Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qeyd dəftərçələri. Məktubları», sayfa 2

Yazı tipi:

– Yuxumda görmüşəm ki, gerçəklik saydığım yuxudu, Yuxu isə gerçəklikdi.

– Özünə yad işdən, məsələn, incəsənətdən yapışan adam istər-istəməz çinovnik olur. Elmdə, teatrda və rəssamlıqda nə qədər çinovnik var. həyatdan uzaq, yaşamağı bacarmayan adamın əlindən çinovnik olmaqdan başqa bir iş gəlmir.

– Dolu qız bulkaya bənzəyir.

– Ev sahibləri olmayanda, lakey qonaqlarına otaqları göstərir.

– Xoşbəxt adamın qapısının arxasında əlində çəkic tutmuş bir nəfər dayanmalıdır, çəkici taqqıldatmalı və xatırlatmalıdı ki, bu dünyada bədbəxtlər də var, ani xoşbəxtlikdən sonra hökmən bədbəxtçilik gələcəkdir.

– Ac it ancaq ətə inanar.

– Zabit hamama arvadıyla gedir, onların hər ikisini adam saymadıqları denşik çimizdirir.

– Bəzən günəşin qürubunda nəsə qeyri-adilik görürsən, sonra şəkildə görəndə buna inanmırsan.

– Bütün fənlərdən beş aldığına görə çinovnik oğlunun qulağını dartır. Ona elə gəlir ki, beş azdı. Sonra onu başa salırlar ki, düz deyil, beş ən yaxşı qiymətdi, o, yenə oğlunu döyür – bu dəfə pərtliyindən.

– Ciddi, pələpötür bir həkim qəşəng rəqs edən qıza vurulur, onun xoşuna gəlməkdən ötrü mazurka öyrənməyə girişir.

– Sərçəyə elə gəlir ki, əri cikkildəmir, gözəl bir mahnı oxuyur.

– Əsəb xəstəliklərinin və əsəb xəstələrinin sayı çoxalmayıb, bu xəstəliyi müşahidə etməyi bacaran həkimlərin sayı artıbdı.

– Mədənilik artdıqca bədbəxtçilik də artır.

– Həyat fəlsəfə ilə düz gəlmir: bayramsız sevinc yoxdu, ancaq lazım olmayan şeylər ləzzət verir.

– Babaya balıq yedirdirlər, zəhərlənməyib sağ qalırsa, onda bütün ailə yeyir.

– Yazışma. Cavan oğlan ədəbiyyatçı olmaq arzusundadır, arzusu haqqında həmişə atasına yazır, nəhayət, işini atıb, Peterburqa gedir və məqsədinə çatır – senzuraya işə girir.

– Varlı bir qoca ölümünün yaxınlaşdığını hiss edib, bir boşqab bal gətirdir. Balla birlikdə pullarını da yeyir.

– Ayağını qatar kəsmiş bir nəfər çəkməsindəki 21 manatın narahatçılığını keçirir.

– Qonaqların nəhayət, getdiklərini görən ev sahibi sevincindən deyir: Bir az da oturaydınız.

– İnsan öz xəstəliyindən danışmağı xoşlayır, bununla belə xəstəlik onun həyatının ən maraqsız günləridir.

– Biarritsedəki hər bir rus bardakı rusların çoxluğundan şikayətlənir.

– Kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşırlar, qadın olmayan cəmiyyətdə isə kişilər axmaqlaşırlar.

– Arvadla Parisə getmək, samovarla Tulaya getmək kimi bir şeydi.

– Professorun fikri: Şekspir əsas deyil, ona qeydlər əsasdı.

– Məhəbbət, dostluq, hörmət insanları nəyəsə qarşı olan ümumi bir nifrət qədər birləşdirmir.

– Ruslar xaricdə: kişilər Rusiyanı ehtirasla sevirlər, qadınlarsa Rusiyanı unudur və sevmirlər.

– Kasıbdan nəsə istəmək daha asandı, nəinki varlıdan.

– Özlərini qoymağa yer tapmadıqlarından evlənirlər.

– Xalqın gücü və nicatı namusla fikirləşən, duymağı və işləməyi bacaran ziyalılarındadı.

– Bığsız kişinin bığlı qadından heç bir fərqi yoxdu.

– İnsana üç arşın yer lazımdı.

– İnsana yox, meyitə. İnsana bütün yer kürəsi lazımdı.

– Sevəndə özündə o qədər zənginlik tapırsan ki, elə zərifləşirsən, elə mehribanlaşırsan ki, belə sevə biləcəyinə inanmağın gəlmir.

– Dayınız niyə öldü?

– Həkimin yazdığı 15 damcı Botkinin əvəzinə 16 damcı içmişdi.

– Kişi dostlarını Krımdakı bağına dəvət edir, arvad isə ərindən gizli onlarla haqq-hesab çürüdür, otaq pulu, yemək pulu alır.

– Görkəmli adamlarının ölümünü qəzetdən öyrənir, sonra onların hər birinə ayrılıqda yas saxlayır.

– Pəltək, cəfəngiyat danışan adamla hər gün nahar etmək dəhşətdi.

– Resenziyaçı N. aktrisa X.-la yaşayır. Benefis. Pyes axmaq, oyun zəif, N.-nin borcu tərifləməkdi. O, qısaca olaraq yazır: «Pyesdə, benefis sahibi də böyük uğur qazandı. Təfsilatı sabah». Sonuncu iki sözü yazıb, rahatlıqla nəfəs aldı. Ertəsi gün X.-in yanına gedir, o, qapını açır, N.-nin onu öpməsinə, qucaqlamasına etiraz etmir və boz üzlə deyir: – «Təfsilatı sabah».

– Mərəkdən pis iy gəlir: 10 il əvvəl orada biçinçilər gecələyiblər, o vaxtdan iy getmək bilmir.

– Əyalətdə inadkarlıqla bilmədikləri məsələlərdən mübahisə edirlər.

– Moskvada iki universitet var.

– Yox, bir.

– İki.

– Axı, mən orada oxumuşam.

– Siz oxumusunuz, mənsə deyirəm: İki!

– Ölüm dəhşətdi, həmişə yaşayacağını heç bir vaxt ölməyəcəyini bilmək daha dəhşətdi.

– Kütlə incəsənətdə bayağılığı, özünə çoxdan bəlli olanı, alışdığını xoşlayır.

– Müəllim: Puşkinin yüz illiyini keçirmək lazım deyil, o, kilsə üçün heç bir iş görməyibdi.

– Nikbin olmaq və həyatı başa düşmək istəyirsənsə, yazılanlara və deyilənlərə inanma, özün müşahidə elə, özün düşün.

– Universitet bütün bacarığı, o cümlədən, axmaqlığı inkişaf etdirir.

– Ən dözülməz adamlar əyalət məşhurlarıdı.

– Təvazökar bir adamın yubileyini keçirirlər. Yubileydən özlərini göstərmək, bir-birlərini tərifləmək üçün istifadə edirlər. Ancaq ziyafətin sonunda ayılırlar: yubilyar ziyafətə dəvət olunmayıb, yaddan çıxıbdı.

– Müsəlman ruhu naminə quyu qazır. Yaxşı olardı ki, bizim hər birimiz özümüzdən sonra məktəb, quyu və ya nəsə qoyaydıq ki, həyat əbədiliyə izsiz qovuşmayaydı.

– Fəhlələr yox, necə deyərlər, hakim sinif uzun müddət müharibəsiz yaşaya bilmir. Müharibəsiz onlar darıxırlar, bayram əhvali-ruhiyyəsi onları yorur, əsəbiləşdirir, onlar nə üçün yaşadıqlarını bilmirlər, bir-birlərinin ətini yeyirlər, bir-birlərini daha çox sancmağa çalışırlar, bir-birlərini və özləri özlərini bezdirməmək üçün var güclərini qoyurlar. Nəhayət, müharibə başlayır. hamını cəzb və cəlb edir və ümumi dərd onları birləşdirir.

– Xəyanət etmiş qadın iri, soyuq kotletə bənzəyir, əlini vurmaq istəmirsən, çünki qabdan qalan olduğunu bilirsən.

– Qadın paltarını qaldırıb, qırçınlı tumanının gözəlliyini göstərəndə, hiss olunur ki, o, kişilərin onu tez-tez görməsinə alışmış qadın kimi geyinir.

– Biz olmayan yer yaxşıdı; biz artıq keçmişdə yoxuq, buna görə də keçmiş qəşəng görünür.

– Ah, nə yaxşı olardı ki, təhsilə əməksevərlik, əməksevərliyə isə təhsil qatılaydı.

– Həmişə xəbərdarlıq edən bir nəfər: Mən sifilis deyiləm. Mən namuslu adamam. Mənim arvadım namuslu arvaddı.

– X. bütün ömrü boyu qulluqçuların korlanmasından, onları tərbiyələndirmək, ipə-sapa yatırmaq yollarından danışır və yazır, sonra ölür, öləndə yanında ancaq lakeyi və aşpazı olur.

– Qız uşağı xalası haqqında: xalam elə gözəldi, elə gözəldi, lap bizim it kimi!

– Sevgi məktubundan: «cavab məktubu üçün marka qoyuram».

– Kənd camaatının ən yaxşıları şəhərə gedir, buna görə də kənd batır və batacaq.

– Meyiti soyundurublar, əlcəyi çıxarmağa vaxt tapmayıblar; əlcəkli meyit.

– Nahar edən mülkədar öyünür: kənddə yaşamaq ucuzdu – toyuq özümüzün, donuz özümüzün – yaşamaq ucuzdu.

– Əsil kişi bir ərlikdən, bir də vəzifədən ibarətdir.

– N. hər gün X.-gilə gedir, söhbət edir, canyananlıq göstərir; qəflətən X. evdən çıxıb gedir, rahatlığını tərk edir. N. onun anasından qəfil gedişin səbəbini soruşur. O, cavabında deyir: Ona görə ki, siz hər gün gəlirdiniz.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
Yazıldığı tarih:
1883
Hacim:
61 s. 2 illüstrasyon
ISBN:
978-9952-8202-7-0
Telif hakkı:
JekaPrint

Bu kitabı okuyanlar şunları da okudu