Kitabı oku: «Bəla», sayfa 2
Məhəmməd Xudabəndə I Təhmasibin böyük oğlu, Şah İsmayıl Xətainin nəvəsiydi. Qanunda elə hamıdan əvvəl o dilə gətirilməliydi. Lakin Sultan Məhəmməd Xudabəndə siyasətdən uzaq, dindar bir adamdı, gözləri də çox zəif görürdü. Ən böyük şahzadə olduğu halda, hamıdan, daha doğrusu, dəstəbazların hamısından uzaq olduğundan yada düşmürdü, dilə gətirilmirdi. Odur ki, Sultan Məhəm-məd Xudabəndənin adı çəkilincə, məclisə ani bir sükut çökdü; heç bir qəbilə bu namizədə irad tuta biləcək deyildi. Şahzadə Məhəmməd Xudabəndəyə təsir göstərmək, ona yaxınlaşmaq, günahkarları, xəracı bağışlatmaq daha asan olacaqdı. Hamı, hətta Şahzadə Məhəmməd Xudabəndəni və onun yaxınlarını o qədər də sevməyən əmirlər – tayfa başçıları belə etiraz üçün qüsur, söz tapa bilmədilər.
Hazırda Şirazda ailəsiylə birlikdə yaşayan hakimin – şahzadənin həyat tərzinə bələd idilər. Sinələrdən yüngül-lük gətirən bir nəfəs qopdu; yorulmuş, yerli-yersiz müba-hisələrdən cana doymuş başlar razılıqla sinələrə endi. Bayaq qocaya, – “Sən deyən məsləhətdi, buyuracaqsan, de”, – söyləyən sərkərdə yenə də hamıdan əvvəl səsləndi:
– Mən biləni mübarəkdi. Şahənşahımız, İran-zəminin qibleyi-aləmi, şahzadə Məhəmməd Xudabəndə bu gün-dən padşahımızdı.
– Allah xeyir eləsin!
– Mübarəkdir!
– Gözaydınlığı verək millətə…
– Müjdəçi göndərək Şiraza…
– Təcili çapar göndərilsin…
– Qəbul eləsə, o Allah bəndəsi…
– Elər, elər…
Ən əvvəl Pərixan xanımdan gözaydınlığı alınsın.
Çapar göndərməyə ehtiyac yox idi. Amma burdakılar bilmirdi. Çünki Xeyrənisa Bəyimi – Məhəmməd Xuda-bəndənin arvadı Məhdi-Ülyanı hardasa yaxşı tanıyan, xis-lətinə bələd olanlardan biri, dodaqaltı mızıldandı: “Alla-hın altında Pərixan xanımı – şah nəsilli qadını qəbul elə-mədik. Bununsa, Allah kölgəsini bizə qismət eləməsin”.
37 tayfa birinci və axırıncı dəfə eyni bir məsələyə müsbət cavab verib qol qoydu: “Hə, – dedi, – şahımız Məhəmməd Xudabəndədir”.
Mənim əzizlərim, kaş bizim indiki 37-də heç olmasa, ömründə bir dəfə belə bir “Hə” deyəydi, lazım olanda.
Nəysə…
Kimiydisə, deyəsən, hamıdan əvvəl eşik ağası vəziri-əzəmi belə qabaqlayıb imarətin qapısına çıxıb bağırdı:
– İran-zəminin hökmdarı, Şahənşah Məhəmməd Xudabəndə var olsun!
– Var olsun, – sədaları göylərə ucaldı. Meydan titrədi.
Var olsun!..
Şiraza çapar göndərməyə heç ehtiyac yox idi. Çünki neçə gündən bəri, II İsmayıl öldürüldüyü saatdan başla-yaraq Xeyrənisa Bəyimin “güdükçüləri”, “qulaqçıları” hər altı ağacdan bir Qəzvindən Şiraza gedən yola düzülmüş, Mirzə Salmanın göstərişiylə müşahidə aparır, hər bir ye-niliyi ona birinci çatdırırdılar.
QANLI OLSA DA, XOŞ XƏBƏR
Məhdi-Ülya çoxdandı ki, intizardaydı. Dünya gözəli Şiraz indi onunçün cəhənnəmə dönmüşdü. Qəznəvidə – paytaxtda baş verən hadisələri ona yollara düzdüyü xə-bərçilər, qulaqçılar indiki teleqrafdan da sürətlə çatdırır-dılar.
Paytaxtdan isə bir-birinin ardınca müxtəlif xəbərlər gəlirdi. Əvvəlcə II Şah İsmayılın ölümü… Deyək ki, Məh-di-Ülyanı o qədər də təəccübləndirmədi. Çünki cavan şahın apardığı islahatlar tayfa başçılarının ürəyindən de-yildi. Başlıca məqsədi varlanmaq, hakimiyyətə mümkün olduqca daha yaxın mövqe tutmaq, ölkənin idarə olun-masında başqa tayfalardan artıq yer tutmaq olan tayfa başçılarını əslində heç bir mənəvi birlik – sünni-şiə tə-əssübünün ləğvi maraqlandırmırdı. Bir neçə tayfa yaxın-laşsa da, ümumi birliyə söz ola bilməzdi. Amma bax, bu dini məsələdə, bu təriqət ayrı-seçkiliyi məsələsində bütün tayfaların ruhaniləri, ruhani və mənəvi başçıları birləşirdi. Onlar sünni-şiə məsələsinin ləğvinə qətiyyən razı deyil-dilər və qorxurdular. Şah İsmayılın sünnilüyü qəbul edib, babasının yaratdığı və indi kəskin inkişaf etmiş şiəliyi məhv etmək istədiyi şayiəsini yayırdılar.
Doğrudan da, II Şah İsmayıl “Kəlmeyi-şəhadət”ə əla-və olunmuş “Əliyyən vəliyullah”ı qəbul etmirdi. “Rəsuli-xuda zamanında belə şeylər olmayıb; “Qurani-kərim”də də yoxdu”, – deyirdi.
Dalbadal gələn xəbərlərdən biri, elə II Şah İsmayılın ölümüydü. Hər qulaqçı bir xəbər gətirirdi. Biri deyirdi ki, çox içib, məst halında ölüb. Biri deyirdi ki, libasını dəyişib, dostlarıyla şəhərə gəzintiyə çıxıbmış. Gecə yarısı saray halvaçıbaşının oğlu Həsən bəyin evinə dincəlməyə gedib. Gecə sancılanıbmış; səhər meyidini elə ordan da tapıblar.
Bəziləri Pərixan xanımı günahlandırırdılar. Guya Heydər Mirzə xətrinə, İsmayıla cariyələrdən birinin vasi-təsilə zəhər qatılmış şərab verdirib. Başqa birisi deyirdi ki, yooox, bu din məsələsidi. Əməlli-başlı boğublar şahı; din başçılarının gizli fitnəsi, fitvasilə. Buna da həm sünni, həm şiə ruhaniləri qol qoyub, razılıq verib.
II İsmayılın ölüm xəbəri çıxan gündən Məhdi-Ülya həyəcandaydı. Əlbəttə, əri Məhəmməd Xudabəndənin ha-kimiyyətə keçməsi onun ən mavi arzusuydu. Bununla belə, şahzadələrin çoxluğu onu narahat edirdi. Mənsub olduğu Mazandaranda, hələ də ürəyinə yer eləmiş atası Mazandaran hakimi Mir Abdullah xanın 20 il öncə faciəli ölümü belə çəkişmələrin nəticəsiydi. Xeyrənisa Bəyim öz “xoş saatını” gözləyirdi. Amma hərəkətsiz də dayanma-mışdı. Əlaltıycan özünə sədaqətli tayfalarla, həmçinin bu dağınıq tayfaların tərəfdarları olmayan farslarla gizli məs-ləhətlər edir, əlaqəsini, vədlərini gücləndirirdi.
Qəzvindən isə xəbər xəbər dalınca gəlirdi. Bir gün dedilər ki, saraydan rəhmətlik şahın vəsiyyətnaməsi çıxıb; guya o öz vəliəhdi kimi Heydər Mirzəni təxt-taca layiq görüb və bir qrup qəbilə başçıları da bununla razılaşıb. Razılaşıblar, ona görə ki, cavan, təcrübəsiz Heydər Mirzə-ni əllərində bəhanə edib ölkəni özləri idarə edəcəkdilər…
“Xoş saat” yetişdi. Bir gün dəyişik libasda onun yanı-na qudası – ikinci oğlu Həmzə Mirzənin qayınatası, fars əsilli Mirzə Salman gəldi. Məhdi-Ülya əri Məhəmməd Mirzədən (Xudabəndə) belə gizli saxladığı məsələləri məhz Mirzə Salmanla müzakirə edir, ona, ən çox ona ina-nırdı. Mirzə Salman şad xəbərlə gəlmişdi: Tayfa başçıları qurultay keçirmiş, hərə özünə yaxın olan bir şahzadəni məsləhət bilmiş, axırda şahzadə Məhəmməd Xudabəndə-nin üzərində dayanmışdılar.
Şahzadə Məhəmməd Mirzənin gözləri çox zəif görür-dü. Burnunun ucundan o yananı güclə seçirdi. Həlim, yumşaq xasiyyətliydi. Deyilənə inanan, tez güzəştə gedən adamdı. Tayfa başçılarının hamısı yəqin ki, onun məhz bu xüsusiyyətlərini nəzərə alıb ona səs vermiş, onun şahlığa layiq olduğunu salah bilmişdilər.
Mirzə Salman gələcək baş hərəmin xasiyyətinə bələd olduğundan, elə indidən xanımın qılığına girməyi, həmi-şə gözü qabağında olmağı hər şeydən üstün tuturdu. Onun saraydakı gələcək həyatı məhz bu görüşdən, xanımın ona münasibətindən asılı olacaqdı. Saqqalı sürmeyi zər butalı kimxa qəbasının döşünəcən ensə də, cavandı hələ, əsl kişilik həddindəydi. İçəri gircəyin Xeyrənisa Bəyimin qarşısında diz çökdü, dizin-dizin sürünərək mütəkkələrə yaslanmış xanımın bir qədəmliyində üzü üstə düşdü. Yalnız hökmdarı və baş hərəmi belə salamlayırdılar.
Xeyrənisa Bəyimin ürəyi atlandı. Kişinin bu hərəkəti-nin mənasını gözəl anlayırdı. Kişiyə qalxmaqçün tez icazə vermədi, bir az bəkləd gözlədi… Və… gülümsədi, nəva-zişkar səslə dilləndi:
– Mirzə Salman, qalxın, cənabınıza izindi, qalxın…
Mirzə Salman tosqun bədəninin ağırlığından güclə nəfəs alır və qismən gez icazə onu daha da təntidirdi. Qalxdı. Gözlərini dik xanımın üzünə zilləmədən, hardasa onun əl hərəkətlərini izləyərək sözə başladı:
– Qibleyi-aləmi müjdələməkçün gəldim, bəyim! Am-ma sizsiz keçinmədim, dedim, bəlkə, müjdəni…
– Nə müjdə, Mirzə?
Anlayırdı, arzusun çəkdiyi xəbəri gətirmişdi Mirzə Salman. Amma özünü bir qədər faqqılığa vuraraq, hətta öz həmfıkirləri, hər bir qulluğunu yerinə yetirən sadiq ada-mın önündə belə, nə qədər, necə sevindiyini büruzə ver-mək istəmədi.
Mirzə Salman anlayırdı. İzn istəyib izahata başladı:
– Qurbanət şəvəm, xanumi-möhtərəm. Neçə gün əv-vəl bir qisim tayfa Heydər Mirzəni hakimiyyətə gətirmiş-di az qala. Bir-iki gün çəkdi. Amma cənabınıza məlumdur ki, əfşar, qacar, rumlu tayfalarının Heydər Mirzəni görəsi gözü yoxdu. Odur ki, onu Qəzvində mənzilindəcə xeyli yığıntı silahlı nökərlər həlakətə yetiriblər. Onu çoxları şah kimi tanımaq istəmirdi.
Şahbanu müjdəlik xəbəri eşitməyə tələsirdi. Bunu du-yan Mirzə Salman əsl mətləbə keçdi:
– Bəyim! Üç gün irəli tayfa başçıları qurultaya topla-şıb. Yalnız və yalnız hamısı birlikdə şahzadə Məhəmməd Mirzənin İrana şahənşah olmağına razılıq verib; qərardad qəbul eləyiblər. Hələ qurultaydakılardan başqa bir zihə-yatın xəbəri olmayan bu məsələni sizə, siz cənablarına və artıq şahənşahımız olan Xudabəndəyə yetirməyi özümə vacib bildim. Hamıdan əvvəl…
“Ay hiyləgər fasiq! Bəs qurultaydakı türk əmirlərinin bu qərardadını başqa kimsə bilmirsə, sən hardan bilirsən? Sən ki, nə türksən, nə əmir, nə də tayfa başçısı?”
Mirzə Salman isə sözünə davam edirdi:
– Xanumi-möhtərəm, mən bu dərbarın, bu qapının və şəxsən sizin ən sadiq nökəri kimi, bir sudur anlamaqçın “qulaqçılar” qoymuşdum.
Xeyrənisa Bəyim daxili sevinc içərisində ayağa qalx-dı; o, qalxan kimi Mirzə Salman da dik durdu.
– Gedək, Mirzə, şahənşahımızı müjdələyək. İkimiz birlikdə görək, nə qazanırsan, Mirzə? Mənim tərəfimdən müjdən odur ki, mənim şəxsi vəzirimsən bu gündən.
Mirzə Salman Xudabəndədən nə alacağından asılı olmayaraq əsas məqsədinə çatmışdı. Bundan o yana heç bir şey, heç bir ad, rütbə, mal-mənal onu bu qədər sevin-dirə bilməzdi. O, hakimiyyətin kimin əlində olacağını yaxşı bilirdi. Xeyrənisa Bəyim kimi baş hərəmin vəziri ol-maq, bütün məmləkətin külli-ixtiyarı olmaq deməkdi.
– Lütfən, buyurun, ey qibleyi-aləmin sevinci! Mən mükafatımı aldım. Bundan özgə…
Xudabəndənin otağına doğru irəliləyən xanımın ar-dınca yollanan təzəcə vəzir, əyilib Xeyrənisa Bəyimin diz-lərinəcən enən örpəyinin ucunu öpdü.
… Şahzadə Məhəmməd Xudabəndə namaz üstündəy-di. Əlbəttə, kənarda oturub və ya dayanıb onun namazı bitirməsini, icazə verməsini gözləmək lazımdı.
Xudabəndə xüsusi bəlağət və səliqəylə “Cəfər Təyyar namazı” qılırdı. Xeyrənisa Bəyim və Mirzə Salman nama-zın vaxtını da keçirmişdilər. Qoyunu qurda vermişdilər. “Namazın vaxtı heç yadlarına da düşməmişdi. Daxillərin-dəki sevinc bu anda hər şeydən üstündü, ucaydı. Bəyim hətta “xudanəkərdə” deyə, qəlbinin dərinliyində ərindən gileyləndi də… Məgər namazını qılmasaydı, olmazdı? Gə-rək elə məhz bu gün, bu saatdə qılaydı bu namazı? Gecə-lər qıldığı az eləyir ona. İlahi! Özün səbir ver mənə! Hələ indi qurtarır “İza zülmətüd-ərz”i. Hələ “İza caə nəsrul-lahü vəl fəth” var… Gör hələ bir üç rükət də bundan son-ra var?..”
Buna bənzər fıkirlər Mirzə Salmanın da ürəyindən keçirdi. Amma nə Bəyimə, nə də şahzadəyə tərəf baxmır-dı ki, gözlərindən, ürəyindən keçənlər oxuna bilər, Allah eləməmişkən.
Məhəmməd Xudabəndə isə öz ibadətindəydi. Amma duaları oxuyanda, ürəyindən keçirdi ki, “axı bunlar mən-dən nə istəyirlər?” Hətta dərin ibadət şövqilə namaz qılsa da, yadına məşhur bir rəvayət düşdü.
“Bir gün rəsuli-xuda əshabələriylə birlikdə əyləşib ibadətdən söhbət açıblarmış. Hamı deyib ki, tam ixlasla belə namaz qılsan, dilin duaları deyəcək, qəlbindəki ikinci mən nə isə başqa bir şeylə məşğul olacaq. Peyğəmbər de-yir ki, kim ürəyindən heç bir şey keçirmədən iki rükət na-maz qılsa, ona bir dəvə verəcəyəm. Həzrət Əli də orday-mış; o da namaza durur; elə sidq ilə namaz qılır ki, … Rəsuli-xuda soruşur: “Ya Əli, sənin dəyanətin hamımıza bəllidir. De görək, necə oldu? Ürəyindən bir şey keçdi-mi?” Həzrət Əli buyurur: “Ey Allahın rəsulu, yaxşı qılır-dım namazı, ürəyimdən heç nə keçmirdi. Amma cənabına əyandır ki, son anda düşündüm, görəsən, hansı dəvəni verəcək? Ağı, ya… ?”
Fikri-zikri ibadətində olsa da, içəri girənlərin kim və nə məqsədlə gəldiklərilə maraqlanmasa da, əzab çəkirdi ki, namaz hələ bitməyib, bu adamlar intizardadı.
Nəhayət, Şahzadə Məhəmməd Xudabəndə namazını bitirdi; son salamını verib, canamazındakı möhürü və tür-bət təsbehini öpdü. Canamazın kənarını qatlayandan son-ra içəri girənlərə tərəf çevrildi.
Arvadını və Mirzə Salmanı görüncə, şıplıq gözlərinin dolaşıq kirpiklərini bir neçə dəfə qırpdı:
– Buyurun, əyləşin, nə üz verib? Xudanəkərdə, pis bir hadisə, bir fəlakət baş verməyib ki? Bu gecə yuxumu çox qarışdırmışam.
Gələnlər hər ikisi eyni anda diz çökdülər: Xeyrənisa Bəyim Xudabəndənin dizinin dibində, Mirzə Salman isə bir qədər aralı, ədəb mövqeyində diz çökmüşdü. İlk sözə, əlbəttə, Xeyrənisa Bəyim başladı:
– Qibleyi-aləm, sənə birinci beyət edən, birinci salam-layan, birinci mübarəkbadlıq eləyib, birinci müjdə istəyən, sənin dörd balanın anası, böyük izzətlə adlandırdığın Məhdi-Ülyadır…
Onun ardınca Mirzə Salmanın titrək səsi eşidildi. Nədənsə, Xudabəndə Mirzə Salmanın titrək saqqalına da-ha çox diqqət edirdi. Bu gün, bu saatda, yəqin ki, böyük bir sidq ürəklə qıldığı “Cəfər Təyyar” namazının hörmətinə gözləri həmişəkinə nisbətən daha yaxşı görürdü. Titrək saqqalın başlandığı yerdən isə eşidilirdi:
– Qurbanət şəvəm, qurbanət şəvəm, qur…ba…nət… şə…vəm, ya qibleyi-aləm! Xudavəndi-aləm səltənətini qaim etsin. Gözlərimizin nuru padişahımızın ömrü uzun olsun, səltənəti qayim, əbədi olsun. Böyük babası Şahən-şah İsmayılın, böyük atası, uzunömürlü səltənət sahibi Şah Təhmasibin ruhları duaçı olsun! Yerlər, göylər bu səltənətə baş əysin; Hökmünə ləbbeyk desin. Gözlərə nur, qəlblərə şəfqət bəxş etsin. Xudavəndi-aləm öz xudabəndəsini bütün yerlərin, göylərin bəlalarından hifz eyləsin!..
Mirzə Salman hələ çox deyəcəkdi. Xeyrənisa Bəyim qəlbində düşünürdü: “Qoca əbləh! Nə yapışıb bu gözdən, nurdan. Onun gözündə nur olsaydı… Keçəl çarə bilsə, öz başına edərdi…”