Kitabı oku: «Qanadlı körpü»

Yazı tipi:

Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…



Ataqam. Qanadlı körpü.

Bakı, “Köhlən” nəşriyyatı, 2019.


© Ataqam / 2019

© Köhlən Nəşriyyatı / 2019

İSBN: 978-9952-8371-1-7


facebook.com/kohlanpress

instagram.com/kohlanpress

twitter.com/kohlanpress

kohlanpress@gmail.com

(+994 55) 359-99-23

Nanəli konfet

Qaçqın düşərgəsi yoluna burulub bir anlıq ayaq saxladım. Gördüyüm mənzərəni canıma hopdurmaq istəyridim: Yan-yörəsi nimdaş çadırlar, süzülmüş palazlar, rəngi qaçmış layçalarla örtülmüş, müsəlman qəbirstanlığının başdaşları kimi baysaq sıralanmış saysız alaçıqlar, əllərində plastik vedrələr su maşınının yanına düzülüb növbəsni gözləyən qız-gəlinlər, dəlmə-deşiyindən gün şüaları süzülən talvarın altında dinməz, əlləri qoynunda, boynubükük durmuş kişilər…

Havada bir azot atomu da tərpənmirdi. Addım atdıqca qalın toz qalxıb havadaca asılı qalırdı.

Osman dayını şəkildə necə görmüşdüm, elə də qarşımdaydı. Komasının kölgəsində, “Villis”indən qalan şirmayı halqalarla bəzədiyi sükanı sürtüb təmizləyirdi. Tez-tez cibindən kirli dəsmalını çıxarıb alnından gözünə axan təri silirdi.

Yaxınlaşdım. Sükanı sol qoluna keçirdi, sağ əlini gözünün üstünə günlükləyib mənə xeyli baxdı. Tanımadı. Qalın eynəyini silib bir də baxdı…

* * *

Osman dayı ilə çoxdan dostlaşmışdım – düz qırx il qabaq…

Kənddə uşaqlar qaramanlı Osman kimi şirindil kişilərə “dayı”, Quşdan Məhərrəm kimi, nə bilim, Sərəncamın əri Abdal Əvəz kimi acıdil, əzazil kişilərə “əmi” deyirdi. Niyəsini bilmirdik, elə eşitmişdik, elə də deyirdik.

Osman dayı dədəsindənqalma iki cöngəni, bir qısır düyəni, on iki keçini əldən-ələ keçmiş yağmal “Villis”ə dəyişmişdi.

“Villis”inə qoşqu qoşub dağ kəndlərində qənd-çay, şirniyat, ətir, qab-qacaq, uşaq paltarı satardı. Qoşquya “kəcavə” deyərdi. Ərzağı, pal-paltarı Bəkir kişinin dükanından nisyə götürərdi.

Dağ kəndlərində müəllimlərdən, tibb işçilərindən savayı az adamın əlində nağd pul olurdu. Osman kişi nisyə aldığı malın çoxunu elə nisyə də verərdi. Evinə dönəndə maşınını kəndin başındakı kəhrizin üstündə saxlayıb əl-ayağını yuyar, gülpəmbəli qırmızı Çin termosundan çay süzüb nisyə dəftərinin üzünü ağlamaya köçürərdi.

Dəftəri hamıdan gizlədərdi. Bir dəfə dəftəri “Villis”in oturacağında açıq qalmışdı. Boylandım, dəftərdəki yazılardan heç nə anlamadım: üçbucaq, ortasından qoşa xətt çəkilmiş dördbucaq, buynuz, parabüzənə oxşar xırda dairələr…

Osman dayı məktəb oxumamışdı, hamının bildiyi hərflərlə yazmırdı, özü üçün ayrı yazı sistemi qurmuşdu.

Onu bir dəfə pəncərədən “Əlifba” öyrənən birincilərin sinif otağına kədərlə baxıb udqunduğunu görmüşdüm.

Osman dayı ilə bağlı belə bir pıçı eşitmişdim: Deyirdilər ki, mayın ortasından düz sentyabrın axırına qədər bazar günləri kəhrizə kişi xeylağı getməzmiş, çünki qızlar-gəlinlər yay odunu canlarından çıxarmaq üçün lütlənib kəhrizdə çimərmişlər. İyirmi beş il qabaq – Osmanla Səməndər onbeşlərinin içində olanda ikisi də Qırımızısaqqal Hətəmin nəvəsi Bəsirəti istəyirmişlər. Bəsirətin meyli Səməndərə imiş. Bir gün Osman xəlvətcə Cin Süleymanın kəhrizin dibindəki bağında ağaca çıxıb Bəsirətin çimməsinə baxıbmış. Ertəsi gün Osman Bəsirətlə qarşılaşanda belə deyibmiş: “Sağ döşündəki qoşa xala canım qurban, mələyim!”

Bəsirət məsələni başa düşər, Səməndərə deyər, Səməndər də əmisi uşaqları ilə Osmanı təklikdə tutub dartıb kəhrizə aparar, başını kəhrizin nəm daşlarına döyərlər. Ovaxtdan Osmanın başı pozular. Qız-gəlin də elə o vaxtdan kəhrizdə çimməyi tərgidər.

Deyirlər, nə Bəsirətin, nə də Səməndərin taleyi gətirər. Bəsirəti kəndə biçinə gələn kombaynçı ilə saman tayasında eşdikləri kalafada çılpaq tutarlar. Səməndər kombaynçının qarnını yaba ilə deşər, gedib girər qazamata, vərəmləyib iki ildən sonra elə orda ölər. Bəsirət dədəsi evinə qayıdar, evdən çölə yarasa kimi ancaq gecələr çıxar.

Osman da o hadisədən sonra evlənməyəcəyinə and içər. (Bəsirət dədəsi evinə qayıdandan sonra Osmanın niyə gedib onu qaranlıqdan çıxarmamasını anlamaq üçün hələ kal idim).

Hə, yalan-gerçək, bunu da xısınlaşırdılar ki, o əhvalatın üstündən illər keçəndən sonra, guya, Osman alverə getdiyi dağ kəndlərinin birindəki zirvədə sal daşları üst-üstə qalaqlayıb qız düzəldib, daşları xınalayıb-gülxətmiləyib, başdakı daşa Bəsirətin yaylığına oxşar yaylıq bağlayıb daş sevgilisinin başına dolana-dolana üz-gözündən öpürmüş.

* * *

Beşinci sinifə keçmişdim. Yay tətilinə müəllim evə çoxlu kitab tapşırmışdı. Kitabları özümlə hərləyirdim.

– Onların hamısını oxumusan? – Osman dayı dolu səhənglərimi qatırın üstünə aşırıb başı ilə dəri heybəyə yığdığım kitabları göstərdi.

– Yox, oxumalıyam.

– Nağıldı?

– Nağıl da var, şeir də, əfsanə də.

– Əfsanə nədi?

– Yalançı nağıl.

Osman dayı çənəsini aşağı əyib gözlərini iri açdı, təəccüblə mənə baxdı:

– Yalançı nağıl?! – Birini danışa bilərsən?

Evə getməliydim. Nənəm tapşırmışdı ki, Soltanlıdan qohumlar gələcək, samovara tökməyə su yoxdu, yolda-rizdə avaralanmayım, amma Osman dayı səhənglərimə kömək eləmişdi, sözünü yerə salmaq ayıbıma gəldi. Həm də, düzü, hərdən öz-özünə nə dildəsə mahnı oxuyurdu, səsi çatmayanda üzünə şillə vurub “düz oxu, Osman!” qışqırırdı deyə, ondan bir az üşənirdim.

Kitabı açıb qoca dərviş əfsanəsini oxudum. “Kəndə bir dərviş gəlir…” Osman dayı tez-tez məni saxlayır, sual verirdi: “Saçı uzun idi?” Kitabda yazılmasa da, “hə, uzun idi, dabanına çatırdı” deyib əfsanədəki dərvişi Osman dayının xəyalındakı dərvişə oxşadırdım.

Suallar artırdı. “Dərvişin uşaqlara danışdığı nağıl haqda da yazılıb orda?” “Yox, yazılmayıb” “Dərviş uşaqlara niyə sınağan oyuncaqlar bağışlayırmış?” “Osman dayı, dayan, oxuyum, axırda hamısı yazılıb”

Əfsanənin sonluğunu – camaatın dərvişi döydüyü yeri oxuyanda Osman dayının gözü doldu. Abzası mənə bir neçə dəfə oxutdurdu, tam yadında qalana qədər dilinin altında təkrarladı: “Dərviş hər qapıya bir gil lövhə qoyub yoxa çıxmışdı. Lövhədə bunlar yazılmışdı: Vaxt gələcək, sizin uşaqlarınıza kimsə ürəyini bağışlayacaq. Balalarınızı indidən vərdiş elətdirirəm ki, o vaxt ehtiyatlı davransınlar, dünyanın ən sınağan, həssas oyuncağını – ürəyi sındırmasınlar”.

Osman dayı əlini cibinə atdı, bir ovuc konfet çıxarıb mənə uzatdı. Konfetləri qapıb cibimə doldurdum. Tez kağızını soyub birini ağzıma atdım. Nanəli konfet! Necə də dadlı idi!


Beləcə, Osman dayı ilə dostlaşdıq.

Bir neçə gün sonra Malyatan təpəsinin ətəyindəki yovşanlıqda çəyirtkə tutub hinduşkalara yedirtdiyim yerdə Osman dayı “Villis”ini düz yanımda saxladı.

– Kitabların hamısını oxudun?

– Yox hələ, Osman dayı, birini bitirmişəm, indi o birini oxuyuram.

– O nədəndi?

– Şeirdi. Yaman uzundu, – şikayətləndim, – amma asan yadda qalır.

Osman dayının xahişini gözləməyib əzbərlədiyim parçanı oxudum: “Keçmiş zamanda, Yunanıstanda, İskəndər adlı…” “Bir şah yaşarmış, Buynuzu varmış” yerində içini çəkdi. Maşından düşdü. Həmişə bərk təəccüblənəndə etdiyi kimi, çənəsini sinəsinə yapışdırıb gözlərini bərəltdi:

– Nə təhər!? Buynuzu varmış?! Adamın?

– Adam deyil, Osman dayı, İskəndərdi, – özümü çoxbilmiş göstərdim.

“İskəndərin buynuzu var, buynuzu” misrasını deyəndə, Osman dayı qeyri-ixtiyari hər iki əlinin şəhadət barmağını başına qaldırıb özünə buynuz qoydu və ləzzətlə güldü. Cibindən bir neçə nanəli konfet çıxarıb ovcuma qoydu.

On gün sonra Osman dayını Suray xalanın qızı Gülsabahın toyunda gördüm. Həyətdəki tut ağacına söykənmişdi. Əl-qolunu oynadıb nə haqdasa vərəvurd eləyirdi. Yaxınlaşıb salam verdim. Məni görən kimi üzü güldü. Əlimi sıxıb özünə tərəf çəkdi. Araq iyi burnumu çimçəşdirdi.

– O şeir nə təhər idi? Onu bir də de, başam.

Əlimi əlindən qoparıb bir az aralandım. Şeiri astadan, eləcə, Osman dayının eşidəcəyi səslə dedim. “İskəndərin buynuzu var, buynuzu” yerində məni saxladı, yanbızları ilə təkan verib tutdan aralandı, çovustanın ağzındakı kətili gətirib qabağıma qoydu.

– Başam, mən ölüm, çıx bu stulun üstünə, o yerin bir də bərkdən de.

Kətilin üstünə çıxsaydım, camaatın diqqətini çəkəcəkdim. Qorxurdum ki, luğaz eləyib şəbədə qoşalar. Osman dayı tərəddüd elədiyimi görüb, arıq boğazının dərisini hulqumundan çənəsinin ucuna qədər çəkdi, elə boğazı çəkili, başını göyərçin udan qutan quşu kimi yeyin-yeyin sağa-sola döndərib məni kətilə çıxartmaq üçün hansı tanrıya and verəcəyini dalaq kələfində aradı və dizlərini azacıq qatlayıb, çöməli yalvardı:

– Səni Bəsirətin canı, çıx.

Bəsirəti heç vaxt görməmişdim; o, mən doğulmazdan qabaq qaranlığa gömülmüşdü, amma indi – sərxoş Osman dayı dilinin qaytanını açıb canının gözündə öldürdüyü Bəsirətin adını çəkməklə məni xırxalamışdı. Yan-yörəyə boylandım. Xurşud toy mağarında yaslı balabana dəm vermişdi. Camaat əlində işini yarımçıq qoyub onun təzə qoşduğu yanıqlı “Qarabörə” havasını yaxından dinləməyə axışırdı.

Kətilin üstünə çıxdım. “İskəndərin buynuzu var, buynuzu…”

Ləzzətdən gözləri parıldayan, ağzı qulağının dibinə getmiş Osman dayı əllərini əvvəl başına aparıb qoşa buynuz göstərdi, sonra da cibindən bir ovuc nənəli konfet çıxarıb mənə uzatdı.

Yenə arzuma çatmışdım. Nanəli konfetləri sümürdükcə özümü dünyanın ən xoşbəxt adamı sanırdım.

O nanəli konfetin eşqinə harda Osman dayını görürdüm, özümü gözünə soxurdum.

Osman dayı da məni harda görürdü, tələsirdisə, əlini başına aparıb buynuz göstərirdi, tələsməyəndə, maşını saxlayır, alnımdan öpür, daş olsun, kötük olsun, hündür bir yerə çıxmağı xahiş eləyib o şeiri bir də dedirtdirir, nanəli konfet payımı verib yola salırdı.

* * *

Aradan uzun illər keçdi. Biz şəhərə köçdük. Kəndə yolum az-az düşdü. Gedəndə də elə atüstü gedib qayıdırdım, Osman dayı əksərən kəcavə qoşduğu “Villis”i ilə dağ kəndlərində alverdə olduğundan, görüşə bilmirdim.

* * *

İndi budur, əlini gözünə günlükləyib mənə baxan səksən yaşlı Osman dayı qarşımdaydı; sümükləri quruyub boyunu kiçiltmişdi. Mənə altdan yuxarı baxırdı. Eynəyinin şüşəsini kirli dəsmalıyla silib gözünə taxır, yenidən çıxarır, şüşələrə hovxurub bir də silir, təzədən gözünə taxır, əli ilə eynəyi irəli-geri aparır, mənim kim olduğumu anlamağa çalışırdı.

İki addımlıqda – Osman dayının komasının arxasında xeyli hörgü daşı qalaqlanmışdı. Qalaqdan iki daş götürüb Osman dayının qarşısında yerə atdım, hər ayağımı bir daşın üstünə qoydum, yaxşı eşitsin deyə hündür səslə bizim dostluq himnimizi aram-aram deməyə başladım: “Keçmiş zamanda, Yunanıstanda…”

Osman dayının sifəti dəyişdi: qırış yanaqları qarmon körüyü kimi qulaqlarına tərəf dartıldı, gözləri irilənib eynəyinin şüşələri boyda oldu, ağzı yavaş-yavaş aralandı, aşağı damağında səksən ilə sinə gərmiş sonuncu iki dişi göründü.

“İskəndərin buynuzu var, buynuzu” yerində dodaqlarını tərpədib mənimlə birlikdə misranı bir neçə dəfə təkrarladı.

Sükan əlindən düşdü.

Əlini hövlnak cibinə apardı. Şalvarının, köynəyinin cibini eşələdi, eşələdi… heç nə tapmayb yerə çökdü. Sükanı yerdən götürüb sinəsinə sıxdı. Çiyinləri əsə-əsə dayanmadan “İskəndərin buynuzu var, buynuzu…” təkrarladı.

İyun, 1999

Fələstinli və sərçələr

“Şahinlər” sərçə yuvalarının haqqını ikiqat ödəyib qırx il gözlədilər. Qırx ilin tamamında sərçələrin fəlakəti başladı.


Aban Müəzzin Bəhreyn tütününün acı tüstüsünü ciyərinə çəkib əlinin dalı ilə qəlyanın öləzimiş közünü küldana itələdi. Tüstünü pəncərənin qabağınadakı qurumuş güllərə üfürüb xurma ağacının dibində qurduğu cələyə baxdı. Cələyə düşmüş sərçə qaynar qumun üstündə çırpınıb təslim olmuşdu: başını göyə tutub ağzını ayırmışdı. Aban Müəzzin köhnə ələkdən düzəltdiyi quştutanı ehmalca sərçənin üstünə basdı, quma dirənmiş sərçəni cələdən ayırıb torda açdığı dəlikdən çıxartdı.

– On şekelin1var, ağoğlan! – qonşu damların üstünə dırmaşıb Aban Müəzzinin sərçə ovlamasını izləyən uşaqlar birağızdan çığırdılar.

Aban Müəzzin sərçəni Əl-Fürqan2 savaşında dənizdən şığıyan “gürzələr”3 kimi başı üstünə qaldırıb havada süzdürdü, qamış çəpərə tərəf bir neçə addım atdı, qəlpənin yeddiaylıq hamilə arvadı Ayişənin qarnına sancıldığı yerdə “ölüm ilgəyi” vurdu. Damların üstündə atılıb-düşüb ləzzətlə çığırışan uşaqlara baş əyib sərçəni eyvanın kölgətutan yerində düzəltdiyi quş damına atdı. Qəfəsdəki sərçələr qonağı boğuq cikkilti ilə qarşıladı.

Ayişəsini doğmadığı qızı ilə iç-içə basdırıb gələndən sonra Aban Müəzzin kufiyə4 taxıb səub5 geyməyə başladı. Səubu həmişə tər-təmiz, ağappaq olduğundan, uşaqdan böyüyə bütün Qəzza ona “ağoğlan” deyirdi.

Aban Müəzzin bugünü dünəninə əkiz olan Cəbəlyə6 qaçqın düşərgəsindən sahilə, Qəzza yoluna çıxan kimi qəsəbə uşaqları yenə çığır-bağırla dalınca düşüb: “Ölüdü!”, “Diridi!”, “Gəl mərc qoşaq, ağoğlan!” deyib çiynindən asdığı dəmir qəfəsi daşladılar. Aban Müəzzin sərçələri çarpanaq daşlardan yayındırmaq üçün kufiyəsini başından açıb qəfəsin üstünə saldı.

Hərdən uşaqların ən dəcəli arxadan yaxınlaşıb səubunun ətəyini dartıb qaçır, Aban Müəzzin də dayanıb ona səssizcə göz ağardıb yoluna davam edirdi.

Qəzzanın girişində dayandı, yolboyu bir-birinə bitişik birmərtəbəli suvaqsız dükanlara baxdı. Luay Abdullahın ətir dükanından başqa hamısı bağlı idi. Qəfəsə göz atıb cümə günü olduğunu dəqiqləşdirdi. Gözü balıqçı dostu Ala’a oğlu Kənaanı axtardı.

Cəbəlyədə Kənaandan başqa hamı Ala’anın öldüyünü bilirdi. İnişil səs bombasından qorxub dili tutulmazdan qabaq kimiymişsə, – boynuna almasa da, deyilənə görə, Luay Abdullah olub, – dilindən qaçırdıb Kənaana atasının öldürüldüyünü deyibmiş. Kənaan xəbəri eşitcək evlərinə qaçmış, atasının İordan məxmərinə büküb soyuducunun üstündəki şahmat taxtasının içində saxladığı Quranı götürüb Aban Müəzzinin evinə cummuş, Kitabı onun qarşısına tutmuşdu. Aban Müəzzin çəpərin başından boylanan qonşularının gözü qabağında əlini yuyub silib qurulayıb Quranın üstünə qoymuş, bərkdən demişdi:

– Ya Ala’a oğlu Kənaan, and içirəm, mərmi partlayıb qayığımızı aşıranda atanın dənizə düşdüyünü gördüm, amma ölüsünü görmədim.

Aban Müəzzinin sözlərini eşidən qonşu kişilər içlərini çəkmiş, arvadlar isə üzlərini cırmaqlayıb qanatmışdılar.

Kənaan Quranı üç dəfə öpüb gözünün üstünə qoymuş, Kitabı səliqə ilə məxmərə büküb Əl-Aqsa7 imamları kimi təmkinli addımlarla evlərinə getmişdi.

O gündən Kənaan Cəbəlyədə təkcə hər kəsin üzdə “ağoğlan”, arxada “havalı” dediyi Aban Müəzzini görəndə təzim eləyirdi.

Kənaanın başı Luay Abdullahın dükanının arxasında öz əliylə əkdiyi, günaşırı məscidin həyətindən daşıdığı su ilə suvardığı zeytun ağacına qarışdığından, Aban Müəzzini görmədi. Heç Aban Müəzzin də onun gözdələn baxışlarına tuş gəlmək istəmirdi. O zeytun ağacına, illah da o ağacdan asdığı yazılara görə, Kənaanın başı çox ağrımışdı. Uzunsaqqal qəsəbə kişilərinin, yalnız sürməli gözləri görünən qarapaltar qonşu qadınların qınağı bir yana, Əl-Kəbir məscidinin imamı ilə “müqavimət”çi8 başqanın açıq hədəsi onu çox qorxutmuşdu. Təkcə ətirçi bəhayi Luay Abdullahla Aban Müəzzin Kənaanın “kadima”çıların9 “likud”çulara10, onların da “müqavimət”çilərlə “azadlıq”çılara11 qoşulub birgə öldürdükləri qəzzalıların adını ağ boya ilə dəmir lövhəciklərə yazıb zeytunun budaqlarından asmasına təmkinlə baxırdı. Kənaan Luay Abdullahın da, Aban Müəzzinin də küləkli havada zeytun ağacının altında əlləri qoynunda durub yel vurduqca cingildəyən dəmir addaşların qarışıq müsiqisini dinlədiyini çox görmüşdü. Ötən milad bayramı gecəsi üç qarapaltarlı qadının da pir zeytunun altında ağlaşdığını, addaşlardan birini növbə ilə sığallayıb öpdüklərini görən olmuşdu.

Rəfah tuneli uçub dörd nəfər torpaq altında qalan gün isə Kənaan ətirçi ilə ağoğlanın “Əl-Fürqan” savaşı zamanı Qəzzaya girən tank tırtılları yeri titrədərkən addaşların vahiməli cingilti qopartmaları haqda xəlvəti söhbətini eşitmişdi.

Qəzzalılar Aban Müəzzinin harda sərçə gördü, “gürzə” bilib, çapan çala-çala dalınca qaçdığını Ayişənin qırxı çıxana qədər qəhərli boğazla, qırxdan sonra qəhqəhə ilə seyr eləyirdilər. Arvadlar isə Aban Müəzzini görəndə zağruta12 çalıb lülüləyib şənlənirdilər.

Onun qəfəsində neçə sərçə olduğunu da hamı əzbər bilirdi: ara günlər iki, cümə günləri beş sərçə. Hər sərçə on şekel qazanc gətirirdi. Həftəlik qazancı pitaya13, hummusa14, bir də tütünlə qəhvəyə bəs eləyirdi. Bir-iki dəfə Luay Abdullah Aban Müəzzinə falafel15 təklif etsə də, o, “toxam” deyib ətirçinin əlini geri qaytarmışdı.

Aban Müəzzinin hara gedəcəyini də hər kəs bilirdi: sahildəki üç tərəfi qamışla hasarlanmış “Baradays Qahve va İstiraha” kafesinin müştəriləri həmişə əliaçıq olurdu, müştərilər onunla mərcə girməsələr belə, kafenin yiyəsi Cəmal Atamneh onu heç vaxt əliboş qoymazdı.

Aban Müəzzin, adəti üzrə, qumsallıqdan balıqqulağı götürüb Luay Abdullahın pəncərəsinə sarı tulladı. Ətirçi səsə başını qaldırdı, “Əl-Əyyam”ı16 qatlayıb kənara atdı, əlini yelləyib ona salam verdi.

Sərçələrin cikkiltisi gəlmirdi, eləcə, Aban Müəzzin addımladıqca, millərin üstündə müvazinətlərini saxlamaq üçün qanadlarını çırpırdılar.

Aban Müəzzin əlində su qabı, gözü dolmuş Kənaanı qarşısında görəndə duruxdu. Kənaan ona yüngülcə təzim edib ləpədöyən qayalığı göstərdi. Aban Müəzzin gözucu o tərəfə baxdı, qayalara aramsız çırpılıb sönən dalğalardan, bir də leş üstündə dimdikləşən iki kərkəsdən başqa bir şey görməyib Kənaanın başını sığallayıb alnından öpdü, salavat çevirıb şəhərə doğru addımladı.

O, daş yoldan sağa, kafeyə tərəf dönəndə, Cəmal Atamneh özü onu qarşılayardı. Bu dəfə belə olmadı. Cəmal qaşqabaqlı idi, Aban Müəzzinə dilucu “Səbah əl-Nur” deyib küncdəki boş kətili göstərdi. Dirəyə bərkidilmiş radiodan kafeyə Fayruzun17 “Bektob esmak, ya habibi”18 sızıltısı axırdı. Cəmal Atamneh radionun səsini alıb Aban Müəzzinlə üzbəüz oturdu. Cəzvədəki qəhvəni qarışdırıb onun fincanına tökdü.

– Aban Müəzzin, həbibi, – Cəmal ayağının ucu ilə qəfəsi mizin altına itələyib dedi, – tezdən “müqavimət”çilər gəlmişdi, səni soruşdular, dedilər, mərc qoşmaq şəriətdə yasaqdı. Ehtiyatlı ol, ya Aban, yaman acıqlı danışırdılar!

Aban Müəzzin dinmədi. Şəriət yasaqlarından xəbəri vardı. Dodaqlarını tərpədib hər cümlənin başında işlətdiyi “mafii müşkila”sını19 deyib ayağa durdu, əlini bir neçə dəfə yüngülcə Cəmalın kürəyinə vurdu, qəfəsin quşqusunu barmağına keçirib qəhvəxanadan çıxdı.

* * *

Dənizdən əsən nəsim çirkab suların üfunətini ətrafa yayırdı. Aban Müəzzin arxasını dənizə çevirmişdi. Qayıqları batırılıb iki balıqçı yoldaşını itirəndən sonra o, dənizə ancaq gözucu, sabahın havasını öyrənmək üçün baxardı. Elə bilirdi dənizə çox baxsa, orda mütləq Ala’anın suya qarışmış qanını görəcəkdi.

Əl-Kəbir məscidindən günorta azanının ucalması ilə işıqların sönməsi bir oldu. Maqnitofona yazılmış azan bir dəfə “Allahu-Əkbər” deyib susdu. Generatorlar uğultu ilə işə düşdü. Azan səsi generatorların qara tüstüsünə qarışıb Qəzzanın içinə doğru süründü.

Sahildə gəzişən iki ahıl kişi Ərəfatın20 “Oazis” kazinosu haqda qızğın mübahisə eləyə-eləyə Aban Müəzzinin qarşısından keçib getdilər, amma bir azdan qayıdıb onun yanına gəldilər. Kişilərdən biri əlini açıb beş şnekeli Aban Müəzzinin gözü qabağına tutdu:

– Oynayaq?

Aban Müəzzin dinməzcə qəfəsdəki sərçələrdən birini çıxarıb ovcunda gizlədi. Sərçənin başı ilə quyruğu görünürdü.

Aban Müəzzin rəqibinə baxdı.

– Ölüdü! – rəqibi kefikök dilləndi.

– Yox, diridi!

Rəqibi dostuna baxıb irişdi, Aban Müəzzinin burnuna bir çırtma vurdu:

– Dedim. ölüdü!

– Di-ri-di!!! – Aban Müəzzin var gücü ilə bağırdı.

Sahildə top qovan uşaqlar bir anda çəkişənləri dövrəyə aldı.

Rəqibi gülüşüb qışqırmağa hazır durmuş uşaqlara baxıb əlini Aban Müəzzinin əlinin üstünə şappıldatdı:

– Diridisə, aç, baxaq.

Aban Müəzzin barmaqlarını aralayan kimi sərçə qanadlarını sürətlə çalıb dənizə tərəf uçdu, amma tez də burulub Əl-Kəbir məscidinə sarı uçub getdi. Uşaqların sevinclə atılıb-düşməsi xeyli çəkdi. Ahıl kişi beş şnekeli bir-bir qumun üstünə atdı. Aban Müəzzin ona təşəkkür etdi, yerdən dəmir pulları götürdü, tozunu üfürüb təmizləyib qəfəsin küncünə yığdı.

* * *

Gün Aşdoda tərəf əyilirdi. Qəfəsdəki dörd sərçə qoxusunu hələ unutmadıqları yuvalarına tərəf uçmuş, Aban Müəzzinə qırx şekel qazanc gətirmişdi.

Aban Müəzzin boyu şərqə uzanan kölgədə oturdu. Mərcə girən təzə müştəri olmadığından, qəfəsi açıb sonuncu sərçəni ovcuna aldı. Birinci dəfə idi, gətirdiyi sərçələrdən geri qaytardığı olurdu.

Gözlərini yumub dənizə tərəf çevrildi. “Get bacılarının yanına, qanadlı məxluq!” – deyib sərçəni başı üzərinə qaldırdı.

– Oyun bitdimi, Aban Müəzzin?! – kimsə onun qolundan yapışdı.

Gözlərini açdı. Qarşısında dənizin mavi yeləni ilə uyuşmayan tünd palıd köynəkli, qalın qara saqqallı pota bir oğlan, bir də ondan on-on beş yaş böyük, pırpız saçlı, çal saqqallı bir kişi dayanmışdı. Aban Müəzzin “müqavimət”çilərlə görüşün elə belə də olacağını ağlından yüz dəfə keçirmişdi.

– Yox, bitməyib, – cavab verdi. Səsinin titrədiyini özü də duydu.

Pota cibindən yüz şekellik əsginas çıxarıb Aban Müəzzinin gözü qabağında yellədi:

– Şekel deyir, diridi, – sifətinin bir tərəfini əyib istehza ilə qımışdı, – sən nə deyirsən?

Aban Müəzzin “Hə, diridi” deyib ovcunu açmaq istədi, amma potanın qurşağında parıldayan gümüş qundaqlı tapançanın, bir də uduzacağı yüz şekelin qorxusundan fikrindən daşındı:

– Yox, ölüdü, – mızıldandı.

Pota şalvarının arxa cibindən bir yüzük də çıxartdı:

– İndi nə deyirsən? Mən bilən, diridi axı?

– Diri idi, – Aban Müəzzin gözlərini qırpdı, – uçurdu, budaqlara qonurdu… boz qurdları tapıb dimdiyində balalarına daşıyırdı… amma indi ölüb, artıq ölüb, çoxdan ölüb…

Aban Müəzzin ovcunu açmadan orta barmağını sərçənin qanadı altından keçirib böyründən basdı. Sərçə cikkildədi, dartınıb çəlimsiz çaynaqları ilə Aban Müəzzinin ovcunu cırmaqladı, dimdikləri arasından əsən dili göründü.

– Azdı, əbləh?! – pota bir neçə yüzlük də çıxartdı, üst-üstə qoyub bürmələdi, Aban Müəzzinin sifətinə çırpdı, – Al, yəhudi qaravaşı! Get, nə qədər istəyirsən sərçə tut uçurt. İstəsən, lap şahin al!

Aban Müəzzin dinmədi. Pota qəzəblə qəfəsə tüpürüb arxasını ona çevirdi.

Çalsaqqal kişi yerə tökülmüş yüzlükləri ayağı ilə bir yerə topladı, yel dağıtmasın deyə, üstünə bir top qum yığdı.

Aban Müəzzin sərçənin nazik qabırğalarını sıxdıqca, gicgahında artan ritmik guppultunun özününmü, ya sərçəninmi ürək döyüntüsü olduğunu anlamağa çalışdı. Dişlərini qıcayıb gücü gəldikcə barmaqlarını sıxdı. Beyni uğuldadı. Yadında qalan ovcunun islanması, bir də çalsaqqalın əli ilə onun kürəyinə vurub gülə-gülə “Qəm eləmə, Aban Müəzzin, öz əcəli ilə ölən sərçə hələ görməmişik” deməsi oldu.

Hər iki “müqavimət”çi yolda onları gözləyən qara maşına tərəf getdi.

* * *

Axşam namazına toplaşmış möminlər Aban Müəzzinin Əl-Kəbir məscidinə girdiyini görəndə, təccüblə bir-birinə baxdılar. Aban Müəzzin məscidin həyətində dəstəmaz üçün qoyulmuş qabdakı su ilə səubuna bulaşmış qan qarışıq yaşıl ləkəni təmizlədi, pulları son şekelinə kimi nəzir qutusuna atdı, ayaqqabılarını çıxardıb içəri keçdi.

Axşam namazı bitmişdi, Aban Müəzzin isə hələ də divara söykəndiyi yerdə dayanıb durmuşdu. Dilinin altında nəsə danışırdı, bunu həm dodaqlarının tərpənməsindən, həm də hərdən zorla eşidiləcək “İlahi” kəlməsindən bilmək olurdu.

* * *

Luay Abdullahın dükanına az qalmışdı. Qarşıdan gələn maşınlar işıqları ilə göz vurur, siqnal verib Aban Müəzzinin yoldan çəkilməsini istəyir, bəziləri isə donquldanıb maşınlarını qumluğa salıb ona yol verirdi.

Aban Müəzzin vıyıltı ilə sifətinə çırpılan siqaret kötüyündən diksindi. Pota ilə çalsaqqal qəhqəh çəkib gülüb maşına qaz verib getdilər. Aban Müəzzin maşının qaldırdığı tozun içində bir neçə dəfə öskürdü, maşının arxasınca astadan “mafii müşkila” deyib əlini közün sifətini dağladığı yerə sürtdü.

Ətir dükanının pəncərəsindən içəri boylandı. Luay Abdullah başını divara söykəyib yuxulamışdı. Dükanın qapısını açıb içəri keçdi. Qapı açılan kimi külək Luay Abdullahın dizinin üstündəki şəkili yerə saldı. Aban Müəzzin Luay Abdullahla Kənaanın anasının, xanyunisli dünya gözəli Ğada Jarbonun qol-boyun fotosunu qaldırıb mizin üstünə qoyub çıxdı.

Aban Müəzzin Kənaanı dükanın arxasında, dibindən kəsilib aşırılmış zeytun ağacının yanında tapdı; bardaş qurub əlini arxasında çarpazlamışdı. O, Kənaanla üzbəüz oturdu. Kənaan başını ağır-ağır qaldırıb ona baxdı. Üzünün ifadəsi əlini “gürzə” qəlpəsinin batdığı yerə qoyub “Aban, balamızı öldürdülər” zarıyan Ayişəsinin üzündəki ifadəyə necə də oxşayırdı!

Qaranlıq qatılaşıb yuxuları oyadana qədər Aban Müəzzin Kənaanın qarşısında kirimişcə oturdu. Nəhayət, qəfəsi tərsinə çevirib onun qabağına qoydu, qeybdən gələn boğuq səslə dedi: Ala’a oğlu, Allah bağışladı, sən də bağışla.

* * *

Ertəsi gün Cəbəlyə qəhvəxanalarında kişilər durmadan Allaha dua edir, qəsəbənin hər yerində qumun bol olduğunu sevinclə söyləyirdilər. “Qum olmasaydı, – deyirdilər, – Aban Müəzzinin evini söndürmək olmazdı, alov bütün qəsəbəni bürüyərdi”. Qonşu arvadlar isə xısınlaşıb sübh namazından qabaq Aban Müəzzinin evinin xarabalığı üstündə bir top sərçənin, bir cüt də kərkəsin dövrə vurduğunu deyirdilər.

Kənaan qırılmış zeytunun kötüyü yanında təzə ting basdırmışdı. Atası Ala’a ilə Aban Müəzzinin addaşlarını tingin zərif budağından yanaşı asmışdı.

Qəzza, Fələstin, 2009

Gecəgörənlər

Bir-birimizi “dostcan” çağırırıq. Bizim dünyamızda adın dəyəri yoxdu, çünki ad insanları ayırmaq üçündü.

Yay aylarında gecədən xeyli keçmişə qədər yataqxananın yanındakı parkda gəzib söhbətləşməkdən doymuruq. Bizi içində “dünya” sözü olan suallar birləşdirib.

– Dostcan, dünyada ən qoca ağac hardadı, bilirsən? – bugünün ilk sualını verir.

Bu sualı bir dəfə radioda eşitmişəm, cavabını bilirəm, amma söhbəti korlamamaq… ah, yox, söhbətin tamını qaçırmamaq üçün deyirəm:

– Bilmirəm, dostcan, hardadı? – və onun qımışdığını, üzünə uşaq sevinci qonduğunu hiss edirəm.

– Livanda21 – deyir, “Nuhun zeytun bacıları”nı adbaad sadalayır, enboylarını metrinə qədər söyləyir.

Cavabdan məəttəl qaldığımı sezdirmək üçün içimi çəkirəm.

Qaydamız var: indi sual vermək sırası məndədi.

– Dostcan, dünyada ən gözəl insan səsi hansıdı?

O, hörüb sinəsinə salladığı bir tay qulac saçını arxaya atır. Saçının ucu üzümə dəyir.

– Mənimki baritonlarla tutur – deyir, – bas səs məni darıxdırır, soprano qıcıqlandırır.

– Bilirsənmi, baslar əyyaş, baritonlar şorgöz olur? – gülürəm.

– Hə, eşitmişəm. Tenorların da abdal olduğunu deyirlər. Baslarla baritonlar tenorlara həmişə paxıllıq eləyir.

O, parkın hər daşını tanıyır, çünki çoxdan burdadı. Mən isə yataqxanaya təzə gəlmişəm. Sənədlərimi tanışlıq üçün yataqxana müdirinə verib.

Hə, gizlətmirəm, səsinə vuruldum; alabəzək gözək kimi bir-birinə sarınmış üçqatlı səsi Baxın “Fa minor xoral prelüdiyası”nın orqan borusunda boğulan son notuna bənzəyirdi. İndiyə qədər də onun səsinin bütün çalarlarını sezmək üçün çənəmi qabağa uzadıb boynumu qısıram.

Adamların çoxu təksəs olur. Heyf. Nə qədər ağıllı, amma ölüsəs adama rast gəlmişəm! Onları dinləmək cəhənnəm əzabıdı.

Həyatın yalnız səslərdən ibarət olduğunu qavrayıb qəbul eləyəndən sonra yaşadığım yeni hisslər içində ən gözəli çoxsəsli adamların cazibəsi oldu.

“İnsanları bir-birinə çəkən onların səsidi. Səsi keyimiş, yanmış, solub bozarmış adamlar var, amma səssiz adam yoxdu. Səadət də elə gözəl səslərin qarşılıqlı köklənməsidi” – dostcandan bunu ilk dəfə eşidəndə dodağım qaçmışdı. Sonralar səsin tilsimini özüm öz canımla duydum.

Yaxınlıqda bir park da var, amma bu park ondan qat-qat rahatdı, çünki burda daşları yerə səliqəli düzüblər; hamar, çıxıntısız, daşların arası sıx. Ayağımız bir dəfə də ilişmir. Gülləri də qəşəngdi. Parkda bir dənə də qızılgül kolunun olmaması ikimizi də sevindirir.

Qoca çinarın yanından keçəndə dayanırıq. Çinarın xışıltısı ayrı cür gəlir. İkimiz də səsin fərqli olduğunu əlbəəl duyuruq. Üstəgəl, ətrafdakı qoxu da fərqlidi. “Dostcan, ehtiyatlı ol, – deyib qolumdan dartır, – deyəsən ustaçalar çalanın ağzını yenə açıq qoyublar, – şikayətlənir, – mənə baxma, mən yolları şeir kimi əzbərləmişəm, tək çıxanda çubuğunu götür”. Dalınca da azaylanır: “Dünyanın heç yerində acıağız ağac tapmazsan, dostcan. Ağacların ən fağırı isə çinardı. Onları dinləmək üçün ürəyinin qapısını açan az adam tapılar”.

Sevimli oturacağımıza yanaşırıq. Tutulub. Dayanırıq. Oturanlar bizi görüb gülür. Uzaqlaşırıq. Onlar daha bərk gülür. Yuxarı sinif şagirdləridi; oğlanla qız; gülüşlərinin tembrindən bilinir. Ayrılıqda şirin gülüşləri var, amma bir yerdə güləndə, səslərinin amplitudu bir-birini döyüb gülüşü qağayı qığıldaşmasına çevirir. Birləşsələr, ömürləri qovğa içində çürüyəcək.

O biri oturacaq çayxananın şüşə divarına bitişikdi, yerindən tərpətmək də olmur, ayaqlarını betonlayıblar. Küylü, ruhsuz, maqnitsiz yerdi. Səsin qədrini bilməyəndə küyə çevrilir. Bir neçə dəfə orda otrumağa məcbur olmuşuq. Çayxanada bütün danışıqların bomboz olduğunu bilirik.

Burda bizi yaxşı tanıyırlar. Bizə hələ ad da qoyublar – “yarasalar”. İncimirik.

Bir uşaq şüşəni taqqıldadıb cır səslə bizi içəri çağırır. “İlahi, belə acı səslə bu uşaq həyatda özünə necə yer tapacaq?!” – dostcan qulağıma pıçıldayır. “Tanrı səsini yetirsin! – deyirəm. – Bişər səsi, inşallah”.

Uşağa “yox” deyirik.

Bir az keçmiş uşaq qarşımızda dayanır:

– Əmi, müdirimiz İcra başçısının şərəfinə iftar süfrəsi açıb, bir azdan başçı özü də gələcək. Müdir tapşırdı, sizi də çağırım.

– Lütfü artıq olsun müdirin, cocubala, qoşularıq, – deyirəm.

“Dostcan, gedim baxım görüm bizim oturacaq boşalıbmı?” – deyib qalxır, tezliklə də qayıdıb cavanların getdiyini bildirir.

Qapalı dünyamızın kiçik duracağına qayıdırıq. Yerimizi tutan kimi soruşur:

– Dostcan, bütün dünya indi professor Herminder Duanın tapıncından danışır, sən nə düşünürsən? Səncə, bizi ayrı dünyaya aparmaq mümkün olacaqmı?

– Bilmirəm, – professorun beşqatlı gözdə tapdığı altıncı qatın nəyisə dəyişəcəyinə inamsızlığımı gizləyib dostcanın umudunu qırmamaq üçün səsimin enerjisini majora kökləməli oluram, – hər halda, həbsxana divarının bir kərpici də götürülmüş olur.

– Mən başqa dünyaya qayıtsam, tetraxromat22 olmaq istərdim, – ulduzlarla danışırmış kimi üzünü göyə tutur.

– Hə, dostcan, heyf ki, ancaq qadınlar tetraxromat ola bilər. Mənim şansım yoxdu. Eybi yox, mənə üçxromatlıq da yetər… Daltonik olmağa da hazıram.

Son cümləni nahaq yerə dediyimi dərhal anlayıram. Axı mən təzəyəm. Başqa dünyadan bu dünyaya ikicə il öncə, dostcandan otuz bir il sonra gəlmişəm. Bu dünyanın qaydaları ilə hələ də barışa bilmirəm. Dostcan isə elə bu dünyada doğulub, burda deyilən hər sözün çəkisini ürək ülgüsü ilə ölçür. Yaxşı ki üzə vurmur. Qadınlar qəribədi. Bizim dünyanın qadınları isə ikiqat qəribədi; hisslərdən tor qurmağın sirrini Tanrı qədər dərindən bilirlər.

“Məncə, Tanrı qadındı, dostcan”, – susub susub deyir.

Bayaqdan bununçün susurmuş demək; neştəri aortama yeritmək üçün ən iti silah axtarırmış.

“Müdir sizi çağırır, deyir gəlin, iftarımızı açırıq, başçı da çatır”, – uşaq çanağına mikrofon yapışdırılmış saz səsilə canımı dostcanın çaynağından qurtarır.

* * *

İftar süfrəsinə çox adam toplaşıb. Onların kimliyini bilmək asan deyil, çünki səsləri çürük sap kimi dolaşıb düyün düşüb, çözmək olmur.

Bardaş qurub otururuq. Ətrafı dinləyirik.

Dostcan yavaşca qoluma toxunur, daha doğrusu, barmağını çiynimə dayayıb qolum boyu aşağı çəkir. Bu, bizim dünyamızda istehza işarəsidi.

– Nədi, dostcan? – soruşuram, – iftarın ruhu səni tutub? – mən də istehzaya salıram.

– Eşidirsən? – qulağıma deyir, – o başda bizdən danışırlar.

– Doğrudan? Nəyimizdən danışırlar? – boynumu qısıb çiyinlərimi qaldırıram. Biçimsiz küyü əlçimləyib səsləri ayırmaq istəyirəm, alınmır. Mən hələ bunu bacarmıram. Öyrənə bilməmişəm. O isə istədiyi səsin ucunu qulağının membranına bağlayıb asanca özünə tərəf çəkə bilir.

– Orda iki qara səs var, dostcan, – deyir, – biri çox iyrəncdi, bəlğəmi yara-yara gəlir. O biri səs isə ömür boyu gündən qaranlığa qaçan adamın səsidi, dinlə bir!

– Tuta bilmirəm, bağışla, dostcan, – deyirəm. Əlbəəl də acıqlandığını duyuram.

– Sənin siqaret yandırmağına gülürlər. Deyir, siqareti damağına qoyursan, iki barmağınla siqaretin ucundan tutursan, çeçə barmağınla çaxmağın alovunu tapırsan, siqaretin ucunu ora aparıb alışdırırsan.

Dinmirəm. Mən bilən, doğru təsvir eləmir, iftardan sonra yoxlayaram.

Çayçı stəkanlara çay süzür. Kiminsə stəkanı aşır. Onun acıqlı “korsan?!” səsi çayçının “bağışla”sının kürəyini yerə vurur. Yeməkdən iyrənən adam kimi üzümü turşudub başımı geri atıram.

Sakitlik yaranır. Dostcan qoluma toxunur: “Biz dünyanın üzdə olan vacib örnəkləriyik, gəl fəxr eləyək!” – kədər qarışıq istehza ilə deyir.

İki qonşum qadınların iftara oturmalarının şəriətdə məqbul sayılıb-sayılmaması barədə yarıpıçıltı mübahisə eləyir. Söhbət tezliklə namaz qılan fahişələrın Allah yanında yerlərinin olub-olmadığına burulur. “Fahişələr bunlardan xoşbəxtdi” – həmsöhbətlərdən biri “bunlardan” sözünü burnuna salıb deyir. Əminəm ki, o, başı ilə bizi göstərir.

* * *

Kiminsə “Başçı gəlir!” deməsi ilə söhbət yekunlaşır. Otağı bardaş qurub oturmuş iftarçıların ayağa durarkən diz tağalaqlarının şaqqıltısı bürüyür.

Başçı hamını salamlayır. İftarçılar təlim görmüş əsgər alayı kimi xorla “Əleyküm salam!” deyir.

Müdir qonşu otaqdakılara “kətil verin!” bağırır. Daş döşəmə üzərində xırçıltı ilə sürüşən kətilin səsi qulağımı deşib ətimi çimçəşdirir.

Müdir kətili işçisinin əlindən qapıb alan kimi tövşək səslə lütfkarlıq bildirən sözləri dalbadal düzür, hıqqıldaya-hıqqıldaya kətili başçının altına çəkir.

Başçı “bismillah” deyir. Ağzında nəsə çeynədiyindən, “s” səsi tüpürcəkli çıxır.

İftarçılar nizamsız çapana bənzəyən diz şaqqıltılarının müşayiəti ilə oturub yeməyə girişirlər.

– İftar yeyək, dostcan? – o, pilə kimi yumşaq təbəssümü ilə qulağıma pıçıldayır.

Nə dediyini anlayıram.

Məclisin o biri başında kimsə ramazan ayında tutulan orucun fəzilətləri haqda hədis danışır, amma onun səsi qulağıma ayran hortulutusuna, qaşıq çingiltisinə bükülüb boğuq-boğuq, buruq-buruq çatdığından, diqqətimi cəmləyib o səsi küydən ayıra bilmirəm.

Qonşularım yenə sözlərin bəzilərini burunlarına sala-sala danışırlar. “Deyəsən başçı xubdu, bayaqdan xurmaya girişib”. O biri təsdiqləyir: “O həmişə hallı olur, bax, gör arada sifətini necə ləzzətlə ovuşdurur! Gözləri də qıpqırmızıdı”.

Bir azdan qaşıqların boşqaba dəyən son cingiltisi kəsilir, hədis danışan adamın dediklərini aydın eşidirəm. O, şəriət buyruqlarının gözəlliyindən danışır, bunu qanmayanları günahlandırıb kafir adlandırır, tez-tez də başçıya tərəf baxır. Bunu başçının marçıltıya bənzəyən təqdir səsindən anlayıram.

– Allah kəbirdi, şəriət buyruqlarını pozan nankorların cəzasını tezliklə verəcək, – hədisçi belə deyir.

Yerdən “amin!” səsləri ucalır. Amin deyənlər arasında başçının da səsi var.

Hədisçi daha bəlağətlə danışır. Arada başçı onun sözünü kəsir:

– Elə korafəhimləri biz özümüz də cəzalandıra bilərik.

Hədisçi başçının şəninə uzun-uzadı təriflər yağdırdıqdan sonra yenə ürəklərini, gözlərini qapayıb ilahinin qüdrətini görməyənləri lənətləyir.

Birdən başçı qəhqəh çəkir. Hamı susur. Nə baş verdiyini anlamağa çalışıram. Başçının qəhqəhəsi çox uzun sürür. O, arada sakitləşir, nəsə demək istəyir, amma beyninin qoşa gülüş oyuqcuğu yenidən qıcıqlanır və onu şaqqanaq çəkib gülməyə məcbur edir. Axırda gülməyini birtəhər qısır, pıqqıldaya-pıqqıldaya: “Rəhmətlik atam deyərdi ki, kor Allaha necə baxırsa, Allah da kora elə baxır” – deyir.

Beynimdə başçının sözünə səmimi gülən iftarçılarla süni gülənlərin nisbətini hesablayıram.

Dostcan qoluma çırtma vurur. Bu, “getdik” işarəsidi.

Yavaşca ayağa dururam. Yandaşım qolumdan yapışır: “Məclis hələ bitməyib, başçı durmamış hara durursunuz?!”

Onun əlini qolumdan aralayıram.

Çıxışıda ayaqqabılarımızı axtarıb tapana qədər iftarçılar sakitləşir.

Başçının yenidən qəhqəh çəkdiyini eşidirəm.

– Gecənin bu aləmində nə ədəbazlıqdı belə?! Ey, sizinləyəm, qara eynəklilər!

Sualın bizə aid olduğunu indi anlayıram.

Biz eynəklərimizi çıxardırıq. Eynəkli əllərimiz bir-birinə toxunur.

Başqan içini çəkir:

– Siz ki korsunuz!!!

Mən gözlərimin yerində iki boş dərin oyuq görən başçının ağzının necə əyildiyini aydın görürəm.

– Biz kor deyilik, cənab başçı, – dostcan üçqatlı səsi ilə cavab verir və mən onun səs çalarlarının ayrıldığını, hər bir çaların partlamaq həddinə qədər şişdiyini duyuram, – biz gecəgörənlərik!

İftarçıların narazı küyünü eşidirik.

Çıxırıq. Arvadını oynaşla tutub kimi birinci öldürəcəyini götür-qoy eləyən kişi kimi qəzəblə susuruq.

O, məni evinə qonaq çağırır. Bu, bilirəm, sadəcə, xorun anlaqsızlığını birlikdə dəfn etmək üçündü.

Otağa girən kimi işığı yandırır.

– İşıq nəyə lazım, dostcan?.. Artıq xərcdi? – deyirəm.

– Nə danışırsan, dostcan?! – mən həmişə işığı yandırıram, sən də yandır, yoxsa dünya bizi ölmüş bilər.

Bakı, 2013
1.Şekel – İsrailin rəsmi pul vahidi. Qəzza Zolağı da daxil, Fələstinin hər yerində şekel işlənir. Şnekel – el arasında 2-şekellik dəmir pula deyirlər. Şnayim (iki) və şekel sözlərinin birləşməsindən yaranıb.
2.Əl-Fürqan (Meyar, Gözüaçıqlıq) – Quranın 25-ci surəsi. İsrailin “Qurğuşun əməliyyatı”, Fələstinin isə “Qəzza Qətliamı” və ya “Əl-Fürqan savaşı” adlandırdığı, 27 dekabr 2008 – 18 yanvar 2009 arası baş vermiş Qəzza müharibəsi.
3.“Gürzə” – çoxməqsədli F-16 qırıcı təyyarəsi. Rəsmi adı: “Döyüşən Şahin”. Çevikliyinə görə, pilotlar ona “gürzə” (viper) deyirlər.
4.Kufiyə – ərəblərdə kişi baş örtüyü, yaylığı. Ş(a)max(q), kaffiya, keffiya, ğutra da deyirlər. El arasında “ərəfati” də işlənir. Örtüyü başda saxlamaq üçün üstündən qara dairə (iqal) taxırlar.
5.Səub (thawb) və ya soub (thobe) – uzunətəkli ərəb kişi geyimi.
6.Cəbəlyə qaçqın düşərgəsi – Şimali Qəzza qubernatorluğunda, Cəbəlyədən 3 km şimalda yerləşir.
7.Əl-Aqsa – Yerusəlimdə (Əl-Qüdsdə) yerləşən və islam dünyasının üçüncü müqəddəs məscidi. Beyt əl-Müqəddəs də deyilir.
8.“Müqavimət”çi – “İslam Müqavimət Hərəkatı”na (Harakat al-Muqāwamah al-İslāmiyyah – HAMAS) el arasında verilən qısa ad. “Hamas” sözünün özü isə ərəbcə “çalışqanlıq”, “inadkarlıq” anlamını verir. Qurum 15 dekabr 1987-ci ildə, misirli “Müsəlman Qardaşları”nın bazasında yaradılıb. 2007-ci ildən Qəzzada idarəçilik HAMAS-ın əlindədi.
9.Kadima – “İrəli”. İsrailin mərkəzçi- liberal siyasi partiyası.
10.Likud (HaLikud) – “Birlik”. İsrailin aparıcı mərkəzçi-sağ siyasi partiyası.
11.“Azadlıq”çı – Fələstində siyasi partiyaların konfederasiyası sayılan Fələstin Azadlıq Təşkilatının ən böyük qolu olan, əsası Yasir Ərəfat tərəfindən qoyulmuş FƏTH (Fatah və Fateh kimi də tanınır) partiyası.
12.Zağruta – lülüləmək. Ərəb qadınlarının toylarda, bayramlarda dillərini cəld hərəkət etdirməklə birlikdə çıxardıqları şən səs.
13.Pita – müxtəlif ölçülü dairəvi çörək.
14.Hummus – Qaynadılmış noxuddan əzilib hazırlanmış, küncüt, zirə, sarımsaq, limon şirəsi, zeytun yağı və duz qatılmış yüngül yemək.
15.Falafel – Noxud, lobya və başqa növ paxlalardan əzilib hazırlanmış, içi ədviyyatla doldurulub kündələnib kartof kimi qızardılmış təam.
16.“Əl-Əyyam” – Ramallahda (Fələstin) ərəbcə çıxan qəzet.
17.Fayruz – Nouhad Vadi Həddad (21 noyabr 1935-ci ildə doğulub). Dünya şöhrətli livanlı müğənni. Səhərlər əksər qəzzalılar Fayruzu dinləməyi çox sevir.
18.“Bektob esmak, ya habibi” – “Sənin adını yazıram, əzizim”
19.Mafii müşkila – eybi yoxdur, problem deyil (ərəbcə)
20.Ərəfat – Yasir Ərəfat (4 avqust 1929 – 11 noyabr 2004). Fələstin Milli Azadlıq hərəkatının (Harakat al-Tahrir al-Vatani al-Filastini – FATH) təşkilatının banisi. 1994-cü ildə Nobel Sülh mükafatı alıb. Yasir Ərəfatı Fələstində ümummilli lider, İsraildə isə terrorçu sayırlar. Ərəfatın Əl-Qüdslə (Yerusəlim) Ölü Dəniz arasında açdırdığı “Oazis” kazinosu islam ələmində böyük səs-küyə səbəb olmuşdu.
21.Livanın Əl-Bətrun bölgəsindəki altı min beş yüz illik on altı zeytun ağacı. O ağaclara “Nuhun Zeytun Bacıları” da deyirlər.
22.Göz rəng məlumatını üç müstəqil sensor kanalı (üçxromatlıq) ilə emal edib beyinə ötürür və insan bir milyona qədər rəng çaları görə bilir. Qadınların (ancaq qadınların!) cüzi bir hissəsi isə dörd sensor kanalına (dörd/tetra/xromatlıq) malikdirlər və onlar yüz milyon rəng çalarını seçə bilirlər.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺66,84
₺133,67
−50%
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
06 ekim 2022
Hacim:
141 s. 2 illüstrasyon
ISBN:
9789952837117
İndirme biçimi:

Benzer kitaplar