Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qeyd dəftərçələri. Məktubları», sayfa 3

Yazı tipi:

– Poetik nişanlanma oldu, sonra o cür axmaqlar! o cür uşaqlar!

– Dəniz tufanı. Hüquqşünaslar buna cinayət kimi baxmalıdırlar.

– İçmişdi, yanağının biri yanırdı.

– Vəbadan qorxduğu üçün öldü.

– Ər-arvad qonaqpərvərdilər, çünki tək qalanda dalaşırlar.

– Vaxtının az olmasını istəyirsənsə, heç bir iş görmə.

– Ey mənim cəsur başım, mən səni hələ çoxmu gəzdirəcəm.

– Ömründə birinci dəfə əlindən öpdülər, qadın dözə bilmədi, ərinə xəyanət elədi, kefə başladı.

– Özünü satmaqla dolanan N. xanım müştərisinin hər birinə deyir: mən səni ona görə sevirəm ki, sən başqalarına oxşamırsan, hamı kimi deyilsən.

– Ziyalı, daha doğrusu, ziyalı təbəqəsinə mənsub qadın yalançılığı ilə fərqlənir.

– Arvad yazı-pozuyla məşğul olur, bu, kişinin xoşuna gəlmir, amma abrına salıb dinmir və bütün ömrü boyu əzab çəkir.

– Aktyorun pulu olanda məktub yazmır, teleqram vurur.

– İtlər onları yedirdən, əzizləyən sahiblərinə yox, onları döyən yad arvada – aşpaza meyl salmışdılar.

– Sofi qorxurdu ki, yelçəkəndən itə soyuq dəyər.

– 80 yaşlı qoca 60 yaşlıya deyir: ayıbdı, cavan oğlan.

– 45 yaşlı qadına ilişəndən sonra qorxunc hekayələr yazmağa başlamışdı.

– Təklikdən qorxursunuzsa evlənməyin.

– Faust: sənə məhz bilmədiyin lazımdı, bildiyin karına gəlməyəcək.

– Yalan da desən sənə inanacaqlar, təki nüfuzlu danış.

– O, elə güman edirdi ki, kişiliyi və ya qadınlığı ancaq həkimlər müəyyənləşdirə bilir.

– Kişi hər gün nahardan sonra rahibliyə gedəcəyi ilə arvadını qorxudur, arvad oturub ağlayır.

– N. arvadının xəyanətindən xəbər tutur. Əsəbiləşir, dilxor olur, amma astagəllik edir, dinmir. Susur, susur və axırda gedib, arvadının oynaşı Z.-dən pul borc alır, bununla belə özünü yenə də namuslu adam sayır.

– Poeziyada və bədii əsərdə lazım olan yox, arzu olunan əksini tapır; bunlar kütlədən uzağa getmir və kütlənin ən yaxşılarının istəklərini ifadə edir.

– N. yaxşı pyes yazır; heç kəs onu tərifləmir, heç kəs sevinmir, deyirlər: görək, indi nə yazacaqsınız!

– İbseni tədqiq etmək üçün xeyli vaxt itirəndən, zəhmət sərf edəndən sonra İsveç dilini öyrənir və qəflətən dərk edir ki, İbsen böyük yazıçı deyil, indi bilmir ki, İsveç dilini neyləsin.

– Sevincək, həyatsevərliklə: – təqdim eləməyə çox şadam, İv. İv. İzqoyev, arvadımın oynaşı.

– Susuz olanda sənə elə gəlir ki, dənizi tamam içə bilərsən – bu inamdı, içməyə başlayanda isə bir-iki stəkanla kifayətlənirsən – bu elmdi.

– Əgər istəyirsənsə səni sevsinlər, orijinal ol; mən adam tanıyıram ki, yayda da, qışda da keçədə gəzirdi və ona vurulurdular.

– Bir xanım şikayətlənir: yazıq qardaşım, çox az maaş alır, cəmisi 7 min.

– Qadın: – Mən indi ancaq bircə şey görürəm: sənin iri ağzın varmış! iri ağzın! nəhəng ağzın!

– Bir xanım tanışına yazır: – «biz sizin dözülməz yaxınlığınızda yaşayacağıq».

– Ömrü boyu kapitalizmdən, milyonlardan yazmışdı, pulu isə heç vaxt olmamışdı.

– Günəş şəfəq saçır, mənim qəlbimdə isə qaranlıqdı.

– Ana, siz qonaqların közünə görünməyin, yaman köksünüz.

– Məhəbbət? Vurulmaq? Qətiyyən, mən kollec asesoruyam.

– Anasının qarnından çıxmamış uşaq kimi az bilir.

– Alim olmamış ehtiram gözləməyə başladı.

– Mənim devizim: mənə heç nə lazım deyil.

– Dünyaya özünün rəzillik zirvəsindən baxırdı.

– Nişanlınız yaxşı qızdı!

– Mənim üçün hamısı birdi.

– İndi üçüncü ərdəyəm… Birincinin adı İvan Makarıç idi… ikincininki Petr… Petr… yadımdan çıxıbdı.

– Səhərdi; N.-nin bığları kağıza bükülüdü.

– Həkimi dəvət etmək, feldşeri çağırmaq.

– İnsan (kəndli) nə qədər ağılsız olsa, at onu bir o qədər yaxşı başa düşər.

1897–1904

– Cənablar, hətta insan kədərinin özündə də kədərli nəsə var.

Ayrı-ayrı səhifələrdəki qeydlər

– Xala haqqında: o, məni sevmir, mənə qarşı olan xalalıq borcunu sevir.

– Tarix kralların, döyüşlərin tarixi yox, ideyaların tarixi olmalıdır.

– Moskvada olanda Olqa evdən məktub alırdı: evdəkilər şikayətlənirdilər ki, qocalar hələ də ölməyiblər, müftə çörək yeyirlər.

– Ancaq onu deyə bilərəm, cənablar: xoşbəxtsiniz ki, əyalətdə yaşamırsınız.

– Varlılar hər şeyi özlərinə götürüblər, hətta kasıbların yeganə sığınacaq yeri olan kilsəni də.

– Bədbəxtçilik burasındadır ki, biz ən sadə sualları da bicliklə həll etməyə çalışırıq, buna görə də onları qeyri-adi dərəcədə mürəkkəbləşdiririk. Sadə həlli tapmaq lazımdı.

– Elə bazar ertəsi yoxdu ki, yerini çərşənbə axşamına verməsin.

Məktublar

N. A. Leykinə

12 yanvar 1883, Moskva

3–1–12

Mərhəmətli cənab Nikolay Aleksandroviç! Səmimi məktublarınıza cavab olaraq Sizə bir neçə şey göndərirəm. Qonorarı aldım, jurnalı da alıram (çərşənbə axşamı günləri), hər ikisinə görə təşəkkür edirəm. Əməkdaşlığı davam etdirmək barədə səmimi dəvət üçün də təşəkkürümü bildirirəm. «Oskolki» də xüsusi həvəslə əməkdaşlıq edirəm. Jurnalınızın tutduğu yol, onun xarici görünüşü və jurnalı necə idarə etməyiniz həmişə olduğu kimi təkcə məni maraqlandırmayacaqdır.

Kiçik həcmli yazıların dalında mən də dağ kimi dururam və əgər mən yumoristik jurnal buraxsaydım, uzunçuluğa qətiyyən yol verməzdim. Moskva redaksiyalarında uzunçuluğa qarşı təkcə mən üsyan edirəm (yeri gəlmişkən deyim ki, bu, hərdənbir kiminsə dərsini verməkdə mənə mane olmur… Ciddi qüvvəyə qarşı boş əllə çıxmaq mümkün deyil!), eyni zamanda, hiss edirəm ki, «həcm çərçivəsi» başıma az bəla açmır. Bu məhdudluqlarla barışmaq bəzən çox çətin olur. Məsələn… Siz həcmi yüz sətirdən artıq olan məqaləni qəbul etmirsiniz; yəqin ki, bunun səbəbi var… Mən bir mövzu fikirləşmişəm. Oturub yazmaq istəyən kimi «100» və «Çox olmasın» fikri elə ilk sətirlərdən əl-qolumu bağlayır, mövzunu imkan daxilində qısaldır, dönə-dönə süzgəcdən keçirir, bəzi yerləri pozub ixtisar edirəm. Bəzən bu (müəllif həssaslığı ilə hiss etdiyim kimi) mövzuya da, (başlıca olaraq) formaya da ziyan gətirir. Qısaltdıqdan və süzgəcdən keçirdikdən sonra sətirləri hesablamağa başlayıram. 100, 120, 140 sətir saydıqdan sonra («Oskolki» yə göndərdiyim yazıların həcmi bundan artıq olmur) qorxur və… yazını göndərmirəm. Kiçik formatlı poçt kağızının dördüncü səhifəsinə keçməyə başlayan kimi şübhə məni yeyir və mən… yazını göndərməli olmuram. Çox vaxt sonluğu tələm-tələsik çeynəyib tökmək və özümün istəmədiyim bir variantı göndərmək məcburiyyətində qalıram… «Yeganə vasitə» məqaləmi qəm-qüssəmin nümunəsi kimi Sizə göndərirəm. Qısaltmışam və Sizə ixtisar edilmiş şəkildə yollayıram. Bununla belə, mənə elə gəlir ki, məqalə Sizin üçün son dərəcə uzundur, halbuki, məncə, onu iki bu uzunluqda yazsaydım, ikiqat duzlu və məzmunlu olardı. Bundan kiçik məqalələrim də var, ancaq onlardan da razı deyiləm. Başqa vaxt, bəlkə də, göndərərdim, amma indi heç cür qərara gələ bilmirəm.

Bütün bunlara görə bir xahişim var: mənə 120 sətrədək yazmağa icazə verin… Əminəm ki, bu hüquqdan nadir hallarda istifadə edəcəyəm. Ancaq biləndə ki, belə bir imkanım var – əl-qolum açılacaqdır.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
Yazıldığı tarih:
1883
Hacim:
61 s. 2 illüstrasyon
ISBN:
978-9952-8202-7-0
Telif hakkı:
JekaPrint

Bu kitabı okuyanlar şunları da okudu