Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qala», sayfa 6

Yazı tipi:

VIII

Kristin onu əvvəlkindən daha çox düşündürürdü. Lakin indi bu düşüncələr, fikirlər tamam başqa rəng almışdı. O daha məyus olmurdu, xoşbəxtdi, gümrahdı, böyük ümidlərlə yaşayırdı. Əhvali-ruhiyyəsinin dəyişikliyi dərhal işinə də öz təsirini göstərdi. O, hələ elə cavandı ki, təxəyyülünün xəyalında canlandırdığı müxtəlif mənzərələrdə, vəziyyətlərdə Kristin onun xəstələri necə müalicə etdiyinə göz qoyur, müalicə üsullarının mükəmməlliyini, xəstələri vicdanla müayinə etdiyini görür: hər şeyi öyrənməyə səy göstərdiyinə və düzgün diaqnozlarına görə onu tərifləyirdi. Bəzən bir xəstə üstə getmək istəməyəndə, yaxud xəstəni əməlli-başlı dinləmədən nəticə çıxarmaq fikrinə düşəndə ağlına gələn ani bir fikirdən sarsılar, qolları yanına düşərdi: "Yox! Mən belə etsəm, bəs o haqqımda nə düşünər?!

Onun baxışları Denninin hər şeyi başa düşən istehzalı baxışları ilə dəfələrlə qarşılaşmışdı. Lakin bu, ona toxunmurdu. Təbiətinə xas olan çılğın idealizm sayəsində o, Kristini öz məqsədlərilə bağlayır, ilham mənbəyini qeyri-ixtiyari olaraq onda görürdü, Kristin onu məchul gələcəyi fəth etmək kimi böyük bir işə ruhlandırırdı.

Əndru öz-özünə etiraf edirdi ki, getdikcə tez-tez əslində heç nə bilmədiyi üzə çıxır. Lakin o, müstəqil düşünməyi öyrənir, xəstəliyin zahiri əlamətləri arxasında onun əsl səbəblərini axtarıb tapmağa çalışırdı. O, elmə heç vaxt indiki kimi qüvvətli meyl duymamışdı. O, heç vaxt alçalmamağa, mənfəətini güdməməyə, tələsik nəticələr çıxarmamağa, siqnaturaların üstündə "təkrar etməli" sözlərini yazmaq səviyyəsinə enməməyə söz vermişdi. O, kəşflər etməyi, elm naminə çalışmağı, Kristinə layiq olmağı arzulayırdı.

Böyük ruh yuksəkliyilə yaşadığı belə bir vaxtda həkimliyinin birdən-birə darıxdırıcı və yeknəsəq hal alması onu dilxor edirdi. O, dağları yerindən tərpətmək həvəsində ikən son bir neçə həftədə qabağına ancaq təpəciklər çıxırdı. Bütün xəstəliklər şablondu, son dərəcə maraqsızdı – burxulmalar, cüzi bıçaq yaraları, zökəmlərdi. Bir hadisə isə təhqirin lap son həddi oldu: iki mil uzaqlıqda yaşayan bir qarının üstünə çağrılmışdı; qarı flanel ləçəyinin içindən görünən sapsarı sifətini irəli uzadıb xahiş elədi ki, həkim ayağının döyənəyini kəssin.

Əndru özünü axmaq vəziyyətdə hiss edir, uğursuzluğuna hirslənir, fırtına arzulayırdı.

O, özünə şübhə ilə yanaşmağa başladı, öz-özündən soruşdu: doğrudan da, belə ucqar bir yerdə işləyən həkim adi peşəkardan başqa daha nə ola bilər? Sonralar, tamam ruhdan düşdüyü vaxtlarda isə elə bir hadisə baş verdi ki, ümidlərinin termometrində civə sütununun yenidən yuxarı sıçramasına səbəb oldu.

İyunun son həftəsinin axırında, Mənson dəmiryol körpüsündən keçərkən doktor Bremvelə rast gəldi. Gümüş kral meyxananın yan qapısından küçəyə sıçrayıb əlinin dalı ilə oğrun-oğrun dodaqlarını sildi. Geyinib-kecinmiş, şən Qledis hər dəfə şübhəli səyahətinə – "şey-şüy almaq üçün" Toniqlenə yollandığı zaman doktor bura gəlib bir-iki parç pivə içməklə təsəlli tapmağa adət etmişdi.

Əndrunun onu görməsindən heyrətlənib çaşan Bremvel hər halda vəziyyətdən çox gözəl çıxdı.

– A, Mənson! Sizi gördüyümə şadam. Elə indicə məni Pritçerdin üstünə çağırmışdılar.

Pritçerd meyxananın sahibi idi, beş dəqiqə əvvəl Əndru onun bulteryer cinsli itilə gəzməyə çıxdığını görmüşdü. Lakin Mənson heç nə demədi. Dəbdəbəli nitqləri, qəhrəmansayağı gülməli pozaları, qorxaqlığı ilə, şən Qledisin unudub tikmədiyi yırtıq corabları ilə insani tərzdə uyuşan bu Gümüş kral Əndrunun xoşuna gəlirdi.

Birgə qayıdarkən onlar öz işlərindən söz saldılar. Həkimlik işində rast gəldiyi hadisələrdən danışmağa həmişə hazır olan Bremvel indi də təşəxxüslə xəbər verdi ki, Enninin yeznəsi İmris Hyuzu müalicə edir. Onun dediyinə görə İmris son vaxtlar özünü qəribə aparır, yoldaşları ilə dalaşır, huşunu itirir. Çox əsəbi və davakar olmuşdur.

Bremvel başını mənalı tərzdə tərpədərək dedi:

– Mənson, vəziyyəti heç xoşuma gəlmir. Mən belə hallara əvvəllər də rast gəlmişəm. Ruhi xəstəyə çox oxşayır.

Əndru təəssüf etdiyini bildirdi. Hyuz ona həmnşə keytəhər və xeyirxah adam təsiri bağışlayırdı. Əndru son zamanlarda Enninin çox pərişan gəzib-dolandığını xatırladı. Bunun səbəbini soruşduqda hər dəfə qeyri-müəyyən, üstüörtülü cavablar verirdi. Belə ki, qeybət qırmaqdan xoşu gəlsə də, söhbət yaxın adamlarından düşəndə bu qadın çox qapalı olurdu. Onu narahat edən yəqin yeznəsinin xəstəliyi idi. Bremvellə vidalaşarkən Əndru yaxın günlərdə xəstənin vəziyyətində yaxşılığa doğru dönüş yaranacağına ümid etdiyini bildirdi.

Lakin gələn cümə günü səhər saat altıda yataq otağının qapısının döyülməsi onu yuxudan oyatdı. Bu, artıq tamam geyinmiş Enni idi. Gözləri qızarmışdı. Bir məktub uzatdı. Əndru zərfi açdı. Məktub doktor Bremveldəndi.

"Yubanmadan gəlin, Siz mənə təhlükəli dəlilik hadisəsini təsdiq etmək üçün lazımsınız".

Göz yaşları Ennini boğurdu.

– Doktor, bu, İmris haqqındadır. Onda nəsə dəhşətli bir şey var. Doktor, xahiş edirəm, özünüzü tez ora yetirin.

Əndru üç dəqiqəyə geyinib hazırlaşdı. Enni onu ötürərkən İmrisin vəziyyəti haqqında bacardığı kimi danışdı, məlumat verdi. Artıq üç həftədir ki, xəstələnib, heç özünə oxşamır, bu gecə isə çörək bıçağı ilə arvadının üstünə atılıb. Oluen təkcə gecə köynəyində küçəyə cumaraq güclə canını qurtara bilib. Bu qeyri-adi təzə xəbər Əndruya çox ağır təsir bağışladı.

Səhərin alaqaranlığında Əndrunun yanınca tələsik addımlayan Enni qırıq səsilə hər şeyi danışırdı. Əndru təsəlli üçün bir söz tapıb ona deməyə çətinlik çəkirdi. Onlar Hyuzun evinə çatdılar. Əndru ön otaqda üzü qırxılmamış, yaxalıqsız və qalstuksuz doktor Bremveli gördü, əlində qələm ciddi bir görkəmlə masa arxasında oturmuşdu. Qarşısında artıq yarıyadək doldurulmuş mavi blank vardı.

– A, Mənson! Yaxşı ki, belə tez gəldiniz. Çox pis vəziyyətdir. Lakin sizi çox yubandırmayacağıq.

– Nə olub ki?

– Hyuz dəli olub. Yadımdadır, hələ keçən həftə sizə dedim ki, ondan gözüm su içmir. Haqlı da çıxdım. Əqli pozğunluğun kəskin tutması. – Bremvel bu sözləri dramatik bir ifadə ilə ayrı-ayrı tələffüz etdi. – Bəli, dəliliyin coşqun forması. Onu yubanmadan Pontinyuda göndərməliyik. Bunun üçün aktda iki imza olmalıdır, – mənim və sizin imzanız. Xəstənin qohumları xahiş etdilər ki, mən sizi çağırtdırım. Qayda-qanun yəqin sizə məlumdur, elə deyilmi?

Əndru başını tərpətdi.

– Bəli. Dəlilləriniz hansıdır?

Bremvel boğazını arıtlayıb blankda yazdıqlarını oxumağa başladı. Bu, Hyuzun əqli pozğunluğunu sübut edən son həftədəki bəzi hərəkətləri haqqında uzun-uzadı, ətraflı hesabatdı.

Bremvel oxuyub qurtardıqdan sonra başını qaldırdı:

– Elə bilirəm ki, bu dəlillər kifayətdir.

Əndru öz fikrini yavaş-yavaş bildirdi:

– Çox xoşagəlməz haldır… Hm… Gedim bir baxım ona.

– Təşəkkür edirəm, Mənson. Qayıdanda məni burda taparsınız. – O, bunu deyib blanka yeni əlavələr etməyə başladı.

İmris Hyuz yataqda uzanmış, iki şaxtaçı yoldaşı (güc lazım olanda tətbiq etmək üçün) yanında əyləşmişdi. Çarpayının ayaq tərəfində Oluen dayanmışdı. Onun həmişə şən olan üzü solğunlaşmış, ağlamaqdan tamam dəyişmişdi. Qadının elə yorğun, əzgin görkəmi vardı, otaqda elə gərgin, kədərli əhvali-ruhiyyə hökm sürürdü ki, Əndrunun qəlbində ani soyuq qorxu hissi baş qaldırdı.

O, çarpayıya yanaşanda İmrisi güclə tanıdı. Onda kəskin dəyişiklik yoxdu, bu həmin İmrisdi, lakin üzünün cizgiləri hiss edilmədən qabalaşmış, başqalaşmışdı. Üzü elə bil şişmiş, burun pərələri qabarmışdı, dərisi mum rənginə çalırdı, burnunun üstündə qırmızı ləkələr görünürdü. Bədəni isə çox süstdü, elə bil yuxulu idi. Əndru onu dindirdi. İmris cavabında anlaşılmaz sözlər mızıldandı. Sonra yumruqlarını düyünləyib coşaraq rabitəsiz sözlərlə kimisə hədələməyə başladı, bu çılğın nitq, Bremvelin məlumatından əlavə, xəstəni dəlixanaya göndərməyə çox inandırıcı əsas verirdi.

Araya sükut çökdü. Əndru gördü ki, sübut, dəlil göz qabağındadır. Lakin bu dəlillər onu nədənsə qane etmirdi. O, öz-özündən soruşdu: "Hyuzu belə nitq söyləməyə vadar edən nədir? Əgər dəli olubsa – nədən olub? İmris həmişə xoşbəxt yaşamış, həyatdan razı olmuş, dərdin, ehtiyacın nə olduğunu bilməmiş, hamıya mehribanlıq göstərmişdir. Bəs müəyyən tutarlı bir səbəb olmadan nə üçün birdən-birə belə vəziyyətə düşmüşdür?"

Mənson inadla öz-özünə deyirdi: "Axı bir səbəb olmalıdır. Xəstəlik əlamətləri heç vaxt özbaşına yaranmır, göydəndüşmə olmur". Yastıq üstündəki şişmiş sifətə baxa-baxa bu tapmacanın həlli üçün baş sındıran Mənson əlini qeyri-ixtiyari uzadıb İmrisin üzünə toxundu, sonra eləcə instinktiv surətdə dərk etdi ki, xəstənin şişmiş yanağında barmaqlarının yeri qalmadı.

Birdən ağlına elektrik sürətilə bir fikir gəldi: barmaqlarını basanda şişdə niyə batıq qalmadı? Ona görə ki, – ürəyi quş kimi çırpındı! – ona görə ki, bu, şiş deyil, miksoedemadır!9 Tapmışam, vallah tapmışam! Yox, hələ tələsmək lazım deyil. O, dərhal özünü yığışdırdı. Çapa-çapa əməlli başlı nəticə hasil etmək olmaz. Gərək mətləbə tələsmədən, ehmallıca yanaşasan, ona tamamilə inanasan.

O, əyilib İmrisin əlini qaldırdı. Bəli, dərisi quru, nahamardı, barmaqları getdikcə yoğunlayırdı. Temperaturu normadan aşağı idi. Əndru ürəyində baş qaldıran hər yeni sevinc dalğasını boğa-boğa xəstəni diqqətlə, ardıcıl surətdə müayinə etdi. Bütün əlamətlər, bütün simptomlar baş sındıran mürəkkəb bir tapmacanın ayrı-ayrı ünsürləri kimi onun ehtimallarına uyğun gəlirdi. Rabitəsiz nitqi, dərisinin quruluğu, belvari barmaqları, şişmiş sifəti, yaddaşının zəifləməsi, düşüncəsindəki lənglik, onu cinayətə sövq edən hirslənib tez özündən çıxması… Bəli, bu, o qədər aydın mənzərə idi ki, sevinmək, şadlıq etmək olardı.

Əndru qalxıb qonaq otağına keçdi. Buxarı qarşısında xalça üstündə arxası alova dayanmış doktor Bremvel onu ucadan dediyi bu sözlərlə qarşıladı:

– Hə, nə oldu? Əmin oldunuz? Qələm masanın üstündədir, götürün, qol çəkin.

– Bura baxın, Bremvel, – Əndru Bremvelə baxmır, səsilə qəlbində coşub-çağlayan sevinci büruzə verməməyə çalışırdı. – Mən elə bilirəm Hyuzu Pontinyuda göndərməyimizə ehtiyac yoxdur.

– Nə?! – Bremvelin üzü getdikcə özünün adi laqeyd ifadəsini itirirdi. Heyrətlənmiş, təhqir olunmuş həkim çığırdı:

– Axı, bu adam dəli olub?

Öz həyəcanını hələ də boğmağa çalışan Əndru sakit, rəvan səslə etiraz etdi:

– Mən isə başqa fikirdəyəm, – Əndru öz həyəcanını ört-basdır edərək sakit səslə etiraz etdi. Diaqnoz qoymaq kifayət deyil. O, hələ Bremveli özünə qarşı qaldırmamaq üçün ehtiyatla danışmalı, onu inandırmalı idi.

– Məncə, Hyuzun əqli pozğunluğu ancaq xəstəlik nəticəsidir. Mənə elə gəlir ki, onun qalxanvari vəzisi sağlam deyil, bu, əsl miksoedemadır.

Bremvel donuq baxışlarını Əndruya zilləyib dayandı. O, tamam sarsılmış, çaşıb qalmışdı. Bir neçə dəfə danışmağa təşəbbüs göstərdisə də, ancaq çox qəribə səslər çıxardı. Elə bil damdan qar topaları şappıltı ilə yerə düşürdü. Bu arada gözlərini xalçadan qaldırmayan Əndru inandırıcı bir tərzdə deyirdi:

– Bir məsələ də var: Pontinyud çox axmaq yerdir! Hyuz ora düşsə – heç vaxt oradan çıxmaz. İşdir, çıxsa da, bütün ömrü boyu gözükölgəli, başıtənəli olar. Bəlkə əvvəlcə ona qalxanvari vəzi üçün dərman verək, yoxlayaq.

Bremvel titrək səsilə kəkələdi:

– Axı, doktor… Mən başa düşmürəm…

Əndru tələsik onun sözünü yarımçıq kəsdi:

– Onu sağaltsanız nüfuzunuzun necə qalxacağını təsəvvür edin! Necə bilirsiniz, bunu sınamağa dəyməzmi? Qoyun missis Hyuzu bura çağırım. İmrisi aparacaqlarından qorxduğu üçün o qədər ağlayıb ki, gözləri tamam şişib. Siz ona deyin ki, təzə müalicə üsulunu sınaqdan keçirmək istəyirik.

Bremvel etiraz etməyə macal tapmamış Əndru otaqdan çıxdı. Bir neçə dəqiqədən sonra o, İmrisin arvadı ilə qayıdanda Gümüş kral artıq çaşqınlıq vəziyyətindən çıxmış, özünü ələ almışdı. Buxarı qarşısındakı xalça üstündə şəstlə duraraq çox təntənəli bir tərzdə Oluenə bildirdi ki, "deyəsən hələ ümid yeri var". Bu vaxt onun arxa tərəfində duran Əndru xəstənin haqqındakı aktı yumurlayıb, alovun içinə tolazladı. Sonra da telefonla Kardiffə xəbər verdi ki, qalxanvari vəzi üçün dərman göndərsinlər.

Bir neçə gün davam edən məşəqqətli, həyəcanlı nigarançılıq dövründən sonra nəhayət müalicə Hyuza öz təsirini göstərməyə başladı. Başlaması ilə də bir sehr, bir ovsun kimi təsirini davam etdirməsi bir oldu. İmris iki həftədən sonra yataqdan qalxdı, iki aydan sonra isə təzədən mədəndə işləməyə başladı. Bir axşam o, şən-xürrəm Oluenin müşayiəti ilə "Brinqouerə", ambulatoriyaya gəldi ki, ömründə heç vaxt özünü belə sağlam hiss etmədiyini Əndruya xəbər versin. Hyuz xeyli arıqlasa da gümrahdı.

Oluen dedi:

– Biz bütün bu işlərdən ötrü təkcə sizə borcluyuq, doktor. Biz istəyirik Bremveldən sizə keçək. İmris hələ evlənməyimizdən əvvəl onun xəstələri siyahısında imiş. Bu Bremvel isə həkim yox, qoca keyin, axmağın biridir. Siz olmasaydınız, bizim üçün bütün bunları etməsəydiniz, o, mənim İmrisimi basacaqdı… Özünüz bilirsiniz də hara.

– Yox, Oluen, indi mənim siyahıma keçmək olmaz, – deyə Əndru cavab verdi. – Yoxsa bütün işləri korlarsınız. – Sonra həkimlik heysiyyətini bir yana qoyub dəcəlliyə başlayan uşaq kimi barmağı ilə Olueni hədələdi: – Hünəriniz var – keçin yanıma, bax bu bıçaqla atılaram üstünüzə.

Küçədə Əndruya rast gələn Bremvel kefi kök halda çığırdı:

– Həllo, Mənson! Siz yəqin ki, Hyuzu görmüsünüz, eləmi? Ha-ha! Hər ikisi mənə elə minnətdarlıq edir ki! Sizə ərz edim ki, ömrümdə heç belə müvəffəqiyyətim olmayıb.

Enni dedi:

– Qoca Bremvel hind xoruzu kimi özünü çəkib şəhərdə elə təşəxxüslə gəzib dolaşır ki, guya kimdir. Halbuki qandığı bir şey yoxdur. Arvadı da zibildir. Heç bir qulluqçu onun yanında bircə gün də qala bilmir.

Missis Peyc isə Əndruya bildirdi:

– Doktor, unutmayın ki, siz doktor Peyc üçün işləyirsiniz.

Denni həmin əhvalatı bu şəkildə şərh etdi:

– Mənson, siz indi özünüzə elə güvənirsiniz ki, daha dözülməz olursunuz. Bir allah bilir ki, siz yaxın zamanlarda necə yüksəlməyə başlayacaqsınız. Bəli, lap yaxın zamanlarda.

Lakin Əndru elmi metodunun qələbəsindən tamam məst olmuş bir halda Kristinin yanına tələsirdi, demək istədiyi bütün sözləri də onun üçün saxlamışdı.

IX

Hər il keçirilən Britaniya tibb işçiləri ittifaqının qurultayı iyul ayında Kardiffdə öz işinə başladı. (Professor Lemplafın hər ilki çıxışında universiteti bitirən tələbələrə dönmədən təlqin etdiyi kimi) hər bir namuslu həkimin üzvü olduğu bu ittifaq illik qurultayları ilə şöhrət qazanmışdı. Çox gözəl təşkil olunan bu qurultaylar onun hər istirakçısını və ailəsini kübar cəmiyyətinə mənsub əyləncələrlə, cürbəcür idman oyunları və məzəli elmi məşğələlərlə, demək olar ki, ən yaxşı mehmanxanalarda qalmaq üçün güzəştli yerlərdə şəhərin kənarındakı qədim monastırların xarabalıqlarına gəzintiyə yollanan pulsuz şarabanlarla, "İncəsənəti unutma" kitabçası ilə, cərrah alətləri və dərmanlar hazırlayan iri firmaların kataloqu ilə, yaxınlıqda yerləşən kurortda müalicə sularından istifadə etmək üçün imtiyazlarla təmin edirdi. Keçən ilki qurultayda tam bir həftə davam edən təntənələrdən sonra hər həkimə və arvadına bir qutu peçenye göndərilmişdi.

Əndru ittifaqın üzvü deyildi, çünki beş gineya üzvlük haqqı verməyə hələlik imkanı yoxdu, buna görə də hər şeyi uzaqdan-uzağa yüngül qibtə hissilə izləyirdi. O, Blenellidə özünü hər şeydən ayrı düşmüş, dünyadan uzaq bir yerdə hiss edirdi. Bayraqlarla bəzədilmiş perronlarda gülər üzlə qarşılanan, yaxud qolf yarışlarına baxmaq üçün Penart çölünə yola düşən, ya da dəniz gəzintisi zamanı gəminin göyərtəsində dayanmış həkim dəstələrinin yerli qəzetlərdə çıxan şəkilləri Əndrunun təklik hissini daha da qüvvətləndirirdi.

Lakin həftənin ortasında Kardiff mehmanxanasından aldığı məktub Əndrunun kefini kökəltdi. Məktub onun dostu Freddi Həmsondan idi. Gözlənildiyi kimi, Freddi qurultayın iştirakçısı idi. Mənsonu Kardiffə çağırırdı ki, onunla görüşsün. Şənbə günü birlikdə nahar etməyi təklif edirdi.

Əndru məktubu Kristinə göstərdi. Onda artıq instinktiv olaraq hər şeyi Kristinlə bölüşmək ehtiyacı yaranmışdı. Təxminən iki ay əvvəl qızgildə şam etdiyi axşamdan sonra Əndru ona getdikcə daha çox vurulurdu. İndi onlar tez-tez görüşurdülər, görüşlərin Kristinə açıq-aşkar həzz verməsindən ruhlanan Əndru ömrünün ən xoşbəxt günlərini keçirirdi. Bəlkə də məhz Kristinin təsiri altında o, dərhal təmkinli, ağır xasiyyətli olmuşdu. Bu balaca qadın işgüzar, bacarıqlı, son dərəcə açıq danışandı, özünü əzib-büzməkdən, sındırmaqdan tamam məhrumdu. Əndru onun yanına çox vaxt qanıqara, əsəbi halda gələr, ordan tamam təskin olunmuş, sakitləşmiş halda çıxardı. Kristində bir vərdiş vardı: o, əvvəlcə Əndrunu axıradək sakitcə dinlər, bütün ürəyini boşaltmağa imkan verər, ancaq bundan sonra, yerinə düşən sərrast, yaxud məzəli bir söz deyərdi. Onda canlı yumor vardı. Heç vaxt da Əndruya yaltaqlıq eləməzdi.

Kristinin sakit təbiətinə baxmayaraq bəzən onlar bərk mübahisə edərdilər, çünki qızın hər şey haqqında öz xüsusi mülahizəsi vardı. O, bir dəfə Əndruya təbəssümlə demişdi ki, mübahisə eləməyə həvəs ona şotlandiyalı nənəsindən irsən keçib. Bəlkə müstəqil təbiəti də ona nənəsindən keçmişdir? Əndru onda böyük qeyrət, mətanət sezmiş, mütəəssir olmuşdu, buna görə də qızı bütün varlığı ilə həyatın zərbələrindən qorumaq istəyirdi. Bridlinqtonda yaşayan xəstə bibisindən savayı Kristinin bu boyda dünyada heç kəsi yoxdu, tək-tənha idi.

Hava yaxşı olanda onlar şənbə, yaxud bazar günü uzağa, Pendi yoluna gəzintiyə çıxardılar. Bir dəfə kinoya – Çaplinin "Qızıl hərisliyi" filminə baxmağa, bir dəfə də, Kristinin təklifilə, Toniqlenə, simfonik konsertə getmişdilər. Lakin Əndru Kristingildə təkcə missis Uotkinsin qonaq olduğu xudmani şəraitdə onun söhbətlərindən həzz aldığı axşamları daha çox xoşlayırdı. Onların mübahisələri, söhbətləri də əsasən onda olurdu, bufer dövlət rolunu oynayan missis Uotkins isə sakit, lakin ciddi görkəmlə oturub nəsə toxuyurdu.

İndi Kardiffə yola düşməyə hazırlaşan Əndru istəyirdi ki, Kristin də onunla getsin. Həftənin axırında məktəbdə dərslər kəsilmişdi, Kristin yay tətilini bibisinn yanında keçirmək üçün Bridlinqtona gedəcəkdi. Əndru belə qərara gəldi ki, heç olmasa ayrılıq gününədək vaxtlarını mümkün qədər şən keçirsinlər.

Kristin Həmsonun məktubunu oxuyub qurtaran kimi Əndru dedi:

– Gedək mənimlə! Dəmir yolu ilə saat yarım vaxt aparacaq. Bloduenlə danışaram, şənbə gününün axşamı üçün məni işdən azad etməsinə nail olaram. Bəlkə qurultayda da iştirak edə bildik. Sizi Həmsonla tanış etmək istəyirəm.

Kristin başı ilə razılıq verdi.

– Məmnuniyyətlə gedərəm.

Qızın razılığından sevinib qanadlanan Əndru missis Peycin onu buraxmayacağını heç ağlına belə gətirmirdi. Bloduenlə danışmamış o, ambulatoriyanın pəncərəsindən böyük bir elan asdı:

"ŞƏNBƏ GÜNÜ AXŞAM QƏBUL OLMAYACAQ"

Sonra da kefi kök evə yollandı.

– Missis Peyc, xidmətdə olan həkim köməkçiləri haqqındakı Əsasnaməyə görə mənim ildə yarım günümü istədiyim kimi keçirməyə haqqım var. Bu haqqımdan şənbə günü istifadə etmək istərdim. Mən Kardiffə gedirəm.

Fikrində Mənsonu həyasız və xudbin adlandıran Bloduen coşdu:

– Bura baxın, doktor. – Lakin doktora şübhəli nəzər salıb, ağız-burnunu büzərək razılıq verdi: – Yaxşı da, daha neyləyək, gedə bilərsiniz…

Qəfildən ağlına bir fikir gəldi, hətta gözləri də parladı, dodaqlarını yaladı.

– Kardiffdə olacaqsınızsa, mənə Perridən pirojna gətirin. Mən heç bir şeyi Perrinin pirojnaları qədər xoşlamıram…

Şənbə günü, beşin yarısında Kristin və Əndru qatarla Kardiffə yola düşdülər. Əndru yaman şəndi, deyib-gülürdü, yükdaşıyanı, kassiri adı ilə çağırırdı. Onunla üz-üzə oturmuş Kristinə təbəssümlə baxırdı. Kristin onu həmişəkindən daha qəşəng göstərən sürməyi kostyum, gözəl qara tufli geymişdi. Açıq-aşkar görünürdü ki, o, səfərə yollandığına sevinir. Gözləri hey gülür, parlayırdı.

Kristinə baxdıqca Əndru şəfqət, mehribanlıq hisslərinin bütün varlığını bürüdüyünün, onun üçün təzə olan ehtiraslı bir istəyin qəlbində baş qaldırdığını duyurdu. Fikirləşirdi ki, aralarında yaranmış bu dostluq çox xoşdur, lakin təkcə dostluq ona azlıq edirdi. Qızı bağrına basmaq, onun varlığını lap yaxında, isti nəfəsinin üzünə toxunacaq məsafədə hiss etmək istəyirdi.

Əndru qeyri-ixtiyari dedi:

– Siz yayda çıxıb gedəndən sonra lap yalqız qalacağam.

Kristin yüngülcə qızardı. O, pəncərəyə baxırdı.

Əndru tələsik soruşdu:

– Bunu gərək deməyəydim?

Qız başını döndərmədən cavab verdi:

– Bəlkə də. Lakin bunu dediyinizə şadam.

Bir də Əndrunun ürəyindən keçirdi desin ki, onu sevir, heç öz başını dolandıra bilmədiyi halda soruşmaq istəyirdi ki, ona ərə getməyə razıdırmı? Birdən ona tamam aydın oldu ki, bu, hər ikisi üçün mövcud vəziyyətdən yeganə düzgün çıxış yoludur. Lakin Əndrunu nəsə tutub saxlayırdı, – o, qeyri-iradi başa düşürdü ki, indi bu söhbətin yeri deyil. Qayıdanda Kristinlə danışmaq qərarına gəldi.

Hələlik isə birnəfəsə sözünə davam edirdi:

– Bu axşam vaxtımızı qiyamət keçirəcəyik. Həmson əntiqə oğlandır. Hazırcavab, şən. Yadımdadır, bir dəfə Dandidə xəstəxanaların nəfinə gündüz xeyriyyə konserti verilirdi. Müxtəlif "sənət ulduzları", əsl artistlər çıxış edirdilar. Konsert Liseydə idi. Həmson nə etsə yaxşıdır? O da oraya yollanıb səhnəyə qalxdı, oxuyub-oynadı. Müqəddəs Georgiyə and olsun ki, bütün salonu valeh etdi!

Kristin təbəssümlə dedi:

– Ona yəqin həkimlikdən daha çox, teatr tamaşaçılarının sevimlisi rolu yaraşır.

– Eh, Kris, ağ eləməyin də… Bilirəm, Freddi xoşunuza gələcək.

Qatar yeddiyə on beş dəqiqə işləmiş Kardiffə çatdı, onlar düşüb birbaşa "Palas-otel"ə yollandılar. Həmson yeddinin yarısında onları burada gözləməli idi, lakin vestibüldə onu görmədilər.

Hər ikisi yanaşı dayanıb ətrafa göz qoyurdu. Otağa həkimlər və onların arvadları doluşmuşdular. Hamı gülür, danışır, çox səmimi bir şərait yaranırdı. Hərə bir-birini mehribanlıqla dəvət edirdi:

– Doktor, bu axşam siz və missis Smit mütləq yanımızda oturmalısınız.

– Doktor, teatra bilet məsələsi necə oldu?

Adamlar tələsik girib-çıxır, yaxalarında qırmızı nişan olan centlmenlər əllərindəki siyahı ilə parketin üstündə təkəbbürlə gəzişir, var-gəl edirdilər. Qarşı tərəfdəki taxçada bir mehmanxana xidmətçisi yeknəsəq tərzdə hey deyirdi:

– Otologiya və larinqologiya bölmələrinə giriş buradandır, buyurun.

Bitişik binaya gedən dəhlizin qapısı üstündə "Təbabət sərgisi" yazılmışdı. Vestibüldə palmalar da, simli orkestr də vardı.

Kristinlə bu ümumi şənlikdən təcrid olunduqlarını hiss edən Əndru dedi:

– Şən yerdir, elə deyilmi? Lənətə gəlmiş Freddi isə, həmişəki kimi yenə də gecikir. Hələlik gedək sərgiyə baxaq.

Onlar sərgiyə böyük maraqla tamaşa etdilər. Çox çəkmədi ki, Əndru zərif kitabçalarla, vərəqələrlə yükləndi. Onlardan birini gülə-gülə Kristinə göstərdi: "Doktor! Kabinetiniz bomboş deyil ki? Onu nə ilə doldurmağın yolunu sizə öyrədə bilərik". Burada ən yeni ağrıkəsici vasitələri təqdim edən on doqquz reklam kataloqu da vardı, hamısı da müxtəlif.

Əndru qaşqabağını salladıb dilləndi:

– Belə çıxır ki, təbabətin son nailiyyəti – narkotik maddələrdir.

Onlar çıxan zaman, axırıncı köşkün yanında cavan bir oğlan nəzakətlə onları saxlayıb saata oxşar par-par parıldayan bir cihazı göstərdi.

– Doktor! Ümidvaram ki, bizim yeni indeksometr sizi maraqlandırar. Ondan müxtəlif şəraitlərdə istifadə etmək olar, çox dəqiqdir, çarpayının yanında çox yaxşı görünür, qiyməti də cəmi iki gineyadır. Doktor, icazə verin göstərim. Görürsünüzmü, ön tərəfində inkubasiya dövrlərinin göstəricisi var. Diski bir dəfə dolandıranda dərhal infeksiya dövrünü müəyyənləşdirirsiniz. İçində isə, – o, arxa tərəfdəki qapağı şaqqıltı ilə açdı, – içində isə hemoqlobin ölçən çox gözəl cihaz var, arxasında isə, cədvəl kimi…

Əndru qətiyyətlə onun sözünü kəsdi:

– Babamın eynilə belə bir şeyi vardı, amma onu kiməsə verdi.

Onlar dəhlizdə geri qayıdarkən Kristin qəhqəhə çəkib gülürdü. O dedi:

– Yazıq! Onun bu gözəl cihazını lağa qoymağa heç kəs cəsarət etməmişdi.

Onlar vestibülə qayıtdıqları zaman Freddi Həmson da gəlib çıxdı. O, cəld taksidən düşüb mehmanxanaya girdi. Bir oğlan uşağı da arxasınca qolf oyununun taxtalarını gətirdi, Həmson dərhal Əndru ilə Kristini gördü və xeyirxah bir təbəssümlə onlara doğru yönəldi.

– Həllo! Həllo! Demə burda imişsiniz! Bağışlayın, gecikmişəm. Misterlə oyunumu başa çatdırmalı idim. Ömrümdə belə bəxti gətirən adam görməmişəm. Hə, Əndru, səninlə təzədən görüşdüyümə çox şadam. Elə əvvəlki Mənsonsan ki, durubsan. Ha-ha! Əzizim, özünə niyə təzə bir şlyapa almırsan? – O, dostcasına, ərklə Əndrunun kürəyini şappıldatdı və gülən gözləri bir baxışla həm Əndrunu, həm də Kristini tutdu. – Ay əfəl, bir tanış etsənə məni! Bilmirəm nə fikirləşirsən!..

Onlar kiçik, dəyirmi bir masanın ətrafında əyləşdilər. Həmson qərara gəldi ki, naharadək bir şey içməlidirlər. Xidmətçini çağırdı, xidmətçi çaparaq onun yanına cumdu. Sonra Freddi xeres içə-içə necə qolf oynadığını bütün təfərrüatı ilə danışmağa başladı…

Qəşəng tikilmiş kostyumunun qollarından çıxan manjetlərində qara opaldan zaponkalar parlayan, brilyantin sürtülmüş açıq rəngli saçları olan, alyanaq Freddi gözəl olmasa da, – onun çox adi üz cizgiləri vardı, – xeyirxah, hazırcavab, xoşagələn bir cavandı. Doğrudur, o bir qədər lovğa idi, lakin xoşa gəlmək istədikdə, buna nail olurdu. Hamı ilə çox tez dil tapa bilirdi. Bütün bunlara baxmayaraq sözü şax üzə deyən patoloq doktor Muer hələ universitetdə bir dəfə bütün auditoriya qarşısında ona qaşqabaqla belə demişdi: "Mister Həmson, siz heç nə bilmirsiniz. Hava şarına oxşayan başınız ancaq özünə məftunluq qazı ilə doldurulmuşdur. Lakin sizin kimi adam heç vaxt itib-batmaz. Əgər müəllimlərin başını tovlayıb burada bizim imtahan adlandırdığımız uşaq oyunlarından sağ-salamat çıxa bilsəniz, onda indidən deyirəm ki, sizi böyük və parlaq gələcək gözləyir".

Nahar etməyə restorana getdilər, çünki mehmanxanada nahar etmək üçün heç biri münasib geyinməmişdi. Doğrudur, Freddi xəbər verdi ki, bu gün axşam o, frak geyməlidir: rəqs gecəsi keçiriləcək, çox darıxdırıcı olacağını bilsə də ora gedib özünü camaata göstərməlidir. ..

Bütün yeməklərə təbabətlə bağlı çox qəribə adlar – "Paster şorbası", "Madam Küri kambalası", "Mal ətindən a la həkimlər qurultayı filesi" kimi adlar verilmiş kartoçka üzrə saymazyana nahar sifariş edən Freddi ötən günləri böyük həyəcanla xatırlamağa başladı. Nəhayət, başını yelləyərək sözünü belə tamamladı:

– Heç ağlıma da gəlməzdi ki, qoca Mənson özünü Cənubi Uels vadilərində dəfn edəcəkdir.

Kristin yüngül, süni təbəssümlə soruşdu:

– Siz onun özünü orada həmişəlik dəfn etdiyini güman eləyirsiniz?

Araya sükut çökdü. Freddi ağzınacan adamla dolu salona göz gəzdirdi, Əndruya gülümsədi:

– Qurultay haqqında fikrin nədir?

Əndru tərəddüdlə dedi:

– Mənə elə gəlir ki, o, tərəqqi ilə ayaqlaşmağa imkan verdiyinə görə faydalıdır.

– Tərəqqi ilə ayaqlaşmağa! Eh, mən bu bir həftə ərzində onların səfeh bölmələrinin heç bir iclasına getməmişəm. Yox, dostum, yox, burada əsas şərt bu deyil, əsas şərt qurultayda adamlarla görüşməyin, özünə yeni tanışlar tapmağındır. Heç təsəvvür edə bilməzsən ki, bu bir həftə ərzində mən neçə nüfuzlu adamın rəğbətini qazanmağa nail olmuşam. Qurultaya da elə buna görə gəlmişəm. Londona qayıtdıqdan sonra telefonla onlara zəng vuracağam, evlərinə gedəcəyəm, onlarla qolf oynayacağam. Sonra da, – sözlərimi yadında saxla, – məhz onların köməkliyilə öz işlərimi qaydaya salacağam.

Mənson dedi:

– Səni yaxşı başa düşmədim, Freddi.

– İlahi, bu ki, odun yarmaq kimi adi məsələdir. Hələlik işimdə qalıram, lakin artıq Vest-Enddə özümə qəşəng bir kabinet gözaltı eləmişəm, tezliklə qapısına vuracağım zərif mis lövhə üzərinə bu sözlər həkk olunacaq: "Freddi Həmson, tibb bakalavrı". Bu lövhə qapıma vurulan kimi təzə tanışlarım mənə xəstələr göndərməyə başlayacaqlar. Həkimlər arasında bunun nə yolla edildiyini ki, sən yaxşı bilirsən: sən mənə kömək edirsən, mən sənə. Bu məsəli eşitmisən də: "Əl əli yuyar. Əl də qayıdıb üzü". – Freddi ağ çaxırdan ləzzətlə bir qurtum içib sözünə davam etdi: – Bundan başqa ucqar yerlərdən gəlmiş xırda-mırda həmkarlar arasında gəzib-dolaşmaq da fayda verər. Bəzən onlar da mənə, Londona yağlı şikar göndərə bilərlər. Lap tutaq ki, sən… Bir-iki ildən sonra sən də yanıma, Londona sizin o nədir adı? Blen… nə isə, yadımda qalmayıb, ordan xəstə göndərəcəksən.

Kristin nəsə deyəcəkmiş kimi cəld Həmsona baxdı, lakin özünü saxladı. O, bir daha boşqabdan gözlərini qaldırmadı.

Freddi gülümsünüb dedi:

– Mənson, oğlum, indi sən özündən danış. Səndə təzə nə var, nə yox?

– Elə bir şey yoxdur. Taxtadan tikilmiş ambulatoriyada xəstə qəbul edirəm, gündə orta hesabla otuz evə, xəstə üstünə gedirəm. Əsas etibarilə şaxtaçıları və onların ailə üzvlərini müalicə edirəm.

Freddi qüssə ilə başını tərpətdi:

– Bəli, vəziyyətin o qədər də yaxşı deyil!

Əndru sakitcə etiraz elədi:

– Mən işimdən çox razıyam.

Söhbətə Kristin də qoşuldu:

– Bir məsələ də var ki, bu, əsl işdir!

– Məsələn, bu yaxınlarda çox maraqlı bir hadisə baş verdi, – deyə Əndru dilləndi. – Bu barədə mən hətta "Jurnal"a da bir yazı göndərdim.

Sonra o, İmris Hyuzun xəstəliyini qısaca təsvir etdi. Freddi onun dediklərini maraqla dinlədiyini göstərmək istəyirdisə də, gözləri mütəmadi salonda gəzdi. Mənson söhbətini qurtaranda dedi:

– Bəli, bu çox gözəldir! Mən isə elə güman edirdim ki, ur xəstəliyinə ancaq İsveçrədə, ya da… nə isə o tərəflərdə rast gəlmək olar. Yəqin bu işdən ötrü ondan kalan pul qoparmısan. Hə, yeri gəlmişkən qonorar məsələsi. Bu gün bir oğlan qonorar məsələsinin ən yaxşı həlli yolunu mənə göstərdi. – Freddi bu gün kiminsə onun başına saldığı xəstə üstünə, gedərkən nağd pul almaq ideyasından ruhlanaraq təzədən canlandı. Onun bəlağətli boşboğazlığı naharın lap axırınadək davam etdi. Nəhayət, o, salfeti masanın üstünə atıb qalxdı.

– Qəhvəni gedək eyvanda içək. Konfransımızı da orda tamamlayaq.

Ona on beş dəqiqə qalmış onun siqarı kötüyünədək çəkilmiş, lətifələr ehtiyatı qurtarmışdı. Freddi astadan əsnəyərək platin saat-qolbağına baxdı.

Lakin Kristin onu qabaqladı. O, şən bir tərzdə Əndruya baxıb qəddini düzəltdi, soruşdu:

– Deyəsən vaxtdır, biz yola düşməliyik, hə?

Mənson etiraz etmək, qatarın yola düşməsinə hələ yarım saat qaldığını söyləmək istəyirdi ki, Freddi dedi:

– Mən də bu lənətə gəlmiş bala hazırlaşmalıyam. Mənimlə gedənləri yubatsam yaxşı düşməz.

O, Əndru ilə Kristini qapıyadək ötürüb, hər ikisi ilə uzun-uzadı, dostcasına vidalaşdı. Axırıncı dəfə Əndrunun əlini sıxıb, çiynini ərklə şappıldadaraq mızıldandı:

– Hə, qoca, Vest-Enddə lövhə asan kimi səni xəbərdar etməyi unutmayacağam.

İlıq axşam havasına çıxan kimi Əndru ilə Kristin Park küçəsilə dinib-danışmadan irəliləməyə başladılar. Əndru başa düşürdü ki, səfər gözlədikləri kimi uğurlu olmadı, hər halda o, Kristinin ümidini doğrultmadı. Əndru Kristinin danışmasını gözləyirdi, qızsa susurdu. Nəhayət, Əndru tərəddüdlə dilləndi:

9.Qalxanvari vəzinin xəstəliyi ilə bağlı şiş.

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
540 s. 1 illüstrasyon
ISBN:
978-9952-8451-1-8
Telif hakkı:
JekaPrint
Metin PDF
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 3,8 на основе 5 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок