Kitabı oku: «Qala», sayfa 7
– Görürəm ki, bütün bu xəstəlik tarixlərinə qulaq asmaq sizi lap usandırmışdır.
– Yox, – Kristin etiraz etdi. – Onlar məni qətiyyən usandırmır.
Hər ikisi susdu. Sonra Əndru təzədən soruşdu:
– Həmson xoşunuza gəlmədi?
– O qədər də yox. – Kristin birdən ona sarı çevrildi. Daha özünü saxlaya bilmədi, gözləri nəcib, hədsiz narazılıqla parladı: – Özünü yağlamış, sığallamış bu adam bütün axşamı oturub axmaqcasına gülümsünür, hələ sizinlə bir himayədarcasına rəftar etməyə belə cəsarət edir.
Təəccüblənmiş Əndru təkrar etdi:
– Himayədarcasına?
Kristin əsəbi halda başını tərpətdi.
– Bəli! Onun sözlərinə, hərəkətlərinə dözmək qətiyyən mümkün deyildi, "Bir oğlan qonorar məsələsinin ən yaxşı həlli yolunu mənə göstərdi". Özü də siz ona İmrislə bağlı nadir hadisəni nəql etdikdən dərhal sonra! Həm də xəstəliyi ur adlandırdı! Hətta mən bilirəm ki, bu, həmin xəstəliyin tamam əksidir. Bəs onun yanına xəstə göndərməyiniz haqqındakı təklifi! – Kristin dodaqlarını büzdü. – Daha bundan artıq nə istəyirsiniz?! – O, bərk qəzəblənərək sözünü bitirdi: – Ah, mən özümü güclə saxlayırdım! Onun özünü sizdən yüksək tutması məni lap dəli edirdi!
Əndru özünü itirmiş halda dedi:
– İnanmıram ki, o, özünü məndən yüksək tutsun. Düzdür, bu gün o, ancaq özü ilə məşğul olan adam təsiri bağışlayırdı. Bu, bəlkə də ondan irəli gəlirdi ki, bu gün kefi çox kökdü. O, indiyədək tanıdığım adamların ən xoşagələnidir. Universitetdə bərk dostduq. Dərsi bir yerdə əzbərlərdik.
Kristin ona xas olmayan tərzdə – ürəyi yana-yana dilləndi:
– Yəqin ona lazım olduğunuzu nəzərə alıbmış. Sizinlə ona görə dostlaşıb ki, dərs öyrənməkdə ona kömək edəsiniz.
Əndru dilxor halda etiraz etdi:
– Kris, adamlar haqqında belə nalayiq danışmayın.
– Yox, siz yəqin korsunuz! – deyə qız birdən-birə alışıb yandı, gözlərində qəzəbli yaş parıldadı. – Gərək kor olasan ki, onun necə adam olduğunu görməyəsən! Bu səfərdən aldığımız bütün xoş təəssüratı da o korladı. O, peyda olub, özündən danışmağa başlayıncayadək hər şey əla idi. Viktoriya-hollda qiyamət konsert vardı, biz ora da gedə bilərdik! Lakin biz konsertə getmədik, indi isə bir yerə getməyə vaxtımız qalmayıb, çox gecdir. Ancaq o özünün səfeh balına gecikməyəcək!
Onlar stansiyayadək bir-birindən aralı getdilər. Əndru ilk dəfə idi ki, Kristinin hirsləndiyini görürdü. O özü də hirslənmişdi – həm özünün, həm Həmsonun, həm də Kristinin əlindən, hər halda Kristin haqlı idi: gecələri zay olub getmişdi. O, indi qızın solğun, gərgin üzünə çəpəki, oğrun-oğrun baxaraq hiss edirdi ki, işlər korlanıb.
Onlar stansiyaya gəldilər. Yuxarı platformaya çıxdıqları zaman Əndru qarşı tərəfdə qəflətən iki nəfəri görüb dərhal tanıdı: missis Bremvel və doktor Gebeldi. Elə həmin dəqiqə Portkoula, dəniz sahilinə yollanan qatar platformaya yanaşdı. Gebel və missis Bremvel bir-birinə gülümsünərək qatara mindilər. Parovoz fit verdi, qatar yola düşdü. Birdən Əndrunu ağır hisslər öz qoynuna aldı. O Kristinin bu səhnəni görmədiyi ümidi ilə ona ötəri nəzər saldı. Bremvelə elə bu gün səhər rast gəlmişdi. O, havanın xoş keçməsindən söz saldıqdan sonra sümüyü çıxmış əllərini ləzzətlə ovuşdurub xəbər vermişdi ki, arvadı iki günlüyə anasının yanına, Şrusberiyə gedib.
Əndru dinməzcə dayanıb başını aşağı salmışdı. O, elə vurulmuşdu ki, indicə şahidi olduğu səhnə bütün mahiyyətilə ona can ağrısı kimi bərk əzab verməyə başladı. Ürəyi sıxıldı. Onsuz da ağır keçmiş günü başa çatdırmaq üçün bircə bu axırıncı akkord çatmırdı. Əndrunun əhvalı tamam pozuldu, sevinci sönüb getdi. O, Kristinlə heç nəyin poza bilməyəcəyi uzun-uzadı söhbət etmək, ürəyini ona açmaq, aralarındakı bu səfeh və mənasız incikliyi əritmək həsrətində idi. Ən çoxu isə onunla ikilikdə qalmağı arzulayırdı. Lakin Blenelliyə gedən qatar ağzınacan adamla dolu idi. Keçən futbol oyununu ucadan müzakirə edən şaxtaçıların təpildiyi vaqonda onlar ancaq bir parça yerlə kifayətlənməli oldular.
Blenelliyə gec çatdılar. Kristin çox yorğun görünürdü. Əndru əmindi ki, o, missis Bremvellə Gebeli görüb. Onunla indi danışa bilməzdi. Kristini missis Herbertin evinədək sükutla ötürüb, kədərli halda ona xeyirli gecə arzulamaqdan başqa Əndrunun heç bir çarəsi qalmadı.
X
Əndru "Brinqouer"ə qayıdanda artıq gecə saat on ikiyə az qalırdı, gec olduğuna baxmayaraq Co Morqan bağlı ambulatoriya ilə ev arasında xırda addımlarla var-gəl edərək onu gözləyirdi. Əndrunu görən kimi qazmaçının enli sifəti arxayınlaşdı.
– Ah, doktor, nə yaxşı ki, qayıtdınız! Bir saatdır burada var-gəl edirəm. Arvadımın köməyinizə ehtiyacı var, özü də vaxtından əvvəl.
Öz şəxsi işləri haqqındakı düşüncələrdən birdən-birə ayrılan Əndru onu gözləməsini xahiş etdi. Çantası üçün yuxarı qalxdı, sonra birlikdə Bleyna-terrasa yollandılar. Gecə sərindi, müəmmalı tərzdə sakitdi. Həmişə həssas, nazik ürəkli Əndru indi ətrafdakı hər şeyə qarşı ancaq küt bir laqeydlik duyurdu. O, bilmirdi ki, bu gecə çağırışı qeyri-adi olacaq, hələ üstəlik onun Blenellidəki gələcək həyatı üçün həlledici əhəmiyyət kəsb edəcək. Hər ikisi on iki nömrəli evə çatıncayadək dinməz-söyləməz addımladı. Burada Co birdən-birə ayaq saxladı.
– Mən içəri girməyəcəyəm, – dedi və səsində daxili bir gərginlik duyuldu. – Ancaq əminəm ki, doktor, bizə kömək edəcəksiniz.
İçəridə dar pilləkən onu bircə neft lampası ilə işıqlanmış tərtəmiz, lakin kasıbyana avadanlığı olan darısqal yataq otağına gətirib çıxartdı. Burada missis Morqanın yetmiş yaşlarında, uca boylu, ağ saçlı anası və kök, yaşlı mamaça ağrı çəkən qadının yatağı yanında əyləşib, otaqda gəzişən Əndrunun üzünün ifadəsinə göz qoyaraq gözləyirdilər.
Bir neçə dəqiqədən sonra qoca ana cəld soruşdu:
– Doktor, sizə bir fincan çay gətirimmi?
Əndru ötəri gülümsündü. O, başa düşdü ki, böyük həyat təcrübəsi olan bu qoca qadın həkimin sonra, doğuş başlananda gələcəyini vəd edərək çıxıb getməsindən qorxurdu.
– Narahat olmayın, anacan, heç yerə getməyəcəyəm.
O, aşağı, mətbəxə enib ona verilən bir fincan çayı içdi. Çox yorğundu, amma başa düşürdü ki, evə getsə də bircə saat yatıb dincələ bilməyəcək. Bundan başqa görürdü ki, bu hadisə onun bütün diqqətini toplamağı tələb edəcəkdir. Nədənsə onu qəribə bir ruhi donuqluq bürümüşdü, buna görə də hər şey qurtarıncayadək o, burada qalmağı qərara aldı. Bir saatdan sonra xəstəyə baxmaq üçün yuxarı qalxdı, sonra təzədən mətbəxə enib oda yaxın oturdu. Mənzildə sakitlikdi, təkcə dəmir şəbəkə arasından külün necə səpildiyi, bir də divar saatının asta tıqqıltısı eşidilirdi. Arabir başqa səslər də diqqəti cəlb edirdi, bu da küçədə, evin qabağında gəzişən Morqanın ayaq səsləri idi. Qara paltarlı qoca ana Əndrunun qarşısında əyləşmişdi. O, heç qımıldanmırdı da. Son dərəcə canlı və ağıllı gözləri Əndrunun üzünə dikilib qalmışdı, elə bil onu öyrənir, tədqiq edirdi.
Əndrunun başında ağır, çalpaşıq fikirlər dolaşırdı.
Kardiff vağzalında gördüyü səhnə hələ də gözləri qarşısından getmir, onu həyəcanlandırır, ürəyini ağrıdırdı. O, ərini alçaqcasına aldadan arvadına məftun olmuş Bremveli, həyatını həmişəlik tərs Bloduenlə bağlamış Edvard Peyci, arvadından ayrı kədərli ömür sürən Dennini düşünürdü. Ağlı ona dönə-dönə deyirdi ki, bütün bunlar son dərəcə uğursuz, bədbəxt ailələrdir. Bununla belə çıxardığı bu nəticələr indiki vəziyyətində onu qaşqabağını tökməyə vadar edirdi. O, evlənməyi, ailəni idilliya kimi təsəvvür etmək istəyirdi, bəli, Kristinin surəti gözləri qabağından getmədiyi bir vaxtda o başqa cür təsəvvür edə bilməzdi. Önündə parlayan Kristinin gözləri başqa fikirləri yaxına qoymurdu. Buna görə də ağlın soyuq mühakiməsi, şübhələri ilə ürəyini dolduran məhəbbət arasında gedən mübarizə onda qəzəb və çaşqınlıq doğururdu. O, qıçlarını uzadıb çənəsini sinəsinə dayayaraq fikirli-fikirli alova baxırdı.
Əndru beləcə xeyli oturdu. Fikri-xəyalı Kristinlə elə məşğuldu ki, qarşısında əyləşmiş qadın onunla danışmağa başlayanda diksindi.
Qadını tamam başqa məsələlər maraqlandırırdı.
– Süzen tapşırıb ki, əgər xloroform uşağa zərər yetirəcəksə, onda ona verməsinlər. Doktor, bilirsiniz o, necə uşaq istəyir! – Qoca qadının gözləri birdən dəyişdi, daha da mehribanlaşdı, sonra o, bir qədər astadan əlavə etdi: – Elə hamımız uşaq üçün ölürük.
Əndru fikir-xəyal aləmindən çətinliklə ayrıldı. Mehribanlıqla:
– Narkozun heç bir zərəri yoxdur, – dedi. – Hər ikisi sağ-salamat olacaq.
Pilləkənin başından onu çağıran mamaçanın səsi gəldi. Əndru saata baxdı: dördün yarısı idi. O, qalxıb yataq otağına getdi. İşə başlamaq vaxtı idi.
Bir saat keçdi. Mübarizə davamlı və amansızdı. Nəhayət, sübh şəfəqinin ilk şüaları pəncərə pərdəsinin əyri-üyrü kənarından otağa süzülən zaman uşaq doğuldu, – o, cansızdı.
Əndru hərəkətsiz xırdaca bədənə baxanda dəhşətdən canına titrətmə düşdü. Bəs qohumlarına verdiyi vədlər! Əlləşməkdən pörtmüş sifəti birdən-birə soyuyub buza döndü. O, mütərəddid halda dayanmışdı, bir yandan körpəni canlandırmaq üçün bütün vasitələri sınamaq istəyirdi, bir yandan da çox təhlükəli vəziyyətdə olan anaya kömək etmək lazımdı. Bu, elə çətin dilemma idi ki, Əndru onu vicdanla həll edə bilmirdi. O, qeyri-ixtiyari, kor adam kimi körpəni mamaçaya uzatdı, efirdən sonra özünə gəlməmiş, böyrü üstdə huşsuz uzanmış, nəbzi, demək olar ki, vurmayan Süzenlə məşğul olmağa başladı. Əndru olmazın cəhd göstərir, dəli kimi vurnuxur, qadını xilas etməyə çalışırdı.
O, ani olaraq şüşə ampulanı sındırıb qadının dərisi altına pituitrin iynəsi vurdu. Sonra şprisi bir yana atıb hərəkətsiz uzanmış qadını özünə gətirməyə çalışdı. Bir neçə dəqiqə böyük canfəşanlıqla keçdi, nəhayət, qadının ürəyi bərkdən döyünməyə başladı. Əndru gördü ki, daha ondan arxayın ayrılmaq olar. Birdən-birə geri çevrildi. O, pencəksizdi, saçları tərli alnına yapışmışdı.
– Uşaq hanı?
Mamaça qorxa-qorxa uşağı qoyduğu yeri – çarpayının altını göstərdi.
Əndru bir anda dizi üstə düşdü. Çarpayının altındakı yaş qəzetləri əllərilə yoxlayaraq onların arasından uşağı çıxartdı. Bu, gözəl tən-dürüst oğlan uşağı idi. Onun süst, lakin hələ də isti olan xırdaca bədəni piy kimi ağ və yumşaqdı. Tələsik kəsilmiş göbəyi sınmış saplaq kimi sallanırdı. Hamar və zərif dərisinin çox gözəl çaları vardı. Başı nazik boynu üstündə güclə qalmışdı. Qolları və qıçları elə bil tamam sümüksüzdü.
Əndru diz üstdə durub qaşqabaqla uşağa baxırdı. Bu ölü ağlığı ancaq bir şeydən ola bilərdi: Asphyxia pallida göz qabağında idi. Sonra Əndru qeyri-təbii gərginliklə bütün fikrini toplayaraq vaxtilə Samaritan xəstəxanasında müşahidə etdiyi bir hadisəni və onda tətbiq olunan üsulları tez yada salmağa başladı. Bir anda ayağa sıçrayıb mamaçaya müraciət etdi:
– İsti və soyuq su, iki də tas gətirin… Cəld olun, cəld olun!
Qadın gözlərini ağappaq ölü körpə bədəninə zilləyib dili dolaşa-dolaşa kəkələdi:
– Axı, doktor…
Əndru bağırdı:
– Tez olun!!
Sonra adyalı qapıb uşağı üstünə qoydu, xüsusi üsulla ona süni nəfəs verməyə cəhd göstərdi. İki tas, dolça, böyük dəmir çaynik gətirdilər. Əndru dəli kimi cəld hərəkətlə taslardan birinə soyuq su tökdü, o biri tasda isti su ilə soyuq suyu qarışdıraraq əlini yandıran temperatura çatdırdı. Sonra ağlını itirmiş bir fokusçu kimi uşaqla iki tas arasında jonqlyorluq etməyə – onu gah bumbuz suyun, gah da buxarlanan isti suyun içinə salmağa başladı.
Beləcə on beş dəqiqə keçdi. Əndrunun alnından axan tər gözlərinə dolur, görməyinə mane olurdu, köynəyinin bir qolu tamam islanıb sallandı, ondan su süzülürdü. Sinəsindən nəfəsi fışıltı ilə çıxırdı. Körpənin süst bədənində isə əvvəlki kimi həyatın əsər-əlaməti görünmürdü. Məğlubiyyətin acısı, ümidsizlikdən doğan hiddət Əndrunu boğurdu. O, hiss edirdi ki, mamaça tamam mat qalaraq onun hərəkətlərinə göz qoyur, orada, otağın dərinliyində divara qısılmış (bütün bu müddət ərzində beləcə dayanmış) Süzenin qoca anası isə boğazından yapışaraq cınqırını belə çıxarmır, ancaq odlu gözlərini ona dikib dururdu. Əndru bu qarının da, qızı həsrətlə uşaq istədiyi kimi, necə nəvə arzuladığını xatırladı. Lakin hər şey məhv oldu, bütün bunlar nahaqmış, daha heç bir şey kömək edə bilməz. Döşəmədə aləm bir-birinə qarışmışdı. O, təsadüfən dəsmalı tapdalayanda az qala uşağı salacaqdı – uşaq ağ, yaş balıq kimi əlindən sürüşdü.
Mamaça zarıya-zarıya dedi:
– Allah köməyiniz olsun, doktor. Axı, o, ölü doğulub.
Əndru onu eşitmir, görmürdü. Yarım saatlıq nahaq əlləşmədən sonra tamam ümidini itirmiş, ruhdan düşmüş Əndru, daha bir – axırıncı təşəbbüsə əl atdı – uşağın bədənini cod dəsmalla sürtməyə başladı.
O, körpənin bapbalaca sinəsini gah iki əlilə basır, gah da buraxaraq süst bədənin nəfəs almasına çalışırdı.
Birdən – ah, möcüzə baş verdi! – əlləri altındakı xırdaca sinə qırıq-qırıq tərpəndi, qalxdı. Sonra bir də. Üçüncü dəfə Əndrunun başı hərləndi. Bu qədər nahaq, faydasız cəhddən sonra barmaqları altında birdən-birə ilk həyat əlamətlərinin görünməsi elə gözəl, elə xoşdu ki, həyəcandan az qala Əndrunun halı xarab olacaqdı. O, səyini ikiqat artırdı. Uşaq getdikcə daha dərindən nəfəs almağa başladı. Burnunun bir cıqqılı pərəsində köpük qabarcığı göründü – elə gözəl, elə xoş qabarcıqdı ki!.. Körpənin bədəni daha sümüksüz kimi görünmürdü. Xırdaca başı da dala düşmür, sallanmırdı. Ağ dərisi get-gedə çəhrayıya çalmağa başlayırdı. Nəhayət, – ah, nə böyük səadət! – uşağın çığırtısı eşidildi.
Mamaça birdən çılğınlıqla hönkürdü:
– Ey gözə görünməz allah! O… o dirildi!
Əndru uşağı ona verdi. Tamam sarsılmışdı, birdən-birə özündə bərk zəiflik duydu. Otaqda, onun ətrafında aləm bir-birinə qarışmışdı: adyal, dəsmal, taslar, çirkli alətlər, linoleuma sancılıb qalmış şpris, yıxılmış dolça, dağılmış suyun içində böyrü üstdə düşmüş çaynik. Ana narkozdan sonra eşilmiş yataqda hələ də rahatca yatırdı. Qarı əvvəlki kimi divara yapışıb qalmışdı. Ancaq əllərini cütləmişdi, dodaqları tərpənirdi: o, dua edirdi.
Əndru qeyri-ixtiyari köynəyinin suyu süzülən qolunu sıxdı, pencəyini geydi. Mamaçaya dedi:
– Çantamın dalınca sonra gələrəm.
Sonra aşağı endi, mətbəxdən keçib qab-qacaq otağına gəldi. Ağzı qupquru qurumuşdu. Doyunca su içdi. Şlyapasını və paltosunu götürüb çıxdı. Qapıdan çıxanda daş döşəməli küçədə gərgin, intizar içində dayanmış Co ilə toqquşdu. Xırıltılı səslə dedi:
– Hər şey qaydasındadır, Co. İkisi də sağ-salamatdır.
Səhər saat beşə az qalırdı, hava tamam işıqlanmışdı.
Küçələrdə tək-tək şaxtaçılar görünürdü, birinci növbə işini qurtarıb evə qayıdırdı. Yorulub əldən düşmüş, qıçlarını güclə sürüyən Əndru şaxtaçılarla yanaşı yeriyir, sübhün sakitliyində onların ayaq səsləri həmahəng eşidilirdi. Blenellidə bu vaxtadək gördüyü bütün işləri unudan, gözü ətrafda heç bir şey görməyən Əndru ancaq öz-özünə dönə-dönə təkrar edirdi: "İlahi, axır ki, axır ki, mən əsl bir iş görə bildim!"
XI
Çimib üzünü qırxdıqdan sonra (Enninin sayəsində o, istədiyi qədər isti su ilə təmin olunurdu) Əndru yorğunluğunun bir qədər keçdiyini hiss etdi. Lakin yatağının toxunulmaz qaldığını görən missis Peyc səhər yeməyi zamanı ona kinayəli sözlər atır, atmacalarının sükutla qarşılandığını görərək daha da qızışırdı.
– Ha-ha! Doktor, bu gün çox yorğun görkəminiz var. Gözlərinizin altı da qaralıb. Suonsidən ancaq səhər qayıtmısınız, hə? Mənə Perrinin pirojnasından gətirməyi də unutmusunuz! Əlbəttə, əzizim, unudarsınız da! Allah bilir nə qədər içmisiniz! Ta-ta-ta! Yox, məni aldada bilməzsiniz! Mən elə bilirdim, bilirdim ki, siz o qədər də fağır deyilsiniz. Bütün siz köməkçilər bir bezin qırağısınız. Kim gəlib çıxırsa – ya içki düşkünü olur, ya da başqa bir günah sahibi!
Ambulatoriyada səhər qəbulundan və evlərdə xəstələrə baş çəkdikdən sonra Əndru Morqanın arvadına baş çəkməyə getdi. Bleyna-terrasa dönəndə birin yarısı idi. Orda-burda xırda evlərin açıq qapıları ağzında dəstə-dəstə qadınlar dayanıb laqqırtı vururdular. Əndru onların yanından keçəndə onlar söhbətlərini yarımçıq kəsib ona gülümsəyir, mehribanlıqla onu salamlayırdılar. On iki nömrəli evə çatanda ona elə gəldi ki, kimsə pəncərədən baxır. Zənni düz çıxmışdı. Onu gözləyirdilər. Artırmanın təzəcə yuyulub, sürtülüb par-par parıldayan pillələrinə ayaq basmağa macal tapmamış qapı taybatay açıldı, qırışlı üzü gülümsəyən qarı çıxaraq onu içəri dəvət etdi.
Qarı həkimi mümkün qədər yaxşı qəbul etmək istədiyindən söz tapmağa çətinlik çəkirdi. Əvvəlcə Əndrunu toqqasının altını bərkitmək üçün qonaq otağına aparmaq istədi. Əndru razı olmayanda qarı özünü itirdi.
– Hə, yaxşı, yaxşı, doktor, qoy siz deyən olsun. Onda bəlkə gedənə yaxın bir damcı kəndalaş arağı içməyə, bir parça piroq yeməyə vaxt tapa bildiniz. – Bunu deyib titrək əllərilə Əndrunu yataq otağına gedən pilləkənə sarı yönəltdi.
Əndru içəri girdi. Dünən sallaqxanaya oxşayan balaca otaq elə yığışdırılmış, elə təmizlənmişdi ki, hər şey parıldayırdı. Onun tibb alətləri laklı taxta kamodun üstünə səliqə ilə yığılıb işıldayırdı. Dəri çantası yaxşıca təmizlənmişdi, bağlanan yeri diş tozu ilə elə sürtülmüşdü ki, gümüşə oxşayırdı. Yataq da tamam dəyişmişdi – təzələnmiş ağın üstündə uzanmış ana dilsiz səadətlə cilvələnən yaraşıqsız üzünü, iri döşünü sakit-sakit əmən körpənin üzərinə əymişdi.
Onu görən kimi gonbul mamaça sevinclə gülümsəyərək:
– A, doktor! – deyib çarpayı yanındakı yerindən qalxdı.– Bir baxın, doktor, indi hər ikisi çox qiyamət görünür, elə deyilmi? Onlar sizinlə mənə nə qədər əzab verdiklərini heç bilmirlər. Vallah, heç bilmək də istəmirlər!..
Süzen Morqanın utancaq gözləri hərarətlə, anlaşılmaz bir tərzdə nəsə deyirdi. O, dodaqlarını yalayıb minnətdarlıq bildirən sözlər deməyə çalışdı. Mamaça başını tərpətdi:
– Bəli, bəli, minnətdarlıq etməyə dəyər! Mənim əzizim, unutmayın ki, bu yaşda siz ikinci dəfə doğa bilməyəcəksiniz, Əgər bunu xilas etməsəydik, bir daha uşaq üzü görməyəcəkdiniz.
Bu vaxt kandarda görünən qarı amiranə tərzdə onun sözünü kəsdi.
– Bilirik missis Cons! Bilirik ki, bütün bunlardan ötrü doktora borcluyuq.
Süzen tərəddüdlə Əndrudan soruşdu:
– Mənim Coum sizə gəlibmi?.. Yox? Deməli gələcək, arxayın olun. Şadlığından lap başını itirib. Ancaq təəssüf edir ki, Cənubi Afrikada bizi müalicə etmək lazım gəlsə – siz olmayacaqsınız.
Əndru piroqdan, evdə hazırlanmış kəndalaş arağından lazımi qaydada yeyib-içdikdən sonra (əgər o, nəvəsinin sağlığına içməkdən boyun qaçırsaydı qarı ondan bərk inciyərdi), təzədən xəstələrini yoluxmağa yollandı. Ürəyi sevinclə dolu idi. O, qürurla düşündü: "Onlar məni ingilis kralı kimi qarşıladılar". Bu epizod Kardiff vağzalındakı görüşün təsirinə qarşı yönəldilmiş yaxşı vasitə oldu. Morqanların evini dolduran xoşbəxtlik evlənmənin və ailə həyatının xeyrinə danışan yaxşı sübutdu.
İki həftədən sonra, yəni Əndrunun on iki nömrəli evə gedib-gəlməsinə daha ehtiyac qalmadıqda Co Morqan onun yanına gəldi. Conun qeyri-adi, təntənəli görkəmi vardı. O, əzab çəkə-çəkə xeyli müddət lazımi sözlər axtardı, sonra birnəfəsə başladı:
– Eh, zəhrimar! Bilirsinizmi, doktor, mən gözəl danışa bilmirəm. Sizin ailəmiz üçün etdiklərinizi heç bir pulla ödəmək mümkün deyil. Bununla belə arvadımla mən bu kiçik hədiyyə ilə az da olsa xəcalətinizdən çıxmaq istəyirik.
Sonra bir kağız parçasını cəld Əndruya uzatdı. Bu, beş gineyalıq çekdi.
Əndru çekə baxdı. Morqangil pis yaşamırdılarsa da, varlı da deyildilər. Bu hədiyyə xüsusilə indi, Cənubi Afrikaya köçmək üçün onlara çoxlu pul lazım olacağı bir vaxtda ailənin böyük fədakarlığı idi, nəcib səxavətini göstərirdi. Mütəəssir olmuş Əndru dedi:
– Co, dostum, bunu ala bilmərəm.
Co əlini Əndrunun əli üstünə qoyub ciddi tərzdə, təkidlə etiraz etdi:
– Almalısınız. Yoxsa arvadım da, mən də sizdən bərk inciyərik. Bu pulu şəxsən sizə veririk, doktor Peycə yox. Uzun illər məndən çıxılan pulu o almışdır, biz isə bu vaxtadək onu bircə dəfə də narahat etməmişik. O, kifayət qədər alıb. Bizim bu hədiyyəmiz isə sizədir, doktor, başa düşürsünüzmü?
Əndru gülümsəyib başını tərpətdi:
– Bəli, başa düşürəm, Co.
O, çeki büküb jiletinin cibinə qoydu, bir neçə gün heç yada da salmadı. Gələn çərşənbə axşamı Qərb bankının yanından ötərkən ayaq saxladı, bir dəqiqə fikrə getdi, sonra içəri girdi. Miss Peycin ona nağd verdiyi zəhmət haqqını həmişə poçtla Fond idarəsinə göndərdiyindən onun bankla hələ bir dəfə də alış-verişi olmamışdı. İndi isə cibində öz pulu olduğunu fərəhlə xatırlayıb, Conun hədiyyəsini öz adına banka qoymağı qərara aldı.
Arakəsmənin yanında çekin arxasına qol çəkdi, lazımi blankları doldurdu və bütün bunları cavan kassirə verib təbəssümlə dedi:
– Burda pul az olsa da – başlanğıcdır.
Bu vaxt gördü ki, Ənyurin Ris otağın o başında dayanıb ona göz qoyur. Əndru qapıya sarı yönələndə uzun başlı direktor əlində tutduğu çeklə arakəsməyə yaxınlaşdı. Çeki ehmalca hamarlaya-hamarlaya eynəyinin üstündən çəpəki Əndruya baxdı.
– Hər vaxtınız xeyir, doktor Mənson. Necəsiniz?
Araya sükut çökdü. Direktor sarı dişləri arasından fışıltı ilə nəfəs aldı.
– Hm… Siz bu pulu şəxsi hesabınıza keçirmək istəyirsiniz?
Əndru bir balaca heyrətlənərək cavab verdi:
– Bəli. Yoxsa bu, cari hesab açmaq üçün çox azdır?
– Yox, yox, doktor! Məsələ pulun qədərində deyil. Sizi müştərilərimiz sırasında görməyimizə çox şadıq. – Ris çeki nəzərdən keçirib duruxdu, sonra xırda, şübhəli gözlərilə Əndrunun üzünə baxdı. – E… Siz bunu öz adınıza keçirmək istəyirsiniz? .
– Bəs nə, əlbəttə!
– Çox gözəl, çox gözəl! – Onun sifəti birdən-birə öz ifadəsini dəyişdi, solğun təbəssümlə işıqlandı. – Elə-belə ağlıma gəldi də… Yoxlamaq istədim. Havalar da nə xoş keçir! Doğrudurmu? Sağ olun, doktor Mənson, sağ olun!.
Mənson karıxmış halda bankdan çıxdı, öz-özündən soruşdu ki, bütün düymələri möhkəm bağlanmış bu daz vücud görəsən ondan nə istəyirdi. O, bu suala ancaq bir neçə gündən sonra cavab tapdı.