Bakı – 1501

Abonelik
Parçayı oku
Okundu olarak işaretle
Satın Aldıktan Sonra Kitap Nasıl Okunur
  • Sadece Litres Olarak Okuma “Oku!”
Yazı tipi:Aa'dan küçükDaha fazla Aa

PROLOQ

Şahzadə Qazi bәy darıxırdı. Neçә gün idi ki, onun müəllimi, Şirvanşahlar sarayının qazısı olan Mәhәmmәdyar vәfat etmişdi. Musiqi vә kef mәclislәrinә ara verilmişdi. Odur ki şahzadә özünә yer tapmırdı. Yuxudan durandan sonra nә edәcәyini bilmirdi.

Bu gün dә elә oldu. Bir qәdәr yerindә o üz-bu üzünə çevrildi. Sonra nәdimi1 olan Salehi çağırıb gәzintiyə çıxmaq üçün hazırlıq görmәsini әmr etdi. Özü isә yemәyә әylәşdi. İştahası da yox idi. Bir az cücә çığırtması yedi, bir piyalә süd içib sarayın eyvanına çıxdı. Nәdim onu qarşıladı:

– Atlar hazırdır, şahzadә.

– Çox gözәl.

Şahzadә ov paltarında hәyәtә endi. Xәyal onu götürmüşdü: «Bu ov libası nәyimә gәrәkdir? Şirvanın ceyranlı düzәnlәrindә, kәklikli dağlarında olsaydım, yerinә düşәrdi. Bu qumluqlar diyarında әlimә ov keçmәyәcək. Nә isә… Uğur olsun!» – deyә öz-özünә iş avandlığı dilәyib atlandı. Nәdimin dә onunla yollanmasını әmr etdi. Nәdim Saleh atını mindi. Cavan hacibә2:

– Soruşsalar, gәzintiyә çıxdıq, deyәrsәn, – söyləyib saraydan çıxdı.

Onlar hara getdiklәrinin fәrqinә varmadan qumlar arasında düşmüş cığırla irәlilәyirdilәr. Bir tәrәf sıldırım qayalıqlı tәpәlik, bir tәrәf dәniz… Xәzәr bu gün çox sakit idi. Bahar idi. Tәkәmseyrәk kol-kos görünәn sahildә, qayaların altında arabir qara lәkәlәr nәzәrә çarpırdı. Xәfif gilavar kәsif neft iyini dağıda bilmir, xırdaca-xırdaca lәpәlәri qovub uzaqlara aparırdı. Buradan daşlı-kәsәkli tәpәlәrin döşü ilә uzanan qayalıq yollarda nә ağac, nә bir iri kol var idi. Amma yamaclar qumların rәnginә çalan sarı güllər, çobanyastığı, dәvәtikanı, qiyaq vә yepәlәk ilә örtülmәyә başlamışdı.

Cavan şahzadә özünәməxsus gözəlliyi olan bu alәmi duya bilmirdi. O, firuzәyi Xәzәrin әnginliklәrinә baxdıqca hәsrәtlә Şamaxının yaşıl çәmәnlәrini, güllü-çiçәkli bağlarını, Fit dağı vә Gülüstanın qalın meşәlәrini, ceyranlı-cüyürlü, kәklikli-turaclı ovlaqlarını xatırlayırdı, havaların qızmasını gözlәyirdi ki, Şirvanşah Fərrux Yasar köç әmrini versin vә saray yay aylarında Şamaxıya – yaylağa yollansın. Şahzadә Qazi bәy mәhz bu aylarda canlanır, bütün günlәrini nədimi ilə birlikdә ovda keçirir, çadırlarda yatır, çox vaxt yastığı yәhәr, yorğanı әngin sәma olurdu. Uzun, düz yonduqları şişlərə ceyran-cüyür әti, ya da ov quşları çәkib yeyirdilәr.

Bütün bu arzularla birlikdә indi yetkin gənclik dövrünә qәdәm qoymuş şahzadәnin qәlbində bir şeir bulağı qaynamağa başlamışdı. Yox, o, şeir qoşmurdu. Başqalarının yazdığı şeirlәri oxuyur, qәlbindә dönәm-dönәm tәkrar edirdi. Mavigözlü Xәzәr, sonu görünmәyәn dumduru sular onu çәkib harasa uzaqlara aparırdı. Sarayda onun bәxtindәn gözәl bir müәllimi var idi. Düzdür, qazı Mәhәmmәdyar ona şәriәti öyrәtmәli idi. Amma çox vaxt dərslәri qәdim tarixә malik Azәrbaycan, әrәb, fars ədəbiyyatını öyrәnmәklә keçirdi. Qazı rütbәsinә baxmayaraq gözәl bir alim vә şair ruhlu insan olan Məhəmmədyar hətta gәnc tәlәbәsinә xəlvət şəkildə Nәsiminin şeirlәrini oxuyurdu, deyirdi:

– Düzdür, hәyatının sonunda Seyid İmadәddin dinsizliyә üz qoydu, Allaha şәrik qәrar qoşdu. Tohidi3 dandı. Dini-mübinimizә xeyli zәrәr vurdu vә bunun cәzasını da çәkdi. Amma, bununla belә, o, insanı göylәrә ucaldan, pak, bәşәri mәhәbbәti tәrәnnüm etmişdi. Onun qәzәliyyatının misli yoxdur. Müqәddәs, ülvi sәdaqәt və mәhәbbət tәrәnnümündә bənzərsizdir.

Bunu dedikdən sonra Məhəmmədyar «bənzərsiz» adlandırdığı Nəsiminin şeirlərini hәvәs vә bәlağәtlә oxuyardı.

Müəllimini xatırlayanda Qazi təəssüfləndi: «Heyif, çox heyif ki, elә bir müəllim köçdü bu dünyadan. Allah bilir, şah babam yerinә kimi tәyin edәcәk? Yerindә, görәsәn, hansı bir molla olacaq? Onun yanında Nәsiminin nәinki әşarını oxumaq, hәtta, bәlkә, heç adını da çәkmәk olmayacaq. «Bunlar hamısı küfrdür» – deyәcәk. Amma mәnim könlüm bu küfrü bir hәyat, bir Allah bәxşeyişi hesab elәyir».

Qazi bәyin könlü naməlum bir eşq ilә çırpınırdı. O bu eşqin harada, kimə qovuşacağını bilmirdi. Bu, bir saray gözәlimi, atasının hәrrac bazarında aldıracağı yaraşıqlı cariyəmi olacaqdı? Hər halda, gәnc ürәk idi, şairlәr demişkәn «eşq ilә nümuv» – dopdolu idi. Qәlbinin qapıları açıq idi. Bu qapıdan kim girәcәkdi, bilmirdi.

…Yol onları Bibiheybət pirinə gәtirib çıxardı. Şıxlar pir әtrafında görünmürdülәr. Görünür, bu gün ya zәvvar çox idi, evlәrinә yığışmışdılar; ya da, әksinә, zәvvar az idi, pirin həyətindәki böyük tut ağacının altına toplaşıb kölgәlikdә laqqırtı vururdular.

Onlar məqbәrәyə yaxınlaşmadan qara qayaların üstündә dayandılar. Qazi bәy el arasında «Qırx qızlar» adlanan bu qayaları çox sevirdi. Arabir Bibiheybәtә yolu düşәndә mütlәq buraya gәlәr, Xәzәrin mavi sularına sallanmış qara qayaların üstündә saatlarla oturardı. Həm dәnizi seyr edər, hәm dә arasından dumduru, göz yaşı kimi su gillәnәn bu qayaların hәzin ninnisinә qulaq asardı. Danışmışdılar ona, demişdilәr ki, «Qırx qızlar»ın faciәli macәrası var. Bir zaman şiәlәrin sәkkizinci imamı imam Rza xәlifə Mәmun tәrəfindәn zəhәrləndirilib öldürülәndәn sonra onun bacısı Hökumә xatın tәqib olunur, düşmәndәn qaçır. Xәzәrә pәnah aparır. Hökumә xatının qırx kәnizi varmış. Xanım Heybәt adlı birisinin gәmisinә minib qaçanda kәnizlәrini dә özü ilә götürübmüş. Qaçqın qızlar hәmin bu sahilә yan alırlar. Az sonra Hökumә xatın vәfat edir. Onu buradaca dәfn edirlәr. Kәnizlәr – doğma vәtәnindәn ayrılıb sərgərdan düşmüş qızlar isə hәmin bu yerdə daşa dönürlәr. Qayalardan sızan su da onların göz yaşlarıdır. Hәzin ninnilәr onların sızıltısıdır. Doğmalarınımı sәslәyirlәr, vәtәn üçünmü ağlayırlar, kim bilir?

Şahzadә Qazi bәy indi dә hәmin yerdә dayandı.

– Saleh, o şıxların üzünü görməmişdən әvvәl gәl burda bir az dincәlәk.

Nәdim Saleh qәlbindəki sevinci gizlәdə bilmәdi. Bütün yolboyu şahzadә xəyallara dalmışdı, görünür, müәlliminin vәfatından yaman qüssә çәkirdi. Odur ki Salehlә bir kәlmә dә kәsmәmişdi. Halbuki Salehin bir nәdim kimi vәzifәsi öz şahzadəsini əylәndirmәk idi. Xoş sözlәr, gözәl şeirlər, musiqi vә әylәncәlərlә onu mәşğul etmәli, könlünü açmalı idi. Saleh qorxurdu ki, Qazi bәy ondan inciyə, şaha xәbәr verә ki, «bu nədim öz ağasını əylәndirə bilmir, o mәnә lazım deyil» vә, beləcə, Saleh dә bir parça rahat çörәyini itirə… Ona görə də indi cavan şahzadənin onunla gülümsәr və mehriban danışmağı nәdimi ovundurdu.

– Doğru buyurursan, şahzadə, mәnim də onlardan zәhlәm gedir.

Şahzadә nәdәnsә birdәn-birә tutuldu. Öz rәiyyәti haqqında başqasına yaman söz demiş, başqasından da yaman söz eşitmişdi. Halbuki mәrhum müәllimi Mәhәmmәdyar ona deyәrdi: «Rәiyyәtə övladın kimi yanaş. Ona qarşı rәhmli vә әdalәtli olmağa sәy göstәr. Öldürsәn dә, yada vermә».

Qazi bəy Salehin dә könlünә dәymәk istәmirdi. Tәxminәn yaşıdı olan bu cavanı sevirdi. Axı elә indi onun hamını, hәr şeyi sevәn vaxtı idi.

– Bilirsәn, Saleh, o yazıq şıxlarda da taxsır yoxdur, – deyә şahzadә dillәndi. – Bir әtrafına bax! Hətta baharın bu gözәl çağında belә qupquru olan qayalar üstündә püstәni, zeytunu min zәhmәtlә onlar yetişdirib. Əkinә yararlı torpaqları azdır. Karvan yollarından qıraqdadırlar. Neylәsinlәr?! Nә ziyarәt, nә ticarәt, nә dә heyvandarlıq – heç birindәn Allah onlara bol pay vermәyib. Zığdakı, Badamdardakı azacıq әkin yerlәri isə ruzularına yetmir. Onlar nә ilәsә dolanmalıdırlar. Odur ki gözlәrini dikiblər zәvvarlara… Qayıqla daşıyırlar, başqa xidmәtlәrini yerinә yetirirlәr… Bununla da dolanırlar…

Saleh heybәlәrdәn qumqumaları çıxardı, irәlicәdәn şərabla doldurulmuş xırda sәnәklәrin birini şahzadәyә uzatdı vә düşündü ki, «hә, bunlar rәhmәtlik müәllimin sözlәridir. Görәsәn, şahzadә hakimiyyәti әlә alandan sonra da belә fikirlәşәcәk, yoxsa rəiyyətlə dәdә-babası kimi davranacaq?!»

Nәdim başını tәrpәdərək şahzadәnin sözlәrini tәsdiqlәdi. Qәlbindәn keçәnlәri şahzadәnin oxuya bilәcәyini düşünüb qorxduğu üçün gözlәrini uzaqlara, Xәzәrdә dalğalanan tәk bircə qayığa zillәdi.

Bir müddət sonra onlar yenidən atlandılar, Bibiheybətdən keçib Şıxlar kəndinin yastı damlı, daş evlərini arxada buraxdılar və əl-ayaqlarını yuyub dincəlmək üçün Xəzərin hamar, tərtəmiz, inci qumlu sahilinə endilər. Axırıncı evə çatanda Qazi bəy atını saxladı. Atı Salehin yedəyinə verib sahilə düşməsini işarə etdi. Onu saxlayan xoş səslə oxunan bir nəğmə idi. Hasarın o biri üzündə üzünü görmədiyi bir qız nəğməni çırtmaq vura-vura oxuyurdu.

 
Araxçının yan qoyub,
Yan qoyub, bu yan qoyub.
Qapıdan keçən oğlan
Ürəyimə qan qoyub.
 

Şahzadə yaxınlaşıb daşların arasındakı deşikdən içəri baxdı. İlahi, insan əli nəyə qadirdir! Bu susuz, qumsal aləmin ortasındakı bu balaca həyət behiştin bir guşəsi idi. Həyətin tən ortasında bağara ilə işləyən bir quyu, quyunun ətrafında qızıl qumlar üstünə sərilmiş gömgöy meynələr, birmərtəbəli yastı-yapalaq evin səkisi boyu qızılgül və başqa çiçək kolları, qarşıda hasar uzunu alçaq əncir ağacları görünürdü. İplərə qağayı kimi ağappaq paltar yuyulub sərilmişdi. Quyunun yanında isə o – oxuyan həmin qız dayanmışdı. Qızın xınalı əlləri, xınalı ayaqları Şirvanın qayalarında, yosunlu daşlarında pərvaz edən kəkliklərin ayağı kimi al rəngdə idi. Bir cüt hörüyünü əl-ayağına dolaşmasın deyə belində tumanının lifəsinə sancmışdı. Əynində sadə çit köynək vardı, köynəyinin dəyirmi yaxasında mərcan qızarırdı.

 

Şahzadə hasar boyu yeriyib qapını axtarmağa başladı. Taxta qapı açıq idi. Qapı ağzında dayanıb qıza baxmağa başladı. Qəribə bir hiss qızı diksindirdi. Başını qaldırıb qapıya tərəf baxdı və oğlanı gördü. Qız, əlbəttə, şahzadəni tanımırdı. Amma geyimindən ali məqamlı bir adam olduğunu başa düşdü. Yəqin, zəvvardır, babasını axtarır, ev tutmaq, dincəlmək istəyirdi. Qız belə şeylərə alışmış şıxlar ailəsindən olduğundan özünü itirmədi, kəndli qızlarına xas olan bir cürətlə qonağın qarşısına çıxdı, xoşgəldin elədi. Cavanın nə istədiyini gözlədi. Cavan isə… gözəllik qarşısında özünü, bütün ətraf aləmi unutmuşdu.

Sükutu qız pozdu:

– Nə istəyirdin, qardaş?

– Bu kimin evidir? – şahzadə maraqlandı.

– Babam Şıx Kəbləlinin. İndi pirdə zəvvar gözləyir.

– Siz zəvvar saxlayırsınız?

– Əlbəttə. Bütün kəndimiz kimi, hamı şıxlar kimi.

– Onda bizim üçün çay tədarükü gör. İki nəfərik. Yoldaşım dənizə tərəf düşdü. İndi gələr.

– Onda mən də babama xəbər eləyim…

Oğlan sahilə enəndə arxadan səs eşitdi. Qız hasarın üstünə dırmanıb qonşu evdən kimi isə səsləyirdi:

– Xeyransa xala, ay Xeyransa xala!

– Nədir, Bibixanım?

– Xeyransa xala, Ağadayını göndər pirə. Babama desin ki, qonağımız gəlib.

«Demək, adı Bibixanımdır, – şahzadə düşündü. – Yox, sənin adın Sultanım xanım olacaq. Sən mənim sultanım olacaqsan. Yoxsa bu gen dünya mənə dar gələr».

Şahzadə sahilə endi. Nədim Saleh atları yan-çidar edib buraxmış, özü də dənizin dumduru suyunda əl-üzünü, ayaqlarını yuyub oturmuşdu.

– Dur bir hazırlaş, – şahzadə gülərüzlə dedi. – Mən də əl-ayağımı yuyum, qonaq gedəcəyik.

– Hə, bu başqa məsələ…

– Ancaq unutma: biz zəvvarıq!

Onlar həyətə yaxınlaşanda Şıx Kəbləli qapının önündə dayanıb intizarla gözləyirdi. Görünür, çoxdan zəvvarı olmamışdı. Kişi cavanları, əsl dindar zəvvara oxşamasalar da, səmimi qarşıladı.

– Ziyarətiniz qəbul olsun, ağalar! Bibi mətləbinizi versin!

– Allah ağzınızdan eşitsin.

Həyətdəki tut ağacının altına palaz döşənmiş, süfrə salınmışdı. Süfrəyə çaydan, doşab, əncir riçalı, tut qurusu, pendir, yağ, təndir çörəyi qoyulmuşdu. Bunların hamısında təmizlik və səliqə-sahman var idi.

Baba Şıx Kəbləli çaydandan fincanlara çay süzüncə Bibixanım tavada bişirdiyi qayğanağı ortaya gətirdi.

Qız az sonra onların hərəsinə üzündə qızılı yağ üzən bir kasa yaşılımtıl dolma suyu və nimçədə bir düzüm dolma gətirdi. Şahzadə ömründə belə ləzzətli dolma yeməmişdi.

* * *

1501-ci ilin baharında şeyx oğlunun Arazdan bu yana keçməyinin xəbəri çıxdı. Deyirdilər ki, şeyx oğlu babası Şeyx Cüneydlə atası Şeyx Heydərin qanını Şirvanşah Fərrux Yasar ibn İbrahim Xəlilullahdan almaq üçün gəlir. Bunu eşidən Fərrux Yasar: «Əgər buralara gəlib çıxsa, o da atası kimi öz payını alacaq», – dedi. Gah Mahmudabad, gah da Şirvanın Gülüstan, Fit tərəflərində döyüşlərin gücləndiyi sorağını alan Fərrux Yasar Gülüstanda müdafiəyə çəkilmiş qoşununa köməyə getdi. Bakı qalasının müdafiəsini oğlu Qazi bəyə həvalə etdi. Hələ də şeyx oğlunun qüvvəsindən bixəbər idi. Az müddətdə qələbə çalıb qayıdacağına inanırdı.

Şeyx oğlunun kimliyini, bu xəbərlərin nə qədər doğru, nə qədər yalan olduğunu bilmək üçün bir neçə il əvvələ qayıtmaq lazımdır.

Zənbil içində keçən gün

Lahican bağları körpə İsmayılın çox xoşuna gəlmişdi. Burada bir qədər dinclik tapmışdı. Yeddi yaşı olmasına baxmayaraq yaşlı insan ömrünün dözə biləcəyi bəlalara dözmüşdü. Odur ki yaşıdlarına nisbətən çox böyümüşdü. İndi Lahicanda, Gilan hakimi Mirzəlinin sarayında özünü sərbəst hiss etməyə başlamışdı. Bu sərbəstliyin özü də nisbi idi. Hər dəfə saray ətrafında naməlum adam görünən kimi onu gizlədirdilər. Xırdaca ürəyi döyünə-döyünə pənahgahlara gedir, nə zaman çölə çıxarılacağını gözləyə-gözləyə orada oturur, heç bir zaman ayrılmadığı kitablarını oxuyurdu. Bayıra çıxarılan kimi balaca qılıncını, nizəsini, ox və kamanını işə salır, Mirzəli hakimin və başqa xanzadələrin oğulları ilə birlikdə hərbi təlim keçirdi. Bu təlimlər onun üçün yeddi yaşlı uşağın oyunlarını əvəz edirdi.

Bütün «oyunlar» onun xoşuna gəlsə də, çəkdiyi keşməkeşlərin acılarını unutdura bilmirdi. Atası Şeyx Heydər Dağıstanda – Şirvan sərhədlərində öldürüləndən sonra Ərdəbil sufiləri xeyli zəifləmişdi və buna görə də Uzun Həsənin oğlu Sultan Yaqub Ərdəbili asanlıqla ələ keçirə bilmişdi. İsmayıl atasını xatırlamırdı. Amma anası Marta – Aləmşah bəyim yadında idi. İstəxr qalasında həbsdə qaldıqlarını lap yaxşı xatırlayırdı. Qardaşları Sultanəli və İbrahim də qalada həbsdə idi. Anası Aləmşah bəyim Uzun Həsənin qızı idi. Trabzon imperatoru Hompenin qızı Katsrinqdən – Dispina xatından dünyaya gəlmişdi.

Sonra Sultan Yaqub öldü və qardaşları arasında hakimiyyət uğrunda ixtilaf düşdü. Şeyx Heydər öldürüldükdən sonra böyük oğlu Sultanəli onu əvəz edirdi. Uzun Həsənin oğlanları onlara qarşı mübarizə meydanı açanda Sultanəli Səfəvi şeyxliyinə kiçik qardaşı İsmayılı təyin etdi. Özü ortancıl qardaşı İbrahimlə birlikdə döyüşə yollandı. Döyüşlərdə qardaşlar həlak oldular. Müridlər kiçik İsmayılı Ərdəbildən götürüb gizli yollarla Lahicana gətirdilər.

Lahicanda da İsmayılın dincliyi yox idi. Uzun Həsənin oğlu Rüstəm padşah tez-tez qasid göndərib Mirzəli hakimdən uşağı tələb edirdi. Mirzəli də müxtəlif bəhanələr gətirir, İsmayılı ələ vermirdi. Vəziyyət beləcə qalırdı.

Bir gecə Mirzəlinin adamlarından biri ona Rüstəm padşahın yenidən qasid və qoşun göndərəcəyini xəbər verdi. Həmin gecə Mirzəli çox narahat yatdı.

Yuxuda gördü ki, onu qovurlar. Atlılar ona çataçatda yuxarıdan bir əl uzanıb onu səhradakı yeganə ağacın başına qaldırdı. Kişi qolunun ağrısından yerindən dik qalxdı. Qolu altında qalmışdı. Gecəni sübhə kimi yata bilmədi. Hələ axşam güdükçülərinin verdiyi xəbərlə yuxu arasında nəsə bir yaxınlıq, bir əlaqə görürdü. Düşündü, düşündü… Yerində çevrildi. Heç cür yata bilmirdi. Yerindən qalxdı, İsmayılın yatdığı otağa keçdi. Balaca Şeyx İsmayıl yatağında mışıl-mışıl uyuyurdu. «Dünyanın bu qarışıq vaxtında qapımda sənə bir xətər toxunsa, atanın ruhu qarşısında nə cavab verərəm?» – Mirzəli hakim belə düşünüb otağına qayıtdı. Səhər Rüstəm padşahın adamlarına nə bəhanə gətirəcəyini düşünə-düşünə yatağına uzandı.

Gün çırtlayan kimi darvaza şiddətlə döyüldü. Mirzəli hövlnak qalxdı. Nökər-naib hələ oyanmamışdı. Kişi özünü tələsik darvazaya yetirdi. Gələn onun dostlarından biri idi:

– Ağa, başına dolanım, Rüstəm padşahın adamlarından üç yüz atlı Lahicanın bir mənzilliyində durub. Nahar vaxtına burda olarlar.

Atlı bunu deyib qayıtdı. İlk növbədə İsmayılı bu hadisəyə hazırlamaq lazım idi. «Başına çox qəzəvü-qədər gəlsə də, axı hələ uşaqdır», – deyə Mirzəli hakim düşündü. Bu düşüncələrlə də onun otağına daxil oldu. İsmayıl artıq geyinmiş, sanki uzaq bir səfərə hazırlaşmışdı. Kişi təəccüb içində baxdı. Darvazanın şiddətlə döyülməsi, görünür, onu məsələdən hali etmişdi.

Mirzəli hakim heyrət içində səsləndi:

– Qurbanın olum, nə tez oyanmısan?

Oğlan körpə dodaqlarına yaraşmayan bir ciddiyyətlə acı-acı gülümsədi:

– Dedim, səfərə hazır olum.

– Hansı səfərə, qurbanın olum?

– Əgər səfər yoxsa, onda qapı belə erkəndən niyə döyülsün və sən niyə belə narahatsan?

Mirzəli hakim uşağın fərasətinə könlündə «afərin» dedi, onun kədərli taleyinə qəlbi parçalandı.

– Qurbanın olum, şeyxim, haqlısan! Gələn bəla sənin üçün gəlib. Xəbər gətiriblər ki, qasidlərə verdiyim cavablar padşahı qane etməyib. Üç yüz atlı Lahicanın bir ağaclığındadır. Buraya çatmaqlarına az qalıb.

İsmayıl yeddi yaşlı uşaqdan gözlənilməyən bir soyuqqanlıqla soruşdu:

– Məsləhətin nədir?

– Əgər razı olsan, izin versən, bir fikrim var. Onu edərik, bəla sovuşar.

– Sən nə məsləhət görsən, mən razıyam.

– Əhsən, mənim balam, – Mirzəli hakim özünü saxlaya bilməyib hisslərini büruzə verdi. Amma tez də özünü ələ aldı. – Əfv et, şeyxim, dilim dolaşdı.

İsmayıl ata məhəbbətinin nə olduğunu bilməmişdi. Doğrudur, anası da, həbsxanada olanda qardaşları da onu sevər, oxşardılar. Lələ Hüseyn bəy, Məhəmməd və Əhməd bəy, Türkmən qardaşları da onu canlarından əziz tutardılar. Qaçqınlıq zamanı bu adamlar canları bahasına onu qorumuşdular. Hər birisi həyatını təhlükə altında qoyaraq şeyxi öz evində gizlətmişdi. Mirzəli hakimin «Əhsən, mənim balam» sözləri İsmayılın qəlbinin dərinliklərinə işlədi, sevdiyi bu adamları yadına saldı. Bir anlıq mənsəbini, məqamını, daim müridlər tərəfindən ona təlqin olunan şeyxliyini, böyüklüyünü unudub Mirzəli hakimə yaxınlaşdı. Onu qucaqlamaq, bəlalı başını kişinin enli, qüvvətli sinəsinə sıxmaq istədi. Lakin Mirzəli hakimin «Əfv et, şeyxim, dilim dolaşdı» sözləri mövqeyini onun yadına saldı. Yarı yolda dayanıb:

– Məsləhətini söylə, – deyə əmr etdi.

– Şeyxim, evi axtarmasınlar deyə Qurana and içməliyəm. And içib sənin bu torpaqlarda olmadığını deməliyəm.

– Axı onlar gələnəcən sənin torpaqlarından uzaqlaşmağa macal tapmaram.

Kişi hər iki əlini göyə qaldırdı.

– Əstəğfürullah… Dilim kəlmeyi-şəhadətə gəlməsin, əgər sənin bu evdən çölə qədəm qoymağını düşünmüşəmsə. Sən burdan heç yana getməyəcəksən. Qoymaram da…

– Bəs onda…

Mirzəli hakim qapıya çönüb səsləndi:

– Qulam, o zənbili gətir…

Nökərlərdən biri otağa daxil oldu. Düyü küləşindən toxunmuş yumşaq və olduqca iri bir zənbil gətirdi, yerə qoyub çıxdı. İsmayıl heyrət içində zənbilə və Mirzəli hakimə baxırdı. Hakim izahat verməyə məcbur oldu:

– Qədəmlərinin qurbanı olum, – dedi, – sən bir neçə saatlıq, mən and içənəcən bu zənbilin içində rahatca özün üçün oturacaqsan. Zənbil ağacdan asılmış olacaq. Mən də and içəcəyəm ki, sən bu torpaqda deyilsən.

İsmayıl heyrət içində dayanmışdı. Çəkdiyi əziyyətləri xatırladı: gizli zirzəmilər, təndirlər, külbələr içində günlərlə saxlanmışdı. Birsaatlığa zənbil içində oturmaq nə olan şeydir ki!

İsmayıl:

– Razıyam, – dedikdə Mirzəli rahat nəfəs aldı. Cəld otaqdan çıxdı. Hər şeyi özü etməli idi ki, nökərlər bu sirrə vaqif olmasınlar.

Bibixanım Sultanım

Müəlliminin qırxı çıxsa da, şahzadə Qazi bəyin otaqlarından şənlik səsi gəlmirdi. O, vaxtının çoxunu nədim Salehlə gəzintilərdə keçirirdi. Bu müddət ərzində bir neçə dəfə Bibiheybətə getmiş, Şıx Kəbləliyə qonaq olmuşdular. Qocaya nəzir adı ilə xeyli pul və hədiyyə də aparmışdılar. Şıx Kəbləli cavanların kimliyini bilməsə də, varlı ailədən olduqlarını başa düşür, amma gümanı Bibixanıma getmir, gənclərin dindar zəvvar olmaqlarından fərəhlənirdi.

Şahzadə qəlbində Bibixanımı «Sultanım xanım» adlandırır, gələcək haqqında arzularını getdikcə daha da dostlaşdığı Salehdən gizləmir, ona danışırdı.

Saray bir-birinə dəymişdi. Şahzadədə gözü olan bütün əşrəf qızları onun sadə bir «kəndçi qızına, ac-yalavac şıx qızına vurulmasını» eşitmişdilər. Saleh uzun götür-qoydan və mələkənin təkidlərindən sonra məsələni ona açmağa məcbur olmuşdu. Oğlunun xəstə yatağına düşməkdə olduğunu, bu eşqin cavan şahzadəni dəli-divanə elədiyini görən mələkə məsələni ataya – Şirvanşah Fərrux Yasara bildirmişdi. Fərrux Yasar əvvəlcə hirslənmişdi, sonra da həkimlərin oğluna çarə edə bilmədiklərini, onun gündən-günə zəiflədiyini görüb razılaşmışdı. Saraya o qədər kəndçi-kündçü evindən kəniz, cariyə gətirilir ki! Bu da onlardan biri.

Beləliklə də, Bibixanım istəyib-istəmədiyindən asılı olmayaraq yurdundan ayrılıb saraya gətirildi. Yalnız bu zaman qoca baba Şıx Kəbləli dindar zəvvarların kimliyini bildi, cavanların onun qapısına gəldiyi günə lənətlər yağdırıb xəzana düşmüş, bülbülü uçmuş həyətində tək qaldı.

Gəlin gətirilən günü mələkə bircə şərt kəsdi. Təzə gəlin onun saray dairəsində görünməyəcək, şahzadə üçün ayrılmış hərəm otaqlarında qalacaq. Ona tək bircə qulluqçu, bir də cariyə veriləcək.

İlk günlər qəribə bir xumarlıq içində keçdi. Doğma yurdundan, dost və rəfiqələrindən məhrum edilmiş Bibixanım «Sultanım xanıma» çevriləndən sonra bütün varlığı ilə gənc və yaraşıqlı ərinə bağlandı. Qazi bəy əvvəlcə anasının qoyduğu şərtə əhəmiyyət verməsə də, günlər keçdikcə bunun ağırlığını dərk etməyə başladı. Bütün ünsiyyətlərdən məhrum edilmiş Sultanım xanım dörd divar arasında qapanıb qalmış, özünə heç bir iş tapa bilmir, darıxırdı. Sarayda tәk qaldığı günlərdә babasının әncir ağacları ilә әhatә olunmuş balaca hәyәtini xatırlayırdı. Ata-anasını çox erkәn itirmişdi. Heç birini xatirinә gәtirә bilmirdi. Gözünü açandan özünü babasının dizi üstündә görmüşdü. Bir azacıq böyüyәn kimi qonşuları Xeyransa xalanın kömәyi ilә evin evdarlığını әlinә almış, biş-düş elәmәyә başlamışdı. Bundan sonra daha babası ev işlәrinә qarışmırdı. Günlәri şıxlarla pirin yanında keçir, zәvvar qәbul elәyib yola salırdı. Qız isә Xeyransa arvaddan әncir qurutmaqla nüskәndә, qaynadıb qurutmaqla şirbәdüşәndә düzәltmәk öyrәnir, әncir doşabında әdəvalı zincilfәrәc bişirir, üzüm vә tut qurudur, әncir riçalı, ağ şanı mürәbbәsi hazırlayır, qışa azuqә yığır, hazırlıq görürdü.

 

Yayın qızmar günlәrindә Xeyransa xalaya paltar-palaz yumaqda, yorğan-döşәk salmaqda kömәk edәrdi. Xәzri onları әldən salanda arvad gülә-gülә sәslәnәrdi:

– Qızım, sәn ananın ilkisәn, qaç bir əncir ağacını yellət.

Onda qız әncir ağacının dibinә qaçar, kövrәk budaqları tərpәdәr vә gülәrәk deyәrdi:

 
Mən anamın ilkiyәm,
Ağzı qara tülküyәm,
Xәzri get, gilavar gəl.
 

Belə vaxtlarda inanırdı ki, Xeyransa arvadın öyrətdiyi bu «ovsunu» oxuyan kimi xәzri kәsəcәk, sәrin gilavar gәlәcәk, daha gözlәrinә qum dolmayacaq, günün qabağına sәrdiyi kәhrәba kimi əncirlәri qum vurub xarab etmәyәcәkdi. Sonra da bu qurumuş әncirlәri ağ torbaya töküb qurd düşmәsin deyә ağzını tikәcәk, beləcə, hәşəratdan, tozdan qoruyacaqdı.

Əncir dәyәndә babası yuxudan tezdәn durar, acqarına ağacdan dərdiyi şirin, sarı әncirlәri yeyə-yeyə nәvәsini yuxudan oyatmaq üçün:

 
Əncir sabahi,
Doldur tabaği,
Aç qaşqabaği,
Ay sarı sabahi!..
 

– deyә oxuyar, nəvəsini də şәfalı meyvәlәrdən yemәyә çağırardı. Qız da gülərək:

 
Ənciri yemədün getdün,
Dәrdüvi demәdün getdün.
 

– deyib oxuya-oxuya babasına qoşulardı. Hәrdәn hәyәti süpürmәyә vaxtı çatmazdı, gecә әsәn xәzri onun «işini görәrdi». Sәhәr hәyәtin qumunu yayılmış, tәmiz görәndә deyәrdi:

– Hә, bax bir, baba, külәk gör hәyәti necә süpürüb!

Qoca gülәrdi:

– Hә, qızım, xәzri tәnbәl arvadların imdadına çatıb, bu gecә zir-zibillәrini ört-basdır elәyib.

Hәrdәn Xeyransa arvad ona «kişi sәni oğlundan da çox istәyir, heç o vaxtlar oğluna belә mehr saldığını, belә qucağına aldığını görmәmişdik», – deyәrdi. Bir dәfә babasından soruşdu:

– Baba, ay baba, deyirlәr, mәni ata-anamdan da çox istәyirsәn, düzdür?

– Düzdür, – kişinin gözlәri qıyıldı.

– Nöşün?

– Nәvә şirindir, şirin şeydir.

– Nöşün?

– Nöşünü yoxdur ki, qızım… Bax, ata-anan әkdiyim ağacdır, sәn dә onun meyvәsi… Heç görmüsәn, ağac yeyilә? Meyvәni yeyәrlәr, mәnim balam, meyvәni.

Bu sözlәrdən sonra qoca nәvәsini bağrına basır, saçlarını sığallayırdı.

İndi Qazi bәy olmayanda o gah babasının, gah da Xeyransa xalanın sәsini eşidir, kövrәlir, şirin uşaqlıq boğazını qәhәrlәndirirdi.

Qazi bәyi sevmәyindәn peşman deyildi. Amma doğma yurdu, hәyәti, qoca babası vә ona ananı, nәnәni әvәz edən qonşuları Xeyransa xala üçün çox darıxırdı.

Arabir Qazi bəylə qılınc məşqindən, ya ovdan qayıdanda qoca babaya baş çəkirdilər. Qız o saat ayaqqabılarını atıb qızıl qumlar üstündə ayaqyalın gəzir, quyudan su çəkir, babasının pal-paltarını yuyur, qab-qacağını qumla sürtüb təmizləyir, ev-eşiyə əl gəzdirirdi. Amma, bununla belə, bu gəlişlər yad qonaq təsiri bağışlayırdı. Qapının o biri üzündə səbirsiz köhlən kişnəyib onları çağırırdı. Qazi bəy onun iş görməsinə bir söz deməsə də, qızın qəfəsdən buraxılan təki nə edəcəyini lazımınca bilməyən, pərvaz etməyə qorxan quş kimi hərəkət etdiyini görür, dodaqlarında xəfif, istehzalı bir təbəssüm oynayırdı. Yəni «naxırçı qızı naxırçılığını arzulayar».

Qazi bəy saray şənliklərindən məhrum edilən Sultanım xanımı anasının acığına əsl bir saray mələkəsi kimi yetişdirmək arzusuna düşdü. Yavaş-yavaş özü bildiklərindən qıza öyrətməyə, ona dərs deməyə başladı. Sultanım xanım bilikləri elə təbii, fitri istedadla qavrayırdı ki, cavan müəllim işə daha böyük həvəslə girişdi. Az müddət ərzində qız oxuyub-yazmağa başladı. Şahzadə tez-tez gənc döyüşçü paltarı geymiş Sultanım xanımla atlanır, saraydan yalnız özünə və atası Şirvanşaha məlum olan gizli yolla seyrə çıxır, gözlərdən iraq bir yerdə onunla ox atır, qılınc oynadır, at çapırdı.

Belə səfərlərin birində Fərrux Yasar ilk dəfə gəlinini süvari geyimində, qılınc məşqi keçən gördü, uzaqdan xeyli seyr etdi və bəyəndi. Gəlinini yanına çağırdı, alnından öpdü.

Şirvanşah Fərrux Yasar saraya qayıdınca mələkəni hüzuruna dəvət etdi.

– Sultanım xanımı saray xanımları cərgəsinə daxil etməyin vaxtı çatıb, – dedi. – Qarşıdakı Mövludi-Nəbi bayramına onu da dəvət elə!

– Bu Sultanım xanım kimdir?

– Gəlinin! Sən onu hələ görməmisən?

– Görməmişəm. Görmək də istəmirəm.

Şirvanşah gülümsündü:

– Əbəs yerə. Əvvəl mən də elə düşünürdüm. Amma görəndən sonra anladım ki, oğlumuz yanılmayıb. O qız bizim əyan və əşrəf qızlarından heç bir şeydə geri qalan deyil. Əksinə, bəlkə, qat-qat üstündür. Çağırtdır. Özün görərsən.

Qazi bəyin fərəhdən uçmağa qanadı yox idi. Bununla belə, qonaqlıqdan əvvəlki bütün gecəni Sultanım xanıma təlim verməklə məşğul oldu. Anasının könlünü almaq üçün nə etməli olacağını gəlinə başa saldı.

Qız gözəllik aşiqi olan mələkəni öz təbii gözəlliyi ilə elə ilk baxışdan məftun etdi. Mələkə onun nəcibliyini, qabiliyyətini gördü, az müddətdə oxuyub-yazmaq və hərbi təlim öyrəndiyini biləndə fərəhləndi. Axı o da ana idi.

Beləliklə, bütün əyan xanımlarının həsədinə səbəb olsa da, Sultanım xanım həm qayınana və qayınatasının məhəbbətini, həm də nökər və qulluqçuların hörmətini qazandı.

Arabir atlanıb Bibiheybətə gedirdi. Hərdən qayınanasını da ziyarətə dəvət eləyirdi. Amma çox vaxt qoca babasının görüşünə tək yollanırdı. Şıx Kəbləli nəvəsinin sarayda kəniz deyil, şahzadə xanım olmasına sevinsə də, onun dəvətini qəbul edib saraya getmədi. Ömrünün sonunacan həyətində tənha yaşadı.

1Nədim – burada: keçmişdə şahların, xanların həmsöhbəti
2Hacib – orta əsrlərdə bütün müsəlman Şərqində hökmdar sarayında yüksək vəzifələrdən biri
3Tohid – Allahın tək və şəriksiz olduğunu qəbul etmək
Ücretsiz bölüm sona erdi. Daha fazlasını okumak ister misiniz?