bağışlayın, mən bir qədər kəskin danışıram.
– Düz sözə nə demək olar? Uşağı Salman korlayıb, öz atası… O, ərköyün böyüdür. Bizim tək övladımızdır deyə…
Nadirə özünə gəlməmiş Vera Pavlovna ikinci bir sarsıdıcı xəbər də verdi:
– Hələ Ceyhun bir qızla dostluq eləməyə də vaxt tapıb…
– Necə?.. – Nadirənin gözləri böyüdü. Qaşları az qala alnının ortasına qalxdı. Vera Pavlovna əlavə etdi:
– Biz məktəbdə qızlarla oğlanların dostluğu əleyhinə deyilik, ancaq qaydasında.
– Kimdir o qız?
– Bəstəkar Baharlının qızıdır. Doqquzuncuda oxuyur. Onlar qəribə bir üsul da kəşf eləyiblər. – Vera Pavlovna güldü. – Biz böyüklərin heç ağlına gəlməzdi.
– Nə üsuldur o?
– Məsələn, söhbət etmək, görüşmək istəyəndə hər ikisi söz qoyur ki, filan saatda sinifdə şuluqluq eləsinlər. Qız öz sinfində müəllimini hirsləndirir, oğlan da öz sinfində. Hər iki müəllimin səbri tükənir, onları dərsdən çıxarır. Qoçaqlar özlərini verirlər boş bir sinfə, – o, azca susub soruşdu: – Belə oxumaqla siz özünüz deyin, hara gedib çıxmaq olar, Nadirə xanım? Sabah bunun institutu var; hər şeydən ziyadə, onun üstündə sizin adınız var.
Nadirə xanım əl yaylığı ilə üzünün tərini sildi və döyülmüş adam kimi əzgin halda:
– Ayağım yerə yapışdı, Vera Pavlovna, – dedi, – çayınızı için, çayınızı için!..
Böyük, işıqlı sinif otağında iclas gedirdi. Müəllimlər bir-bir söz alır, öz siniflərində oxuyan uşaqların dərs davamiyyətindən, davranışından danışırdılar. Ata-analar diqqətlə qulaq asırdılar, kimi sinəsini qürurla qabağa verə-verə, kimi xəcalətdən tər tökə-tökə…
Sədəf lap arxa cərgədə oturmuşdu. Eynəyini əlində tutmuş, seyrək saçlarını yana daramış Aslan müəllim təmkinlə danışır, şagirdlərin yaxşısının, pisinin adını çəkir, gah səsini qaldırıb qəzəbindən əsir, coşur, gah da həlimliklə ürəyinin sözünü deyirdi. Sədəfə elə gəlirdi ki, müəllim yaxşı uşaqlar barəsində danışanda üzünü heç kəsə yox, ona tutub danışır.
İclasda Rəhimin dərsini oxumasını, ağır oturuşunu, duruşunu, tərbiyəsini ağızdolusu təriflədilər. Sən demə, Rəhim məktəbin gözü, fəxri imiş. Sədəf bunu indiki kimi heç bir vaxt hiss eləməmişdi. Onun sınıq və məhzun könlü bahar sevinci ilə dolmuşdu, üzü gülmüş, çoxdan bəri az qala unutduğu əsl sevinci, şadlığı bu gün təkrarən hiss eləmiş, duymuşdu.
Sədəfin yanında oturan şagird partasına güclə sığışan ətli-əndamlı arvad özünü saxlaya bilmədi, əyilib astaca soruşdu:
– Yaxşı, ay bacı, soruşmaq ayıb olmasın, siz neynirsiniz ki, uşaq belə yaxşı oxuyur, hə?
Sədəf bu suala nə cavab verəcəyini birdən-birə aydınlaşdıra bilmədi, xeyli sükutdan sonra:
– Elə özü oxuyur, bacı, – dedi. – Kök arvad əlini dizinə şappıltı ilə vurub vaysına-vaysına söyləndi:
– A qız, a başına dönüm, bizimki oxumur da!.. Nə illah eləyirik, oxumur da, canı yanmış, heç bilmirəm neyləyim, başıma haranın külünü töküm?
İki saatdan çox davam eləyən iclas qurtarıb, adamlar dağılışanda Aslan müəllim xüsusi bir hörmət və ehtiramla Sədəfə yanaşdı. Pilləkəni birgə enib, bağ-bağatlı məktəb həyətinə çıxdılar.
Sədəf başa düşdü ki, Aslan müəllimin nəsə başqa sözü də var… Doğrudan da, ortasındakı iri daşın üstünə məktəbli heykəli qoyulmuş hovuzun yanında o, Sədəfin qolundan tutub bir ata qayğısı ilə dedi:
– Sədəf, qızım, oğlun, maşallah, ayrı oğuldu. Sənin də, bizim də gələcəkdə başımızın ucalığıdı.
Ana fərəhlə azca qabaqda başını aşağı əyib düşüncəli-düşüncəli addımlayan oğlunun dalınca baxdı.
– Ancaq sizin zəhmətiniz sayəsində, Aslan müəllim! – deyə ana onların xidmətini qiymətləndirməyi unutmadı. – Ömrünüz uzun olsun!..
– Bax, görürsən, – deyə Aslan müəllim sanki Rəhimdə yeni bir keyfiyyət də kəşf etmiş kimi, həvəslə dilləndi, – necə də başını aşağı salıb gedir! Tərif həm yaxşı, həm də pis şeydi; biz bəzən uşaqların üzünə onları tərifləyirik. Deyirik, sən beləsən, filansan. Bu, məncə, o qədər də düzgün deyil. Onun gözü tez dumanlanır, yerişini itirir. “Burada mənəm, Bağdadda kor xəlifə!” – deyib heç kəsi, hətta, öz müəllimini də bəyənmir. Çünki onlar yeniyetmələrdi. Çox vaxt ağı qaradan seçməkdə çətinlik çəkirlər. Ancaq Rəhim ayrı baladır. Onun yerinə bəlkə də bir başqası olsaydı, bu qədər hörmət-ehtiram müqabilində, yerişini çoxdan itirmişdi. Amma o…
– Sevindiyimdən gözlərim yaşardı, müəllim, bağışlayın! – deyə Sədəf ovcunda gizlətdiyi əl yaylığı ilə gözlərini sildi.
Aslan müəllim bir az da mehribanlıqla dilləndi:
– Bilirsiniz, Sədəf, qızım, mən iclasda bir şeyi demədim…
– Nəyi, müəllim? – Sədəf sual dolu nəzərlə ona baxdı.
– Bax, bizim məktəbdə tez-tez cürbəcür gecələr, konsertlər, müzakirələr olur… uşaqlar gəlirlər, deyib-gülürlər, şənlənirlər. Ancaq sənin oğlun bircə gecəmizdə də hələ iştirak eləməyib…
– Mən bilmirəm. Bu barədə mənə heç bir söz deməyib…
– Bəli, hər dəfə bir bəhanə gətirib. Ancaq mən onun gəlməməyinin əsl səbəbini başa düşürəm…
– Nədir o, müəllim?
– Sədəf, qızım, – müəllim ağır-ağır izah elədi, – indi yaxşı zamanədir, hamı yaxşı yaşayır… Fikir ver bu uşaqlara, bax, balacasından tutmuş böyüyünəcən hamısı yaxşı geyinib-keçinib… Rəhim indi balaca deyil, on altı-on yeddi yaşı var. Onun üst-başına fikir vermək lazımdır, tay-tuşu var, sıxılır, utanır…
Sədəfin qaşları çatıldı, baxışları dumanlandı.
Bir az əvvəlki sevinci quş olub harasa, çox-çox uzaqlara uçdu.
– Düz deyirsiniz, müəllim…
– Mən bilirəm, yetim uşaqdı, ancaq yenə də olsun…
– Haqlı sözdür, müəllim…Bizim ki könlümüz sınıqdı, geyimə-keçimə elə də fikir vermirik.
– Yox, – Aslan müəllim etiraz elədi, – nahaq yerə. Yaxşı, sən harda işləyirsən. Sədəf?
– Mən? Heç yerdə. Kişinin pensiyası ilə dolanırıq, Aslan müəllim, Bacım da, atam da hərdən əl tutur…
Aslan müəllim fikrə getdi. Kənarda dayanıb anasını gözləyən Rəhimə baxıb:
– Axı, niyə işləmirsən bir yerdə, Sədəf? – deyə soruşdu.
Sədəf çətinliklə cavab verdi:
– Savadım yoxdur, Aslan müəllim.
– Bütün işlər üçün ki, savad lazım deyil, qızım! Sən bir yüngülvarı iş tapıb işləyə bilərsən. Ayda aldığını da pensiyanın üstə gəlib yaxşı dolanarsan, Sədəf. Uşağın da yaxşı geyinər, özün də atanın, bacının minnətli çörəyini yeməzsən. Məsələn, bax, bizim məktəbə işlək, bacarıqlı bir xadimə lazımdır. Gələrsənmi?
– Xadimə? Yəni neyləyəcəyəm, Aslan müəllim?
– Sil-süpür işi görəcəksən, Sədəf.
Burada Sədəf yenə Nadirəgilin qonşusunun dediyi sözü xatırladı: “Qulluqçusan?” Orda da – bacımgildə də sil-süpür, burda da sil-süpür. İşlərəm, maaş alaram. Yazıq Nadirə daha mənim zənbilimə ət, cibimə pul qoymaqdan yoruldu. Utanıram, özüm də utanıram…” – deyə o, nisgilli-nisgilli ürəyində götür-qoy elədi.
– Hə, necədi, razı olursansa, sabahdan gəl, əmrini verim, işlə.
Sədəf az qala “hə, razıyam” kəlməsini dilindən çıxarmışdı ki, Rəhim gözünə dəydi və fikirləşdi ki, oğlunun oxuduğu məktəbdə qulluqçuluq eləmək Rəhimin ürəyini sıxar. Uşaq yoldaşları yanında utana bilər.
– Yox, Aslan müəllim, çox sağ olun. Mən işləyə bilmərəm.
– Niyə?
– Hər necə olsa, Aslan müəllim… yox… – O, fikrini deməyə sanki çətinlik çəkdiyinə görə susdu.
– Aha, sizi başa düşdüm… Yəqin Rəhimə görə… eləmi?
– Elədir, Aslan müəllim, düz tapdınız. Çətindir. İşləsəm də başqa yerdə işlərəm…
Bu ara zəng çalındı. Aslan müəllim saata baxıb Sədəfdən ayrıldı. Dili dua-səna eləməyə öyrəşmiş Sədəf Aslan müəllimin ardınca baxıb: “Ömrün uzun olsun, müəllim!” – deyə ürəyindən keçirdi…
Axşam Sədəf Nadirəgildən evə qayıdanda Rəhimi masa arxasında oturub dərslərini hazırlayan gördü, qəzetə bükülmüş bağlamanı onun qabağına qoydu. Rəhim kitabı yana itələdi.
– Bu nədi, ana?
– Kostyumdu, bala!
Rəhim əl uzadıb qəzeti aça-aça sevinclə:
– Təzə almısan? – deyə soruşanda ana ağır dilləndi: Rəhim qəzetin arasından kostyumu çıxartdı və… birdən onun gözlərində yanan sevinc qığılcımları öləziyib söndü:
– Ceyhununkudu?
Sədəf başını ağır-ağır tərpətdi:
– Təzədi, cəmi üç-dörd dəfə geyib. Rəhim mil-mil kostyumu geri itələdi:
– Lazım deyil, ana!
Sədəf udqundu:
– Ədə, özgə adamın deyil ki, öz xalan oğlunundu da.
– İstəmirəm. Mən onun paltarını geyəndə özümü pis hiss eləyirəm.
Sədəfin dodaqları səyridi…