Kitabı oku: «Gözqamaşdırıcı zülmət», sayfa 2
– Yeri gəlmişkən, məhbusun səhər yeməyi də yoxdur, – Rubaşov ayaqqabısının bağını düyünləyib dedi, – Onun aclıq elan etməyə ehtiyacı yoxdur. Çox humanist metodlarınız varmış.
– Səhv edirsiniz, – təhqiqatçı heç nə ifadə etməyən səslə bildirdi. Onun yumru daz başında geniş çapıq görünürdü, sinəsində isə İnqilab Ordeni lenti vardı. “Belə çıxır, sən də Vətəndaş Müharibəsində iştirak etmisən” – Rubaşov könülsüz rəğbətlə düşündü. Amma bütün bunlar çoxdan baş vermiş və indi heç bir əhəmiyyət kəsb etmirdi.
– Səhv edirsiniz. Xəstələnmiş məhbuslara yemək yalnız həkim nəzarətindən sonra verilir.
– Onun dişidir, – deyə nəzarətçi dəqiqləşdirdi. O, yağ ləkəli formada, əzik çəkməsi üzərində qapıya söykənərək dayanmışdı.
– Aydındır, – dişlərini qıcayan Rubaşov dedi. Dilində fırlanan “İnqilabın tibb şöbəsi xəstələri məcbur aclıqda saxlamaqla yeni müalicə metodunu nəvaxtdan kəşf edib?” sualını səsləndirməkdən özünü güclə saxladı. Bu söhbətdən ürəyi bulanırdı.
Bayaq gedən balander qaçaraq təngnəfəs kameraya girdi və çirkdən qaxac olmuş əskini nəzarətçiyə verdi. O da əskini rakfinanın içinə tulladı.
– Yenə hansısa xahişiniz varmı? – təhqiqatçı kinayəsiz şəkildə soruşdu.
– Var, – Rubaşov yorğun halda cavab verdi, – Məni tək buraxın.
Təhqiqatçı çıxışa tərəf irəlilədi. Nəzarətçi əlindəki açarları cingildətdi. Rubaşov çevrilib pəncərəyə tərəf gəldi. Qapı cırıldayıb örtüləndə yadına düşdü ki, ən vacib şey haqda unudub və qapının üstünə şığıyıb yumruğuyla döydü.
– Kağız və karandaş, – deyə ona baxan gözlüyə dodaqlarını dirəyib bağırdı. Sonra tələsmədən pensnesini qaldırıb onların dayanıb-dayanmamasına baxdı. Var gücüylə bağırmasına baxmayaraq, görünür, onu heç kim eşitməmişdi. Gözlükdən sonuncu görə bildiyi şey kəmərindən tapança qabı asılan hündürboy təhqiqatçının kürəyi idi.
8
Rubaşov kamera boyu bərabər addımlarla gəzişirdi – altı addım yarım pəncərəyə kimi, altı addım yarım geriyə. Təhqiqatçı ilə etdiyi söhbətə əsəbləşirdi, indisə pensneni əliylə silərək danışıqdakı hər bir sözü incələyirdi. Təhqiqatçı onda nifrət qığılcımı oyatmışdı və o, bu hissi yaddaşında saxlamaq istəyirdi: mübarizə aparmaq üçün kömək ola bilərdi. Hərçənd, köhnələrək çökmüş vərdiş əks-mövqeyə keçib, özünə indicə otaqdan çıxan təhqiqatçının gözləriylə baxmağa vadar edirdi. Budur, o, indi burda oturub, bu sərt, özündənrazı və saqqallı insancıq corablarının üfunətini ciyərinə çəkərək həyəcanla ayaqqabısının iplərini dartır. Hə, nəvaxtsa ona qarşı rəğbət vardı, amma indi çox hörmətli Rubaşovun odlu çıxışlar etdiyi tribuna bu kameradan fərqlənir. “Əfsanəvi Rubaşov bu imiş, – o, çapıqlı təhqiqatçının adından düşünürdü, – Yemlənmədiyinə görə, məktəbli uşaq kimi zırıldayır. Kamera isə zir-zibil içindədir. Corabında deşiklər var. Tipik cılız və intelligent dəymədüşər. Asayiş qanunlarının prinsipial və ya muzdlu (fərqi yoxdur) düşməni. Yox, biz İnqilabı belələrinə görə etməmişdik. Düzdür, o, bu işdə bizə kömək etdi (ovaxtlar döyüşçü idi), amma indi bu özündənrazılıq xarabalığını, bu deyingəni məhv etmək lazımdır. Bəlkə də, əvvəllər özünü elə göstərirmiş, sonra isə sabun köpükləri kimi partlayıb. Məgər özünə hörmət edən adam bu cür pinti kamerada oturar?” Rubaşov döşəməni yumaq barədə düşündü. Bir neçə saniyə qərarsızlıqda oturdu, sonra pensnesinin əliylə silib pəncərəyə yaxınlaşdı.
Qışın bozumtul ölüşkün işığı fonarların qəddar sarımtıllığını yumşaldırdı, elə bil, gündüz qar yağacaqdı. Təxminən səhər saat səkkiz idi, deməli, Rubaşov kameraya cəmi-cümlətanı üç saat qabaq düşmüşdü. Həyəti həbsxana korpusları əhatələyirdi, barmaqlıqlı pəncərələr darıxdırıcı tərzdə qaralırdı. Yəqin ki, orada da məhbuslar eynilə onun kimi həyətə baxırdılar, amma onları görmək olmurdu. Həyətdəki qarın səthi gümüşü rəngə çalırdı, ayaq altında şən xırtıltılı səs çıxarardı. Divardan iyirmi metrlik məsafədə, qar altında qalmış dar dalanların hər iki tərəfində kiçik ağ təpələr ucalırdı. Çöl divarın mühafizə xəttindəki növbətçi irəli-geri addımlayırdı. O, bir dəfə arxaya çevrilib tüpürdü və maraqla qövs formasında düşən tüpürcəyinə baxdı.
– Bədbəxt xəstəlikdir, – deyə Rubaşov düşündü, – İnqilabçı dünyanı başqaları kimi qəbul edən adam ola bilməz.
Bəlkə də, olar. Və hətta buna məcburdu da.
Hə, amma özünü başqalarından ayırmadan da dünyanı dəyişə bilər.
Ya da bəlkə, bacara bilsə.
Başqalarını anlayan və bağışlayan insan qəti qərara gəlib fəalliyyətə keçə bilərmi?
Ya bunu heç kim bacarmaz?
“Deməli, güllələnmə! – Rubaşov düşündü, – Mənim aydınlanmam heç kimin vecinə deyil”.
O, alnını pəncərəyə dirədi. Aşağıdakı həyət sakit və bəyaz idi.
Buzlu şüşəyə yüngül toxunaraq bir neçə dəqiqə hərəkətsiz dayandı, sonra fərqinə vardı ki, haradansa astadan, arasıkəsilməyən taqqıltı gəlir.
Boylanıb diqqətlə qulaq asdı. Taqqıltı o qədər ehtiyatla edilirdi ki, bir anlıq onun sağdan, yoxsa soldan gəldiyini ayırd etmək olmurdu. Bunu müəyyən edən müddətdə taqqıltı kəsildi. Özü rakfina olan 406-cının divarını taqqıldadanda heç bir cavab gəlmədi. O, 402-ci ilə arasındakı divara yaxınlaşdı və yatacağın üzərinə əyilib astadan taqqıldatdı. Hər an gözlüyə nəzarət edə bilməsi üçün Rubaşov yatacaqda yerini rahatladı, ürək döyüntüləriylə qulaq asmağa başladı. O, həmişə ilk əlaqələrdə həyəcanlanırdı.
402-ci dəqiq onu çağırırdı, üç zərbə – qısa fasilə, yenə üç zərbə – qısa fasilə, arxasınca da qısa aralıqlarla üç zərbə. Siqnalın alındığını bildirmək üçün Rubaşov ehmalca ona cavab verdi, qonşusunun “kvadrat əlifbanı” bilib-bilmədiyini öyrənməyə səbrsizlənirdi: əgər bilməsəydi, öyrənməyi uzun çəkəcəkdi. İri divar səsi udurdu və qonşusunu eşitmək üçün qulağını divara dirəməli, eyni zamanda, gözlüyə də nəzarət etməli olurdu. 402-ci veterana bənzəyirdi, o, yüngül, amma möhkəm əşya ilə (bəlkə də karandaşla) hərfləri tələsmədən və dəqiq taqqıldadırdı. Rubaşov çoxdandır məşq etmirdi, indisə bərabər zərbələri sayaraq hərəsində altı hərf yerləşən altı şaquli xanaya uyğunlaşdırılmış bütün əlifbanı təsəvvür etməyə çalışırdı. 402-ci iki dəfə taqqıldatdı: ikinci xana – E-dən K-ya kimi olur, qısa fasilədən sonra isə altı dəfə – bu xananın altıncı hərfi K-dır. Nisbətən uzun fasilələrlə olan dörd zərbə isə S-dən Ç-yə qədər olan xananı bildirirdi. Qısa fasilə və iki zərbə – həmin xananın ikinci hərfi İ idi. Uzun fasilə, arxasınca üç zərbə isə – üçüncü xana, L-dən R-ə qədər olan hərfləri işarə edirdi. Qısa fasilə və dörd zərbə – yəni dördüncü hərf M-dur. 402-ci susdu.
– Kim?
“Təcrübəli adamdır, – Rubaşov düşündü, – Kimlə iş gürdüyünü bilir”.
Düzdür, inqilab etikası qanunlarına görə, danışıq həmsöhbətin siyasi platformasını təsvir edən proqramlaşdırılmış lozunqla başlayırdı, arxasınca sonuncu xəbərlər, sonra yemək və siqaret haqda məlumatlar çatdırılırdı, yalnız bundan bir neçə gün sonra məhbuslar tanış olurdular. Yeri gəlmişkən, bütün bunlar o ölkədə baş verirdi ki, qaydalara görə, qanunsuz fəaliyyət göstərən və hakimiyyətdə olmayan partiyaların üzvləri məxfiliyin qorunması üçün bir-birini ləqəblərindən tanıyırdılar. Burda isə şərait bir az başqa cür idi və Rubaşov necə davranacağını bilmirdi. 402-cinin səbri tükəndi.
– Kim? – yenə taqqıldatdı.
– Nəyə görə gizlədim ki? – deyə Rubaşov düşündü.
O, astadan öz adını tam şəkildə taqqıldatdı:
– Nikolay Zalmanoviç Rubaşov.
Və maraqla nəticəsini gözləməyə başladı.
Fasilə kifayət qədər uzun çəkdi. Rubaşov gülümsədi, qonşusunun necə təəccübləndiyini təssəvvür etdi. Bir dəqiqəlik sükut iki, üç dəqiqəni ötdü, Rubaşov çiynini çəkib ayağa durdu. Yenə kamera boyu addımlamağa başladı, amma hər dönəndə durub qulaq asırdı. Divar susmaqda qərarlıydı. Pensnesinin əliylə siləndən sonra gəzməkdən yorulub gözlüyə yaxınlaşdı, dəhlizə baxdı.
Kimsəsizlik və sükut. Ölü elektrik parıltısı. Səssizlik. Görəsən, 402-ci niyə susdu?
Nəyə görə? Hə, yəqin ki, qorxusundan, axı Rubaşov onu ələ verə bilər. Partiyasız sakit mühəndis və ya həkim, istənilən siyasətdən kənarlaşdırılmış şəxs. Onun siyasi təcrübəsi yoxdur, yoxsa sabotajla xırda fəndlər etmək əvəzinə, soyad soruşmazdı. Yeri gəlmişkən, ola bilsin, kiçik fəndləri çoxdan edib və hələ də özünü sabotaja aidiyyatı olmayan adam kimi göstərir. Hələ də məsumcasına dünyanın taleyi həll olunarkən şəxsiyyətin günahkar və ya günahsız olmasının ciddiyə alınacağına inanır. Bütün ehtimallara görə, o, öz yatağında oturaraq prokurora heç kimin heç vaxt oxumayacağı sayca yüzüncü ərizəni, ya da arvadı üçün heç vaxt ünvanına yetişməyəcək yüzüncü məktubunu yazır. O, çoxdandır təraş olmur, saqqalı çoxalıb, üzü qaralıb və pintiləşib, çirkli dırnaqlarını mayasına kimi yeyib, yarıaxmaq erotik düşüncələr isə onun beynini gecə-gündüz didib-dağıdır. Həbsxanada insanın öz günahsızlığına inanması, onu daha da geri salır, şəraitə uyğunlaşmağa imkan vermir, əxlaqi dayanıqlığa zərbə vurur… Gözlənilmədən yenə səs gəldi.
Rubaşov yatacağa oturub diqqətini divara cəmlədi, amma, deyəsən, ilk iki hərfi keçirmişdi. 402-ci əvvəlki kimi deyil, daha tələsik və dağınıq taqqıldadırdı, yəqin, gəldiyi şövq ona mane olurdu.
– …xdan olmalıydı.
“Çoxdan olmalıydı?” Rubaşov bunu gözləmirdi. 402-ci inanclı adam imiş. Onun da müxalifləri görməyə gözü yoxdu və bu yazılanlara inanırdı ki, tarix qatarı Birincinin dahiyanə göstərişiylə dayanmadan doğru istiqamətə hərəkət edir. İnanırdı ki, öz həbsi də, İspaniyadan tutmuş Çinədək bütün qaçhaqovlar da, köhnə qvardiyanın heyvancasına məhv edilməsi də, milyonlarla insanın qırılması da yerlərdə Rubaşov və onun tərəfdarlarının süni iblisanə təxribatının nəticəsidir. Pinti, qara saqqal yoxa çıxdı, 402-cinin şahpərəst siması qırxılıydı, kamerası isə qaydalara uyğun olaraq yığışdırılmışdı. Onu nəyəsə inandırmaq mənasız iş idi, o, dəmiralınlılar sinfinə məxsusdu. Amma Rubaşov dünya ilə yeganə (bəlkə də, sonuncu) əlaqəni də kəsmək istəmirdi, ona görə də divarı taqqıldatdı:
– Kim?
Cavab xeyli tələsik və nəzakətsiz alındı:
– Sənə dəxli yoxdur!
– Özünüz bilərsiniz, – Rubaşov bildirdi və söhbətin bitdiyi qərarına gələrək ayağa qalxıb kamerada gəzişməyə başladı. Hərçənd, taqqıltı yenə eşidildi, bu dəfə ucadan və aydın – görünür, həyəcanlanmış 402-ci sözlərin həcmini nəzərə alaraq çəkməsini çıxarıb döyəcləyirdi.
– Yaşasın zati-aliləri imperator!
“Belə dee! – Rubaşov təəccübləndi, – Deməli, bunları Birinci öz səhvlərini ört-basdır etmək üçün uydurmurmuş. Sən demə, divarın arxasında odlu-alovlu fantaziyalarla kontrinqilabçı oturubmuş və hələ ərinmədən “Yaşasın zati-aliləri imperator!” qışqırır da.
– Amin! – Rubaşov gülümsəyərək taqqıldatdı.
Cavab dərhal və daha da ucadan gəldi:
– Yaramaz!
Rubaşov məzələnməyi üstün tutdu. Qəfil tonu dəyişmək, divara metalla vurmaqla astadan və daha aydın səs çıxarmaq üçün pensnesini çıxardı:
– Mən, yoxsa imperatorun?
402-cini qəzəb boğdu. O, köpək kimi mırıldanıb divarı hirslə döydü, amma sonra əsəbi anidən sakitləşdi və taqqıldatdı:
– Sizi nəyə görə tutublar?
“Təsirləndirici məsumluqdur” – deyə Rubaşov düşündü. Qonşusunun sifəti yenə dəyişdi. O, indi xoşsifət və axmaq gənc zabitə bənzəyirdi. Gözündə monokl. Rubaşov pensnenin qövsüylə taqqıldatdı:
– Siyasi yayınma.
Qısa fasilə. Zabit sarkazmlı atmaca axtarırdı. Çox gözlətmədi:
– Bravo, canavarlar bir-birini yandırmağa başlayıb!
Rubaşov cavab vermədi. Bəsdir, bezdiricidir! Ayağa qalxıb kamerada gəzişməyə başladı, amma 402-ci şövqə gəldi:
– Qulaq asın, Rubaşov.
Görünür, 402-ci bir az tərəddüd edirdi, amma bununla belə uzun taqqıltıyla soruşdu:
– Sonuncu dəfə nə vaxt qadınla yatmısınız?
Hə, o, dəqiq monokl taxır, ola bilsin, elə onunla da taqqıldadır, əsəbi gözləri isə hər taqqıltıda qırpılır. Hərçənd, Rubaşov ikrah hissi duymadı. Hər halda, insan ürəyini açır, daha bayaqkı kimi monarxın müdafiəsinə qalxıb çığırmırdı. Cavab verdi:
– Üç həftə qabaq.
402-ci səbrsizliklə taqqıldatdı:
– Danışın.
Bu, artıq həddini aşma idi. Rubaşov söhbəti kəsmək qərarına gəldi, amma bir anlıq düşündü ki, əgər belə etsə, nəinki 402-ciylə, başqa məhbuslarla da əlaqəsi kəsiləcək. Axı, 402-ci çərənləyirdi. Əvvəlcə nə cavab verəcəyini bilmədi. Birdən hərbidən qabaqkı – tələbəlik dövründə eşitdiyi mahnını xatırladı, onu qara uzun corablar geyinmiş qızların oxuduğu fransız kankanı müşayiət edirdi:
– Sinəsi köpüklü şampanski badəsi kimi.
Qonşusunun xoşuna gələcəyinə ümid bəslədi. Belə də oldu və cavab taqqıltısı gəldi:
– De gəlsin, daha da ətraflı.
O, şübhəsiz, yatacaqda oturub əsəblə zabit paltarının yaxalığını çimdikləyirdi. Bəxtsizliyə bax hələ, bu lənətəgəlmiş zabit onu qalan məhbuslarla əlaqələndirəcək şəxsdir, ona görə də könlünü xoş etmək lazım gələcək. Zabitlər öz aralarında nə haqda danışırdılar? Qadınlar və əlbəttə ki, atlar barədə. Rubaşov pensnesini əliylə silib könüllü olaraq ardını taqqıldatdı:
– Yançağı vəhşi yorğa madyanınkı kimi…
Susdu. Fantaziyası zəiflədi, daha heç nə uydura bilmədi. Amma 402-ci açıq-aşkar xoşbəxt idi:
– Qəşə…
Taqqıltısı aydınlaşmırdı. O, şübhəsiz, sevincdən vurnuxurdu, ona görə də sözləri bitirə bilmirdi, amma Rubaşovun kamerasında sakitlik hökm sürürdü. Bəlkə də o, dizinə şappıldadır və sevinclə zabit geyiminin yaxalığı ilə oynayırdı. Rubaşov isə, qarşısında yalnız öz ədəbsizliyindən utanan lüt divar görürdü.
– Sonrasın da danışın, – zabit xahiş etdi.
Hərçənd, Rubaşovun ixtiraçılığı tükənmişdi.
– Bəsdir! – soyuqqanlılıqla taqqıldatdı, dərhal da peşman oldu. O ki rabitəçi idi, onu heç cür təhqir etmək olmazdı. Xoşbəxtlikdən 402-ci təhqir olunmadı.
– Xahiş edirəm, – yalvarışla taqqıldatdı.
Rubaşov daha zərbələri saymırdı, onlar avtomatik sözlərə çevrilirdilər. O, sanki erotik əhvalla yalvaran qonşusunun səsini eşidirdi. Xahişlərın ardı kəslimirdi:
– Davam edin, xahiş edirəm.
…Ağ lüt divar… Və budur, oradakı rütubət ləkələri qadın bədəninin cizgilərinə çevrilirdi… yançağı vəhşi yorğa madyanınkına bənzər… sinəsi köpüklü şampanski badəsi kimi…
– Xahiş edirəm, davam edin, yalvarıram, xahiş edirəm…
Yəqin ki, o, yatacaqda diz çökərək əllərini uzadıb – 407-cinin çörək payına uzatdığı əli kimi.
Və indi Rubaşov, nəhayət ki, bu uzanan arıq əllərin yalvarışlı jestini harada gördüyünü xatırladı… P İ E T A.
9
Pieta… Almaniyanın şimal şəhəri, şəkil qalereyası, bazar ertəsinin səhəri. Zalda görüşə gələn gənc partiyalı Rubaşovdan başqa heç kim yoxdu. Onlar nəvaxtsa flamand rəssamlarının ilham aldığı qadınların uzandığı dairəvi divanda oturdular. Ölkə 1933-cü il torrero səbəbiylə donmuşdu, görüşdən dərhal sonra da Rubaşovu həbs etdilər. Almaniya darmadağın olmuşdu, qanundankənar elan edilmiş partiyalıları izləyir, tutur və rəhmsizcə öldürürdülər. Partiya çökürdü, o, gücsüz, parçalanmış, qanı tökülmüş və yerdə can verən minbaşlı heyvana bənzəyirdi. Ölümcül yaralı heyvanın iflic halında dayanmasının mənasız olduğu kimi, partiya qolları da müqavimət göstərə bilmirdi. Bütün ölkədə qruplaşmalar tüğyan edirdi, faciələrdən sağ çıxmışlar da mübarizələrini davam etdirirdilər. Partiyalılar meşə və zirzəmilərdə, metrostansiyalarda, dəmiryolu vağzallarında, muzeylərdə, pivə və idman klublarında görüşürdülər. Onlar həmişə mənzilləri dəyişir, bir-birilərini ləqəblərindən tanıyırdılar. Hər kəs yalnız öz yoldaşından asılı olurdu və heç kim bir-birinə qətiyyən inanmırdı. Onlar gizlincə vərəqələr çap edir, mübarizənin davam etdiyinə, hələ sağ qaldıqlarına özü və başqalarını inandırmaq istəyirdilər. Onlar qəsəbə küçələrində veyillənir, sağ olduqlarını sübuta yetirmək üçün divarlara köhnə şüarlar yazırdılar. Fabrik borularına dırmaşır, hələ sağ qaldıqlarını bəyan etmək üçün ora köhnə bayraqlarını asırdılar. Bəziləri isə vərəqələri oxuyurdular – bu, mərhumların göndərişi idi. Şüarları silir, bayraqları cırır, amma hər iki cür insanlar yenidən peyda olurdular. Çünki ölkənin bütün rayonlarında özlərini çəkinmədən “o dünyadan qayıtmışlar” adlandıran parçalanmış insan qrupları qalmışdı, qalan ömürlərini də sağ olduqlarının sübutuna həsr edirdilər.
Bu qruplar arasında əlaqə yox idi, Partiya məhv edilmişdi, amma onlar yenə də fəaliyyət göstərməkdəydilər. Onun iflicliyini idarə etmək istəyirdilər. Saxta pasport və məxfi təyinatla layiqli nümayəndələr – çaparlar sərhəd xaricində olurdu. Onları tutub öldürürdülər. Ölənlərin əvəzinə başqaları gəlirdi. Bu zülmü dayandırmaq mümkün deyildi, amma Hərəkatın xaricdə oturan liderləri birdəfəlik ölümcül iflic olmaması üçün Partiyanın ümümməqsədinə süni nəfəs verirdilər.
Pieta… Rubaşov 402-cini unudaraq kamerada gəzişir, toz və döşəmə boyası iyi verən şəkil qalereyasına keçid edirdi. O, görüşə birbaşa vağzaldan gəlmişdi, şərti məhkumluqdan bir neçə dəqiqə qabaq. Əmin idi ki, arxasınca “quyruq” gətirməyib. Diş həkimləri üçün stomatoloq firmasından olan alətlər çantasını saxlama kamerasına qoymuşdu. Kiçik divanda oturaraq pensnesi arxasından kətan üzərindəki qadın bədənlərinə baxıb gözləyirdi.
Şəhərin partiya qrupunun rəhbəri Rixard kimi tanınan gənc oğlan artıq neçə dəqiqəydi ki, gecikirdi. O, heç vaxt Rubaşovu görməmişdi, eləcə də Rubaşov onu. Tanımaq üçün işarə Rubaşovun dizi üzərində tutduğu kitab idi – Hötenin “Faust”unun cib nəşri. Nəhayət, gənc oğlan gəlib çıxdı. Kitaba təlaşla nəzər saldı və divanın əks küncündə, Rubaşovdan təxminən iki addımlıq məsafədə oturdu, papağını dizləri üstünə qoydu. O, çilingər işləyirdi, amma indi bayram kostyumunu geyinmişdi, çünki işçi paltarındakı ziyarəti üzərinə diqqəti cəlb edər və onu şübhə altına sala bilərdi.
– Deyilən vaxtda gələ bilmədim, – gənc adam dilləndi, – Üzr istəyirəm.
– Yaxşı, eybi yox, – Rubaşov dedi, – Gəlin qrupun tərkibindən başlayaq. Siz insanların siyahısını tutmusunuz?
Rixard kimi tanınan gənc oğlan başını buladı:
– Siyahı nəyə lazımdır! Ünvan və soyadları əzbər bilirəm.
– Nəysə, vacib deyil, – Rubaşov bildirdi, – Amma sizi də tuta bilərlər.
– Siyahı var, – Rixard cavab verdi, – Mən onu qorumaq üçün Anniyə vermişəm. O arvadımdır, işlər belə gətirdi.
Rixard susdu və udqundu, deyəsən, boğazı qıcıqlanırdı. Sonra gələndən bəri ilk dəfə soyuqdan bərəlmiş, ağında qırmızı xətlərin göründüyü gözlərini Rubaşova tərəf qaldırdı. Arıq yanaqları və çənəsinin altını səhər təraş olunmamış tüklər örtmüşdü.
– Onlar onu apardılar, dünən gecə, işlər belə alındı, – Rubaşovun gözlərinə zillənən Rixard dedi, Rubaşov isə bu baxışlarda bir ümid gördü ki, o – Mərkəzi Komitetin Çaparı möcüzə yaradaraq onun arvadını xilas edəcək. Rubaşov pensnesini əliylə sildi.
– Belə de! Və siyahı polisin əlinə keçdi?
– Yox, – Rixard dedi, – keçmədi. Onlar gələndə baldızım da mənzildə idi, Anni siyahını ona ötürməyə nail olub, işlər belə alınıb. Baldızım da bizdəndir, onun əri polisdə işləyir, belə alınıb işlər, buna görə ona toxunmurlar.
– Nəysə, vacib deyil, – deyən Rubaşov soruşdu, – Bəs o tutulanda siz haradaydınız?
– Orda yox idim, – Rixard cavab verdi, – Artıq üç aydır evdə yaşamıram, işlər belə gətirib. Bir dostum var, belə, kinomexanik işləyir, gecə seansları qurtaranda onun iş daxmasında yatmağa gedirəm. Ora həyətdən, yanğın çıxışından girirəm… Kino da havayı, – Susub boğazını arıtdadı, – Dostum Anniyə də bilet verirdi, havayı. O da işıqlar sönən kimi çevrilib geriyə baxmağa başlayırdı. Düzdür, məni görə bilmirdi, amma bəzən ekranda ağ işıq olanda mən onun üzünü görürdüm, işlər belə alındı…
Rixard susdu. Onların qarşısında Qorxulu Hakimlərin təsvir olunduğu şəkil vardı – piyli arxası olan vahiməli qıvrımsaçlar borudan burulğan üfürürdülər. Solda keçmiş alman rəssamının lələklə çəkilmiş rəsmi vardı, amma o, Rixardın başı və yaşıl divanın söykənəcəyinin arxasında qalırdı. Rubaşov yalnız Madonnanın əllərinə baxırdı, onlar arıqdı, azacıq qarşıya doğru əyilmiş, ovuc xətlərində isə səmanın təsviri vardı. Rixard başını küləkdən yanıb qaralmış boğazına tərəf əyib tərpənmədən oturmuşdu.
– Belə! Bəs onun neçə yaşı var, sizin arvadınızın?
– On yeddi.
– Hə? Bəs sizin?
– On doqquz.
– Uşaqlarınız da var? – Rubaşov boğazını qaldırıb şəklə baxmaq istədi, amma yenə buna nail ola bulmədi.
– Anni hamilədir, – Rixard cavab verdi, – Birinci uşağımızdır, – Rixard belə sakit oturanda qurquşun heykəlcikləri xatırladırdı.
Onlar susdular, sonra Rubaşov partiya üzvlərinin siyahısını diktə etməyi xahiş etdi. Rixard otuz insan adı çəkdi. Rubaşov bir neçə sual verib, bəzi soyad və ünvanları alətlərini diş həkimlərinə çatdıracağı stomatoloq şirkətinin sifarişçiləri dəftərinə yazdı. Onun əvvəlcədən hazırlanmış şəhər stomatoloqlarının məlumatları dəftərçəsində boş buraxılmış yerlər vardı, indi də onları doldururdu. Rixard bir az gözləyib dedi:
– İndisə işlərimiz haqda hesabat vermək istəyirəm.
– Yaxşı. Buyurun, – Rubaşov razılaşdı.
Rixard ətraflı məruzə elədi. O, tamamilə tərpənməz oturmuş, azacıq qabağa əyilmiş, işdən qızarmış əli isə yorğun və ağır-ağır dizi üstündə istirahət edirdi. O, şüar və bayraqları, divarlara yapışdırılan vərəqələr haqda monoton və hesabatlara xas darıxdırıcı tərzdə danışırdı. Onun qarşısında piyli dalları olan mələklər borudan sonradan elə özlərinə qayıdacaq burulğan üfürürdülər, solda divanın söykənəcəyi arxasında qalmış Madonnanın arıq əlləri qabağa uzanmışdı, qalan hər tərəfdən isə onları ətli əndamları, möhkəm yançaqları və iri sinələri olan flamand qadınları əhatələmişdi.
“Sinəsi köpüklü şampanski badəsi kimi” – Rubaşov xatırladı. O, pəncərədən üçüncü qara rəngli daş döşəmə örtüyündə dayanıb dinləməyə başladı. 402-ci susurdu. Rubaşov qapı gözlüyünə yaxınlaşıb 407-cinin çörək ardınca uzanan arıq əllərinin göründüyü istiqamətə baxdı. O, bağlı kameranın polad qapısı üzərində qaralan gözlüyə nəzər yetirdi. Dəhliz kar sükut və elektrik lampalarının rəngsiz parıltısı içindəydi. Az qala inanmaq çətindi ki, qapı arxasında insanlar yaşayır.
Rubaşov təmkinlə Rixardı dinləyirdi. Faciədən sonra otuz partiya üzvündən qrupda on yeddi nəfər qalmışdı. İkisi – işçi və arvadı – onların arxasınca gəldiklərindən duyuq düşüb özlərini pəncərədən atmış və yaralanmışdılar. Biri fərari olmuş, qaçıb yoxa çıxmışdı. İkisini polis agenti hesab edirdilər, amma heç kim dəqiq heç nə bilmirdi. Üçü Mərkəzi Komitənin siyasətinə qəti etirazını bildirərək Partiyadan özü çıxmışdı. Dördünü və Rixardın arvadı Annini Rubaşov gələn ərəfədə həbs etmiş, ikisini elə yerindəcə öldürmüşdülər. Qalan on yeddi nəfər isə vərəqələr yapışdırır, bayraqlar sancır və şüarlar yazırdılar.
Rixard hər şeyi ətraflı danışırdı ki, Mərkəzi Komitetin Çaparı qrupdakı əlaqələrin struktrunu və xeyli vacib aksiyaların səbəbini anlaya bilsin. Mərkəzi Komitetin qrupla bağlı Rubaşovu işlərdən xəbərdar edən xüsusi kəşfiyyatının olmasından onun xəbəri yox idi. O bilmirdi ki, həmin kəşfiyyatçı köhnə dostu və çoxdan onun arvadıyla yatan kinomexanikdir. Rixardın bütün bunlardan xəbəri yoxdu, amma Rubaşov hamısını bilirdi. Partiya təşkilat kimi məhv olsa da, yeganə orqanı – Nəzarət və Kontrkəşfiyyat Komiteti məhz Rubaşovun rəhbərliyilə hələ fəaliyyət göstərirdi. Rixard bunu da bilmirdi, o, yalnız Annisinin tutulduğunu, amma şüar və vərəqələrin həmişə yerli-yerində olmasının vacibliyini, Partiyanın Mərkəzi Komitetindən olan nümayəndəyə doğma atası kimi inanmalı, amma öz inamı və zəifliyini aşkar göstərməməli olduğunu bilirdi. Çünki duyğusal və zəif insanlar ümumxalq xoşbəxtliyi naminə aparılan mübarizəyə yararlı olmur, onları rəhmsizcə yoldan kənarlaşdırıb, tənhalıq və partiyasız dünyanın qaranlığına atırlar.
Dəhliz addım səsləriylə doldu. Rubaşov cəld qapıya yaxınlaşdı, pesnesini silib gözlükdən çölə baxdı. Kəmərində tapança qabı olan iki mühafizəçi bir kənd oğlanını dəhlizlə aparır, onların arxasınca əlində astadan açarları cingildədən nəzarətçi addımlayırdı. Oğlanın bir gözü göyərmiş, üst dodağında qan ləkəsi vardı, Rubaşovun kamerası yanından keçəndə qoluyla burnunun qanını silirdi. Simasında axmaq dözümlülük vardı. Hərəkətin gizlədilməsi üçün qapı tez açıldı və dərhal da səs-küylə çırpıldı. Nəzarətçi və mühafizəçilər geri qayıtdılar.
Rubaşov kamerada gəzişməyə başladı və yaddaşı yenə onu keçmişə apardı. Onlar arasında muzeyin sükutu hökm sürürdü, Rixard uzun məruzəsini bitirmişdi. O, Rubaşovun iki addımlığında tərpənməz oturmuş, əllərini dizi üzərinə qoyaraq gözləyirdi. Sanki, indicə duasını etmiş və günahlarını bağışlayacaq müqəddəs atanın xeyir-duasına hazırlaşırdı. Rubaşov uzun müddət susdu, sonra astadan soruşdu:
– Bitdi?
Rixard başıyla təsdiq edəndə boğazı qıcıqlandı.
– Bu məruzədə mənə bəzi şeylər çatmadı, – Rubaşov dedi, – gəlin dəqiqləşdirək. Öz vərəqələrinizi xatırlatdınız. Onları davamlı və sərt tənqid edirlər. Orada bir sıra vəziyyətlər var ki, Partiya tərəfindən bəyənilə bilməz.
Rixard təlaşlı sifətlə Rubaşova baxdı. Yanağında qırmızı ləkələr yarandı, gözlərindəki qırmızımtıl nazik damarlar lap aydın göründü.
– Digər tərəfdən, – Rubaşov davam etdi, – Biz müntəzəm olaraq sizə sırf qəsəbələrə yaymaq üçün xüsusi təyinatlı materiallar göndərirdik, onlar arasında Partiya Mərkəzi Komitetinin çap etdiyi propoqanda broşüraları vardı. Bu nəşrləri almısınızmı?
Rixard başıyla təsdiq etdi, onun üzü yanırdı.
– Siz bizim materialları yaymamısınız, indisə onlar haqda bir kəlmə də bəhs etmədiniz. Siz nəinki qəbul edilmiş, hətta Partiya tərəfindən tənqid olunmuş materialları yaymağı üstün tutmusunuz.
– B-i-i-i-z-im ki-i b-aş-ş-qa-a yolumu-u-uz yox id-i, – Rixard çox çətinliklə dedi.
Rubaşov ona diqqətlə baxdı, oğlanın kəkələdiyini hiss etdi. “Həqiqətən, qəribədir” – ağlından keçirdi, – “Son iki həftədə üç oxşar hadisə”. Maraqlıdır, onları buna şərait məcbur edib, yoxsa Hərəkatın özü yararsızdır?
– Ö-ö-özünü-ü-üz b-u-unu ba-a-aşa dü-ü-üşməli-iydiniz, y-o-oldaş, – yenidən dirçələn narahatlıqla Rixard davam etdi, – Pro-o-opaqanda-anız-ı-ın to-o-nu d-ü-üzgün de-e-e-yil.
– Sakitləşin, – Rubaşov qəfildən dedi, – Sakit danışın və qapıya baxmayın.
Zalın girişində bir cütlük peyda oldu – pretorian qvardiyasından ucaboy gənc oğlanla kök sarışın qız. O, qızı belindən qucaqlamış, qız isə əlini onun çiyninə qoymuşdu. Onlar qəddar mələklər şəklinin qarşısında dayanıb, arxalarını Rubaşovgil tərəfə çevirdilər.
– Davam edin, – Rubaşov sakit və təmkinli səslə əmr etdi, cibindən siqaret qutusu çıxardı, amma burada çəkməyə icazə olmadığını xatırlayandan sonra qutunu qaytarıb yerinə qoydu. Rixard iflic olmuş kimi donmuş halda gələnlərə baxırdı.
– Siz çoxdan kəkələyirsiniz? – Rubaşov bir az ucadan pıçıldadı, – Cavab verin! Və dərhal onlardan gözlərinizi çəkin!
– U-u-uşaqlıqda-a-an, a-a-a-arada, – Rixard cavab verdi.
Cütlük divana tərəf gəlirdi. Qız, atlas yataqda paltarsız uzanmış, başını zala – tamaşaçıya çevirmiş kök qadın şəklinin önündə dayandı. Pretorian əsgəri nəsə gülməli söz dedi, qız gözucu Rubaşov və Rixard tərəfə baxaraq astadan güldü. Sonra bir az da irəliləyib, meyvəli və ölü qırqovul təsvir olunmuş natrümortun yanında dayandılar.
– Bəlkə, gedək? – Rixard pıçıldadı.
– Oturun! – Rubaşov qısa dedi. Qorxurdu ki, Rixard həyəcanlanaraq özünü ələ verər, – Biz işığın əksinə oturmuşuq, üzümüz görünmür. Nəfəs alın, lap dərindən. Bu kömək edir.
Qız hırıldamağa davam edir, asta-asta irəliləyirdilər. Keçərkən oturanlara baxdılar. Sonra sanki getməyə hazırlaşdılar, amma qız barmağıyla Pietanı göstərdi, həmin şəklin qarşısında dayandılar.
– Mənim kəkələməyim çox mane olur? – başını aşağı salan Rixard soruşdu.
– Özünüzü ələ alın, – Rubaşov cavab verdi. İstəyirdi ki, söhbətləri dostyana görüntünü aşmasın.
– Eybi yox, bir neçə dəqiqəyə keçib-gedər, – Rixard söz verib boğazını arıtdadı, – Kəkləyəndə Anni də mənimlə məzələnirdi, belə-belə işlər.
Cütlük onların zalında durarkən Rubaşov normal söhbət apara bilmirdi. Qara formalı pretorian əsgərinin çiyni az qala onları divana sıxışdırmışdı, amma hər ikisi üçün yaranmış bu təhlükə pərtliyi aradan qaldırmaqda Rixarda kömək etdi, o, hətta Rubaşova bir az yaxın da oturdu.
– Amma əvvəl-axır o, məni sevdi, – pıçıltıyla və demək olar ki, kəkələmədən əlavə etdi, – Hərçənd, onu heç vaxt anlamırdım. Uşağımız olmasını istəmirdi, amma abortla da bir şey alınmadı. İndi, hamilə olanda ona pis nəsə etməzlər ki? Düzdür, indi elə də hiss olunmur, işlər belə alınıb, amma anlamaq olar. Necə yəni, onlar hamilələri də döyürlər?
O, baş işarəsiylə gənci göstərdi, gənc isə həmin an arxaya baxırdı. Baxışları toqquşdu. Rixard yerində dondu. Sonra pretorian əsgəri qıza tərəf əyilib nəsə pıçıldadı, qız da dönüb baxdı. Rubaşov əlini cibinə atıb iflic kimi siqaret qutusunu sıxdı. Qız da oğlana nəsə pıçıldadı və onu məcbur qabağa itələdi, oğlansa könülsüz tabe oldu. Onlar yavaş-yavaş zaldan çıxdılar, sonuncu dəfə gülüş səsi gəldi və get-gedə addımları uzaqlaşdı.
Rixard çevrilib onları gözləriylə izlədi. O, oturuşunu dəyişəndə Rubaşov şəklə tam baxa bildi – bakirə Məryəmin parlaq əli hansısa gözəgörünməz xaçı çəkərək dua edirdi.
Rubaşov sakitcə saatına baxdı. Rixard özündən asılı olmayaraq bir az da qabağa gəldi.
– Beləliklə, – Rubaşov astadan dilləndi, – əgər sizi doğru anladımsa, siz Partiyanın məsləhət gördüyü materialları bilərəkdən gizlətmisiniz, çünki onun tərkibiylə razılaşmamısınız. Biz isə öz növbəmizdə tərəfinizdən çap olunan vərəqələrin tərkibi ilə qətiyyən razı deyilik. Mühakimələr öz-özünə təzahür edir.
Rixard soyuqdan bərəlmiş gözləriylə ona baxdı.
– Lap yaxşı bilirsiz ki, yoldaş, sizin broşüranlarınızda yazılanlar hamısı axmaqlıqdır, – Rixardın səsi həyatdan bixəbər idi, amma daha kəkələmirdi.