Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hər kəs üçün yaxşı», sayfa 3

Yazı tipi:

Kamran Əliyev
Bağışla məni, Arif, bağışla


Təzəcə ayrıldığımız və hələ də müzakirələri davam edən Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı iştirakçılarının yaddaşını bir azca təzələmək istəyirəm. Əgər onlar xatırlayırlarsa, qurultayın Rəyasət Heyətində bir yer boş qalmışdı. Mənə elə gəldi ki, boş qalmış o yer Yazıçılar Birliyinin katibi, mənim əziz dostum Arif Əmrahoğlu üçün nəzərdə tutulmuşdu. Çıxışlar bir-birini əvəz edir, amma mənim diqqətim həmin yerdən ayrılmırdı, düşünürdüm ki, bir andaca Arif səhnənin arxasından çıxıb öz yerini tutacaq və qurultay onu alqışlarla qarşılayacaq. Amma axıra qədər gözlədim, Arif gəlmədi ki gəlmədi. Üzücü xəstəlik Arifin əlindən-ayağından sallaşıb onu evdən buraxmadı.

Qəfil gələn acı xəbər kimi ürəyimə bir ağrı çökdü. Elə bil, içimdə nəsə qırıldı, bir anda xəyalımdan keçdi ki, deyəsən, qurultaya gələ bilməyən Arif daha bundan sonra heç vaxt Yazıçılar Birliyinə, universitetə, akademiyaya və dostlarının yanına gələ bilməyəcək. Haradansa 50 yaşında öz yubileyinə gedə bilməyən Səməd Vurğun da yadıma düşdü. Doğrusu, elə o andaca özümü qınadım və bu xəyalları içimdən tez-tələsik qovub çıxardım.

Amma fələk də yaman fələkdi, yenə öz bildiyini elədi. Xəyalımdan qovduqlarımı mənimlə üz-üzə, göz-gözə qoydu. Gözlərim baxa-baxa Arifi mənim yanımdan götürüb apardı. Arifin beləcə vaxtsız itkisi ilə bir ədəbi nəslin ağrı yaddaşı yenidən təzələndi.

Arifi çox dözümlü insan kimi tanıyırdım. Öz dərdini, öz ağrısını heç kəsə yükləməzdi, yalnız özü çəkib aparardı. Arif ömrü boyu həyatın bütün çətinliklərinə sinə gərmişdi, hər şeyi öz zəhməti ilə qazanmışdı. Heç kəsdən kömək ummazdı və həmişə bacardığı işin altına girərdi. Ömrünün sonlarında xəstə yatan Arifə bircə dəfə kömək etmək üçün şans yaranmışdı, amma hamı qarışıq mən də ona kömək edə bilmədim, bacarmadım, gücüm çatmadı. Bağışla məni, Arif, bağışla.

Uşaqlıqda Arif, gənclik illərində Arif Məmmədov, ədəbi-elmi yaradıcılıq dövründə isə Arif Əmrahoğlu kimi tanınırdı. Bu üç ad, üç imza onun ömrünün həmişə bir-biri ilə təmasda olan, bir-birini tamamlayan mərhələləridir. Mərhələ keçidləri o qədər də rahat olmur, həmişə bir az qayğılı, bir az ağrılı keçir. Bunların necəliyini yalnız onları yaşayanlar bilər. Amma Arifin ömür keçidləri işıqla dolu keçidlərdir.

Arif işıqlı adam idi.

Arif bizim ədəbiyyatşünaslığımıza yeni problemlər, yeni ideyalar, yeni istilahlar gətirdi və onları damla-damla, qətrə-qətrə doğmalaşdırdı. Təhkiyə, müəllif mövqeyi, tarixi poetika – bütün bu terminlərin ətrafında formalaşan filoloji düşüncə Arif Məmmədova borcludur. Məhz bundan sonra bizim ədəbi-elmi fikir xeyli duruldu, nəzəri yanaşmalar kifayət qədər aydınlıq qazandı.

Arif üçün elmi yaradıcılıqla məşğul olmaq, Mirzə Fətəlini, Mirzə Cəlili dönə-dönə oxuyub sevə-sevə araşdırmaq əsl şirin həyat, əsl mənalı ömür idi. O, bu yaradıcılıqdan bir an belə ayrılmadı və ayrıla da bilməzdi. Biz bu dünyadan vaxtsız köçən elm adamları barədə həmişə deyirik ki, onun yarımçıq qalan işlərini tələbələri davam etdirəcək. Elə sonralar da belə olacaq, başqaları haqqında da belə söyləyəcəklər. Amma Arif Əmrahoğlunun yarımçıq qalmış işlərini davam etdirmək asan deyil. Bunun üçün tələbə olmaq azdır, gərək səndə Arif sevgisi, Arif iradəsi, Arif təfəkkürü olsun.

Arif işləməkdən yorulmayan ədəbiyyatşünas və tənqidçi nümunəsi idi.

Mən ədəbi-ictimai mühiti təmsil edən yaşıdlarımız arasında Arif qədər mütaliəni sevən və ondan ləzzət alan ikinci adam tanımıram. Zəngin kitabxanası var idi. Kiməsə kitab verməyi sevməzdi. Deyərdi ki, aldıqları kitabları qaytarmırlar. Orxan Şaiqin "Dədəm Qorqudun kitabı" da məndə qaldı. Söz vermişdim ki, tezliklə geri qaytaracağam. Amma günü günə satıb qaytara bilmədim. Bağışla məni, Arif, bağışla.

 
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
 

Belə hikmətləri yoxlamağa ehtiyac yoxdur, çünki onlar yüz illərin sınağından çıxıb, əsrlərlə, nəsillərlə yol gəlib. Bir cəhət var ki, adamın öz başına gəlməsə, hər hansı bir hikmətli ifadənin, atalar sözünün əsl mahiyyətini dərk etmək çətindir. Dünyanın vəfasızlığı haqqında olan həqiqət də belədir, bu həqiqəti dərk etmək istəyirsənsə, onu bütünlüklə özün yaşamalısan. Yoxsa bu vəfasızlıq, bu fanilik haqqında yüz şeir oxu, yüz nəğmə dinlə, onlar bir qara qəpiyə dəyməyən yalandan başqa bir şey deyil. Mən bu fanilik həqiqətini məhz indi – əziz dostum Arifin qəfil itkisi ilə başa düşdüm.

Arif əməl və amal dostluğunun örnəyi idi.

Arif bədii əsərin bu üzündən o biri üzünü görməyi bacarırdı və gördükləri həmişə doğru, dürüst olurdu. Arif ədəbiyyatın bu başından o biri başına rahat gedib çıxa bilirdi və öz yolunda heç vaxt büdrəmirdi. Görməyə də, büdrəməməyə də açılan yol dünya ədəbiyyatından – Folknerdən, Markesdən, Çingiz Aytmatovdan, Orxan Pamuqdan keçib gedirdi. Nə deyim, bu dünyanı sevdiyi yazıçı Markeslə bir vaxtda – eyni ildə tərk etdi.

Arifin and yeri bir cüt balası – qızları idi.

Arif, əziz dost, sənin ayrılığınla bağlı yazını tamamlamaq istəyirəm, amma hiss edirəm ki, heç nə yaza bilmədim. Sən mənim haqqımda bundan daha yaxşısını yaza bilərdin. Bağışla məni, Arif, bağışla.

Kamran Əliyev,
filologiya elmləri doktoru, professor

Rəşad Məcid
Tənqid edəndə də kübarlığını qoruyub saxlayırdı


Arif Əmrahoğlunu ötən əsrin 80-ci illərindən tanımışam. Hələ o illərdə Arif müəllim öz nüfuzu, ədəbiyyata güzəştsiz, obyektiv münasibətilə tanınırdı. Arif savadlı, intuisiyalı, bədii ədəbiyyatı hiss edən bir tənqidçi idi.

Azərbaycan Yazıçılar Birliyində işlədiyimiz illərdə Arifi daha yaxından tanımaq imkanım oldu. O, obyektiv insan idi, gənclərə, ədəbiyyat adamlarına qarşı öz xüsusi qayğısı ilə seçilirdi, haqqı nahaqqa verməməyə, istedadlı ədəbiyyat adamlarını qorumağa, köməklik etməyə çalışırdı.

Arif müəllimlə birgə işlədiyimiz on ildən artıq müddətdə onu ilk növbədə həssas insan kimi tanımışam. Həmkar, iş yoldaşı, eləcə də dost kimi əvəzsiz idi. AYB-də işlədiyimiz illərdə Arif bu təşkilatın həmişə nüfuzunu qoruyub saxlamağa çalışıb. Və öz növbəsində də dəyərli ədəbiyyat adamlarına dəstək olmağı özünə vacib bilirdi.

Tədbirlərdə bədii əsərlər barədə sanballı fikirlərini söyləyir, qüsurları, çatışmazlıqları sadalamaqdan çəkinmirdi. Tənqid edəndə də kübarlığını qoruyub saxlayırdı.

Arif gözəl ailə başçısıydı. Valideynləri barədə ehtiramla söhbət açır, qızlarına həssaslığını, qayğısını əsirgəmirdi. Dostluqda etibarlı idi. Çox zaman da içinə çəkilir, həll edə bilmədiyi problemlərin xiffətini daxilinə verirdi.

Arif müəllimin xəstəlik xəbərini eşidəndə çox sarsıldım. Onun ağır xəstəliyə düçar olmasını heç cür özümə yaxın buraxa bilmirdim. Bir dəfə xəstəxanaya gedəndə Arif müəllimi xəstəxananın həyətində siqaret çəkən görüb qəribə bir hiss keçirdim. Gümrah gördüm onu, bir xeyli dərdləşdik də. Və özümdə belə bir hiss yaratdım ki, Arif müəllim mütləq sağalacaq.

Çox təəssüflər olsun ki, az bir vaxtda Arif müəllimi itirdik. Uzun zaman onun itkisilə heç cür barışa bilmədim. Ancaq bütün bunlara baxmayaraq həyat davam edir, deməli, Arif yaşayır. O ruhən bizimlədi, onu sevənlərlədi.

Allah ona qəni-qəni rəhmət eləsin!

Rəşad Məcid.
AYB-nin katibi, «525-ci qəzet» in baş redaktoru.

İlqar Fəhmi
Arif müəllim yalnız xoş xatirələrlə yada salınır


«Harda işləməsindənasılı olmayaraq, Arif Əmrahoğlu öz təmiz adına bir damla ləkə düşməsinə imkan verməyib, həmişə namuslu ədəbiyyat adamı, əsl müəllim və ləyaqətli ziyalı kimi mənliyini, heysiyyətini, qürurunu qoruyub saxlamağı bacarıb…»

Bu sözləri təxminən on il əvvəl, Arif Əmrahoğlunun Əlli illiyi ərəfəsində ona həsr etdiyi məqaləsində Xalq Yazıçısı Anar yazıb. Əslində Anar müəllimin təbrik yazısı böyükdür, amma mən məhz bu bir abzası xatırlatmaq istədim. Çünki Arif müəllimi şəxsən tanımayan insanlar da, elə bircə bu absazdan onun şəxsiyyətinin portretini görə bilərlər… Əfsuslar olsun ki, yeni əsrdə, qloballaşma dövründə Anar müəllimin qeyd etdiyi bu üç xarakteri – namuslu ədəbiyyat adamı, əsl müəllim və ləyaqətli ziyalı keyfiyyətlərini özündə birləşdirən qələm sahiblərimizin sayı sürətlə azalmaqdadır. Məhz bu baxımdan Arif müəllim kimi şəxsiyyəti itirməyimiz nəinki AYB miqyasında, hətta bütün Azərbaycan ziyalılığı miqyasında böyük ağrı və təəssüf doğuran hadisədir…

Ölüm insanın əsl mahiyyətini, cəmiyyətdəki yerini göstərən hadisələrdəndir. İnsan var ki, həyatda olanda heç kim onun haqqında bir kəlmə də pis söz demir, hamı tərifləyir, göylərə qaldırır, lakin dünyadan köçəndən sonra, elə bil ki, insanın əsl xarakteri görünür, haqqında deyilənlər də yüz səksən dərəcə dəyişir. Lakin ölümündən artıq bir neçə ay ötməsinə baxmayaraq, Arif müəllim barəsində hələ heç kim bir kəlmə xoşagəlməz söz deyə bilməyib, çünki buna əsas olmayıb. Arif müəllim yalnız xoş xatirələrlə yada salınır, onun adı gələndə insanların üzündə səmimi bir təəssüf görünür.

Zənnimcə, insanların içindən gələn səmimi, saf təəssüf hissi Arif Əmrahoğlu barəsində Anar müəllimin qeyd etdiyi keyfiyyətlərin nə qədər dəqiq olduğunu bir daha təsdiqləyir. Həyatda olarkən cəmiyyətdə hörmətə, nüfuza sahib olmaq nə qədər çətindisə, ölümündən sonra onu qoruyub saxlamaq daha da çətindir. Zaman göstərdi ki, Arif Əmrahoğlu bunu bacaran ziyalılarımızdan idi. Həm ədəbiyyatşünas alim kimi, həm dəyərli ziyalı kimi, həm də unudulmaz müəllim kimi, onun şəxsiyyəti bir çox cəhətdən müasirlərimiz üçün örnək olmalıdı.

Əfsuslar olsun ki, Arif Əmrahoğlu aramızdan gözlənilmədən getdi. Hələ nə qədər elmi məqalələri, tənqidi yazıları, bədii tərcümələri yarımçıq qaldı. Amma, məncə bu yarımçıqlıq şərtidir, çünki nə qədər yarımçıq olsa da, Arif Əmrahoğlunun bütün gördüyü işlərdə, şəxsiyyətindəki kimi bir bütövlük, tamlıq var…

İlqar Fəhmi,
AYB-nin katibi.

Məmmədəli Qıpçaq
Yeri görünən Arif


Belə bir münasibətlə Arif 'haqqında nə isə yazacağıma heç vaxt inanmazdım.

Arifin xərçəngə yoluxması xəbərini eşidəndə qulaqlarıma inanmadım. Çünki bir neçə gün əvvəl söhbət edərkən öd kisəsində əməliyyat ediləcəyini demişdi. Görəcəyi çox işləri vardı.

Onları yarımçıq qoyub gedəcəyinə inana bilmirdim. Çünki Arifin xarakterində diqqəti özünə cəlb edən və mənim ən çox qiymətləndirdiyim cəhət onun məsuliyyəti idi. Bütün həyatı boyu Arif hər şeydə məsuliyyətli oldu; işdə, evdə, elmdə, təhsildə və hətta məişətdə. Bir iş gördükdə onu əvvəlcədən fikirləşər, yüz ölçüb, bir biçərdi. Gördüyü işin, dediyi sözün məsuliyyətini başa düşürdü, hansı ağırlığın altına girdiyini anlayırdı. Mən Arifi belə tanıyırdım. Onun başladığı işi axıra çatdıracağına inanırdım, əmin idim. Ona görə də Arifin ölümünə indi də özümü inandıra bilmirəm.

Ariflə ilk tanışlığım 1973-cü ildə oldu. Həmin il biz Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin I kursuna daxil olmuşduq. Ayrı-ayrı qruplarda oxusaq da, tez bir zamanda yaxınlaşa bildik. Buna tələbə yataqxanasında yanaşı otaqlarda yaşamağımız da şərait yaradırdı. Həm oxuduğumuz kursda, həm də yataqxanada Arif adlı bir neçə şəxs olduğundan onlara ayama qoymaqdansa, soy adları ilə çağırmağa başladıq. Arif adı yalnız Arif Rəhimovun üzərində qaldı. Arif Acalovun soy adındakı – ov şəkilçisini də ixtisar etdik, Acal çağırmağa başladıq. Arifin soy adı Məmmədov olduğundan onu da bu soy adla çağırmalı idik. Amma nədənsə Arifi Məmmədov deyil, Məhəmmədov çağırırdıq və mən axıra qədər Arifə müraciət edəndə ona Məhəmmədov deyirdim. Sonralar bizim bu tanışlığımız dostluğa çevrildi.

Universitetin filologiya fakültəsində oxuyan tələbələri II kursun əvvəlindən üç ixtisas qrupuna (ədəbiyyatşünaslıq, müasir ədəbi proses və dilçilik) ayırır və həmin tələbələrə uyğun ixtisas kursları keçirdilər. Kimin filologiyanın hansı sahəsinə marağı olduğunu müzakirə edərək ixtisas seçimi etdik. Arif müasir ədəbi prosesi seçdi və bütün ömrü boyu ədəbi prosesin içində oldu. İstər Nizami adına Ədəbiyyat institutunda elmi işçi işlədiyi dövrdə, istərsə də Bakı Dövlət Universitetində dərs deyərkən, Azərbaycan Yazıçılar Birliyinin katibi olarkən ədəbiyyatdan ayrılmadı, onunla nəfəs aldı. Bu onun gənc yaşlarında etdiyi seçim idi və bu seçimə ömrünün axırına qədər sadiq qaldı. Arifdə olan məsuliyyət hissi burada da öz sözünü deyir, özünü hiss etdirirdi.

Biz oxuduğumuz dövrdə filologiya fakültəsi tələbələri ədəbiyyatla, elmlə nəfəs alırdı; tez-tez tanınmış yazıçılarla görüşlər keçirilir, yeni yazılmış əsərlər müzakirə olunurdu. Fakültədə tələbə elmi cəmiyyəti, bir neçə dərnək fəaliyyət göstərirdi. Arif həm tələbə elmi cəmiyyətinin, həm də ədəbiyyat dərnəyinin ən fəal üzvü idi. Həmin vaxt filologiya fakültəsinin «Filoloq» adlı divar qəzeti buraxılırdı. Qəzetin redaktoru Arif idi. Mən sizi inandırıram ki, həmin divar qəzetinin səviyyəsi indi nəşr olunan bir çox nəşrlərdən yüksək idi. «Filoloq» qəzetində çap olunmaq üçün bir neçə senzorun rəyini almaq lazım idi.

Yadımdadır ki, keçən əsrin 70-ci illərində yazıçı Sabir Əhmədovun «Yamacda nişanə» adlı povesti çap olunmuşdu. Həmin povest haqqında dövri mətbuatda iyirmiyə yaxın yazı çap olunmuş və həmin yazıların hamısında Sabir Əhmədov ciddi tənqid olunmuşdu. Mübahisələr povestdəki Laçın obrazı ilə bağlı idi. Ədəbiyyatşünas alimlər Laçın obrazının sosialist realizmi metodunun prinsiplərinə uyğun gəlmədiyini söyləyirdilər. Arifin təklifi ilə fakültədə Sabir Əhmədovla görüş keçirildi və həmin görüşdə yazıçının «Yamacda nişanə» povesti müzakirə olundu. Məruzəçi Arif idi. O, povestin ətraflı təhlilini verdi və əsərin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu göstərdi. Bu müzakirədən sonra dövri mətbuatda «Yamacda nişanə» povesti ilə bağlı təqdiredici yazılar yazılmağa başladı.

Universiteti qurtardıqdan sonra da bizim əlaqələrimiz qırılmadı. Arif Nizami adına Ədəbiyyat institutuna işə düzəldi. Orada da yaxşı mühit var idi. Tələbə yoldaşlarımızdan bir neçəsi həmin institutda işləyirdi: filologiya elmləri doktoru, professor Kamran Əliyev, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Muxtar İmanov, mərhum filologiya elmləri doktoru Vəli Nəbiyev, filologiya üzrə fəlsəfə doktoru Arif Acalov… Həftədə bir neçə dəfə işdən sonra bir yerə yığılar, çay içə-içə, ədəbiyyatın, ümumən elmin müxtəlif problemlərindən danışardıq. Belə söhbətlərdə Arif öz sözünü deyir, fikrini elə arqumentləşdirirdi ki, onunla mübahisə etməyə imkan qalmırdı. Analitik təfəkkürə malik idi, çoxsaylı faktları asanlıqla ümumiləşdirə bilirdi. İstər yazdığı namizədlik dissertasiyasında, istər tamamlamaq istədiyi doktorluq dissertasiyasında, istərsə də ədəbiyyatın müxtəlif problemlərinə həsr etdiyi məqalə və kitablarında bu cəhət xüsusilə qabarıq görünürdü. Geniş mütaliəsi vardı. Həm Azərbaycan ədəbiyyatını, həm də dünya ədəbiyyatını yaxşı bilirdi. Yadımdadır ki, biz II kursda «XIX əsr rus ədəbiyyatı» kursunu keçərkən Arif il boyu sutkada 18–20 saat həmin dövr rus ədəbiyyatı nümunələrini mütaliə edirdi. Yəni demək istəyirəm ki, onun bir ədəbiyyatşünas alim kimi formalaşması yuxusuz gecələr və gərgin əmək bahasına başa gəlib.

Arif ictimai işləri xoşlayan, fəal vətəndaşlıq mövqeyi olan, cəmiyyətin həyatında baş verən dəyişikliklərə münasibət bildirən bir insan idi. Tələbəlik illərində fakültə komsomol komitəsinin katibi oldu və bununla da ondakı təşkilatçılıq bacarığı üzə çıxdı. Prezident Aparatında məsul vəzifədə işləyərkən, Azərbaycan Yazıçılar Birliyinin katibi olarkən həmin təşkilatçılıq bacarığı daha da püxtələşdi.

Arif sağlam həyat tərzi keçirən adam idi. Yemək-içməkdə vasvası olmasa da, diqqətli idi. Tələbə vaxtlarından idmanla məşğul olurdu. Biz səhərlər gözümüzü ova-ova dərsə getdiyimiz vaxt Arif artıq çoxdan idman hərəkətlərini qurtarmış olurdu. Tələbə vaxtı, Ədəbiyyat institutunda elmi işçi olarkən o hər gün tezdən idman edər, soyuq su ilə yuyunub işə başlayardı. Başqalarına da idmanla məşğul olmağı məsləhət bilərdi. Mən bu səbəbdən Arifin xəstələnməyinə, dünyasını dəyişməsinə özümü inandıra bilmirəm. Biz onu hamıdan sağlam hesab edirdik və elə də idi. Arif idmanla ömrünün son günlərinə qədər məşğul oldu.

Arif əsl müəllim idi. Uzun illər Bakı Dövlət Universitetinin «Türk xalqları ədəbiyyatı» kafedrasında türk xalqları ədəbiyyatından mühazirələr oxudu. Universitet müəllimi üçün dərs dediyi predmeti dərindən bilmək, həmin sahəyə aid ədəbiyyatla tanışlıq nə dərəcədə lazımlıdırsa, tələbələrlə işləyə bilmək bacarığı da bir o qədər önəmlidir. Müəllimlik işində təkcə savadlı olmaq kifayət etmir. Müəllimin auditoriyanı ələ almaq bacarığı, auditoriyanı idarə etmək bacarığı olmalıdır. Bu keyfiyyətlərin hamısı Arifdə var idi. Loru ifadə ilə desək, Arifin həm elmi vardı, həm də helmi. Universitetdə kolleqa olduğumuz uzun müddətdə Arifin tələbələrlə intriqaya girdiyini, yaxud hansısa tələbəyə haqsızlıq etdiyini nə gördüm, nə də eşitdim. Onu tələbələrə sevdirən savadlı alim olması ilə yanaşı, obyektiv, qayğıkeş, insaflı müəllim olması idi.

Arif ciddi adam idi. Şit zarafatı xoşlamırdı. Özü belə zarafatlar eləmədiyi üçün başqalarının da belə davranmağına heç vaxt imkan vermirdi. Ancaq Arif quru adam da deyildi. Onda incə bir yumor hissi vardı. Bəzən çox yaxın olduğu adamlara sataşmağı xoşlayırdı. Xüsusən də tələbə yoldaşlarımız Nadir Rzayevə, Arif Acalova sataşardı. Amma heç vaxt öz əndazəsini aşmırdı, ölçülü-biçili bir səviyyədə olurdu. Səhv etmirəmsə, Arif Acalovun bığlarını barometr adlandıran da o idi. Cavan vaxtlarında Arif Acalov bığ saxlayırdı. Arif deyirdi ki, Acalovun bığlarının ucu yuxarıdırsa, deməli Acalovun pulu var; bığlarının ucu aşağı enibsə, deməli Acalovun pulu yoxdur, kasıbçılıqdır. Belə yumor insanda xoş ovqat yaradır, yumorun adresatına qarşı təhqir səciyyəsi daşımır.

Arif ağır adam idi. Mən onun nə xasiyyətində, nə də xarakterində yüngüllük görmədim. Öz yerini, öz səviyyəsini gözəl bilirdi; başqalarına necə hörmət bəsləyirdisə, onlardan da o dərəcədə hörmət gözləyirdi. Onun xarakterinin bu cəhəti ona hörmət qazandırmışdı; ona bu xarakterə görə hörmət edir, onu bu xarakterə görə sayırdılar.

Ağlıma gətirməsəm də, mən Arif haqqındakı bu yazını yazdım. Hər dəfə universitetin qapısından girib birinci mərtəbəyə qalxanda gözlərim foyedə Arifi axtarır. Orada, «Türk xalqları ədəbiyyatı» kafedrasının qarşısında, külqabının yanında tez-tez görüşər, siqaret çəkə-çəkə dünyanın get-gəlindən, elmdən, təhsildən, ədəbiyyatdan, siyasətdən danışardıq, bir-birimizdən hal-əhval tutardıq. Artıq Arif öz dünyasındadır. O, öz dünyasında olsa da, bizim dünyada yeri görünür. Ruhun şad, yerin cənnət olsun, Arif!

Məmmədəli Qıpçaq,
BDU-nun türkologiya kafedrasının professoru.

Oqtay Rza
Onu tez-tez xatırlayıram…


Yazıda unudulmaz Arif Əmrahoğlu haqqında bəzi məqamlara toxunuram. Əvvəlcə onu deyim ki, bu istedadlı yazar, publisist alim, pedaqoq insanı əsl vətəndaş ziyalı kimi tanımışam. Xüsusən iki qurultayımızın əhatə etdiyi dövr ərzində onu yaxından tanımışam.

…Yolum Azərbaycan Yazıçılar Birliyinin yerləşdiyi binadan vaxtaşırı keçir. Pillələrlə ikinci mərtəbəyə qalxan kimi mütləq onun əyləşdiyi katiblik otağına dönüb baxırdım ki, salamlaşım, sonra isə qayğılarımın ardınca yollanım. Həmişə işgüzar vəziyyətdə görünürdü. Qəbuluna gələnlər müxtəlif sahələrin adamları – aspirant, professor, tələbə, ədib, şair və s. Natəvan poeziya salonunda keçirilən tədbirlərdə hərdən aparıcılıq da Arif bəyə tapşırılardı. Çıxış üçün mənə müraciətsiz söz verərdi.

…Bir dəfə (2007-ci ilin yayında) incidiyini bildirdi: – Məni niyə oğlunun toyuna çağırmamısan?" Elə hey fikirləşirdim ki, bu səhvimi necə düzəldim? Ölümündən bir neçə ay əvvəl nəvəm Munisin ad gününə onu dəvət etmək istəyəndə bir qədər məmnunluq hissi keçirdim.

…Eşitdim ki, bərk xəstələnib. Qələm dostum Şəmsi Vəfadarla klinikaya getdik. Dəhlizdə Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Zaman Əsgərli qayğılı, fikirli dayanmışdı.

Palataya daxil olduq. Başının üstündə vəfalı ömür-gün yoldaşı Təranə xanım dayanmışdı. Bizi görüb çarpayıdan qalxmaq istədi. Məsləhət bilmədik. Bu gərgin anlarda onu xoş sözlərlə ovutmağa çalışırdıq. Birdən telefon səsləndi. Söhbətin mahiyyətindən xoşumuz gəlmədi. Bir şair gəlib Arif bəyə baş çəkmək əvəzinə özünün şəxsi mənafeyini üstün tutaraq Prezident təqaüdü almaqdan ötrü təqdimat istəyirmiş. Arif bəy həmin müəllifə nəzakətlə cavab verərək söylədi: "Sağalım, işə çıxım, bu məsələnin həllinə köməklik göstərəcəm".

…Qələm dostlarımdan Ağacəfər Həsənli, Balayar Sadiq və mən Cəlilabad-Astara-Lerik ezamiyyətində idik. Bakıya zəng vuranda ağır xəbər üçümüzü də sarsıtdı. Şəmsi Vəfadar bildirdi ki, Arif Əmrahoğlunun dəfn mərasimindədir. Biz özümüzü ancaq mərhumun ailəsinə başsağlığı verməyə çatdırdıq.

…Borçalıda keçirilən "Elat" bayramına məni də çağırmışdılar. Məmləkətimizin Gürcüstandakı hissəsini gəzib dolaşarkən Arif Əmrahoğlunun doğulduğu evi uzaqdan göstərdilər. (Ağqula kəndində) Dedilər ki, xeyirxah, qonaqpərvər Arif Əmrahoğlu Türkiyədən gələn nümayəndələrə deyirmiş ki, onlar mehmanxanada yox, özünün şəxsi mənzilində gecələsinlər. Hamı onun təmənnasız yaxşılığından, həssaslığından, səmimiliyindən ehtiramla söz açırdı.

…Dövlət Radiosundan mənə telefon açdılar. İstəyirdilər ki, "Unudulmayanlar" verilişində Arif Əmrahoğlu barədə danışım. Bir neçə xatirə söylədikdən, xüsusən onun "Türk xalqları ədəbiyyatı" monoqrafiyasını dəyərləndirəndən sonra söhbətimi dünyasını dəyişmiş həmkarımın sanki dilindən bu misralarla yekunlaşdırdım:

 
Mən köçəndə səsim qalsa, sədam qalsa,
El içində sözüm qalsa, adım qalsa,
Ürək boyda közüm qalsa, odum qalsa,
Saçıb şölə yaşayıram Demək hələ yaşayıram.
 

Bəli, Arif müəllimin fiziki ölümündən sonrakı həyatı davam edir: kitablarının, çoxsaylı məqalələrinin, iki sevimli, ali təhsilli qızının, sədaqətli xanımının timsalında!

Oqtay Rza,
Əməkdar müəllim, ADPU-nun dosenti.