Kitabı oku: «Bəla», sayfa 3
Cənabi-həqq…
Xudabəndə zikr etməkdəydi, dinləyirdisə də, hələ də ibadətin, namazın təsirindəydi. Eşidir, lazımınca dərk et-mirdi deyilənləri.
– Nə üz vermişdir, ya Məhdi-Ülya? Fəlakət olmasın, inşallah?..
Qadın tələsdi, anladı ki, əri hadisəni hələ lazımınca dərk etməyib, cavab verdi:
– Sən artıq şahzadə deyil, qibleyi-aləmsən, hökm-darım!
Xudabəndə şıplıq gözlərinin kirpiklərini tez-tez çaldı, bacardıqca, göz qapaqları imkan verdikcə, iri-iri açdı göz-lərini; zikri yarımçıq kəsildi:
Nə?
Hər ikisi bir-birinə mafar vermədən, Bəyimlə Mirzə Salman dil boğaza salmadılar:
– Qəzvinə yollanırıq, qibleyi-aləm, Qəzvinə! Məmlə-kətinin paytəxtinə, ey İsmayılın nəvəsi, Təhmasibin oğlu! Türk tayfa böyükləri Qəzvində toplanıb, II İsmayıldan sonra səni, yalnız səni İran zəminin təxt-tacına, Cəmşid təxt-tacına layiq biliblər; daha doğrusu, o təxt-tacı sənə, sənin kimi bir Allah bəndəsinə, Xuda bəndə – Allah qulu-na layiq görüblər.
Xeyrənisa Bəyim ərinə lap yaxınlaşdı, əlindən tutub öpdü, alnının üstünə qoyub dedi:
– Qurbanın olum, sən indi Şahənşahi-İran-zəminsən.
Bəyim ”qurbanın olum” deyəndə, Məhəmməd Xuda-bəndənin hər şeyi anlayan qəlbindən bir söz keçdi, istəkli Məhdi-Ülyasının sevincinə şərik olub titrək dodaqlarıyla pıçıldadı:
– Xuda nə kərdə!
Bunu Bəyim dodaqlarının tərpənişindən anladı, Mirzə Salmanın varlığını belə unudub ərinin dizlərinə qapandı:
– Allahım, ulu Yəzdanım səni bəlalardan hifz eləsin! Balalarımızla birlikdə, qurbanınız mən olum, hamınızın…
Xudabəndə əlinin yüngül hərəkətiylə qadının başını sığallayıb özündən kənar etdi.
Mirzə Salman oturub müşahidə edir, ona nalayiq hə-rəkət olar deyə, başqa bir hərəkətə yol vermirdi. Bu mələk xislətli, mehriban qadın onu nə qədər sevirdi! Elə o özü də, bir olan Allah şahiddi ki, ona səfalı gecələr, dünyada əvəzi olmayan zövqlər bəxş edən bu banuyu, hərəmi heç bir saray gözəlinə dəyişməmişdi. Bir gecə, bir an üçün belə.
Mirzə Salman vəziyyəti anlamayacaq dərəcədə küt adam deyildi. Şahın icazəsi olmasa da, risk elədi, yerindən qalxdı:
– Fədayət şəvəm, Şahənşahi-ruyi-zəmin-İran, bəndeyi həqiri mürəxxəs, buyursaydınız, hazırlıq görməyə gedər-dim.
Xudabəndədən əvvəl Xeyrənisa Bəyim sevinc içində çırpındı. Qarşı nəzakət qanunlarını qırdı:
–Mürəxxəssən, Mirzə, mürəxxəssən. Get, hazırlığını gör, elə bu gün səfər tədarükünü tamam eləyin.
– Bə çeşm.
Mirzə Salman çıxdı. Xeyrənisa Bəyim vücudunu dol-duran sevinc və məhəbbətdən çırpındı, özünü ərinin ağu-şuna salıb, övladlarının atasını, ərini, şahını qızğın öpüş-lərə qərq elədi. Məhəmməd Xudabəndə, – “Allah səni mə-nə qismət eləyəndə, düşünübmüş taleyimi, böyük ənamı-san Xudanın Xudabəndəyə”, – deyə pıçıldadı.
Elə həmişə beləydi; o düşünənəcən, sərəncam verənə-cən Bəyim ondan əvvəl və cəld sərəncam verirdi. Xeyrə-nisa Bəyim bir neçə övlad anası olsa da, vücudu, ürəyi hələ gənc idi. Xudavəndi-aləm Həvva nənədən bəri ona qa-dınların hamısının ehtirasından artıq bir ehtiras, bir həvəs vermişdi. İndi ərini soyundurduqca, bu ehtiras, bu həvəs cuşa gəlir, özünü də, Məhəmmədi də yaxıb-yandırırdı.
Qadın fürsəti fovtə vermək istəmirdi. Axı səhərdən yola çıxılacaq, padişahi-aləmpənah yollarda olacaq, sonra Qəzvinə çatanda da yol yorğunluğu onun zərif vücudunu üzəcəkdi. Daha çox da yenicə qədəm qoyduğu divan, dərbar, tacqoyma mərasimi, təbriklər, tayfaların, eləcə də xarici dövlətlərin nümayəndələrinin təbrik və qəbulları bugünkü, indiki imkanı verməyəcəkdi.
Xeyrənisa Bəyim tamam bədəninin bütün hüceyrə-ləriylə duyduğu hislərdən coşub-daşır, zövq alır, zövq ve-rir, şahı bəxtiyar, özünü ikiqat xoşbəxt edirdi. Susuz ahu su içən kimi içirdi bu şərbəti. Sarmaşıq kimi sarılmışdı Xudabəndəyə.
“Bu zərif qollarda nə qədər qüvvət var, İlahi!” – dü-şünürdü ər. Və bacardıqca, eyni qüvvətlə cavab verməyə çalışırdı. Çalışmaq heç lazım da deyildi. Xeyrənisa Bəyi-min odlu nəfəsindən qalxan alov onu elə yaxıb-yandırırdı ki!..
Deyəsən, bu gecə heç biri yatmadı. Hər ikisi gələcək günlərin, qayğılı, zəhmətli günlərin əvəzini indidən çıxır-dı sanki.
ELÇİLİK
Şah Təhmasibin qızı, hazırkı İran hökmdarı Məhəm-məd Xudabəndənin bacısı Fatimə Soltan bəyimə elçi gələ-cəyini Xeyrənisa Bəyimin qulağı çalmışdı. Baldızına kim-lərin elçi düşdüyünü də uyufnan anlamışdı. Elə “qulaqçı-ları” da belə xəbər vermişdi. Türkman tayfasından Əmir-xan Türkman – tayfanın başçısı, tanınmış, hörmətli əmir-lərdən biriydi. Hər yerdə sözü keçirdi.
Bəyim anlayırdı ki, bu yolla oğlunu padşahın bacı-sıyla evləndirməklə sarayda nüfuzu daha da artacaq; el, tayfalar arasında yeri, hörməti çoxalacaq, tayfası güclənə-cəkdir. Bütün əmirlərin arzusu elə bundan ibarətdi: öz tayfasını gücləndirmək, sarayda nüfuzu çox olan şamlu və ustaclıları ötmək, nüfuz dairəsini genişləndirmək, saraya – ölkəni idarəyə əl ilişdirmək. Özü də möhkəm qohumluq yoluyla. Belə siyasi nikahlar çoxdanın mövcud əməliydi. İndi bu yoldan Əmirxan Türkman da istifadə etməyi qə-rarlaşdırmışdı.
Rədd cavabı alacağı ağlına da gəlmirdi. Düzdür, o, baş hərəmin tayfasına münasibətini bilirdi, amma hər halda Əmirxanın bu addımı Xeyrənisa Bəyimin özüylə də yaxın-laşmaq, bir növ “barışıq aşı” bişirmək kimi bir şeydi.
Bir daha hələ elçi sifətilə getsə də, xüsusi dəbdəbə ilə, şahın adına layiq gedirdi. Adlı-sanlı əmirlərdən, ağsaq-qallardan yığmışdı elçi daşının üstündə əyləşməyə. Ge-yimlərinə, yaraqlarına xüsusi fikir vermişdi. Nişan söh-bəti olmasa da, şahənşah və baş hərəm, eləcə də istənilən qızın adına layiq hədiyyələr hazırlamışdı. Bu hədiyyələri bir neçə qulam və kəniz başlarında, çiyinləri üstündə, qoşa əllərində götürəcəkdi. Qoy o ölkəni idarəyə burnunu soxan baş hərəm bilsin ki, elə-belə, cənə-cünə adam gəlmir şah qapısına. Şah İsmayılın nəvəsi, Şah Təhmasibin qızı, Məhəmməd Xudabəndənin bacısına layiq gəlir gələn el-çilər.
Ən qabaqda ağsaqqallar, ondan arxada əmirlər, dalca da hədiyyələr gətirən qulamlar gedirdi. El-camaat elçilər şah qapısına çatanacan yolun hər iki tərəfində yığılıb dəb-dəbəli tamaşaya baxırdılar.
Yığılanlar arasında müzakirələr gedirdi. Kimin kimə elçi düşdüyü, neyçün düşdüyü, Fatimə Soltan Bəyimin verilib-verilməyəcəyi söhbətlərin əsas mövzusuydu.
Adına layiq…
– Həm özünün, həm də…
– Kişi, Əmirxan cənə-cünə adam deyil axı. Kimin qapısına getdiyini yaxşı bilir.
– Vallah, inanmıram ki, o baş hərəm var ha…
– Gədə, səsivi kəs… Arvad xaylağıynan nəyşün var?
– Bu tayfaynan arası yoxdu axı… Onunku elə bir dədəsi yurdu Mazandarandı. Bir də o təciklər-farslar…
– Dərdi sənə qalıb?
– Kişi, mən nə deyirəm ki?
– Canuva dərd deyirsən. Öz dilünnən öz başuvu cidaya keçirmə! Qoy qarnundakı qarnunda qalsın. Tama-şovu elə, vəssalam!
– Vallah, doğru deyirsən. Tamaşavı elə, vəssalam.
– Hən daaaa… Zənənnən neyşün var? Sözün ayrıdı, söz danış.
– Mən onu bizim Zülqədər tayfasıynan davaya ge-dəndə görmüşəm. Ona zənən deyəllər? At belində, dəbil-qəli, niqablı, qılınclı, qalxanlı. Vallah, dədəm, deyirəm, əmirlər onnan tük salırdı dava vaxtı… Bir fərmannar ve-rirdi ki!!! Allah onun kişiliyini gərək ərinə verəydi…
– Sənnən məsləhətləşməyib, növzənbillah Allah. Gə-rək sənin ağzuvu arayaydı…
– Dədəm canı, gördüyümü deyirəm. Əsl paccah odu…
– Sərkərdə də…
– Kişilər, qoyun tamaşamızı eləyək axı. Nə baş-beynimizi apareysuz? O paccah bir Allah bəndəsidi, ağzı dualı, əli dəstəmazlı, dini-islamın dayağı. Qurbanı oldu-ğum Həzrət Əli nəsli… Hikmətdə babasına, babalarına çə-kib.
– Allah qulluğunda deyə bilmərəm. Bəlkə də elədi. Amma qılınc vurmaqda, paccahlığı dolandırmaqda deyə bilərəm. Verib ölkənin cilovunu arvadın əlinə… O da bil-diyin eləyir. Hələ deyirlər, hərəmxana xəzinəsini də ata yurdu Mazandarana daşıdacaq.
– Daşıdacaq yox eyyy. Ay kövdən, daşıdıb!
– Atasının da qanın aldı…
– Aldı da sözdü? Hər addımda bütün qızılbaş tayfa-larına qan uddurur.
– Uddurar da… Atasını elə gorbagor eləyib, elə bo-ğazlamadılar ki, bir işə də oxşasın…
– Pay atonnan, 20 ildən soora da…
– Seyid peyğəmbər övladı…
– Ata qanın almaqçun nə 20, heç iki igirmi də, əlli də çox döyü ki, azdı.
– Elə düşmanları da özündən geri qalan cüvəllağılar döyü…
– Bura bax ey!!! Ağzuvu dağıtma! Sən indi elə ağız-burun bəhəm eləmisən ki, qızılbaş əmirlərinə cüvəllağı deyirsən? Vallah, qəməni dəstəyinəcən soxaram qarnu-va!..
– Allah, sən saxla!
– Bu neyə coşdu?
– Qızılbaşdı daynan axı…
– Belə de…
Elçi karvanı, dəvələr deyil, insan karvanı öndəki ağsaqqal sarvanın çəkdiyi ovsarın ardınca, elə dəvələr ki-mi, nərlər kimi aramla, təmkinlə, öz ləyaqətini nümayiş etdirə-etdirə irəliləyirdi.
Padşahın qəbul otağında bir neçə adam toplanmışdı. Şah hələ otağa daxil olmamışdı. Elçilər gələndən sonra içəri girəcəkdi və hamı bir nəfər kimi ayağa qalxıb baş əyəcək, sonra da diz çöküb “zəminbus” edəcəkdilər.
Xeyrənisa Bəyim də hələ gəlməmişdi. Şahla eyni vaxt-da, qonşu qapıdan daxil olacaqdı. İndi hələ özünə zinət verənlərin əlindən arabir çıxır, əlvan şüşəli pəncərələrə yaxınlaşır və saray meydanına daxil olan elçi karvanına baxırdı.
Düşünürdü: “Əmirxan yamanca özünə güvəncə gəlir. Dəbdəbəyə bir bax! Kimə görkəzir bu dəbdəbəsini?.. Yoooox, görkəzmir. Axı şah nəvəsi, şah qızı, şah bacısına elçi gedir. Dərbara layıq olmaq qəsdidi. Elə güman edir ki, onun öz tayfasını gücləndirmək qəsdi bizə əyan deyil. Olsun. Baxarıq!.. Buna bax… Hələ elə bil ki, “Hə” alıb, gör bir nə şəstnən gəlir? Nə qədər xonça gətirir?! Sən öləsən, meyidüvü görüm, o xonçalar boğazunda qalmasa, onda mən, mən deyiləm. Əskik bir kənizəm…”
Neçə gün idi ki, bu elçilik söhbətini qulağı çalandan bəri ərinin qulağını doldurmaqdaydı. Əmirxanın törət-diklərini, törədə biləcəklərini xısın-xısın şaha danışır və onun oğlunu kəmağıl adlandırıb, Fatimə Soltan Bəyim ki-mi bir cana, bir gözələ, bir şah əsilli məlakəyə layiq olma-dığını söyləyirdi. Məsləhətçiləriylə də dilləşmişdi. Mazan-daranlı dostları, əqrəbasının hamısı, dostları Hüseyn Şira-zi, Əfzəl Münəccim Qəzvini, Mirzə Salman, əlbəttə, məsə-lədən hali edilmişdi. Sonuncular indi Şahənşahın qəbul otağında Şahbanudan sol əldə əyləşib şirazi qəlyan sümü-rürdülər. Elə özləri də Xeyrənisa Bəyim deməsəydi də, məsələdən haliydilər. Bu boyda cidanı çuvalda gizlətmək olmazdı. Və əlbəttə ki, hər üç dost Şahbanuyla həm-fikir-dilər. Onlar da Türkman tayfasının, Əmirxan Türkmanın qüvvətlənməsini istəmirdilər.
Saray darvazasında bu gün Buğlu Çavuşun dəstəsi növbət çəkirdi. Qızılbaşlara, elə Əmirxan Türkmana da rəğbət bəsləyən Buğlu Çavuş sevinc içərisində gələn kar-vana tamaşa edirdi. Eşik ağası ona yaxınlaşıb, heç kəs duymadan böyrünə bir dürtmə ilişdirib Buğlu Çavuşu özünə gətirdi; vəzifəsini ona xatırlatdı. Bayaqdan bəri fə-rəhindən buğlar basmış ağzı, cəhəngləri qulağının dibi-nəcən gedən Buğlu Çavuş özünə gəldi. Səhv iş tutduğunu anladı. Yaxasına-başına əl gəzdirib nizə kimi, ox kimi dimdik dayandı. Tabeliyində olan qarovulçulara da göz ağardıb vəzifə başına dəvət etdi. Yoxsa hamısı iş-gücünü, buraya neyçün gəldiyini unudub, tamaşaya elə qapılmış-dılar ki, vəzifə-zad yadlarından çıxmışdı. Axı hər gün belə dəbdəbəli elçilik karvanı görmək olmur…
Elçilər “Qırx sütun” sarayının geniş, yaraşıqlı həyəti-nə – bir meydan kimi böyük həyətinə daxil oldular.
Eşikağası, saray xidmətçiləri qəbul otağının qapısını taybatay açıb əlləri sinədə baş əydilər və…
Və elçilər qəbul otağına daxil oldular. Ağsaqqallar, qızılbaş əmirləri və Əmirxan Türkmanın adamları salon-da – salonun sədrində, padşahın oturmalı olduğu yerdə taxtın sağ əlində daha kiçik bir taxt qoyulduğunu və bu taxtın da ədəb məqamı yerində şirazlıları, isfahanlıları, ta-cik, fars əmirlərini görəndə qanları qaraldısa da, özlərini o yerə qoymadılar.
Vəziri-əzəm elçilərə sədrdəki taxtın sol tərəfində yer göstərdi. Elə elçilər təzəcə yanlarını yerə qoymuşdular ki, xüsusi, qızıl lövhəciklərə tutulmuş yaraşıqlı qapı açıldı. Əvvəlcə Məhəmməd Xudabəndə, ardınca da Şahbanu içə-ri daxil oldular. Hər ikisi rəsmi qəbul geyimindəydi. “Cəmşid cəlallı şah”ın başında qədim, babasından qalma, on iki guşəli tac, əlvan pəncərələrdən düşən əlvan işıqlar altında göz qamaşdırırdı. Şahın öz gözləriysə, bunsuz da qamaşırdı. Kirpiklərini tez-tez çala-çala irəlilədi; cəld qar-şısına qoşan vəziri-əzəmin yardımı ilə sədrdəki “məs-nədi-şahənşahi”yə əyləşdi.
Baş hərəm, Şahbanu Xeyrənisa Bəyim bu gün xüsusi dəbdəbəylə geyinmişdi. Cıqqasının üstündən üzünü ör-tən nazik niqabın altından qara qoyma qaşları, nazik, əsə-bi dodaqları ayrıca nəzərə çarpırdı.
Məhdi-Ülyanın məclisə gəlməsi heç kəsdə təəccüb doğurmadı. Dövlət işlərini Məhəmməd Xudabəndədən çox, o, idarə edirdi. Həm də bu gün əlində xüsusi bəhanəsi vardı: elçilərə cavabda onun iştirakı təbii görünə bilərdi.
Şah və Şahbanu qızıllı qapıdan görünən kimi, indicə yerə çökmüş, diz üstə əyləşib əllərini dizlərinin üstünə qoymuş elçiləri sanki birə sancdı; cəld yerlərindən qalxıb sağ əllərini döşlərinə – solda, ürəklərinin üstünə qoyub baş endirdilər. Və bu vəziyyətdə xeyli qaldılar. Nəhayət, şah icazə verdi:
– Əyləşin, ağalar, əyləşin!
Hamı yerində oturdu. Şah gözlərini tez-tez qırparaq gələnləri nəzərdən keçirir, kimliklərini müəyyənləşdirmə-yə çalışırdı. Əslində, onların hamısını tanıyırdı. Amma in-di bir qədər aralı əyləşdiklərindən tanımağa çətinlik çəkirdi. Vəziri-əzəm yardımına qoşdu:
– Əmirül-üməradan Türkman tayfasının rəisi Əmir-xan cənabları tayfasının ağsaqqalları və qızılbaş əmirlər…
Şah adların sadalanmasına icazə vermədi, vəzirin sö-zünü kəsdi:
– Görürəm, tanıyıram, vəzir…
Sonra üzünü vəzirdən çevirib Əmirxan Türkmana deyil, bütün məclisə müraciətlə soruşdu:
Ücretsiz ön izlemeyi tamamladınız.